9-cu mövzu XVII-XVIII yüzillərdə ədəbi dilimiz



Yüklə 119 Kb.
səhifə3/6
tarix25.06.2022
ölçüsü119 Kb.
#62307
1   2   3   4   5   6
9-cu mövzu

Leksik norma
XVII-XVIII əsrlərdə leksik normalarda sabitləşən əlamətlərdən birincisi ondan ibarətdir ki, türk mənşəli leksik vahidlərin paralel işlənməsi aradan qalxır – məlum olduğu kimi, oğuz və qıpçaq ünsürləri XVIII əsrə qədər ədəbi dildə paralel işlənmişdir; məsələn: qılmaq (etmək)// eyləmək; varmaq//getmək; ayıtmaq//demək; oqumaq//çağırmaq, yazı//çöl və s.
Məlumdur ki, haqqında bəhs olunan mərhələdə – köhnə Azərbaycan ədəbi türkcəsindən yeni Azərbaycan ədəbi türkcəsinə keçid prosesində lüğət tərkibinin tarixi keyfiyyətini klassik üslubla folklor üslubu arasındakı dialektik münasibət müəyyənləşdirir.
Qeyri-türk (ərəb və fars) mənşəli alınma sözlərin mənimsənilməsi prosesi güclənir – bunun iki istiqamətini qeyd etmək lazımdır: 1) vaxtilə ədəbi dildə mövcud olan bir sıra ərəb, yaxud fars mənşəli çətin anlaşılan sözlər ya tamamilə yox olur, ya da çox nadir hallarda işlənir; 2) bir sıra ərəb, yaxud fars mənşəli sözlər isə ədəbi dildə möhkəmlənir (bəzi hallarda hətta türk mənşəli sinonimini “sıxışdırıb” çıxarır), ümumişləklik əldə edir.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsində ərəb, yaxud fars mənşəli leksika əsaslı bir dəyişikliyə məruz qalmır. Eyni zamanda XVI-XVII əsrlərdən başlayaraq Azərbaycan ədəbi türkcəsinə ərəb, eləcə də fars mənşəli sözlərin kütləvi axını dayanır.
Məhz bu mərhələdə ədəbi dildə ilk dəfə olaraq Avropa-rus mənşəli leksikanın işlənməsi müşahidə olunur; bu hadisə Azərbaycan-Rusiya münasibətlərinin intensivləşməsi və həmin münasibətləri əks etdirən sənədlərin meydana çıxması ilə bağlıdır. XVIII əsrdə bir sıra azərbaycandilli sənədlərdə aşağıdakı rus (əslində Avropa-rus) sözlərinə təsadüf olunur: Rusiya, Pyotr, Mexəil Əndric, rubli, soldat, kazak (türk mənşəlidir), ğubernator, sovetnik, proquror, departament və s.
XVII-XVIII əsrlərdə Azərbaycan sözləri (istər türk, istərsə də qeyri-türk mənşəli sözlər) erməni, eləcə də gürcü ədəbi dillərinə güclü bir axınla keçir; yeni erməni ədəbi dilinin (aşxarabarın) lüğət tərkibi məhz Azərbaycan xalq dilinin təsiri ilə formalaşır (həmin proses XIX əsrin ortalarında başa çatır), gürcü lüğət kitablarında Azərbaycan leksikası geniş miqyasda təmsil olunur (məsələn, Sulxan Səba Orbelianinin “Leksikon Kartuli” lüğəti bu cür kitablardandır). XVI əsrdən etibarən (ümumiyyətlə Səvəfilər dövründə) Azərbaycan sözləri farsdilli mənbələrdə sistemli olaraq görünür. Beləliklə, Azərbaycan türkcəsinin başqa dillərə leksik təsiri güclənir ki, bu, ədəbi dildə gedən demokratikləşmə prosesinin nəticəsidir.
Azərbaycan ədəbi türkcəsi lüğət tərkibinin milliləşməsi prosesi, əslində, kifayət qədər mürəkkəb proses olub leksik normanın müxtəlif yarımsahələrində gedən prosesləri özündə ehtiva edir: bunlardan ən əsası ictimai-siyasi leksikanın artımıdır və görünür, bu, ədəbi dilin ictimai dəyərinin yüksəlişi ilə əlaqədardır – o sözlər ki XVI-XVII əsrlərə qədər ədəbi dildə poetikləşir, məcazi məzmun kəsb edir, həmin sözlər XVII-XVIII əsrlərdə (xüsusilə XVIII əsrdə) öz “etimoloji” ictimai-siyasi məzmununu “bərpa edir”.
XVII-XVIII əsrlərdə ümumxalq dilindən ədəbi dilə keçən sözlər birtipli deyildir – burada həm türk, həm də qeyri-türk mənşəli sözlər mövcuddur və ümumiyyətlə, belə düşünmək mümkün deyil ki, guya bütün ərəb, yaxud fars mənşəli sözlər, eləcə də XVIII əsrdən diqqəti cəlb edən rus-Avropa sözləri ancaq ədəbi dil (yazılı mənbələr) ilə gəlir; əgər belə olsa idi nə qeyri-türk mənşəli sözlərin məzmun və formaca türkləşməsindən danışmaq olardı, nə də Azərbaycan folklor dilində (xüsusilə aşıq ədəbiyyatında) özünü göstərən zəngin alınma leksikanı izah etmək mümkün idi. Və XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsində alınma leksikanın normativləşməsi ədəbi dilin ümumxalq dili ilə sıx qarşılıqlı əlaqəsi, təması prosesində gedib.
“Məişət leksikasının ədəbi dilə axını ədəbi dilin milliləşməsinin faktıdır – bu, bir həqiqətdir ki, orta əsrlərdən gələn ənənə ilə hətta yeni dövrdə də lüğət kitablarında məişət leksikasına nəinki diqqət yetirilmir, hətta həmin leksikadan istifadə ədəbi normanın pozulması hesab edilir. Bununla belə, M.V.Vidadi, M.P.Vaqif kimi görkəmli söz ustalarının dilində məişət sözləri sıx-sıx işlənir.
M.V.Vidadi ilə M.P.Vaqifin müşairəsindən: inək, buzov saldırmaq, dəyənək, qatıq, cad (arpa, dan, çörəyi), çapaq, mitil, çəngəl, işi çəp düşmək, qapılarda dolanmaq, soymaq, budayıb əzmək, yaşınmaq, satmaq, döyə-döyə, qoyun, mal, doğmaq, təpik atmaq, sağmaq, heyvan ha deyil, təpmək, parça, pul, qatır minmək, sürmək və s.
Beləliklə, XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsinin lüğət tərkibində həm kəmiyyət, həm də keyfiyyət prosesləri gedir, ancaq keyfiyyət prosesləri, əvvəlki mərhələlərdən fərqli olaraq, daha mühümdür, aparıcıdır; ona görə ki, həmin əsrlərdə ədəbi dilin tarixində yeni mərhələ özünü göstərmir, həm də yeni dövr başlanır və bu yeni dövr ədəbi dilin leksikasının demokratik əsaslar üzərində yenidən təşkilini təmin edir, ona sabit milli keyfiyyət verir – sonrakı mərhələlərdə leksik normada artıq daha çox kəmiyyət dəyişmələri gedir.

Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin