Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə23/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   19   20   21   22   23   24   25   26   ...   147
Sentyabr, 1976. 

 

 

 

 


 

128


ŞUŞAYA DUMAN GƏLIB 

  

Şuşaya duman gəlib, 



Ürəyimə güman gəlib.   

Hər dərdimi-sərimi 

Sinəmdən qovan gəlib. 

  

 (Yerli şair Hüsaməddin Alovlunun 

«Can dəftəri»ndən dörd misra) 

 

 

Doppa Dadaş  əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini 



dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların 

saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan 

dəm vuran səsi  Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı  və Doppa 

Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın 

hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın 

səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən 

bilərdi ki, duyardı ki, söhbət nədən gedir. 

Həmin avqust axşamı  Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi 

Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun 

şal salıb  əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya 

baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində 

şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı. 

Doppa Dadaşın kamançası sözünü deyib qurtarandan sonra, Hüsaməddin Alovlu 

sanatoriyada istirahət edənlərlə mədəni-mədəni iş aparan «massovik» Sadıq 

müəllimdən söz alıb meydanın ortasına çıxdı və gözlərini Marusya Nikiforovadan 

çəkməyərək yeni yaranmış həmin şerini oxudu: 

Ya tebya lyublyu, 

Oçen xoroşo! 

Za tebya ya umru,  

Oçen xoroşo!  

 

Amma Marusyanın fikri bu saat burada yox, Tambovdakı kolxoz bazarında idi: 



bu il həyətyanı sahələrinin məhsulunu kiçik bacısı Vasilisa Tambov kolxoz bazarına 

aparmışdı. Marusya isə Tambov vilayətindən  Şuşa sanatoriyasına istirahətə 

gəlmişdi: Vasilisa ömründə birinci dəfə idi bazara gedirdi və buna görə də Marusya 

hərdən nigarançılıq keçirirdi ki, birdən Vasilisanı aldadıb-edərlər, evə  əliboş 

qayıdar. Marusya özü də ömründə birinci dəfə idi belə uzaq səfərə  çıxırdı, 

sanatoriyada istirahət edirdi. 

Əlbəttə, Ağdamda maliyyə  məktəbini bitirib, indi Şuşanın Xəlfəli kolxozunda 

hesabdar işləyən və bu avqust ayında sanatoriyada dincələ-dincələ Marusyanın 

eşqindən yerə-göyə sığmayan Hüsaməddin Alovlunun Tambov vilayətindən gəlmiş 

bu təmiz-tariq, sağlam, səliqəli, pambıq kimi ağappaq qızın ürəyindəki 

nigarançılıqdan xəbəri yox idi və yaradıcılığa başladığı vaxtdan indiyə kimi ilk dəfə 

rus dilində yazdığı şeri özü öz sənətindən həzz ala-ala oxuyurdu:  



 

Ya tebya lyublyu, 




 

129


Oçen xoroşo! 

Za tebya ya umru, 

Oçen xoroşo! 

 

 – Başı batmışın başqa bir sözü yoxdu elə bil... Oçen xoroşo, oçen xoroşo!... – 

Bu sözləri sanatoriya binasının eyvanında oturub həyətdəki meydana toplaşmış 

camaata tamaşa eləyən Güləndam nənə dedi və sonra çeşməyinin altından 

gülümsəyib yanında dayanmış Cavanşirdən soruşdu:  

 – Sən niyə gedib dans eləmirsən, balası?  

Hüsaməddin Alovlu, nəhayət ki, meydanın ortasından çəkiləndən sonra, 

Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çaldı  və meydanı dövrəyə almış 

adamlar yavaş-yavaş  rəqsə başlayıb meydanın ortasına çıxdılar; sanatoriyada 

istirahət edən qızlar bir-biri ilə, hər axşam sanatoriyanın həyətinə  gəzməyə  gələn 

yerli oğlanlar da öz növbəsində bir-biri ilə  rəqs edirdi və belə bir məqamda 

Hüsaməddin Alovlu bir çox həsəd dolu nəzərlər altında Marusyaya yaxınlaşıb baş 

əydi, qızı  rəqsə  dəvət etdi və Marusya da boyca ondan bir balaca kiçik bu 

qarabuğdayı, qara bığlı oğlanın dəvətini sidq-ürəkdən qəbul etdi.  

– Qəmediyədi! – dedi Güləndam nənə. – Qəmediyədi! – Sonra gülə-gülə başını 

buladı, sonra da yenə Cavanşirdən soruşdu: – Niyə gedib dans eləmirsən, balası, a 

kişi qırığı?.. Hı?.. 

Cavanşir başa düşdü ki, nənəsinin yenə kefi qalxıb, sataşır ona; ayrı vaxt 

nənəsinin belə atmacalarına atmacayla cavab verirdi, amma bu dəfə,  Şuşa 

sanatoriyasındakı həmin avqust axşamı birdən-birə gədənin arvada acığı tutdu: 

– Ləğviyyat olma! – dedi. – Bəsdi... – Sonra Cavanşir otağa girib elə çəkməli, 

şalvarlı da çarpayıda uzandı və əllərini başının altında çarpazladı. 

Həmişəki kimi, həmişə qurduğu cürbəcür planlar kimi, Cavanşirin bu yay üçün 

də tutduğu plan pozulub getdi işinin dalınca, Cavanşirə qalsaydı, gərək indi 

Moskvada olaydı, Aqşinlə, Orxanla birlikdə indi gəzəydilər gərək Moskvanı: düzdü, 

Aqşini də evlərində buraxmadılar tək getməyə, amma Orxan getdi və Orxan indi 

Fazil adlı bir yoldaşıyla Moskvadadı, gəzir özüyçün, daha nənə-bala  Şuşa 

sanatoriyasında oturub qatıq içmir. 

Keçən yay, universitetin birinci kursundan ikinci kursa keçəndə, tətil vaxtı, 

evdən onu qoymadılar bir yerə  tək getməyə, dedilər hələ tezdi, dedilər gələn il 

gedərsən, nə isə, gəldi çıxdı bu yay, üçüncü kursa keçdi universitetdə, amma elə yay 

qabağı, hələ yay sessiya imtahanlarını verdiyi vaxt Moskvaya tək getməyindən söz 

düşəndə atası da, anası da həsdəməyə başladı, sonra anası  ağladı, atası acıqlandı, 

əlqərəz, onu yenə  tək getməyə qoymadılar və indi burada, Şuşa sanatoriyasında, 

çarpayıda uzanıb bütün bunları yadına salan Cavanşirin sifəti birdən-birə od tutub 

yandı, ağlamağı yadına düşdü; həmin iyul günü, axşam, bu tək gedib-getməmək 

söhbəti zamanı anası da, atası da ayaqlarını bir başmağa dirəyib «yox» deyəndə 

Cavanşiri ağlamaq tutdu və bu boyda oğlan özünü saxlaya bilməyib içini çəkdi, 

gözlərindən yaş axıtdı, ağlaya-ağlaya da: « – Nə vaxtacan uşaq olacağam sizinçün? 

Bilin bunu, – ağlaya-ağlaya qışqırdı. – Bilin bunu, uşaq deyiləm day mən!..» 

Əlbəttə, çox pis əhvalat idi bu. Adam yadına salanda indinin özündə  də 

xəcalətindən bilmir neyləsin. 




 

130


Bu  əhvalatdan sonra bir müddət nə Cavanşir utandığından atasının, anasının 

üzünə baxa bildi, nə  də onlar utandıqlarından Cavanşirin üzünə baxdı, sonra atası 

belə bir təklif irəli sürdü ki, Cavanşir tək  Şuşaya getsin, Şuşa sanatoriyasına 

işlərində putyovka var idi və Cavanşir də əvvəlcə dedi ki, heç hara getməyəcək və 

bütün yayı qalacaq Buzovnadakı bağlarında, amma bir-iki gün də keçəndən sonra 

razı oldu, yır-yığış elədi və bundan sonra atasıyla anası xahiş eləməyə başladılar ki, 

nənəni də özünlə apar, qoy gedib Şuşada istirahət eləsin, qoca arvaddı, sən daha 

maşallah yekə kişisən, apar onu özünlə Şuşaya: «Apar məni özünlə, Cavanşir, qadan 

alım, apar məni Şuşaya, görüm oraları, on ildi olmuram oralarda, kim bilir, bir də 

görəcəyəm  Şuşanı, qismət olacaq, yoxsa yox...» – deyirdi Güləndam nənə, amma 

Cavanşir də çox yaxşı başa düşürdü ki, əslində o, nənəsini aparmır, nənəsi onu 

aparır; nənəsini xüsusi qoşurlar ki, əmin-amanlıq olsun, qorxurlar, ehtiyat eləyirlər 

onu tək buraxmağa, «dünyadan xəbəri yoxdu, hələ» deyirlər, daha bilmirlər ki, 

dünyanın cikinə  də  bələddi, bikinə  də  və dünyanın cikinə-bikinə  bələd olmaqdan 

ötrü mütləq yüz əlli il yaşamaq lazım deyil... Gedib həyasızın birini, şeytana papış 

tikənlərdən birini alıb gətirib qoyasan evə, deyəsən ki, mən uşağam, neynək, amma 

mənim bu arvadcığazımı yola verin. 

Üç gündən sonra Cavanşirin on doqquz yaşı tamam olurdu. 

Bu vaxt, Cavanşirin evdəkilərdən belə bir xəyali intiqam aldığı zaman otağın 

qapısı döyüldü, sonra Dürdanə içəri girdi və Dürdanə  əllərini başının altında 

çarpazlayıb çarpayıda uzanan Cavanşiri görəndə əvvəlcə elə bil özünü itirdi, sonra 

dili bir balaca topuq vura-vura dedi: 

 – Nənəm xahiş elədi mənnən ki, iynə-sap götürüm sizdən... 

Dürdanə  də  Şuşa sanatoriyasına nənəsi ilə birlikdə  gəlmişdi və indi, əlbəttə, 

Dürdanə, burasını demədi ki, özü hansı koftasının düyməsinisə bəhanə eləyib, bilə-

bilə ki, nənəsində yoxdu, iynə-sap istədi və sonra da nənəsinə dedi ki, yəqin 

Güləndam nənədə var, qoy gedim ondan alım gətirim. 

Dürdanənin on səkkiz yaşı təzə tamam olmuşdu. 

Cavanşir qalxıb çarpayıda oturdu və eyvandan nənəsini səslədi: 

 – Nənə! 

Hüsaməddin Alovlu yenə  də özünü saxlaya bilməyib meydanın ortasına 

çıxmışdı  və yenə  də yaradıcılığa başladığı vaxtdan indiyə kimi birinci dəfə rus 

dilində yazdığı şeri oxuyurdu: 

 

Ya tebya lyublyu,  



Oçen xoroşo!  

Za tebya ya umru, 

Oçen xoroşo! 

 

Güləndam nənə: 



 – Vallah, bu gədənin başı xarab olub, – dedi. – Oçen xoroşo, oçen xoroşo... – 

Sonra eyvandan otağa boylandı və tez qalxıb içəri girdi. – Ay, xoş gəlmisən, qızım, 

axşamın xeyir, keç əyləş. 

Dürdanə: 

 – Yox, çox sağ olun, – dedi. – Nənəm iynə-sap istəyirdi... 

 –  Hə? Bu saat... – Sonra Güləndam nənə birdən-birə soruşdu: – Cavanşir, 

balası, iynə-sap götürməmisən sən? 

O saat da Cavanşirin qulaqları qıpqırmızı qızardı: 

 – Iynə-sap götürənəm mən?  



 

131


Dürdanə: 

 – Yoxdursa, eybi yoxdur... – dedi və Dürdanə də qızardı. 

Güləndam nənə: 

 – Bu saat... bu saat... – dedi və gedib Nuh-Nəbidən qalma əl sumkasını açıb 

iynə-sap çıxartdı, Dürdanəyə uzadıb: – Al, qadan alım, al, bizim bu Cavanşir yaman 

acıqlıdı,– dedi. 

 Cavanşir yenə  nənəsinə  «Əzginiş olma, ay arvad» demək istədi, amma 

Dürdanənin yanında demədi və bir də ona görə demədi ki, Dürdanə Güləndam 

nənənin sözlərini çox ciddi qəbul elədi, elə bil bu saat Cavanşir durub ona nəsə bir 

acıqlı söz deyəcəkdi; Dürdanə Cavanşirə ürkək bir nəzər salıb tez-tələsik: 

 – Bağışlayın, – dedi və otaqdan çıxdı. 

 – Boy!.. Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap... – Sonra Güləndam 

nənə üzünü Cavanşirə tutdu: – Nədi, a kişi qırığı, nə mısmırığını sallamısan? Cəmi-

aləm həyətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyə?.. 

Cavanşir nənəsinə baxdı, çox mənalı baxdı: 

 – Sənnən nə danışım e? – dedi və çarpayıdan qalxıb otaqdan çıxdı. 

Üç gün idi gəlmişdilər  Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz 

taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı  və yeknəsəqliyi 

barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini, 

cavan yaşında ikən qocaldığını fikirləşirdi; hamı onu sütül cavan bilirdi, evdə isə 

onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyanın hər üzünə 

bələddi; düzdü, Cavanşir dünyanın cürbəcür üzünü özü üçün tam dəqiqləşdirmirdi, 

yəni bu üzlər nədən ibarətdi, amma hər halda Cavanşirə belə  gəlirdi və Cavanşir 

bütün bunlar barədə fikirləşəndə, özü də hiss etmədən yavaş-yavaş  xəyal aləminə 

gedirdi, gah həyatdan, yaşayışdan sidqi sıyrılmış bir əyyaş görürdü özünü, daha 

doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş 

dünyanı  dərk eləmiş adamdı; gah hər gün gözəl, təmiz, zövqlə geyinib adamlar 

arasında tək-tənha gəzən, dinib-danışmayan bir yaraşıqlı kişi görürdü özünü və 

camaat, o cümlədən qız-qadınlar böyük bir maraqla, həsədlə bu sirli və tənha kişinin 

hər addımını izləyirdi, dalınca pıçapıç edirdi və hamı çalışırdı ki, onun sirrinə bələd 

olsun, ürəyindəkiləri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün 

olmayacaqdı da, çünki həmin tənha kişinin ürəyində heç kimə yer yox idi, çünki heç 

kim onu başa düşə bilməzdi...  

Doppa Dadaşın kamançası yenə qan eləyirdi və bu dəfə məhəbbətin sirlərindən 

danışırdı, vüsaldan və həsrətdən söz açırdı, aşiq ilə məşuqun intizar və iztirab dolu 

məhəbbət aləmindən, sevginin təmizliyindən, kövrəkliyindən dəm vururdu və yenə 

də kaman Doppa Dadaşın usta barmaqlarında sağa-sola gedib-gəldikcə doppa 

Dadaşın başı da kamanla həmahəng sağa-sola gedib-gəlirdi, kamançanın 

söylədiklərini təsdiq edirdi, uzun kirpikli, iri qara gözləri yenə də elə bil ki, bütün bu 

söylənənlərin hamısını görürdü, vüsala sevinirdi, hicrana kədərlənirdi.  




 

132


Hamı meydançada dövrə vurub Doppa Dadaşın kamançasına qulaq asırdı və bu 

kamança sədası altında Marusya Nikiforova da Hüsaməddin Alovluya tamam yeni 

nəzərlərlə baxırdı, hələ  mənasını özü də başa düşmədiyi yeni hisslər keçirirdi və 

düzdü, Marusya Nikiforova bu yeni hisslərin mənasını  hələ yaxşı başa düşmürdü, 

amma bu hisslər  Şuşanın bu ab-havası ilə,  Şuşanın bu dağları, bu kol-kosları, bu 

ağacları ilə bir-birinə çox uyuşurdu; Marusya Nikiforovanın Hüsaməddin Alovluya 

baxan göy gözlərində artıq bir məhəbbət nişanəsi var idi və Doppa Dadaşın 

kamançası söz söylədikcə bu məhəbbət nişanəsi də elə bil ki, yavaş-yavaş böyüyür, 

artırdı, açıq-aşkarlaşırdı. 

Cavanşir ikimərtəbəli sanatoriya binasının həyət qapısı  ağzında dayandı  və 

Güləndam nənə  də ikinci mərtəbədəki eyvandan Cavanşirə him elədi ki, yeri get 

meydana; Güləndam nənənin Cavanşirə sataşmağa, Cavanşiri dolamağa xüsusi azarı 

vardı və Cavanşir də, qəribə idi ki, hərdən nənəsinin, heç kimin yox, atasının yox, 

anasının yox, yaşlı dayılarının, əmilərinin yanında yox, Güləndam nənənin yanında 

özünü hərdən, doğrudan da, uşaq hiss edirdi, özünü aciz, köməksiz bilirdi, elə bil 

bəzən nənəsi çeşməyinin altından bic-bic gülümsəyən gözləriylə Cavanşirə deyirdi 

ki, a kişi qırığı, özünü yekə kişiliyə vurma, sənin hələ yekə kişi olmağına çox qalıb 

və dünyadan da xəbərin yoxdu sənin; amma bu, hərdənbir olurdu.  

Dürdanə  də ikinci mərtəbədəki öz eyvanlarında idi və oradan oğrun-oğrun 

Cavanşirə baxırdı və Cavanşir də bilirdi ki, Dürdanə elə ona baxmaqdan ötrü, onu 

görməkdən ötrü tez-tez eyvana çıxır, amma Cavanşir özünü görməməzliyə vururdu, 

özünü bilməməzliyə vururdu, heç bu qıza salam da vermirdi, çünki bu qız 

Cavanşirin tayı deyildi, bu qız uşaq idi, həyatın ağrılarını dadmamışdı, Cavanşirin 

fikirləri, Cavanşirin hissləri bu qız üçün işığı güclə  gəlib yer kürəsinə çatmış bir 

qalaktika idi. 

Dürdanə də universitetdə oxuyurdu, Cavanşirlə bir fakültədə, filoloji fakültədə, 

Cavanşirdən bir kurs aşağıda – indi ikinci kursa keçmişdi və keçən sentyabr, dərslər 

təzə başlayanda bu qız universitetin dəhlizində birdən-birə Cavanşirə yaxınlaşdı: 

 – Sizin adınız Cavanşirdi? – soruşdu. 

Cavanşir: 

 –  Hə, Cavanşirdi, – dedi və  təəccüb etdi ürəyində ki, bu ortaboylu, qarasaçlı, 

qaragöz qız onu hardan tanıyır, amma heç nə soruşmadı, sonra, bir neçə gündən 

sonra Cavanşir handan-hana yadına saldı ki, iki il əvvəl yayda ata-anası ilə birlikdə 

Kislovodskda istirahət edəndə bu qız da öz ata-anası ilə Kislovodskda idi. Bir 

küçədə qalırdılar və Cavanşir heyrət elədi ki, o balaca qız necə böyüyüb, necə 

gözəlləşib və necə yaraşıqlı olub. 

Universitet dəhlizindəki həmin sual-cavab Cavanşirlə Dürdanənin birinci və 

axırıncı söhbəti oldu; əvvəllər Dürdanə Cavanşirə salam verirdi və Cavanşir də 

başının hərəkətilə Dürdanənin salamını xalaxətrin qalmasın alırdı; sonra yəqin bu 

«xalaxətrin qalmasınlar» Dürdanəyə təsir etdi və Dürdanə də daha salam vermədi və 

hər dəfə üz-üzə  çıxanda gözləriylə gözləyirdi ki, Cavanşir salamlaşacaq onunla, 

amma Cavanşir də düz ötüb çıxıb gedirdi. 

Dünən səhər yeməkxanada oturub ertə çörəyini yeyəndə Güləndam nənə 

Cavanşirdən soruşdu: 

– O qız kimdi elə bizə salam verir? 



 

133


Cavanşir başını qaldırıb iki stol qabaqda qoca bir arvadla oturub onlara baxan 

Dürdanəni gördü və istər-istəməz  Şuşa sanatoriyasına təzə  gəlmiş bu qızla 

salamlaşdı  və elə bil ki, Cavanşirin bu salamı ilə Dürdanənin sifəti tamam açıldı, 

gözgörəsi güldü sifəti, elə bil Cavanşirin salamı bir xoşbəxtlik gətirdi bu qıza. Qızın 

yanındakı qoca arvad da başını qaldırıb bir qıza, bir də Cavanşirgilə baxdı və o da 

Cavanşirgilə salam verdi. 

– Kimdi, ə, bu qız belə, a kişi qırığı? 

Cavanşir Güləndam nənənin ona «a kişi qırığı» deməsilə mübarizə aparmaqdan 

daha zinhara gəlmişdi və daha bu barədə bir söz demirdi; bu dəfə də təkcə: 

– Nə bilim kimdi?.. – dedi və burnunu vermişelli boşqaba salladı. 

Güləndam nənə də bu dəfə zarafatsız dedi: 

– Hə  də, nə tanıyasan onları?.. Evdə otura da bilmirik bu əndamı yanmışların 

əlindən... 

Bakıda qızlar, doğrudan da, Cavanşirə tez-tez zəng eləyirdilər və Cavanşir də 

doğrudan bu qızların heç birini tanımırdı, bəlkə  də görsəydi üzdən tanıyardı – ya 

universitetin qızları olacaqdı, ya da qonşu qızlar; Cavanşir bilmirdi ki, ona zəng 

eləyən hansı qızdı və qızlar gülə-gülə Cavanşirlə tanış olmaq istədiklərini deyirdilər; 

Cavanşir onlarla uzun-uzadı danışmırdı, dəstəyi asırdı, sonra qızlar təzədən zəng 

eləyib Cavanşirin kobudun biri olduğunu deyirdilər və belə bir kobudluq qiyafəsi 

həm qızlarla danışmaqdan (axı nə deyəsən?) xilas edirdi, həm də hər halda kişi gərək 

kişi olsun. 

Cavanşir başını qaldırıb yenə Dürdanəyə tərəf baxdı və nədənsə ona elə gəldi ki, 

Güləndam nənənin «əndamı yanmış» deməsi bu qıza layiq deyil və ən qəribəsi də bu 

oldu ki, Güləndam nənə də elə bil Cavanşirin fikirlərini oxuyub: 

– Bu qızı demirəm ha... – dedi. 

Günorta Güləndam nənə Cavanşirə xəbər verdi ki, bu qızın adı Dürdanədi, o da 

qarabağlıdı, o da nənəsiylə  gəlib  Şuşa sanatoriyasına, atasını  məzuniyyətə 

buraxmayıblar, anası da qalıb atasıyla Bakıda, nənəsinin də adı kişi adıdı, Bəhlul, 

Bəhlul arvad. 

Gülməmmədin akkordeonu öz məşhur tanqosunu təzədən çalmağa başladı  və 

Hüsaməddin Alovlu yerli cavanların həsəd, qibtə dolu nəzərləri altında yenə 

Marusya Nikiforovanı  rəqsə  dəvət etdi, sonra yenə sanatoriyada dincələn gəlmə 

qızlar bir-biriləriylə,  Şuşanın,  Şuşaya yaylağa çıxmış  Ağdamın, Bərdənin, 

Ağcabədinin, Füzulinin cavan oğlanları da bir-biriləriylə rəqs eləməyə başladılar. 

Bir azdan Şuşanın aşağısında,  Ərimgəldi tərəfdəki istirahət evinin həyətində 

klarnetçi Müslüm orada işini qurtarıb dəstəsiylə – zurnaçı Anuşavan və nağaraçı 

Məliklə sanatoriyanın həyətinə gələcəkdi, «Avropalı gəlin» Iran filmindən «tormoz» 

Hüseynin havasını çalacaqdı  və sanatoriyada istirahət edən  əmək qabaqcılı, 

qəhrəman ana və  həddən artıq kök Safurə arvad meydanda ortaya düşüb sındıra-

sındıra oynayacaqdı və bununla da sanatoriyanın mədəni-kütləvi tədbirlərinə baxan 

Sadıq müəllimin iş günü sona yetəcəkdi. 

Cavanşir cibindən bir siqaret çıxarıb yandırdı  və bunu görən Güləndam nənə 

eyvanda qeyzlə başını tərpətdi, barmağını yelləyib Cavanşiri hədələdi, yəni ki, qoy 

gedək Bakıya, gör orda atana deyirəm, ya yox. Cavanşir nənəsinin belə  hədə-

qorxularına adətkərdə idi, amma bu dəfə necə olsa, birdən-birə ürəyinə bir 

nigarançılıq doldu və tez də Dürdanə  tərəfə baxdı ki, görsün bu qız Güləndam 

nənənin him-cimini görür, yoxsa yox. 

Dürdanə gözaltı, guya ki, qəsdən yox, elə-belə, Cavanşirə baxırdı. 




 

134


– Axşamınız xeyir. – Hələ  də  ağ  xələtini  əynindən çıxartmayıb sanatoriyanın 

həyət qapısı ağzında dayanmış və çox ciddi görkəmli meydançadakı Sadıq müəllimə 

tamaşa edən Isgəndər Abışov – Şuşa sanatoriyasının məşhur dietoloqu – Cavanşirlə 

salamlaşdı. 

Bu axşam klarnet çalan Müslüm gecikirdi, gəlib çıxmamışdı  hələ  və  mədəni-

kütləvi işə baxan Sadıq müəllim özü meydanın ortasına çıxıb camaata fokus 

göstərirdi: bütöv bir qəzeti meydana toplaşanların gözü qabağında gəzdirib cırırdı, 

qəzetin qırıntılarını hər iki ovcunun içinə yığırdı, sonra ovcunun içində də gizlətdiyi 

başqa bir qəzeti yavaş-yavaş bütöv açırdı, cırılmış  qəzetin qırıntılarını isə yenə 

ovcunda, təzə  qəzetin arxasında gizlədirdi və bu zaman cırılmış  qəzetin 

qırıntılarından bir-ikisi Sadıq müəllimin ovcunun sözünə baxmayıb yerə düşürdü və 

Sadıq müəllim də tez onları ayağıyla tapdalayırdı ki, heç kim görməsin. 

Dietoloq Isgəndər Abışov bu fokusa sidq-ürəkdən heyrətlənib: 

– Malades, Sadıq müəllim! – dedi və Cavanşirə baxıb Sadıq müəllimin 

fokusundan valehliklə başını tərpətdi: – Interesna!.. 

Isgəndər Abışov keçən il Bakıdakı tibb texnikumunu bitirib Şuşa 

sanatoriyasında işləməyə  gəlmişdi və bu bir il ərzində bu tərəflərin feldşer, tibb 

bacıları arasında olmazın hörmət qazanmışdı və hələ də öz vəzifəsinin mötəbərliyinə 

ürəkdən inanırdı. Ortaboylu, qıvrım qara saçlarını səliqə ilə dala darayan, nazik qara 

bığlı, yanağı qara xallı Isgəndər Abışovun ağ  xələti həmişə  tərtəmiz, kraxmallı  və 

ütülü olurdu, ağ köynək geyib qara qalstuk taxırdı  və qalstukunun ortasında da 

həmişə brilyanta oxşayan bir şüşə parıldayırdı. Səhər qəlyanaltısı, günorta naharı və 

şam zamanı Isgəndər Abışov sanatoriyanın yeməkxanasını miz-miz gəzirdi, diqqətlə 

yeməklərə baxırdı və sifəti cürbəcür görkəm alırdı: gah qaşları çatılırdı və adam öz 

yeməyinə baxıb  şübhələnirdi ki, görəsən nə olub; gah bəyənmək və  təqdir etmək 

münasibətilə başı yavaş-yavaş enib-qalxırdı, « – Moruq qlükozadı» deyirdi. « – 

Keşnişdə linalool spirti çoxdu» deyirdi, «– Balqabaq öd kisəsinin iltihabına 

dərmandı» deyirdi, «Bu, vitamin «A»dı» deyirdi, «Bu, vitamin «S»di, «Bu, vitamin 

«D»di deyirdi və Güləndam nənə də Isgəndər Abışova «Vitamin oğlan» deyirdi və 

sanatoriyadakı şəfqət bacılarının qulağından iraq, «Güləndam nənə bunu da deyirdi 

ki, bu «Vitamin oğlan» ağ  xələtli dəlləyə oxşayır, amma Güləndam nənədən xeyli 

fərqli olaraq, təkcə şəfqət bacıları, feldşerlər yox, yeməkxananın baş aşpazı Kazım 

kişidən tutmuş xörəkpaylayan Parandzemə kimi hamı Isgəndər Abışova «həkim» 

deyə müraciət edirdi. 

Müslüm dəstəsiylə  tələsik sanatoriyanın həyətinə girib meydana gəldi, bayaq 

Doppa Dadaşın oturduğu kətildə oturub klarneti qoburundan çıxartdı, tez yığdı  və 

klarneti yığmağıyla da «tormoz» Hüseynin havası sanatoriyanın həyətinə yayıldı, 

Müslümün klarneti zilə qalxdı, bəmə endi və Müslümün hər iki tərəfində ayaq üstə 

dayanmış zurnaçı Anuşavanın zurnası, nağaraçı Məliyin nağarası klarnetə qol-qanad 

verdi və döşü orden-medalla dolu Safurə arvad yenə özünü saxlaya bilməyib 

meydana çıxdı, sındıra-sındıra süzməyə başladı. 

Gün yavaş-yavaş batırdı, ulduzlar da yavaş-yavaş görünürdü və belə aydın 

havalarda  Şuşa sanatoriyasından görünən uzaq Molla Nəsrəddin yolunun 

qıvrımlarında maşınların işığı da yavaş-yavaş yanmağa başlayırdı; belə aydın 

havalarda  Şuşa hər tərəfdən ulduzlarla əhatə olunurdu, göydəki ulduzlarla və 

aşağılarda – Stepanakertdə, Müxətər kəndində,  Şüşü kəndində, Keşiş  kəndində 

yanan işıqlarla; belə aydın havalarda Şuşa sanatoriyasında göy arasında, dağlar 

arasında məsafə də yox olub gedirdi, hər tərəfi bir genişlik bürüyürdü. 




 

135


– Gedək bir yerdə bir az çaxır içək. 

– Çaxır içək? – Isgəndər Abışov təəccüblə Cavanşirə baxdı. 

– Hə, gedək çaxır içək bir az, turş çaxır. – Cavanşir Isgəndər Abışovun qoluna 

girdi. – Gedək...  

Cavanşirin bu təklifi Isgəndər Abışov üçün çox gözlənilməz oldu və Isgəndər 

Abışov əvvəlcə bilmədi ki, qəbul etsin bu təklifi, yoxsa yox, sonra: 

– Bir stəkan turş çaxır olar, – dedi. – Professor Gerasimov deyir ki, hər gün bir 

stəkan çaxır içmək lazımdı. Professor Gerasimov deyir ki... 

– Yaxşı söz deyir professor Gerasimov. Gedək. 

– Qoy gedim xələti çıxarım. 

Cavanşir təəccüblə Isgəndər Abışova baxdı, elə bil ki, Isgəndər Abışov 

əynindəki xələti çıxara bilməzmiş. 

– Gözləyirəm. 

Isgəndər Abışov paltarını dəyişmək üçün içəri girdi. 

Safurə arvad sındıra-sındıra bəs deyincə oynayandan sonra, Müslüm «tormoz» 

Hüseynin havasını çalıb qurtardı və klarneti söküb tələm-tələsik qobura yığdı – bu 

axşam bazarkom Fətinin oğlunun anadan olan günü idi, Müslüm öz dəstəsiylə indi 

də Fətigilə tələsirdi, Sadıq müəllim meydanın ortasına çıxıb bərkdən: 

– Gecəniz xeyrə qalsın,  əziz yoldaşlar! – dedi. – Sizə gözəl  Şuşa gecəsi 

arzulayıram! 

Sonra Sadıq müəllim bu sözləri rus dilində dedi və meydana toplaşan camaat 

iki-bir, üç-bir dağılışmağa başladı, kimi sanatoriyanın yuxarısındakı kinoteatr tərəfə 

getdi – bu gün kinomexanik Haqverdi hind kinosu göstərəcəkdi, «Bobbi»; kimi 

şəhərə gəzməyə çıxdı, kimi Cıdır düzünə tərəf yollandı ki, Şuşanın ən gözəl havası 

oradadı, kimi Ərimgəldi tərəfə getdi, kimi Qaya başına. 

Hüsaməddin Alovlu Marusya Nikiforovaya yaxınlaşdı  və onunla rəfiqəsi 

Lyudmilanı teatra dəvət etdi; Lyudmila mənalı-mənalı Marusyaya baxdı və Marusya 

Nikiforova da bir balaca qızardı, sonra gülümsədi və Hüsaməddin Alovlunun 

dəvətini qəbul etdi. 

Üç yay ayının təqaüdünün hamısı bir yerdə Cavanşirin cibində idi, amma onun 

birdən-birə çaxır eşqinə düşməyinin səbəbi bu deyildi, səbəb bu da deyildi ki, 

Cavanşir içki xoşlayırdı, belə deyildi, Cavanşirin bədəni içki götürmürdü və bir az 

içən kimi, ürəyi bulanırdı; nədənsə, birdən-birə bütün bu yerlər,  Şuşanın ayı, 

ulduzları, indi ay işığında təkcə qaraltısı görünən ağacları, kolları, Şuşanın dağları, 

ab-havası, Müslümün klarnetindən sonra sanatoriyanın həyətinə çökmüş sakitlikdəki 

cırcırama cırıltısı Cavanşirə yad göründü, Cavanşirə elə gəldi ki, Şuşa həmin Şuşa 

deyil, həmin Şuşa ki, Cavanşir on iki-on üç yaşlarında, bax, bu sanatoriyanın indiki 

yerində böyürtkən yığıb sünbülə düzərdi, yerli uşaqlarla futbol oynayardı, az qala, 

Isa bulağınacan piyada gedib moruq yığardı, uşaqlarla mərc edib yanmış kilsənin 

qaranlıq və kimsəsiz zirvəsinə girərdi; həmin  Şuşa birdən-birə çox-çox uzaqlara 

getdi, beş-altı il əvvəlki uşaqlıq illəri  Şuşa sanatoriyasının həyətindəki bu avqust 

axşamından çox-çox uzaq illərin arxasında qaldı və bu hiss bir yalqızlıq, bir təklik 

gətirdi, Cavanşirin ürəyini sıxdı, qısdı, hər şey elə bil ki, birdən-birə bütün mənasını 

itirdi. 


Isgəndər Abışov: 

– Mən hazır, – dedi və Cavanşir Isgəndər Abışovu adi bəndələrin geydiyi 

kostyumda, xələtsiz görəndə istər-istəməz təəccüb etdi, əynindən xələtini çıxarmış 

bu cavan oğlan elə bil ki, doğrudan da Isgəndər Abışov deyildi, bir başqa adam idi. 




 

136


Birlikdə Şuşa sanatoriyasının həyətindən çıxanda Isgəndər Abışov dedi: 

– Yaman baxır sənə o qız...  

Isgəndər Abışovun bu sözləri də qəribə səsləndi, elə bil o, ancaq yemək-içməyin 

vitaminiylə maraqlanmalıydı  və  hər hansı bir qız barədə, ümumiyyətlə, arvad 

məxluqu haqqında söz demək Isgəndər Abışova yaraşmırdı. 

– Hansı qız? 

– Ode, o qız... Isgəndər Abışov başı ilə Dürdanənin dayandığı eyvana işarə elədi 

və bu zaman necə oldusa, heç özü də bunu bilmədi ki, necə oldu, Cavanşir çox 

yuxarıdan aşağı gülümsədi, elə gülümsədi ki, yəni mən hara, o qız hara, yəni mən 

plov yemirəm ki, bığım yağa batar, sən də gör kimdən danışırsan, ay Isgəndər 

Abışov, öz arşınınla ölçürsən məni? Və ən qəribəsi də bu oldu ki, Isgəndər Abışov 

özü Cavanşirin bu gülümsəməyinin mənasını təsdiq elədi, sanatoriyadan şəhərə enən 

yoxuşu düşə-düşə: – Əlbəttə, – dedi, – sənin yüz dənə o cür qızın var... 

– Eh, başım çox çəkib mənim... – Cavanşir bu sözləri də dedi və özü də 

fikirləşdi ki, niyə dedi bu sözləri, bu sözlərə  nə ehtiyac var və ümumiyyətlə, heç 

Isgəndər Abışov da olmasın, bu cür dona girmək, belə bir artistlik eləmək nəyə 

lazımdı? 

 

II  

 

Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm 



xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından 

iki şiş gətirib birini Cavanşirin, birini də Isgəndər Abışovun boşqabına çəkdi, göy-

göyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni 

çaxırı gətirdi. 

Isgəndər Abışov: 

– Iki şüşə çoxdur, – dedi. 

Cavanşir: 

– Nəyi çoxdu? – dedi və ağzı üstə qabaqlarına qoyulmuş (Əbülfətin qabiliyyəti 

idi!) qalın şüşəli stəkanları çevirib çaxırla doldurdu. – Sağ ol, sənin sağlığına! – dedi 

və stəkanı birnəfəsə başına çəkdi və Isgəndər Abışov da elə bil ki, Cavanşirin beləcə 

çaxır içməyindən hipnoz olubmuş kimi, öz stəkanını birnəfəsə başına çəkmək istədi, 

amma tez də təngnəfəs oldu və stəkandakı çaxırı ancaq yarısına kimi içdi. 

Bu yarım stəkan çaxır elə o saat, gözgörəsi Isgəndər Abışova təsir etdi və 

Isgəndər Abışov açdı sandığı, tökdü pambığı, evlənmək istədiyini dedi, amma nə 

gözaltı bir qızı vardı, nə  də evi, şəhər sovetində söz veriblər ki, bu il ona ev 

verəcəklər, amma köhnə ev istəmir, təzə ev istəyir,  şəhərsayağı, hamamı ilə 

ayaqyolusu içində; bu evi alandan sonra Sabirabaddakı anasını da gətirəcəkdi 

yanına, sonra da evlənəcəkdi, amma hələ gözaltı bir qız yox idi; keçən ay ona 

imzasız bir sevgi məktubu yazmışdılar, bilmirdi ki, hansı  qızdı,  şübhələnirdi ki, 

birdən sanatoriyanın kitabxanaçısı Azadə olar, amma Azadə olsa, onda heç nə, çünki 

Isgəndər Abışov hələ ki, Azadəni sevə bilmirdi, bir də ki dünyanın işlərini kim bilir, 

bəlkə elə sevdi Azadəni; hər halda, şuşalı qız alacaqdı, çünki Şuşanın qızları sağlam 

olur, ab-havadandı, sudandı, amma hayıf ki, hələ gözaltı bir qız yoxdu və 

ümumiyyətlə, Isgəndər Abışov qızlarla tanış olmaq sarıdan bir az fərsizdi, onların 

fikrinə-zadına yaxşı  bələddi, amma di gəl ki, tanış olmaq sarıdan fərsizdi,  əlindən 

gəlmirdi. 




 

137


Cavanşir özü bir söz danışmırdı, danışan elə Isgəndər Abışov idi və Cavanşir də 

yüngülcə gülümsəyə-gülümsəyə  və arabir də  mənalı-mənalı başını  tərpədə-tərpədə 

Isgəndər Abışovun dediklərinə qulaq asırdı. Cavanşirin gülümsəməyində, 

dodaqlarının təbəssümündə Isgəndər Abışovdan qat-qat artıq görüb-götürmək 

ifadəsi vardı, bir üstünlük ifadəsi vardı və Cavanşir özü də çox gözəl bilirdi ki, yaxşı 

iş deyil bu; yaxşı iş deyil ona görə ki, düz deyil, yalandı bu; yaxşı iş deyil ona görə 

ki, Isgəndər Abışovun belə bir ürəyitəmizliyi müqabilində gərək nə olurdusa-olsun, 

amma saflıq olsun. 

Əlbəttə, Isgəndər Abışovun Cavanşirin bu fikirlərindən xəbəri yox idi və 

Cavanşirin sifətindəki bu üstünlük təbəssümünü də o, çox adi bir iş  və  məlum 

məsələ hesab edirdi; hətta Cavanşirin sifətindəki bu üstünlük təbəssümü, bu 

təkəbbür Isgəndər Abışova elə təsir edirdi ki, içdikləri çaxır daha o cür təsir etmirdi 

və elə bu təbəssümə, bu ifadəyə görə də Isgəndər Abışovun öz-özündən şikayəti get-

gedə artırdı, özünü dünyanın ən kiçik adamı, ən xırdası, yazığı hesab edirdi. 

Yüz iyirmi səkkiz kiloya yaraşmayan bir cəldliklə, civə kimi girib-çıxan, 

mizlərə bir-bir baş  çəkən, bufetə gedən, araq süzən, göyərti doğrayan, manqalı 

yelləyən Əbülfət Cavanşirgilə yaxınlaşıb: 

– Adama bir şiş də gətirimmi, başşım? – soruşdu. 

Cavanşir Isgəndər Abışova baxdı. Isgəndər Abışov dedi:  

– Heç yarım tikə də getməz! 

Cavanşir gülümsədi və yenə  də elə-eləcə gülümsədi, yuxarıdan aşağı  və yenə 

özündən dilxor oldu ki, belə gülümsəyir. 

Əbülfət iki şiş kababın, iki şüşə çaxırın, göy-göyərtinin, pendirin, erməni 

şorabasının pulunu alıb heç saymadı da, cibinə basıb: 

– Allah bərəkət versin! – dedi və sonra mizin üstündəki hələ  ağzı açılmamış 

ikinci çaxır şüşəsini elə onların yanındaca götürüb, aparıb qoydu bufetə. 

Cavanşirlə Isgəndər Abışov parka çıxdı və Isgəndər Abışov dayanmaq bilməyib 

gələcək planlarından, dostluqdan, ilqardan, əxlaq prinsiplərindən elə hey danışırdı, 

əsl dostu, sirdaşı olmadığını, günlərinin çox cansıxıcı, darıxdırıcı keçdiyini, 

günlərinin bir-birinin eyni olduğunu deyirdi və Cavanşir daha ona qulaq asmırdı. 

Isgəndər Abışov ardı-arası kəsilmədən öz güzəranından şikayət edirdi, Cavanşir isə 

həmin avqust gecəsi  Şuşa parkında gəzişə-gəzişə  Şuşanın təmiz, saf ab-havası ilə 

nəfəs alırdı, ağacların, kol-kosun, gül-çiçəyin  ətrini duyurdu və doğrudan-doğruya 

öz üstünlüyünü hiss edirdi; elə bil hər  şey yalandan yox, doğrudan idi, doğrudan-

doğruya bütün il boyu cürbəcür macəralardan yorulmuşdu, Peçorin 

sərgüzəştlərindən yorulmuşdu və indi burda, bu Şuşa parkında Isgəndər Abışovla 

gəzə-gəzə dincəlirdi. 



 

138


Park qaranlıq və adamsız idi, ay işığında ağaclar qaralırdı  və  təkcə parkın 

yuxarısındakı teatr binasının işıqları yanırdı. Ağdam Dövlət Dram Teatrı  Şuşada 

qastrol tamaşaları göstərirdi və bu gün Ağdam dramaturqlarından birinin «Skeletlər 

rəqs edərkən» adlı  məhəbbət faciəsinin ilk tamaşası idi. Marusya Nikiforova, 

Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu dəm salonda əyləşib 

səhnəyə tamaşa edirdilər. Hüsaməddin Alovlu ürək eləyib Marusya Nikiforovanın 

yanında oturmamışdı, amma tənəffüs zamanı teatrın bufetindən (bu bufet Əbülfətin 

kababxanasının filialı idi) iris konfeti almışdı və indi irislə dolu balaca torbanı tez-

tez qızlara tərəf uzadıb Marusyanı  və  təbii ki, Lyudmilanı konfetə qonaq edirdi, 

səhnədəki söhbətləri yavaş-yavaş guya ki, rus dilinə  tərcümə edirdi və Marusya 

Nikiforova da irisi çeynəyə-çeynəyə özünü saxlaya bilməyib nakam məhəbbət 

faciəsinə göz yaşı axıdırdı. 

Və elə bu vaxt Isgəndər Abışov da özünü saxlaya bilməyib dedi:  

– Bu qadına bir bax! Pah!.. 

Qarşıda, ay işığında  Şuşa parkındakı  ağaclara, gül-çiçəyə baxa-baxa 

hündürboylu,  şümalbədənli,  əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş 

tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın 

addımlayırdı və bu qadın hər dəfə addım atdıqca, təbiətdən və özündən həzz ala-ala 

gedirdi; bu, yerə-göyə bir minnət idi; bu qadının addımları sərrast və yumşaq idi; bu 

qadının səliqəsi, zövqü və yerişində, geyimində, bədəninin quruluşunda hər  şeyin 

yerbəyerində olması Şuşa dağlarının ay işığında qaralan ibtidai gözəlliyi ilə, sıldırım 

qayaların vəhşiliyi ilə qəribə bir təzadda idi və həmin avqust gecəsi bu təzadda nəsə 

bir sehr var idi. 

Isgəndər Abışov elə bil ki, öz-özüylə danışırdı, yavaşdan dedi: 

– Belə qadınlar da var e, dünyada!.. – Bunu dedi, sonra Cavanşirə baxdı. 

Bu dəm heç kimin və o cümlədən Cavanşirin özünün də ağlına gəlməyən, ağlına 

sığışmayan, görünməmiş bir hadisə baş verdi: Cavanşir sürətlə irəliləyib bu qadına 

yaxınlaşdı və: 

– Bağışlayın... – dedi. 

Qadın Cavanşirə baxdı  və yalnız bu zaman elə bil ki, Cavanşir özünə  gəldi, 

yalnız bu zaman nə etdiyini başa düşdü və ürəyi bərkdən döyünməyə başladı, 

birdən-birə boğazı qurudu, nə deyəcəyini bilmədi, təkcə: 

– Bağışlayın... – deyə təkrar etdi. 

Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü də bu yaşı gizlətmək 

fikrində deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı, onun pudra-

boyası çox incə idi, ondan gələn ətir iyi də son dərəcə yüngül, yumşaq idi və bütün 

bu gözəllik və incəliklər müqabilində Cavanşir bu saat dünyanın ən əbləh, kütbeyin 

və vecsiz adamı idi. 

Arxadan gələn Isgəndər Abışov xoşbəxt bir heyrət və  həsəd dolu nəzərlərlə 

Cavanşirə, cəmi bircə dəqiqə bundan qabaq onunla bir yerdə çaxır içən, onun tanışı 

olan bu oğlana və naməlum gözəl qadına, gözlərinin qarşısında addımlayan, amma 

əlçatmaz bir uzaqlıqda olan bu məxluqa baxırdı. 

Qadın bircə anlıq Cavanşirə baxdı, Cavanşir belə hiss etdi ki, bu bircə anın 

içində bu qadın onu tamam əlinin içi kimi gördü, tanıdı,  əbləh vəziyyətini və 

vecsizliyini, heçliyini başa düşdü və Cavanşir burasını da hiss elədi ki, qulaqlarının 

dibinə kimi qıpqırmızı qızardı. 

Arxada isə Isgəndər Abışov addımlayırdı. 

– Bağışlayın... bilmirsiz teatr burada hardadı? 




 

139


Qadın bu dəfə bir anlıq yox, diqqətlə Cavanşirə baxdı, elə bil ay işığında bu 

cavan oğlanın, bu uzun oğlanın sifətinin cizgilərini bir-bir saf-çürük edirdi və 

Cavanşirə elə gəldi ki, bu qadın bu saat bu gözəlliyinə və incəliyinə yaraşmayan bir 

ədəbsizliklə iki əliylə də onun başına yağlı bir qapaz salacaq; amma çox qəribə oldu, 

qadın uzun və yaraşıqlı barmağı ilə teatr binasını göstərib: 

– Odur, ordadır... – dedi və Cavanşir bu səsdə bir ilıqlıq, mülayimlik, bir 

mehribanlıq hiss etdi və bu mehribanlıq Cavanşirin bütün bədəninə sirayət etdi, içinə 

yayıldı. 

Onlar bir müddət yanaşı addımladılar. Cavanşirin ürəyi daha o cür bərkdən 

döyünmürdü, amma deməyə də bir söz də tapmırdı və bu dəm öz acizliyindən yerə 

girməyə hazır idi. 

Qadın ilıqlıq gətirən eyni mülayim və mehriban səslə: 

– Yoldaşınız sizi gözləyir, – dedi. 

Cavanşir təəccüb etdi ki, bir dəfə  də olsun geri çönüb baxmayan bu qadın 

Isgəndər Abışovu necə gördü və: 

– Eybi yox... – dedi. – Cavanşir bunu dedi və bu sözlərin mənasızlığından və 

köməksizliyindən yenə hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb. 

Onlar beləcə dinməz-söyləməz yanaşı addımlaya-addımlaya teatr binasının 

yanınacan gəldilər və bütün bu müddət ərzində Cavanşir bir siçan deşiyi axtarırdı ki, 

söz tapıb danışa bilməmək xəcalətindən bu deşiyə girsin və bütün bu müddət ərzində 

Isgəndər Abışov da arxadan onları müşayiət etdi. 

Teatr binasının qabağındakı lövhələrə  əllə yazılmış afişalar yapışdırılmışdı  və 

qadın bu afişalara baxıb: 

– O-o-o... – dedi. – «Kleopatra»nı da göstərəcəklər... – Sonra bir balaca 

gülümsədi və bu gülümsəmə, əlbəttə, başqa gülümsəmə idi, amma bir az Cavanşirin 

Isgəndər Abışovun yanında gülümsəməsinə oxşayırdı. – Gəlib baxmaq lazımdı. – 

Sonra birdən-birə Cavanşirdən soruşdu: 

– Siz bu teatrın tamaşalarına baxmısınız? 

Cavanşir afişaların üstündə yanan elektrik lampalarının işığında köynəyinin 

yuxarı düymələrini tələm-tələsik düymələyə-düymələyə: 

– Yox, baxmamışam, – dedi və Cavanşirə elə  gəldi ki, yenə iki-üç il geri 

qayıdıb, orta məktəbdə oxuyur, bu sualı ona müəlliməsi verdi və Cavanşir də bu 

suala elə cavab verdi, elə bil müəlliməsinin sualına cavab verir. 

Afişaların yanından ötdülər və bir az da gedəndən sonra, qəribədir, bu qadın elə 

bil öz-özüylə danışmağa başladı  və bu qadının çox zövqlə yüngülcə boyalanmış 

gözəl dodaqlarından çıxan hər bir söz Cavanşir üçün elə bil ki, yuxular aləmindən 

gəlirdi, elə bil ki, tək-tənha çarpayıda uzanıb gözlərini tavana zilləyib getdiyi 

xəyallar aləmindən gəlirdi; bu qadının dodaqlarından çıxan hər bir söz get-gedə 

Cavanşir üçün Şuşadakı  həmin avqust gecəsinin çox məlhəm, çox uyğun bir 

hissəsinə çevrilirdi. 

– Qəribədi... Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında 

əsərlər yazırıq... Onu tamaşaya qoyuruq... Gedib baxırıq... Hər şey qocalır dünyada, 

hər  şey yox olub gedir, ancaq hisslər qocalmır... Insan hiss-həyəcanları, insan 

ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir... 

Cavanşir sözün əsl mənasında  əzablı bir sıxıntı ilə bu qadınla yanaşı 

addımlayırdı; Cavanşir bu qadının söhbətini davam etdirə bilmirdi, amma bilirdi ki, 

lap açıq-aşkar idi ki, nəsə deməlidi, mülahizələr, fikirlər söyləməlidi, amma söz tapa 

bilmirdi. 




 

140


Məlum oldu ki, bu qadın memardı, Bakıdan gəlib, Şuşa istirahət evində istirahət 

edir və  Şuşanı çox sevir, Şuşanın təbiəti üçün həmişə darıxır,  Şuşanın Xan sarayı, 

Qala hasarı, məscidi bu qadın üçün misilsiz abidələrdi; hərgah insan təbiətin bir 

parçasıdısa, onun evi də, yaşadığı bina da təbiətin bir parçası olmalıdı, tikintilər, 

qurğular, hər  şey təbiətə doğru olmalıdı, təbiəti tamamlamalıdı, insanla təbiət 

arasında bir sərhəd, bir qoruncaq yox, bir vasitə olmalıdı, bax, bu Şuşa dağlarının, 

bu Şuşa düzlərinin, dərələrinin, sıldırımlarının simmetriyası və assimetriyası müasir 

memarlıqda öz əksini tapmalıdı... 

Cavanşir bütün bu fikirlərlə yalnız razılaşırdı, başını  tərpədib bu qadının 

söylədiyi fikirlərin hamısını  təsdiq edirdi, uzaq başı bircə  kəlmə: « – Elədir...» – 

deyirdi, başqa bir əlavə edə bilmirdi və onlar Şuşa parkının qaranlıq cığırları ilə 

addımladıqca, Isgəndər Abışov da arxadan gələ-gələ onları müşayiət edirdi və  ən 

qəribəsi də bu idi ki, Isgəndər Abışov, nədənsə, Cavanşirdən başqa özünü də həmin 

avqust gecəsinin qəhrəmanı hiss edirdi...  

Cavanşir çox çətinliklə  və gözlənilməz bu düşünülməz, ağlasığmaz gecə 

gəzintisinə yaraşmayan bir müstəqilliklə qadının adını soruşdu və məlum oldu ki, bu 

qadının adı  Mədinə xanımdı, sonra Cavanşir öz adını dedi və sonra da Mədinə 

xanım Cavanşirdən soruşdu: 

– Bəs, siz harda işləyirsiniz? 

Əlbəttə, Cavanşir ağlına gətirməzdi ki, doğrudan-doğruya belə yaşlı görünür; 

başqa vaxt olsaydı, bu, Cavanşirin ürəyinə yayılardı, amma bu dəfə yenə 

qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb: 

– Mən filoloqam, – dedi. – Universitetdəyəm... 

– Dərs deyirsiniz? 

Cavanşirin bütün sifəti alışıb-yanırdı  və ona elə  gəldi ki, Mədinə xanım onu 

dolayır və  bərkdən qaqqanaq çəkib güləcək və Isgəndər Abışov da gülməkdən 

qarnını tutacaq. 

– Yox... Aspirantam... 

– A-a... Sizinçün hələ hər şey irəlidədi... 

Cavanşir buna da bir söz deyə bilmədi. 

Isgəndər Abışov isə qarşıda addımlayan bu qadınla Cavanşirin nə danışdıqlarını 

eşitmirdi, amma bir həqiqət vardı ki, bu dəm Isgəndər Abışov Cavanşirlə Əbülfətin 

kababxanasında oturub birgə çaxır içməyi ilə fəxr edirdi; bu dəm o, Cavanşirlə bu 

gözəl qadının ardınca beləcə addımlamağıyla qürurlanırdı  və elə bil ki, Isgəndər 

Abışova bir qol-qanad vermişdi və daha o özünü həyatda artıq adam hesab etmirdi.  

Mədinə xanım dedi: 

– Mən daha istirahət evinə getməliyəm...  

Və Mədinə xanım bu sözləri elə dedi ki, Cavanşirin ağzı öz-özünə açıldı:  

– Mən sizi ötürərəm... 

Mədinə xanım dedi: 

– Sizi yoldaşınız gözləyir... 

Cavanşir dedi: 

– O mənim yoldaşım deyil... 

Mədinə xanım dedi: 

– Onda deyin arxamızca gəlməsin... 



 

141


Cavanşir bu sözlərdə bir balaca əsəbilik hiss elədi, gizli bir acıq hiss elədi, 

amma  əslində onu pərt eləyən bu olmadı, Cavanşiri bu pərt elədi ki, Isgəndər 

Abışovla yoldaş olduğunu bu qadının yanında dandı və əlbəttə, burada pərt olası bir 

şey yox idi, Cavanşirlə Isgəndər Abışov doğrudan da, yoldaş deyildilər və bu gecə 

də birinci dəfə oturub kəlmə  kəsmişdilər, amma hər halda Isgəndər Abışovdan 

imtina eləməsi Cavanşirə nəsə bir xəyanət kimi gəldi, elə bil doğrudan da, hansı bir 

yaxın yoldaşınasa, elə bil nəsə  işıqlı bir şeyə  xəyanət elədi; bu, ötəri hiss idi və 

Cavanşir Mədinə xanımdan geri qalıb Isgəndər Abışovun ona çatmasını gözlədi və 

dedi: 

– Sən daha get. 



Isgəndər Abışov ay işığında qaşlarını çatdı, sonra öz aləmində  hər  şeyi başa 

düşdü, yəni ki, məlumdu məsələ, gözlərinin ucu ilə mənalı-mənalı gülümsəyib: 

– Oldu, – dedi və geri çönüb qaranlıqda  Şuşa parkının ağacları arasında 

görünməz oldu. 

Mədinə xanım Sovet Ittifaqının bir çox kurortlarında olmuşdu, Karlovı-Varıda, 

Bolqarıstandakı  Qızıl Qumda istirahət etmişdi, Fransanın cənubunu, Nitsanı 

gəzmişdi, amma heç birinin havası  Şuşa ilə müqayisə oluna bilməzdi, düzdü, 

Isveçrədə olmamışdı, deyirlər ki, Davosun havası çox gözəldi, amma Mədinə xanım 

bilirdi ki, Şuşanın havasına hava çatmaz; Şuşanın havasındakı  təmizlik, saflıq da 

insan hissləri kimi daimi idi və Şuşada insan qəlbi də saflaşır, təmizlənir, büllurlaşır, 

insan ürəyi yeni hisslərlə, kövrək və incə hisslərlə dolur, adam təzələşir, paklaşır; 

adama elə gəlir ki, özü də daimidir, heç vaxt ölməyəcək, nə xərçəngdən qorxur, nə 

də infarktdan və yuxusuzluq qorxusu da onu sıxmır; adam hər  şeyi unudur, bütün 

qayğıları, pislikləri, iztirabları  və bütün ətrafı, bütün münasibətləri qatı  rənglərlə, 

qatı boyalarla yox, ağ kağızdan güclə seçilən bir akvarellə görür. 

Cavanşir Mədinə xanımın bu etiraflarına qulaq asa-asa addımlayırdı  və daha 

əvvəlki kimi sıxılmırdı.  Əlbəttə, Cavanşir heç vaxt fikirləşməzdi, ağlına da 

gətirməzdi ki, belə bir qadının bu cür etiraflarına qulaq asa-asa sakit, aylı-ulduzlu bir 

Şuşa gecəsində kimsəsiz, qədim bir küçə ilə beləcə addımlayacaq. 

Onlar  Şuşa istirahət evinin həyət darvazasına gəlib çatanda gecə saat on birə 

qalırdı. Mədinə xanım əlini Cavanşirə uzadıb: 

– Sağ olun, – dedi. – Gecəniz xeyrə qalsın. 

Şuşa istirahət evinin darvazası üstündən asılmış elektrik lampasının işığında 

Mədinə xanımın ala gözlərində bir mehribanlıq vardı və elə bil ki, bu gözlər daha 

nəsə deyirdi və elə bil ki, Mədinə xanımın Cavanşirin ovcundakı  əli də gözlərinin 

dediklərini təsdiq edirdi. 

Cavanşir başa düşürdü, hiss edirdi ki, nəsə demək lazımdı, bu elə məqamdır ki, 

mütləq nəsə demək lazımdı, nəsə elə bir söz ki, bu baxışlara layiq olsun, lap 

dərinlərdə gizlənmiş istehzanı alt-üst eləsin, amma Cavanşir başqa heç nə deyə 

bilmədi, heç nə eləyə bilmədi, təkcə:  

– Sağ olun, – dedi və bütün kişiliyini köməyə çağırıb soruşdu: – Sabah 

görüşəcəyik? 

Mədinə xanım eyni mehribanlıqla gülümsədi və: 

– Görüşərik, – dedi. 




 

142


Sabah axşam saat yeddidə (o vaxt ki, Doppa Dadaş sanatoriyanın həyətində 

kamançasının simlərini kökləməyə başlayacaqdı) Şuşa istirahət evinin yuxarısındakı 

tutluqda görüşəcəklərini vədələşdilər (bu yeri, təbii ki, Mədinə xanım təklif elədi) və 

bundan sonra Mədinə xanım əlini Cavanşirin yekə ovcundan çəkib darvazanın kiçik 

qapısından içəri girdi. 

Cavanşir bir müddət darvazanın qabağında dayandı, o əlin hərarətini, 

mehribanlığını, qayğısını ovcunda hiss etdi, o əlin nəsə dediyini və özünün 

vecsizliyini, əfəlliyini fikirləşdi, sonra siqaret çıxarıb yandırdı və Şuşanın qaranlıq, 

sal daş döşənmiş küçələrindən keçib sanatoriyaya tərəf qalxmağa başladı. 

Və bu dəm «Skeletlər rəqs edərkən» tamaşası da sona yetmişdi və Marusya 

Nikiforova, Marusya Nikiforovanın yanında Lyudmila və Lyudmilanın yanında da 

Hüsaməddin Alovlu bu nakam məhəbbət faciəsinin təsiri altında yavaş-yavaş 

sanatoriyaya tərəf gedirdilər. 

Cavanşir Mədinə xanımın yanında siqaret çəkməyə də ürək eləməmişdi. 

Belə-belə işlər. 

Sabah belə olmayacaqdı. 

Cavanşir sanatoriyanın həyətinə girəndə bütün işıqlar sönmüşdü, təkcə 

Güləndam nənənin işığından başqa və eyvanlarda da heç kim yox idi, təkcə Dürdanə 

çiyninə yun jaket salıb üşüyə-üşüyə öz eyvanlarında dayanmışdı  və gözlərini 

sanatoriyanın həyət darvazasından çəkmirdi. 

Həmin avqust gecəsi Cavanşir çarpayısındakı yorğan-döşəkdə uzanıb gah bu 

böyrü, gah o böyrü üstə çevrilə-çevrilə  səhərə kimi yuxu ilə doğru arasında oldu, 

bütün gecəni Mədinə xanımla idi, bütün gecəni Mədinə xanımla  Şuşa parkında 

gəzirdilər, Cavanşir bilirdi ki, bu həqiqət deyil, mürgüdü, yuxudu, amma Mədinə 

xanımın gözlərindəki mehribanlığı görürdü, səsindəki yumşaqlıq, ilıqlıq Cavanşirin 

bütün bədəninə yayılırdı, Mədinə xanımın  ətrini duyurdu, əlinin hərarəti ovcunu 

qızdırırdı, amma nəsə çatışmırdı, bu narahatlıq da, bu nigarançılıq da ondan ibarət 

idi ki, nəsə çatışmırdı, o böyrü, bu böyrü üstə aşmağı da ondan idi və səhərə yaxın 

birdən-birə Cavanşirə elə  gəldi ki, çatışmayan Isgəndər Abışovun daha arxadan 

eşidilməyən addım səsləridi. 

 

III 

 

– Nədi, a kişi qırığı, nə bəzənib-düzənirsən belə? Xeyirdimi? 



Cavanşir tərs-tərs Güləndam nənəyə baxdı. 

Axşam düşhadüş idi və bir azdan Sadıq müəllim sanatoriyanın həyətindəki 

meydançanın ortasına çıxıb istirahətçilərin axşamını xeyirləyəcəkdi, sonra Doppa 

Dadaşın kamançası dil açıb söz söyləyəcəkdi, sonra Gülməmmədin akkordeonu öz 

məşhur tanqosunu çalacaqdı və Hüsaməddin Alovlu da yerli cavanların həsəd dolu 

baxışları altında Marusya Nikiforovanı rəqsə dəvət edəcəkdi. 

Həmin gün çox tez gəlib keçdi. 

Səhər Güləndam nənə ilə Cavanşir yeməkxanaya düşəndə yenə  tərtəmiz, 

kraxmallı  və ütülü xalatını  əyninə geyib saçlarına da brialin sürtüb səliqə ilə 

daranmış Isgəndər Abışov onlara xüsusi diqqət yetirdi, Cavanşirlə xüsusi bir 

ehtiramla və gizli həmsirr kimi salamlaşdı, tez-tez gəlib onların mizinin yanında 

dayandı, diqqətlə süfrələrinə baxdı və Güləndam nənə səhər-səhər lüləkababı yeyib 

lüləkababın yanındakı bişmiş pomidora əl vurmayanda Isgəndər Abışov: 

– Ba-a-a!.. – dedi. – Heç bilirsiz bu nədi? 




 

143


Güləndam nənə bir bişmiş pomidora, bir də Isgəndər Abışovun çatılmış 

qaşlarına baxıb şübhələndi ki, bəlkə bu, doğrudan da, pomidor deyil, bir başqa şeydi: 

– Nədi ki? – soruşdu. 

Isgəndər Abışov dedi: 

– Bu, vitamin «A»dır! Onu yemək lazımdır! 

Güləndam nənə yenə bir Isgəndər Abışovun çatılmış qaşlarına, bir də bişmiş 

«A»ya baxdı və Isgəndər Abışovun belə vitamin təəssübkeşliyi elə bil arvada təsir 

etdi, pomidoru qabağına çəkib yeməyə başladı. 

Isgəndər Abışov, əlbəttə, bu işdən çox razı qaldı. 

O gün Dürdanə  nənəsinin xahişi ilə Cavanşirgilin otağına gəlib qayçı istədi, 

sonra qayçını gətirib qaytardı, günorta nahar üçün yeməkxanaya düşəndə Cavanşirlə 

üz-üzə gəldi, salam verdi və Cavanşir də bu dəfə açıq-aşkar gördü, hiss etdi ki, bu 

qız onunla qarşılaşanda, salamlaşanda, baxışında tamam-kamal özünü itirir və 

qıpqırmızı qızarır. 

– Nədi, a kişi qırığı, nə  tərs-tərs baxırsan mənə, hə? Yenə gecə saat on ikiyə 

işləmiş  gələcəksən? – Güləndam nənə çarpayının üstündə oturub çeşməyinin 

yuxarısından Cavanşirə baxa-baxa gülümsəyirdi və bu gülümsəmədəki çox yüngül, 

xoş bir rişxəndə də şəkk-şübhə yox idi. 

Cavanşir güzgünün qabağında dayanıb uzun saçlarının ucunu düzəldirdi və 

güzgüdən də Güləndam nənəyə baxıb: 

– Bəlkə heç gəlmədim gecə... – dedi. 

Ən maraqlısı bu oldu ki, Güləndam nənə bu sözlərə lağ eləmədi, inandı bu 

sözlərə, içini çəkib: 

– Cavanşir... – dedi və arvadın gözlərindəki rişxənddən əsər-əlamət qalmadı. 

– Nədi, nə Cavanşir?.. 

Və həmin axşam Cavanşir Şuşa istirahət evinin yuxarısındakı tutluğa vaxtından 

yarım saat əvvəl gəldi (Dürdanə eyvanda dayanmışdı  və Cavanşiri  Şuşa 

sanatoriyasının həyətindən bu qızın gizli bir təlaşla, gizli bir narahatlıqla dolu 

gözləri yola saldı). 

Tutluq yalnız tut ağaclarından ibarət deyildi, bura güllü-çiçəkli bir düzənlik idi, 

burada  Şuşanın cır alması vardı, itburnu, böyürtkən kolları da vardı  və buralar 

Cavanşirin yaxşı yadına gəlirdi, uşaqlıqda buralarda çox oynamışdı  və o da 

Cavanşirin yaxşı yadına gəlirdi ki, itburnu bu tərəflərdə, kim bilir, bəlkə, elə bütün 

dünyada yeganə ağacdı ki, əvvəlcə yarpaqlayır, sonra çiçək açır. 

Qabaqlar, beş-altı il bundan əvvəl Cavanşirgil – atası, anası, nənəsi hər yay 

Şuşaya gələrdilər, ev kirayə tutub yayı burada qalardılar və tutluğu gəzə-gəzə o uzaq 

uşaqlıq illəri yenə Cavanşirin yadına düşdü: maykalarının ətəyini cır almayla, hələ 

yetişməmiş göy gavalıyla doldurardılar və bu bir ətək cır almanın, göy gavalının 

hamısını dişləri qamaşanacan, damaqları, dodaqları keyiyənəcən duzla yeyərdilər, 

vəhşi gilas ağaclarına dırmaşıb üst-başları, sir-sifətləri qıpqırmızı olanacan doymaq 

bilməzdilər. 

Əlbəttə, o zaman Cavanşirin ağlına gəlməzdi ki, bir vaxt, beləcə bu tutluğa 

gələcək, o uzaq, çox uzaq uşaqlıq illərini xatırlayacaq, siqaret çəkə-çəkə bu gül-

çiçəyin arasında dolaşacaq və Mədinə xanımı gözləyəcək. 




 

144


Gün yavaş-yavaş əyilirdi və bu axşam ərəfəsində, bu gecə ərəfəsində Cavanşir 

özünü azad və  sərbəst hiss edirdi, düzdü, Cavanşirin ürəyində yenə kiçik bir 

nigarançılıq vardı, amma daha Cavanşir öz-özünə inanmışdı, daha heç kimin 

yanında, nə Isgəndər Abışovun yanında, nə də başqa birinin yanında dona girməyə 

bir ehtiyac yox idi. Cavanşir özü olmalıydı, çünki o – özüdür bu saat, bax, bu 

düzənlikdə gəzişən, o – özüdür Mədinə xanımla tanış olan və bu saat Mədinə xanımı 

gözləyən. 

Cavanşir bugünkü görüş üçün hər  şeyi hazırlamışdı  və daha ağzına su alıb 

dayanmayacaqdı, dünənki lal-dinməzliyi, dünənki  əfəlliyi yadına düşdükcə tamam 

pərt olurdu və bunu özündən uzaqlaşdırmağa, unutmağa çalışırdı; bu düzənlikdə, bu 

tut ağaclarının, bu armud, cır alma, vəhşi gilas, gavalı  ağaclarının, böyürtkən, 

itburnu kollarının arası ilə  gəzişə-gəzişə Cavanşir Mədinə xanımın hörmətini və 

məhəbbətini qazanacaqdı; kim bilir, bu işlərin axırı  nə olacaqdı  və  bəlkə elə lap 

evlənəcəkdilər Mədinə xanımla... 

Cavanşirin ürəyini bir intizar bürümüşdü və bu intizarda gizli bir sevinclə 

bərabər bir naməlumluq da vardı. Cavanşir tez-tez aşağı,  Şuşa istirahət evindən 

qalxan cığıra tərəf baxırdı  və get-gedə onun həyəcanı daha da artırdı, amma bu 

həyəcanda da bir sevinc vardı, isti bir nəfəs vardı və bir naməlumluq vardı. 

Cavanşir Mədinə xanımın gəldiyini əvvəlcə hiss etdi, elə bil bu gül-çiçəyin, bu 

yaşıl ağacların üstündən çox xəfif, çox incə bir meh əsib keçdi, sonra Cavanşir cığıra 

tərəf baxdı və tutluğa qalxan Mədinə xanımı gördü. 

Mədinə xanım uzaqdan əlini qaldırıb yellədi, Cavanşiri salamladı və onun əlinin 

bu ürəkdolusu, ahəstə  hərəkətində yenə bir mehribanlıq, bir ülfət vardı  və birdən-

birə Cavanşir özünü bu mehribanlığa, bu ülfətə layiq bilmədi, ona yenə elə gəldi ki, 

bu ahəstəliyin, bu yüngüllüyün, bu sevinc dolu sərbəstliyin və azadlığın müqabilində 

bir heçdir. 

Mədinə xanım bu axşam tamam başqa paltar geymişdi, əynində açıq rəngli geniş 

don vardı və bu zövqlə tikilmiş açıq rəngli və geniş don da bu saat bir sevincdən, 

azadlıq və  sərbəstlikdən xəbər verirdi; Mədinə xanım başına  şlyapa qoymamışdı, 

saçlarını da yığmamışdı  və  Mədinə xanımın uzun qızılı saçları üzünə, boynuna, 

çiyninə, sinəsinə tökülmüşdü və bu qızılı saçlar da bu saat sevincdən, azadlıqdan və 

sərbəstlikdən xəbər verirdi; bütün bunlar hamısı Cavanşirçün idi, Cavanşir buna 

inanmalı idi və bütün bunlar hamısı olmalı idi. 

Əslində, lap əslində, Cavanşir qorxurdu ki, birdən Mədinə xanım onun görüşünə 

gəlməz. 



 

145


Mədinə xanım Cavanşirlə  əl tutuşdu, Cavanşirin  əlini ürəkdən gələn bir 

hərarətlə sıxdı və Cavanşir ürəkdən gələn bu hərarəti o saat hiss etdi, Cavanşirə elə 

gəldi ki, ovcundakı bu əl bütün gecəni, bütün günü bu ovcun həsrətini çəkib; 

Cavanşirlə  Mədinə xanım güllərin, çiçəklərin arası ilə yanaşı  gəzməyə başladı  və 

yenə də hazırladığı, bayaq öz-özünə dediyi bütün sözlər Cavanşirin yadından çıxdı 

və hətta Cavanşir öz-özünə təəccüb etdi ki, bu gözəl qadın, bu ağıllı qadın onun kimi 

əbləhdə, bir uzundrazda nə görüb və onun kimi heçliyə bu nə  şərəfdi belə?  Ən 

qəribəsi isə bu oldu ki, Cavanşir birdən-birə hiss etdi: bax, burada, Şuşada, bu 

ağacların arasında keçən o uşaqlıq illəri heç bir uzaqlıqda-zadda deyildi, elə bil 

dünənin söhbəti idi; bu hiss Cavanşiri əməlli-başlı sarsıtdı və Cavanşir bir müddət 

heç bilmədi ki, Mədinə xanım nə danışır, sonra Mədinə xanımdan icazə almamış 

titrəyən barmaqları ilə bir siqaret çıxarıb yandırdı, sonra fikirləşdi ki, Mədinə 

xanıma da siqaret təklif etmək lazım idi və ümumiyyətlə, bu saat Mədinə xanımın 

qoluna girmək lazım idi, nəsə maraqlı bir söz danışmaq, nəsə bir iş görmək lazım 

idi. 

Nə gözəl hava idi, günəşin şəfəqləri üfüqü necə də qıpqırmızı qızartmışdı, gün 



necə  də uzun idi; Mədinə xanım istirahətə  həmişə  tək gedirdi, bəlkə  də bu bir 

eqoizm idi, ola bilər, amma başqa cür bu gözəllikdən, bax, beləcə  həzz almaq, 

gözəlliyi bu cür duymaq, hiss etmək, bəzən mümkün olmurdu; gözəlliyi duymaq, 

hiss etmək, gözəllikdən zövq almaq özü bir eqoizm deyilmi? Görünür, eqoizm insan 

təbiətinin elə bir hissəsidir ki, ondan yaxa qurtarmaq, tamam yaxa qurtarmaq 

mümkün deyil, bəlkə heç lazım da deyil. Əslində  tənhalıq hissini yaradan da 

eqoizmdir, bax, bu, dəhşətdir, bu, pisdir, bu yerdə  gərək mütləq başqalarını 

fikirləşəsən, başqalarını düşünəsən, tənhalığa qapılmayasan, bu zaman gərək 

başqasının sevincinə şərik olmağı bacarasan; əlbəttə, tənhalıq bəzən adamı elə təqib 

edir ki, ondan qaçmaq olmur, iyirminci əsrin bu bəlası adamı dinc qoymur bəzən; 

bütün bu sözlərdən, bu fikirlərdən, bu etiraflardan sonra Mədinə xanım heç nə 

olmayıbmış kimi, çox sadəcə və çox da təbii Cavanşirin qoluna girdi və bir an onun 

qoluna sıxılıb soruşdu: 

– Hara gedəcəyik? 

Əlbəttə, Cavanşir belə sual gözləmirdi və döyüküb qaldı; sonra bir ildırım 

sürətilə, çox təcili cavab axtarmağa başladı  və birdən-birə Isgəndər Abışov yadına 

düşdü, cibindəki təqaüdü yadına düşdü və heç özü də bilmədi ki, necə dedi: 

– Gedək parka... kababxanaya... 

Mədinə xanım bu dəfə gizlədə bilmədiyi bir təəccüblə Cavanşirə baxdı: 

– Acmısınız? 

Cavanşir qulaqlarının dibinə kimi qıpqırmızı  qızardı  və  əlini üzünə aparıb 

yalandan alnını qaşıdı ki, Mədinə xanım bunu görməsin; bircə anın içində yüz iyirmi 

səkkiz kiloluq Əbülfət gəlib durdu gözlərinin qabağında və  Əbülfətin 

kababxanasındakı kabab iyi, quyruq iyi, araq iyi Cavanşirin burnuna gəldi və bu 

təmiz havada, bu gülün-çiçəyin içində, bu gözəl qadının yanında belə bir əbləh fikrin 

ağlına gəlməsinə heyrət etdi. 

– Yox... acımamışam... – dedi Cavanşir. – Elə-belə dedim... 

Mədinə xanım yenə Cavanşirə baxdı, sonra elə bil birdən-birə nəsə tapdı və bir 

sui-qəsd hazırlayırmış kimi yavaşcadan, özü də çoxdan bəri axtardığı bir şeyi tapan 

adamlar kimi sevinclə dedi: 

– Bilirsiz... Gəlin gedək mənim otağıma. Mən otaqda təkəm, başqa heç kim 

olmur... 




 

146


Cavanşir qulaqlarına inanmadı. 

Mədinə xanım dedi: 

– Mənim pəncərəmdən üfüq də görünür. Bir yerdə tamaşa eləyərik günəşin 

batmasına... 

Mədinə xanımın üfüqlə günəş barədəki sözləri bir az süni çıxdı.  

Onlar istirahət evinə enən cığıra düşdülər. 

Onlar Mədinə xanımın otağına gedirdilər və Mədinə xanımdan başqa bu otaqda 

heç kim yox idi. 

Cavanşir, heç olmasa, beş dəqiqə tək qalmaq istəyirdi, özünə gəlmək istəyirdi. 

Aşağıda  Şuşa istirahət evinin ikimərtəbəli, üçmərtəbəli binaları görünürdü, 

yavaş-yavaş pəncərələrin işıqları yanırdı. 

Cavanşir dedi: 

– Gedim konyak alım... 

Mədinə xanım dedi: 

– Lazım deyil... Məndə konyak var... 

Onlar elə danışırdı, elə bil, doğrudan da, ortada bir sui-qəsd var idi. 

Mədinə xanım Cavanşirin qolundan tutmuşdu və  hərdən ayağı büdrəməsin, 

yoxuşu enəndə otun üstü ilə sürüşməsin deyə Cavanşirə qısılırdı. 

Cavanşirin boğazı tamam qurumuşdu və siqaret də  çıxarıb yandıra bilmirdi və 

Cavanşir  əslində bunu da bilmirdi ki, belə bir həyəcanın səbəbi sevinməyindəndi, 

çəkinməyindəndi, ya nədəndi. 

Mədinə xanım cığırın kənarındakı alça ağacının yanında ayaq saxladı: 

 – Ikimizin bir yerdə içəri girməyi yaxşı deyil, – dedi. – Hər halda, Şuşa Şuşadı, 

Karlovı-Varı deyil, – dedi və gülümsədi. – Bax, o qıraqdakı ikimərtəbəli binanı 

görürsünüz, sol tərəfdən lap birinci pəncərə  mənimdi, ikinci mərtəbədə, – dedi. – 

Gördünüz? 

Cavanşir: 

 – Hə, görürəm... – dedi. 

Mədinə xanım: 

 –  Qoyun  əvvəlcə  mən gedim, – dedi. – Sonra, beş-altı  dəqiqədən sonra siz 

gəlin... Qapını açıq qoyacağam... – Mədinə xanım gülümsədi. – Oldu?.. – deyə 

soruşdu.  

Cavanşir: 

 – Hə... – dedi.  

Mədinə xanım  əlini Cavanşirin qolundan çəkib cığırla aşağı düşdü. Mədinə 

xanım  əlini onun qolundan çəkəndə bu hərarətli  əl bir neçə an Cavanşirin çılpaq 

qolunda sürüşdü və bu hərəkət Cavanşirin içinə bir titrətmə gətirdi. 

Mədinə xanımın  əlinin Cavanşirin qolundakı  hələ  də istisi qalmış yerinə  sərin 

meh toxundu. 

Bir sərin meh əsməyə başladı. 

Gün özü daha görünmürdü, amma üfüq qıpqırmızı idi. 

Cırcıramalar yavaş-yavaş axşam cırıltısına başlamışdı  və bu cırcırama səsinə 

hardansa arabir qurbağaların da qurultusu qarışırdı. 

Yağış yağacaqdı? 

Birdən Cavanşirə elə  gəldi ki, ürəyində  nə vaxtdandı bir yağış  həsrəti var; bir 

şıdırğı yağış istəyir ürəyi; bir ildırım çaxsın, göyün qaranlığında bir ildırım parlasın, 

hər tərəfi bir ildırım səsi lərzəyə gətirsin; Cavanşir bütün bədəni ilə bu şıdırğı yağışı 

hiss etdi. 




 

147


Üfüqün şəfəqləri get-gedə solurdu tamam. 

Sonra Mədinə xanımın pəncərəsində işıq yandı. 

Cavanşir alça ağacına söykənib o pəncərə işığına baxırdı və bu saat tamam əmin 

idi ki, həmin otağa girəndə Mədinə xanım onu əyninə geydiyi yaraşıqlı, uzun xalatla 

qarşılayacaq və Mədinə xanım divanda oturanda ətəkləri arasından çılpaq baldırları 

görünəcək.  

Ən pisi, ən dəhşətlisi bu idi ki, o çılpaq baldırlar bu saat Cavanşirə heç bir sirli 

aləmdən, heç bir kefdən, məstlikdən xəbər vermirdi və elə bil ki, o çılpaq baldırlar 

Cavanşirin ürəyindəki yağış həsrətini çirkləndirirdi, lap çirkaba batırırdı.  

Əlbəttə, Cavanşir başa düşürdü ki, belə eləmək olmaz, belə bir iş kişilikdən 

deyil, bu, uşaqlıqdı, lap uşaqlıqdı, amma ayaqları Cavanşirin sözünə baxmırdı, 

ayaqları onu bu cığırdan, bu alça ağacının yanından və  ən başlıcası isə o pəncərə 

işığından uzaqlaşdırırdı; ayaqları Cavanşiri harasa başqa yerə aparırdı, onu bu 

tərəflərdən qaçırırdı.  

Cavanşir cığırdan çıxıb otluqla gedirdi və Cavanşir heç özü də bilmədi ki, Şuşa 

istirahət evi necə arxada qaldı, o işığı yanan pəncərə, onu çağıran, onu gözləyən 

pəncərə necə görünməz oldu, necə gəlib Şuşanın aşağı başındakı Qayabaşına çıxdı. 

Qayabaşı tərəfdə heç kim yox idi və artıq tamam qaranlıq çökmüşdü. Qarşıdakı 

dağların arasındakı  kəndlərin işıqları yanırdı  və bir-birindən xeyli aralı bu kəndlər 

gecənin qaranlığında dağların arasında, dağların döşündə ovuc-ovuc işıqlar idi, elə 

bil ki, çox-çox uzaqlardakı ayrı-ayrı  kəhkəşanlar idi və Cavanşir bu uzaqlıqdakı 

yaxınlığı duydu, hiss etdi və birdən-birə ağlına gəldi ki, onun fikri, düşüncəsi, hissi 

Dürdanə üçün heç bir uzaq qalaktika-zad deyil. 

Qarşıdakı bu kəndlərin işığı elə bil ki, bir istilik gətirdi. Cavanşir bu saat bütün 

bu tərəflərdə, bu qayaların arasında bu dağlarla üzbəüz tamam tək idi, qayaya 

söykənib oturmuşdu, kəndlərin ovuc-ovuc işıqlarına – dağların arası ilə  qıvrılıb 

gedən, Molla Nəsrəddin yolunda hərdənbir görünən maşın işıqlarına baxırdı və ona 

elə  gəlirdi ki, əslində  tək deyil, kimsə yanındadı, kiminsə  nəfəsini hiss edir, sonra 

ona elə  gəldi ki, bu nəfəs, bu üns Dürdanənindi: Cavanşir bu fikrin 

gözlənilməzliyinə  və bu fikrin həqiqətinə heyrət etdi; Cavanşir birdən-birə qorxdu 

ki, nənəsi Dürdanənin yanında da ona «a kişi qırığı» deyər. 

Bu tərəflər tamam sakitlik idi və qarşıdakı yarğanın dibi ilə axan Daşaltı çayının 

qıjıltısı aydın eşidilirdi. Yarğanın o tayındakı Xəznə qayasının isə kölgəsi qaralırdı, 

sıldırımları hiss olunurdu və Cavanşir uşaqlıqda bu yerlərə çox gəlmişdi, bilirdi ki, 

Xəznə qayasına Qızıl qaya da deyirlər: Qacar Şuşaya basqın edəndə Ibrahim xan 

var-dövlətini Xəznə qayasının üstündə basdırır, bu işi iki nəfər görür, sonra biri o 

birini qayadan tullayır ki, xəzinənin sirrini heç kimə verməsin, sonra özü də Xəznə 

qayasında yoxa çıxır. 

Xəznə qayası isə indi insanın belə bir əməli müqabilində əzəmətlə dayanmışdı, 

özü də lap canlı idi. Xəznə qayası cansız sıldırım qaya deyildi, nəfəs alırdı, qulaq 

asırdı, görürdü və susurdu. 

Hərgah dünyada, bax, bu Xəznə qayası vardısa, bax o Daşaltı çayının qıjıltısı 

beləcə eşidilirdisə, bax, o ovuc-ovuc işıqlar beləcə yanırdısa, Isgəndər Abışov niyə 

öz həyatından narazı idi və niyə günlərinin yeknəsəqliyindən danışırdı? 

Sonra birdən-birə ildırım çaxdı, birdən-birə  şıdırğı bir yağış başladı  və bir 

müddətdən sonra bu Şuşa yağışı birdən-birə başladığı kimi birdən-birə də kəsdi. 




 

148


Əslində, lap əslində, Cavanşir qorxmurdu ki, birdən Mədinə xanım onun 

görüşünə  gəlməz, Cavanşir istəmirdi ki, Mədinə xanım gəlsin; Cavanşir özü bunu 

bilmirdi, amma bu belə idi; amma Mədinə xanım gəldi və Cavanşir qaçdı. 

Sonra yavaş-yavaş bir duman gəldi, qarşıdakı ovuc-ovuc işıqlar  əvvəlcə bu 

dumanda yayıldı, sonra tamam görünməz oldu, Xəznə qayası da dumanda yox oldu 

və Cavanşirə elə gəldi ki, sabahkı gündü, onun anadan olduğu gündü, bir qız, cavan, 

təmiz, utancaq bir qız Cavanşirin çox xoşladığı alma piroqu bişirib gətirib onu təbrik 

edir, Cavanşiri dünyanın ən cəsuru bilir, Cavanşirin heç nədən qorxmamağı ilə, heç 

nədən çəkinməməyi ilə fəxr edir və bu, doğrudan da, belədir; o cavan qız, o təmiz, 

utancaq qız başqa heç nə demir, utana-utana, qızara-qızara özünü məcbur edir, 

Cavanşirin yanağından öpür və bu xəfif öpüşü bütün bədəni ilə hiss edən Cavanşir 

də hamının gözünə dik baxa bilir, çünki Cavanşir istəklidir, çünki Cavanşir arxadır, 

çünki Cavanşir istinadgahdır; və Cavanşir hər tərəfi bürümüş bu duman içində 

Dürdanənin gözlərini, üzünü, saçlarını aydınca gördü... 

Şuşa sanatoriyasının həyətində isə Müslümün klarnet çalmağına imkan olmadı. 

Şuşaya duman gəlmişdi, amma Sadıq müəllimin meydana toplaşanlarla 

sağollaşmasından qabaq Hüsaməddin Alovlu ondan icazə aldı, meydanın ortasına 

çıxıb bu gün yazdığı yeni şerini oxumağa başladı: 

 

Nevesta budeş 



Tı materi moey! 

Oçen xoroşo! 

Oçen xoroşo! 

 

Hüsaməddin Alovlunun bu sətirləri Marusya Nikiforovanın ürəyindən xəbər 



verirdi və o, meydanın ortasındakı bu sevimli oğlana baxa-baxa dünyanın ən gözəl 

şerinə qulaq asırdı. 

Və bu dəm xalatlı Isgəndər Abışov da Şuşa sanatoriyası kitabxanasının qapısı 

ağzında dayanıb gizlin-gizlin Azadəyə baxırdı  və fikirləşirdi ki, görəsən, ona 

imzasız sevgi məktubu yazan bu qızdı, yoxsa yox? 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin