ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   25   26   27   28   29   30   31   32   33

SÜVARİ GENERALI YAQUB QULİYEV

Ölümümdən sonra da mən insanlar üçün ulduz və 

cəsarət rəmzi olacam. Mənim adım onlar üçün çağı-

rış, məqsəd və ümid simvoluna çevriləcəkdir.

Napoleon Bonapart (1769-1821)

fransız imperatoru və sərkərdəsi

Azərbaycanlılarla türkmənlər eyni anadan doğu-

lan əkiz övladlardır. Əsrlər boyu məqsədimiz, mura-

dımız da bir olubdur.

Berdı Kerbabayev (1894-1974)

türkmən xalq yazıçısı

Stalinqradın azərbaycanlı qəhrəmanlarından biri də bu günə 

qədər xalqımızın yaxşı tanımadığı – süvari general-mayoru Ya-

qub Allahqulu  oğlu  Quliyevdir.  Həmin  döyüşlərin  qəhrəmanı 

qvardiya mayoru Qaçay Aslanov təsvir etdiyi döyüşlərdə gene-

ral həmyerlimizlə eyni cəbhədə vuruşub. Xatirələrinin yalnız bir 

yerində Qaçay Aslanov onun adını və döyüş fəaliyyətini yada 

salır. Görünür, məlumatı az olub, şəxsən onu tanımayıb.

Əlbəttə, general Yaqub Quliyevi o vaxtlarda tanıyan olsa-olsa 

ancaq general Həzi Aslanov olardı. Ona görə ki, Həzi Aslanov 

da, Yaqub Quliyev də ali zabit heyəti dəstəsinə məxsus idi. Onlar 

müşavirələrdə,  həlledici  döyüş  planının  müzakirəsində,  ordu 

komandanının məsləhət və məşvərətində, şübhəsiz ki, görüşüb 

tanış olmuşdular.

Təəssüf ki, Həziyə müharibədən sağ çıxmaq qismət olmadı. 

O, 1945-ci il yanvarın 24-də qədim kəhrəba diyarı Litvanın Yelqa-

va şəhəri uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldu.


Şəmistan Nəzirli

479


Müharibədən yazılan çoxsaylı memuarlarında, xüsusilə Sta-

linqrad döyüşləri barədə süvari generalı Yaqub Quliyev haqqın-

da  Sovet  İttifaqı  Marşalı  S.S.Biryuzovun  “Toplar  atəş  açmağa 

başlayanda”, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, professor 

S.P.İvanovun “Ordu qərargahı, cəbhə qərargahı”, general-leyte-

nant Həsən Xaraziyanın “Mərdlik yollarında”, Yakob Melkumo-

vun “Türküstanlılar” kitablarında, S.Skoroboqatovun, B.Qudca-

lovun,  general  M.Y.Qryaznovun,  A.S.Kibalnikovun  məqalə  və 

xatirələrində general həmyerlimiz Yaqub Quliyevin milliyyətcə 

türkmən olduğu bildirilir. Hətta, 1942-ci il dekabrın 22-də Sta-

linqrad  yaxınlığındakı  Liski  çayı  uğrundakı  ağır  döyüşlərdə 

qəhrəmanlıqla  həlak  olan,  4-cü  süvari  korpusunun  komandir 

müavini,  general  Yaqub  Quliyevin  cəbhədaşları  dəfn  mərasi-

mindəki mitinqdə and içmişlər ki, “Türkmən ulduzu” heç vaxt 

sönməyəcəkdir. Əzizimiz  Yaqub  bizim  qəlbimizdə həmişə nur 

saçacaqdır, əbədi şölə saçıb ürəklərdə yaşayacaq.

Müharibədən iyirmi beş il keçəndən sonra türkmən tarixçisi 

Roza Bazarova general haqqında yazdığı monoqrafiyasında ilk 

dəfə etiraf etmişdir ki, general Yaqub Quliyev azərbaycanlıdır. 

Tarixçi R.Bazarova 1970-ci il yanvarın 25-də “Ədəbiyyat və sun-

qat” qəzetində monoqrafiyadan bir parçanı dərc etdirmişdir. Ta-

rixçi R.Bazarova yazır: “O, Azərbaycan torpağında – Şuşa şəhə-

rində  anadan  olmuşdur.  Milliyyətcə  azərbaycanlıdır.  Onun 

həyat yolu sıravi döyüşçüdən generaladək yüksəlmiş həqiqi in-

sanın həyat yoludur”.

Bəli,  apardığımız  tədqiqat  və  araşdırmalardan  məlum  olur 

ki, general, doğrudan da, azərbaycanlıdır. Bizim xalqın oğludur. 

Sevindirici  haldır  ki,  türkmən  tarixçisi  R.Bazarova  da  bu  faktı 

etiraf etmişdir. Hələ 1982-ci ildə biz generalın Gəncədə toxucu-

luq kombinatında işləyən bacısı qızı Xədicə Abbasova ilə görü-

şüb,  ondan  dayısı  haqqında  müəyyən  faktları  öyrənib,  foto-

şəkillərini almışdıq. O vaxtlar “Hünər” televiziya proqramında 

veriliş də hazırladıq…


General Əli ağa Şıxlinski və silahdaşları

480


Generalın  türkmən  xalqının  oğlu  kimi  təqdim  olunması  və 

indiyədək  xalqımızın  onu  tanımaması  səbəbsiz  deyil.  Qısa  da 

olsa, bu tarixçəni oxuculara çatdırmaq borcumuzdur. Dahi rus 

yazıçısı Lev Tolstoy çox gözəl demişdir: “Əsl nəşə həqiqəti kəşf 

etməkdə deyil, gec də olsa onu axtarıb həyata keçirməkdədir”.

* * *


Yaqub Allahqulu oğlu Quliyev 1900-cü il yanvarın 25-də fü-

sunkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib. Həmin vaxtlar-

da Şuşada erməni-müsəlman qırğını başlamışdı. Aclıq, səfalət və 

təhlükə  tüğyan  edirdi.  İmperiya  canilərinə  arxalanan  daşnak 

erməniləri havadarlarından silah alıb azərbaycanlıları qırırdılar. 

İnsanların üz-gözündən bədbəxtlik, fəlakət yağırdı. Güzəran Şu-

şada ağır idi. Çörək qıtlığı ərşə qaxmışdı. Hamı ölümdən, aclıq-

dan qaçıb qurtarmaq istəyirdi.

Həmin illəri tərcümeyi-halında təsvir edən məşhur yazıçı Yu-

sif Vəzir Çəmənzəminli (1887-1943) ürəkağrısı ilə yazırdı: “Çar 

hökuməti Şuşadakı erməni kilsəsinə məxsus əmlakı almışdı. Bi-

zim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmişdi. 

Bizimlə hesablaşan kim idi ki?.. Rusiya-Yaponiya müharibəsi və 

inqilab iğtişaşlarından istifadə edərək daşnak firqəsi terrora baş-

ladı:  günün  günortaçağı  hökumət  məmurlarını  küçələrdə 

öldürməyə başladılar. Şuşada da az adam qırmadılar.

Ermənilər bərk hazırlaşır: bol tüfəng, tapança, patron alırdı-

lar. Daşnak fədailərinin əlindən şəhərdə yer yoxdur. Şuşanın iq-

tisadi vəziyyəti fəna olduğu üçün sənət və işi olmayanlar çəkilib 

kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı 

və bir qismini də Aşqabad cəlb edirdi”.

Bu bəladan qurtarmaq üçün Allahqulu kişi köçüb Türkmənis-

tanın Mərv şəhərinə gəldi. Onda oğlu Yaqub altıaylıq körpə idi. 

Az  müddət  burada  yaşadılar.  Onlardan  əvvəl  Türkmənistanın 

şəhər və kəndlərinə xeyli Qarabağlı ailəsi köçüb gəlmişdi. Şəhərdə 

dolanmaq  çətin  olduğu  üçün  Allahqulu  kişi  həmyer lilərinin 

məsləhəti ilə köçüb Yolötən qəsəbəsində əbədi məskən saldı.


Şəmistan Nəzirli

481


O, ailəni saxlamaq üçün torpaq aldı, tərəvəz əkib-becərməklə 

günü-güzəranı  xeyli  yaxşılaşdı.  Yolötəndə  Yaqubun  bacısı 

Badisəba və qardaşı Qulam dünyaya gəldi. Ailənin böyük oğlu 

kimi Yaqub atasına bazarda göy-göyərti satmağa kömək edirdi. 

Burda nə azərbaycanca, nə də türkməncə məktəb yox idi. Ona 

görə də həddi-büluğa çatan Yaqubu atası rus məktəbinə qoydu. 

İlk vaxtlar oxumaq çətin olsa da, Yaqub gecə-gündüz çalışır, sinif 

yoldaşları ilə ayaqlaşırdı. Boş vaxtlarını Murqab çayının sahilində 

rus  uşaqları  ilə  hərbi  oyunlarda  keçirirdi.  Yolötən  sərhəddə 

yerləşdiyinə görə burada çoxlu rus sərhədçisi vardı. Yaqub da 

onların uşaqları ilə dostluq edirdi. Rus dilini az da olsa öyrənə 

bilmişdi.

1916-cı  ilin  yazında  atası  Allahqulu  kişi  bərk  xəstələndi, 

sətəlcəm  olmuşdu.  Öləcəyini  hiss  edən  kişi  balalarını  çağırıb 

vəsiyyət elədi: “Halal əməklə məşğul olun, ananızın qayğısına 

qalın” – deyib bir daha yerindən durmadı.

Dolanacaq çətinləşdiyindən Züleyxa ana evdən bəzi şeyləri sat-

mağa məcbur oldu. Bu ağır vəziyyəti görən Yaqubun ürəyi dözmədi. 

Məktəbi  atıb  əvvəlcə  Yolötəndə,  sonra  Marıdakı  (keçmiş  Mərv 

şəhəri  –  Ş.N.)  pambıqtəmizləmə  zavodunda  işə  düzəl di.  Amma 

sərhədçi uşaqları ilə yenə dostluq edirdi. Tez-tez hərbi hissəyə ge-

dir, rus sərhədçilərinin atlarını sulayır, onlara yem verirdi.

Bir gün evə həyəcanla gələn Yaqub qardaşı Qulama dedi:

–  Eşitdin  şəhərdəki  nümayişi?  Çar  yıxıldı.  Sən  anamızdan 

muğayat ol, mən uşaqlarla iki-üç günlüyə Mərvə gedirəm…

Dediyi vaxtdan bir neçə gün keçdi, gəlib çıxmadı. Gəlib çı-

xanda anası Züleyxa onun başında qırmızı lentli papaq, əlində 

tüfəng görüb mat qaldı.

– Bıy, bu ki, qurban olduğum Yaqubdur, sənə nə yaman yara-

şır, ay bala, bu paltar... – deyə anası sevincək onu qucaqladı, o 

üz-bu üzündən dönə-dönə öpdü. Bu nə deməkdi, ay oğul?

– Mən daha qızıl qvardiya əsgəriyəm, ana! – deyib qımışdı.

Qonum-qonşular  da  bu  qaraşın,  suyu  şirin  gənc  əsgərə 

həsədlə baxırdı.

Yaqub Quliyevin hərbi həyatı həmin gündən başladı.


General Əli ağa Şıxlinski və silahdaşları

482


* * *

1918-ci  ilin  yazında  Mərv  şəhərində  orduya  yeni  gələnlər 

üçün ikiaylıq hərbi kurs açılır. Hərbi işə güclü marağı olan Ya-

qub Quliyev əlaçı əsgər olduğuna görə həmin kursa oxumağa 

göndərilir.  O,  burada  hərbi  təlimlər  keçir,  müxtəlif  silahları 

həvəslə öyrənir.

Yenidən rotaya qayıdan Yaqub ağqvardiyaçılara qarşı döyüş-

lərdə iştirak edir. Həmin illərdə onunla birgə xidmət edən S.Sko-

roboqatov sonralar Yaqub haqqında yazırdı: “Ordu sıralarında 

sinfi düşmənlərə qarşı cəsarətlə döyüşən qvardiyaçı Yaqub son 

dərəcə cəsur və qorxmaz idi. Bir dəfə ağqvardiyaçılara əsir düş-

müşdü. O, əsirlikdən qaçaraq Yolötənə, ordan da piyada Bayram-

Əliyə gəldi və yenidən ordu sıralarında vzvod komandiri kimi 

düşmənlərlə mübarizəyə başladı. Yaqub əsirlikdən bir qrup yol-

daşlarını da xilas eləyib gətirmişdi”.

1924-cü  ildə  Yaqub  Daşkənddəki  Orta  Asiya  milli  hərbi 

məktəbə təhsil almağa göndərilir. Məktəbi əla qiymətlərlə bitirən 

Y.Quliyev  orada  müəllim  saxlanılır  və  eskadron  komandiri 

vəzifəsinə təyin olunur. Beş ildən sonra – 1929-cu ildə gənc zabit 

Yaqub Quliyevə daha mühüm vəzifə tapşırılır. O, ikinci Türk-

mənistan süvari alayının nəzdindəki hərbi məktəbin rəisi təyin 

olunur.


General  Yaqub  Quliyevin  haqqında  yazılan  çoxsaylı  xatirə-

lərlə, istər Orta Asiya dövrü, istərsə də Böyük Vətən müharibəsi 

illərindəki fəaliyyəti ilə tanış olanda onun igidliyinə və peşəkar 

hərbçiliyinə heyran qalmamaq mümkün deyil. Cəmi qırx iki il 

ömür sürmüş istedadlı sərkərdə əsgər və zabit heyəti arasında 

böyük nüfuza malik olub.

Otuzuncu illərdə Yaqub Quliyevin komandalıq etdiyi eskad-

ron Qızıl-Arvatda, Qaraqum səhrasının ənginliklərində, Ağ-Zila 

çöllərində,  Qırx  quyu  ərazisində  basmaçılara  və  ağqvardiyaçı 

tör-töküntülərinə qarşı müvəffəqiyyətli əməliyyatlar aparıb.

1932-ci  ildə  Yaqub  ikinci  Türkmənistan  süvari  alayının 

qərargah rəisi təyin olunub. Bir il sonra o, M.Frunze adına Hərbi 



Şəmistan Nəzirli

483


Akademiyaya oxumağa göndərilib. Deməli, Orta Asiya koman-

dirləri arasında ilk ali hərbi təhsil alan həmyerlimiz Yaqub Quli-

yev olmuşdur.

Akademiyada Yaqub Quliyevin keçmiş kursant dostu, gene-

ral-mayor Mixail Qryaznovun xatirəsindən:

Otuz  il  əvvəl  Hərbi  Akademiyada  Yaqub  Quliyevlə  birgə 

təhsil almışam. O, qrupumuzun starşinası idi. Yaqub yaxşı oxu-

yurdu. Bacarıqlı komandir idi. Ona görə də təlim qrupumuzun 

rəisi general Pavel Alekseyeviç Kuroçkin Yaqub Quliyevi həmişə 

bizə nümunə göstərirdi. Həssas, təvazökar gənc komandirə hamı 

hörmət  edərdi.  İlk  baxışdan  sakit  görünən  qaraşın  zabit  təlim 

qrupları  arasında  keçirilən  yarışlarda  od-alova  dönərdi.  Onun 

başçılıq  etdiyi  eskadron  həmişə  birinci  yeri  tuturdu.  Yaqub 

geridə qalan kursantlara elə kömək göstərirdi ki, o özünü təhqir 

olunmuş hesab etməsin.

Elə dostluğumuzun təməli də akademiyada oxuyanda qoyul-

du, çətinliyə düşəndə Yaqub həmişə köməyimə çatardı. 1936-cı 

ilin payızında təhsilimizi başa vurduq. Moskvada keçirilən pa-

radda iştirak elədik. Yadımdadı, 1936-cı ilin noyabr ayında ayrıl-

dıq. Yaqub özünün Qafqaz qılıncını mənə hədiyyə verdi: “Al, – 

dedi, – yadigar qalsın ki, xatırlayasan. Amma unutma ki, dədə-

baba  Vətənimin  əl  işidir.  Qafqazdandır”.  O,  qılıncı  indi  də 

evimdə saxlayıram. Ordu sıralarında xidmətdə olanda dostum 

az  olmayıb.  Yaqub  Quliyev  onların  arasında  xüsusi  yer  tutur. 

Belə dostun itkisi çox ağır olur. Heyf, çox heyf ki, nə qələbəni 

gördü, nə də qocaldı. Qırx iki yaşında istedadının çağlayan vaxtı 

həlak oldu…

* * *


Sovet  İttifaqı  Marşalı,  dörd  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı 

Georgi Jukov da general Yaqub Quliyevi müharibədən çox sonra 

da  xoş  sözlərlə  xatırlayırdı.  “Sovet  Türkmənistanı”  qəzetinin 

müxbiri  Boris  Paromanovski  ilə  müsahibəsində  Stalinqrad  uğ-

runda döyüşlərdə faşistlərin darmadağın edilməsində Türkmən 


General Əli ağa Şıxlinski və silahdaşları

484


döyüşçülərinin  iştirakından  danışan  görkəmli  sərkərdə  bildir-

mişdir  ki,  onların  sırasında  çox  qabiliyyətli  komandir,  sonrakı 

döyüşlərin birində qəhrəmancasına həlak olmuş general-mayor 

Yaqub  Quliyev  da  var  idi  (“Sovet  Türkmənistanı”,  1966,  8  de-

kabr).

1941-ci ilin may ayında polkovnik Yaqub Quliyev Orta Asiya-



dakı şöhrətli iyirmi birinci süvari diviziyasının komandiri təyin 

oldu. İyulun 14-də Baş Qərargahdan əmr gəldi: diviziya eşelon-

lara dolub, cəbhəyə yola düşdü. Qatar Orta Asiya torpağını arxa-

da qoyub qərbə doğru irəliləyirdi. Faşistlər Bryansk və Oryolu 

bombalayırdılar. Baş komandalığın sərəncamı ilə onun diviziya-

sı cəbhə komandanlığının sərəncamına verilmişdi. Onlar Surac 

şəhərinin  iyirmi  kilometrliyindəki  meşədə  yerləşdirildi.  Kəş-

fiyyat xəbər gətirmişdir ki, diviziyanın irəliləyəcəyi istiqamətdə 

düşmənin  güclü  tank  və  mexanikləşdirilmiş  qrupları  yerləşir. 

Polkovnik  Yaqub  Quliyev  düşmənlə  üzbəüz  döyüşə  girməyi 

məsləhət görmədi: ancaq düşmənin kiçik bölmələrini mühasirəyə 

alıb qəfil zərbə ilə onları məhv etmək olardı.

Tez-tez  faşist  təyyarələri  alçaqdan  uçur,  diviziyanın  yerini 

öyrənməyə çalışırdı.



Generalın döyüşçü dostu, podpolkovnik Aleksandr Kibalni-

kovun xatirəsindən:

“Meşədə  gizlənməyimizə  baxmayaraq,  düşmənin  qırıcı 

təyyarələri tez-tez diviziyamızı atəşə tuturdu. Ağır dəqiqələr idi. 

Düşmənin qırıcısı növbəti dəfə hücum edəndə Yaqub özü yaxın-

lıqdakı əl pulemyotunun arxasına keçib faşist təyyarəsinə atəş 

açdı. Arxadan gələnlər atəşi görüb dərhal geri döndülər. Koman-

dir Yaqub Quliyevin bu şücaəti bizim süvariləri cəsarətə gətirdi. 

Bir  az  aralanan  düşmən  təyyarəsi  tüstülənə-tüstülənə  meşəyə 

düşüb partladı. Bu, vurduğumuz ilk düşmən təyyarəsi idi.

Bizim  diviziya  Roslavla  gedən  yolla  irəliləyirdi.  Avqustun 

2-də gecə saat üçdə kəşfiyyatçılardan məlumat gəldi: Kriçyov-

Roslavl şosesi ilə general Quderianın qoşununun 24-cü tank kor-

pusu irəliləyir.


Şəmistan Nəzirli

485


Yarım saat keçər-keçməz diviziyamız düşmənlə üz-üzə gəldi. 

Möhkəm vuruşma oldu. Bu, bizim ilk əsil döyüşümüz idi. Divi-

ziyamız böyük itki versə də, döyüş müvəffəqiyyətlə keçdi. Bizim 

diviziya düşmənin sürətlə irəliləyən 24-cü tank korpusunu bir 

sutkadan çox ləngitdi, bir neçə tankını məhv etdi.

Döyüş qabiliyyətini, təcrübəsini və xidmətlərini nəzərə ala-

raq, Bryansk cəbhəsinin Hərbi Şurası polkovnik Yaqub Quliyevi 

21-ci, 52 və 55-ci süvari diviziyalarından təşkil olunmuş birləşmiş 

süvari qrupuna komandir təyin etdi. Bu birləşmiş süvari qrupu 

xüsusi hərbi əməliyyatları həyata keçirmək üçün yaradılmışdı və 

biz sonralar Yampol və Oryol şəhəri uğrunda döyüşlər apardıq”.

* * *


Polkovnik Yaqub Quliyevin 21-ci Dağ-süvari diviziyası mü-

ha ribənin ilk aylarından Belarusiyanın meşəli və bataqlıq ərazi-

lərində vuruşaraq alman-faşist qoşunlarına sarsıdıcı zərbələr en-

dirmişdir.

Bu müvəffəqiyyətli əməliyyatların şahidi olan Sovet İttifaqı 

Marşalı Sergey Semenoviç Biryuzov sonralar “Toplar atəş aç-

mağa başlayanda” hərbi memuarlarında general Yaqub Quliye-

vin  döyüş  fəaliyyətindən  və  insani  keyfiyyətlərindən  geniş 

söhbət açıb.

Marşal yazır: “O zaman 21-ci Dağ-süvari diviziyası Orta Asi-

ya Hərbi Dairəsindən cəbhəyə yenicə gəlmişdi. Diviziyaya qara-

bəniz, qaragöz, çox cəld və cəsur polkovnik Yaqub Quliyev ko-

mandanlıq edirdi. Quliyevin qarşısına tapşırıq qoyulan kimi o 

dərhal dedi:

– Bircə bu bataqlıqdan açıqlığa çıxsaydıq… Orda heç nədən 

qorxumuz olmaz.

Bu döyüşlərdə biz süvarilərlə dostlaşdıq. Məlum oldu ki, on-

lar vətənpərvər və yaxşı yoldaşlardır. Bu dostluq döyüşlərarası 

fasilələrdə  yox,  döyüşün  çətin  anlarında  özünü  xüsusilə 

göstərirdi. Mən cəsur döyüşçüləri və onların komandiri polkov-

nik Yaqub Quliyevi indiyədək minnətdarlıqla xatırlayıram”.


General Əli ağa Şıxlinski və silahdaşları

486


1942-ci il yanvarın axır günlərində polkovnik Yaqub Quliyevi 

Moskvaya çağırıb, onu Dördüncü Türküstan süvari korpusunun 

müavini təyin etdilər. Həmin il fevralın 11-də ona SSRİ Xalq Ko-

missarları Sovetinin əmri ilə general-mayor rütbəsi verilmişdir.

Onu da xatırladaq ki, Böyük Vətən müharibəsi illərində ilk 

dəfə general-mayor rütbəsi ilə təltif olunan azərbaycanlı Yaqub 

Quliyev olmuşdur. Həmin il noyabrın 10-da Heybət Heybətov, 

1944-cü  il  fevralın  9-da  Tərlan  bəy  Əliyarbəyov  və  1944-cü  il 

martın  13-də  isə  Həzi  Aslanov  general-mayor  rütbəsinə  layiq 

görülmüşlər.

* * *

Cəbhələrdə vəziyyət ağırlaşmışdı. Ölkənin içərilərinə soxu-



lan faşist ordusu geniş Don çöllərini keçib Stalinqrada can atırdı. 

Yaqub Quliyev də həmin cəbhəyə göndərildi.

1942-ci il noyabrın 19-da general-leytenant Timofey Şapkinin 

və  general-mayor  Yaqub  Quliyev  düşmənin  arxasına  keçib 

qəflətən  zərbə  endirmək  üçün  neçə  yuxusuz  gecələr  keçirərək 

həlledici hücuma hazırlaşdılar. İlk hücum çox uğurlu oldu. Sü-

vari korpusu Abqanerovo stansiyasını, Aksay şəhərini və xeyli 

yaşayış məntəqəsini düşməndən azad etdi. Həmişə cəbhənin ön 

xəttində olan general Yaqub Quliyev cəsurluğu, misilsiz şücaəti 

ilə süvarilərinə şəxsi nümunə göstərirdi.

Dördüncü  süvari  korpusun  komandiri  general-leytenant 

T.T.Şapkinin imzaladığı təltif təqdimatında qeyd edilir: “Gene-

ral-mayor Yaqub Quliyev ən təhlükəli sahələrdə olaraq, özünün 

cəsarəti  və  igidliyi  ilə  komandir  və  döyüşçüləri  qəhrəmanlığa 

ruhlandırmışdır. 23 noyabr 1942-ci ildə general Yaqub Quliyev 

şəxsən döyüşçülər sırasında olmuş və onları Solyanıy kurqanını 

ələ  keçirməyə  irəli  aparmışdır.  Vəziyyət  bunu  tələb  edirdi  və 

Solyanıy kurqanı alınmışdı. General-mayor Yaqub Quliyev 222-ci 

süvari  alayını  düşmən  üzərinə  aparmışdır.  Tank  döyüşlərində 

artilleriyanın atəş mövqelərində olaraq artilleriyaçıların uğuru-

na kömək etmişdir. Alman işğalçıları ilə mübarizədə Stalinqrad 


Şəmistan Nəzirli

487


cəbhəsi komandanlığının fərdi tapşırığını yerinə yetirdiyinə görə 

və bu zaman döyüş meydanında şəxsi igidlik və cəsarət nümayiş 

etdirdiyinə  görə,  general-mayor  Yaqub  Quliyev  “Qırmızı  Bay-

raq” ordenilə təltif olunmağa tam layiqdir”.

Beşinci zərbə ordusunun tərkibində həmin günlərdə iki mərd 

həmyerlimizin  süvariləri  Kotelnikova  rayonunda  yanaşı  vuru-

şurdu: podpolkovnik Həzi Aslanovun tank alayı və general Ya-

qub Quliyevin komandir müavini olduğu dördüncü süvari kor-

pusu.

Dekabrın  16-da  quduzlaşmış  Manşteyn  qoşunları  Hitlerin 



göndərdiyi “Pələng” tanklarına arxalanıb inadkarlıqla vuruşur-

dular. Onların məqsədi feldmarşal Paülüsun qoşunlarını müha-

sirədən qurtarmaq idi. Nəyin bahasına olursa olsun düşmənin 

bu niyyəti pozulmalı idi. Bu tapşırıq 4-cü süvari korpusun əsgər 

və zabitlərinə də verilmişdi. Onlar general R.Malinovskinin 61-ci 

Qafqaz diviziyası gələnədək zirvəni müdafiə edib əldə saxlamalı 

idilər. Bu döyüşlər zamanı general Yaqub Quliyev cəbhənin lap 

ön xəttində vuruşurdu. Stalinqrad cəbhəsində qəti qələbəyə az 

qalmış  –  1942-ci  il  dekabrın  22-də  faşistlərin  atdığı  top  gülləsi 

mərd general Yaqub Allahqulu oğlu Quliyevi ölümcül yaraladı. 

Mərd Azərbaycan  oğlu  və  “Türkmən  ulduzu”  kimi  şöhrət  qa-

zanmış Yaqub Quliyev Volqa sahilində əbədi yuxu tapdı. Onun 

rəşadəti ölümündən sonra da dövlət tərəfindən yüksək qiymət-

ləndirildi. Təəssüf ki, Lenin ordenini sinəsində gəzdirmək gene-

rala qismət olmadı.

Xalqımızın mərd oğullarına sevgi və məhəbbət bəsləyən, So-



vet İttifaqı Marşalı Sergey Biryuzovun səmimi sözləri yada dü-

şür. Stalinqrad döyüşlərinin iştirakçısı olan marşalın Həzi As-

lanov haqqında da ürək açan sətirləri var. Marşal general Yaqub 

Quliyev  və  onun  döyüşçülərinin  qəhrəmanlığı  haqqında  yazır

“Bizdən ön cəbhədə olan 51-ci ordunun hissələri bir neçə gün idi 

ki, gecələr də arasıkəsilməyən döyüşlərdə iştirak edirdilər. Sağ 

qonşumuzun – beşinci zərbə ordusunun vəziyyəti xüsusilə ağır 

idi. Həmin orduya daxil olan dördüncü süvari korpusu böyük 


General Əli ağa Şıxlinski və silahdaşları

488


itkilərə məruz qalmışdı. Onlar Şərqə tərəf çəkilmişdilər. Süvari 

korpusunun bir neçə komandiri həlak olmuşdu. Korpus koman-

dirinin müavini general-mayor Yaqub Quliyev ölümcül yaralan-

mışdı. O, mənim Bryansk cəbhəsində döyüş yoldaşım idi. Meh-

riban insan, qayğıkeş komandir kimi şöhrət qazanmışdı. Yadım-

dadır, Belarusiyada olanda o, operativ sahəyə çıxmağa, süvarilərə 

məxsus  tərzdə  vuruşmağa  can  atırdı.  Süvarilər  general  Yaqub 

Quliyev kimi komandirlərin sayəsində hitlerçi işğalçılara qarşı 

sovet  xalqının  mübarizəsində  misilsiz  hünərlər  göstərmişlər. 

Stalinqradın Mamay təpəsində digər iştirakçılarla birlikdə mərd 

və heç vaxt unudulmayan general Yaqub Quliyevin də adı qranit 

lövhə üzərində həkk olunmuşdur”. 

* * *

İstefada olan general-leytenant Həsən Laqustanoviç Xaraziya 



1984-cü ildə nəşr olunmuş “Mərdlik yollarında” kitabında dö-

yüş yoldaşı general Yaqub Quliyevi unutmamışdı. Müharibədən 

əvvəl  o,  iyirmi  birinci  Dağ-süvari  diviziyanın  tərkibinə  daxil 

olan  alayların  birində  mayor  rütbəsində  qərargah  rəisi 

vəzifəsində xidmət edirdi. Həsən Xaraziya yazır: “1941-ci il iyu-

nun əvvəlində diviziya komandiri general Aleksey Semyonoviç 

Jadov yeni təyinat aldı, onun yerinə isə dairə qərargahında idarə 

rəisi  olan  Yaqub  Quliyev  təyin  olundu.  Bəli,  belə  əvəzlənmə 

A.S.Jadovla ayrılığın acısını müəyyən dərəcədə azaldırdı. Bizim 

çoxumuz polkovnik Yaqub Quliyevi tanıyırdıq və hörmət edir-

dik. O, millətcə türkmən (!? – Ş.N.) idi, 1900-cü ildə Azərbaycanda 

anadan olmuşdur. Yaqub Allahqulu oğlu Quliyev A.S.Jadova la-

yiqli əvəz idi. Bu, bizi ruhlandırırdı”.

General-leytenant  Həsən  Xaraziya  xatırlayır  ki,  diviziyanın 

yeni komandiri ciddi və tələbkar idi, lakin yumor hissindən də 

məhrum  deyildi.  Diviziyanın  cəbhəyə  göndərilməsindən  bəhs 

edərkən o, belə bir epizodu yada salır: “Budur, çoxdan gözlədiyi-

miz gün çatdı. Eşelonlara yüklənmə ərəfəsində alaya polkovnik 



Şəmistan Nəzirli

489


Yaqub Quliyev gəldi. O, alayın şəxsi heyət və hərbi texnika ilə 

komplektləşdirilməsini  diqqətlə  yoxladı,  süvarilərin  əhvali-

ruhiyyəsilə maraqlandı. Sonra şəxsi heyəti toplamağı əmr etdi. 

Onun ürəkdən gələn sözləri indiyə kimi yadımdadır: “Yoldaşlar! 

Partiya,  dövlət  və  xalq  qarşısında  verdiyimiz  andı  icra  etmək 

vaxtı, sovet silahını şöhrətləndirmək zamanı çatıb. Qüdrətli sosi-

alist Vətənin layiqli övladları olun”. Sonra Yaqub Allahquliyeviç 

komandirlərə yaxınlaşıb dedi: “Nəhayət, dostlar, bizim zamanı-

mız yetişdi. Vətəni qorumağa gedirik!”. Hər yandan:

– Yoldaş polkovnik, bizi hara göndərirlər? Hansı cəbhəyə? – 

sualları səsləndi.

– Bax bunu indi deyə bilməyəcəyəm, özünüz başa düşürsü-

nüz, hərbi sirdir, – diviziya komandiri Yaqub Quliyev gülümsədi. 

Və zarafatla dedi: – Onu bilin ki, maşinist yolu yaxşı tanıyır, hara 

lazımdır çatdıracaq”.

* * *


1990-cı  ildə  Moskvada  “Hərbi  memuar”  seriyasından  nəşr 

olunmuş  bir  kitab  aldım.  Dörd  yüz  səksən  səhifəlik  kitabın 

müəllifi,  Ordu  generalı,  Sovet  İttifaqı  Qəhrəmanı,  professor 

S.P.İvanovdur.  Kitabda  general  həmyerlimiz  Yaqub  Quliyevin 

fotoşəklini və döyüş qəhrəmanlığından səhifələri oxuyub sevin-

dim.  Stalinqrad  döyüşlərindən  əlli  il  keçməsinə  baxmayaraq, 

ordu generalı iki həmyerlimizin – Yaqub Quliyevin və Həzi As-

lanovun qəhrəmanlığını hələ də unutmayıb. Yeri gəlmişkən, ge-

neral Yaqub Quliyevin haqqında xatirə yazan rus generalların-

dan yalnız Semyon İvanov onun türkmən yox, qafqazlı olduğu-

nu bildirir.

“…Şimal  qrupuna  rəhbər  təyin  etməkdə  komandanlığın 

fikirləri haçalandı, ordu komandanı general A.M.Qorodnyanski 

oraya 307-ci atıcı diviziyanın komandiri polkovnik Q.S.Lazkonu, 

amma qərargah rəisi general-leytenant A.V.Petruşevski general 

Y.A.Quliyevi təyin etməyi məsləhət gördü. Müzakirə zamanı ge-

neral  Yaqub  Quliyevin  daha  bacarıqlı  olmasını  yüksək  rütbəli 

zabitlər xüsusi qeyd etdilər.



General Əli ağa Şıxlinski və silahdaşları

490


Faktiki  olaraq  ordu  komandanının  müavini  vəzifəsini  icra 

edən Yaqub Quliyevin namizədliyində dayandılar. Ona görə ki, 

onun belə birləşmələrə rəhbərlik etmək təcrübəsi vardı. General 

Yaqub  Quliyev  əvvəllər  21,  52  və  55-ci  süvari  diviziyalarının 

tərkibində olan qruplara rəhbərlik etmişdi. On üçüncü ordunun 

veteranı olan Yaqub Quliyev çox səciyyəvi xüsusiyyətlərə malik 

idi. Bu ehtiraslı qafqazlının qarabəniz sifətini kömür kimi qara 

və ağıllı gözləri daha da işıqlandırırdı. Demək olar ki, onun bü-

tün  həyatı  alovlu  və  ehtiraslı  keçmişdir.  Onun  kasıb  kəndli 

ailəsindən olmasına baxmayaraq, qırx ildən bir qədər artıq öm-

ründə çox əziyyətlər görmüşdü.

On səkkizinci ilin baharından öz həyatını Qızıl Ordu ilə həmi-

şəlik bağlamışdır. O, Xəzəryanı cəbhədə ağqvardiyaçılara və in-

gilis müstəmləkəçilərinə qarşı cəsarətlə döyüşmüş, sonralar isə 

Qaraqum  səhralarında  basmaçılarla  mübarizədə  polad  kimi 

bərkimişdi. Cəsarət və hünərinə görə ordenlə təltif olunmuşdur. 

Müharibədən  əvvəl  M.V.Frunze  adına  Hərbi  Akademiyanı  və 

Baş Qərargahın nəzdində olan Hərbi Akademiyanın təkmilləş-

dirmə kursunu da müvəffəqiyyətlə bitirmişdir.

Böyük Vətən müharibəsinin ilk günündən on üçüncü ordu-

nun tərkibində olan İyirmi birinci Dağ Süvari diviziyasına ko-

mandanlıq  etmişdir.  General  Yaqub  Quliyevin  süvariləri  düş-

mənə cəsarətli və sürətli zərbələr vurmuşdur.

Ordu  komandanı,  general  A.M.Qorodnyanski  əmr  etdi  ki, 

nəyin bahasına olur olsun gələcək əks zərbələr naminə əlverişli 

mövqeləri itirməmək üçün düşmən qoşununun şimal istiqamə-

tində irəliləməsinə yol verilməsin. Məhz bu zaman general Ya-

qub Quliyevin əla döyüş keyfiyyətləri üzə çıxmışdır. Hitlerçilərin 

şimal həmlələrinin qarşısını almaq üçün ordu komandanı Yaqub 

Quliyevə Trosno istiqamətində düşmənə zərbə vurmağı əmr et-

mişdir.  General  Y.Quliyev  qısa  vaxtda  bu  hücumu  təşkil  edib, 

müvəffəqiyyətlə  başa  çatdırmışdır.  Bundan  əlavə  Quliyevçilər 

düşmənin  atəş  məntəqələrini,  tankların  çoxluq  təşkil  etdiyi 

yerləri aşkar etmiş və onlara sarsıdıcı zərbələr vurmuşlar. Bu da 



Şəmistan Nəzirli

491


yalnız Quliyevçilərə deyil, bütöv cəbhə üçün əlverişli şərait ya-

ratdı.


İyirmi birinci süvari diviziyasının qəhrəmanlıqla həlak olmuş 

döyüşçülərinin  şərəfinə  Ponyatovka  stansiyasında  əzəmətli 

abidə qoyulmuşdur. Quliyevçilər general Yaqub Quliyevin qey-

ri-adi sərkərdəlik bacarığı ilə hər yerdə, hər cəbhədə qəhrəman-

lıqla vuruşmuşlar. Onlar bu şərəfə layiqdirlər.

Şəxsən  mən  general  Yaqub  Quliyevin  bir  çox  döyüşlərdə 

fərqləndiyinin şahidi olmuşam. Heç təsadüfi deyil ki, o, Qırmızı 

Bayraq  ordeninə,  general-mayor  rütbəsinə  layiq  görülmüşdür. 

Dördüncü süvari korpusunun komandir müavini kimi yüksək 

vəzifə  tutmuşdur.  Əsasən  onun  Orta  Asiya  respublikalarının 

əhalisindən təşkil olunmuş döyüşçüləri hitlerçilərə qarşı böyük 

cəsarətlə vuruşurdular. 1942-ci ilin dekabr ayında altmış birinci 

süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan 

general-mayor  Yaqub  Quliyev  Stalinqrad  ətrafı  döyüşlərin 

birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə 

təltif olundu”.

* * *

Süvari general-mayoru Yaqub Quliyev haqqında oçerki yazıb 



qurtaranda  vaxtilə  özüm  üçün  tərtib  etdiyim  “Çox  bilmək 

istəyənin dəftəri” adlı qeydlər kitabçamı vərəqlədim. Dəftərdə 

xalqımızın görkəmli ziyalıları, sərkərdələri haqqında nadir fakt-

ları,  müdrik  fikirləri  toplamışam.  Üç  eloğlumuz  haqqında  nə 

vaxtsa yazdığım belə bir qeydə rast gəldim.

– Taciklərin ilk qəzetlərinin naşiri və redaktoru Mirzə Cəlal 

Yusifzadədir (1862-1931);

–  Özbəklərin  ilk  xalq  şairi,  professor  Maqsud  Məsum  oğlu 

Şeyxzadədir (1908-1967);

– Türkmənlərin ilk generalı Yaqub Allahqulu oğlu Quliyevdir 

(1900-1942).

Türkmənistanda general Yaqub Quliyevin xatirəsi əbədiləş-

dirilib. 1960-cı ilin aprel ayında Marı şəhər bağında ona bürünc 


General Əli ağa Şıxlinski və silahdaşları

492


heykəl qoyulub, muzey açılıb. Onun adına küçə və kolxoz var. 

Türkmən xalqı onu öz oğlu kimi qəlbən sevir, ona bizim ulduzu-

muz və Türkmən ulduzu fəxri adı veriblər. Orduya gedən çağı-

rışçılar generalın heykəli önündə andiçmə mərasimi keçirirlər. 

Türkmənistanda onun adı cəsarət rəmzinə dönüb.

İnanırıq ki, süvari generalı Yaqub Quliyevin adı təkcə Türk-

mən xalqının yox, bundan sonra həm də doğma Azərbaycan xal-

qının ümid simvoluna çevriləcək. Xalqımızın hərb tarixində adı 

iftixarla çəkiləcəkdir.


Şəmistan Nəzirli

493


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin