Nİzami GƏNCƏVİ SİRLƏr xəZİNƏSİ


DAVUD OĞLU MƏLİK FƏXRƏDDİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix31.01.2017
ölçüsü0,64 Mb.
#6770
1   2   3   4   5   6   7

DAVUD OĞLU MƏLİK FƏXRƏDDİN 
BƏHRAM ŞAHIN ŞƏNİNƏ 
 
Ərşə məhkum dünyada almamışam hələ kam. 
Alnının qırışları düyünlənən məhbusam. 
Qandalımı açmağa tapmayıram bir kəsi. 
Kölgəyəm, başım üstə yoxdu hümay kölgəsi. 
Ayağım torpaqdadır, çoxda ki, yerdəyəm mən, 
Sözümlə, şöhrətimlə uca göylərdəyəm mən. 
Dünyanı ayaqla yox, dolanmışam başımla, 
Ayaqdəyməz yerlərə yol açmışam başımla. 
Üzüm ağ, alnım açıq, başdan aşıb sevincim. 
Könlümün aynasıdır şölə saçan söz incim. 
Hünərimi əks etdim sözümün güzgüsündə, 
Aləmi canlandırdım gözümün güzgüsündə. 
Hansı könül güzgüsü əksimi əks eləyər? 
Hansı işıq çeşməsi yanğıma su çiləyər?  
Ağlın iti nəzəri seyrə daldı hər yanı, 
Dolaşdı başdan‐başa zirəkliklə dünyanı. 
Ləyaqət, qədir‐qiymət gördü comərdlikdədir, 
Yüksək məqama çatmaq, himayə mərdlikdədir. 
Bəxti güclü şahımın zəfər çəngi səslənər. 
Bu dünyanın bağında qönçə kimi bəslənər. 
İskəndər, şanlı Xızır zəkası işıq saçar. 
Sehrikar münəccimdir, ʺMəcəstiʺ sirri açar. 
Onun əzəl qayəsi ‐ varlığın ülviyyəti, 
Şöhrətə ucaldıbdır təmiz, ülvi niyyəti. 
O, Süleyman üzüklü, günəş taclı hökmdar. 
Məlik Fəxrəddin adı: ‐ dünyamıza iftixar. 
Əzəldən xoşbəxtdir ki, Davud atası olub, 
Süleyman şöhrətinə gəlib çatası olub. 
Göylərə ucaltdığı İshaqın bayrağıdır. 
İsmaili ‐ kafiri ona qəti yağıdır. 
Dönübdür bu aləmin dostuna, sirdaşına, 
Doqquz fələk dolanar Bəhram şahın başına. 
Qüdrətini göylərin öz Bəhramında ara. 
Bəhram Gurla vuruşsa, gömər onu məzara. 
Yetkin ağlı, kamalı tanıtdırıb dünyada, 
Şahların sərvəridir, əsla basılmaz yada. 
Verib dünya mülkünü öz xalqının əlinə, 
Həm Ərmənə hakimdir, həm də ki Rum elinə. 

 
19
Xilafət taxtı kimi şahlıq taxtı ucaldı, 
Abxazda, Rum elində şanlı qələbə çaldı. 
Ondadır comərdliyi, səxavəti ərlərin, 
Ondadır düşüncəsi, ədaləti ərlərin. 
Məsləki göylərdədir, nur saçır bəxt çırağı. 
Mülki ‐ sədəf, incidir ‐ dərgahının torpağı. 
Səxavəti ‐ dünyanın bir büllur çeşməsidir, 
Dürr dəryası, balıqlar üzən nur çeşməsidir. 
Səxavət çeşməsindən əli civə səpibdir, 
Bir yerə yığmaq olmaz, bəli, civə səpibdir. 
Gün kimi şölə saçar kəmərinin qaş‐daşı, 
Durar yaqut kəmərli al günəşlə yanaşı. 
Lacivərd pəncərəsi bəla səpən bu fələk 
Onunla əlləşəni eyləyər ələk‐vələk. 
Fələyin təbli susar zənglərinin səsindən, 
Ayın şüşəsi sınar hənrindən, nəfəsindən. 
Hər nəşənin, şadlığın mənbəyi, ilki odur, 
Ən nəcib insanlığın sonu da, bil ki odur! 
Əli ‐ səxavət camı dolandıran saqidir, 
Var olsun, səxavəti əbədidir, baqidir. 
 
 
BƏHRAM ŞAHA XİTAB VƏ TƏZİM  
 
Ey bəşər gövhərinə şərəf yaraşıq olan. 
Bu aləmdə hər kəsin gözünə işıq olan! 
Sirlərinlə hamilə doqquz qarınlı göylər 
Şəninə təbil çalıb: ʺZəfər yar olsunʺ söylər. 
İki balıq əzəldən Yerə, göyə şərəfdir, 
Qulağı qılıncının gövhərinə sədəfdir. 
Ay ki, qılınc şaxıdır gecələr hər buluda. 
Qılıncının zəhmindən qaçıb girər buluda. 
Fərat nəhri yaratdı qanlar tökən qılıncın, 
Həyat suyu qaynayan qəlblər sökən qılıncın. 
Kim ki şirin yatıbdı fırtınanın selində. 
Nuh olsa da, batıbdı fırtınanın selində. 
Camın bənzər Cəmşidin, Keyxosrovun camına, 
Günəş bir pərvanədir camalının şamına 
İgid ərlər yıxmağa aslan ürəkli ol sən. 
Şiri‐nərlər yıxmağa aslan biləkli ol sən. 
Fələyə də bəllidir aslanların meşəsi. 
Zəhmindən, hünərindən çəkinməkdi peşəsi. 
Hünərlə, cəsarətlə sınanar ər döyüşdə, 

 
20
Səndədir yenilməzlik cəsarət hər döyüşdə. 
Göy səma altındakı obaları, elləri 
Hökmüylə dolandırır ‐ istəyinin əlləri. 
Taxt vermisən çoxuna ‐ indi əmir vəzirdir. 
Əmrinə, qulluğuna mələklər müntəzirdir. 
Çarx şahlıq üzüyünü adına bəzər sənin. 
Külək Süleyman kimi hökmünlə əsər sənin. 
Tanrının töhfəsidir cavan vaxtı şahlığın. 
Bəxtiyarlıq naminə qurub taxtı şahlığın. 
Ötgün bəxtin qızıla döndərər torpağı da, 
Adın dilə gələndə şərbət olar ağı da. 
Gəlsə səninlə işrət Firudinin arına. 
Başı beyni yem olsun Zöhhak ilanlarına. 
Saqiylə müğənniylə işrət sənin mey sənin, 
Əbədi səadətlə gülsün bəxtin hey sənin. 
Şahlar da məmləkət də köməyinin möhtacı. 
Əlində odlu qılınc, başında şahlıq tacı. 
Heybətli qılıncla sən daim qalib çıxmısan. 
Bəzən taclar almısan, bəzən taxtlar yıxmısan. 
Var‐dövlət paylamaqda xəlifələrə taysan, 
Tac verib, taxt aldığın saya gələrmi, saysan?! 
Baş varmı, qılıncınla tac almamış olasan?! 
Şah varmı ölkəsindən bac almamış olasan?! 
Ayağına enən baş ‐ tac alıbdır özünə. 
Qəlbinə yol tapdığın çıxıb bəxtəvər günə. 
Bayquş ‐ səadət quşu bir humay olub indi. 
Ayağının altında başlar zay olub indi. 
Ədalətin çoxluğu hekayətə dönübdür, 
Şikayətin yoxluğu şikayətə dönübdür. 
Zindandan da ağırdır sərt dırnağı atının, 
Nalını çarmıx sanar hər bir yağı atının. 
Gövhərinə mücrüdür göylərin yeddi tağı, 
Bayrağın altındadır cənnətin səkkiz bağı. 
Hökmünə baş əyməyən hökmən naşıdır, naşı! 
Tac daşıya bilərmi noxtaya layiq başı?! 
Hər elmin ustasısan, hünərinə əminsən, 
Bir canınla canısan hər iki aləmin sən. 
Səbanın qulağına pıçılda peyğamını, 
Nəfəsinlə alışdır söz‐sənətin şamını. 
Göylərin töhfəsini sadiq bəndəyə göndər, 
Nizaminin qəlbini lütfünlə dağa döndər. 
Söz ‐ möhtəşəm görünər igid ərin yanında, 
Cılızdır süfrəndəki nemətlərin yanında. 

 
21
İncisiz, yaqutsuzdur dəryam, mədənim daha, 
Möhtacam əli, ağzı cavahir səpən şaha. 
Gözündən yayınmasın həsəd çəkən hər naşı, 
Oxların ‐ ləli olsun, qılıncınsa qaş‐daşı. 
Əzəldən bəxtiyarlıq bəxş edib sənə göylər, 
Uğur, qələbə dilər hər işdə yenə göylər. 
Şəninə söz qoşan da, həsəddən yanan da var, 
Söz qoşanın özüməm, qovrulanın ‐ yağılar. 
Zəfərin göyə qalxan bir ələmə dönübdür. 
Düşmən ‐ başı kəsilmiş bir qələmə dönübdür. 
Mən ki bir nəğməkaram belə təzətər gülə, 
Dönmüşəm bağındakı gözəl səsli bülbülə. 
Eşqin, ülfətinlədir aldığın hər bir nəfəs. 
Yolunda zəng çaldırır bu məhəbbət, bu həvəs. 
 
 
BU KİTABIN YAZILMASI 
 
Birovuz geydirmədim söz qızına donu mən. 
Qəlbim nə yaz deyibsə yazmışam da onu mən. 
Sənətin hər sehrinə yenə də əl atmışam, 
Yeni qəlibdən çıxan bir heykəl yaratmışam. 
Səhərtək əritmişəm gecələrin şamını, 
Sehirkarlıq möcüzəm heyran qoyub hamını. 
Yoxsula da, şaha, da hikmət nuru saçmışam. 
Ülviyyət xəznəsinin hər sirrini açmışam. 
Şəkərimin üstündə yad milçək dolaşmayıb. 
Yad şəkər şirəsinə milçəyim bulaşmayıb. 
Nuh ‐ sənət ümmanımda batar, kəsər səsini. 
Xızır ‐ sənət çeşməmdə sındırar kuzəsini. 
Bütün şahlar adına püşk atdım bu gözələ, 
Bəxtinə özün düşdün, öz adın gəldi ələ. 
İki söz cəngavəri yaratdı iki əsər, 
İki Bəhram adıyla adları dildə gəzər. 
Qiymətli qızıllardı köhnə mədənin varı, 
Mənsə yeni dəryadan yığdım, inci‐mirvarı. 
O, Qəznədə ucaltdı sözün mülkündə bayraq. 
Mənsə Rum sikkəsilə verdim sənətə növraq. 
O sikkənin üstündə söz qızılı naxşıdır. 
Mənim xalis qızılım ondan daha yaxşıdır. 
Aldığı bəxşiş qədər dövlətim yoxdur mənim. 
Lakin ondan müştərim, alıcım çoxdur mənim. 
İşvə‐nazlı gözəldir, sevdirər naz özünü, 

 
22
Nəvazişlə oxşasan, qərib saymaz özünü. 
Sözlərim əlvanlıqda gülü sayrışan bağdır, 
Ürəyimin yağıyla işıq saçan çıraqdır. 
Süfrənə düzülübdür sözün gözəl neməti, 
Xoşla hamıdan qabaq özün gözəl neməti. 
Şit deyil, duzlusa da, ləzzət apar dadından, 
Bəyənməsən, ləzzəti tamam çıxsın yadından. 
Söz süfrəsi başında fələklə zövq alarsan. 
Öz comərdlik töhfənlə məni yada salarsan. 
Sənə sadiq, vəfadar olmağın öz yeri var, 
Qulluğunda dayanmaq iftixardır, iftixar. 
Şahlardan hörmət‐izzət, qayğı, vəfa görmüşəm, 
Səninlə ülfətimdən özgə səfa görmüşəm. 
Etibara bağlıdır bu xidmətim, qulluğum, 
Bir məqama yüksəldər sənə sadiq qulluğum. 
Tərif yazan şairlər öpdülər dərgahını, 
Əbədi dərgahında öydülər öz şahını. 
Nizaminin yanında özünü öyən olmaz, 
Nizami olan yerdə ʺşairəmʺ deyən olmaz. 
Hamını qabaqlayıb qabağa getmişəm mən, 
Sənətin yollarında hamını ötmüşəm mən. 
İti söz almazından ələ qılınc almışam. 
Ləng gələnin başını bədənindən salmışam. 
Nizami qılıncına dözməz nə baş, nə gərdən, 
Ovxarı köhnəlsə də, düşməyibdir kəsərdən. 
Əlçatmaz zirvədəyəm, sarsılmazdır dayağım, 
Bundan da yüksəklərə dəyməlidir ayağım. 
Uçuram yüksəklərə, ən uca zirvələrə, 
Hünərimlə qalxıram mən uca zirvələrə. 
Comərdsən, görürsən də arzumu, təlaşımı, 
Ayaq basdığın yerə qoya bilim başımı. 
Tozundan tuturam ki, bəlkə qalxım göylərə, 
Sən məni çatdırmısan, mən çatmaram o yerə. 
Bir‐iki ay çalışıb, çox can atmışam ki, mən 
Şahımın səcdəsində əhdə çatım yenidən. 
Sədlərlə istehkamlar kəsmişdi sağ‐solumu, 
Hər yandan bağlamışdı mənim çıxış yolumu. 
Görüşünə uçaraq can atırdım dərgaha, 
Dəridən çıxmağa da, inan, hazırdım daha. 
Yenə gördüm yolları aslandı, şirdi kəsən. 
Dörd yanımı xəncərdi, odlu şəmşirdi kəsən. 
Özümü cəsarətlə qılınca toxumuşam. 
Qılınclar arasında xütbəni oxumuşam. 

 
23
Söz çeşməmin suyunu qapına çiləmişəm. 
Mən özümə qapında qum olmaq diləmişəm. 
Ey günəş, bir zərrəyəm, sən vermisən şüamı, 
Tanrı özü eşidər yəqin səhər duamı. 
Könlüm incilər səpən coşqun dəryandı sənin. 
Canımın gövhəriylə kəmərin yandı sənin. 
Bu əbədi dünyada gündüz olsun hər gecən. 
Tacının şöləsindən nurla dolsun hər gecən. 
Səadətlə yaşasan bu dünyada sən indi, 
Bundan gözəl səadət o dünyada sənindi 
 
 
SÖZÜN TƏRİFİ 
 
Dünya yaranan gündən qələmin ilkin sözü ‐ 
Varlıq səhifəsində sözün özüdür, özü. 
Açılanda varlığın sirli pərdəsi əzəl, 
Söz oldu bu, cahanda cilvələnən ilk gözəl. 
Ürək sözə dil açdı, dedi ki: ʺVer mənə canʺ, 
Yoxsa, yolmu tapardı bu cansız bədənə can?! 
Yer üzünə incini sözlə saçıbdır qələm, 
Kainatın gözünü sözlə açıbdır qələm. 
Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti, 
Danışmaqla, yazmaqla itməz qədir‐qiyməti. 
Söz eşqin lüğətində öz canımızdır bizim, 
Biz ‐ sözük, görkəmimiz ‐ eyvanımızdır bizim. 
Düşüncələr, xəyallar min‐min əsər bitirər, 
Onu sözün quşları mənzilinə yetirər. 
Yeniliklər törədən bu qoca kainatda, 
Sözdən incə, kəsərli heç nə yoxdur həyatda. 
Düşüncənin munisi, gözəl sirdaşı sözdür, 
Unutma ki, insanın əzəl sirdaşı sözdür. 
Tacidar tac sahibi sözü sanıb cahanda, 
Ariflər söz qədrini sözlə anıb cahanda. 
Gah dillərdə təranə, əllərdə ələmdi o. 
Gah qələmlə süslənən füsunkar sənəmdi o. 
Sanma bayraq söz qədər zəfər çalar hər yanda, 
Qələm öz qüdrətinə ölkə alar hər yanda. 
Camalını gizlədər, hicabı var sözün də. 
Xəyaldır köləsinin, qullarının gözündə. 
Biz ki, söz aşiqiyik, söz sevənin biriyik, 
Onun ölüsüyük ki, onunla da diriyik. 
İlhamsız‐odlanaraq sözün yanmış oduna. 

 
24
Sözü ‐ sənət aşiqi, bir su sanmış oduna. 
Söz dünyadan gözəldi, söz həyatdan gözəldi, 
Qövsi‐qüzehli göydən, kainatdan gözəldi. 
Yer üzündə tapılmaz sözün rəngi‐boyası, 
Dilə gəlməz tərifi ‐ dili aciz qoyası. 
Söz bayraq qaldıranda ilham dolu könüldə, 
Tərənnümə söz tapmaz sözlü ağız da, dil də. 
Ürəyin tellərini sözlə təzələdi can, 
Duyğular kələfini sözlə çözələdi can. 
Şairi şah elədi şah əsərləri sözlə, 
Möhürlədi məsləki məslək ərləri sözlə. 
Sözü ‐ qızıl yatağı altunla tutdu qoşa, 
Dedi söz sərrafına: ʺDe, hansı gəlir xoşa? 
Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdırʺ? 
Söz sərrafı söylədi: ʺSöz dünyanın naxşıdır!ʺ 
Söz qasidi bələdsiz başa vurar yolları. 
Söz ‐ hünər meydanında yenər mərd oğulları. 
Söz ‐ gümüş sikkəsidir, dirhəm ‐ tozu da deyil, 
Qızıl ‐ itdən urvatsız, qorxaq tazı da deyil. 
Söz hər yerdə hakimdi, hamıdan baş da odur, 
Dünyanın sərvətidir, inci qaş‐daş da odur. 
Ürəksizlər qafildir ürək sözündən belə, 
Sözün şərhi artıqdır sözün özündən belə. 
Söz durduqca, sorağı qoy dünyaya car olsun, 
Nizaminin şöhrəti sözlə daim var olsun! 
 
 
ŞAİRLİK LƏYAQƏTİ 
 
Qiyməti var ölçüsüz, pərakəndə sözün də, 
Cavahirdir cavahir sərrafları gözündə. 
Sən kəlamı bəzə ki, zövq alıb gülsün ürək, 
Hikmətli kəlamlara ölçü, qafiyə gərək. 
Şairlər yaratdığı sözdən qiymətli nə var? 
Sözlə iki dünyanın xəznəsini alarlar. 
Xəznələr açmaq üçün açar gərəkdir, açar, 
Açılmaz xəznələri şairlər sözlə açar. 
Şairlər söz mizanı quran zamandan bəri, 
Sözlə nəcibləşdirib sözə aşiq kəsləri. 
Ərşin bülbülləridir sözə qadir şairlər 
Hər tərifə layiqdir sözü nadir şairlər. 
Düşüncənin odundan qovrulub yanar onlar. 
Özünü mələklərə bir sirdaş sanar onlar. 

 
25
Şairliyin qurduğu sirli‐sehirli pərdə. 
Şübhəsiz, peyğəmbərlik kölgəsidir hər yerdə. 
Ərənlər, ulu kəslər səf çəkərək düzəlib. 
Qabaqca peyğəmbərlər, sonra şairlər gəlib. 
Həqiqət dostu olmaz onları gözdən salan. 
Hərəsi bir ləpədir, qabıqdır yerdə qalan. 
Süfrəyə zinət verən tər‐təzəcə nübardır, 
O nübarda canımın, tam bir parçası, vardır. 
Can‐dillə sığallayıb əldən dildən düşüncə, 
Ürək qanla yoğrulub, bişiribdir düşüncə. 
Bir hikmət çeşməsidir bu şairlik sənəti, 
İtirib məddahların ucbatından hörməti. 
Kim ki söz pərdəsində çalar gözəl havalar, 
Dünya ona dar hücrə, daha geniş qəsri var. 
Baş var ki, ölkə alar, var olsun qoy belə baş! 
Vüqarından əyilməz hər qapıda elə baş. 
Kim ki, başla aldığı könül mülkündə gəzər, 
İki dünya boynunu həmayillərlə bəzər. 
Qədəminə əyilən öz başıdır şairin. 
Şer‐sənət kürsüsü bardaşıdır şairin. 
Qəddi dönər kamana şövqü, həyəcanıyla. 
Sözə can vermək üçün əlləşər öz canıyla. 
Lülələnmiş kağıza diz üstə inci axar. 
Fələyin qulağına qul kimi sırğa taxar  
Göy ‐ sehirli mücrüsu, tapmaz nələr mücrüdən? 
Bir sədəfdən on sədəf ələ gələr mücrüdən. 
Söz mülkündə köhləni qan‐tərə batar onun, 
Dodağından öpməyə canı can atar onun. 
Gövhər dəfinəsini eşər söz tişəsilə, 
Göyün dəbilqəsini deşər söz tişəsilə. 
Əziz, doğma balası kəlamıdır, sözüdür, 
Bu övladın atası ilhamının özüdür. 
Fələyə baş əydirər şairlərə qulluğu, 
Rəva görməz onlara köləliyi, qulluğu, 
Nəfəsini canında duyar hamı şairin, 
Dildə dönər nəğməyə hər kəlamı şairin. 
Memardır ‐ sözləriylə heykəl yonan sənətkar. 
Şair ‐ adı dillərə uçub qonan sənətkar, 
Məncə, Zöhrə özüdür, Harut sehri açandır, 
Sehrkar Müştəridir, sözü gövhər saçandır. 
Söz köhləni çapanlar qorusa da bu qəsri, 
Alçaqlar viran qoyub verdi bada bu qəsri. 
Saxta, boyalı sözlə ismət qalmadı sözdə, 

 
26
Şair qəlbim dözməyir, yanıb qovrulur közdə. 
Ürəyin meyvəsini can verib almaq olar, 
Çörək üçün qaş‐daşı ayağa salmaq olar?! 
Ey fələk, qoy dolaşsın xəyalı çaşdıranlar, 
Açılmaz düyün kimi sözü dolaşdıranlar, 
Oğrular ucbatından puç görürəm mən onu, 
Söz kələfi dolaşıb, qurtar düyündən onu, 
Qızıl üçün can verər gümüş satan miskinlər, 
Gümüşlə saf qızıla hey can atan miskinlər. 
Kim ki, qızıla qatdı gündüz kimi başını 
Gecətək qucaqladı nur saçan qaş‐daşını, 
Əllaməlik eləyib, ad alsa da eləsi, 
Alçağın alçağıdır, ucalsa da eləsi. 
Sultan zər‐xarasını kim ki geydi əyninə, 
Qan uddu, ‐ dəmir toxmaq qan sızdırdı beyninə. 
Civə kimi getmədi kim ki, qızıla sarı, 
Gümüş oldu, ‐ əzmədi Səncərin toxmaqları. 
Sözün ‐ beçə balıdır, qıyma ucuz alına, 
Qoyma milçək daraşsın sözün beçə balına. 
Söz verib, söz alanın əhdinə inanma sən, 
Biganənin adını alqışınla anma sən. 
Söz mülkündə çatmamış arzuna, muradına, 
Şerin gözəl qızını nişanlama adına, 
Şer göyə qaldırar şöhrətini ölkədə. 
Kəmərinin qaşından Cövza qalar kölgədə. 
Şer səni sidrənin kölgəsinə göndərər, 
Mənalar dünyasında hökmdara döndərər, 
Olarsan şerin ilə söz hakimi dünyada, 
Şairlərdir hikmətin öz hakimi dünyada. 
Qanadlı kəlamları, uçurmamış göylərə, 
Fələk kimi yorulma, həsəd çəksin göy yerə. 
Odlu düşüncələrdən şama dönəsən gərək, 
Gecə alovlanasan, gündüz sönəsən gərək. 
Düşüncənin köhləni dönər yelə yollarda, 
Fələyin bədöy atı yortar belə yollarda. 
Göyə meydan oxusun qanad açan sözlərin, 
Bu dünyanın könlünə ətir saçan sözlərin. 
Gözəl çoxdu hicabda, sevmə hər gözəli sən, 
Seç özünə misilsiz, gözəllər gözəli sən, 
Tapdığın hər incini sinənə taxmaq nədir? 
Ondan gözəl incilər axtar ki, sinəndədir. 
Sənətin bayraqları ucalar kainatda, 
Aydan da, günəşdən də öc alar kainatda. 

 
27
Həyəcandan, təlaşdan təngiməz də nəfəsi, 
Könlünün riqqətindən ləngiməz də nəfəsi. 
Göylərə uçursa da təfəkkürü, xəyalı, 
Göyləri fəth etsə də, həyalıdır, həyalı! 
Cəbrayıl qanadlıdır şairin ilham atı. 
Əlinin yelpiyidir İsrafilin qanadı. 
Duyğular aləmini duyan hanı aləmdə? 
İncəliyi açmağa uyan hanı aləmdə? 
Bütün quşlar olsaydı əncir yeyəsi bağda, 
Əncirə tamarzıydı əncir yiyəsi bağda. 
Yeni tərzə, üsluba qadir sənətkaram mən, 
Möcüzəm göstərir ki, nadir sənətkaram mən. 
Şer‐sənət məbədi abad oldu əlimlə, 
Şairlik meyxanadan azad oldu əlimlə. 
Zahid, rahib qalmadı, üstümə axdı onlar, 
Əbanı, qurşağı da atəşə yaxdı onlar. 
Qızılgül qönçəsiyəm, açmamışam hələ mən, 
Ətrimi yaymaq üçün intizaram yelə mən. 
Bakir sözüm, kəlamım günəş kimi nur yayar, 
Şöhrətim qiyamətin şeypurutək gurlayar. 
Sənətim güzgüsüdür kainatın, varlığın, 
Yer üzü məftunudur belə sehrkarlığın. 
Ecazkar sənətimlə açaram tilsimləri, 
Sehrimlə əfsunlanıb, tilsimdədir bir pəri. 
Gəncə ‐ Harut sehirli Babil deyil, bəs nədir? 
Ürəyim ‐ ulduzlara nur saçan bir Zöhrədir. 
Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə, 
Onu belə ucaldan ülvi sözümdür, məncə. 
Heyrətamiz sənətim ‐ ölməzliyə bir buta. 
Sehrimlə, möcüzəmlə nicat yoxdur Haruta. 
Nizamiyəm, xəyala dönənin biriyəm mən, 
Həyəcanlı sözümlə əbədi diriyəm mən. 
 
 
KÖNÜL DÜNYASI VƏ ONUNLA SİRDAŞLIQ 
 
Günəş təslim olaraq yerə atdı qalxanı. 
Xəcalətdən yerin də suya batdı qalxanı. 
Kainatın nəfəsi daralmağa başladı. 
Günəş ‐ öz qalxanıtək saralmağa başladı. 
Ordusu düşən görüb qalxanını günəşin. 
Tökdü odlu qılıncla al qanını günəşin. 
Sağlığında inəyin muncuq bəzər boynunu, 

 
28
Əldən düşən zamanda xəncər kəsər boynunu. 
Dayəsini gecənin çağası qucaqladı. 
Gündüzün qumrovunu ayağına bağladı. 
Gecə ‐ dəli‐divanə aman vermir qəm ona, 
Hazırladı torpaqdan dayəsi məlhəm ona. 
İsanın nəfəsitək torpaq məlhəmə döndü, 
Dəliliyin atəşi onun suyuyla söndü. 
Xəstə şəfa şərbəti içdi dayə əlindən, 
Divanəlik binası sarsıldı təməlindən. 
Bir ləyən qan qusaraq gör nə hala qaldı o, 
Təpədən dırnağadək qapqara qaraldı o. 
Qəlbinin qaralığı çöhrəsinə yayıldı. 
Yer üzünün kafiri ‐ üzüqara sayıldı. 
Hər hoqqası, oyunu ‐ məsxərə, qaravəlli, 
Bu şəbədəbazlığı kimə deyildi bəlli?! 
Gah oldu gül‐çiçəyi Ay əyninin qumaşı. 
Gah Zöhrənin dəfinə dirhəmlərdi şabaşı. 
Zülmətlərə bürünmüş bu çıraqsız gecədə, 
Mənim kimi bülbülə bağça‐bağsız gecədə, 
Hər sözümə kəlməmə ürək qanım hopubdu, 
Ciyərimin qanından qığılcımlar qopubdu. 
Sözümlə sirdaş kimi ürəyimi açanda. 
Fikrimlə, xəyalımla məsləhətə qaçanda. 
Dedi ilham pərisi: ʺHazıram, nə diləsən. 
Elə borca giriş ki, qaytara da biləsən. 
Bu müqəddəs atəşə su çiləmək olarmı? 
Can mülkünə at çapan yel diləmək olarmı? 
Günəşin şöləsini yaqutlara bağışla. 
Tamahın torpağını tabutlara bağışla, 
Ox nəyinə gərəkdi, hər sözün oxdu sənin, 
Köhləninin sürəti şimşəkdən çoxdu sənin. 
Qafil olmaq yaraşmaz, ayıl qəflətdən daha. 
Tök üzünün suyunu könül adlı dərgaha. 
Göy rəngli küpün altda nə qədər inləyək biz? 
Könüldən söhbət aç ki, nəğmətək dinləyək biz. 
Könül quldurlarından qurtar öz yaxanı sən, 
Dünyan ‐ könül dünyası, bu dünyanı tanı sən. 
Könüllə qanadlanıb ərş evinə hər pəri. 
Könülün qanadıdır Cəbrayılın şəhpəri. 
Kim ki, iki dünyadan cilovunu döndərib, 
Könül öz sayilini möhtəşəmə döndərib. 
Könül gildən, palçıqdan, de, yoğrularmı, səncə? 
Gildən insan düzəlsə, qəlbi olarmı, səncə? 

 
29
Heyvan vurur ömrünü başa canla dünyada. 
Yaşa odlu ürəklə, həyəcanla dünyada. 
Ülvi məqsəd üçündür göz‐qulağı bəşərə, 
Göz‐qulaqdır öz gözü, öz qulağı bəşərə. 
Şəbnəmli nərgiz gözün qan saçmağa yaranıb, 
Qulağın qafillikdən gen qaçmağa yaranıb. 
Gülə də, nərgizə də bel bağlama bağında. 
Gülü də, nərgizi də gəl dağlama bağında. 
Alçaqların qəlbini oxuyan gözə dön sən. 
Qaynar gənclik çağında alova, gözə dön sən. 
İlhamınla kamalın özünə yar seçibdir, 
Evlənməyə hazırdır, qırx yaşına keçibdir. 
Qırx yaşını ötəndə sayılmasın qul gərək, 
Dolanmağa, gəzməyə, xərcləməyə pul gərək. 
Qırx yaşın təlimindən söz açma ki, tanışıq, 
Evlənməyə tələs ki, artıqdır boş danışıq. 
Məlul‐məlul dayanma, qovuş gözəl dildara, 
Qəmli qəlbin qəmxarı, ‐ könül kimi yar, ara. 
Dərd çəkməyə dəyərmi, bir qəmxara qovuşsan?! 
Sındır qəmin boynunu, belə yara qovuşsan. 
Qəm‐qüssədən üzülən canından əl üzəndə. 
Son nəfəsdə dirçələr dostu‐yarı süzəndə. 
Bir cana odlu nəfəs ‐ yarla yarın vüsalı, 
Yar nəfəsi yandırar hər kədəri, məlalı. 
Sübh gözünü açmamış nəfəs alıb əsnəyər. 
Səhər öz müjdəsilə ulduzları səsləyər. 
Sübh ‐ gözünü ovardı, zəlil kimi, xar kimi, 
Al səhəri qoynuna almasaydı yar kimi. 
Evlənmək istəsən də, canansız toy hardadı? 
Özünə yar axtar ki, toy‐büsatın yardadı. 
Hər diyar zənginlikdə Xara tay ola bilməz 
Heç kəs könül verdiyin yara tay ola bilməz. 
Hamının öz sirdaşı, yarı vardır cahanda, 
Əsil yar havadardır, xilaskardır cahanda. 
İki‐üç həmdəmi var, heç biri pak sayılmaz. 
Ülviyyətdən uzaqdır qəflətdən də ayılmaz. 
Yapış üzəngisindən könül hökmdarının. 
Önündə göz yaşı tök könül adlı yarının. 
Ərşin qadir sultanı yaradanda dünyanı. 
Ayrı aləm yaratdı bu bədəni, bu canı. 
Pərvərişi, şəfqəti daim bəsdi onlara. 
Ayrılmaz sirdaş kimi nigah kəsdi onlara. 
Qucaqlaşıb yatdılar, dünyaya gəldi könül, 

 
30
Oğultək taxta çıxdı, gör nə yüksəldi könül. 
Könülü ülviyyəti sultanlığa səslədi. 
Bir mənəvi, cismani ata, ana bəslədi. 
Üzünə nur çiləyən könlünün Süheylidir, 
Can da könül mülkündə bədəntək tüfeylidir. 
Könül adı gələndə möhtəşəm dağa döndüm, 
Beynimin öz yağıyla nurlu çırağa döndüm. 
Canımı hədəf aldı ilhamımın pərisi, 
Qulağım dil yerinə oldu söhbət hərisi. 
Sevincimdən dilim də ağzıma sığışmadı, 
Qəm qoşunu dağıldı, bir yerə yığışmadı. 
Könülün eşq atəşi alov saçdı qanıma, 
Gözümün çeşməsindən su çilədim canıma. 
Qolumdakı zənciri parçaladım ər kimi. 
Quldurları yolumdan qovdum şiri‐nər kimi. 
Köhlənimlə uçurdum qan‐tərə batanacan. 
Birbaş könül mülkünə təngnəfəs çatanacan. 
Cananıma yetincə öz canımı teylədi. 
Gecə yarı olunca, ömrü yarı eylədim. 
Müqəddəs məbədimdi pənahım, iqamətim, 
Döndü çövkən topuna çövkən qəddim, qamətim. 
Ətəyimi yığaraq öz yaxama bağladım. 
Top dalınca yel kimi hey kükrədim, çağladım. 
Çövkənin ağacı da, topu da öz canımdı, 
Qanad verib uçuran sonsuz həyəcanımdı. 
Varlığımı unutdum, sürüdü qeyrət məni. 
Gözüm çıxdı kəlləmə, bürüdü heyrət məni. 
Özüm ‐ səfər görməmiş, dostlarım ‐ kor nabələd. 
Qürbət məni sıxmazdı, yola olsaydım bələd. 
Yol‐iz tapa bilmirəm, bu da səfər ‐ seyirdi? 
Ayağım ʺgetʺ desə də başım ʺgetməʺ deyirdi. 
Köhlənimin cilovu eşqin öz əlindəydi, 
Dil‐dodağım təpidi aman, bu hoqqa nəydi?! 
Qapını döydüm, dedi: ʺGələn kimdir bu zaman?!ʺ 
Dedim: ʺGörüşə gəlib pak niyyətli bir İnsanʺ. 
Pişvazıma gələnlər qaldırdılar pərdəni, 
İxtilat pərdəsində əzizlədilər məni. 
Könül mülkünün şahı ‐ məhəbbət adlı pəri 
Səsləyərək dedi ki: ʺNizami, gəl içəriʺ. 
Ən yaxın sirdaş oldum gəldiyim bu dərgaha, 
ʺGəlʺ dedikcə yeriyib yaxınlaşdım mən şaha. 
Cah‐cəlallı bir saray cəlb elədi nəzəri, 
Yaman gözə gəlməsin, kor olsun bədnəzəri. 

 
31
Yeddi xəlifə gördüm bir kaşanə içində. 
Yeddi macəra vardı bir əfsanə içində. 
Könül mülkü göylərdən daha geniş, əngindi. 
Sakinləri bəxtiyar, neməti də zəngindi. 
Günortanın sultanı baş tərəfdə əyləşib. 
İlıq nəfəs sahibi közərməkdən keyləşib. 
Qızıl atlı süvari qarşısında baş əyir, 
Yaqut qəbalı əsgər ondan zəfər diləyir. 
Acıdil, cavan cəsus hər an hazırdır ova. 
Qüssəli qara kölə qorxudan düşüb lova. 
Bərədə pusqu quran bir kəməndatan da var, 
Gümüşdən zirehlənib misbədən pəhləvanlar. 
Hamısı pərvanədi, nur saçan şamdı könül, 
Hamısı tələşdadı, lakin aramdı könül. 
Döndüm könül mülkünün əziz mehmanına mən. 
Canımı töhfə verdim könül sultanına mən. 
Könül qərargahında bayraqdara qovuşdum. 
Hamıdan üz çevirdim, çünki yara qovuşdum. 
Könül dedi: ʺ Heyrətdən itirmisən huşunu, 
Bu yuvadan uçurma səadətin quşunu, 
Adicə ürəkmiyəm, can bürünə tüstümə? 
Bir parça ət deyiləm duz səpilə üstümə. 
Ürəklərin sərvindən kölgəm böyükdür, böyük! 
Ürəklərin mülkündən ölkəm böyükdür, böyük, 
Mən Qarunun yığdığı xəznəyə tay deyiləm, 
Hər kəsin sərvətiyəm, hər kəsə pay deyiləmʺ. 
Söz tərlanım yolundu od saçan nəfəsindən. 
Xəcalətdən çıxmadı öz qızıl qəfəsindən. 
İsmətimdən qızardım atəşdəki pul kimi, 
Sözündən sırğa taxdım qulağıma qul kimi. 
Təzələdi dünyamı könül mülkünün şahı, 
Nizamiyə açıqdır fələklərin dərgahı. 
Paklıqdan, ülvilikdən uzaq olsam, nəyəm mən? 
Könlümün sərvərinə, müqəddəs bəndəyəm mən. 
 
 
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin