9-cu mövzu XVII-XVIII yüzillərdə ədəbi dilimiz



Yüklə 119 Kb.
səhifə1/6
tarix25.06.2022
ölçüsü119 Kb.
#62307
  1   2   3   4   5   6
9-cu mövzu


9-cu mövzu
XVII-XVIII yüzillərdə ədəbi dilimiz.
İctimai şərait.
Klassik şeir üslubu.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsinin ümumxalq dili əsasında formalaşması dövrü başa çataraq milli dil əsasında formalaşması dövrü başlayır – milli ədəbi dil təşəkkül tapır. Şərti mənada XVII əsrə qədərki Azərbaycan ədəbi türkcəsi – köhnə, XVII əsrdən sonrakı isə yeni Azərbaycan ədəbi türkcəsi adlandırıla bilər. Köhnə Azərbaycan türkcəsi ilə yeni Azərbaycan türkcəsi arasında həm norma, həm də üslubi müəyyənləşmə səviyyəsi baxımından fərq var, bununla belə, həmin fərqlər XVII əsrdən sonrakı dövrün ədəbi dilinin XVII əsrə qədərki ədəbi dilin varisi olduğunu inkar etmir.
Azərbaycan ədəbi türkcəsinin milli dil əsasında formalaşması dövrü aşağıdakı mərhələlərdən ibarətdir:

  1. XVII-XVIII əsrlər Azərbaycan ədəbi türkcəsi.

  2. XIX əsr Azərbaycan ədəbi türkcəsi.

  3. XX əsrin əvvəllərində Azərbaycan ədəbi türkcəsi.

  4. XX əsrin 20-30-cu illərindən sonrakı Azərbaycan ədəbi dil.

İctimai-tarixi şərait


XVI əsrin sonu-XVII əsrin əvvəllərindən başlayaraq Azərbaycan Səfəvilər dövlətinin tarixində keyfiyyət dəyişikliyi özünü göstərir: o, özünün milli məzmununu itirir və nəticədə Azərbaycan Səfəvilər imperiyasının bir əyalətinə çevrilir. Ancaq XVI əsrin xüsusilə əvvəllərində milli-mədəni təfəkkür elə bir inkişaf təkanı almışdı ki, onun hərəkətini dayandırmağa, hətta ləngitməyə belə heç bir qüvvə qadir deyildi. Azərbaycan intibahı milli xarakteri etnik (mifologiyadan gələn) təfəkkür əsasında tərbiyə edir, bu zamana qədər hakim olan ümumşərq normativliyi arxaikləşir.
XVII əsr Azərbaycan mədəniyyətinin inkişaf səviyyəsi, xüsusilə maddi-mədəniyyət abidələri barədə Övliya Çələbinin “Səyahətnamə”sində geniş məlumata rast gəlirik və buradan aydın olur ki, bu yüzil təkcə müharibələr, iğtişaşlar dövrü deyil, həm də klassik mədəniyyətin öz son ehtişamını yaşadığı dövrdür. Şamaxıda (ümumiyyətdə Şirvanda) olmuş başqa bir səyyah – Adam Oleari burada Azərbaycan türk dilinin geniş yayıldığından, qeyri-türk mənşəli xalqlar arasında ümumi ünsiyyət dili olmasından danışır: “Burada farslar, ermənilər və azacıq da olsa gürcülər yaşayırlar; bu millətlərin hər birinin öz dili olsa da onların hamısı ümumən Şirvan əhalisi kimi türkcə danışırlar”.
Klassik ümumşərq müsəlman mədəniyyətinin hadisəsi olan, eyni zamanda, həmin mədəniyyəti mühafizə edən orta əsr şəhərləri XVI əsrin ortalarından başlayaraq tənəzzül edir – XVIII əsrdə artıq yeni (milli məzmunlu) şəhərlər meydana çıxır: Şəki, Şuşa, Gəncə (xanlığın mərkəzi), klassik ümumşərq şəhərlərinin süqutu ilə əyalətin rolu, nüfuzu artır. Məhz bu zaman mədəniyyət saraydan çıxaraq geniş ictimai münasibətlər meydanına yayılır. Rəssamlıqda simasız, idealizə olunmuş obraz əvəzinə psixoloji cəhətdən ifadəli portret getdikcə daha böyük yer tutur və sənət etnoqrafik xüsusiyyətlərlə yanaşı, ictimai xarakter müəyyənliyini də əks etdirir. Memarlıqda əsaslı çevriliş nəzərə çarpır: həndəsi ornamentləri bütünlüklə nəbati ornamentlər əvəz edir və s. Şübhəsiz, bu qlobal keyfiyyət dəyişməsi özünəməxsus bir şəkildə ədəbi dildə gedən proseslərdə də ifadə olunur.
Müstəqil xanlıqların təşəkkülü Azərbaycan kəndinin ictimai-tarixi nüfuzunu artırırdı. Və təsadüfi deyil ki, Azərbaycan mədəniyyətinin (və ədəbi dilinin) milli əsaslar üzərində yenidən qurulmasında kəndli təfəkkürü mühüm rol oynadı.
Heç şübhəsiz, XVII-XVIII əsrlərdə ticarətin inkişafı və milli ticarət burjuaziyasının formalaşması milli təfəkkürün müəyyənləşməsinin həm səbəbi, həm də nəticəsi idi; Azərbaycan dastanlarının tacir qəhrəmanları məhz bu dövrdə meydana çıxıb.
XVIII əsrin birinci yarısı ilə ikinci yarısı arasındakı fərqi görməyən Leviatov kimi bəzi müəlliflər xanlıqlar dövrünü başdan-başa tənəzzül dövrü kimi təqdim edir. Bu, tamamilə yanlışdır. Ümumiyyətlə, XVII-XVIII əsrlərdə Azərbaycanda nə qədər qanlı müharibələr, iğtişaşlar olsa da, həyat şəraiti bəzən görünməmiş bir şəkildə mürəkkəbləşsə də mədəniyyət sürətlə yenidən təşkil olunur, milli məzmun, mahiyyət kəsb edir, hətta intibah dövrü keçirirdi.
Özəlliklə XVIII əsrin birinci yarısında Azərbaycan Türkiyə və Rusiya arasında mübarizə meydanı idi. Ancaq bu, heç də bir sıra tədqiqatçıların belə bir fikrini təsdiq etmir ki, guya bu dövrdə Azərbaycan xalqı tabe olmaq, sığınmaq üçün güclü dövlət axtarırdı və bu da məhz Rusiya idi.
XVII-XVIII əsrlərin milli intibah dövrü olması faktının özü artıq həmin fikri təkzib edir: bir halda ki, “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” dastanları, Aşıq Abbas Tufarqanlının qoşmaları, Sarı Aşığın bayatıları, nəhayət, Molla Nəsrəddin lətifələri yaranır, yayılır, necə ola bilər ki, Azərbaycan xalqı sığınmağa “güclü dövlət” axtarır?! Azərbaycanın Rusiya tərəfindən istilası və nəhayət, Rusiyaya ilhaqı isə tamamilə başqa məsələ idi və xalqın müstəqillik hissinə qarşı yönəlmişdi.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsinin yüksəlişi, milli əsaslar üzərində yenidən təşkili, başqa sözlə, milliləşməsi xalqın çox-çox dərinlərdən gələn milli özünüdərk və müstəqillik duyğularından kənarda baş verə bilməzdi – bunlar bir-biri ilə sıx əlaqədə olan hadisələr idi.
Azərbaycan milli ədəbi dilinin təşəkkülü problemi olduqca mübahisəli, mürəkkəb bir problemdir və biz burada onun nəzəriyyəsi üzərində geniş dayanmaq fikrində deyilik. Ancaq son zamanlar bu problemə münasibətdə müəyyən sabitlik yaranmaqdadır: belə bir fikir getdikcə daha çox müəyyənlik qazanır və qərarlaşır ki, Azərbaycan milli ədəbi dilinin əsaslı XVI-XVII əsrlərdən meydana çıxmağa başlayır və XVII-XVIII əsrlərdə milli ədəbi dilin keyfiyyəti müəyyənləşir, sonrakı mərhələlərdə isə formalaşma müxtəlif diferensial səviyyələrdə davam edir.
Külli miqdarda dil faktlarının təhlili göstərir ki, XVIII əsrin xüsusilə ikinci yarısında Azərbaycanın ayrı-ayrı regionları arasında əlaqələrin intensivliyi, nəticə etibarilə həm şifahi, həm də yazılı ədəbi dildə məhəlli ünsürlərin az olmasına gətirib çıxarmışdı. Məhz bu dövrdə Azərbaycan türkcəsində milli ünsürlər keyfiyyət halına çatmışdır.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsində baş verən əsaslı dəyişikliyi aşağıdakı mənbələr sistemli şəkildə əks etdirir: Məsihinin “Vərqa və Gülşa” məsnəvisi, Saib Təbrizi və Qövsi Təbrizinin “Divan”ları, Şirvan şairlərinin (Nişat Şirvani, Şakir Şirvani, Məhcur Şirvani, Arif Şirvani, Ağa Məsih Şirvani, Baba Şirvani…) şeirləri, elmi və elmi-kütləvi risalələr rəsmi sənədlər, M.V.Vidadi və M.P.Vaqifin əsərləri, “Şəhriyar” dastanı və s. Eyni zamanda məhz bu mərhələdə zəngin xalq ədəbiyyatı meydana çıxır: Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi sənətkarların aşıq şeiri janrlarındakı əsərləri, dastanlar, bayatılar, lətifələr və s. folklor nümunələri böyük bir sürətlə yazıya köçürülür (məsələn, XVI əsrdə yaşamış Qurbaninin qoşmaları bu zaman yazıya alınır) ki, bu da yazı dilinin əsaslı şəkildə milliləşməsinə səbəb olur.
Azərbaycan milli ədəbi dilinin təşəkkülü problemləri ilə ardıcıl məşğul olmuş M.Cahangirov klassik üslubun XVII-XVIII əsrlərdəki vəziyyətini aşağıdakı şəkildə xarakterizə edir: “Klassik üslub xəttinin “zirvədən enmə”, xalq ədəbi dili üslub xəttinin isə eyni zamanda və eyni nisbətlə “zirvəyə qalxma” prosesi XVIII əsrin ikinci yarısından etibarən get-gedə fəallaşdı, XVIII əsrin birinci yarısında təkamül gedişi müəyyənlik aldı (görünür, XVII əsrin ikinci – XVIII əsrin birinci yarısında hər iki üslub xətti üzrə təqribən “bərabər” müvazilik olmuşdur). Nəhayət, ədəbi dilimizdə tarixən “müqabil məqam” tutan, Ancaq heç də bir-birini inkar etməyən başlıca ictimai üslublar sistemində xalq ədəbi dili üslub xətti XVIII əsrin ikinci yarısında nəticə etibarilə aparıcı mövqeyə keçdi. Bununla da klassik üslub xəttinin XVI əsrdə Füzuli zirvəsi mahiyyətcə xalq ədəbi dili üslub xəttinin XVIII əsrdə Vaqif zirvəsi ilə “əvəz” olundu”.
Tədqiqatçı həmin prosesin tarixi məzmunu barədə yazır: “Belə bir təkamül gedişi, əlbəttə, ümumxəlqi-milli əsaslarla ədəbi dil quruculuğu yönümlü inkişaf prosesinin XVIII əsrdə intensivləşməyə başlayan təbii-qanuni nəticəsi kimi qavranıla bilər”.
XVII-XVIII əsrlərdə inkişaf etmiş türk ədəbi dillərinin milli əsaslar üzərində yenidən təşkili prosesi özünü göstərir – bu proses özbək ədəbi dilində oğuz-qıpçaq elementlərinin minimuma enməsi və karluq-uyğur (cığatay) normativliyinin güclənməsi ilə gedir; müəyyən mənada əks proses oğuz-qıpçaq normativliyi güclü olan türk ədəbi dillərində gedir – həmin dillərdə karluq-uyğur (cığatay) elementləri tədricən itir. Türk, türkmən və Azərbaycan ədəbi türkcələrinin milliləşməsi ilə “müştərək oğuz abidələrinin” meydana çıxması dayanır.

Normalar


XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsinin normalarında qarşısıalınmaz bir şəkildə xəlqiləşmə prosesi gedir. Bu dövrdə yazılmış əsərlərdə dövrün inkişaf tələbatına uyğun olaraq müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışığından, bir çox şivələrdən sözlərin, ifadələrin alınıb işlənilməsi dil vahidlərinin ümumiləşmə prosesini gücləndirmiş, milli dilin formalaşmasına əlverişli şərait yaratmışdı.
“Azərbaycan ədəbi türkcəsinin milliləşməsi” dedikdə tədqiqatçılar, hər şeydən əvvəl, davamlı, sabit və eyni zamanda həm demokratik məzmuna bilavasitə malik olan, həm də ümumxalq dili ilə daimi sıx əlaqədə inkişaf edən norma müəyyənliyinin yaranmasını nəzərdə tuturlar. Normanın milliləşməsi, yaxud milli ədəbi dilin normalarının meydana çıxması, bir qayda olaraq, sistemli prosesdir: fonetik, yaxud fonoqrafik, leksik və qrammatik səviyyələrdə eyni, yaxud təxminən eyni dövrdə baş verir.
Ə.Dəmirçizadə yazır: “Azərbaycan türkcəsinin inkişafı tarixində XIX əsrə qədərki dövrdə Azərbaycan türkcəsinin fonetik sistemində, qrammatik vahidlərində xüsusən dəqiqləşmə, təkmilləşmə istiqamətində azacıq dəyişiklik olmuşdur, həm də belə dəyişmələr Azərbaycan türkcəsinin milli dil kimi vahidləşməsi mahiyyətli əlamətlər olaraq məhz bu dövrün sonunda, daha doğrusu, XVIII əsrdə həm canlı danışıqda, həm də ədəbi dildə ümumiləşib sabitləşmişdir”. Bu isə onu göstərir ki, milli ədəbi dil normalarının təzahürü yalnız ədəbi dil səviyyəsində deyil, ümumxalq dilinin çox dərin qatlarında gedən “vulkanik” bir prosesin nəticəsidir.



Yüklə 119 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin