AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


CAHAN ŞƏHRİYARININ İQBALI SAYƏSİNDƏ ŞİRVAN



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə16/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   12   13   14   15   16   17   18   19   ...   96

 

CAHAN ŞƏHRİYARININ İQBALI SAYƏSİNDƏ ŞİRVAN 

VİLAYƏTİNİN FƏTH OLUNMASI, O MƏNFƏƏTLİ VƏ 

GÖZƏL MƏMLƏKƏTİN ƏLƏ KEÇİRİLMƏSİNİN ŞƏRHİ 

 

Cənnətməkan şahın fəth etdiyi  məmləkətlərin birincisi bol 



mənfəətli (kəsirül-mənfəət) Şirvan  məmləkətidir. O diyarın  valiləri 

(vəllat)  Ənuşirəvan  Kəsranın  (Xosrovun  -  Ş.F.)  nəslindəndirlər  və 

"şirvanşah"  adı  ilə  məşhurdular.  Ata-babadan  o  vilayətdə  hökmran 

olanlar zümrəsindən biri Fərrux Yəsar ibn Fəraməz ibn Gəştasb ibn 

Fərruxzad  ibn  Əmir  Xəlilullah  ibn  Sultan  İbrahim,  ibn  Sultan 

Məhəmməd  ibn  Fərruxzad  ibn  "Xaqan"  adı  ilə  məşhur  olan 

Mənuçöhrdür* ki, Xaqani Mənuçöhrün məddahı (madeh) olmuş" elə 

buna  görə  də  "Xaqani"  təxəllüsünü  özünə  götürmüşdür.  Fərrux 

Yəsar yüksək səfəviyyə sülaləsi ilə inad mövqeyində dayandı ki, bu 

haqda yerli-yerində danışılacaqdır. [Şirvanşahlar] Sultan Güneyd və 

Sultan Heydərlə cəng edib onları şəhadətə yetirdilər. Amma, Fərrux 

Yəsar  nəhayət  Süleyman  şanlı  xaqanın  intiqam  qılıncı  ilə 

cəzalandırıldı  və  o  sülaləyə  lərzə  düşdü.  Sultan  Xəlil  ibn  Şeyxşah 

ibn Fərrux Yəsar incəlikləri  görən əqlinin gücü ilə Süleyman şanlı 

xaqanın  dərgahına  gələrək  ona  tabeliyini  bildirdi,  nəvazişə  layiq 

görüldü,  şahanə  iltifat  nəticəsində  uca  "şirvanşah"  rütbə  və 

mərtəbəsinə  yetişməklə  şərəfraz  oldu.  O  həzrətin  (Şah  İsmayılın  - 

Ş.F.)  vəfatından  sonra  o,  cənnətməkan  şahın  iltifat  və  şəfəqqəti 

altındaydı  və  bir  neçə  il  şan-şöhrət  və  iqballa  ömr  sürdü.  Ali 

hümayun  cülusdan  (Şah  Təhmasibin  cülusundan  -  Ş.F)  on  iki  il 

keçdikdən  sonra  doqquz  yüz  qırx  ikinci  ildə  (miladi  1535)  Sultan 

Xəlil fani aləmə əlvida edərək, ölməz (cavidan) cahana yollandı, və 

[sonsuz  olduğu  üçün]  ondan  nəsil  qalmadı.  Şirvan  əmirləri  hələ 

kiçik olan onun qardaşı oğlu Şahrux ibn Sultan Fərrux

 

ibn Şeyxşahı 



səltənət  taxtına  əyləşdirdilər.  Şirvan  əmirlərinin  özbaşınalığı 

nəticəsində  o  sülalənin  (şirvanşahların  -  Ş.F.)  qayda-qanunu 

pozuldu,  nizam-intizamdan  əsər-əlamət  qalmadı,  diyarda  hərc-

mərclik  başlandı.  O  əsnada  qələndər  bir  oğlan  iddia  edərək  dedi: 

"Mən  Sultan  Məhəmməd  ibn  Şeyxşaham".  [Buna  görə  də,]  onun 

başına  çoxlu  ləşkər  yığıldı  və  o,  Salyanı  tutdu,  oradan  Şamaxıya 

gəldi.  Şahruxun  adamları  (əshab)  əmirlərin  süstlükləri  və  ləşkərin 


171 

 

dağınıqlığı  (biettefaqi)  nəticəsində  ona  qarşı  çıxa  bilmədilər, 



Şamaxıdan  fərar  etdilər  və  Biqord  (mətndə  səhvən  "Biford" 

yazılmışdır  -  Ş.F.)  qalasına  getdilər.  [Nəticədə]  şirvanşahların 

təxtgahı  olan  Şamaxı  qələndər  oğlanın  əlinə  keçdi.  Qələndərin 

adamları da avara,  veyil  və hərcayı idilər  və onların arasında ağıllı 

və  bacarıqlı  heç  kəs  yox  idi.  [Qələndər]  cəhaləti  və  tədbirsizliyinə 

görə Şamaxını tərk edərək, Salyana tərəf qayıtdı. Biqord qalasındakı 

Şirvan  böyükləri  qələndərin  Şamaxıdan  getdiyini  bilərək,  Şahrux 

Mirzənin ordusu ilə onun təqibinə  yollandılar, Salyan  yaxınlığında 

döyüşə başladılar. Şahruxun adamları qalib, qələndər  məğlub oldu, 

şirvanşahların  əlinə  keçdi,  Şeyx  Padar  onu  qətlə  yetirdi.  Amma, 

Şirvan  əmirləri  əvvəlkindən  də  çox  sırtıqlıq  (ziyadəruy)  və 

tabesizliyə başladılar, müsəlmanların mal və namusuna əl uzatdılar. 

Şahrux isə azyaşlı olduğundan, onları bu işlərdən çəkindirə bilmədi. 

Əhali Şirvan zalımlarının (zoləma) zülmündən cana doyaraq zaman 

şirləri  dərgahına  (şirane-zəman)

144


  yalvarışa  (esteğase)  başladı. 

Qorçibaşı Padar və bir dəstə döyüşçü də fəryada gəldilər: 

 

Beyt 

Əl əman, Yəcuc* zülmündən ey İsgəndər şanlı şah,  

Ey Süleymanı bu dövrün, divlərin bax cövrünə!

145


 

 

Cənnətməkan şah həmin səliqə-səhmanlı (nozhət) vilayətin 



fəthini  və  oranın  zalım,  üsyankar  adamlarının  dəf  olunmasını  öz 

şahanə köməyi (zemməte-hemmət) üçün lazım bilib doqquz yüz qırx 

beşinci  ildə  (miladi  1539)  şahzadə  Əlqası  Müntəşa  (mətndə 

Müsənna) Sultan və bir dəstə qacar, təvaleş və Qarabağ döyüşçüsü, 

həmçinin  iyirmi  min  adam  və  qorçibaşı  Padarla  birlikdə  həmin 

vilayətin fəthinə yollandı. 

 

Şirvan qalaları fəthinin şərhi: 

               

Qəhrli  döyüşçülər  gəmi   ilə  Kür çayını keçərək Şirvana 

gəldilər.  Şirvan  əhalisi  onlarla  xilaf  və  üsyan  məqamında  

                                                           

144


 Səfəvi dərgahına - Ş.F. 

145


 Beytin farscası: 

Ey Sekəndərmənzelət əz zolme-Yəcuc ələman,  

V-ey Soleymane-zəman, əz covre-divan zinhar! 


172 

 

dayandılar, vilayət  qalalarını  yararlı adamlarla möhkəmləndirdilər 



və  cəngə  başladılar.  Qalalar  tutan  mübarizlər  əvvəlcə  Sürxab 

qalasını fəth etdilər, sonrasa  Qəbələ qalasını ələ keçirdilər. Oradan 

çıxıb  Şirvanın  ən  möhkəm  qalası  olan  Gülüstan  üzərinə  fəth 

kəməndi atdılar. Mühasirədən ötrü bir dəstə qəhrli adam göndərildi. 

Şahrux  Mirzə  Biqord  qalasında  olduğundan  qalibiyyətli  əskərlər  o 

tərəfə  yollandılar.  Şahrux  Mirzənin  vəkili  Hüseyn  bəy  mərdanə  

ləşkərlə  qızılbaş  döyüşçülərinin  qarşısına  çıxdı  və  hər  iki  tərəf 

Biqord  dərəsində  qarşılaşdı,  cəng  başlandı.  İqbal  dəstələrinin 

mübarizələri  göstərilən  dərəni  müxaliflərin  qanı  ilə  doldurdular. 

Məğlub  olan  Hüseyn  bəy  qalaya  qaçdı,  orada  bürc  və  barıların 

möhkəmləndirilməsi və qaladarlıq ləvazimatının tədarükünə başladı. 

Qızılbaş  dəstələrinin  dilavərləri  onları  mühasirəyə  aldılar.  Tərəflər 

arasında  hər  gün  cəng  məşəli    şölələnməkdəydi.    Şirvanlılar 

müxalifət və üsyanda israrlı idilər. Mühasirə müddəti dörd ay çəkdi. 

Şəki  vilayətinin  valisi  Dərviş  Məhəmməd  xan  şirvanlıların 

köməyinə  gələrək, şəbxun  məqsədiylə qızılbaş ordusunun kənarına 

gəlib-çatdı, nağara döydürdü, şeypur çaldırdı. Ad-san axtaran igidlər 

və  cəngavər  qorçilər  o  adamların  dəfinə  başlayaraq  onları  məğlub 

etdilər.  Dərviş  Məhəmməd  xan,  adamlarının  əksəriyyətini  ölümə 

verdi, heç bir iş görə bilməyib, geri qayıtdı. Şirvanlıların kömək yeri 

(etezad və estezhar) qalmadığı üçün onlar müqavimət göstərmək və 

qaladarlıq etməkdə aciz qaldılar, məktub yazıb dedilər: "Əgər alicah 

şahın özü səadət və iqballa buraya təşrif gətirsə, [qalanı] ona  təslim 

edərik".  Əmirlər  məsələni  [şaha]  ərz  etdilər.  Cənnətməkan  şah 

Mərənddən çıxıb Şirvana yola düşdü və o vilayətin hər tərəfi (sahət) 

padşahın  dünyanı  gəzən  çətir  günəşinin  şüalarından  işıqlandı.  O, 

qala  ayağına  gəlib  çatdığı  günün  ertəsi  Hüseyn  bəy  Vəkil  böyük 

adamlar  və  əyan-əşrafla  qaladan  çıxıb  Şahrux  Mirzəni  gətirdi, 

qalanın  və  xəzinələrin  kilidlərini  başı  göylərə  ucalan  dərgahın 

xadimlərinə  (xoddam)  təqdim  etdi.  Gülüstan  qalasının  kutvalı*  da 

eşiyə çıxaraq, qalanı təhvil verdi. Hüseyn bəy Vəkil Şirvanın əksər 

günahkarları ilə birlikdə etdikləri müxalifətə, ədəbsizliyə və üsyana 

görə  cəzalandırdılar,  tezliklə  Şahrux  Mirzə  də  ədəm  diyarına 

yollandı.  [Şah]  o  diyar  hakimliyini  şahzadə  Əlqas  Mirzəyə  verib, 

yürüş cilovunu Azərbaycana tərəf çevirdi. O dövrün şairləri Şirvanın 

fəthi  barədə  aydın  ifadəli  (ğorra)  qəsidələr  və  [maddeyi-]  tarixlər 

nəzm etmişlər ki, o cümlədən iki beyt təqdim olunur: 

 


173 

 

Zühəl bürcünədək xəbər ucaldı,  



"Fəthe-Şirvan " oldu o fəthin adı.  

Olsa yüz il sonra belə bir zəfər, 

"Fəthe-Şirvan " deyə yad edəcəklər.

146


 

 

"Fəthe-Şirvan"  ifadəsindən  əgər  yüz  (səd)  rəqəmi  çıxılsa, 



qalıq bu fəthin tarixini göstərər. 

 

Əlqas  Mirzə  Şirvanda  doqquz  il  müstəqil  hakim  oldu. 



Silahının  çoxluğu,  şahanə  ziynəllərinin  bolluğu,  məqamının 

böyüklüyü  və  qoşununun  əzəmətinə  görə  yolunu  azdı,  öz  vəli-

nemətinə qarşı üsyan etdi. Yuxarıda yazıldığı kimi, [buna görə də] 

əbədi  lənətə  giriftar  oldu.  Cənnətməkan  şah  o  vilayəti  əziz  oğlu 

İsmayıl  Mirzəyə  verdi  və  Göyçə  Sultan  Qacarı  o  şahzadənin 

xidmətinə  təyin  etdi.  Şahzadə  Şirvana  yerləşdikdən  sonra,  Şirvan 

sultanları  nəbirələrindən  olan  və  qaytaq  (mətndə  səhvən  "yacaq" 

yazılıb - Ş.F) camaatı içərisində yaşayan Mirzə Bürhan doqquz yüz 

əlli  dördüncü  ildə  (miladi  1547/48)  Şirvana  gəlib  Qəlhanda* 

dayandı. Bir neçə fitnəkar adam, eləcə də Şirvanın bəzi döyüşçüləri 

o  zəlil  (məxzul)  adamın  başına  toplaşdılar.  Onlar  meşə  və 

cəngəlliklərdə  dəyənəklər  düzəldib  (cəpər  boride)  cəngə 

hazırlaşdılar.  İsmayıl  Mirzə  və  Göyçə  Sultan  ağır  qoşunla  o 

üsyankarların   dəfinə   yollandılar,   qalibiyyətli   qoşun     çərxçiləri 

və  o  yaramaz  (məqhur)  dəstə  arasında  cəng  oldu.  Şahzadənin  ali 

qoşunu döyüş meydanına gələn vaxt Şirvan döyüşçüləri müqavimət 

göstərə bilməyib  məğlub oldular. Bürhan Mirzə yüz əzab-əziyyətlə 

özünü Dağıstana çatdırdı, adamlarının əksəriyyəti qətlə yetdilər. 

Rum xandgarının qədirbilməz Əlqasla birlikdə gəlişi xəbəri 

aydınlaşanda,  İsmayıl  Mirzə  və  Göyçə  Sultan  talehin  fərmanıyla 

səadət əsaslı orduya gəldi. Şirvan vilayətini boş görən Bürhan Mirzə 

Şamaxıya gələrək öz işğal əlini o mülkə uzatdı və bir neçə gün orada 

dövlət  bayrağı  qaldırdı,  amma  dövlətin  üzü  o  tayfadan 

(şirvanlılardan - Ş.F) döndüyündən, onun ömür çırağı tezliklə söndü 

və  Bürhan  üqba  aləminə  cumdu.  Sultan  Süleymanın  geriyə 

                                                           

146

 Beytlərin farscası: 



Ze kuyəş bəşarət bər eyvane-Keyvan,  

Dər oftad avazeye fəthe-Şirvan  

Ço fəthi konəd bəd səd sale digər,  

Nevisənd tarexe-an "Fəthe-Şirvan". 



174 

 

qayıdışından və Əlqas Mirzənin doqquz yüz əlli altıncı ildə (miladi 



1549)  həbsindən  sonra  o  vilayət  hakimliyi  İsgəndər  şanlı  xaqanın 

bacısı oğlu və kürəkəni (damad), Məhəmməd xan nəsilli Qara xanın 

oğlu Abdulla xan Ustaclıya verildi. Şirvanlıların Bürhan Mirzəyə bir 

neçə günlük itaət və tabeliklərindən sonra [onların bəziləri] Abdulla 

xandan  qorxdular  və  Xəzər  dənizi  adalarından  birinə  pənah  aparıb 

oraya  sığındılar.  Xanın  geriyə  dönməsindən  ötrü  onlara 

istimalətnamələr*  göndərilməyinə  baxmayaraq,  razılaşmadılar, 

üsyan  və  tüğyana  başladılar  və  Abdulla  xan  önlara  hücuma  keçdi. 

Qızılbaş  qaziləri  suya  (çaya  -  Ş.F)  at  sürüb  o  müxalif  tayfanın 

üzərinə  yürüşə  başladılar  və  hərb  atəşi  alovlandı.  Nəticədə,  o 

inadkar  dəstənin  əksər  adamları  qəhr  və  cəza  qılını  ilə  öldürüldü, 

qazilərin  əlinə  bol  mal  keçdi  və  onlar  geri  döndülər.  Abdulla  xan 

Şirvan  hakimliyində  müstəqilləşdi,  ətraf  yerlərdə  məşhur  oldu,  bir 

neçə  il  kamranlıq  və  şadmanlıqla  yaşadı.  Sultan  Süleymanın 

Azərbaycana  dördüncü  yürüşü  olan  doqquz  yüz  altmış  birinci  ildə 

(miladi  1554),  Rum  sultanının  dərgahına  pənah  aparmış  sabiq 

şirvanşahlar  nəslindən  Qasım  adlı  birisi  döyüşkən  qoşunla  Kəffə 

yoluyla  Şirvana  göndərildi.  Dərbəndi  keçən  Qasım  qədəmini  o 

vilayətə  basdığı  vaxt  şirvanlılar  yenidən  fitnəkarlığa  başlayaraq, 

Abdulla xandan üz döndərdilər, Qasımın başına toplaşdılar. Abdulla 

xan  da  müzəffər  qızılbaş  döyüşçüləriylə  onun  dəfinə  yollandı. 

Möhkəm  bir  məkan  olan  Səkkə  (?)  adlı  bir  yerdə  tərəflər  üzbəüz 

oldular. Səkkə çətin alınası yer olduğundan Abdulla xan da orada bir 

iş  görə  bilməyib,  Şamaxıya  qayıtdı,  Qasım  isə  Biqord  qalasına 

girərək  orada  cəngə  hazırlaşdı  və  on  iki  min  nəfər  rumi,  şirvanlı 

(şirvani)  və  yeniçəridən  ibarət  adanıla  Abdulla  xana  hücum  etdi. 

Xanla  birgə  olan  qızılbaş  ağsaqqalları  zəfər  pənahlı  qoşunlarının 

azlığı  və azğın şirvanlıların çoxluğundan çəkinərək, hələlik döyüşə 

girmədilər. İlahinin imdadına və padşah iqbalının gücünə arxalanan 

xan [nəhayət] on iki min əskəriylə düşmənlə hərbə başladı və onlar 

qoşunla  Gülüstan  qalası  yaxınlığında  bir-birilərinə  yaxınlaşdılar, 

aralarında  cəng  alovu  şölələndi.  İqbal  qoşununun  mübarizləri  və 

bacarıqlı  bahadırlar  həmin  zəlil  qoşuna  mərdanə  həmlələrə 

başladılar,  tərəflər  axşamacan  döyüşdülər.  Şam  vaxtı  o  bəxti 

dönmüşlərin  bəxt  ulduzu  fəna  və  zavala  uğradı  və  məğlubiyyət 

müxalif  ləşkərin  payına  düşdü,  qazilərin  Yəmən  qılıncı  (tiğe  - 

Yəmani) sıyrıldı və həmin gözlərini qan tutmuşların əksəriyyəti fəna 

bəhrinə  qərq  oldu,  o  başsızların  başlarından  minarələr  ucaltdılar, 



175 

 

yerdə  qalanları  isə  Təbəristana  tərəf  qaçdılar.  Qasımın  cəngdə 



öldürülməsi,  yaxud  idbarlıq  və  azğınlıq  diyarına  fərar  etməsi 

haqqında məlumatımız yoxdur, amma Qazi Əhməd Qəjfari "Tarixi-

cəhanara"  kitabında  yazmışdır  ki,  [Qasım]  məğlubiyyətdən  sonra 

cəng meydanından çıxdı və onun taleyi məlum olmadı, Abdulla xan 

isə  o  diyarda  öz  əzəmət  və  iqtidar  bayrağını  daha  yüksəklərə 

qaldırdı,  inadkar  adamları  iti  qılıncla  cəzalandırdı,  rəiyyəti  və 

tabeçiliyində  olan  başqa  adamları  öz  ədalət  və  rifah  himayədarlığı 

(kənəf)  altında  saxladı,  məmləkətin  halını  yaxşılaşdırdı.  Abdulla 

xanın  qorxusu  (məhabət),  şirvanlıların,  eləcə  də  Təbəristan  və 

Dağıstan əhalisinin ürəyində elə yer tutmuşdu ki, ona qarşı çıxmaq 

heç bir böyük və kiçik adamın xəyalına belə gəlmirdi. Abdulla xan o 

vilayəti müstəqil şəkildə on altı ilə idarə etdikdən sonra, doqquz yüz 

yetmiş  dördüncü  (miladi  1567)  ildə  bəqa  aləminə  getdi  və  həmin 

vilayətin  hakimliyi  Araz  xan  (Ərəs  xan)  Rumluya  verildi.  O, 

cənnətməkan şahın sağlığı dövründə Şirvan vilayətinin hakimi o idi. 

 

958-ci İLDƏ (MİLADİ 1551) ŞƏKİ  



VİLAYƏTİNİN FƏTHİ BARƏDƏ SÖHBƏT 

 

Cənnətməkan şah tərəfindən fəth olunan məmləkətlərin biri 



də  iki  tərəfdən  Şirvana,  bir  tərəfdən  Gürcüstana,  başqa  tərəfdənsə 

Dağıstana  və Əlbürz dağına bitişən Şəki vilayətidir. Dədə-babadan 

oranın hakimi olan Həsən bəy şirvanşahiyyə kökündəndir. 

 

Şəki qalalarının olunmasının zikri: 

 

Süleyman şanlı xaqanın (Şah İsmayılın - Ş.F.) hakimiyyəti 



zamanı  Kaxet  Gürcüstanının  hakimi  Ləvənd  Gürcü,  Şəkiyə  qoşun 

çəkdi  və  onunla  Şəki  valisi  arasında  hərb  vaqe  oldu,  Həsən  bəy 

gürcülərlə döyüşdə şəhid oldu. Şəkinin əzəmət sahibləri onun oğlu 

Dərviş  Məhəmməd  xanı  öz  hakimləri  etdilər.  Amma,  o,  atasının 

əksinə  olaraq  bu  qüvvətli  dövlət  övliyalarının  əleyhinə  çıxıb, 

düşmənçiliyə  başladı,  ondan  dəfələrlə  xilaf  əməllər  zahirə  çıxdı. 

Cənnətməkan  şahın  Şirvanın  fəthi  üçün  ləşkər  göndərdiyi  vaxt, 

yuxarıda yazıldığı kimi, [Dərviş Məhəmməd xan] qızılbaş ordusuna 

şəbxun  etdi.  Buna  görə  də  doqquz  yüz  əlli  səkkizinci  ildə  (miladi 

1551)  cah-cəlallı  iqbal  döyüşçülərinin  qələbə  ayəli  ordusu  bu 

vilayətin  fəthindən  ötrü  o  tərəfə  hərəkətə  gəldi.  Hümayun  şahın 


176 

 

yürüşü  xəbəri  ətraf  yer  hakimlərini  [də]  həyəcana  gətirdi,  Ləvənd 



xan  Gürcü  o  həzrətə  xidmətkarlıq  kəmərini  belinə  bağlayıb,  ümid 

üzünü  aləmpənah  dərgaha  gətirdi,  Ərəs  (Ərəş  olmalıdır  –  Ş.F.) 

şəhərində şahın dərgahına gələrək şahanə nəvazişlərlə sərəfraz oldu. 

Dərviş  Məhəmməd  xanın  adına  hümayun  nəvaziş  və  iltifat 

məktubları  yazılaraq,  onu  da  öz  eli  ila  birlikdə  tabe  olmağa  dəvət 

etdilər.  Əbədi  səadətli  bu  dövlətdən  öz  bəxtinin  dönüklüyünə  görə 

üz  çevirən  xan,  qalalarının  möhkəmliyinə  arxalanaraq,  üzünə 

müxalifət  qalxanı  tutdu,  bəzi  Şəki  sərbazları  da  Kiş  qalasını 

möhkəmlədib  oraya  sığındılar.  Dərviş  Məhəmməd  xanın  özü  isə 

olduqca  uca  və  möhkəm  olan  Gələsən  və  Görəsən  qalasına  getdi. 

Hələ  şövkət  sahiblərinin  heç  biri  o  qalanı  fəth  edə  bilməmişdi. 

Dərviş  Məhəmməd  xan  orada  qaladarlığa  başladı.  Onun  bir  dəstə 

adamı  isə  Əlbürz  dağının  ətəyindəki  möhkəm  bir  yeri  özlərinə 

sığnaq* edərək,  cəngə amadə oldular. Zərrənin günəşlə  müqayisəsi 

nisbətində  olan  o  dəstənin  müxalifəti  və  inadkarlığından  ali 

mənsəbli  şəhriyarın  qiyamət  gününü  xatırladan  qəzəbinin  şöləsi 

zəbanə  çəkdi,  zəfər  nişanlı  ordu  mübarizlərindən  Sevindik  bəy 

Qorçibaşını,  Bədr  xanı  və  Şahqulu  Sultan  Ustaclını  bir  dəstə 

müzəffər  əskərlə  Kiş  qalasının  fəthinə,  Abdulla  xan  Ustaclını  və 

Ləvənd  xan  Gürcünü  Gələsən  və  Görəsən  qalasına,  möhrdar 

Şahqulu  Sultan  Ustaclını  [isə]  qüvvətli  döyüşçülərdən  ibarət  bir 

dəstə ilə Sığnaqa yolladı. Adlı-sanlı əmirlər və qələbə şüarlı əsgərlər 

mühasirə  və  qalatutma  işinə  başladılar,  top,  zərbzən  və  badlic** 

zərbələri  ilə  qala  divarlarını  çatlatdılar,  bürc  və  barılara  sədəmə 

yetirdilər. Qalada  mühasirəyə düşənlərin sifətlərində  acizlik  və  ruh 

düşkünlüyü (enkesar) müşahidə olundu. Kiş qalasının kutvalı qılınc 

və  kəfənlə  şəhriyarın  dərgahına  gəlib,  qala  divarlarının  açarlarını 

ona  verdi,  bəxşişlərlə  mükafatlandırıldı.  Şahın  fərmanı  ilə  qala 

viran,  bürc  və  barılarsa  yerlə  yeksan  edildi.  Bu  qalanın  fəthindən 

sonra dünya xosrovunun iqbal ordusu Sığnaqa tərəf hərəkətə  gəldi. 

Kiş  qalasının  fəthindən  və  səadətli  padşahın  yürüşündən  xəbərdar 

olan Sığnaq camaatı o həzrətin heybətindən təşvişə düşərək, xalqlara 

pənah  verən  dərgaha  dəstə-dəstə  gəldilər,  öz  acizlik  və  çarəsizlik 

sifətlərini ethiyac torpağına sürtdülər. Etdiyi əməldən peşiman olan 

Dərviş  Məhəmməd  xan  bir  gecə  Gələsən  və  Görəsən  qalasından 

çıxıb, bərk heyrət və sərgərdanlıqla rahat bir yer axtarırdı ki, özünü 

bu qanlı burulğandan (vərte) qurtara bilsin. O, bəxtinin qaralığından 

dörd  yüz  nəfər  əzilmiş  döyüşçüsü  ilə  Abdulla  xan  Gürcünün  (?) 



177 

 

ordusunun  yaxınlığından  keçdi.  Şüarları  igidlik  olan  qazilər  xanın 



fərar etməsindən xəbərdar olaraq, təqibinə başladılar, azacıq məsafə 

qət  etdikdən  sonra  o  dəstəyə  çatdılar.  Dərviş  Məhəmməd  xanın 

camaatı  çarəsiz  hərəkət  (hərəkətül-məzbuhi)  etdilər  və  onların 

əksəriyyəti qazilərin iti qılıncları və qanlar tökən xəncərləri ilə qətlə 

yetdi.  Dərviş  Məhəmməd  xan  Çərəndab  Sultan  Rumlunun  Kosa 

Pirqulu adin mülazimi ilə vuruşdu və Kosa Pirqulu gözəl xistətli və 

tərifəlayiq xasiyyətli padşahın iqbal gücü sayəsində ona qalib gəldi, 

başını  bədənindən  ayırıb  ali  dərgaha  gətirdi,  onu  o  həzrətin 

səadətmənd səməndinin (atının) ayağı altına atdı və mükafatlanaraq 

sərəfraz oldu. 

 

Beyt 

 

Bir baş ki, etməyə şaha itaət,  

Bədəndən ayrıla gərək nəhayət

147


 

 

Şəki vilayəti tamamilə qüvvətli dövlət övliyaları tərəfindən 



zəbt  olundu,  oranın  hər  yeri  düşmənlərdən  təmizləndi  və  şərafətli 

şah torpaqlarına qatıldı. 



 

HƏZRƏT CƏNNƏTMƏKAN ŞAHIN QƏZAVATININ ŞƏRHİ, 

İMANSIZ GÜRCÜ KAFİRLƏRİNİN MƏHV OLUNMALARI 

VƏ GÜRCÜSTANIN FƏTHİ HAQQINDA SÖHBƏT 

 

Dindar  [və]  şəriətpərvər  padşahın  Həqqpərəst  fikri  daim 



cəhad  işlərinə  başlamaq  olduğundan,  anıma  Şərq  və  Qərb 

ölkələrinin  qüvvətli  düşmənləri  ilə  əlaqədar  məsələlərlə  məşğul 

olduğu  üçün,  istəyi  təxirə  salınırdı.  Amma,  [o,]  fürsət  tapan  kimi 

xristian  (nəsari)  Gürcüstanın  qala  və  başqa  yerlərinin  qəzasına

148

 

yollanırdı.  Hökmranlığının  və  cahanı  bəzəməyinin  səadətli 



günlərində  həmin  diyara  dörd  dəfə  ləşkər  çəkdi,  bir  neçə  dəfə  də 

ləşkərlər  yolladı.  Pak  din  mücahidlərinin  (yəni  qızılbaşlarının  — 

                                                           

147


 Beytin farscası: 

Səri k-u tovqe-fərmanəş nəxahəd  

Əgər əz tən ceda oftad şayəd. 

148


 Qəza - dini müharibə, müqəddəs yürüş - Ş.F. 

 


178 

 

Ş.F.)  qılıncı  ilə  Gürcüstanın  yeddi  ölkəsi  şahın  hakimiyyəti  atına 



keçdi və o yerlərin hakimləri o həzrətə tabe olan və həzrət tərəfindən 

təyin olunan adamlar oldular. Onlar cizyə* və xərac verməyə boyun 

olub  xütbə  və  sikkələrini  o  həzrətin  şöhrətli  adı  və  yüksək  (sami) 

ləqəbi ilə bəzədilər. Kaxet, Kartil (Kartli - Ş.F.) və Mesq (Mesxeti - 

Ş.F.) vilayətləri barədə yığcam şəkildə bunları demək olar: 

Şirvan  və  Şəki  vilayətləri  Gürcüstan  vilayətlərinə 

(Gürcüstanın)  yaxın  olduğundan,  o  yer  hakimlərinin  qüvvəti 

olmadığı üçün bəzi  vaxtlarda  gürcü kafərləri həmin  mülklərin ətraf 

yerlərinə  ləşkər  çəkir,  müsəlmanlara  zərər  yetirirdilər.  [Buna  görə 

də]  həmin  yerlərin  sultanları  özlərini  müdafiə  edir,  arada 

düşmənçilik  və  dava-dalaş  başlayırdı.  Şahın  zavala  uğramayan 

iqlalının  təntənəsi  xəbəri  o  vilayətdə  (Gürcüstanda  -  Ş.F)  yayılan 

vaxt,  yuxarıda  yazıldığı  kimi,  Ləvənd  xan  Gürcü,  padşahın  iltifat 

kölgəsinə  müraciət  edərək,  itaət  və  xərac  ödəmək  (xəracgozari) 

məsələlərinə başladı. 

[Həmçinin]  Gürcüstan  valilərindən  Qərqərənin  (mətndə 

səhvən "Fərfərə" - Ş.F) oğlu Keyxosrov da bir qul kimi (bəndevar) 

özünü ali şah mülazimləri silkinə mənsub etdi. O, daim bu səltənətə 

xidmət  etməklə  o  həzrətin  (Şah  Təhmasibin  -  Ş.F)  köməyinə  belə 

bağlayırdı. Amma, Kartil valisi Luvarsab, Başıaçıq valisi və Dadyan 

valisi  dəfələrfə  müxalifət  edərək,  lazımi  qədər  itaət  göstərmir,  ali 

hümayun şaha müti olan yuxarıda adı çəkilən Keyxovrovun ölkəsinə 

dəxalət  edirdilər.  Bir  neçə  dəfə  onlara  qarşı  igid  əsgərlər 

göndərilmiş,  Başıaçıq  və  Dadayeli  valiləri  tənbeh  olunmuş  və 

başlarını  öz  ədəb  ciblərinə  qoymuşdular.  Luvarsabdan  da,  bəzi 

vaxtlarda,  yöndəmsiz  hərəkətlər  görünmüş  və  o,  İslam  diyarının 

kənar  yerlərinə  əl  uzatmışdı.  Buna  görə  də,  gürcü  azğınlarının  şah 

tərəfindən  cazalanmaları  lazım  bilinərək,  qəzaya  qərar  verildi  və 

qəzavat savabına yetmək arzusu bu istəyi həyata keçirdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin