Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   7   8   9   10   11   12   13   14   15

 
*** 
Ağacların  baş  əyən  günüydü.  Çimib  yatmış  uşaqlar 
xoruzun  axırıncı  banını  yarım  saat  qabağa  çəkmişdilər,  gecədən 
durub  hinə  cummuş,  fallıqda  yumurta  qoymamışdılar.  Dişə 
vurulan  bayram  yumurtalarının  boşları  boyanıb  xonçalara, 
bərkləri  papağa  düzülmüşdü.  Xonçalar  dünəndən  tutulmuşdu, 
belinə  qırmızı  bağlanmış  günah  cücərmişdi.  Hamının  gülən 
günüydü.  İl  boyu  əzilmişlərin,  sıxılmışların,  alçaldılmışların 
qırışığı açılmışdı. Torpaqdan, havadan, sudan, oddan, ağaclardan 
və  adamlardan  fərəh  axırdı.  Ürəklər  dağa  dönmüşdü.  Qan 
qaynarıydı Kümdə. İlin axır çərşənbəsini qutlayırdı el. 
 
169

‐ Neçə belə bayramlara çıxasınız, Nadir dayı!  
‐ Sağ ol başına dönüm, sağ ol!  
‐  Sizinlə  belə,  Nəsir,  sizinkilərlə  belə!  Ə,  qadan  alım  ə 
sənin,  niyə  görünmürsən,  dəmir  ataq  ayağının  altına?  Novruz 
bayramı  olmasa,  kəndə‐kəsəyə  ayağınız  dəyməz  ‐  Sona  xalaydı, 
Azinin anası.  
‐  Dəyəndə  dəyir,  gərək  günahımdan  keçəsiniz,  macal 
eləyib hal‐əhval tuta bilmədim keçən dəfə. Ər‐arvad hara belə?  
‐  Yoluxmalı,  doluxmalı  bir  şey  yoxdur,  başına  dönüm, 
bizim  işimiz  Abbasın  doqqazının  qabağından  o  yana  gedib‐bəri 
gəlməkdir‐ Nadir dayı dolayı təsəlli verdi.  
‐ Bizim Fəzinin gəlini‐ qardaşım Fəzini deyirəm, acıq edib, 
gedirik onu dədəsi evindən gətirməyə, qadan alım.  
‐ Yaxşı eləyirsiniz, gətirin, küsənlərin barışan günüdür!  
‐ Azin evdədir, başına dönüm, qapıdan qayıtma!.. 
‐  Ə,  sən  canın,  aradan  çıxma,  xalan  aşı  yaxşı  bişirir, 
bilirsən. Təknədə isti çiriş kətəsi var, çəkinmə, götür bir‐ikisini ye!   
Hamının  ağırlığını–uğurluğunu  tökən  günüydü.  Tonqalın 
çırpısı qapıda qalaqlanmışdı, qalanıb qaranlığı qaçırdacaqdı. Sona 
xalanın  ev‐eşiyə,  həyət‐bacaya,  mal‐qaraya  hərlədiyi  üzərrik 
üzərimə hopduqca hovu olmayan arvadın ürəyindən keçən gəlin 
gözümün qabağına gəlirdi. 
Qismətin qapıya gələn günüydü. Təndirə çörək yapmışdı, 
sac  asmışdı,  qovurğa  qovurmuşdu,  şirniyyat  bişirmişdi,  Fəzinin 
gəlnini  dədəsi  evindən  gətirməyə  gedən  Sona  xalaya  düyü 
arıtlayırdı,  axşamacan  aş  dəmləməyi,  qara  qovurmağı  da 
öyrənəcəkdi, qonşu qızlara qoşulub qulaq falına çıxacaqdı. Məlum 
məsələdir, xeyir eşidəcək,‐ ağızdan yaxşı söz çıxan günüydü‐ sağ 
əlini ər həsrətində olanların başına çəkəcəkdi, gərdəkdəydi  gələn 
ilaxır çərşənbəyəcən.  
Təzə  otla  damağı  dadlanan  dananın  buynuzuna  qırmızı 
bağlanmışdı.  Darvazanın  buynuzları  o  qırmızıdan  ötəri  ölürdü. 
Darvazanın başı dananın başına bıçaq çəkiləndə sevinəcəkdi. 
 
170

‐ Deyirəm ay mahir balıqçı, sərrast atıcı‐ həyətdəki ağacın 
altında  silib‐yağladığı  tüfəngi  götürüb  danaya  tüşladım‐  yaman 
yeməlidir ha, payızdan o yana qalsa, əti qartıyacaq.    
‐ Keçəlin ölən günüdür‐dedi. 
Ölənlərin  yada  düşən  günüydü.  Ömründə  Bərdədən 
qırağa  çıxmamışdı,  Yevlağı  da  görməmişdi.  Dədəm  qoyardımı 
ayağını  darvazadan  çölə  ata?  O  gün  qıçını  qırardı,  saçını  qoluna 
dolayardı,  kəndin  arasında  meyitini  sürüyərdi.  Gen  dünyada 
dədəm sənə gün vermədi, nənəm, gün vermədi; ömrü boyu üzünə 
baxdı,  günü  görmədi  dədəm,  görmədi.  Getdi‐gəldi  səni  söydü, 
getdi‐gəldi  səni  döydü,  getdi  gəldi  səni  doğuzdurdu,  altı  oğul, 
dörd  qız  böyütdün,  əlinin  duzu  olmadı.  Bişirdiyin  yeməklər 
duzsuz gəldi dədəmə, deyəniydi; yeyəniydi dədəm, səni qazanın 
başından  bir  yana  qoymadı;  qoymadı  dədəm,  doymadı  dədəm. 
Dədəmdən  cana  doymadı  nənəm,  doymadı.  Bozbaş  bişirməyə, 
əriştə  kəsməyə,  inək  sağmağa,  pendir  tutmağa,  paltar  yumağa, 
yun  daramağa,  kilim  toxumağa,  gəlmişdin  dünyaya.  Bişirəndə‐
düşürəndə  gülərdi,  yuyanda‐yamayanda  gülərdi,  saxlayanda‐
sığallayanda  gülərdi.  Axır  çərşənbənin  səhəri  arxın  qırağından 
qara  yumurta  tapanda  mən  uşağıydım,  dədəm  zınqrovlu  keçimi 
kəsirdi,  gözümün  yaşını  ətəyinə  silməyə  getmişdim,  o  məni 
kiritmədi,  dədəm,  mən  onu  ağlatdım.  Söz  vaxtına  çəkər,  o  gün 
xəfif külək əsirdi, nənə, külək əsirdi. Çox şeyi ağlım kəsməsə də, 
çox  şeyi  ağlım  kəsirdi.  Ağlım  kəsirdi  ki,  Zeynəb  Xanlarova 
“dünyanın xoşbəxti mənəm, mən” mahnısını içi sən qarışıq, bütün 
Azərbaycan  qadınlarının  adından  oxuyur.  Bəlkə  də  acıq  verir; 
qazından,  odundan  oxuyur,  nənə,  odundan  oxuyur.  O  nə 
sözüydü  dedin,  nənə?  Yumurtaya  baxıb  o  nə  sözüydü  basdırana 
dedin,  nə,  nə?  “Qurban  olduğum  mənim  çəkdiymi  sənə 
çəkdirməsin, qızım“‐ dedin, elə dedin, eşitdim. Nənə, mən o günə 
qədər  elə  bilirdim,  bütün  qadınlar  xoşbəxtdir,  sən  xoşbəxtsən, 
gəlinlərin  xoşbəxtdir,  qızların  xoşbəxtdir;  o  gün  elə  bildim  ki, 
Azərbaycanda  bütün  qadınlar  xoşbəxtdir,  tək  sən  xoşbəxt 
 
171

deyilsən; indi anlayıram ki, heç biriniz xoşbəxt deyilsiniz nənəm, 
anam,  mamam,  xalam,  bacım,  arvadım,  qızım,  Azərbaycanda  öz 
bəxtini  öz  qızına  arzulayan  qadın  yoxdur.  Xoşbəxt  elə  Lovizadır! 
Bəxtəvər  yellənmək  istəyir,  nənəm,  yellənmək  istəyir.  Gəl,  səni 
yelləyim,  Loviza...  Gəl  səni  yelləyim,  Kübele...  Gəl  səni  yelləyim 
Persefona...  Gəl, səni yelləyim, nənəm! 
‐ Yıxacaqsan qızı, bəsdir, gəl, yumurta döydürəşək!‐ təklif 
elədi. Azarım tutdu. Balaca və ucu nazik yumurta seçib:  
‐ Dəyişək, döyüşək? – qıy verdim. 
‐  Yumurtalar  onsuz  da  bizimdir,  uddu  var,  apardı  yox!‐ 
məzələndi.  
‐  Qəti  elə  şey  yoxdur,  qağa,  udsam  axşam  aşın  qazmağı 
olacaq!‐ şərtimu şumda kəsdim.  
‐ Onda get evinizdən yumurta gətir!‐ uşaqlaşdı.  
‐ Sən kimin udmasını istəyirsən, Loviza?  
‐  Özümün!–  diplomatlıq  eləmirdi,  yumurta  döyüşünün 
cazibəsinə düşmüşdü. 
‐ Qoy doğuş qalib gəlsin,‐  dedik.  
‐ Qoy, canlanma qalib gəlsin‐ dedik. 
‐ Qoy müqəddəs kürə qalib gəlsin!‐ dedik.   
Doğan  və  canlanan  MÜQƏDDƏS  KÜRƏni  qırmızı 
boyadıq.  
 
*** 
Bəlləbur  kəndində  bir  evə  girdik.  Pəncərəsində  qaranquş 
yuva qurmuş adi bir kənd evi idi. Məni bura kod adı Rüstəm olan 
xürrəm  gətirmişdi.  “Kürəçi,  hər  şeyi  yaxşı‐yaxşı  başına  vur”‐ 
qapını  örtüb  getmişdi.  Evin  divarları  ağ  və  qara  rənglə 
boyanmışdı.  Hər  iki  başda  fənər  yanırdı.  Otağın  ortasına  edam 
kötüyü, kötüyün başına balta qoyulmuşdu.  
Başımı  kötüyün  üstünə  qoydum.  Baş‐başa  verib 
dərdləşdik.  Baş  sındırmağa  gərək  yoxuydu,  bir  yana  baxanda. 
İllər  öncə  yürüməyə  başladığım  yoldu.  Nə  iş  qalmamışdı  başıma 
 
172

gəlməyən? “Başını bu işə soxma” deyib telefonda söyənlər, “başın 
bədəninə ağırlıq edir” hədəsiylə qabağımı kəsənlər az olmamışdı. 
Azərbaycandan  baş  götürüb  gedəkmi,  ölkənin  başına  daş 
salanların  qabağından  qaçaqmı?  Kim  istəyir  məni  başı  xarab 
saysın,  kim  istəyir  başı  gicişən.  Mən  sevgilimin  dizinə 
qoymamışam  başımı,  ayağının  altındakı  yola  baş  qoymuşam, 
başıma  qoyduğum  vətəndir  edam  kötüyü.  Bu  edam  kötüyündən 
qorxsam, 
uzaqbaşı 
başımı 
qurtaracam, 
amma 
başıaşağı 
yaşayacam  ömrüm  boyu;  qorxmasam,  başım  uca  olacaq  hər 
zaman.  Başına  dolanım  Baş  Bəy,  mən  Azinəm,  yalana,  qorxuya, 
əsarətə  baş  əyməyən  ruhunam  sənin.  Adım  Babək  yox,  Azin 
olanda  nə  olar,  azadlıq  uğrunda  başdan  keçilməzmi?  Nədən 
qorxum  axı  başına  kül  olmuş  bu  taxta  qırığından?  Taxtadan 
düzələn  çarmıx  da  çürüyəcək  yer  üzündə,  tabut  da,  taxt  da,  bu 
dünyaya  azadlıq  qalacaq.  Döndü  yoxdu,  öldü  var!  Ölsəm,  başın 
sağ olsun, azadlıq! 
Başımı  qaldırdım.  Baltanı  götürüb  kötüyə  çalmağa 
başladım.  Kötüyə  vurduğum  balta  həm  də  kötüyə  vurulan 
baltaydı.  “Qan  və  Üz”ün  yolu  kötülüyə,  pisliyə  qarşı  çıxmaqdan 
başlayır. Kötüyə və kötüyə yeddi zərbə vurub dayandım. Baltanın 
çıxardığı yeddi səs Əsl Yolçulara təklifin qəbul edildiyini çatdırdı. 
Səbirsizliklə  Əsl  Yolçuların  üzümə  qapı  açmasını  gözlədim. 
Gözlədiyim  qapı  gözləmədiyim  yerdən‐  döşəmədən  açıldı. 
Kötüyün  üstündən  adlayaraq  açılan  lükə  girdim.  Pilləkənlə 
zirzəmiyə endim. Rüstəm orada gözləyirdi məni. Əynimə qırmızı 
qiyafə  geydim,  boynuma  paxlavavari  formada  kəsilmiş  ağ  parça 
keçirdim.  Qirmızı  çust  geydim.  Başıma  qırmızı  çalma  bağladım. 
Rüstəm yeraltı yolla məni Baş Bəyin 830‐ cu ildə sığındığı Bəlləbur 
qalasına apardı.  
Qırmızı kərpicdən tikilmiş qalaya qırmızı xalçalar sərilmiş, 
qırmızı  döşəkçələr  atılmış,  qırmızı  süfrə  salınmışdı.  Qırmızı 
geyinmiş  Əsl  Yolçular  qırmızı  şərab  tökülmüş  qırmızı  camın 
 
173

dövrəsində  oturmuşdular.  Rüstəm  xürrəmliyin  üç  cümləlik 
“Qırmızı kitabı”nı ortaya gətirdi. Ucadan oxudum:  
‐  “Qırx  il  qul  kimi  ömür  sürməkdəndirsə,  bir  gün  Bəy 
kimi yaşamaq yaxşıdır!” 
‐ “Kimsənin əfvinə ehtiyacım yoxdur!” 
‐ “Dara çəkiləndə dözümümü hər kəs görəcək”!  
Çörəyi  doğradım.  Bıçaqla  barmağımı  çərtdim,  qanımı 
üzümə və xonçadan götürdüyüm əppəyə sürtdüm, tikəni uddum. 
Azadlığı  çörəyə  satmayacağıma  and  içdim.  Dalınca  qırmızı 
camdakı  qırmızı  şərabı  çəkdim  başıma.  Rüstəm  cama  yenidən 
çaxır  süzdü.  Camı  götürüb  Əsl  Yolçulara  yaxınlaşdım.  Mən 
yaxınlaşanda  Əsl  Yolçular  niqablarını  açır,  kod  adlarını  deyir, 
camlarımızı  toqquşdururduq.  Müaviyə,  Abdulla,  Noğtay,  Əzrək, 
Məzdək, 
Narşeh, 
Tarkan... 
Onlar 
Babəkin 
sərkərdələri 
olmuşdular.  Hamısı  yenidən  canlanmışdılar.  Belə  şeylərə 
təəccüblənmirdim  daha.  Məni  heyrətləndirən,  dəhşətə  gətirən 
Feofob  oldu,  Kütahyanın  Kürəçi  köyündə  İstanbul  Məryəm  Ana 
Ortadoks  Kilsəsindən  Sevgi  Ergen  Ekonu  görəndə  belə 
təəccüblənməmişdim.  
 
 
ÇÖLSÜZ EVİİÇİ 
 
Sancıdan  saralmışdım,  qarnım  doğranırdı.  Bağırsaqlarım 
bağırırdı,  tab  gətirmirdi.  Avtobusdan  düşəndən  üz‐gözümü 
turşudub  tualet  axtarırdım.  Özümü  ayaqyoluna,  ayıb  olmasın, 
zorla  çatdırdım.  Yüngülləşib  türk  kinosunun  kifayət  qədər 
tanınmış  komik  obrazı  Şabanın  ağzıyla  “of  bə,  dünya  varmış” 
dedim  və  tualetin  qapısına  qara  flamastrla  yazılmış  sözləri 
oxudum: “burada mütləq farsca danışmaq lazımdır...”   
Burası  irinləmiş  İran  İslam  Respublikası.  1828‐ci  ildə 
Rusiya ilə sövdələşərək Azərbaycanı ikiyə bölən, ölkənin güneyini 
 
174

müstəmləkəyə çevirən imam imperiyası. O imperiyanın ən böyük 
müstəmləkə  şəhərinin  avtovağzalında  tualetdə  oturmuşdum, 
hıqqınırdım,  hıqqına‐hıqqına  tualetin  qapısına  əski  əlifba  ilə 
yazılanları oxuyurdum.  
Güney  Azərbaycana,  güney  Azərbaycanın  ən  qədim 
şəhərlərindən  olan  Təbrizə  uçaqla  təşrif  gətirməsəm  də,  uça‐uça, 
uçuna‐uçuna  gəlmişdim.  Burnumun  ucunu  göynədən  Təbrizdə 
burnumu 
sallayıb 
gəzirdim. 
Qəribiydim, 
qərarsızıydım 
avtovağzalda.  Təbrizin  təbiblərin  dərman  buyurduğu  havasını, 
təzə‐tər  nəfəsini,  təmiz  ruhunu  duymamışdım  hələ.  Qarayola 
qarınağrısı  qoymamışdı.  Qarnım  sancılana‐sancılana,  içim 
doğrana‐doğrana  tualet  gəzəndə  gözümə  sataşan  andıra  qalmış 
bildirişlər imkan verməmişdi. Xalqın dalda danışdığı dillə elanlar, 
bildirişlər  yazılmış  lövhələrdəki  zəbanın  fərqlənməsi  Təbrizin 
müstəmləkə şəhər olduğunu addımbaşı anlatmışdı mənə. Tualetin 
qapısına  yazılan  cümlə  o  lövhələrə,  o  bildirişlərə  bilmərrə 
kinayəydi.  İran  İslam  Respublikasının  Təbriz  əhlində  yaratdığı 
etirazı,  imperiyanın düyünə  düşdüyünü avtovağzal  tualetinin 
qapısına  istehza  ilə  yazılmış  o  bircə  sətir  aləmə  car  çəkirdi: 
“burada mütləq farsca danışmaq lazımdır...”  
Gerçəyi  tapmaq,  doğru  yolu  bulmaq  üçün  həmişə 
tapınaqlara,  məbədlərə,  ziyarətlərə  getmək,  qalın‐qalın  kitablar 
vərəqləmək,  simvollar,  şifrələr  çözmək,  qurban  kəsmək,  nəzir 
paylamaq  lazım  deyil.  Haqlı  söz  bəzən  bəzəkli  yox,  zir‐zibilin 
arasında çıxır qarşımıza.   
Tualetdən  çıxıb  əl‐üzümü  yuyanda,  güzgüdə  özümə 
baxanda  içimi  çox  yüngül  hiss  elədim.  Təkcə  bağırsaqlarımı 
boşaltmamışdım,  zəhərimi  də  tökmüşdüm;  İrana,  onun  dövlət 
quruluşuna,  dövlət  maraqlarına,  millətləri  əzməsinə  dişimin 
dibindən  çıxanı  demişdım.  Tez  telefon  tapıb  Yasaq  bəyə  zəng 
elədim.  “Evdə  gözləyirəm”‐  dedi,  məni  qarşılaya  bilmədiyinə 
üzülərək üzr istədi, ünvanı yenidən başa saldı.  
 
175

Mənimlə  yaşıd  olan,  sokaklarda  solmuş  sınıq‐salxaq 
taksiyə  mindim,  Kücüvar  məhləsinə  sürdürdüm.  Sürücü  orta 
boylu,  orta  yaşlıydı,  köküydü,  köklü‐köməcli  təbrizliydi.  Sınıq‐
salxaq maşınındakı tozlu radioda farsca yayınlanan son xəbərlərə 
qulaq  asır,  informasiyalara  asta  səsiylə  səbirsiz‐səbirsiz  reaksiya 
verirdi. Onun reaksiyası yarımçıq olurdu, ardındakı sicilləmə sual 
cümləsini  dilinin  ucundan  qayçılayıb  qaytarırdı:  “yaxçi  bəs...” 
Taksidən  düşəndə  dübarə  nə  qədər  verəcəyimi  soruşdum 
sürücüdən.  “Bir  gorbagor!”‐  aldığım  cavab  məni  çaşdırdı, 
gorbagor  olaydım  gorbagorun  kim  olduğunu  başa  düşdümsə. 
Avtovağzalda  dəyişdiyim  pulu  ona  uzatdım:  “seç,  götür!”  Fikri 
radioda  olduğundan  dilini  sürüyə‐sürüyə  sürücü  “yaxçi”  dedi, 
ona uzatdığım kom pulun içindən üzərində İran inqilabının lideri 
Ayətullah Xomeyninin şəkli olan əskinazı aldı.      
Təbrizin  Kücüvar  məhəlləsində  taxtapuşlu  evin  taxta 
darvazasını  taqqildatdım.  Qapını  qaçaraq  gəlmiş  Yasaq  bəy  açdı, 
doğru‐dürüst  “xoş  gəldin”  deyəmmədi,  qəhər  onu  boğdu, 
boynuma  sarılıb  hönkürdü.  Mən  də  göz  yaşlarımı  saxlaya 
bilmədim,  Arazın  alağaclarını  keçəndən  dolmuşdum,  kövrəlib‐
kövrəlib  körpə  uşaq  olmuşdum.  Arada  gözlərim  yaşarırdı, 
yaşaran  gözlərimi  əllərimin  dalıyla  silirdim  xəlvətə  salıb.  Yasaq 
bəylə qol‐boyun olub ağlaşdıq, ağlaşa‐ağlaşa ağlaşdıq, ürəyimizin 
qara‐qurasını,  içimizdə  ağırlaşmış  hisi‐pası  göz  yaşlarımızla 
yuduq.    
“Qar daşı, qar daşı  
Qarlı dağdan qar daşı,  
Elin könlü yar istər,  
Mənim könlüm qardaşı...”  
Bayıldıcı  bayatını  çağıran  Yağmur  xanımıydı,  gözündən 
yaş  sel  kimi  axırdı.  Əri  tutulanda,  dərd‐səri  sərindən  aşanda 
ağlamamışdı.  Aylarla  ərinin  yeri  bilinməmişdi,  gözündən  yaş 
çıxmamışdı.  Aylarla  izinə  düşməmişdi,  dizinə  döyməmişdi. 
ETTELAT‐ın  Təbriz  şöbəsinin  əməkdaşları  bir  gün  evinə  Yasaq 
 
176

bəyin  Tehrandakı  Evin  zindanında  saxlandığını  xəbər  verməyə 
gəlmiş,  əriylə  görüşə  aparmışdılar  onu.  Evindən  evinə 
buraxmamışdılar,  qazamata  salmışdılar.  Ömür‐gün  yoldaşının 
əleyhinə  danışdırmaq,  halalca  ərinin  üzünə  durğuzmaq 
istəmişdilər  Yağmur  xanımı  xanimanı  dağılmışlar.  Türmədə 
saxtalıqla  saxlandığı  günlərdə  vəkili  vasitəsi  ilə  xarici  mətbuata 
çıxan  xəbərlər  mübariz  Güney  Azərbaycan  qadınının  obrazına 
çevirmişdi  onu.  ETTELAT‐ın  müstəntiqləri  ərinin  asılacağını 
söyləyəndə Yağmur xanım qürurunu sındırmamışdı:  
‐ “Ya onu Təbrizə aparın, ya kəndiri Təbrizdən gətirin!”  
Ərinin Azərbaycan qadınlarının əyirib‐düzəltdiyi kəndirlə 
boğmağı  təklif  etmişdi  ETTELAT‐a  o  mətin,  o  iradəli  qadın. 
Qazıların fitvasiyla yeddi ay o, sərhasər bir il də əri yatmışdı Evin 
qazamatında.  ETTELAT‐ın  qəzəbinə  tuş  gələnəcən  Yasaq  bəy 
kitab və CD ticarəti ilə məşğul olur, Təbrizin mərkəzi xiyabanında 
xiridarlıq  edir,  dədə‐babadan  qalma  mağaza  işlədirdi.  Quzey 
Azərbaycanın  məşhur,  məharətli  bədii  oxu  ustası  Ağalar 
Bayramın 
CD‐sinin 
satılması 
ETTELAT‐ın 
dükanla 
maraqlanmasına səbəb olur. ETTELAT məmurları mağazaya gəlir, 
yanğılı,  yanıqlı  səsi  ilə  Təbriz  haqqında  bayatılar  deyən,  “Bəs  bu 
vətən  necə  olsun”  şeiri  ilə  insanları  öz  yurduna  sahib  çıxmağa 
çağıran  Ağalar  Bayramın  CD‐sini  müsadirə  edirlər.  “İran”  adlı 
rəsmi nəşrin Azərbaycan türklərini təhqir etməsinin ildönümündə 
qəzetin  üzr  istəməsi  tələbiylə  təbrizlilər  yürüşə  çıxanda,  öndə 
gedən Yasaq Dilavər ETTELAT‐ın qara siyahısına düşür. O, həbs 
olunur  və  eyni  gündə  güneydə  tutulan  milli  hərəkatçılarla  birgə 
Tehrandakı  Evin  zindanına  aparılır.  Qazamatda  ETTELAT  Yasaq 
Dilavərdən adını, soyadını  dəyişməyi tələb edir. Onların fikrincə, 
“YASAQ  DILavər”  adı  və  soyadı  siyasi  anlam  daşıyır, 
Azərbaycan türkcəsinin İranda qadağan edilməsinə eyham vurur. 
Yasaq  bəy,  heç  şübhəsiz,  etiraz  edir:  “nə  adımı  dəyişənəm,  nə 
soyadımı,  könlünüzdən  keçirsə,  ömürlük  türməyə  basın,  asın, 
daş‐qalaq edin məni!”  
 
177

Yasaq  Dilavəri  “Allaha  qarşı  çıxmaq”  qədər  ağır 
cinayətlərdən  sayılan  “İran  İslam  Respublikasının  əleyhinə 
təbliğat  aparmaq”  maddəsiylə  edam  etmək  istəsələr,  yumurtaya 
qulp  qoyan  qoluzorlular  çox  mahna  tapardılar.  Yekə  çıxmasın, 
onun  türmədən  buraxılmasında  mənim  rolum,  mənim  qolum 
oldu.  Cahandar  Bayoğlunun  zəngi  ilə  onun  və  Yağmur  xanımın 
işini  uluslararası  demokratik  institutların  gündəminə  gətirdim. 
Cahandar  Bayoğlu  xaricdəki  mühacirləri  səfərbər  edərək 
Norveçdə,  İsveçdə,   İspaniyada,  Almaniyada  İran  səfirlikləri 
önündə  dəfələrlə  etiraz  piketinin  keçirilməsinə  nail  oldu. 
“Dalğa”çılar  ağızlarını  sarıyıb  İranın  Bakıda  səfirliyinin 
qabağında  susmaq  aksiyası  düzənlədilər.  Gözü  qırılan  Tehran 
cəlladları  Yasaq  Dilavəri  və  Yağmur  xanımı  məhbəsdən 
buraxdılar,  hədədən  gəlib,  dədədən  qalma  kitab  dükanlarını  isə 
əllərindən aldılar.  
Gətirdiyim hədiyyələri həvəslə təqdim etdim. Yasaq bəyin 
oğlanları  Qalxana  və  Vətənə  İngiltərənin  “The  Guardian” 
qəzetinin  “İrana  qarşı  seks‐bomba”  adlandırdığı  Azərbaycan 
müğənnisi  Röyanın  təzə  CD‐sini,  qızları  Güneyə  və  Quzeyə 
Bakıdakı  “Qız  qalası”nın  sinisini,  Yağmur  xanıma  1977‐ci  ildə 
Fatehin  nənəsinin  öz  əlləriylə  tikdiyi  “Nüşabə  qalası”  tikməsini, 
özünə Sabir Rüstəmxanlının şeirlər kitabını bağışladım. O kitabda 
yer  alan  “Qan  yaddaşı”  şeirinin  həsr  olunduğu  oğlan  məniydim, 
Nüşabə qalasının böyründə fit çalanda Sabir bəyə rast gəlmişdim, 
yanına  çağırıb  başımı  sığallamışdı,  zaman  sürətlə  fitildəyib 
keçmiş,  mən  boya‐başa  çatıb  fitimi  tanımışdım,  handan‐hana 
şəxsən  tanış  olmuşduq,  hər  ikimiz  yaddaşımızı  eşələyib‐fırlamış, 
fıştırığı göylə gedən o qırışmalı tapmışdıq.   
Şahanə 
şam 
zamanı 
Qalxanla 
Vətən 
mənə 
şallaqlanmaqlarından  danışdılar.  Qardaşlar  əkiziydilər,  təzəlikcə 
Təbriz  Universitetinə  girmişdilər.  Milli  mitinqdə  tutub  bellərinə 
qırx  şallaq  vurmuşdular.  Onları  Təbrizdə  cəzalandırmağa cəsarət 
eləməmişdilər,  Xürrəm  şəhərinə  aparmış,  orada  şallaqlamışdılar. 
 
178

Əkizlər  şappaşap  şallaqlananda  valideynləri  Tehranda,  Evin 
həbsxanasında saxlanırdı.  
Yasaq  bəydən  Evin  həbsxanasını  soruşdum,  “düşmənim 
düşməsin ora”‐ dedi:  
 ‐  Evin  zindanı  tarixi  binadır.  Evdə  1921‐  ci  ildə  baş  nazir 
Seyyid Ziyəddin Təbatəbai yaşayıb. Evin quruluşu, şəraiti, əlbəttə, 
indi  dəyişdirilib,  dəyanətsiz  molla  rejiminin  zülm,  işgəncə,  edam 
yuvasına  çevrilib.  Orada  yatan,  kir  içində  batan,  vərəm  tutan 
yüzlərlə  dustaq  edama  məhkum  edilib.  İçinə  tüpürdüyüm 
türmənin  209‐cu  bölməsi  Kəşfiyyat  Nazirliyinin  ixtiyarındadır. 
Heç  bir  hökumət  qurumunun  ora  ayaq  basmağa  rüsxəti  yoxdur, 
bildir  hətta  həbsxanaya  baxış  keçirən  İranın  millət  vəkillərini  də 
içəri  buraxmayıblar.  Millət  vəkilləri  nədi,  Evin  həbsxanasının  öz 
rəhbərliyi  rədd  edilir  209‐cu  bölmənin  qapısından.  Nəzarətçilər 
istədiyini  edir,  dustaqları  söyür,  döyür,  ac‐yalavac  saxlayırlar. 
Xüsusi  işgəncə  otaqları,  alətləri  var,  hansını  qoyum,  hansını 
götürüm, min halətləri  var. Evinə girən evinə ya yarıcan qayıdır, 
ya  ölü,  ya  da  heç  qayıtmır.  Azərbaycan  dilinin  qrammatikasını 
öyrənməyə  görə  ora  düşən  Səttar  Səlimini  boğublar,  meyidini 
ailəsinə təhvil verəndə arsız‐arsız “Araza düşüb Bakıya qaçanda” 
deyiblər. Halbuki, ETTELAT etiraf etmişdi onu tutduğunu.   
‐ Sizə qarşı necə davranırdılar daşürəklər?    
‐  Mən  göydən  göy  zənbillə  düşməmişdim  ha?  Beş 
kvadratmetrlik  karantin  kamerasına  salmışdılar.  Neçə  həftə  nə 
xəbər, nə ətər! İkinci ay mənə ailə üzvlərimin həbs olunduğunu və 
Evində  saxlandığını  bildirdilər,  bilaixtiyar  sarsıldım.  Oğlanların 
dərdini  çəkmirdim,  Yağmurdan  da  arxayınıydım,  hər  nə  qədər 
xəstə,  hər  nə  qədər  vasvası  olsa  da,  onun  dözəcəyinə, 
qurtulacağına  inanırdım.  Ürəyimə  qızları  qıfıllamışdım.  Mənə 
qızların  fahişələrlə  eyni  hücrədə  saxlandığını  deyir,  lağ  edirdilər, 
ələ salanda lap ağ edirdilər. Beş kvadratmetrlik dünya başıma lap 
dar  olmuşdu,  beş  günlük  dünyaya  nifrət  edirdim.  Evin 
zindanında,  əsasən  siyasi  məhbusların  və  casusların  saxlandığı 
 
179

bölməyə  fahişələri  qəsdən  salır,  nəcabətsiz  nəzarətçilərin  əlinə 
verirlər.  Qızlarımın  onlarla  eyni  kamerada,  eyni  şəraitdə 
saxlanması mənə ağır gəlirdi. Çıxanda bildim ki, qırılmışlar qızları 
heç 
tutmayıblarmış. 
Nə 
təhər 
sevindim, 
nə 
təhər həyacanlandımsa, verilən bütün işgəncələri unutdum.    
“Evin  yıxılsın,  Evin  yiyəsi”‐  həbsxanada  çəkdiyi  əzabları 
xatırlayan Yağmur xanım iki əlli boğma çıxartdı.  
Yasaq  bəylə  nəşəylə  nərd  oynadıq.  Oyunun  gedişində 
Yasaq bəy ehtiyacı olan dörd  qoşanı atanda çox sevindi, götürüb 
zəri  öpdü:  “Azərbaycanı  da  belə  qoşa  görsəydim,  cüt  görsəydim 
dərdim  olmazdı.”  Ona  İranın  irəliləyə  bilməyəcəyini,  tifaqının 
mütləq dağılacağını söylədim:   
‐  Sovet  İttifaqının  çöküşü  və  kommunizimin  iflası  fərqli 
rəngli,  fərqli  görünüşlü,  ancaq  eyni  xislətli  rejimlərin  işini  fırığa 
salıb.  İran  əhalisi  inqilabdan  bu  yana  iki  dəfə  artsa  da, 
iqtisadiyyatı 
sürətlə 
qabağa 
qaçmayıb. 
Həm 
ölkənin 
yoxsullaşması  və  dünyadan  təcrid  olunması,  həm  totalitar 
quruluşların  qısırlığı,  həm  də  post‐sovet  məkanda  müstəqil 
dövlətlərin  meydana  gəlməsi,  xüsusən,  Quzey  Azərbaycanın 
istiqlala qovuşması İranı silkələyir. İran artıq dizin‐dizin sürünür, 
uzun  sürməyəcək.  Onun  özünü  dəyişmək,  özünü  yeniləşdirmək 
şansı  yoxdur.  Pəhləvi  sülaləsinin  mollalarla  əvəzlənməsi  əvvəlki 
İranı  mahiyyətcə  dəyişdimi?  Yox,  dəyişmədi,  dəymədi  imperiya 
maraqlarına. Pəhləvi şahları fars mərkəzli siyasət yürüdür, islamı 
dışlayır,  özlərini  Qərbə  qəsdən  yaxın  göstərirdilər.  Əsrlərlə 
əsarətdə saxladığı xalqlara iranlı kimliyi aşılayırdılar. 1979‐cu ildə 
gerçəkləşdirdikləri  islam  inqilabıyla  hakimiyyəti  ələ  keçirən 
mollalar  İranı  dünyadan  təcrid  edib,  millətləri  minməklərini 
müsəlmançılıqla  pərdələyirlər. Farslar demiş, çifayda, həm iranlı, 
həm  də  müsəlman  kimliyi  deqradasiyaya  uğrayıb.  Hər  gün 
Təbrizdə, Zəncanda, Ərdəbildə və digər Azərbaycan şəhərlərində 
ETTELAT‐ın  apardığı  repressiya  insanları  ana  dilində  təhsil 
almaq, dünyaya açılmaq, yaxşı yaşamaq istəyindən məhrum edir. 
 
180

Az  adamı  susdurmaq  olar,  bu  boyda  millətin  dilini  qopartmaq, 
boğazını  qurutmaq,  ürəyini  çıxartmaq  olmaz.  Azərbaycan 
yırğalanır, yıxacaq İranın evini. Evini də, Evini də!   
Bizə çay gətirən Yağmur xanım sözümə qüvvət verdi:   
 ‐   Düz  deyirsən,  qardaş.  İran  əhalisinin  az  qala  yarısı 
türkdür. İran tərəqqisini Təbrizə  borcludur. Quzey Azərbaycanın 
Rusiyanın  sol  axınlarından  təsirlənməsi,  sağ  düşüncənin 
Osmanlıda  və  Türkiyədəki  mövqeləri  Təbrizi  də  zaman‐zaman 
silkələləyib.  Təbriz  İranda  ilk  modern  çap  evi,  redaksiya  və 
məktəblər ilkələyib. Ana Yasa, suverenlik, parlament anlayışlarını 
İrana  qazandıran  siyasi  mərkəzdir  bizim  şəhər.  20‐ci  əsrdə 
Azərbaycanda  Səttarxan,  Xiyabani,  Pişəvəri,  Şəriətmədarinin 
başçılığı  ilə  dəfələrlə  üsyanlar  qalxıb,  qaç  kərə  müstəqillik 
qazanmışıq,  az  ömür  yaşasa  da,  1920‐ci  ildə  “Azadistan” 
Respublikasını  elan  etmişik.  Bunları  bugün  bilən  varmı 
dünyada?   
‐ Narahat olma, Yağmur xanım,‐ sualını cavabsız qoymadım‐ 
dünyanın  bütün  ciddi  cinahları  bilirlər  ki,  böyük  inqilab  təcrübəsi 
olan Güney Azərbaycan yenidən ayağa qalxır. Liberalizmin liderliyi 
və kürəçilik əsarətdə olan xalqlara xaraba imperiyaları sorğulamağa, 
öz  haqlarını  tələb  etməyə  şans  yaradır.  İran  nüvə  silahı  ilə 
yaraqlanmaqla yaşadığımız bölgəyə baş ağrısı olmaqla yanaşı, bütün 
dünyanın təhlükəsizliyini şübhə altına alır. Super güclərə gücənmək 
mənasızdır.  Güney  elə  mütəşəkkil,  davamlı  dava  aparmalıdırlar  ki, 
həlledici  anda  bağımsızlığını  elan  edə,  tanıda  və   Quzeylə  birləşə 
bilsin. Siz nə deyirsiniz, devrimçi qardaş?   
‐  Molla  rejimi  ölkədə  üst‐üstə  qalanmış  narazılıqları, 
güclənən  etirazları  ABŞ‐a  calamaq  istəyir.  Narazı  olanlar,  etiraz 
edənlərin  hamısına  “Amerikanın  casusu”  yarlığı  yapışdırmaq 
olmur.  Çöküş  rejimi  sərtləşdirir,  amansızlaşdırır,  Tehran  milləti 
qısnayır,  qılıncdan  keçirir.  Mollalar  dünyanı  vecinə  almırlar,  hər 
halda,  İraq və  Əfqanistandakı  xərcləri  əndazəni  aşan  çağda  ABŞ‐
ın hərbi güc işlədəcəyinə inanmırlar. Quzey gözlədiyimiz dəstəyi 
 
181

dəbbələyir,  diasporamız  didişir.  Gör  nə  aləmdirsə,  ABŞ‐dan 
yayınlanan  “Günaz  TV”‐yə  baxmamaları  üçün  camaatın 
damından 
peyk 
antennalarını 
mollalar 
mola 
vermədən 
yığışdırırlar.  Bəzdə  bəh‐bəhlə  bəhanə  bəstələyirlər:  “qalanın 
ətrafında  arxeoloji  qazıntılar  aparırıq”...  O  nəğmələrə  qulaq  asan 
yoxdur, hamı ağı‐qaradan seçir, millət öz dilini, öz azadlığını, öz 
rifahını  istəyir.  Gizli  təşkilatlar,  açıq  dərnəklər  qururuq,  rejimi 
əldən  salır,  yoruruq.  Himə  bənddir  Güney  Azərbaycan.  Himi 
edəcək  lider,  sadəcə,  hələ  yoxdur  ortada.  Doktor  Mahmudəli 
Çöhrəqanlının  mühacirəti  mübarizəni  ləngitdi,  içəridə  lider 
boşluğu  yaratdı.  Yeni  liderin  ortaya  çıxmasına,  yeni  dalğanın 
qabarmasına zaman və seçkilər kimi açıq siyasi şərait lazımdır.  
 ‐ Ümid bəslədiyiniz kimsə yoxdurmu?   
‐  Ümid  bəslədiyim  adam  çox  gəncdir,  güdaza  vermək 
olmaz.  
 ‐ Yaşı neçədir, kimdir? 
 ‐ Yaşı 21‐dir, adı Ərsundur.   
‐  Tələbə hərəkatının fəalı?    
‐ Tələbəliyini tamamlamaq üzrə. Özün ətraflı tanış olarsan, 
bir azdan bizə gələcək...   
Ərsun  ərz  elədi  ki,  atasını  İran‐İraq  savaşında  itirib,  bir 
qarnı  ac,  bir  qarnı  tox  anasının  himayəsində  böyüyüb.  Qavaralı 
oğlanıydı,  iti  ağlı,  iti  nitqi  varıydı.  Bişmiş,  bic  uşağıydı.  Qanını 
qaşığa  qoymuşdu.  Ərsun  ərsəyə  gizli  tələbə  təşkilatı  gətirmişdi. 
Təşkilat  təlatüm  tərəfdarıydı,  tələsirdi,  tətikdəydi,  təhdidlər, 
tələlər,  təhlükələr  təpələrindəki  tərəqqi  təşəbbüslərinə  təsir 
göstərmirdi, 
“Təbrizin 
tələbələrdən 
təmannası”nı 
tərtib 
etmişdilər:  
 ‐  Tarix  xəyalların  xəlvət‐xəlvət  gerçəkliyə  çevrildiyi 
yoldur.  Əsl  Yolçu  xəyallarındakı  dünya,  xəyallarındakı  azadlıq 
boydadır. Bu vətəni boyunduruqda saxlamaq, başını qapazlamaq, 
qanını  içmək  istəyənlər  sənin  də  ətinə  yerikləyəcəklər. 
Qorxmayacaqsansa, 
usanmayacaqsansa, 
yorulmayacaqsansa 
 
182

günü  sabahdan  gir,  atıl  meydana.  Baş  Bəy  əsir  alındı,  Samirəyə 
gətirildi,  qafası  qalib  Mötəsimin  hüzurunda  edam  kötüyünə 
qoyuldu.  Xilas  yolu  olmadığnı,  xilafət  sarayından  sağ‐salamat 
çıxmayacağını,  xirtdəyinin  üzüləcəyini  bilirdi.  Bilə‐bilə  xəlifənin 
bütün təkliflərini, təminatlarını rədd etdi. Baş Bəy ölərkən güldü! 
Bağışlamadılar onu doğrayan Nudnudu, qanını, qarnını deşdilər, 
dilini  kəsdilər.  Əsir  düşərək  xəlifəyə  qulluq  göstərən  keçmiş 
şahzadə  Afşin  Bəz  qalasını  tutanacan  lazımıydı  Mötəsimə, 
acından  zarıya‐zarıya  gəbərtdi  onu  türmədə  tünbətün  oğlu.  Bəli, 
bu yolun üç başı yoxdur, iki başı var, ya sonda güləcəksən, ya da 
sonuna  güləcəksən.  Sonda  gülən  də  qəhrəmandır,  sonuna  gülən 
də. Azadlıq davasına girən hər kəs tarixin ən böyük üsyançısı Baş 
Bəy  sayaq  cəllada  gülməyi  bacarmalıdır.  Daha  bir  dəfə 
qanrılmağı, qanıyla üzünü boyamağı, gorsuz‐məzarsız qəhrəman 
olmağı  fəxri  xiyabanlarda  dəfn  edilməkdən  üstün  tutmalıdır.  İsa 
əqidəsini  çarpaz  çarmıxda,  Baş  Bəy  edam  kötüyündə  təsdiq  etdi. 
Əsl  yolçuları  ya  İsanın  çarmıxı  gözləyir,  ya  Baş  Bəyin  edam 
kötüyü.  Bizim  əsl  sevgilimiz  çarmıxdır,  dar  ağacıdır,  edam 
kötüyüdür.  Sevginin,  azadlığın,  üsyanın  üstələnməsi,  çarmıxa 
çəkilməsi  enerjinin  tarixdən  gələcəyə  axıdılmasıdır.  Mismarlar 
paslanır,  millər  çürüyür,  milçəklər  murdarlaşır,  İsanı  otuz 
gümüşə,  Baş  Bəyi  milyon  dirhəmə  satanlar  ölüb  gedir  və 
canlanmırlar!  Azad  ruhlar  dolaşır  dünyanı,  nəsildən‐nəsilə, 
insandan  insana  keçir,  gah  mənim  canım  olurlar,  gah  sənin.  Gah 
mənim  gözümün  işığı  olurlar,  gah  sənin.  Gözündə  azadlıq  işığı 
olan  adamlar  səbrini  basa  bilmirlər  qadağalar,  qadalar  görəndə. 
Mən  Sizi  öndər  olmağa,  başda  oturmağa,   hər  kəsi  əmrinizə 
müntəzir etməyə çağırmıram, ucalığa‐ çarmıxa can atın, zamanın 
qabağında  addımlayın,  əllərinizi  yana  açın,  yüyürün  edam 
kötüyünə,  qucaqlayın  çarmıxı.  İtaətkarların  boyundan  uca, 
diktatorların  soyundan  uludur  çarmıx.  Yerdən  üzüləndə 
ayaqların  torpağa  öpüş  göndərməkdir,  bıçağın  altına  uzananda 
boğazın  boş  göy  üzünə  tüpürməkdir  əsl  yolçuluq.  Yer  üzündə 
 
183

çabalayan  adamlar,  göy  üzündə  vurnuxan  quşlar  görə,  duya 
bilmirlər  çarmıxdan  görünən  dünyanı,  çarmıxı  canına  çəkə, 
çarmıxın  ağrısını  ala  bilmirlər.  Canınızda  çarmıx  sevgisi  varsa, 
durun irəli!  
 
*** 
Vətənlə  vətənə  çıxdım.  Vətən  vəd  vermişdi  dünən,  məni 
“Qapalı  çarşı”da  gəzdirməyə  boyun  olmuşdu.  Təbrizin  bütün 
küçələrində 
farsca 
yazılmış 
yaşıl 
plakatlara, 
Ayətullah 
Xomeyninin  portretlərinə,  İraqla  savaş  səhnələrini  əks  etdirən 
tablolara  rast  gəldim.  Qurandan  ayələr,  peygəmbərdən  hədislər 
yazılmış, dini‐siyasi liderlərdən sitatlar gətirilmiş lövhələrlə xalqı 
qandırmaq,  hədəfindən  yayındırmaq  istəyir  rejim.  Bazara  girdik. 
Bəlkə  allanı  aldadır,  evdə  danladır,  mayanı  qudurdub  nəfi 
yedizdirir,   fəqət  müştərisinə  hər  malın,  hər  dövlətin  əyər‐
əksikliyini  açır,  hər  xalqın  hər  üzünü  göstərir  bazar.  Üzü  üzlər 
görüb  Təbriz  bazarının.  Təbrizlilər  addımbaşı  adamın  düz 
gözünün  içinə  baxırlar  bazarda.  Adamı  gözündən  oxumaq, 
gözündən  tanımaq,  kimliyini,  nəçiliyini,  hansı  yuvanın  quşu 
olduğunu  baxışlarından  öyrənmək  istəyirlər.  Nə  kişilər,  nə  də 
qadınlar 
yayındırırlar 
baxışlarını 
özgələrdən. 
Qolaylıqla 
tanışmağa, 
söhbətləşməyə 
imkan 
verilməyən 
məhbus 
məmləkətdə  insanların  göz‐gözə  gəlməkdən  başqa  çarəsi 
qalmayıb.  Yadda  saxlamaq  istəyirlər  qarşılaşdıqları  adamları.  
Xatırlamaq,  haqqında  düşünmək,  özünə  doğma  olan  cəhətlərini 
kəşf etmək və qəlblərinə yazmağı umurlar adamları. Danışılacaq, 
danılmayacaq  o  qədər  sorunlar  var  ki...  Nə  aça  bilirlər,  nə  bükə. 
Ürək  qızdırmağa,  can  yandırmağa  kimsələri  yox.  Təkləniblər. 
Dövlət bir tərəfdən, şəriət bir tərəfdən, yoxsulluq bir tərəfdən əzib 
onları.  Nənələr  bütün  nagılları,  mollalar  bütün  hədisləri,  dövlət 
bütün  gopları  danışıb,  qurtarıb.  Nağıllardakı  almalar,  cənnətdəki 
hovuzlar,  siyasətdəki  şirniquşlar  çəkmir,  çəminə  salmır  Təbrizi. 
Təbrizdə insanın insana ehtiyacı var.  Şəxsiyyətini aktuallaşdıra və 
 
184

reallaşdıra  bilməyənlər  baxışdıqları  adamların  gözündə  fürsət 
arayırlar.  Adamların  hamısı  göz‐gözə  gəlib,  hamısı  bir‐birini 
duyub,  bir‐birini  oxuyub  bu  şəhərdə.  Təhtəlşüurlar  birləşib, 
istəklər üst‐üstə düşüb, arzular qoşalaşıb, cəmləşib, toparlanıb bu 
şəhərdə.  Təbriz  yaratmaq  istəyir.  Yenidən  yaranmaq  istəyir. 
Bütünləşmək  istəyir.  Gün  gələcək,  adamların  gözündən  tökülən 
qığılcım,  baxışlarından  yağan  od  Təbrizdə    etiraz  tonqalına 
çevriləcək.  O  tonqalın  başında  enerjisini,  gücünü  hiss  edəcək 
millət.  O  tonqal   yandıracaq  İranı,  yaxacaq  Evini,  adamlara 
göstərəcək eşiyi.   
Ayrı  yer  olsaydı,  gözümün  içinə  baxan  arğaz  oğlanın 
yaxasından 
yapışar, 
“nədəəəə” 
deyərdim. 
Yaxasından 
yapışmadım.  “Nədəəəə”  deyib  üzünə  bozarmadım,  boğazından 
tutmadım.  Qardaş  qabağımda  dayandı.  Adətən,  belə  yerdə 
tanımadığı  adamla  söhbətə  girişənlər  ya  mal  sırımaq  istəyir,  ya 
pul  diləyir,  ya  da  bazarın  od  tutub  yanmağından  şikayətlənirlər. 
Təbrizli  qardaş  nə  alverçiydi,  nə  dilənçi,  heç  köhnə  bazarın  təzə 
nırxından  da  şikayət  eləmədi.  Danışmaq  istəyirdi.  Söhbət  etmək 
istəyirdi.  Ürəyini  boşaltmaq  istəyirdi.  “Məni  çalmayan  ilan  min 
yaşasınmı, səncə”‐ gözünü gözümdən çəkmədən soruşdu. Mənim 
cavabımı gözləmədən sualı xırdalamağa başladı:  
 ‐ Məni, yəni məni,‐ əli ilə sinəsinə vurdu‐ çalmayan ilana 
“min yaşa” deməyin düz olmaz. Məni çalmayan ilan, səni çalıbdır, 
bəlkə?  Səni  çalan  ilan,  bəlkə  məni  də  sancacaq  səhər,  hardan 
bilim?  
 ‐   Xalasının  dabanına  lənət,  yaxşısı  budur  ilanın  başını 
balacalığında əz!‐ ona məsləhət gördüm.  
‐  Elə  mənim  də  deməyim  odur  ki,  məgər  ilanın  başını 
vaxtında  əzməmişik,  yekəlib,  kökəlib,  dikəlib  əjdahaya  dönüb, 
gəlin  gözləməyək  tək‐tək  axırımıza  çıxsın.  Əlbir  olaq,  dilbir  olaq, 
gedək başını əzək...  
Bığıburma  qardaşın  adı  Cəlal  idi.  İlan  məhəllələrini 
məəttəl qoymuşdu: 
 
185

‐  Bizim  məhəllədə  iki  ilan  var,  biri  ağdır,  biri  qara. 
Deyirlər, yerini qaralayıb qaranı öldürək, ağa dəyməyək; mən də 
ağzımı  yoruram  ki,  əşi,  ilanın  ağına  da  lənət,  qarasına  da  lənət, 
əjdəhadan bizə xeyir gəlməyib, gəlməyəcək də!  
Səd  heyf,  Cəlalla  ətraflı  tanış  olmağa,  danışmağa, 
söhbətinə  qulaq  asmağa  macal  olmadı.  Yağmur  xanım 
günortayacan 
evə 
qayıtmağı 
tapşırmışdı. 
Tapşırmasaydı, 
axşamacan  “Qapalı  çarşı”nın  qapısından  çıxmazdım.  İki  tümən 
üstündə  iki  saat  sövdələşən,  qiymət  öldürən  təbrizlilərə  göz 
qoyardım. Təbrizin qədim “Qapalı çarşısı”nda alıcılarla satıcıların 
çənələşməsi  çərənçilik,  “aşağı‐yuxarı  söhbəti”  yox,  danışmağa 
bəhanə  idi.  Qapalı  toplumda  danışmaqdan,  mövqeyini  ifadə 
etməkdən  məhrum  edilmiş  incik  insanların  ünsiyyətə  rahat  girə 
biləcəyi  yeganə  məkan  ora  idi,  halbuki  bütün  qapalı  bazarlarla 
bahəm  dünyadan  ayrıydı,  aralıydı,  sövdəgərləri  “çökkə” 
işlədirdilər. 
Axşamüstü  Vətən  və  Qalxanla  piyada  Elgölü  parkına 
getdik.  Məmə  yeyəndən  pəpə  deyənə  Təbrizdə  hamı  buradaydı. 
Gölün qırağında salınmış sakit parkda hava alırdılar, çay içirdilər, 
voleybol  oynayırdılar.  Polislər,  sərbazlar,  mülkü  geyimli  ajanlar 
gecə‐gündüz  güdükdəydilər.  Ajanların  güdüyü  altında  alındım, 
ürəyim  qısıldı.  Gedib  oturduq  çayxanada.  Çal  çayçı  çay  qoydu. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin