Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   7   8   9   10   11   12   13   14   15

 
*** 
 
155

Xalam Kümə gəlin köçüb. Uşaq vaxtı yolum onlara tez‐tez 
düşərdi.  Xalamgilə  tez‐tez  getməyimin  bir  səbət  səbəbi  varıydı.  
Səbəblərin  başı  hamamıydı.  Onda  hər  adamın  qapısında  hamam 
yoxuydu,  bizim  həyətdə  heç  bünövrəsi  də  tökülməmişdi,  bir 
vedrə  suyla  ləyəndə  yaxalanmağa  ərindiyimdən  onların 
hamamına  gedər,  necə  deyərlər,  həm  də  çimərdim.  Hamamdan 
çıxıb  tellərimi  yan  darayar,  kəndin  o  başında  yaşayan  sinif 
yoldaşım  Mütüşü  görməyə  gedərdim.  Düzü,  nə  mənim  sinif 
yoldaşımı görmək niyyətim olardı, nə onun mənə ayırmağa vaxtı. 
Dədəsi  ona  avara‐uvaraya  qoşulmağa  icazə  verməz,  qadaqda 
saxlayar,  ot  çaldırar,  pəyə  kürüdər,  dana  bordaqladar,  qapı 
suladardı.  Yoldaşcasına  bir  hovur  söhbət  etməkdən  qabaq  gərək 
Mütüşə  əl  uzadaydın,  inəklərinə  yem  verəydin,  camışlarına  su 
qoyaydın,  pəyələrini  kürüyəydin,  şayəd  dədəsi  ona  ayrı  xırım‐
xırda  iş  tapşırmasa,  doqqazın  ağzından  uzağa  getməmək  şərtiylə 
ayaqüstü  hal‐əhval  tutaydın.  Mütüşün  halından  xəbəri  olmayan 
varıydımı? Ovqatı həmişə təlx olardı. Ən böyük arzusu dədəsinin 
əlindən  baş  götürüb  doqqazlarının  ağzından  uzaqlara,  lap 
uzaqlara‐ səhərlər doqqazlarının ağzından görünən Murov dağına 
getmək  idi.  Mütüş  Murovun  soyuq,  qarlı  olduğunu  eşitmişdi, 
soyuq  və  qarlı  yerlərin  hamısını  Uruset  bilirdi.  Urusetə  gedib 
dədəsinin  tək  əliylə  qapazladığı  üzünü  rus  qızlarının  dizinə 
qoyub  arın‐arxayın  yatmaq  keçirdi  könlündən.  Dayısı  Urusetdə 
donuz  saxlayırdı,  üç‐dörd  ildən  bir  tüklənib  kəndə  gələrdi,  tay‐
tuşlarına  donuzdan  tük  çəkməyin  yollarından  danışardı,  Mütüşə 
ancaq  onu  demişdi  ki,  qoyuna  baxma,  donuzun  belində  tük 
olmur. Belində olmursa, yəqin adama oxşayır donuz, qıl qısığının 
arasında  bitir,  qoyun‐quzu  qırxmağı  yaxşı  bacarırdı,  di  gəl, 
donuzun qısığından tük çəkməyə ürəyi gəlməzdi, öz qoltuğunun 
altından  birini  dartmışdı,  yaman  yandırmışdı,  dini‐imanı 
qaçmışdı,  heyvana  zülm  eləməzdi,  içində  heyvan  sevgisi  vardı, 
yeri  gələndə,  azarlayan  davardan  ötəri  doqqazın  ağzında  oturub 
hönkür‐hönkür  ağlayardı,  donuza  da  öyrəşərdi,  qəfildən‐  dayısı 
 
156

həmişə  o  məqamda  əliylə  qarnının  qabağında  soldan‐sağa  qövs 
cızar,  ovcunu  cəld  bükərdi‐  qılını  dartıb  insafsızlıq  eləməzdi. 
Mütüş  nədənsə  donuzu  dayısından  çox  istəyərdi,  düzünə 
qalanda,  onun  içində  insan  sevgisi  kəm  idi,  dədəsi  yıxılıb  ölsə, 
gözündən  yaş  çıxmazdı.  Qəbiristanlıq  yolunun  qırağında 
olurdular,  evlərinin  yanından  meyit  aparılanda  “çezdi,  canını 
qurtardı” deyərdi. Ölənin kimliyinə, nəçiliyinə,  yaşına baxmazdı, 
onun aləmində adamlar ölmürdü, çezirdi. Mütüşə insan sevgisini 
aşılayan  mühit  yoxuydu,  məktəbə  gəlməz,  gələndə  uşaqlara 
qaynayıb‐qarışmazdı,  sinifdəki  dostluqlardan,  zarafatlardan, 
küsüşmələrdən  və  davalardan  qıraqdaydı.  Səhərdən‐axşamacan 
işləyər,  səhərdən‐axşamacan  işləyən,  alaq  vuran,  pambıq  yığan 
anası, bacılarıyla bahəm dədəsinin təpiyini çörəyinə yavanlıq edib 
yeyərdi.  Təpəsinə  qapaz  vurulmaqdan  səyləşmışdı,  fikri  özündə 
olmazdı, malda‐davarda qalardı. Mənim halımla Mütüşün əhvalı 
heç  vaxt  üst‐üstə  düşməsə  də,  onu  axtarıb‐aramağım  səbəbsiz 
deyildi.  Ta  söz  açılıb,  deyəcəm,  Mütüşin  qapıbir  qonşusu 
«Qapandar» Nəsibin qızını sevirdim.  
Nəsibin  gözünün  ağı‐qarası  bircə  oğlu  və  iki  qızı  vardı. 
Gözünün  ağı‐qarası  bircə  oğlu  qızlarından  balacaydı;  atası  ona 
maşın  sürməyi  hələ  öyrətməmişdi.  Qızlar  dirçəlmişdilər, 
yekəlmişdilər, 
ay 
parçaları 
olmuşdular, 
bığ 
yeri 
təzə 
tərləyənlərdən  tutmuş  tər  bığını  saqqalına  yapışdıranlaracan  çox 
özündən deyən oğlanın yuxusunu qaçırtmışdılar.    
Mıkı  əsgərlikdən  təzə  gəlmişdi.  Əsgər  forması  əynində 
kənddə  hərlənib,  adını,  daha  doğrusu  ləqəbini  arvad‐uşağın 
dilindən yerə salmadığı günlərdə Xeyransanı görmüşdü. Evlərinə 
qayıtmış,  əsgərlikdən  gətirdiyi  bloknota  yapışdırdığı  lüt  qız 
nakleykalarını cırıb atmış, təzə vərəqə təzə sətirdən yekə hərflərlə 
qırmızı  flamastrla  MIKI+XEYSANRA  yazmışdı.  Öz  adını  tam 
yazmamışdı.  Hərfləri  çox  olduğundan  öz  adını  səhih  yaza 
bilmirdi Məmmədkərim, qızınkında səhvə yol verdiyini isə ağlına 
belə  gətirməmişdi.  Bloknotu  qatlayıb  döşəyinin  altına  qoymuş, 
 
157

əsgər  formasını  əynindən  çıxartmış,  qara  şalvarda,  ağ  köynəkdə, 
uzunburun  ayaqqabıda  Mütüşün  dədəsinə  hərbi  salam  verməyə 
getmişdi.  Gedəndə  əliboş  getməmişdi,  hərbi  formasını  və 
çəkməsini  zənbilə  doldurub  Abbasa  aparmışdı.  Qəzaya 
düşdüyündən  Mütüşün  dədəsi  Abbasın  sol  qolunu  kəsmişdilər, 
elə  o  zamandan  da  el  “Həzrət”  ayaması  artırmışdı  adının 
qabağına,  ləqəb  onun  hörmətini  birə‐beş  artırmışdı.  Abbası  evdə 
tapmamışdı,  payını  Mütüşə  vermişdi.  Mütüşdən  Xeyransanı 
istəyənlərlə  maraqlanmışdı.  Mütüş  hərbi  şöhrətinin  qarşısında 
davam 
gətirməyib 
doqqazlarının 
ağzına 
gələn 
bütün 
yeniyetmələrin,  cavanların  adını  vermişdi  Mıkıya.  Adları  bir‐bir 
sadalayıb  qurtaranda  “onların  hamısı  bekara  şeydir,  «Qapandar» 
Nəsib eşşək otaranlara qız verməz, ves sovetlikdə‐ SSRİ zamanında 
sovetliyə  Küy,  Küm  və  Küt  kəndləri  daxil  olmuşdu‐  bəlkə 
“Kəllə”yə  razı  ola”  demişdi.  Mıkı  “Kəllə”nin  kim  olduğunu 
soruşanda Mütüş əlini yola uzatmışdı.  
Mən 
xalamgildə 
hamamlanmış, 
qartımı‐qurtumu 
düzəltmişdim,  telimi  yan  darayıb  Mütüşlə  görüşməyə  gəlirdim, 
yanlarına  çatanda  salam  verdim.  Mütüş  salamı  başıyla  aldı. 
Əsgərlikdən 
təzə 
gələn 
qımıldanmadı. 
Qımıldanmazdı, 
əsgərlikdən təzə gəlmişdi, onun halını gərək ayrıca xəbər alaydın: 
‐  Sən nətəhərsən, Mıkı?  
‐  Saa  navar  nətərəm?  Həkimsən?  Bləd,  guya  Mıkıyla 
stroybatda  daş  qaldırıf  ey...  barı  adamın  adını  düz  deyə,  yanıf‐
tökülməssən... 
 Mıkıdan  belə  cavab  gözləmirdim.  Onu  görəndə  xeyli 
sevinmişdim.  Mıkının  dil‐boğaza  qoymadan  Monqolustandan 
danışacağını  gözləyirdim.  Ona  qulaq  asmaq  bəhanəsiylə  axşama 
qədər 
«Qapandar» 
Nəsibin 
doqqazına 
boylanmaq 
həvəsindəydim.  Mıkı  ümüdlərimi  doğrultmadı,  mən  də  özümə 
görə deyildim, onu yumşaq yerindən sancdım:  
‐ Sənin əsl adın Mıkı deyil ki? 
‐ Mənim adım Məmmədkərimdir! 
 
158

‐  O  irəli  Azin  yanımda  pojik  atıb,  qulağım  batıb,  yaxşı 
eşitmir, adını yaz göstər!  
Mıkı  onu  doladığımı,  adını  yaza  bilməməyindən  agah 
olduğumu, savadsızlığına rişxənd elədiyimi, “mən hara, sən hara” 
soruşmaq istədiyimi göydə tutdu. Tərifli kəlləmə lak qapaz salıb, 
sinəmə yumruq qoydu.  Mıkının başına vurmaq  üçün yerdən daş 
götürməyə  əyiləndə,  paçamın  arasından  qonum‐qonşudakı 
qızlarla  xurma  ağacının  altında  söhbətləşən  Xeyransanı  gördüm. 
Paçamın  arasından  baxanda  külək  Xeyransanın donunu  qaldırdı. 
Onun  gündən‐günə  toppuşlaşan  budları  göründü.  Ah,  o  qızın 
ayaqları...  Qızdım,  nə  qızdım.  Mıkı,  sənin  ananı...  Mıkı  paçamın 
arasına  təpik  atdı.  Götürdüyüm  daşı  atıb  əllərimlə  sancıdan 
kəsilən  paçamın  arasını  tutdum.  Paçamın  arasının  ağrısı  kəsəndə 
dinməz‐söyləməz  yolun  ağına  düşüb  kəndimizə  qayıtdım.  O 
gündən  nə  tez‐tez  Kümə  getdim,  nə  də  Xeyransa  ilə  rastlaşmaq 
istədim.  Heç  Mütüşü  də  görmədim.  Murovda  şəhid  oldu. 
Çezmədi,  ölmədi,  vəfat  etmədi,  şəhid  oldu.  Məktəbimizə  onun 
adını  verdilər.  Qabağıma  çıxmadı  ona  deyəm  ki,  Mütüş,  ilk 
məhəbbət adamın paçasının arasına dəyən ilk zərbədir. Görəsən o 
zərbəni Mütüşün paçasının arasına hansı eşşək vurmuşdu?  
Kümün  göbəyindəki  “Barama  hörən  qurd”  abidəsinin 
yanıyla  fikirli‐fikirli  xalamgilə  gedirdim.  Dalğınlığımı  siqnal  səsi 
dağıtdı.  Siqnal  verən  Mıkıydı.  “Lexus”  sürürdü.  Pul  gücünə  özəl 
ali  məktəbə  girmiş,  hüquqşünas  diplomu  almış,  dörd  ilə  adını 
yazmağı  ancaq  öyrənmiş,  gömrükdə  işə  düzəlmişdi.  Astarada 
gömrük  məntəqəsinin  rəisi  işləyirdi.  Deyilənə  görə,  yaxşı 
qazanırdı,  sağlığına  qismət,  kənddə  yüz  hektar  torpaq  almış, 
becərməsini  qayınatasına  tapşırmışdı.  Arada‐bərədə  gəlir,  əkin‐
biçinə göz qoyurdu.  
“Qapandar”  qabaqda  oturmuşdu,  qucağında  uşaq 
saxlamışdı,  arxadakı  Xeyransa  idi.  Onu  görəndə  paçamın 
arasından yüngül  ağrı  keçdi.  Mıkı  maşından  düşüb  ədəb‐ərkanla 
mənimlə salamlaşdı.  
 
159

‐  O  gün  “Adam  içində”  tox–şousunda,  Xatirə  İslamın 
yanında gördüm səni. Fəxrimizsən!   
‐ Çox sağ ol, diqqətinə görə təşəkkür edirəm! 
‐  Xətrinə  dəyməsin,  sən  də  olan  kəllə  kimdə  olsa,  dirəyi 
qızıldanıydı  indi.  Meyxanadan‐zaddan  da  demədin  ki,  “Döşə, 
gəlsin”də  adımı  çəkəsən,  yığışıf  saa  bir  maşın  alax,  piyada 
gəzməyəsən sən gərək. 
‐  Çox  sağ  ol,  mən  arada  dalğınlaşıram,  maşın  sürə 
bilmirəm.  
‐  Sən  canı  tələsmə,  saa  söz  deyəjəm,  xayış  da  eliyirəm  öz 
aramızda qalsın!  
‐ Buyur, bu nə söhbətdir!  
Xır  yolda  adam  olmasa  da,  Mıkı  məni  kənara  çəkdi. 
“Adam  içində”  verilişində  “əjdaha  kimdir”  sualına  birgə  cavab 
axtardığımız müğənni Xatirə İslamla şəxsi münasibətlərimin olub‐
olmamasıyla  maraqlandı.  Xatirəni  daldan  olan  oğlunun,‐  türkün 
sözü‐zad  işlətmədi‐  kiçik  toyuna  gətirmək  istəyirdi.  Jurnalist 
dostum  Mətin  Axışdan  Xatirənin  nömrəsini  öyrənib  ona  dedim. 
Maşına  oturub  getdi.  Xatirənin  maşındakı  maqnitafondan  gələn 
səsi  xalamgilə  çatanacan  qulaqlarımdan  getmədi:  “Budur  eşqin 
kitabı, olmayaydı belə kaş!..”  
Çəpərlər 
əyilmiş, 
evlər 
köhnəlmiş, 
həyət‐bacalar 
balacalaşmışdı.  Kəndə  gələndən  addımbaşı  qapıların  daraldığını 
hiss edirdim, indi də xalamgilin həyəti az dəyirdi gözümə, balam, 
dünya  yaman  balacalaşıb,  yaman....  Qohumlar  ayağımın  altında 
bir  ovuc  torpağa  dönürdülər,  adamlar  ayağını  yerdən  üzərək 
torpaq  olurdular,  torpaq  artmışdı,  balam,  yaman  artmışdı,  bəs 
dünya  niyə  balacalaşmışdı?  Təkcə  torpaq  yox,  adamlar  da 
balacalaşmış,  bürüşmüşdülər,  insanlar  cırlaşdıqca  kitablar  da 
kiçilmişdi,  Zahidin  atadan  qalma  kitabxanasının  qulağının  dibi 
saralmışdı. Çoxdan geridə qalmış illərdə məni bura çəkən kitablar 
nazilmişdi,  səhifələri  cırılmış,  cildləri  əzilmişdi.  Qapıların  yekə 
vaxtında  o  kitabların  hamısını  oxumuş  Zahidə  həsəd  aparardım. 
 
160

Kitabların qalın günlərində Zahid yaxşı oxucuydu. Onun tövsiyyə 
elədiyi  romanları  gətirib  evdə  oxuyar,  qaytaranda  fikirlərimizi 
bölüşərdik.  Zahidin  fikirlərini  bölüşməyə  tapdığı  adam  bir 
məniydim...  
Sifariş olanda ev rəngləyər; olmayanda, gipsdən heykəllər 
düzəldər, bazarda satar, çaq‐çuq edərdi. Camaat deyir, dədəsinin 
universitetə girməyə verdiyi min manat şirinliyi aparıb Minvodda 
urusa‐murusa  xərcləməsəydi,  badədən  yapışmasaydı  indi  beş 
kişidən biriydi Zahid. Onu daldada deyirdilər ağzıgöyçəklər, yeri 
gələndə  o  sözü  danışanların  adı  Zahidin  siyahısında  yox  idi. 
Onun qəbul elədiyi kişilər Babəkiydi, Nəsimiydi, Mirzə Fətəliydi, 
Üzeyir bəy idi, Cəlil Məmmədquluzadə idi, Əli Kərim idi, birinin 
də adını içəndə yadına sala bilmirdi. Bu dünyada qapıların yekə, 
kitabların  qalın  vaxtlarını  görmüşdüm,  fəqət,  Zahidin  ayıq  vaxtı 
olmamışdı,  olsa,  yadına  düşərdi  axırıncı  kişi  də.  Zahid  ayıq 
olmasa  da,  sayıq  olardı,  el‐obanın  bütün  ölüsünə,  dirisinə, 
böyüyünə,  kiçiyinə  hörmət  edərdi;  qəbiristanlıqda  hər  məzarın 
başında  ayaq  saxlayıb  mərhuma  rəhmət  oxuyar,  yolda  qarşısına 
çıxan  hər  uşağın  əyilib  üzündən  öpər;  bütün  qadınlara  ana‐bacı 
ehtiramıyla  yanaşar,  bütün  cavanlarla  araq  içərdi‐  kəndin  ədəb‐
ərkanlı  cavanlıq  fəlsəfəsiydi.  Lap  cavanlığından  “Daqqa” 
Kazımdan  zəhləsi  gedərdi.  Nə  var,  nə  var,  Kirovabadda 
aqronomluğa 
girən 
“Daqqa” 
Kazım 
özünə 
sığışdırıb 
universitetdən  kəsilən  Zahidə  salam  verməmişdi.  Odu‐budu 
ağzıəyri gəzirdi “Daqqa” Kazımdan. 
Xalamın  bükdüyü  dolmaya  yaxın  durmadım.  Əlimi 
qapıdakı xoruza uzatdım:  
‐ Bunu çığırt! 
Xeyirdə‐şərdə  aşpazlıq  edən  xalamın  göstərdiyim  xoruzu 
“məni  yeyin”  çığırtısıyla  süfrəyə  gətirməsi  beş  dəqiqə  çəkmədi. 
Süfrəni  çardağın  altında,  yerdən  açdırdım.  Təzəcə  yaşarmağa 
başlayan çəmənliyə palaz sərdilər, mütəkkə, döşəkçə atdılar. Azin 
özünü süfrəyə tam vaxtında çatdırdı. “Düz düzdə qalar! İkinizdə 
 
161

düzdə  qalmısınız,  yenə  düzdən  əl  çəkmirsiniz”‐  xalam  yerdən 
oturmağımızı  bəhanə  edib  mədəni  şəkildə  bizi  tənqid  elədi. 
Bərkini  tutmadıq.  Bərdə  baharının  ilıq  havasında  başımızı  açdıq. 
Zahid  bildirdən  saxladığı  ərik  arağını  ortalığa  çıxartdı,  onu 
mühafizə etməsiylə qürrələndi:  
‐  Özüm  ölüm,  qış  qapını  kəsməmiş  Pənah  çəkdiyi  arağın 
hamısını  satıb  qurtardı.  Söz  düşdü,  ağzımdan  qaçırdım  ki,  bəs, 
bacanağımın  oğluna  bir  balon  saxlamışam.  Nə  qədər  elədilər 
“gətir içək”, razı olmadım.       
İlk  qədəhləri  toqquşduraraq  Zahidin  arağı  saxlamağa 
çəkdiyi  əziyyəti  yüksək  qiymətləndirdik.  Göz  yaşından  ərik  tamı 
gəlirdi.  Belə  araqdan  bizə  saxlamamaq  günah  olardı.  Zahid  
günahlarını  araqla  yuyardı  həmişə.  Onun  bu  dünyada  missiyası 
yumağa  günah  axtarmaq  idi.  “Daqqa”  Kazımın  da  günahlarının 
hamısını  Zahid  sağlığa  saxlamışdı,  nə  vaxtsa  “daqqa”  Kazımı 
yuyacaqdı,  ona  sözünü  yuyatda  deyəcəkdi.  Zahid  əsl  sovet 
oxucuydu,  deyəcəyi  sözdən  qabaq  klassiklərin  həyatından  misal 
gətirməyi xoşlayırdı:   
‐  Rəhmətlik  Həsən  bəy  Zərdabi  20‐ci  əsrin  əvvəllərində 
Bakı  Dumasına  namizədliyini  irəli  sürür.  Hacı  Aslan  adlı  Bakı 
zəngini ona alternativ olur. Rəqibi puldan basıb seçiciləri ələ alır, 
bir az pul, bir az zor gücünə səsverməni udur. Ayrı vaxt yazıçıya 
iltifat göstərən Kəblə Mirzə də Hacının felinə uyur. Bir gün Həsən 
bəy yolda köhnə dostuyla rastlaşır, onu sorğu‐suala tutur:  
‐ Kəblə Mirzə, mən təmiz adamam, ya Hacı Aslan?  
‐ Əlbəttə sən, bəy!  
‐ Mən çox oxumuşam, ya Hacı Aslan? 
‐ Əlbəttə sən, bəy!  
‐ Mən xalqa çox xeyir verərəm, ya Hacı Aslan?  
‐ Əlbəttə sən, bəy!  
‐ Mənə əlin tez çatır, ya Hacı Aslana?  
‐ Əlbəttə sənə, bəy! 
‐ Bəs niyə mənə səs vermədin, Kəblə?   
 
162

Bu misalı ona görə gətirirəm ki, səsvermə günü məntəqəyə 
gedəndə  qabağıma  “Daqqa”  Kazım  çıxdı.  Daqqa‐daqqa  məndən 
kimə səs verəcəyimi soruşdu. Sənə səs verməyimə ağzını büzdü:  
‐ Mən Azinə səs vermədim! 
“Daqqa”  Kazımın  Azinə  səs  verməməsi  qəribə  deyildi. 
Qəribə  olan  Həsən  bəyin  ötən  əsrin  əvvəllərində  tənqid  etdiyi, 
aydınlığa,  azadlığa  çağırdığı  millətin  eyni  məişətdə  yaşamasıydı. 
Görəsən,  niyə  dəyişə  bilmədi  Mirzə  Fətəli,  Mirzə  Cəlil,  Mirzə 
Ələkbər,  Üzeyir  bəy,  Əbdürrəhim  bəy  sevgili  millətimizi? 
Kitablarını  oxudular,  tamaşalarına  getdilər,  kinolarına  baxdılar, 
güldülər,  əl  çaldılar,  amma  dəyişmədilər,  yenə  dönüb  Vəliqulu, 
Hüseynqulu,  Cəfərqulu,  Mehdiqulu  oldular,  Novruzəli  oldular, 
ay kişi! Niyə axı?  
Zahid  arağı  hərlədi.  Kəblə  Mirzənin,  Hacı  Aslanın, 
“Daqqa”  Kazımın  sağlığına  içdik.  O,  arağın  tamını  ağzından 
qaçırdı: 
‐  Bilmirəm,  Üzeyir  Hacıbəyovun  “Millət  geridə  qaldı” 
felyetonunu  xatırlayırsınızmı?  Orada  Üzeyir  bəy  məsələni  çox 
düzgün qoyur: “millət geridə qaldı” deməklə heç bir toplum irəli 
getməz!”  Hətta  deyərdim,  millətə  yol  göstərmək,  onu  inkişafa 
səsləmək  də  azdır,  əsl  idealist  doğru  bildiyi  yolun  ağına  düşüb 
gedəndir,  arxasına  baxmadan  yürüyəndir.  Axundov  teatrın  nə 
olduğunu  bilməyən  xalqa  komediya  yazırdı,  Üzeyir  bəy  yazdığı 
operada oynamağa qadın aktrisa tapmırdı. Cəfər Cabbarlı “Oqtay 
Eloğlu”  əsərində  aktyor  yetişdirməyən  xalqa  deyirdi:  “varsansa 
yarat,  yoxsansa  çəkil,  get  tarix  səhnəsindən!”  Xalq  var  olduğunu 
sübut  etdi.  Adil  İskəndərovu,  Nəsibə  Zeynalovanı  yetişdirdi. 
Axundov  ona  yanıb  tökülürdü  ki,  xalqımız  Avropa  xalqlarından 
istedadsız, bacarıqsız olmaya‐olmaya çağdan geri qalır.    
‐  Tamam,  milləti  tərəqqiyə  yalnız  idealistlər  qovuşdura 
bilərlər‐  Zahid  elə  maraqlı  məqamlara  toxunmuşdu  ki,  Azin 
söhbətə qoşulmaya bilmədi‐  ona söz yox. Mirzə Fateh sualı başqa 
cür qoyur, məncə. Soruşur ki, nədən biz milli istiqlalımızı qazansaq 
 
163

da, azad ola bilmədik?  Niyə  bazarımız sərbəst, cəmiyyətimiz açıq, 
dövlətimiz  məhdud,  hökumətimiz  yaxşı  olmadı?  Nə  üçün 
Azərbaycan  Latviya,  Litva  və  Estoniya  sayaq  demokratiyaya 
sıçrayışla  keçə  bilmədi,  əksinə,  avtoritarizmə,  monarxiyaya, 
despotizmə yuvarlandı? Bax, bu suallara cavab axtaranda hərləyib‐
fırlayıb  bizə  eyni  aforizmi  deyirlər:  “hər  xalq  öz  hakimiyyətinə 
layiqdir!” Diktaturaya, avtoritarizmə layiq xalq yoxdur dünyada! O 
başqa məsələdir ki, dünyadakı avtoritar ölkələrin xalqları vətəndaş 
ləyaqətinə  malik  deyillər.  Yəqin  razılaşarsınız,  “sakin”  sözüylə 
“vətəndaş”  ifadəsi  arasında  çox  geniş  sosial  fərq  var.  Sakin,  bir 
ölkədə,  bir  şəhərdə,  bir  evdə  məskunlaşan,  yaşayan,  nə  bilim, 
yemək  yeyən,  su  içən,  tualetə  gedən  adamdır,  vətəndaş‐  ideyaları 
olan,  tənqidçi,  təşəbbüskar,  etiraz  edən  fərddir.  Bayaq  adını 
çəkdiyimiz  şəxslər  əsl  ziyalı  idilər,  vətəndaş  idilər,  hər  ikisindən 
daha  çox  missioner  idilər.  O  missionerlər  Ləmbərandan  Hacı 
Qaranı, 
Danabaşdan 
Məmmədhəsən 
əmini, 
İtqapanlıdan 
Novruzəlini tapıb ələ salırdılar, bizləyirdilər, istəyirdilər Hacı Qara, 
Məmmədhəsən  əmi,  Novruzəli  vətəndaş  olsun,  qəzet  oxusun, 
teatra  getsin,  operaya  baxsın,  səs  versin,  haqqını‐hüququnu  tələb 
eləsin,  zənginlik  davası  döysün.  Onlar  salavat  çəkməkdən,  təsbeh 
çevirməkdən,  şəbeh  çıxartmaqdan,  baş  yarmaqdan,  zəncir 
döyməkdən,  xoruz  döyüşdürməkdən,  it  boğuşdurmaqdan  dala 
qalmırdılar.  Müharibə  gedirdi.  Bir  səngərdə  aydınlarıydı,  o  biri 
səngərdə  feodallar,  təhkimli  kəndlilər,  ruhanilər.  Aydınlar 
çiyinlərini  istər  Romanovların  dövründə,  istərsə  də  Leninin 
inqilabından  sonra  rus  dövlətinə  söykəyirdilər.  Ruslar  quzey 
Azərbaycanı  İranla  savaşaraq  işğal  etmişdi,  cəmiyyəti  İranın 
təsirindən  qurtarmaq  istəyirdi,  ziyalıların  qabağına  yekə  çızıq 
çəkmişdi,  buyurun,  öz  toplumunuzu  nə  qədər  istəyirsiniz  tənqid 
edin, ancaq dövlətə toxunmayan. Bu minvalla dövlət xalqı kiçildir, 
vətəndaşı  inkişaf  etməyə  qoymurdu,  aydınlarımız  isə  problemin 
özəyinə gedə bilmirdilər.  
 
164

‐  Halbuki,  Avropa  aydınları  əsas  sualı  dövlətə 
ünvanlamışdılar‐  Azinin  sözü  bu  yerə  gətirməsi  lap  ürəyimcə 
oldu: 
‐ Onlar “kim və necə idarə etməlidir” sorusuyla xalqları öz 
dövlətlərinə,  krallarına  və  imperatorlarına  qarşı  etiraza,  üsyana, 
inqilaba,  vətəndaş  müharibələrinə  hazırlayır;  daha  azad,  daha 
zəngin,  daha  maraqlı  yaşamağa  çağırırdılar.  Onlar  xalqa  yox, 
dövlətə  qarşı  çıxırdılar.  Azərbaycan  aydınlıq  hərəkatında  yeni 
dönəm başlayır. Uzun illərdir Azərbaycanda axtarılan yeni aydın 
o  adamdır  ki,  dövlətə  qarşı  çıxsın.  Dövlətin  mükafatına, 
təqaüdünə,  fəxri  adına,  imtiyazına  yaxın  durmasın,  verdiyi  evdə 
yaşamasın,  bağışladığı  maşında  gəzməsin.  Ədəbiyyat,  kino, 
rəssamlıq, musiqi, kəsəsi, mədəniyyətin bütün sahələri dövlətdən 
ayrılmalıdır.  Yazıçı  əsərini  satıb  pul  qazanmalıdır,  rəssam 
tablosunu.  Dövlətə  qarşı  çıxmayan  sənətin  dəyəri  yoxdur.  Onu 
yaradan  insan  işıqdan  məhrumdur.  Azərbaycanda  ziyasızın 
obrazı  var,  ziyalının  obrazı  yox;  qaranlığın  obrazı  var,  aydınlığın 
yox!  Hələki  bizim  əsl  aydınımız  Kefli  İskəndərdir‐  heç  vaxt 
dövlətin  çətiri  altında  yaşamadığına  görə.  Bu  gün  dövlət 
Azərbaycanda  savadlı  adama  iki  seçim  tanıyır‐  ya  mənə  xidmət 
edəcəksən, 
kef 
çəkəcəksən, 
ya 
da 
ay 
İskəndər, 
marginallaşacaqsan.  
‐  Qorxmayın  marginallaşmaram!‐  bayrama  gəlmiş  tələbə 
xalaoğlum bizi salamladı.  
Haqq‐nahaq  Zahid  oğlunun  “Əbubəkr”  məscidində 
gödəkşalvar əxilərə qoşulacağından əndişələnirdi, xalam “Dalğa” 
Gənclər  Hərəkatının  yırtıqşalvar  gədələrinə.  Uşağı  gözümçıxdıya 
salmışdılar.  İskəndər  uşaq  deyildi,  pis  gözə  tikan  batsın,  boylu‐
buxunlu  gənc  olmuşdu,  tellərini  yan  daramışdı,  Küy  kəndindən 
gəlirdi. Ərik arağı Azinin dilini açmışdı:  
‐  Qaqa,  tabe  olan,  razılaşan  adam  heç  zaman  inkişafa 
xidmət  etmir.  Dünyadakı  bütün  kəşflər  və  yeniliklər  etiraz  edən 
adamlara  məxsusdur.  Etiraz‐  düzgün  olanı  axtarmaqdır,  daha 
 
165

düzgünü  bulmaq  iddiasıyla  düzənə  qarşı  çıxmaqdır.  Türkiyədə 
1997‐ci  ildəki  seçkilərdə  Bülənt  Ecevit  mitinqdə  çıxış  edir:  “Bu 
düzən  dəyişəcək!”  Bir  vətəndaş  qışqırır  ki,  “düzənlər  halından 
məmnun,  düzülənlər  nə  zaman  dəyişəcək?”  Haqlı  sualdır! 
Düzülənlər dəyişməlidir! Düzənlər düzənə qarşı çıxanları həmişə 
cəzalandırmağa,  özlərini  qorumağa  çalışırlar.  Amma  düzən 
cazibədar olduğu qədər də itələyicidir. Onun cazibəsinə düşənlər 
öz  enerjilərini  itirirlər,  düzənin  itələdiyi  adamlarınsa  enerjisi 
yığılır  və  etiraza  çevrilir.  Etiraz‐  enerjinin  candan  çıxma,  sərf 
olunma  formasıdır.  ETiraz  yeni  nələrsə  ETməkdir!  Etiraz 
submədəniyyətdir.  Bu  submədəniyyətə  malik  olmayan  xalqlar, 
cəmiyyətlər  başlarının  üstündə  həmişə  diktatorlar  görməyə 
məhkumdurlar.  Biz  çalışmalıyıq,  əlləşib‐vuruşmalı,  ETiraz 
submədəniyyətinə qarşı duran streotipləri sındırmalıyıq. Budur o 
streotiplər:  
Dünyayla  öz  münasibətlərini  aydınlaşdırmaq  istəyəndə 
adama iki öyüd verirlər; deyirlər ki, bala, “dünya belə gəlib, belə 
gedəcək”,  “sən  dünyanı  düzəldən  deyilsən.”  Buyur,  tarixə  bax, 
inkişaf  eləmiş  xalqların  həyatına  nəzər  sal,  dünya  gəldiyi  kimi 
getmir, dəyişir, yeniləşir, canlanır. Dünyanı dəyişdirən adamların 
hamısını  ETiraz  submədəniyyəti  yetişdirib.  Düzənlərin  itələdiyi, 
qəbul  eləmədiyi  adamlar  dəyişib  dünyanı.  Qorxma!  Təkliyindən, 
kasıblığından,  düşüncələrinin  qəbul  edilməməsindən  qorxma! 
Dünyanı dəyişə bilməyəcəyindən qorxma!   
Haçan  özünü  dünyaya  elan  elədin,  ikinci  öyüdü 
eşidəcəksən: “hökumətlə hökumətlik etmək olmaz.” Niyə olmaz? 
Mənim  əzizim,  o  toplumlar  yaxşı  yaşayırlar  ki,  hökumətlə 
hökumətlik  edirlər,  onlardan  hesabat  istəyirlər,  istədiklərini 
görəvə  gətirir, istədiklərinin dalından dəyirlər.  
Bu səddi aşanların üçüncü boyunduruq gözləyir. Böyüyün 
sözünə  baxmayanın  böyürə‐böyürə  gedəcəyinə  inandırmaq  üçün 
bütün tayfa məşvərətə yığışacaq: Əyil! Allahın qabağında diz çök, 
dövlətin qabağında iki qat ol, böyüyün qabağında başını aşağı sal! 
 
166

Onlara  sual  et:  Allahın  qabağında  diz  çökən,  dövlətin  qabağında 
iki qat olan, böyüyün qabağında başını aşağı salan bircə ləyaqətli 
cəmiyyət, zəngin toplum göstərə bilərsinizmi mənə?  
Bu  gün  Qərb  dünyası  ona  görə  barışa,  rifaha,  zənginliyə 
qovuşub ki, etiraz enerjisi toplumun hərəkətverici gücünə çevirib. 
Martin  Lüterin  xristianlığın  bir  məzhəbi  olaraq  meydana 
çıxartdığı  PROTESTantlıq  insanlara  bütün  atalara‐  kilsədəki 
mənəvi  ataya,  çöldəki  dövlət  ataya,  evdəki  bioloji  ataya  qarşı 
çıxmaq haqqını tanıdı. Ataları adamların boynundan düşürdü. Ən 
böyük  sənsən!  Öz  başını  özün  saxla!  Öz  həyatını  özün  qur!  Səni 
razı  salmayan  nə  varsa,  ona  qarşı  çıx!  Bil  və  agah  ol:  Sən Həzzin 
övladısan, Həzzdən yaranmısan və Həzzə can atırsan!   
Samovar həzin‐həzin cüyüldəyəndə “Daqqa” Kazım gəldi. 
Gəldimi, 
göndərdilərmi?‐  xalam  him  elədi:  “artıq‐əskik 
danışmayın  yanında”.  Zahidin  kefinə  soğan  doğrandı.  “Daqqa” 
Kazım onun dost‐doğma xalası oğlu və kənddə hakim partiyanın 
özək  sədriydi.  Özünü  dünyada  hamıdan  ağıllı  sayır,  hər  kəsə 
məsləhət  verir,  oturduğu  hər  yerdə  Ulu  Öndəri  təbliğ  edirdi. 
Təklif  gözləmədən  daqqa‐daqqa  palaza  oturdu,  soruşan  olmasa 
da, təzəcə aldığı maşını təriflədi, oğluna tikdirdiyi evdən danışdı, 
hərləyib‐fırlayıb sözü seçkilərdən saldı, çağrılmış bayatılara keçdi:  
‐  Demə  belə  deyir,  sənin  gərək  villaların  olaydı,  dalında 
cangüdənlər  gəzəydi.  Özünə  umac  ova  bilmirsən,  başqalarına 
əriştə  kəsirsən.  Evində  yox  urvalıq,  könlündən  keçir  darğalıq. 
Deftat  olmaq  istəyirsən.  Səni  deftat  qoyarlarmı  heç?  Demə  belə 
deyir,  hər  evin,  hər  rayonun,  hər  ölkənin  öz  ağsaqqalı  var.  Sən 
katifin‐  “Daqqa”  Kazım  icra  başçısına  “katib”  deyirdi‐    ağzını 
aramamış,  hökumətin  əleyhinə  çıxannara  qoşuluf  deftat  olmaq 
istəyirsən.  Deyərdin,  gedəydik  qəbuluna,  gənəşəydin,  o  da 
deyəydi namizədliyini ver, ya vermə. Demə belə deyir, kəllən var, 
əlin‐qolun var, get özünə gün ağla, dədənin‐nənənin qara gününü 
fikirləş... 
 
167

‐ Demə belə deyir, görürsən də Kazım dayıda nə hikmətlər 
var, atalardan cüt‐cüt sitat gətirir ‐ Azini qızışdırdım. 
‐ Kazım, bilirsən nə var?‐ Azin gerçəkdən qızışdı‐ yaranan 
gündən hakim partiyanın üzvüsən, səhv eləmirəmsə. 
‐ İlk gündən!‐ “Daqqa” Kazım fərəhləndi.  
‐  Oğlunu  yol  polisində  işə  düzəltməyə  nə  qədər  rüşvət 
vermisən?  
‐ Belə dana, bir az tərrədim... 
‐ Bəs ali məktəbə girəndə nə qədər “tərrəmişdin”? 
‐  Testdə  rüşvət  yoxdur  ha,  a  bala.  Gədə  öz  kəlləsinə 
girmişdi.  
‐ Sənin gədən niyə ali məktəbə rüşvətsiz girir, işə pulla?  
‐ Çıxardajax dana... 
‐ 
Haradan 
çıxardajax? 
Haqsız‐hüquqsuz 
millətin 
canından? Ayıb deyil? Utanmırsan? Utanmaz‐utanmaz mənə ağıl 
verirsən.  Bilirsən  ki,  sənin  Ulu  Öndərin  hakimiyyətə  bircə  il  tez 
qayıtsaydı, bu ölkədə test sistemi olmayacaqdı? Mən, Fateh Mirzə, 
on  minlərlə  kasıb‐kusub  universitet  üzünə  həsrət  qalacaqdıq? 
Bəlkə  sənin  tayların  uşağına  rüşvətlə  diplom  alardılar  onda, 
amma  biz  100  faiz  papağımızı  günə  verəcəkdik!  Bayaqdan 
gəlmisən,  görməmiş‐görməmiş  danışırsan,  guya  sizlər  ağıllısınız, 
bizlər  səfeh.  Siz  sadəcə  görməmişsiniz!  Geridəqalmışsınız!  Mən 
pul  qazanmağın  yolunu  sənin  o  oliqarx  nazirlərindən  yüz  dəfə 
yaxşı  bilirəm,  bu  ölkədə  intellektlə,  ləyaqətlə  pul  qazanmaq 
olmur,  bizim  davamız  bunun  üstündədir.  Sənin  müfəttiş  oğlun 
yolda  ona‐buna  əl  açır,  yadında  qalsın  Daqqa,  mən  bunu  özümə 
sığışdırmaram!  Xalqın  canından  çıxan  mənə  lazım  deyil.  Mənim 
həyat amalım yaltaqlanaraq, xalqı soyaraq qəsrdə yaşamaq deyil, 
mən  “qara  gün”  düşüncəsinin  adamı  deyiləm.  Siz  qara  günün 
adamlarısınız,  mən  ağ  gələcəyin,  fərqimiz  budur!  Get  səni  bura 
göndərənlərə  de  ki,  Azin  zirzəmidə  də  yatsa,  türməyə  də  düşsə 
azadlığa xəyanət etməyəcək, köləliklə razılaşmayacaq! Öz meşşan 
 
168

dəyərlərini  mənə  sırımağa  çalışma,  saqın  mənə  ağıl  öyrətmə  və 
axırıncı dəfə olsun, göndərsələr də, bir də mən olan yerə gəlmə!  
“Daqqa”  Kazım  suyu  süzülə‐süzülə  durub  getdi.  Zahidin 
kefi açıldı.  Əli Kərimin “Babəkin qolları” şeirini dedi: 
Qolu sındırılmış Babək, 
Yurdu yandırılmış Babək, 
Qan rəngli bir arabada, 
Şərq boyda bir xarabada, 
Söyə‐söyə, 
Döyə‐döyə, 
Hamıya görk olsun deyə,  
Kənd‐kənd gəzdirilən Babək, 
Ölübən‐dirilən Babək; 
Qollarını görməyəndə, 
Azca rahat olan Babək,  
Bir qırmızı yuxu içrə,  
Uzaqlara dalan Babək, 
Deyən Babək: ‐ Aman dostlar, 
Hücum çəkin qoşun‐qoşun, 
Orda mənsiz qılınc çalan, 
Qollarımla bir vuruşun!    
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin