Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə17/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   13   14   15   16   17   18   19   20   ...   147
3. Ilk tamaşa 

 

O zamanlar Fatma lap balaca idi və o zamanlar hər ilk tamaşa Fatma üçün 



bayram olurdu, hələ neçə gün əvvəldən hazırlaşırdı, gecə-gündüz fikri-zikri həmin 

tamaşada olurdu. Bu o zamanlar idi ki, Fatma məktəbdə, həyətdə uşaqların yanında 

bir  şellənirdi, gəl görəsən: bax, o keçini oynayan mənim anamdı,  Şəngülümü, 

Şüngülümü, Məngülümü yedizdirən mənim anamdı, canavarın qarnını buynuzları ilə 

yırtan mənim anamdı. Bu o zamanlar idi ki, bir dəfə Səmayə Dovşanı oynayırdı və 

Tülkü gəlib onu yemək istəyəndə (dad bu tülkülərin əlindən!) Fatma elə ağlamışdı 

ki, zalda oturan bütün tamaşaçılar Dovşanın ah-naləsini unudub Fatmanın 

hönkürtülərinə gülmüşdü və  Səmayə  də Tülkünün pəncələri arasında fikirləşmişdi 

ki, bəyəm hönkürtüyə də gülərlər? 



 

98

Bu o zamanlar idi ki, Fatma hələ «gəlirəm»  əvəzinə «gəliləm», «gedirəm» 



əvəzinə «gediləm» deyirdi və bu o vaxtlar, o çağlar idi ki, Fatmanın sızanaq 

dərdindən əsər-əlamət yox idi və heç adamın ağlına da gəlməzdi ki, bir vaxt gələcək 

və bu totuq qızcığaz belə bir sızanaq qəmginliyinə mübtəla olacaq. 

Səmayə bunu fikirləşdi və gülümsədi. Yaxşı ki, rejissor bu gülümsəməyi 

sezmədi, yerindən qalxıb həmişəki kimi, əl-qolunun hərəkətləri ilə dilinin köməyinə 

çatdı: 


– Səmayə xanım, bir az daha artıq ehtirasla istəyin, daha artıq emosional təsirə 

ehtiyac var! 

Səmayə: 

– Yaxşı, – dedi və fikirləşdi ki, axı, yazıq Hacıleyləyin ikinci balasını da bundan 

artıq necə ehtirasla istəsin, adamın ürəyi gəlir bəyəm? Axı, tülkü tülküdü, adam 

adamdı. 


Yenə hardan gəldi bu uşaq fikirləri? 

Bu gün «Tülkü və Hacıleylək balaları»nın axırıncı  məşqi gedirdi, sabah, yəni 

dekabrın yeddisində ictimai baxış idi, iki gündən sonra da ilk tamaşa. 

Tülkü yenə  də mişarı qoltuğuna vurub palıdın dibini kəsdirmişdi və bu dəfə 

Hacıleyləyin ikinci balasını istəyirdi. Hacıleylək yazıq, gözlərindən yaş axıda-axıda 

yalvarırdı ki, Tülkü palıdı kəsməsin. Zalım Tülkü isə insafa gəlmirdi: 

– Mənə  nə var! Meşə  mənə babamdan qalıb! Hansı  ağacı istəsəm onu da 

kəsərəm. Ya balanı  mənə ver, ya da ağacı  kəsəcəyəm, aparıb bazarda satacağam, 

özümə toyuq alıb qəşəngcə yeyəcəyəm. 

– Səmayə xanım! Axı, siz təcrübəli aktyorsunuz! Sizə neçə dəfə demək olar ki

daha artıq ehtirasla tələb edin! Axı, siz Tülküsünüz! Qəddarsınız! Yırtıcısınız! 

Görürsünüz Hacıleylək necə ürəkdən ağlayır? 

Səmayə fikirləşdi ki, Hacıleylək çarəsizdi, daha neyləyəcək, gərək ağlasın da. 

Bunu fikirləşdi və bu dəfə Hacıleyləyin ikinci balasını lap doğruçu Tülkü qəddarlığı 

ilə istədi. 

– Bu pis olmadı. – Rejissor dərindən nəfəs aldı. 

Artıq neçə müddət idi ki, qar yağmırdı  və küçələrdəki qar əriyib, çirklənib 

palçığa dönmüşdü, eyvanlardakı qarı  təmizləmişdilər, damlardakı, ağaclardakı qarı 

his, tüstü qaraltmışdı  və  həmin günün axşamı  Səmayə öz evlərinin pəncərəsi 

qarşısında dayanıb bayıra baxırdı. Bir xeyli beləcə dayanıb damlarda rəngini itirmiş 

qara, küçədən trolleybus, avtobus, maşınlar keçdikcə  təkərlərinin altından sıçrayan 

qarlı palçığa tamaşa etdi və yenə də gözlərini şüşədən çəkməyib Fatmadan soruşdu: 

– Sən heç təzə qar yağanda, hər tərəf ağappaq olanda, gecə vaxtı; şəhərdə tək-

tük işıq yananda çölə çıxıb gəzmək arzulamısan? – Səmayə bu sözləri dedi və özü öz 

sözlərindən bir balaca hürkdü, hürkdü ki, birdən Fatmanın könlündə elə nöqtəyə 

toxunar ki, bu nöqtədə onların arasında pərdə olmalıdır; gözlərini pəncərədən çəkib 

qızına baxdı. 

Fatma mizin arxasında oturub sabahkı  dərslərini hazırlayırdı  və o da gözlərini 

dərslikdən çəkib anasına baxdı: 

– Elə yaman da sapojkim var ki, qarda gəzmək arzulayım!.. 

Səmayə əvvəlcə elə bil heç nə başa düşmədi və sonra handan-hana məlum oldu 

ki, söhbət Fatmanın uzunboğaz çəkmələrindən gedir. Səmayə üçün orası da məlum 

oldu ki, təbiətdə qar sevinci ilə palçıq dilxorçuluğu arasında cəmi-cümlətanı bircə 

qarış məsafə var. 

– Nə olub ki, sənin uzunboğazlarına? Su buraxır? 



 

99

– Su buraxmır, amma uşaq sapojkisidir onlar. Hamı modnısını geyir, elə bir 



mənəm uşaq çəkməsində, uşaq paltosunda. 

Səmayə əvvəlcə qızı ilə höcətləşmək istədi, amma sonra yenə küçələrdə əriyib 

palçığa dönmüş qara baxdı və beş-on gün bundan əvvəlki təzə qarı təzədən xatırladı 

–  ətrini duydu, rəngini gördü və hiss elədi ki, Fatma daha böyüyür əməlli-başlı; 

Fatma böyüyür, özü qocalır; niyə qar palçığa dönür sonra? – özü özünə dedi ki, əcəb 

axmaq sualdır bu! 

– Sənə elə bir uzunboğaz çəkmə alacam ki, hamının ağzı açıla qalsın. 

– Hə? – Fatmanın eyni açıldı və mizin altından ayaqlarına baxdı – elə bil daha 

geymişdi həmin əntiqə uzunboğaz çəkmələri. 

Sonra Səmayə dedi: 

– Sabah biletləri gətirəcəyəm, verərsən Gülüşgilə, mənim adımdan onları da 

dəvət edərsən. 

«Tülkü və Hacıleylək balaları» Fatmanın yadına düşdü və  qız açıq-aşkar 

bikeflədi: 

– Doğrudan, iki gün qalıb də doqquzuna... 

Səmayə başa düşdü ki, Fatma bütün bu müddət ərzində günləri sayırmış. 

Fatma soruşdu: 

– Ay mama, yenə Tülkü paltarında olacaqsan? 

Səmayə elə bil kiminsə acığına canı-dildən təsvir eləməyə başladı: 

– Hə, əlbəttə! Bir əntiqə Tülkü geyimi tikiblər ki, başdan ayağa tamaşadır! Bir 

şələ quyruğu var ki, gəl görəsən! Bax, bu boyda! – Səmayə qollarını açıb tülkünün 

şələ quyruğunun yekəliyini göstərdi, sonra qızına baxdı və susdu. 

Araya sükut çökdü və bu onların arasına çökmüş ilk sükut idi. 

Nəhayət, Fatma sükutu pozdu: 

– Neynirsən e, ay mama, neynirsən onları dəvət edib?.. – Anasına baxdı və əlavə 

etdi: – Heç ömründə teatra getmirlər. Xoşlamırlar teatrı. Heç bir dəfə görməmişəm 

ki, teatrdan söhbət eləsinlər. 

Səmayə əlini üzünə apardı, elə bil dişi ağrıyırdı, sonra gülümsədi: 

– Neynək, xoşlamırlar, qoy xoşlamasınlar. 

Fatmanın çiynindən yük götürüldü: 

– Hə də!.. 

Və  Səmayə  də sevindi ki, qızı daha narahatlıqdan qurtardı, amma sonra belə 

məlum olmuşdu ki, bu sevinc bir balaca vaxtından əvvəl imiş. Bu sonra məlum oldu, 

dekabrın doqquzunda, həmin gün ki, səhər tezdən yenə qar yağmağa başlamışdı və 

bütün şəhər yenə ağappaq təzə qara bürünmüşdü. 

Səmayə yadından çıxarmışdı ki, bu onun neçənci ilk tamaşasıdır, amma heç vaxt 

onun ilk tamaşa günündə belə qar yağmamışdı. Heç vaxt onun ilk tamaşa günündəki 

intizarı belə qar sevincli olmamışdı. 

O, ürəyindəki bu qar sevincli intizarla teatra getdi, rejissorun axırıncı 

göstərişlərinə qulaq asdı, müəllifin axırıncı xahişlərini eşitdi, inzibatçıdan neçə gün 

bundan əvvəl Fatma ilə Gülüş üçün sifariş verdiyi biletləri alıb evə qayıtdı və gördü 

ki, Fatma geyinib-kecinib onu gözləyir, daha doğrusu Fatma pəncərənin ağzında 

dayanıb bayırdakı qara baxır, ağappaq, gümüşü qara. 

Səmayə dedi:  

– Görürsən də, nə qardı! 

Fatma dedi: 

– Hə, yaman əntiqədi, ay mama! 



 

100


Səmayə sevindi ki, Fatma qardan beləcə sevinir, sonra biletləri qızına uzatdı: 

– Al, səninlə Gülüşün biletidi. 

Fatma biletləri alıb elə bil bütün ömründə birinci dəfəydi bilet görürmüş kimi o 

tərəf-bu tərəfinə baxdı və dedi: 

– Bilirsən, mama, Gülüş... Gülüş bu gün kinoya getmək istəyir e... 

Səmayə başa düşdü ki, bu saat, yəni bu qarlı qış axşamı qızı ilə, gözəl-göyçək 

Fatması ilə üzbəüz dayandığı bu dəqiqə  ən birinci məsələ özünü ələ almaqdır. Bir 

dəfə hansı tamaşadasa ayı balasını oynayırdı  və bu ayı balası  iş çətinə düşən kimi 

öz-özünə deyirdi: « – Özünü ələ al, ayı balası! Özünü ələ al, ayı balası!». 

– Nə olar, qoy getsin kinoya... Sən də istəyirsən onunla birlikdə get... 

– Doğrudan? – Fatma bilmədi sevindiyindən nə eləsin. – Doğrudan? – Sonra 

atılıb – uşaq ki, uşaq – anasının o üzündən, bu üzündən öpdü, tez-tələsik 

arakəsmədən paltosunu götürüb bədənnüma güzgünün qabağında geyinə-geyinə 

dedi: – Sabah mən özüm təkcə gəlib baxacağam. Bilirəm də, əntiqə oynayacaqsan 

yenə. Qəzetdə yazıb səni tərifləyəcəklər... 

Fatma bu sözləri dedi və birdən-birə yenə  nə isə xatırlayıb nigarançılıqla 

Səmayəyə tərəf döndü: 

– Qəzetdə şəkil verəcəklər, mama? 

Səmayə gülümsədi: 

– Nə bilim? 

Fatma deyindi: 

– Bilmirəm qəzetlərdə niyə sənin öz şəklini vermirlər, elə bu cür, öz paltarında. 

Elə bu cür şəklini versinlər də... 

– Yaxşı, qoymaram Tülkü paltarında şəklimi çəksinlər. – Səmayə qızını axırıncı 

nigarançılıqdan da qurtardı – heç kim bilməyəcəkdi ki, Fatmanın anası Tülkünü 

oynayır; bundan sonra Dovşan da beləcə olacaqdı, Keçi də, Ceyran da. 

– Doğrudan qoymayacaqsan? – Fatma yenə də atılıb anasının o üz, bu üzündən 

öpdü – lap sevincək olmuşdu, sonra da şəstlə dedi: – Kimin belə maması var e?!. – 

Özü də özünə cavab verdi: – Heç kimin! 

Həmin qarlı qış gününün gecəsi tamaşa lap yaxşı keçdi. 

Meşəyə qoca və xeyirxah bir Qarğa uçub gəlmişdi və artıq o, yaramaz Tülkünün 

kələkbazlığını Hacıleyləyə başa salmışdı, başa salmışdı ki, Tülkü bu boyda palıdın 

gövdəsini kəsə bilməz. Tülkü Hacıleyləyin üçüncü balasını istəməyə gələndə Qarğa 

ilə Hacıleylək onu elə qovdular ki və Tülkü şələ quyruğunu yellədə-yellədə meşədən 

elə qaçdı ki, tamaşaçılar – uşaqlar və  uşaqlarla gələn  əmilər, xalalar – əl çalmağa 

başladılar, zalda hay-küy qopdu, hamı gülüşdü, rejissorla müəllif də xeyli feyziyab 

oldu. 

Sonra pərdə təzədən açıldı və Tülkü də, Hacıleylək də, balaları da, qoca Qarğa 



da səhnənin qarşısına çıxdı. 

Səmayə Tülkünün şələ quyruğunu yellədə-yellədə tamaşaçılara baş əyirdi. 

Səmayə bilirdi ki, bu saat bayırda yenə  də quşbaşı qar yağır, bu qarın iyini 

duydu, rəngini gördü və birdən-birə ona elə  gəldi ki, Fatma da Gülüşlə birlikdə, 

Gülüşün anası, atası ilə birlikdə bu zalda əyləşib və o da, Tülkünü yox, Hertrudanı 

oynayıb. 

Səmayə zala baxdı və bu dəfə Fatmagilə baş əydi. 

Tamaşaçıların kefi kök idi – Tülkünün kələyi açılmışdı. 

Amma Səmayənin ürəyinə haradansa bir Tülkü ağrısı qonmuşdu, elə bil indicə 

Tülkünü yox, Hacıleyləyi oynamışdı. 




 

101


 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin