9-cu mövzu XVII-XVIII yüzillərdə ədəbi dilimiz



Yüklə 119 Kb.
səhifə4/6
tarix25.06.2022
ölçüsü119 Kb.
#62307
1   2   3   4   5   6
9-cu mövzu

Qrammatik norma

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsində ümumi qrammatik kateqoriyaların ifadəsində milli norma sistemi tam qərarlaşır – hal, mənsubiyyət, xəbərlik və kəmiyyət kateqoriyalarının təzahüründəki variantlılıq aradan çıxır; doğrudur, həmin kateqoriyalar bəzən XVII-XVIII əsrlərdə də arxaik formaları ilə işlənir, ancaq mənbələr normativ formanın mövqeyini dərhal hiss etdirir; məsələn:


Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir,
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.
Nədəndir sözümə cavab verməmək,
Həm camal gizlədib üz göstərməmək?
Gecələr gözlərim xabı görməmək
Ol siyah nərgisi-məstanədəndir…
Müştaqdır üzünə gözü Vaqifin,
Yolunda payəndaz özü Vaqifin;
Sənsən fikri-zikri, sözü Vaqifin.
Qeyri söz yanında əfsanədəndir.
(M.P. Vaqif).
Göründüyü kimi, burada ümumi qrammatik kateqoriyaların müasir təzahür formaları öz əksini tapıb. Bu şəkildə milliləşmə xalq dilinin (şübhəsiz, ədəbi dilin folklor üslubunun vasitəsilə) ədəbi dilə axını nəticəsində mümkün olub.
İsim, sifət, say, əvəzlik və zərflərə məxsus kateqoriyaların işlənmə imkanları genişlənir. Milli təfəkkürün təşəkkülü dövründə ədəbi dildə isim, eləcə də sifətin konkretlik-mücərrədlik, müəyyənlik – qeyri-müəyyənlik baxımından diferensiasiyasının gücləndiyi müşahidə olunur və həmin əlamət müəyyən mənada say və əvəzliklərə də aiddir. Eyni zamanda, qeyd etmək lazımdır ki, əvəzliklərdə tarixi variantlıq (buraya həm kəndü – öz tipli leksik, həm də şol-ol-o tipli fonetik variantlıq daxildir) davam edir, ancaq, məsələn, kəndü ilə müqayisədə öz; şolol ilə müqayisədə o maksimum funksional üstünlüyə malikdir.
Əsas nitq hissələrinin (leksik-qrammatik söz qruplarının) qrammatik-semantik keyfiyyətini əks etdirən mətnə diqqət yetirək.
Ay ağalar, bir nigarın oduna,
Dəli könlüm yana-yana düşübdür.
Mən ki düşüb bu odlara yanıram,
Nə səməndər, nə pərvanə düşübdür.
Açılıb cənnət tək camalın gülü,
Ötər çevrəsində şeyda bülbülü.
Bu gülşənin yasəməni, sünbülü
Nə bir bağa, nə bostana düşübdür…
Qaş və gözü durub qanın almağa,
Zülf tökülüb din-imanın almağa,
Vidadi xəstənin canın almağa
Xət bir yana, xal bir yana düşübdür.
(M.V.Vidadi).
İstər M.V.Vidadidən, istərsə də M.P.Vaqifdən verilən nümunələrdə artıq sistemli şəkildə yeni Azərbaycan ədəbi türkcəsinin qrammatikasını görürük.
XVII-XVIII əsrlərdə feilə məxsus kateqoriyaların ifadəsindəki tarixi paralellik aradan qalxır, müasir ifadə formaları qərarlaşır:

  1. əmr formasının II şəxs təkindəki -ğıl//-gil (-gınan, -ginən, -gunan, -günən) əlamətləri normativ olaraq aradan qalxır və şəkilçisiz forma işlənir: Ala gözlü, sərv boylu dilbərim, Həsrətin çəkdiyim canan, bəri bax! (M.P.Vaqif). Bəs gəl bu işi sən etmə, zinhar, Məbada atan ola xəbərdar (M.Şirvani) və s.

  2. -ar, -ər qeyri-qəti, -acaq, -əcək isə qəti gələcək zamanı bildirmək üçün sabitləşir: Söylərdi ki, ey tən içrə canım… (Məsihi). Hər kim anın əlindən içər badə, qan içər (S.Təbrizi). Bu rəng mənim bağrım əgər qan olacaqdır, Aləm qamu bir qitə gülüstan olacaqdır (Q.Təbrizi). Gözüm görməz həyadan, vəsl üçün, amma könül titrər, Bəladır böylə sərxoş kim, əli tutmaz, ayan istər (Q.Təbrizi) və s.

  3. I şəxsin cəmini ifadə edən -ız, -iz şəkilçisi -ıq, -ik-lə əvəzlənir: Bağlarıq gərdun əlin, gər bir nəfəs həmdəst olar (Q.Təbrizi). Biz diyari-eşqdə çeşmi-çıraği-aləmik, Bir cahan əkduh ilə bibakü rindü biğəmik (Q.Təbrizi) və s.

ç) vacib formasının tarixən işlənmiş -maq gərək, -mək gərək şəkilçisi XVIII əsrdən -malı, -məli ilə əvəz olunur: Didarına müştaq olub qalmalı, Başına dönməli, dərdin almalı… (M.P.Vaqif). Hər bir xəstənin döşəgi yanında bir kiçik süfrəsi… olmaludur (“Qanuni-cədid”) və s.
Əlbəttə, XVII-XVIII əsrlərdə feilə məxsus kateqoriyaların ifadəsindəki keyfiyyət yeniləşməsi bütün mənbələrdə eyni dərəcədə özünü göstərmir; XVII əsrin birinci yarısında, qismən də XVII əsrin ikinci yarısında (hətta XVIII əsrin ortalarına qədər) həmin yeniləşmə ləng gedir, M.V.Vidadi, M.P.Vaqif və “Şəhriyar” dastanlarında isə yenilik sistemə çevrilir.
Ən çox dəyişikliyin feil kateqoriyalarının məzmun və ifadəsində olması tamamilə təbiidir, çünki feil ana dilinin xarakterini daha dərindən əks etdirir.
XVII-XVIII əsrlərdə köməkçi sözlərin çoxvariantlılığı tədricən aradan qalxır; -tən, -dən, -təki, -təkin, -dəki, -dəkin, -cilayın, -ciləyin, -asa, kibi//kimi, qədər, dək qoşmalarından kimi, qədər, dək normalaşır, yerdə qalanlar arxaikləşir; gərçi, əgərçi, ta, taki bağlayıcıları get-gedə fəaliyyətdən düşür. Və maraqlıdır ki, daha çox qeyri-türk mənşəli köməkçi sözlər arxaikləşir.
XVII-XVIII əsrlərdə sintaktik norma əsaslı şəkildə milliləşir. M.Cahangirovun fikrincə, milli ədəbi dil üçün səciyyəvi sayılan vahid qrammatik normaların yaranma prosesi morfologiya üzrə XVIII əsrin ikinci yarısında aşkarlaşdığı halda, sintaksis üzrə eyni proses təqribən bir əsr sonra – XIX əsrin ikinci yarısında müşahidə edilir.

Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin