9-cu mövzu XVII-XVIII yüzillərdə ədəbi dilimiz



Yüklə 119 Kb.
səhifə2/6
tarix25.06.2022
ölçüsü119 Kb.
#62307
1   2   3   4   5   6
9-cu mövzu

a) Fonetik norma
XVII-XVIII əsrlərdə ədəbi dilin fonetikasında özünü göstərən ən mühüm əlamət paralelliyin aradan qalxmasıdır; məlum olduğu kimi, bu proses XVI əsrdən başlayır və gələ-gələ keyfiyyət həddinə çatır. Aşağıdakı istiqamətlərdə fonetik, yaxud fonomorfoloji qərarlaşma gedir:
b→m: bən→mən, bin→min, kibi→kimi və s.
q (x)→h: qanı (xanı)→hanı, qamu (xamu)→hamı, qancarı→hancarı, baq→bax, oqu→oxu, yaq→yax, soq→sox, aqşam→axşam, qoqu→qoxu və s.
səsdüşümü: ol-o, kim-ki, birlə-ilə, qatıq-qatı və s.
Ümumxalq dilinin güclü “təzyiqi” ilə ədəbi dildə nəinki milli dil vahidlərinin sıxlığı artır, eyni zamanda, bir sıra alınma sözlərin fonetik və fonoqrafik milliləşmə prosesi gedir: zülüm//zulum, lala, qara kimi yazı formaları meydana çıxır və hətta bu forma XIX əsrin ortalarında nəzəri dilçilik ədəbiyyatında ana dilinin norması kimi qeyd olunur.
XVII-XVIII əsrlərdə yazı tədricən klassik üslubdan folklor üslubunun ixtiyarına keçir – bu isə yazı dilində müəyyən xəlqiliyin yayılmasına təkan verir. Ancaq ərəb əlifbasının konsonant (samit səslər üzərində qurulmuş) əlifba olması, həmişə olduğu kimi bu mərhələdə də Azərbaycan ədəbi türkcəsi saitlərinin adekvat ifadəsini qeyri-mümkün edir.
Milli ədəbi dilin təşəkkülü prosesində ahəng qanunu necə fəaliyyət göstərir? Hər şeydən əvvəl, ədəbi dilin milliləşməsi prosesində ahəng qanunu (birinci növbədə saitlər ahəngi – sinharmonizm nəzərdə tutulur) öz fəaliyyət dairəsini genişləndirir və bu, mənbələrdə qrafik ifadəsini tapır; məsələn: “ortaqçılıq”; “dostumuz” və s. Eyni zamanda, bir sıra sözlərdə, yaxud söz-formalarda ahəng qanununun ardıcıl pozulması özünü göstərir: “qapu”, “çağırur”, gəlür (“Şəhriyar”) və s.
Bir sıra hallarda eyni mənbənin eyni səhifəsində ahəng qanunu həm prinsipial şəkildə gözlənilir, həm də eyni prinsipiallıqla pozulur; məsələn: hökm etsin” , “hökm etsün”.
Milli ədəbi dilin fonoqrafik normaları, ümumiyyətlə, ləng formalaşır, əgər ərəb əlifbasının xüsusiyyətini (Azərbaycan türkcəsinin fonetik quruluşuna uyğun olmaması baxımından) nəzərə alsaq, onda həmin formalaşma prosesinin daha ağır gedəcəyi şübhəsizdir və həqiqətən də, bu cür olub: Azərbaycan milli ədəbi dilinin fonoqrafik (yaxud orfoqrafik) normalarında pərakəndəlik uzun müddət davam etmişdir; Ancaq bu, o demək deyil ki, haqqında söhbət gedən dövrdə (XVII, xüsusilə XVIII əsrdə) fonetik normalarda nisbi sabitlik (əlbəttə, yeni keyfiyyətdə) olmamışdır. Məhz haqqında bəhs edilən mərhələdən etibarən söz sonundakı yey hərfi fonomorfoloji funksiya daşıyır, həm ı, həm i, həm u, həm də ü səsini ifadə edir.
Fonetik normanın milliləşməsi, əslində, geniş miqyaslı bir hadisədir. XVII-XVIII əsrlərdə sözün fonetik quruluşu milliləşir – türkləşir, eyni proses cümlənin fonetik quruluşunda da gedir; belə ki, a) cümlənin hüdudu (xüsusilə ədəbi-bədii dildə) daralır, “nəfəs çatan” həcmə gəlir; b) cümlə danışıq intensivliyi, elastikliyi əldə edir; c) sözün fonetikasındakı milliləşmə istər-istəməz cümlənin ümumi fonetikasına təsir göstərir.
XVII-XVIII əsrlərdə Azərbaycan milli ədəbi dilinin meydana çıxması onun türk və türkmən ədəbi dillərindən fərqinin prinsipial hal olmasına gətirib çıxarır – bunun müəyyən qismi fonetik normaların üzərinə düşür; ə səsinin güclü mövqeyi ən çox Azərbaycan ədəbi türkcəsində saxlanılır, türkmən və türk ədəbi dillərində həmin səs zəifləyir. Eyni zamanda, Azərbaycan ədəbi türkcəsində (k’) səsi arxaikləşir, türk və türkmən ədəbi dillərində isə böyük funksionallıq qazanır; vf fonemlərinə gəldikdə, demək lazımdır ki, onların funksionallığının artması Azərbaycan və türk ədəbi dillərində, təxminən eyni dərəcədə müşahidə olunur, türkmən ədəbi dilində isə bu fonem tədricən sıradan çıxır.
Əlbəttə, XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsinin fonetik normalarında gedən milliləşmə prosesini ərəb əlifbası həqiqi miqyasında əks etdirmir, bununla belə, məhz həmin əsrlərdən başlayaraq ərəb əlifbasının Azərbaycan türkcəsinin fonetik strukturuna uyğunlaşdırılması prosesi güclənir.

Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin