Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   2   3   4   5   6   7   8   9   ...   15

Yaşik YA!  
 
 
CƏRGƏ 
 
Quşbaşı  qar  yağırdı.  Quşa  dönmüşdüm.    Qurtulurdum 
artıq.  “Qumbara”  kafesində  oturmuşduq.  Baş  leytenant  Qubalı, 
baş  leytenant  Quliyev,  gizir  Qubadov,  gizir  Qurbanov  və  gizir 
Qunduzovla birgə ordudan tərxis  olunmağım haqqında  müdafiə 
 
14

nazirinin  verdiyi  əmri  yuyurduq.  Gecə  bölüyə  cavabdeh  qalmış 
gizir  Qulamov  günortadan  evə  getmişdi.  Bölük  komandiri, 
kapitan  Quluncovun  hərbi  hissədə  işi  vardı,  avtomatların 
qundağını  rənglədirdi.  Müftə  yeməyi  əldən  buraxmazdı,  özünü 
yetirəcək,  divardakı  yarıçılpaq  estrada  ulduzlarına  baxa‐baxa 
Natadan  danışacaqdı.  Rusiyada  hərbi  məktəbdə  oxuduğu  illərdə 
məşuqəsi  Nata  ilə  yaşadığı  intim  həyatın  bütün  detallarını 
bilirdik,  min  dəfə  eşitmişdik,  minbirinci  gecənin  nağılına  qulaq 
asmağa həvəsim olmadığından, yubanmağı ürəyimcəydi. Həm də 
ona  görə  ürəyimcəydi  ki,  onun  Natayla  macəralarını  gizirlərin 
içində  danışması  baş  leytenant  Qubalının  NATO  zabiti  şərəfinə 
xələl  gətirirdi.  Natadan  söz  düşəndə  Qubalı  göz‐qaşını 
oynadacaq,  stolda  zabit‐gizir  ayrıseçkiliyi  yaranacaqdı.  Hərçənd 
bizim  bölükdəki  gizirlərdən  biri,  lap  dəqiqi,  Qurbanov  hərbi 
hissədəki  yeganə  qadın  zabitlə  evlənmişdi.  Söz‐sözə  gələndə 
“mən evdə zabit... əstəğfürullah” deyərək arxasını yerə vermirdi. 
Baxmayaraq  ki,  gizir  Qurbanovun  qonşuluğunda  yaşayan  hərbi 
qulluqçular  leytenant  xanımın  gecələr  verdiyi  “farağat” 
komandasından səksəkəyə düşmüşdülər. Zabitənin o komandanı 
kimə,  yoxsa  nəyə  verməsi  hərbi  hissədə  əsas  lağlağı 
mövzularındanıydı.  Gecələr  yalnız  farağat  komandasının  verilib, 
“azad”  komandasının  verilməməsi  də  məsxərəyə  qoyulardı. 
Bayağı  lağlağılar,  məsxərələr  eşitməyəcəkdim  daha.  İki  həftədir 
yolunu  gözlədiyim  göyçək  əmr  hərbi  hissəyə  günortaya  yaxın 
yetişmişdi.  Vaxt  itirmədən  təhvil‐təslimə  başlamış,  axşamacan 
qaiməni  əksər  rəislərə  imzalatmışdım.  Kazarmada  kürkümü 
çıxardıb  gün  nöbvətçisinə  vermiş,  günlüyümü  qonşu  bölükdəki 
ehtiyyatdan  çağırılmış  leytenanta,  toqqamı  dembellərdən  birinə 
bağışlamışdım. Çəkməmi və  formamı gizir Qurbanov istəmişdi.  
Əlimə  pul  gələcəyini  bildiyindən  hərbi  şəhərcikdəki 
kafenin Qubadlıdan qaçqın düşmüş sahibi “Quşbaz” Niyaz qulağı 
bizdə  ola‐ola  oğluna  göstəriş  verir,  masaya  bir  ucdan  quzu  əti, 
qutab,  kotlet,  salat,  spirtli  və  spirtsiz  içkilər  göndərirdi.  Gizir 
 
15

Qurbanov, adəti üzrə, ilk qədəhdən keflənmişdi. Qunduzov arağı 
çappa stəkanla içsə də, üzündə sərxoşluq  əlaməti gözə dəymirdi. 
Can  qardaş‐  ləzgi  idi‐  fal‐fal  doğranaraq  üstünə  nar  sıxılmış 
soğana əl uzadana göz ağardır, Niyazın tərifləyə‐tərifləyə masaya 
yolladığı soyutma tikələri, kotletləri içəri ötürürdü. Baş leytenant 
Qubalı hər qədəhin dalınca siqaret alışdırır, bir‐iki qullab vuraraq 
quyruğunu  qaldırıb  belinin  tirinə  qoyur,  bizi  tüstüyə  verirdi. 
Quliyev  tez‐tez  xəyala  dalırdı.  Həmişə  bəxtindən  gileylənən  və 
özündən şübhəli olan gənc zabit canımı qurtarmağıma qibtə edir, 
mənə  bəxtəvərçilik  verirdi.  Gizir  olmasına  baxmayaraq, 
hörmətinə  görə  kiçik  zabitlərlə  bir  tutulan  Qubadov  hissəyə 
gəldiyim  ilk  günləri  xatırlayır,  tabor  komandirinin  tapşırığıyla 
cavabdehlik  prosesini,  günün  nizam  qaydalarını  öyrənmək  üçün 
onunla  növbədə  qaldığım  gün  məni  xamlayaraq  cərgəyə 
qoyduğunu,  bölüklə  birgə  otuzdurub‐qaldırdığını  danışır, 
gülürdük.  Ertəsi  gün  əhvalat  bütün  tabora  yayılmışdı,  tabor 
komandiri,  mayor  Aranlının  da  qulağına  çatmışdı,  zabitlə 
məzələnmək  gizir  Qubadova  baha  başa  gəlmişdi,  cavabdeh 
saxlanıb  evə  buraxılmamışdı.  Həmin  gün  tabor  komandiri  öz 
yanına çağıraraq boyumu yerdən çıxartmış, yaxşı zabit olacağımı 
təxmin  etməklə  qoltuğumu  qarpızlandırmışdı.  Yola‐yolağaya 
bələd olanda mən özüm də Qubadovdan acığımı çıxmışdım, giziri 
qarovulda  normadan  artıq  yatmağa  qoymamış,  əlinə  nizamnamə 
verib şəxsi heyətə oxutmuşdum. Yalanın, kələyin norma olduğu o 
mühitdə  dürüstlüyünü  xeyli  dərəcədə  qoruyub  saxladığından 
yoldaşlığımız tutmuşdu.  
Hə, Fateh Mirzə, ‐ gizir Qubadov sağlıq dedi: 
‐  Cərgədə  heç  kimin  yeri  boş  qalmır,  amma  dolmur  da.... 
Zarafat  edirəm,  ‐  o,  yerində  qurcalanıb  ciddiləşdi‐  biz  orduya 
təkcə  canımızı  yox,  həm  də  adımızı  qoyub  gedirik.  Bəzilərinin 
gözündə  sən  orduya  leytenant  gəlib,  leytenant  getdin;  mənim 
nəzərimdə kişi kimi gəlib, kişi kimi gedənlərdən oldun”‐ sözünün 
 
16

o  biri  ucu  tağım  komandirini,  rütbə  üçün  sinov  gedən  baş 
leytenant Qubalını tuturdu.  
Qədəhlərimizi 
boşaltdıq. 
Niyaz 
dayı 
ortalığa 
öz 
hesabından  təzə  araq  qoydu,  bizə  qoşularaq  sağlığıma  badə 
qaldırdı.  
“Ay  bləd,  bölük  kef  edir,  heç  gör  rota  komandirini 
gözləyən varmı?”‐ arxası qapıya oturmuşdum, içəri girən kapitan 
Quluncovun üzünü görmədim, səsini eşitdim:  
‐  Bləd,  gedən  tağım  komandiri  nə  slujbada  quyruq  ələ 
verdi, nə də drujbada, görək təzə tağım komandiri kollektivə necə 
girəcək?  Deyəsən,  qayınanası  çox  istəyir,  yeməyin  üstünə  gəlib 
çıxıb...”  
Yerimə  gələn  tağım  komandirini  görmək,  kadr  yoxsa 
ehtiyyatdan  çağırılmış  zabit  olduğunu  bilmək  marağıyla  dala 
baxdım.  Ay  bləd,  qurudum  qaldım.  Kor‐kor,  gör‐gör,  qarşımda 
Azin Kürəçi durmuşdu.  
Bizim  tanış  çıxmağımız,  qonşu  kəndlərdən  olmağımız, 
hətta  paralel  siniflərdə  oxumağımız  maraqlı  təsadüf  sayılaraq 
stolda  çox  danışıldı.  Təzə  tağım  komandiri  kollektivə  girəndə 
süfrədə liderliyi ələ alaraq kapitan Quluncovun quluncunu əlüstü 
sındırdı.  
Biz kafedən çıxanda artıq gec idi. Şəhərcikdə məskunlaşan 
qaçqın  taksi  sürücüləri  NBM‐in  qabağında  müştəri  gözləməyib 
evlərinə dağılmışdılar. Cib telefonuna zəng edərək Adışirin dayını 
çağırdım. Adışirin dayı ilə sözüm‐söhbətim tuturdu, o olan yerdə 
başqasının  maşınına  minməzdim.  Maşına  dörd  nəfər  oturduq. 
Kapitan  Quluncov  tabor  üzrə  cavabdeh  qaldığından  bizimlə 
getmədi,  bizimlə  gedən  digər  hərbi  qulluqçular  yaxınlıqdakı 
qəsəbədə düşdülər. Fürsəti fövtə vermədim:  
‐ Qağa, sən hara, buralar hara?  
Başına 
gələnləri 
uzatmadı. 
Parlament 
seçkilərində 
“Azadlıq” blokunun 94 saylı Bərdə seçki dairəsindən deputatlığa 
namizədi olmuş, səsvermədə qalib gəlmişdi. İqtidar, türkün sözü, 
 
17

onun  əlinə  deputat  mandatı  əvəzinə  çağırış  vərəqəsi  vermişdi. 
İstehza  etməyə  haqqı  vardı,  əlbəttə.  İqtidarın  başını  ağrıdan 
jurnalistləri, siyasətçiləri, QHT fəallarını orduya yollaması birinci 
hal deyildi. Özü də onların çoxunu ön cəbhəyə, səngərə salırdılar, 
adətən.  Görünür,  Azini  arxa  cəbhəyə,  paytaxtın  yaxınlığında 
yerləşən  hərbi  hissəyə  göndərməklə  iqtidar  öz  rəqiblərinin 
reytinqini  qaldırmaq,  cəfakeş  və  qəhrəman  obrazlarını  yaratmaq 
istəməmiş,  əksinə,  ordunun  “cəzaçəkmə  müəssisəsi”  olmadığını 
sərgiləməyə cəhd göstərmişdi. 
Azini  tapdım.  Birlikdə  tabor  komandirinin  tərbiyəvi  işlər 
üzrə  müavini,  mayor  Nadir  Hüseynovun  yanına  getdik.  Hərbi 
hissə  komandirinin  cərgədə  “zampolit  Quseynov”  çağırdığı  bu 
zabit ağıllı, güclü və insansevər adamıydı. Onun sağlığına içəndə 
həmişə  rus  yazıçısı  Anton  Çexovdan  sitat  gətirərdim: 
“insansevərlik istedaddır!” Gətirdiyim sitatı belə izah edərdim ki, 
talant  insana  uğur  qazanmağa,  insansevərlik  cəmiyyətə  faydalı 
olmağa  kömək  edir.  Mayor  Hüseynov  faydalı  adam  idi.  Çox 
kasıbın  balasını  qorumuşdu,  umacaqsız‐filansız  düzü  əyrinin 
ayağına  verməmişdi.  Qurdalasan,  onun  yolunda  ölümə  gedən, 
heç  olmazsa,  bir  əsgər  çıxardı  cərgədən.  Mənə  də  çox  köməyi 
dəymişdi.  Aradakı  yaş,  rütbə,  mövqe  fərqini  qırağa  qoyub 
dostlaşmışdıq. Hərdən evinə aparar, qonaqlıq verərdi. Özü içməsə 
də,  daim  soyuducuda  meyvə  arağı  saxlayardı.  Mənim  meyvə 
arağından  vuraraq  bala‐bala  sərxoş  olmağımı  seyr  edər,  yüzü 
adlayıb  fəlsəfədən,  ədəbiyyatdan,  sivil  dünyadan  danışmağıma 
ləzzətlə  qulaq  asar,  söhbət  Azərbaycandan  düşəndə  başını 
bulayardı.  O,  başını  bulayaraq  yalana  və  yenilgiyə  etiraz  edirdi. 
Yalana və yenilgiyə nifrət etmək bizim ortaq cəhətimiziydi. Mayor 
Hüseynov  Qarabağ  uğrunda  döyüşmüş,  yaralanmış,  qar  altında 
qalmış,  ölümdən  təsadüfən  xilas  edilmişdi.  Hərbi  sahədə  təhsil 
almasa da, yenilgini içinə sindirmədiyindən ordudan getməmişdi. 
Orduda  qalmasına  peşman  deyildi,  peşman  olmasa  da,  məmnun 
da sayılmazdı, səbirsizliklə istefaya çıxacağı günü gözləyirdi. 
 
18

Mayor  Hüseynovun  kazarmadakı  otağının  açarı  çox 
zaman məndə olardı. Hərbi hissədə gecələyəndə otaqdakı stulları 
yan‐yana  düzər,  üstünə  uzanıb  gözümün  çimirini  alardım.  İçəri 
tək  girəndə  heç  zaman  qapını  döyməz,  hərbi  subardinasiya 
qaydalarına ancaq yanımda adam olanda əməl edərdim. Ənənəni 
ilk  dəfə  pozub  qapını  taqqıldatmadan  açdım,  “gələn  mənə  çox 
yaxın adamdır” mesajını verdim.  
Tabor  komandirinin  müavini  zabitlərin  konspektlərini 
yoxlayırdı.  Məni  mülki  geyimdə  birinci  dəfə  görməsə  də,  
məzələnməyə ipucu tapmaq niyyəti ilə üst‐başımı xeyli süzdü:  
‐ Bəs qalstuk niyə vurmamısan, Fateh Mirzə? 
‐  Mənə  qalstuk  hədiyyə  edəcəyinizi  eşitdim,  qəsdən 
taxmadım ki, fikrinizi dəyişməyəsiniz! 
‐  Məndən  olsa  heç  qalstuk  taxmarsan,  şair  hara,  qalstuk 
hara?!  Sənə  dəbilqə  düşür,  bəlkə  onda  başını  salamat  aparasan 
gora...  
‐ Qoy o dəbilqə Azin Kürəçiyə qalsın, təki onun başına bir 
iş gəlməsin burada.  
“Zampolit”  sərraf  adamıydı,  quşu  qanadından,  adamı 
gözündən  tanıyardı,  bir  yana  baxanda,  Azini  ona  tərifləməyim, 
yerli‐yataqlı  təqdim  etməyim  artığıydı,  Kürəçi  orduda  baş 
çıxaracaq,  barmaqla  göstərilən  zabitlərdən  olacaqdı.  Buna  şəkk 
eləmirdim, sadəcə, ürəyim durmurdu. Uşaqlıq dostumun orduya 
mümkün  qədər  tez  uyğunlaşmasını  arzulayırdım.  Mayor 
Hüseynovla  dostlaşarsa,  özünü  hərbi  hissədə  tənha,  adamlardan 
uzaq  hiss  etməyəcəyini  düşünürdüm.  O  acını  mən  yaşamışdım. 
İnsanın  bütün  keyfiyyətlərinin  heçə  sayılıb,  sadəcə,  saya  gələn, 
sıraya  düzülən,  cərgəyə  qoyulan  varlığa  dönüşünün  nə  qədər 
çətin  olduğunu  bilirdim.  Ürəyimə  dammışdı  ki,  mayor 
Hüseynovun  qulluq  etdiyi  tabora  təsadüfən  salmayıblar  Azini. 
Əgər  başına  bir  iş  gəlməsini  istəmirdilərsə,  onu  professional 
şəkildə  xətadan‐bəladan  qoruyacaq  zabit  məhz  mayor  Hüseynov 
idi; ortaya ayrı niyyət çıxsa, tabor komandirinin müavinini Azinin 
 
19

gözünə  qatacaq,  belə  demək  mümkündürsə,  qurunun  oduna 
yandıracaqdılar.  Təmizliyi,  peşəkarlığı  və  ötkəmliyi  ona  qarşı 
çoxlarında,  o  cümlədən  üst  düzeydəki  zabitlərdə  bəzən  qıcıq 
yaradırdı. Bunu yaxşı başa düşən mayor Hüseynov siyirməsindən 
“tağım  komandirləri  ilə  fərdi  söhbət  dəftəri”ni  çıxartdı,  mənə 
uzadaraq  son  tapşırığını  verdi:  “yoldaş  zabitlə  bağlı  qeydlər 
apar!” Fərdi söhbət dəftərinin belə tez yada düşməsi o demək idi 
ki, mayor Hüseynova Azin Kürəçi haqqında hələ söz deyilməyib, 
deyilərsə, onda işini ehtiyyatlı tutan zabit başını aşağı salmayacaq.  
Mayor  məzuniyyətdə,  yaxud  hospitalda  olanda  vəzifəsini 
daxili 
əmrlə 
mən 
icra 
edərdim, 
işinin 
incəliklərini 
mənimsəmişdim. 
Dəftəri 
alaraq 
Azin 
Kürəciylə 
“dərin 
məzmun”lu  fərdi  söhbət  apardım,  ona  düşmən  tapdağı  altında 
qalmış  Qarabağdan,  əsir  düşmüş  qız‐gəlinlərdən,  silahlı 
qüvvələrin  səbirsizliklə  Ali  Baş  Komandanın  döyüş  əmrini 
gözlədiyindən, ordu  quruculuğunun günbəgün genişləndiyindən 
danışdım,  yeni  tağım  komandirini  içdiyi  hərbi  anda  sadiq  zabit 
kimi xarakterizə etdim. Andıra qalaydı onun içdiyi and...  
Azin Kürəçi rütbə almamışdan qabaq and yerinə BDU‐nun 
hərbi  hazırlıq  kafedrasının  müəllimləri  ilə  sərin  NZS  pivəsi 
içmişdi.  Üstündə  pivə  almağa  qara  quruş  olmadığından 
yataqxanaya  gəlmiş,  məndən  borc  istəmişdi.  Onun  hərbi  and 
əvəzinə bir balon pivə içməsini gözümlə gördüyümdən söhbətin o 
hissəsini  xüsusi  pafosla  yazdım  və  dəftəri  əvvəlcə  Azinə,  sonra 
mayor  Hüseynova  verdim.  İmzalama  mərasimi  bitəndə  mayor 
Hüseynov Azinə xırdalamağa başladı:  
‐  Yoldaş  leytenant,  mən  o  adama  dəstək  verərəm  ki, 
verilən  tapşırığı  icra  eləyəndə  çətinliklərlə  qarşılaşsın.  O  adamı 
himayə edərəm ki, zəif, aciz, sadəlövh olsun, başına qapaz vurub, 
çörəyini  əlindən  almasınlar.  O  adamın  hörmətini  saxlayaram  ki, 
vicdanlı  və  mərd  olsun.  Mən  sənə  hörmətlə  yanaşacağımı  hiss 
edirəm.  Sənə  dəstək  vermək  mənim  vəzifə  borcumdur.  Sən  zəif 
adam  deyilsən,  qazılsa,  sənə  elə  gen  quyu  qazılacaq  ki,  məni, 
 
20

yaxud  tabor  komandiri  Aranlını  da  içinə  yumalaya  bilsinlər. 
Dünyanın  istənilən  ölkəsinin  ordusunda  iki  cür  nizam  var.  Bu 
nizamın  birini  yazılmış  qanunlar  yaradır,  digərini  yazılmamış. 
Qorxaqlar  yazılmış  qanunlara  tabe  olur,  səfehlər  yazılmamışlara. 
Ruslar  haqlı  deyirlər,  nizamnamə  doqma  deyil.  Bir  zabitin 
ordunun  yazılmamış  qanunlarına,  o  cümlədən  insaniyətə  məhəl 
qoymayıb,  dünyaya  nizamnamə  tələblərindən  baxması  ona  şərəf 
qazandırmaz. Nizamnamənin tələblərini kobudcasına pozmaq da 
baha  başa  gəlir.  Sənə  dörd  maddə  söyləyəcəm,  onlar  bütün 
yazılmış  və  yazılmamış  hərbi  qanunlardan  səni  qoruyacaq: 
Həqiqəti  gör,  amma  danışma!  Nə  qabaqda  get,  nə  arxaya  qal! 
Cərgəyə gecikmə! İlk zərbəni sən vurma! 
Otağının  açarını  əlimdən  alıb  Azinə  verdi.  Yeni  tağım 
komandirinə  günorta  fasiləsi  zamanı  orada  dincələ,  gecə  hərbi 
hissədə  qalası  olsa,  stulların  üstündə  yata  biləcəyini  söylədi. 
Otaqdan  çıxanda  mayor  Hüseynovun  maddələrini  Azinə  izah 
elədim:  
‐  Burada  vurulmaqdan  qorxmaq  yolverilməzdir.  Əl 
qaldırmağa  meylli  olanlar  özlərindən  zəif  olanları  təpə‐qapaz 
edirlər. Əgər elə bir parabeyinlə münaqişədən qaça bilməsən, onu 
özünün  güclü  olduğun  müstəviyə  çək.  Əzələsinə  arxayın  olanlar 
hüquqlarına    güvənənlərin  qabağından  yeyirlər.  Qorxduqları 
adamı  şantaj  eləməkdən  çəkinmirlər,  yeri  gələndə.  Düzülüşlərə 
gecikmədin,  cərgəyə  vaxtlı‐vaxtında  durdun,  üzərinə  diqqət 
cəmləmədinsə, başını salamat qurtaracaqsan buradan...     
Kazarmanın  qabağında  ayrıldıq.  Azin  əşya  anbarından 
uniforma almağa getdi, mən ştaba təhvil‐təslim qaiməsinə axırıncı 
qolları  çəkdirməyə  girdim.  İncəvara,  lazım  olan  adamların 
hamısını  yerində  tapdım,  qaiməni  imzalatdım,  sonuncu  qol 
dalınca  hərbi  hissə  komandirinin  yanına  qalxdım.  Komandir 
mülki həyatımda mənə uğurlar dilədi: 
‐ Deyirlər, yerinə gələn tağım komandiri qohumundur...   
 
21

‐  Xeyr,  yoldaş  polkovnik,‐  komandir  əslində  polkovnik‐ 
leytenant  olsa  da,  hərbi  hissənin  zabit  və  gizirləri  rütbəsini  bir 
pillə  qaldırmaqla  ona  kompliment  deyərdilər‐  qohumum  deyil, 
qonşu  kənddəndir,  çoxdan  tanıyıram,  savadlı  və  mübariz 
oğlandır. 
‐  Deyirsən  yəni  müxalifətin  adamıdır?‐  komandir  üzgörə 
məndən söz alırdı.  
‐  Mən  biləni,  o  heç  bir  siyasi  partiyanın  üzvü  deyil,  hərbi 
xidmətə  gələnə  qədər  QHT  sədri  olub.  Sadəcə,  “Azadlıq”  bloku 
cəmiyyətdə  tanınan  və  hörmət  bəslənən  demokratik  fikirli  gənc 
kimi son parlament seçkilərində onun namizədliyini dəstəkləyib.  

 
Sən  yerlinə  ordunun  siyasətdən  kənarda  durduğunu  izah 
edərsən.  Onun  mülki  həyatındakı  siyasi  baxışlarının  mənə  dəxli 
yoxdur,  hərbi  hissə  komandiri  olaraq  mən  ondan  yaxşı  xidmət 
tələb edəcəm. Görüm vaxt tapsam, çağırıb özünə də deyərəm.  
Komandir köhnə qurduydu. Daim quyruğu paçasında gəzir 
və  məhz  qurnazlığı  sayəsində  paytaxtın  həndəvərində  yerləşən 
hərbi  hissəyə  illərdir  komandirlik  edirdi.  Barmağımı  dişlədim, 
dişinin  altında  nə  isə  vardı  onun,  görəsən,  nə  idi  komandiri 
quyruqda  qoyan?  Cavabı  çox  gözləyəsi  olmadım.  O,  masasının 
üzərindəki qəzeti mənə itələdi:  
‐ Yazılanlar düzdür??? 
Qəzetdəki  kiçik  məqaləni  o  qədər  hövsələsiz  oxudum  ki,  
nəşrin adına da fikir vermədim. Məqalədə yazılırdı: “Azin Kürəçi 
universitetdə “boz kardinal”ın oğlu ilə birgə təhsil alıb. O zaman 
tələbə yoldaşının evinə get‐gəl edib və atasının hörmətini qazanıb. 
Görünür, onu müxalifət liderinə çevirmək istəyir iqtidar. Kürəçini 
hərbi  xidmətə  yollamaqda  məqsəd  odur  ki,  orduda  olmaması 
gələcəkdə ona irad tutulmasın. Əgər hökumət onu cəzalandırmaq 
istəsəydi,  ön  cəbhəyə  göndərərdi.  Göndərməyibsə,  deməli,  onu 
qoruyan məmur var.”  
İnformasiya  başdan‐ayağa  yalanıydı,  Azin  Kürəçinin  tələbə 
yoldaşları arasında nəinki “boz kardinal”in oğlu, heç hansısa icra 
 
22

başçısının  qızı  da  yoxuydu.  Zəhləm  getmiş  komandiri  dolamaq, 
yazılan dezinformasiyaya inandırmaq, qarşıdakı ilyarımda Azinin 
xırda‐para  məsələlərdə  “günah  keçisi”  elan  edilməsinə  yol 
verməmək qərarına gəldim:  

 
Yoldaş  polkovnik,  Sizə  bir  söz  deyəcəm,  amma  çox  xahiş 
edirəm,  bunu  məndən  eşitməmiş  olasınız‐  komandirin  çuğullara 
güvəndiyini bilirdim.  

 
Narahat olma, ikimiz də cayıl oğlanıq!   

 
Bilirsiniz,  yoldaş  polkovnik,  yerlim  olduğuna  görə  düz 
çıxmır deməyim... 

 
De, de! Yerlin guya çox bilir qədrini... 

 
Bilirsiniz, yoldaş polkovnik, Azin Kürəçi “boz kardinal”ın 
adamı  olmaqdan  əlavə,  həm  də  general  Quzanlınskinin  qızını 
sevir. Ailələr yaxınlarda quda olacaqlar. 

 
Dogrudan?‐ 
Müdafiə 
Nazirliyinin 
yüksək 
çinli 
qulluqçusunun adını  eşidən polkovnik qulaqlarını şəklədi.  

 
Amma çox xahiş edirəm... 

 
Bir daş altda, bir daş üstdə!‐ sözümü kəsdi.   
Mən  artıq  mülki  vətəndaş  idim,  hərbi  hissəyə  birdəfəlik 
“əlvida”  deyirdim.  Azin  xidmətə  sabahdan  başlayacaqdı.  Belə 
günü  qeyd  eləməyə  dəyərdi.  Özümüzü  “Qumbara”  kafesinə 
verdik.  “Quşbaz”  Niyazın  yanından  lül  dəm  çıxanda  tabor 
komandiri İlkin Aranlı ilə qabaqlaşdıq.  
Mayor  Aranlı  öz  sahəsi  üzrə  bilikli  kadr  idi.  Hərbi 
taktikanı  dərindən  bilir,  toplanışlarda  həmişə  yüksək  bal  yığaraq 
hissənin  üzünü  ağardırdı.  Mülkidən  gələn  zabitlərdən  ağılla 
yararlanar,  taborun  səviyyəsini  qaldırardı.  Dediyinə  görə, 
istənilən  qərarı  verəndə  gözünün  qabağına  şərəf  məhkəməsi 
gəlirdi.  Avtomil  xidmət  rəisi  kimi  yaltaq,  üzlü  və  çoxüzlü 
“çiynində  paqon  gəzdirənlər”in  quyruğunu  bulaya‐bulaya  şərəf 
məhkəmələrinin  keçirildiyi  kluba  girməsini,  söz  alıb  ona  moizə 
oxumasını 
özünə 
sığışdırmırdı. 
Özünü 
başqa 
tabor 
komandirlərinə  tay  tutmaz,  tabeçiliyindəki  zabit‐gizirlərin 
 
23

boğazına  “Quşbaz”  Niyazın  kafesində  şərik  olmaz,  mobil 
telefonunu  həftədə  bir  kərə  dəyişməzdi.  Aranlının  “Siemens” 
markalı  telefonu  o  qədər  köhnəlmişdi  ki,  birdən  zəng  çalardı, 
birdən  yox.  Həmişə  nasaz  olan  “Jiquli”sini  hərbi  şəhərcikdəki 
evinin qabağında saxlayar, məhz maşınını düzəltdirmək ümidi ilə 
oynadığı  “Ailə  sevinci”  lotereyasına  pul  düşməməsini  Allahın 
əlinin  pis  yerdə  olmasına  bağlayardı.  Bizi  görəndə  lopa  bığları 
tərpəndi, mənə göz vurub Azinə  xox gəldi:  
‐  Qudurasan  qurbağa,  mən  bunu  kepka  dalınca 
göndərmişəm,  bu  da  gəlib  mülki  vətəndaşla  “ətirlənir”  Niyazın 
xosmasında...  
‐  Qoy  içsin,  sabahdan  kefi  istəyəndə  ətirlənə  bilməyəcək‐ 
araq  içməyə  “ətirlənmək”  deyən  Aranlıya  öz  jarqonu  ilə  cavab 
verdim.  
‐  Qusmağı  da  var  ha,  içməyin...  Əşi,  əsas  məsələ 
“ətir”lənmək deyil, hərdən yola vermək olar belə şeyləri‐ Azinə öz 
“qızıl maddə”sini başa saldı: 
‐Mənə heç vaxt kəf gəlmə!  
 
*** 
Hərbi xidmətdən qayıtdığım iki ay idi. Yuxudan oyansam 
da, yatağımdan qalxmamışdım. Arabir zəngləşdiyim Azinə mesaj 
yazdım:  “Altda  bizim  canımız  çıxır,  dözürük;  evyıxanlığa, 
əliəyriliyə 
fürsət 
gəzirik; 
hamımız 
xoflanırıq 
ilgəhdən; 
jandarmalar kəlləmizi qoparır; lal, maymaq, nadan oluruq; ölürük 
paxıllıqdan,  ruhumuz  sevinmir,  şərə  tapınırıq;  utanmır  üzümüz, 
vəhşiləşirik; yaltaqlanırıq zalımlara...” Çox keçməmiş cavab gəldi: 
“Hacı  Zeynalabdin  Tağıyev  qəsəbəsində  patrul  rəisiyəm.  Qaydaları 
pozan  hərbi  qulluqçuların  qarşısını  kəsəsiyəm.  Düzünü  bilmək 
istəyirsənsə,  məni  qaydaların  pozulması  yox,  yazılması  narahat  edir...” 
Yataqda  uzanmağa  səbrim  çatmadı,  əynimi  geyinib  Tağıyev 
qəsəbəsinə,  leytenant  Kürəçinin  patrul  xidmətində  olduğu  parka 
getdim.  
 
24

 Azin  öz  köhnə  hərbi  mundirində  gəzməyi  xoşlayan  yaşlı 
rus  proporşiki  söhbətə  çəkmiş,  çənəsinin  altına  salıb  nostalji 
hisslərini  oyatmışdı.  O,  ağzının  suyunu  sıçrada‐sıçrada  keçirdiyi 
gözəl  günlərdən  danışırdı.  Həftəsonları  düzənlənən  rəqs 
axşamlarından,  qadınlarla  macəralarından,  o  zamankı  qayda‐
qanundan, 
səliqə‐sahmandan, 
proporşiklərin 
gül 
kimi 
yaşamasından  ağız  dolusu  dəm  vururdu.  Parkdan  azca  aralıda 
təzə tikilən villaların hündür hasarlara alınmasını anlamırdı, başa 
düşmürdü heç cür.  
Patrul rəisi qoca proporşiki haqsız saymır, ona qıy verirdi. 
Azərbaycanda insanların özlərini gizləmək, qapatmaq meyllərinin 
getdikcə 
gücləndiyindən, 
adamların 
yad 
baxışlardan  
qorxduğundan,  sərbəst  yaşaya,  sərbəst  gəzə,  sərbəst  əylənə 
bilmədiyindən  təngə  gəldiyini  deyir,  restoranlarda  müştərilərin 
kabinetdə  yeyib‐içməsinə,  oturuşunu,  yeyişini,  gülüşünü,  lap  elə 
öpüşünü  başqalarından  gizlətməsinə  qarşı  çıxır,  həmsöhbətini 
qızışdırırdı.  “Düz  deyir  dyadya  Qubin,    “birdən  görərlər,  pis 
baxarlar”  əndişəsi  imkan  vermir  camaat  xoş  gün  görə.  Elə 
deyilmi,  Fateh?‐  verdiyi  sualı  ürəkdən  təsdiqləyib  onu  sabiq 
proporşikdən araladım.  
Hacı  Zeynalabdin  Tağıyev  qəsəbəsində  əvvəllər  rus 
hərbçiləri yaşayıb. Cavanlıqlarının  parlaq keçdiyi dodaqlarındakı 
boyadan bilinən tək‐tük babulyalardan və gödək, seyrək taxtalarla 
çəpərlənmiş xudmani evlərdən özgə qəsəbədə rus izləri qalmayıb. 
Heykəllər  adamlardan  çoxdur  parkda.  Vladimir  İliç  Leninin 
ağacların arasındakı büstünə süpürgə çəkən olmayıb. Lenindən o 
tərəfdəki  abidə  20  yanvar  şəhidlərinə  qoyulub,  yan‐yörəsinə 
çiçəklər  əkilib.  Dörd  addım  aralıda  qəsəbəyə  adı  verilmiş  neft 
milyonçusu  Hacı  Zeynalabdin  Tağıyevə  daş  yonulub.  Başqa  bir 
heykəl  yerli  camaatın  Ulu  Öndərə  sevgisini  əks  etdirir.  Sevgi 
qarşılıqsız deyil: “Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin dünyada 
özünəməxsus yeri vardır!” 
 
25

Patrulların  nahar  fasiləsi  çatmışdı.  Parkdan  çıxmağı  təklif 
etdim.  Bazarın  tinindəki  Nuh  əyyamından  qalma  qəlyanaltının 
pəncərəsində bir şüşəni üzərinə “Xaş” yazılmış karton kağız əvəz 
edirdi.  Qəsəbənin  ən  təmiz  iaşə  obyektinin  yay  bərkidilmiş 
qapısından ehtiyyatlı olduq. Stol və stullar qırıqdı, qənd qablarına 
atılmış  konfetlərin  kağızında  əl  qalınlıqda  kir  vardı.  Piştaxtanın 
küncündəki  göstərməyən,  ancaq  səsi  çıxan  köhnə  sovet 
televizoruna “radio” demək daha düzüydü. Protez dişli xidmətçi 
ağlına  verəndə  qablamasını  dəsmala  büküb  cibinə  qoyur,  ürəyi 
istəyəndə cibindən çıxardıb ağzına salırdı; deyəsən, qəlyanaltının 
sahibi də elə özüydü. Daimi müştərisi ilə qabaq‐qabağa çay içirdi. 
Söhbətlərindən  belə  çıxırdı  ki,  müştəri  cavanlıqda  hərbçi  olub, 
ətrafdakı  hissələrin  birində  proporşiklik  edib.  Proporşik  qabaqkı 
komandirlərin  şəxsi  heyətə  etdiyi  zülmlərdən,  “kombriq”dən, 
“kombat”dan, “zampolit”dən it kimi qorxmağın vacibliyindən və 
evinə 
daşıdığı 
kartof 
taylarından, 
dondurulmuş 
balıq 
yeşiklərindən, yağ qutularından danışırdı. Hövsələm bir tikə oldu: 
‐ Kim bilir, bəlkə bizim bu proporşik elə bayaqkı rusla eyni 
hərbi  hissədə  xidmət  eləyib.  Rus  xatirələrində  əyləncəni  yaşadır, 
azərbaycanlı zülmü. Bayaq çənəsini qızışdırdığın komandirlərdən 
eşitdiyi  təriflərlə,  verilən  ödüllərlə  öyünür,  gözümüzün 
qabağındakı  yiyəsi  olduğu  söyüşlər,  aldığı  cəzalarla.  Sarı  halal 
qazancı  ilə  təşkil  olunan  rəqs  gecələrində  əylənəndə,  qara 
oğurluğunun 
üstünün 
açılmasından 
qorxaraq 
yuxusunu 
qarışdırırmış.  Onların  ikisi  də  eyni  məbləğdə  məvacib  alıblar. 
Nədən  parkda  hava  alan  gözü  tox,  vicdanlı  və  səmərəli  yaşayıb, 
hüyüşdə  boğulan  tamahkarlıq,  oğurluq  və  ziyanvericilik 
etməkdən özünü saxlaya bilməyib?  
‐ Ay geridəqalmış,‐ səmimi münasibətdə olduğu adamlara 
həmişə  belə  xitab  edərdi,  ‐  bizim  xalq  əsrlər  boyu  əsarətdə 
yaşayıb, özünü vətəninin sahibi hiss etməyib çox zaman. Sahibkar 
özünə  ziyan  vurmur,  nökər  isə  ağadan  oğurlamağa  çalışır. 
Vərdişini tərgidə bilmir nökərlər...  
 
26

‐Axı, məsəl var, ağanın malı gedər, nökərin canı? 
‐ Nökərin canına dua oxuyanda demirlər ha...  
‐  Ya  nökərin  canı,  ya  əsgərin  canı,  kimdir  bizə  dua 
oxuyan!‐ o biri patrullar da dilləndi.  
Əsgərlərdən  biri  Alqayıt  Abışov,  digəri  Əli  Ələsgərov  idi. 
Alqayıt  millətçiydi,  laçınlıydı,  məcburi  köçkün  düşərək 
“Qurtuluş”  şəhərciyində  məskunlaşmış  xalasının  qızını  sevirdi, 
əsgərliyini çəkib evlənəcəkdi. Əli dindarıydı. Ən böyük arzusu bir 
səhər yuxudan oyananda başının üstündə baş leytenant Qubalını 
görməməkdi.  Hərbi  təhsilini  Türkiyədə  almış  Qubalı  “əsgərin 
Allahı komandiridir” deyə‐deyə Ələsgərovun gününü göy əskiyə 
bükmüşdü. Gənc tağım komandiri istəsə şalbana tutmağa da irad 
tapardı, anda qala, Ələsgərov tağımın dirəklərindən deyildi.  
Xaş  qazanı  qızdı.  Dırnaqlar  dişə  gəldi.  Ələsgərov 
“bismillah” deyərək əlini çörəyə uzadanda azyaşlı oğlunun başını 
tumarlaya‐tumarlaya  içəri  yeni  müştəri  girdi.  Oğlan  çox 
sevimliydi,  ağıllı  cocuğa  bənzəyirdi.  Atanın  saçı  dağınıq,  sifəti 
tüklü, geyimi nimdaşdı, əziyyət çəkən və içən adam olması dərhal 
sezilirdi.  Qablamadiş  kişi  onların  qabağına  bir  qab  yemək  və 
“çubuş”  qoydu.  Ata‐bala  çörəklərini  bir  kasa  xaşa  batırıb 
yeyirdilər.  Ata  araqdan  az‐az  süzür,  stəkanı  balasının  burnuna 
vuraraq gələcəyimizin sağlığına içirdi. İçdikcə itə dönürdü‐ çubuş 
coşur,  zingildəyir,  hürür,  hürə‐hürə  köpək  olurdu.  Oğlunu 
gözləyən it həyatı sərxoş köpəyi hönkürtdü: 
‐  Mən  başıma  haranın  daşını  salım,  dərsə  göndərə 
bilmədim küçüyü, yekəlib mənim tayım olacaq...   
O bir kasa xaş və “çubuş” ata ilə balanın ilk birgə qazancı 
idi. Yemək  Azinin boğazında qaldı: 
‐  Kimin  vecinədir  bu  uşaqlar?  Bir  yandan  valideynlərin 
güzəranı,  bir  yandan  təhsil  sisteminin  yarıtmazlığı  onları  erkən 
yaşlarından  əməyə  sövq  edir.  Döyülürlər,  söyülürlər,  ac  qalırlar, 
pis  yola  düşürlər,  öz  uşaqlıqlarını  yaşamadıqlarından  psixopata 
 
27

çevrilirlər.  Dinəndə  hamı  özünə  onunla  bəraət  qazandırır  ki, 
keçdiyimiz paza balalarımızın xatirinə dözürük...  
‐  Sən  niyə  qələbəni  qoruya  bilmədin,  Azin  Kürəçi?‐ 
bilmədən    aşırtdığım  sarımsaqla  birgə  hirsimi  deputatlığa 
namizəd  olmuş  patrul  rəisinin  üstünə  tökdüm‐  rayona  hərbi 
komissarlıqda qeydiyyata düşməyə gedəndə təhsil aldığımız orta 
məktəbə  uğradım.  Ana  dili  və  ədəbiyyat  müəlliməmlə  görüşmək 
istəyirdim.  Dərs  dediyi  sinfin  qapısını  döydüm.  Şagirdlər  seyrək 
idi,  birindən  savayı,  hamısı  oğlanıydı.  Müəllimə  dərsə 
davamiyyətdən  şikayətləndi.  “Oğlanlar  dana  saxlayırlar,‐  başa 
saldı‐  rayondakı  topdansatış  mərkəzlərində  hamballıq  edirlər, 
qızlar  ərə  gediblər.  Sovet  hakimiyyəti  illərində  Azərbaycanda 
formalaşan  məktəb  ənənələri  məhv  olur.  Kimin  ağzı  nəydi  o 
zamanlar  şagird  qızı  ərə  versin?  Bəlkə,  ölkənin  hansısa  dağ 
rayonunda hərdən erkən nigaha rast gəlmək olardı, Bərdədə əsla! 
Problemin  kökünü  başa  düşməyənlər  günahı  müstəqillikdə 
görürlər. İşə bax, gərdişə bax, Azin, tənəffüslərdə mənə “Azadlıq” 
qəzetini  oxutduran  müəllimə,  tutalım,  Cəfər  Cabbarlının  “Od 
gəlini”  pyesini  keçməyə  qız  şagird  tapmır.  Hansısa  nadürüst 
Urusetdən  beş‐on  manatla  gəlib  qapısına  inək  bağladığı,  altına 
maşın  qoyduğu    kimi,  yatağına  bir  məktəbli  qız  salır;  hər  gün  o 
qızın ruhunu, gələcəyini zorlayır, ondan arvad düzəldir. İstismar 
olunan bədənlərindən,  zorlanmış ruhlarından  doğulan uşaqları o 
arvadlar  nə  cür  tərbiyə  edəcək,  azad  fərd,  ləyaqətli  vətəndaş 
böyüdəcəklər?  
‐    Orta  əsrlərə  dönürük.  Orta  əsrlərin  əlamətləri  getdikcə 
çoxalır Azərbaycanda‐ hasarlar, təhkimçilik, din...  
 
*** 
“N” saylı hərbi hissəyə məxsus qapalı şəhərcikdəkı evlərin 
çoxuna qaçqınlar yığışıb. Qışının soyuğu sərt, yayının istisi kəskin 
olan  Kül  qəsəbəsində  yerləşən  şəhərcikdə  hərbiçilər  yüngülvari 
sivilləşib,  sivillər  azacıq  hərbiləşib.  Qəsəbənin  kəsməyən  küləyi 
 
28

saatları  qabağına  qatıb  qovur,  adamları  hızlandırır,  sözləri 
tələsdirir  elə  bil.  Saatlar,  adamlar,  sözlər  yeyinləşir.  Əqrəblər 
itələşir,  addımlar  itiləşir,  adamlar  itidilləşirlər.  Müddətli  hərbi 
qulluqçular,  müvəqqəti  məcburi  köçkünlər,  köçəri  zabit‐gizirlər 
özlərini  daimi  sakin  saymırlar  burada.  Əsgərlər,  gizirlər  və 
zabitlər  qaçqın  qızların  ürəyini  qıraraq  tərk  edirlər  şəhərciyi. 
Hərbiçilər  ürəklərini  qırıblar,  işğal  altındakı  torpaqları  geri 
qaytaracaq  qəhrəmanlar  sevmək  romantikasından  məhrum 
ediblər  qaçqın  qızları.  Ürəklərində  qubarlayan    yurd  sevgisi  bir 
əsgərin,  bir  gizirin,  bir  zabitin  həsrətinə  qarışıb,  dalınca 
ağlayanda,  göz  yaşı  kimi  şəhərciyin  yayda  tozanaq,  qışda  palçıq 
olan  qumsal  torpağına  töküb.  Hərbçilər  çirkli  çəkmələriylə  o 
torpaqları ayaqlayaraq qaçqın qızların göz yaşlarının cücərməsinə 
imkan  verməyiblər.  Uniformalar  və  rütbələr  öz  cazibəsini  itirib 
köçkün qızların nəzərində. “Vətənʺ və “igid” anlayışlarının hərəsi 
gözlərində  bir  damla  yaşa  dönüb,  yanaqlarına  diyirlənib,  yerə 
düşərək  şoranlaşıb,  şitləşib.  Əsgərə  inanmaq,  gizirə  üz  vermək, 
zabitlə  görüşmək  yasağa  çevrilib  o  şəhərcikdə.  Qəhrəmanlığa 
inamını  itirmiş  ərgən  qızlar  gözünü  Rusiyaya  hamballığa,  göy 
satmağa  gedən  qohum  oğlanlara  dikiblər.  Örkənin  gəlib 
doğanaqdan  keçəcəyi,  onlara  elçi  göndərəcəyi,  toy  çaldıracağı 
günü  gözləyirlər.  Sevgiyə  yadırğayıblar  tamam.  Sevgiyə 
yadırğamış  o  qızların  biri  də  göyərçin  qanadlarının  üzərində 
yaşayan  Şərafət  idi.  Şərafətin  göyərçin  qanadlarının  üzərində 
yaşamasını təkcə leytenant Qaytaranov duymuşdu. Ondan savayı 
heç kim fərqinə varmamışdı qızın göyərçin qanadlarının üzərində 
yaşadığını. 
Quşlara 
quşu 
qonanlar 
binanın 
zirzəmisinə 
baxmışdılar, Şərafətə bənd olanlar eyvana boylanmışdılar. Quşları 
quşqulandırmayan, 
quralları 
qurcalandırmayan 
bir 
sevgi 
yaşanırdı hərbi şəhərcikdə...  
Qulac‐qulac  saçları,  qap‐qara  gözləri,  şirin  və  cingiltili 
səsi,  cazibədar  ayaqları  vardı.  İlıq  havalarda  qırmızı  idman 
forması  geyinər,  qardaşının  təzəcə  ayaq  açan  oğlunu  şəhərcikdə 
 
29

gəzdirərdi.  Şəhərcikdəki  məktəbdə  coğrafiya  dərsi  deyirdi. 
Qaçqın  idilər.  Tabor  komandirinin  maddi‐texniki  təchizat  üzrə 
müavini kapitan Qusarlının qonşuluğunda yaşayırdılar.  
Ha  fikirləşdi,  onunla  başqa  cür  ünsiyyət  qurmağa  yol 
tapmadı.  Əlacsız  qalıb  kapitan  Qusarlının  ağzını  aradı.  Ondan 
münasib yolla qızın nömrəsini tapmağı xahiş etdi. Axşam kapitan 
Qusarlı zəng edərək arvadından aldığı nömrəni ona verdi. O gecə 
Şərafətə ilk mesajını yazdı leytenant Qaytaranov...  
Hər  gün  ona  bir  neçə  ismarıc  yazır,  axşamlar  evə  gələndə 
internetə  girir,  web‐mesaj  yollayırdı.  Bir  gün  gələn  zəng 
telefonunun  ekranına  Şərafətin  adını  yazdı.  Şərafət  yazdığı  gözəl 
SMS‐lərə  görə  zabitə  təşəkkür  etdi  və  kimliyi  ilə  maraqlandı. 
Demədi.  “Yazdıqlarım  gerçəkdən  xoşuna  gəlibsə,  görüşək,  məni 
lap yaxından tanı”‐ gənc zabit vurulduğu qızı qəhvə içməyə dəvət 
etdi.   
Şərafət o saat tanıdı leytenantı. Mesajların Qaytaranovdan 
gəldiyinə  inanacan  iki  fincan  qəhvə  içdi.  Zabitdən  adlarına  xələl 
gətirəcək  hərəkətlərə  yol  verməməyi  xahiş  etdi.  “Lazım  olsa, 
özüm xəbər edərəm”‐ deyə hərdənbir görüşməyə razılıq verdi.  
 Həftədə bir dəfə ancaq görüşürdülər. Görüşəndə “Vətən” 
kinoteatrına  gedir,  bir‐birinə  sarılır,  öpüşürdülər.  Bir  gün  evə 
dəvət etdi. Şərafət nəm‐nüm eləsə də, Qaytaranovun təklifini yerə 
salmadı: “lazım olsa, gələrəm...”  
Bazar  günü  idi.  Verilən  “farağat”  komandasına  yuxudan 
dik  atıldım.  Televizorda  “Cərgə”  hərbi‐vətənpərvərlik  proqramı 
gedirdi.  Hərbi  çəkməsinin  quncundan  çılpaq  ayaqları  görsənən 
qısa  yubkalı  jurnalist  “Pafos”  quşunu  gözündən  vuran 
əsgərlərimizi tərifləyirdi. O qızdan yaman kəsirdim. Əlimə keçsə, 
hərbi  xidmətdə  onun  ucbatından  başıma  gələn  oyunların  heyfini 
çıxardım.  Oxay,  leytenant  Qaytaranovun  bu  dörd  otaqlı 
mənzilində nə çıxardım o heyflərin üstünə...  
Axşam  möhkəm  içmişdik,  evə  qayıda  bilməmiş,  yıxılıb 
Qaytaranovgildə  yatmışdım.  Məni  sürüyüb  yataqdan  yerə  saldı. 
 
30

“Dur,  cəhənnəmə  ol,  qonağım  gələcək”‐    eşitmişdim  ki,  qonaq 
qonağı  istəməz,  ev  yiyəsi  heç  birini,  paxmel  olduğumdan  atalar 
sözünün niyə yarıyacan düz çıxdığını başa düşmədim.    
Tör‐tökünük  mənzilə  baxanda  yır‐yığışdan  canımı  yaxşı 
qurtardığıma sevindim. Başım uğuldaya‐uğuldaya əkildim. Liftin 
qabağında  qarşıma  çıxan  qulac  saçlı  qızı  görəndə  ayıldım.  Hə, 
Barses‐  öz‐özümə  dedim‐  bax,  bu  qulac  saçlı  qız  leytenant 
Qaytaranovun  mənzilini  yaxşıca  silib‐süpürəcək,  yatağının 
ağlarını  dəyişəcək,  hamama  keçib  yuyunacaq,  üzündəki 
kosmetikanı silərək otağa qayıdacaq. Divanda yanaşı oturacaqlar. 
Leytenant  Qaytaranov  qızın  əllərindən  tutacaq,  saçlarını 
oxşayacaq.  Onu  özünə  sıxaraq  dodaqlarından  öpəcək.  Çox 
öpüşəcəklər.  Saatlarla  bir‐birlərinin  ciyərlərindən  nəfəs  alacaqlar 
və qucaqlaşıb yatacaqlar...  
Leytenant  Qaytaranovu  tərxis  olunandan  sonra  gördüm 
birdə.  Gözaydınlığı  verdim.  Ordudan  sağ‐salamat  qayıtmasını 
qeyd  eləmək  bəhanəsiylə  gedib  “İnqilab”  küçəsindəki  “Tonqal” 
restoranında  oturduq.  Təbrik  və  təşəkkür  sağlıqlarını  deməyə 
qoymadı.  “Məni çox istəyirsənsə, bu hekayəni qələmə al”‐dedi:  
‐ “Bu günə gəlib çıxmağımda ən böyük rol Şərafətin olub. 
Cazibəsinə  salmaqla,  özünü  sevdirməklə  ruhumu  azad  saxlayıb, 
qəlbimi sıxılmağa qoymayıb. Gözlərini xəyalımda canlandırmaqla 
qapalı  mühitin  nizamlarından,  qorxularından,  harizmalarından 
qorunmuşam.  Əlindən  gəlir  yazmaq,  qaçqın  qızın  sevgisini 
əbədiləşdir!”‐  hərbi  xidmətdən  qayıdanlar  öz  məhəbbətlərini 
əfsanələşdirməyə  meylli  olurlar,  onun  da  həmin  mərəzə 
tutulmağından şübhələndim, gümanım havada qaldı: 
‐ Səhər düzülüşü yenicə yekunlaşmışdı. SMS gəldi. Şərafət 
vacib işi olduğunu yazırdı. Nəyin bahasına olursa‐olsun, günorta 
onunla  görüşməyimi  xahiş  edirdi.  Zampolitin  yardımıyla  hərbi 
hissə  komandirindən  icazə  alıb  evə  getdim.  Onu  gözləməyə 
başladım.  Qapını  açıq  qoyduğumdan  birbaşa  içəri  girdi. 
 
31

Problemini  soruşdum.  “Ərə  getmək  istəyirəm!”‐  cavabı  məni 
güldürdü:   
‐  Tapdım!  Axşam  sənə  elçi  gəlmişdilər.  Valideynlərin 
deyirlər  ki,  “istədiyin  oğlanın  adamları  tezliklə  qapıya  gəlməsə, 
səni verəcəyik!..”  
‐ Mən sənə bəhanə deməyə gəlməmişəm!  
‐ Bəs nəyə gəlmisən, xeyir‐dua almağa? Qoy çırağı gətirim, 
səni başına fırlayım... 
‐ Gətir!– zarafat elədi və lütlənərək yatağa uzandı.  
Bakirə deyildi...  
Səhər  onu  qaçırmaq  istəyən  vardı.  Əgər  kömək  etsəm, 
Şərafət  ərə  gedəcək,  xoşbəxt  olacaqdı.  Məndən  başqa  kimsəyə  öz 
sirrini  etibar  etmir,  ürək  qızdırmırdı.  Onu  ginekoloqa  apardım, 
həkimlər  əməliyyatla  bakirəliyini  bərpa  etdilər.  Evlərinə  yola 
salanda mənə qızlığını itirməsindən danışdı.  
Dörd ay əsirlikdə qalıbmış, bakirəliyini də on dörd yaşında 
başına  gələn  o  faciə  zamanı  itiribmiş.  Zifaf  gecəsini  çox  sakit 
xatırlayırdı artıq:  
‐ Bizim kəndimiz Ermənistanla sərhəddə idi. Ermənilər ilk 
hücumu  bizim  kəndə  eləmişdilər.  Vəziyyət  ağır  olduğundan 
çoxları canını götürüb qaçmışdı kənddən, biz də çıxmışdıq, qonşu 
kənddə,  dayımgildə  olurduq.  Həmin  gün  evimizi  yığışdırmağa 
gəlmişdim.  Kəndə  hücum  edən  düşmən  əsgərləri  məni  tutdular. 
Əllərimi  və  ayaqlarımı  bağlayıb  Ermənistana  apardılar.  Çuvalı 
hərbi hissənin həyətində BTR‐dən yerə atdılar. Dillərini bilməsəm 
də,  başa  düşürdüm  ki,  quduzlar  məni  zorlamaq  istəyirlər,  lakin 
qənimətin  ilk  sahibini  müəyyənləşdirə  bilmirlər.  Onlardan  biri 
hirslə qolumdan tutaraq məni özünə tərəf dartdı, aparıb qaranlıq 
zirzəmiyə saldı, ağzımı qıfıllayaraq getdi. İki gün ac qaldım orada. 
Qapı  açılanda  aclıqdan  və  qorxudan  gözüm  tor  görürdü.  Kimsə 
üzümə  baxıb  gülümsünürdü.  Həminkiydi.  Küncə  sıxıldım. 
Çəkməsinin  ucuyla  ayağa  qaldıraraq  məni  özüylə  apardı.  Gecə 
yarısı  bir  kənd  evinə  çatdıq.  İtələyib  tövləyə  saldı.  Üstümə  atılıb 
 
32

zorladı.  Sübhəcən  dincəlmədi.  Camaat  yuxudan  oyananda 
valideynlərini çağırdı.  
Dörd  ay  həmən  tövlədə  yatdım.  Axşamacan  qabaqlarında 
qul  işləyirdim.  Döyməsələr  də,  hər  gün  söyür,  danlayırdılar. 
Yeməyi  onlarla  birlikdə  yeyirdim.  Yavaş‐yavaş  ermənicə 
öyrəndim.  Armenin  qardaşının  əsir  düşdüyündən,  məni  evlərinə 
onunla dəyişməyə gətirdiyindən xəbər tutdum. 
Məni  Armenin  qardaşı  ilə  yox,  başqa  əsirlə  dəyişdilər. 
Qırmızı  xaç  dalımca  gələndə  Armen  qəhərlənmişdi.  Qardaşının 
sağ  olmadığını  bilirmiş.  Qulaqlara  qurğuşun,  döyüş  yoldaşları 
qardaşının  meyitini  çıxarda  bilməyiblərmiş  güllənin  altından. 
Armen  valideynlərinə  qardaşının  öldüyünü  yox,  əsir  düşdüyünü 
söyləyib,  əsiri  isə  evlərinə  ümid  yaratmaq  xatirinə  gətirib.  O, 
valideynlərində  yaratdığı  ümidi  zorlayaraq  qardaşının  qısasını 
alırdı. Mən isə onu xilaskar sayır, sevirdim.  
‐  Sevirdin?‐  bayaqdan  nəfəsini  içinə  çəkərək  qızı  dinləyən 
zabit özünü saxlaya bilmədi. 
‐  Bəli,  sevirdim!  Məni  əsgərlərin  kütləvi  şəkildə 
zorlamasından, döyməsindən, ac və hamilə qalmaqdan qurtarmış 
Armendən çox razıydım. Həm də sənə oxşayırdı...  
Leytenant 
Qaytaranovla 
sevişəndə 
Şərafət 
erməni 
hərbiçisini  düşünürmüş,  sən  demə...”‐  Azin  kağıza  çıxartdığım 
hekayəsini oxuyub özümə qaytardı və dalğınlaşdı:  
‐  Əladır,  özüm  ölüm,  “Quşbaz”  Niyazın  saxladığı 
göyərçinlərin quğultusu gəldi qulağıma.  
‐ Xoşuna gəldisə, apar mayor Huseynov da oxusun... 
‐ Hospitaldadır!..  
    
*** 
Gecə  Əli  zəng  vurdu.  Dembellərin  sabah  tərxis  olunacağını 
və  evlərinə  yola  düşməzdən  öncə  avtovağzala  yaxın  bir  yerdə 
ziyafət təşkil edəcəklərini bildirdi. Bölükdən leytenant Kürəçini və 
 
33

gizir  Qubadovu  dəvət  etmişdilər,  sağ  olsunlar,  məni  də 
unutmamış, öz aralarında görmək istəmişdilər.  
Tərxis  olunan  əsgərlərdən  kimisi  çoxdan  həsrətini  çəkdiyi 
mülki paltar geymiş, kimisi də hərbi formasının qırağına ağ zehlər 
tikmişdi. Özlərini yoldan keçən qızlara göstərir, göz‐qaş edirdilər. 
Hərbi hissədə daim üst‐başı kirli gəzən əsgər Cabbarov formasını 
hamıdan  çox  ağ  parça  ilə  bəzəmiş,  qabaq  dişlərini  mırıq  qoyan 
DŞK‐nın  lüləsini  gözə  soxaraq  dayanacaqda  özünə  qumral  saçlı 
civi  tutmuşdu.  Deyilənə  görə,  elə  gözəli  Cabbarov  xəyalına  hətta 
postda kəfləmə atanda da gətirə bilməzmiş.  
Əsgər Cabbarovun dərd‐başı qaravula çıxmaq idi. Hər dəfə 
növbədən  qayıdanda  üzü  gülərdi.  Vətənin  keşiyində  ayıq‐sayıq 
dura‐dura  “O  şimdi  asger”  şarkısını  oxuyan  türk  pop  ulduzu 
Tuğba  Əkinçiylə  canı  istədiyini  edərdi.  Hər  posta  gedəndə 
qumqumasını  ağzınacan  su  ilə  doldurar,  sabun  götürərdi.  Gizir 
Qubadov  itin  sözünü  deyərdi  əsgərə.  İndi  Cabbarovla  gizir 
Qubadov  qabaqda  yanaşı  gedir,  münasib  kafe  axtarırdılar.  Azin 
hələ  gəlib  çıxmamışdı,  yoldaydı.  Mən  Əliylə  söhbət  edirdim.  Əli 
Azinin ona göstərdiyi qayğıdan danışırdı:  
‐ Günorta idi. Qüsl alaraq kluba namaz qılmağa getdim. Ulu 
Öndərin  guşəsində  namaza  başladım.  Birinci  rükətdə  əsgər 
Cabbarov xəbər gətirdi:  
‐ Bölük komandiri cərgəni düzüb, səni sıraya çağırır! 
 Namazdan qalxmadım. Bir azdan kapitan Quluncov özünü 
yetirdi, var gücü ilə dümbəyimə təpik vurdu: 
‐ Bləd, sən bura əsgərliyə gəlmisən, ya mollalığa?  
Aparıb  məni  cərgəyə  qoydu.  Əsgərlər  hadisəni  nahar 
fasiləsindən kazarmaya qayıdan leytenant Kürəçiyə danışdılar.  
Söhbətin arxasını bölüyün mirzəsi Səlimov‐ yeri gəlmişkən, 
o, bölük komandirinin çuğulu idi‐  davam etdirdi: 
‐  Mən  tağım  komandirlərinin  konspektlərini  yazırdım. 
Onların  söhbətini  axıracan  eşitdim.  Leytenant  Kürəçi  bölük 
komandirinə  dedi  ki,  insanların  inancını  təhqir  etmək  olmaz. 
 
34

Əsgər  ibadət  etməlidir,  etməli  deyil?  Bu,  tamam  ayrı  söhbətin 
mövzusudur.  Azərbaycanda  “alternativ  hərbi  xidmət  haqqında” 
qanun  qəbul  olunmalı,  dindarlar  döyüş  hazırlığına  cəlb 
edilməməlidirlər.  Madam  belə  qanunumuz  yoxdur,  o  zaman 
komandir özü dindar əsgərlə dil tapmalıdır, ona nə zaman Allaha, 
nə zaman vətənə xidmət edəcəyini başa salmalıdır. Məndən olsa, 
sən  Ələsgərovu  çağırıb  üzr  istəyərsən,  iş  böyüsə,  başın  ağrıyar, 
qurumsaqlara yem olarsan... ” 
“Leytenant 
Kürəçi 
kapitan 
Quluncova 
nətəhər 
qulaqburması  vermişdisə,  məni  çağırıb  üzr  istədi”‐  Ələsgərov 
kafirdən  daha  çox  zırrama  olan  bölük  komandirinin  üzr 
istəməsinə hələ də inana bilmirdi. O qədər yaxşı adamın ürəyində 
Allah  xofu  olmamasına  təəssüf  edirdi.  Heyrət  içində  mənə  bir 
əhvalat danışdı: 
‐  Bir  gün  poliqona  getmişdik.  Gecə  idi.  Zabit‐gizirlər 
içmişdilər.  Leytenant  Kürəçi  də  keflənmişdi.  Kənara  çəkilib 
sevdiyi qıza mesaj yazırdı. Mesajını yazıb qurtardı,  məni yanına 
çağırdı:  “bilirsən,  şərab  içməməklə  hansı  həzzdən  məhrum 
olmusan?  İnsan  şərab  içəndə  Tanrını  özündə  tapır,  dağıdır, 
qoruyur,  yaradır...  Bax,  mən  indi  yer  üzünə  çox  gözəl  mesajlar 
göndərdim...”  Etiraz  eləmək,  öz  dəlillərimi  söyləmək  istədim. 
İmkan vermədi. Mənim hərbi hissədə ən çox nəyə nifrət etdiyimlə 
maraqlandı. Cərgədən gileyləndim.  
‐    Sən  məndən  yaxşı  bilərsən,  əsgərlər  daha  nələrə  nifrət 
edirlər?‐  komandir məndən soruşdu. 
‐  Məlum,  səhərin  gözü  açılmamış  “qalx”  komandası 
verilməsi çoxlarının yuxusuna haram qatır.  
Cavabımla razılaşdığını başı ilə təsdiqləyərək:  
‐  Səncə,  niyə  insanlar  hərbi  mühitdə  yalançı,  riyakar, 
kələkbaz olurlar?  
‐  Mənə  elə  gəlir  ki,  əsas  səbəb  insanların  hərbi  mühitdə  öz 
iradəsinə  sahib  olmaması,  komandalarla  idarə  edilməsidir.  Hər 
şeyi komandanlıq həll edir, sistem yuxarıdan aşağı idarə olunur...  
 
35

“Düz deyirsən, yuxarıdan aşağı idarə olunan sistemlər cəza 
prinsipinə istinad edir. Cəzalanmaq qorxusu həmişə kütləvi yalan 
yaradır”‐  deyə  leytenant  Kürəçi  hərbi  nizamla  biz  dindarların  ən 
böyük dəlillərindən olan ilahi düzəni müqayisə etdi:  
‐  Bu  dünyada  hər  şeydən  şübhələnmək  lazımdır.  Allahın 
varlığına  da,  yoxluğuna  da.  Allahın  varlığına  inanıb  bir  həqiqətlə 
yaşamaq  olar,  inanmayıb  başqa  gerçəklərlə.  Özün  çox  gözəl 
bilirsən, baş leytenant Quliyev mənəvi böhran keçirir. Hərbi mühit 
günbəgün  onun  mənliyini  sındırır,  arzularını  puça  çıxardır. 
Quliyevin 
fərqlənməyə, 
sevilməyə, 
dəyərləndirilməyə, 
dəstəklənməyə  ehtiyacı  var.  Belə  zamanda  sən  ona  din  təbliğ 
edirsən,  guya  ona  cənnətin  yolunu  göstərirsən.  Baş  leytenant 
Quliyevin  durumuna  bir  də  mənim  gözümlə  bax.  Quliyev  dindar 
olmamışdan öncə, gündə dörd dəfə hərbi hissədə düzülüşə çıxırdı, 
indi  beş  vaxt  da  Allahın  cərgəsinə  durur.  Hərbi  nizam  onu 
“düşünmə, dinlə, əməl elə” quralı ilə yaşadır, azadlığa can atmasını 
əngəlləyir,  qulluq tələb edir. Eyni şeyləri inandırdığın din də borc 
bilir  ona.    Azmı  görmüsən  kapitan  Quluncovun  sırada  görmədiyi 
əsgərə necə qəzəbləndiyini, hikkəylə üstünə cumduğunu, qubbağa 
salmaq  eşqiylə  raport  dalınca  raport  yazdığını?  Niyə  belə  edir 
kapitan  Quluncov?  Kapitan  Quluncov  sırada  olmayan,  cərgəyə 
durmayan  adamlardan  qorxur.  Aqressiv  davranışı  ilə,  əslində, 
özünü müdafiə edir, öz qorxaqlığını pərdələyir.  
‐  Bəs sən necə düşünürsən?–  Əlidən soruşdum. 
‐  Mən  dünyanı  Allahsız  təsəvvür  etmədiyimdən  onun 
dedikləri  haqda  heç  düşünmədim,  doğrusu.  Bircə  ona 
təəssüflənirəm ki, belə yaxşı adama‐ əlini gələn zabitə sarı uzatdı‐ 
cənnətdə yer olmayacaq. 
‐ Ay yoldaş leytenant, gəl çıx da, bayaqdan qurdun qulağını 
burub uladırıq. Tərs kimi rəngi də bozdur ulatdığımız qurdun, bu 
dəqiqə  Alqayıt  bizi  aparıb  Altay  dağlarına  çıxardacaq  ‐  Azinə 
səsləndim.  
 
36

Heç  şübhəsiz,  yoldaş  leytenant  söhbətinin  üstünə  çıxan 
adamlara  “qurd de, qulağını bur” deyildiyini bilirdi: 
‐  Qulağı  burulan  qurd  olmaqdandırsa,  qurbanlıq  qoyun 
olmaq yaxşıdır!..  
‐  Harası yaxşıdır ey, bizim kənddə qəssab İbişin başını hara 
gəldi  tutaraq  üzdüyü  biçarə  heyvanlarla,  Məkkədə  kəsilən  quzu 
arasında  fərq  qoymur  qurban  olduğum.  Yenə  birini  cənnətin, 
birini cəhənnəmin odunda qızartsaydı, kabablarının tamında fərq 
olardı, heç olmasa. 
Ofisant  kababları  gətirdi.  Ələsgərovdan  başqa  hamıya  araq 
süzdü.  Köhnə  tağım  komandirləri  olaraq  məclisi  mən  açdım  və 
təkilf  gözləmədən  tamadalığı  öz  boynuma  götürdüm.  Açılışdan 
sonra ilk sözü Azinə verdim. Azin möhtəşəm sağlıq dedi:  
 ‐  Hə,  ay  geridəqalmışlar...  Demək,  gedirsiniz...  Düzü, 
həyatının ən çılğın dövründə gənclərin zorla orduya aparılmasını 
mən  düzgün  saymıram.  Məcburi  hərbi  qulluğu  “vətənə  xidmət”  
adlandıraraq  öyənləri  riyakar  hesab  edirəm.  İnsan  özünə, 
toplumuna, vətəninə və dünyasına xidmət etməlidir, mən razı. Bu 
xidmət  insanın  ən  yaxşı  bacardığı  şəkildə,  sahədə  və  əlbəttə, 
könüllü  olmalıdır.  Mən  kütləvi  yalana  qoşulub  Sizi  vətən 
qarşısındakı  müqəddəs  borcunuzdan  çıxmağınız  münasibəti  ilə 
təbrik  etmirəm,  onun  borcdan  çox,  töycü,  biyar  olduğunu  hər 
biriniz  gözəl  başa  düşürsünüz.  Qulluq  etdiyiniz  dönəmdə  çox 
haqsızlıqla, 
qəddarlıqla, 
şərəfsizliklə 
qarşılaşmış, 
hərbi 
qaydalardan  cana  doymuş,  azadlığınızı  sıxışdıran  nizam‐
intizamdan  tədirgin  olmusunuz.  İçinizdə  vətənə  qarşı  etiraz 
yaranıb, 
“vətən 
belə 
olmamalıdır”, 
“vətən 
mənə 
belə 
yanaşmamalıdır”  nidaları  qopub.  Mən  sizə  vətənə  etirazınızı 
qorumağı,  inkişaf  etdirməyi,  onu  böyük  üsyana  çevirməyinizi 
arzu edirəm. Gəlin içək vətənə etirazımızın sağlığına!  
 
*** 
 
37

Avtobusla  Ayna  Sultanova  heykəlinin  yanına  gəldik. 
Oradan parkın içindəki “Büllur” kafesinə‐ zarafatla “Hayd Park” 
adlandırdığımız  məkana  getmək,  çay  içmək  istəyirdik.  Yolu 
qabağımızca  adlayan  gülməşəkərlərə  laqeyd  qala  bilmədim,  həm 
onlara, həm də Azinə sataşdım:  
‐ Bəriki əsl millət vəkilinə layiq gözəldir...   
‐ O birisi də lap ilham pərisidir‐ dostum atmacamı cavabsız 
qoymadı. 
Sən canın, işə bax, Azin, deyirəm bu fani dünyada... Sözüm 
ağzımda  qaldı.  Yolun  o  tayında  dayanan  “Lexus”  siqnal  verdi. 
Qızlar  arabanın  sürücüsünə  əl  elədilər.  Azin,  görürsən,  deyirəm 
bu  fani  dünyada...  Dalını  gətirə  bilmədim.  Sürücü  başını 
pəncərədən  çıxardaraq  ilham  pərisinə  qışqırdı:  “Aazz,  harda 
qalmısan, gəl çıx da bəə...” Deyirəm bu fani dünyada... Yox ey, nə 
yerlibazlıq,  deyirəm  bu  fani  dünyada...  “Büllur”  kafesinin 
özünəməxsus yeri vardır!  
Zeytun  ağacının  altında  oturduq.  Əlimi  yelləyib  çay  sifariş 
etdim.  Bayaqkı  qonaqlıqda  Azin  Kürəçi  bir  söz  qaçırmışdı 
ağzından,  işğal  altındakı  torpaqları  geri  qaytarmağın  yolunu 
cihadda görən Ələsgərova Dağlıq Qarabağı xaosun xilas edəcəyini 
söyləmişdi.  O  söhbəti  təzədən  açdım.  Mənim  “Lexus  və  Zeytun 
ağacı”nı  oxuyub‐oxumadığımla  maraqlandı.  Başımı  buladım. 
Adını çəkdiyi kitabı mütləq tapıb oxumağımı məsləhət gördü:  
‐  Kitabın  yazarı  “New  York  Times”  qəzetinin  müxbiri 
Tomas  Freydməndir.  Müəllif  Yaponiyaya  ezam  olunur,  orada 
“Lexus”  avtomobil  zavoduna  baş  çəkir.  Zavodda  işləyən 
adamların  və  robotların  cəminin  dörd  yüzü  keçmədiyini, 
fəhlələrin  yalnızca  keyfiyyətə  göz  qoyduğunu  görür.  Müxbirin 
gözünün  qabağına  vaxtilə  yaşadığı  Beyrutda  və  Qüdsdə 
insanların  zeytun  ağacının  üstündə  qırğına  çıxmaları  gəlir...  Bəli, 
“Lexus”un 
Azərbaycanın 
və 
Ermənistanın 
birgə 
dövlət 
büdcəsindən daha çox sərmayayə sahib olduğu çağda biz zeytun 
ağacının  davasını  döyürük.  Bu  savaş  Qarabağın  kimin  olmasını, 
 
38

kimdə  olmasını  və  kimə  qismət  olacağını  hərləmədən  hər  iki 
xalqın inkişafına böyük zərbə vurur. Tomas Freydmən “Lexus və 
Zeytun ağacı” kitabında iddia edir ki, kürəsəlləşmə soyuq savaşın 
yerinə  keçmiş  yeni  sistemdir.  Çox  pakizə,  bəs  nədən  Azərbaycan 
və  Ermənistan  o  sistemə  daxil  ola  bilmir?  Çünkü  Qarabağ 
münaqişəsinin  timsalında  “Soyuq  Savaş”  bitməyib.  Olduqca 
strateji  region  sayılan  Qafqazda  etnik  qarşıdurmalar  yaratmaqla 
Rusiya  kürəsəlləşməyə  dirəniş  göstərir.  Quzey  qonşumuz  suyu 
yenidən  öz  bostanına  axıtmaq  iddiasıyla  dəhnənin  başında 
türklərlə  erməniləri  bir‐birinə  qırdırır.  Topxanadakı  cır  armud 
ağacının  altında  kimin  yatması  Qərbin  vecinə  deyil,  onlara  vacib 
olan  barışa  nail  olmaq  və  Rusiyanın  əlinin  dalını  Qafqazda  yerə 
qoymaqdır.  Dünyanın  indiki  düzəni  və  o  düzəndəki  mövcud 
tarazlıqlar elədir ki, nə Qərb Rusiyanın dirənişini qıra bilir, nə də 
Rusiya  Qərbi  bölgədən  geri  itələməyi  bacarır.  Deməli,  bölgəyə 
yeni düzən lazımdır, düzən isə xaosdan yaranır. Cəmiyyəti xaosa 
daha  tez  yuvarlanan,  sabitliyə  daha  erkən  son  qoyan,  toplum 
olaraq  təlatümlərdən  birinci  keçən,  indiki  miskin  halından 
uzaqlaşmağa  canında  təpər  tapan  xalqın  olacaq  Qarabağ.  Ay 
geridə  qalmış,  düzdür,  zeytun  xeyirli  ağacdır,  fəqət  bu  ağaca 
kimin  sahib  olduğunu  birdəfəlik  bildirən  razılaşma  yoxdursa,  o 
zaman  başqalarını  onun  altından  qovmağa  və  ya  məhv  etməyə 
zərurət yaranır. Uzağa getmə, ermənilər bizi həm Ermənistandan, 
həm  də  Qarabağdan  qaçaq  salıb,  biz  də  qisas  duyğusu  ilə  alışıb 
yanır,  onları  qabağımıza  qatıb  qovmağı  arzulayırıq.  Bax,  bu 
məqamda  zeytun  ağacları  bizi  dünyadan  geri  qoyur,  de‐
kürəsəlləşdirir,  “Lexus”  isə  adamları  eşşəkdən  düşürüb  arabaya 
otuzdurur, tərkinə iki gözəl qız mindirir, kefə aparır.  
‐  Sənin  dediklərini  bayaq  başını  “Lexus”un  pəncərəsindən 
çıxardıb  qızlara  acıqlanan  eloğlumuz  eşitsə,  qeyzə  gəlib  yerə 
düşər və yaxandan yapışıb soruşar:  
‐ Əgər sabitlik olmasaydı, mən bu “Lexus”u necə sürərdim?  
İki göyçək qızı yanıma alıb restoranlarda kef edə bilərdimmi?    
 
39

‐  “Lexus” sürmək imtiyaz və şans deyil, haqqdır! 
‐  Axı onun da haqqıdır! 
‐    Ədalətli  rəqabətin  mövcud  olduğu  ortamda  insanlar  öz 
bacarığı  və  zəhməti  ilə  pul  qazanırlar.  Gəl  köməkləşək,  mənim 
yaxamdan  tutan  o  eloğlumuzun  kürəyini  yerə  vuraq,  sinəsinə 
çöküb  altındakı  arabanın  hansı  pulla  aldığını  soruşaq.  Məlum 
olacaq  ki,  onun  valideynləri,  yaxın  qohumları,  bəlkə  elə  şəxsən 
özü  ölkəni  çapıb‐talayan  məmurlardan  biridir,  yaxud  o 
məmurlardan  hansınınsa  qəbilə‐tayfa  münasibətləri  zəminində 
himayə  etdiyi  adamdır.  Həmin  iş  adamı,  ədalətli  rəqabət 
mühitində,  sərbəst  bazarda  böyük  biznesmen  olmaq  nədir,  heç 
kiçik ticarət idarə edə bilməz. “Lexus” o iqtisadi sistemin məhsulu 
və  markasıdır  ki,  orada  iki  əsas  suala  vicdanlı  cavab  tapılıb. 
Dövlət  ondan  “mən  neyləyim”    sualına  cavab  soruşan  vətəndaşa 
tam  sərbəstlik  verir,  get,  bacardığın  işin  qulpundan  yapış,  pul 
qazan!  “Necə  edim”  sualı  ortaya  çıxanda  isə  şərtləri  açıqlayır: 
“başqalarının  həyatına,  azadlığına  və  mülkiyyətinə  təhlükə 
törətmə, bildiyini elə!”  
‐ Məgər onlar da öz bildiyini etmirlər?  
‐  Onlar  quldurdurlar!  O  quldur  mənim  yaxamdan  tutmaqla, 
əngimə  yumruq  ilişdirməklə  deyir  ki,  sən  sakit  otur,  sabitlik 
pozulmasın,  mən  ölkəni  talayım,  “Lexus”da  gəzim,  qəsrlərdə 
yaşayım; sən dilini dinməz yerinə qoy, mən gözəl qızlarla əylənim. 
Çünkü  talan  bitsə,  ölkədə  sərbəst  piyasa  yaransa,  sənin  də 
“Lexus”un  olsa,  o  qızlar  da  “Lexus”  sürsə,  onda  məni  niyə 
əzizləsinlər  ki?  Qulağın  məndə  olsun,  təkrar  etməyəcəm,  “Lexus” 
Azərbaycanda iki iş görür, bir tərəfdə rejimi möhkəmlədir, sabitliyi 
bərkidir, o biri tərəfdə xaosu şiddətləndirir. Başa düş, hər düzənsizlik 
bir düzən yaratdığı kimi, hər düzən də bir düzənsizlik yaradır. 
‐  Hanı  axı  o  düzənsizlik,  qağa?  Məgər  görmürsən 
avtoritarizm getdikcə möhkəmlənir?.. 
‐ Fikir ver, addımbaşı Azərbaycanda tükürpədən skandallar 
baş verir. Nazirlər həbs edilir, icra başçıları döyülür, polis rəisləri 
 
40

güllələnir,  deputatlar  rayondan  qovulur,  insanlar  lokal  aksiyalar 
keçirərək  öz  haqlarını  tələb  edirlər.  Sabitlik  təbii  şəkildə  öz 
xaosunu yaradır, buna mane olmaq mümkün deyil.  
‐ Xaos Dağlıq Qarabağın aqibətinə necə təsir göstərəcək?  
‐  Çində  qanadlarını  yellədən  bir  kəpənək,  ABŞ‐da  fırtınaya 
səbəb  olursa,  küləyin  ağacdan  qoparıb  yerə  saldığı  portağal  da 
gün  gələcək  Azərbaycanda  və  Ermənistanda  məxməri  inqilab 
yaradacaq, hər iki ölkəni demokratikləşdirəcək. Almaniya Fransa 
ilə orta əsrlərdə yüz illərlə müharibə aparmışdı, hətta ötən yüzildə 
Hitler 
fransızların 
torpaqlarını 
tutmuşdu. 
Yüzillərin 
düşmənçiliyinə  demokratiyanın  inkişafı  son  qoydu,  onları  etnik 
qarşudurmadan  uzaqlaşdırıb,  ortaq  dəyərləri  və  maraqları 
müdafiə etməyə sürüklədi. Baltikyanı ölkələr məhz inteqrasiya və 
qarşılıqlı  əməkdaşlıq  sayəsində  Avropa  Birliyi  ailəsində  yerlərini 
möhkəmlədirlər.  
‐  Xaos  nəzəriyyəsindəki  “Kəpənək  effekti”nə  inansaq,    belə 
çıxır  ki,  ATƏT‐in  vasitəçiliyi  ilə  aparılan  danışıqları  uğurlu 
sonluqla  bitməyə  qoymayan  əsgər  Cabbarovun  postda  kəfləmə 
atmasıymış...  
 
*** 
Hərbi  hissədə  Əzrayılı  it  yerinə  qoyan  yoxuydu,  əksinə, 
Cəbrayılın  adı  gələndə  əsgərləri  titrətmə  tutar,  gizirlərin  dodağı 
uçuqlayar,  zabitlərin  dili‐ağızı  quruyardı.  Soyadı  Əmrullayev, 
ləqəbi  “Kobra”,  rütbəsi  polkovnik  idi  Cəbrayılın.  “Kobra”nın 
kəsdiyi  başa  sorğu‐sual  olmazdı,  qabağına  çıxanı  haupvaxta 
göndərərdi.  Yoxladığı  qaravulun  rəisi  naryaddan  çıxarılar, 
naryaddan  çıxarılan  zabitin  paqonu  rütbəyə  həsrət  qalardı. 
Deyilənə  görə,  hərbi  hissəyə  nə  vaxtsa  təlim  görmüş  it 
veriblərmiş, “Kobra” o köpəyə də həbs elan edibmiş. 
Polkovnik Əmrullayev təkcə cəza vermirdi, həm də mükafat 
və  rütbə  paylayırdı.  Təqvimin  hər  ayına  az  qala  iki  dəfə  düşən 
bayram  günlərində  hərbi  hissəyə  gəlir,  komandanlığın  salam  və 
 
41

təbriklərini  şəxsi  heyətə  çatdırır,  döyüş  və  humanitar  hazırlıqda 
fərqlənənləri  ödülləndirirdi.  Nədənsə,  ödüllənənlər  həp  eyni 
adamlar,  həmin  adamlar  aşağılara  zülm,  yuxarılara  yaltaqlıq 
edənlər  olardı.  Onların  ümumi  cəhəti  hərbidə  “qoyan”ın  hörmət 
qazanmasına  inam  idi.  Avtomobil  xidmət  rəisi  onun  ləqəbini  də 
“qoymaq”  feliylə  əlaqələndirirdi.  Guya,  Qarabağ  müharibəsi 
zamanı Cəbrayıl Əmrullayev qoburasında əqrəb gəzdirir, onu əsir 
tutduğu  ermənilərin  canına  buraxırmış.  İddia  edirdi  ki,  qobura 
tər‐təmiz  türk  sözüdür  və  “qoy  bura”‐  əlini  dalına  atardı‐ 
deməkdir.  Avtomobil  xidmət  rəisi  qələt  edirdi.  Polkovnik  ilana 
oxşayırdı.  Şəxsi  heyət  o  ilanabənzər  varlıqdan  qorxurdu  və  o 
qorxu  pərəstişə  çevrilmişdi.  “Kobra”dan  qorxmayan,  qorxusu 
pərəstişə  çevrilməyən  tək‐tük  adamlardan  biri  mayor  Aranlıydı. 
Azin  Kürəçi  məzuniyyətdə  olanda  mayor  Aranlı  “Kobra”nın 
dişinə keçmiş, işi şərəf məhkəməsinəcən uzanmışdı.  
“Kobra”nın  mayor  Aranlıyla  ləj  düşməsinə  səbəb  Azinin 
məzuniyyətə  buraxılması  olmuşdu.  Azin  hər  iki  qoluna  saat 
taxardı.  “Kobra”  ondan  sağ  qolundakı  saatı  açmağı  tələb  etmiş, 
sözü  yerə  düşmüşdü.  “Kobra”  leytenanta  həbs  vermiş,  tabor 
komandiri zabitini haupvaxta yollamamışdı. Qaravula göndərmiş, 
naryaddan  qayıdanda  məzuniyyətə  çıxartmışdı.  “Kobra”  bir 
qırağa yazmışdı mayor Aranlının hərəkətini. 
Avtomobil  xidmət  rəisi  dalını  bulaya‐bulaya  klubun 
qabağına  çatdı,  siqaret  yandıraraq  o  yan‐bu  yana  var  gəl  elədi, 
yarıyacan  çəkdiyi  papirosu  yerə  atdı,  içəri  keçdi.  İçəridə  mayor 
Aranlının məhkəməsi qurulmuşdu.   
‐    Yoldaş  zabitlər,‐  polkovnik  Əmrullayev  mətləbə  gendən 
gəldi‐  indi o illər deyil ki, hərə əlinə bir avtomat ala, hərbi forma 
geyinə,  özünə  rütbə  verə.  Ulu  Öndərin  ikinci  dəfə  hakimiyyətə 
qayıdışı  ölkəmizdə  ordu  quruculuğunu  genişləndirdi.  Onun 
layiqli  varisi,  cənab  Ali  Baş  Komandanın  əmrinə  müntəzir  silahlı 
qüvvələrimiz  gündən‐günə  güclənir.  Şəxsi  heyətə  göstərilən 
böyük  qayğı  və  diqqət  bizdən‐  hər  bir  zabitdən  yüksək  fiziki 
 
42

hazırlıq  tələb  edir.  Sizi  yoxlayan  zaman  mayor  Aranlı  “alətə” 
komandasını yerinə yetirmədi. Ona mayor rütbəsi çoxdur. Aranlı 
aşağı vəzifəyə keçirilməlidir! 
Tabor  komandiri  kürsüyə  çıxdı  və  paqonlarını  tribunaya 
qoydu:  
‐  Mənə  ağıl,  təsəlli,  baş  sağlığı  verməyin!  Mən  rütbəmə  də, 
vəzifəmə də bir dəqiqəlik sükut elan edirəm! Bu zalda mənə cəza 
verməyə mənəvi haqqı olan adam yoxdur! 
Zala  nəzər  saldı.  Mayor  Aranlıya  əmr  verəndə  əlini 
qoyduğu  yeri  “Kobra”nın  üzə  vurmağa  ürək  eləyən  olmadı. 
Susdular.  Susmayan  bircə  quyruğunu  bulaya‐bulaya  kluba  girən 
avtomobil xidmət rəisi oldu: 
‐  Yoldaş  zabitlər,  mənim  təklifim  var,  mayor  Aranlının 
rütbəsinə dəyməyək, onu düşmənin üstünə göndərək. 
Orta  məktəbdə  sinif  yoldaşım  olmuş  Anar  Gədəbəydə 
xidmət  eləmişdi.  Anar  and  içirdi  ki,  onların  müdafiə  etdiyi 
ərazidə keçilməz yal varmış. Yaldan bir yol keçən eşşək ikinci dəfə 
ora  çatanda  özünü  dərəyə  atar,  intihar  edərmiş.  Mayor  Aranlını 
eşşəkləri həyatdan küsdürən yala göndərmişdilər.  
Aranlı  orada  əsgərlərə  meşə  qırmağı,  kərpic  kəsməyi 
qadağan  eləmişdi,  bədəninə  yara‐xora  darışanları  hospitala 
yollamış,  yüngülvari  azarlayanları  gətizdirdiyi  əlaclarla,‐  yeri 
gələndə, çatmayan dərmanları cibinin puluyla alaraq‐ sağaltmışdı. 
Ermənistan  prezidenti  Köçəryanın  atəşkəs  xəttinə  baxış 
keçirməsinin  sutkası  tamam  olmamış  onun  yalın  o  üzündəki 
postları  güllə  atmadan  ələ  keçirməsi  xüsusi  mükafata  layiq 
görülmüşdü. Əməliyyat “Kəf” adlanırmış...   
 
*** 
Ailəsi  Laçın  rayonunun  Qarıqışlaq  kəndindən  qaçqın 
düşəndə  Alqayıtın  dörd  yaşı  təzəcə  tamam  olubmuş.  Laçının  adı 
gələndə  gözlərinin  qabağında  heç  nə  canlanmasa  da,  böyüklərin 
söhbətindən  kəndlərinin  hər  dağına,  qayasına,  kahasına, 
 
43

yarğanına,  dərəsinə  bələd  idi,  bütün  məhəllələri  tanıyır,  bütün 
evlərin  yerini  bilirdi.  Onun  öz  yurduna  bələdçiliyi  fransız 
yazarlarının  əsərlərini  oxuya‐oxuya  Paris  küçələrini  tanımağa 
bənzəyirdi.  Dayısı  “Babalı”  Muxtar  elələrinin  Qarıqışlaqdan 
danışmasına  gülərdi.  Ağ  qayanın  başından  qartalların  uçuşuna 
baxmayanı, barmağını Sona bulağında on sayanacan saxlamayanı, 
rəhmətlik  İbiş  müəllimin  tut  arağından  yüz  qram  içməyəni,  Göy 
düzdən  bir  xorum  ot  biçməyəni,  şalvarını  çırmalayıb  çaydan 
keçməyəni,  selin  yaratdığı  gölməçələrdən  qızıl  balıq  tutmayanı, 
Şiralının  kahasında  yatmayanı,  Nəcəfalıların  bağında  ayağına 
tikan  batmayanı,  örüşdə  dürmək  yeməyəni,  təəccüblənəndə 
“dinmə,  ədə”  deməyəni  Qarıqışlaqdan  saymazdı.  Alqayıtın 
yataqda  elədiyi  toy  hara,  Qarıqışlaqda  iki  gün  davam  edən  el 
şənlikləri hara?  
Azinin  tərxis  olunmasına  dörd  ay  qalmışdı,  mənim 
qonşuluqdan  tutduğum  maşınla  Kürün  qırağına  toya  gəlmişdik. 
Ortadan  çıxmırdıq.  Muxtar  kişi  “Dəsmalgötürdü”  rəqsini 
mükəmməl  ifa  elədi.  Oyunu  Azinin  xoşuna  gəldiyindən  kişini 
ortadan  çıxmağa  qoymadı.  “Qaçaq  Nəbi”  havasını  çaldırıb 
qollarını  yana  aça‐aça  onunla  oynadı.  Azin  oynağan  idi.  Onun 
toyda,  mağarda  sümükləri  yananacan  rəqs  eləməsini  çox 
görmüşdüm.  Amma  heç  harada  belə  qol  qaldırmamışdı...  Rəqsin 
tamamında kişi ondan dədəsinin qaçaq olub‐olmadığını soruşdu. 
Azin  başını  buladı.  “Ay  bala,‐  yol  göstərdi‐  get  soyunu‐kökünü 
araşdır, dədəndən‐babandan hansısa qaçaq çıxacaq...”    
Gecə  toy  qurtaranda  bəylə  şampan  içdik  və  onu  gərdəyə 
yola  saldıq.  Gərdək  qışda  mal‐qaraya  verməyə  ot‐ələf  yığılan 
damda qurulmuşdu. Ailənin yaşadığı iki otaqlı daxalda Alqayıtın 
Rusiyadan  gəlmiş  qardaş‐bacısı  yatacağından  evlənənlərin 
qismətinə  “göydələn”  düşmüşdü.  Bəy  ağac  budaqlarından  təzə 
düzəldilmiş  nərdivanla  eşqin  mehrabına  qalxdı.  Nərdivanın 
qıraqlarına qırmızı lent bağlanmışdı.  
 
44

Alqayıtın  qohumu  “Babalı”  Muxtargildə  qaldıq.  Muxtar 
dayı  yaddaşını  qurdalayıb  bizə  Laçından,  Qarıqışlaqdan,  yaxşı 
vaxtlarından,  indiki  gün‐güzəranından  danışdı,  o  irəli  qırılan 
çomağını göstərdi.  
Qarıqışlağın  alma‐armud  bağlarından  birinə  “Göy  düz” 
deyərmişlər,  qoruqçusu  “Babalı”  Muxtar  imiş.  O  çomağın 
qorxusundan  uşaq‐muşaq  hərlənə  bilməzmiş  “Göy  düz”ə.  O 
günlərdən  söz  düşəndə  cavanlar  “ay  Muxtar  dayı,  kənddə 
olsaydıq, qoyardınmı bağdan alma yığaq” soruşar, köhnə qoruqçu 
dirsəyini  göstərərmiş.  Ta  bu  yaxınlara  qədər.  Çomaq  qırılan 
günün  səhəri  yenə  sorğu‐suala  tutublar,  Muxtar  dayı  kövrəlib: 
“niyə  qoymazdım,  ay  bala,  qoyardım,  göylük  eləməzdim, 
yediyinizdən  yeyərdiniz,  yemədiyinizi  cibinizə,  qoynunuza  yığıb 
aparardınız...” 
Kürün  ilan  mələşənində  cavan  həmkəndlilərinin  illərcə 
qəlbini  qıran  Muxtar  dayının  qoruduğu,  bəlkə  də  Muxtar  dayını 
qoruyan  hiss  yoxa  çıxmışdı.  “Deyərəm,  dilimdən  tutar,  kəndə 
qayıdanda bağın altını‐üstünə çevirər cüvəllağılar”‐ özünə həmişə 
belə  haqq  qazandıran  qoruqçunun  geriyə  dönməyə,  əslində 
irəliyə‐  “Göy  düz”ə  addımlamağa  əsası  qalmamışdı.  Həsrət 
qoruqçuluğa üstün gəlmişdi. Fikirləşmişdi ki, bəlkə qıymazlığıdır 
onu  ev‐eşiyinə  həsrət  saxlayan?  Bəlkə  cavanların  “Göy  düz”də 
yeyəcəyi  almaların,  armudların  savabı  uzadacaq  ömrünü 
Qarıqışlaq  qayıdana  qədər?!  Çayın  qırağındakı,  məktəbin 
böyründəki,  xəstəxananın  dalındakı,  poçtun  qabağındakı  bağda 
bitən  almalar  söhbət  edə‐edə  Muxtar  dayının  da  eyninə 
düşmüşdü.  “Böyük  oğlum  Urusetdən  ismarıc  yollayıb,  and  içir, 
burada “Göy düz”ün almasından bir dişdəm aldım, dadını o saat 
tanıdım...”‐ Muxtar dayının ağzı sulandı:  
‐  “Göy  düz”ün  almaları  o  saat  tanınar,  bala,  ətrindən, 
dadından‐tamından  doymaq  olmur.  Bu  dünyanın  heç  harasında 
təbiət Qarıqışlaqda olduğu qədər gözəl deyil. Sənin məndə andın 
yoxdur,  balalarımın  ölmüşü,  bütün  gözəlliklərini  o  kənddə 
 
45

cəmləyib  təbiət.  Qarıqışlaqda  daimi  gurultu  var.  Çayın  şır‐şırı 
qulağına nəğmə oxuyur adamın. “Ağ qaya” əzəmətidir o kəndin. 
Ucu‐bucağı  bəlli  olmayan  meşəsi,  xınalı,  kəkotulu,  qantəpərli 
dağları, 
bum‐buz 
bulaqları, 
günün‐günorta 
çağı 
qalın 
geyinməyəni  yorğan‐döşəyə  salan  yaylaqları  var.  İndi  qulağı 
səsdə qalmışıq Kürün qırağında...   
“Bura  yataqdır.  Burada  çox,  amma  çox  şey  dəyişib  öz 
yatağından  çıxandan”–  filosofluq  eləməyimə  imkan  vermədi 
Azin. Yuxu gözündən tökülürdü:  

 
Sakit dur, yataq, gecdir...    
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin