Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)


***  Onun yalnız bicə güclü düşməni var – özü.   ***



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   41   42   43   44   45   46   47   48   49

*** 

Onun yalnız bicə güclü düşməni var – özü.  



*** 

Keçmiş SSRİ-dəki stalinistlərlə xaricdəki stalinistlərin fərqi 

ondadır ki, birincilər alçaq, ikincilər axmaqdırlar. Birincilər hər 

şeyi bil-bilə riyakarlıqla bütün bildiklərinə göz yumurlar, 

ikincilər isə heç nə bilmirlər, ya bilmək istəmirlər. Milyonlarla 

məhv edilmişlər, güllələnmişlər, sürgünlərə göndərilmiş, 

məhbəslərə atılmışlar, ölüm düşərgələri – QULAQ… 

Birincilər: "nə olsun, yuksək məqsəd yolunda bu qurbanlar 

labüddür" – deyir. İkincilər: "Bizim bundan xəbərimiz 

yoxdursa, deməli, bunlar olmayıb" – fikrindədirlər.  



*** 

Moskvada – senzura tətbiq olunur. Demokratik Qərb 

riyakarlıqla bundan narazıdır. Yaxşı, mən də senzuranın 

əleyhinəyəm, amma axı  məhz mətbuatın özbaşınalığı bu 

atmosferi yaratdı, gərginləşdirdi və bütün bunlar Parlamenti 

topa tutmaqla nəticələndi. Qərb də bunu (yəni topa tutmanı) 

anlaşıqlı qarşıladı. Qəribədir. Qanlı  nəticəni anlamaq, qəbul 

etmək, amma ona gətirən səbəbləri, hadisələrin gedişatnı başa 

düşməmək. Rusiyada da, bütün keçmiş SSRİ  məkanında da 

nüvə potensialından daha təhlükəli olan hamının hamıya 



 666 

qarşılıqlı nifrətidir. Bax bu partlaya bilər, daha doğrusu, artıq 

partlayır. Partlayışı hazırlayan isə  məsuliyyətsiz, təhrikçi və 

təxribatçı  mətbuatdır. Odur ki, mətbuata təzyiqlər haqqında 

təəssüflər riyakarlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mən 

get-gedə daha çox dərk edirəm ki, Qərbin demokratiyaya 

aludəçiliyi daha çox demokratiyanın zahiri, dekorativ 

atributlarına aiddir. Sxolastik demokratik düşüncə doqmatik 

totalitarizmdən, ehkamçı kommunist fikir tərzindən az 

fərqlənir.  Əlbəttə, fikir, əqidə azadlığına hörmətlə yanaşmaq 

lazımdır, amma əgər bu faşizmdirsə, yalnız kimsə  həmin 

əqidəyə tapınır deyə onu məqbul saymaq olarmı?  

Demokratiyanın və söz azadlığının süyər yeri də elə budur. 

Mücərrəd şəkilə yozulan söz azadlığı naminə azadlığı o şəxslər 

də qazanır ki, əslində elə bu azadlığın düşmənidirlər. 

Demokratiyanın bu anadangəlmə Axilles dabanından istifadə 

edərək əksəriyyət demokratik quruluşun özünə qarşı çıxa bilər. 

Çoxluq demokratiya istəmirsə, demokratiyanı zorla qəbul 

etdirmək – demokratiyadırmı?  

Bu çıxmazdan çıxış varmı? Məncə, yoxdur. Ancaq intuisiya 

ilə bu balansın dərk olunmasına ümid bəsləmək olar – yəni 

diktator-demokratın, həqiqətən də, demokratik dəyərlərə sadiq 

olduğuna və onlara namusla xidmət etməsinə ümid etmək… 

Müəyyən dərəcədə Kamal Atatürk bunun örnəyidir. 

Demokratiyanın diktaturası, ya demokratik diktatura… Yeltsin 

necə, buna örnək ola bilərmi? Yəni ağlı və iradəsi çatacaqmı ki, 

bu dəyərləri ilk növbədə özünün ətrafındakılardan qoruya 

bilsin – axı  ətrafında Qraçov kimi acgözlər, Qdlyan kimi 

fırıldaqçılar, Staravoytova kimi siniklər var ki, hamısı təpədən-

dırnağa satılmış adamlardır. Onlar üçün demokratiya yalnız bir 

oyun kartıdır. O biri tərəfdən də general Lebed kimi mağara 

adamlarının fikrincə, Rusiyanın imperiya amalı heç də 

demokratiyaya zidd deyil. Belələrinin zehnində demokratiya 

patrisilər üçündür (Lebedi patrisi sifətində təsəvvür etmək çətin 

olsa da). Və bütün başqa xalqların müqəddəratını bir xalq həll 


 667 

etməlidir.  

 

5 oktyabr, 1993, İstanbul 

 

*** 

Ölüm məni təkzibolunmazlığı ilə qorxuzur. Həyat – daima 

seçimdir, öz-özünlə, öz taleyinlə daimi mübahisələrdir. Ölüm – 

sonuncu və mübahisəsiz qərardır, alternativsiz seçimdir. 

Şübhələrin, tərüddülərin, "nə edim, necə edim?"lərin sonudur.  

*** 

Stalin tarixin ən uzunölümlü müstəbididir. Fiziki ölümündən 

40 il sonra yenə qatillik işini davam etdirir – dünyanın ölüm 

səpən bir çox terrorist təşkilatlarının bayraqlarında Staliin adı 

var. Hələ keçmiş SSRİ-dəki qana və qisasa susamış stalinçiləri 

demirəm.  



*** 

Yenidən gənc olmaq istərdim. Amma tək özüm yox, bütün 

yaxınlarımla, əzizlərimlə, sevdiklərimlə birlikdə.  

*** 

Qalib gəlmiş inqilabçılar elə  zəfərlərinin səhəri günü 

qələbənin dadını və ləzzətini duyurlar – dəbdəbəli mənzil, ləziz 

təamlar, gözəl qadınlar, pul, sərvət,  əmr, göstəriş, fərman 

vermək, insanların talelərini müəyyənləşdirmək imkanları… 

Qabaqcadan  şüurlu surətdə bunun naminə mübarizə 

etməmişdilərsə də, indi birdən-birə bütün bunlara malik olanda 

nəfsini saxlamaq çətindir. Və az bir zaman ərzində bu "gözəl" 

həyat tərzinə  vərdiş edəndən sonra yerlərini dar edə biləcək 

dünənki silahdaşlarının belə boğazlarını üzməyə hazırdırlar ki, 

üstündə quş südü olan masa arxasında, ya hərəmxana 

yataqlarında şərikləri qalmasın.  



*** 

Rusiyanın bugünkü siyasi həyatında faşizmin mixəyi 

rəngiylə qırmızı rəng tay-dəyişik düşüb. Elə bil, öküz-daltonik 

mixəyini qırmızı, qırmızını mixəyi görür.  



 668 

*** 

Platonovu oxuyuram. Aydındır ki, nəyə görə Stalini 

"Şəkkak Makar" belə qəzəbləndirib. Burda ikibaşlı-filan mətləb 

yoxdur. Hər  şey iki dəfə iki kimi aydındır. Rəhbərə  və onun 

sisteminə birbaşa, açıq işarə vurulur.  

Bir-birindən nə  qədər fərqlənsələr də, Platonovun, 

Zoşşenkonun və Bulqakovun bir ümumi cəhətləri var: sovet 

quruluşunu, sovet cəmiyyətini dəbdəbəli – patetik şəkildə 

tərənnüm edən rəsmi  ədəbiyyata qarşı onlar bu quruluşu, 

cəmiyyəti gülünc və zavallı görkəmdə, idiotizm və absurd 

şəklində  təsvir edirdilər. Müəyyən dərəcədə bu xüsusiyyət 

Mayakovskinin satirik pyeslərində,  İlf və Petrovun 

romanlarında, Erenburqun yazılarında da var.  

*** 

Ürəkləri nifrət, gücsüz həsəd və kinlə dopdolu insanlarla 

necə dialoq qurmaq olar? Ürəyin də müəyyən sahəsi var – əgər 

bu sahəni  ədavətlə, qisasçılıqla, xıltla, hamıya və  hər kəsə 

düşmənçiliklə doldurmusansa, orada mərhəmətə, sevincə, 

məhəbbətə yer qalmır. Hətta tənhalıq hissinə  də yer yoxdur, 

çünki kinli adam tək deyil – kini-küdurəti həmişə onunladır, 

gecə-gündüz onunla danışır, onu müəyyən hərəkətlərə  təhrik 

edir. Qisasçı da tək deyil – içində alovlanan intiqam duyğusunu 

məqamı gələnəcən gizlətsə də, bu od onu içəridən qarsıyır. Bu 

gün dəbdə olmayan Maksim Qorkinin şeytan haqqında bir 

hekayəsi var. Şeytan insanın ürəyindən bütün bəd hissləri bir-

bir çıxarır və ürək bomboş qalır. Orada pis niyyətlərdən başqa 

heç nə yoxmuş.  

Neyləyim ki, kin saxlaya bilmirəm, məni hər gün mətbuat 

səhifələrində  zəhərləyənlərə, mənə qarşı  hər cür əclaflıqlar 

edənlərə qarşı  ədavət hissi duymuram. Doğudur, hər gün bir 

qaşıq zəhər udduqca şəkərim qalxır və ilk impuls olaraq bu 

haqsız hücumlara cavab vermək, zərbə vurana zərbə vurmaq 

istəyi olur. Amma bu hiss çox tez keçir. Bəlkə  də bu pisliyi 

yadda saxlamamaq, unutqanlıq xasiyyətimin zəif və  mənfi 


 669 

cəhətidir. Aldıqları yaralar qərtmək bağlasa da, bu yaraları 

qoruyub saxlayan, sağalmağa qoymayan adamlara çox rast 

gəlmişəm. Onlar məqam gözləyir ki, bu yaraların qərtməyini 

qopartsınlar və yaraları yenidən qanayanda "qana qan" deyə 

intiqam alsınlar. Amma bu sağalmamış yara axı irinləyə bilər, 

bütün bədəni zəhərləyə bilər.  İçərində konservləşdirilmiş 

zəhərlə necə yaşamaq olar axı? Bunu heç vaxt başa 

düşməmişəm.  

*** 

İstanbulda dəniz ən gözlənilməz yerlərdə birdən-birə qarşına 

çıxır. Bax eləcə  Dərbənddə  də müxtəlif yerlərdə  qədim qala 

divarlarının qalıqlarıyla rastlaşırsan. Bir də 

əski 

qəbiristanlıqlarla. Dərbənddə müasir binaların arasıyla gedirsən 



və birdən-birə əski qəbiristanlıq çıxır qarşına, ya da qala divarı. 

İstanbulu gəzirsən. Boğazdan bax indicə aralanmısan, tamam 

əks istiqamətdə irəliləyirsən və qəfilcən yenidən dənizin başqa 

bir sahilinə çıxırsan.  



*** 

Kübar məclislərini (ya snobların tusovkalarını) 

burunlayırlar. Amma axı Balzakın da, Marsel Prustun da 

əsərlərinin əsas materialı məhz bu məclislər, oradakı söhbətlər, 

münasibətlər, olaylar və insanlardır.  

*** 

Yazıçıya verilən  ən böyuk cəza – əsərlərinin nəşr 

olunmamasıdır, yəni yaradıcılığına ölüm hökmüdür.  

*** 

O,  əlbəttə, dahi dirijordur, amma nə yazıq ki, orkestrində 

biri xaric çalır, o biri pis çalır, başqa birisi heç çala bilmir, 

birinin isə, ümumiyyətlə, notdan xəbəri yoxdur.  



*** 

Onu rejissorla da müqayisə etmək olar. Elə bir quruluşçu 

rejissorla ki, ən zəif aktyorlarla, ən zəif pyes əsasında dahiyanə 

tamaşa qoyur.  



*** 

 670 

Müasirliyi çox gözəl duyur, amma tarixilik hissi o qədər 

sərrast deyil.  

*** 

O, konformistdir, həmişə necə lazımdırsa, o cür danışır və 

hərəkət edir, nəticədə  hər  şeyə malikdir. Mən ayrı cür 

yaşayıram və heç nəyim yoxdur. Bəs nədən mən onu yox, o 

məni qısqanır?  

Gör nə günə qalmışıq ki, təmiz yaşadığımız üçün bəraət 

istəyirik. Gör nə zamanda yaşayırıq ki, alçaq ola bilmədiyin 

üçün sənə  ağız büzürlər. Xeyirxahlarım belə: "Güclü olmaq 

lazımdır" – deyirlər. Onların aləmində güclü olmaq – zirək 

olmaq, məkrli olmaq, sifətini hər gün dəyişməkdir. Vicdan 

sklerozu ilə yaşamaqdır.  İstəmirəm, bu cür güclü olmaq 

istəmirəm, zəifəm, qoy zəif qalım.  



*** 

Rusların xarici siyasətini heç cür anlaya bilmirəm (Elə daxili 

siyasətlərini də). Bir yandan NATO-nun Şərqə doğru 

irəliləməsinin  əleyhinədirlər. O biri tərəfdən Belorusiyayla 

birləşib NATO-ya daha yaxın olmağa cəhd edirlər. Axı Polşa 

mütləq NATO-nun üzvü olacaq. Müstəqil Ukrayna və 

Belorusiyanı neytral bufer ölkələri kimi saxlamaqdansa Rusiya 

onları da həzm-rabedən keçirib NATO-yla həmsərhəd olmaq 

istəyir.  

*** 

1993-cü il yanvarın 28-də "Yol" qəzetində gənc Azərbaycan 

şairi yazır ki, Azərbaycan adlı yer olmamalıdır və bu söz 

unudulmalıdır. Hər yan böyük Turanın içində  əriməlidir. Elə 

düşünür ki, Böyük məmləkətsiz böyük ədəbiyyat yarana 

bilməz. Mirzə  Cəlil demiş, "Ax yazıq vətən, ax biçarə  vətən! 

Sənin yer üzündən silinməyini bir yandan Zori Balayan istəyir, 

bir yandan da Turan xülyasına qapılmış öz övladın".  

 

29 yanvar, 1993 

*** 


 671 

Romiklə Yusif gəlmişdilər. Gecə  ağlıma gəlmiş fikirləri 

onlarla bölüşdüm. Yazıq Azərbaycan – bir vaxtlar onu millət 

anlayışını  qəbul etməyən  İslam ümmətçiliyində  əridib itirmək 

istəyirdilər. Sonra rus imperiya düşüncəsinə xidmət edən sover 

beynəlmiləlçiliyi adıyla assimilə etməyə çalışdılar.  İndi də 

türkçülük içində yox etmək istəyirlər. Niyə görə yakut, ya 

xakas (onlara hörmət bəsləsəm də) mədəniyyət, mentalitet, 

adət-ənənə, psixoloji cəhətdən mənə talışdan, ləzgidən, tatdan 

və kürddən daha yaxın olmalıdır? Azərbaycan xalqı, heç 

şübhəsiz, türk mənşəli xalqdır, amma bizi məhz Azərbaycan 

türkü kimi formalaşdıran cəhət tarixi ömrümüzdə başqa etnik 

elementlərlə qaynayıb qarışmağımızdır. Bu, qarşılıqlı 

zənginləşməyə  səbəb olub. Tam saf, təmiz irqlər, millətlər 

yoxdur. Məsələ yalnız bir millətin etnogenezində başqa 

ünsürlərin iştirak dərəcəsində, iştirak ölçüsündədir. "Xalçanın 

hikməti" adlı essemdə yazmışdım ki, Azərbaycan xalqı türk 

atanın və yerli ananın övladıdır. Bu düstur türk düyasının dostu 

və  dərin bilicisi, böyük türkoloq Lev Qumilyovun da xoşuna 

gəldi. Leninqradda rəhmətlik Aydın Məmmədovun vasitəsiylə 

bu böyük alimlə tanış oldum. Evlərinə getdik. Kommunal 

mənzildə yaşayırdı. Mənə bağışladığı kitabının üstündə: 

"Aslandan Anara" yazmışdı. (Axı adı Levdir). Amma atası 

Nikolay Qumilyovun kitabına avtoqraf qoymağa razı olmadı. 

Aydınla mənə baxıb – "tarixinizi ayrı yerə aparmayın, elə 

sizin sifətlərinizə baxmaq kifayətdir ki, Selcuqların xələfləri 

olduğunuz aydın görünsün". Mənim "türk ata, yerli ana" fikrim 

haqqında onun rəyini soruşduqda "tamamilə doğrudur" – dedi.  

Sonralar bu düstur nə şəkildəsə Türkiyədə də qəbul olundu. 

İstanbulda "Ata yurddan Ana Yurda" adlı  dərgi çıxmağa 

başladı. O vaxt, sovet dövründə  mən Türk atamız məsələsini 

"Qobustan" toplusunda, Dədə Qorqudla bağlı  işlərimdə  və 

"Dədə Qorqud dünyası" essemdə daha çox qabartmağa 

çalışırdım. Amma indi elə bir dövr gəlib ki, yerli ana 

elementləri haqqında da danışmaq lazım gəlir. Birtərəfli 


 672 

yanaşma əvvəllərdə olduğu kimi indi də Azərbaycan türklərini 

tarixi yetimə çevirə bilər.  

 

29 yanvar, 1993 



 

*** 

Gecə  ağlıma bir fikir də  gəldi: Mirzə  Cəlilin "Anamın 

kitabı" pyesi məşhur üçlüyə – "türkləşmək, islamlaşmaq, 

müasirləşmək" düsturuna qarşı yönəlmiş əsər deyilmi?  



*** 

Moskva və Leninqrad demokratlarının zəif damarı odur ki, 

səmimi  şəkildə totalitarizm əleyhdarları olsalar belə, hələ  də 

totalitar düşüncənin əsiridirlər. Bu onda görünür ki, Qorbaçova 

müxtəlif iradlar tutarkən yeni bir büt yaradırlar, mənfi işarəli 

bir büt. Yəni hər  şeyi onun fərdi keyfiyyətləriylə, 

qərarsızlığıyla, səbatsızlığıyla, güzəştə meylli olmasıyla 

bağlayırlar və cəmiyyətin bütün qlobal, total problemlərinin bir 

nəfərdən, onun şəxsiyyətinin mənfi cəhətlərindən asılı 

olduğunu iddia edir, yəni yeni kult uydururlar. Unudurlar ki, 

Qorbaçov siyasətçi kimi müəyyən  şərtlər çərçivəsində, bir-

birinə qarşı duran qüvvələrin kontekstində, oturuşmuş dövlət-

inzibati, partiya-siyasi mexanizmlər sistemində  fəaliyyət 

göstərir. Bir fərdin səlahiyyətləri nə  qədər geniş olur-olsun, 

məsələ  tək bir adamdan asılı ola bilməz. Bu yalnız Stalin 

dövründə, Stalin şəxsiyyətinə görə mümkün olan şeydir.  İndi 

isə söhbət real vaxt kəsiyində bir şəxsin – nə  qədər yüksək 

vəzifə tutur- tutsun, obyektiv hərəkət etmək imkanlarından 

gedir. Sol radikallar tələb edir ki, mühafizəkarlara qarşı  qəti 

addımlar atılsın, amma bu addımlar necə olmadır - zorakı, 

inzibati, cəzalandırıcı? Axı  cəmiyyətin bir kəsiminin baxışları 

bizə  nə  qədər mürtəce, mühafizəkar, mağara təfəkkürü kimi 

görünsə də, bu, cəmiyyətin müəyyən kəsiminin baxışlarıdır. Bu 

kəsimin təfəkkürünü dəyişmək çətindir, ondan da çətin onları 

başqa cür düşünməyə  məcbur etməkdir. Onda nə qalır?  


 673 

"Düşmən təslim olmursa onu məhv edirlər? "Belədə bu 

düşüncə tərzinin Stalin sistemindən təfavütü nədədir?  

Konkret, yaxın və lokal örnəkdə demokratların səhvləri daha 

aydın görünür. Mən israrla təkid edirəm ki, demokratlar Dağlıq 

Qarabağ hadisələrinə birtərəfli münasibətlə, məsələnin 

mahiyyətini bilmədən və buna varmaq istəmədən yanaşdıqları 

üçün Azərbaycanda nəinki Kommunist hakimiyyətinin 

möhkəmlənməsinə  şərait yaratdılar, hətta bir növ dini-təməlçi 

meylə də səbəb oldular.  



*** 

Əgər iki ildən artıq müddətdə respublikalardan biri gərginlik 

şəraitində yaşayırsa, onun Konstitusiyayla təmin olunmuş ərazi 

bütövlüyünə  təcavüz edilirsə, öz milli ərazisiylə daxil olduğu 

ittifaqın müqaviləsi pozulursa, daha betəri, Konstitusiyanın və 

Müqavilənin bu maddələrinin özləri  şübhə altına alınırsa, 

respublikaların öz sərhədləri daxilində inzibati hüquqları 

tapdanırsa, hansı suverenlikdən dəm vurmaq olar?  

Aşkarlığı da yalan və  təhqirlər üçün istifadə etmək 

mümkündür.  

Yenidənqurma sərhədlərin yenidən biçilməsi deyil – bu tezis 

dəfələrlə  ən yüksək dövlət kürsülərindən səslənir,  ən mühüm 

sənədlərdə əks olunur, amma məsələnin guya ki, ədalətli həllini 

istəyənlər tərəfindən israrla rədd edilir. Çünki onlar ədalətli 

həlli yalnız öz xeyirlərinə olan qərar kimi qavrayırlar. Axı 

şübhəli, bəzənsə tam mifik tarixi qaynaqlara istinad edərək tək 

respublikaların deyil, dünyadakı bütün dövlətlərin sərhədlərini 

təftiş etmək olar. Bəzən elə xəritələrə isnad olunur ki, o xəritə 

yaranan dövrün təsəvvürlərində yer kürə deyil, üç öküz 

buynuzu üzərində dayanmış səth imiş.  

Əgər yenidənqurmanı inqilab sayırlarsa, onun Vandeyası 

Dağlıq Qarabağdır.  

Erməni xalqının tarixi iztirablarını  və  ağrılarını başa 

düşürük. Amma məgər Azərbaycan xalqı tarix boyu daha artıq 

müsibətlər, faciələr yaşamayıb? Daha az əzab-əziyyət çəkib? 


 674 

Parçalanıb,  əzəli torpaqlarını itirib, qırılıb, sürgün olunub, ən 

ləyaqətli oğulları qanına qəltan olunub. İndi nə etməli, həmişə 

keçmişə yas tutmalı, ağlamalı, ağı deməliyik? Heç gələcəyi 

düşünməməliyik? Yadda saxlamaq bir şeydir, kin saxlamaq 

başqa şey.  



*** 

Məhəbbət – qəfilcən nədənsə  aşiq olduğun adamı 

uydurmaqdır.  

*** 

Balzak deyəndə ki, ancaq qadının son eşqi kişinin ilk 

məhəbbətiylə müqayisə oluna bilər, haqlı deyildi. Görünür, bu 

sözü gəncliyində deyib, o vaxt ki, yaşca ondan çox böyük olan 

qadını sevirmiş. Bəlkə də ahıl çağında, Qanskayaya aşiq olanda 

başa düşüb ki, kişinin son məhəbbəti daha güclü olur. Amma 

bəlkə bilmirmiş ki, bu son məhəbbətidir. Həm də axı kim təyin 

edə bilər ki, hansı  məhəbbət məhz son eşqdir. Bunu yalnız 

ölüm müəyyənləşdirə bilər. Ölüm öncəsi məhəbbət – son 

məhəbbətdir. Ölümlə məhəbbət necə də yaxındırlar. Süleyman 

peyğəmbər demişkən: "Ölüm kimi güclüdür məhəbbət".  

*** 

Sartr maoçu və xunyevbinçi şıltaqlıqlarına rəğmən, 

şübhəsiz, ağıllı adam idi və o, sosializmin acı  təcrübəsini də 

yüksək qiymətləndirirdi. Yeri gəlmişkən, Qərbin başqa 

tanınmış yazıçısı  və ictimai rəyə  təsir göstərən mütəfəkkiri 

Alberto Moravia da Çin "mədəni inqilabını" müsbət 

dəyərləndirirdi,  İmran Qasımov onunla İtaliyada görüşmüşdü 

və söhbətlərini mənə də danışmışdı.  

Nədir bütün bunlar – toxluq və rifah içində həyat sürən Qərb 

intellektuallarının ictimai firavanlıqdan doyub macəralara 

uyması?  Bəlkə  də yox, bazar qanunlarından bezmiş  Qərb 

demokratlarının acı 

təcrubəsi? Ümumiyyətlə, Qərb 

intellektuallarının sosialist təcrübəsinin SSRİ-də reallaşan 

variantına münasibətləri dərin təhlil tələb edir. "Bu rejimin 

cinayətlərindən xəbərimiz olmayıb, yalnız Soljenitsin QULAQ-



 675 

la gözlərimizi açdı" desələr də, hər halda çox şeydən daha öncə 

də  xəbərdar idilər. Niyə  bəzilərinin gözü Soljenitsinin 

şəhadətlərindən daha qabaq açılmışdı, bəziləri isə indinin 

özünəcən çox şeyi görmür, ya görmək istəmir. Niyə Alber 

Kamyu XX qurultaydan və 56-cı ilin Macarıstan 

hadisələrindən sonra SSRİ-ni ittiham etməyə özündə güc və 

cəsarət tapdı, Stalin təbliğatının gah qaragüruhçu, gah da sülh 

uğurunda alovlu mübariz kimi təqdim etdiyi Jan Pol Sartr isə 

Nobel mükafatından imtina edə bildi, amma Xruşşov sifətli 

sosializmdən üz döndərmədi. Niyə Andre Jid 30-cu illərdə 

SSRİ-yə  gəlib bu quruluşun qüsurlarını görə bilmişdi, Lion 

Feyxtvanger isə həmin elə 30-cu illərin Stalin məhkəmələrində 

iştirak edib onlara haqq qazandırırdı?  Niyə Herbert Uels 

Lenini ancaq mülayim və  məsum Kreml xəyalpərvəri kimi 

görürdü, Anri Barbüs Stalinin gözüylə baxırdı cahana? Nədən 

Bernard  Şou və Pablo Pikasso, Lukino Viskonti və Bertold 

Brext sosialist idealına inanırdılar? Niyə? Doğrudanmı, tarixin 

marksist təsnifatı gerçəkdir – həyat yalnız siniflərin 

mübarizəsidir, bəşəriy-yətin bir ictimai formasiyadan başqasına 

yüksəlişidir və bütün bu düzünəqulu yolun ən uca zirvəsi – 

sosializm-kommunizmdir? Bütün yanlışlıqlarına, amansız 

səhvlərinə, qanlı  və cinayətkar keçmişinə baxmayraq, Sovet 

sosializmi dünyanın inkaşafında daha yüksək mərhələdir? 

Yaxud bütün nailiyyətlərinə (onları da danmaq olmaz) 

baxmayaraq tarixin faciəvi yolazmasıdır?  

Görünür, həqiqət bu iki əks fikrin arasındadır. Hər halda bir 

müstəqim cavab yoxdur, cavab axtarışları var. Andre Jid yaxşı 

deyib: "Həqiqəti axtaranlara inanın, həqiqəti buldum deyənlərə 

şühhəylə yanaşınU.  

Şübhə faydasız deyil. "Şəkkaka lənət" – sırf dini düşüncənin 

məhsuludur. Marksizm də bütün ateist şüarlarına baxmayaraq, 

məhz bu dini təfəkkürü qəbul etmişdi və  həmin təlimə  zərər 

vuran da elə bu oldu. Dinə qarşı amansız mübarizə apara-apara 

marksizm onun bir çox cəhətlərini mənimsədi – dinin 


 676 

peyğəmbərlərini öz peyğəmbərləriylə  əvəz etdi, cənnət 

vədlərini və  cəhənnəm hədələrini – xoşbəxt kommunizm 

gələcəyi vədləriylə  və Sibirin "buzlu cəhənnəmiylə" yerdəyiş 

etdi. Həm də ki, kommunizm cənnəti ancaq elə boş vəd, Sibir 

cəhənnəmi isə tam real bir qılınc idi – hamının başı üstündən 

asılmışdı. Hər ikisini kütlənin beyinlərinə eyni dini üsullarla 

yeridirdilər – dualar – şüarlar, möüzələr – çıxışlar, rituallar – 

iclaslar, mitinqlər və s.  

Bu anlamda demokratiya – dinin yaşaması, dini ritualların 

icra edilməsi, dini etiqada hörmət bəslənməsi üçün hər bir 

şəraiti yaratsa da, hər  şeydən  əvvəl ictimai şüuru dini 

ehkamlardan azad edir.  

 

Sentyabr, 1987 



 

Gecə vahimələrim müharibə dövrünə düşmüş  uşaqlığımla 

bağlıdır. İşıq çıxmasın deyə qara kağızlarla örtülmüş pəncərələr 

uşaqlıq xatirələrimdə radio-reproduktorun dairəvi qara diskiylə 

eyniləşir. Bu saçabənzər qara dairədən bir-birindən pis xəbərlər 

gəlirdi –təntənəli matəm məlumatları – təhvil verilmiş şəhərlər, 

düşmənin irəliləməsi. Bütün bunlar da o qara kağızlarla 

örtülmüş pəncərələrin ardında baş verirdi.  

Uzun zaman eyni bir yuxunu görürdüm: ayın soyuq gümüşü 

kül rəngli ziyasında Bakıdakı Hökümət evinin sütunları. 

Sütunların arasında dolaşan kölgələr və məhz elə bu sütunların 

arasından kimsə gecənin bir aləmində  mənə telefon edir. Bax 

elə  həmin dəqiqədəcə evimizdə telefon səslənir. Bu azı iki-üç 

dəfə təkrar olundu. İndi yadımda deyil, əslində də telefon zəng 

edirdimi, ya elə bu da yuxuda idi, amma hər halda, mənə elə 

gəlirdi ki, zəng məhz bizə olunurdu. O vaxtdan gecə 

zənglərindən oddan qorxan kimi qorxuram.  

Nədəndir bu qorxu? Haçansa böyüklərdən eşitmişdim ki, 

hökümət evini alman əsirləri tikirmiş. O əsir əsgərlər ki, vaxtilə 

qara örtüklü pəncərələrin ardından, dairəvi reproduktordan 



 677 

irəliləyib az qala evimizin içinə girəcəkdilər.  Kimdənsə onu da 

eşitmişdim ki, bu tikinti zamanı ölən  əsirlərin meyitlərini 

həmin binanın divaları arasına hörüblər. Mənə elə  gəlirdi ki, 

məhz bu divara hörülmüş meyitlərin kölgələri gecələr 

sütunların arasıyla gəzişir və aylı gecələrdə mənə zəng edirlər.  

Bir başqa vahimə  də beləydi. Gecələr mən yuxudaykən 

kimsə başımın üstündə durub aramla, yeknəsəq tonla sayırdı – 

bir, iki, üç, dörd, beş  və  s.  Bu  gecə vahimələrindən bəzilərini 

çox sonralar "Əlaqə" povestində  qələmə alıb onlardan xilas 

oldum. Qəribə olsa da "Əlaqə"-nin süjetini əvvəldən axıra 

yuxuda görmüşdüm. Elə bil, kimsə bu mətni mənə diqtə 

etmişdi. Yuxudaydımı bu, yarıayıq vəziyyətdəydimi, bilmirəm. 

Elə "Qırmızı limuzin", "Vahimə" hekayələrinin süjetlərini, 

"Otel otağı" povestinin finalında mehmanxana nömrəsində 

özgə paltarları asılmış  şifoneri də yuxuda görmüşəm. Butun 

bunlar sanki hazır halda beynimə pərçim edilmişdi, sonra oyaq 

vaxtı onları işləmiş, təkmilləşdirmişəm, ayrı-ayrı detalları əlavə 

etmiş, personajları  səciyyələndirmiş  və  əsas da yaşadığım 

vaxtın, zamanın işarələrini bu fabulaya uyğunlaşdırmışam.  

Bu cəhətdən o da maraqlıdır ki, həmin süjetlər və detallar, 

lap elə "Otel otağı"ndakı  şifoner məsələsi yuxuma girəndən 

çox illər, azı iyirmi il sonra istifadə olundu. Elə bil bu detal 

məqamını, müəyyən tarixi hadisələrlə bağlı bir süjetin içində 

yer almaq üçün vaxtının gəlməsini gözləyirmiş.  


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin