Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   41   42   43   44   45   46   47   48   49

*** 

Bu il – 1997-ci il martın 22-də – Novruz bayramı günü Bakı 

küçələrində  məni çox mütəəssir edən bir halla qarşılaşdım. 

Küçələrin birində qoca rus qadın azərbaycanlıların milli 

bayramı günü Azərbaycan dilində dilənirdi. Gör bir vaxt necə 

dəyişdi. Bir zamanlar öz doğma dilini bəzi azərbaycanlılar 

özləri belə öyrənmək istəmirdi. "Ürəyim ağrıyır" adlı bir 

gənclik hekayəm var. Bu hekayədə bir ailə  təsvir olunur. Bu 

ailə üzvlərinin heç biri öz ana dilində danışmır və danışmaq 

istəmir. Bundan əsəbiləşən qonaq həmin evi tərk edir və acı 

Bakı küləyinin cövlan etdiyi qaranlıq küçələrdən birində 

soyuqdan donub bir küncə büzüşmüş qoca qarının Azərbaycan 

dilində diləndiyini eşidir.  İndi gör hər  şey necə  dəyişib. 

Azərbaycan bu rus qadını üçün həm vətəndir, həm də  vətən 



 690 

deyil (Başqa vətəni də yoxdur). Taleyin qismətiylə doğulduğu 

yerlərdən çox uzaqlara düşüb, özgə millətin bayramında özgə 

dilində dilənməyə məcburdur.  

Elə  həmin gün qəbiristanlığa getdik, valideynlərimizin, 

əzizlərimizin məzarlarını ziyarət etdik. Qəbiristanlıqda da xeyli 

rus dilənçi vardı (əlbəttə, Azərbaycanlı dilənçilər daha çox idi). 

Azərbaycanlı dilənçiyə kimsə, nədənsə, üç pomidor verdi və 

mənim gözlərim qarşısında o, bu üç pomidordan birini rus 

dilənçiyə verdi. Fağır-füqəra internasionalı? Ya yenidən 

BÜTÜN ÖLKƏLƏRİN FÜQƏRAYİ-KASIBLARI 

BİRLƏŞİNİZ? Aman Tanrım. Haçan, axı haçan elə bir dövrdə 

yaşayacayıq ki, dilənçilik, müharibələr, göz yaşı olmayacaq. 

İnsanlar iztirab çəkməyəcək, millətlər arasında  ədavət 

qalmayacaq. Ya bu xülyadı? Yox, axı belə yaşayan ölkələr var. 

Tale niyə bizi belə  cəzalandırıb?  Həm ötüb keçmiş sovet 

illərində, həm də indi müstəqillik dövründə? 

*** 

Paxıllıq, həsəd hər bir insana xasdır, amma bu ziyanlı 

duyğuları elə rüşeym halında boğmaq üçün gərək daima səndən 

yaxşı yaşayanlar, səndən xoşbəxt olanlar haqqında yox, səndən 

pis yaşayanlar, səndən bədbəxt olanlar haqqında düşünəsən.  

*** 

Haçansa gileylənirdim – yuxu ömrümün əhəmiyyətli və 

səmərəli saatlarını alır, bu vaxtı daha yaxşı istifadə etmək 

olardı – işləyə, yaza, oxuya, dostlarla ünsiyyətdə ola bilərdim, 

bir sözlə, yaşaya bilərdim. Yuxu isə, "Kitabi Dədə Qorqud"da 

deyildiyi kimi kiçik ölümdür.  

Amma indi həyatımın  ən sakit, ən xoşbəxt saatları yuxuda 

olduğum vaxtdır, dünyada olmadığım, heç nə eşitmədiyim, hey 

nə görmədiyim, heç nə oxumadığım, heç kəslə ünsiyyətdə 

olmadığım dəqiqələrdir – nə mənəvi, ya fiziki ağrı duyuram, nə 

bir-birindən çətin problemlərlə üzləşirəm. Ayıq vaxtı, oyaq 

vaxtı duyduğun boşluqdansa yuxunun dərk olunmayan boşluğu 

daha yaxşıdır. Yatasan, elə hey yatasan. Bir şərtlə ki, heç yuxu 


 691 

da görməyəsən. Yuxular da çox vaxt bizi incidir. Keçmişimizi 

canlandırmaqla, itirdiklərimizi aldadıcı, müvəqqəti 

qaytarmaqla işgəncə verir bizə.  



*** 

Heç cür anlaya bilmirəm, musiqini başa düşmək (ya 

düşməmək) nə deməkdir. Küləyi, yağışı, ay işığını başa 

düşmək, ya düşməmək olar? Yəni musiqinin hansısa gizli 

sirrinə agah ola bilmirsən? Yəqin ki, musiqiçilər, bəstəkarlar, 

dirijorlar, ifaçılar, nəzəriyyəçi-musiqişünaslar musiqinin 

texniki xüsusiyyətlərini təhlil edə bilər, onun ifadə vasitələrinin 

özəlliklərini araşdıra bilərlər. Amma belə olduqda da bu, 

tutalım,  ədəbi  əsərin, elmi, ya fəlsəfi konsepsiyanın 

mahiyyətini təhlil etmək kimi bir şey deyil. Musiqini yalnız 

hiss etmək, duymaq olar – bu, mənim qəti qənaətimdir. Musiqi 

qəlbimizdə müəyyən ovqatlar yaradır. O, xatirələrimizi 

canlandırır, anılar zəncirini sapa düzür və  məlum deyil ki, 

hansı yollarla bizim şüurumuzun dərinliklərinə sirayət edərək 

daxili dünyamızda əks-səda verir, müəyyən impulslar alışır və 

bu impulslardan hansısa yeni fikirlər, hisslər doğulur, indi 

eşitdiyimiz musiqiylə heç bir zahiri əlaqəsi olmayan duyğular 

oyanır. Mən proqramlı musiqini, musiqinin proqramlı olmasını 

qəbul etmirəm. Mənimçün əhəmiyyəti yoxdur ki, simfonik əsər 

necə adlanır – "Eqmont", "Françeska da Rimini" ya Qara 

Qarayevin "Leyli Məcnun"u… Bu əsərləri dinləyəndə daxili 

aləmimdə onların ədəbi qaynaqlarını, süjetlərini, personajlarını, 

mətnlərini canlandırmıram. Bu musiqi əsərlərinin öz ömrü var, 

onlara ad vermiş  ədəbi qaynaqlardan birbaşa asılı olmayan 

dramaturgiyası, məzmunları var. Bəlkə də bəstəkar ilk impulsu 

bu  ədəbi mətnlərdən alıb, yox, yəqin ki, belədir, amma bu 

bəstəkarın işidir, mənim, dinləyicinin işi isə bu sənət əsərlərini 

müstəqil musiqi örnəyi kimi duymaq və qavramaqdır.  



*** 

İnsanları tanımaq hələ  həyatı  dərinlə,  əsəblərinlə duymaq 

demək deyil, çünki başqasının təcrübəsini anlaya, tanıya, 


 692 

qavraya, dərk edə bilərsən, amma bütün varlığınla yaşaya 

bilməzsən.  

*** 

Bakıda indi "birmərtəbəli Amerika" mövcuddur. Daha dəqiq 

desək, birmərətəbəli kapitalizm. Ondan da dəqiq ifadə – birinci 

mərtəbələrin, alt mərtəbələrin kapitalizmi, sözün məcazi yox, 

hərfi mənasında. Bəlkə bu təbirə yalnız zirzəmiləri, yaxud 

yarızirzəmiləri də  əlavə etmək olar. Fikrimi izah edim. Zirək 

sahibkarlar, iş adamları siçanlar yuvası, nəm, qaranlıq 

zirzəmiləri qısa müddətdə yaxşı isidilən və  işıqlandırılan 

mağazalara, restoranlara, klublara çevirdilər. Birinci mərtəbələr 

şık bazar dünyasının bütün parlaqlığını əks etdirir. Ən müxtəlif 

mallar düzülmüş vitrinlərin bər-bəzəyi göz qamaşdırır. 

(Doğrudur, bu malları almaq az adama nəsib olur). Zövqlü 

(bəzən də zövqsüz) dizayn, var-dövlət, par-par parıldayan 

reklamlar. Amma birinci mərtəbələri vəhşi kapitalizm 

tərəfindən zəbt olunmuş binaların elə ikinci mərtəbəsi bizi 

yenidən doğma sosializmin kommunal dünyasına qaytarır – 

çirkli, üfunətli pilləkənlər, yerə atılmış siqaret kötükəri, sidik 

iyi…  İkinci, üçüncü, dördüncü, beşinci mərtəbələr – istilik 

verilməyən soyuq mənzillər, vaxtaşırı sönən elektrik işığı, 

qışda tez-tez kəsilən qaz, yayda tez-tez kəsilən (ya günlərlə heç 

gəlməyən) su… Beşinci mərtəbədən yuxarı isə bütün həmin 

"gözəlliklərə"  əlavə – tez-tez sıradan çıxan lift. Lift növbəti 

dəfə  işləmədiyindən iş gününün yorğunluğunu çiyinlərində 

altıncı, yeddinci, səkkizinci mərtəbəyə daşıyırsan. Çoxdan 

təmirə ehtiyacı olan mənzilinə daxil olursan. Əgər  əlbəttə, 

mənzilini yeni azərbaycanlıya (yeni rusa, yəhudiyə, çeçenə, 

gürcüyə, yaxud köhnə avropalıya, amerikalıya, türkə, iranlıya, 

ərəbə, yapona, bilməm daha kimə) kirayə veməmisənsə. Bəli, 

indi lap dəqiq demək olar – bakılılar adlı bir millət mövcüddur. 

Mersedesləri, mobil telefonları, norka kürklü gənc top-model 

məşuqələri və boyun-boğazlarından qızıl-brilyant sallanmış 

arvadları olan bir millət – onlarındır bu birmərtəbəli Bakı – 



 693 

bahalı restoranları, mağazaları, kazinoları, yüz cür kef yeri olan 

şəhər. Bir mərtəbə yuxarıdakılar isə bir sinif aşağıdakılardır. 

(Əlbəttə, avrotəmir edilmiş mənzillərin sakinləri istisnadır).  

Belə birinci mərtəbələr bizimçün deyil. Olsun. Çoxdandır 

beşmərtəbəli evin altıncı  mərtəbəsinə  də qalxmırıq. Olsun. 

Amma küçə ki hələ mənimdir – hər tinində dilənçilər dayanmış 

küçə, qırmızı işıqda dayanan avtomobillərə sarı qaçıb şüşələrini 

silib qəpik-quruş alan uşaqların küçəsi. O küçə ki, hər iki 

adamdan biri məni tanıyır, hər üç adamdan biri salamlaşır, hər 

dörd adamdan biri məndən nə isə xahiş edir və  hər beş 

adamdan biri məni bütün bədbəxtçiliklərinin baisi sayır.  

Bəzən mənə elə  gəlir ki, birinci mərtəbələr uzun və  əlvan 

kəndirlər və ya zəncirlərdir, mənim  şəhərimin ayaqlarını bu 

kəndirlərlə bağlayıb, bu zəncirlərlə  zəncirləyiblər. Ya bəlkə 

mənə elə gəlir….  



*** 

Elmiranın ölümünün ili ərəfəsində yuxu gördüm. Səhnədə 

piano, royal yox, piano. Elmira çalır, amma səslər eşidilmir. 

Qəbiristanlıqda, Elmiranın məzarı yanında Fərhada 

(Bədəlbəyliyə) yuxumu danışdım.  

-Antonioni kadrlarıdır, – dedi. Kino assosiasiyalarına qalsa, 

mənə elə gəlir ki, Antonioni yox, Berqman kadrlarıdır.  

*** 

Folknerin məşhur sözü var ki, yazıçının uşaqlığı keçən 

yerləri andıran və onun özünün uydurduğu Yoknopatafa dairəsi 

(bizim təbirlə rayonu, bəlkə qəsəbəsi) xəritədə bir poçt markası 

boyda olsa da, dünyanın bütün mürəkkəbliyini və  dərinliyini 

ehtiva edir. Eynən bu cür bir ailənin tarixçəsində də bütöv bir 

əsrin taleyini əks etdirmək olar. 

*** 

"Keçən keçdi, olan oldu" xatirələr romanımın janrını ikiqat 

memuarlar, daha doğrusu, üç qat memuarlar adlandırmaq olar. 

Mən yalnız öz xatirələrimə  əsaslanmıram, atamın, anamın 

xatirələrini də canlandırıram. Konkret bir mətndə  həkk 


 694 

olunmamış, sistemləşdirilməmiş, ayrı-ayrı yazılarına – 

şerlərinə, məqalələrinə  səpələnmiş anılarını, habelə,  şifahi 

söhbətlərindən eşitdiyim, duyduğum olayları, adamlar 

haqqında təəssüratlarını bir yerə toplamaq istəyirəm. Bütün 

bunları xronoloji və  məntiqi ardıcıllıqla düzməklə  də 

kifayətlənmirəm, onların demədiklərini də onların yerinə 

demək istəyirəm. Ancaq o deyimləri, o fikirləri ki, onların 

məhz belə ifadə etmək istədiklərinə yüz faiz əminəm. Onların 

düşüncə və dəyərləndirmə meyarlarına görə, müxtəlif insanlara 

və hadisələrə münasibətlərini bildiyimdən və  nəhayət

bioqrafiyalarının faktlarına əsaslanaraq bərpa etmək istəyirəm. 

Bu bir bərpaçı  işidir bəlkə. Bundan başqa, qohumlarımızın, 

dostlarımızın – onların, ya mənim dostlarımın, onları yaxşı 

tanıyanların söhbətləri, xatirələri də  əlavə materialdır. Amma 

bununla da iş bitmir. Mən həm onların yaşadıqları dövrü 

onların gözüylə görmək istəyirəm, həm də özümün – onlardan 

sonra yaşadığım həyatın və zamanın təcrübəsinə arxalanan 

insanın gözləriylə görməyə çalışıram. Odur ki, bu xatirə-roman 

bir həyatın – təkcə mənim həyatımın deyil, ən azı üç həyatın – 

atamın, anamın və mənim yaşadığımız ömürlərin birləşdirilmiş 

salnaməsidir. Kitab üzərində  işləyərkən qanrılıb geriyə baxa-

baxa mən özüm də sanki üç həyat yaşayıram. Bir neçə bir-

birindən köklü fərqlənən dövrün şahidi olub, bir neçə  nəslin 

taleyinə ortaq olub və beləliklə, bir ailənin timsalında XX əsrin 

əvvəlindən axırına qədər böyük bir tarixi yolu keçirəm. 

(Sonralar bu planım dəyişdi. "Keçən keçdi, olan oldu" kitabı 

əvəzinə bu düşünülmüş kitabın ancaq birinci hissəsini "Əsrim 

və  nəslim" hissəsini yazmağa başladım. Bu kitabın da böyük 

qismi artıq işıq üzü görmüş "Mubarizə bu gün də var" kitabıma 

daxil oldu.  

Amma "Əsrim və  nəslim"i də mütləq yazıb bitirəcəyəm. – 

Çox sonrakı illərin qeydi).  

*** 

Ortaq türk dilindən danışırlar. Bu xülyadır. Türk xalqlarının 



 695 

tarixinə az-çox bələd olanlar yaxşı bilir ki, türk dilləri hələ 

qədimlərdən müxtəlif qruplara – qıpçaq, oğuz, qarluk və s. 

ayrılıblar və bu gün qazax "jipək" yerinə "ipək", Türkiyə türkü 

"yıldız" yerinə "jıldız" deməyəcək. Əgər süni bir dil yaratsalar 

belə, bu, esperanto kimi ancaq mütəxəssislərin və həvəskarların 

istifadə etdiyi bir dil olacaq. Lakin populist məqsədlərlə bu 

ortaq dil məsələsini ortaya atırlar, kiməsə yarınmaq məqsədiylə 

bunu edirlər. Mənim isə uzun illər Türkiyənin özündə (əslində 

daha çox elə Türkiyədə) dediyim odur ki, ortaq dil xülyasına 

düşməkdənsə, ortaq rabitə, ünsiyyət (Türkiyə türkləri buna 

iletişim deyirlər) dili yaradaq. Daha doğrusu, bunu yaratmağa 

da ehtiyac yoxdur. Bütün türk xalqları məhz Türkiyə türkcəsini 

bu əlaqə, ünsiyyət, rabitə, iletişim dili kimi qəbul etsin, çünki 

Türkiyə türkcəsi ən böyük türk dövlətinin, əsrlər boyu müstəqil 

yaşamış və zəngin dövlətçilik ənənələrinə malik olan bir xalqın 

dilidir, həm də bütün sahələrdə – siyasət, elm, hüquq, hərbçilik, 

iqtisadiyyat və s. daha çox inkişaf etmiş, gəlişmiş, 

zənginləşmiş bir dildir. Mən qətiyyən rus dilinin əleyhinə 

deyiləm.  Əksinə düşünürəm ki, rus dili hələ uzun müddət 

keçmiş SSRİ-də yaşamış türk xalqlarının karına gələcək, 

dünyanın mədəni sərvətlərinə açar kimi istifadə olunacaq. İndi, 

məsələn, elə Azəbaycanda ingilis dilinin daha fəal mövqe 

tutması, təəssüf ki, ancaq bazar iqtisadiyyatının  şərtləri ilə 

bağlıdır.  İngilis dilini bildiklərinə görə  şirkətlərdə  işləyib 

böyük maaşlar alan cavanların ingilis dilində  Şekspiri, ya 

Folkneri oxuyanlarına rast gəlməmişəm. Şekspir də, Balzak da, 

Markes də, Kafka da hələ ki, bizə rus dili vasitəsilə çatır. Hələ 

onu demirəm ki, rus ədəbiyyatı özü zəngin bir xəzinədir. Odur 

ki, uzun illər nail olduğumuz yüksək mədəni səviyyəmizi 

qoruyub saxlamaqda rus dili bizə  gərək olacaq. Amma mən, 

məsələn, qırğızın Azəri türküylə, qazaxın qaqauzla, yakutun 

özbəklə rus dilində anlaşması yerinə, Türkiyə türkcəsiylə 

anlaşmasını istərdim. Bax əlaqə, rabitə, ilətişim dili bu 

deməkdir və bu daha real bir məqsəddir. Hələ onu demirəm ki, 


 696 

bu prosesdə müstəqil dillərimiz Türkiyə türkcəsindən alınmış 

ən uğurlu sözlərlə  zənginləşəcək və bu ümummənəvi türk 

məkanının yaranması yolunda daha gerçəkçi addım və 

vasitədir. Yoxsa türk xalqları nümayəndələrinin iştirakıyla 

Türkiyədə keçirilən müşavirələrdə türk dilindən daha çox rus 

dili səslənir. Çünki türk kökənli soydaşlarımızın çoxu Türkiyə 

türkcəsini bilmir, öz dillərindən başqa yalnız rus dilində 

danışırlar. Başqırdla türkmənin bir-biriylə ingilis, ya fransız 

dilində danışdıqlarını təsəvvür etmək çətindir. Gülüş doğuracaq 

hadisələr də baş verir ki, bəzilərini mən bədii əsərlərimdə əks 

etdirmişəm. Türkiyədə bir müşavirədə bir yanımda tatar, o biri 

yanımda qazax oturmuşdu. Natiq kürsüdən deyirdi ki, bizim 

hamımızın dili birdir, eynidir. Qazax və tatar məndən rus 

dilində xəbər aldılar: – Nə deyir? – Cavab verdim: – Deyir ki, 

dilimiz birdir. Hər ikisi rus dilində: – Düz deyir, – dedilər.  

Bu cəhətdən mən müxtəlif türk dillərinin ləhcə 

adlandırılmasının da qəti  əleyhinəyəm.  Əgər, tutalım, 

Azərbaycan dili ləhcədirsə, hansı Ana dilin, ədəbi dilin 

ləhcəsidir, Türkiyə türkcəsinin? Niyə? Molla Pənah Vaqifin, 

Mirzə  Fətəlinin, Aşıq  Ələskərin, Sabirin, Mirzə  Cəlilin, 

bayatılarımızın dili niyə  ləhcə sayılsın? Yox, bəlkə, bu 

məntiqlə Türkiyə türkcəsi də  ləhcədir. Onda əsas dil, Ana dil 

(Ana dili yox, Ana dil – bunlar fərqli anlayışlardır), normativ 

ədəbi dil hansıdır? Ya heç mövcud deyil?  

Slavyan dil ailəsi də var, amma heç kəs rus, polyak ya 

bolqar dilini ləhcə saymır.   

Əlbəttə, Oğuz qrupunun dilləri, özəlliklə Azəri və Türkiyə 

türkcəsi bir-birlərinə çox yaxındır. (Qazax diliylə  qırğız, tatar 

diliylə başqırd dilləri də bir-birinə çox yaxındır, hətta ümumi 

ədəbiyyat klassikləri də var). Amma rus və ukrayna dillərinin 

bir-birinə yaxınlığından da daha artıq bir-birinə yaxın olan 

Azərbaycan və Türkiyə türkcəsi, hər halda, eyni dil deyil.  

Bu iki dilin eyni dil olmasını iddia edən dostuma: – Sən 

məndən yaşda kiçiksən, – dedim, – səni özümə qardaş bilirəm, 


 697 

amma istərsənmi bundan sonra sənə küçük qardaşım deyim?  

Məlum olduğu kimi küçük Türkiyə türkcəsində kiçik 

deməkdir. (İran inqilabçısı Küçük xanın adı da bu mənanı 

daşıyır).  

Bir çox söz var ki, Azəri və Türkiyə türkcəsində eyni cür 

səslənsə  də, tamamilə  fərqli mənalar daşıyır, məsələn, bizdə 

"deyinmək" sözü Türkiyə türkcəsində "toxunmaq" 

anlamındadır, itiniz, yəni itələyiniz, qışqırtmaq – qısqırtmaq, 

kişi  – şəxs, qoca – ər, qarı – arvad, həyat yoldaşı, yoğun – 

gərgin, düşmək – yıxılmaq, bekar – subay, subay – zabit, 

dinlənmə – dincəlmə, axtarmaq – çatdırmaq və s. və s. Bu 

siyahını xeyli artırmaq olar. Hələ onu demirəm ki, bizim dildə 

ən adi sözlər olan "karxana, qıç, incəsənət, yaraqlı" – Türkiyə 

türkcəsində biədəb kəlmələrdir. Cümlə quruluşunda, 

sintaksisdə də fərqlər çoxdur.  

XX  əsrin  əvvəllərində dillərimizin daha yaxın, bir-birinə 

daha anlaşıqlı olduğunu iddia edənlər bir neçə amili unudurlar. 

Əvvəla, o vaxt bu dilləri  ərəb  əlifbası yaxınlaşdırırdı,  ərəb 

əlifbasıyla eyni cür yazılan sözləri müxtəlif dillərdə müxtəlif 

cür tələffüz etmək mümkün idi. İkincisi, o vaxtkı poeziyada, 

məsələn, Tofiq Fikrətlə Məhəmməd Hadinin dilində bir-biriylə 

eyni olan bolluca ərəb-fars sözləri və izafətlər idi. Üçüncüsü, 

otuzuncu illərdə Tükiyədə Akop Dilaçarın rəhbərliyiylə 

aparılan dil siyasəti dillərimizi bir az da uzaqlaşdırdı, Türkiyə 

türkcəsinə daxil edilən çoxlu uğurlu sözlərlə yanaşı, məsələn, 

"məktəb" sözünün fransız "ekoluna" bənzədilərək "okul" 

adlandırılmasına, ya TmüəllimUə – TöyrətmənU deyilməsinə 

ehtiyac varmıdı? Hələ onu demirəm ki, sovet hakimiyyəti 

dövründə Azərbaycan dilinə olsa-olsa on-on beş  sırf rus 

kəlməsi daxil oldusa (kolxoz, sovxoz, sovet, komsomol və bu 

qəbildən. Hətta bütün dünya "sputnik" biz isə "peyk" deyirdik), 

Türkiyə türkcəsində fransız və xüsusilə  də, ingilis sözlərinin 

sayı-hesabı yoxdur. Mən XIV əsr şairi Yünis İmrəni tərcüməsiz 

anlayıram, amma onun kitabına yazılmış TÖn sözUü 


 698 

oxuyarkən dəfələrlə lüğətlərə baxmalı oluram. İstanbulda orta 

əsr şairi Pir Sultan Abdal haqqında televiziya filminə baxırdım. 

Pir Sultan Abdal "bol şanslar" deyəndə daha filmin ardına 

baxmaq istəmədim.  

Güman edirəm ki, bu düşüncələrimin başını, ayağını  kəsib 

min yerə yozacaqlar, hətta mənim guya Türkiyə türkcəsinə 

iradlarımdan sui-istifadə edəcəklər. Sovet vaxtında məndən 

rəsmi dairələrə donos verənlər indi də başqa ünvana donoslar 

çatdıracaq. Buna öyrəncəliyəm, sovet vaxtında "Qobustan" 

toplusunda Türkiyə türkcəsindən aldığım uğurlu sözlərə görə 

məni pantürkizmdə suçlayanların mənəvi davamçıları indi 

"alovlu türkçüU olub mənə yüz əsassız ittiham verəcək. 

Türkiyədə  işləyərkən bir qəribə parodoksdan da agah oldum. 

Azərbaycanda "toplu", "baxım", "görüm", "duyum", "dönəm", 

"önəmli", "öncə", "örnək", "uğur", "danılmaz" və neçə-neçə 

indi hamının işlətdiyi sözlərə görə bizi pantürkzmdə ittiham 

etdikləri kimi, Türkiyədə  də yeni sözlərin  əleyhdarları bu 

təşəbbüsləri kommunist təsiri kimi dəyərləndirirmişlər. 

Türkiyədə  çıxışlarımdan birində dediyim sözləri burda da 

təkrar edirəm: "Türkiyə türkləriylə biz azərilərin çox şeyi ortaq 

olduğu kimi abdallarımız da ortaq imiş". 

Mən Türkiyəyə  və onun ədəbiyyatına, dilinə  məhəbbətimi 

və hörmətimi sübut etməyə heç bir ehtiyac duymuram. Bütün 

ömrüm boyu dəyişməz mövqeyimi, bu istiqamətdə 

fəaliyyətimə az-çox bələd olanlar bilir. Mən xalqımızın türk 

mənşəli olduğunu, dilimizin adında "türk" sözünün vacibliyini 

həmişə açıq bəyan etmişəm. Dilimizin adını yalnız türk dili 

adlandırmağın da əleyhinə idim, indi "türk" sözünün atılıb 

yalnız Azərbaycan dili adlanmasını da qəbul etmirəm. Bu 

barədə Konstitusiyamızın yeni variantı müzakirə olunanda da 

demişdim və yazmışdım. Odur ki, bu gün də bütün yazılarımda 

məhz Azərbaycan türkcəsi, ya Azəri türkcəsi istilahlarını 

işlədirəm.  



*** 

 699 

Yaddaş – Vaxtın qatılaşmasıdır, press edilməsidir. Yaddaş -

yaşanılmış ömrün xülasəsi, daydjestidir. Sıxılıb-sıxılıb 

yığcamlaşmış icmalı olmasa da, ayrı-ayrı seçmə epizodların, 

səhnələrin, hadisələrin, obrazların, insan sifətlərinin, sözlərin 

adda-budda  şəkildə, adacıqlar  şəklində  şüurda həkk 

olunmasıdır. Amma ömürdən fərqli olaraq yaddaş – donuqdur. 

Həyat vaxt axarındadır, axıb gedir, yaddaş donub qalıb, 

daşlaşıb. Həyatda bu gün dünəni  əvəzləyir, sabah bu gündən 

sonra gəlir, Keçmiş keçir, Gələcək  İndinin ardınca gəlir. 

Yaddaşda hər üç zaman kəsiyi eyni vaxtda mövcuddur, eyni 

cür donub qalıb. Odur ki, yaddaş anıları  əsasında yazılan 

mətndə – elə  mənim bu mətnimdə  də – Dünəni, Bu günü, 

Sabahı irəli-geri çəkmək imkanı var, hadisələri qabağa apara, 

geri qaytara bilirsən. Həyat təkrarsız və geriyə dönüşsüzdür. 

Yaddaşda ömrünü istəyincə təkrarlaya, çək-çevir edə bilərsən. 

Odur ki, bu sayaq mətnin özəlliyi də xronoloji ardıcıllıq deyil, 

anımlar zənciri həlqələrinin izaholunmaz ardıcıllıqla 

düzülüşüdür… 

*** 

Ağnağız – Mingəçevirdə Məhəbbət Qaradağlıdan eşitdiyim 

söz. Mənası – nübar. Amma tək meyvənin yox, ümumiyyətlə, 

bir işin ilki, təzəsi, nubarı.  



*** 

Əgər hələ heç hakimiyyətə  gəlmədən hakimiyyətin iyini 

duyub bir-birinin boğazını üzməyə hazırdırlarsa, hakimiyyətə 

gəlsələr, nələr edəcəklər?  Əvvəlcə üzvü olduğu partiyanı 

parçalayan, gənclik dostuna dönük çıxan, sonra ordudan 

fərarilik etmək üçün sığındığı partiya qanadının rəhbərini 

minnətçi salan, daha sonra elə onun özündən də üz döndərən 

bir sütül siyasətçi indi də Yazıçılar Birliyinə girişib, bizə 

ədəbiyyatdan mühazirələr oxuyur. Dediyinin məğzi də budur 

ki, siz canınızı  fəda edin, nə var, nə var, mən yenidən 

hakimiyyətdə bir post tutub əvvəlki kimi "halalca" rüşvətimi 

alım.  


 700 

Cox güman ki, haçansa şer yazırmış. (Bəlkə indi də gizlicə, 

xısın-xısın yazır). Çünki Azərbaycanın klassik və çağdaş 

yazıçılarına bu dərəcədə nifrət bəsləmək, onlara şər atmaq – 

həsədcil qrafomanlığın birinci əlamətidir. Allah göstərməsin, 

belələri haçansa hakimiyyətə yiyələnsin. Azərbaycanı Pol-

Potun Kampuçiyanı qoyduğu gündən pis günə salarlar.  

*** 

Ədəbi döyüşlər hara, ədəbi söyüşlər hara? Hər səhər 

yuxusundan kal oyanan bir dılğır ünvanımıza hədyanlar 

yağdırır.  



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin