Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

*** 

Son vaxtlar dünya azərbaycanlılarının sayını ilbəil artırmaq 

dəb düşüb. Vaqif Səmədoğlu yaxşı dedi: ermənilər guya ki, 15-

ci ilin soyqırımında ölənlərinin sayını ilbəil artırırlar, biz isə 

dirilərimizin sayını  hər il azı bir neçə milyon artırırıq. 

Doğrudan da, bir neçə il qabaq dünya Azərbaycanlılarının 

sayını (əsasən İrandakı azərbaycanlıların hesabına) 30 milyon, 

sonra qırx milyon, indi isə əlli miyon deyə müəy-yənləşdirirlər. 

Təki olsun. Amma məni bir şey düşündürür. Ermənistanla 


 620 

İranın sərhədi Cənubi Azərbaycandan, yəni azərbaycanlıların 

torpaqlarından keçir. Şimali Azərbaycanın 20 faizini işğal 

etmiş Ermənistanın yeganə iqtisadi təminatı  İrandan gələn 

mallardır. Olmazmıydı ki, bu 20, ya 30 milyon Güney 

azərbaycanlı qardaşlarımız heç olmasa bir dəfə Ermənistana 

gedən traylerlərin qabağını  kəsəydilər, bir etiraz piketi 

keçirəydilər. Əksinə, deyilənə görə, bu gün İrəvan bazarlarında 

ən çox səslənən Azərbaycan dilidir – bədnam qonşularımızı 

ərzaqla təmin edən cənublu qardaşlarımızın danışdıqları doğma 

dil.  

İrandakı görüşlərimlə bağlı daha bir xatirə. Təbrizdə 



Şəhriyar simpoziumu keçirilirdi. Bu qədim Azərbaycan 

şəhərində Azərbaycan  şairi haqqında  İran tərəfindən edilən 

bütün məruzələr, çıxışlar yalnız fars dilində idi. Bizim 

nümayəndələr təbii ki, Azərbaycan dilində çıxış edirdilər. Onu 

da deməliyəm ki, Təbrizin hər yerində – küçədə, bazarda hamı 

ancaq Azərbaycanca danışır, başqa dil eşitmək mümkün deyil.  

Avtobusda gedərkən gənc alim qızlarımızdan ikisi bir-birinə 

rusca nə isə dedilər. Bizi müşayət edən  Əsgər Fərdi dərhal 

mənə söz atdı: – Ağayi Anar, sizin qızlar rusca danışır – dedi, – 

heç Təbrizdə başqa dildə danışana rast gəldinizmi? – Heç yerdə 

rast gəlmədim, – dedim, – bircə  Şəhriyar simpoziumundan 

başqa.  


Fərdi güldü: -Bir sıfır sizin xeyrinizə, – dedi.         

*** 

İdeologiya çox vaxt iqtisadi sistemlərdən daha uzunömürlü 

olur. Elm və texnikanın tərəqqisiylə bağlı olaraq iqtisadi 

sistemlər inkişaf etsə də, ideoloji baxımdan nimdaş dünyəvi, ya 

dini ideyaların  əsiri olaraq qalırlar (bir çox hallarda dünyəvi 

ideyalar da elə dini düşüncənin bir şəklidir). Beləliklə, 

cəmiyyət inkişaf yolunda ideologiyaya xərac verməlidir. Axı 

nəyə görə? Görünür, ona görə ki, mədəniyyət, sənət, əxlaq kimi 

ideologiya da cəmiyyətin  şüurunda o qədər dərin iz salır ki, 

onun təməllərinin sarsıdılması insanlar tərəfindən zəlzələ-



 621 

vəlvələ kimi qavranılır, həyat tərzinin kökündən dəyişməsi 

kimi anlaşılır. Məhz buna görə  də  bəzi  ərəb ölkələri dini 

ehkamların iqtisadi inkişafa mane olduğunu dərk etsələr belə, 

bu ayinlərə  sədaqətlərini nümayiş etdirməlidirlər. Bizim sovet 

ideologiyası da eynən bu cür hərəkət edir, yəni dəyişən 

dünyanın tələblərinə, elmi-texniki tərəqqinin  şərtlərinə  əməl 

etmək ehtiyacı ideoloji qəliblərə salınır.  

(Bu 85-ci ilin qeydləridir. Görünür, yenidənqurmanın ilk 

ilinə aiddir. Bundan sonra SSRİ inkişafının neqativ nəticələri 

də, Çin təcrübəsinin  əsasən pozitiv yekunları da mənim 

fikirlərimi təsdiq etdi. Balaca Den böyük bir eksperiment yapdı 

– marksizm-maoizmin ideoloji ritorikasını saxlamaqla Çinin 

iqtisadi həyatını bütünlüklə bazar müstəvisinə keçirdi. Bunun 

nəticəsində vaxtilə Amerika yazıçısı Perl Bakın "Torpaq" 

romanında təsvir etdyi, sözün hərfi mənasında torpaqla 

qidalanan çinlilər aclıqdan və dilənçilikdən qurtuldu, milyard 

yarım insanın qarnı doyduruldu, əyni-başı düzəldi. Bazar 

iqtisadiyyatına çoxdan riayət edən qonşu Hindistanda isə bu 

gün də bir milyard hindli dəhşətli səfalət və aclıq içində 

çabalayır. Həm də Çin bunu tarix üçün çox qısa sayıla biləcək 

bir müddətdə  həyata keçirdi. Deməli, bu problemi – əhalinin 

normal yaşaması, təminatı problemini hər hansı ölkədə – hətta 

bu qədər  əhalisi olan, bu günə  qədər geridə qalmış sayılan, 

proletar inqilabının və  "ən qabaqcıl təlimin" bütün 

"ləzzətlərini"dadmış, xunveybinlərin amansız "mədəni 

inqilabını" belə yaşamış ölkədə  də  həll etmək mümkün imiş. 

Həm də bu, qeyri-müəyyən Gələcəyin  əfsanəvi və xülyavi 

kommunizm cənnəti yox, indi ömür sürən insanların 

yaşadıqları normal həyat tərzidir). 



*** 

Çində olarkən Mao Tzedunun mavzoleyini ziyarət etdim. 

Maonun balzamlanmış 

nəşi qoyulan binada onun 

silahdaşlarının – vaxtlilə bir-birinin ətini yeməyə hazır olan və 

Maonun özünün də  cəzalandırdığı silahdaşlarının  şəkilləri 



 622 

asılıb Cju De, Lya Şao Tsi, Cjou En Lay, Den Syao Pin. 

Moskvada, məsələn, Lenin mavzoleyində belə bir mənzərəni 

təsəvvür etmək mümkündürmü – Stalinin, Trotskinin, Xruş-

şovun, Brejnevin şəkilləri yan-yanaşı asılsın?  

*** 

Tiraniya, adətən, ac-yalavac, min bir əzab çəkən ölkələrdə 

baş tutur. O, kütlələrin mövcud şəraitə narazılıq hissləri və 

milli qürurunun alçaldılması  zəminində ucalır. Kütlələrin bu 

narazılığı aşıb-daşanda Qiyama çevrilir. Rus şairi Marşakın bu 

barədə çox dəqiq  şeri var. Məzmunu budur ki, qiyamlar heç 

vaxt uğur qazanmır, uğur qazanırsa,  ayrı cür adlandırılır. (Yəni 

Marşakın demək istədiyi və deyə bilmədiyi odur ki, qiyam 

uğurla baş tutanda onu Böyük İnqilab adlandırırlar, məsələn, 

Böyük Oktyabr İnqilabı, baş tutmayanda isə, məsələn, 

Kronştad qiyami, ya Kornilov qiyamı).  

*** 

Ən böyük inqilab belə  həllinə boyun olduğu problemləri 

çözə bilmədiyinə görə yeni narazılıqların qarşısını almaq üçün 

diktaturayla nəticələnir. Hamını da inandırmaq istəyirlər ki, 

yalnız tiraniya, despotik rejim ictimai xaosun qarşısını almağa 

qadirdir. Tiraniyanın möhkəmlənməsi üçün ona mütləq 

düşmənlər lazımdır, daxili və xarici düşmənlər. Beləliklə, 

düşmən axtarışına çıxır və çox tezliklə hər şeyin səbəbkarı olan 

düşmənləri tapırlar – bu, əlbəttə, ilk növbədə ziyalılardır. Hər 

şeyin günahkarı, əlbəttə ki, onlardır. Ayrı kimə gücləri çatacaq 

ki?  

*** 

Monarxik, yaxud hər hansı  təkhökmranlıq quruluşu 

yəhudiliyin, xaçpərəstliyin və  İslamın  əsasını  təşkil edən 

Təkallahlılıq (monoteizm) ideyasının siyasi qarşılığıdırmı? 

Nisbətən humanist variantda imperator – Allahın canişini kimi 

qələmə verilir, amma sırf diktatura rejimləri də bu 

təkhökmranlıq – təkallahlıq fikrinə arxalanır. Teymurləngin 

deyiminə görə, göydə Allah birdir, yerdə  də hökmdar bir 



 623 

olmalıdır. Onda belə  çıxır ki, politeizm (çoxallahlılıq) 

demokratik rejimlərə uyğundur. Ancaq tarix bunu təsdiq etmir.  

Yalnız demokratiyanın ilk vətəni qədim Yunanıstanda İlahi 

Panteon – yer hakimiyyəti kimi həyatın hər sahəsinə  nəzarət 

edən Allahlardan ibarət idi.  



*** 

Bu müqayisə yüngülməcaz görünə bilər, ancaq mənə elə 

gəlir ki, seçicilərlə deputatların münasibəti – seçicilərin təqdiri, 

ya tənqidi – hardasa meydançadakı futbolistlərlə tribunalardakı 

tamaşaçıların münasibətini xatırladır. Tamaşaçıya elə  gəlir ki, 

necə penalti, yaxud küncdən zərbə vurmağı, topu ötürməyi, 

müdafiəçilərin hasarını yarıb qapıdan qol keçirməyi və öz 

qapısını qorumağı o, meydançadakı futbolçulardan daha yaxşı 

bilir. "Topu ona ötür, bundan al, qabağa get, sola qayıt"- və 

sairə  məsləhətlərini çığırıb-bağıraraq o, tamaşaçı oyunçuları 

hələ söyüb təhqir də edir, bacarıqsızlıqda günahlandırır,  ələ 

salır, lağa qoyur, fitə basır və s. 

Amma axı meydançada döyüşən futbolistdir, tamaşaçı deyil. 

"Öz münasibətini bildirmək tamaşaçının haqqıdır" – 

deyəcəksiniz. Doğrudur. Amma tamaşaçının bu haqqını 

tanımaqla, hətta onun iradlarını  qəbul etməklə  bərabər deyə 

bilmərik ki, o, tamaşaçı futbolu oyunçudan çox sevir, ya 

futbolçu komandasının qələbəsini tamaşaçıdan az istəyir və 

nəhayət, necə oynamağı tamaşaçıdan pis bilir.  

Bunu xalqı sevmək, xalqın mənafeyini qoruya bilmək 

barədə deputatlara tutulan iradlarla bağlı deyirəm. Kimsə 

xalqına sevgisini, bağlılığını onun yolunda hər hansı sahədə – 

siyasətdə, iqtisadiyyatda, yaxud mədəniyyətdə gördüyü əməli 

işlərlə  həyata keçirir. Başqa birisi isə bu sevgidən yalnız 

mitinqlərdə gur səslə danışır və üstəlik iş görmək istəyənləri də 

yaş yuyub quru sərir. Orxan Vəli gözəl deyib: "Nələr etmədik 

bu vətən yolunda, kimsə canını fəda etdi, kimsə nitq söylədi". 

Futbolla müqayisəni davam etdirsək, onu da deyə bilərik ki, 

futbolçu üçün futbol – onun taleyi, ömrü-günü, həyatının 


 624 

mənasıdır. Tamaşaçı üçünsə futbol bir neçə xoş, ya həyəcanlı 

keçən  əyləncə saatlarıdır. Deputat fəaliyyətinə  də tamaşaçı 

kürsülərindən baxıb mənfi, ya müsbət (əksərən mənfi) qiymət 

vermək ən asan işdir. Doğrudur, futbolda da, siyasətdə də kütlə 

bəzən özüyçün bütlər, kumirlər də yaradır. Amma bu gün qol 

vurub kumirə çevrilən birisi, sabah topu qapının üstündən, ya 

yanından keçirərkən fitə basılır. Dünənki kumir bir an içində 

rüsvay edilir. Eynən deputatlar kimi – bir gün yaxşı  çıxış 

elədin, qəhrəmansan, sabah nə  səbəbdənsə susdun, nifrətə 

layiqsən.  

 

1989. Moskva. SSRİ Ali Sovetində  



deputat olduğum vaxtlar.  

*** 

SSRİ-də otuzuncu illərin  ədəbi döyüşləri qədim Romadakı 

kimi qladiator döyüşləri idi – meydana döyüşçülərin həyatı, 

dünyada qalıb-qalmaması qoyulurdu. Amma Roma 

qladiatorlarından fərqli olaraq, məğlub olanın yalnız özü yox, 

bütün ailə üzvləri, yaxınları da məhv edilirdi. Bizim günlərin 

ədəbi çəkişmələri isə – olsa-olsa şahmat turnirinə  bənzəyir – 

qalib ancaq bir mərtəbə yüksəlməyə iddia edə bilər.  



*** 

Əsrin nəfəsi kəsilib. Sonuna yaxın o, onilliklər ərzində baş 

vermiş bütün hadisələrdən yorulub usanıb sanki – iki cahan 

müharibəsi və saysız-hesabsız xırda, regional, vətəndaş, etnik 

və dini savaşlar. Elə o böyük müharibələr kimi qanlı savaşlar. 

Bir də ki, İnqilablar – böyük və kiçik inqilablar, çevrilişlər, 

qiyamlar. Repressiyalar, edamlar, sürgünlər, ölüm düşərgələri, 

dövlətin özünün, ya ayrı-ayrı dəstələrin, qrupların, təşkilatların 

törətdikləri terror aktları. Çeşid-çeşid totalitar rejimlərdə 

yaşamağa məhkum olmuş  nəsil-nəsil insanın ümidsizliyi. 

Xərçəng xəstəliyi və SPİD. Hirosima. Çernobıl. Osvensim. 

Kolıma. Xolokost və QULAQ, Stalin və Hitler. Pol-Potun qanlı 

Kampuçiya eksperimenti və xunveybinlər. Çində Maonun 


 625 

qırmızı sitat kitabçıqları və İtaliyada Qırmızı Briqadalar. Əsrin 

əvvəlində qaz fanarları  və  əsrin ortalarında qaz kameraları. 

Kosmonavtlar və astronavtlar. Qaqarin və Armstronq. İlk peyk 

və Ayda insan ləpirləri. Böyük şəhərlərin ekoloji fəlakətləri, 

dənizlərin, okeanların zəhərlənməsi. Səmada ozon dəlikləri və 

dənizlərin dibində məhv olan balıqlar. Yer üzündən silinib itən 

Aral kimi dənizlər, zəhərli ximikatlarla və nüvə qalıqlarıyla 

şikəst edilmiş torpaq, qırılmış meşələr və insanlar, xalqlar. 

Qaralar, ağlar, qırmızı  və sarı  dərililər arasında sönüb 

səngiməyən ədavət, düşmənçilik, qisasçılıq… 

…Amma bütün bunlar hələ qabaqdadır, bütün bunlar hələ 

olacaq.  

Bu gün isə XX əsrin axırı yox, ilk günüdür. 1901-ci il 

yanvarın biridir və  məhz elə bu gün Qori seminariyasının 

məzunu Cəlil Məmmədquluzadə ərizə yazır ki, onu bir neçə ay 

ərzində  işlədiyi pristav vəzifəsindən azad etsinlər. Onun işi 

deyil bu. Onun işi də, əsri kimi sanki elə bu gün başlayır.  



*** 

Yadımdar Brejnev hakimiyyət başında olarkən həmkarları 

onun çox mərhəmətli, xoşqılıqlı, yumşaq və  nəzakətli adam 

olmasından ağız dolusu danışırdılar.  

Mərhəmət, yumşaqlıq, nəzakət hara, ölümündən sonra 

qəbrinə atılan bu qədər çirkab hara? Bəlkə də insanlar içlərində 

yığılmış narazılığı, illər boyu udmağa məcbur olduqları etiraz 

hisslərini, demək istədikləri və deyə bilmədikləri ittiham 

sözlərini indi, ölümündən sonra bədbəxt Brejnevə 

ünvanlamaqla onun təmsil etdiyi quruluşdan, onu qaldırıb 

bütləşdirən rejimdən heyflərini çıxmaq istəyirlər. O ki qaldı 

rəhbərlərə, axı  rəhbərlər də  hər halda insandırlar, onlar 

Brejnevin sağlığında ona nə 

qədər yalmanır və 

yaltaqlanırdılarsa, indi bir o qədər həvəslə  mərhumdan bütün 

bunların acığını  çıxırlar. Bu tipik kölə xislətidir – 

yaltaqlandığına, qarşısında quyruq buladığına, hər  şıltaqlığına 

itaət etdiyin şəxsə öz daxilində amansız nifrət toplanır, 



 626 

səbrsizliklə intiqam saatını gözləyirsən. Bu intiqamı diri 

adamdan yox, onun meyitindən almalı olacaqsan. Bu da 

qənimətdir. Kölənin mədhiyyələri də qisasçılığı  qədər 

təhlükəlidir. Amma məgər elə Brejnev özü məhz bu cür hərəkət 

etmirdi? Rəhmətlik  Ənvər Məmmədxanlının bir dəqiq 

müşahidəsi vardı: Xruşşovla birgə  işlədiyi müddətin bütün 

fotolarında Brejnev yan tərəfdən heyran baxışlarla Xruşşovun 

ağzına baxır. Axı  şəkil çəkilərkən Xruşşov Brejnevin yan 

tərəfdən ona necə  də "məhəbbətlə" baxdığını görə bilməzdi, 

bunu yalnız qəzetlərdə, fotoda görəcək və  iş yoldaşının 

sədaqətini lazımınca qiymətləndirəcəkdi. Sədaqət və satqınlıq – 

ikisi də "S" hərfiylə başlanan bu iki söz, illah da hakimiyyətin 

ən yuxarı  mərtəbələrində bir-birinə çox yaxın, hətta çox vaxt 

tam uyğun anlayışlardır.  

Yaxşı, tutalım, bütün bu zınqrovları döşünə Brejnev özü 

taxırdı. Bəs onun ölümündən sonra xatirəsinin 

əbədiləşdirilməsi haqqında heç bir ölçü hissinə, heç bir 

əndazayə  sığmayan tədbirlər? Bunu ki, Brejnev özü etmirdi. 

Hər halda ölümündən sonra öz adını neçə-neçə şəhərə, rayona, 

zavoda, müəssisəyə, gəmiyə verə bilməzdi. Yaxşı, tutalım bunu 

Andropov edirdi, karyerasında irəliləməsinə görə Brejnevə 

minnətdar olduğu üçün (inanan daşa dönsün). Andropov öləndə 

də bu ölçüsüz-biçisiz ad vermələri Çernenko edirmiş? (Buna 

adamın heç inanması  gəlmir). Yaxşı  bəs adidən adi, heç bir 

cəhətiylə  fərqlənməyən Çernenkonun ölümündən sonra kim 

onun adını belə böyük ölçüdə əbədiləşdi-rirdi?  

Əndazəsiz, şişirdilmiş mədhiyyələr daha təhlükəlidir, çünki 

yalnız elə bir neçə nəslin ömrü müddətində tarix bizə sübut etdi 

ki, hakimiyyətdə olan rəhbərin  şəninə deyilən  şit təriflər, 

sağlıqlar, tostlar nə  qədər ifrat şəkil alırsa, bu tərifləri 

yağdıranların tərif obyektinə gizli nifrətləri də bir o qədər 

amansız olur. Və  rəhbərin ölümündən keçən ilk vaxtar – bir 

həftəmi, bir aymı – hələ  də köləlik xislətindən azad olmayan 

yeni rəhbərlər öz sələflərinin xatirəsinə bir-birindən təmtəraqlı 


 627 

tədbirlər qərarlaşdırsalar da, az vaxtdan sonra onun nəinki 

özünü, hətta bütün yaxınlarını, ailə üzvlərini  ən yaxşı halda 

yaddaşlardan silib süpürməyə hazırdırlar. Stalinin, sonra da 

Xruşşovun ümumittifaq miqyasında mənəvi edamı, bizim 

resbuplika səviyyəsində N.Nərimanova, sonra da 

M.C.Bağırova yönəlmiş hücumlar bu qəbildəndir.  Əlbəttə, 

Stalinin, Xruşşovun da, Nərimanovun, Bağırovun da fəaliyyəti 

o qədər mürəkkəb bir dövrü əhatə edir və  hər birinin fərdi 

fərqli cəhətləri o qədər ziddiyyətlidir ki, onlara birmənalı 

qiymət vermək olmaz. Daha dürüst və obyektiv qiyməti tarix 

verəcək. Amma belə tələsik verilən sırf mənfi qiymət daha çox 

bu qiyməti verənlərin təbiətini üzə  çıxarır - kəmlik 

kompleksindən əziyyət çəkən və hər şeyi udub içində saxlayan, 

məqam gözləyən insanların təbiətini.  

*** 

İndi, keçmişin kölgələrinə qarşı bu qədər "cəsarətli" 

davrandığımız bir dövrdə biz hər halda bir əsas suala cavab 

tapmaqda acizik: Stalinmi bu sistemi yaratdı, ya sistemmi 

Stalini yaratdı? Durğunluq dövrünü Brejnevmi yaratdı, ya dövr 

özü rəhbərlik etməyə, məsələn, Kosıgin kimi adamı yox, 

Brejnevi seçdi? Axı patoloji dərəcədə  qəddar Stalindən fərqli 

olaraq Brejnev, görünür, zalım adam deyilmiş. Doğrudur, 

Praqa baharını tank tırtılları altında xıncım-xıncım əzməyə də o 

qərar vermişdi. Amma ümumiyyətlə, Brejnev, xüsusən, son 

illərində yetərincə duyğusal, sentimental adam olub. Onu 

Müslüm və  Rıskin ağlada bilərdi. Bunun mən özüm də 

şahidiyəm. İstedadlı bəstəkar və o vaxtkı Mədəniyyət nazirimiz 

Rauf Hacıyev hardansa eşələyib tapmışdı ki, bizim opera 

teatrımızın sıravi dirijoru Rıskin vaxtilə Brejnevlə birlikdə 

Kiçik Torpaqda bir polkda xidmət edib. Brejnev Azərbaycanda 

olarkən Lenin sarayında təntənəli iclasda Rauf Hacıyevin bu 

mövzuya həsr etdiyi mahnısı səslənir (sözlərini yadımda deyil 

kim yazmışdı). Rıskin dirijorluq edir və Müslüm səsinin və 

istedadının var gücüylə qocalıb haprımış Baş katibin gözlərini 



 628 

yaşardır. Az qala melodeklomasiya kimi səhnədən bir başa 

Brejnevə xitab edərək: "Yadındamı, Kiçik torpaqda filan-filan" 

və bu kimi sözləri oxuyur.  

Brejnev yazığın çənəsi  əsir, gözlərindən yaş  gəlir (Bunu 

mən artıq sonra televiziya ekranında təkrar translyasiya zamanı 

görə bildim). Brejnev ağlayır və yanında  əyləşmiş 

Çernenkonun bütün bu xatirələr vecinə olmasa belə, o da şefinə 

baxıb dəsmal çıxardır və gözlərini silir. Aman Tanrım… 

Amma indi bax bütün qəzetlər Stalinin özbaşınalığını  və 

Brejnevin  şıltaqlıqlarını "qoçaqlıqla" ifşa edirlər. "Pravda" 

qəzeti ləzzətlə yazır ki, Brejnevin adı verilmiş  hər yerdən adı 

götürülür.  

 Mart 1988 

 

Erməni terrorçuluğunun zəngin  ənənələri var. Əsrin 



əvvəllərindəki mauzeristlər və onların bugünkü davamçıları 

əslində yalnız ermənilərə qarşı hər hansı bir cinayət işlətmiş və 

yaxud bunu güman etdikləri adamları öldürmürlər. Yox, 

düşmən saydıqları millətin  ən parlaq, humanist, rəhmdil 

adamlarına qəsd edirlər ki, qarşı  tərəfi başsız qoysunlar. 

Dirilərə qarşı bu fiziki terror ölülərə qarşı  mənəvi terrorla 

tamamlanır. Babəki, Koroğlunu, Qaçaq Nəbini qaniçən 

adlandıraraq, sözün əsl mənasında, qaniçən Androniki öz milli 

qəhrəmanları sayırlar.  

(Bu sözlər 80-ci illərin ikinci yarısında yazılıb. O vaxt heç 

ağlıma gəlməzdi ki, gün gələcək, ermənilər yox, özünü 

azərbaycanlı sayan bəzi alimlər, jurnalistlər eyni erməni 

hiddətiylə və eyni erməni terminləriylə Babəkə, Koroğluya, Şah 

İsmayıla, Qaçaq Nəbiyə hücum çəkəcəklər - sonrakı qeyd). 

Ermənilər Androniki milli qəhrəmanları sayırdılarsa, sovet 

vaxtında ayrı-ayrı  şairlərdən və yazarlardan başqa küll olaraq 

Azəbaycanda Andronik haqqında güldən ağır söz deyən yox 

idi. Bizim bu "dözümlülüyümüzə" qarşısa ermənilər müqəddəs 

saydığımız insanlara – Üzeyir Hacıbəyova, Cəlil 



 629 

Məmmədquluzadəyə, Nəriman Nərimanova çirkab atmağa 

başladılar, onlara millətçi dedilər. "Bahadır və Sona", "Əsli və 

Kərəm", "Kamança"nı yaradanlar millətçiymiş?  

(Köhnə yazımın bu yerində yenə  də bizim günlərin 

müdaxiləsini acı-acı qeyd edirəm. Ermənilərin Mirzə  Cəlilə, 

Nəriman Nərimanova hücumlarına iyirmi ildən sonra öz 

"qeyrətli donosbazlarımız" qoşuldu. Mirzə  Cəlili vətən xaini, 

Nərimanovu satqın, Füzulini şarlatan adlandırdılar – sonrakı 

illərin qeydi). Gərək qulaqların kar, gözlərin kor olsun ki, 

"Kamança"da səslənən yüksək insansevərlik və humanizm 

melodiyasını  eşitməyəsən. "Usta Zeynal"dakı bir ötəri 

replikaya görə Mirzə Cəlili faşist adlandırmaq üçün isə yalnız 

kar və kor yox, həm də dəyyus olmalısan.  

Erməni terroristlərinin – mənəvi və fiziki terroristlərin – 

məqsədi düşmən saydıqları millətin dəyərli insanlarını ya 

aradan götürmək, ya ləkələməkdir və beləliklə, onun tarixini, 

mədəniyyətini yoxa çıxarmaqdır ki, bundan sonra yekə-yekə 

bəyan etsinlər, görün, bizim qarşımızdakı düşmən kimdir – 

mədəniyyətsiz, keçmişsiz vəhşi köçərilər. Nə tarixləri var, nə 

torpaqları, nə ədəbiyyatları. Odur ki, nələri qalıbsa qarət etmək 

qənimətdir – ərazilərini, folklorlarını, musiqilərini, hətta 

yeməklərini.  Əsl genosid, soyqırımı – mənəvi genosid bax 

budur.  


(Yenə də bu günün acı təcrübəsi: bizim zamanda bu məkrli 

erməni planlarının  ən yaxşı icraçısı  bəzi mətbuat 

orqanlarımızdır – məhz belə  qəzetlərin səhifələrində 

Azərbaycan xalqının keçmişi təftiş olunur, tarixinin, 

ədəbiyyatının, elminin ən dəyərli insanlarına çirkab atılır. 

Bunlar birbaşa erməni göstərişiyləmi edilir, bilmirəm, bu 

barədə bir şey deyə bilmərəm. Amma istisna etmirəm ki, 

xaricdəki erməni lobbisinin maddi dəstək verdiyi müxtəlif 

beynəlxalq təşkilatların bu işdə barmağı var. Hər halda məqsəd 

ki eynidir – Azəbaycan xalqının bütün mənəvi dəyərlərini 

hissə-hissə, parça-parça, tədriclə  sıradan çıxarmaq – indiki 


 630 

illərin qeydi). 



*** 

Aşkarlıq bizə bir şeyi də açdı.  İlk baxışda bu parodoksal 

görünsə də, müəyyən bir hadisə haqqında məlumat verməmək 

– özəlliklə  də bu böyük və ucu-bucağı görüməyən ölkədə – 

həmin hadisənin olmamasına bərabərdir. Yəni bir olay 

haqqında xəbərin yoxdursa, sanki o, yerli-dibli olmayıb. Sovet 

vaxtında təbii və qeyri-təbii fəlakətlərin onda biri haqqında 

məlumat ya veriləydi, ya heç verilməyəydi.  İndi hər gün, hər 

saat zəlzələlər, yanğınlar, təbii fəlakətlər, batan gəmilər, 

toqquşan qatarlar, qaçırılan, ya qəzaya uğrayan təyyarələr, 

manyakların və sadistlərin cinayətləri haqqında eşidəndə, 

oxuyanda bizə elə  gəlir ki, bütün bunlar yenidənqurmanın və 

aşkarlığın nəticəsidir və qismən də haqlıyıq. "Əvvəllərdə  də 

bütün bunlar olurdu, amma biz xəbər tutmurduq" – demək də 

məsələyə tam aydınlıq gətirmir. Totalitar sistemin (biz isə 

ətalət üzrə  hələ o sistemin ölçüləriylə yaşayır və düşünürük) 

prinsipi belə idi ki, kütləvi  şüur üçün mövcud olan, yalnız 

haqqında xəbər verilən hadisədir.  İngilis yazıçısı Corc Ourel 

"1984 -cü il" adlı antiutopik romanında bu fikri absurda 

çatdırıb – qəzəbə keçmiş hər hansı bir adamın adını belə bütün 

kitablardan, dəftərlərdən silməklə, sanki, belə bir adamın 

tarixdə hacansa mövcüd olduğu da inkar edilir. İkinci bir 

məsələ də var – hər hansı bir təbii, ya qeyri-təbii fəlakət lokal 

miqyaslı ola bilər. Amma o müasir KİV-in gücüylə bütün 

dünyaya bəyan ediləndə daha iri miqyaslar qazanır. Başqa 

sözlə desək, bu fakt həqiqi meyarlarından qat-qat böyük 

əhəmiyyətə malik olur və bu sayaq başqa kataklizmlərlə bir 

sıraya düzülərək Qiyamət gününün yaxınlaşması haqqında 

duyumları şüurlara yeridir. "Ağzını xeyirliyə aç" – deyimi var. 

Ağız yalnız belə-belə fəlakətlərə və faciələrə açıldıqda, elə bil, 

onlara yol göstərir. Vətəndaş müharibəsi qorxusu, siyasi 

çevriliş  təhlükəsi, Stalin qantökməsinə qayıdış haqqında 

fərziyyələr belə bir mənhus gələcəkdən soraq verir – şüurlarda 


 631 

bütün bunlar qaçılmaz labüdlük və hökmən həyata keçəcək 

dəhşət kimi qavranılmağa başlayır.     


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin