Dininin yaranma və yayılma tarixi


Azərbaycanda fəaliyyət göstərən dini qurumlar



Yüklə 44,15 Kb.
səhifə12/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   ...   5   6   7   8   9   10   11   12   13
atestasiya

Azərbaycanda fəaliyyət göstərən dini qurumlar

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 971 dini qurum dövlət qeydiyyatına alınıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, konfessional baxımdan onlardan 934-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Eyni zamanda, 10 dini təhsil müəssisəsi (kollec) dövlət qeydiyyatından keçib.
Ölkə ərazisində 2253 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.
İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

AZƏRBAYCANDA DİNİ İCMALAR
Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.
Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. 7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində, o cümlədən də Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin 95 faizindən çoxu islam dininə etiqad edir.
Azərbaycanda xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qafqaz Albaniyasının ərazisi ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab edilir. Alban-udi xristian dini icmasının qeydə alınması xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaranmışdır. Azərbaycanda ilk yayılan protestant təriqəti lüteranlıqdır. Ölkəmizdə lüteranlığın yaranması XIX əsrin I yarısında almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə bağlıdır.
Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür.
Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60- 65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar.
Vaxtı ilə Şəmkir və Göygöl rayonlarında kompakt halda yaşamış alman-lüteranlar II Dünya müharibəsi zamanı Sovet hakimiyyəti tərəfindən deportasiya edilmişlər. Digər protestant təriqətlərə mənsub şəxslərin sayı bir neçə min nəfərdir. Bunlar əsasən adventistlər, baptistlər, əllincilər, Yehovanın şahidləri və digərləridir. Onlar əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindədir.

Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin