Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə16/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   12   13   14   15   16   17   18   19   ...   147
2. Gümüşü gün sevinci 

  

Qardan sonra Səmayənin gümüşü günləri olardı  və  həmin gün də  Səmayənin 



gümüşü günlərindən idi. Həmin gün ki, Səmayə teatrdan çıxıb evə  gəlirdi və 

ürəyindəki gümüşü gün sevinci ilə Fatması barədə düşünürdü. 

Fatmanın təzə rəfiqəsi var idi, adı Gülüş idi, özü də yaman cici-bacı olmuşdular, 

hər gün bir yerdəydilər. 

Keçən yay Səmayəyə  təzə ev vermişdilər və onlar indi yaşadıqları bu təzə 

binaya köçəndən sonra Fatma məktəbini də dəyişmişdi, lap bu yaxındakı məktəbin 

səkkizinci sinfində oxuyurdu. Gülüş  də  həmin sinifdə oxuyurdu və Gülüşlə 

Fatmanın beləcə cici-bacı olmaları  Səmayənin də lap ürəyindən idi. Əvvəla, ona 

görə ki, Gülüş çox tərbiyəli, ağıllı qız idi. Ikincisi, ona görə ki, Gülüşün anası elmlər 

doktoru idi, atası da yaxşı vəzifədə idi, ağayana adama oxşayırdı, yəni ki, atalı-analı 

qız idi Gülüş, yaxşı ailədən idi. Üçüncüsü və ən başlıcası isə ona görə ki, günlərin 

bir adi günü Səmayəyə aydın olmuşdu ki, Fatma daha uşaq deyil və indi onun elə 

vaxtı idi ki, oturub-durduğu adamlardan çox şey asılıdır. Iş elə gətirib ki, Fatmanın 

atası ola-ola (mürdəşir onun üzünü yusun!) atasız böyüyüb, amma indən belə elə 

olmalıydı ki, Fatmanın ürəyindəki yara közərib alışmasın, yəni görsün ki, yaxşı 

ailələrlə, hər bir işi tam-düz ailələrlə onların bu balaca ailəsinin heç bir fərqi yoxdur. 

Ürəyini xiffət yeməsin, görsün ki, onun Səmayə maması elə ataya da, anaya da 

bərabərdir və Fatmanın da heç bir əgər-əskiyi yoxdur. 




 

96

Səmayə  əlindən gələni  əsirgəmirdi – bayramlarda zəng çalıb Gülüşün anasını 



təbrik edirdi, hər dəfə Gülüşlə evlərinə salam göndərirdi, Gülüş onlara gələndə 

Fatmaya da, ona da eyni gözlə baxırdı. Əlbəttə, Gülüşün anası ilə daha artıq yaxınlıq 

eləmək olardı, amma bunun üçün nə vaxt var idi, nə də şərait imkan verirdi. 

Səmayə «Tülkü və Hacıleylək balaları»nın məşqindən çıxıb evə gəlirdi və bütün 

bunlar barədə fikirləşirdi; ayağının altındakı qarı xırçıldada-xırçıldada addımladıqca 

ona elə  gəlirdi ki, Fatma kimi on beş yaşlı gözəl-göyçək bir qız da onunla yanaşı 

addımlayır və bu qız elə onun özüdür, on beş yaşlı Səmayədir. 

Bir vaxt olacaqdı Fatmanın da yanında beləcə on beş yaşlı Fatma 

addımlayacaqdı və o zaman Fatma heç bilməyəcəkdi ki, hələ çox-çox əvvəllər anası 

onu beləcə görüb; qarlı qış günündə on beş yaşı ilə birlikdə addımlaya-addımlaya. 

Bir gümüşü gün idi həmin gün. 

Təzəcə qar kəsmişdi, gün çıxmışdı  və günün şüaları küçələrdəki, damlardakı, 

eyvanlardakı, ağaclardakı qarı elə parıldadırdı ki, elə bil Bakıya qarın üstündən 

gümüş yağmışdı. Bakının belə gümüşü günləri heç vaxt Səmayənin yadından 

çıxmazdı, o, bütün ömrü boyu gördüyü belə gümüşü günləri bircə-bircə xatırlayırdı 

və həmin günlərin hərəsinin öz ətri, öz ovqatı, öz təkcəliyi var idi. 

Nə  qədər küləkli-yağışlı günlər olmuşdu, nə  qədər adamın nəfəsini kəsən isti 

günlər, nə  qədər adi günlər olmuşdu, amma onların heç biri Səmayənin yadında 

qalmamışdı; pis hadisələr, pis əhvalatlar, yaxud da ki, yaxşı hadisələr, yaxşı 

əhvalatlar yadda qalmışdı, günlər isə yadda qalmamışdı. Bax, bu cür gümüşü günləri 

isə bir-bir sayardı  Səmayə  və bu gün də heç vaxt onun yadından çıxmayacaqdı. 

Yadından çıxmayacaqdı ki, bir vaxt – bax, bu gümüşü gün, məşqdən çıxıb evə gələ-

gələ fikirləşirdi: düzdür, Dezdemona daha əlçatmaz oldu, vaxtı keçər oldu, amma 

Hertruda hələ irəlidədir, ledi Maqbet hələ irəlilədir, Kuraj ana hələ irəlidədir. 

Səmayə qarı ayaqlarının altında xırçıldada-xırçıldada bir də onu fikirləşdi ki, 

axı, necə olur, təbiətin bu cür gümüşü günləri olur, bir tərəfdən də dünyada ledi 

maqbetlər olur? 

Sonra birdən-birə  Səmayə çox istədi ki, Fatma da bu gümüşü günləri beləcə 

yadında saxlasın və heç vaxt unutmasın bu günləri, bu günlərin  ətrini, rəngini, 

təkcəliyini. Fatma da beləcə hiss eləsin bu gümüşü günləri. Həm də Fatmanın 

gümüşü günləri lap bol olsun və Fatmanın gümüşü günlərinin nə həsrət çaları olsun, 

nə də həzinliyi, təkcə elə sevinci olsun, lap zırpı bir sevinci. 

 Əlbəttə, Fatma anasının bu fikirlərindən xəbərsiz idi və  Səmayə evə girəndə 

gördü ki, Fatma dayanıb bədənnüma güzgünün qabağında və pəncərədən o tərəfdəki 

gümüşü gün heç vecinə  də deyil, çünki üz-gözünü basmış  sızanaqların hayındadı; 

sızanaqları dırnaqlarının arasına alıb sıxır, sifətini qanadır. 

Fatma ağlamsına-ağlamsına, həm də hirsli-hirsli dedi: 

 – Bu nədir e, ay mama, görürsən bu prişikləri!.. Utandığımdan camaatın içinə 

çıxa bilmirəm...  

Səmayə bayırın gümüşü havasından sonra Fatmanın sızanaq dərdini birdən-birə 

ürəyinə sala bilmədi və gülümsəyə-gülümsəyə: 

 – Heç nə olmaz, keçib gedəcək, – dedi. – Əlini vurma. 

 – Yaman da keçib gedir. Day da artır günü-gündən. 

 –  Bəs, mənə niyə hirsin tutur, mən eləməmişəm ki... – Səmayə yenə  də 

ürəyindəki gümüşü gün sevinci ilə gülümsə-gülümsəyə Fatmaya yaxınlaşdı və qızını 

qucaqlayıb hələ qızınmamış şaxtalı üzünü onun üzünə sürtdü. 




 

97

 – Adımı ki, sən qoymusan: Fatma. Hamı mənə Fatma nənə deyir! Bir yaxşı ad 



qoya bilmirdin mənə? 

 Səmayə lap sidq-ürəkdən təəssüf elədi ki, Fatma pəncərənin o tayındakı 

gümüşü günün fərqinə varmır. 

 – Kimin nə haqqı var sənə elə desin! – Sonra zarafat eləmək istədi. – Amma 

Fatma nənə olmağına Fatma nənəsən də. Anamın adını qoymuşam da, sənə, nənənin 

adını. 


 – Çox elə  mənim lazımım idi. – Fatma adından çox, sifətindəki sızanaqların 

əlindən acıqlı-acıqlı yataq otağına keçdi. 

Yaxşı ki, Səmayənin adı bir o qədər qocafəndi deyildi və  hərgah işdi-şayət, 

Fatma öz qızına Səmayə adı qoysa, bir o qədər də xəcil olmaz. Səmayə gülümsədi 

və paltosunu çıxarıb arakəsmədəki asılqandan asa-asa dedi: 

– Tamaşanın premyerası dekabrın doqquzundadır. 

Fatma yataq otağından soruşdu: 

– Hansı tamaşanın? 

– «Tülkü və Hacıleylək balaları»nın. Dekabrın doqquzu da şənbə günüdür. Bilet 

göndərəcəyəm Gülüşün papası ilə maması da gəlsin. Çox təsirli əsərdir. 

Fatma elə bil nədənsə hürküb tələm-tələsik arakəsməyə gəldi: 

– «Tülkü və Hacıleylək balaları»nın? 

– Hə, yaxşı ki, şənbəyə düşdü. Gülüşün mamasıgil də boş olacaq. 

Fatma anasının qabağında dayandı, amma bir söz demədi və başqa bir iş 

tapmayıb paltarının yaxasını didişdirməyə başladı. 

Səmayə dedi: 

– Paltarını niyə didişdirirsən? 

– Heç... Onda bilirsən, mama ... – Fatma çətinlik çəkdi. – Onda bilirsən, qoy 

əvvəlcə mən bir kəşfiyyat aparım, sonra... 

Səmayə  qızının qara, qəşəng gözlərinin dərinliyində bir ürkü, bir narahatlıq, 

təşviş hiss etdi və bu, onun gümüşü gün sevinci ilə dolmuş ürəyinə lap kiçicik də 

olsa, xal saldı. 

Səmayə dedi: 

– Neynək, kəşfiyyat apar. Mənim kəşfiyyatçı  qızımsan da sən!.. – Və 

gülümsəyə-gülümsəyə Fatmanın qara saçlarını qatışdırdı. 

 

 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin