Nİzami GƏNCƏVİ SİRLƏr xəZİNƏSİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix31.01.2017
ölçüsü0,64 Mb.
#6770
  1   2   3   4   5   6   7

 
1
NİZAMİ GƏNCƏVİ 
SİRLƏR XƏZİNƏSİ 
 
* * * 
 
Şəfqətli, ədalətli tanrının adı ki var, 
Hikmət xəzinəsini açan açardır, açar. 
Hər sözün, düşüncənin odur əvvəli sonu. 
Nə söyləsən, tanrının adıyla qurtar onu. 
Qüdrətilə varlığa həyat verər həyatda, 
Əbədiyyət timsalı özüdür kainatda. 
Ən ulu sərkərdədir gərdişdəki aləmə, 
Cavahir həmaili yaraşıqdır qələmə. 
Hər səxavət çeşməsi yaranıbdır əliylə, 
Kainatı qurubdur öz qadir əməliylə. 
O, gizli pərdəsini açar sirli göylərin, 
Üstünə pərdə çəkər hər günahın, hər şərin. 
Bəzəyər qaş‐daşıyla sinəsini hər dağın, 
Ləpəsi ‐ suyun hüsnü, gül‐çiçəyi ‐ torpağın. 
Arifləri hər zaman fəzilətə səsləyər 
Nemətini sevəni nemətilə bəsləyər. 
Ağlın zərif sapına muncuğu yaraşıqdır, 
Ağlın tutqun gözləri qüdrətilə işıqdır. 
Müqəddəs alınlara səcdə damğası vurur, 
Tacıyla tacidarlar yer üzündə taxt qurur. 
Pozulmaz hökmləri hökmüylə pozan odur, 
Günahları əfv edən, mərhəmət yazan odur. 
Harayı bir darğadır məhşərdən qorxanlara, 
Çeşməsi həyat verər təlaş yaxan canlara. 
Dəyişməzdir varlığı, dəyişməzdir xisləti, 
Dəyişdirər varlığı, kainatı, xilqəti. 
Əzəməti yanında iki dünya əbəsdir. 
Əvvəlimiz, sonumuz anicə bir nəfəsdir. 
Təməlləri sarsılmaz kainatda yox tayı, 
Bu mülkün bir sahibi varmı ondan savayı? 
Yaratdığı yerlə göy çox boşalıb dolacaq. 
Bu varlıq olmasa da ‐ olmuş, olub, olacaq. 
Peyğəmbərlər can atdı ilk sirrinə xilqətin, 
Bu sirri açammadı, bu sirr çətindir, çətin. 
Sirlər dəryasıdır əzəl gündən bu dünya. 
Sonsuz səhradır mülkü, əbədidir bu səhra. 

 
2
Əvvəlini arasan ‐ əzəlsiz bil sən onu. 
Axırını sorsalar ‐ sonsuzluqdadır sonu. 
Keşməkeşli həyatda canlı, cansız nə ki var. 
Hamı onun köləsi, özü qadir hökmdar. 
Ondan başqa nə varsa, ömrü deyil əbədi, 
Onun ülvi varlığı bilməz ki, heçlik nədi. 
Könlündə cilvələnən huri‐mələk özüdür. 
Nərgiz gözlərindəki nurlu bəbək özüdür. 
Üzündə ismətin də, qısqanclığın da odu. 
O, həm göz yaşı verər, həm də məhəbbət odu. 
Ecazkar qüdrətinə min‐min afərin söylər 
Parlaq aylı, günəşli, sonsuz cəlallı göylər. 
Gizləsə kərəmini nurlu pərdədə ‐ tüldə. 
Bitməz şəkər qamışı, bitməz tikanlı gül də. 
Yaşıllıq ‐ kərəmiylə canlanıb abad oldu, 
Varlığın kölələri yoxluqdan azad oldu. 
Dünyanı yaratmağa o, can atdığı zaman, 
Dolaşıqlı fələyin çətin işləri yaman. 
Məşəqqətli düyünü açdı qadir əməli, 
Gecənin saçlarından qopdu gündüzün əli. 
Cavahir boyunbağı göyün boynunda yandı. 
Gecənin qıvrım saçı ulduzlarla darandı. 
Kəməndindən çıxmağa məgər fələk çalışdı? 
Torpağın kəmərində yeddi ulduz alışdı, 
Günəş ağ qəba geydi, ay isə qara cübbə, 
Yarandı mavi göydə dümağ, qapqara qübbə. 
Gövhər səpən buludlar mirvari səpsin deyə, 
Göydə qopdu gurultu, şimşək döndü nizəyə. 
Qəlbindən dərya açdı buludların zöhrəsi, 
Xızırın çeşməsilə güldü çəmən çöhrəsi. 
Kəhrəba zərrə yağdı sübhün camı günəşdən. 
Daşlar yağan zərrəni təşnətək uddu dən‐dən. 
Suyla od ülfət tutdu təbiətdə birinci, 
Daşda yaqut yarandı, bəyaz sədəfdə inci. 
Buxarlandı küləkdən yerin ürək qanı ‐ su, 
Daşın qanlı bağrında qana qatdı yaqutu. 
Fələk açdı comərdlik bağındakı gülləri, 
Dillərdə dastan etdi söz quşu bülbülləri. 
Dilin tər xurmasından ürəyə nəşə doldu, 
Ağızın incisinə qulaq bir sədəf oldu. 
Bircə göz qırpımında gözünü yumdu guya, 
Kəraməti can verdi həyat bəxş etdi suya. 
Tökdü yerin saçların cahanın qucağına, 

 
3
Asilik xalı qoydu Adəmin yanağına.  
Getdi qızıl lövhədən natəmizlik qubarı. 
Buludun göz yaşını gülə səpdi, baharı. 
Ulduzlar pardaqladı çöhrəsini səmanın. 
Gül‐çiçəyin üstündə canı əsdi səbanın. 
Bağrına qan axan gil ‐ bəşərin ilk təməli, 
Tutdu ağlın nəbzini ürəklə loğman əli. 
Təbəssüm qəmi qovdu açıldı, güldü çöhrə, 
Gecələrə nəğməkar, müğənni oldu Zöhrə. 
Qaranlıq ənbər saçır qucağında gecənin, 
Təzə ay bir sırğadır qulağında gecənin. 
Söz dünyanı dolaşıb, sirlər açıb başıyla. 
Sındırıbdır başını dərgahının daşıyla. 
Quru, boş xəyallarla çox gəzib hər yeri o, 
Yenə əliboş dönüb qapısından geri o. 
Ürək də sorağında dolaşdı çox, tapmadı, 
Göz də xeyli aradı, gördü ki, yox, tapmadı. 
Ağıl dedi: ʺÇatdırım axtarışı mən sonaʺ. 
Ədəbi gözləmədi, ədəb öyrətdim ona. 
Kim başını keçirib bu sehrli halqaya, 
Dönübdür sorağında bənizi solğun aya 
Mələklər qanadlanıb cəlalını öyərlər, 
Kəramət sahibləri qapısını döyərlər. 
Qulluq halqası taxıb ərşi‐fələyin özü, 
Torpağın qəlbinə də od salıb eşqin közü. 
Şəfadır xəstələrə, sinəsi dağlılara, 
Qasidi nicat verər ayağı bağlılara. 
Dərgahına pərdədir hicablı fələk ki var, 
Pərdəsini yırtmağa əl atmamış ruzigar. 
Sökə bilsə pərdəni, fələk çətin sökərdi, 
Söksəydi, göy üzünü yer üzünə tökərdi. 
Aciz yeri bağlayıb yəhərinin qaşına, 
Nizami göz yaşını tökər yerin daşına. 
Zavalsızdır birliyi, sonsuzdur cah‐cəlalı, 
Əbədidir cahanda şahlığı, şah cəlalı. 
Könül can aynasının qubarını hey silər, 
Qapısının torpağı olmağı şərəf bilər. 
Gül‐çiçəyə can verər dərgahının torpağı, 
Gülzarının yanında yalandır İrəm bağı. 
Qüdrətinə sübutdur Nizaminin varlığı, 
Canı ‐ vəhdət tarlası, könlü ‐ gülüzarlığı. 
 
 

 
4
MİNACAT 
 

 
Sən, ey bütün varlığa həyat verən, can verən! 
Gildən yaranmışlara nəfəs verən, qan verən! 
Bayrağın altındadır, ulu tanrı, xilqətin, 
Biz səninlə mətinik, sənsə əzəldən mətin. 
Mümkünmüdür bənzədək varlığını bir şeyə? 
Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə. 
Dəyişməyən özünsən bu sonsuz kainatda, 
Ölməzliyin timsalı varlığındır həyatda. 
Biz hamımız faniyik, əbədiyyət sənindir, 
Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir. 
Hökmünlə, fərmanınla dolandırırsan yeri. 
Sütunsuz saxlayırsan yaşıl günbəz göyləri. 
Donqar, qozbel fələyi sən gətirdin dövrana, 
Vücudun qazanında duz qatdın duzsuz cana. 
Fitrətin səkil göydə yaratsa əks‐səda. 
Səndən başqa kim deyər: ʺAllah, mənəmʺ dünyada. 
Sən olmasan, gəlməzdi eşqin quşu pərvaza; 
Mehraba uyan aşiq uymaz ki, işvə‐naza. 
Dünya qalan zamandan kərəminin selində, 
Yer üzünü inlədir ağır yükü belində. 
Kərəm beldən gəlməsə, görsə köməksizdi yer, 
Çoxdan qarnı cırıqdı, çoxdan göbəksizdi yer. 
Səcdə həmayilini kim deməz: mən taxaram, 
Səndən başqa varlığa səcdə haramdır, haram. 
Səndən danışmayanda susa bilmək yaxşıdır. 
Sənsiz yada nə düşsə yaddan silmək yaxşıdır. 
Nur camından nur içər gecənin saqisi Ay, 
Səhərin qumruları damında salar haray 
Təklikdə görün gözə, aç üzdən pərdəni sən, 
Qurtar gün camalınla bu zülmətdən məni sən. 
Gücün gucsüz fələyi təzələsin yenidən, 
Dünyanın kələfini çözələsin yenidən. 
Poz belə bir dövranın xeyirlə şər işini, 
Dağıt səyyarələrin seyrini, gərdişini. 
Kəs dillərin sözünü, kəs dillərin özünü, 
Əzəlki fənalığa qaytar yerin özünü. 
Zülmət aşiqlərini işıqsız zülmətə at. 
Cavahirə uyanlar görməsin cavahirat. 

 
5
Altıbucaqlı taxtı devir, yıx əməlinlə, 
Uçsun doqquz pilləli minbər fələk əlinlə 
Yerdə gilə qarışsın ayın nurlu haləsi, 
Sınsın Zühəl daşıyla Zöhrənin piyaləsi. 
Gecənin həmayili ulduzları tök yerə. 
Gecə gündüz quşları həsrət qalsın şəhpərə. 
Gil‐palçıq təpəsini kürü yerin üzündən, 
Bir kərpic qəlibi də yayınmasın gözündən. 
Asimanın alnından gecənin tozunu al. 
Ucalmağa tapmasın Cəbhə, Əxbiyə macal. 
Yeni varlıq yaratmaq düşsə də öz öhdənə, 
Əvvəlki yoxluğuna varlığı qaytar, yenə. 
Dünyanın nizamını yenidən qur, təzələ. 
Çarxı qütbün başına dönməkdən azad elə. 
Suyunla zülm odunu söndür yer üzündə sən, 
Torpağı yelə tapşır sehranda, düzündə sən. 
Münəccim kitabını yandırıb qora döndər, 
Münəccim səcdə qılan kahini kora döndər. 
Bürcündən çıxar ayı, qoy yersiz qalsın hilal, 
Bu pərdəni götür ki, boşa çıxsın boş xəyal. 
Tanrının varlığına olmaz onda sözləri, 
Yoxluğa məhkumluğa şahid olar özləri. 
Qəzəbinə gələsi çoxdur aramızda, çox. 
Gileyli, şikayətçi yoxdur aramızda, yox. 
Kimin qanını töksən, halaldır qanı sənə, 
Sən kimi dara çəksən, qurbandır canı sənə. 
Qəlbi ağlın nuruyla döndərmisən qəndilə. 
Şirin‐şirin danışmaq öyrətmisən sən dilə. 
Hökmünlə vaxt olar ki, uzanar da gecələr, 
İşıqlı gündüzünü qoymaz darda gecələr. 
Sənsən qütbə mətanət, çarxa dövran, hərəkət. 
Varlıq bağı suyundan alıb bəhər, bərəkət. 
Qönçə açıb ağzını deyir ki: kölənəm mən. 
Gülün canı olsam da, sənsiz tez ölənəm mən. 
Nəsimdən xumar deyil nəstərəni bu bağın, 
Gözünə tutiyatək işıq verib torpağın. 
Şölə saçan çırağa döndərmisən süsəni, 
Dil açıb, öz dilində alqışlayır o səni. 
Nizami vəhdətinin carçısı bir bəndədir, 
Hər iki dünyada da nicat gözü səndədir. 
Düşüncə dünyasını hünərlə abad eylə, 
Boynunu qəm yükündən ömürlük azad eylə. 
 

 
6
 

 
Sən, ey bəşər yox ikən, əzəl gündən var olan. 
Sən ‐ əbədi qalansan, biz ‐ torpaq, qubar olan. 
Dövran özü yəhərlər mindiyin kəhərini. 
Yeddi fələk çiynində gəzdirər yəhərini. 
Dərbədər dolanaraq ʺpənah olʺ deyənik biz, 
Qapının halqasıtək qapını döyənik biz. 
Nəğmə səsi, ney səsi qoy yayılsın hər yerə, 
Könülaçan nəğməkar özünsən könüllərə. 
Sorağınla nəsibdir sonsuz ümid, qorxu, dərd, 
Günahları bağışla, sən ki, comərdsən, comərd! 
Köməksiz biçarəyik, əlinlədir çarəmiz, 
Sən də çarə qılmasan, kimdən umaq çarə biz? 
Dağınla dağlanmışıq, ‐ damğamız aşikara, 
Yad damğalı tazıyla şahlar çıxmaz şikara. 
Taleyimiz belədir, pozu yoxdur yazıya, 
Sən bizi döndərmisən bir damğalı tazıya. 
Aman, bu necə dildir, ‐ qanad verib sözünə. 
Ar bilir dinməyi də, susmağı da özünə. 
Hardan qanad almışam? Bir belə uçmaq nədir? 
Mən kiməm? Səcdə ilə torpağı qucmaq nədir? 
Can necə bu dəryadan keçməyə yol tapıbdır? 
Ürək necə belə bir çeşməyə yol tapıbdır? 
Lal kimi heyrətdəyik, nə deyək dost‐tanışa? 
Allahı tanıyanın dili olmaz danışa. 
Peşmanıq, yersiz sözlər çox çıxar dilimizdən, 
Sənsə səxavətini gəl əsirgəmə bizdən. 
Uça‐uça gəlmişik bu, cəlallı dərgaha. 
Qalıbdır ümidimiz, gümanımız allaha. 
Həmdəm ol, ey dərdlinin hər dərdinə təsəlli. 
Çarəsizə çarəsən, loğmanlığın da bəlli, 
Köç gedib, biz qalmışıq, gəlmir zınqırov səsi, 
Kimsəsizik, kimsəsən, kimsəsizlər kimsəsi! 
Kimə pənah aparaq səndən başqa dünyada? 
Pənah varmı sığınaq? Amandır, yetiş dada! 
Yalnız öz dərgahındır bizim qibləgahımız, 
Əgər sən də olmasan, kim olar pənahımız?! 
Dərgahına əl açan varmıdır bizim qədər?! 
Gözlərindən qan saçan varmıdır bizim qədər?! 
Keçməsən ‐ günahkarıq, bağışlasan ‐ günahsız, 

 
7
Pənah ol pənahsıza, qoy qalmayaq pənahsız. 
Nizaminin adında şərəfli adın vardır, 
Qulluğuna layiqsə, ‐ cəlallı hökmdardır. 
Alqışın nemətilə barındır, dilini aç, 
Onun könül mülkünə şer‐sənət nuru saç. 
 
 
SONUNCU PEYĞƏMBƏRİN ŞƏNİNƏ 
 
Varlığın lövhəsinə ilk söz yazanda qələm, ‐ 
Əhmədin ʺəlifʺini yazıbdır onda qələm. 
ʺƏlifʺ ʺheyʺi mülkünə hakim edəndən bəri, 
ʺDalʺ onun boyunbağı, ʺmimʺ də ki bir kəməri. 
Bu kəmər, boyunbağı edib camal sahibi, 
Səadət dünyasında olub kamal sahibi. 
Bu günbəz ki, kərpici saçar firuzətək nur, ‐ 
Onun cənnət bağında tər‐təzəcə turuncdur. 
Turuncun adətidir: gül açmaz ilk baharda, 
Meyvəsi yetişəndə gəlib çıxar bahar da. 
Peyğəmbərlik bayrağı göylərə qalxan vədə 
Sonuncu peyğəmbərlik verildi Məhəmmədə. 
Ay ‐ zəbərcəd üzükdür, nurlandırır dağ‐daşı, 
Məhəmməd möhürüylə parlayır onun qaşı. 
Dünyanın sırğasıdır adındakı hər bir ʺmimʺ, 
Hər iki cahanı da edib özünə təslim. 
Yer üzünə elçidir, İsatək qulu vardır, 
Müjdəçi müjdəçidir, çapar da ki çapardır. 
Dünyaya dərs almamış natiq kimi gəlibdir, 
Dərsi ‐ Məsihin ʺmimʺi, Adəmdəki ʺəlifʺdir. 
ʺƏnbiyaʺ kəlməsinin həm əvvəli həm sonu. 
Əhdinə, vəfasına ʺəlifʺtək düz bil onu. 
Varlığı ən işıqlı bir nöqtədir varlığa, 
Hər sözü, hər kəlamı səslər bəxtiyarlığa. 
Təkəbbür, lovğalıq da o bilmədi cahanda, 
Cahandan uca başı əyilmədi cahanda. 
Kəlamıyla təlimin artdı şöhrəti, şanı, 
Əlçatmaz, ünyetişməz fələklərdir eyvanı. 
Müqəddəs dərgahında hicabdadır nəbilər, 
Müqəddəslik onunla ləkələnmək nə bilər. 
Günahkarın gözləri kor qalıb qürbətdə də. 
Məkkədən xərac alıb, bac alıb qürbətdə də. 
Sükutu səni yaxar, göz kor olar tüstünə. 
İstəyi pərdə çəkər günahların üstünə. 

 
8
Ədalətlə yatırar hər qovğanı, savaşı, 
Onu sevməmək olmaz, sevəni sanma naşı. 
Varlıq dəyirmanını fırlandıran oxdu, ox, 
Üstümüzdə ağadır, səxavəti çoxdu, çox. 
Əzəliyyət dərsindən əbədilik dərs alıb, 
Ürəyinə qürbətin öz çırağı nur salıb. ‐ 
İşığıyla dolubdur günəşin qızıl tası, 
Meracından Ay olub göydə hilal parçası. 
Ərşdə merac gecəsi öz taxtını qurubdur. 
Başına tac qoyubdur, belə kəmər vurubdur. 
Gecənin səməndinə nal vurub, göyə uçub, 
Nəfəsinə yer üzü dar gəlib, ‐ deyə uçub. 
Səhərin mələkləri səkil atı gətirib, 
Həsrətindən, darıxan yer üzünə yetirib. 
Alapaça toxdayıb, nəfəs alır haçandır, 
Nizami ‐ yəhərinin örtüyünü açandır. 
 
 
PEYĞƏMBƏRİN MERACI 
 
Gecənin bir aləmi o günəş göydə yandı, 
Aləmi nurlandıran məşəli alovlandı. 
Fələk gəcavəsinə göz olmuşdu gözüylə, 
Ay, Zöhrə məşəlini gəzdirirdi özüylə. 
Yeddi iqlim, altı səmt, dörd cəhət öz yerində, 
Kainatın özü, də, yox oldu nəzərində. 
Gündüzün ürəyini həsrəti oda yaxdı, 
Gecənin qulağına vüsalı sırğa taxdı. 
Düşməninin gözləri gedən zaman yuxuya, 
Yuxunu cilovladı o, ülvi bir duyğu yad. 
Dünyanın qəfəsində qəlbi sıxılır deyə. 
Uçdu könlünün quşu səssiz‐səmirsiz göyə. 
Qanad salıb dayandı qulluğunda mələklər. 
Sevincindən bilmədi heç neyləsin fələklər. 
Ruhu qanadlı quşdu, canı ona qəfəsdi, 
Qəlbini qəlbimizə tay eləmək əbəsdi. 
Mübarək qədəmini haraya ki basardı, 
Hər tağ onun önündə uçan qala, hasardı. 
Heyrətindən gəlmişdi vəcdə iki cahan da, 
Baş əyib eləyirdi səcdə iki cahan da, 
Ayağı toxunduqca uça‐uça pilləyə, 
Hər dəfə ucalırdı uca‐uca pilləyə. 
Yelqanadlı köhləni arxada qoyub uçdu. 

 
9
Atının tərliyini mələklər göydə qucdu. 
Kainat dəryasında oldu parlaq bir inci, 
O inciylə parladı göyün tacı birinci. 
Torpağın öküzündən dür qapdı göy öküzü, 
Gecənin gövhərilə güldü zülmət göy üzü. 
Bu səfərdə göylərdən töhfə aldı, bac aldı. 
Cövzadan kəmər aldı, Xərçəngdənsə tac aldı. 
Sünbül döndü, ətirli, təravətli sünbülə, 
Əsədin pəncəsinə qolazlandı Sünbülə. 
Gecənin siqlətini ölçməkdimi qərəzi? 
Zöhrə onu çəkirdi əllərində Tərəzi. 
Çəkməyə daşı yoxdu, necə çəkəydi Mizan?! 
Siqlətinə mat qalıb ona baş əydi Mizan 
Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin, 
Süsənbər zəhərini kəsən olub Əqrəbin. 
Kamanın oxu süzüb yayındı başqa yana, 
Dönmədi otlağında Oğlağın, bağrı qana. 
Günəş camallı Yusif Dol içində oturdu, 
Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu. 
Həməlin sinəsində qurdu Sürəyya taxtı. 
Gül‐çiçəyin ordusu düzə axdı, nə axdı. 
Yüksək cəlallı bağın, gülü hər yanı sardı, 
Yer üzü çiçəkləri sayrışan ilk bahardı. 
Gecə gündüzə döndü göydə günəşmi güldü? 
Xəzan bilməz baharda sərvə dönən bir güldü. 
Nərgizli, güllü bağda ürəyi də axmadı. 
Sürməli nərgiz gözü bir gülə də baxmadı. 
Yeddi göyün hikməti ona bəlliydi daha, 
Mübarək qədəmini basmalıydı dərgaha. 
Yırtdıqca ulduzların pərdəsini ayağı 
Mələklərin çiynində dalğalandı bayrağı. 
O ənbər nəfəsindən gecə bilmədi məlal. 
Atının dırnağından bir nala döndü hilal. 
Bu merac gecəsində qatı zülmət heç nədi, 
Buraqın ayağından şimşək öpmək istədi. 
At deyil, göyərçindi, kəklikdi, qızıl quşdu, 
Ya humaydı, qumrudu, ‐ bəs bu necə uçuşdu? 
Firuzə döşəməli pillələrlə yüksəldi. 
Ərşlə dizbədiz olub, gültək əl üstə gəldi. 
Ərş evində sidrəni əyninə köynək saydı, 
Ərş ətəyində qaldı, başı ərşdən ucaydı. 
Müşayət eləyənlər özlərini yordular, 
Əldən‐dildən düşdülər, dirəndilər, durdular. 

 
10
O, qərib yolçu kimi heyrətə düşdü daha, 
Qapını döymək üçün yaxınlaşdı dərgaha. 
O müqəddəs pərilər, mələklər artıq hanı? 
Tənha qalan özüydü, bir də təxti‐rəvanı. 
Elə yolla getdi ki, yoxdu, bircə sirdaşı, 
Sirdaşı tənhalıqdı burda hər qədəm başı. 
Kim onunla bu sirrin dərgahına yovuşdu. 
Mənəvi aləmiylə ülviyyətə qovuşdu. 
O, xilqətin başına şərəfli bir tac oldu, 
Ərş bu ülvi nemətə əbədi möhtac oldu. 
Asimanda elə ki, başa vurdu yolları, 
Bayrağını yellətdi ərşin büllur qolları. 
O cismani varlığın yalnız nəfəsdi canı, 
Onunla yol gedirdi can mülkünün sultanı. 
Elə ki ərş evini dolaşdı başdan‐başa, 
Təlaş cana, ürəyə yol açdı başdan‐başa. 
Bədən öz xəznəsinə pənah apardı daha, 
Göz onu axtarsa da, çətin tapardı daha. 
Bir göz ki əzəl gündən qüdrətdən nur alıbdır. 
Qaranlığa, zülmətə daim işıq salıbdır. 
Yollar yoran qədəmi necə mətindi, mətin, 
Göz önündən götürdü pərdəsini xilqətin. 
Getdikcə, sonsuz yollar çoxaltdı təlaşını, 
Çıxartdı kainatın yaxasından başını. 
Məkansız bir məkanın dərgahına çatanda. 
Comərdliyin nuruyla nurlandı qəlbi canda. 
Onu sirli pərdədə qısqanclıq bürüyəndə. 
Çaşqınlığın əlinə keçdi cilov, yüyən də. 
Həşəmətli dərgaha səcdəylə basdı ayaq, 
Vüsal öz əlləriylə hicabı açdı bayaq. 
Aya ‐ qədəm atmağı atdı başın üstünə, 
Can min təlaş gətirdi bir təlaşın üstünə. 
Qədəmi incimədi, dönmədi də yolundan, 
Axtardı. ʺGəlʺ deyərək tutan hanı qolundan? 
Hər sözün ixtiyarsız sədasıdır hər kəlam, 
Salamına cavabdı eşitdiyi o ʺsalamʺ. 
Ecazkar bir işıq ki, hey yanırdı sönmədən, 
Gözlərinə göründü boş xəyala dönmədən. 
Cövhərsiz mayasızdır gözə dəyən varlığı, 
Hər varlıqdan uzaqdır görünməyən varlıqı. 
Tanrının dərgahında qəlbi nura büründü, 
Xəlvətdə görünən kəs aşkarda da göründü. 
Onu gözdən gizləmək çətin olar, şübhəsiz. 

 
11
ʺGörməmişəmʺ deyənin korluğu var, şübhəsiz. 
Məbudun ziyarəti savabdır, savab, bəli, 
Camalı görməlidir, görməlidir, görməli! 
Bu sehrli pərdənin yoxdu yeri, məkanı, 
Vüsalına çatmağa imkan hanı, vaxt hanı? 
Kim arayıb, axtarıb bu pərdədə yerini. 
Ha çalışıb, tapmayıb heç bir yerdə yerini. 
Varlığına varsa da, hanı olduğu dərgah? 
Allah ola bilməzdi yeri bilinsə hərgah. 
Qüdrətini danma ki, kafirlik, xamlıq olar, 
Yerini axtarma ki, o da avamlıq olar. 
Sanma görüb‐görüşdü peyğəmbər də özüylə, 
Gördü ağlın gözüylə, ürəyinin gözüylə. 
Başına qaldıraraq həqiqətin camını, 
Mərhəmət badəsilə məst elədi hamını. 
Tanrının iltifatı həmdəm oldu, öyündü. 
Haqq ‐ rəhimli, qılıqlı, o da ki, ərköyündü. 
Şəkər dodaqlarına xoş təbəssümdü adət, 
Dilədi ümmətinə bəxtiyarlıq, səadət. 
Hikmət xəzinəsindən vara yetirdi cəhdi, 
Bəxtəvərə döndərdi hər diləyi, hər əhdi. 
İqtidar sahibitək döndü haqq dərgahından, 
Yer üzündə hamidir o, hamıya yaxından. 
Eşqin ülvi gücüylə göylərə yüksəldi də, 
Bir nəfəsə getdi də, bir nəfəsə gəldi də. 
Hər kəlamın, hər sözün möhürdür dilimizə, 
Ətrin ‐ can məlhəmidir, onu çox görmə bizə. 
Bu comərdlik mülkündə ol səxavətli hami. 
Qoy sözünü şəninlə başa vursun Nizami. 
 
 
PEYĞƏMBƏRİN MƏDHİ 
 

 
Bir günəş qəndilidir göyün doqquz tağında, 
Son nəbidir, nəbilər üzüyü barmağında. 
Ən gözəl elçimizdir, ağıltək qulu vardı. 
Yəhərinin qaşında iki cahan şikardı. 
Gözəllik zəmisində sünbülü təzətərdi, 
Sirlərin dəryasında ən qiymətli gövhərdi. 

 
12
Sünbül saçı ‐ Sünbülə, şölə saçır gündüzə, 
Gövhəriylə dür səpir, inci səpir Gün düzə. 
Dürrü görünər, deyə gülməz şəkər dodaqlar, 
Sədəfin sinəsini dürrü həsəddən dağlar. 
İncisindən daşın da daş qəlbi inciməzdi, 
Bəs niyə incisini daşlar sındırdı, əzdi? 
Harda ki, daşqəlbli var, avam, nadan, naşı var, 
Orada daşqalaq var, dəlilər savaşı var. 
Dəlilik məlhəmilə ağıllanmazdı dəli, 
Sındırmasa incini, əzib ovmasa ləli. 
Tənə daşı vuranla istəmədi barışsın. 
Yad gövhəri qoymadı gövhərinə qarışsın. 
Gövhər o dar mücrüdən çıxaraq azad oldu, 
Heyrət nəyə gərəkdi, daşdan gövhər doğuldu. 
Qanbahası verməyə gücü hanı o daşla?! 
Axdı kiçik ağzının qızıl qanı o daşla. 
Daşın ağzından çıxan gövhərlərə qiymət kəs, ‐ 
Qanayan dodağına, sınan dişinə dəyməz. 
Nə qədər inci, gövhər yatar zəngin mədəndə, 
Sanma gövhər dişinə çatar zəngin mədən də. 
Qələbə ərz etdi ki, mən hazıram qisasa, 
Diş yerinə diş tökdü, toyu döndərdi yasa. 
ʺUfʺ demədən, qanlara qəltan ağzını sildi, 
Hamı mərhəmətini, comərdliyini bildi. 
Qopan dişin ağrısı işləsə də beyninə, 
Çıxarıb atdı onu, almadı da eyninə. 
Diş nədir, ağrıları çıxardı hər candan o, 
Çəkdi tamah dişini hər iki cahandan o. 
Ordular da yenməzdi belə ər oğlu əri, 
Əl‐bayraq, dil də ‐ xəncər, dişdə xəncər kəsəri. 
Olsa dişi, kəsəri olmazdı xəncərinin, 
Tökdü dişini ‐ ağzı almazdı xəncərinin. 
Bu əzabı çəkdi ki, kərəmini görələr, 
Tikana uymayalar, bağından gül dərələr. 
Güllər sayrışan bağda tikanın nə qorxusu?! 
Əfsundan dil çıxaran ilanın nə qorxusu?! 
Tavus yanında qarğa nəyə gərəkdi bağda?! 
Bülbüllərin cəh‐cəhi qəlbə fərəhdi bağda. 
İlhamlı nəfəsilə qızıl güldü Nizami, 
Güllərin nəğməkarı bir bülbüldü Nizami. 
 
 

 
13

 
Sən, ey müqəddəslərin hər birindən müqəddəs. 
Qurban olmaq öyrətdin, qurbanın oldu hər kəs. 
Şəfqət qəsri ucaldı xeyirxah əməlindən, 
Əzab‐zillət evini dağıtdın təməlindən. 
Ərəb ariflərinə mahtabsan, nurlu aysan. 
Əcəm hakimlərinə şahsan, arxa, haraysan. 
Hamı sənə yol verir, yol verməzsən sən yada. 
Dünyanın ağasısan olmasan da dünyada. 
Öz səfər sovqatından comərd pay əsirgəməz, 
Süfrəsini gen açar, sovqatını tək, yeməz. 
O süfrənin başında barındın hər nübardan, 
Bizə nə gətirmisən daddığın tər nübardan? 
Şəkər dodağını aç, şəkər yesin qoy hamı. 
Dadıb şirin xurmanı əhsən desin qoy hamı. 
Saçın zülmət gecətək sübhə çıxartdı bizi, 
Eşq atəşin qaynatdı dirilik çeşməmizi. 
Hüsnündən divanədir, yox halı aşiqlərin, 
Zənciri saçlarındır sevdalı aşiqlərin. 
Kəmərin gərdənbənddir, ‐ çarx dolayıb boynuna. 
Gün camalın nur saçır səhərlərin qoynuna. 
Suya çəkib qurutdun aləmin ətəyini. 
Ənbərinlə doldurdun torpağın göbəyini. 
Türbətinin qubarı döndü ənbər ətrinə, 
Yurdun ənbər vətəni oldu sənin xətrinə. 
Torpağın ətirlidir Süleymanın mehindən. 
Cənnət də ətirlənər gülzarının şehindən. 
ʺUlu tanrı!ʺ dediyin doğma məkandı Kəbə. 
Gülabına təşnədi, eşqinlə yandı Kəbə. 
Tacın, taxtın vardı ki, dünya paytaxtın oldu, 
Səma başının tacı, yer üzü taxtın oldu. 
Gölgən ola bilərmi? Həşəmət nurusan sən, 
Ülvi nur kölgəsisən, əzəmət nurusan sən. 
İslamın sütunutək o dörd bayraq ucaldı. 
Şəninə gecə‐gündüz beş kərə təbil çaldı. 
Oldu Məkkən, Mədinən çiçəklənən gülzarın, 
Gözünə işıq gəldi hər bir qərib zəvvarın. 
Mübarək qədəminə saçını tökdü gecə, 
Başını ətəyinlə bürüdü, bükdü gecə. 
Ətəyinə cavahir səpdin odlu baxışla, 
Köynəyini bəzədi günəş zərli naxışla. 

 
14
Nəsimin titrək əli saçına sığal vurdu, 
Səhərin sədəfini ənbər ilə doldurdu. 
At oynadıb meydanda səba əsirdi yenə, 
Ənbər öz ordusuyla ona əsirdi yenə. 
Ənbərin əsə‐əsə satılması süftədi, 
Versən iki cahana, bil iki, yenə müftədi. 
Sidrə qəsrin önündə baş əyib kölgə salar, 
Ərş‐taxtını qurmağa cəlalına alçalar. 
Varlığın ‐ bu xilqətin nur saçan səhəridir, 
Günəşin ərşi yaxıb zərrə kimi əridir. 
Parlaq güzgü olmasa gündüzünə günəşin, 
Nurunu saçardımı yer üzünə günəşin?! 
Sən ki iki cahansan, yerdə yatmağın nədir?! 
Əgər xəznə deyilsən, yerə batmağın nədir?! 
Torpaq altda olsan da, xəzinə billik səni, 
Torpağa tapşırarlar hər yerdə xəzinəni. 
Mənəvi xəzinəsən, viranən saya gəlməz, 
Sayən ‐ nurlu şamındır, pərvanən saya gəlməz. 
Çarxın nişangahını dəldi atdığın nizə, 
Kəndirinlə salladın dolçasını kəhrizə. 
Gündüzün al günəşi, gecənin nurlu ayı 
Peyk olmasa yolunda, dolanmaz ki, havayı. 
Kamalın loğmanısan, şəfası sənsən onun, 
Ayda səni soraqlar, səfası sənsən onun. 
Qalx, işıqlı səhərin üzümüzə açılsın. 
Nizaminin üzündən şadlıq nuru saçılsın. 
 
 

 
Ey Məkkə, Mədinənin pərdələnən günəşi, 
Zülmət pərdələyərmi nur ələyən günəşi?! 
Əgər aysan, günəşdən nur almağın görünsün, 
Əgər gülsən, ətirli gülşən bağın görünsün. 
Həsrətini çəkənlər düşdülər can hayına, 
Haraya çağıranın özün çat harayına. 
Ay günəş köhlən olub, alsın səni belinə, 
Durma ərəb mülkündə, yetiş əcəm elinə. 
Bir yeni aləm yarat dünyada qüdrətinlə 
Doldur iki dünyanı səsinlə şöhrətinlə, 
Xütbənlə xətiblərin özün yetiş dadına, 
Hakimlər kəsdirməyən sikkə kəsdir adına. 

 
15
Torpağının ətrindən ətir saçandı yurdun. 
Fitnə, nifaq qoxuyur sənsiz haçandı yurdun. 
Harınların əlindən bu taxtı al geri sən, 
Alçaqlar ləkələdi, təmizlə minbəri sən. 
Cin‐şeytan yuvasına döndərdilər dünyanı, 
Qoy zalımın, namərdin yerdə çürüsün canı. 
Acgöz harınların sən həsrət qoy naz‐nemətə, 
Torpaqsız qoy onları ‐ uydular qənimətə. 
Hamımız cansız bədən gəl, gəl, can ol sən bizə, 
Hamımız qarışqayıq, Süleyman ol sən bizə. 
Karvanımız soyulmaz, darğamızsan sən özün, 
Bayraqdarı neylərik, sərkərdəmizsən özün. 
Məsləkindən döndərib, azdırıblar hərəni, 
Qəsdə girib kəsiblər, yol‐izi, bənd‐bərəni. 
Ya meydana Əlini ‐ ər oğlu əri göndər, 
Ya da şeytan üstünə cəsur Öməri göndər. 
Çöhrən ‐ Yəmən ayına, saçın ‐ gecəyə dönsün. 
Başın ‐ aytək qoy Yəmən cübbəsindən görünsün. 
Azğına yolsuzlara əsarətin gərəkdi, 
Aman yox amansıza, cəsarətin gərəkdi. 
Beş yüz əlli doqquz il yuxuya dalmısan sən. 
Dünyanın axırıdır, bəs harda qalmısan sən? 
Qalx! Qoy sənin hökmünlə İsrafil adlı mələk 
Qəndilləri söndürsün işıqsız qalsın fələk. 
Sirdaş ol pərdələri açılmayan dərgaha, 
Biz qəflət yuxusunda, sənsə, yatma, qalx daha. 
Bu fəlakət evinin bəla fəlakətindən 
Hamını xilas eylə, qurtar dardan, çətindən. 
Nə istərsən düzlükdən, ədalətdən savayı? 
İradənlə oynamaq havayıdır, havayı. 
Qayğınla, köməyinlə, eşqinlə bizə yarsan. 
Müqəddəs əməlinlə dağ üstə dağ qoyarsan. 
Göstər məslək mülkünü, o müqəddəs yerləri, 
Bağışlansın ariflər, sadiq məslək ərləri. 
Əməlin uğurludur, zavalsızsan qəzadan. 
Yolunun yolçusunu qurtararsan cəzadan 
Camalını göstərsən ‐ günəş hüsnün nur yayar, 
İki cahan şadlıqdan vəcdə gəlib oynayar. 
Eşqini hopdurub ki, iliyinə Nizami, 
Həyat tapsın ruhunun gül iyinə Nizami. 
Nəfəsinlə ötüşsün qoy ömrünün hər günü, 
Bir yoxsula bağışla bu Süleyman mülkünü. 
 

 
16
 

 
Ey nəbilər tacının şölə saçan gövhəri, 
Tacidara döndərdin saysız ər oğlu əri 
Baxıb ümid gözüylə yaxın da, yad da sənə, 
Dönüb dünya evində hamı sənin kölənə 
Xilqət ‐ gözəl şerdir ilk beytdir onda adın, 
Ən gözəl qafiyətək səslənir sonda adın. 
Elə başdan‐binadan xarabaydı bu aləm. 
Onu abad eyləyən bir sənsən, bir də Adəm. 
Bu dünya sarayının qoyulanda təməli. 
Suya da, kərpicə də möhtac imiş, deməli. 
Adəmin də, Nuhun da kələfləri dolaşdı, 
O dolaşıq düyünü sənin əllərin açdı 
Adəm bir buğda yedi,‐ unuduldu tövbəsi. 
Ona yasaq edildi dadsız gül mürəbbəsi 
Tövbə ‐ günah qoxudu könlünün gülşən bağı 
Gülşəkər ətirlidir yollarının torpağı 
Könlü sənin tövbəni şirin gülşəkər sandı 
Bu tövbədən gülşəkər gülşəkərliyi dandı. 
Əzəldən hünər topu yaratdılar hüzura. 
Könül mülkü ‐ meydandı, top atdılar hüzura 
İlk zərbəni vurmağa Adəm çıxdı irəli, 
Qələbə əzmi ilə əsdi çövkənli əli. 
Sünbülü görən kimi, atı üstünə cumdu, 
Topu ala bilmədi, ah, bu necə hücumdu?! 
Nuh susayıb dirilik çeşməsinə can atdı, 
Çeşmənin sorağında gəmisi suda batdı. 
İbrahim kəcavədə xəcalətdən sıxıldı. 
Yarı yolda üç dəfə‐kəcavədən yıxıldı. 
Davudun boğulanda tutulanda nəfəsi, 
Zilə qalxa bilmədi, inlədi bəmdə səsi. 
Daim ədalətindən nəşə duydu Süleyman, 
Peyğəmbərlik tacına sanma uydu Süleyman. 
O quyudan qisməti ah, nə oldu Yusifin?! 
Nəsibi bir kəndirdi, bir də doldu Yusifin. 
Gedər‐gəlməz səfərə atını çapdı Xızır. 
Ətəyini isladıb, çeşməni tapdı Xızır. 
Camı boşdu həqiqət sorağında Musanın.  
Sındı ümid şüşəsi Tur dağında Musanın. 
Niyyət bais deyildi təlaşına İsanın. 

 
17
Atasızlıq qaxıncdı öz başına İsanın  
Əməlin təməl oldu sarayına dünyanın, 
Məqamında yetişdin harayına dünyanın. 
Şərəfinlə şanınla təsdiqləndi bu fərman 
Xütbəni tamamladı, yaratdığın bu dövran. 
Qalxıb, yaxşı dolandır bu dövranı fələkdən, 
Hünər, qüdrət səndədir, mədət hanı fələkdən?! 
Fələyin gen sinəsi öz meydanındı sənin, 
Yer topunu buraxmaz koğa kimi çövkənin. 
Fənalıq tozanağı sarmamış kainatı, 
İndi meydan sənindir, çap, şahə qaldır atı. 
Fəna həyat camını əlindən ala bilməz,  
Alçaq yoxluq adını yadına sala bilməz. 
Qoyma varlıq mülkünə düşsün yolu yoxluğun. 
Əllərinlə bağlansın əli‐qolu yoxluğun.  
Nəfəsinlə dil açıb dilsiz varlıq cahanda, 
Şəfqətin dərdin, qəmin məlhəmidir hər canda. 
Savaş barışıq oldu sənin məsləkin ilə, 
Çıxdı ağlın gəmisi qan nəhrindən sahilə. 
Doqquz fələk qibləsi yolunda taybataydı. 
Bu altı günlük nərgiz saçıntək ətir yaydı. 
Əgər bircə tükün də əskik olsa başından. 
Bu dünya saçın kimi dağılar təlaşından. 
Yazmasan da, yazılı saysız dəri oxudun, 
Dinməmiş, beyinləri, ürəkləri oxudun. 
Niyə sənin barmağın söz üstünə gəlmədi? 
Kafirlər deyərdi ki: nə sözdü, nə kəlmədi? 
Kim deyər: sözüm düzdür, üstündən barmağı çək. 
Sözünü əzbər bilir hamı beş barmağıtək. 
Qubar yox, şəkər tozu qonub astanan üstə, 
O şəkər dodaqların innabdı, ya da püstə. 
Bir ovuc şəkər tozun eşqin biyabanında 
Qırx günlük azuqədir eşq əhlinin yanında. 
Qurtuluş səhərimsən, sənsən bəxtiyarlığım. 
Dirilik suyumsan ki, torpağındır varlığım. 
Könlümün gülşənidir qapındakı torpağın, 
Həyat, dünya bağışlar səfalı cənnət bağın. 
Pak türbənin üstünü zəvvartək kəsə biləm, 
Toz olub qona biləm, yel olub əsə biləm. 
Torpağını gözünə tutya sanar Nizami,  
Qapında qolubağlı qul dayanar Nizami. 
Türbətin ətir saçsın ərənlərin başında, 
Torpağın ənbər olsun hər bir ərin başında. 

 
18
 
 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin