Nİzami GƏNCƏVİ SİRLƏr xəZİNƏSİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix31.01.2017
ölçüsü0,64 Mb.
#6770
1   2   3   4   5   6   7

ÜMİDSİZ ŞAHIN GÜNAHININ 
BAĞIŞLANMASI 
 
Röya aləmindəydi bir ədalətli padşah, 
Gözlərinə göründü bir ədavətli padşah. 
Dedi: ʺTanrı qənimdi necə, nəydi cəzası? 
Haqsızlıq günlərinə gecə nəydi cəzası?ʺ 
Zalım padşah danışdı: ʺGöz yumanda həyata. 
Son dəfə göz dikəndə bu sonsuz kainata, 
Ümid işığı gəzdim, söndü ümid məşəlim, 
Hər ətəkdən yapışdım, üzüldü kömək əlim. 
Halıma yanan kimdi, bir mərhəmət görmədim, 
Heç kimdə insaf‐mürvət, bir kəramət görmədim. 
Söyüd kimi əsdirdi varlığımı bu halət, 
Oldum ümidsizlikdən üzüqara, xəcalət. 
Fəlakət girdabında boğulanda bu canım, 
Bir tanrıya güvəndim, ona gəldi gümanım: 
Ulu tanrı, yanında xəcalətəm mən sənin, 
Günahını bağışla üzüqara bəndənin. 
Hökmünə, fərmanına baxmamışam çox zaman, 
Aman yoxdur kimsədən, özün aman ver, aman! 
Ya cəza tonqalında yanmağa göndər məni, 
Ya da mərhəmətinlə bəndəyə döndər məni 
Hamıdan xəcalətli, kimsəsizcə bir kəsi 
Bağışladı insaflı kimsəsizlər kimsəsi. 
Mərhəmətə gətirdi yalvarışım, diləyim, 
Zəlillik torpağında qoymadı ki, inləyimʺ. 
Kimin ki, peşmanlıqdır hər nəfəsi, hər ünü. 
Qiyamətdə darğadır qovğalı məhşər günü. 
Ömür boyu aldığın hər bir nəfəs ki, vardır, 
Əzabına ‐ tərəzi, həyatına ‐ dağardır. 
Dağarı gəzdirməkdə, söylə, nədir qərəzin, ‐ 
Ömrünün illərini ölçə bilsin tərəzin?! 
Tərəzinin daşları, daş‐qaşların olacaq? 
Boş qalan dağarına göz yaşların dolacaq. 
Həyat tərəzisini düz çəkməz yerin daşı, 
Qoluna gil muncuğu taxan naşıdır, naşı! 
Var‐dövlətə qul olmaq bihudə bir həvəsdir, 
Həyatının bəhrəsi bircə anlıq nəfəsdir. 
Bu göylərin altında nəyin varsa bağışla, 

 
46
Verdiyinin dalınca baxma küskün baxışla. 
Bu dünyadan köçəndə o dünyanın qoynuna 
Dağdan ağır günahın yük olmasın boynuna. 
Yetimin göz yaşları ətəyinə axmasın, 
Ağbirçəyin fəryadı səni oda yaxmasın. 
Çürümüş köhnə fərşi gəl eylə ələk‐vələk, 
Gərdişini dəyişsin sinəsi dağlı fələk. 
Ya kimsəsiz qəribtək intizarla köks ötür, 
Ya da Nizami kimi bu dünyadan əl götür. 
 
 
İKİNCİ SÖHBƏT 
 
ƏDALƏTLİ VƏ İNSAFLI OLMAQ HAQQINDA 
ŞAHA NƏSİHƏT 
 
Sən, ey canlı aləmə bəxtiyarlıq gətirən! 
Gövhər taclı şahları şan‐şöhrətə yetirən! 
Şahsan, şah cəlalınla nurlar ələ gözə sən, 
Gövhərsən, ülviyyətin öz tacını bəzə sən. 
Dünyanın o başına yol gəzdilər havayı, 
Bu sirri bilən yoxdur məndən, səndən savayı. 
Əzəliyyət nuruyla gülən gündən bu varlıq 
Kimə nəsib səndəki səadət, bəxtiyarlıq?! 
Dünyanın əşrəfisən, dünya mülkü sənindir, 
Dünyanın hər neməti, varı, bil ki, sənindir. 
Yenilməz pəhləvansan, dünya sənlə öyünər, 
Açıq qəlbin köksündə iftixarla döyünər. 
Fələyin dövranından öz dövranın mətin ki, ‐ 
İki dünya qüdrətdə sənə çatar çətin ki, 
Səhər niyə silibdir güzgüsünü görəsən?! 
İstəyir aynasında öz üzünü görəsən! 
Müqəddəs mehrabındır fələk durub keşikdə. 
Səni öz körpəsitək yürgələyir beşikdə. 
Sənsən könül quşu da, İsanın nəfəsi də, 
Bəşərin öz hüsnü də, eşqi də, həvəsi də. 
Camalını görüb ki, belə şadlanır günəş, 
Eşqinin atəşiylə yanıb odlanır, günəş. 
Telinin həsrətindən canı üzülər ayın, 
Görsə nurlu üzünü çöhrəsi gülər ayın  
Bəxtiyarsan hamıdan, ömrün boyu şad yaşa, 
Qul deyilsən dünyaya, qüssədən azad yaşa, 

 
47
Yumşaqlığın torpaqtək qoy hamıya xoş olsun,  
Müqəddəslik özü də bir şahlıqdır dünyada. 
Məslək, inam, dəyanət gərək hər bir insana, 
Sədaqəti töhfətək verək hər bir insana. 
Məslək eşqiylə yanan qəlb ki vardır həyatda, 
Dünyanın o başından xəbərdardır həyatda. 
Məslək ilə sənindir ölkə də, bu cahan da, 
Bəxtiyarsan onunla bəlkə də bu cahanda. 
Dünyanı məslək ilə almaq asandır, asan, 
Azğın divin məkrinə gərək aldanmayasan. 
Kəhrəbaca məsləki kimin deyildir bəsi? 
Bircə batman qızıldır inamın hər zərrəsi. 
Sərvətin qara torpaq, bir qara daşdı sənə. 
Məsləkin həm qızıldı, həm də qaş‐daşdı sənə. 
Sənə nemət verən kəs hər qayğına qalandı, 
Bir verib on alarmı, on verib bir alandı. 
Məsləkindən savayı, bil ki, yoxdu qazancın, 
Əgər varsa məsləkin, demək çoxdu qazancın. 
Dözümü, yumşaqlığı, təmkini yerdən öyrən, 
Hər şeydən vaz keçməyi əsən yellərdən öyrən. 
Şahlıq verən buyurub: tut bu məslək yolunu; 
Ədalət sahibləri tutdu məslək yolunu. 
Məsləhətə möhtacdır ədalət hər bir zaman, 
Xalqa zülmün amansız cəzasından dad, aman. 
Can yandırsan orduna, məmləkətə, yurduna, 
Arxalana bilərsən öz xalqına, orduna. 
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni, 
Ədalət səadətlə abad eylər ölkəni. 
Qiyamətin cəzası gözlər hökmranları, 
Unutma haqsızlıqla axıtdığın qanları. 
Xəcalətdən haraya qoyarsan başını sən? 
Xalqı çıxart ağ günə, at zülmün daşını sən. 
Ağlını eyş‐işrətdə məst eləyib yatırsan, 
Öz qurtuluş gəmini fırtınada batırsan, 
Gücünlə gücsüzləri talayıb, çapıb, soysan, 
Zülmünlə yetimləri çörəyə möhtac qoysan, 
Kim çatar qiyamətdə dadına, fəryadına? 
Çıxılmaz, xəcalətli gününü sal yadına. 
Kafirliyə uyma ki, düz gətirsin hər işin, 
Atəşpərəst üz tutar səcdəsinə günəşin. 
Bu günəş bir sarı top, zırnıq oyuncağıdır, 
Qoynu illət açılmış bir qadın qucağıdır. 
Doqquz mıxlı çadırın həngaməsi, oyunu 

 
48
Zırnıqlı gəlinciyin hoqqasıdır, bil bunu. 
İsatək bu çırağı söndür öz nəfəsinlə. 
Onsuz yanan çıraqsan eşqinlə, həvəsinlə. 
Qanadını yandırma bu şama pərvanətək, 
Həsrət qoyar arzuya, hər kama pərvanətək! 
Dördüncü asimanı İsatək yarsan özün, 
Günəşə yüksələrək günəş olarsan özün. 
Bu dünyanın nəbzini kim tutsa İsa kimi 
İnsafı, mürvətiylə olar dünya hakimi. 
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət, 
Yer üzünün fatehi ədalətdir, ədalət! 
Ədalətin ‐ müjdəçi, bu dünyanı şad eylər, 
Ədalətin işidir, ‐ ölkəni abad eylər. 
Məmləkətin dayağı ədalətdir hər zaman, 
Ədalətlə nəsibin səadətdir hər zaman. 
 
 
NUŞİRƏVANLA VƏZİRİ VƏ BAYQUŞLARIN 
SÖHBƏTİ 
 
Nuşirəvan qoşunla çıxmışdır bir gün ova, 
Ayrıldı dəstəsindən atla ov qova‐qova. 
Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi, 
Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi. 
Çatdı düşmən qəlbitək viranə bir yurda şah. 
Tapardı axtardığı hər şikarı burda şah. 
İki bayquş səs‐səsə verərək ulayırdı, 
Qəlbləri şah qəlbitək nəsə ʺarzulayırdıʺ. 
Şah soruşdu vəzirdən: ʺNə danışır bu quşlar? 
Bir‐birinə nə deyir, nə söyləyir bayquşlar?ʺ 
Vəzir cavab verdi ki: ʺZamana şahsan özün. 
Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün. 
Səsləri nə müsibət, fəlakət salmır yada? 
Nigah‐kəbin, cer‐cehiz söhbəti var arada. 
Bu quş onun oğluna ərə verir qızını, 
İndi başlıq istəyir işə salıb ağzını: 
ʺBu xaraba kənd nədir, bir qıza azdır,ʺ deyir, 
ʺKəbin haqqıʺ bir neçə xaraba yazdırʺ, deyir. 
Elçi gələn quş deyir: ʺŞərikəm hər sözünə, 
Şahın zülmkarlığı bəllidir yer üzünə. 
Qanlar tökən görürəm şahı gündə yenə mən. 
Yüz min belə xaraba kənd verərəm sənə mən.ʺ 
Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı, 

 
49
Elə fəğan qopardı göylərə qalxdı ahı. 
Ağladı, ikiəlli qapaz saldı başına, 
Nahaq qanlar zalımı qərq edər göz yaşına. 
Zülmünü yada salıb, dişlədi barmağını: 
Quşlar da eşidibdir zülmünün sorağını. 
Var üçün insan nəsli bu obadan silindi. 
Toyuq qaqqıldayırdı, bayquş ulayır indi. 
Dünyaya uymuşam ki, qəflətdəyəm hələ mən. 
Peşman‐peşman başıma gərək döyəm hələ mən. 
El varını soymuşam, xalqa divan tutmuşam, 
Ölməyi, son mənzili büsbütün unutmuşam. 
Talan, qarət dalınca haçanacan qaçım mən, 
Əməlimlə, başıma‐olmaz oyun açım mən? 
Şahlığı, məmləkəti tanrı verib baxtıma. 
El nifrət yağdırmasın qoy tacıma, taxtıma. 
Mis deyil, qızıl sikkə nəsib olub adıma. 
Bu qədər haqsızlıqla haq çatarmı dadıma?! 
Zülmkartək tanınım eldə, obada niyə? 
Ömrü zülmkarlıqla verim mən bada, niyə? 
İndən‐belə qəlbimdə mərhəmət olsun gərək, 
Tanrıya, ya özümə bir hörmət olsun gərək. 
Haqsızlığın həddini lap aşmışam daha mən, 
El gözündə dönəcəm ən, yaramaz şaha mən. 
Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?! 
Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim. 
Qılıncımla elləri biçməyim bəsdir daha, 
Alçalıb, insan qanı içməyim bəsdir daha. 
Talançıyam, fəxr edib öyəcəyəm özümü? 
Qiyamətdə sorsalar, döyəcəyəm gözümü. 
Xəcalətəm, mümkünmü daha şadlana qəlbim? 
Daşqəlbliyəm, mümkünmü dönməsin qana qəlbim? 
Qaxıncam, nalə, fəryad qopardığım budur, bu! 
Qiyamətə özümlə apardığım budur, bu! 
Öz köhlənim özümü tapdayacaq orada. 
Can zülmün cəzasına tablayacaq orada? 
Saysız xəznə yığmışdı qılıncının zoruna. 
Ondan Samla Firidun nə apardı goruna? 
Dünyaca var‐dövlətim sayılarmı dünyada? 
Dünyadan apardığım bir şey varmı dünyada?ʺ 
Şah bir odlu məşəldi, yandı yalı köhlənin, 
Nəfəsindən əridi polad nalı köhlənin. 
Şahanə dəbdəbəylə sarayına yetişdi, 
Şəfqətilə hamının harayına yetişdi. 

 
50
Bir yolluq qələm çəkdi bac‐xəracın üstündən, 
Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən. 
Ədalət göstərərək atdı sitəmkarlığı, 
Ömürlük arzusuydu elin bəxtiyarlığı. 
Taleyin imtahanı canını alan oldu, 
Ədaləti dünyada əbədi qalan oldu. 
Ülviyyət aləmində yenə də şahdır özü, 
Şan‐şöhrət sikkəsinə yazıldı ʺadilʺ sözü. 
Bəxtiyar hökmdardı, tarixdə qaldı adı, 
Kim ki adil şah oldu, belə ucaldı adı. 
Hər ürəyi sevindir, xürrəm yaşa dünyada, 
Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada. 
Günəşi oyadanlar xoşbəxt olsun sayəndə, 
Dosta səadət olsun fikrin, zikrin, qayən də,  
Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya, 
Yiyələn taxta, taca, həşəmətli saraya. 
Eşqinlə atəşə dön, nifrətinlə buza dön, 
El yolunda günə dön, aya dön, ulduza dön. 
Yaxşılığı əzəldən adət etsən özünə, 
Yaxşılığın hər yanda qapı açar üzünə. 
Hər əməlin üstündən sanma keçəndi dövran, 
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran. 
Ülviyyətə qulluq et, günah dalınca varma, 
Günahkar insan kimi boyun büküb yalvarma. 
Ömür keçib gedəndi, dünya qalandı sənə? 
Ülviyyətə sədaqət şərəfdi, şandı sənə. 
Hər üzrün, yalvarışın ‐ hiylə, kələk, aldanış. 
Quru sözdən nə çıxar? İşdən, əməldən danış. 
İşlər sözlə düzəlsə, hər iş də düz gələrdi, 
Nizami hünəriylə göylərə yüksələrdi. 
 
 
ÜÇÜNCÜ SÖHBƏT 
 
DÜNYANIN KEŞMƏKEŞİ VƏ BƏŞƏRİN  
İZTİRABLARI 
 
Yerə, göyə sığmayan ey həşəmət ağası! 
Olma bir an cahana etinasız baxası! 
İztirabın, əzabın edər üzüağ səni, 
İstərəm ehtişamdan mən görüm uzaq səni. 
Son gününü unutma, ömrün boyu sal yada, 

 
51
Möhtəşəmlik ağası yoxsulluqdur dünyada. 
Süleymanın mülkünü sorma hər an hardadır? 
Mülkü öz yerindədir, de, Süleyman hardadır? 
Vamiq ‐ toylu, büsatlı sadiq yardı cahanda, 
Əzra ‐ nazlı gəlindi, bir nigardı cahanda. 
O toy, gəlin otağı indi hardadır, harda? 
Vamiq, Əzra hardadır? Məzardadır, məzarda! 
Biləydim ki, bilirmi yaşını qoca aləm? 
Arsızdır, ağartmayıb başını qoca aləm. 
Bu torpaq boynuyoğun bir qansızdır əzəldən, 
Bu fələk başkəsəndir, amansızdır əzəldən. 
Dünyada səfa var ki, səfa da görək onda?! 
Vəfa görən varmı ki, vəfa da görək onda?! 
Torpaq üstə kim vardı ‐ qucub haçandı torpaq, 
Bizə öz udduğundan söhbət açandı torpaq?! 
Hər gözəlin çöhrəsi bir ləçək, yarpaq olub, 
Hər şahzadənin başı tapdanan torpaq olub. 
Vermişik bu dünyaya biz öz gəncliyimizi, 
Doğmaca balasıyıq, niyə qocaltdı bizi? 
Zümrüd quşu bəsləyən Sam oğlu Zaldı bəşər, 
Dünya ‐ Samdır, qocalmaz, Zaltək qocaldı bəşər. 
Öz çarxını tərsinə çox dolandırır fələk, 
Ədasıyla qəlbini yaxıb‐yandırır fələk. 
Gah ucaldır canlının şahlığı ilə səni, 
Gah döndərir kuzəçi əlində gilə səni. 
İki rəngli fərşə ki, ayaq qoyubdu varlıq, 
Həyatından bezardı, cana doyubdu varlıq. 
Səhrada həyat sürən deyinər biixtiyar: 
ʺDəryalar qoynundakı bəxtiyardır, bəxtiyar!ʺ 
Dəryadakı darıxar, naləsi qalxar göyə, 
Xiffətindən qovrular ʺsəhra gözəldirʺ deyə. 
Keşməkeşli həyatı fəlakətdir insana. 
Hər yerdə narahatlıq bir adətdir insana. 
Köç yükünü karvana çatmalıyıq, çatmalı! 
Bu yurdu, xanımanı atmalıyıq, atmalı! 
Karvana qoşulmayan düşəcək bəndə, demək, 
Şəhərdən sürgün olar ən ucqar kəndə, demək. 
Əldən düşən yolçunun, bil, hədərdir yolu da, 
Yoxluqla arasında tük qədərdir yolu da. 
Uyma vara, dövlətə, təkəbbürdən uzaq gəz, 
Zülmət ömür yoluna günəş nuru çiləməz. 
Əyləncəylə vurursan öz ömrünü başa sən, 
Əyləncənin həddini lap aşmısan, haşa, sən. 

 
52
Hoqqasına, oynuna uymalısan göylərin? 
Hikmətini, sirrini duymalısan göylərin. 
O zaman ki, uşaqdın, dolmamışdın kamala, 
Qafilliyin istərdi əyləncədən kam ala. 
Kamal ki, yetkinliyə, fərasətə yetişdi, 
Şadlığın bəxti güldü, səadətə yetişdi. 
Ucalmağa qoyarmı qafilliyi insanı? 
Qafil insan dəlidir, onda düşüncə hanı? 
Boş durma, yaz, alışdır gözəl xəttə qələmi, 
Yazmasan da, götürüb barı, qəddə qələmi. 
Vermə təlim aldığın ariflərə macal sən, 
Bəxtiyar insanlara arxalanıb ucal sən. 
Gülün şirin vüsalı nəsib olar tikana. 
Gülün özü solsa da, ətri dolar tikana. 
Məhşərdə oxunanda guya cəza fərmanı, 
Sorğu‐sual etməyə gətirirlər səhranı, 
Deyirlər: ʺSəp qanını içmisən heyvanların, 
Təşnəsisən tökülən, axan nahaq qanların, 
Yoxsa, dirilik suyu həyat verməz qumuna, 
Səhrasan, Fərat nəhri axıb gəlməz şumuna.ʺ 
Qum fəryad qoparır ki: ʺQan uddurublar mənə, 
Günahsız yandırmayın, çox od vurublar mənə. 
Duzumla, nemətimlə süfrələrə bəzəyəm, 
Ciyərlərin duzuyam, ən dadlı bir məzəyəm. 
Sinəmdə yer vermişəm hər ərənə, hər cana, 
Dönmüşəm mələklərin qollarında mərcana.ʺ 
Cəza hökmü dəyişdi, səhra da xoşhal oldu. 
Bir mütribə döndü qum, nəsibi xalxal oldu 
Ünsiyyəti hansı kəs arayıbdır yaxşıda, 
Məqamında işinə yarayıbdır yaxşı da. 
Yaxşı insan qalmayıb, şər şərə yaraşıbdır, 
Dünya bal süfrəsidir, arılar daraşıbdır. 
Dövrə bax ki, alçalıb zülmdən, şərdən bəşər, 
Azğınlığın əlindən qaçır bəşərdən bəşər. 
İnsanda nə ləyaqət, nə mərdlik qalıb indi. 
İnsandan insanlığı namərdlik alıb indi. 
Çoxdan yoxa çıxıbdı ədalətli Süleyman, 
Haqsızlıqdan görünməz pəriyə dönüb insan. 
Kimə ki, insan kimi dərdimi açmışam mən, 
Namərdliyi ucundan üzündən qaçmışam mən. 
Kimsənin kölgəsində səadət görməmişəm, 
Əhdə dönük insanda sədaqət görməmişəm. 
Hikmət dəni səpdim ki, vəfa dəni cücərsin. 

 
53
Hamı alqış oxuyub, bir gün barını dərsin. 
Toxumu şuma səpib becərər əkinçilər, 
Vaxt gələr əkdiyindən bar dərər əkinçilər... 
 
 
SÜLEYMAN VƏ QOCA ƏKİNÇİ 
 
Günlərin bir günündə seyrə çıxdı elindən, 
Söndü sübhün çırağı Süleymanın yelindən. 
Ölkəsi boyda taxtı ‐ küləyi uçdu onun, 
Həşəmətli taxtını bir səhra qucdu onun. 
Qoca əkinçi gördü ‐ həmdəmi biyabandı. 
Süleymanın ürəyi onun halına yandı: 
Bircə ovuc dəni də kəsib yoxsul daxmadan, 
Səpib kərəm mülkünə ehtiyaca baxmadan. 
Yoxdu dən səpmədiyi bircə qarış yer belə, 
Sünbüllər oynadıqca qarışırdı tel‐telə. 
Əkinçi bəbəyitək bəsləyirdi hər dəni, 
Süleyman quşlarını səsləyirdi hər dəni. 
Süleyman söylədi ki: ʺTamahlanma, ay qoca, 
Nemətini, ruzini gəl eyləmə zay, qoca. 
Tor‐cələ qurmamısan, dən səpirsən quşlara, 
Quş dilində danışma, bələdəm mən quşlara. 
Belin yox, quru əllə yer təpməyə gəlmisən? 
Suyun yox, kəndli kimi dən səpməyə gəlmisən? 
Əkin‐səpin üstündə suyumuz boldu bizim. 
Qismətimiz gül əkib, vay dərmək oldu bizim. 
İsti dəni qovurur alovlanan tarlada, 
Məhsul ələ gələrmi susuz yanan tarlada? 
Qoca dedi: ʺİncimə, qoy deyim sözümü mən, 
Nə suya, nə torpağa dikmişəm gözümü mən. 
Halal zəhmət itməyib, əlləşmək deyil eyib. 
Tanrı: ʺsəndən hərəkət, məndən bərəkətʺ deyib. 
Kürəyimin təridir ‐ mənim suyum, selim də, 
Bu dəmir dırnağımdır xış əvəzi belim də. 
Şah deyiləm, məmləkət dərdi çəkib yaxılım. 
Ömrü boyu şadam ki, vardır dənim, taxılım. 
Bolluğun müjdəsini bu göylərdən alıram, 
Hər dənin sünbülündən yeddi yüz dən alıram. 
Şeytan ilə şərikli əkməsən əyər dəni, 
Dən dolu sünbüllərin torpağa əyər dəni.ʺ 
Səpdiyin əla toxum yaralı dən olanda, 
Hər dən yırtar köynəyi sünbülə dən dolanda. 

 
54
Qüdrətin nəzərində hansı canlı kiçilib? 
Hər canlının libası öz əyninə biçilib. 
Hər bir eşşək İsanın eşşəyinə taydımı? 
Hər başa kölgə salan bəxt quşu humaydımı? 
Kərgədan fil boynunu gəmirərək qoparar, 
Qarışqa çəyirtgənin ayağını aparar. 
Yüz nəhrin suyuyla da dərya haman dəryadı. 
Bircə selin suyundan qopar çayın fəryadı. 
Quran gündən lacivərd qübbəsini bu göylər. 
Əməlinlə bəxş edib rütbəsini bu göylər. 
Xoşbəxt odur dözümə ləyaqəti var onun. 
Ağır yükə qatlaşmaq dəyanəti var onun. 
Naz çəkmədən saralıb solan azdı dünyada. 
Qarnı sir dağarcığı olan azdı dünyada. 
Çox uzatma mətləbi yanıb‐yanıb Nizami. 
Naz çəkməyə dünyada tək yaranıb Nizami. 
 
 
DÖRDÜNCÜ SÖHBƏT 
 
HÖKMDARIN XALQA QAYĞISI 
VƏ ƏDALƏTİ 
 
Ey mərdlik qalxanını atıb diz çökən insan! 
Qəflət divi azğınlıq yoluna çəkən insan! 
Güvənirsən şahlığa, şahlıq, gəldi‐gedərdi. 
Güvənirsən həyata həyatın da hədərdi. 
Eyş‐işrətlə vurursan öz ömrünü sona sən, 
Fələk qatıb başını, oyuncaqsan ona sən. 
Quranı, qılıncını bir kənara atmısan, 
Əlində cam, sürahi nəşəylə baş qatmısan. 
Nə güzgün, nə darağın bir an əldən düşəndir, 
Gözəl‐göyçək qadıntək sığallanmaq peşəndir. 
Rabiyə olmasaydı xilaskarı, köməyi, 
Susuzluq təşnə düzdə öldürərdi köpəyi. 
İgidsənsə, kişilik adından utan barı, 
Ərsiz hünər göstərən qadından utan barı. 
Qul olmusan iblisə, qəlbə girən şeytana, 
Əl atırsan fitnəyə, iftiraya, böhtana. 
Öyünmə ki, igidsən, hər gözə iti oxsan, 
Bədbəxtin birisən ki, bir qadınca da yoxsan. 
Ağıl‐kamal bəsləməz igidliyə ədavət. 

 
55
Hünər də, igidlik də ədalətdir, ədalət. 
Hamı sirab, sən təşnə, təşnə halla öyünmə, 
Öz üzündə olmayan gözəl xalla öyünmə. 
Sən ki fələk deyilsən, cəza hökmü yazırsan, 
Cəza hökmü yazmaqla hər cəzaya hazırsan. 
Ədalətin ucaltsın qoy nəslinin adını, 
El gözündən salmasın özünü, övladını. 
Haqsızlığa uyaraq günaha batmaq nədir? 
Qan töküb, zalım olub, abrını atmaq nədir? 
Bundan əzəl öyündün, qılıncını şaxıtdın, 
Neçə igid öldürüb, nahaq qanlar axıtdın. 
El gücü ‐ sel gücüdür, hər an çəkin bu seldən, 
Yataqda da can alar qisas oxu qəfildən. 
Xalqa divan tutanı divan gözlər hər yanda, 
Məzlumların fəryadı qorxuludur cahanda. 
Hindli ərlər vermədi canlarını sadağa, 
Saldı Sultan Mahmudun sağ canını yatağa. 
Xalq intiqam fikrindən çox çətin ki, daşına, 
Nə müsibət gətirər, qisas sənin başına. 
Məslək əri həmdəmdi mələklərin özüylə, 
Yumurtaya can verər tısbağa öz gözüylə. 
Qılınc çəkib yerimə məzlum kəsin üstünə, 
Hər səhər qarğış oxu tökülməsin üstünə. 
Dünya özü zalımdır, zülm eləyir varlığa, 
Ədalət hakimliyi qalıb hökmdarlığa. 
Kim ki zülmün evini bərbad edib indidən, 
Öz sabahkı evini abad edib indidən. 
 
 
QARI VƏ SULTAN SƏNCƏR DASTANI 
 
Haqsızlığın odunda bir qarı yandı oda. 
Səncərin ətəyindən yapışdı bir gün o da: 
ʺZülm əlindən qalmışam mən zarıya‐zarıya, 
Zülmün divan tutdurur bir köməksiz qarıya. 
Kefli‐kefli qapımın ağzını kəsdi darğan, 
Təpiklədi doyunca, o ki var, əzdi darğan. 
Bir günahım olmadan çölə atdı daxmadan, 
Sürüklədi saçımdan fəryadıma baxmadan. 
Mən zülmün zindanında qansız gördüm yağını, 
Ürəyimə, canıma basdı zülmün dağını. 
Dedi: ʺEy qozbel qarı, söylə, filan gecədə 
Filankəsi öldürən kimdi sizin küçədə?ʺ 

 
56
Evimi çox axtardı, ‐ qatil hardadır, ‐ deyə, 
Bu müsibət, həqarət sığarmı yerə, göyə? 
Darğan sərxoşluq edir, el‐obada qan olur, 
Bir günahsız qarıya dözülməz divan olur. 
Əyyaşlıqla soyurlar el varını darğalar. 
Divana da çəkirlər bir qarını darğalar. 
Bu zülmə, haqsızlığa dözmək çətindir, çətin, 
Mənim abrım tapdanır, səninsə ədalətin. 
Bu yaralı sinəmdə əzilməmiş yer hanı? 
Ruhum uçub bədəndən, tapşırıram bu canı 
Sən dadıma çatmasan, şah demərəm adına, 
Qiyamətin günündə çatmasınlar dadına. 
ʺDad, amanʺ, deyə‐deyə qalan görüm səni mən, 
Zülmünün cəzasını alan görüm səni mən. 
Hər elin hökmdarı el dərdinə qalandı, 
Zülmün hara çatıb ki, var‐yoxumuz talandı. 
Yetimlərin malını talamaqdır işin də, 
Abxazları soymusan, şirə qalıb dişində. 
Qarıların nəyi var, quldurluqdan sən utan! 
Utan, utan, onların ağ birçəyindən utan! 
ʺŞahamʺ deyib öyünmə, sən ki qulsan tamaha. 
Viran qoydun elləri, şah olmaz səndən daha. 
Şah elin hər işini nizama salsın gərək, 
Həmişə öz xalqının qeydinə qalsın gərək. 
Hökmünə, fərmanına baş əyər hamı onda, 
Sevib, sonsuz məhəbbət bəsləyər hamı onda. 
Aləmi alt‐üst edib, talamısan elləri, 
Xalqa xeyrin dəyibmi şah olan gündən bəri? 
Şan‐şöhrəti dünyaya sığışmazdı türklərin, 
Ölkəsi ədalətlə güllü yazdı türklərin. 
Zalımlığın bəllidir, işin‐peşən talandır. 
Sən ki hindli quldursan, türk olmağın yalandır. 
Zavallı əkinçinin xırmanı dənsiz qaldı, 
Şəhərli ev‐eşiksiz, yurdsuz, məskənsiz qaldı. 
Ölüm gələr, qorxudan saralarsan, solarsan. 
Əllərini qaldırıb sən də təslim olarsan. 
Ədalətin ‐ gecənə nur saçan aydı sənin. 
Bu günün ‐ sabahına haydı‐haraydı sənin. 
Xoş sözündən sevinsin ağbirçəkli qadın da, 
Ağbirçəyin sözünü yaxşı saxla yadında: 
ʺZavallı məzlumların var‐yoxunu talama. 
Dərdlilərin oxunu öz sinənə qalama. 
Künc‐bucaqda qalana sən bu qədər atma ox. 

 
57
Yoxsulların ahından, qarğışından çəkin, qorx! 
Səadət qapısını açmağa yaranmısan, 
Sanma sitəm dalınca qaçmağa yaramısan 
Hökmdar olmusan ki, yetişəsən haraya. 
Daim məlhəm qoyasan hər sızlayan yaraya, 
Məzlumlar güvənirlər şöhrətinə, adına. 
Sən də yetiş onların köməyinə, dadına. 
Nəfəs dərən sailin nəfəsini dinlə sən, 
Dünyadan bezənləri süzmə gendən kinlə sən. 
Qoy səltənət mülkündə əsməsin qara yellər, 
Qoy kəramət tacını başında görsün ellərʺ, 
Xorasanda Səncərin zülmü elə car oldu, 
Eşitmədi bunları, bəlaya düçar oldu. 
İnsan indi taparmı, arasa ədaləti? 
Zümrüd quşu aparıb harasa ədaləti. 
Haqsızlıq arsız göyü heyran qoyubdur indi, 
Torpaq zülmün əlindən cana doyubdur indi 
Nizami, etirazın həddini aşdı yenə, 
Qana dönmüş qəlbində qan seli daşdı yenə. 
 
 
BEŞİNCİ SÖHBƏT 
 
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin