Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   41   42   43   44   45   46   47   48   49

*** 

Ürəyin vətən sarıdan nigarançılıqla döyünür, amma heç kəs 

bu döyüntünü eşitmir. Amma bax, mən vətənpərvərliyimi təbil 

sədaları altında bəyan edirəm, hamı eşidir, hamı əl çalır.  



*** 

Sınaqsız zamanların alçaqları və qorxaqları ağır zamanların 

namuslu adamlarından daha qoçaq görünür. Axı zaman onları 

sınağa çəkməyib.  



*** 

Dövr kitablarda qalacaq. Dövr necəydisə, o cür də, özünü 



 678 

necə görmək istəyirdisə, o cür də. Kitabı – hər hansı kitabı – 

sevin, o, vaxtın şahididir.  

*** 

Aygün ad var. Gərək BUGÜN adlı da insan olsun. Dünəni 

və Sabahı olmayan insan.  

*** 

Xalq çörəklə tam təmin olunmayınca "İnsan tək çörəklə 

doymur" ifadəsi yaxşı  səslənmir.  Əvvəl-əvvəl insanların 

qarnını doydur, sonra yüksək mətləblərdən dəm vur.  

Amma aclığın özü də  təsirli sənət  əsərləri yarada bilər -

Amerika yazıçısı Perl Bakın Çində aclıq haqqında "Torpaq" 

romanı (romanın qəhrəmanları sözün hərfi mənasında aclıqdan 

torpaq yeməyə  məcburdurlar). Bir də üç yazıçının – norveçli 

Knut Qamsunun, Hindistanlı Bxabani Bxattaçariyanın və tatar 

Qalimcan İbrahimovun eyni "Aclıq" adlı üç romanı.  



*** 

Ağrılı düşüncələrim Rusiya haqqındadır. Mən müstəqil, 

suveren, dünya cameəsi tərəfindən tanınmış, BMT-nin və 

onlarla başqa beynəlxalq təşkilatın üzvü olan Azərbaycanın 

vətəndaşıyam. Rusiyayla bu dəfə  bəlkə  də  həmişəlik 

boşanmışıq (18-ci ilin boşanması müvəqqəti oldu). Hər halda 

altı ildir ki, ayrı yaşayırıq. Bəs nədən Rusiyanın ağrıları məni 

bu qədər incidir? Doğrudanmı, bu böyük ölkə, bu böyük xalq 

əsrdən-əsrə yalnız üç düstura uyğun yaşamalıdır. Birincisi, 

"Gücün var, ağıl cərək deyil". İkincisi, "Ağılla Rusiyanı 

anlamaq olmaz". Üçüncüsü, "Ağıldan bəla".  

Doğrudanmı, ağıl Rusiyadan artıq bir şey kimi qovulub, 

doğrudanmı, bu ölkənin bəlası – ağıldır. Yəni Rusiyada ağıllı 

adam qalmayıb?  Əlbəttə, qalıb. Rusiyada ağıllı insanlar hər 

hansı ölkədəkindən az deyil ki, bəlkə çoxdur. Amma hamısı 

ağıllarının  əziyyətini çəkir. Onlara qarşı duran isə  nəhəng, 

sürüşkən bir kütlədir – ona ağıl gərək deyil, sayına, çoxluğuna 

arxalanan gücü var, bəsidir. "Kərəm əhlini" qovmağa, əzməyə, 

ömrünü çürütməyə yetər bu güc.  


 679 

 

*** 

Hər xalq özü haqqında düşünür ki, o, seçilmişdir, xüsusidir, 

başqalarına bənzəmir, hamıdan üstündür və dünyada 

başqalarından fərqli məqsədi var. Bu kiçik xalqın iddiası 

olanda onun öz işidir, qoy özü özüyçün lovğalansın, 

qürrələnsin, desin ki, mənim millətim  ən cəsur millətdir, 

qadınlarımız dünyada ən gözəl qadınlardır,  ədəbiyyatımız  ən 

zəngin ədəbiyyatdır, bunun kimə nə zərəri var? Amma bu meyl 

böyük xalqlara hakim kəsiləndə – artıq bütün dünyanın taleyi 

təhlükə qarşısında qalır.  

*** 

Rus xalqı  əbədi bir suala cavab verməlidir: Hansı 

qonşularının olmasını istəyir – ona hörmət edən qonşuları, ya 

ondan qorxan qonşuları? Əgər balaca xalqlar arxayın olsalar ki, 

Rusiyanın yüksəlməsi, dirçəlməsi, güclənməsi onlara təhlükə 

törətmir, onları  əzməyəcəklər, alçaltmayacaqlar, istismar 

etməyəçəklər, onlarçün nəyin yaxşı, nəyin pis olduğunu 

Moskva yox, özləri həll edəcəklər, əlbəttə, o zaman Rusiyanın 

əzəmətli və qüdrətli olmasını niyə istəməsinlər? Amma axı 

indiyəcən bir təhlükə mövcuddur. Bu təhlükənin əlaməti yalnız 

Limonov səviyyəsində deyil, hətta Berdyayev və Soljenitsin 

səviyyəsində rus düşüncəsinə hakimdir – yazıçılar, 

mütəfəkkirlər, siyasətçilər bunu müxtəlif  şəkillərdə durmadan 

ifadə edirlər: "Vaxtilə Rus, sonra Sovet imperiyasına daxil olan 

bütün xalqlar, indi müstəqil dövlətlər olan ölkələr yenidən 

bizim himayəmiz altında olmalıdır". Bu məqsədlə hər xalqın öz 

taleyi olması fikriylə razılaşmırlar və süni bir anologiyaya əl 

atırlar: müstəqilliyini qazanmış keçmiş sovet respublikaları 

ABŞ  ştatlarına uyğundur və Amerikada millət anlayışı 

olmadığı kimi Rusiyada da olmamalıdır (başqa sözlə, hamı 

özünü rus saymalıdır). Amma axı Amerika ştatlarından heç 

birinin açıq etnik sifəti yoxdur, hətta zəncilərin, hinduların, 

latınamerikalılarının çoxluq təşkil etdiyi ştatları belə onların 


 680 

milli əraziləri saymaq olmaz. Amerika qazanında hamı çoxdan 

qaynayıb qarışıb. ABŞ unikal milli struktura malik ölkədir və 

amerikan xalqına universal kosmopolitizm xasdır ki, çeşidli 

etnik elementləri öz içinə alıb əridir. Bu cəhət rus mentalitetinə 

tamamilə yad olan bir keyfiyyətdir. Rus mentalitetinə görə 

Rusiyanın dünyada ancaq özünəməxsus yolu var. Ortodoksluq 

(Pravoslaviya) yeganə həqiqətdir. ABŞ çoxmillətliliyi – keçmiş 

etnik elementlərin qorunub saxlanmasıyla ümumamerika 

mentalitetinin qəbul olunması Rusiyanın etno-milli 

quruluşundan tamamilə  fərqlidir. Amerika – mühacirlər 

ölkəsidir, könüllü şəkildə  əzəli torpaqlarını  tərk edib Yeni 

Dünyanı  vətən sayanların və onların nəsillərinin ölkəsidir. Bu 

yeni dünya müxtəlif xasiyyətli, müxtəlif məqsədli, müxtəlif 

niyyətli insanları  nəylə  cəlb edir, nəylə özünə bağlayırdı? 

Azadlıq arzusuyla, xilas olmaq imkanıyla, özünütəsdiq, 

təşəbbüskarlıq keyfiyyətləriylə. Bu cəhətdən Rusiya – "xalqlar 

zindanı" – tarix boyu heç vaxt, heç kəsi cəlb etməyib. O ki 

qaldı guya hansı xalqınsa Rusiya tərkibinə könüllü qatılmasına, 

ağ Padşahdan himayədarlıq istəməsinə, bu da ayrı-ayrı irili-

xırdalı feodalların öz hakimiyyətlərini saxlamaq ehtiyacından 

doğan xahişlər idi. Başqa, daha amansız qüvvələrin  şikarı 

olmamaq üçün bu yola əl atırdılar. Balaca xanlıqlar özləri kimi 

kiçik qonşu xanlıqlarla çəkişərkən Rus çarının qoltuğuna 

sığınmağı daha üstün tuturdular. Bu tarixi süjetləri bütöv 

xalqların istəyi kimi qələmə vermək SSRİ-nin saxlanması 

haqqında yalançı referendumun nəticələrinə inanmaq kimi bir 

şeydir. SSRİ-nin saxlanması üçün keçirilən bu referendum 

Stalin-Brejnev sosialist demokratiyasının – "dünyada ən kamil 

demokratiyanın" ən qabarıq cəhətlərini nümayiş etdirdi.  

Yaxşı,  əgər Rus xalqının öz müstəqil dövləti olmalıdırsa, 

nəyə görə estonların, ya çeçenlərin də eyni arzuları ruslar 

tərəfindən nankorluq kimi qəbul edilir? Əgər balaca xalqları 

böyük İmperiyanın kiçik övladları, ya rusların kiçik qardaşları 

kimi saysaq belə, gün gəlir bu balaca qardaşlar və böyümüş 


 681 

övladlar ayrı yaşamaq haqqında düşünürlər. Bunu niyə faciə 

kimi qəbul etmək lazımdır? İmperiya iddialarını nə vaxta qədər 

guya ki, təhlükəsizliklə bağlamaq olar? Kimdir sizin 

təhlükəsizliyinizə  qəsd edən? Volski "Moskovski Novosti" 

qəzetində (4. X. 92) yazır: "Biz (yəni Rusiya) Zaqafqaziyadan 

gedə bilmərik, çünki o Şimali Qafqaza yaxındır, Stavropolun 

lap böyründədir". 

Bu məntiqlə demək olar ki, Rusiyanın cənub sərhədlərinin 

təhlukəsizliyi naminə yaxındakı ölkələri – Türkiyəni,  İranı da 

tutmaq lazımdır. Məhz elə bu fikri – son niyyətlərini 

gizlətmədən – açıq-aşkar şəkildə Jirinovski bəyan edir.  



*** 

Hər hansı hakimiyyət açıq, ya gizli şəkildə Sənətkara nifrət 

bəsləyir. Çünki ən küt hökmdarlar belə anlayırlar -onların 

hakimiyyəti yalnız müəyyən vaxt kəsiyinə aiddir. Həqiqi 

sənətkarlar isə  əsrlər boyu şüurlara hakim kəsilir. 

Hakimiyyətlərinin qısa müddətli olmasının heyfini hökmdarlar 

sənətkarlardan çıxır. Sənətkarın tarix müstəvisində müstəqilliyi 

onlara xatırladır ki, özləri vaxtdan asılıdırlar və zaman 

baxımından da fanidirlər.  

*** 

Günəş qüruba ğoğru dığırlandıqca, göy boyu aşağı endikcə 

buludlar daha qəmli görünür və belə yanlış təsəvvür yaranır ki, 

buludlar günəşdən ucadır, günəş onları göydə atıb yerin altına 

gedir.  İbtidai insanları anlamaq olar – onlar şüurlarının 

deduktiv qabiliyyətinə, həndəsi ya astronomik hesablamalara 

deyil, gözləriylə gördüklərinə inanırdılar.  İbtidai insanın dərk 

edə bilmədiyi  əsl dünya – mücərrəd hesablamalarda, şüurun 

gəldiyi mücərrəd nəticələrdədir. Sivil insanın ziddiyyətləri də 

bundan doğur – gözüylə gördükləri və gözlə görünməyən, 

mücərrəd, amma həqiqət olan bildikləri. Nədir belə  fəlsəfi 

mətləblərə girişdim? Bəlkə bu elə Yunanstanın havasıdır, 

adamı  dənizin dayaz yerində "dərin" düşüncələrə  qərq edir. 

Əslində  mən dayazda yox, dənizin dərinlikləri üzərində üzən 



 682 

gəmidəyəm.  Ətraf Yunan sahilləri, yunan adaları. Doğrudan 

da, qədim Elladanın – çağdaş Yunanstanın ab-havası adamı 

sanki fəlsəfi düşüncələrə və mücərrəd fikirlərə sövq edir. Necə 

ki, Parisin ab-havası insanı  bədii yaradıcılığa, məhəbbətə 

kökləyir. Bəlkə  də bu ənənədən gəlir. Haçansa oxuduğun 

kitabların, gördüyün filmlərin və  rəsm  əsərlərinin təsirindən 

yaddaşında ilişib qalanlar sənin bu ovqatını yaradır.  

Günəşin dairəsi qeyb oldu – indi günəş, daha doğrusu, onun 

işığı göyə qayğanaq kimi yayılıb. Tava – günəş özü artıq 

görünmür, amma yumurtanın ağı-sarısı buludların arasına 

dağılıb.  

Gəminin göyərtəsində oturub bu ölkə haqqında düşünürəm, 

bu torpağın bəşəriyyətə  bəxş etdiyi demokratiyanın mahiyyəti 

haqqında düşünürəm.  İnsanların bu yerlərdə, bu açıq səma 

altında 2500-2700 il qabaq düşündükləri metofizik problemləri 

yada salıram. Nə deyirsiz deyin, çox şeyi məhz iqlim həll edir. 

Bu ölkə, demək olar ki, heç vaxt qış görməyən bir diyardır, 

günəş  və  dəniz ölkəsidir, yarıçılpaq Allahların və yarılüt 

insanların – siyasətçilərin, filosofların, natiqlərin, 

heykəltaraşların, söz ustalarının vətənidir. O insanların ki, 

özləri kimi yarıçılpaq Allahları uydurub bütün problemlərini 

onların çiyninə yükləyiblər. Amma üç min il bundan qabaq da 

varlığın  ən  əsas suallarına cavab yox idi – həyatın mənası 

nədir? Kainatn əvvəli-axırı varmıdır? Vaxt haçandan başlanır 

və haçan, necə bitəcək?  

Kainatın böyüklüyü haqqında çoxlu bənzətmələr tapmaq 

olar. Əgər bizim planet kəhkəşanda bir qum dənəsi boydadırsa, 

kəhkəşanın özü kainat dəryasında bir damladır  – Sakit okeanın 

bir damlası kimi. Amma bütün bu çətin təsəvvür olunan 

mənzərələr belə  kəmiyyət ölçüləridir, onları keyfiyyət 

baxımından dərk edə bilmirik. Yaxşı, kainat nə  qədər 

təsəvvürolunmaz dərəcədə böyük olur-olsun, axır ki, hardasa 

qurtarırmı? Deməli, hardansa başlanır? Bəs bitdiyi yerin 

ardında nə var? Əgər bir şey yoxdursa, bu yoxluğun özü nə 


 683 

deməkdir? Eləcə də Vaxt, Zaman anlayışı. Vaxt, Zaman haçan 

başlanıb, haçan sona yetəcək. Bu sualların cavabsızlığı öz-

özlüyündə sonsuzluq deyil, bizim şüurumuzun müəyyən 

sərhədlərlə  məhdudlaşmasıdır.  İnsan  şüuru sonsuzluğu 

sonsuzluq kimi qavramaqda acizdir – bu artıq beynimizin 

xüsusiyyətidir. Məkan sonsuzdur, amma bu sonsuzluğu dərk 

etmək istəyən insan zəkasının imkanlarının sonu var. Din elə 

hesab edir ki, belə sualların cavabını bircə Allah özü bilir. 

Razıyam. Ona da razıyam ki, insan beynindəki bu 

məhdudiyyəti də o görünməz ulu Varlıq müəyyənləşdirib. 

İnsan bunu bilməməlidir. Mənim Allaha inanmağımın çoxlu 

səbəblərindən biri də elə budur. Gəncliyimdən qəbul etdiyim 

düstura ömrüm boyu sadiq qalmışam: "Allaha inanıram, Dinə 

hörmət edirəm, Xurafata, Mövhumata nifrət bəsləyirəm".  

Allah mənimçün həm də  Ədalətin son və  ən yüksək 

qoruyucusudur. Amma bu artıq etik anlayışlar aləmindəndir, 

yəni yalnız insan münasibətlərinin, ictimai əlaqələrin  əhatə 

etdiyi sahəyə aiddir. Bəs metofizik sahədə? Cavabı bilməsək 

də, sual vermək haqqımız ki var? Hər halda, insan beyninə "nə 

barədəsə heç düşünmə, sual vermə" yasağını qoymaq olmaz.  

Dünyanı Allah yaradıb,  əstəğfürullah, bəs Allahı kim 

yaradıb? Dindarlar dərhal Tküfr danışmaU deyəcək. Amma axı 

bu cavab deyil. Din, Allah əbədidir deyirik. Bəs əbədilik nədir? 

– yenə, yenə bu sualı verirəm. Özüm cavab verirəm: Əbədilik – 

vaxtın yoxluğudur. Amma axı biz – düşünən məxluqlar Vaxtın 

içində yaşayırıq – doğuluruq, böyüyürük, ölürük. Deməli, Vaxt 

hər halda mövcüddur. Yunanların təfəkküründə Xronosa 

(Vaxta) qədər Xaos varmış. Bəs Xaosdan əvvəl? Din cavab 

verir, daha doğrusu, dinin iki cavabı var: birincisi; Allah (ya 

Allahlar) varmış Xaosdan qabaq. Amma onda ikinci sual açıq 

qalır – Allahı (ya Allahları) kim yaradıb, onlardan qabaq nə 

varmış? Din Tbu küfrdürU – deyir. Yəni  İlk haqqında 

düşünməyin özü günahmış. Bu barədə düşünmək belə yasaqdır. 

Yəni cavab yoxdur, yasaq var. Amma yasaq – cavab deyil.  


 684 

Daha aşağı səviyyəli problemlərə – cəmiyyət problemlərinə 

enəndə, mənimçün cavabsız suallardan biri də demokratiyanın 

mahiyyəti məsələsidir. Mən qüsurlu antik demokratiyanı 

demirəm. Qulları  bərabərlik cəmiyyətindən çıxdaş edən 

demokratiya, təbii ki, tam demokratiya sayıla bilməz. Və 

qulların cəmiyyətdən kənar edilməsi hansı  mənadasa 

xristianlığı – insanların bərabərliyi haqqında ilk təlimi yaratdı. 

Amma söhbət bundan getmir. Antik demokratiya yox, 

demokratiyanın ən kamil formaları da bir sadə suala cavab verə 

bilmir:  əgər demokratiya xalqın istəyidirsə, xalqın 

hakimiyyətidirsə, daha doğrusu, hakimiyyət olmazdan qabaq 

xalqın seçimidirsə  və xalqın  əksəriyyəti də demokratiyanı 

istəmirsə, seçmirsə, bu müəmmanın cavabı necə olmalıdır? 

Əksəriyyətin rəyinə xilaf olan əksəriyyətin hakimiyyəti – yəni 

demokratik üsul-idarə. Onda bunun nəyi demokratik seçim 

oldu? O biri seçim – xalqın  əksəriyyətinin istəyiylə tiranik, 

müstəbid, diktator rejiminin yaranması da, təbii ki, 

demokratiyanın təntənəsi sayıla bilməz. (Çoxluğun rəyiylə, 

seçimiylə, səsiylə  bərqərar olsa da). Bu abstrakt, mücərrəd 

məsələlər deyil, hər birimizin qarşısına hər gün çıxan konkret 

problemlərdir. O cümlədən bizim – öz rejimini və 

ideologiyasını müəyyənləşdirmək istəyən məmləkətin 

vətədanşları qarşısında da durur.  

Daha bir zarafatyana paradoks. Əgər  əcnəbinin: - Sizin 

ölkənizdə demokratiya varmı? – sualına sən tamamilə sakitcə: 

– Yoxdur, – deyə cavab verə bilirsənsə, – deməli, hər halda 

ölkəndə demokratiya var. Olmasaydı, qorxundan TvarU 

cavabını verməyə məcbur idin. 

*** 

Bəs niyə  mən, özünü ziyalı sayan adam (ziyalı sözü indi 

söyüş kimi səslənsə  də) öz ölkəmdəki avtoritar rejimi qəbul 

edirəm? Onun bütün naqisliklərini, traybalizmi, şəxsi 

itaətkarlıq prinsipini, korrupsiyanı  və sairəni görə-görə bu 

rejimə etiraz etmirəm? Belə rejim mənim insanlıq ləyaqətimi 



 685 

alçaldırmı? Şübhəsiz. Onda səbəb nədi? Başını girləmək cəhdi? 

Bəlkə də. Sakit və stabil həyat tərzinə meşşan aludəçiliyi? Ola 

bilər. Ya əsas məqsəd – mətnlər yarada bilmək imkanı üçün 

özünü qoruyub saxlamaq ehtiyacı? Yəqin bu da var, çünki mən 

həyatda vəzifəmi də, xalqım qarşısında  əsas borcumu da 

mətnlər yaratmaqda görürəm ki, onlar, güman edirəm, məndən 

sonra da yaşayacaq və kiməsə gərək olacaq. Bəli, bunlar hamısı 

belədir. Amma bir mühüm, bəlkə  də  ən mühüm cəhət də var. 

Biz qısa ömürlü demokratiya təcrübəsindən keçdik. Bu çiy 

demokratiya idi, kor, aciz, üzmək bilmədən suya atılmış  uşaq 

kimi çabalayan demokratiya idi, başlıcası isə ölkəni idarə 

edənlərin nə özlərini, nə  də idarə etdikləri ölkəni qoruya 

bilməyən demokratiya idi.  

Bəla bir də ondadır ki, bu adamlar, liderlər, onları 

qələmləriylə 

dəstəkləyənlər, onların ardıcılları 

məğlubiyyətlərindlən heç bir nəticə  çıxarda bilmədilər. 

(Əslində kim tarixdən, lap elə öz taleyindən ibrət dərsi ala bilir 

ki?) Bunlara üstün gələnlər həm də ölkəni dağılmaqdan, 

parçalanmaqdan, müxtəlif istiqamətlərdən gözlənilən işğaldan 

xilas etdilər. Mənim də bu rejimi qəbul etməyimin əsas səbəbi 

bax budur.  

Bəli, bizdə müxalifət olmalıdır, mən istəyirəm ki, müxalifət 

olsun, hətta indiki qışqırıqçı – karikatur şəklində meydana 

çıxırsa da. Amma mən istəmirəm ki, bu müxalifət, hər halda 

indiki  şəklində  və indiki tərkibdə bir daha hakimiyyətə  gəlib 

hər  şeyi yenidən bərbad eləsin.  Əgər onlarla xırda partiyalara 

bölünmüş, çeşidli maraqlara, liderlərə, onların iddialarına 

xidmət edən qruplar birləşə bilmirsə, hətta ən nüfuzlu və ciddi 

partiyalar belə buna qabil deyilsə, onda bəs bunlardan hər hansı 

biri min bir siyasi, iqtisadi, ideoloji ziddiyyətlərin toqquşduğu, 

xarici maraqların üz-üzə durduğu ölkəni necə birləşdirib 

bütövləşdirə biləcək? Ona görə  də avtoritar rejimin indiki 

nisbətən yumşaq variantı – onun bütün qüsurlarını unutmadan 

– mənimçün daha üstündür. Heydər  Əliyev ikinci dəfə 



 686 

hakimiyyətə gələndə dedim ki, bu bizim son şansımızdır. Mən 

indi də fikrimi dəyişməmişəm. Amma o zaman düşün-müşdüm 

ki, Heydər  Əliyev Azərbaycanın birinci şansıdır, onun yetmiş 

yaşında olması isə ikinci şansı.  

*** 

Xalqın dünyaduyumunun formalaşması üçün geosiyasi 

iqlim və meteoroloji şərait çox vacibdir. Cənub dənizlərinin – 

Xəzərin, Qara dənizin çimərliklərində günəşdən bol-bol 

faydalanan, isti sulardan ləzzət alan, kəhrəba qumlara 

səpələnən rusları görəndə bu xalqın əsrlər boyu sürən siyasətini 

– isti cənub dənizlərinə can atmasını yaxşı başa düşürsən. Bu 

isti həsrəti daima üşüyən və daima günəşə boylanan şimal 

xalqının genetik yaddaşındadır.  

*** 

Çoxmu düşmənim var? Xalqımın düşmənlərinin sayı qədər. 

Nə bir nəfər çox, nə bir nəfər az.  

*** 

Gənc nasir özundən əvvəl yazanlar haqqında elə yekə-yekə 

danışırdı ki, elə lovğalıqla onlara qiymət verirdi ki, mən hətta 

bir az qorxdum. Daha doğrusu, utandım ki, mən də bir vaxt nə 

isə yazmışam. Gör bu cavan ədəbiyyata necə yüksək tələblərlə 

yanaşır ki, bizim bütün yazdıqlarımızı bəyənmir. Sonra qorxa-

qorxa onun öz yazılarını oxumağa başladm və … sakit oldum. 

Demə, bütün sələflərini bəyənməyən  ən adi qrafoman imiş. 

Adicə süjet belə qura bilməyən, bir salamat cümlə yazmağa 

qadir olmayan cızma-qaraçı. Yazıları yalnız yüz dəfə 

deyilmişlərin, yazılmışların zəif və savadsız təkrarıdır. 

Təkəbbüründən başqa heç nəyi yoxmuş.  

Odur ki, hələ yaşamaq olar. Yazmaq da… 

*** 

Bəxtlərinə nisbətən sərbəst zamanlarda yaşamaq şansı düşən 

Vaxt  ərköyünləri gərək ağıllarına nə  gəldi danışarkən 

özlərindən  əvvəlkiləri çətin zamanlarda yalan danışmaqdansa 

susmaqda suçlamasınlar, sözlərini dolayı yolla deməkdə, Ezop 


 687 

dilində ifadə etməkdə gunahlandırmasınlar. Eynən o cür, azad 

ölkələrin vətəndaşlarının repressiv rejimlərdə yaşayanları 

fəaliyyətsizlikdə, passivlikdə günahlandırmağa haqları yoxdur. 

Məlum deyil ki, bu ərköyünlər başqa vaxtda və başqa ölkədə 

yaşasaydılar, özlərini necə aparardılar.  



*** 

Bazar dövrüdür, hər şeylə alver edirlər. O cümlədən guya ki, 

keçən dövrlərdə qoçaq olmalarını, cəsarətli hərəkət etmələrini 

də bazara çıxarıblar. Hamısı da qəlp mallardır. Olmayanları 

olan kimi sırımaq cəhdidir. 

*** 

Qocalıqla gəncliyin bir təfavütü də ondadır ki, gənclikdə 

dost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostlarımızı əlimizdən 

ölüm alır, bəzilərini həyat.  



*** 

Həyat qoyur ki, yaşayaq? Elmirayla Tofiqin Erika Erikovna 

adlı bir tanışları vardı, hansısa Baltik respublikasındandı. 

Onlara ev işlərində kömək edirdi. Bir dəfə kimsə ondan xəbər 

aldı: Pribaltikadan ölümdən qurtulmaq üçün qaçdınız?  Qadın: 

– Yox, – dedi, – həyatdan qurtulmaq üçün.  

Şekspirə layiq replikadır.  

*** 

Polad Bülbüloğlu bəzən zarafatla məni "Millət atası" 

adlandırır. Mən nə millət atası, nə xalqın başbiləni, ağsaqqalı 

olmaq istəyirəm. Mən yalnız xalqımın yaddaşı olmağa 

çalışıram.  

*** 

Dünya vətənimi eşitmək istəmir, vətənim də məni… 



*** 

Orta Asiya rejimləriylə münasibətlər. Bir tərəfdən hər necə 

olsa soydaşlarımızdır, o biri təpəfdən o ölkələrin totalitar 

rejimlərinə  dəstək verdikdə öz demokratik imicimizi 

itirmirikmi?  

 


 688 

2 dekabr 1993 

 

*** 

Türk jurnalisti İlhan Selcuk "Cümhuriyyət" qəzetində mənə 

irad tutur ki, bir müsahibəmdə "Qərb bizdən qorxur"-demişəm. 

Görünür, müsahibəni diqqətlə oxumayıb. Mən "Qərblilər 

bizdən (yəni  İslam  Şərqindən) qorxur" deyəndə  hərbi 

gücümüzdən yox, "ağlımızdan" qorxduqlarını  nəzərdə 

tuturdum.  Əgər bir müsəlman ölkəsi terrorizmi rəsmi 

ideologiya kimi qəbul edirsə, başqa bir müsəlman ölkəsi 

kitabına görə yazıçının qətlinə fitva verirsə, üçüncü müsəlman 

ölkəsinin naziri deyirsə ki, mənim atom bombam var və onu 

rəqib ölkənin paytaxtına atacam, Qərb bizdən qorxub 

çəkinməsin, neyləsin?   

Təkrar edirəm, gücümüzdən yox, ağılsızlığımızdan 

qorxurlar, dövlətlərin və xalqların qəbul etdiyi ümumbəşəri 

anlaq və əxlaq normalarına riayət etməməyimizdən çəkinirlər.  

 

1993, İstanbul 



 

*** 

Elə kitab var oxuculara mənəvi qida verir, elə kitab var 

anbarda siçanların qidasıdır.  

*** 

Kiməsə bir qaşıq artıq tərif payı, kiməsə bir qaşıq az – bütün 

incikliklər bundan başlanır.  

*** 

Əsl dostluq günəş, dəniz, ulduzlar kimidir. O mənada ki, 

illərlə dənizi görməyə bilərsən, amma qayıdıb onu yenə həmin 

yerində və həmin cür görəcəksən.  



*** 

Qəlblə  ağıl yaşıd olmur. Ağlımın yüz yaşı var, qəlbim on 

səkkiz yaşındadır.  

*** 


 689 

Ssenari kurslarında təhsil aldığım illərdə  İosif Brodskinin 

məhkəməsinin protokollarını oxudum, onun özüylə isə bir, ya 

iki il sonra, Repinoda kino seminarı zamanı kurs yoldaşlarım 

və Brodskinin leninqradlı dostları  İlya Averbax və Anatoli 

Naymanın vasitəsilə tanış oldum. Bu protokolda əks olunmuş 

ölçüsüz-biçisiz haqsızlıq,  ədalətsizlik, insafsızlıq, açıq-aşkar 

antisemitizm məni elə sarsıtmışdı ki, rastıma çıxan hər 

yəhudidən üzr istəməyə hazır idim. Bu işə heç bir aidiyyatım 

və heç bir günahım olmasa da, bütün insanların adından üzr 

diləmək istəyirdim.  Əlbəttə, pis xasiyyətli yəhudilərə  də rast 

gəlmişəm, amma küll olaraq bu xalqın tarix boyu çəkdiyi 

əzablar qarşısında baş  əyirəm. Həm də  yəhudilər dərdlərini 

ağlayıb-sızlamaqla çəkmir, yeri gəldi-gəlmədi taleyindən 

şikayətlənmir, heç kəsi günahlandırmır, amma bütün sınaq-

lardan çıxaraq işləyir, düşünür və qarşılarına qoyduğu 

məqsədlərə çatır. Bütün bəşəriyyəti yeni kəşflər, yeni 

ideyalarla zənginləşdirir. Bu xalqın cəsarətinə, ağlına, 

istedadına və  ləyaqətinə hörmət bəsləməklə  mən heç də öz 

millətimi alçaltmıram – başqa xalqın iztirablarına şərik olmaq 

hər bir xalqın özünün də başını ucaldır.  


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin