Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə21/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   17   18   19   20   21   22   23   24   ...   147
 Dekabr, 1973. 

  



 

117


TALVAR*  

 

Akademik Məmməd Arif Dadaşzadənin  



xatirəsinə 

 

 

Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində 



tamam kimsəsizləşmiş  həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı 

ayaqyolundan çıxan Gülağanın gözləri birdən-birə  bərəldi və  uşaq bilmədi ki, 

qışqırsın, ya nə etsin. 

Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə 

bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü. 

Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım 

mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən 

ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı  əllərini  əsgi ilə  tələm-

tələsik silə-silə: 

 – Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!.. 

Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı 

ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa 

hələ onun həyət qapısına çatmamış, kişi özü ağ tumanının üstündən şalvarını belinə 

çəkə-çəkə elə  ağ köynəkdəcə çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb 

xartuta tərəf gəldi. 

 – Tez eləyin! – dedi. – Tez eləyin! Biri də  gərək qalmasın yerdə! Hamısını 

yığın bir-bir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – 

dedi. – Tez eləyin! – Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü qoydu 

ağzına və doğrudan-doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib. 

– Yüz ilin tutudu bu, yüz ilin! – Sonra da əllərini ağacın ikiləşmiş gövdəsinə 

söykəyib yarığa baxdı – yarığın hər iki üzü qupquru idi, elə bil neçə vaxtdı günün 

altında qalıb qurumuşdu; qocalıqdan idi bu, canından şirə çəkilib getmişdi.  

Axır ki, yüzü haqladı bu xartut. 

Əliabbas kişi başını ikinci mərtəbəyə  tərəf qaldırıb böyük gəlini Anaxanıma 

dedi: 

– Aş bişir bu gün. 



Anaxanım ömründə qayınatasının üzünə ağ olmamışdı və kişinin bir sözünü heç 

vaxt iki eləməmişdi; bu dəfə  də demədi ki, küftəbozbaş asıram; kişinin ürəyi aş 

istəyir, nə olar, axşama da aş bişirər və burası da gündən-günə Anaxanıma ovcunun 

içi kimi aydın olurdu ki, qocalmaq, əslində təzədən uşaqlaşmaqdı. 

Əlbəttə, bu saat Əliabbas kişi böyük gəlinin bu fikirlərindən xəbərsiz idi və o, 

bu dəfə Gülağaya dedi: 

 – Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?! 

Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola 

bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da 

lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var. 

 –  Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi, Fətullanın arvadı 

Məsmə dedi: 

 – Yığıb qonşulara da pay göndərmək lazımdır... – Bunu da Anaxanımın həmişə 

səxavət göstərən giçik gəlini Fəridə dedi. 




 

118


Məsmə ürəyində fikirləşdi ki, sənə nə  var,  ay  bəxtəvər, pay da göndərərsən, o 

tərəfə də keçərsən, öz malın deyil axı; bunu fikirləşdi, amma yeznəsinin gəlininə bir 

söz demədi. 

Əliabbas kişinin dördüncü nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub: 

 – Boşqab gətir! Qazan gətir! – dedi. – Tut günüdü bu gün. 

Əliabbas kişi dedi: 

 – Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı... 

Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul 

günü  Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə 

çıxmışdı  və hamı bu dəm cidd-cəhdlə  həyətə  səpələnmiş xartutu yığmaqla məşğul 

idi. 

Əlbəttə, günah məsələsini  Əliabbas kişi elə-belə, özündən dedi, heç kim heç 



vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə 

yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan; belə bir 

qayda yox idi, necə ki, tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, 

amma bir halda ki, bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz 

yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün 

və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi.  

Əliabbas kişi tut ağacının altında dayanmışdı  və bu vaxt budaqdan onun 

sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı 

bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi. 

Əliabbas kişinin böyük oğlu Ağamuxtar dörd il cəbhədə vuruşmuşdu, 

Mazdokdan Berlinə  qədər vuruşa-vuruşa getmişdi və bütün məhəllə  uşaqları yaxşı 

bilirdi ki, Ağamuxtar  əminin bir ordeni, on üç də medalı var. Ağamuxtara birdən-

birə elə  gəldi ki, atasının ürəyinin başına güllə  dəydi və bu qırmızı  ləkə  də qan 

yeridir. Sonra Ağamuxtar daha tamam-kamal ağarmış gur saçlarını  əli ilə geri 

sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb. 

Əslində Ağamuxtarın belə fikirləşməyə bir o qədər də haqqı yox idi, çünki heç 

özü də atasından çox seçilmirdi; hətta bir dəfə qonşuları qəssab Ağanəcəfin arvadı 

Balacaxanım dar dalanın qabağında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış 

cavan məhəllə qızlarına demişdi: 

– Görürsüz, ağəz, adam heç bilmir ki, Əliabbas kişi Ağamuxtar kişinin atasıdı, 

yoxsa Ağamuxtar kişi Əliabbas kişinin atasıdır... 

Əlbəttə, bu söz gəlib Anaxanıma çatanda, Balacaxanım cavabını almışdı, amma 

bir vardı ki, Ağamuxtar da yaman qocalmışdı. 

Və ən qəribəsi bu oldu ki, həmin dəm Əliabbas kişinin də gözləri böyük oğlunun 

ağappaq ağarmış saçlarına sataşdı və bu ağappaq saçları birinci dəfə görürmüş kimi, 

kişi həmin yay gününün xartut bayramına baxmayaraq, birdən-birə  əməlli-başlı 

pəjmürdəhal oldu; Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, 

hələ divardan tuta-tuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, 

ağzı-burnu, üst-başı qapqara qaralırdı.  Əliabbas kişi özünü saxlaya bilməyib 

ürəyində dünyanın belə əbləh işləri barədə, yəni dünyanın etibarsızlığı barədə bir-iki 

söz dedi; buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör 

qocalıb nə günə qalıb; sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: «Biz gəldi-

gedərik, sən yaşa dünya!» və o, ağappaq bığlarının altından gülümsəyib başını 

buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü, yenə  də 

ürəyində dedi ki, Isgəndərə qalmayan dünya kimə qalacaq və burasını da fikirləşdi 

ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir...  




 

119


Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi: 

 – Qaç get evdən qab gətir. 

Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun 

yüz yaşa çatıb parçalanması  xəbərini eşidib  Əliabbas kişigilin həyətinə daraşdılar, 

hərə beş-on tut qoydu ağzına və böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi 

ki, bu tutun ləzzəti başqa  şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. 

Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, 

şirni paylayırdılar. 

Qəssab Ağanəcəfin arvadı Balacaxanım başına təzə  xına qoyduğu üçün tünd 

qəhvəyi barmaqları ilə xartutu bir-bir saplağından tutub ağzına qoyurdu və  ağzını 

marçıldada-marçıldada deyirdi: 

– Bəxti var də, camaatın!.. bu cür tutdan yeyib kef eləyirlər özləriyçün...  

– Sonra hərdən onlara gəlib işinə-gücünə gömək eləyən qonşuları, yaşı otuzu 

keçmiş, amma hələ  də  ərə gedə bilməyən Lumiyəyə göz vururdu: – Vitamindir e, 

ağəz, bu... Adam qızışdıran şeydi... 

Lumiyə  də  həmişəki kimi, qızarıb pörtürdü, amma əslində belə söhbətlər 

ürəyindən idi və Balacaxanım da bunu yaxşı bildiyi üçün şaqqanaq çəkib bərkdən 

gülürdü. 

Bir sözlə, həmin  şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı 

Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və 

tamahkarlıqda tayı-bərabəri olmayan Molla Fərzəli də, təbii ki, əsasını döyəcliyə-

döyəcliyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında, ustanı bayıra çağırdı, 

başladı o yandan, bu yandan, Irandan-Turandan, axırda gəldi çıxdı  mətləb üstə ki, 

həkim mənə deyib qara tutu sıx, suyunu iç, pulum da yoxdur ki, gedim bazardan 

alım, elə bir balaca qazan versən, bəsimdi. 

Üzbəüz səkidə, kölgəlikdə oturub rus dili müəllimi Alxas bəylə  nərd oynayan 

zərgər Ələşrəf molla Fərzəliyə baxıb dedi: 

– Həmişə belə yazıqlanır, amma axtarsan, görərsən ki, bir donuzu çatışmır... 

– Zərgər Ələşrəf bunu dedi və Alxas bəyin tamam-kamal qanını qaraldan yağlı 

bir qoşa şeş atdı. 

Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. 

Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü 

dəmləmişdisə, bütün həyətə çatdı,  Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, 

nəvə-nəticəsinə. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. 

Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. 

Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, 

birmərtəbəli kiçik bina vardı. Bu həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ 

cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq, bu tutun gövdəsi indiki 

budaqlarından nazik idi. 

Əliabbas kişi Tubuxanımla evlənəndən sonra özünə iki otaq da tikdi – bu, 

inqilabdan qabağın söhbətidi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi 

Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü; uşaqlar böyüdü, həyət kiçildi, 

dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu... 

Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir 

parça yer tapıldı. 



 

120


Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi 

dünyanın işləri: Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar, 

başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və 

ikisi də çoxdan babaydı; amma qızların hamısı getdi, dördü də: Səlimnaz hələ 

müharibədən əvvəl getdi miningitdən, heç kim qalmadı Səlimnazdan, tək gəldi, tək 

getdi və bu da çox qəribəydi ki, axır vaxtlar dörd qızdan  ən çox Səlimnaz gəlib 

dururdu Əliabbas kişinin gözlərinin qabağında; Fatma müharibə vaxtı getdi, heç kim 

də bilmədi ki, nədən getdi; düzdü, dedilər ki, Mürsəlin xiffəti partlatdı ürəyini – 

Mürsəl Fatmanın əriydi, cəbhədə idi və bir müddət ondan xəbər-ətər gəlmədi; indi 

də sağdı Mürsəl, kefi kök, damağı da çağdı, dördüncü arvadıyla yaşayır. (Bir dəfə 

Mürsəl Əliabbas kişini küçədə görüb qucaqlayıb ağlamışdı ki, Fatmadan sonra heç 

bir arvadla yaşaya bilmirəm, yaman bəd şeydi, Əliabbas dayı, məhəbbət! Əliabbas 

kişi də demişdi ki, vallah, əgər budusa məhəbbət, gərək səninçün bəd şey olmasın...) 

Fatmadan bir oğlu qalıb, atasına oxşamayıb, ana tərəfə çəkib, evi-eşiyi, üç də balası, 

Sumqayıtda yaşayırlar və ümumiyyətlə, qızların uşaqlarından bu həyətdə heç kim 

yoxdu. Ağamuxtarla, Fətullanınkılardı burda. 

Səfurə ilə  Kəmalə  də müharibədən sonra getdilər. Nə isə... Dünyanın işləridi. 

Əliabbas kişinin Səfurə ilə  Kəmalədən yeddi nəvəsi vardı  və yeddisi də ev-eşik, 

oğul-uşaq sahibi idi, amma bir vardı ki, bu boyda külfətə baxmayaraq, əslində, lap 

əslində, Əliabbas kişi tək idi. 

Məsələ burasında idi ki, Əliabbas kişi düz üç il bundan əvvəl Tubuxanımı 

torpağa basdırmışdı və xartutun yüz yaşı tamam olan həmin şənbə gününün gecəsi 

yerinə girib gözlərini yummuşdu, amma Tubuxanım gəlib durmuşdu gözlərinin 

qabağında, həm də sinəsi taxtaya dönmüş ağbirçək Tubuxanım yox, bu həyətə təzə 

gəlin gəlmiş Tubuxanım, könül üçün ağıllı, göz üçün gözəl olan Tubuxanım. 

Qabaqlar zarafatla dediyi, amma indi zarafatdan əsər-əlamət qalmamış dörd 

misra gəlib Əliabbas kişinin ürəyindən axıb-keçdi: 

  

Yatıram yanım ağrır, 



Dururam canım ağrır. 

Sən yadıma düşəndə, 

Tamam əndamım ağrır. 

 

Kişi başa düşdü ki, bu gecə də səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, 



lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də  təəccüb edəcək ki, beş 

yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün 

bundan əvvəlin söhbəti yadından çıxıb gedir. 

O, beş-altı yaşı olanda dağlar balası idi: meşələr yadına gəlirdi, sıldırım qayalar 

yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənə-köpüklənə axan dağ 

çayında kəndin uşaqları ilə  bərabər çimməyi, palansız eşşəyə  dırmaşıb çapmağı 

yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi 

dalına düşürdü,  əlindən yarpaq yeyirdi; çəpiş dedi, Cəbiş yadına düşdü; bir dostu 

vardı, qonşuları idi deyəsən, Cəbi idi adı. Durur görəsən? Sağ olar, o tərəfin 

adamları çox yaşayırlar, havasındandı, suyundandı. 

Sən az yaşamısan bəs, a Əliabbas kişi? 



 

121


Hamı yatmışdı: kişilərin yeri açma-yığma çarpayıda tutun altında salınmışdı və 

bu yüz yaşlı tut ağacının altı ay işığında yataqxanaya oxşayırdı; həyətin qadın-qızları 

məhəccər uzunu birinci mərtəbənin  şüşəbəndində yatmışdı; yeniyetmə  oğlanlar, 

uşaqlar isə damda yatırdılar və indi yeddinci yuxudaydılar. Sentyabrın ortalarına 

qədər beləcə olacaqdı, sonra yavaş-yavaş  qız-gəlinlər evə keçəcəkdi, kişilər 

artırmaya, şüşəbəndə, sonra onlar da evə, hərə öz arvadının yanına və ən nəhayət də, 

uşaqlar günü-günə sata-sata axır ki, hərə öz evində yatacaqdı. 

Bütün bunlar sonralar olacaqdı, yay qurtaranda, payız gələndə. Indi isə Əliabbas 

kişi tut ağacının altından gələn xorultuları açıq-aydın eşidə-eşidə bir daha fikirləşirdi 

ki, bu gecə yata bilməyəcək və ona görə yox ki, həyətdən cürbəcür səsli-nəfəsli 

xorultular gəlirdi, yox, yay vaxtı bu səslərə öyrəncəli idi və əslində həmin xorultular 

onun üçün, bir növ, gecə laylasıydı, bu mənada ki, özünü tək hiss etmirdi; ona görə 

ki... elə-belə, yuxusu qaçmışdı, vəssalam. 

Əliabbas kişi yayda da qışdakı kimi evdə yatırdı, özü də yorğan-döşəkdə tuman-

köynəklə üşüyürdü Əliabbas kişi bəzən lap yayın cırhacırında da üşüyürdü gecələr. 

Əliabbas kişi birdən-birə fikirləşdi ki, o özü də elə  həyətdəki o yüz yaşlı tut 

ağacı kimi bir şeydi; bunu fikirləşdi və ona elə gəldi ki, bədənindəki bütün damarlar 

tutun şaxələridir və indi payızdı, şaxələr də qupquru quruyub. 

Onun uşaqları, nəvələri, gəlinləri, bir sözlə, bütün böyük külfəti xalis şəhər 

adamları idi, kənddən, dağların qoynundakı o kənddən xəbərləri yox idi; o kənddən 

ki, axır vaxtlar tez-tez Əliabbas kişinin yadına düşürdü və  bəzən gecələr lap 

doğrudan-doğruya o dağlardakı  kəklikotunun iyi burnuna gəlirdi, o dağların çəni-

çiskini uzun-uzun illər məsafəsindən bir qəriblik gətirirdi. 

Birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm; Tubuxanım 

içərişəhərli qızı idi və  əslində elə  Əliabbas kişinin özü də  şəhər adamı idi – 

danışmağı, fikri-zikrilə də; kənddən yalnız uzaq illərin dumanlı xatirələri qalmışdı, 

bir də uzun-uzadı illər məsafəsindən güclə süzülüb gələn bir qəriblik. 

 

II 

 

Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə 



işləyirdi, sonralar buruq ustası oldu; indi o yerlərə «Leninneft» mədənləri deyirlər və 

Sabunçudan tutmuş Ramanayacan uzanır.  Əliabbas kişinin uşaqlığının çox hissəsi, 

yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu. O 

vaxtlar buruqlar taxtadan quraşdırılardı.  Əliabbasın da mismar vurmağa, taxta 

yonmağa xüsusi həvəsi var idi və  hələ lap uşaqlıqdan bu işdə  səliqəsinə söz ola 

bilməzdi. Sonralar Əliabbas mədənlərdən tamam uzaqlaşdı  və tanıyanlar, bilənlər 

arasında adlı-sanlı dülgər oldu. 

Bütün bunlar hamısı çox-çox uzaqların söhbəti idi və bəzən gecələr, yerinə girib 

yuxuya getməzdən əvvəl belə bir uzaqlığın xofu kişini basırdı; özü də inanmırdı ki, 

bu dünyada bu qədər ömür sürüb, bu ölüm-itim dünyasında. 

Əliabbas kişi bir neçə il bundan əvvəl axır ki, təqaüdə çıxmışdı və təqaüdə çıxan 

kimi də başa düşmüşdü ki, nə qollarında qüvvət var, nə  də ayaqlarında taqət; usta 

burasını da yaxşı başa düşmüşdü ki, onun köhnə (amma iti) mişarı, rəndəsi, baltası 

indi artıq yer tutur, yəni bu mənada ki, oduna gedənin baltası iti olar, işləyər, gedə 

bilməyənin yox. Alət işlər,  əl öyünər deyiblər, amma əl ki, daha aləti tuta bilmir, 

deməli qurtardı məsələ, vəssalam-şüttamam. 




 

122


Usta bütün bunları yaxşı bilirdi, amma bu vəssalam-şüttamam məsələsi çox 

müşkül məsələ idi və adamın atasını yandırırdı. Iki gün bundan əvvəl Əliabbas kişi 

baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı  ağzında 

balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını 

vurdu, axırda da balta ilə  əlini zədələdi və  pəncərələrindən boylanıb bekar-bekar 

küçəyə baxan Balacaxanım, qəssab Ağanəcəfin arvadı, bir haray-həşir qopardı ki, 

bütün məhəllə kişinin başına yığıldı: 

– Vaxsey!.. Balta əlini apardı kişinin!.. 

Əlbəttə, balta kişinin  əlini aparmamışdı, zədələmişdi bir balaca və 

Balacaxanımın bu haray-həşiri də əslində bekarçılıqdan idi. 

Ağamuxtar dedi: 

– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?! 

Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi: 

– Kişi, get otur, uzan, yat, istirahətini elə də!.. 

Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şer yazan və 

məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi: 

– Necə  də  əməksevər qocadır!  Əsl  şer qəhrəmanı, sənət qəhrəmanıdır! Bu 

rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir! 

Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu 

dəfə də bu sözlərə fikir verən olmadı. 

Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir 

göz qırpımında küçəyə  yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə 

kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu öz yerində, 

məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi 

ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə 

fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da 

özü üçün lap yəqin etdi ki, bu balta ki, altmış-yetmiş ildən sonra onun əlini kəsir, 

çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta 

rəndələmək. 

Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb 

adəti üzrə əvvəlcə həyətin aşağı başına dəydi, sonra həyət kranında səliqə-sahmanla 

yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi 

və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, 

ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı. 

Əliabbas kişi bir o qədər də ürəyi yuxa olanlardan deyildi və bu alətlərə nə özü 

bir xatirə kimi baxmaq istəyirdi, nə  də istəyirdi ki, başqaları bunlara xatirə kimi 

baxsın. 

Zərgər  Ələşrəf deyirdi və çox da düz deyirdi ki, zər qədrini zərgər bilər; bu 

mişar da, bu rəndə, çəkic, qələm də o ustanın olmalı idi ki, iş görür – pəncərə salır, 

qapı düzəldir, ağac yonur, mismar vurur, həm də mismarı düz vurur, əlini də 

zədələmir və qəssab Ağanəcəfin arvadı Balacaxanım kimisi də bekarçılıqdan haray-

həşir salmır. 




 

123


Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi 

ki, alətlərin  ən yaxşısını seçib aparıb satsın. Burada, əlbəttə,  əsas məsələ pul 

məsələsi deyildi; əvvəla,  Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün 

alətlərin qiyməti bir o qədər də pul eləmirdi; əsas məsələ burasındaydı ki, bu alətlər 

yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. 

Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə 

bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu 

alətlər həmişə  bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar 

düzəltmişdi... 

Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci 

Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı  ağzındakı yarımçıq 

qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə 

oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin 

qız-gəlini, arvadları  yığışırdı  Fətullagilin  şüşəbəndində televizora baxmağa (təkcə 

futbola baxmırdılar) və kişilərin də küçəyə  çıxıb səkidə  nərd oynamaqdan və  nərd 

oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. 

Fətulla həyətə  çıxdı, sonra Ağamuxtar həyətə  çıxdı,  Əliabbas kişinin gəlinləri 

pəncərələrdən boylandı və hamı bu təzə xəbərdən tamam dilxor oldu. 

Ağamuxtar dedi: 

– A kişi, axı, dost var, düşmən var, başlayacaqsan çəkic satmağa? 

Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin 

beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi. 

– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – Bunu da Fətulla dedi. 

– Nədi, bəyəm havayı bağışlayıblar bu çəkici, mişarı? – Bu söz-söhbət Əliabbas 

kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə  çımxırdı: – Gedin, gedin öz 

işinizlə-gücünüzlə  məşğul olun, mənim başıma ağıl qoymayın! – Amma Əliabbas 

kişi burasını demədi ki, nə satmaqbazlıqdır, şair demişkən, «məqsədimiz nə mey, nə 

meyxanədir, didari-yarı görmək üçün bir bəhanədir»; bir yaxşı usta çıxsa qarşısına 

ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-

zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də  və başqa nəyi varsa da 

hamısını. 

Məsmə fikirləşdi ki, kişi qocalıb, başı xarab olub, aləmi güldürəcək bizə, sonra 

qayınatası haqqında belə hörmətsiz fikirləşdiyinə görə öz-özündən utandı  və 

pəncərənin qabağından çəkildi. 

Əliabbas kişi alətlərinin içindən bir yaxşı çəkic, bir yaxşı mişar, bir yaxşı rəndə 

və bir də bir qələm seçib torbaya yığdı, sonra heç kimin bir mətləb anlamadığı bir 

söz dedi: 

 – Baxın, baxın bu tuta, yüzündə necə parçalanıb... – əli ilə həyətin ortasındakı 

xartutu göstərdi və asta addımlarla küçəyə çıxdı. 

Həyətdəkilərin hamısı dönüb xartuta baxdı  və yenə  də heç kim heç nə başa 

düşmədi. 

Əslində heç Əliabbas kişinin özü də bilmədi ki, niyə bu xartutu göstərdi və bu 

xartutun onun çəkic-mişar satmağına nə dəxli var. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin