Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə27/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   23   24   25   26   27   28   29   30   ...   147
 Mart, 1983.  

 

 

 

 


 

183


HOTEL BRISTOL  

 

Hava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin 



ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı. 

Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman 

bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində 

bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə  həmişəliyi, insan 

ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə 

dərk eləyən bir yeniyetmə kimi sarsıtdı. 

Tabutu yekə yük maşınının yanına qələr gətirib dayandılar, iki cavan oğlan atılıb 

yük maşınına mindi, tabutu çiyinlərdən çəkib maşının içinə saldılar və yazıq 

Əlisəttar müəllim payızın bu soyuğunda puçur-puçur tər tökə-tökə cavan oğlanlara: 

 – Yavaş olun!.. Yavaş olun!.. – deyirdi. 

O tabutun içindəki, o nəm çəkmiş taxta qutunun içindəki Hotel Bristol idi. 

Yazıq  Əlisəttar müəllim nədən qorxurdu? Qorxurdu ki, Hotel Bristola bundan 

sonra bir zədə dəyər, ya nə olar? Yazıq Əlisəttar müəllim, sənin ürəyin də bu dəm 

sifətin kimi ağlayırmı? Ya yalandan ağlayırsan? Yaxşı adamsan sən, yoxsa pis 

adamsan? Ümumiyyətlə, yaxşı adam, yaxud pis adam varmı dünyada? 

Ona elə  gəlirdi ki, insan ömrü günəşin daimiliyi müqabilində necə kiçikdirsə, 

necə  cılızdırsa, «yaxşı» və «pis» də insanın və o cümlədən də  Əlisəttar müəllimin 

ürəyi, insanın dünyası müqabilində eləcə kiçik, eləcə cılızdır. 

Cavan oğlanlar maşının dəmir kabinəsinə bir-iki yumruq vurdular, yəni ki, 

hazırdı, tabutu qoymuşuq maşının ortasına, tərpənmək olar və camaat da 

qəbiristanlığa getmək üçün avtobusa, yüngül maşınlara minməyə başladı; cavan 

oğlanlar yük maşınının kənarını qaldırdılar və tabut daha görünmürdü və o 

görünməyən tabutun içindəki Hotel Bristol idi. 

Yazıq  Əlisəttar müəllim maşınlardakı boş yerləri bir-bir camaata göstərirdi, 

maşınların arası ilə ora-bura vurnuxurdu ki, görsün çöldə qalan yoxdur ki, puçur-

puçur tər tökə-tökə bu başdan vurub o başdan çıxırdı  və görünür, təbiətən çox 

narahat adam idi, dostlarına, qohumlarına, heç kimə etibar etmirdi, adamları, az 

qala, bir-bir özü maşınlara oturdurdu və yaxın bir adam görən kimi, özünü saxlaya 

bilmirdi, kövrəlirdi, yazıq Əlisəttar müəllim, bu gecə necə yatacaqsan? 

Hotel Bristolu tez-tez yadına salacaqsan? 

doğrudan da o əziz adam idi sənin üçün? 

bu cür canfəşanlığın doğrudandı, ya yalandan? 

tək qalacaqsan, yoxsa həmişə tək olmusan? 

Birinci dəfə idi ki, Əlisəttar müəllimi görürdü və heç vaxt Əlisəttar müəllimi 

görməsə  də,  Əlisəttar müəllimin gödək boyunu daha da qısaldan köklüyü, saçı 

tökülmüş tamam çılpaq başı Hotel Bristola yaraşmasa da bayaqdan ona elə gəlirdi 

ki, Əlisəttar müəllimi çoxdan tanıyır və Əlisəttar müəllim mütləq elə bu cür Əlisəttar 

müəllim olmalı idi, başqa görkəmdə, başqa sifətdə ola bilməzdi; yazıq  Əlisəttar 

müəllim bu dəfə onun yanından ötdü və adamların hüznlü baxışlarına: 

 – Həyatdır... – deyə cavab verdi. 

... – Həyatdır də... – Sonra Hotel Bristol o payız günü pəncərədən bayıra baxdı, 

buludların arasından çıxmış günəşə baxdı, boz gözlərini qıydı  və  həmişəki kimi 

mənalı-mənalı dedi: 



 

184


 – Gün milyon il bundan əvvəl də yəqin ki, belə çıxmışdı. Gün milyon il bundan 

sonra da belə  çıxacaq... – Sonra da boz gözlərini günəşdən çəkib düz onun 

gözlərinin içinə baxdı və bu dəfə rusca dedi: – Takova jizn... 

 – Ne tak xoroşa, da i ne tak ploxa, kak dumayetsya.  

Hotel Bristol zamanın sınaqlarına sinə  gərmiş, xeyli təcrübədən keçirilmiş 

mənalı təbəssümlə elə-eləcə Muradın gözlərinin içinə baxdı və gülümsədi: 

 – Vot imenno! Prekrasno skazal... 

Hotel Bristol bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib keçəcək və 

eləcə bir payız günü iki cavan oğlan onu tabutun içində, nəm taxta qutunun içində 

çəkib yük maşınına qoyacaqlar. 

 – I ya tebya ponyala... 

Murad da gülümsədi, çünki Muradın həyat haqqında söylədiyi bu cümlə 

Mopassanın idi, hansı romanınsa – deyəsən, «Həyat»ın axırıncı cümləsi idi; Murad 

da gülümsədi, çünki Murad da bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib 

keçəcək və elə o cür bir payız günü – milyon il bundan əvvəlki və milyon il bundan 

sonrakı kimi bir payız günü iki cavan oğlan Hotel Bristolu nəm taxta qutunun içində 

çiyinlərdən çəkib yük maşınına qoyacaq; Hotel Bristol təmizkar idi və təmizkarlığını 

həmişə nümayiş etdirirdi, tez-tez çantasından ətriyyatlı kağız dəsmallar çıxarıb əlini, 

boynunu silirdi; o nəm taxta qutu isə tamam köhnəlmişdi, içində  nə  qədər cənazə 

yola salmışdı və indi də Hotel Bristolu axırıncı  mənzilə aparırdı, sabah da kimisə

bir başqasını aparacaqdı, biri gün bir başqasını öz içinə alacaqdı, beləcə köhnəlib 

tamam söküləcəkdi, çürüyüb torpağa qarışacaqdı  və yerinə  təzə tabut 

düzəldəcəkdilər; bir dəfə Murad Bakının köhnə məhəllələrindən birindən keçib işə 

gedəndə gördü ki, qırçılar köhnə bir tabutu söküb, qır tiyanında yanan o tabut 

taxtalarının şöləsi uzun müddət Muradın gözlərinin qabağından getmədi; həmin şölə 

qızdırmırdı, buz soyuğu ilə yanırdı və soyuq alov Muradın içini dondururdu. 

Hotel Bristol Muradın gülümsəməyini də başqa gür yozdu və isti əli ilə Muradın 

biləyindən tutdu: 

 – Nə yaxşı ki, biz bir-birimizi başa düşürük... Bu soyuq dünyada, heç olmasa, 

bir balaca hərarət adamın ürəyini qızdırır. Mən sevinirəm... – Sonra Hotel Bristol 

həmişə belə anlarda olduğu kimi yenə də rus dilinə keçdi: – A tı? 

 – Ya toje... 

 – Çto ya toje? 

 – Ya toje tak i vı... 

Hotel Bristol Muradın biləyini sıxdı və özünü Murada lap yaxınlaşdırdı, döşləri 

Muradın pencəyinə yapışdı  və Muradın həmin döşlərə yazığı  gəldi, elə bil ki, bu 

döşlər bütün qışı evdə saxlanılıb yazda bazara çıxarılmış alma idi, köhnəlmişdi və 

Hotel Bristol başını qaldırıb boz gözləri ilə altdan yuxarı yenə də Muradın gözlərinin 

içinə baxanda, həmin baxışlardakı çağırışa, dəvətə, həmin baxışlardakı  mənəm-

mənəmliyə Muradın gülməyi tutdu və yaxşı ki, Hotel Bristol, nədənsə, gözlərini 

ondan çəkib o payız buludları arasından çıxmış günəşə baxdı: əlbəttə, Murad nə isə 

etməli idi, ya yüngülcə öpməli idi Hotel Bristolu, ya özünü kənara çəkməli idi, ya da 

nəsə başqa bir şey eləməli idi, amma Murad heç nə eləmədi, gülümsəyə-gülümsəyə 

çox səmimi, lap sidq-ürəkdən soruşdu: 

 – Əlisəttar müəllim necədi? 

Hotel Bristolun Muradın biləyindən tutmuş və həyəcanlı nəbzi hiss olunan isti 

əli dərhal boşaldı, sonra sifətində güclə saxlamağa çalışdığı  həmin romantik 

təbəssümlə dedi: 




 

185


 – Çox sağ ol, yaxşıdır. 

Murad eyni sadəlövhlüklə soruşdu: 

 – Radikuliti necədi? 

Hotel Bristol tamam təhqir olunmuşdu və  əzablara dözən cəfakeş bir qadın 

əzmiylə bunu Muraddan gizlətməyə çalışdı: 

 – Radikuliti də yaxşıdı, – dedi və daha özünü saxlaya bilməyib boş otaqdan 

çıxdı. 

Murad bilirdi ki, Hotel Bristolun ərinin adı  Əlisəttar müəllimdi və 

institutdakıların hamısı kimi, burasını da bilirdi ki, Əlisəttar müəllimin Hotel 

Bristolun macəralarından xəbəri yoxdu, radikuliti var və çox zaman da öz 

radikulitinin hayındadı. 

...Yük maşını  tərpəndi, o biri maşınlar da yavaş-yavaş yük maşınının ardınca 

getməyə başladı, yolu kəsilib dayanmış trolleybusların, taksilərin, başqa maşınların 

sürücüləri və sərnişinləri səbirsizliklə və narazılıqla bu matəm karvanına baxırdı ki, 

yol nə vaxt başlanacaq və  nəhayət, tabutu aparan yük maşınının ardınca gedən 

maşınların hamısı yola düzəldi və ən sonuncu Əlisəttar müəllimin oturduğu köhnə 

«Jiquli» yerindən tərpəndi, yazıq Əlisəttar müəllim,  

radikulitin necədi, çox incidir? 

bəlkə bütün insan ömrü bir payız fəslidir və əslində fəsillər heç zaman dəyişmir? 

hər halda, təskinlik var, hər halda, radikulit xərçəng deyil, hə? 

amma ömrün payızına bunun nə dəxli var? 

bəyəm ömrün payızı üçün xərçənglə, radikulitlə  xərçəngsizliyin və 

radikulitsizliyin fərqi var? 

...O zaman Murad hələ institutda işləyirdi və onların şöbəsinin cəmi bircə otağı 

var idi və bu bir otaqda dörd miz var idi: ikisinin arxasında baş elmi işçilər – Murad 

və Hotel Bristol otururdu, biri kiçik elmi işçi Musanın idi, o birisi də laborant 

Səlminazın. 

Hotel Bristolun adı, yəni əsl adı Məleykə idi, amma Murad da və başqaları da 

Məleykə xanımdan söz düşəndə onu Hotel Bristol çağırırdılar, çünki Hotel Bristol 

haçansa Avropa ölkələrindən birinə turist səyahətinə getmişdi və həmin ölkədə hansı 

bir  şəhərdəsə «Bristol» adlanan bir mehmanxanada qalmışdı, geri qayıdanda isə 

həmin mehmanxananın yuxarısında latın  əlifbası ilə HOTEL «BRISTOL» sözləri 

yazılmış şirkət kağızlarından bir dəstə götürmüşdü və odu-budu balaca məktublarını, 

qeydlərini bu şirkət kağızlarında yazırdı, məsələn, bir də görürdün ki, hansı bir 

müzakirəyəsə gələ bilməyib, əvəzində bir üzrxahlıq məktutu göndərib ki, bağışlayın, 

vacib işim olduğuna görə müzakirədə  iştirak edə bilmirəm və  şöbəyə göndərdiyi 

həmin məktubun da yuxarısında HOTEL «BRISTOL» şirkət yazısı. 

Hotel Bristol Muraddan nə qədər böyük idi? On yaşmı? On beşmi? Amma, hər 

halda, özünü Muradın qəyyumu kimi aparırdı, guya, Muradın daxili aləmini 

institutda heç kim başa düşə bilməz və ancaq Hotel Bristol Muradın hisslər və 

düşüncələr aləmini duyur və ümumiyyətlə, guya Hotel Bristol mənən zənginlik 

xiridarıdır, özü mənəvi sarsıntıları çox keçirib, başı daşdan-daşa dəyib və buna görə 

də sirlərlə dolu daxili aləmi var; tez-tez Muradı söhbətə tuturdu, tarixdən danışırdı, 

arxitekturadan, rəssamlıqdan, Italiya kinosundan, fransız romanından danışırdı  və 

bəzən lap aləm olurdu, məsələn, Hotel Bristol Muradı  təkləyib başlayırdı xarici 

ədəbiyyatdan söz salmağa, Murad da adını bildiyi Amerika kosmonavtlarını bir-bir 

ingilis yazıçıları kimi Hotel Bristola sırıyırdı. 

Hotel Bristol soruşurdu: 




 

186


 – Təzə nə oxuyursunuz? 

Murad deyirdi: 

 – Bir ingilis yazıçısı var, Devid Skott, onun romanını oxuyuram. 

Hotel Bristol o saat heyranlığını bildirirdi: 

 – O-o!.. Yaxşı yazıçıdır! Hansı romanını oxuyursunuz? 

Murad bədahətən bir roman adı quraşdırıb deyirdi: 

 – «Həyat səhra kimidir...» 

Əlbəttə, bu adda roman yox idi; əlbəttə, Murad bilmirdi ki, ömrün payızlı bir 

çağında beləcə bir yük maşınının ardınca gedəcək və burasını da bilmirdi ki, həmin 

nəm taxtalı qutunun içindəki Hotel Bristolu qəbiristanlığa müşayiət edən əklillərin, 

güllərin iyi birdən-birə Hotel Bristolun ətirli kağız dəsmallarını onun yadına salacaq. 

Murad o romanın adını söyləyən kimi, Hotel Bristol deyirdi: 

 –  Hə, pis roman deyil... Amma görürsünüz, iki-üç cümlə ilə qadın 

psixologiyasını necə dəqiq ifadə edir? 

Əlbəttə, hərgah bir romanın adı «Həyat səhra kimidir...»sə, orada, heç olmasa, 

bir qadın olacaqdı və yazıçı da – nə olsun ki, Devid Skott kosmonavtdır? – həmin 

qadın haqqında bir-iki cümlə deyəcəkdi, amma bu birtərəfli oyunun da ləzzəti onda 

idi ki, mübahisə qızışırdı və Murad da mübahisə edirdi: 

 – Mən deməzdim ki, bir o qədər də dəqiq ifadə edir...  

O məşhur təbəssüm həmin andaca Hotel Bristolun dodaqlarına qonurdu: 

 – Siz qadın psixologiyasının bilicisisiz? – Xüsusi vurğu ilə dediyi bu sözlərdən 

sonra bir anlıq araya mənalı sükut çökürdü, sonra Hotel Bristol yenə romana 

qayıdırdı. – Əlbəttə, Skott da bütün ingilislər kimi bir az qurudu, amma bəzən elə 

detallar verir ki, çox yerinə düşür. Siz onun başqa əsərlərini oxumusunuz? 

 – Yox, oxumamışam. 

Hotel Bristol deyirdi:  

 – Onun bir povesti var, keçən il çıxmışdı. Adını bu saat deyim... hə, «Vzqlyad 

çernoqo kota»! Çox gözəl əsərdir. Məncə Skottun ən yaxşı yazısıdır. Mütləq tapıb 

oxuyun, heyif, mən kiməsə vermişəm... Hər dəfə özümə söz verirəm ki, heç kimə 

kitab verməyəcəyəm, amma yenə də olmur... 

Bəzən Murada elə gəlirdi ki, Hotel Bristol da onu ələ salır, amma Hotel Bristol 

heç kimi ələ salmırdı, sadəcə olaraq, Hotel Bristolun başqa əlacı yox idi və əlbəttə, 

deyə bilməzdi ki, bağışlayın, mən Devid Skott adında yazıçı tanımıram və onun heç 

bir  əsərini oxumamışam; Murad Hotel Bristolla söhbətlərində Salvadorun 

prezidentini Ispaniya kinorejissoru kimi qələmə verirdi, Fransa generalını Kanada 

dirijoru kimi, ingilis artistini Avstraliya ornitoloqu kimi və Hotel Bristol da bütün bu 

olmayan kinorejissorların, bəstəkarların, alimlərin hamısını tanıyırdı, onların başqa 

əsərlərinin adını çəkirdi, sənətə, elmə, ədəbiyyata dair onların fikirlərini söyləyirdi, 

yaradıcılıqları barədə Muradla mübahisələr aparırdı. 



 

187


Bəzən Səlminazla Musa da otaqda olardı, heyran-heyran Hotel Bristolla 

Muradın söhbətlərinə qulaq asardı, ilk dəfə eşitdikləri böyük alimlərin, rejissorların, 

yazıçıların qəliz adlarını yadlarında saxlamağa çalışardı ki, yeri düşəndə onlar da bu 

adları çəksinlər; Musa hərdən utana-utana, sıxıla-sıxıla imkan tapıb qeydlər də edirdi 

ki, eşitdiyi bu ağıllı söhbətlər onun cib dəftərçəsindən kənarda qalmasın; Musa 

həmişə utanırdı, həmişə  sıxılırdı; burasını da deyirdilər ki, neçə illərdən bəri 

institutda kiçik elmi işçi işləyən, elmdə  də, həyatda da heç bir xüsusi iddiası 

olmayan Musa altı uşağına və sapsağlam arvadına baxmayaraq, gizlin-gizlin Hotel 

Bristolu sevir və arvadını boşamağa hazırlaşır və deyirdilər ki, Hotel Bristolun 

özünün də bu gizli məhəbbətdən xəbəri var... 

Yük maşını  qəbiristanlığın qapısı  ağzında dayandı  və  Əlisəttar müəllim köhnə 

«Jiquli»dən düşüb tələsik yük maşınına tərəf gəldi və Murada elə gəldi ki, Əlisəttar 

müəllim də əslində o trolleybus, taksi sürücüləri və sərnişinləri kimi tələsir, tələsir 

ki, bütün bu matəm mərasimi tez qurtarsın, Hotel Bristolu bu payız soyuğunu canına 

çəkmiş qara torpağa tez tapşırsınlar, amma yazıq  Əlisəttar müəllimin, təbii ki, 

Muradın bu hisslərindən xəbəri yox idi və yük maşınından tabutu aşağı sallayan 

cavan oğlanlara:  

 – Yavaş olun... – deyirdi. – Yavaş olun... 

Tabutu aşağı salladılar və yenə də dörd nəfər o nəm çəkmiş taxta qutunu çiyninə 

aldı və hamı tabutun ardınca addımladı; qəbiristanlıq həmişəki sakitlik içində idi və 

bu sakitlikdə gizli bir narahatlıq, hərislik var idi və Murada elə gəldi ki, qəbiristanlıq 

nə vaxtdı ki, onları gözləyirdi, yəni bu mənada yox ki, hamı öləcək və qəbiristanlıq 

da bir-bir bütün bu adamlar üçün son məskən olacaq – bu, öz yerində; bu mənada ki, 

elə bil qəbiristanlıq məhz bu cənazəni gözləyirdi və elə bil ki, bu cənazə  gəldi, 

həmin qəbiristanlıq rahat nəfəs aldı və o nəfəsi Murad bütün hissləri ilə, bədəni ilə 

duydu. 


Əlisəttar müəllim tabutun üstünə xırda güllü ipək örtük salmışdı və bu dəm o, 

xırda ağ güllər Muradın gözlərində böyüdü, qıpqırmızı  qızardı  və  həmin yekə 

qırmızı güllü xalat bu dəfə bir həzinlik, bir hərarət gətirdi... 

Onda necə oldu ki, Hotel Bristolgilə getdilər? 

Kiminsə dissertasiya müdafiəsindən sonra banket idi, xeyli yeyib-içdilər, 

Muradla Hotel Bristol yanaşı oturmuşdular, sonra burası Muradın yadına gəlirdi ki, 

həmin yay gecəsi banketdən çıxıb hansı kimsəsiz bağdasa Hotel Bristolla öpüşdülər, 

sonra da burası yadına gəlir ki, Hotel Bristolun evinə getdilər və qapını Hotel Bristol 

özü açarla açdı, çünki evlərində heç kim yox idi, sonra Muradın ürəyi bulandı, vanna 

otağına keçdi, sonra oradan çıxanda gördü ki, Hotel Bristol artıq həmin yekə qırmızı 

güllü məşhur xalatı əyninə geyib. 

Institutda hamı bilirdi ki, Hotel Bristolun belə bir xalatı var və  həmin yekə 

qırmızı güllü xalat haqqında dastanlar gəzirdi, amma Murad bu xalatı gözləri ilə 

görəndə təəccübündən çaşıb qaldı, elə bil ki, Hotel Bristolun bu yekə qırmızı güllü 

xalatı da uçan xalça kimi, yaxud Ələddinin çırağı kimi bir şey idi və onu həqiqətdə 

görmək mümkün deyilmiş; sonra hər  şey pis romanlardakı kimi oldu: xalatın açıq 

ətəyindən Hotel Bristolun çılpaq baldırları göründü, otağın işığı da elə bil öz-özünə 

söndü, Hotel Bristol Muradın yanında divanda oturdu və bütün bunların hamısı 

Muradın içkili beynində bir dumana bürünmüşdü, sonralar bütün bunları 

xatırlayanda, o birinci və sonuncu gecəni yadına salanda hər  şey həmin dumanın 

içində idi və Murada elə  gəldi ki, illər keçdikcə o duman da qocalıb, köhnəlib, o 

dumanın da az-çox şövqü vardısa da, çıxıb gedib, yerini payız xisləti tutub. 




 

188


Həmin gecənin səhəri dostları Muraddan soruşanda ki, banketdən sonra birdən-

birə hara itdi? – Murad güldü: HOTEL «BRISTOL»da istirahət edirdim... və bundan 

sonra həmin sözlər institutda, dostları arasında bir zərb-məsələ çevrildi: 

 – Əcəb HOTEL «BRISTOL»da dincəlməli gündü... 

 – Dünən niyə görünmədin? HOTEL «BRISTOL»a getmişdin? 

 – Lap HOTEL «BRISTOL» əhvalatıdı... 

...Qəbirqazanlar  əllərində bel tutub gözləyirdilər ki, nə vaxt cənazəni tabutdan 

çıxarıb qəbrə qoyacaqlar ki, onlar qəbri torpaqla doldurub işlərini qurtarsınlar və bu 

vaxt Əlisəttar müəllim özünü saxlaya bilmədi, tabutun yanında diz çökdü və hönkür-

hönkür ağlamağa başladı, yazıq Əlisəttar müəllim,  

bir vaxt hər şey unudulacaq. 

bir vaxt nə sən olacaqsan dünyada, nə də mən. 

bir vaxt bütün bu adamlar da olmayacaq dünyada. 

amma günəş beləcə  çıxacaq, çünki milyon il bundan əvvəl də beləcə  çıxıb və 

milyon il bundan sonra da beləcə çıxacaq. 

o vaxt sənin kimisi, mənim kimisi olacaq və onlar da beləcə düşünəcək.  

ya da beləcə düşünməyəcək. 

nə  fərqi? Yox, Musa da Hotel Bristolu sevmirmiş, Musa arvadını boşamağına 

boşadı, amma Səlminazla evləndi və Murad onları  təxminən iki ay bundan əvvəl 

gördü; Murad neçə il idi ki, başqa işə keçmişdi və həmin gün işdən sonra nəhayət ki, 

vaxt tapıb, xəstəxanada yatan qayınatasına baş  çəkməyə  gəlmişdi və  xəstəxananın 

ağlığı  və  təmizliyi də  xəstəxananın iyi kimi Muradın ürəyini sıxırdı, xəstəxana 

işçilərinin geydiyi nişastalı  ağ xalatların ləkəsizliyində, tərtəmizliyində soyuq bir 

ümidsizlik var idi; üçüncü mərtəbənin aralığında Musa və Səlminazla rastlaşdı. 

 – Salam, Murad müəllim!... – Səlminaz bu gözlənilməz görüşə açıq-aşkar 

sevindi və  hələ  də  həmin institutda kiçik elmi işçi işləyən Musa da həmişəki kimi 

utana-utana, sıxıla-sıxıla Muradla görüşdü, sonra məhəbbət dolu gözləri ilə 

Səlminaza baxdı; Səlminaz soruşdu: – Necəsiniz, Murad müəllim? Gör nə vaxtdı 

görmürük sizi... Hərdən televizorda görürük... – Musa da sıxıla-sıxıla Səlminazın 

sözlərini təsdiq etdi, sonra yenə  məhəbbət dolu nəzərlərilə  Səlminaza baxdı; 

Səlminaz dedi: – Institutun yaxşı vaxtları o günlərdə qaldı, Murad müəllim... Hər 

şey dəyişib, gəlsəz heç tanımazsız... – Səlminaz gözlərini Muradın dən düşmüş 

saçlarında gəzdirdi və birdən-birə qüssədolu bir səslə soruşdu: Siz də  Məleykə 

xanımın yanına gəlmisiz? 

Murad  əvvəlcə bilmədi ki, söhbət kimdən gedir, sonra başa düşdü ki, Hotel 

Bristol burda yatır və məlum oldu ki, Hotel Bristol üç aydan artıqdır ki, çarpayıdan 

ayağa qalxmır. 

 – Ümidsizdir... – Səlminazın gözləri doldu. – 318-ci otaqda yatır. Həkimi deyir 

ki, bir aydan çox yaşamaz. Xərçəngdi... Özünün xəbəri yoxdu. 

Sonra Musa ilə Səlminaz getdi. 

Onda hələ payızın  əvvəlləri idi və artırmanın pəncərəsindən görünən 

xəstəxananın həyətindəki gilənar ağaclarının yarpaqları  hələ saralmamışdı  və bu 

yarpaqlar da bir az aralıdakı zeytun ağaclarının yarpaqları kimi yaşıl idi, amma bir 

az keçəcəkdi, gilənarın yarpaqları saralıb töküləcəkdi, xəzəl olub xəzana dönəcəkdi, 

amma o zeytun ağacları yay-qış  həmişə beləcə yaşıl qalacaqdı, amma bir gün 

gələcəkdi və o həmişəyaşıl zeytun ağacları da quruyub qaxaca dönəcəkdi.  




 

189


Əyninə  tərtəmiz ağ  xələt geymiş  şəfqət bacısı aralığın bir küncündəki mizin 

arxasında oturub kiminləsə telefonla danışırdı və tez-tez də gülürdü; şəfqət bacısının 

əynindəki həmin ağappaq, tərtəmiz xalat nişastadan şax dayanmışdı və birdən-birə 

elə bil ki, o şəfqət bacısı əriyib yox oldu, təkcə bu ağappaq nişastalı xalat qaldı və 

Murada elə gəldi ki, kürsüdə oturub telefonun dəstəyini tutan, danışan və tez-tez də 

gülən ancaq həmin ağappaq nişastalı xalatdir, içində heç kim yoxdur. 

O, 318-ci palatanın qapısını açdı və ona elə gəldi ki, özü yox, kimsə bir başqa 

adam bu palataya girdi və çarpayıda uzanmış bu yaşlı, xəstə, kimsəsiz qadını da 

görən o deyil, həmin başqasıdır; bəlkə elə buna görə  də  həmin qadının bu qədər 

dəyişməsinə heyrət etmədi, elə bil ki, həmin qadını bu qədər dəyişmiş görmək onu 

yox, həmin başqasını sarsıtdı  və Murad gözlədi ki, xınası getmiş  ağ saçları dalğa-

dalğa balıncın üstünə yayılmış, sifəti, elə bil ki, mumdan düzəldilmiş, rəngi saralmış 

və eyni zamanda da qaralmış bu qadın indicə gözlərini açacaq və onu görüb 

gözlərinə inanmayacaq. 

Hotel Bristol, doğrudan da, gözlərini açdı  və onu qarşısında dayanmış gördü, 

amma heç təəccüb eləmədi, təkcə gülümsədi, elə bil onu gözləyirdi, bilirdi ki, indicə 

gələcək, indicə boz gözlərini açıb onu görəcək. 

Boz gözlərin dibi görünürdü, elə bil ki, quyunun suyunu vedrə-vedrə  çəkib 

çıxarmısan və indi baxanda dibi işıldayır.  

O, boz gözlər əziyyətlə gülümsəyirdi. 

Səlminaz bayaq dedi ki, «özünün» heç nədən xəbəri yoxdu, amma bu boz 

gözlərin hər şeydən xəbəri var idi. 

Xəbərsiz biz idik. 

Bu boz gözlər bu dəm ömrün payızına rişxənd edirdi və bu boz gözlər bu dəm 

mənə də rişxənd edirdi. 

O, neçə illər idi ki, bu qadını görmürdü, hərdənbir mətbuatda imzasına rast 

gəlirdi və o zaman yadına düşürdü, tez də yadından çıxıb gedirdi, amma indi 

əziyyətlə gülümsəyən bu boz gözlərə baxanda həmin gözlərin dəvətlə, çağırışla dolu 

təbəsümünü yadına saldı və həmin təbəssümdə heç vaxt hiss etmədiyi bir səmimilik, 

bir hərarət duydu, elə bir hərarət ki, həmin hərarətdə ağac pöhrələyir, yaxud da sənin 

donmuş barmaqlarını kim isə əziz bir adam əllərinin arasına alıb isti nəfəsini verir, 

qızdırır. 

O bilirdi ki, bu xəstə qadının uşağı yoxdur və ümumiyyətlə,  ərindən və  ərinin 

qohumlarından başqa heç kimi yoxdu və bu palataya da yəqin ki, ancaq onlardan 

biri, ikisi işdən sonra gəlib xəstəni yoluxurlar, amma əziyyətlə gülümsəyən bu boz 

gözlərdə bu dəm heç bir tənhalıq dəhşəti, kimsəsizlik ağrısı yox idi, əksinə, bu boz 

gözlər bu dəm tənhalığın özünə də, kimsəsizliyə də rişxənd edirdi. 

Iki-üç dəqiqə bundan əvvəl, hələ bu boz gözlər yumulu olanda o qorxurdu ki, bu 

yaşlı  və  xəstə qadın birdən keçmişləri yadına salar, birdən «mən səni həqiqətən 

sevirdim» deyər və yaxud «o gecəyə baxma, mənim səndən zəhləm gedirdi» deyər, 

amma indi dibi görünən və  əziyyətlə gülümsəyən bu boz gözlərə baxdıqca özünü, 

bütün varlığını, bütün həyatını  həmin sevginin də, həmin nifrətin də müqabilində 

kiçik, gözəgörünməz hiss etdi və bu hiss bir kəşf kimi onun bütün içini sarsıtdı... 



 

190


...Qəbirqazanlar beli zərblə torpağa vururdular, ayaqları ilə belə kömək edirdilər 

və torpaq dolu beli qaldırıb torpağı  qəbrə boşaldırdılar və bu minval ilə 

qəbiristanlıqdakı o təzə  qəbir də torpaqla doldu və  Əlisəttar müəllim də o torpaq 

doldurulmuş qəbrə baxa-baxa için-için ağlayırdı, yazıq Əlisəttar müəllim, mən çox 

istəyirəm ki, sənin radikulitin səni heç vaxt incitməsin, mən çox istəyirəm ki, sən 

ömrünün axırınacan qayğısız yaşayasan, heç vaxt o cür puçur-puçur tər tökməyəsən, 

imkan daxilində xoşbəxt olasan, mən çox istəyirəm ki, gecənin qaranlığı və sükutu 

səni üşütməsin, mən çox istəyirəm ki, xəstəxananın həyətindəki o zeytun ağacları 

heç vaxt quruyub qaxaca dönməsin, mən istəyirəm ki, heç kim tabut taxtası yandıran 

qırçılarla rastlaşmasın, mən istəyirəm ki, Musa heç vaxt Səlminazı boşamasın, 

amma... qış ötür, yaz gəlir, sonra yay gəlir, sonra yenə payız başlayır... 

Hava arada bir yenə tutuldu, sonra yenə bir balaca açıldı  və gün çıxdı. Gün 

milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da 

beləcə çıxacaqdı. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin