QƏRİb məMMƏdov, mahmud xəLİlov


 QURAQLIQ ƏRAZİLƏRİN SUVARILMASI VƏ



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

20.4. QURAQLIQ ƏRAZİLƏRİN SUVARILMASI VƏ  

İNSAN SAĞLAMLIĞI  

Suvarma əkinçiliyinin hüdudu yağıntıların cəmi ildə 250-500 mm düşən ərazilərə uyğun gəlir. Bu həm təbii 

(yağıntının rejimi, buxarlanmanın intensivliyi və b.), həm də sosial-iqtisadi faktorlarla təyin edilir. İnkişaf 

etməkdə olan ölkələrdə suvarma əsasən yağıntıların cəmi çox az olan rayonlarda aparılır. Məsələn, yaxın Şərqdə 

suvarma yağıntılar 250 mm və daha az düşən ərazilərdə aparılır. ABŞ-da yağıntıların illik cəmi 350-400 mm-

dən artıq olduqda suvarmanın aparılması məqsədəuyğun hesab edilmir. ABŞ-da suvarma həm quraqlıq qərb, az 

miqyasda cənubi-qərb, həm də kifayət qədər, lakin qısa müddətli yağıntı düşən, şərq ştatlarında aparılır. Burada 

suvarma əsasən sənaye meyvəçilikdə və tərəvəzçilikdə aparılır.  

Su təsərrüfatı  və  əkinçiliyin düzgün olmayan metodlarla aparılması ilə  əlaqədar bataqlaşma və  təkrar 

şorlaşma kimi neqativ nəticələri istisna etsək, suvarma yer səthi havasında və torpağın üst qatlarında bitki üçün 

əlverişli istilik və rütubət nisbəti yaradır, yüksək temperaturun və bitki vegetasiyasının ayrı-ayrı dövrlərində 

rütubət çatışmazlığını aradan qaldırır. Suvarma torpaqların mikroiqlimini və  su  rejimini  dəyişir: radiasiya 

balansı yüksəlir, torpağın nəmliyi və onun səthindən, həmçinin bitkinin özündən buxarlanma çoxalır, havanın 

rütubətliyi artır, havanın və torpağın temperaturu aşağı düşür. Biokimyəvi proseslərin intensiv gedişi üçün şərait 



 

340


yaranır, torpağın münbitliyi artır. Hidroloji və hidrogeoloji şəraitin dəyişməsilə bitki örtüyü də dəyişir. Kanal 

boyu zəngin hidrofil və mezofill bitki örtüyü inkişaf edir, ağac bitkiləri peyda olur, yerli fauna yeni növlərlə 

zənginləşir, yerli növlərin əksəriyyətinin sayı çoxalır, lakin onların bir hissəsi, xüsusən kserofillər sıradan çıxır 

və sayı azalır. Vahələrdə çoxlu miqdarda həm təsərrüfat üçün faydalı, həm də  zərərli heyvanlar və  həşəratlar 

toplanır.  

Kanalların sahili boyu qarğı, qamış  və cil bitkiləri ilə  zəbt olunan sahələrdə müxtəlif rütubətsevən 

gəmiricilər geniş məskunlaşır.  

Avropanın bozqır zonasında hər cür suvarma üsulları  nəticəsində sahələrdən ilk növbədə  gəmiricilərin 

bozqır, kserofit növləri (ərəb dovşanı, çöl siçanı, cənub siçanı  və s.) sıxışdırılır.  Şırımlarla suvarma aparılan 

çəltik tarlalarında ev siçanı məskunlaşır. Səthi suvarma aparılan sahələrdə, zolaqlar boyu ev siçanı, meşə siçanı, 

adi çöl siçanı, pis planirovka aparılan yerlərdə və zolaq boyu təpəciklərdə isə sünbülqıran qalır. Drenaj suvar-

mada bu növlərə boz dağ siçanı da əlavə olunur. Səthi suvarma aparılan sahələrdə torpaq quruduqdan sonra ev 

siçanı  və meşə siçanı yenidən qayıdır, həm də onların sayı burada yaxşı yem olduğundan dəmyə tarlalara 

nisbətən daha çox olur.  

Qaraqum kanalı tikildikdən sonra kanal boyu və ona bitişik suvarılan sahələrdə rütubətsevər faunanın 

nümayəndələri (ağcaqanad, mığmığa, milçək, ev siçanı, boz dağ siçanı, lövhədişli siçovul, qırmızıquyruq qum 

siçanı və b.) burada əlverişli mikroiqlim və yem şəraiti tapdığından bir çox kserofil heyvanları sıxışdıraraq uzaq 

məsafələrə çəkilməyə məcbur edir.  

Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının tikilməsi Şirvan, Mil, Muğan və Qarabağ düzlərinin 

yarımsəhra mənzərəsini dəyişdirərək oradakı biotopların xarakterik əlamətlərini və növ strukturunu də 

dəyişmişdir. Belə ki, tulyaremiya xəstəliyi infeksiyasının  əsas yayıcısı olan su siçovulu suvarma kanalları ilə 

yarımsəhranın dərinliklərinə soxularaq bura özü ilə tulyaremiyanın spesifik parazit daşıyıcılarını (L.muris, 

H.anphibius, H.glasgowi) (Hacıyev və b., 1970) gətirdi.  

Kəskin yoluxucu xəstəlik leptospirozların törədicilərinin yayıcıları olan gəmiricilər çəltik tarlalarında da 

müşahidə olunur, burada onların yayılması suyun bolluğu, müxtəlif cür heyvan və bitki yeminin mövcudluğu və 

yuva qurmaları üçün əlverişli yerlərin olmasıdır. Açıq suvarma kanalları şəbəkəsi inkişaf etmiş Şimali İsraildə, 

su tarlalara borularla verilən ölkənin cənubuna nisbətən leptospirozdan əziyyət çəkənlər daha çoxdur. Çində lep-

tospiroz xəstəliyinə çox vaxt kənd  əhalisi tutulur, onlar bu xəstəliyə  əsasən çəltik tarlalarında alaq işləri və 

məhsulun yığımı zamanı yoluxurlar. İtaliyanın Po çayı vadisində yerləşən əyalətlərində (Paviya, Modena, Kre-

mona, Mantuya, Balonya) çəltik tarlalarında çalışan mövsümi fəhlələr arasında hər il düyü məhsulu yığımı 

dövründə leptospiroz xəstəliyinə yoluxanlar qeydə alınmışdır, çəltik tarlalarından kənar yerlərdə isə bu xəstəliyə 

yoluxanlara rast gəlinmir. Leptospiroz xəstəliyinin yayıcıları  həm suvarma kanallarından və ya çöldə olan və 

yolkənarı gölməçələrdən xəstəliyə yoluxan ev heyvanları (iri və xırda buynuzlu mal-qara, donuz), həm də vəhşi 

heyvanlar, əsasən gəmiricilər ola bilər. Bataqlıqlarda və ya bataqlaşmış su kanalları boyu yerləşən kolluqlarda, 

həmçinin çox suvarılan bağlarda bu xəstəliyin yayıcı mənbəyi ev siçanları hesab olunur.  

Qrunt sularının səviyyəsinin qalxması, sahil xəttinin su ilə basılması, suvarılan torpaqdan düzgün istifadə 

edilməməsi müxtəlif qızdırma xəstəliyi növləri, ensefalit və ilk növbədə malyariya yoluxucu xəstəliklərinin 

yayıcılarının artmasına səbəb olur. Belə xəstəliklərin yayıcılarının yayılmasında çəltik tarlalarında günəşlə yaxşı 

qızdırılan dayaz su hövzələri və  işin qeyri səmərəli təşkil olunması hesab edilir. Çəltik tarlası, bəzən su alaq 

bitkiləri ilə birlikdə ağcaqanadların, o cümlədən Culex cinsinin ən sevimli yerinə çevrilir.  

Quruducu kanalların və nasos qurğulu suqəbuledicilərin tikilməsi, lazımsız su hövzələrinin torpaqla 

örtülməsi, ağcaqanadların sürfə qoyduğu yerlərin  şumlanması, suvarıcıların sudan istifadə qaydalarına riayət 

etməsi, həm ağcaqandların artmasının qarşısını alar, həm də  kənd təsərrüfatında istifadə üçün münbit torpaq 

sahələrini artırar.  

Beləliklə, quraqlıq ərazilərin suvarılması deyil, onun layihələşdirilməsi, tikilməsi və irriqasiya qurğularının 

istismarı zamanı buraxılan ayrı-ayrı  səhvlər təbii infeksiya ocaqlarının aktivləşməsinə  səbəb olur. Bu 

nöqsanların aradan qaldırılması suvarılan ərazilərin sağlamlaşdırılmasına şərait yaradar.  

 

20.5.  İZAFİ RÜTUBƏTLİ  VƏ BATAQLAŞMIŞ  ƏRAZİLƏRİN QURUDULMASI VƏ  İNSAN 

SAĞLAMLIĞI  

İzafi rütubətliyə malik olan və bataqlaşmış  ərazilərin qurudulması müxtəlif təsərrüfat sahələrində mühüm 

əhəmiyyət kəsb edir. Lazımi hidromeliorasiya və aqrotexniki tədbirləri həyata keçirməklə bu potensial zəngin 

torpaqlar qiymətli kənd təsərrüfatı sahələri qrupuna keçir. Meşə  təsərrüfatında bataqlaşmış  ərazilərin 

qurudulması ağac cinslərinin böyüməsini yaxşılaşdırmaq, tikintidə – bataqlaşmış sahənin istifadəsi və yol sal-


 

341


maq məqsədilə aparılır. Nəhayət izafi rütubətli və bataqlaşmış sahələrin qurudulması  ərazinin 

sağlamlaşdırılması və abadlaşdırılması məqsədi daşıyır.  

Qurudulmuş, mədəniləşdirilmiş bataqlıqların öz mikroiqlimi formalaşır, torpağın və yersəthi havanın tem-

peraturu və havanın nisbi rütubətliyi aşağı düşür, temperaturun gündəlik amplitudu yüksəlir. Qurudulma 

torpağın aerasiyasını yaxşılaşdırır, onun məsaməliyini artırır və qida maddələri ilə (nitratlarla) zənginləşməsinə 

səbəb olur, bununla əlaqədar mikrobioloji proseslər intensivləşir. Qurudulma nəticəsində qrunt sularının 

səviyyəsi aşağı düşür və yaz dövründə qar ərinti suları qalmır. Torpaq tez quruyur. Ərazinin mikrorelyefi və 

təbii kompleksi yaxşılaşır. Rütubətlik  şəraitinin aşağı düşməsi nəticəsində rütubətsevər bitki və heyvanların 

əksəriyyətinin həyat  şəraiti kəskin pisləşir, lakin quraqlıqsevən növlər üçün əlverişli  şərait yaranır. Beləliklə, 

qurudulma tədbirdlərinin təsiri altında yerli biosenozlar dəyişilir, buna xəstəliklərin təbii ocaqları müxtəlif cür 

reaksiya göstərir.  Ərazinin tam qurudulması biosenotik əlaqələrin pozulmasına, törədicilərin dövranının 

dayanmasına və  xəstəliklərin mənbələrinin ləğvinə  səbəb olur. Qurutma hissə-hissə aparıldıqda xəstəlik 

ocaqlarının sahəsi azalır və qismən sağlamlaşma gedir.  

Sovet hakimiyyəti dövründə radikal qurutma meliorasiyası aparılaraq Kolxida düzənliyi kökündən 

dəyişmişdir. Hazırda düzənliyin  ərazisi tamamilə qiymətli subtropik bitkilər altında istifadə edilərək, orada 

malyariyanın ocaqları tam ləğv edilmişdir.  

İzafi rütubətliyin və bataqlaşmış torpaqların qurudulması bir sıra ölkələrdə malyariyaya qarşı  kəsərli 

mübarizə tədbiri vəzifəsini görmüşdür. Bu üsul sayəsində Panama kanalı zonası sarı qızdırma xəstəliyindən xi-

las olunmuşdur.  

Quruducu meliorasiya tədbirləri leptospiroz və tulyaremiya xəstəliklərinin mənbələrinin ləğv edilməsində 

radikal üsul sayılır. Bataqlıq və bataqlaşmış sahələrin qurudulması infeksiyasının əsas su ilə ötürülmə yolunu 

təcrid edir (gəmiricilər – su - insan), həm də  gəmiricilərin məskunlaşma  şəraitini dəyişir, belə ki, əsas yem 

bazası sayılan bataqlıq bitkiliyi məhv edilir. Bu rütubətsevər gəmiricilərin (çöl siçanı – gkonom siçovul) sayının 

azalmasına, sonra isə tamamilə ləğvinə səbəb olur.  

Ərazinin qurudulması ilə  əlaqədar böyrəklərin kəskin zədələnməsi infeksiyası leptospiroza xəstəliyiyinin 

deqradasiyası, hətta tam ləğvi halları da məlumdur. Qurudulan ərazilərin  şumlanması zamanı rütubətsevər 

gəmiriciləri, məsələn, çöl siçanlarını, az rütubətsevər meşə, ev və dağ siçanları  əvəz edir. Bu növlərin 

nümayəndələri leptospiroz zamanı ciddi epizootoloji əhəmiyyət daşımadığı üçün xəstəliyin əvvəlki olduqca ak-

tiv təbii ocaqları sönür.  

Beləliklə, ərazinin qurudulması leptospirozun epizootiyasının gərginliyi kəskin aşağı salır. Lakin meliora-

siya sistemindən düzgün istifadə edilməməsi ilə  əladəqar təkrar izafi rütubətliyin yaranması  xəstəliyin təbii 

ocağının aktivləşməsinə gətirib çıxara bilər.  

Bununla yanaşı, çay vadisində, subasarlarında bataqlığın başdan-başa  qurudulması  və bataqlıqların tam 

ləğvi təbii çəmənçiliyin məhsuldarlığını  aşağa sala bilər. Odur ki, səmərəli meliorasiya apararaq təbii rütubət 

balansını və meşə, çöl, çəmən, bataqlıq, çay və göllərin müəyyən birliyinin, əlaqəsinin saxlanmasına çalışmaq 

lazımdır. Bataqlıqlar dərman bitkilərinin, giləmeyvələrin (mərcanı, sarı böyürtkən və b.) «anbarı», bir sıra quş 

və heyvan növlərinin məskunlaşdığı yer hesab olunur. Bataqlıq qoruğu bu mürəkkəb ekoloji sistemin 

öyrənilməsində qiymətli obyekt sayılır.  

Qurudulma işlərinin düzgün aparılmaması ərazinin sağlamlaşmasına kömək etmir, əksinə xəstəliklərin təbii 

ocaqlarının aktivləşməsinə səbəb olur. Belə ki, geniş bataqlıq massivinin quruducu xəndəklərlə ayrı-ayrı xanala-

ra (kletkalara) parçalanması gəmiricilərin mozaiki konsentrasiyasına şərait yaradır. Quru isti hava şəraiti və me-

liorasiya qaydalarına riayət olunmaması ilə  əlaqədar quruducu xəndəklərin  ətrafı  təpəcik halını alır və orada 

əmələ  gələn kol cəngəllikləri xırda heyvanların daha da çox toplanmasına  şərait yaranır. Belə yerlər iksod 

gənələrin toplanması üçün də əlverşlidir. Beləliklə, xəstəliyin mikroocaqları yaranır, oradan infeksiya çaybasara 

tökülür, burada biçin mövsümündə axmazlar və xırda çaylar boyu çoxlu miqdarda su siçovulları müşahidə edi-

lir. Tulyaremiya epizootiyasının sonrakı inkişafı su siçovulları arasında uçan qansoran həşəratlar vasitəsilə olur.  

Qurutma işləri yoluxucu xəstəliklərin törədicilərini yayan qansoran buğumayaqlıların sayının azalmasına və 

entomoloji vəziyyətin yaxşılaşmasına səbəb olur.  

F.Q.Fedorova (1976) qeyd edirdi ki, quruducu işləri qurtardıqdan iki-üç il sonra kontrol sahəsində 

sürfələrin, həmçinin insana hücum edən ağcaqanadların sayı 10-20 dəfə azalmışdır.  

Lakin tam qurudulma aparılmanın ikinci ilində L.persulcatus gənəsinin cəm göstəricisi qurudulma dövrünə 

nisbətən 7-18 dəfə çoxalmışdır. D.pictus gənə növü qurutma işindən 3-4 il sonra kəskin artmışdır, lakin onların 

daşıyıcıları olan siçanvari gəmiricilər az olduğundan infeksiyanın yayılmasında böyük rol oynamamışdır.  

Qurudulma işinin sibir xorası mənbəyinə təsiri başqa cür olmuşdur, onun törədicisi bir çox onilliklər tor-



 

342


paqda qalmaq qabiliyyətinə malikdir.  

Tədqiqatçıların bir sıra müşahidələri göstərmişdir ki, bataqlaşmış ərazi qrunt suyunun səviyyəsinin yuxarıda 

olduğu üçün sibir xorası üçün əlverişli sayılmır. Adətən sibir xorası mənbəyi əsasən çay subasarında və ya xırda 

çayların yaxınlığında yerləşir, daşqın dövründə sibir xorası sporları yuyulub səthə  çıxır və onlar yaxınlıqda 

yerləşən sahələrə yayılır.  

Ümumiyyətlə, izafi rütubətli və bataqlaşmış  ərazilərin qurudulması yerli təbii biosenozları kökündən 

dəyişdirir və  təbii yoluxucu xəstəliklərin ocaqlarının aktivləşməsinin yatırılmasına səbəb olur, bu əsasən 

rütubətsevər gəmiricilərin və qansoran buğumayaqlıların məskunlaşma şəraitinin pisləşməsi nəticəsində baş ve-

rir.  

 

20.6. HEYVANDARLIĞIN İNTENSİVLƏŞDİRİLMƏSİ VƏ  



İNSAN SAĞLAMLIĞI  

Gələcəkdə maldarlığın müasir metodların təkmilləşdirilməsi istiqamətində aparılması mal-qaranın yoluxucu 

xəstəliklərini azalda bilər. Belə ki, mal-qaranın iri sürülərdə toplanması, bütün yay ərzində çəmənlərin otlaq ki-

mi istifadə edilməsi, otlağın mal-qara tərəfindən güclü tapdanması çöl gəmiricilərinin məskunlaşma  şəraitini 

pisləşdirir. Bu isə tulyaremiya, Ku qızdırma xəstəliklərinin təbii ocaqlarının sönməsinə səbəb olmalıdır.  

Bununla belə, heyvandarlığın intensivləşdirilməsi, törədici mənbəyi kənd təsərrüfatı heyvanları olan 

zoonozların (brüselloz, sibir xorası, leptospiroz və b.) profilaktikası işlərinin aktivləşdirilməsinin vacib olmasını 

qarşıya qoyur. Bu işdə aktual vəzifələrdən biri profilaktik tədbirlərin zoonozların təbii ocaqlarının antropogen 

(antropurqik) infeksiya ocaqlarına çevrilməsinin qarşısını almaq istiqamətində gücləndirilməsidir. 

Dırnaqlı heyvan sürülərinin otarılması insanın təbii bioloji komplekslərə ən geniş yayılan təsir formasıdır. 

Otarma səmərəli aparıldıqda bitki örtüyünün tərkibində müxtəlif otların miqdarı artır, bu isə olduqca müxtəlif 

heyvanların və onların növ müxtəliyinin çoxalmasına səbəb olur. Lakin hədsiz otarma zamanı çəmən və bozqır 

bitki örtüyü deqradasiyaya uğrayır, çim qatı məhv edilir, torpaq qatı dağıdılır, faunanın növ tərkibi kasatlaşır. 

Otarma nəticəsində bozqır örtüyünün zəif komponentləri sıxışdırılır, ölü örtük tapdalanır və  məhv edilir, 

yeyilmədən mühafizə olunan komponentlər (tikanlı, sıx yatıxmış, süd şirəli və b. bitkilər) güclü inkişaf edir, 

birilliklər və efemerlər çoxalır, kənardan gətirilən alaq otları artır, torpaq tapdanır, quruluğu güclənir, bu isə 

quraqlıq sevən bitkilərin peyda olmasına səbəb olur, torpağa çoxlu miqdarda gübrə verilir.  

Otarmanın təsiri nəticəsində torpağın hidroloji rejimi pozulur, bərkimiş torpaqda otların böyüməsi olduqca 

zəifləyir, nəticədə qurumuş, tapdanmış torpaq qatı bitkidən məhrum olur.  

Mal-qara tapdağının nəticəsi yaşayış məntəqələri ətrafında daha çox nəzərə çarpır. Belə yerlərdə eroziya və 

səhralaşma prosesi özünü göstərir.  

Bozqır sahələrin mal-qara döyənəyinə çevrilməsi və burada xam yerdən fərqli alçaq boylu və quraqlıq 

sevən bitkilərin yayılması müxtəlif sünbülqıran növlərinin yayılması üçün əlverişli şərait yaradır. Yuvalarının 

bilavasitə açıq sahədə yerləşməsi sünbülqırana düşmənini izləmək imkanını asanlaşdırır. Bir çox tədqiqatçıların 

müşahidələri göstərir ki, ot örtüyü daha çox tapdanaraq məhv edilmiş açıq sahələrdə sünbülqıranlar daha çox 

məskunlaşır.  

Beləliklə, infeksiyanın təbii ocaqlarının aktivləşməsinə yol verməmək üçün gəmiricilərinin sayına nəzarət 

etməlidir. Gəmiricilərin sayını azaltmaq üçün heriyə qoyulan sahələrdə taxıl otları assosiasiyalarını bərpa etmək, 

quru çöl və yarımsəhra zonalarında mal-qaranı norma ilə otarmaq, örüşləri şumlayaraq ot səpini aparıb mədəni 

otlaqlar yaratmaq məqsədəuyğundur.  

Təbii otlaqlardan fərqli olaraq səpin aparılan otlaqlarda yeni ekoloji şəraitə malik olan və  gənələrin 

yaşaması üçün az əlverişli şəraitli olduqca yeni biotop yaranır, belə ki, burada onları yemləyənlərin sayı kəskin 

azalır. Məsələn, təsərrüfatda istifadə edilən səpin aparılan otlaqlarda dördüncü – beşinci ilində gənələrin miqdarı 

təbii otlağa nisbətən on dəfələrlə az olmuşdur.  

Mal-qaranın döyənəyi gəmiricilənin məskunlaşmasına mozaiki-ocaq xarakteri verir. Çoxsaylı gəmirici olan 

belə ocaqdar (mənbələr) insanın yaşayış yerinə  qədər uzanırsa, mal-qara döyənəyi elementar infeksiya 

ocaqlarının olmasına və onların keçirilməsinə şərait yaradır.  

Quru step (bozqır) və yarımsəhra rayonlarında mal-qara otarılması  gəmiricilərin yem bazasını dağıdır və 

çox vaxt onların özlərini və yuvalarını da məhv edir.  

Lakin otarmanın intensivləşdirilməsi ilkin təbii xəstəlik ocaqlarını törəmə antropogen ocaqlarla əvəz edə 

bilər, bir halda ki, bir tərəfdən iksod gənələrin yeyicilərinin sayı çoxalır, digər tərəfdən isə gəmiricilər yem ax-

tarmaq üçün çox hərəkətli olur və onların iksod gənələrlə təmasda olmaq imkanı kəskin artır. Analoji vəziyyət 

hədsiz otarma nəticəsində sovrulan və yarımbərkiyən qumların sahəsinin çoxalması ilə bağlıdır, belə halda bir 


 

343


sıra təbii ocaq infeksiyası daşıyan psammofil heyvanlar yeni yerlərdə məskunlaşmağa məcburdur.  

Səhra landşaftı  və quru bozqırların təmas xəttində yerləşən köçəri otlaqlarda iksod gənələrinin sayının 

yüksək olması nəticəsində kənd təsərrüfatı heyvanları Ku-rikketsioz törədicilərinə intensiv yoluxurlar.  

Meşə və meşə-çöl zonalarında dırnaqlı vəhşi heyvanlar azlıq təşkil etdiyindən Ku-rikketsiozun qalmasında 

kənd təsərrüfatı heyvanları əsas rol oynayır.  

Keçmiş SSRİ-nin cənub rayonlarında köçəri maldarlıq metodu üstünlük təşkil edir, ona görə də mal-qara 

bütün il boyu aktiv Ku-rikketsioz təbii ocaqları ilə sıx təmasda olur. İsti iqlim şəraiti gənələrin tez inkişafına və 

onların yüksək sayda qalmasına əlverişli şərait yaradır, nəticədə mal-qarada yüksək gənəlik dərəcəsi müşahidə 

edilir.  

Meşə zonasında yaxşı meşəsiz otlaqların çatışmazlığı ilə  əlaqədar burada meşə sahələri və atılmış  əkin 

sahələrindən otlaq altında istifadə olunur. Meşə otlaqlarında mal-qaranın otarılması nəticəsində yerli biosenozlar 

dəyişilir. Bitki örtüyünün dəyişməsi faunanın növ tərkibinin dəyişilməsi ilə müşayiət olunur, bu da yerli epizoo-

tik və epidemioloji vəziyyəti dəyişdirir.  

Meşə otlaqlarında mal-qara iksod gənələrini yetişkənlik fazada yemləməkdə birinci dərəcəli rol oynayır. 

Meşə zonasında bir qayda olaraq iksod gənələrinin ən böyük miqdarı otlaqlarda olur.  

Uzun müddət belə fikir irəli sürülürdü ki, meşədən istifadə olunması gənə ensefalitini azaldır. Lakin meşə 

zonasında istifadə ərazisinə çəmən-bozqır və sinantrop məməli heyvan növləri soxulur, bu meşə gənələri üçün 

davamlı yem bazası sayılır və  xəstəlik mənbəyində virusun dövranına  şərait yaranır. Vəhşi məməlilərin növ 

müxtəlifliyinin son dərəcə kasatlaşması və onların sayının azalması ev heyvanları ilə əvəz olunur, vahid sahədə 

onların sıxlığı  vəhşi heyvanlarla müqayisədə  aşağıdır. Nəticədə meşə otlağında gənələrin sayı artır. Beləliklə, 

kənd təsərrüfatı heyvanları iksod gənələrinin həm yedizdiricisi, həm də onların yayıcıları rolunu oynayır.  

Heyvandarlıq binaları tikilərkən çox vaxt yanlarında süni suvatlar düzəldilir, bu isə binalarda və  ətraf 

ərazilərdə boz siçovul, ev siçanı, çöl siçanı, bəzi hallarda qum siçanının toplanmasına səbəb olur. Bu, təbiətdə 

gedən epizootik prosesə kənd təsərrüfatı heyvanlarını da cəlb edir və nəticədə infeksiyanın antropogen (antro-

purqik) mənbələri formalaşır. Belə antropogen ocaqlar epidemioloji təhlükə sayılır, belə ki, onların axar suları 

açıq su hövzələrini də yoluxdura bilər.  

Çoxlu sayda heyvanların məhdud sahədə  cəmləşməsi epizootiyanın təsərrüfat daxilində baş vermə 

təhlükəsini yaradır, bu hər hansı bir endemik infeksiya rayonundan gətirilmiş damazlıq (cins) heyvanlardan və 

ya heyvandarlıq kompleksi zonasında toplaşan xəstəliyə yoluxmuş vəhşi, yaxud xırda sinantrop məməlilərdən 

keçə bilər.  

Məhdud  ərazidə çoxlu saylı heyvanların cəmləşməsi təsərrüfatın ekstensiv formada aparılması ilə 

müqayisədə baytar-səhiyyə şəraitinin kəskin dəyişməsinə səbəb ola bilər. Odur ki, xəstəliklərin törədicilərinin 

həm kənardan gətirilməsinə, həm də intensiv təsərrüfatlardakı mal-qara arasında yayılmasının qarşısını almağa 

yönəldilən baytarlıq-səhiyyə  tədbirləri sistemi hazırlamaq lazımdır. Bu zaman profilaktik karantin tədarükçü 

təsərrüfatlara nəzarəti təşkil etmək yolu ilə kənardan infeksiyanın qarşısını almağa əsas diqqət yetirməlidir.  

Zoogigiyena tələblərinə və baytarlıq-səhiyyə qaydalarına (profilaktik dezinfeksiya, deratizasiya, dezinsek-

siya və  əlbəttə profilaktik peyvənd daxil olmaqla) ciddi riayət edilməsi iri ixtisaslaşdırılmış  təsərrüfatlarda 

infeksiyanın yayılma yollarına maneə yaradır.  

 

20.7. TİKİNTİ İŞLƏRİ VƏ İNSAN SAĞLAMLIĞI 

Tikinti işləri təbii biosenozların intensiv dəyişilməsi ilə müşayiət olunur.  

Geoloji-kəşfiyyat işləri prosesində nəqliyyat magistrallarının, neft və qaz kəmərlərinin, müvəqqəti və daimi 

təsərrüfat qurğularının tikilməsində  əmələ  gələn antropogen relyef formalarında (yolun kənarındakı küvetlər, 

müxtəlif süni çuxurlar, dəmir yolu kənarı torpaq yığınları və s.) yerli epidemioloji vəziyyəti mürəkkəbləşdirən 

gəmiricilər və qansoran buğumayaqlılar məskunlaşır. Bəzən tikinti işləri sahəcə kiçik və təsərrüfat üçün yararsız 

su hövzələri ilə müşayiət olunur, belə yerlər qansoran qoşaqanadlıların sürfələri üçün yaşama yerlərinə çevrilə 

bilər. Əvvəllər faydalı qazıntılar çıxarılan və su ilə dolan karxanaların yerində əvvəlcə adətən az miqdarda Cu-

lex, Ayodes cinsindən olan ağcaqandlar məskunlaşır. Sonralar bu su hövzələri köhnəldikcə bitki ilə örtülür və 

suyun reaksiyası zəif turşuluğa (pH=6,5-6,8) yaxınlaşır, burada malyariya ağcaqanadlarının sürfələri peyda olur.  

Dəmir yolu və şose yolları boyu ayrılan zolaqlarda geniş küvetlərin yaradılması bir sıra hallarda yararsız su 

hövzələrinin  əmələ  gəlməsinə  səbəb olur, bu isə yaxınlıqda yerləşən yaşayış  məntəqələrində anofelogen 

vəziyyəti kəskin dəyişər və belə yerlər malyariya ağcaqanadlarının mənbəyinə çevrilə bilər.  

Dəmir yolu və şose yolları, həmçinin su və qaz kəmərləri boyu torpaq təpələri, bəndlər və s. qum siçanı, çöl 

siçanı üçün əlverişli sığınacaq (məskunlaşma) yeri sayılır. Bu torpaq qurğuları  bəzən «ekoloji novalça»ya 


 

344


çevrilərək gəmiricilər oradan əvvəllər məskunlaşmadığı  ərazilərə soxulur və orada infeksiya törədicilərini 

yayırlar.  

Landşaftların dəyişdirilməsi ilə  əlaqədar epidemioloji problemlər hələ insanın təbiətə ilk müdaxilə 

mərhələlərində baş vermişdir: tikinti zamanı insanın infeksiyanın təbii ocaqları ilə təmasda olması hələ əvvəllər 

də  dəfələrlə infeksiya xəstəliklərinin olduqca dəhşətli «parlayışına» səbəb olmuşdur. Buna bir çox misallar 

gətirmək olar: Panama kanalının tikilişi zamanı sarı  qızdırma xəstəliyindən 20 mindən artıq adam ölmüşdür. 

And dəmir yolunun çəkilişi zamanı on minlərlə insan bartonellez (Barton xəstəliyi) xəstəliyinə tutulmuşdur.  

Məlum olduğu kimi Baykal-Amur Magistralı (BAM) kilometrlərlə tayqa meşəsini kəsib keçir. Epidemioloji 

kəşfiyyat magistralın həmin zonasında gənə ensefalitinin təbii ocaqlarının mövcudluğunu nəzərə alaraq infek-

siya xəstəliklərinin kompleks profilaktika tədbirlərini həyata keçirmişdir. Tikinti işçiləri arasında ensefalit 

gənəsi xəstəliyinə qarşı vaksin və digər profilaktik tədbirləri (xəstəliyə qarşı peyvənd) görüldüyündən BAM-ın 

tikilişi zamanı insanlarda bu xəstəlik müşahidə edilməmişdir. 



 

345


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin