Nİzami GƏNCƏVİ SİRLƏr xəZİNƏSİ


BƏŞƏRİN DÜŞGÜNLÜYÜ VƏ KEŞMƏKEŞLİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix31.01.2017
ölçüsü0,64 Mb.
#6770
1   2   3   4   5   6   7

BƏŞƏRİN DÜŞGÜNLÜYÜ VƏ KEŞMƏKEŞLİ 
HƏYATI 
 
Gənclik ‐ nurlu şəhərdi, qocalıq ‐ qərib axşam, 
Biri parlaq günəşdi, biri öləziyən şam. 
Uymusan səhərlər də şirin‐şirin yatmağa, 
Ömrünün al günəşi üz qoyubdu batmağa. 
Dünyanın sevdasını, gəzdirmə başında sən, 
Cavanlıqdan əl götür ixtiyar yaşında sən. 
Gözəllərin eşqindən yaralısan, yaralı, 
Sevdalı aşiqlikdən aralısan, aralı. 
Ağlı heyrət bürüyüb, fikrin alt‐üstdü daha, 
Əlin qabar‐qabardı, ayağın süstdü daha. 
Başına nazbalışdır öz qucağı torpağın, 
Rahatlıq guşəsidir hər bucağı torpağın. 
Dünya gözəl olsa da, bitməz narahatlığı. 
Hər əzaba son qoyar əbədi rahatlığı. 
Hüsnün aylı çeşməydi, o çeşmə donub indi,  
Lalətək yanağına sarılıq qonub indi 

 
58
Tərazlıtək gözəldin, saçın həbəş saçıydı, 
Hüsnün türkə, ərəbə bir elin xəracıydı. 
Rüzgarın öz saçı da gündüz ‐ ağ, gecə ‐ qara, 
İbrət dərsi öyrədir ilk gündən cavanlara: 
Unutma səndən əzəl çoxdu dünyada gənclər, 
Qocalmağı salmazdı heç zaman yada gənclər. 
O gülləri soldurdu xəzanın hər afəti, 
Qocalığa bənd imiş gəncliyin təravəti. 
Cavanlığın eybini izləmək də eyibdir, 
Qocalığın eybini gizləmək də eyibdir. 
Cəmşidtək səadətlə keçsə dövranın sənin, 
Ağ saçını görəndə qaralar qanın sənin. 
Əcəlin müjdəsidir ağ saçımız, telimiz, ‐ 
Ölümə baş əyməkdən bükülübdür belimiz. 
Gənclikdən, gözəllikdən ömrümüz binəsibdir, 
Mənə nəsib olmayan görən kimə nəsibdir? 
O gözəl cavanlığın qəflətdə keçdi, heyhat! 
Başına vura‐vura yansan da gecdi, heyhat! 
Yusif kimi cavanlar çıxdı yoxa dünyada, 
Həsrətindən çoxları cırdı yaxa dünyada. 
Cavanlığın qədrini bilərsən qocalanda, 
İtən ömrə göz yaşı çilərsən qocalanda. 
Cavan ağac hər bağın gözəlidir, gözəli, 
Qocaldımı, sındırar onu bağbanın əli. 
Cavanlıq od‐alovdur, gözəlliyin tacıdır. 
Cavanlıq çox şirindir, qocalıq çox acıdır. 
Tər budağın üstündə təzə açan gül olar. 
Quru odun ocaqda yana‐yana kül olar. 
Ənbər saçan şəvədir hər bir başın qarası, 
Saf qızıla məhəkdir, bil ki, daşın qarası. 
Gəncliyi vurdun başa, qəflətdən oyan indi, 
Al günəşi oyatmaz yuxudan doyan indi 
Şam kimi ərimisən, gücün yox aha sənin, 
Müşk ətirli saçına qar yağıb daha sənin. 
Havalar soyuyanda qısılar otlar yerə; 
Ağappaq qar ələyər qara buludlar yerə. 
Fələk ‐ boyaq küpüdür, sanma boyası azdır, 
İsa bir boyaqçıdır, Günəş də ki, rəngsazdır. 
Buludlar ‐ paltaryuyan, Ay ‐ gümüşü ləyəndir, 
Gecənin saçlarına məhtab nur ələyəndir. 
Yuyub nur çeşməsində öz pasını asiman, 
İsaya boyadıbdır libasını asiman 
Zərrə qədər boyası rəngi varmı havanın? 

 
59
Tutqunluğu könüllər oxşayarmı havanın? 
Gündüz kimi ağappaq, gecə kimi qapqara, 
Ağ rumlu, qara zənci olmaq hara, sən hara?  
Ağlığı, qaralığı iftixarla daşısan, 
Rumlu təki zalımsan, zənci təki naşısan. 
İki rəngli olması hədəf elər pələngi, 
Ovçunun sərrast oxu beldən dələr pələngi. 
Hüsnün bağlar gəlini ağaclartək tamaşa. 
Gah palaza girirsən, gah da əlvan qumaşa. 
Təzadlı aləminə, söylə, nəzər salırsan? 
Yayda cübbə geyirsən, qışda üryan qalırsan. 
Şir, pələng ovla yaşar, libasıdır dərisi,  
Tapdığıyla dolanan olmaz tamah hərisi. 
Varsa suyun çörəyin yoxluqdan qəmə batma, 
Əlini çömçə təki hər kasaya uzatma. 
Çörək də söndürməsə hərisliyin odunu, 
İç içməli‐sulardan, döşür yemlik otunu. 
Minnətli çörək ilə kef‐damaqmı yaxşıdır? 
İsanın eşşəyitək otlamaqmı yaxşıdır?  
Göylər altında olan bu torpaqda od, külək 
Aparmamış üzlərin suyunu vermir çörək. 
Quduz nəfsi yaraşmaz, ey əxi ‐ qardaş, sənə 
Haram süfrə başında haramdı bardaş sənə 
İnsan dünya evində bir məhbusa dönməsə, 
Ülviyyət ocağının odu, közü sönməsə, 
Yusiftək yazıq bəşər qurda yeyilərmidi? 
Pişiyə şir ürəkli aslan deyilərmidi? 
Bir ovuc arpa üçün nə əyil nə daş daşı. 
Könül dəyirmanında qoy yeməsin daş daşı. 
Su kimi, yavanlığın su olsun savab olsun. 
Od kimi, yanan qəlbin özünə kabab olsun. 
Torpaq ye, çörəyini xəsisin yemə ancaq. 
Torpaq olma, varlığın əzilib tapdanacaq. 
Qana qəltan etsə də səni zəhmət tikanı. 
Çalışmaqdan usanma, işə alışdır canı 
Öz halal zəhmətinlə namuslu insan sayıl, 
Hər yetənə alçalma, əl açıb olma sail. 
 
 
KƏRPİCKƏSƏN QOCANIN BİR  
CAVANLA HEKAYƏTİ 
 
Deyirlər Şam tərəfdə bir qoca kişi vardı, 

 
60
Pəri kimi xalq ilə onun nə işi vardı 
Əyninin köynəyini ot‐ələfdən hörərdi, 
Kərpic kəsib bir təhər dolanar, gün görərdi. 
Qılınclı ərlərin ki, düşərdi qalxanları, 
Məzarına kərpicdən döşərdi ʺqalxanlarıʺ 
Kəfənsizin kəfəni, duvağıydı kərpici, 
Günahkarın ağzının suvağıydı kərpici. 
Bir gün yenə işiylə başını qatdı qoca, 
Əldən‐dildən düşərək qan‐tərə batdı qoca. 
Birdən‐birə göründü gözə bir cavan oğlan, 
Başladı məzəmmətlə sözə bir cavan oğlan: 
ʺBu düşkünlük, zəlillik səncə, hara yaraşar? 
Palçıq‐saman yoğurmaq muzdurlara yaraşar. 
Torpağın qalxanını qılıncınla sökmə sən, 
Bir qarın çörək üçün öz abrını tökmə sən. 
Bu kərpic qəlibini yandırıb külə döndər, 
Ömrün xəzan bağını əlinlə gülə döndər. 
Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar? 
Bəlimli palçıqları yoğurmaqdan nə çıxar? 
Qocasan, qocaların yerişini yeri sən, 
Yorularsan, cavanın yerişini yerisən.ʺ 
Qoca dedi: ʺNadanlıq havası var başında, 
Ağsaqqala gülürsən belə cavan yaşında. 
Qocalar kərpic kəsər, halallıqla yaşayar, 
Kölələr, əsir qullar ağır yüklər daşıyar. 
Qarşında boyun büküb əl açmayım deyə mən, 
Əzəldən əl atmışam belə bir peşəyə mən. 
Nə xəzinə yığanam, nə də tirmə geyənəm, 
Öz halal zəhmətimin çörəyini yeyənəm. 
Halalca nemətimə naşükür olma mənim, 
Nemətə xor baxana nemət qənimdir, qənim.ʺ 
Qocaya tənə vuran peşmanladı sözündən, 
Gözdən itən zamanda yaş axıtdı gözündən. 
Dünya görmüş insandı, qoca belə qocaydı, 
Namuslu zəhmətiylə el gözündə ucaydı. 
Unut dünya evini sən burada, Nizami! 
Məslək eşqi yetirər hər murada, Nizami! 
 
 
ALTINCI SÖHBƏT 
 
VARLIĞIN QÜDRƏTİ 

 
61
 
Bu sehirli pərdədə möcüzə göstərən var, 
Sehrkar qüdrətilə ecazkardır, ecazkar. 
Qəlbinin gözlərilə seyrə dal bu pərdəni 
Gördüyün hər möcüzə hər an sehrlər səni. 
Qubarlı pərdədəki quldurlar gəlməz saya, 
Keşikçidir fələyə, talançıdır dünyaya. 
Köləlik ziyasıdır gözlərinin gövhəri, 
Könülün köləsidir onlar əzəldən bəri. 
Ətalətdən uzaqdır gərdişi kainatın. 
Varlığa həvalədir hər işi kainatın. 
Fələyin köhlənləri yəhərlidir əzəldən, 
Yalmanına yatmayan qəhərlidir əzəldən. 
Bu cavan hərəkətli qoca fələkdən qabaq, 
Ululuq şan‐şöhrəti uca fələkdən qabaq, 
Əlimizlə qurmuşuq eşqin uca taxtını, 
Eşq ilə sınamışıq insanlığın baxtını. 
Xeyrin, şərin yükündən insan çətin daşına, 
Şikar kimi bağlanıb yəhərinin qaşına. 
Dünya sirli saraydır, sirdaş da sönsən ona. 
Torpaq acgöz bir quşdur, ən gözəl dənsən ona 
Xilas eylə canını sinə sökən bu quşdan, 
Zümrüd kimi havalan, görünməz ol uçuşda. 
Qəfəsdəki can quşun İsa deyil, bəs nədir? 
Yerdə qanad açsa da, məskəni göylərdədir. 
Ya söküb caynağıyla uçursun qəfəsini, 
Ya göyə caynağında uçursun qəfəsini. 
Qoy müqəddəs yurduna pənah aparsın daha, 
Sən də ki, qanadında sığın ülvi dərgaha. 
Bu yerin dəhlizindən xilas olanda canın ‐ 
Əbədi təmizlənər ləkədən onda canın. 
Nə ağa, nə qaraya yovuşarsan əbədi, 
Ülviyyət aləminə qovuşarsan əbədi. 
Öz yanında görərsən hər‐bir peyğəmbəri sən. 
O calallı dərgahda olarsan bir pəri sən. 
İki dünya yolunda yolçuluğun əbəsdir, 
Könülə qovuşmağa yarım nəfəs də bəsdir. 
Kim varlıq cövhərini bu gildən yaradıbdır, 
Ruhunun Kəbəsini könüldən yaradıbdır. 
Qalsın tozlu dəridə çirki, pası ruhunun, 
İşıqlı könüldədir hər cilası ruhunun. 
Sürmə çəkən nəsimdir nərgizin gözlərinə 
Mis iksirlə dönübdür kimyagərin zərinə. 

 
62
Bədənin ovxalanan bir ovuc gildi sənin, 
Əzəl gündən sirdaşın yalnız könüldü sənin. 
Öz könlünə qul ol ki, sultanlığa çatasan, 
Ağla, cana hökm edib köləliyi atasan 
Könül nərmə‐nazikdir, bürüyər heyrət canı, 
Ətirli göbək kimi sərtliyə öyrət canı. 
Sənə cildən toxunan libas geymək eyibmi? 
Əcdadın zərli cübbə, ipək paltar geyibmi? 
Ceyranın sərt dərisi ‐ gözəlliyin şüası. 
Yazılar dərisinə məhəbbətin duası. 
Müşkü yaxşı saxlayır ahunun sərt göbəyi, 
Ətri kimi dağılar bürünərsə ipəyi. 
İncisən, gir sədəfə daş‐qaş deyən olmasın, 
Şəkərsən, görünmə ki, basıb yeyən olmasın. 
Gah gecətək, əriyib şəfəqi ol səhərin, 
Gah da ki, sal ahınla qoynuna yol səhərin. 
Zülmətli gecələrdə qatlaş ağır zəhmətə 
Mərhəmətin, şəfqətin nuru yağır zəhmətə 
Şöhrətə zəhmətilə ucalıbdı ərənlər, 
Məsləkinin yolunda qocalıbdı ərənlər. 
Müsibət ‐ rahatlıqdı, bəhrələndi nəbilər, 
Müsibət səfasını ondan qaçan nə bilər? 
Şirin meyin mayası, bil ki, acıdır, acı, 
Fəlakət xudbinliyin əlacıdır, əlacı. 
Dünya bir xəzinədir, keşikçisi ‐ əjdaha, 
Xəzinəyə can atan qoy rahat yatsın daha. 
Sərv ol, çətirə döndər ay nurunu gecələr, 
Şam olub, yana‐yana yay nurunu gecələr 
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana, 
Zəhmətinin axırı rahatlıqdır insana 
Düşünmə ki, qəsdinə durub haçandır fələk. 
Qapılar bağlasa da, qapı açandır fələk. 
Çıxar nicat yoluna bir gün karvanı ömrün, 
Sevinc qəm darğasıtək olar sarvanı ömrün. 
 
 
OVÇU İLƏ TÜLKÜNÜN HEKAYƏTİ 
 
Bir tuşqul ovçu vardı, quşu göydə vurardı, 
Dərə keçib, dağ, aşar, bənd‐bərədə durardı. 
Bir tulası vardı ki, cürəti şir cürəti, 
Qaçışına çatmazdı Günəşin də sürəti 
Ən heybətli kərgədan qorxusundan əsərdi, 

 
63
Maralı aslan dişi xəncər kimi kəsərdi. 
Köməyilə vəhşilər bir şikardı ovçuya, 
Gərəkliyi hər zaman aşikardı ovçuya. 
Hər şikara cumanda qəlbinə nur saçardı, 
Gecə keşikçi, gündüz ov dalınca qaçardı. 
Şirürəkli ovçunun şir tulası yox oldu, 
Bu itiyin xiffəti ürəyinə ox oldu. 
Dedi: ʺMəni qoruyar, ovumu izləyərdi, 
Bir tazımın dırnağı yüz aslana dəyərdiʺ. 
Hayıfsınıb əzabdan od tutdu, nə tutdu o, 
Dözüb şirin canını öz dişinə tutdu o. 
Hövsələ daralanda sanma dözmək asandı, 
Zərrə qədər səbriylə sanki dirhəm qazandı. 
Bir tülkü yaxınlaşıb ələ saldı ovçunu, 
Söylədi: ʺNə yaxşı ki, bu dərd aldı ovçunu. 
Eşitdim ki, gəbərib o zirək tazın sənin, 
Tazın ölüb getsə də, olmasın yasın sənin. 
Dünən səndən ayrılıb, şikara cumdu tazın, 
Ovdan ötrü həlakdı, gözünü yumdu tazın. 
Budur, öz ovçusuna özü şikardır indi, 
İki aylıq bolluca yeməyin vardır indi. 
Ürəyini kababtək dur, yaxşıca çək şişə. 
Beyni ‐ sənə yem olsun, dərisi ‐ mən ʺdərvişəʺ. 
Əvvəl yağlı yeməyə yaman çoxdu iştahın, 
İndi yağlı tülküyə niyə yoxdu iştahın? 
Bir gün qan udmalıydın yağımızı yeməkdən, 
Sarılıq tutmalıydın yağımızı yeməkdən. 
Qorxum yoxdur torundan, zəhri yarandan daha, 
Qurtarmışam ölümdən, müdhiş yarandan daha. 
Artıq uzaq gəzirsən, niyə bizdən bezmisən? 
Heç saya da salmırsan, əlimizdən bezmisən?ʺ 
Ovçu dedi: ʺMəsəldir: hər gecə hamilədir, 
Nə doğacaq bilinmir, gör necə hamilədir?! 
Şadam ki, dünya evi darısqaldır əzəldən, 
Qəm gedər, şadlıq gələr, adi, haldır əzəldən. 
Ağalığı ‐ ədanı, köləliyi ‐ təşvişi 
Yer üzünə bəxş edib bu fələyin gərdişi 
Bu ulduzlar, fələklər, bax, dövr edir həmişə, 
Əzab da, rahatlıq da keçib gedir həmişə. 
Şadlıq sarsa könlümü sonu qəmdir‐kədərdir, 
Şadlıq gəldi‐gedərsə, qəm də gəldi‐gedərdir. 
Hər gecənin bir nurlu, günəşli gündüzü var, 
Hər yoxuşun enişi, hər təpənin düzü var. 

 
64
Buna qurdla Yusifin macərası deyərəm, 
Qurd Yusifi yeyibsə, mən də onu yeyərəm. 
Aldada bilməz məni qurduğun hiylə, kələk, 
Sənin kimi şikarı tazısız qoymaz fələkʺ. 
Ovçu belə deyəndə hər yan toza büründü, 
Toz tazının dalınca pərdə kimi süründü. 
Ora‐bura şütüdü o şikarın hərisi, 
Şir dişiylə tülkünün parçalandı dərisi. 
Dedi ki, pusqudayam, gərək qəsdə girəm mən, 
Tülkü yaxşı bilir ki, şikar vaxtı şirəm mən. 
İtməyimdən səbrinin kasası doldu sənin, 
Tülkünü parçaladan inamın oldu sənin. 
Mütiliyim boynuma xalta salıb əzəldən, 
Vəfam ixtiyarımı əldən alıb əzəldən. 
Kimin ki ixtiyarı sədaqətə bağlıdır, 
Taleyinin axırı səadətə bağlıdır. 
Məslək yolu ülviyyət yoludur kainatın, 
Yüksəliş, təmiz niyyət yoludur kainatın. 
Şərəfə yüksələrsən hökmün, qətiyyətinlə, 
Daşın dönər qızıla müqəddəs niyyətinlə. 
Əzminlə, inamınla, dolanarsan hər yanı, 
Atəşdən su alarsan, qurudarsan dəryanı. 
Kimə ki, inamıyla bəxti yardır dünyada, 
Tanrının nemətilə bəxtiyardır dünyada. 
Cibintək, mığmığatək qan sormağa can atma, 
Tamahın neştəriylə ürəyini qanatma. 
Qapına gələn nemət qismətindir, yeyərsən, 
Ruzi verən kimsəyə min‐min alqış deyərsən. 
Kimdə varsa comərdlik, yollan onun üstə sən. 
Ruzini, nemətini yalnız ondan istə sən. 
Comərdin qapısını kim ki, kəsib cahanda, 
Ona dünya neməti olub nəsib cahanda. 
Həqiqət carçıları bağlı qapı açandır, 
Bizim kimi qul deyil, tağlı qapı açandır. 
Xarabat guşəsində keçir ibadətləri, 
Saf şərabı bal kimi içməkdir adətləri. 
Vəfasız ömrə görə dərdə, qəmə batma sən, 
Yüz ilin sərvətini yığmağa can atma sən. 
Sanma başdan‐binadan dərd yolunu kəsibdi, 
Hər qismətin, nemətin əzəl gündən nəsibdi. 
Hər canlıya nəsibdi qüdrətin naz‐neməti, 
Qismətinə sevinən ucuz tutmaz neməti. 
İnsan oğlu əlləşib darınıbdır həmişə, 

 
65
Hamı öz qismətindən barınıbdır həmişə. 
Məslək yolu seçənlər tamaha baş əyərmi? 
Dövlətin artsın deyə əlləşməyə dəyərmi? 
Çarpışmağı bacarsan havadarın tapılar. 
Üzünə açıq olar bütün bağlı qapılar. 
Nizaminin eşq odu sanma külə dönəndi, 
Qüdrətin al Günəşi sönsə, o da sönəndi. 
 
 
YEDDİNCİ SÖHBƏT 
 
İNSANIN ÜLVİYYƏTİ 
 
Sən, ey yerdə fələyi heyrətdə qoyan insan, 
Yer də, göy də nazınla daim oynayan insan. 
Ülviyyət aləmindən xəbərdarsan deyə sən, 
Qüdrətinlə şərəfsən, şansan yerə, göyə sən. 
Qüdrətin pərvərişi dayən olub əzəldən, 
Süd deyil, şəkər yemək qayən olub əzəldən, 
Hədsiz nəcibliyinlə əşrəfisən dünyanın, 
Əzəldən xeyirxahlıq bütüsən gen dünyanın. 
Ecazkardır qüdrətin ucu iti qələmi, 
Yaradıb‐sənin kimi gözəl bütü qələmi, 
Can damarı bağlayıb ciyərinin telinə, 
Can gövhəri parlayan kəmər vurub belinə. 
Aləmdir incəliyin, dünya sənin heyranın. 
Çatmaz arıq ahuya əsla kökü ceyranın. 
Yer üzündə vəhşilər ramdır zoruna sənin, 
Quş kimi yemləyirsən, düşüb toruna sənin. 
Dövlət quşu humaysan, qayən səadət olsun. 
Az yemək, az danışmaq, nəciblik adət olsun. 
İşığı, qaranlığı, xeyri, şəri aləmin, 
Bil ki, əbəs deyildir, ey bəşəri aləmin! 
Uğursuz adlansa da əfsanələrdə bayquş, 
Xəzinə bülbülüdür viranələrdə bayquş 
Bu dünyanın hikməti çatmaz sona əzəldən, 
Hər canlının şirindir canı ona əzəldən. 
Üstünlükdə varlığın birincidir dünyada. 
Hər canlı da sənintək bir incidir dünyada. 
Qan bahası istəyən çoxdur deyə can alma, 
Can verməyə qüdrətin yoxdur deyə can alma. 
Dünyanın xeyri, şəri səni güdür həmişə, 

 
66
Əməlini göstərən bir güzgüdür həmişə. 
Başmağını cütləsən o, başına tac qoyar, 
Pərdə yırtsan, ay kimi pərdəyə möhtac qoyar. 
Səhərtək pərdə yırtma, ‐ qanlar udan olasan. 
Gecə kimi hər sirrə pərdə tutan olasan. 
Arının pərdəsidir qızılgülün ətəyi, 
Hər sirrinin pərdəsi ‐ arıların pətəyi. 
Dünya‐üstə cumduğun bal daman şandı sənə, 
Hörümçəyin toruna düşməyin şandı sənə? 
Əl vardır ki, əl qoyan yox əlinin üstünə, 
Pərdə çəkər sirrinin, əməlinin üstünə 
Can atırsan açasan bu pərdənin sirrini, 
Yırtdığın pərdə açar, bil ki sənin sirrini. 
Pərdəsiz bir könülü alqışlama heç zaman, 
Pərdəsiz bir havanı sən xoşlama heç zaman. 
Möcüzəni göstərən bu sehirli pərdədə 
Ağlını heyran qoyur hər bir sirli pərdə də. 
Bu pərdədən savayı, gəl, heç hava çalma sən, 
Bu pərdədən kənarda xaric hava çalma sən. 
Hər xalından, gəl, şadlan bu əsrarlı pərdənin. 
Ahəngiylə qanadlan bu əsrarlı pərdənin. 
Ruhunun aynasından qoy pak olsun varlığın, 
Qırx günün zillətindən gülsün bəxtiyarlığın. 
İnsan oğlu qazanar zindanda da şan‐şərəf, 
Köləlik zəncirini zillətsiz atmaq olmaz. 
İztirabsız, əzabsız şərfə çatmaq olmaz. 
Təbiət gümüşünü əridərək əzabla, 
Qızıla döndərəsən onu gərək əzabla, 
Əzaba qatlaşmaqla hər niyyətə çatarsan, 
Zəlillikdən qurtarıb ülviyyətə çatarsan. 
Hünərin bədöy atı ram olar inadına, 
Sədaqət sikkəsini vurdurarsan adına. 
Vərdişinlə, ağlınla sən gözüsən dünyanın, 
Dəmirçisi, əttarı sən özünsən dünyanın: 
Üzünün dərisini oddan qopan görərsən, 
Nəfəsinə ənbərdən ətir hopan görərsən. 
Varlığın yuvasından uçmalısan, uçmalı, 
Ülviyyət səmasını qucmalısan, qucmalı. 
Hər ömrün öz köçü var, karvanı var əzəldən, 
Səadət karvanının sarvanı var əzəldən. 
Dünyaya baş əyməyən tacidardır cahanda, 
Peyğəmbərlik qüdrəti ona yardır cahanda. 
Tamahını öldür ki, möhlət səni gözləyir, 

 
67
Gey başmağı, düş yola, cənnət səni gözləyir. 
Öz nəfsini mələdən, ləlidən oğul ol sən, 
İblisə qul olunca, məsləkinə qul ol sən. 
Can at ki, sığınasan dərgahına məsləkin, 
Məhşər odu qıyarmı günahına məsləkin?! 
Cəhənnəmin atəşi yaxarmı suçsuz kəsi? 
Əmisini qorudu peyğəmbərin nəfəsi. 
Tanrı salmaz nəzərdən pak ruhları, canları, 
Zireh kimi qoruyar qəlbi saf insanları. 
 
 
FİRİDUNLA CEYRANIN HEKAYƏTİ 
 
İki‐üç dostu ilə səhər çağı Firidun, 
Seyrə çıxıb dolaşdı gen ovlağı Firidun. 
Ovlağa çatan kimi ov gəzdi gözü şahın, 
Vuracağı ceyrana vuruldu özü şahın. 
Ürkək gözü, sağrısı qıyma deyir ovçuya, 
Şuxluğu qansızlığa uyma deyir ovçuya. 
Duyuq düşdü qəsdindən ona tor quran kəsin, 
Nəzərindən yayındı‐qəsdinə duran kəsin. 
İşvəsiylə, nazıyla dağ çəkdi ceyran şaha, 
Dostları məftun görüb, qaldılar heyran şaha 
Köhləni şığıdıqca hirsi səmuma döndü, 
Ahunun qarnı kimi kamanı muma döndü. 
Süzən ox izinə də batammadı ceyranın, 
Uçan at tozuna da çatammadı ceyranın. 
Oxunu qınadı ki: can almağın nə oldu? 
Atını qınadı ki: yan almağın nə oldu? 
Əzəlki uçuşunuz, sürətiniz yoxdumu? 
Ot yeyən bir ahuca cürətiniz yoxdumu? 
Ox dedi: ʺYağın deyil bu bağrı qanlı sənin. 
Gözlərini oxşayır bu dilsiz canlı sənin. 
Bir canın zirehi ki öz sayəndə toxuna, 
Mümkünmü o zirehə hər süzən ox toxuna? 
Zövq əhli hər bir zaman hey zövq alsa yaxşıdır, 
Təbilçinin təblini özü çalsa yaxşıdır. 
Ülviyyət timsalıtək ucalmağa çalış sən, 
Ülviyyət göylərindən öc almağa çalış sən. 
Ülvi eşqə can atar əsil insan cahanda, 
Bəşər ülvi eşqiylə qazanıb şan cahanda. 
Uzaqgörən kəsləri zövqü səfa ucaldıb, 
Eşqinə sadiqliyi, əhdə vəfa ucaldıb. 

 
68
Sədaqət kəmərini öz belindən açma sən, 
Əhdinə sadiqlikdən ömrün boyu qaçma sən. 
İlan ‐ qaşlı kəmərdir, gör ki, nədir qisməti, 
Viranələr küncündə xəzinədir qisməti 
Göyün tacı ‐ günəşi, qəməridir əzəldən, 
Qövsi‐qüzeh ‐ belinin kəməridir əzəldən. 
Kim hünər köhlənini cilovlaya bilibdir, 
Diləyin ovlağında ov ovlaya bilibdir. 
Arının mumuyla ki yaşayır haçandı şam. 
Qaranlığa tacından şölələr saçandı şam. 
Sığışmazsan qaranlıq, dar zindana, Nizami! 
Günəş kimi işıq saç bu cahana, Nizami! 
 
 
SƏKKİZİNCİ SÖHBƏT 
 
XİLQƏTİN GÖZƏLLİYİ VƏ KAMALIN 
QÜDRƏTİ 
 
Qüdrətin nəzərində heç nəydi hələ xilqət, 
Səxavət dəryasına təşnəydi hələ xilqət. 
Bu dünyanın əlində sərvət də, var da yoxdu. 
Bu dünyanın yolunda toz da, qubar da yoxdu. 
Nə vüsal vədi vardı, nə vədə gələn vardı. 
Nə də sirli pərdəni sehriylə dələn vardı. 
Gecə‐gündüz amansız qanlı yağı deyildi, 
Həyat eşqi ürəklə can qaynağı deyildi. 
Yeridirdi ətalət öz hökmünü hələ də, 
Verməmişdi ədalət öz hökmünü hələ də. 
Kərəm feyzi özünü görk elədi birinci, 
Dəryasından bir qətrə bəxş etdi ki, ‐ bir inci. 
Bu qətrəylə bərəkət bağışladı fələyə, 
Cilvə, gərdiş, hərəkət bağışladı fələyə. 
Damladan axar suyu ‐ möcüzəni yaradan, 
Cövhərini yoğurub, oldu səni yaradan. 
Yaratdı ‐ yetirəsən göz əslinə cahanda, 
Zərrətək qovuşasan öz əslinə cahanda. 
Hər qayğıdan necə də azaddı dünya sənsiz, 
Varlığın yoxdu deyə kasaddı dünya sənsiz. 
Bu fələk girməmişdi qərəzlə qəsdə hələ, 
Torpağın qulaqları deyildi səsdə hələ, 
Varlığına ümidi yoxdu hələ varlığın. 

 
69
Yoxluqdan təmənnası çoxdu hələ varlığın. 
Gecə‐gündüz sənsizkən özünü sonsuz saydı. 
Nəbatat törəməsiz, təbiətsə subaydı. 
Bir tikan görməmişdi bağça‐bağı dünyanın, 
Göyə sovrulmamışdı toz‐torpağı dünyanın. 
Taleyinə pörtməkdən uzaqdı hələ Cövza, 
Damarını çərtməkdən uzaqdı hələ Cövza. 
Üzüqara deyildi yer üzündə Ay hələ, 
Təşt döyüb etməmişdin sən onu rüsvay hələ. 
Zöhrə yerdə bədnamlıq adı alan deyildi, 
Harut hələ Babilə qanad salan deyildi. 
Yoxdu izin, sorağın bu göydə, yerdə sənin, 
İntizarın dünyanı salmışdı dərdə sənin. 
Hökmranlıq fərmanı gələn gündən adına, 
Göylər tac düzəltdirib Aydan, Gündən adına. 
Baxışından qamaşıb gözü də ulduzların, 
Calalına heyrandı özü də ulduzların. 
Dolanandı, gəzəndi ayı, ili zamanın, 
Təqviminlə bəzəndi ayı, ili zamanın. 
Yer üzünün bərq vurub, par‐par yandı aynası, 
Ahınla, nəfəsinlə qubarlandı aynası. 
Məşəliylə apardın qaranlığa səhəri, 
Tanıtdın aydınlığa, toranlığa səhəri. 
Töküb yerin külünü gözünə çoxdan fələk, 
Qul olubdur əmrinə, sözünə çoxdan fələk. 
Ülviyyətin bəhrəsi sanan çoxdu ruhunu, 
Dildə deyib, ürəkdə danan çoxdu ruhunu. 
Başından dəyərlidir ülviyyət tacın, əfsus! 
Başsız yoxdur taracın, xəracın, bacın, əfsus! 
Təkəbbür meydanında döşünə döymə əbəs, 
Dünyanı zərrə sanıb, özünü öymə əbəs. 
Bir ovuc torpaq üçün bir can almaqdı qəsdin. 
Suvaqlı daxman üçün cahan almaqdı qəsdin. 
Yer üzünü inlədir sitəmin, zülmün sənin, 
Xəzinətək torpağın altındadır məskənin. 
Civətək qaynasa da daim yağı beyninin. 
Sincab rəngli fındıqla var donmağı beyninin. 
Fındıq kimi darısqal, dar məzarı dərk elə. 
Sincab rəngli fındığa uyma, onu tərk elə. 
Gecə‐gündüz nə sincab, nə qunduzdur əzəldən, 
Dələ, pələng, əjdaha, bir quduzdur əzəldən. 
Ovunla pişik kimi kələklə oynama sən. 
Dünyanın dələsiylə ‐ fələklə oynama sən. 

 
70
Selik töküb əsriyir şir bulağın başında, 
Maraltək qalar başın bir bulağın başında, 
Ədasıyla, nazıyla su göstərir bu fələk, 
Göstərdiyi ilğımdır, qıymaz sənə su fələk 
Demə ki, susuzluğa tabı hanı bağrının. 
Təşnəliyi söndürər duzlu qanı bağrının. 
Fələk suya qıyınca, parçalayar şir kimi, 
Yanaraq təşnəliyi söndür təbaşir kimi. 
Quyuya düşməmişdən nicat vardı Yusifə, 
Çünki Misrin tanrısı havadardı Yusifə. 
Rəngi‐ruyu sapsarı yaranmısan ilk gündən, 
Zindana düşdüyünü sən qanmısan ilk gündən. 
Sən sarılıq çəkməsən saralmaz ki, bənizin, 
Üzünü turşutsan da qaralmaz ki, bənizin. 
Yüz ilin yağı, piyi bir kəsi sağaldarmı? 
Bu mərəzi on ilin sirkəsi sağaldarmı? 
Göyün yeddi süfrəsi ac öldürdü atanı, 
Tanı yeddi çörəklə çörəyə qan qatanı. 
Öz səadət mülkündə od qalamaq istəsən, 
Öz ülviyyət tacını tapdalamaq istəsən, 
Səyirt zülmün atını, daha meydan sənindir, 
Bütün varlıq köləndir, hər cür fərman sənindir. 
Beşcə gün yaşasan da ələ cam al dünyada, 
Yaxşı yeyib, yaxşı yat, ancaq kam al dünyada. 
Nəş ələrə dalmağın sanma səfa deməkdir, 
Özbaşına olmağın, bil ki, cəfa deməkdir 
Bel büküldü, qaç görüm, ‐ ayağında kündə sən, 
Yanarsan, qovrularsan öz yağında gündə sən. 
Mətbəx talaşasısan, bunu çətin danarsan, 
Cəhənnəmin odunda ələf kimi yanarsan. 
Qarnını doldurmağın hamballıq olar sənə, 
Yüngüllüyün ağırlıq, sanballıq olar sənə. 
Əgər çox yaşasaydı çox yeyənlər cahanda, 
Çox yemişlər yaşardı, ölüm olmazdı onda. 
Demə gəldi‐gedərdi, nədir qiyməti ömrün, 
Azlığına görədir qədir‐qiyməti ömrün. 
Az yeyib, çox dincəlmək məziyyətdir insana, 
Çox yemək narahatlıq, əziyyətdir insana. 
Yeməklə bir sevdası, alveri varmı ağlın? 
Tamaha aldanmağa, gör, bir yeri varmı ağlın? 
Tamahın duza getsə, belə duzdan uzaqlaş. 
Zirəkləri aldadan dələduzdan uzaqlaş. 
Tamahı cilovlayan kamalıdır bəşərin, 

 
71
Öz nəfsini öldürmək amalıdır bəşərin. 
Hərisliyə uymağın qorxuludur, qorxulu! 
Ondan nəşə duymağın qorxuludur, qorxulu! 
Xeyirlə şər izləyir hər bəşəri əzəldən. 
Xeyir xeyri tapandır, şər də şəri əzəldən. 
 
 
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin