Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə24/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   20   21   22   23   24   25   26   27   ...   147
Aprel, 1977.  

 

 



 

 



 

149


BÜLBÜLÜN NAĞILI 

 

Dan ötdü, gün doğdu və  həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl 



şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı 

basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu 

xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, 

qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin 

barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin 

qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli 

bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz 

oldu və  hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə 

işıqlandı,  şəffaflandı  və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi 

göründü. 

Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, 

çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, 

qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında 

sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını 

sezirdi. 

Neçə gün idi ki, elə bil, kimlər isə yorulmurdu, Dədə Qorqudun sözləri ilə onun 

qulağına pıçıldayırdı: « – Qız-gəlinin qas-qas gülməz oldumu?; qızıl xına ağ  əlinə 

yaxmaz oldumu?». Bu kimsələrin pıçıltısında açıq-aşkar bir şadlıq vardı, elə bil ki, 

illərin həsəd yükündən qurtulmuşdular, uzun-uzun illər boyu bu sözləri demək 

yanğısı, həsrəti sona yetmişdi və indi elə bil ki, tanrılarına şükür eləyirdilər, ürəkləri 

rahatlanırdı, pıçıldayırdılar, pıçıldayırdılar: – «Ağbirçəkli arvadların bıldır-bıldır 

ağlayacaq, qaza bənzər qız-gəlinin gözünün yaşını tökəcək, acı dırnaq ağ üzlərə aldı-

çaldı salacaq, al yanaqlar dartılacaq, qarğı kimi qara saçlar yolunacaq, ağ 

çıxarılacaq, qara donlar geyiləcək, ağ-boz atlarının quyruğu kəsiləcək, igidlərin qara 

geyib, göy sarıyacaq, ev-eşiyində şivən qopacaq». 

Sonra o, bu pıçıldayanların səsindəki ehtirasdan, şövqdən, hərislikdən tanıdı ki, 

bunlar uzun-uzun illər boyu ölüb getmiş mal-dövlət sahibləridi, tanış-bilişlərdi və bu 

açıq-aşkar hiss olunan şadlıq da onu deyirdi ki, axır ki, sənin də axırın çatdı, axır ki, 

səninki də qurtardı; onların sifətini gözünün qabağına gətirə bilmədi, üzlərini 

görmədi, amma hamısını tanıdı; bunların bir çoxunu o, talamışdı, bir çoxunun qızılı, 

daş-qaşı, kəniz-qaravaşı, qulbeçələri sonradan onun olmuşdu, yığılmışdı, yığılmışdı, 

yığılmışdı. 

Neçə gündü ki, onun üçün ünüm ünlə, sözüm dinlə deyiləsi bir qüvvə, bir 

pənahgah, imdad yeri yox idi, hər  şey qurtarırdı, təkcə bir boşluq vardı, dibi 

görünməyən bir quyu vardı  və o, bütün vücudu ilə hiss edirdi ki, bu qaranlıq 

quyunun dibinə uçmağına lap az qalıb, çünki xanlar xanı Bayandura da qalmamışdı 

bu dünya və Dədə Qorqud boy boylamışdı, söy söyləmişdi, oğuznamə düzmüşdü və 

belə demişdi: « – Onlar dəxi bu dünyaya gəlib keçdi. Karvan kimi qondu köçdü. 

Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. Gəlimli, gedimli dünya. Son ucu 

ölümlü dünya». 

Neçə gündü ki, o ölürdü, bunu hamı bilirdi və bunu o özü də bilirdi, yolüstü 

qonaq idi; azar-bezar söhbəti deyildi bu, qocalıq idi, elə bil ki, son payıza qalmış 

ağac idi, canının suyu qupquru qurumuşdu, şaxələri, qol-budağı qupquru qurumuşdu 

və bədən də təkcə bu qupquru qurumuş ağacdan ibarət idi, bir damcı da su yox idi və 

bu ağac bu saat ovulub-töküləcəkdi, bir torba ovuntu olacaqdı. 



 

150


Və birdən-birə onun ölüm taxtını hər tərəfdən bürümüş bu sarı qızıl parıltısı, ləl-

cavahir işıltısı yox oldu, bir şəffaflıq yarandı  və bu şəffaflıq içində bu təmizlik, 

paklıq içində o yetim uşağın solğun çöhrəsi göründü. 

O, pərqu yorğan-döşəkdə uzanıb gözlərini yummuşdu və bütün gücünü, diqqətini 

toplayıb zəndlə o solğun çöhrəyə baxırdı;  əlbəttə, hələ bu uşağın xəbəri yoxdu ki, 

illər keçəcək və o, bir ucu Irandan, bir ucu Turandan tutmuş, dünyanın ən dövlətli 

adamı olacaq, xəzinəsinin daş-qaşı  çəki ilə  çəkiləcək, ilxılarına  şahzadələr həsəd 

aparacaq, xurcunları ipək-qumaş dolu dəvə karvanları Irandan, Turandan keçib, 

Məğrib səhralarını adlayıb,  Əndəlisəcən ellər-obalar dolaşacaq, gəmiləri dəryalar 

üzəcək, əlbəttə, hələ bu uşağın xəbəri yox idi ki, ağına-bozuna baxmadan, insaflı və 

insafsız yollarla, yaltaqlıqla və  hədə-qorxu ilə, ayaq öpməklə  və baş  kəsməklə, 

yalandan gülməklə və yalandan ağlamaqla bütün ömrü boyu mal-dövlət yığacaq, öz 

dünyasını hamını heyrətə  gətirən və hamını da çəkindirən, ürküdən bir nağıl 

dünyasına çevirəcək;  əlbəttə, hələ bu uşağın xəbəri yox idi ki, uzun-uzun illər 

keçəcək və o, son məqamda özü ilə beləcə üzbəüz dayanacaq. 

O, gözlərini yumub zəndlə bu solğun çöhrəyə baxırdı və təəccüb edirdi ki, bu zəif 

vücud o qüvvəni, o ehtirası ki, heç nəyin qabağında dayanmadı  və heç nədən indi 

üləmaların da hesablayıb qurtara bilmədiyi bu cah-cəlalı yaratdı; sonra o buna 

təəccüb etdi ki, nə üçün birdən-birə o uşağı xatırladı; uzun-uzun illər boyu o uşaq 

tamam silinib xatirədən getmişdi, çox-çox uzaqlarda – ünyetməz bir uzaqlıqda 

qalmışdı  və necə oldu ki, birdən-birə belə bir şəffaflıq yaratdı, birdən-birə beləcə 

peyda oldu? 

O, zəndlə bu solğun çöhrəyə baxdı və daha onların ikisindən başqa dünyada heç 

kim yox idi; dünyada yalnız bir şəffaflıq, bir də ki, çoxdan unudulmuş paklıq, 

təmizlik vardı və bu təmizlik içində o solğun çöhrə görünürdü və birdən-birə ona elə 

gəldi ki, bu şəffaflıq su şəffaflığıdı və o solğun bəniz də suyun altından ona baxır; 

uzun saçları suyun içində yayılmışdı, gözləri suyun içində donmuşdu; ona belə gəldi 

və birdən-birə  də  nəfəsi qaraldı, elə bil ki, təzədən onillikləri, iyirmiillikləri geri 

adlayıb yenə həmin solğun bənizli uşaq olmuşdu və suyun içində də gözləri beləcə 

donub qalan indi özü idi; amma yox, heç vaxt belə ola bilməzdi, çünki Dədə Qorqud 

belə söyləmişdi: « – Ölən adam dirilməz. Çıxan can geri gəlməz». Və bu zaman elə 

bil ki, o özü özündən ayrılıb, öz içindən çıxıb bir hava kimi, bir yüngüllük kimi, özü 

öz taxtının üstünə qondu və yuxarıdan aşağı özünə baxdı: ağappaq saçları uzanmış, 

ağappaq saqqalı uzanmış, gözləri qapanmış, arıq sifətinin qansız dodaqları səyriyən 

bir qoca gördü və elə bil ki, bu qocanı görüb diksindi, bu qocanın yanından, bu 

qocanın gömgöy sifətindən qorxdu, bu qocanın yaşadığı uzun-uzun illərin 

çoxluğundan dəhşətə  gəldi və birdən-birə  də elə bil ki, o yüngüllüyü, o havanı 

nəyəsə  pərçim etdilər, sıxdılar, çünki hər  şey yox olmuşdu dünyada, təkcə bu ağ 

saçlar və gömgöy sifət qalmışdı; uzun-uzun illər boyu yığılmış,  əldə edilmiş var-

dövlət bir heç olmuşdu, cah-cəlal bir heçə dönmüşdü və bütün dünyada təkcə bu 

qoca qalmışdı. 

Yenə  həmin  şəffaflıq hər tərəfi bürüdü, amma o solğun uşaq çöhrəsi həmin 

şəffaflıqdan  əridi, yox oldu və o, bütün vücudu ilə hiss etdi ki, bu şəffaflıq içində 

başqa nəsə görünməlidi; bu «nə isə» çoxdan unudulmuş bir görüm idi, amma nə idi 

– bilmirdi, amma bilirdi ki, «nə isə» var və  həmin «nə isə» bu şəffaflıqda 

görünməlidi, illərin kirəc bağlamış qatları arasından, illərin yorğunluğu altından, 

illərin tələsikliyi, vaxt çatışmazlığı altından, haqq-hesablar altından çıxmalıdı və bu 

şəffaflıqda görünməlidi. 




 

151


Sonra onun yumulmuş gözlərinin qarşısındakı  şəffaflığa bir zümrüd yaşıllığı 

qondu və o əvvəlcə  təəccüb etdi ki, daş-qaş  şöləsi bu şəffaflığa necə sirayət edə 

bildi? Sonra başa düşdü ki, bu zümrüd yaşıllığı zümrüdün yaşıllığı, firuzənin 

göylüyü deyil, bu o meşənin göylüyü, yaşıllığı idi, köksü gözəl dağlardakı o meşəyə 

gün dəymişdi və bu şölə də o meşənin şöləsi idi.  

O, həmin «nə isə»ni xatırladı  və  hər tərəfi bürümüş meşə yaşıllığı içində neçə-

neçə illər bundan əvvəlki sarı bülbülü gördü və sarı bülbülün nəğməsini eşitdi, 

amma meşədəki yox, əvvəlki nəğməsini eşitdi, hüznlü, kədərli nəğməsini. 

O bilirdi ki, bu dəm qız-gəlini başının üstündə dayanıb, oğlanları, kürəkənləri 

onun taxtının ətrafına düzülüb, kəniz-qaravaşlar onun üçün nəğmə oxuyur, ud çalır, 

bunu bilirdi, amma heç kimi görmür və heç nəyi eşitmirdi, gözlərinin qabağında 

təkcə bu meşə yaşıllığı idi, bu meşə yaşıllığı içindəki o sarı bülbül idi və bir də o sarı 

bülbülün nəğməsini eşidirdi, amma meşədəki yox, əvvəlki nəğməsini eşidirdi, 

hüznlü, kədərli nəğməsini. 

Onda yaz gəlmişdi və onun təzə saldırdığı bağça başdan-başa gül açmışdı, 

çiçəklənmişdi və heç kim ağlına gətirmirdi ki, bu təzə bağçanın sahibi cavan tacir – 

gündən-günə  şöhrətlənən, gündən-günə dövlətlənən və bu şöhrət üçün, bu dövlət 

üçün gecəsini gündüzə qatan, biri Həbəşistandan, biri Çindən, biri Hindistandan, biri 

də  Dəclə sahilindən dörd gözəllər gözəli arvadlarının yatağına belə girməyə vaxt 

tapmayan cavan tacir bir vaxt ac-yalavac bir yetim idi və həmin yetim öz aclığından 

ayrılmaq üçün ağlasığanı da etdi, sığmayanı da, sonra dayana bilmədi, həmişə çoxu 

az gördü, doymadı, həm bəxti gətirdi bu dünyada, həm zehni itiydi, fərasətliydi, 

yığdıqca yığdı, qızıl qızıl gətirdi, dünyanın  ən böyük və  ən təmiz almazları, 

zümrüdlər, yaqutlar, firuzələr, mirvarilər saxsı küplərə dolduruldu və bu saxsı 

küplərin sayını artırmaq hərisliyi dünyada onunçün hər şeyi əvəz etdi. 

Elə bil ki, saxsı küplərin kölgəsi onun yumulmuş gözlərinin qarşısındakı o meşə 

yaşıllığını, o sarı bülbülün işığını söndürmək istədi, amma o, bütün gücünü topladı 

və həmin meşə yaşıllığına kölgə düşməyə qoymadı və yenə də dünyada heç nə və 

heç kim yox idi, nə o saxsı küplər, nə o hərislik, nə aldadılıb var-dövləti  əlindən 

alınmış  və  təsbeh daşları sapa düzülən kimi, uzun-uzun illərin sayına düzülmüş 

saysız-hesabsız adamların ah-fəğanları – heç nə yox idi, təkcə köksü gözəl 

dağlardakı o meşəyə gün dəymişdi, bir də o bülbül idi, amma bülbül meşədəki 

nəğməsini yox, əvvəlki nəğməsini ötürdü, yenə də həmin kədərlə, hüznlə ötürdü, bir 

də ki, o ağsaçlı, ağsaqqallı, üzünə gömgöy bir rəng çəkilmiş qoca idi. 

Onda yaz gəlmişdi və o təzə bağça başdan-başa gül açmışdı, çiçəklənmişdi və 

bağçanın ortasında yeddi yerdə qızıldan tökülmüş balıqların ağzından fəvvarə vuran 

ağ mərmər çarhovuz dünyanın ən zərif sərinliyini bu bağçaya gətirirdi, müşk-ənbərli 

çarhovuz suyunun ətri güllərin, çiçəklərin  ətrinə qarışırdı, nar ağacları, gilənar 

ağacları,  ərik,  şaftalı, gavalı  ağacları, hamısı güllüyə dönmüşdü və  həmin müşk-

ənbər ətirli, güllü-çiçəkli yaz günlərinin birində bağçanın yanından bir dərviş ötdü; 

bu dərvişin  əlində tutduğu təbərzinin dəmir ayparasının üstünə sarı bir bülbül 

qonmuşdu – dərviş sap kimi nazik dəmir zəncirlə bülbülün ayağını  təbərzinin 

taxtasına bağlamışdı  və  həmin bülbül o dəm dünyanın  ən dərdli-ələmli nəğməsini 

ötürdü. 



 

152


O, ayağı narın zəncirli bu sarı bülbülə baxdı və bir kəlmə də söz deməyib dərvişin 

hind qozu qabığından qayrılmış kəşkülünə bir-birinin dalınca on qızıl atdı və zənciri 

qırdı, bülbülü bağçaya apardı, qızıldan böyük bir qəfəs düzəltdirdi, qəfəsi 

çarhovuzun yanında  ən səfalı yerdə asdırdı, bülbülü bu böyük qızıl qəfəsin içinə 

saldı və hər gün bir səhər tezdən, bir də axşamçağı vaxt tapıb bu böyük qızıl qəfəsin 

içindəki bülbülə tamaşa eləməyə gəldi. 

Sarı bülbül o böyük qızıl qəfəsin içində, o güllü-çiçəkli səfalı bağçada, o yeddi 

fəvvarəli sərinlikdə, o müşk-ənbər  ətrində  səhər-axşam oxumağa başladı, amma 

bülbül yenə  də  həmişə yanıqlı ötdü və onun ötdüyü bu nəğmələr səhər-axşam 

dünyanın dərdindən, qəmindən xəbər verdi, o kiçik sarı varlıq hər tərəfə o qədər 

dərd, qəm səpələdi ki, elə bil bu bağçanın gülləri, çiçəkləri yayın istisindən, payızın 

çiskinindən saralıb-solmadı, bülbülün bu nəğmələrindən saralıb-soldu. 

O, başqa bir bülbül tapdırıb qəfəsə saldırdı ki, sarı bülbül tək qalmasın, kar 

eləmədi, qəfəsi daha da böyütdürdü, genişləndirdi, kar eləmədi, axırda günlərin bir 

günündə bütün işini-gücünü atıb ilxısının gözü olan göydəmir ürgəni mindi və çapıb 

bağçaya girdi, qızıl qəfəsin ağzını açdı, sarı bülbülü qəfəsdən buraxdı və göydəmir 

ürgəni bülbülün ardınca çapmağa başladı; tacirliyə qurşanmış bir yeniyetmə də onu 

tək buraxmadı, onunla yanaşı çapdı. 

Sarı bülbül dağlar aşıb, dərələr keçdi, çaylarda çimib, bulaqlardan su içdi, az 

getdi, çox getdi, dərə-təpə düz getdi, axırda gəlib köksü gözəl o dağlardakı meşəyə 

çatdı və meşədəki qoca bir palıd ağacının ovuğunda köhnə yuvaya girdi; sarı bülbül 

o qədər uçmuşdu ki, tamam taqətsizdi, amma güclə başını qaldırıb meşəyə baxdı və 

bu dəm meşəyə gün dəydi, meşənin yaşıllığı günün şüaları altında alışıb yandı, göz 

qamaşdırdı və bülbül bütün gücünü toplayıb oxumağa başladı. 

Köksü gözəl o dağlardakı meşədə o dəm sarı bülbül dünyanın  ən cəhcəhli 

nəğməsini oxudu və bu nəğmə dünyanın yaxşı-yaxşı  işlərindən xəbər verdi, bu 

nəğmə güldən, çiçəkdən danışdı, dünyanın gözəl meşələrindən, saf bulaqlarından, 

təmiz dəryalarından söylədi; sarı bülbülün nəğməsi ürəyə sevinc gətirdi,  şadlıq 

gətirdi, bu nəğməyə köksü gözəl dağlar qulaq asdı, kölgəli qayalar, kəklikli çınqıllar, 

işıqlı çəmənlər qulaq asdı və bu nəğməyə, bir də ki, yeniyetmə tacirlə o, qulaq asdı. 

O, çaphaçapdan başdan-ayağa köpük bağlamış göydəmir ürgənin belində oturub 

bu qoca palıd ağacına baxırdı, bu ağacın gövdəsindəki kiçik ovuğa baxırdı  və 

bülbülün nəğməsinə qulaq asırdı; o başa düşürdü ki, bu nəğmə sarı bülbülün son 

nəğməsidi və o burasını da başa düşürdü ki, sarı bülbül özü də bunu hiss edir, 

oxuyur, bülbül özü də bilir ki, son nəğməsidi, ötür. 

Və sarı bülbülün nəfəsi kəsildi, nəğməsi sona yetdi. 

Meşəyə sükut çökdü. 

Köksü gözəl o dağlardakı meşəyə çökmüş sükutu yeniyetmə tacir pozdu: 

 – Axmaq bülbül, – dedi. – Qızıl qəfəsdə, gülün, çiçəyin içində bəslənirdin, oranı 

bəyənmədin, bir ağac ovuğunu ondan üstün tutdun, axırda da ürəyin partladı, öldün. 

O, gözlərini palıdın ovuğundakı yuvadan çəkib yeniyetmə tacirə baxdı və heç nə 

demədi. 


Sonra göydəmir ürgəni çapıb meşədən çıxdı. 

Köksü gözəl o dağlardakı meşə arxada qaldı. 

Sonra o meşə tamam yaddan çıxdı və o sarı bülbül də tamam unuduldu. 

Günlər, aylar, illər keçdi və bu uzun-uzun illər boyu o meşə də, o bülbül də heç 

vaxt yada düşmədi. 



 

153


Indi birdən-birə o meşənin zümrüd yaşıllığı hər tərəfi bürüdü, amma bu zümrüd 

yaşıllığın içində sarı bülbül meşə  nəğməsini oxumadı, elə hey əvvəlki nəğməsini, 

dərdli-ələmli nəğməsini oxudu. 

O, gözlərini qapayıb hər tərəfi bürümüş bu meşə yaşıllığına baxırdı  və çox 

istəyirdi ki, bülbül bu dəm onun qulaqlarında həmin nəğməsini oxusun, dünyanın 

gözəl meşələrindən, saf bulaqlarından, təmiz dəryalarından xəbər versin, dünyanın 

yaxşı-yaxşı  işlərindən danışsın, amma sarı bülbül onun gözləri qarşısındakı bu 

yaşıllıq içində elə hey öz dərdli nəğməsini oxuyurdu və o, başa düşdü ki, bu nəğmə 

əslində onun özünün köksündən qopub gələn bir nəğmədi, onun özünün son 

nəğməsidi və bu son nəğmə heç cürə o meşə nəğməsinə çevrilmir. 

Sonra hər tərəfi bürümüş meşə yaşıllığı yox oldu, bülbülün nəğməsi də kəsdi və 

yenə  də  hər tərəfi bir bozluq bürüdü və bu bozluq içində, o, yenə elə bil ki, 

yuxarıdan aşağı özünə baxdı, yenə ağ saçları, ağ saqqalı, gömgöy arıq sifəti gördü, 

amma bu dəfə daha diksinmədi, çünki diksinməyə vaxt qalmamışdı, həmin qaranlıq 

quyunun dibi onu özünə çəkirdi. 

Onun saz dinləməyə, Dədə Qorqud boylarına qulaq asmağa  əməlli-başlı vaxtı 

olmamışdı, işlərindən macal tapmamışdı, amma bu axır məqamda da onu Dədə 

Qorqudun sözləri ilə  səslədilər; onu heç vaxt üzünü görmədiyi atası  səslədi: « – 

Oğul, oğul, ay oğul. Qarşı yatan dağın yüksəyi, oğul. Güclü belim qüvvəti, canım, 

oğul. Qaranqulu gözlərimin aydını, oğul». 

O yuxarıdan aşağı özünə baxdı və təkcə təəccüblənməyə macal tapdı ki, bu cür 

ağsaçlı, ağsaqqallı da oğul olar? Bir də ona imkan tapdı ki, köksü gözəl o dağlardakı 

meşədə yeniyetmə taciri xatırlasın və bütün gücünü – son gücünü toplayıb öz-özünə 

pıçıldasın: « – Axmaq yeniyetmə». Sonra həmin qaranlıq quyunun dibinə uçdu və 

hər şey bitdi. 

  May, 1980. 

 

 

 



 


 

154



Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin