Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə30/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   26   27   28   29   30   31   32   33   ...   147
 Aprel, 1983.  

 

 

 

 


 

203


PARISDƏ AVTOMOBIL QƏZASI 

 

Ş ə h r ə b a n u  x a n ı m. Hatəmxan ağa və Şəhrəbanu xanım 



ölmüş imişlər ki, bir firəng  Şahbazı tovlaşdırıb Parisə 

apara!..  

M ü s y ö  J o r d a n. Dimaj Paris!.. Mon diyö!.. Mon diyo. 

 

M.F.Axundov, 



 «Hekayəti Müsyö Jordan həkimi-nəbatat  

və Dərviş Məstəli Şah cadukuni-məşhur».  

 



 

Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də 

atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki 

məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri 

idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi 

bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə 

oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları 

qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və  Kərim müəllim 

yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, 

sonra güllənin səsini bir də  eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, 

amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi 

eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi. 

Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir 

bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda 

oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və  uşaq 

arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü, 

günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra 

da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və 

hər şey eynilə təkrar olunurdu. 

Kərim müəllim pəncərədən həmin bağa baxdı  və gördü ki, bir nəfər  əlində 

tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və 

doğrusu, Kərim müəllim  əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki, 

qarşısında  əli tüfəngli adam dayanmışdı  və bu adam hələ  səhərin gözü açılmamış 

nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə – 

on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda,  ətrafdakı 

küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki 

nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar, 

oğru idilər? 

Tüfəngilə nişan alan adam yenə atdı  və bu dəfə  Kərim müəllim güllə  səsi ilə 

bərabər bir it zingiltisi də  eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça 

zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən 

bir itin qulaqlarından yapışdı, iki əli ilə  də iti yerdən qaldırdı, aparıb maşının 

furqonuna atdı. 



 

204


Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən 

təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuz-

yuvasız da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq 

Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və  əlcəkli 

adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə 

sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola 

bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri 

yuxuladıb götürüb aparırlar. 

Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta 

Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik 

sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə 

alırlar; sonra əlcəkli  əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu 

və ikisi də maşına oturub sürüb getdilər. 

Kərim müəllim bir müddət də  pəncərənin qabağında dayanıb bağa baxdı, 

qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan 

həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin 

kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş  və adamsız idi, qarpızlar köşkün 

yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var 

idi. 

Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir 



qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu 

gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı  və boş-boş  şeylər fikirləşməyi 

xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan 

güllələrin səsinə heç kim yuxudan oyanmayıb? 

Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda 

kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də, 

xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını 

tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə 

heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl 

ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on 

iki günlüyə Şuşa sanatoriyasına getmişdi. 

Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı – 

bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə  məktəbdən Kərim 

müəllimə  hədiyyə vermişdilər və  əslində bu hədiyyə  Kərim müəllimin bütün 

həyatında yeganə  təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı  və  Kərim müəllim 

başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə 

tərəf getdi. 

Kərim müəllimgilin iki otağı,  şüşəbəndi, mətbəxi var idi və  Kərim müəllim 

ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı:  Şərqiyyənin çarpayısının 

yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb 

dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə 

dinməz-söyləməz və beləcə də ciddi görürdü. 

Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi, 

yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki, 

dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı  ağlamasın. 

Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir 

balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı? 



 

205


Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər 

halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları 

dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə  Kərim 

müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı. 

Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və 

eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin 

arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu 

dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim 

müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə 

olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı 

durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan 

sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta 

qədim çağlardan Kərim müəllimə baxırdı. 

Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi, 

məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb 

eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri 

ilə Kərim müəllimi bayıra yola saldı. 

Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və  Kərim 

müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını 

aldı  və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçə, bağı 

süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü 

birinci adam olurdu. 

Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş 

göy zənbili yellədə-yellədə  Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş 

küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi 

bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin 

adını  əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı 

binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin 

avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca 

Kərim müəllimə elə  gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin 

sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.  

Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, yəni Kərim 

müəllim Zənbil, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə 

təsadüfən rast gələndə  həmişə  əlində  zənbil olardı, ya ət dükanının qabağında 

növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar 

sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir 

verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü 

də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün 

də  əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy 

Zənbil: Bu təxəllüsün sorağı  Kərim müəllimin özünə  də  gəlib çatmışdı  və  Kərim 

müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim 

fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə  zənbil alanda başa düşərlər. 

Intəhası bir iş vardı  və  Kərim müəllimin də  həmin işdən xəbəri yox idi ki, 

müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə 

çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər). 



 

206


Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi, 

amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı 

enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi 

içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil, 

quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan 

adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim 

müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra 

Kərim müəllim bu quşlara, daha doğrusu,  şəhərin sanitariya idarələrinə hirsləndi, 

çünki fikir vermirdilər,  şəhərin bütün çirkabı  dənizə tökülürdü, buna görə  də 

qağayılar gəlib burda özlərinə yem axtarırdı.  

Kərim müəllim  əlindəki boş  zənbili yellədə-yellədə sahil boyu addımladıqca 

qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə 

məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu 

zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini 

açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü. 

Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir, 

amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə 

bir yerdə olurdu və  əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa, 

Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi, 

səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi,  şənbə, bazar günləri də  Şərqiyyəni 

kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə  Şüvəlana, gülçülük 

sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və 

məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı 

heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular, 

Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə bir-

iki dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi. 

Salman indi Bakıda deyildi. Parisdə idi. 

Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə 

keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız 

alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər 

Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz, 

həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim 

müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı. 

Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca 

birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə 

yaşaması  Kərim müəllimə  qəribə  gəldi və  Kərim müəllim ürəyindəki bu hissin 

şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə 

qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta 

qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna 

gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi. 

Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz 

köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli 

müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə  də növbəyə durub 

radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən 

gec gəldi. 

Qapını Nuridə xanım açdı  və  Kərim müəllim Nuridə xanımı  səhər-səhər öz 

evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir 

hadisə baş verib. 




 

207


Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın 

idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada 

yaşayırdı. 

Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim 

gözlərini bacısının həmişəki kimi pudralanmış boyalanmış  səliqəli sifətindən 

çəkmədən soruşdu: 

 – Nə olub? 

Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə: 

 – Heç nə, – dedi. – Qorxma, keç içəri. 

Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq 

üstə durmuş gördü, Şərqiyyə  də evdə idi, körpəsinin yanında oturub başını  aşağı 

dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını 

beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim 

fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa 

şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı. 

 – Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və  Şərqiyyə 

daha da için-için ağlamağa başladı. 

 – Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu. 

Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı: 

 – Bəyəm Parisdə maşın-zad yoxdu? 

Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də 

Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və 

sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim 

elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım  əlində 

tutduğu teleqramı qardaşına uzatdı  və  Kərim müəllim teleqramı alıb pəncərənin 

qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda 

yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma 

burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur. 

 –  Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad 

yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir 

şeydi. 

Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. 

Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə 

məktub yazırdı. Və  Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir 

balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən 

nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə 

eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də 

özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər 

idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri 

yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın 

görmədiyi günlərdi,  əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım 

yenə  səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq 

kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da 

tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi. 

Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi: 

 – Dalını oxu. 




 

208


Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın 

yaxın qohumlarından biri Parisə  gələ bilər və o avtomobildə ki, Salman qəzaya 

uğramışdı, həmin avtomobilin mənsub olduğu  şirkət bütün xərcləri öz boynuna 

götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə 

bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:  

 –  Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da 

pul təklif edirlər. 

Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər, 

beləcə hirslənməyi heç kimə  təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca 

taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı 

və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç 

nə soruşmadı  və  Şərqiyyəyə baxdı:  Şərqiyyə  xısın-xısın ağlayırdı, tez-tez burnunu 

çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı  və  Kərim müəllim fikirləşdi ki, 

doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri 

kimi qaragün idi. 

Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb: 

 – Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var. 

Züleyxa tələsik dedi: 

 – Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda! 

Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər 

körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də 

yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi 

yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz 

rəfiqələrindən utanır. 

Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına 

gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca  Şərqiyyədən də, Züleyxadan da 

böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir 

münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü. 

Nuridə xanım dedi: 

 – Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi 

göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq. 

Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu, 

Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi, 

xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları 

kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi. 

Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və 

diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən 

istifadə edib Parisə getmək istəyir. 

Hamlet  şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və 

bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca 

taxta çarpayısına uzanıb  əllərini gözlərinin qabağında oynadan və diqqətlə  əllərinə 

baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla: 

 –  Hər yerdə  mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca 

qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı. 




 

209


Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı  və o 

unudulmaz tamaşanın təsiri ilə yeganə  oğlunun adını Hamlet qoymuşdu və indi 

Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı  oğlunun ardınca baxdı, çünki 

Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta 

məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və 

gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və 

məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən 

axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini 

oxuyurdu və bu dəfə  də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın 

Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı. 

Nuridə xanım: 

 – Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar. 

 

II  

  

Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı 



səhifəsinə kimi bütün yazıları oxuyardı  və indi də  şüşəbənddə oturub qəzet 

oxuyurdu. 

Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın, 

həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə  Zəhraya 

kömək edirdi. 

Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi 

Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl 

xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək 

şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə  çəkmişdi. 

Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından 

danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə 

bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki 

dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. 

Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim 

müəllimə inanmışdı  və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə 

getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz 

həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı  və bilirdi ki, 

əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək. 

Abdulla ikinci otaqda oturub mürgüləyirdi və  hərdənbir də mizin üstündəki 

teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı  və yenə  də  əsnəyib mürgüləyirdi. 

Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən  əvvəlki 

ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə 

yaşayırdılar. Nuridə xanım evə  zəng eləyib Abdullanı çağırmışdı  və Abdulla da 

səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyə-

mürgüləyə də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan 

çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və  hərgah 

buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı. 

Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki 

həmişə olduğu kimi, yenə  də Abdulladan ucuz kişi  ətrinin iyi gəlirdi və bu iy 

gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən 

sonra Züleyxaya çox pis təsir edirdi. 



 

210


Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə 

bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri 

bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi 

arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu. 

Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı 

aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı  və  hər dəfə  Kərim 

müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı. 

Həmin avqust günü hava get-gedə  qızırdı  və günorta Bakıda bir isti var idi, 

nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl  Şuşa Kərim 

müəllimin yadına düşdü və  Kərim müəllimin təsəvvüründə  şimşək çaxdı, göy 

guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri 

uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə 

də yağış yağır? 

Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim 

şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın 

ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi. 

Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq 

düzməyə başladı  və  Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin 

dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında 

otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın 

altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi, 

bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq. 

Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə 

baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı, 

yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi. 

Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq 

balaca taxta çarpayısında uzanıb  əllərini gözlərinin qabağında oynadırdı  və 

təəccüblə  əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı  kəşf eləməyə 

başlayırdı. 

Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi, 

Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib 

havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı 

yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri 

aləminə dala bilmirdi, narahat idi. 

Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu: 

 – Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də... 

Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki 

ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə 

Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar 

və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə 

xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız 

olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi. 

Nuridə xanım sözünə davam elədi: 

 – Şərqiyyə Parisə gedə bilməz... 

 – Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi. 

Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi. 

Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə 

üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin 




 

211


arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi, 

Nuridə xanımın xeyrinə olacaq. 

Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında 

əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın, 

o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü 

də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə 

Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul 

etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss 

etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə 

şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini 

beləcə  təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə 

olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi 

və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın 

eyniliyindən xəbər verirdi. 

Kərim müəllim üzünü arvadına tutdu: 

 – Sən nə deyirsən? 

Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri 

bu evdə adət etmişdilər ki, Zəhra həmişə  səhərdən axşama kimi ayaq üstə olsun, 

xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkə-

badımcan qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii 

ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi 

məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi; 

amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu: 

 – Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim? 

Kərim müəllimin heyrətdən gözləri bərəldi: 

 – Nə? 


 – Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün... 

Züleyxa özünü saxlaya bilmədi: 

 – Sənin bəyəm təzə modalardan başın çıxır? 

 – Niyə çıxmır? 

Kərim müəllim bayaqkı heyrətlə:  

 – Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu. 

 – Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də... 

Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və 

acıqla dedi: 

 – Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən? 

Kərim müəllim gözünü arvadından çəkdi. 

Doğrudan, görəsən, Parisdə yağış yağır? 

Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə  gələndən bəri ilk dəfə  səsini 

bərkdən çıxardı: 

 – Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi 

sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə 

gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun! 



 

212


Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və  təkcə bunu 

fikirləşirdi ki, nə  bəhanə  gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl 

dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir 

yerdə  dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri 

eşidəndə  əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin 

sözlərindən sonra hamı  və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və 

sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını 

gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin 

evində, süfrə arxasında  əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə 

olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı 

Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə 

Nuridə xanım danışardı. 

Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə 

qiymətləndirilsin və Abdulla tamamilə  əmin idi ki, Parisə Nuridə xanım gedəcək, 

qalan sözlər boş söhbətdir və  əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki, 

Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on 

beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla 

özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri 

fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək 

qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə 

udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi 

doldurdu, çünki özü öz gözlərində ucalmışdı. 

Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də  oğlunun 

dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma 

təmkinini pozmadı və sakitcə soruşdu: 

 – Nə demək istəyirsən? 

 –  Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş  qızarmağa başladı. – Yaxşı 

olardı Fəridə getsin!.. 

 – Kim? 

 –  Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana 

turist səfərinə getmişdi!..  

Kərim müəllim heç nə başa düşmədi: 

 – Fəridə kimdi? 

Hamlet daha da bərk qızardı. Züleyxa dedi: 

 – Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də 

buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da 

dəyişdirmək istəyir Fəridənin dərdindən... 

Kərim müəllim sidq-ürəkdən təəccüb etdi: 

 – Adını niyə? 

 – Fəridənin xoşu gəlmir bunun adından!.. 

Kərim müəllim oğluna baxdı və təkcə: 

 – Malades! – dedi. 

Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz 

bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında 

ağıl deyilən  şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa 

vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa? 




 

213


Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində 

idi: öz evində, hələ atasından qalmış mizin arxasında  əyləşmişdi, yarpaq dolması 

yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda, 

Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi, 

çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə  çəkirdi, bu 

təzəlikdə bir şirinlik var idi. 

Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və 

onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir. 

Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə,  Şərqiyyəyə, Nuridə 

xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan 

heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı 

Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların 

təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına 

uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa 

sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri 

bir dəfə də olsun ağlamayıb. 

Görəsən, Parisdə yağış yağır? 

Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə, 

təkrar edirsən? Və  Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust 

gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu. 

Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi: 

 – Görəsən, Salman yazıq... 

Kərim müəllim acıqla qızının sözünü kəsdi: 

 – Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura? 

Sonra da Kərim müəllim qəti sözünü dedi: 

 – Parisə mən özüm gedəcəyəm! 

Hamlet yerindən sıçradı: 

 – Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm! 

Kərim müəllim altdan-yuxarı  oğluna baxdı  və yalnız  əlini havada yelləməklə 

kifayətləndi və: 

 – Ay-hay!.. – dedi. 

Əvvəlki  ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç 

vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın 

gözləri doldu və dodaqları səyriyə-səyriyə:  

 – Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi. 

Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi: 

 – Bir var bilmək, bir də var gözünlə görmək. 

Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib 

sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən 

çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə 

xanımın ardınca mənzildən çıxdı. 

Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq. 

Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla 

soruşdu: 

 – Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim? 

Züleyxa: 

 – Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi. 

 



 

214



Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin