Nİzami GƏNCƏVİ SİRLƏr xəZİNƏSİ


İKİ RƏQİB ALİMİN HEKAYƏTİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix31.01.2017
ölçüsü0,64 Mb.
#6770
1   2   3   4   5   6   7

İKİ RƏQİB ALİMİN HEKAYƏTİ 
 
İki alim yaşardı hikmət evi dünyada, 
Höccət başdan aşardı hikmət evi dünyada. 
Hər biri ʺmənʺ, ʺmənʺ dedi, ʺsənʺ, ʺsənʺ deyən olmadı, 
Bu mənzilin sahibi ʺsənsənʺ deyən olmadı. 
İki deyil yaradan, tanrı təkdir dünyada. 
Bir baş varkən, ikinci nə gərəkdir dünyada? 
İki Cəmşid bir yerdə dövran sürə bilərmi? 
İki qılınc bir qına, söylə, girə bilərmi? 
Bir‐birinə qənimtək kələk qurdu alimlər, 
ʺHikmət evi mənimdirʺ deyib durdu alimlər. 
Hikmət evi çevrildi kin‐ədavət evinə, 
Biri köçsün, ev dönsün bir ədalət evinə. 
Canla, başla girişdi iki yağı köçməyə. 
Hazırlaşdı hər biri toran çağı köçməyə. 
Dedilər ki, bu evdən köçsək daha yaxşıdır, 
İki şərbət düzəldib içsək daha yaxşıdır. 

 
84
Bir görək ki, kim kimə yağıdan da betərdir, 
Görək kimin şərbəti ağıdan da betərdir. 
İki hikmət mülkündə qala bilək hünərlə, 
Bir bədənə iki can ala bilək hünərlə. 
Biri zəhər düzəltdi ‐ beyni‐başı yandıran, 
Üfunəti, qoxusu qara daşı yandıran. 
Verib dedi: ʺNuş eylə, nəşə verən meydi bu,  
Zəhər deyil, şərbətdən daha şirin şeydi bu.ʺ 
Şirürəkli bildi ki, qatıb meyə ağını, 
Alıb çəkdi başına şərbət deyə ağını. 
Çimmək üçün qaynatdı nuşgiyanı əlüstü, 
Tiryək kəsdi zəhəri, hər ziyanı əlüstü.   
Pərvanətək yansa da yenə qanad açdı o, 
Hər məclisə şam kimi öz nurunu saçdı o. 
Gül bağından gül dərdi, yaman güldü düşmənə, 
Zəhər deyil, qıydığı haman güldü düşmənə. 
Qəniminə uzatdı qoxuduğu o gülü. 
Püfləyərək bir əfsun oxuduğu o gülü. 
Nifrətiylə yağıya o, yağıdan betərdi, 
Gülündəki hər tikan o ağıdan betərdi. 
Əfsunlu gül ruhunu sıxdı, sıxdı yağının, 
Vahimədən, qorxudan canı çıxdı yağının. 
Dərdə əlac tapan kəs gülən oldu həyatda, 
Bircə güldən qorxan kəs ölən oldu həyatda. 
Yer üzünün bağında bir gül hanı əzəldən, 
Ləçəyinə hopmasın insan qanı əzəldən?! 
Bu zəmanə bağının baharısan dünyada, 
Qəm mülkünün sevimli nigarısan dünyada. 
Ağzına qara daş bas ağız açan torpağın, 
Dolduracaq ümmanı, söylə, haçan torpağın?! 
Bu ümmanın qoynunda oldu gəmin puç daha, 
Bu xarabat mülkündən, bu torpaqdan uç daha. 
Nə Günəşi, nə Ayı hünərinlə say göydə, 
Daldalansın kölgəndə Günəş göydə, Ay göydə. 
Göy çadırda Ay göyün dilbəridir, dilbəri, 
İbrahimin sevdiyi bir pəridir, bir pəri. 
Gündüzünü gecəyə döndəribdi bu fələk, 
Ülviyyətdən gör hara göndəribdi bu fələk. 
Günəş qəlbin nur saçsın gündüzünə cahanda, 
Həsrət qalma gecətək gün üzünə cahanda 
Gözdən arzu gülabı çiləməyi unutma, 
Qara gündə ağ günü diləməyi unutma 
Halallıqla yaşayıb ucal gözdə dağ kimi 

 
85
Son mənzildə tərəzi çəkər səni yağ kimi. 
Məsləkinlə qolunda qüvvət duysan əyər sən, 
Ədalət mizanını sanma tükcə əyərsən. 
Heç bir hünər sahibi ‐ comərd insan dünyada 
Məsləkini dünyaya satmaz, inan, dünyada. 
Sənin kimi dünyaya salmaz meyil Nizami. 
Sən uysan da dünyaya, uyan deyil Nizami. 
 
 
ON ÜÇÜNCÜ SÖHBƏT 
 
DÜNYANIN MƏŞƏQQƏTİ 
 
Özü qoca, qəlbi dar dünyaya bax gəl, indi, 
Boyasına aldanıb sanma təzə gəlindi. 
Qocalıqda cavantək görünən bu insanın 
Çələng deyil əlində, od‐atəşdir, inanın! 
Çeşməsinə aldanma, ilğım çağlar qoynunda, 
Səcdəsinə əyilmə, xaçdı yanan boynunda. 
Qəlbə tikan sancmamış gülmü taxar yaxana? 
Gül qucunca, gül kimi qanın axar yaxana. 
Yığdın dünya malını, bəli, dolu gedəsən, 
Əlidolu gəlmişdin, əlidolu gedəsən?! 
Varla köçən sanma ki, şər‐xatadan qurtarıb, 
Pul‐parasız köçənlər hər xatadan qurtarıb. 
Qazansan da, udsan da, çıxacaq var əlindən, 
Nə veriblər, axırda alacaqlar əlindən. 
Qiyamətə qoyarmı qalsın qisas bu dünya? 
İstəyir ki, hamıdan alsın qisas bu dünya? 
Baramanı qurduna toxutdurar həmişə, 
Qarışqayla o qurda qan uddurar həmişə. 
Cəfər kimi şam olsun sarı gülün qəlbinə, 
Çıraq kimi nur saçsın barı gülün qəlbinə. 
Yanma doqquz qapılı fələktək mis, qızılla, 
Altı başlı büt kimi təmiz, xalis qızılla. 
Kərəminlə tapdayıb əz qızılı kül kimi, 
Zər eşqindən açılıb gülmə qızılgül kimi. 
Bir qızıl ki, olmasın yaxşı adın üstündə, 
Mərgmüşlə kükürddür yanan odun üstündə. 
Zər aşiqin kim görüb ər kimidir həyatda? 
Tavusun da quyruğu zər kimidir həyatda. 
Od içindən dəmirlə zər götürən şah olar? 

 
86
Dəmirçidir, şah deyil, nəsibi də ah olar. 
Çox güvənən gördülər qızıl taca Qarunu, 
Öz günahı batırdı torpağaca Qarunu, 
Tac sevdası ‐ baş yükün, iztirabın, qəhərin, 
Qızıl taxtın ‐ atındır, qızıl tacın ‐ yəhərin. 
ʺCanım çıxsın, çıxmasın əldən qızılʺ deyirsən, 
ʺYığım, yığım ölüncə eldən qızıl deyirsən. 
Hərisliklə canını yaxar odu cahanın, 
Səxavətlə canından çıxar odu cahanın. 
Qızıl üstə qəlbini qanatmasan yaxşıdır, 
Əzəl gündən qızıla can atmasan yaxşıdır. 
Qızıl yığmaq yağ kimi yayar cana sarılıq, 
Yesən onu meyvətək keçməz qana sarılıq. 
Məşriq səpib əzəldən kainata qızılı, 
Məğrib etsin dünyaya neçin əta qızılı? 
Məşriq doğub səxavət günəşini dünyanın, 
Məğrib boğub səxavət günəşini dünyanın. 
Məşriq səhər borc verir çoxdur deyə altunu, 
Məğrib axşam borc alır yoxdur deyə altunu. 
Can mülkünün şahı da altun qucan olubdur, 
Sonra qızıl quş kimi əldən uçan olubdur. 
Dəməşq daşı məhəkdir qızılına Rum kimi, 
Altun eşqi canını əritməsin mum kimi. 
Alışsa da, yansa da, uyma qızıl pula sən, 
Torpaq sovur üstünə, dönmə aciz qula sən. 
Hansı başdan oğrutək papaq qapan olmayıb, 
Kim bu sarı iblislə yoldan sapan olmayıb? 
 
 
HACI VƏ SUFİ HEKAYƏTİ 
 
Kəbə eşqi qəlbində aşıb‐daşan hacının, 
Zəvvar kimi hamıyla halallaşan hacının 
Tanıyanlar, bilənlər xəbərdardı halından: 
Bircə kisə qızılı vardı dünya malından. 
Düşündü ki: bir sufi gözütoxdur əzəldən, 
Onun dünya varında gözü yoxdur əzəldən. 
İnanıram bir ona, dəyanəti var onun, 
Əmanətə kim deyər xəyanəti var onun. 
Durub getdi evinə, açdı dərdi sufiyə, 
Qızıl dolu kisəni saxlanc verdi sufiyə. 
Dedi: ʺSaxla, çıxmasa bu can, gəlib çıxaram, 
Qaytararsan yenə də haçan gəlib çıxaramʺ 

 
87
Hacı yola düzəldi, nəsibi qan‐tər oldu, 
Zər aşiqi bu şeyxə girov qalan zər oldu: 
Yarəb, mən nə uzağa, nə yaxına sığındım, 
Yoxsulluqda həmişə dərgahına sığındım. 
Kərəminlə ucaltdın gör ki, məni hara sən, 
Bir yoxsulu yetirdin istədiyi vara sən. 
Tez xərcləyim, yeyim ki, yüzü alar əlimdən, 
Tanrı özü versə də özü alar əlimdən. 
Açan kimi kisəni, aman, necə şelləndi, 
Kef‐damağı cağ oldu, neçə gecə şelləndi. 
Haman müftə qızılla tezcə harın oldu şeyx. 
Gödənini doldurub xaşalqarın oldu şeyx. 
ʺƏritdiyiʺ qızıllar qursağını yağladı, 
İpək telli sənəmlər qurşağını bağladı.  
Axır cini hürkütdü əbasının yırtığı, 
Dönüb oldu elində sırtıqların sırtığı. 
ʺŞikarınıʺ hülüdüb ac‐yalavac qaldı o, 
Çırağına tökməyə yağa möhtac qaldı o. 
Gəlib çıxdı axır ki, ziyarətdən bu hacı, 
Xəbərsizdi qızıldan, o qarətdən bu hacı 
ʺƏmanəti özümə qaytarʺ deyib ‐ dindi o. 
Şeyx dedi ki: batıbdır, yoxsa çıxıb indi o? 
İnad etmə, dilimə haçan yalan gəlibdir, 
Haçan viran bir kəndə xərac alan gəlibdir? 
Mənimtək arif hara, sən atdığın şər hara? 
Hava gəlib başına? Müflis hara, zər hara? 
Türkü soymaq mümkünmü? Türk soyubdur hamını. 
Hindu paltar güdəndir? Lüt qoyubdur hamını. 
Can evimdə qızılın dirəyimi sındırıb. 
Dirək nədir, belimi, kürəyimi sındırıb. 
Dözdü belə qarətə yazıq hacı gülüşlə, 
Göz yaşını sel kimi tökdü acı gülüşlə. 
Comərdliyin varsa da, bil ki niyə peşmanam. 
Müsəlmanam, etdiyim kafirliyə peşmanam. 
Dünya xata doğmağa yaranıbdır əzəldən, 
Xatakarı boğmağa yaranıbdır əzəldən. 
Comərdliyi hökm etdi: yandırmasın zər səni, 
Qoy yumşaltsın o şeyxin üzündəki tər səni. 
Tanrı özü vermişdi, özü aldı qızılı, 
Səxavəti, mərdliyi gözdən saldı qızılı. 
Öz‐özünü danladı: niyə zalım olum mən? 
O, yoxsulun biridir, nəyi var ki, alım mən? 
Bir çöpü də yox onun, nəyə çatır gümanı? 

 
88
Girovunu verməyə imanadır gümanı 
Əmanətdən qalıb ki, o, qıya qaytarmağa 
Nəmənəsi qalıbdır hacıya qaytarmağa. 
Dedi: ‐ Qəddin sınmasın günah yükündən sənin, 
Haram pullar halalın olsun bu gündən sənin. 
Fələk kimi dolanıb özün qazan neməti, 
Əldən qapıb ətəyə yığma asan neməti. 
Hərisliklə vurmayan ürək varmı dünyada? 
Etibarlı bir insan görək, varmı dünyada? 
Din‐imanın qızıldır, onu şeytana qıyma, 
Xaqanın qolbağını itsaxlayana qıyma. 
Başdan‐başa günahdır inləməyi yoxsulun, 
Aldığını verməyə yox heç nəyi yoxsulun. 
Dünyanın hər eybinə qəh‐qəh çəkib gül gündə, 
Məslək eşqi yaşatsın səni könül mülkündə. 
Sığın könül mülkünə, öz yerini bilən ol, 
Hünərinlə dünyanın hər eybinə gülən ol. 
Bu dünyanın darğası ancaq varı taladır, 
Yoxsullara toxunmaz varlıları taladır. 
Nə veribdir kasıba göz qoydursun bu fələk? 
İstər‐varlı karvanı tez soydursun bu fələk. 
Düşündürməz əzəldən öz əhvalı arını, 
Şirin candan eyləyər şirin balı arını. 
Şirin deyil, acıdır deyə əti aslanın, 
Bir vəhşi də ətini yeməz qəti aslanın, 
Ucalsa da, alçalıb günəş göydə sönəndir, 
Bədirlənib axırda Ay hilala dönəndir. 
Yalquzaqtək gəzməyi yerə xoşdur küləyin, 
Arxayındır boş gedir, əli boşdur küləyin. 
Öz pulları göstərər ayna sudan balığı. 
Bircə anda ovlayar balıqudan balığı. 
Arzu, istək tərəzin qızıl çəkən olmasın, 
Müqəddəssən, qəlbində çalış ləkən olmasın. 
İstəyinin yolunda saf çeşmətək çağla sən, 
Nizamitək könlünü ülviyyətə bağla sən. 
 
 
ON DÖRDÜNCÜ SÖHBƏT 
 
HAQSIZLIQ VƏ DOĞRULUQ 
 
Ey öküzə, ulağa harınlıqda tay olan! 

 
89
Ömrü, günü qəflətdə, gecə‐gündüz zay olan! 
Batıb‐çıxan Günəşin gərdişindən xəbərsiz! 
Bu lacivərd göylərin hər işindən xəbərsiz! 
Müdriklər əməliylə şöhrətidir aləmin, 
Nadanlar qəflətiylə möhnətidir aləmin. 
Hünər, qeyrət dəmidir, yatma əbəs həyatda, 
Ülviyyətə çatmağa göstər həvəs həyatda. 
Niyə kefli yatırsan? Qəsdindədir bu fələk, 
Aqillərtək ayıq ol, bil ki, nədir bu fələk. 
Yatanlara yaxşı bax, bu qəfləti tərk elə. 
Gör ki, hara gedirsən, axırını dərk elə. 
Ağlın huşsuz qocadır, anmaz səni heç zaman. 
Kimliyini bildirsən, danmaz səni heç zaman. 
Kamalına görədir şan‐şöhrətin dünyada, 
Onsuz adın, hünərin olar çətin dünyada. 
Öz ağlındır İsatək möcüzəni yaradan, 
Ulaq görmək istəməz, bil ki, səni yaradan. 
Ya ağlınla ucalıb al Günəşə qovuş sən, 
Ya da uca dərgahın qapısından sovuş sən. 
Yol göstərən ağılı məst eləmək yaramaz, 
Sərçə üçün tərlana qəsd eləmək yaramaz. 
Halaldır demişdilər hər məqamda, bu meyə, 
Sonra haram etdilər ağla düşməndir deyə. 
Çox da dünya qəmini pərən salan şərabdır, 
Ağa, içmə, ağlını əldən alan şərabdır. 
Çaxır duztək ciyərdə yanan odu söndürər, 
Əyyaşların bağrında, inan, odu söndürər. 
İçmə, huşyar eyləməz o içdiyin mey səni. 
Yaddan çıxar varlığın, şərab eylər key səni. 
Sərxoşluğa uyan kəs ələm çəkər ömürlük, 
Aqilliyin üstünə qələm çəkər ömürlük. 
Xülyaların gözləri qoy milinlə kor olsun, 
Meyxanənin meyiylə qoyma ciyər qor olsun. 
ʺƏlifʺ kimi öyünmə düzdür deyə qamətin, 
Lovğalıqdan əyilər bu fələyə qamətin. 
ʺƏlifʺ olsan, qanadsız quşa dönüb uçmazsan, 
ʺBeyʺ kimi əyilməsən, bu torpağı qucmazsan. 
ʺƏlifʺ qəddin olsa da hər məclisə yaraşıq, 
Yaraşarmı ʺəlifʺtək sən müflisə yaraşıq? 
Sən ki, tikan deyilsən, dikbaş görə el səni, 
Gülə bənzə, oxşasın həzin əsən yel səni. 
Həyat kimi dünyada çox qalmağa can atma, 
Uşaqtək oyuncağa sən də başını qatma. 

 
90
Üz qoyubdur batmağa şölə saçan günəşin, 
Zülmət çökər gözünə batsa haçan günəşin. 
Qaranlıqda gündüzün dönər heçə kölgəsi, 
Hər bir şeyin ikiqat artar gecə kölgəsi. 
Öyünmə ki, kölgəli bir bağ olmaq yaxşıdır, 
Qaranlığa nur saçan çıraq olmaq yaxşıdır. 
Qaranlıqdan işıqtək qurtar yaxa həmişə, 
Kölgə kimi hər eybin çıxsın yoxa həmişə. 
Yalnız işıq şöləsi oynar zülmət qoynunda, 
Diriliyin çeşməsi qaynar zülmət qoynunda. 
Əbəs yerə salmışıq fikrimizi baş‐ayaq, 
Neçin qara fikirlə ömür boyu yaşayaq? 
Səhər qızıl təştini verib nurda üzəsən, 
Nura batıb, əlini öz canından üzəsən. 
Həmən təştin nurundan qismət nurun əzəldən, 
Al günəşin çeşməsi ‐ ismət nurun əzəldən. 
Ancaq günəş nuruyla gedər canın ləkəsi, 
Zərrə qədər üstündə qalmaz qanın ləkəsi. 
Əzəl gündən canını salıb oda xislətin, 
Hərislikdən ömrünü verər bada xislətin. 
Tamahının odunda qaralsan da zər kimi, 
Saf qızıla dönməzsən, saralsan da zər kimi. 
Pakdır deyə udmasa hər gedəni cəhənnəm, 
Bəs nəylə doldurardı ac gödəni cəhənnəm?! 
Doğruluğun zirehdir, səni hər an qoruyar, 
Atəş nədir? İstəsən, qasırğadan qoruyar. 
Hər eybini əyrilik açan olub həyatda, 
Doğruluqla qəm‐qüssən haçan olub həyatda? 
Tərəzitək doğruluq pozar çətin mizanı, 
Ürəyinin düzlüyü ‐ ədalətin mizanı. 
Bircə arpa, bircə dən güdən olsa qərəzin, 
Əskik ölçsə çanağın, əskik çəksə tərəzin, 
Bil ki, onlar baisdir günahına son gündə, 
Canlı şahid olacaq tamahına son gündə. 
Faydasızdır sarsılıb, yuxalmağın o zaman, 
Durar gözə az verib, çox almağın o zaman. 
Tərəzinin milini etmə xəncər qəlbinə, 
Çox verərək az almaq qüvvətdir ər qəlbinə. 
Əyri gülü düzlüklə tikan qucar, aldadar, 
Bil ki, şəkər qamışı düzlüyündən bal dadar. 
Doğruluğun harda ki, ucalıbdır bayrağı, 
Haqq əliylə fələkdən öc alıbdır bayrağı. 
 

 
91
 
ZALIM ŞAHLA DÜZ DANIŞAN QOCANIN  
HEKAYƏTİ 
 
Xalqa yağı şah vardı, zülmkarın biriydi, 
Həccacdan da betərdi, lap qəddarın biriydi. 
Hər gecə ‐ min qəzanın fərmanıydı ölkədə, 
Hər səhər ‐ min cəzanın fərmanıydı ölkədə. 
Şah yanına bir çuğul səhər tezdən qaçardı, 
Ay, gün açmayan sirri o əlüstü açardı. 
Gecə yatmayıb, Aydan dolanmağı öyrənər, 
Səhərdən hər ürəyə boylanmağı öyrənər. 
Şaha xəbər verərdi: biri sənə yağıdır, 
Deyir: ʺZalım şahımız nahaq qanlar axıdırʺ. 
Çulğuçunun sözündən qəzəblənib şah dindi: 
ʺDüşmənimin cəzası yalnız ölümdür indiʺ. 
Qum tökdürdü gön üstə, cəllad hazır dayandı, 
Divanənin cəzası divlərə də əyandı. 
Yeltək cumdu bir cavan mərd qocanın yanına, 
Dedi: ʺŞahın hökmüylə batmalısan qanına, 
Çağırmamış divsifət, dur, özün get saraya, 
Tez başına çarə qıl, çatan olmaz harayaʺ. 
Yuyunaraq boynuna kəfən saldı o qoca, 
Getdi şahın yanına, əhli‐haldı o qoca. 
Şah görəndə kəfəni, bildi nədir bu halət, 
Qəzəbindən utanıb özü çəkdi xəcalət. 
Dedi: ʺQoca, qaramca sən o ki var demisən, 
Mənə zalım demisən, mənə qəddar demisən. 
Süleymanın cəlalı görürsən ki, mənimdir, 
Söylə, niyə deyibsən şah ölkəyə qənimdir?ʺ 
Qoca dedi: ʺAdına mən yoxsa şər demişəm? 
Dediklərin nədir ki, ondan betər demişəm. 
Qoca, cavan əlinlə içib ölüm zəhəri. 
Biyarın cana yığıb saysız kəndi şəhəri. 
Mən deyirəm eybini, şər işini özünə, 
Göstərirəm güzgütək hər işini özünə. 
Hər eybini göstərər alsan ələ güzgünü, 
Utan, qızar eybindən qırma elə güzgünü. 
Düzlüyümlə sadiq bil hökmdarı sən məni, 
Əgər doğru demirəm, çəkdir dara sən məni.ʺ 
Şaha sübut elədi düzlüyünü o qoca. 
Açdı şahın qəlbindən hər düyünü o qoca. 
Şah gördü ki düz deyir, bildi nədir haqsızlıq, 

 
92
Qoca tamam haqlıdır, özündədir haqsızlıq. 
Dedi: ʺAlın kəfəni, bu kafuru qocadan, 
Xələt verin, müşk səpin, razıyam bu qocadanʺ. 
Zülm etmədi, el bundan agah oldu o gündən, 
Xalqı sevən, insaflı bir şah oldu o gündən. 
Öz düzlüyü kimsəni verməz bada dünyada, 
Düz sözüylə kimsəyə yetməz qada dünyada. 
Doğruluqla köməkdir hər bir ərə yaradan, 
Doğru ol ki, yetirsin hər zəfərə yaradan. 
Əzəl gündən qiymətli bir incidir doğru söz, 
Acısıyla könüllər sevincidir doğru söz. 
Doğru sözə bağlıdır öz qüdrətin həmişə, 
Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə. 
El gözündə Nizami ucalıbdır düzlükdən, 
İlhamını, qəlbinə güc alıbdır düzlükdən. 
 
 
ON BEŞİNCİ SÖHBƏT 
 
PAXILLARI MƏZƏMMƏT 
 
Sehrikara döndərib bu fələyi hoqqası, 
Qəribədir oyunu, hər kələyi, hoqqası. 
Çal‐çağırlı səhnədir, oynayan kəs hardadır? 
İnci dolu dəryadır, qəvvası bəs hardadır? 
Sərvət onda, zər onda, qılınc onda, tac onda, 
Öc almağa ucalsan, xərac onda, bac onda. 
Nə paxıldır, nə xəsis, qəza sənə darılmaz, 
Cəbrayılla göylərə yüksələnə darılmaz. 
Bu tükənməz xəzinə barındırsın səni də, 
Neçin dünya varına darındırsın səni də?! 
Yüksəldər yalnız bu yol, bil ki, səni dünyada, 
Aç üzünə bu sirli xəzinəni dünyada. 
İksir düzəlt otundan, yaqut çıxart daşından, 
Yoxsa, sənət eşqini çıxart, çıxart başından. 
Dopdoludur, tükənməz inci saçan xəzinə, 
Söz fatehi fəthindən qorxub qaçan xəzinə. 
Sənət bağı heç zaman kəsməz, bilin, nübarı, 
Bir‐birindən gözəldir hər fəsilin nübarı. 
Şair ‐ könül sapına söz incisi düzəndir, 
Qəlbin qızıl qanıyla göz incisi düzəndir. 
Yürüşdədir hər zaman söz‐sənətin ordusu, 

 
93
Hər alayı yenilməz, güclü, mətin ordusu, 
Yalnız sözlə yüksəlib ərşə, məncə, düşüncə, 
Nə qocaya baxandır, nə də gəncə düşüncə. 
Deyirlər ki, ləl olur qartıyanda daş belə, 
İnanmıram mən buna, olur‐olsun kaş belə. 
Paxıllıqdan qocalar gənci bada verəndir, 
Hər sözünə dağ kimi əks‐səda verəndir. 
Bir südəmər uşaqsan ahılların gözündə, 
Şirin südün zəhərdir paxılların gözündə. 
Cavanların qədrini çətin bilər qocalar, 
Sanma qayğı göstərər, uğur dilər qocalar. 
Könül oxşar təzə gül, bil, haraya sancılar, 
Köhnə tikan neştərtək düz yaraya sancılar. 
Üzüm qora vaxtında tutiyaya dönəndir, 
İlan qoca vaxtında əjdahaya dönəndir. 
Nur çiləyər həmişə beyin başda kamala, 
Köhnə beyin nur saçar, deyin, başda kamala?! 
Kim ki, dalar gözüylə ulduzların seyrinə. 
Ona köhnə təqvimin köməyi nə, xeyri nə?! 
Şirtək qoca tazıya hər bir ovlaq yurd kimi, 
Yırtar quzu ceyranın göbəyini qurd kimi. 
Qoca qurdlar can atır ‐ mən sızlayım, köynəyim, 
Bir günahsız Yusifəm, parçalanıb köynəyim. 
Qoca vuran yaradan mən olmaram key kimi, 
Gənclik eşqi qanımda qaynar odlu mey kimi, 
Vura‐vura başını daşdan‐daşa cavanlıq, 
Olar ağıl dəryası başdan‐başa cavanlıq. 
Yasəmənin söyüdlü bağ olmağı baş tutmaz, 
Hindu ʺağamʺ desə də ağ olmağı baş tutmaz. 
İnci səpəni gül kimi inci səpmək peşəmdir, 
Cavanlıqda qocalıb yeri öpmək peşəmdir. 
Ucaltsa da alçaldar hər nadana qulluğun, 
Alçaltsa da ucaldar yaradana qulluğun. 
Bir hilaldır təzə Ay ‐ gərili bir yaydır o, 
Yetkinliyə çatanda ‐ bədirli bir Aydır o, 
Elə bəslə ağacı meyvə görə biləsən, 
Əllərini uzadıb xurma dərə biləsən. 
Dən ki, düşdü torpağa, gözdən salma sən onu, 
Dönüb sünbül olacaq, sanma daha dən onu. 
Çayın suyu çağlayıb, hər an dolsa bir gölə, 
Göl deməyin əbəsdir ‐ dərya olsa bir gölə. 
Gecə ‐ yumub gözünü haçan danar Günəşi, 
Səhər ‐ gözə gur işıq saçan sanar günəşi. 

 
94
Demə niyə qoynuna cillik çəkər qamışı? 
Şəkəriylə ad alıb çünki şəkər qamışı. 
Çəkişməyə uymazsan hünərinə güvənsən, 
Sənət olsun şikarın, hünərinə güvən sən! 
Sular bol‐bol çoxda ki, axıb dolar sədəfə, 
Bircə yağış damlası inci olar sədəfə. 
Cummalısan dəryaya sən bir inci tapınca, 
Taca layiq incini sən birinci tapınca. 
Baxtın əli uzatsa sənə tərəf bayrağı. 
Möhkəm saxla, düşməsin əldən şərəf bayrağı. 
Yıxan hanı dünyanın sarayını dünyada? 
Kəsmə sənət mülkündə harayını dünyada. 
Darğa olma heç zaman yaradanın mülkündə, 
İblis kimi qamçıyla çıxar canın mülkündə. 
Yaradanın hökmündən kim ki, qaçan olubdur, 
Fələk onun başına oyun açan olubdur. 
 
 
ŞAHZADƏ HEKAYƏTİ 
 
Deyirlər ki, hakimdi uzaq Mərvə bir cavan. 
Boy‐buxunda bənzərdi uca sərvə bir cavan. 
Dövlət adamlarından inciyirdi, bezirdi, 
Onlar onun əksinə külək kimi əsirdi. 
Köhnə şahlar bəslədi təzə şaha ədavət, 
Lərzə saldı canına, həm dərgaha ədavət. 
Bu qovğadan beynini təlaş yedi bir gecə, 
Bir ixtiyar yuxuda ona dedi bir gecə: 
ʺEy təzə Ay, nurunla köhnə bürcü boğ daha, 
Ey təzə gül, köhnə şax qoyma versin zoğ daha. 
Belə etsən, şahlıqda başın daim sağ olar. 
Qaş qabağın açılar, kef‐damağın çağ olar.ʺ 
Qalxan kimi yuxudan öz işini bildi şah. 
Kim ki, ona qənimdi yer üzündən sildi şah. 
Yıxıb köhnə sarayı yeni saray qurdu o, 
Şahlığıyla bəzədi səltənəti, yurdu o. 
Məmləkəti dağıdan başsız qalsa yaxşıdır. 
Xain ordu basılıb tarmar olsa yaxşıdır. 
Buda köhnə budağı, yeni pöhrə görərsən. 
Təzə, cavan budaqdan təzə bəhrə görərsən. 
Sel qoymasa işləsin kökü yerə çinarın, 
Uzanarmı əlləri fələklərə çinarın?  
Göz açmasan kor qalar öz yerində bulaqlar, 

 
95
Coşmaz yerin qəlbində, gözlərində bulaqlar, 
Mənliyinin hakimi səninlədir həmişə. 
Qulağına dediyi, bil ki, nədir həmişə. 
Paslandırma qanında xəncərini kamalın, 
Xəncəriylə doğrasın daim kini kamalın. 
Ağıl‐kamal mücrüsü ülviyyətə bağlıdır. 
Kin xəncəri sanma ki, pak niyyətə bağlıdır. 
Kamalındır dövlətin, kamalına arxalan, 
Amalındır comərdlik, amalına arxalan, 
Güvəniblər həyatda səxavətə varlılar, 
Qovuşublar əbədi səadətə varlılar. 
Qurtuluşun tarlası kərəm dəni bəsləyər, 
Vaxt gələr ki, nemətlə kərəm səni bəsləyər. 
O comərdlik xəznəni görüb mini, ilahi! 
Nemətinlə barındır Nizamini, ilahi! 
 
 
ON ALTINCI SÖHBƏT 
 
ZİRƏKLİK 
 
Bir nəsimin gücüylə, ərzi bəzər bayrağın, 
Basılanda özüntək yerdə gəzər bayrağın. 
Kəndin var ki, ʺKəndxuda mənəm kəndəʺ deyirsən? 
Mülkün var ki, ʺSüleyman taxtı məndəʺ deyirsən? 
Sən ki, qılınc deyilsən, qırhaqırın bəs nədir? 
Sən ki, təbil deyilsən, gurhagurun bəs nədir? 
Qılınc dilin od saçsın odlu ilham‐təb ilə, 
Bənzə köksü şadlıqdan enib‐qalxan təbilə. 
Doğru yoldan azaraq şiltək enmə iblisə. 
Ölü deyil, canlısan, sürüklənmə iblisə. 
Atəşpərəst önündə xaça dönmək yaraşmaz, 
Xətib kimi qılıncla öyünməkdən kar aşmaz. 
Şaha xütbə oxumaq natiqlərə nəsibdir, 
Adəm İsa xətrinə asqırığı kəsibdir. 
Eşq oduna hansı kəs pərvanətək yanandır, 
Varlığını əridən oda o, tək yanandır. 
Hər anını sevinclə kef‐damaqla yaşa sən, 
At əbanı, vur ömrü halallıqla başa sən. 
Aldıqların sələm ki, vardır tamah yolunda, 
Qəsəm olsun allaha, deyil allah yolunda. 
Şir ol, mətbəx məstanı şiri çətin teyləyər, 

 
96
Olsan balıq qursağı məhşər odu neyləyər? 
Olsan saxta qızıltək külçəni od yandırar, 
Olsan yaqut, saf qızıl, heç səni od yandırar? 
Saxtalığın bəllidir, təkəbbürü at daha, 
Neçə ovuc sümüksən, az təşəxxüs sat daha. 
Bizdən əzəl dünyaya gəlib‐gedib çoxları, 
Çatmaq üçün mənsəbə nələr edib çoxları, 
Söylə, hanı, qalırmı bu dünyada şöhrəti? 
Ucalsa da alçalıb, gedib bada şöhrəti. 
Bir zərrəsən, göylərə ucalası olsan da, 
Göydən Günəş, Ay kimi öc alası olsan da, 
Sanma enən deyilsən, bir hakimsən göyə sən, 
Enməlisən torpağa Yer oğlusan deyə sən. 
Öz başını əlinlə saçın kimi kəsmisən, 
Məhəccərli dərgahın qapısını kəsmə sən. 
Quş deyilsən, qanadsız, bil, uçmağın çətindir, 
Can verməsən, vüsala qovuşmağın çətindir, 
Heyran qalsın hünərin öz ərinə bu fələk, 
Təslim olsun gücünə, hünərinə bu fələk. 
Zəhərləyib mey səni, ağı sənə, neyləyib? 
Günahkarsan, günahsız yağı sənə neyləyib? 
Comərdsənsə, deməzsən: çox xəbisdir bu dünya. 
Biz özümüz pisiksə, sanma pisdir bu dünya. 
Heyrətdəyik aramsız gərdişinə aləmin, 
İnsan istər yarasın hər işinə aləmin. 
Günahkarıq hamımız, demə, hanı günahkar? 
Eyləməyək nahaqdan bu dünyanı günahkar. 
Cilasıyla tanıyar mahir sərraf incini, 
Sultan ancaq bəyənər cilalı, saf incini. 
Hansı yerində daşı tapılmazdır dünyanın? 
Sinəsində ləl olan daşı, azdır dünyanın. 
Yasəmən də, tikan da çölə, düzə sancılar, 
Biri gözə məlhəmdir, biri gözə sancılar. 
Sanma çayın suyuyla açar çətri güllərin? 
Könülləri susuz da oxşar ətri güllərin. 
Su ‐ bəxş edib səhraya, göy çəmənə tikanı, 
Su döndərə bilərmi yasəmənə tikanı?! 
Belə qurub əzəldən gərdişini kainat. 
Yoxsa, çoxdan pozardı vərdişini kainat. 
Taleyin əlindədir hər adəti aləmin, 
Kimə nəsib olubdur səadəti aləmin?! 
Bədbəxtlikdən zəlildir comərd əri cahanın, 
Bəxtiyarlar olublar bəxtəvəri cahanın. 

 
97
Kim ki, baxtı əzizlər yatmaz baxtı, iqbalı, 
Baxtın qulu olanın atmaz baxtı, iqbalı, 
Bəxtiyarlıq mülkünü məslək əri alıbdır, 
Zirəkliyi, mərdliyi, alın təri alıbdır. 
Xoşbəxtlərin başına canla, başla dolan sən, 
Dolanmadan dünyanı naz‐nemətlə dolan sən. 
Bədbaxtlarla xoş keçməz xoşbaxtların xoş vaxtı, 
Ad qazanıb, ol eldə xoşbaxtların xoşbaxtı. 
Bağlayaraq fələyin Cövzasına baxtını, 
Qoz sındırıb, cevizdə, qozda sına baxtını. 
Həlimliklə üzünə qapı açar taleyin, 
Yeddi göyün qəsrinə olar açar taleyin. 
Su saflığıyla canda odu külə döndərər, 
Öz düyünü atəşdə udu külə döndərər. 
Bağlan könül dünyana, atma elə dünyanı. 
Can qoyaraq bu yolda, gətir ələ dünyanı. 
Yad mülkünü soymağın, talamağın bəs deyil 
Hərislikdən oda can qalamağın bəs deyil? 
Tutaq, tutdun gücünlə neçə aya cahanı, 
Aparmağın mümkünmü, o dünyaya cahanı? 
Yanar məhşər kürəsi, burar tamah boynunu, 
Qənaətin qılıncı vurar tamah boynunu. 
Göy qübbənin altında ‐ Yerdə yerin var sənin? 
Varlığına gensə də, düşüncənə dar sənin. 
Ya düşünmə, talayıb soyduqca soy aləmi, 
Ya düşünüb heyrətdə qoyduqca qoy aləmi. 
İnsan adı daşıyan hanı, varmı dünyada? 
Bircə könül həmdəmi tapılarmı dünyada? 
Doqquz katib yazıbdır iki hünər dastanı, 
Şərlə başlar, şərlə də qurtarar hər dastanı. 
Bu fələyin oxundan, söylə, sapmaq olarmı? 
Əjdahanın ağzından həyat tapmaq olarmı? 
Fələk açsa başına nə pəstaha, yaxşıdır, 
Nadan dostdan ağıllı düşmən daha yaxşıdır. 
 
 
AĞILLI UŞAĞIN HEKAYƏTİ 
 
Qayğı bilməz bir uşaq bir gün başda tay‐tuşu, 
Çıxdı evdən yanında özü yaşda tay‐tuşu. 
Düşər‐düşməz getdiyi yola izi oğlanın, 
Qaçan zaman burxuldu birdən dizi oğlanın. 
Ayağından bir yolluq əli sanki üzüldü, 

 
98
Ödü‐bağrı yarıldı, beli sanki üzüldü. 
Tay‐tuşları bu haldan gör nə hala düşdülər, 
Müsibətə, bəlaya, qalmaqala düşdülər. 
Yaxın dostu dedi ki: ʺNecə ataq biz onu? 
Ataq dərin quyuya səssiz‐səmirsiz onu. 
Özümüzü gündüztək oda yaxa bilərik, 
Atasının üzünə necə baxa bilərik?ʺ 
Ağıllıydı, hər şeyi düşünəndi birisi, 
Baxmayaraq onunla bir düşməndi birisi, 
Düşündü ki, qalsa da indi naçar uşaqlar 
Vaxt gələr ki, bu sirri bir gün açar uşaqlar. 
Qənimiyəm, bilirlər, məni qana salarlar, 
Günah qalar üstümdə, şər‐böhtana salarlar.ʺ 
Xəbər verdi əlüstü atasına uşağın, 
Əncam çəkdi atası xatasına uşağın. 
Öz ağlının gözüylə, baxan kimdir aləmə, 
Ən qüdrətli, yenilməz bir hakimdir aləmə. 
Kim olubdur sirrinə bir aşina fələyin, 
Ayağını qoyubdur düz başına fələyin. 
Bilir göyün sirrini azdan, çoxdan Nizami, 
Ərş evinə yüksəlib odur çoxdan Nizami. 
 
 
ON YEDDİNCİ SÖHBƏT 
 
HEYSİYYƏTİ QORUMAQ 
 
Ey tanrıdan, özündən daim qafil olan kəs, 
Can qeydinə qalmaqdan saralaraq solan kəs. 
ʺMənʺ, ʺmənʺ deyib öyünmə, axır can da çıxandır, 
Can boğaza gələndə bircə anda çıxandır. 
Göylər kimi, dünyanı bürüməyə can atma, 
Nə ki, sənin deyildir sürüməyə can atma, 
Dünya yıxıb gücüylə hər ərini dünyanın 
Tutmaz tamah tərəzin gövhərini dünyanın. 
Toz nədir ki, qüdrətli uca dağa tay olsun? 
Çınqı nədir, gur yanan bir ocağa tay olsun?! 
Məmnunluğun kəməri belə möhkəm bağlıdır, 
Kimsə onu açammaz ‐ elə möhkəm bağlıdır. 
Hərislərdir sələmçi, var möhtacı dünyada, 
Məmnunluqdur hər başın şərəf tacı dünyada. 
Quldurdandır varlının çox qorxusu bu yolda, 

 
99
Kim kasıbdır quldurdan yox qorxusu bu yolda. 
Varın varsa, ovutmaz arzu‐kamın dərdini, 
Varın yoxsa, ovudar yoxsul damın dərdini. 
Qıymamışdı kosaya dönük baxtı saqqalı, 
Gördü yolur ikisi savaş vaxtı saqqalı. 
Dedi: ʺBaxma özümtək üzüqara olan yox, 
Arxayınam əl atıb saqqalıma yolan yox.ʺ 
Sənə qalan deyildir dünya evin dünyada, 
Ulaqsızsan, yüksüzsən, buna sevin dünyada. 
Daim könül mülkünə sən də can at İsatək, 
Ulaqsızca, yüksüzcə mənzilə çat İsatək. 
Pak vicdanın varsa da, atəşpərəst olma sən, 
Yoxsulluqla fəxr elə, işrətdən məst olma sən. 
Dünya coşğun dəryadır, nicat hanı dəryadan? 
At yükünü sulara, qurtar canı dəryadan. 
Yaşa azad, qayğısız arzuların qoynunda, 
Üz sahilə qabaqtək sən suların qoynunda. 
Yeyib yatmaqla tapmır insan qədri‐qiyməti, 
Xarabada tapılır xəzinələr, bil qəti. 
Dönmə murdar leş üstə cuman çalağana sən, 
Qarğa kimi batırma ayağını qana sən. 
Divardakı şəkiltək üzdə qanın qalmasın, 
Quzğun didər köksünü, düzdə canın qalmasın. 
Ciyər qanın axırda bir şəraba dönəndir, 
Dalğalanan alovdur, bir səraba dönəndir. 
Damarına sığmayan qana neştər gərəkdir, 
Canın polad olsa da, cana neştər gərəkdir. 
Çox yeməyə, toxluğa çalışmağın yaxşıdır? 
Az yeməyə, pəhrizə alışmağın yaxşıdır?! 
Aslan azca yeyir ki, şikar alan olubdur, 
Atəş doymaq bilmir ki, tez qaralan olubdur. 
Gündüz bircə kökəylə süfrə açıb həmişə, 
Müdriklərin gözünə işıq saçıb həmişə. 
Sübhün odlu meyindən bağrı yandı gecənin, 
Əndamını qaraldan haram qandı gecənin. 
Çox yeməkdən kütləşər, ağlın kəm olar sənin, 
Reyhan kimi qəlbinə qüssə, qəm dolar sənin. 
Ağıl ‐ sənin ruhundur, onsuz quru bədənsən, 
Ruh ‐ xəzinə, can ‐ tilsim, xəbərsizsən nədən sən? 
Varlığında bilməsən yoxmu, varmı xəzinə, 
Sındırmasan tilsimi, nur saçarmı xəzinə? 
Bel bağlama heç zaman zəfasına varlığın, 
İnan ancaq cövrünə, cəfasına varlığın. 

 
100
Ömrün boyu qəmindən solmaq sənə qalıbdır? 
Vəfasıza vəfalı olmaq sənə qalıbdır? 
Zənci dedi: ʺAy ata, niyə belə gülürsən? 
Qapqaradır üz‐gözün, ağla, hələ gülürsən? 
Ata dedi: ʺGülməsə yüzü qara zənciyə, 
Gülmək belə yaraşmaz üzü qara zənciyəʺ. 
Qara üzün gülüşü qəlbə axar həmişə. 
Şimşək qara buludu yarıb çıxar həmişə. 
Aləm sənin məhbəsin, bilməlisən, bilməli, 
Şimşək olub aləmə gülməlisən, gülməli! 
Tutuquşu gülüşlə şəkər yeyən olubdur, 
Qaqqıltısı kəkliyi ʺovlaʺ deyən olubdur. 
Yersiz gülən dodağı bağlamağın yaxşıdır, 
Boş gülüşdən yerində ağlamağın yaxşıdır. 
Qəmlənəndə gülməyin, söylə, nəyə yaraşar? 
Tez alışıb, tez sönmək, bil, şimşəyə yaraşar. 
Gülə‐gülə köksünü dağlayarsan şam kimi. 
ʺGülüşünə yaş töküb ağlayarsan şam kimi. 
Ağararmı dişlərin irişməsən, gülməsən? 
Çeynə gülən dodağı, irişmə sən, gülmə sən. 
Yetər bunca ağlayıb, yetər bunca gülməyin, 
Göz dolunca ağlayıb, uğununca gülməyin. 
Hər insanın şadlığı, qəhəri var dünyada, 
Sevincin də, qəmin də təhəri var dünyada. 
Şənləndikcə ələmli olmağını unutma, 
Gah nəşəli, gah qəmli olmağını unutma. 
Hər şad qəlbin qəm odu, nalə, fəryad səsi var, 
Hər gündüzün gövhəri, gecənin şəvəsi var. 
Hərislikdən kimin ki, bağrı yanan deyildir. 
Tamahkarlıq yolunda qamçılanan deyildir. 
Hansı karvan zınqırov səslənmədən gedibdir? 
Hansı milçək şəkərlə bəslənmədən gedibdir? 
Təlim verən, çoxbilmiş bir dayədir zəmanə, 
Nələr öyrətməyibdir gör ki, nədir zəmanə. 
Dayən sirkə içirtsə, coşma ki: ‐ Xeyri nədir? 
Dinmə, bəlkə də elə bu sənin xeyrinədir. 
Əbədiyyət yoluna kim yolçusa cahanda, 
Odur Xızrın yoldaşı, odur Musa cahanda. 
Uluların yolunun gərək qulu olasan, 
Ülviyyətə yüksəlib, sən də ulu olasan. 
Elə sadiq dost ara, səni darda qoymasın, 
Çəkib tordan çıxarsın, səni torda qoymasın. 
 

 
101
 
MÜRŞİDLƏ MÜRİDİN HEKAYƏTİ 
 
Dünyagörmüş bir mürşid köç etməyə başladı, 
Min müridi başında yol getməyə başladı. 
Mürşid ağ yel buraxdı birdən‐birə səhrada, 
Ədəbsizlik ar gəldi, müridlərə səhrada. 
Bir‐bir atıb getdilər biyabanda mürşüdü, 
Tək qoymadı bir mürid çətin anda mürşüdü. 
Mürşid dedi: ʺMüridlər atdılar məni birdən, 
Bəs sən niyə getmədin, baş açmadım bu sirdən?ʺ 
Mürid dedi: ʺHeç səni atarammı, haşa, mən? 
Ayağının tozunu tac sanmışam başa mən.  
Yel deyiləm, əzəldən bir nəfəslə kükrəyəm, 
Qoşularaq yellərə boş həvəslə kükrəyəm. 
Ələbaxan əlini güdən olub həmişə, 
Yellə gələn yellə də gedən olub həmişə. 
Tez qalxar, tez oturar, olsa, necə toz‐qubar. 
Odur duran deyildir bir yerdəcə toz‐qubar.ʺ 
Öz təmkini eyləyib belə uca dağları, 
Mətanəti qoyarmı çıxsın puça dağları?! 
Pərdə yırtmaq fələyin, Ayın, Günün işidir, 
Hər əzaba qatlaşmaq dözümlünün işidir. 
Bu dünyaya uymamaq səadətdir həyatda, 
Yük daşımaq ulağa bir adətdir həyatda. 
Dünya dərdi çəkmədən ol hər zaman müqəddəs 
Günahsızdır gözündən yaşlar daman müqəddəs. 
Şah xələti geyinən mömin hanı dünyada, 
Zənbil hörən görüblər Süleymanı dünyada. 
Yanan şamı zər səpən görüb hamı gecələr, 
Qəba kimi bürünər piltə şamı gecələr. 
Müqəddəslik ‐ açandır xarabata qapılar, 
İnci dolu xəzinə xarabada tapılar. 
Məsləkidir zinəti, gör ki, kimdir Nizami, 
Al bayrağın altında bir hakimdir Nizami.  
 
 
ON SƏKKİZİNCİ SÖHBƏT 
 
İKİÜZLÜLƏRİ MƏZƏMMƏT 
 
Saxta qızıl kəsməyə qurşanıbdır çoxları,  

 
102
Qəlp pulunu qəlbinə nur sanıbdır çoxları. 
Üzü qızıl, içi mis saxta pul san onları, 
Hər sözünə qulp qoyar, tanı hər an onları. 
Üzlərinə baxanda aydan arı hər biri, 
Əməliylə aləmin riyakarı hər biri. 
Üzdə şamdır, daxildə düyünlü ud hamısı, 
Üzdə sadə, daxildə xəbis vücud hamısı. 
Harayçını əzaba, əziyyətə salarlar,  
Tələbkarı çıxılmaz vəziyyətə salarlar 
İstəkləri dildədir, heç bilinməz kinləri.  
Qəlblərindən qisasdan heç silinməz kinləri. 
Təlaşları eyləyib qəm əsiri onları, 
Nəfəsləri varsa da, sanma diri onları.  
Sözlərinə inanıb ixtilat qatmaq nədir? 
Əgər kefli deyilsən, palçığa batmaq nədir? 
Dağ kimidir hər biri, açsan əgər sirrini, 
Səs verərək səsinə car eyləyər sirrini. 
Sədaqətdən dəm vurub sirdaşına dönərlər, 
Səndən bir şey qapınca hey başına dönərlər. 
Təmənnadır yaradan elə əhdi‐peymanı. 
Allah kəssin qərəzli belə əhdi‐peymanı. 
Təmənnalı olarsa dostun, aman, dostluğu, 
Düşmənçilik deməkdir dostun haman dostluğu. 
İkibaşlı dostluğu dostluq sanma heç zaman. 
Qərəzli dost ‐ düşməndir, arxalanma heç zaman. 
Dost da dostun eybini hünər sanan olarmı? 
Dost daddığın zəhəri şəkər sanan olarmı? 
Sadiq dostun sağaldar şəfasıyla yaranı, 
Dönük dostun sızladar cəfasıyla yaranı. 
Bir‐birinə isnişib həyan olar pişiklər, 
Balasını istəkdən yeyən olar pişiklər. 
Dost odur ki, dostunun gizli saxlar sirrini, 
Zəmanətək faş eylər bu alçaqlar sirrini. 
Səndən üstün olmağa hey can atar dostların, 
Hünərinə hünəri çətin çatar dostların. 
Qoşa çapar səninlə səməndini hər biri, 
Əsirgəməz başından kəməndini hər biri. 
Saxta dostun dünyanın alçağıdır, dost deyil, 
Ürəyinə yatmayan bir yağıdır dost deyil. 
Bədən duymaz havadar kimdir sənə dünyada, 
Ürək duyar vəfadar kimdir sənə dünyada. 
Min ürəyin qəmindən qoymusan qan qəlbinə. 
Bir gülsən ki, sancılıb min bir tikan qəlbinə. 

 
103
Firudinə bərabər sultan hanı cahanda? 
Min ətiri duymağa imkan hanı cahanda? 
Sir saxlamaz qəlbində ər sirrinin sirdaşı, 
Öz qəlbindir dünyada hər sirrinin sirdaşı, 
Ürəyinin sirrini faş eyləsə dil sənin, 
Yad qəlbində bir sirrin qala bilməz, bil, sənin. 
Könül elə sirdaşla gərək bölə sirrini, 
Günəş kimi yaymaya hər gün çölə sirrini. 
Qəlbin nazik olmasa, hey sirrini açarmı? 
Şüşə zərif olmasa, mey sirrini açarmı? 
Həyat nəyə gərəkdir bir həmdəmin olmasa? 
İnsan çətin yaşayar dosta əmin olmasa. 
Varlığına əminsən sən ki hələ həyatda, 
Çalış, könül sirdaşı gətir ələ həyatda. 
Bilməmiş ki, dostunun nəcabəti, əsli var, 
Könül sirrin ‐ incidir, etmə ona etibar. 
 
 
CƏMŞİDLƏ CAVAN YAVƏRİNİN HEKAYƏTİ 
 
Sarayında Cəmşidin vardı yaxın yavəri, 
Ay ‐ Günəşin yavəri, o da şahın yavəri. 
Comərdliyi hamını heyran qoydu sarayda, 
Şah gözündə aləmin gözü oydu sarayda. 
Etibarı, inamı şahın vardı tək ona, 
Bütün könül sirrini şah açardı tək ona. 
Hökmdarın gözündən cavan bir gün yox oldu, 
Onun yoxa çıxması yaydan süzən ox oldu. 
Al yanağı qüssədən sarı güldü o gəncin, 
Şümşad boyu kamantək tez büküldü o gəncin. 
Şahın sirri az qaldı oxtək dələ qəlbini,  
Kimsə ala bilmədi onun ələ qəlbini. 
O cavanla bir qarı üzbəüz gəldi bir gün, 
Gördü lalə yanağı solub gəncin büsbütün. 
Dedi: ʺ Xəzan vurubdur, ah, bağında şümşadı, 
Göz yaşları suvarır şah bağında şümşadı?!  
Dərdin nədir, özünü saraltmısan belə sən? 
Şad qəlbinin qanını, qaraltmısan belə sən? 
Qocalmısan gənclikdə, hüsnün solub nədəndir? 
Yanağının laləsi xeyri olub nədəndir? 
Sən yavərə bağlıdır şah qəlbi tək cahanda, 
Qaş‐qabağın açılsın şah qəlbitək cahanda. 
Hüzurunda pörtərək hamı tökər tər şahın, 

 
104
Ordusunda sirdaşı mühafizdir hər şahın.ʺ 
Cavab verdi:ʺDöndərmə suya mənim qəlbimi, 
Mümkünmü ki, biganə duya mənim qəlbimi? 
Ürəyimə qüssəni dolduran da dözümdür, 
Gül çöhrəmi saraldıb solduran da dözümdür. 
Şahım mənə açıbdır hər bir zaman sirrini, 
Saxlayıram qəlbimdə mən də haman sirrini, 
Elə ərin sirrini necə açım, mən necə? 
Böyüklərin sirrini necə açım, mən necə? 
Dinləmişəm can‐başla mən həmişə sözünü, 
Lal olmuşam salmayım dilə‐dişə sözünü. 
Söz almağın çətindir mənim bu lal dilimdən, 
Sirrin quşu qorxuram uça dərhal dilimdən. 
Od salsa da təlaşdan əgər cana ürəyim, 
Xoşdur sirdaş sirrindən dönsə qana ürəyim. 
Açıb sirri, bildirsəm sirdaşımı cahanda, 
Kəssin baxtın qılıncı qoy başımı cahanda.ʺ 
Qarı dedi: ʺGətirmə şah adını dilinə, 
Həmdəmini, sirrini, muradını dilinə. 
Nəfəsinsə sirdaşın, sən yenə də inanma; 
Öz kölgənsə həmdəmin, kölgənə də inanma. 
Qızıl qanda yuyunca qan dəryası çöhrəni, 
Qızıl təki saraltsın könül yası çöhrəni. 
Bir gecədə neçə yol başın deyir dilinə: 
İstəsən ki, sağ qalım, gəlsin xeyir dilinə. 
Baş gərəksə, xəncərə dönmək sənə yaraşmaz, 
Günəş kimi sirr açıb, sönmək sənə yaraşmaz. 
İnsan susar ağzında saxlar uzun dilini, 
Quduzluğu uzadar hər quduzun dilini. 
Damaq dili altına alsa daha yaxşıdır, 
İti xəncər qınında qalsa daha yaxşıdır. 
Kim saxlasa dilini, görməz canı xatanı, 
Dil gətirər başlara hər bəlanı, xatanı... 
Fələk qanlı tasıyla yaxar gündə başını, 
Qan tasına atmasın dil üstündə başını. 
Bal suyuna susama, görsən sərin bulaq var, 
Hər divarın dalında bir eşidən qulaq var. 
Xoş ətridir üzdürən bənövşənin başını, 
Kəsdirməsin xəncərlə dilin sənin başını. 
Kar ol, güdüb pusmağın dövranıdır bu dövran, 
Sərt danışma, susmağın dövranıdır bu dövran. 
Bəs deyilmi yazdığın lələk‐qələm əlində, 
Sus, yazını yazandır fələk qələm əlində. 

 
105
Göstərməsin güzgütək hər varlığı varlığın, 
Təmizləsin su kimi murdarlığı varlığın. 
Qeyrət əri sirrini gecə saxlar özündə, 
Açıb deməz gündüzə ‐ necə saxlar özündə?! 
Göy qübbəsi yandırar ulduzunu gecənin, 
Sübhə açmaz sirrini il uzunu gecənin. 
İbrət götür, faş etmə aləm təki sirrini, 
Gündüz açıb danışma hər gecəki sirrini. 
Xəzinətək gecənin inci dolub köksünə, 
Saysız könül incisi qaş‐daş olub köksünə. 
Nur çeşməsi çağlayıb, hansı ərin qəlbində, 
Gördüyünü gizlədib göydən dərin qəlbində. 
Kim ki, göyə yüksələr, ərşdən qəlbi dayanar, 
Könülləri fəth edər, sanma qəlbi dayanar. 
Gözün ‐ qəlbə dikilsin, dilin ‐ ağla bağlansın, 
Yoxsa, gözün tökülsün, dilin dağla dağlansın. 
Gizli eşqi döndərər ecazkara aşiqi, 
Qovuşdurar, xarabat sanma yara aşiqi. 
Məslək ilə toxunar eşq arğacı dünyada, 
Pambıq kimi diddirdi eşq həllacı dünyada. 
Eşq oduna dözmədi, yandı bağrı qönçənin, 
Ağzını açan gündən qandı bağrı qönçənin. 
Eşqin gizli sirrindən hansı ərdir xəbərdar? 
Könüllərin eşqindən könüllərdir xəbərdar? 
Eşqin şirin neməti qəlbdə kimi yandırar? 
Lakin alsan dilinə, atəş kimi yandırar. 
Susan aşiq sükutla yar vəslinə qovuşar, 
Təlaş nədir, təmkinlə öz əslinə qovuşar. 
Nurlu könül sanma ki, inləməyə yaranmış, 
Özü susub, özgəni dinləməyə yaranmış. 
Bu dünyada dilini bilsə hərə könülün. 
Öz dilidir tərcüman könüllərə könülün. 
Nizamitək ürəyin şadsa əgər dünyada, 
Dünya sənin deyilmi, söylə, məgər dünyada?! 
 
 
ON DOQQUZUNCU SÖHBƏT 
 
AXİRƏTİ QARŞILAMAQ 
 
Bəzənibdir məclisi başdan‐başa könülün, 
Ay camalı nur saçır al qumaşa könülün. 

 
106
Taxtındadır şah kimi, ətir yağır üstünə, 
Şəkər səpib, ulduzdan çətir yağır üstünə. 
Canlar alan amansız düşmənindir bu dövran, 
Unutma ki, nə mənim, nə sənindir bu dövran. 
Nifrətini görəndə gör girləyib kimləri, 
Döndərərək əsirə ‐ zəncirləyib kimləri. 
Cah‐cəlala uyarmı məslək əri dünyanın? 
Car çəkibdir cah‐cəlal düşmənləri dünyanın: 
Zalımların qəsrindən ayağını kəs daha, 
Hikmət dolu göylərin çadırında gəz daha. 
Məhşər odu püskürər biyabanda yanan kəs, 
Utanar əməlindən, əməlini danan kəs. 
Dönər qanıq köpəkdən bağrı qana tülkünün, 
Qorxusundan dərisi kürkdür cana tülkünün. 
Kükürd saçan məhşərdir, göz qaraldar bu səhra, 
Tez keçməyən yolçunu tez saraldar bu səhra. 
Təşnə yolçu rast gəlib burda haçan çeşməyə? 
Tüpürməyi unutma kükürd saçan çeşməyə. 
Bu fələyin borcunu qaytar daha özünə, 
Nə almısan torpaqdan, sanma baha özünə. 
Oğul kimi tərk elə vida günü aləmi, 
Comərdliyin mat qoysun qoy özünü, aləmi. 
ʺMənəm‐mənəmʺ deyəndir, bil ki, fələk bu yolda. 
Quldur kimi hamıya qurar kələk bu yolda. 
Əqrəb qədər qorxulu deyil hər an əjdaha? 
Əqrəb səni öldürər udanacan əjdaha. 
Kiçik düşmən ‐ ən böyük, ən vəhşətli bəladır. 
Onu saya salmamaq ən dəhşətli bəladır. 
Düşmən kiçik olsa da, can atandır qisasa. 
Arifsənsə, unutma, əl qatandır qisasa. 
Güclə yerin köksünü sökə bilər qarışqa, 
Körpə şirin gözünü tökə bilər qarışqa. 
Gizlə cumar incinə, oğru səni görəndə, 
ʺBismillahıʺ unutma əcinnəni görəndə. 
Könül mülkü yolunda gəzər, bil ki, quldurlar, 
Son mənzilin yolunu kəsər, bil ki, quldurlar. 
Qorxuram ki, başlaya onlar gecə qarətə, 
Görəsən ki, varlığın gedir necə qarətə. 
Köləliyin karvanı salsın yolu mənzilə, 
Hərisliyin gəmisi çatsın dolu mənzilə. 
Görməsinlər qoy səni, yuxu kimi uzaqlaş, 
Qovmasınlar qoy səni, bir su kimi uzaqlaş. 
Dəyməz qədəm qoymağa bu hücrəyə cahanda, 

 
107
Alacaqlar canını girov deyə cahanda. 
Qəlbin qana dönəcək çəkməsən əl hücrədən, 
Qovulmamış aralan, aralan, gəl, hücrədən. 
Yerdən ayrıl, biləsən gərdiş nədir fələkdə, 
Gecə‐gündüz dolanır, gərdişdədir fələk də, 
Div əlinə keçməmiş yaxa, sinə cahanda, 
Sığın könül mülkünə, məsləkinə cahanda. 
Vəcdə gəlib şövq ilə yovuş ülvi aləmə, 
Vidalaşıb həyatla qovuş ülvi aləmə. 
Məslək eşqi nəsimə dönsün könül mülkündə 
Qoyma həyat çırağı sönsün könül mülkündə. 
Olmalısan bu mülkün ətir saçan reyhanı, 
Könül mülkü soldurub, söylə, haçan reyhanı? 
Hər qapıya can atıb səba kimi cumma sən, 
Alçaqlardan sədaqət, dostluq, vəfa umma sən. 
Hamı ‐ qara kölgədir, sən ‐ işıq ol aləmə, 
Günəş kimi ucalıb yaraşıq ol aləmə. 
Yerdə meydan verərmi səməndinə bu fələk?! 
Olsan göyün sirrindən sən baş açan cahanda, 
Deyər nələr törətmiş bu vaxtacan cahan da. 
Təngləşdirər kahanda sağ canını dövranı, 
Başa vurar ömrünü, dövranını dövranı. 
Son nəfəsdə dodağın son kəlməni unudar, 
Kimsə salmaz yadına, hamı səni unudar. 
Zalım əcəl kəsməmiş nəfəsini dünyada, 
Göstər eşqə qovuşmaq həvəsini dünyada. 
Əcəl meyi həyatda hansı kəsə nuş olar? 
Yalnız eşqin badəsi bir nəfəsə nuş olar. 
Qurub dərzi köşkütək qübbəsini bu fələk, 
İki şaha geydirməz cübbəsini bu fələk. 
Nə eyləsən, amansız, kafir aləm yazacaq, 
Günahını, eybini iti qələm yazacaq. 
Acsan üzə şərəflə hər bir zaman qapını, 
Açacaqlar üzünə, bil ki, haman qapını. 
Məsxərəylə kimsəni görsə gözün oyuncaq, 
Olacaqsan dünyada axır özün oyuncaq. 
Yaxşını da, pisi də üzləyiblər hər zaman, 
Yaxşı bil ki, pisləri pisləyiblər hər zaman. 
Yaxşıların nişanı, əmanəti olubdur, 
Pislərinsə zamini, zəmanəti olubdur, 
Keçməlisən ya yaxşı, ya da ki pis, unutma, 
Əməlinlə mələksən, ya da iblis, unutma. 
Tikanlı, gül tikanla anınıbdır həmişə, 

 
108
Ənbərsatan ənbərlə tanınıbdır həmişə. 
Saxta olma, keçəsən yer üzündən xəcalət, 
Həm tanrıdan xəcalət, həm özündən xəcalət. 
Bağrı gözə döndərən dövrə yağdır nifrəti, 
Qan çanağı fələyə, cövrə yağdır nifrəti. 
Bu boyalı nazənin daş‐qalağa layiqdir, 
Vəfasına qələm çək, bil, talağa layiqdir. 
Səkil Xətlan atını minib ucal fələyə, 
Al qurğuşun qalanı, qələbə çal fələyə. 
Qazansan da ən uca rütbəsini göylərin, 
Oxutsan da şahlığa xütbəsini göylərim, 
Səndə qalan deyildir elə zəfər bayrağı, 
Yalnız mənə nəsibdir belə zəfər bayrağı. 
Bir İnsanam, məqamım mələkdən də ucadır, 
Can atdığım o dərgah fələkdən, də ucadır. 
Qamətimlə ölçülməz bir qiymətim var mənim, 
Aləmimə bu aləm, yer də, göy də dar mənim, 
Çay deyiləm, ümmanam, gör ki, nəyəm cahanda, 
Zərrə deyil, tükənməz xəzinəyəm cahanda. 
Fələk təki xəzinə üstündədir ayağım, 
Əlçatmazam, bil ki, nə üstündədir ayağım. 
 
 
HARUN ƏR‐RƏŞİD İLƏ DƏLLƏYİN HEKAYƏTİ 
 
Tapdı Harun dövründə növrağını xilafət, 
Uca tutdu Abbasın bayrağını xilafət, 
Yatağına qoyaraq gecə yarı xəlifə, 
Rahatlandı hamamda gecəyarı xəlifə. 
Dəllək onun başını kəliməyə başladı, 
Kəlidiyi, tük qədər ləliməyə başladı. 
Qurtarantək işini fürsət tapdı yenə də, 
Söz atını minərək yersiz çapdı yenə də; 
ʺBir misilsiz ustayam, gəl, şad eylə məni sən, 
Lap bu gündən özünə damad eylə məni sən, 
Olsun hamı xəbərdar, kəsdir nigah qızına, 
Bu bəndəni evləndir, qovuşum şah qızına.ʺ 
Bu sözlərdən azacıq əsəbləndi xəlifə, 
Yenə dözdü, sanma ki, qəzəbləndi xəlifə, 
Dedi: ʺİsti bişirib, dözmür fağır dəhşətə, 
Ya da zəhmim, vahiməm salıb ağır dəhşətə, 
Çaşıb, yoxsa deyərmi alım sənin qızını? 
Dəlləyə bax, istəyir xəlifənin qızını.ʺ 

 
109
Başqa gün də sınadı Harun yenə dəlləyi, 
Gördü lovğa, qudurğan, harın yenə dəlləyi, 
Çox sınadı beləcə dönə‐dönə yenə də, 
Dediyindən dönmürdü dəllək yenə, yenə də, 
Bir gədanın birisi gördü ki, nə danışdı, 
Öz başına gələni vəzirinə danışdı; 
ʺHaçandır ki, bir dəllək kələk açır başıma, 
Bu oyunu bəlkə də fələk açır başıma. 
Olmalıdır söyləyir ona qızım adaxlı, 
Bir abırsız dəlləyə sona qızım adaxlı? 
Başım üstə qəzatək baş qatmaqdır peşəsi, 
Gövhərimə, özümə daş atmaqdır peşəsi. 
Əldə ülgüc, ağzında iti xəncər gəzər o. 
Qılınc versən, başımı ʺufʺ demədən kəsər o. 
Vəzir dedi: ʺDili ki, belə atır dəlləyin, ‐ 
Ayağının altında xəznə yatır dəlləyin. 
Haçan gəlsə yanına, o, hüzura bir daha, 
Həmişəki yerində qoyma dura bir daha. 
Əgər çıxsa əmrindən, asdırmağı unutma, 
Harda durub, oranı qazdırmağı unutma.ʺ 
Dəllək gəldi özünü yenə öyən kimicə. 
Dəyişdirdi yerini vəzir deyən kimicə. 
Qopan zaman yerindən ayaqları dəlləyin, 
Birdən‐birə saraldı yanaqları dəlləyin. 
Gördü yoxdur dinməyə halı fağır ustanın, 
Baxışından, dilindən ədəb yağır ustanın. 
Ayağının, altında xəznə vardı bir zaman. 
Surətini güzgüdə şah sanardı bir zaman. 
Qədəmini xəznədən tez götürən gördülər. 
Dükanını açaraq köks ötürən gördülər. 
Ayağının altını tez qazıb nə tapdılar? 
Haman yerdən tükənməz bir xəzinə tapdılar. 
Qədəmini kim qoyub xəzinənin üstünə. 
Söz incisi səpibdir, daim sənin üstünə. 
Hər tilsimi sındırar xəznəsilə Nizami, 
Nurlu qəlbi, aynatək sinəsilə Nizami. 
 
 
İYİRMİNCİ SÖHBƏT 
 
VİCDANSIZLARDAN ŞİKAYƏT 
 

 
110
Biz ki candan üzmüşük əlimizi dünyada, 
Bu dünyaya bağlayan nədir bizi dünyada? 
Bu torpağa uyduq ki, belə xarıq torpaqda, 
Sanma necə varıqsa, elə varıq torpaqda. 
Köçən köçüb, qalmışıq biz onlardan geridə, 
Karvanımız qalıbdır karvanlardan geridə. 
Bizimlədir həmişə iki mələk əzəldən, 
Qurub insan oğluna iblis kələk əzəldən. 
Üzü atəş, qəlbi buz ocaqçıya dönmüşük, 
İsti külük, od olub sonra guya sönmüşük. 
Odlu ürək, alovlu gəncliyimiz hardadır? 
Asudəlik, rahatlıq, dincliyimiz hardadır? 
Məhşərin dan ulduzu artıq yanan olubdur, 
Sübhün qızıl bayrağı daldalanan olubdur. 
Gülüş ‐ gültək hamının dodağında solubdur, 
Arzumuzun gülləri can bağında solubdur. 
Sehrkartək can qurtar sən əlindən dünyanın, 
Boşda qalsın əlləri əməlindən dünyanın. 
Qan içəndir bu torpaq, qəfəsindən uç onun, 
Zirək tərpən, qoynunda olmayasan puç onun. 
Batan deyil heç zaman dişi qurda tülkünün, 
Daim kələk qurmaqdır işi qurda tülkünün. 
Bir yarın var dünyada, bircə ona aşiq ol, 
Aşiq olma özünə, yaradana aşiq ol. 
Olsan könül mülkünün sidq ilə saf torpağı, 
Gül‐çiçəyə döndərər səni insaf torpağı. 
Könül təlim eyləyir hər hünəri insana, 
Məslək eşqi deməkdir ər hünəri insana. 
Cana təpər yaranıb hər bir canın hünəri, 
Bəyənməsən məhv olar hər insanın hünəri. 
Alqışlarla çağlayar canda hünər çeşməsi, 
Dönüb olar candakı qan da hünər çeşməsi. 
Ər izləyər hünəri, sənət eşqi olanı, 
Əzizləyər hünəri, sənət eşqi olanı. 
Yalnız hünər qoymayıb qubar qona torpağa, 
Belə hünər nəsibmi bu gün ana torpağa?! 
Hünərini göstərsə indi əgər hünərli, 
Hünərsizin birisi mənəm deyər hünərli. 
Hünərlilər beziblər hünərsizlər əlindən, 
Lap fərsizə dönüblər bu fərsizlər əlindən. 
Əzabkeşin əzabı ‐ bir tamaşa onlara, 
Dəlilikdir ‐ düşünmək, haşa, haşa, onlara. 
Bir israfçı sanırlar səxavətli kəsləri, 

 
111
Pulsuz kölə sayırlar sədaqətli kəsləri. 
Comərdliyi hırıltı, lağlağılıq sanırlar, 
Söz çeşməsi görəndə lehmə, ya lığ sanırlar. 
Onlar ʺvəfaʺ sözünü buza yazan olubdur, 
Ay da, Gün də tənəyə qulaq asan olubdur. 
Yar vüsalı məlhəmsə əgər yarın qəlbinə, 
Bir sağalmaz yaradır alçaqların qəlbinə. 
Öpüş versə onlara biri əgər gözəlin, 
ʺMəxmirəklə doludur üzüʺ deyər gözəlin, 
Bağrı bişən əncirsən, axıb şirə üstünə, 
Sirkə kimi coşarlar birdən birə üstünə. 
Hünərin danandır, gizləyəndir hər biri, 
Nöqsanını, eybini izləyəndir hər biri, 
Hər dəryada nəhəng də, dür də vardır həmişə, 
Hünərvərin hünəri elə cardır həmişə, 
Çəyirtkənin ayağı qarışqaya yük olar, 
Dəclə nəhri kor gözə damla olar, tük olar, 
Kim ki, nöqsan axtarar sənət əri görəndə, 
Hünərsizdir, ah çəkər hünərvəri görəndə, 
Nəcabətsiz, alçaqdır, girsim yerə eləsi, 
Dərddir acı qüssətək ürəklərə eləsi, 
Söndürərlər yel kimi yanan şamı hər zaman, 
Korlayarlar tüstütək nəşə kamı hər zaman, 
Halına bax dünyanın, böyükləri kimlərdir? 
Hanı ərlər, ərənlər, hünər əri kimlərdir? 
Öz dövrünü alçaldan elələri var indi ‐ 
Dönüklükdən can atır olum eldə xar indi, 
Şer‐sənət göyündə bədirlənmiş Ayam mən, 
Bulud nədir, qoymaya öz nurumu yayam mən?! 
Ayağımın altını qazmaqları mahaldır, 
Mən fələyəm, yazımı pozmaqları mahaldır. 
Təravətli söz bağım ‐ ruhun əsli kimicə, 
Onu danan ‐ qərq olsun Nuhun nəsli kimicə, 
Sən, ey Xızrın bayrağı, ucal, cihad eylə sən, 
Nuhun qeyzi, namərdi batır, bərbad eylə sən. 
Haqsızlıqdan alışıb yanan olub ürəyim, 
Alçaqları unudub, danan olub ürəyim. 
Namərdlərin əlindən çox gəlmişəm cana mən, 
Susmağımla çatmışam bu şöhrətə, şana mən. 
Bir inciylə qulağa çatar səsi mücrünün, 
Dolu olsa inciylə batar səsi mücrünün. 
Coşar, səsi kəsilməz şərabı az kuzənin, 
Ağzınacan dolarsa, səsi çıxmaz kuzənin. 

 
112
Aşıb‐daşsa biliyin, dinməməyə alış sən, 
Danışmağa çalışma, dinləməyə çalış sən. 
 
 
BÜLBÜL İLƏ QIZILQUŞUN HEKAYƏTİ 
 
Güllər açan zamanda çəməndə, gül bağında, 
Qızılquşa söylədi şeyda bülbül bağında, 
ʺCəh‐cəhi var hər quşun, çıxarmırsan səs niyə? 
Niyə üstün olmusan sən quşlardan bəs niyə? 
Azad nəfəs alsan da, dilin bağlı həmişə, 
Heyran qoyan deyildir səsin ağlı həmişə, 
Yerin ‐ Səncər sarayı, peşən ‐ təklik olubdur, 
Sinəsini sökdüyün daim kəklik olubdur, 
Mənsə bircə ləhzədə görünməz bir xəznədən 
Çıxarıram yüzlərlə qiymətli dürr xəznədən, 
Şikar vaxtı qurd‐quşa var gümanım bəs neçin? 
Neçin tikan üstədir aşiyanım, bəs neçin?ʺ 
Cavab verdi qızılquş: ʺDinlə, bacar susmağı, 
Susmağımı görərək inlə, bacar susmağı, 
Zirəklikdən almaram heç bir sirri dilimə, 
Yüz iş görsəm, yenə də gəlməz biri dilimə, 
Vurulmusan dövrana, coşursan, nə coşursan, 
Solub gedən bir gülə min təranə qoşursan, 
Bu ovlaqda şikarçı məntək kimdir əzəldən, 
Kəklik döşü, şah əli nəsibimdir əzəldən. 
Ötməkdən dilin yara, bağrın al qan olubdur, 
Yemin ‐ qurd‐quş olubdur, yerin ‐ tikan olubdur. 
Firudinə şahlığın oxunanda xütbəsi, 
Təbilləri susdurar bircə anda xütbəsi. 
Xoruzların banıyla söküləndir hər səhər? 
Bu vəfasız dünyaya hey güləndir hər səhər. 
Biganədir fəryada, hər oyuna bu fələk, 
Kəməndini dolayar hər boyuna bu fələk. 
Nalə, fəryad qoparıb, olma cövrün əsiri, 
Nizamitək olarsan sən də dövrün əsiri. 
 
 
ƏSƏRİN BİTMƏSİ 
 
Gülsün üzə səhərin, ey Ütarid, yenə də, 
Əldən düşdüm qələmtək ‐ sənsən varid yenə də. 
Öc aldırıb fələkdən mənə sözlə qələmim, 

 
113
Vurub əlvan naxışlar yenə sözlə qələmim. 
Ərinməmiş bir almaz qoymadım da daha mən, 
Almaz bıçaq düzəltdim töhfə deyə şaha mən. 
Ovxar verə bilmədim hələ odlu qılınca, 
Odlu kürəm dar idi elə odlu qılınca. 
Əgər olsa taleyim çoxlarıtək yar mənə, 
Bircə bıçaq düzəltmək gələrdimi ar mənə? 
Günahkaram yolumdan görən varsa azmışam, 
Varaqları korlayıb, cızmaqara yazmışam. 
Çadırdadır gözəllər, ‐ üzləri nə güləndir, 
Ömrün neçə səhəri üzlərinə güləndir. 
Qaxacları yandırıb, əmlikləri şişə çək, 
Tüstü udma, quzunun kababını dişə çək. 
Əsərimi təmkinlə oxumağa çalış sən, 
Düşündükcə, fikirdən, düşüncədən alış sən. 
Hansı sözü ədəbdən kənar deyər gözünə, 
Poz ki onu yazan kəs əhsən deyər özünə. 
Müdrikliyin bayrağı deyilsə də əsərim, 
Yaşatmasın adımı heç bir vədə əsərim. 
Ürəyimin qanıyla, bil ki, yazdım onu mən, 
Eldən‐elə yoxsa ki, yollamazdı onu mən. 
Şairliyim saxlayıb dustaq kimi Gəncədə, 
Mənəm indi dünyanın söz hakimi Gəncədə. 
Dövran dedi: ʺTorpaqsan? Tərpən görək yerindən. 
Torpaq kimi tərpədə təkan gərək yerindən?ʺ 
Dedim: ʺBakir söz qızı ar libası geyinsin, 
Qamətinə don hanı? Var libası, geyinsin?! 
Can köynəyi çatır ki, örtə də hər dizini? 
Dizi üstə oturub ‐ görməsinlər dizini, 
Yeni libas bəzəsin gül əndamı, hüsnünu, 
Utanmasın duranda, süzsün hamı hüsnünü. 
Qoca, cavan hüsnünə bir heyrandır dünyada, 
Umacağım, qazancım şərəf‐şandır dünyada. 
Aləm axıb üstünə, qızıl sayan hardadır? 
Bazar kasad bazardır, qiymət qoyan hardadır? 
Boğazımı gör necə düyünləyibdi Gəncə, 
Yoxsa, İraq xəznəsi mənim olardı, məncə. 
Aləm deyir: ʺÖvladsan sən dünyaya, Nizami, 
Sığışmazsan Gəncədə gen dünyaya, Nizamiʺ. 
Şükür, yazdım ilhamım daşa‐daşa əsəri, 
Ömrü başa vurmamış vurdum başa əsəri. 
Mümkünmüdür zinətsiz qoyam, haşa, onu mən? 
Qərq etmişəm gövhərə başdan‐başa onu mən. 

 
114
Mübarəkdir səpdiyim belə baha incilər, 
Comərddir ki, layiqdir elə şaha incilər. 
Çox gəlibdir cövlana söz mülkündə söz quşu, 
Cilvələnib tavuztək öz mülkündə söz quşu. 
Söz incimi sanmışam hər incidən baha mən, 
ʺSirlər xəzinəsiʺni tamamladım daha mən. 
Hansı ayda, ildəcə deyim necə qurtarıb, 
O, payızın iyirmi dördündəcə qurtarıb. 
Sanma hicri tarixi yaddan itən olubdur, 
Beş yüz yetmiş ikinci ildə bitən olubdur. 
 

Document Outline

  • SİRLƏR XƏZİNƏSİ
  • MİNACAT
  • PEYĞƏMBƏRİN MƏDHİ
  • BİRİNCİ SÖHBƏT
  • İKİNCİ SÖHBƏT
  • ÜÇÜNCÜ SÖHBƏT
  • DÖRDÜNCÜ SÖHBƏT
  • BEŞİNCİ SÖHBƏT
  • ALTINCI SÖHBƏT
  • YEDDİNCİ SÖHBƏT
  • SƏKKİZİNCİ SÖHBƏT
  • DOQQUZUNCU SÖHBƏT
  • ONUNCU SÖHBƏT
  • ON BİRİNCİ SÖHBƏT
  • ON İKİNCİ SÖHBƏT
  • ON ÜÇÜNCÜ SÖHBƏT
  • ON DÖRDÜNCÜ SÖHBƏT
  • ON BEŞİNCİ SÖHBƏT
  • ON ALTINCI SÖHBƏT
  • ON YEDDİNCİ SÖHBƏT
  • ON SƏKKİZİNCİ SÖHBƏT
  • ON DOQQUZUNCU SÖHBƏT
  • İYİRMİNCİ SÖHBƏT

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin