Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

*** 

İnsanın İçəri dünyasını poetikləşdiririk. Sevdiklərimizə "sən 



 608 

mənim qəlbimsən, ürəyimsən, ciyərimsən" deyirik. Amma 

əslinə qalsa, insan bədəninin içərisi üfunətli bir yerdir. 

Dünyanın  ən ləziz təamları  ağzımızdan içəri girib 

bədənimizdən murdarcasına çıxır. Belə olan surətdə insan 

boğazı tualet deşiyi, bağırsaqları kanalizasiya boruları 

funksiyasını yerinə yetirmirmi? Hər canlı  məxluqun gövdəsi 

nəcis və peyin istehsal edən fabrik, müəssisə deyilmi? Belə 

baxış da ola bilər, amma insanı, canlını alçaldan bu baxışın 

əks-müddəası odur ki, qidalar insanı yaşatmaqçün, həyatın 

ləzzətlərini təkrar dadızdırmaq üçün, qışda qızdırmaq, yayda 

soyutmaq və  hər mövsümdə diri saxlamaq üçündür. Fizioloji 

baxımdan insanın içini zavoddan, borudan, dəmirdən-

dümürdən fərqləndirən də budur. 



*** 

Azadlıq nə gözəl şeydir. Zəncir nə pis şeydir. Amma bir var 

qolunun zəncirini qırıb sərbəst olasan, bir də var itin zəncirini 

açıb onun-bunun üstünə qısqırdasan. 



*** 

İsti bir gündə  tər tökə-tökə balkonda oturub televizora 

baxıram. Televiziya aparıcısı deyir ki, Anar müəllimdən 

müsahibə almaq istəyirdik, müsahibə verməmək üçün bu 

soyuqda bağa gedib. 

Ay bala, insafın olsun, mənim haqqımda nə yalan deyirsən 

de, nuş olsun, heç olmasa, hava haqqında yalan demə. 

*** 

Rusiya heç cür azad ölkə olmaq istəmir. Onun idealı xalqlar 

məhbəsi olmaqdır. Dərk etmir ki, məhbəsdə hamı dustaqdır – 

dustaqların özü də, onların qaravulçuları da… 



*** 

Bəzi müxalifət tərəfdarları ilə  bəzi iqtidar tərəfdarlarının 

fərqi ondadır ki, birincilər sabah hər şeyi qapışdıracaqlarına və 

qamarlayacaqlarına ümid bəsləyir, ikincilər isə "bu günün işini 

sabaha qoyma" fikriylə hər şeyi elə indi məngirləməyə çalışır.  

*** 


 609 

"İnsaf dinin yarısıdır" – deyiblər. Dinləri, imanları var ki, 

hələ onun yarısı da olsun? 

*** 

İslamdan qabaq məğrurluğu, igidliyi, möhkəmliyi ifadə edən 

türk adları: Toğrul, Qazan, Arslan, Teymur, Doğan, Yılmaz, 

Yıldırım, Qorxmaz… 

Köləlik  şüurunun yaratdığı adlar: Allahqulu, İmamqulu, 

Məmmədqulu,  Əliqulu, Həsənqulu, Hüseynqulu, Qurbanəli, 

Qulamhüseyn, Qulaməli və s. 

*** 

Özümü ona görə güclü hiss edirəm ki, başımın üstündə iki 

böyük qüdrət var: Allah və Vaxt. Daha doğrusu, tək bir varlıq: 

– Allah, çünki Vaxt da elə Allahın səbridir. Allah: – Tələsik 

nəticələr çıxarmayın, darıxmayın, darılmayın, səbriniz olsun, – 

deyir. – Zaman hər  şeyi yerbəyer edəcək. Hər  şey vaxtında 

həqiqi və ədalətli qiymətini alacaq. Vaxt – səbr deməkdir. Səbr 

– vaxtın ölçüsüdür. 

Tarix də Allahın səbridir. 

*** 

Zərb məsələrin, atalar sözünün, ideomatik ifadələrin 

mənasını  və  məğzini anlamaq istəyənlər bizim idarəyə 

gəlsinlər: hamam suyuya dost tutanlar da burdadır, çörəyi 

dizinin üstündə olanlar da. Ortada yeyib qıraqda gəzənlər də, 

dəymə  mənə, dəymərəm sənə deyənlər də, ipinə odun 

yığılmayanlar da, Tazacıq aşım, ağrımaz başımU söyləyənlər 

də… 


*** 

Demə, evini bir neçə kvadrat artırmaq naminə bütün 

əqidələrini kənara atmaq, münasibətlərini pozmaq, məsləkini 

dəyişmək olarmış. Demə, məsləki – mənzilmiş. Mənzil 

Məsləkli – lap, elə bil, şair təxəllüsüdür. Hansı xəbis keyfiyyət 

qaldı ki, belələrində olmasın – ikiüzlülük, yox iki azdır, 

minsifətlilik, yalançı səmimiyyət, saxta sadəlövhlük və bu guya 

ki, xəyalpərvər, ruhu göylərdə  gəzən laübali sənət adamının 



 610 

maskası altında xainlik, satqınlıq, namərdlik, işi düşəndə, 

quyruğu qapı arasında qalanda xoşqılıqlıq, yalmanmaq, 

tüpürdüyünü yalamaq, quyruğu qapı arasından çıxan təki, guya 

ki, özünü məğrur aparmaq, guya ki, dikbaşlıq, heç kəsi 

saymazlıq. O halda ki, bu yalançı dikbaşlığın dalında yenə də 

kiminsə fitvası durur. Qoldoninin personajı iki ağanın bir 

nökəriydisə, bu – üç ağanın bir nökəridir. Çünki ilk 

gəncliyindən yalnız kiminsə qoltuğunda olmağa adətkərdə 

olub. Və qoltuğuna sığındıqları kimin üstünə  qısqırtsalar, onu 

da qapacaq.  

*** 

Kağıza ilk sözü, ilk cümləni yazdınmı, daha vərəqdən ayrıla 

bilməyəcəksən. Sözlərin, fikirlərin zəncirvari reaksiyası 

başlayacaq, sözdən söz, fikirdən fikir doğacaq. Xatirələr axını, 

təəssüratlar axını, düşüncələr axını, hisslər seli qələmini 

qabağına qatıb aparacaq. Və birdən çat vermiş bənddən əvvəlcə 

sızan, sonra bəndi dağıdıb gur gələn sel kimi bu yazı axını elə 

şiddətli olacaq ki, onu ram etməyi bacarmayacaqsan. Macal 

istəyəcəksən ki, ağlına gələnləri kağıza köçürməyə imkan 

olsun, yox, mümkün deyil, bir dalğanı cilovlamamış arxadan 

gələn söz, fikir dalğası onu basıb altına alacaq, itirəcək və onun 

özünü də yeni gələn dalğa yorğan kimi örtəcək.  



*** 

Folknerin məşhur fikri var. Deyir ki, onun təxəyyülünün 

məhsulu olan Yoknapatafa qəsəbəsi (daha doğrusu, dairəsi) 

coğrafi xəritədə poçt markası boyda görünərdi, amma bu 

kiçicik  ərazi dünyanın bütün genişliyini,  əlvanlığını  və 

mürəkkəbliyini ehtiva edir, qapsayır. Bu dairə ancaq bir ştatın 

xəritəsində poçt markası miqyasındadır, dünya və  hətta ABŞ 

xəritəsində kiçik bir nöqtə kimi də görünməzdi. Amma, təbii 

ki, məsələ bunda deyil. Məsələ ondadır ki, Folknerin bu doğru 

fikrini  əsas götürən bəzi yazıçılar da, uydurduqları kiçik bir 

coğrafi  ərazini dünyanın modeli kimi göstərməyə çalışırlar. 

Ancaq unudurlar ki, Şekspir də, Dostoyevski də, elə Folknerin 



 611 

özü də xudmani bir məkan içində dünyanın ən qəliz hisslərini, 

insan münasibətlərinin ən anlaşılmaz dönüşlərini, insanın daxili 

aləminin  ən dərin quyularını çözə, açıb göstərə biliblər. Poçt 

markasının – kiçik coğrafi  ərazinin sırf empirik təsviri isə, ən 

yaxşı halda, ekzotik bir məkanın mənzərəsindən artıq deyil. 

Amma məsələnin başqa bir tərəfi də var… Folkner metodu 

yazıçı dünyagörüşünün və dünyaduyumunun yeganə üsulu 

deyil. Məsələn, Heminqueyi ancaq öz xəyali Yoknapatafasında 

(əgər beləsini başqa bir adla uydursaydı da) təsəvvür etmək 

mümkün deyil. İtaliyada, Fransada, İspaniyada müxtəlif 

müharibələrdə  iştirak etmədən, gəncliyində Parisin boqema 

həyatıyla, ya İspaniyada korridalara tamaşayla, orta yaşlarında 

Afrikada  şir ovuyla yaşamasaydı, qocalığında Kubada 

balıqçılığa həvəslənməsəydi və bütün bunların təcrübəsini 

yazılarına gətirə bilməsəydi, Heminquey Heminquey olmazdı.  

Doğrudur, indi elə zaman gəlib ki, bizim nəslin gənclik 

ədəbi kumiri Heminquey gözdən düşüb. Özü də yalnız yeni 

nəsillərçün yox, elə bizim nəslin bəzi öz keçmişlərinə dönük 

çıxmış nümayəndələri üçün də. Qəribədir, insanlar çox vaxt ən 

amansız nifrəti haçansa dəlicəsinə sevdiklərinə qarşı duyurlar. 

Folknerin böyük yazıçılıq qüdrətinə pərəstiş etməyimlə bərabər 

Heminqueyi də  gəncliyimin bir hissəsi kimi yaddaşımdan və 

qəlbimdən çıxarıb ata bilmirəm. Ümumiyyətlə, bir böyük 

yazıçını,  şairi sevmək başqasını mütləq inkar etmək, danmaq 

deyil. Tolstoyun ilahi genişliyinə, Dostoyevskinin dahiyanə 

dərinliyinə heyran olmaqla bərabər, Çexovun incəliyinə, 

həssaslığına, yumşaq niskilinə, qüssəli yumoruna və  şux 

kövrəkliyinə də valehəm.  

Mənimçün  ədəbiyyatda da, incəsənətdə  də hissi, duyğusal, 

insanın yalnız ağlına deyil, qəlbinə də təsir edən örnəklər daha 

yaxındır. Bunu bəzən xasiyyətimdə  də, yazılarımda da 

sentimentallığa meyllə izah edirlər.  Əgər belədirsə, mən 

sentimentallıqdan qorxmuram. Sənətdə sentimentallığın 

tərəfdarıyam. Amma bu Sternin, Karamzinin "Bədbəxt 


 612 

Liza"sının, ya "Solğun çiçəklərUin sentimentallığı deyil. 

Mənimçün bu mənada Füzuli də sentimentaldır, Çexov da

Şopen də, Çaplin də, Fellini də…  

Yenə  də Yoknopatafa, kiçik vətən və poçt markası 

mövzusuna qayıdaraq Tolstoyun sözlərini yada salıram. 

Tolstoy "mənimçün Yasnaya Polyanasız Rusiya yoxdurU – 

deyir. Elədir. Amma axı "Rusiya elə ancaq Yasnaya 

Polyanadır" demir. Moskvanın və Peterburqun kübar salonları 

da, Napoleonla müharibənin Borodinosu və Austerlitsi də 

Tolstoyçün eyni mənada Rusiya, onun tarixi və taleyidir.  

*** 

Allaha inanırsansa, məntiqi olaraq O dünyaya, ruhların 

əbədiliyinə  və insanın ölümsüzlüyünə  də inanırsan. Beləliklə, 

son nəticədə  həyatın mənasına, tarixin ədalətinə, bu dünyanın 

mizan-tərəzisinə inanırsan. Allaha inanmırsansa, deməli, başqa 

heç nəyə  də inanmırsan, nə  həyatın mənasına, nə insan 

varlığının hər hansı bir qiymətə malik olmasına: heçdən gəldin, 

heçə getdin, vəssalam… 



*** 

O mənim haqqımda yazır ki, mən Mirzə Cəlilin təhlilçisindən 

personajı olmuşam. Bəli, olmuşam, düz deyir. Şeyx Nəsrullahlar 

və ölülər içində özümü Kefli İskəndər kimi hiss edirəm.  



*** 

Oxucularımızın çoxu Molla Nəsrəddinin məşhur lətifəsində 

olduğu kimi ancaq dəfələrlə eşitdiyini bir də eşitmək, əvvəldən 

onsuz da bildiyini bir daha bilmək istəyir. Bu dönə-dönə 

eşitdiklərini, bildiklərini, qulağına tanış olanları  hələ üstəlik 

nəzmə də çəkiblərsə, bunu əsl şer sayır.  



*** 

Hirsli cavanlarımızdan biri yazır ki, Anar, Əkrəm, Yusif, Elçin 

heç vaxt Kafka, Folkner olmayacaqlar. Demə, kimin Kafka, kimin 

Folkner olmasını yumurtadan dünən çıxıb bu adları  təzə  eşidən 

cücə  təyin edir. Bəlkə bizim hər hansı birimiz nə Kafka, nə 

Folkner olmaq istəyirik, məsələn, tutalım, mən Aalı Tokambayev, 



 613 

yaxud Mamin-Sibiryak olmaq niyyətindəyəm. Onda necə?  



*** 

Dini xadimlər var ki, onlar üçün din – əqidə  və inam yox, 

peşədir, iş yeridir. 

*** 

O, xırda adam deyildi, xırdaçı idi. 



*** 

O, rəqs edirdi və qolu, boynu açıq, tarım paltarının içində 

cilvələnən oynaq, hərəkətli bədəni sanki geyimindən sıyrılıb 

çıxmaq istəyirdi.  



*** 

Vallah, bəzən adama elə  gəlir ki, bunlar ikiüzlülükdən, 

riyakarlıqdan xüsusi seksual ləzzət alırlar. 

*** 

Həzrət  İsa olmasam da, əstəğfürullah, yan-yörəmdə xeyli 

İuda varmış.  

*** 

Deyir ki, səni on dəfə tərifləmişəm, bir dəfə tənqid etsəm nə 

olar? Heç nə, sağlığın. Nə olacaq ki? Amma tənqid də var

tənqid də, daha doğrusu, təhqir də.. Sənin məntiqin belədir ki, 

on dəfə başını  sığallamışam, bir dəfə başını  kəsəndə  nə olar? 

Amma başımı kəsməyi çox da asan bilmə… 



*** 

Lissabon sammitində 30 ölkə (o cümlədən Azərbaycan) 

qətnamənin lehinə, yalnız bir ölkə (Ermənistan) bu qətnamənin 

əleyhinə  səs verib. Bizim müxalifət kimin tərəfindədir, bu 

qətnamənin lehinədir, ya əleyhinə?  

*** 

Yazır ki, yuxumda Yazıçılar Birliyini tövlə kimi gördüm. 

Burda təəccüblü nə var ki? Özünə yaxın və doğma məkanları 

yuxuda görüb qəribsəmək təbii haldır.  

Elə hey deyir ki, O – pisdir, Mən – yaxşıyam. Buna kimi 

inandırsa da, hələ ki, özünü inandıra bilməyib.  İnandırsaydı, 

hər çıxışında bu qədər israrlı təkrar etməzdi.  


 614 

*** 

Çağdaşlarının anlayacaqlarını gözləmirdi. Ancaq ölümündən 

sonra anlanılacağına ümid edirdi. Düşünürdü ki, o zaman, haçansa 

uzaq gələcəkdə  şəxsiyyətinin miqyasları çağdaşlarını heyrətə 

gətirəcək, onları heyran qoyacaq, düşmənlərini isə  xəcil edəcək. 

Ağlına gəlmirdi ki, uzaq gələcəkdə axı çağdaşlarının da heç biri 

qalmayacaq ki, təəccüblənsin, ya xəcil olsun. Əgər ağlı çaşmış, 

qartımış bir qoca o vaxta qalsa belə, heç nəyi xatırlamayacaq və 

heç nəyi dərk etməyəcək.  

*** 

Dünya yer üzündə  cənnət olardı, insanlar onu elə yer 

üzündəcə  cəhənnəmə döndərməsəydi. Və  məhz elə buna görə 

də  ən adil Hakim – Allah insanları  ən ağır cəzaya – ölümə 

məhkum edib. Doğrudan da, insanlar bir-birini öldürəcəksə, 

əbədi həyat nəyinə gərək? 

 

Sovet düşüncəsi müəyyən anlamda dini dünyaduyumudur. 



Xristianlığın Rusiya tərəfindən qəbul edilməsinin 1000 illiyini 

qeyd edərkən bu olay mənfi, yaxud müsbət dəyərləndirilmir. 

Rusiyanın xristianlıqdan öncəki inanclarını xatırlamırlar, 

ortodoks (pravoslav) təliminə  də qiymət vermirlər. Ancaq 

Rusiyanın Bizansdan gələn dini ənənəyə mənsub olduğu qeyd 

edilir. Bu dini əqidənin könüllü, ya zorla qəbul olunması, 

sonrakı mürəkkəb taleyi də önəmli deyil. Eynən müsəlman 

xalqları da bəzən İslamı qılınc gücünə qəbul etmiş olsalar belə 

və  hətta bəzi daha öncəki inancarının qalıqlarını  nə  şəkildəsə 

qoruyub saxlasalar da, İslama yalnız yeganə düzgün təlim kimi 

deyil, həm də daha artıq dərəcədə, min illər  ərzində 

mənimsənilmiş  mədəniyyət və  məişət cəhətləriylə bağlıdırlar. 

Bu baxımdan sovet düşüncə və yaşama tərzi də artıq bir çoxları 

üçün Xeyir və  Şər anlayışlarının dışındadır, bu həyat və 

düşüncə  tərzi artıq bir neçə  nəslin - əcdadlaırımızın da o 

cümlədən yaşadıqları və öldükləri bir dövrdür. Və  məhz buna 

görə  də  həmin sovet dünyaduyumu onlarçün üzvi xarakter 


 615 

daşıyır, bəyan olunan, yaxud icra olunan əxlaqi, ictimai və 

fəlsəfi prinsiplərdən asılı deyil.  

*** 

Mən millətlərin  əzəli və fatal düşmənçiliyinə inanmıram. 

Xalqların, insanların, siniflərin, irqlərin və dillərin bir-birinə 

qənim kəsilməsinə inanmıram. Düşmənçilik – doğuluş, ölüm, 

sevgi və  əmək kimi həyatın  əzəli  şərtlərindən deyil. 

Düşmənçilik çox vaxt bir-birini başa düşməməkdən, yaxud 

düzgün başa düşməməkdən  əmələ  gəlir. Ona görə  də 

ədəbiyyatın vəzifəsi bu anlaşılmazlıqları aradan götürmək, 

insanlara, xalqlara, başqa dinə tapınanlara, başqa sinfə, başqa 

irqə  mənsub olanlara – Allahın yaratdığı başqa insanlar, 

xalqlar, dinlər, irqlər, siniflər haqqında həqiqəti, olanları 

olduğu kimi çatdırmaqdır, dözümlülüyü təbliğ etməkdir. Həzrət 

İsa da məhz dözümlülüyü təbliğ edirdi və onun mübahisəsində 

ən tutarlı arqumenti öz həyatı, daha doğrusu, öz əzablı ölümü 

oldu. Bütün dinlərin, təlimlərin fanatikləri yalnız öz əqidələri 

uğrunda həlak olurdular, Həzrət  İsa isə hamını anlamaq, hər 

təlimə, dinə dözümlülük yolunda həlak oldu. Bundan sonra onu 

edam edən fanatiklərin ardıcılları  İsanın təlimi naminə bütün 

başqa cür düşünənləri və başqa  əqidəyə tapınanları  məhv 

etməyə başladı. Tarixdən çıxardığımız bədbin nəticə budur. 

Rersonajlar, təlimlər dəyişir, amma düşmənçilik, dözümsüzlük 

toxumları elə hey yenidən cücərib boy verir.  



*** 

İnqilablar qum saatı kimidir, məqamı  gələndə saat kəllə-

mayallaq olur, aşağı tərəf başa, baş tərəf alta keçir. Zaman isə 

yenə  də qum dənələri kimi durmadan tökülür. Ta yenidən 

saatın baş-ayaq olacağı günə qədər… 

*** 

Tarix neçə dəfə təkrar olunar? 1848-ci ildə Çılğın Vissarion 

(Vissarion Belinski nəzərdə tutulur) yazırdı: "Xeyli sayda 

balaca "böyük" adamlar peyda oldu, əllərinə  dəftər alıb 

Müqəddəs Gilyotin adlandırdıqları maşının yanında dayandılar 


 616 

və  cəhd etdilər ki, hamını döndərib qədim romalı eləsinlər. 

Şairlərə  əmr etdilər ki, Azadlıq naminə Respublikaçılıq 

ideyalarını  təbliğ etsinlər – elə düşünürdülər ki, sənət 

cəmiyyətə xidmət etməlidir. Mütəfəkkirlərə  əmr etdilər ki, 

yenə də Azadlıq naminə hüquqların bərabərliyini sübut etsinlər. 

Azad ilham və  sərbəst düşüncəyə sadiq qalaraq əksini isbat 

etmək istəyənlərin isə – Azadlıq naminə boynunu vururdular. 

Sənət və müstəqil düşüncə məhv oldu – artıq ideyaların inkişafı 

yoxdur, təfəkkürün tərəqqisinin qarşısı həmişəlik alınıbU. 

Qəribədir ki, bu sözləri Belinski deyir, özü də daha çox 

yakobin tipli inqilabçı olan, radikallar radikalı "Çılğın 

Vissarion". Deməli, o da Azadlıq naminə edilən repressiyaların 

faciəvi nəticələrini öncədən görə bilmişdi. Bənzər öngörüm 

daha parlaq, dahiyanə  və  dəhşətli  şəkildə Dostoyevskinin 

"Şeytanlar" romanında əks olunub. Bu romanıyla Dostoyevski 

faktiki olaraq XX əsrdə bütün rus tarixinin falını açıb.  

*** 

Xadqın da, hər bir insanın da yaddaşı olmalıdır, amma 

yadında saxlamaq – kin saxlamaq deyil. Eləcə  də  ləyaqət, 

özünə hörmət hissi özünəheyranlıq, özünəməftunluq,  

özünəvurğunluq duyğusuna çevrilməməlidir. 

*** 

Mənə onu bağışlamırlar ki, taleyim ən ağır bir sınağa 

çəkməyib – ölmək və ya vicdanla yaşamaq seçimi qarşısında 

qoymayıb məni.  



*** 

Cəlaləddin Ruminin məşhur çağırışında – müxtəlif dinlərə, 

müxtəlif  əqidələrə  mənsub olan və  hətta heç bir dinə 

tapınmayanları öz məbədinə çağırışında, məncə,  ən dərin 

məqam odur ki, Mövlana: " Yüz dəfə tövbə etmisənsə və yüz 

dəfə tövbəni pozmusansa da, yenə gəl" deyir. Bu insan xislətini 

anlamağın ən dərin səviyyəsidir.  

*** 

İslamın bir xüsusiyyəti də ondan ibarətdir ki, millət anlayışı 



 617 

inkar edilir, daha doğrusu, lazımınca dəyərləndirilmir. Ümmət 

anlayışı millət anlayışından qat-qat üstündür İslamda. Eləcə də 

milli dillərin varlığı önəmli deyil. (Halbuki, ərəb dili və fars 

dili zərrə qədər də öz mövqelərini itirməyib). İndiyəcən İslamın 

dini ayinləri bu dinin yarandığı dildə – ərəb dilində icra olunur 

və müsəlman xalqlarının  əksəriyyəti üçün anlaşılmaz qalır. 

Amma İslam da elə anlaşılmaq yox, qeydsiz-şərtsiz tapınmaq, 

ibadət tələb edir. Şüurla deyil, duyğularla qavranılan dualar 

bəlkə də daha böyük təsir gücünə malikdir.  

Hər hansı din mənəviyyatın və  əxlaqın daşıyıcısı olduğunu 

iddia edir. Qədim hindlilərin Manu qanunları, yəhudilərin, 

xaçpərəstlərin, müsəlmanların dini qanunları insan həyatının 

bütün sahələrini ehtiva edir, onun mənəvi dünyasını  və 

davranış qaydalarını müəyyənləşdirir. "Öldürmə, oğurluq etmə, 

zina etmə, xəyanət etmə, aldatma, özgə malına göz dikmə" – 

əlbəttə, bu universal dəyərlər hər bir dinin əxlaq prinsipləridir. 

Sital ateizm yolunda bu dini prinsipləri rədd etməyin acı 

nəticələrini gördük. Amma bununla belə, mənə elə  gəlir ki, 

vahid Allahın müxtəlif dinlərə görə müxtəlif  şəkildə  təqdim 

etmək cəhdləri insanları birləşdirməkdən daha artıq ayırır. 

İnsanları daha çox mədəni dəyərlər birləşdirə bilər. Öz 

yaradıcılıqlarında dini motivləri  əks etdirmiş Bax, Rafael, 

Mikelancelo yalnız xristianların deyil, bütün insanların – 

yəhudilərin, müsəlmanların, buddaçıların mənəvi sərvətidir. 

Eyni cür İspaniyada, İstanbulda, Qahirədə, Qüdsdə, İsfahanda, 

Səmərqənddə  İslam memarlıq abidələri, Hindistanda Tac-

Mahal yalnız müsəlman mədəniyyətinin deyil, bütün 

bəşəriyyətin ortaq inciləridir.  

*** 

İnsan təbiətindəki  əzəli cəhətləri saya salmaya bilmərik, 

insan xislətində xeyir, mərhəmət, məhəbbətlə yanaşı, qəddarlıq, 

zülm etmə, əzazillik potensialı da var. Bunlarla bəradər, insana 

qorxu və ümid hissləri də xasdır. Etdiyi qəbahətlərə, ya 

cinayətlərə görə  cəza çəkəcəyinin qorxusu və gördüyü yaxşı 



 618 

işlərin  əvəzini alacağına ümid. Beləliklə, Allahı  və dini inkar 

etmək – insan davranışına təsir mexanizmini zəiflətmək 

təşəbbüsüdür. Dostoyevski demişkən, Allah yoxdursa, demək 

hər şey etmək olar.  

Nə  qədər ki, insanlıq ölümə qarşı gücüzdür, onun əbədi 

həyat, o dünya haqqında ümidlərini  əlindən almaq 

insafsızlıqdır.  İnsan gərək haçansa başqa bir dünyada itirdiyi 

əzizləriylə görüşəcəyinə ümid bəsləsin. Bu həyatın 

ədalətsizlikləriylə üzləşdikcə hardasa başqa bir dünyada 

ədalətin bərqərar olunacağına inanmalıyıq. Bu dünyada izahsız 

görünən mətləblərin başqa bir dünyada açılıb izah olunacağına 

əmin olmalıyıq.  

*** 

Əgər bütün dinlər yalnız insan naminə nazil olubsa, nəyə 

görə  ən xırda və  mənasız mətləblər üstündə  dəryalarcan qan 

tökülür, göz yaşları axıdılır – hansı binanın üstündə hansı işarə 

– xaçmı, ayparamı ucaldılması bir yana dursun, xristianlığın öz 

içində necə xaç çəkmək, necə dua etmək, hansı ayinləri necə 

icra etmək üstündə qanlı  çəkişmələr minlərlə, milyonlarla 

insanın ölümünə səbəb olur. Eləcə də sünni-şiə məsələsi.  



*** 

Şiəlik çoxmillətli İranı birləşdirmək üçün çox əlverişli oldu. 

"Şiə", "müsəlman" – "fars, türk, kürd" anlayışlarını aradan 

qaldırır. Amma bu, bir tələdir. Bütün başqa millətlərin milli 

mənsubiyyəti  əridilir ki, bir hakim millətin – farsların 

hökmranlığı, dil hegemonluğu təsdiq olunsun. İran 

azərbaycanlıları  bəzən özlərinə  təsəlli vermək üçün, "bəli, biz 

müsəlmanıq,  şiəyik, iranlıyıq, amma fars deyilik"-deyirlər. 

Əgər İran ən əvvəl rəsmi dövlət dilinə görə fars dövlətidirsə, bu 

təsəlli ancaq özünüaldatmadır. Başqa bir təsəlli odur ki, İranın 

rəhbərliyində xeyli Azərbaycanlı var, bəlkə hətta farslar qədər. 

Olsun. Sovet dövlətinin başında otuz il gürcü Stalin dururdu, 

amma məgər SSRİ rus dövləti deyildi? Ya Mikoyan Ali 

Sovetin sədri olanda erməni dövlətinə çevrildi?   



 619 

SSRİ – Rus dövəti idi, həmişə  də rus dövləti kimi qaldı. 

Stalinin qızı Svetlana Alilluyevanın xatirələrində belə bir 

məzəli məqam var. Bir gün böyük qardaşı Vasili ona: – 

Bilirsən, bizim atamız əvvəllər gürcü imiş, – deyib.  

Bu gün İranın dini rəhbəri ağayi Xameneyi Azərbaycan 

türküdür, Mirzə  Fətəlinin doğulduğu Xəmnə  kəndindəndir, 

hətta deyilənə görə,  Şeyx Məhəmməd Xiyabaniyə qohumluğu 

da çatır. Çox gözəl.  

İranda olduğumuz vaxt ağayi Xameneyi bizi – Azərbaycan 

nümayəndələrini qəbul etdi. Bir saatlıq görüşdə o, bizimlə 

yalnız farsca danışdı, bizim Azəbaycan türkcəsində 

dediklərimizi isə ona tərcümə edirdilər (halbuki, hamısını gözəl 

başa düşdüyü aydın idi). Farsca çıxışının bir yerində Şəhriyarı 

xatırladı  və "Heydərbabaya salam" poemasından bir beyti 

Azərbaycan türkcəsində oxudu. Görüşdən sonra bizi müşayiət 

edənlər sevinclə: "Gördünüzmü, ağayi Xameneyi türkcə oxudu 

Şəhriyarın misralarını" – deyirdilər.  

Tarix boyu Qəznəvilərdən son Qacarlara qədər İranın bütün 

şahları türklər olub, amma çifayda – dövlət dili şahlar vaxtında 

da, indi respublika quruluşunda da fars dilidir.  

Kommunizmdə hamı bir dildə danışacaq – deyirdilər. 

Əlbəttə, bu dil tuva, xakas, yaxud yakut, çukot dili yox, rus dili 

olacağı nəzərdə tutulurdu.  

Milli cəhətləri inkar edən İslam da məhz bir millətin hakim 

mövqeyinin ideoloji əsaslarını təmin edir.  



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin