Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə22/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   18   19   20   21   22   23   24   25   ...   147
  


 

124


III 

Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı 

və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində 

əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, 

doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu 

ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir 

az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf 

məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi 

ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, 

rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir 

verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu 

kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı. 

Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. 

Ikinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də 

alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı  və yenə  də birdən-birə  Cəbi 

yadına düşdü, öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-

çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəni-çiskini üçün darıxdı, 

fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı 

boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq. Usta 

fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin 

qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, 

harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı 

illər boyu gördüyü, rastlaşdığı  və  bəlkə  də hamısının indi yer üzündə olmadığı 

adamların sifəti. 

Ikinci gün də Əliabbas kişinin çəkic, mişarına müştəri tapılmadı. 

Üçüncü gün hava bir balaca tutuldu, xəzri  əsməyə başladı.  Əliabbas kişi bir 

müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, 

bəlkə kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını 

istəyirdi), amma yavaş-yavaş göy açıldı  və  Əliabbas kişi də torbasını qoltuğuna 

vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü. Üzbəüz 

skamyada cavan bir gəlin  əyləşmişdi, bir əlində kitab tutmuşdu, o biri əli ilə çağa 

yatmış kalyaskanı asta-asta yelləyirdi. Gözlərini kitabdan ayırıb  Əliabbas kişiyə 

baxdı və salam verdi. Əliabbas kişi gəlinin salamını aldı və yadına saldı ki, dünən 

də, srağagün də bu gəlin bağçada idi. Gəlin gülümsədi və Əliabbas kişiyə elə gəldi 

ki, bir balaca başını buladı, yəni ki, bu nə müştəri axtarmaq dəsgahıdı, kişi? Əlbəttə, 

ustanın öz halal puluna aldığı mişar-rəndəni satmasının heç kimə  dəxli yox idi, 

amma hər halda bu gəlinin bu cür gülümsəyib başını bulaması adamı bir balaca 

naqolay vəziyyətə salırdı. Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların 

çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdi və bu zaman iyirmi beş-

iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-

kalamsız soruşdu: 

– Neçiyədi, kişi, bu zubul? 

Əliabbas kişi istər-istəməz ilk növbədə bu oğlanın  əllərinə baxdı  və  oğlan da 

həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi: 

– Nədi, kişi,  əlimə baxırsan görəsən ustayam, ya yox? Ustayam, özü də lap 

yaxşısından, lap kefin istəyəndən,  əlimdə  də, bax, görürsən, bir dənə döyənək də 

yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə 

lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri... 




 

125


Əliabbas kişi bu şəstli oğlana: 

– Get, bala, get, – dedi. Get al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu 

al? 

Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi. 



Bu oğlan bəlkə də usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma 

onun ürəyi usta ürəyi deyildi. 

Üçüncü gün həmin oğlan  Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə 

adam oldu. 

Dördüncü gün Əliabbas kişi həyətə  çıxıb alətxananı açdı, torbasını götürdü və 

hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə  mənalı-mənalı 

bir-birinə baxdı, yəni ki, ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. 

(Tramvaysürən Ağamehdinin anası və məhəllənin ən birinci qiybətçisi tın-tın Firuzə 

şayiə yaymışdı ki, usta Əliabbasın oğulları, gəlinləri ona yaxşı baxmırlar, kişi də 

naəlac qalıb öz çəkicini, kəlbətinini satır; düzdür, bu söhbəti eşidən məhəllə 

arvadları  tın-tın Firuzənin ağzından vurmuşdu, amma hər halda yaxşı söz-söhbət 

deyildi bu.) 

Əlbəttə, Anaxanım da, Məsmə də həmin günün macərasını bilsəydilər, indi bir-

birlərinə bu cür mənalı-mənalı baxmazdılar və dilxor da olmazdılar.  

Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək  əvəzinə, torbanı 

qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu, qollarını çırmalayıb skamyanı 

düzəltməyə başladı  və  ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz 

işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin 

də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi. Bir 

saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi 

ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. 

Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə  əl gəzdirməyə başladı, sonra 

həyətin  şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş  çəkdi, sürahilər təzələndi, 

pəncərə  çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta 

pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı, gecə 

yatanda kişilər arvadlarının yanına keçdi, Cavanlar damdan evə köçdü, yüz yaşlı 

xartutun meyvəsi çoxdan yeyilib qurtardı, yarpaqları saralmağa başladı,  Əliabbas 

kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Elə bil şeytan ustanı 

çaşdırıb yoldan eləmək istəyirmiş ki, işi-gücü burax, gəl otur, ölümünü gözlə. Bütün 

məhəllə  və o cümlədən də  Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə 

cavanlaşmasına məəttəl qalmışdı, hətta Əliqulu bu işdən o qədər vəcdə gəlmişdi ki

kişinin  şəninə poema yazmağa başlamışdı  və bir gün məhəlləyə  xəbər yayıldı ki, 

qəzetdə  Əliqulunun poemasından bir parça çap olunub. Əliqulu  şeri qırıq-qırıq 

misralarla yazırdı və məhəllədə bu şerlərə barmaqarası baxırdılar, amma camaat ki, 

qəzetdə  Əliqulunun imzasını, bir neçə misrada Əliabbas kişinin adını gördü, bu 

cavan şairin hörməti məhəllədə birə-on artdı, Anaxanım da, Məsmə də Əliqulunun 

şerini qəzetdən kəsib uşaqların, qohum-əqrəbanın  şəkillərini yığdıqları alboma 

qoydular; Əliabbas kişinin özü isə qəzetə baxdı və təkcə başını buladı. 

Qəssab Ağanəcəfin arvadı Balacaxanım küçə qapıları  ağzında dayanıb tum 

çırtlaya-çırtlaya başına toplaşmış cavan məhəllə qızlarına göz vurub deyirdi: 

– Kişi yaman dirilib!.. Bir də gördün sabah özünə cavan bir arvad alıb!.. Hər 

səhər də yorğan-döşəkdən qalxanda arvadın gözlərinin altı qapqara... 

Balacaxanım bu sözləri deyirdi və bərkdən şaqqanaq çəkib gülürdü. 

Əliabbas kişi gecələr daha o dörd misranı bir o qədər də tez-tez yadına salmırdı: 




 

126


 

Yatıram yanım ağrır, 

Dururam canım ağrır. 

Sən yadıma düşəndə, 

Tamam əndamım ağrır. 

 

Əlbəttə, ona görə yox ki, Tubuxanım daha gec-gec yadına düşürdü; ona görə ki, 



əli-ayağı ağrıyanda yenə də əvvəllərdəki kimi işin çoxluğundan ağrıyırdı, qocalıqdan 

yox. 


Hamı bu fikirdə idi ki, Əliabbas kişi də, həyətlərindəki xartut kimi, yüzü ötəcək. 

Balacaxanım hərdən gəlib  Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada 

otururdu. Məhəllənin qızları  iş-gücdən on dəqiqə  də olsa vaxt tapıb onun başına 

yığışırdı  və Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən  şaqqanaq çəkib gülə-

gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu. Bir dəfə də tərs-

tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi: 

– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim 

qapının ağzında bir skamya düzəltmirsən də mənimçün... 

Balacaxanım beləcə gileyləndi, gülümsədi və qızıl dişləri gün işığında parıldadı. 

Balacaxanım ağzındakı sapsağ dişlərinin hamısını qızıl karonkaya saldırmışdı və tın-

tın Firuzə də bu qızıl dişlərin paxıllığından yanıb-yaxılırdı. 

Əlbəttə, Balacaxanım söz idi deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi 

deyəcək: 

– Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm... 

Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi: 

– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir 

məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda 

gün düşməsin üstümüzə... 

Yay vaxtları səhərdən qəssab Ağanəcəf axşam işdən qayıdanacan Balacaxanım 

küçə qapısı  ağzında dayanıb o qızla, bu gəlinlə söhbət edirdi, laqqırtı vururdu və 

hamı təəccüb edirdi ki, hərəsi bir-birindən bir yaş böyük beş uşağın xörəyini kim və 

necə bişirir. Tın-tın Firuzə belə deyirdi ki, guya qəssab Ağanəcəf yazıq, gündüzlər 

kolxoz bazarında  ət satır, axşamlar da qonşular görməsin deyə gizli-gizli sabahın 

xörəyini bişirir; bu barədə bir söz deyə bilmərik, amma bir həqiqət vardı ki, hamı 

qəssab Ağanəcəfdən çəkinirdi, qəssab Ağanəcəf isə Balacaxanımdan qorxurdu.  

Əliabbas kişi: 

– Neynək, – dedi, – talvar da düzəldərəm. – Əlbəttə, məsələ onda deyildi ki, 

Balacaxanım həmin talvarlı skamyada oturub laqqırtı vuracaqdı, məsələ onda idi ki, 

Əliabbas kişinin əllərinin bir bəhrəsi də artacaqdı. – Taxta lazımdı bir az... 

Balacaxanım: 

– A-a-a... – dedi. – Nə var ona?.. Ağanəcəfə deyərəm, lap bir vaqon taxta 

tökdürər bura... 

Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı 

ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi 

bircə günlük işi talvarı düzəltmək qalmışdı ki, Balacaxanım tın-tın Firuzə kimilərin 

acığına, elə bil toya gedirdi, geyinib-kecinib otursun bu talvarlı qiyamət skamyada. 

Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı 

ustalığının şah əsəridi.  




 

127


Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı  və yüz yaşlı 

xartutun həyətə  səpələnmiş  xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın 

üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə 

baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin 

qapısına tərəf boylandı  və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir 

nigarançılıq bürüdü. 

Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı. 

Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə 

başladılar ki, məktəbə gecikməsinlər. 

Əliabbas kişi həyətə çıxmadı. 

Anaxanım çəkinə-çəkinə qayınatasını  işə getməyə hazırlaşan Ağamuxtardan 

xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və  həyətə 

düşüb atasının yatdığı otağa girdi. 

Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi. 

Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-

getdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay 

içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi. 

Çoxadamlı o həyət elə bil, kişinin getməyilə yetimləşmişdi. 

O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi. 

Səhər isə  məhəllə görünməmiş bir hadisənin  şahidi oldu: Balacaxanımın küçə 

qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi.  

Bütün məhəllə, qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım 

da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər. 

Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı  və ümumiyyətlə, 

məhəllədə belə bir şayiə  gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini 

gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin