AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


IX fəsil Professor Sədnik Paşa Pirsultanlı Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin mahir tədqiqatçısıdır



Yüklə 2,86 Mb.
səhifə12/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   ...   8   9   10   11   12   13   14   15   16

IX fəsil
Professor Sədnik Paşa Pirsultanlı Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin mahir tədqiqatçısıdır

Azərbaycan xalqının qədim və zəngin tari­xində aşıq sənəti onun mənəvi dünyasına və milli mədəniyyətinə dayaq olmuş, dövrün zülm­karlığına qarşı telli saz davam gətirmiş, cavab vermişdir. Kərəmin, Qəribin, Qurbaninin, Koroğ­lunun sazında yolunu azmış istismarçı ağalar, bəylər ifşa edilmişdir.

Azərbaycan xalqının ruhundan qidalanmış aşıq sənəti xalqı mənəvi cəhətdən kamil­ləş­dirmişdir. Cəmiyyətə və təbiətə məhəbbətdən ya­ranmış çoxşaxəli aşıq sənəti insana təlim-tərbi­yəvi, bədii-estetik və yüksək əxlaqi key­fiy­yətlər aşılayır, onun mənəvi aləmini zən­ginləşdirir.

Görkəmli aşıqlar şeirin möhürbəndində doğulduğu yeri özünə təxəllüs götürür. Məsələn, Dirili Qurbani, Tufarqanlı Abbas, Tikmədaşlı Xəstə Qasım, Valeh Abdal Gülablı bu baxımdan çox maraqlı və əhəmiyyətlidir.

Görkəmli folklorşünas alimlər H.Araslı, M.H.Təh­masib, M.Seyidov, Ə.Axundov, P.Əfən­diyev, M.Hə­kimov, V.Əliyev, İ.Ələs­gərov, S.Pa­şayev, Q.Namazov, R.Rüstəm­zadə, Z.Məm­mə­dov, V.Hacıyev və başqaları aşıq sənəti haqqında faydalı tədqiqat əsərləri yazmışlar.

Həmin folklorşünas alimlərin tədqiqat əsər­ləri görkəmli sənətkarların əmək fəaliyyətini və yaradıcılıq yolunu, xüsusilə yaratdıqları zəngin ədəbi-bədii irsin məzmun və ideyasını ətraflı təhlil edir.

Aşıq poeziyası insanların qəlbində yurd sevgisi, el qayğısı yaşadır, insanlar ulu ozanlara, ustad aşıqlara dərin hörmət bəs­ləyirlər. Şöhrətin zirvəsinə yüksələn Tikmə­daşlı Xəstə Qasım coş­qun aşıqlıq fəaliy­yətin­də özünün heyranlıq doğuran sənət dünyasını yaratmışdır. Onun sə­nət­karlıq imkanlarının zənginliyi və genişliyi ona dərin hörmət qazandırmışdır.

Mərdliyə, mehribanlığa, dostluğa, qardaş­lığa ça­ğırış Tikmədaşlı Xəstə Qasım şeirlərinin əsas motividir. Onun sənətinin hörməti elə və obaya, vətənə və və­tən­daşlara möhkəm bağlıdır. Xəstə Qasımın fitri istedadı onun xüsusi mül­kiyyəti deyil, elin sərvətidir.

Buna görə də Xəstə Qasım zəngin poeziya yarat­maqla elin sər­vətini özünə qaytarır, vətənə və xalqa şərəfli xidmət edir. Sənətkar öz xalqının həmişə cavan duyğularını, arzularını lirikasında canlı tərənnüm edir, ürəkdən-ürəyə ilhamla yol açır, insanların qəlbini pərvazlandırır.

Xəstə Qasımın şeirlərində sənətə mə­həb­bətlə, vətənə məhəbbət vəhdət təşkil edir, bir-birini tamamlayır. Deməli, Xəstə Qasımın sənət dünyası zəngin və rən­garəngdir, vətənə və xalqa səmərəli xidmət yolundadır. Xəstə Qasımın həyat həqiqətini bədii həqiqətə çevirmək bacarığı çox qüvvətlidir.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı 1975-ci ildə “Xəstə Qasım” kitabını Bakıda nəşr etdirib oxuculara hədiyyə vermişdir.

Folklorşünas alim Sədnik Pirsultanlı səmə­rəli axtarışlarını davam etdirmiş, 2011-ci ildə Bakıda “Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi” adlı monoqrafiyasını çap etdirmişdir.

Bu monoqrafiya görkəmli aşıq-şair Tik­mə­daş­lı Xəstə Qasımın dövrünü, həyatını, yara­dı­cılıq yolunu tarixilik, elmilik, pedaqoji-metodik prinsiplər əsasında ətraflı təhlil edən mükəmməl tədqiqat əsəridir.

Professor Sədnik Pirsultanlının elmi-nəzəri tədqiqat əsəri giriş, dörd fəsil, nəticə və ədə­biy­yatdan ibarətdir. Maraqlı cəhətdir ki, müəllif monoqrafiyada Tikmədaşlı Xəstə Qası­mın qoşmalarından, deyişmələrindən, təcnis­lərindən, gəraylılarından, divanilərindən maraqlı nümu­nə­ləri və “Dağıstan səfəri” əsərini də oxuculara ərməğan etmişdir.

Əməkdar mədəniyyət və qabaqcıl təhsil işçisi, əmək­dar müəllim, mahir pedaqoq, pro­fessor Sədnik Pirsultanlı altmışdan artıq monoq­rafiya, dərslik, dərs vəsaitinin və yüzlərlə elmi-nəzəri, pedaqoji-metodik məqa­lənin müəllifidir.

Professor Sədnik Paşa Pirsultanlı Azər­bay­can Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. O, iyirmi beş il Gəncə­basar Aşıqlar Birliyinin sədri və Daşkəsən, Kəlbəcər, Goranboy rayon qəzetlərinin redaktoru vəzifəsində səmərəli işləmiş, orden və medallarla təltif edilmişdir.

Professor Sədnik Pirsultanlı monoqrafiyanın “Tik­mədaşlı Xəstə Qasımın həyatı, yaşamı və mühiti” adlı birinci fəslində hadisələrin elmi-nəzəri şərhini azər­baycançılıq ideyasının tələbləri əsasında düzgün vermişdir.

Görkəmli sənətkar Xəstə Qasım XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Tikmədaşda ana­dan olmuş, Tikmədaş mədrəsəsində mükəmməl təhsil almış, ərəb və fars dillərini öyrənmiş, şi­fa­hi xalq yaradıcılığını və klassik ədəbiyyatı səmə­rəli mütaliə etmiş, mahir qələmini poeziyada sınamış, lirik şerlər yazmış, Dağıstana səfər etmiş və “Dağıstan səfəri” əsərini yazıb tamam­lamışdır.

Aşıq sənəti Azərbaycan şifahi xalq ədəbiy­yatının ən zəngin və geniş yayılmış qoludur. Məlumdur ki, aşıq gördüyünü, duyub bildiyini sazla ifadə edir. Bu xalqın müqəddəs kəlamıdır.

Azərbaycanda Qurbanilər, Tufarqanlı Ab­bas­lar, Kərəmlər, Alılar, Ələsgərlər yaranmış və əsrlər boyu dərdlərini sazla demişlər.

Aşıqların sazı Koroğlular, Nəbilər, Qaçaq Tan­rı­verdilər kimi müdrik tarixi şəxsiyyətlərin söz silahı olmuş, onlara qəhrəmanlıq və igidlik qüvvəti vermişdir.

XVIII əsrdən başlayaraq Nəcəf bəy Məlikov Zərdabi, Cəlil Məm­mədquluzadə, Nəcəf bəy Vəzirov, Üze­yir Hacıbəyov, Nəri­man Nəri­manov, Cəfər Cab­barlı, Səməd Vurğun aşıqların qüdrətindən bəhs etmiş, xalqın istək və arzularını ilhamla ifadə etdik­lərini göstərmiş, onların fəaliyyətini yüksək qiymət­ləndirmişlər.

“Aşıq gördüyünü çağırar” atalar sözü xalqın sənətə və sənətkara dərin hörmət və məhəb­bətinin bədii ifadəsidir. Aşıqların dərin mənalı, insana qol-qanad verən, nikbin ruhlu, məhəbbətə həsr edilmiş qoşmaları dillər əzbəri olmuşdur.

El ağsaqqalı kimi ümumxalq ehtiramı qazanan Tikmədaşlı Xəstə Qasım böyük sənətkar və alovlu qəlbə malik, fitri istedadlı aşıqdır, ustad aşıqdır.

Onun əsərlərində müdrik şəxsiyyətinin müəyyən cizgilərini, daxili ehtirasını, həyəcanını oxucu dərk edir, ona dərin hörmət bəsləyir. Ona görə ki, o, müdrik sənətkardır.

Professor Sədnik Paşa Pirsultanlı Xəstə Qasım haqqında ayrı-ayrı variantlarda üç dastan toplamışdır. Dastanın Əhliman Axundov variantı ilə Göyçə maha­lının Ağzıbir kəndindən olan Aşıq Məhəmməd variantları bir-birinə bənzəyir.

Birinci dastanda Xəstə Qasımın atasının adı Nəsrullah şah, ikinci dastanda isə Nəsrəddin şahdır. Ancaq Həsən Pərvanə variantına üstünlük verilir. Ona görə ki, bu dastanda hadisələr düz­gün ifadə olunur. Bu dastanda indiyə kimi şəx­siyyəti məlum olmayan baş müştehid Tikmədaşlı Qaraxanın adı aşkarlanır.

Azərbaycan ədəbiyyatı tarixində das­tan­la­rı­mızı ilk dəfə folkllorşünas Hənəfi Zeynallı təsnif etmişdir. Hənəfi Zeynalı “Seçilmiş əsərləri”ndə (1983) dastanları “Məhəbbət əfsanələri” və “Qəh­rəmannamə” adlan­dır­mışdır. Professor M.H.Təh­­masib dastanları “Qəhrə­manlıq”, “Məhəbbət” və “Ailə-əxlaq dastanları” adlan­dırıb, üç yerə bölmüşdür.

Tarixi mənbələr və aşıq ədəbiyyatı haqqında yazılan tədqiqat əsərlərində Hənəfi Zeynallının və professor Məmmədhüseyn Təhmasibin das­tan­ların böl­gü­sü haqqında fikirlərinin elmi-nəzəri şərhi verilmir, bu bölgülər tarixilik və elmilik prinsipləri əsasında təhlil olunmur.

Professor Sədnik Paşa Pirsultanlı dastanları düzgün olaraq, “Real-tarixi dastanlar”, və “Xəyali-romantik dastanlar” olmaqla iki yerə bölür. O, Tikmədaşlı Xəstə Qasımın “Dağıstan səfəri” dastanını real-tarixi dastan adlandırır və bu fikrini təsdiqləyir.

Professor Sədnik Paşayev yazır: “Qurbani”, “Abbas və Gülgəz”, “Xəstə Qasım”, “Valeh və Zərnigar” dastanları da real-tarixi dastanlardır. Bu dastanların əsas qəhrəmanları olan Dirili Qurbani də, Tufarqanlı Abbas da, Tikmədaşlı Xəstə Qasım da, Abdalgülablı Valeh də tarixi şəxsiyyət olmaqla yanaşı, onların yaşayıb-yarat­dıqları əsr də, yaşadığı coğrafi yerlər də məlumdur.

O da məlumdur ki, onların özləri ilə bağlı dastanlar həmin sənətkarların həyat macəraları əsasında yara­dılmışdır. Daha konkret desək, bu dastanların yurdunun üzərində tarixin möhürü var.1

Professor Sədnik Paşa Pirsultanlı düzgün göstərir ki, “Nəcəfxan”, “Alıxan və Pərixanım”, “Dilsuz və Xəzəngül”, “Məsim və Diləfruz” dastanları epos və nağıllardan istifadə yolu ilə yaradılmış xəyali-romantik dastanlardır. Bu dastanların şərhi həmin fikri təsdiqləyir.

Tarixi həqiqətdir ki, real-tarixi dastanlar da zaman keçdikcə dəyişir, təkmilləşir, zənginləşir, həm də özünün əsl yaradıcısını tarixən yaşadır. “Qurbani” dastanının qəhramanı Qurbani Qara­dağ mahalının Diri kəndin­dədndir. Butası Pəri isə Gəncə şəhərində yaşayır. Xəstə Qasım Tikmədaşdan Dağıstana, Aşıq Valeh Qarabağdan Dərbəndə səfər edir. Bu hadisələr dastanlarda bədii ifadəsini tapır.

“Xəstə Qasımın Dağıstan səfəri”nin Aşıq Həsən Pərvanə variantında ayrıca göstərilir ki, ona niyə Dədə Qasım deyilir. Müştehid Xəstə Qasımdan soruşur: “Oğlum, adın nədir?” Xəstə Qasım cavab verir ki, mənə el-oba iki ad veribdir. “Xəstə Qasım” və “Dədə Qasım”. Mən, sözün düzünü deyirəm, yolun düzünü göstərirəm. Ona görə də “Dədə Qasım” deyirlər. Mən dosta və düşmənə fərq qoymuram, həqiqəti bildirirəm.

Müştehid soruşur ki, oğul, bəs o “Xəstə Qasım” kimdir və ona niyə “Xəstə” deyirlər? Qasım cavab verir ki, “mənim qıfılbəndlərimi, sözlərimi sənin kimi alimlər, üləmalar o qədər fikir eləyir, ancaq bir yana çıxarda bilmir, axırda xəstə düşürlər. Ona görə də mənə “Xəstə Qasım” deyirlər. Bu sizin sualın düzgün cavabıdır.

Xəstə Qasım cığalı təcnisin bir neçə gözəl nümu­nəsini yaratmışdır. Aşıq poeziyasında qoş­ma-müstəzadın ilk nümunəsini görkəmli saz-söz ustası Xəstə Qasım yaratmış, oxuculara ərməğan vermiş və ümumxalq məhəbbəti qazanmışdır.

Şah İsmayıl Xətai (1487-1524) dövründə yaşama­masına baxmayaraq, Xəstə Qasım mənalı ömrünün sonuna kimi Şah İsmayıl Xətainin yaradıcılıq ənənələrinə sadiq qalmış, həmişə on­dan bəhrələnmişdir. Ona görə ki, Şah İsmayıl Xətainin zəngin ədəbi irsi ona gözəl təsir bağışlamışdır.

Şah İs­ma­yıl Xətayi bir neçə təxəllüslə - “Şair Xətayi”, “Sultan Xətayi”, “Miskin Xətayi” və “Xəstə Xətayi” təxəllüsləri ilə şeirlər yaz­mışdır. Şah İsmayıl poeziyasının vurğunu olan şairlər onun sağlığında və sonra da həmin adları özlərinə təxəllüs seçmiş, həm də bununla fəxr etmişlər.

Şah İsmayıl Xətayinin sağlığında Abdal Hüseyn - “Miskin”, sonralar isə Tikmədaşlı Qasım –“Xəstə”, Borçalı Aşıq Həsən - “Xəstə” təxəllüs­lərini qəbul edərək şeirlər yazmışlar. Şah İsmayıl Xətai özünün Mənsur kimi, İmadəddin Nəsimi (1370-1417) kimi “Ənəlhəq” ide­yasına bağlı olmasını bir şeirində əsaslandıraraq yazır:


Şəriət sancağı gəldi dikildi,

Təriqət yolunda güllər saçıldı,

Mərifət dəryası daşdı, töküldü,

Həqiqəti pirü-pirandan aldım.2


Şah İsmayıl Xətai Səfəvi dövlətinin ideo­logiyasını formalaşdırarkən islami dəyərlərə əsaslanırdı. O, təriqətə əsaslanır, seçdiyi dini təri­qət yolundan dönmürdü, xalq arasında dini-təriqəti mərifətlə təmsil edirdi. O, həqiqəti se­virdi. O, özündə dörd cəhəti birləşdirmiş, insani-kamil olmuşdur.

Şah İsmayıl Xətai islami təriqətə əsas­lanmış, dini-təriqət ideologiyasına sadiq qalmış, özünün forma­laşdırdığı Səfəvi dövlətinin ideologiyasını zənginləş­dirməyə çalışmışdır.

Bu keyfiyyətlər İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Qurbani və Pirsultan Abdalın yaradıcılığında geniş və inandırıcı şəkildə bədii ifadəsini tapmış, oxuculara gözəl əxlaqi key­fiyyətlər aşılamışdır. Ona görə ki, lirikada bədii ifadəsini təsirli tapmışdır.

Şah İsmayıl Xətai lirikasında yazır ki, mənə görə: “Ay-Əlidir, gün-Məhəmməd”, bilənə”.3

Tikmədaşlı Xəstə Qasım Əlini pir, Şah İsmayıl Xətayini mürşid qəbul edir və “Əli” adlı qoşmasının birinci bəndində deyir:
Ərşi zəmin nohu qələm yox ikən,

Varlığa hamıdan tez gələn Əli.

Ustadlar ustadı özü olubdur,

Cəbrayil məqamın düz bilən Əli.


Əli ustadlar ustadıdır, Cəbrayıl məqamını hamıdan düz bilmişdir. Şah İsmayıl Xətayiyə görə həyatın zəm­zəmi, dirilik suyu, hətta elm və bilik onun sayəsində cəm olubdur.

Tikmədaşlı Xəstə Qasım qəlbinin istəyini poetik dillə Əliyə ərmağan verib deyir:

Xəstə Qasım üzərmi daməndən əli?

Aləmi zərridə demişəm bəli.

Bir ismin Əlidi, bir ismin Vəli,

Cəmi pünhan dərdi tez bilən Əli.


Şah İsmayıl Xətayinin Həzrəti Əlini bir etibarlı mürid kimi yüksək qiymətləndirməsi XVI əsrin görkəmli sənətkarı aşıq-şair Pirsultan Abdalı ürəkdən sevin­dirdiyinə görə, o da Həzrət Əlinin, Məhəmmədin şəninə gözəl qoşmalar yazmış, özünü Həzrəti Əli məsləkinə və müqəddəs ideyalarına fəda edib yazmışdır:
Ay Əlidir, gün Məhəmməd.4
XVI əsrin görkəmli sənətkarı Miskin Abdal Həzrəti Əlinin səmimi dostu olduğunu poetik dillə ifadə edir:
Hər kim əgər şərdə şərri bilməsə,

Göydə əfsəl qəzənfəri bilməsə,

Hər kim ki, Əlini Vəli bilməsə,

Onun başın zülfüqara verəsən.5

Miskin Abdal Şah İsmayıl Xətaiyə məhəbbətini şeirlə bildirir:
İqlimin şahıydı, Həzrət Süleyman,

Ədalətə pənah idi Nuşravan.

Şıx oğlu İsmayıl – o cənnət məkan,

Düşməz ələ, o bir yadigardı getdi.6


Tikmədaşlı Xəstə Qasım XVII əsrin sonu, XVIII əsrin əvvəllərində sənət meydanına gəlmiş, şifahi xalq yaradıcılığından və klassik ədəbiyyatdan, xüsusilə aşıq sənətindən səmərəli bəhrələnmiş, istedadlı sənətkar zirvəsinə yüksəlmişdir.

Firti istedadlı Tikmədaşlı Xəstə Qasım şifahi xalq ədəbiyyatını, yəni zəngin Azərbaycan folklorunu və yazı ədəbiyyatı, yəni klassik ədəbiyyatı səmərəli mütaliə edib öyrənmişdir.

Azərbaycan ədəbiyyatı tarixində Məhəm­məd Füzulinin klassik şeirin bayrağını uca göylərə qaldırdığı, Şah İsmayıl Xətayinin böyük əqidə yolunda qılınc ilə sözü birləşdirdiyi, Dirili Qurbaninin el sənətini xalqa şərəfli xidmətə yönəltdiyi tarixi həqiqətdir.

“Büllur qaşlı, qızıl cildli kitabın” müəllifi Xəstə Qasımın yaradıcılığında vətən məhəbbəti parlaq yer tutur. “Özüm düşdüm qürbət elə” deyən Xəstə Qasım vətən həsrətli sənətkardır. Onun bu şeiri çox səciyyəvidir. Ona görə ki, Vətən həsrəti ilə ağlar qalmış, yad və qürbət ellərə düşüb demişdir:


Xəstə Qasım, tamam oldu sözlərim,

Eşq ucundan kabab oldu közlərim.

Qərib yerdə, yad ölkədə, gözlərim,

Vətən deyib ağla, ağlar qal indi.


Tikmədaşlı Xəstə Qasım Azərbaycanın Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qurbani və Tufarqanlı Abbas kimi sənət inciləri yaratmış dahi mütəfəkkirlərin ədəbi irsindən öyrənmiş və özünün sənət yolunu düzgün müəyyənləşdirib vətənə və xalqa şərəfli xidmət etmişdir.

Tikmədaşlı Xəstə Qasımın yaradıcılıq yolu aydın göstərir ki, onun Şah İsmayıl Xətai bədii irsini sevməsi, “Xəstə” təxəllüsü götürməsi Şah İsmayıl Xətai sənətinə vurğunluğunu təsdiq etmişdir. Ona görə ki, Şah İsmayıl Xətai poe­ziyası vətənin poetik səlnaməsidir.

Molla Pənah Vaqiflə Xəstə Qasımın aşıq yara­dıcılığı və yazılı ədəbiyyatın qovuş­ma­sın­dakı şərəfli xidmətləri mütəxəssislər tərə­findən yüksək qiymət­ləndirilmiş, Xəstə Qası­mın Molla Pənah Vaqifdən əvvəl yara­dıcılığa baş­laması və Vaqif poeziyasına təsiri göstərilmişdir.

Professor Məmmədhüseyn Təhmasib yazır: “XVII-XVIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeiri o qədər geniş yayılmış, elə böyük şəxsiyyətlər yetişdirmişdir ki, hətta, əgər belə demək mümkünsə, yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət göstərməyə başlamış, Vaqif ədəbi məktəbinin formalaşmasında həlledici rol oynamışdır”.7

Professor Sədnik Paşa Pirsultanlı Xəstə Qasım şerlərinin ahəngi və gözəlliyinin Molla Pənah Vaqifə səmərəli təsir etdiyini hər iki sənətkarın poeziyasından gətirdiyi nümunələr əsasında çox düzgün müəy­yənləşdirir, həm də fitri istedadlı folklorşünas kimi təsirli şərhini verir.

Professor Sədnik Paşa Pirsultanlı Xəstə Qa­sı­mın “Ola” rədifli qoşmasının son möhür­bəndini misal gətirir və iftixar hissilə göstərir ki, sevgi üçün candan keçməyə hazıram:


Mən Qasımam, əl götürməm canandan,

Canan qarşı gəlsə, keçərəm candan,

Rəngi artıq ola güldən, reyhandan,

Zülfləri boynuma bir kəmənd ola.


Folklorşünas Sədnik Paşa Pirsultanlı Molla Pənah Vaqifin “Ola” rədifli qoşmasının Xəstə Qasım qoş­masının davamı olduğunu, həm də hər iki sənətkarın poeziyasının sənətkarlıq baxı­mından bir-birini təsdiq­lədiyini göstərir.

Molla Pənah Vaqif beş bəndlik “Ola” rədifli qoş­ma­sında hadisələri çox canlı və təsirli cilalayır:

Döşün açıb, əl dəyəndə yaxaya,

Ağ gülün bağrına peykan toxuya.

Bədənindən müşkü ənbər qoxuya,

Zülfü gərdənində bir qucaq ola.8


Aydındır ki, yazılı və şifahi poeziyanın bir məcrada birləşməsində bu sənətkarların şərəfli xidmətləri vardır. “Ustadlardan dərs almışam” müqəddəs kəlamının müəllifi Xəstə Qasım özündən əvvəl səmərəli fəaliyyətə başlayıb, zəngin ədəbi irs yaratmış Xətai, Füzuli, Qurbani, Abbas Tufarqanlı və Sarı Aşığı özünün ustadı hesab etmiş və onların sənət incilərindən bəh­rə­lən­diyini vurğulamışdır. Tikmədaşlı Xəstə Qa­sım poeziyanın hə­qi­qi yaradıcısı və təb­liğatçısı olmuş, oxucular tərəfindən sevilmişdir.

Xəstə Qasımın yaşadığı dövrdə Nadir Şahın apar­dığı işğalçılıq müharibələri ölkəni talan edir, insanları didərgin salır, xalqa zülm edirdi. Bu ağır vəziyyəti mütəxəssislər çox real faktlarla göstərmiş, Nadir şahın işğalçılıq siyasətini ifşa etmişlər.

Görkəmli xalq yazıçısı, akademik Mirzə İbrahimov yazır:

- “İstər Nadir şah, istərsə də Ağa Məhəm­məd şah Qacar çox zaman tutduğu kəndləri, şəhərləri talan etməklə kifayətlənməyib, Şah Abbasın yolu ilə gedərək oranın bütün əhalisini İranın cənub əyalətinə köçü­rürdülər. Ata oğuldan, ana baladan, sevgili sevgilisindən ayrı düşürdü”.9

Şamaxı şəhəri ilə möhkəm əlaqəsi olduğunu şer­lərində göstərən Xəstə Qasım şəhərin faciəli vəziyyətini kədərli bir dillə “Qalıbdı” rədifli qoşmasında çox təsirli cilalayır:
Köhnə Şamaxının seyrin eylədim,

Əl dəyməmiş təzə bağlar qalıbdı.

Elə köçüb gedib, ulusu, eli,

İşlənməmiş ağ otaqlar qalıbdı.

Bu şeir həmin dövrdə yaşamış Şirvanlı Şakir Şirvaninin “Əhvali-Şirvan” şeri ilə həmahəngdir. O, Nadir şahın işğalçı ordularının Şamaxını darmadağın etməsini bu şeirində alovlu qəlbinin ağrıları ilə çox canlı və təsirli ifadə edir, oxucuya vətən sevgisi aşılayır.

“Xəstə Qasım” dastanından məlum olur ki, Xəstə Qasım “Ay üzü birçəkli, xallı Sənəm gəl” demiş, sev­gi­lisini unutmamış, onun eşqiylə yaşayıb, yazıb-yarat­mışdır. Onun “Nec ola” şeirindən Əhməd adlı, “Sərv xuraman” boylu ömür-gün yoldaşı olduğu vurğulanır:


Bu gen dünya üstümüzə dar ola,

Biz köçərik, yurdumuzda kim qala?

Əhmədimin rəngi-ruhu sarala,

Mənim sərvi- xuramanım necola?


Xəstə Qasımdan əvvəl Aşıq Qurbani “Xudafərin” körpüsündən “qolu bağlı” keçiri­lərək Təbrizə, oradan da Qarsa aparıldığını kədərli poetik dillə Şah İsmayıl Xətaiyə şikayət edir, özünün ağır vəziyyətini bildirir.

Ancaq Xəstə Qasım obaların “səf-səf olub yük­lənib” başqa yerə köçürülməsindən və vətən həsrətilə alışıb yanmasından poetik dillə şika­yətlənir:

Obalarım səf-səf olub yüklənir,

Başı ala qarlı dağlar, qal indi.


Xəstə Qasım “didəsindən axan qanlı göz yaşını” lirikasında alovlu bədii lövhələrlə çox canlı və təsirli ifadə edir:
Xəstə Qasım, tamam oldu sözlərim,

Eşq ucundan kabab oldu közlərim.

Qərib yerdə, yad ölkədə, gözlərim,

Vətən deyib ağla, ağlar qal indi.


Molla Pənah Vaqif Qazaxda aşıqlıq et­məsini, “Bi­zim evdə axta zoğal da yoxdur” deyib Qazax ədəbi mühitindən Qarabağa getməsini və Qarabağda qəzəlxan olmağa başlamasını vur­ğulamışdır. Molla Pənah Vaqif poeziyası zəngin ömür salnaməsidir.

Folklorşünas tədqiqatçı, professor Sədnik Paşa Pirsultanlı düzgün göstərir ki, Xəstə Qasım yazılı poeziyadan aşıq poeziyasına gəlib onu zənginləşdirdiyi kimi, Molla Pənah Vaqif də aşıq poeziyasından yazılı poeziyaya gəlib onu zənginləşdirmiş, hər iki sənətkar ümumxalq mə­həb­bəti qazanmış, nadir sənət inciləri ya­rat­mışlar.

Professor Sədnik Paşa Pirsultanlı Xəstə Qasımın dərin savada və mütaliəyə malik ol­ma­sını, aşıq poezi­yasında otaylı-butaylı Azərbaycan və Dağıstan poeziya­sına kölgə saldığını, yazılı ədəbiyyatın inkişafına, o cümlədən Molla Pənah Vaqif yaradıcılığına öz güclü təsirini göstərdiyini mənbələr əsasında təhlil etmişdir.10

Tikmədaşlı Xəstə Qasım dövrünə görə mükəmməl mədrəsə təhsili aldığını, “qızıl cildli kitab” yazdığını, istedadlı şair-aşıq olduğunu şeirində cilalamış, dövründən şikayətlənib demişdir.

Xəstə Qasım, kəsilibdir xitabım,

Qızılgül tək çəkilibdir gülabım.

Cədvəlkeş quranım, qızıl kitabım,

Yoxdur zərli qələmdanım əlimdə.


Təəssüflər olsun ki, indiyə kimi aparılan axtarışlar və səmərəli tədqiqatlar Xəstə Qasımın “qızıl cildli” kitabını tapa bilməmişdir. Ancaq tədqiqatçılar şairin qızıl sözləri ilə tanış olmuş, onun şeirlərinin təhlilini vermişlər. Bu məsu­liyyətli, çətin axtarışların aparılmasında, xüsusilə Xəstə Qasımın ədəbi irsinin tədqiqat edilmə­sində folklorşünas alim Sədnik Paşa Pirsultanlının fəaliyyəti çox səmərəlidir, çünki qiymətli tədqiqat əsəri yazıb çap etdirmişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Xəstə Qasımın çoxşaxəli və mürəkkəb yaradıcılıq yolu” adlı ikinci fəsildə Xəstə Qasımın yazılı ədəbiyyatdakı səmərəli fəaliyyətinin aşıq poe­zi­ya­sında şərəfli inkişaf etdiyini, nadir sənət inciləri yaratdığını, Nizami, Xaqani şeir bulağından bir daha bəhrələndiyini təhlil edir.

Dahi Nizami bir beytində yazır:
Əvvəl əyri bitər bir cavan budaq,

Zənn etmə qocalsa düzgün olacaq.11


Xəstə Qasım Nizami Gəncəvinin həmin müdrik beytini bu şəkildə oxucuya hədiyyə verir:

Əvvəl yerdən çıxan əyri ağacı,

Yüz min usta rəndələsə düz olmaz.12
Xəstə Qasım Xaqani Şirvaninin “Bax” şerilə tanış olmuş, ondan bəhrələrmişdir. Xaqani yazır:
Evdə qəlbin tutulmuşsa, kənara çıx, cahana bax,

Bir dəfə bağa girdim, onda sərvrəvana bax!

Əvvəlcə gəz bağ-bağçanı sonra get qəbristana,

Dostlarım gəl gör deyən bu xaraba məkana bax!

Mənəm-mənəm deyən canlar bütün yerin altındadı,

Torpaq altda qübar olmuş qəmər üzlü canana bax!


Fitri istedadlı, səmərəli mütaliəli, Azər­baycan xalqının bədii söz təfəkkürünü şüurlu dərk edən Xəstə Qasım Xaqani Şirvaninin həmin şeirindən bəhrələnərək yazır:
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!

Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.

Bu dünya dediyin boş müsafirxanədir,

Hər gələn köçər, hər gedən mehmanə bax.


Xəstə Qasımın poeziyasından aydın olur ki, Nizami və Xaqani kimi klassik sənətkarlarla bərabər Məhəmməd Füzuli və digər sənətkarların poeziyası ilə də tanışdır. Xəstə Qasım Ləzgi Əhmədə poetik dillə deyir:
Ləzgi Əhməd mənəm Füzuli nəsli,

Bəhrlərdə mən ümmanam sən nəsən?

Dərin kitabları məna eylərəm,

Dərd bilənəm, söz qananam sən nəsən?


Xəstə Qasım dahi Füzulinin oğlu Fəzlinin yaradıcılığı ilə yaxından tanış olmuş, ona məhəbbət bəsləmiş, onun qəzəl-müstəzadlarının təsiri ilə sazın tələblərinə münasib qoşma-müstəzadın, yaxud ayaqlı-qoşmanın bünövrəsini qoymuşdur:
İki dərya xoş görünmür gözümə,

İki qırx, dörd gəlməz ərin dizinə.

Xəstə Qasımın bu şerinə, sözünə,

Qazı, molla, müctəhidlər qaldı mat

Tapmadı kəlmat.
Xəstə Qasımın bir şeirini Xəstə Həsən adlı bir nəfər öz adı ilə Aşıq Ələsgərə göndərir. Göyçə aşıq məktəbinin zirvəsi Aşıq Ələsgər Xəstə Qasımın ruhundan icazə alıb formaca qoşma-müstəzad, məzmunca qıfılbənd olan Xəstə Qasımın həmin şeirinə cavab deyir:
Dörd kitab hər yana yolu göstərir,

Nəfs ilə mərifət olur şeş cahat.

Belə əmr eləyib qüdrəti-qadir,

Bu əmrə qol qoyan tez tapar nicat.

Eylə etiqad.
Aşıq Ələsgər yeddi bənddən ibarət olan bu sərvət incisinin son möhürbəndində deyir:
Aşıq Ələsgərdi, soruşsan adım,

Huş başımdan gedib, yoxdu savadım.

Sözlə mətləb yazmaq deyil muradım,

Arifə eyhamla yazıram hürfat,

Sədrin olsun sat.13
Xəstə Qasımın kamil ustadlarından biri olduğu bu şer formasına görə qoşma-müstəzad, məzmununa görə isə qıfılbənddir. Xəstə Qasımın qıfılbəndləri bir çox aşıqları çətinliklər qarşısında qoymuş, onlar bu qıfıl­bəndləri aça bilməmişlər.

Ancaq Xəstə Qasımın qıfılbəndlərindən bir neçəsini Aşıq Ələsgər, onun qardaşı oğlu Növrəs İman və Şəmkirli Həsən Pərvanə açmışdır. Müasir dövrümüzdə Xəstə Qasımın bir sıra açılmamış qıfılbəndləri vardır.

Xəstə Qasımın qıfılbəndləri çox yüksək sənət­karlıqla deyilmiş, dərin məzmunlu, parlaq ideyalı, təlim-tərbiyəvi və bədii-estetik mahiy­yətli sənət inciləridir.

Məsuliyyətli tədqiqatçı professor Sədnik Paşa Pirsultanlı Xəstə Qasımın bir sıra qıfılbənd­lərinin Aşıq Ələsgər və Növrəs İman kimi Həsən Pərvanənin açdığını da göstərmişdir.

Tədqiqat əsərində Göyçənin Nərimanlı kənd sakini şair Bəhmənin də Xəstə Qasımın bir qıfılbəndini açdığı göstərilir.

Xəstə Qasım:


Bir əcayib nəsnə gördüm, kökü bir, budağı üç,

Hər ağacda altmış çiçək, yüz səksən yarpağı üç.

Cəm idi on iki, on üç, altı, otuz sərasər,

Yeddi təbib açar, yumor bağçası bir, bağı üç.


Göyçəli Bəhmən:
On bir ildi fəsilləri sürüb nizami üç,

Du mühitə altmış nuz, yüz səksən qulağı üç.

Cəm eylədi on iki aydı, otuz gündən sərasər,

Yeddi, on kam veribdi əziz bayramları üç.


Tədqiqat əsərində düzgün göstərilir ki, Xəstə Qasımın qıfılbəndlərinin açılması təxmi­nən iki əsrdən çox çəkmişdi. Bir çox sənətkarlar bu sahədə çox çalışmış, lakin qıfılbəndləri aça bilməmişlər.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, Növrəs İman müstəsna olmaqla Həsən Pərvanə, Göyçəli şair Bəhmən və başqaları Xəstə Qasımın qıfılbəndlərinə müəyyən cavablar versələr də, onun qədər dərinliklərə gedə bilməmişlər.

Ustad sənətkar Xəstə Qasım özü gös­tərmişdir ki, mənim qıfılbəndlərimi açmağa səy göstərənlərin “başına əsər gələr”. Doğrudan da Xəstə Qasımın ölümündən iki yüz ildən artıq vaxt keçdikdən sonra ilk dəfə Göyçəli Aşıq Ələsgərin (1825-1926) qardaşı oğlu Növrəs İman onun ruhundan icazə alıb qıfılbəndlərini açmağa səy göstərmişdir.

Professor S.P.Pirsultanlı yazır: “Növrəs İmanın həqiqətən başına əsər gəlmiş, ağlı ye­rin­dən oynamış, bilmədiyi məkana üz tutub getmişdir. Onun getdiyi coğrafi məkan bu gün də bəlli deyildir. Hətta, məzarının da yeri bi­linmir”.14

Xəstə Qasımın qıfılbəndləri onun dərin biliyə, zəngin dünyagörüşünə, ədəbiyyata, incəsənətə, maarifə və mədəniyyətə sahib, fitri istedadlı şair-aşıq olduğunu göstərir.

Bu müdrik fikri əsaslandırmaq üçün Ləzgi Əhmədlə Xəstə Qasımın bir qıfılbənd-deyiş­məsinə diqqət edək:


Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,

O nədir ki, dürlü-dürlü halı var?

Nədən hasil oldu ərşin arğacı,

O nədir ki, toxunmamış xalı var?

Xəstə Qasım:
Sənə cavab verim, ay Ləzgi Əhməd,

Bahardır ki, dürlü-dürlü halı var.

Nurdan xəlq olundu ərşin arğacı,

O buluddur ki, toxunmamış xalı var.


Xəstə Qasımla Ləzgi Əhməd arasındakı deyiş­mələrdə kainatın daxilində hansı hadisələrin dövran etməsi, hansı möcüzələrin baş verməsi və insanın idrakına təsir edib bilik verməsi göstərilir.

Tədqiqat əsərində “Azərbaycan aşıq yara­dıcılığı və islam mədəniyyəti” problemlərinin indiyə kimi həll olunmaması haqlı qeyd olunur. Ona görə ki, bu prob­lemin həlli mütləq lazımdır. Bu problemin həlli xalq dastanlarında və aşıqların qoşmasında olan dini hadisə­lərin düzgün şərhinə istiqamət verər və çətinlikləri aşkarlayar.

Xəstə Qasımın məscidlərdə olması haqqında ma­raqlı məlumatlar var. Ləzgi Əhməd Xəstə Qasımın zərdüştiliyə münasibətini yoxlamaq üçün bir qıfılbənddə deyir:
Ləzgi Əhməd, heç vəsfindən doymazlar,

O nədir ki, götürərlər qoymazlar?

Kimlərdir ki, məzarı yox, yumazlar?

Bu nə qophaqopdur, bu nə köçhaköç?


Xəstə Qasım:
Xəstə Qasım, heç vəsfindən doymazlar,

O ölüdür, götürərlər, qoymazlar.

Atəşpərəstlərin məzarı yox, yumazlar,

Dünya qophaqopdur, ölüm köçhaköç.


Göstərilən poeziya nümunələrindən aydın olur ki, “Avesta” bizim dini kitabımızdır, “Avesta” Qurana zidd kitab deyildir. Deməli, Zərdüşt dinini səhnədən çıxar­mağa çalışanlar cəmiyyətə, insanlığa, dinə, müqəddəs Qurana zidd olan tüfeylilərdir.

Nizami Gəncəvi “Xosrov və Şirin” poe­ma­sında Allaha müraciərlə minacat və peyğəmbərin şəninə gözəl sözlər söyləyir, həm də Zərdüşt dinindən, onun xeyirxah cəhətlərindən geniş bəhs edir və oxuculara yüksək əxlaqi keyfiyyətlər aşılayır.

Nizami Zərdüşt dövründə doğma övlada verilən cəzanı belə qiymətləndirir:

Doğma bir övlada əvvəl nə sayaq,

Ədalətlə cəza verilirdi bax.15
Nizami Gəncəvi “Xosrov və Şirin” poe­ma­sında Zərdüştilikdən fərqli olaraq müsəlmanlıq dövründə qanun­ların möhkəm işləmədiyini poetik dillə qeyd edir:
Hanı o Ədalət, o insaf hanı,

Verə öz oğluna belə cəzanı?

İndi yüz yoxsulun tökülsə qanı,

Nahaq qan tökənə bir cəza hanı?

Atəşpərəstlikdə dünya eləydi,

Bu müsəlmanlıqdan utan bir indi.16


Aydın məsələdir ki, zərdüştilik pislə­nil­məməli və islam mədəniyyətinin bizə çox fayda verdiyi qeyd olunmalı, araşdırılmalı, bu problem həll edilməlidir.

Xəstə Qasım yaradıcılığında “Təcnis” adlı aşıq şeirinə geniş yer verir və deyirdi ki, təcnisi xalq dilində, bədii irsə və yazılı ədəbiyyata yaxşı bələd olan, zəngin söz ehtiyatına malik sənət­karlar yarada bilərlər.

Xəstə Qasımın təcnisləri onun mahir təcnis ustası olduğunu təsdiqləyir. Sənətkarın özü də bu sahədəki fəaliyyətini poetik dillə əsaslandırır:
Xəstə Qasım sözün yetir tamama,

Günbatan, gündoğan gələr salama.

Nə alim işidi, nə də üləma,

Təcnis mənasının çox hünəri var.


Aşıq poeziyasının zirvəsini təşkil edən təcnisləri Xəstə Qasım zərgər dəqiqliyi ilə seçib işlədir. Ona görə ki, təcnis formaca eyni, məz­munca müxtəlif olan cinas qafiyələrlə yaranır. Bunun da mahir sənətkarı Xəstə Qasımdır.

Xəstə Qasımın ədəbi irsi içərisində on sadə-saya təcnis, üç cığalı təcnis vardır. Aşığın “Üzhaüz" rədifli cığalı təcnisi məzmununa görə nəsihətamiz bir ustad­namə təsiri bağışlayır.

Həqiqət bəhrində qəvvasam deyən,

Qəvvas isən, gir dəryaya üzhaüz.

Aşıq deyər:-üzhaüz,

Sonam göldə üzhaüz,

Qarı düşmən dost olmaz,

Yalvarasan üzhaüz.

Bir mərd ilə ilqarını vur başa,

Namərd ilə kəs ülfəti üzhaüz.

Tədqiqatçı professor Sədnik Paşa Pirsultanlı haqlı olaraq yazır ki, Tufarqanlı Abbasın, Sarı Aşığın dövründə təkamül dövrü keçirən təcnis Xəstə Qasımın yaradı­cılığında kamala çatmışdır. Təcnisi aşıqlar şerin şahı, onun yüksək zirvəsi adlandırır. Buna görə də hər sənətkar təcnis yaza bilmir. Xəstə Qasımın təcnislərinin hər biri ustalıqla qurulmuş yaraşıqlı bir söz çələngidir. Tədqiqatçı bu təcnisi nümunə verir:
Lazım olur yoxsul üçün bircə mal,

Leyli isən, göstər mənə bir camal.

Laf eyləmə, var saqidən bir cam al,

Leysan çeşmin məni eylər sənə mal.


Xəstə Qasım başqa bir təcnisində deyir:
Lal olur bülbüllər sovulanda gül,

Lalə libas geyinmisən, Sənəm al!

Ləblərindir mənə abi-səlsəbil,

“La” demirəm, bir canım var, Sənəm al!


Xəstə Qasım “Sənəm al” təcnisində hadi­sələrin düz­gün poetik şərhini verir. Həqiqətən də gül sovulanda bülbül lal olur. İkinci misrada al geyinmiş Sənəmin nə gözəl görkəmdə görün­düyünü diqqətə çəkir.

“Lalə libas geyinmisən, Sənəm al”, ləbləri abi-Səlsəbil olan gözəlin onun canını almasını özünə şay bilir. “La” demərəm, yox demərəm deyən aşıq ürəyindən gələn səmimiyyəti təbii bir dillə gözəl bir şəkildə dilə gətirir.

Təcnisin oxucuya və dinləyiciyə gözəl təsir ba­ğış­ladığı, tərbiyəvi mahiyyətli olduğu insanın qəlbini pərvazlandırır, ona bədii-estetik zövq verir.

Xəstə Qasım “Görüncə” adlı təcnisində hər bəndi iki yerə bölür, arasına cinas qafiyəli bayatı salır, təcnisin yeni cığalı təcnis növünü yaradır:


Gözəllər gözəli, şahi-gülbədən,

Didəm ağlar məhcamalın görüncə.

Aşıq deyər: görüncə,

Siyah telin, hörüncə,

Get bir mərdə qul ol sən,

Namərd üzün görüncə.

Mina gərdən, büllur buxaq, diş inci,

Çəkilibdi hilal qaşlar görüncə.


Xəstə Qasım gözəlin hüsnü-camalını çox gözəl təşbihlərlə bəzəyir. Onun yaratdığı bədii lövhə insana yüksək zövq verir, zehnini, şüurunu zənginləşdirir. Ona görə ki, bu təcnislər yüksək sənətkarlıqla yaradılmışdır.

Xəstə Qasım “Çaphaçap” şerində hadisələri çox canlı və təsirli bədii lövhələrlə cilalamışdır:


Bu gün iki sultan bir taxta çıxmış,

Ox atarlar bir-birinə çaphaçap.

Nazlı dilbər mənə sitəm eylədi,

Könlümün şəhrinə saldı çaphaçap.


Müəllif təcnisə yeni süjet gətirir, məzmunu və ideyanı zənginləşdirir, tarixi faklarla cilalayır. Üç bənd­dən ibarət olan təcnisin ikinci bəndində hadisələri daha təsirli verir və deyir:
Ağlaram didəmdən yaş, irin gələr,

Əmərəm ləbindən ya şirin gələr.

Deyərlər, qəsrindən ya Şirin gələr,

Fərhad kimi vur dağları çaphaçap.


Xəstə Qasım təcnisin bu bəndində Nizami Gəncə­vinin ədəbi irsinə müraciət edir, ondan bəhrələnir. Bu bənddə Fərhad Şirin macərasını yada salır.

Qəsrindən Şirinin gəldiyini, Fərhadın dağlar çapdığını, eşq yolunda səmərəli fəaliyyətini, əzab-əziyyət çəkdiyini, ancaq əqidəsindən dön­mə­diyini xatırladır. Müəllifin çoxmənalı hadi­sələri poetik misralarla oxucuya xatırlatması təlim-tərbiyəvi mahiyyət daşıyır və oxucuya gözəl təsir bağışlayır.

Xəstə Qasım özündən əvvəl yazıb-yaratmış Tufar­qanlı Abbasın təcnislərindən bəhrələnmiş, onun “Gözlər” rədifli təcnisinə orijinal məzmuna malik təcnis də yazmış, oxuculara hədiyyə vermişdir.

Xəstə Qasımın təcnislərində fikrin aydın verilməsi və oxucuya fikrin bitkin çatdırılması üçün misralar aydın cümlələrdən ibarət qurulur, məzmun və ideya səmərəli bədii ifadəsini tapır.

Xəstə Qasımın aşıq yaradıcılığında iz salmış, özün­dən sonra gələn sənətkarlar üçün bir nümunə və örnək olmuş təcnisləri məzmun və sənətkarlıq baxımından çox əhəmiyyətlidir. Onun dərin mündəricəli ustadnamələr yaradıcısı olduğunu yaratdığı sənət inciləri təsdiqləyir.

Ona görə ki, Xəstə Qasım təcnislərində öyüd-nəsihətlər verməyi unutmur, oxucunun yad­daşında əbədi qalan, onun hafizəsini zən­ginləşdirən ustadnamə bənd­lərinə xüsusi diqqət yetirir, daha təsirli olmasına üstünlük verir:


Xəstə könlüm yar bəsləmiş, həmdərdi,

Dərd bilməzə demək olmaz həm dərdi.

Bir igidin yaxşı olsa həmdərdi,

Qışı nurdur, yazı nurdur, yayı nur.

Xəstə Qasım şeirdə, xüsusilə təcnislərində məna dərinliyinə, söz incəliyinə, tərbiyəvi təsir qüvvəsinə xüsusi diqqət yetirir, bu keyfiyyətləri təcnislərində verməyə çalışır və məqsədinə nail olur.

Xəstə Qasım çeşmələr gözündən ləli-mərcan sözlər seçən, müdrik kəlamlar axtarıb tapan, bu parlaq uğurları şeirində cilalayan, nadir istedada malik, görkəmli və məsuliyyətli, tələbkar və qayğıkeş bir sənətkardır.

Tədqiqatçı, professor Sədnik Paşa Pirsul­tanlı səmə­rəli axtarışlarının nəticəsində yazır: “Xəstə Qasım gəray­lılarını, qoşmalarını, təcnis və qıfılbəndlərini, ustad­namələrini eyni həvəslə, eyni ma­raqla yaradır, hər bir şeir janrında onun sənətkar bacarığı, istedadının qüdrəti üzə çıxır. Tikmədaşlı Xəstə Qasım aşıq yaradıcılığının bel sütunudur.17

Xəstə Qasım yaratdığı təcnis, qıfılbənd, ustadnamə və başqa şeirləri onun aşıq yaradı­cılı­ğındakı mövqeyini təsdiqləyir. Onu aşıq poeziyası tarixində məşhurlaşdıran dərin fəlsəfi ideyalar təbliğ edən ustadnamələri olmuşdur.

Xəstə Qasım öz dövrünün ustad sənətkarı kimi tanınıb hörmət qazanmış, Azərbaycan aşıq şeirinin bütün janrlarında faydalı əsərlər yazmışdır. Sənətkar yara­dı­cılığı haqqında poetik dillə yazır:
Xəstə Qasım yazlarımız, yazlanar,

Qızılgüllər pardaxlanar, nazlanar.

İgid daldasında igid gizlənər,

Tülkünün dalında heç bir zad olmaz.


Xəstə Qasım başqa bir ustadnaməsində qəlbinin arzu və istəyini poetik dillə cilalayır:
İgidin mərfəti gərək dilində,

Qocanın əsası gərək əlində.

Biqeyrət oğulun ata yerində,

Qaldığından qalmadığı yaxşıdır.


Xəstə Qasım insanda nəsil, kök və əsil­zadəlik axtarır, onun keçmişinə nəzər salır, nəslinin vətənə və xalqa necə xidmət etdiyini öyrənmək istəyir. Bu məqsədlə “Olmaz” rədifli qoşmasını yazır və deyir:
Üz vermə nadana, sirr vermə pisə,

Axır qəlbin ya inciyə, ya küsə.

Ot bitər kök üstə, əsli nə isə,

Yovşan bəsləməklə çəmənzar olmaz.

Aşıq ədəbiyyatında daha çox ustadnamələri ilə məşhur olan Xəstə Qasımın ustadnamələrində ağıl və kamal, insani fəzilətlər və dostluq, birlik və qardaşlıq bədii ifadəsini orijinal tapır. Onun ustadnamələrində istismarçı hakim sinfə nifrət yağdırılır, insanlar ədalətə, yaxşılığa, xeyir­xah­lığa, qayğıkeşliyə, əməksevərliyə dəvət edilir. O, ustadnamələrində hikmətamiz ata nəsi­hətlərinə geniş yer verir, dərin fəlsəfi və idrakı fikirləri gənc nəslə çatdırmağı faydalı bilib deyir:
Bir məclisə varsan özünü öymə,

Şeytana bac verib, kimsəni söymə.

Qüvvətli olsan da yoxsulu döymə,

Demə ki, zorluyam, qolum yaxşıdır.

Xəstə Qasım dərdini özü çəkir və deyir:
Xəstə Qasım kimə qılsın dadını?

Canı çıxsın, özü çəksin odunu.

Yaxşı igid yaman etməz adını,

Çünki yaman addan ölüm yaxşıdı.


Xəstə Qasımın ustadnamələri öyüd, nəsihət, insan üçün həyat dərsliyidir. Onun ustadna­mələrində qətiyyən mənasız söz və ifadəyə yer verilmir, nəsihət mahiyyətli misralar oxucuya gözəl təsir bağışlayır. Aydındır ki, insan fəaliyyətinin səmərəsinə çalışmalıdır:
Vəfalıya əmək çəksən, itirməz,

Bədəsil nəsihət, öyüd, götürməz.

Qabaq tağı tər şamama bitirməz,

Boz söyüddə heyva olmaz, nar olmaz.


Xəstə Qasım şeirlərində insanı düzlüyə, doğruluğa çağıran nəsihətamiz fikirlərə daha geniş yer verir, insan­ları böhtandan, şərdən, pis, mənasız, yaramaz, riyakar, ziyankar əməllərdən uzaqlaşmağa çağırır və yazır:
Böhtan demə, böhtan tutar adamı,

Qul eylər, bazarda satar adamı,

Cəhənnəm odundan betər adamı,

Yoxsulluq yandırar, kül eylər-eylər.


Görkəmli folklorşünas doktor, folklorşünas alim Cavad Heyət yazır:

“Bizim görkəmli aşıqlarımız hamısı ustadnamə yazmışlar, lakin Xəstə Qasım bu sahədə daha məşhur olmuşdur”.18

Aparılan axtarışlardan aydın olur ki, Xəstə Qasımın çoxşaxəli və mürəkkəb yaradıcılıq yolu zəngin və əhəmiy­yətlidir. Ona görə ki, Xəstə Qasımın ədəbi irsi təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli poeziya çələn­gidir. Folklor­şü­nas tədqiqatçı, professor Sədnik Pa­şa Pirsultanlı yazır: “Aşıq Ələsgər kimi XX əsrin azman sənətkarı Aşıq Şəmşir də Xəstə Qasımın yara­dı­cı­lığını təqdir etmiş, bəyənmiş, sevmiş, onun yolunu əsl sənət sahəsi saymış və onun yara­dıcılıq xəzinəsindən bəhrələnmişdir”.19

Xəstə Qasım çox dərin məzmunlu, parlaq ideyalı, təlim-tərbiyəvi və bədii-estetik mahiy­yət­li ustadnamələri ilə Azərbaycan aşıq poe­ziyasına öz möhürünü vurduğunu tədqiqatçı professor S.P.Pirsultanlı təsdiq etmiş, tarixi mənbələr əsasında elmi-nəzəri şərhini vermişdir.

Aparılan tədqiqatlar göstərir ki, Xəstə Qasımın yaradıcılığı zəngin və rəngarəngdir, də­rin məzmuna, ideyaya və yüksək əxlaqi keyfiy­yətlərə malikdir.

Xəstə Qasımın ədəbi irsi iki əsrdən artıqdır ki, aşıqlar üçün çox faydalı məktəb olmuş, yalnız aşıq poe­ziyasına deyil, yazılı poeziyaya da təkan vermiş, hər iki poeziyanı zənginləşdirmiş, zən­ginləşdirir və ümumxalq məhəbbəti qazandırır.

Təşbeh və bənzətmələri orijinallığı ilə seçilən Xəstə Qasım haqqında professor Sədnik Paşa Pirsultanlı yazır: “Ümumiyyətlə, Xəstə Qasımın şeirləri zəngin həyat müşa­hidələrinin məntiqi nəticələri kimi səslənir, insanı düşün­dürür, ona bədii zövq verir, idrakına, şüuruna təsir edir, mənəvi aləmini saflaşdırır. Hər bir ustadnaməsində bir ümid çırağı yanır”.20

Xəstə Qasımın ustadnamələrində atalar sözü kimi işlənən, oxucuya gözəl tərbiyəvi təsir bağışlayan misralar vardır:


Əvvəl yerdən çıxan əyri ağacı,

Yüz min usta rəndələsə düz olmaz.

Bir hörgü ki, binəsindən kəc ola,

Başı ərşə dəysə, dibi düz olmaz.


Sən sevəsən, yarın səni sevməyə,

Olar bülbül ilə xar aşnalığı.


Göstərilən misralar həqiqətən atalar sözü təsiri bağışlayır. Xəstə Qasımın təcnis, qıfılbənd, ustadnamə və digər yaratdığı sənət inciləri onun Azərbaycan aşıq yaradıcılığında görkəmli sənətkar olduğunu təsdiqləyir. Xəstə Qasım öz rəqibinə poetik dillə çox təsirli və məzmunlu cavab verib deyir:
...Adəmdən xatəmə,

Gərdişi-dövran mənim.

Din mənəm, məzhəb mənəm,

Yol mənəm, ərkan mənəm.

Gül mənəm, bülbül mənəm,

Sünbülü reyhan mənəm,

Yerdə insan, göydə mələk, ərşdəki

aslan mənəm.


Xəstə Qasım qıfılbəndə bərabər təcnislər yaratmış, parlaq uğurlar qazanmış və sevilmişdir:

Xəstə Qasım, sözün yetdi tamama,

Gündoğan, günbatan gəlsin salama.

Nə alim işidi, nə də üləma,

Təcnis mənasının çox hünəri var.
Professor Sədnik Paşa Pirsultanlı tədqiqat əsərinin dördüncü fəslində “Xəstə Qasımın “Dağıstan səfəi” dastanının səciyyəsi, elmi mahiyyəti və dastan yaradı­cılığında yeri” prob­lemini tarixilik, elmilik və pedaqoji-metodik prinsiplər əsasında təhlil edir.

Xəstə Qasımın “Dağıstan səfəri” dastanı onun həyatını, yaradıcılıq yolunu, ictimai-siyasi və fəlsəfi görüşlərini düzgün göstərir. “Dağıstan səfəri” real-tarixi das­tanın Azərbaycan dastan yaradıcılığında ilk bü­növ­rəsidir.

Dastan tarixini diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, Xəstə Qasımın “Dağıstan səfəri” dastanı Aşıq Valehin “Dərbənd səfəri”, Aşıq Alının “Türkiyə səfəri”, Şəmkirli Aşıq Hüseynin “Naxçıvan səfəri” kimi real-tarixi dastanların yaranmasına çox faydalı örnək olmuşdur.

Tədqiqatçı alim S.P.Pirsultanlı “Yetim Aydın”, “Aşıq Qərib”, “Şah İsmayıl və Gülzar” dastanlarının qısa şərhini verir və yazır: “Xəstə Qasımın “Dağıstan səfəri” dastanı zəngin bədii ifadələrlə, yəni təşbeh və məcazlarla bəzənməklə yanaşı, dərin elmi biliklərə söykənir. Əvvəlki ənənəvi dastanlardan çox fərqli olaraq dastanda şerin əksəriyyəti hərbə-zorbalarla, açılması çətin olan qıfılbəndlərlə zəngindir”.21

Xəstə Qasımın dövründə və ondan əvvəl də İran şahlığı sarayda istedadlı aşıq və güclü pəhlə­vanlar sax­layırdı. Bu pəhləvanlar və aşıqlar əya­lətdə təşkil olunmuş yarışlarda iştirak edirdilər. Yarışda qalib gələn pəhləvana görə ölkə yarıbayarı vergidən azad edilirdi. Əgər xanın aşığı və pəhləvanı məğlub olurdusa, vergilər ikiqat artırılırdı. Şuşa şəhərindəki məşhur “Cıdır düzü” həmin günlərin yadigarıdır.

Bir gün İran şahı Qara pəhləvanı Gəncəyə göndərir. O, qırx pəhləvanın qırxını da yıxır. Ölkənin xanı məyus olur. Ancaq bir nəfər çoban xana xəbər verdi ki, Güllər adlı nişanlı bir qız Qara pəhləvana qalib gələ bilər.

Xan razı oldu. Güllər oğlan paltarı geyib Qara pəh­ləvanla bir süfrədə əyləşir, Güllər süfrə arxasında əlini uzadıb Qara pəhləvanın bir qıçını qırıb çilik-çilik edir.

Xəstə Qasımın “Dağıstan səfəri” dastanı bu hadi­sələrin ətraflı şərhini verir. Təbrizin baş müştehidinə tapşırılır ki, sənətə, sözə bələd, alim kimi bir sənətkar tapsın. Axtarış aparılır. Ancaq Tikmədaşlı Xəstə Qasımın adı birincilər sırasında çəkilir.

Bu vaxt cavan oğlan olan Xəstə Qasım iki dastan variantına görə Mələksimaya, üçüncü dastan variantına görə Kəklik adlı bir qıza nişanlı idi. Buna görə də Xəstə Qasım Dağıstana get­mək­dən imtina edir, həm də nişanlı olduğunu bildirir.

Bu dövrdə uzaq səfərə çıxan şəxs mollaya müraciət etməli idi. Molla yolun qaranlıq və ay­dın olmasını bildirərdi. Xəstə Qasımın anası mol­laya rüşvət verir ki, Qasımı bu uğurdan saxlasın. Molla Quranı açır, yazıları tərsinə oxuyur. Bu vəziyyətə dözməyən Qasım mollaya şeirlə deyir:


Bu gün bir molla görmüşəm,

Kələmullah əlindədi.

Oxur Quranı əzbərdən,

Əsədullah dilindədi.


Molla Qasıma deyir: “Oğul, bağışla, bir səfdi elədim”. Qasım mollaya şeirlə cavab verir:
Qıl namazın zikrin eylə,

Bircə Allahın şükrün eylə.

Qasım, getməyin fikrin eylə,

Gəlmək Allah əlindədi.


Əhliman Axundov, Göyçənin Ağzıbir kən­din­dən olan Məhəmməd, XIX əsrin ziyalı tədqiqatçısı Rəşid bəy Əfəndiyev, Mahmud Mahmudbəyov yazılarında Xəstə Qasımın sev­gilisinin adını Mələksima qeyd edirlər.

“Xəstə Qasım” dastanının əvvəlində gös­tə­rilir ki, Mələksima Alıxanın qızıdır. Alıxan Xəstə Qasımı zinda­na saldırır, onu məhv etməyə çalışır. Mələksima Xəstə Qasımı sevir, ancaq səadətə qovuşa bilmir. Alıxan qızının sevgisinə zidd olur.

Professor Sədnik Paşa Pirsultanlı yazır: “Xəstə Qasım həqiqətən “Dağıstan səfəri”ndə Sona kəkliklərə, el gözəllərinə qarışmış sevgilisi Kəkliyə işarə ilə ayrılığını dilə gətirmişdir. Xəstə Qasım: “Mən gedirəm sizi kimə tapşırım” deməklə abır-həya edərək öz ayrılığını “Sona kəkliklərə” qarışmış Kəkliyə bildirir.

Sonda isə “Siz Xəstə Qasımı halal eyləyin, çünki gedir Dağıstana kəkliklər” deməklə sevgilisi Kəklikdən Dağıstan səfərində halallıq istəyir və deyir:


Gedin deyin anasına,

Sığal versin sonasına.22


Klassik aşıq poeziyasının, eləcə də müasir şerimizin bir qolu da İran Azərbaycanı, daha dəqiq desək Cənubi Azərbaycan ilə bağlıdır. Həmin poeziyanın əsas mövzu­larından biri də vətən həsrətidir. Bu mövzu Tikmədaşlı Xəstə Qasımın yaradıcılığında mühüm yer tutur.

Saz və söz sənətimizin qüdrətli ustad­larından biri olan Tikmədaşlı Xəstə Qasımın zəngin ədəbi irsində vətənə dərin məhəbbət, vətən həsrəti canlı bədii lövhə­lərlə çox təsirli tərənnüm edilmişdir.

Tikmədaşlı Xəstə Qasım həmişə vətən deyib ağla­mış, gecə-gündüz çaylar kimi çağlamış, zamanın hök­münə, zülmünə, fitnə törədən, ara qatan ziyankarlara, xalqın əməyinə ağı qatanlara nifrət etmiş, onlara lənət yağdırmışdır.

Tikmədaşlı Xəstə Qasım vətəninin üstünə zülmət çökdüyünü, cavan igidlərin qolları bağlı, ağbirçək ana­ların sinəsi dağlı, gözü qanlı yaşlı olduğunu, qönçəli bağlarda kor yapalaqların yaşadığını alovlu qəlbinin ağrısı ilə vurğulayır.

Xəstə Qasım aşıq sənətinin musiqi, rəqs və oxumağı birləşdirən bir sənətkarı olmuşdur. Saz çalmaq, rəqs etmək, oxumaq şifahi xalq ədə­biyyatını səmərəli yaymaq deməkdir. Buna görə də Tikmədaşlı Xəstə Qasım kimi ustad aşıqlar el atası adlandırılır, onlara hörmət edilir.

Aşıq Ələsgər (1821-1926) ustadnamələrinin birində aşıqlıq sənətini yüksək qiymətləndirir və deyir:

Aşıq olub tərki-vətən olanın,

Əzəl başdan pürkəmalı gərəkdir.

Oturub-durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdir.


Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra.

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdir.


Tikmədaşlı Xəstə Qasım xalqa həqiqətən mətləb qandırmaq, kamallı olub, ədəb-rəftar qanunlarını xalqa öyrətmək, onu mənəvi cəhətdən təkmilləşdirmək vəzi­fələrini səmərəli həyata keçirmiş, vətənə və xalqa şərəfli xidmət etmişdir.

Akademik Həmid Araslı “Aşıq yaradıcılığı” adlı əsərində yazır: “XVIII əsrdə, xüsusən aşıq qoşmaları tərzində yazdığı şeirləri sazda çaldığı havalarda oxuyan aşıq-şair Tikmədaşlı Xəstə Qasımın əsərləri daha çox şöhrətlənir.

Xəstə Qasım aşıq şeiri tərzində daha gözəl qoşmalar yaratdığından onun əsərləri dildən-dilə düşmüş, hafizə­lərdə yaşamış, xalq aşıqları bu istedadlı sənətkarı ustad aşıq, dədə aşıq adlandıraraq əsərlərini məclislərdə ifa etmiş və edirlər.

Şairin XVIII-XIX əsrlərdə yazılmış əlyaz­malarında sax­lanılan şeirləri əsasında onun Azər­baycanın Tikmədaş qəriyəsində doğulub mükəm­məl mədrəsə təhsili aldığını, gözəl saz çaldığını, aşıqlarla deyişdiyini müəy­yən­ləş­dirmək olar.

Xəstə Qasımın şeirləri əsasında müəyyən etmək olar ki, o da müasirləri kimi qəzəl və müxəmməslərlə yanaşı qoşma, gəraylı, bayatı yazmış, xüsusən gözəl təcnislər yaratmışdır”.

Folklorşünas professor S.P.Pirsultanlı düz­gün əsas­landırır ki, Xəstə Qasımın yara­dı­cılığında əxlaqi-tərbi­yəvi fikirlər, nəsihətlər çox zəngin olduğuna görə əsas yer tutur. Buna görə də əsərləri geniş yayılmış, orta əsr görüşlərini ifadə edən bu əsərində mərdlik, mala, pula güvənməmək kimi nəsihətlər çox olduğuna görə uzun müddət məclislərdə oxunmuşdur.

Tikmədaşlı Xəstə Qasım dünyaya bağlan­mamaq haqqında fikrini inandırıcı ifadə edir:
Dəli könül, məndən sənə əmanət,

Demə, bu dünyada qalım yaxşıdı.

Məhşər günü qohum-qardaş tapılmaz,

Demə, var qüvvətim, əlim yaxşıdı.


Xəstə Qasım bu şeirində xalqa hörmət et­məyi, mərd, mübariz, təvazökar olmağı göstərir, oxucuya başa salır ki, yaman ad qazanmaqdan ölüm yaxşıdır.

Xəstə Qasımın məhəbbət mövzusunda yaz­dığı şeir­ləri aşıqlar sevə-sevə oxuyur, məclisləri şənləndirirlər:

Gümüş kəmər bağlayıbdır belinə,

Danışdıqca mail oldum dilinə,

Gül uzatdım nazlı yarın əlinə,

Canım aldı gülü məndən alınca.


Bu şeirdəki incəlik, zəriflik, aydınlıq Xəstə Qasımın heca vəznində yazdığı bütün şeirləri üçün çox səciy­yəvidir.

Xəstə Qasımın şerlərində nəsihətçiliklə əlaqədar olaraq dini mistik görüşlərə yer verilir. Ancaq şairin yaradıcılığında nikbinlik, gələcəyə inam oxucunun qəl­bini pərvazlandırır, ona çox gözəl əxlaqi keyfiyyətlər aşılayır.

XIX əsrin əvvəllərində yaşamış Aşıq Musa feodal zülmünü, ictimai ədalətsizliyi, çar mə­murlarının rüşvət­xorluğunu ifşa edir, sənətkarın və onun müqəddəs sazının günahı olmadığını göstərir:

Məclisləri abad eylər,

Nə günahı var telli sazın.

Məlul könülləri şad edər,

Nə günahı var telli sazın.
Yoldan çıxıb yolun azmır,

Şeytan kimi ara pozmur,

Molla kimi cadu yazmır,

Nə günahı var telli sazın.

Klassik Azərbaycan aşıq şeiri şəkli xüsu­siyyətlərinə görə son dərəcə rəngarəngdir. Aşıq şeiri yazılı şeirin şəkillərindən bəhrələnmiş, klassik şeirin müxtəlif xüsusiy­yətlərindən isti­fadə edərək zənginləşmişdir.

Tikmədaşlı Xəstə Qasım canlı xalq dilinin bütün zənginliklərindən, klassik şeirin incə­lik­lərindən məharətlə istifadə etmiş, danışıq dilinin və poeziya dilimizin zənginlikləri onun yara­dıcılığını qüvvətləndirmişdir.

Görkəmli sənətkar Tikmədaşlı Xəstə Qasım şeirlə­rində insanları düzlüyə, sədaqətə, hünərə, cəsarətə, dost­luğa, qardaşlığa çağırır. Onun us­tad­namələrində bu yüksək əxlaqi keyfiy­yət­lərin tərənnümü çox qüvvətlidir.

Xəstə Qasımın şerin çox mürəkkəb və çətin forması olan təcnisdən səmərəli istifadə etdiyi, daha dəqiq desək, gözəl sənət incisi olan təcnisi yaratması ona dərin hörmət qazandırmış, onu ustad aşıq kimi tanıtmışdır.

Xəstə Qasım bədii, obrazlı dildən səmərəli istifadə etmiş, təbiət və insan gözəlliyini tərən­nüm etmiş sənət inciləri yaratmışdır. Onun şeir­lərində müasirlik hissi, müasirlik eşqi və həvəsi hakimdir.

Buna görə də Tikmədaşlı Xəstə Qasım zəngin ədəbi irsinin səmərəli tədqiq olunması müasir müstəqillik döv­rü­müzün həll edilməsi zəruri olan problemlərindən biri­dir. Bu sahədə professor Sədnik Paşa Pirsultanlının fəaliyyəti təqdirə layiqdir.

Tikmədaşlı Xəstə Qasımın şerlərində həyat hadisə­ləri real bədii ifadəsini tapır. Allah­ver­di­xan Qasımı bir qapıya göndərir ki, onları qonaq eləsinlər. Ev sahibi Qa­sı­ma deyir ki, biz qonaq qəbul eləmirik. Ancaq, Al­lahverdixan qapını döyür, ev sahibi onları qonaq qəbul edir.

Qasım burada “Görüncə” adlı cığalı təc­nisini dərhal yazır, təcnisin möhtəşəm binasını yaradır. Təcnisin bir beytində deyilir:


Dolanmayın heç namərdin evinə,

Gözü çıxar bir qonağı görüncə.


Xəstə Qasımın keşişin evində digər qonağın olması ilə əlaqədar islami dəyərləri aydın ifadə etməsi keşişə çox dərin təsir edir və keşiş müsəlmançılığı qəbul edir. Dörd bəndlik divani üstündə oxunan “Mənim” adlı şerini yazır və deyir:
Adəmdən xatəmə natiqi Quran mənim,

Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim.

Bağ mənim, bağban mənim, kövsəri-rizvan mənim,

Gül mənim, bülbül mənim, sünbülü-reyhan mənim,

Yerdə insan, göydə qılman, ərşdə aslan mənim.

Xəstə Qasım şerdə dini ayinləri, “Adəm, xatəm” yəni, Adəmdən xatəmə olan hadisələri göstərməklə və Quranın ayələrini bildirməklə keşişi dinindən dönüb müsəlman olmağa vadar edir. Xəstə Qasım Qaraxanın qarşısında dini hadisələri elə təsirli təhlil edir ki, mollalar bir-birinin dalınca məscidi tərk edib çıxırlar.

Xəstə Qasım şeri müştehidə oxuyur:
O kimiydi zərnişanı oxudu?

Kimiydi Peyğəmbərə kəfən toxudu?

Adəmdən qabağa siqa yoxuydu,

Nədən oldu ənkə tudan xəbər ver.


O kimiydi Peyğəmbərə əsabə?

O kimiydi apardılar qəssaba?

Xəstə Qasım yetik deyil hesaba,

Bisdi, həkdi, zimu-zudan xəbər ver.


Müştehid dərk edir ki, Xəstə Qasımın dini təhsili çox yüksəkdir. O, Xəstə Qasımın mədrəsə təhsilindən əlavə Nizami Gəncəvinin əsərlərinin əvvəlində verilmiş minacatlara, meracnamələrə, Peyğəmbərin mədhinə, Di­rili Qurbaninin məsa­ilərinə, Tufarqanlı Abbasın “zəncir­ləmə”sinə dərindən bələddir. Şah İsmayıl Xətayi və Məhəmməd Füzuli Xəstə Qasımın can sirdaşıdır.

Xəstə Qasımla Ləzgi Əhmədin deyişmələri Xəstə Qasımın elmin çox dərin qatlarına bələd olduğunu təs­diqləyir. Xəstə Qasımın çoxsaylı qıfılbəndləri də onun böyük, bilikli tarixi şəx­siyyət olduğunu təsdiqləyir.


O nədir ki, silinməzdir qarası?

O nədir ki, heç tapılmaz çarası?

Nə qədərdi yerlə göyün arası?

Ləzgi Əhməd bu dəftəri yazar hey?


Xəstə Qasım:
O ürəkdir, silinməzdir qarası,

O ömürdür, heç tapılmaz çarası.

Yüz doxsan min ildir, yerlə göyün arası,

Xəstə Qasım o dəftəri pozar hey?


Başqa bir qıfılbəndində Simurq quşundan söhbət açılır.
Ləzgi Əhməd deyir:
Nə quşdur, ildə bir yumurta salar?

Onun yumurtası qar üstə qalar?

Hansı ölən zaman, hansı sağalar?

Ona kimlər deyər, dur buradan uç?


Xəstə Qasım:
Simurq quşu ildə bir yumurta salar,

Onun yumurtası qar üstə qalar.

Ana ölən zaman bala sağalar,

Cəbrayıl der, ona, dur, buradan uç.


Əfsanəyə görə Simurq quşunun caynaqları bir-birinə dəydikdə çaxmaq daşı kimi od qığılcımı saçır. Tükləri yumşaq olduğundan od çınqısı dəyən kimi alışıb yanır.

Simurq quşu balasını uçuran gün sevin­cindən caynağını caynağına çalar, caynağından qopan qığılcım onun tükünü yandırar, kül edər. Bu əfsanənin məz­mununu bilən Xəstə Qasım deyir:

“Ana ölər, bala qalar”.
Bir əfsanə də var ki, Simurq quşu kimi: “Qu quşu da arzusuna çatdıqda ömründə bir dəfə son nəğməsini oxuyub ölür”.

Başqa bir deyişmədə də Xəstə Qasımın suallarına Ləzgi Əhməd cavab verir.


Xəstə Qasım:
O nədir ki, qışda dağlar bürünür?

O nədir ki, əl dəyməmiş hörülür?

O nədir ki, insana fərz verilir?

O nədir ki, o da onun gülüdür?


Ləzgi Əhməd:
O qardır ki, qışda dağlar bürünür?

O könüldür, məhəbbətlə hörülür?

Ölümdür ki, insana fərz verilir,

O ilqardı, iman onun gülüdür.


Xəstə Qasım sonuncu qıfılbəndində Ləzgi Əhmədi mat qoyur, onun Xəstə Qasıma cavab verməyə imkanı olmur. Xəstə Qasımın dörd bənddən ibarət “Ola” rədifli qıfılbəndinə nəinki Ləzgi Əhməd cavab verə bilmir, yüzlərlə ustad aşıqlar da çaşbaş qalmış cavab verə bilməmişlər.

Yazılı ədəbiyyatdan, o cümlədən Şah İsmayıl Xətayi poeziyasından yaradıcı şəkildə bəh­rələnən, sənət incilərini poeziyasına gətirən Xəstə Qasım parlaq uğurlar qazanır.

Xəstə Qasımın “Deyərlər” rədifli qoşması Şah İsmayıl Xətayinin “Sazım” şeiri ilə həmahəngdir, bir-birinə uyğundur, bir-biri ilə səsləşir. Xəstə Qasım deyir:
Ovçu olan bəslər alıcı quşu,

Sərraflar tanıyar qiymətli daşı.

Bir oğul atadan artırsa işi,

El içində ona tavar deyərlər.


İsgəndər atlandı, çıxdı zülmətdən,

Qasım, Xızr içdi abi-həyatdan.

Bəhs düşsə, qılıncdan, atdan,

Süfrəni hamısından kübar deyərlər.


Folklorşünas tədqiqatçı Sədnik Paşa Pirsultanlı Xəstə Qasımın “Gizlənər” adlı çox­bənd­li qoşmasını Şah İsmayıl Xətayinin qoş­maları ilə müqayisəli təhlil edir və bu qoşmaların məzmun və sənətkarlıq baxımından bir-birini təsdiqlədiyini tarixilik, elmilik və pedoqoji-meto­dik prinsiplər əsasında təhlil edib ümumiləşdirir və faydalı tövsiyələr verir.

Xəstə Qasım xüsusi istedada malik oldu­ğuna görə öz sələflərindən və xələflərindən se­çilən ustad sənət­kardır. Yazılı və şifahi poeziya qaynaqlarından bəhrə­lənən Xəstə Qasım orijinal poeziya nümunələri, canlı və təsirli bədii löv­hələr yaradır, ədəbi irsini zənginləşdirir.

Yüksək təhsil görmüş Xəstə Qasım dərin biliyə malik fitri istedadlı ustad sənətkardır. Xəstə Qasımın “Kimi” adlı gəraylısı Molla Pənah Vaqif yaradıcılığına güclü təsir göstərmiş və bu gəraylının ruhu Molla Pənah Vaqifin “Yasəmən kimi” və “Nə gözəl doğubsan anadan Pəri” qoşmasının canına hopmuşdur.

Molla Pənah Vaqifin Xəstə Qasımla yara­dıcılıq əlaqəsi üç şəkildə bir-biri ilə bağlıdır:

1. Genetik əlaqə, yə­ni qohumluq əlaqəsi. 2. Tipoloji əlaqə. 3. Mədəni əlaqə. Genetik əlaqə ən zəruri və təbii əlaqədir. Ona görə ki, şeirlərdə bu doğma hisslər bir-birini tamamlayır.

Bu baxımdan Molla Pənah Vaqifin “Pəri” qoşması ilə Xəstə Qasımın “Dam üstündə duran sona Kəkliklər” qoşması çox maraqlı və təbiidir. Çünki bu əsərlər dərin məzmunu, sənətkarlığı və parlaq ideyası ilə bir-birini tamamlayır.

Molla Pənah Vaqif deyir:
Boyun sürahıdır, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri.

Sən ha bir sonasan, cüda düşübsən,

Bir bölük yaşılbaş sonadan, Pəri!


Xəstə Qasım deyir:
Bir gözəl sevəsən boyu tamaşa,

Görən kimi könül ona bənd ola.

Gözəlliyi, gül camalı bir yana,

Dil-dodağı şəkər ola, qənd ola.


Professor Sədnik Paşa Pirsultanlı yazır: “Biz yaradıcılıq boyu Xəstə Qasım şeirlərilə, qoşma­larıyla Molla Pənah Vaqif şeirlərini qarşı­laş­dırdıqca onların poetik düşüncələrinin nə qədər bir-birinə yaxın olduğunu, bir-birini tamam­la­dığını görürüük.

Vaqifin bədii cəhətdən mükəmməl, ürəyə­ya­tım­lı, insan ruhuna hakim qoşmalarını dinlə­dikdə, onların Xəstə Qasım şeiri ilə bir məcrada axdığını görürük. İstər Xəstə Qasım, istərsə də Molla Pənah Vaqif yaradıcılıqları ruhən bir-birlərinə çox bağlıdır”.23

Xəstə Qasım sənətkarlığı, istedadı çox qüv­vətli olduğuna görə çox qiymətli sənət inciləri yaratmışdır.

Xəstə Qasımın poeziyasında qoşma üstün­lük təşkil edir. Onun gəraylılarında mahnı ətri, mah­nı rahiyəsi var. Xəstə Qasım gəncliyində qə­zəlxan olmuş, toylarda xalq mahnıları oxu­muşdur. Onun gəraylıları mahnıdan seçil­mir. Bu nümunəyə diqqət yetirsək məqsəd aydın olur:

Budur gəldi bahar fəsli,

Sinən oldu yarın taxtı.

Soyuldu bülbülün raxtı,

Gül, başına dolandığım.


Tikmədaşlı Xəstə Qasım yazdığı qoşma, gəraylı, divani, təcnis, vücudnamə və cahannamə şəklində şeirlər onun mahir, istedadlı sənətkar olduğunu göstərir. Onun şeirləri forma, məzmun gözəlliyi, sənətkarlıq xüsu­siy­yətləri, təlim-tər­biyəvi və bədii-estetik mahiyyəti ilə sözün ləli-cəvahirləri təsiri bağışlayır və müəllifə ümum­xalq hörməti qazandırır.

Xəstə Qasımın “Dağıstan səfəri” dastanının, elmi mahiyyəti və dastan yaradıcılığında yerinin ətraflı təhlili onun görkəmli sənətkar olduğunu və zəngin ədəbi irs yaratdığını təsdiqləyir.

Professor Sədnik Paşa Pirsultanlı “Tikmə­daş­lı Xəs­tə Qasımın ədəbi irsinin tədqiqi” adlı monoqrafiyasının dördüncü fəslində “Xəstə Qa­sı­mın sənətkar ucalığı və şeirlərinin bədii qüdrəti” məsələsinin elmi-nəzəri təhlilini tari­xilik, elmilik və ideyalılıq prinsipləri əsasında verir.

Tikmədaşlı Xəstə Qasım aşıq poeziyasında sənət­karlıq ucalığı və sözünün bədii qüdrəti ilə öz dövründə, həm də özündən sonrakı əsrlərdə görkəmli sənətkar kimi yüksək qiymət­lən­di­rilmişdir.

Onun poeziyasında forma və məzmun bir-birini təsdiqləyir, həm də oxucuya gözəl tərbi­yəvi təsir ba­ğışlayır. Ona görə ki, şeir yaradıcılığında sözdən rəssam kimi həssalıqla istifadə etmiş, Azərbaycan dilinin inki­şa­fına təkan vermiş, söz və ifadələrdən əlvan və rəvan bədii lövhələr yaratmışdır. Onun lirikası böyük təsir gücünə, təbii ecazkar və cazibə qüvvəsinə malikdir.

Xəstə Qasımın qoşmalarında gözəlin zahiri əla­mətləri, mənəvi aləmi, nazı və qəmzəsi ori­ji­nal tərənnüm edilir. Onun “Canım aldı gülü məndə alınca” misrası təsvir etdiyi gözəli oxu­cunun gözünün qarşısına gətirir, ona estetik zövq verir:

Gümüş kəmər bağlayıbdır belinə,

Danışdıqca mail oldum dilinə.

Gül uzatdım nazlı yarın əlinə,

Canım aldı, gülü məndən alınca.


Xəstə Qasımın gözəlin tərfini verən qoşmalarında “maral baxışlı”, “ala gözlü”, “gül camallı”, “mah camal”, “mina gərdən”, “qaymaq dodaqlı”, “şirin dilli” və s. canlı təbiətdən alın­mış aydın təşbih və istiarələr işlədilir.

Xəstə Qasımın qəmli aşiqin mənəvi aləmini təsvir edən qoşmalarında “sinəm başın dü­yün­lərəm, dağlaram”, “çərxi-fələk səndən mənəm gileyli” kimi qəmli ruhu ifa­də edən bədii təsvir vasitələrindən istifadə edilir:


Ovçunu görəndə maral baxışlı,

Ay üzlü birçəkli, xallı Sənəm, gəl!

Danışanda şəkər damar sözündən,

Qaymaq dodaqları ballı Sənəm, gəl!


Şeyda bülbül kimi yaman ağlaram,

Sinəm başın düyünlərəm, dağlaram.

Xəstə Qasım idim, şaha deyili,

Çərxi-fələk səndən mənəm gileyli.


Xəstə Qasımın şerlərində işlədilən rəngarəng epitetlər şeirlərə xüsusi əlvanlıq və orijinallıq verir:

Gözəllər gözəli, şahi-gülbədən,

Didəm ağlar, məh camalın görüncə.

Mina gərdən, büllur buxaq, diş inci,

Çəkilibdir hilal qaşlar görüncə.
Xəstə Qasım şerdəki ideyanın oxucuya və dinlə­yiciyə canlı çatdırılması üçün bədii ifadə vasitəsi olan mübaliğədən ustalıqla istifadə etmişdir:
Bülbül olan hərgiz dönməz gülündən,

Dindirərsən bal tökülər dilindən.

Xəstə Qasım, tamam oldu sözlərim,

Eşq ucundan kabab oldu közlərim.


Xəstə Qasım şerlərində fikri daha açıq şəkildə ifadə edən, onun təsir gücünü artıran vasitələrdən biri olan təkrirdən səmərəli istifadə etmişdir:

Gedin deyin anasına,

Sığal versin sonasına.

Yar, sinənin arasına,

Qoşa nar düşdü, nar düşdü.
Xəstə Qasım şeirlərində qarğışdan da istifadə etmişdir:
Yeri gözəl, yeri sənə qarğaram,

Ölənədək işin ahu-zar olsun.

Siyah zülfün dal gərdəndə sərasər,

Halqa-halqa, çinbəçində mar olsun.


Xəstə Qasım şeirin təsir gücünü artıran, insanda hiss-həyəcan oyadan, bədii ifadə vasitə­lərindən biri olan bədii sualdan da şeirlərində istifadə etmişdir:
Ay qəsrdə duran gözəl,

Niyə təksən: elin yoxdur?

Niyə pozğundu tellərin,

Əl şanada telin yoxdur?


Professor Sədnik Paşa Pirsultanlı yazır: “Söz sənətinin incəliklərinə dərindən bələd olan böyük sənətkar öz yaradıcılığında sözdən məha­rətlə istifadə etməklə, onu cilalamaqla, misralar daxilində yerli-yerində işlətməklə, sərrast dü­züm­ləndirməklə təşbih, istiarə, mübaliğə, təkrir, cinas və s. bədii təsvir va­si­tələrini məzmuna uyğun bir şəkildə işlətməklə və oynaq qafiyələr yaratmaqla dəyərli sənət abidələri meydana çıxara bilmişdir”.24

Xəstə Qasımın şeirlərində işlətdiyi bədii ifadə vasitələri onun şeirlərinin bədii gözəlliyinə bir bitginlik və dolğunluq gətirir, şeirlərin tərbi­yəvi və bədii-estetik qüvvəsini axtarır, oxucuya gözəl təsir bağışlayır.

Xəstə Qasım şeirlərini musiqi ahənginə, saz hava­larına uyğun yaratmış, həm də bacarıqlı sənətkar kimi sözləri şeirin misralarında düzgün seçib sıralamışdır:

Oyandı sünbüllər, səcər gətdi bar,

Onda min bəşər var, yeddi sin bilər.

Bu yazan ustanın nə xoş xətti var,

Yazıbdı mim üstə, yeddi sin bilər.
Akademik Mirzə İbrahimov yazır ki:

“Xəstə Qasımın şeirləri yüksək poeziya inciləridir. Ona görə ki, bu şeirlərdə real hadi­sələr qələmə alınmış, fəlsəfi nəticələrlə yekun­laş­dırılmış, realizmə əməl edilmişdir.

Xəstə Qasımın şeirləri dərin ictimai məz­muna, mütə­rəqqi ideyaya malik, xalq ruhunun parlaq, gözəl məntiqi təfəkkürünün nəticələrini əks etdirən sənət inciləridir. Bu şeirlərdə misilsiz dil sadəliyi, üslub gözəlliyi, forma əlvanlığı zənginliyinə görə aşıqlar üçün əsl sənətkarlıq məktəbi olmuşdur”.

Xəstə Qasımın ədəbi irsinin çox hissəsi tapılmamışdır. Ancaq onun əldə olunan lirikası, ədəbi irsi Azərbaycan xalq ədəbiyyatında, aşıq poeziyasında öz mövqeyini saxlamış və özündən sonra sənət meydanına gələn sənətkarlara faydalı örnək olmuş, bu zəngin ədəbi irsdən öyrənmiş, dəyər­lənmişlər.

Xəstə Qasımdan sonra XVIII əsrin görkəmli sənətkarı Aşıq Valeh Dərbəndə səfər etmiş, Xəstə Qasım kimi hərbə-zorbalar, deyişmələrə öz yaradıcılığında geniş meydan vermiş və həmişə parlaq uğurlar qazanmışdır.

Şerlərində heca vəznini bitgin şəklə salmış Xəstə Qasım saza və sözə dərin hörmət bəsləmiş, heca vəznli şeirləri, bayatı və qoşmaları yüksək sənətkar kimi daha da kamilləşdirmişdir. Bu­nu­n­la da o, gələcəkdə şifahi və yazılı poe­ziyamızın inkişafına zəmin yaratmışdır.

Akademik Mirzə İbrahimov aşıq-şair Xəstə Qasımın yaradıcılığını yüksək qiymətləndirmiş və yazmışdır: “Xəstə Qasım heç şübhəsiz ki, həyatı bədii idrak duyğusu güclü olan ustad aşıqdır”.

Xəstə Qasım şeirinin rəvan, axıcı dili, poetik rəngarəngliyi ilə özündən sonra gələn sənət­kar­lara qüvvətli təsir etmiş, onlara düzgün yara­dıcılıq yolu göstərmişdir.

Akademik Həmid Araslı yazmışdır: “Xəstə Qasımın əsərləri dil, ifadə xüsusiyyətləri ilə Molla Pənah Vaqif yaradıcılığına çox yaxındır”.26

Bu fikir tamamilə tarixi mənbəyi təsdiq edir. Ona görə ki, Xəstə Qasım Molla Pənah Vaqifdən əvvəl yazıb yaratmış və mükəmməl ədəbi irs qoyub dünyasını dəyişmişdir. Onun şeirləri, xüsusilə təcnis, qıfılbənd, ustadnamə və başqa şeirləri Azərbaycan aşıq poeziyasının parlaq inciləridir, özü də istedadlı, usta sənətkardır.

Professor Sədnik paşa Pirsultanlı yazır: “Xəstə Qasım Azərbaycan ədəbi dilinin forma­laşıb təkmilləşməsində xüsusi rol oynamış xalq aşığıdır. Onun şeirlərində bədii dil son dərəcə canlı, sadə və aydındır. Bədii təsvir vasitələri xalq dilindən gələn təbii və canlı ifadələrdən ibarətdir. Onun yazdığı şeirləri qafiyə, rədif və başqa xüsusiyyətləri yazılı ədəbiyyata böyük təsir göstərmişdir.

Xəstə Qasımı aşıq poeziyası tarixində daha çox məşhurlaşdıran onun dərin fəlsəfi ideyalar təbliğ edən ustadnamələri olmuşdur. Xəstə Qasım öz dövrünün ustad sənətkarı olmuş, özünə qədər mövcud olan Azərbaycan aşıq şeirinin bütün janrlarından istifadə etmişdir. Xəstə Qasım aşıq yaradıcılığına yenilik gətirmək, onu bədii və şəkli cəhətdən zənginləşdirmək məqsədi ilə bütün qaynaqlara baş vurmuş və hər çeşmədən bir dürr əldə etmişdir”.27

Xəstə Qasım Azərbaycan aşıq sənətinin və canlı xalq dilinin inkişafında səmərəli fəaliyyət göstərmiş, yaratdığı zəngin ədəbi irslə aşıq poeziyası tarixində şərəfli yer tutmuşdur.

“Dağıstan səfəri” ilə real-tarixi dastanın ilk nümu­nə­sini yaratmış Xəstə Qasımın yaradıcı­lığından ondan sonra sənətə gələn Aşıq Valeh, Aşıq Alı, Şəmkirli Hüseyn gözəl dastan ya­ratmışlar.

Xəstə Qasım xalq poeziyası ilə yanaşı yazılı poe­ziyadan da faydalanmış, Nizami, Xaqani, Nəsimi, Xətayi, Füzuli kimi klassiklərin yara­dıcılığı ilə tanış olmuş, onlardan öyrənmişdir.

Xəstə Qasım Azərbaycan aşıq poeziyasının istedadlı və bu sənətə yeniliklər gətirən nüma­yəndəsidir. Xəstə Qasım şeirlərində azad­lı­ğın, xoşbəxtliyin carçısı olmuş, istismarçı hakim quruluşu və onun talançı, ziyankar nüma­yən­dələrini ifşa etmişdir.

Xəstə Qasımın ədəbi irsi, xüsusilə dərin məzmunlu ustadnamələri özündən sonra sənətə gələn sənətkarlara həyat dərsliyidir. Onun ustad­namələri ictimai dəyərini, forma və məzmun gözəlliyini bu gün də saxlayır.

Xəstə Qasım çətin imtahanlardan keçmiş, qarşısına çıxan din xadimlərini, müştehidləri, zorbalıq edən aşıqları ifşa etmiş, onları sus­durmuşdur.

Xəstə Qasım müasir dövrümüzdə də aşıq sənətinin zirvəsində dayanan ustad sənətkardır. Xəstə Qasımın zəngin ədəbi irsindən səmərəli istifadə olunur, ona ümumxalq məhəbbəti qazan­dırılır.

Xəstə Qasımın poeziya dünyası bundan sonra da səmərəli araşdırılacaq, tədqiq ediləcək, mükəmməl öyrəni­ləcək və nəşr olunub oxu­cuların mütaliəsinə veriləcəkdir.

Xalq şairi Səməd Vurğun gözəl demişdir ki, Xəstə Qasımın möhtəşəm sənət dünyası bundan sonra da neçə-neçə nəsillərə zövq verəcək, onlara zəngin təlim-tərbiyə və bədii-estetik zövq mənbəyi olacaqdır. “Xəstə Qasımın şeirləri ona daha parlaq gələcək qazandıracaqdır”.

Görkəmli folklorşünas, altmışdan artıq kitabın, yüzlərlə məqalənin müəllifi, filologiya elmləri doktoru, professor, şair, tərcüməçi, pub­lisist, mahir pedaqoq Sədnik Paşa Pirsul­tanlının Azərbaycan milli elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının qərarı ilə 2011-ci ildə iki yüz altmış səhifədən ibarət çap olunmuş “Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi” adlı monoqrafiyası səmərəli əməyin məhsuludur.

Azərbaycan Yazıçılar Birliyinin və Azər­baycan Jurna­listlər Birliyinin üzvü, Əməkdar müəllim, professor Sədnik Paşa Pirsultanlı “Xəs­tə Qasım” adlı şeirlər kitabını tərtib etmiş, toplamış, “Xəstə Qasım” adlı məzmunlu müqəddimə yazmış və göstərmişdir ki, Xəstə Qasımın poetik irsi ətraflı toplanmalı, tədqiq edilməli, onun İran Azərbaycanının Tikmədaş qəryəsində anadan olması, mükəmməl mədrəsə təhsili alması, Dağıstana səfər etməsi, cığalı təcnisin, aşıq poeziyasında qoşma-müstəzadın ilk nümunəsini yaratması ətraflı tədqiq edilməlidir.

Professor Sədnik Paşa Pirsultanlı bu göstərdiyi prob­lem üzərində 1975-ci ildən baş­layaraq, otuz altı il səmərəli axtarışlar aparmış, müxtəlif ölkələrin şəhərlərindəki arxivlərdə, əlyazmaları institutlarında və kitabxanalarında diqqətlə araşdırmaları davam etdirmiş, nəhayət, nəticədə bu elmi-tədqiqat salnaməsini yazıb oxuculara hədiyyə vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Tikmə­daşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi” adlı monoq­rafiyasını, daha dəqiq desək, tədqiqat əsərini tarixilik, elmilik, müqa­yisəlilik, ardıcıllıq, sadəlik, ideyalılıq, pedoqoji və metodik prin­siplər əsasında yazmış, tədqiqat əsərlərinə verilən tələblərə tamamilə əməl etmiş, materialları ümumiləşdirmiş və elmi-nəzəri tövsiyələr ver­mişdir.

Şübhəsiz ki, səmərəli axtarışların, məsu­liy­yətli tədqiqatın nəticəsində yazılmış bu monoq­rafiya nöqsan və qüsurlardan tamamilə xaric deyildir. Buna görə də bu elmi-nəzəri tədqiqat monoqrafiyası haqqında öz tənqidi, ədəbi və xeyirxah münasibətlərini bildirən mütəxəssislərə və oxuculara öncə dərin minnətdarlığımızı bil­di­rir, onlara uzun ömür, cansağlığı, şərəfli fəaliy­yətlərində parlaq uğurlar arzulayırıq!

Görkəmli folklorşünas, mahir pedaqoq, məsuliyyətli publisist, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı Tikmədaşlı Xəstə Qasımın ədəbi irsini ətraflı araşdırmış, diqqətlə nəzərdən keçirmiş, dərin məzmunlu və parlaq ideyalı tədqiqat əsəri yazmışdır.

X fəsil


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin