Nİzami GƏNCƏVİ SİRLƏr xəZİNƏSİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix31.01.2017
ölçüsü0,64 Mb.
#6770
1   2   3   4   5   6   7

OĞRU VƏ TÜLKÜ HEKAYƏTİ 
 
Yəməndə meyvəsatan kişi vardı deyirlər, 
Meyvəsini bir tülkü qoruyardı deyirlər. 
Ayıq‐sayıq nəzərlə süzüb dörd yanı tülkü. 
Qoruyardı, güdərdi hər gün dükanı tülkü. 
Bir oğru hər kələyə əl atmağa başladı, 
Hiyləsiylə tülkünü aldatmağa başladı. 
Fürsət gəzdi, vurnuxdu, gözü dörddü oğrunun, 
Yalandan gözlərini yuxu örtdü oğrunun. 
Yatmış sanıb hiyləgər həris gözlü qurdu o, 
Başını quyruğuna qısıb, mürgü vurdu o. 
Tülkünü yatmış görüb, gözünü açdı oğru. 
Kisədəki pulları götürüb qaçdı, oğru... 
Kim ki qəflət yolunda xoş yuxuya dalandır, 
Başı əldən gedəndir, papağı boş qalandır 
Ayıl, uyma qəflətdə yatmağa sən, Nizami! 
Çalış qəflət daşını atmağa sən, Nizami!  
 
 
DOQQUZUNCU SÖHBƏT 
 
MÜDRİKLİK VƏ ALİCƏNABLIQ 
 
 
Ey vüsal gecəsindən qəlbə eşqi xal salan! 
Ey sübhün bayrağından tez ucalıb, alçalan! 
Kölgə kimi sürünmə, qəlbinə dağ yaraşar? 
Qalx ayağa, bayrağa dalğalanmaq yaraşar. 
Səfər əzmi qəlbindən haçan keçər şahların, 
Özü yola düşməmiş yükü köçər şahların. 
Əgər şahsan, yubanma, sən başla səfərinə, 
Hazırlaş cah‐calalla, can‐başla səfərinə, 
Özün hələ köçməmiş büsatını yola sal, 
Sabahkı azuqəni, sursatını yola sal. 

 
72
Şanı şirin balıyla niyə dolub arının? 
Çünki gözü uzağı görən olub arının. 
Əlləşər, çəkməz əsla ruzi qəmi qarışqa, 
Sabahına bu gündən yığar yemi qarışqa. 
Qafilliyə kor kimi etməsə meyil insan, 
Arıdan, qarışqadan heç əskik deyil insan. 
Bu dünyadan kamını almalısan, almalı, 
Yayda qışın qeydinə qalmalısan, qalmalı. 
Səndən, məndən savayı hanı məslək yolçusu? 
Zər‐zivərlə süsləməz canı məslək yolçusu. 
Son gününü düşünən görməzsən bir kimsəni. 
Bir nəfəsə bağlısan ‐ sansa mətin kim səni. 
Göydən uca yerdədir dərgahı insanların, 
Son gününü düşünmək ‐ pənahı insanların. 
Hər kəsdə ülviyyətə istək hanı dünyada? 
Aqibəti düşünən biztək hanı dünyada? 
Candan şirin sansaq da arzu‐kamı cahanda, 
Axırını düşünsün gərək hamı cahanda. 
Biz könüllər hakimi, sərvəriyik aləmin, 
Dəfinəmiz yerdədir, gövhəriyik aləmin. 
Necə gəldik ‐ sirrinə yetməyimiz var bizim, 
Gəlməyimiz kimi də getməyimiz var bizim. 
Əzəl günün hökmüdür ‐ ömür qısa yazılıb, 
Doqquz məktəb əbcədi alnımıza yazılıb. 
Belə dağın qubarı yalnız bizik əzəldən. 
Belə bağın nübarı yalnız bizik əzəldən. 
O gündən ki, ələnib torpağımız un kimi 
Ürəklərə məlhəmik ən gözəl məcun kimi. 
Torpağına əl qatan səndə nələr gizlədib? 
Bu torpağın qəlbində xəzinələr gizlədib. 
Bu torpağı əzizlə, eylə ona şükür sən, 
Xor baxma bu torpağa, əzəldən naşükürsən. 
Sığındığın məkanın yolu, mülkü hardadır? 
Gələn ‐ qalmaz, gedəcək, yerin, bil ki, hardadır. 
Niyə məskən seçmisən yer üzünü, söylə sən, 
Niyə köçüb gedirsən, bir düzünü söylə sən?! 
İxtiyarı dünyanın yoxdu səndə əzəllər, 
Hələ sakin deyildin viran kəndə əzəllər, 
Dövlət quşu humay da, bir mələk də özündün, 
Havalanan, millənən bu fələkdə özündün. 
Ülvi eşqin qanadı kömək oldu fələkdə, 
Əbədiyyət uçuşun demək oldu fələkdə. 
Uçub, uçub yoruldun, qanad gərdin yer üstə, 

 
73
Kölgə salıb cahana, qanad sərdin yer üstə. 
Bir gün darlıq eyləsə nəfəsinə bu dünya, 
Uç günəşə, dönməsin qəfəsinə bu dünya. 
Yalqızlıq çox çətindir, bu dərdi sezməlisən, 
Tənhalığın əlindən axır ki, bezməlisən. 
Ürəyini təlaşdan qanatmaqdır niyyətin, 
Öz əslinə dönməyə can atmaqdır niyyətin. 
Comərdliyin dünyada zəlilliyin, xarlığın, 
Əzəli də, sonu da varlığındır ‐ varlığın. 
Övladının qatili bu anadan uzaqlaş, 
Eşit atan deyəni, ülviyyətlə qucaqlaş. 
Mərd atanı sal yada, əgər ki, mərd kişisən, 
Çıxma onun yolundan, sən ki, comərd kişisən. 
Bu dünyadan gözləmə əbəs yerə səadət. 
Beşcə gündə nəsibmi heç bəşərə səadət? 
Bircə anda asudə nəfəs varmı həyatda? 
Səadətə bir güman, həvəs varmı həyatda? 
Qəmlənərək bir düşün vəfasını dünyanın, 
Hansı könül duyubdur səfasını dünyanın? 
ʺŞadlanʺ deyən fələyin deyil nəsib şadlığı. 
Ondan şadlıq ummayaq, bizdən kəsib şadlığı. 
Əzab‐zillət içində inləməyə gəlmişik. 
Sanma şadlıq sədası dinləməyə gəlmişik, 
Sevdasına demə ki, uymamışıq dünyanın. 
Puçluğunu əzəldən duymamışıq dünyanın. 
Gələn gündən qızarıb bənzəmisən meyə sən. 
Getməyini ilk gündən anlamısan deyəsən? 
Görən neçin yarandıq belə ömrü gödək biz? 
İxtiyarsız gələrək ixtiyarsız gedək biz. 
Fənalığa, yoxluğa zərrə yoxdur şübhəmiz, 
Heçə dönən varlığa çoxdan çoxdur şübhəmiz. 
Tez uçma ki, bilinməz heç gəlməyin cahana, 
Tez getmə ki, bilinsin gec gəlməyin cahana. 
Gethagedi gözlərik, ömrümüz kəmdir bizim, 
Sikkəmizdən düzələn yeni dirhəmdir bizim. 
Yoğurarlar yenidən külə dönən varlığı, 
Döndərərlər əslinə gilə dönən varlığı. 
Bu günündən utanıb qızarmırsan belə sən. 
Xəcalətin sonradır, onu düşün hələ sən. 
Möhnət yükü ağırdır, bundan halı qəlbimiz, 
Hər möhnətə qatlaşar bu yaralı qəlbimiz. 
Məslək eşqi çıxarar bu vadidən bir yana, 
Çalış ki, məsləkinlə çıxasan sən bir yana. 

 
74
Yolun gedər‐gəlməzdir, köhlənini çap indi, 
Mətanətlə, inamla o dərgahı tap indi. 
Əməllərin aynadır, varlığına bax onda. 
İzzətinə, şanına, xarlığına bax onda. 
Günahına peşman ol, hər cəzadan uzaq ol. 
Əməlinlə, səyinlə hər qəzadan uzaq ol. 
 
 
TÖVBƏSİNİ SINDIRAN ZAHİDİN  
HEKAYƏTİ 
 
İbadəti, tövbəni tamam atdı birisi, 
Meyxanələr küncündə gedib yatdı, birisi. 
Meyə döndü göz yaşı şərab içdiyi zaman: 
ʺKimdən aman istəyim, deyin kimdədir aman? 
Həvəs quşu qəlbimi çaldı tamah gücünə. 
Təsbeh dənəm dən oldu, ‐ aldı tamah gücünə, 
Talanmışam yolunda, mənim olub Kəbə də, 
Xarabata köçəli qənim olub Kəbə də, 
Taleyim üz döndərib, günüm qara haçandır! 
Qələndərəm, olmuşam bir avara haçandır! 
Həya məndən yaşınır, dönüb zaya əməlim, 
Xarabatı döndərib xarabaya əməlim. 
Gözdən düşdüm, bu gündən dünya mənə dar olsun 
Bədnamlığım əbədi yer üzünə car olsun. 
Bədbəxt olub qəzadan, səadəti boşladım, 
Xarabatı xoşladım, ibadəti boşladımʺ. 
Himmətlilər lütfünü ona əyan eylədi, 
Pərdədən cavabını belə bəyan eylədi: 
ʺBədbəxtliyin baisi sanma hədər qəzanı, 
Ha qınasın sənintək min dərbədər qəzanı. 
Günahından keçənin dərgahını ara sən, 
Gör dərdini deməyə sığınmısan hara sən, 
Özün getsən, utanıb qızarmazsan pul kimi, 
Yoxsa zorla gedərsən qolu bağlı, qul kimi. 
Yaşıl şəkər qamışı olsun sənə fələklər, 
Bu torpağın otuyla dolandın, bəsdir, yetər. 
Gedənəcən yuxuya qov gözündən yuxunu, 
Yoxluğa sovqat üçün hazırla var‐yoxunu. 
Qan çanağı görməyək birinin də gözünü, 
Yuxu yumar ölütək dirinin də gözünü. 
Səni dinin, məsləkin şirin yuxuda gördü. 
Üz çevirib, gizlənib, niqab altına girdiʺ. 

 
75
Can hakimi atlanıb, qalx ayağa Nizami! 
Dönmə gecə yarısı bir dustağa, Nizami! 
 
 
ONUNCU SÖHBƏT 
 
DÜNYANIN AXIRI 
 
Ey fələk! Dolanmağın yetməzmi, yavaşı sən. 
Ey yer! Qurtar bu zülmü, bu cövrü, savaşı sən. 
Hər gecənin gündüzə dönməyi var əzəldən, 
Ucalmağın, bəllidir, enməyi var əzəldən. 
Zəlzələnin dəhşəti ərzə qorxu salanda, 
Yerin dərin qatına lərzə, qorxu salanda, 
Sərsəmlikdən torpağın coşar kini qəzəbdən, 
Parçalayar fələyin zəncirini qəzəbdən 
Sərsəri yel bağrını didib, sökər torpağın, 
Zəncirini əliylə qırıb tökər torpağın. 
Yer kimləsə çəkişib, hoqqa açan olacaq, 
Bu fələyin belindən toqqa açan olacaq. 
Axşam‐səhər müşk‐ənbər səpməyəcək o zaman, 
Göy ‐ çövkanı, yer ‐ topu öpməyəcək o zaman. 
Qapısını yer döyər, taqqıldadar fələyin, 
Kin dişini pusquda şaqqıldadar fələyin. 
Bənd‐bərəni dağıdar qəzasıyla asiman, 
Parçalayar torpağı cəzasıyla asiman. 
Qoca Zühəl hirslənib dərhal enər yer üstə. 
Sapdan qopan gil muncuq səpələnər yer üstə. 
Fələk enər aşağı qəzaları yararaq, 
Torpaq qalxar yuxarı fəzaları yararaq. 
Dərdimizi çəkməkdən yerlə göy can qurtarar, 
Yerin, göyün yolları tozumuzdan qurtarar. 
Göy kişnəməz ahından, naləsindən insanın, 
Yer qurtarar canını hiyləsindən insanın. 
Neçin göylə ulduzlar hey utansın həsəddən? 
Bircə ovuc torpağa baxıb yansın həsəddən? 
Bir zəhərli gürzətək qıvrılandır bu fələk. 
Torpaq yeyib yaşayan bir ilandır bu fələk. 
Ey torpağın bağrını qan eləyən insanlar! 
Bu torpaqda varlığı kül ələyən insanlar! 
Qəm küpündə bu torpaq neçin qalan olubdur? 
Bu küp matəm rəngini nədən alan olubdur? 

 
76
İmkan yoxsa fənd ilə tez qırmağa bu küpü, 
Gil varlığa can verib, sındırmağa bu küpü. 
Çəkin, bu hisli küpdən çəkin ətəyinizi, 
Yeddi dərya suyuna çəkin ətəyinizi. 
Ulduzlartək qəmlənib yas paltarı geyin siz, 
Viran qalan dünyaya yas qurmuşuqʺ deyin siz. 
Kürrəmizin başına dolansa da bu fələk, 
Bircə anda verəcək onu bada bu fələk. 
O, qərəzsiz nur səpmir dağ‐daşına torpağın, 
Bir gün oyun açacaq küt başına torpağın. 
Baş əsməyə başlasa, şəksizdir, o qopacaq, 
Rahat deyil, bu gün də əsir, titrəyir torpaq. 
Müşkə bənzər bu sədəf düşmənindir, bil daha, 
Gözü dolu incidir, qəlbi dolu əjdaha. 
Sanma dərya incisi axıb dolan sədəfdir, 
İnciləri gözlərə işıq olan sədəfdir. 
Ona baxan gözlərə qatı zülmət çökübdür, 
Zümrüd görən ilantək bəbəyini tökübdür. 
Nəzərində, gözündə işıq hanı, görməz o, 
Şölə saçan min gözlə bu cahanı görməz o. 
Əbədiyyət yolunu seçməmisən hələ də, 
Öz gözünlə sən ondan keçməmisən hələ də 
Öz ayağın yetirməz son mənzilə gec səni, 
Özgə ayaq mənzilə yetirərmi heç səni? 
Göylərə ucalsa da zərlə zora Bəhram Gur, 
Gur dalınca gedəndə, girdi gora Bəhram Gur. 
Əcəl gəlsə, üzünə qapı açan tapılar, 
Zənn etmə ki, məzardan çıxıb qaçan tapılar. 
Məhbəsdəki məhbussan, dəhşət nəyə gərəkdir? 
Bağla qapı‐bacanı, vəhşət nəyə gərəkdir? 
Fələk zəhər qatmayıb, söylə, kimin aşına? 
Boş qoyduğu dünyanın külü olsun başına. 
Sanma verməz fələkdə aman yolu ‐ kəhkəşan, 
Dəyməz bircə arpaya saman yolu ‐ kəhkəşan, 
Havalanıb fələkdən uçmalısan, uçmalı, 
Sanma ki, dar dünyanı qucmalısan, qucmalı 
İncəlikdə əzəldən bir sapdımı xəyalın? 
Tüktək incə sirlərə yol tapdımı xəyalın? 
Düşün, keçə bilərmi gen düşüncə dar yoldan, 
Keçməlisən inamla tükdən incə, dar yoldan. 
Bir tükcədir varlığın, tük ki, deyil dəmirdən, 
Yapışsa da xəmirə, qopmalıdır xəmirdən. 
Fənalığın mülkünü atmalısan, atmalı, 

 
77
Əbədiyyət mülkünə çatmalısan, çatmalı. 
Qalan deyil dünyada gil təpəsi varlığın, 
Toza dönüb aləmə kül səpəsi varlığın. 
Alıb əldən hər tacı, hər nəməri bu dünya, 
Açıb belə vurduğu hər kəməri bu dünya. 
Hər ərənə güldürüb yağısını bu həyat, 
Hər şərbətə qatıbdır ağısını bu həyat. 
Günəş ‐ soyuq fələyin qucağının odudur, 
Cəhənnəmin kükrəyən ocağının odudur. 
Varlığıyla göylərin çırağına dönər Ay, 
Yağ almasa günəşdən, öz‐özünə sönər Ay. 
Xəzana da can verən bir məlhəmdir buludlar, 
Sinəsində fələyin bir bəlğəmdir buludlar. 
Hər canlıya həyatdır coşan dəmi suların. 
Azmı batıb qoynunda üzən gəmi suların? 
Başdan aşan eybindən həzər, həzər dünyanın, 
Bəs eybinə salmırsan neçin nəzər dünyanın? 
Öz eybinə göz yumub, sanma görər eybini, 
Ayna kimi hər kəsin tez göstərər eybini. 
Eyib açıb, açılma sən həvəsdən aynatək, 
Ləkələrsən özünü bir nəfəsdən aynatək. 
Qəlbin ‐ hünər aynası bacar canı parçala, 
Ya eybini göstərən o aynanı parçala. 
Özgəsinin eybinə gözlərini açma sən, 
Öz‐özünü görəndə öz eybindən qaçma sən. 
Eybi kimi hüsnü də var dünyada hər şeyin. 
Hüsnünü gör, eybini salma yada hər şeyin. 
Çırağını mümkünmü quca gecə gündüzün? 
Qəfəsindən qarğatək uça gecə gündüzün? 
Zər qanadı, görkəmi bir tamaşa tavusun, 
Ayağının eybini qaxma başa tavusun. 
Qapqaradır görkəmi, özünə bax qarğanın, 
Ağappaqdır gözləri, gözünə bax qarğanın. 
 
 
İSANIN HEKAYƏTİ 
 
İz qoyaraq dünyanın torpağında, daşında, 
İsa ayaq saxladı bir bazarın başında. 
Qurda bənzər köpəyi düşən gördü yol üstə, 
Can Yusifi çıxmışdı dar quyudan dol üstə. 
Baxdıqca iyrənirlər hopub qoxu leşinə, 
Leş hərisi quzğuntək baxır çoxu leşinə, 

 
78
Biri deyir: ʺİy basır künc‐bucağı bir anda, 
Üfünəti qaraldar gur çırağı bir andaʺ 
Biri deyir: ʺTörətməz nələr, nələr bu qoxu, 
Görən gözü kor qoyar, qəlbi dələr bu qoxuʺ. 
Calayaraq sözbazlar biri beşin üstünə, 
Qarğış, lənət yağdırdı murdar leşin üstünə. 
Baxıb hikmət gözüylə vaz keçərək eyibdən, 
İsa necə söz açdı indi görək eyibdən: 
ʺBu fələyin hökmündən hansı varlıq zay deyil? 
Parlaq inci bu itin ağ dişinə tay deyilʺ. 
Bu sözlərə üzləri oldu hədəf onların, 
Dişlərini ağartdı yanmış sədəf onların. 
Yad eybinə dikmə sən hər baxanda gözünü, 
Gör açanda, yumanda öz yaxanda gözünü. 
Ələ güzgü almazsan ‐ bəyənməsən özünü, 
Öz‐özünə vurulub bəyənmə sən özünü. 
Neyləyirsən zinəti, təravəti bahartək, 
Soldurmasın ruzgarın hər afəti bahartək. 
İncə sapla tikilib ar libasın əzəldən. 
Bürün doqquz pərdəyə, ‐ var libasın əzəldən. 
Bir üzük halqasıtək bu dünya dar deyilmi? 
Başın keçsə halqaya adına ar deyilmi? 
Köpək kimi, Sürəyya xaltası salan olma 
İsanın yükü altda eşşəktək qalan olma. 
Fələk kaftar qarıdır vəfasına gəl uyma, 
Dünya bağdır ‐ xəzanlı, səfasına gəl uyma. 
Hər cəfası bəllidir çox əzəldən dünyanın, 
Bir arpacan dəyəri yox əzəldən dünyanın. 
Çəkmə dünya qəmini, oyan, ağa, qəflətdən, 
Səslər səni Nizami oyanmağa qəflətdən. 
 
 
ON BİRİNCİ SÖHBƏT 
 
DÜNYANIN VƏFASIZLIĞI 
 
Yıx taxtını amansız bir taxtdır bu fələk, 
Vəfa yoxdur zərində, nərdtaxtadır bu fələk. 
Açmaz vüsal qapısın ömür başa gəlincə, 
Zəri səni saraldar bircə qoşa gəlincə. 
Söylə, girmək neçindir bu dalğalı dəryaya? 
Başdan aşıb fırtına, tapşır malı dəryaya. 

 
79
Laçın deyib sonaya: ʺSəhra qoynu gözəldir.ʺ 
Sona deyib: ʺƏlvida! Dərya qoynu gözəldirʺ 
Sükançısan fəlakət gəmisinə əzəldən, 
Üzmək üçün verilib gəmi sənə əzəldən. 
Sür gəmini sahilə, qoyma canı dəryada, 
Su dolmamış ağzına çörək hanı dəryada? 
Aman verməz bir küncə, sığınmağa bu cahan, 
Yelbeyin bir zalımdır, olub ağa bu cahan. 
Yox qılığı zərrəcə, istəyindən dad onun: 
Ayaq basma mülkünə, ad sənindir, dad onun. 
Fələk çadır qurubdur, gendən xoşdur süfrəsi. 
Qan qoxuyur kasası, daim boşdur süfrəsi. 
Bu süfrəyə baxanlar ağzı bağlı gedibdir, 
Ondan söhbət açanlar dili dağlı gedibdir. 
Kəcavəsi bomboşdur, zəngi gürlar bir belə, 
Kasasında nə var ki, milçəyi var bir belə?! 
Kasasında olanın kim dadına baxıbdır, 
Kəlləsini üzüktək barmağına taxıbdır. 
Sanma daim doğruluq hökm eləyib cahana, 
Fitnə‐fəsad, oğurluq hökm eləyib cahana. 
Fənalığın evini seçib dalda özünə, 
Bəxtiyarlıq axtarma qilü qalda özünə 
Bacasından tüstüsü hey daransın dünyanın, 
Kaftar qarı ‐ içində qoy daransın dünyanın 
Dünya deyil uşağın, bu ki, bəlli əzəldən 
Onu niyə qucmusan ikiəlli əzəldən?! 
Bu dünyanın üstünə çəkib qələm, şad yaşa! 
Möhnətinə, dərdinə duyma ələm, şad yaşa! 
Uzaq yola çıxırsan, mənzilin çox uzaqdır, 
Azuqəni hazırla, son mənzil ‐ ölüm haqdır. 
Bu səhra yatağıdır, diyarıdır divlərin, 
Məhşər yaxan təşnələr şikarıdır divlərin 
Bir dirilik çeşməsi ‐ ciyər qanı onlara, 
Odlu günəş bəxş edib nəməkdanı onlara. 
Tamahkarın ətindən kabab verər bu səhra, 
Gözün duzlu suyundan şərab verər bu səhra. 
Şoran düzü susuzluq nəməkdana döndərər, 
Ödü suya döndərər, qəlbi qana döndərər. 
Bir yolun ki, qorxusu bağrı yara həmişə, 
Quldurları soxular karvanlara həmişə. 
Alov dolar nəfəsə div yatağı bu çöldə, 
Ürəkləri tövşüdər qəm otağı bu çöldə. 
Hansı kəs ki, bu düzdə od içində yeriyib, 

 
80
Ciyəritək qovrulub, ödü kimi əriyib 
Dünya sənin məhşərin, gəzmə atəş üstə sən, 
Cəhənnəmi verərək, cənnətini istə sən. 
Qubar olar, toz olar gil heykəlin bir zaman, 
Tapdaq olar ruzgara, bil, heykəlin bir zaman.  
Külə dönər sənin də hamı kimi varlığın, 
Yoxa çıxar məclislər şamı kimi varlığın. 
Yaranmısan torpaqdan, dönməlisən torpağa, 
Dönmə yerin başına, enməlisən torpağa. 
Ayaqlayıb əzmə sən gəzənləri torpaqda. 
Torpaq özü əzibdir əzənləri torpaqda. 
Bu dünyadan heç zaman can aparan olmayıb, 
Onun sonsuz yolunu sona varan olmayıb. 
Başdan‐başa tikandır, tikan üstə gəzmə sən. 
Tikan batmaz ayağa tikan üstə gəzməsən. 
Hər xətəri dəhşətdir bu dəhşətli məkanın, 
Vahiməsi harda var bu vəhşətli məkanın?! 
Beşgünlük mənzilini yıxar seli dünyanın, 
Baharına yağıdır səmum yeli dünyanın. 
 
 
MÜDRİK MÖBİDİN HEKAYƏTİ 
 
Atəşpərəst bir möbid Hindistanı dolaşdı. 
Bahar çağı ətirli gülüstanı dolaşdı. 
Hər tərəfi naxışlı kaşanəydi gördüyü, 
Cah‐cəlallı diyardı, gör ki, nəydi gördüyü 
Qönçə zalım fələktək hey qan içir doymayır,  
Ömrü necə gödəkdir ‐ yazıq lalə duymayır. 
Göy çəmənin çırağı, məşəlidir gül‐çiçək, 
Qəndab qatıb meyinə ‐ nəşəlidir gül‐çiçək. 
Yaralayıb öz oxu ‐ can üstədir gül indi, 
Söyüd qorxub canından, tökür başa gül indi. 
Öz saçından bənövşə kəmsik salıb boynuna, 
Xumar gözü nərgizin dirhəm səpir qoynuna. 
Gül ‐ firuzə, laləsə gövhər ovur çəməndə, 
Solacaq, gülsələr də bircə hovur çəməndə. 
Həyatları həyatda bircə ana bağlıdır, 
Düşünən yox son günü, bu cahana bağlıdır. 
Qoca möbid tərk etdi cənnət təki bu bağı, 
Sonra da seyrə gəldi cənnətdəki bu bağı: 
Köçüb bülbül, solub gül, gülşən varmı dolaşa? 
Haray‐həşir salıbdır qarğa‐quzğun, dolaşa. 

 
81
Behişt olub cəhənnəm, büsat zaya gedibdir, 
Haman qəsrin qeysəri kəlisaya gedibdir. 
Otlar necə yanıbsa ‐ kül topası yerində. 
Topa‐topa tikanlar ‐ gül topası yerində. 
Vaxtsız solan güllərdən qəlbi qubar bağladı, 
Puç varlığa gülərək öz halına ağladı. 
Hansı varlıq əbədi qalan olub həyatda? 
Hər varlığın həyatı talan olub həyatda. 
Nə ki, sudan, torpaqdan baş qaldıran olubdur. 
Öz başına axırda daş saldıran olubdur. 
Xarabatın yolundan varmı məyər yaxşı yol? 
Xarabata üz qaysam, hamı deyər: ʺYaxşı yol.ʺ 
Müdrikliyin qüdrəti görk elədi özünü, 
Yaradanı tanıdı, dərk elədi özünü. 
Vaqif oldu sirlərə, şübhələri sovuşdu, 
Ülvi eşqin yolunda öz əslinə qovuşdu 
Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən, 
Bir günəşin eşqindən zərrəcə məst deyilsən. 
Kaş ki, hindli möbidtək dərk edəsən dünyanı. 
Bu dünyaya uymadan tərk edəsən dünyanı. 
Nə vaxtadək gül kimi başda yaşar qürurun? 
Beldə kəmər, başda tac, başdan aşar qürurun? 
Öz əlinlə belindən aç kəməri gül kimi, 
Dünya bələr qanına tac kəməri gül kimi. 
Tacla kəmər canını salar lova cahanda, ‐ 
Xarabatın eşqinə ver girova cahan da. 
Tacın varsa gül kimi, hələlikdir, hələlik! 
Belə kəmər vurmağın köləlikdir köləlik! 
Ağalıqdan, qulluqdan çalış azad yaşa sən, 
Nizamitək ülviyyət mülkündə şad yaşa sən. 
 
 
ON İKİNCİ SÖHBƏT 
 
DÜNYA İLƏ VİDALAŞMAQ 
 
Qalx ayağa, cahanla vidalaşıb köç daha, 
Fitnə‐fəsad yurdunda qala bilməz köç daha, 
Köçməlisən yurdundan daha gözəl yurda sən, 
At hücrəni, bir qapı aç üzünə burda sən.  
Qəlbin ahla, gözlərin yaşla dolar bu yolda, 
Könül aşın, göz yaşın sirdaş olar bu yolda. 

 
82
Gözlərinin yaşını bu torpağa çiləsən, 
Könül şahı comərddir, verər nəyi diləsən. 
Dəvə kimi oynasan, yollar qucar köçəndə, 
Tapdaq olsan fillərə, kollar qucar köçəndə. 
Zərrə qədər halına hanı yanan dünyada? 
Ülviyyətə qovuşar canı yanan dünyada. 
Köçüb könül oxşayan arif kəslər haçandır, 
Yalqızlıqdan ülviyyət səni səslər haçandır. 
Xislətinlə çox da ki, çox zərifsən həyatda, 
Yoxsa könül həmdəmin ‐ tək, qəribsən həyatda. 
Döndər qara torpaqda şəffaf suya qəlbini, 
Bağla ülvi qayəyə, saf arzuya qəlbini. 
Fənalığa uğrayıb talanınca varlığın, 
Ayrılığın oduna qalanınca varlığın, 
Qədəmini sidq ilə atmalısan mənzilə, 
Atıb ağır yükünü çatmalısan mənzilə. 
Dünya evi hədərdir, könül də bir məskənin, 
Ucal uca göylərə, könüldədir məskənin. 
Yuva sanma özünə can sıxan dar qəfəsi, 
Ülvi eşqin yolunda parçala, yar qəfəsi. 
Bu cızıqdan çıxmağa imkan hanı ʺmimʺ kimi, 
Nicat verən deyildir, parçal tilsim kimi. 
Şan‐şan edən oxuyla yaralanma fələyin, 
Sən özünü köləsi, qulu sanma fələyin. 
Gündüz ilə gecənin gərdişindən uzaqlaş, 
Öz əzəlki köləlik vərdişindən uzaqlaş. 
Ehtiyatı unutma qədəm atsan haraya. 
Qurtuluşa yol ara gedib çatsan haraya 
Əməlinin qəlbini sıxmağını bir düşün. 
Girməmişdən bir yerə çıxmağını bir düşün. 
Atma xətər qoynuna görən gözlə özünü, 
Yolundakı quyudan gözdə, gözlə özünü. 
Seldə qalan bu qəsri çalış yara biləsən, 
Fəlakətin əlindən can qurtara biləsən. 
Zirək tülkü itlərdən daim qorxub qaçsa da, 
Yuvasından çıxmağa iki deşik açsa da. 
Qurtarmayıb ölümündən kələk onu yuvada, 
Tüstüsüylə boğubdur fələk onu yuvada. 
Uydun keyfə, şadlığa qəflətdə sən əzəldən. 
Varlığını unutdun, qəflətdəsən əzəldən. 
Əzəl günün hökmüdür bu darısqal dünyada: 
Candan bezib gedənə deməz ki: ʺqal dünyada.ʺ 
Yaradanın hökmünə əyməsən də boynunu, 

 
83
Əyməlisən hamıtək bir gün sən də boynunu. 
Yalnız qəlbin gözüylə seçməlisən bu yolu, 
İki dünya yoludur, keçməlisən bu yolu. 
Göydən yerə baxmadan, sürətli ol bu yolda. 
Dönüb dala baxmadan, cürətli ol bu yolda. 
Məslək eşqin ‐ sovqatın, yaşa ülvi aləmdə, 
Göz yaşların çeşmətək daşa ülvi aləmdə. 
Can ləkəsiz gövhərdir, sədəfinə at onu, 
Gil varlığı neylərsən, hədəfinə at onu. 
Çox öldürüb sənintək munis kəsi bu fələk, 
Səndən qolu güclünü, yenilməzi bu fələk. 
Var gücünlə qolunu burmalısan düşmənin, 
Kürəyini tez yerə vurmalısan düşmənin. 
Onun elə hünəri, fəndi hanı qorxulu? 
Nə qılıncı qorxulu, nə qalxanı qorxulu. 
İlan deyil, ilantək qıvrılandır kəndiri, 
Ülvi eşqin gücüylə qırılandır kəndiri. 
Düşünmə ki, mümkünmü sındıra can şüşəni. 
Bircə odlu ahınla sındırarsan şüşəni. 
Comərd insan canında zər odunu söndürüb, 
Şirin dillə düşmənin hər odunu söndürüb. 
Öyün bilik çeşməsi nur saçan könüllə sən, 
Günəş kimi, düşməni öldür nurla, güllə sən. 
 
 
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin