Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə8/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

Qalxdılar. Zakir Yeganəni teatrın tininə qədər ötürdü. Ayrılmaq istəyəndə, qadın eyhamla dilləndi:

− Demək, bir də səni haçan çağırtdırsaq, onda görərik? Yoxsa, yadına düşəcəyəm?..

Zakir cibindəki pulları ovcunda oynada-oynada cavab verdi:

− Elə bu axşam mən sənin qulluğunda hazıram.

− Axşam yox, günün ikinci yarısında.

− Mənim bu gözlərim üstdə! Saat neçədə?

− İkidə.


− Harada?

− Elə burada.

− Danışdıq! – Zakir qadının biləyini sıxıb getdi. Ancaq yenə də bilmədi Yeganə niyə səxavətlənmişdi, öz ayağı ilə qapıya gəlib görüşə çağırmaqda, onun cibinə pul basmaqda nə məqsəd güdürdü.

Saat ikiyə az qalmışdı. Teatrda təzə hazırlanan tamaşanın rejissoru şirin məşq aparırdı. Yeganə, sifətinə əzgin bir ifadə verib, işarə ilə onu çağırdı:

− Özümü yaxşı hiss etmirəm, sancılanmışam, − dedi və əlini sinəsinin üstündən üzü aşağı gəzdirdi.

Rejissor təşvişə düşdü:

− Bəlkə təcili yardım...

− Yox... Lazım deyil. Mən bilirəm nədəndir... Gedib, evdə uzanmalıyam.

Vəziyyətin nə yerdə olduğunu təxmin edən rejissor, qolundan yapışıb onu səhnədən endirdi. Yeganə qaranlıq dəhlizdən keçərək, dal qapıdan küçəyə çıxdı.

Qara məxmər yaxalıqlı, gödək, boz palto geymiş Zakir üzbəüz səkidə dayanıb gözləyirdi...

Bir neçə ay əvvəl, Yeganə Aslanla bulvarın sahil xiyabanında gəzişəndə teatra təzə gələn həmin rejissorla rastlaşmışdı. Qadın yanındakını ona təqdim edəndə, rejissor həkimi tanımışdı. Sonralar, axşam tamaşaları qurtaran vaxtlarda Aslanı teatrın qabağında tez-tez görmüş və məsələni duymuşdu. Elə ona görə də bu gün məşqini qurtaran kimi Yeganəgilə zəng çalanda, telefonda danışan Əkrəmi Aslan bilmişdi...

Zakir, qadının yaxınlaşdığını görcək, tez irəli çıxdı, nəzakətlə onun dirsəyindən tutub məhəbbət dolu bir qayğı ilə astadan xəbər aldı:

− Bayaqdan bəri kefi necədir, mənim göyçək quzumun?

− Quzu “yamanca” xəstələnib! – deyə Yeganə gülümsəyərək sözünə əlavə

etdi. – Rejissorumuza kələk gəlib məşqdən qaçmışam. Yalandan naxoşluğa vurmuşdum özümü. O da inandı...

Zakir qəhqəhə çəkib, onu alqışladı:

− Afərin! Bacarana can qurban! Yalansız bir günümüz olmasın! Yoxsa, vallah, batarıq!

Yeganə, boynu, qolları xəzli qara palto geymiş, başına butalı tirmə yaylıq bağlamışdı. Çətrini alnına tökmüşdü. Dodaqlarını al-qırmızı boyamışdı.

− Göz dəyməsin, bu gün elə gözəlləşmisən ki, adamı lap tamaha salırsan, − deyə ona çox diqqətlə baxan Zakir ürəyindən keçəni gizlətmədi. Müqabilində Yeganə də söz üçün məəttəl qalmadı:

− Sənə yaraşıramsa, çox şadam.

Xırda-xırda qar səpələyirdi. Yerə düşcək də əriyirdi. Səkilər, asfalt küçələr çil-çil olurdu.

Zakir:


− Yaxşı, hara gedirik? – Soruşanda, Yeganə, yaşına uyuşmayan bir şıltaqlıqla ikiəlli onun çiynindən yapışıb, sallandı:

− Bilmirsən hara gedirik?.. “İnturist”ə!.. Səni içirdib, kefləndirəcəyəm.

− Mən elə içməmiş də sərxoş kimiyəm.

− Nədən?


− Sənin gözlərindən.

− Yalan deyirsən!

Zakir ona baxıb qımışdı. Qadın əl çəkmədi:

− Sözün nədir? Sərxoş olcağın mənə neyləyəcəksən?

− O, Yeganə gülün ətrini qoxlayacağam. Sovurub, gülabını çəkəcəyəm.

− Xarab elər səni. Sonra da tullayacaqsan, hə?

− Yox, yaxama taxacağam.

Onlar beləcə, ikibaşlı sözlərlə bir-birinə atmacalar ata-ata sahil bulvarının qurtaracağına çatdılar.

Yeganənin bu görüşdə ayrı məqsədi vardı. Bilirdi ki, Aslan həmişə istirahət günləri nahara “İnturist”ə gedir. Dünəndən fikirləşmişdi: Zakiri yanına salıb ora aparacaqdı.. Xərcini də özü çəkəcəkdi. Restoranda ucadan danışacaqdı, şənlənəcəkdi: “Bax bizə, yan, tökül! – deyə Aslana acıq verib, ondan intiqam alacaqdı. – Mən beləyəm! Heç kəsdən çəkinmirəm, qorxmuram. Sənin məktubun da başına dəysin!..”

Yeganə Zakirin qolundan tutub, danışa-gülə restorana girəndə, təzə, sumağı kostyumda olan Aslanı pəncərə qabağında tək oturmuş gördü. İçəridə adam seyrək idi. Xörəkpaylayanlardan biri tez onlara yan alıb, öz stollarına tərəf çəkdi.

− Sənin doktorun da burdadır ki! – deyə uzaqdan-uzağa Aslanla salamlaşan Zakir, qadına eşitdirdi. Yeganə onun bu hərəkətindən rəncidə oldu. Qaşqabağını sallayıb, acıqlandı:

− Niyə salam verirsən ona?!

− Daha neyləyim, baxırdı gözlərimin içinə, mən də başımı tərpətdim.

− Cəhənnəmə ki, baxırdı!

Keçib yuxarı tərəfdə əyləşdilər.

− Sən həkimdən nə üçün belə yanıqlısan?

− Danışaram sənə.

Yeganə stulunu fırladıb, arxasını Aslana sarı çevirdi. Ön divardakı böyük aynada saçlarını düzəltdi.

− Xətrin istəyəndən de, gətirsinlər.

Zakir menyunu qabağına çəkdi.

− Nə yeyəcəksən?

Sən nə yesən, mən də ondan... Gör, necə qanlı-qanlı baxır mənə! Elə bil əzizlərini öldürmüşəm – deyə aynadan Aslanı müşahidə edən qadın öz-özünə donquldandı. – Altı-yeddi ay dalımca süründü, axırda da kor-peşman oldu!

Zakir yemək-içmək sifariş verdi. Yeganə yenə dilini saxlamadı:

− Bilirsən, neyçün od tutub, yanır?.. Ona görə ki, bir dəfə onunla da həmin bu stolda oturmuşduq.

− Yadımdadır, − deyə Zakir başını tərpətdi. – Gedəndə vestibüldə sənə yanaşdım. Məni saymadın...

Qadın, söhbətə nöqtə qoydu:

− Nə isə!.. Mən də səni başqaları ilə az görməmişəm. Yanından ötəndə heç üzümə baxmamısan.

− Xülasə! – deyə Zakir də mövzunu dəyişmək istədi. Çevrilib pəncərədən bayıra boylandı. – Paho!.. Əməlli-başlı qar yağır ki!

Aslan kağız dəsmallardan birini götürüb dodaqlarını sildi və xörəkpaylayanı çağırdı. Deyəsən, tez getmək üçün ikinci yeməkdən imtina etdi. Stolun haqqını verib, restorandan çıxdı.

Yeganə duruxdu. Mənasız bir söz deyib, ucadan şaqqanaq çəkdi. Onun bu qondarma gülüşü, pilləkənləri enməkdə olan Aslanın qulaqlarından yayınmadı...

Şəhər üç-dörd saatın ərzində necə də dəyişmişdi görkəmini! Ağappaq paltar geymişdi evlər, küçələr, ağaclar, elektrik dirəkləri... Pəncərələrin şüşələrinə elə bil cuna çəkilmişdi. Qüruba enən günəşin işığında hara baxırdınsa, göz qamaşırdı; ətrafa guya zər səpələnmişdi. Havada şaxta duyulurdu.

Zakirlə Yeganə yeridikcə, ayaqları altında qar xoş bir səslə xartıldayırdı. Söhbətləri şirin olduğundan, hansı səmtə getdiklərini bilmirdilər. Bugünkü görüş hər ikisinin ürəyincə idi.

Zakir, əvvəllər, ancaq vaxt keçirmək məqsədi ilə yanaşdığı bu qadına, indi münasibətini dəyişmək barədə düşünürdü. O, təzəlikcə çox şey öyrənmişdi. Demə, Yeganə, yaşadığı həyəti Səltənətdən satın almış, evlərə daimi sahib olmuşdu. Həmxanalardan aybaay kirayə haqqı toplayırdı. Hələ üstəlik, qadının “atadanqalma” xeyli pulu, qızılı da vardı... Bunları, ikicə qədəh konyak içdikdən sonra Yeganə özü danışmışdı. Hətta sözarası Zakirə onu da eşitdirmişdi: “Ərimlə mənimki çox çəkməyəcək. Biz tamam başqa-başqa adamlarıq. Bu məsələyə gec-tez son qoymalıyıq. Mən həyatımı ayrı cür, öz istədiyim kimi qurmalıyam...”

Zakir Yeganəyə qahmar çıxmışdı: “ – Əlbəttə! Keçənə güzəşt deyərlər. Zərərin yarısından qayıtmaq da, xeyirdir...”

Onlar xiyabanın qurtaracağına yetişəndə, qadın yavaşıdı:

− Hara gedirik, belə?

− Ayaqlarımız hara aparsa, ora. Olmuya üşüyürsən?

− Yox... tuflilərim darısqaldır, barmaqlarım donub.

Yeganə dənizə baxdı. Körpünün yanında ağ, iri bir gəmi dayanmışdı.

− Kaş bu saat onun isti kayutlarından birində olaydıq səninlə. Uzaq səfərə çıxaydıq!..

Zakir bic-bic qımışdı:

− Arzunun yarısını yerinə yetirsəm, razı qalarsan?

− Necə?

− İsti kayutda ola bilərik, ancaq... səfərə çıxmaq məsələsi hələlik mümkün deyil.



− Lənət heçə!.. Dəniz qaçmır ki!

Həştərxana işləyən gəminin yolu bağlandığından, neçə vaxt idi körfəzdə lövbər salmışdı; kayutları müsafirlərə kirayə verilir, ondan mehmanxana kimi istifadə olunurdu. Səxavətli müştəri sayılan Zakiri bu gəminin restoranında da yaxşı tanıyırdılar, içəri girəndə pişvazında dururdular. Buna görə də o, ertəsi gün Yeganə ilə vədələşdikdən sonra çox fikirləşməmişdi; kayutlardan birini tutmuş və qadını nahara bura gətirib əyləndirmək istəmişdi. Lakin Yeganə “İnturist”ə getməyi təkid etdiyindən, planı dəyişmişdi.

...Körpüdən keçib, gəminin göyərtəsinə qalxanda, axşamın toranı şəhərin üstünü almışdı. Günəş üfüqlərin arxasında gizlənmişdi. Bibiheybət tərəfdə pəmbə buludların altı qızarırdı. Xəzər cilvələndikcə boz ləpələrin ovcunda çimdik-çimdik şəfəq görünürdü. Zakir Yeganəni kayuta gətircək, kiçik pəncərənin pərdəsini çəkib, stolüstü lampanı yandırdı. Qadın, paltosunu, çəkmələrini çıxardı, başını açdı, saçlarını çiyinlərinə dağıdıb, sol küncdə taxtda əyləşdi.

− Bu dəqiqə gəlirəm, quzum! – deyə Zakir tələm-tələsik harasa getdi və tez də geri qayıtdı. Soyunub Yeganə ilə qarşı-qarşıya oturdu, onun balaca, ağ əllərini ovcuna alaraq isindirmək istədi.

Qadın ucadan qaqqıldadı:

− Nəyə gülürsən? – Oğlan maraqlandı.

− Səndən qəribə həkim olar! – deyə Yeganə ona sataşdı. – Başı ağrıyan xəstəyə qarın ağrısı dərmanı verərsən!.. Mənim ayaqlarım donub, sən əllərimi ovuşdurursan... Ha!.. Ha!.. Ha!..

Qapı döyüldü.

− Hə, gəl görüm!

Kayuta, içərisi şampan butulkası, konfet və meyvə ilə dolu padnos, sonra köhnə qara kostyumlu, ağ köynəyinin nişastalı yaxasına kəpənək boyda qara bant vurmuş dazbaşlı, ködərək kosa bir kişi girdi. Yeganə, heç özü də bilmədi, nə üçün, hansı əlamətlərinə görə onu çopur dəllala oxşatdı. Ürəyi yerindən oynadı.

Kosa, burnunda “Dəli ceyran” mahnısını mızıldaya-mızıldaya, gətirdiklərini stola düzəndə, Zakir xəbər aldı:

− Bəs şokolad?

− Üzüm ülüm unnan yuxdur! – Kosa, boş xurcuna oxşayan sallaq yanağını şappıldatdı. – Ulsə, sənnən artuğ uğlana verəcəkəm?..

− Yaxşı, götür padnosu, get! Buranı da səhər gəlib yığışdırarsan.

− Bes şampanskini pardatmiyim?..

Zakir qımışdı:

− Ay tülkü!.. Əməlindən qalmırsan. Partlat!

− Undə, dalə çekülün, güzvüzə degər.

Kosa, stolüstü lampanı özünə tərəf çevirib, qapının qabağında durdu. Butulkanın qurğuşun kağızını soydu; boğazına dolanmış məftil qurşağı açdı. Arada Zakirin üzünə baxıb, şit-şit hırıldayanda sifətini saysız-hesabsız dərin qırışlar bürüdü. Sonra tum gözlərini qıydı, butulkanın ağzını lampaya tuşlayıb, nişan aldı.

Yeganə qulaqlarını tutaraq küncə qısıldı. Kosanın kələyini bilən Zakir də divara tərəf çevrildi.

Birdən, sanki dalbadal iki tapança açıldı: “Part! Part!” Butulkadan çıxan tıxac zərblə lampaya dəyərək onu da partlatdı. Qaranlıq kayutu kosanın iblisvari qəhqəhəsi bürüdü. Zakir əlini qapının çərçivəsinə uzadıb tavandakı gecə işığını yandırdı. Restoran xidmətçisinin bu hoqqabazlığı Yeganəni də əyləndirdi, güldürdü. Kosa, şampan şərabının köpüklü şırnağını fujerlərdən birinə yönəltdi.

−Tez ol, uzatma! – deyə Zakir onun cibinə bir yüzlük basdı. – Kürün bayıra! Sən burada yubansan, çox hoqqa çıxardacaqsan...

Kosa, icazə istəmədən, doldurduğu fujeri qaldırıb, sağlıq dedi:

−Bunu içirəm, süzün gürüşüvüz udaçni ulsun!

O, şərabı axır damlasına kimi sümürdükdən sonra, dodaqlarını marçıldatdı və padnosunu götürüb “Dəli ceyran” mahnısını mızıldaya-mızıldaya getdi.

−Sən ölməyəsən hərə bir fırıldaqla başını dolandırmır?! – deyə Zakir onun dalınca kəsib-doğradı. – Bu qocanın ilikləri də bicliklə doludur.

Göy lampanın ziyasında elə bil kayutda hər şey lilə boyanmışdı. Yeganənin də görkəmi dəyişmişdi. Qaranlıq vitrində qoyulmuş manikenə oxşayırdı. Zakir pərdəni araladı. Bayır, kayutdan işıq idi. Hələ bədirlənməmiş ay qayıq təkin səmada üzürdü. Çiçək-çiçək ulduzlu lacivərd göylərin əksi və sahilin çıraqban mənzərəsi titrək sularda yuyunurdu. Xırda dalğalar sakit, əsrarlı idi. Ləpədöyəndə qaralan yöndəmsiz daşların arasında bir su pərisi də görünsəydi, Xəzər bu həqiqi füsunkarlığı ilə nağıla, əfsanəyə çevrilərdi.

Ani sakitlikdən darıxan Yeganə, fujerlərə şampan süzdü, özününkünü götürüb dodaqları bərabərinə qaldırdı:

−Bir yaxşı söz de, içək!

Zakir, alnına tökülmüş saçlarını hamarlayaraq, stola dirsəkləndi. Nəyəsə heyfsilənirmiş kimi köks ötürdü və fujerindən yapışıb irəli uzatdı:

−Sənin sağlığına!

Yeganə, Zakirin söz xəsisliyindən razı qalmadı:

−Elə bu? Bəs sonra?

Oğlan əlavə etdi:

−Sən ərindən ayrılan günü mənim olacaqsan!

ON ÜÇÜNCÜ NOVELLA

Əkrəmin telefon danışığından əhvalatın nə yerdə olduğunu Fəridə təxmin etcək, tez çıxıb getmişdi. Ayrı yol tapmamışdı. Yubansaydı, çətin vəziyyətdə qalacaqdı. Əkrəm, adını ilk dəfə eşitdiyi doktor Aslanın barəsində ondan yəqin ki, soruşacaqdı. Fəridə isə başqasının ailə işinə qarışmaq, dibinə xılt yığılmış suyu bulandırmaq istəmirdi.

O gün Əkrəm klubda şahmat dərnəyinin növbəti məşğələsini aparmalı idi. Ancaq evdən çıxmaq həvəsində deyildi. Beynində, dolaşıq düşmüş kələf kimi, üç fikir bir-birinə qarışmışdı: “Görəsən, Yeganəyə nə olub?! Axı, doktor Aslan kimdir?! Fəridə qəfildən niyə getdi?!”

Təskinlik üçün özü bu suallara cavab arayırdı: “Yeganə boyludur. Bəlkə də dünən gecəki yuxusuzluqdan, əsəbilikdən sonra halı xarablaşıb, həkimə gedib...”.

“Məni, səsimdən özgə adama – doktor Aslan deyilən birisinə oxşadıblar. Burada nə var ki?! Qısqanmaq neyçün? Bir də axı... teatrda məni tanımırlar, Yeganənin əri olduğuma inanmaya da bilərlər...”

“Çox güman mən içəri otaqda telefonla danışanda Fəridəni çağırıblar. Yoxsa, elə xəbərsiz getməzdi...”

Əkrəm, çəliyini qar basmış pilləkənin sürahisinə döyəcləyə-döyəcləyə aşağı enəndə, bir daha Yeganəni xatırladı. Nigarançılığı artdı. Dayanıb, fikrində nəsə götür-qoy elədi və yenə evə qayıtdı.

Tualet stolunun siyirməsinin birindən balaca karandaş, digərindən dörd qatlanmış kağız tapdı. İş yerinin telefon nömrəsini yazdı ki, Yeganə gələn kimi zəng çalsın. Kağızı aparıb aynabənddə göz qabağına – radioqəbuledicinin üstünə qoydu.

Qapıdan çıxmağa hazırlaşanda küçədəki xəndək yadına düşdü. Qar yağmışdı, ora sürüşkən olacaqdı. Köməksiz keçə bilməyəcəkdi. Pəncərəni açıb, aşağıdan qonşunun oğlunu səslədi:

− Bəli, Əkrəm əmi! – deyə uşaq həyətə atıldı. – Nə buyurursunuz?

− Qəşəng bala, gedək məni klubun tininə qədər ötür, qayıt. Yaxşımı?

− Bu dəqiqə!

− Ay bərəkallah! Varam belə dostluğa! Yolda sənə əntiqə şeylər danışacağam...

Uşağın evə cumduğu ilə, geyinib bayıra sıçradığı bir oldu.

− Mən hazır, əmi! – deyə o, köhnə paltosunun yaxasını düymələyə-düymələyə aynabəndə girəndə, qapıdan içəri dolan yel, pərdələri əsdirdi, radioqəbuledicinin üstündəki kağızı yerə saldı.

− Gedəkmi?

− Gedək!


Oğlan, tükləri tökülmüş xəz papağının qulaqlarını endirib, Əkrəmin biləyindən yapışdı.

Telefon cingildədi.

− Dayan, görüm kimdir?

− Ey!.. Qoymazlar ki! – deyə uşaq yubandıqları üçün gileyləndi.

Danışan klubun müdiri idi:

“ – Zəhmət çəkib gəlməyin, küçələr sürüşkəndir... Məşğələni təxirə saldıq...”

Əkrəm aynabəndə qayıtdı.

− Gedəsi olmadıq, dostum...

Oğlan kədərləndi. Baxışlarından narazılıq yağdı; könülsüz halda papağının qulaqlarını qaldırdı. Əllərini cibinə qoyub divara söykəndi. Birdən gözü bayaq yerə düşən kağıza sataşdı... Əyilib, götürdü.

− Əkrəm əmi...

− Nə var, bala?

− Bu səninkidir?

− Oğlum, görmürəm axı, o nədir?

Uşaq, bənövşəyi mürəkkəblə yazılmış kağızı nəzərdən keçirdi.

− Məktubdur, − dedi. – Ancaq... burada bir telefon nömrəsi də var...

Əkrəmin canından ürpərti, beynindən gizilti keçdi. Gicgahları sancdı.

− Mək-tub-dur?! Kimdəndir?!

Oğlan, vərəqin o biri üzünü çevirib, aşağısındakı imzaya baxdı.

− Aslandan.

− Necə?! As-lan-dan?!

Gipnoz edilmiş kimi, əlini qabağa uzadıb, sakitcə bir ayaq-bir ayaq irəliləyən Əkrəm, stolun tininə toxunduğunun fərqinə varmadan, öz-özü ilə danışmağa başladı:

− Aydındır... Demək, məni bu evdə onunla nahaqdan səhv salmırlar...

“Doktor Aslan, sizsiniz? Səsinizdən tanımadım...”

“Xeyr. Mən Aslan deyiləm!..”

“Yox?! Soruşmaq ayıb olmasın, bəs siz Yeganənin nəyisiniz?..”

“Yoldaşıyam... Əri...”

“Necə yəni əri?!”

Telefon söhbəti Əkrəmin qulaqlarında təkrarlandı.

− Yaxın gəl, oğlum. Oxu görək, Aslan əmi nə yazır...

Uşaq pəncərə önünə keçdi. Müəllimi qarşısında dərsini söyləyən əksər şagirdlərə məxsus yeknəsəq bir tələffüzlə məktubu ucadan oxudu:

“Yeganə!

Bilirəm, uzun müddət nəvaziş, mehribanlıq gördüyün bir adamdan tikanlı, acı sözlər eşidəcəyinə heyrətlənəcəksən. Bəlkə də bir başqası səndən soyuyub ayrıldıqdan sonra, daha köhnə əhvalatları ortaya çəkməzdi. Ancaq mən, ürəyimdəkiləri mütləq, tam çılpaqlığı ilə açıb deyəcəyəm!

Doğrudan da insanları – xüsusən qadınları tanımağa bəzən bir ömür də azlıq edir...”

Əkrəm ətrafındakı bütün varlığı unutmuşdu. Diqqəti, həssaslığı, şüuru qulaqlarında mərkəzləşmişdi. Qonşu uşağın dilindən qopan hər kəlmə sivri, paslı mərmi təkin ürəyinin bu tərəfindən girib, o biri tərəfindən çıxırdı.

“...Əvvəllər mən səni o qədər sevirdim ki...

Köksüm məhəbbətlə dolu idi. Həm də bu sevdaya məni sən özün sövq etmişdin... Arada bir para hərəkətlərini xoşlamasam da, üzünə vurmurdum; onları gəncliyin gəldi-gedər şıltaqlığı sanırdım. Həyatımı, varlığımı sənsiz təsəvvürə gətirmirdim. Sevincim otağıma sığmırdı. Hətta “müharibədən qabaq Əkrəm adlı bir oğlanın səni aldadıb yoldan çıxardığını” öz dilindən eşitsəm də, fikrimdən dönmürdüm – evlənmək istəyirdim. Ayrı məqsədim yox idi. Lakin sonralar məndən asılı olmayaraq hər şey dəyişdi... Sən ürəyimdəki o saf məhəbbəti, içərisində ətirli, tər çiçəklər bəslənilən büllur vaza kimi qaldırıb, gülə-gülə yerə vurdun, parçaladın. Heç heyfsilənmədin də... O gündən elə bildim yatmışdım, ayıldım – səni ikinci bir Yeganə təki tanıdım... Anladım ki, xislətin tamam başqa imiş!.. Mən öz eşqimdə aldanmışam. Əlaqəni pozmaq istədim, qoymadın. Müqavimətsiz təslim oldun... Ancaq mən haradan biləydim ki, sən ərli qadınsan?! Cəbhələrdə vuruşan bir əsgərin əmanətisən – bunu məndən gizlədirsən. İnan ki, bu həqiqəti o zaman eşitsəydim, səni qapımdan qovardım. Artıq gecdir... Sənin xəyanətin qarşısında mən özümü də cinayətkar sayıram. Mənə indi çatır ki, o vədə evlənməyimizi niyə ləngidirdin. Yəqin iki gözünü itirmiş ərinin qayıtmasını, ondan ayrılıb mənə getməyi düşünürdün. Yanılırmışsan! O, mənim üçün ən azı rəzalət, alçaqlıq olardı! Elə bu əməlinə görə səni hər gün nifrətlə xatırlayıram! Tanımadığım bir şəxsin yanında ömrüm boyu məni günahkar elədin. Ərini görsəydim, ərklə ona deyərdim, uzaqlaş qadınından, o sənin namusunu tapdalamışdır. Ləyaqətsizdir! Sən orada odun-alovun içində vuruşarkən, Yeganə burada qucaqdan-qucağa atılmışdır. O, təkcə səhnədə deyil, həyatda da rola girmişdir. Aldanma onun zahiri gözəlliyinə! Sən hər kimsənsə, mənən eləsindən qat-qat yüksəkdə durursan!.. Yeganə, sən hegemonluq iddiası ilə yaşasan da, əslən qadınlıq adına qara bir ləkəsən!

Bu qədər!

Səni görməyi heç vaxt arzulamayan Aslan”.

Oğlan məktubu sona yetircək, marağını gizlədə bilmədi.

− Bu hansı Yeganədir? – deyə ifrat sadəlövhlüklə xəbər aldı. Əkrəm, ürəyini tutdu, başını qapının haşiyəsinə dirədi.

− Sən tanımazsan, bala... Başqasıdır... Onun da əri mənim kimi iki gözdən kordur...

Uşaq ani olaraq susdu və birdən yadına nə düşdüsə, yenə dilləndi:

Sən davada olanda, bu Yeganə xalanın da yanına bir həkim gəlirdi. Adı Aslan idi... Nənəm deyirdi: heyf o oğlandan bu nanəcib üçün!.. Nanəcib nədir, əmi?

Əkrəm oğlanın axırıncı sözlərini eşitmədi.

Evlərinə çatmağa iki küçə qalmış Yeganə Zakirlə xudahafizləşdi:

− Hələlik!.. – dedi. Ancaq ayrılmadı. Ətrafı xəlvət görüb, yanağını onun dodaqlarına sürtdü. – Bu gün sən mənim yaman xoşuma gəldin.

− Nə barədən?

− Elə hər barədən. Yaxşılığa doğru çox dəyişmisən. Ağıllanmısan.

− Sən də əvvəlki Yeganə deyilsən.

− Ola bilər... – Qadın yuxuda sayıqlayırmış kimi gözlərini yumub pıçıldadı. – Onu da yadından çıxarma ki, mən ərimdən qabaq səni sevmişəm. O vaxt məni atıb, başqalarını tutdun... İnsafsız!.. Elə niyə elədin?..

Qarşı səkidən adam keçirdi. Zakir çevrildi, üzünü divara tutdu.

− Yaxşı, get, dincəl, quzum... Gecdir.

− Sağ ol. – Yeganə, bir addım dala çəkildi. Dodaqlarını qabağa uzadıb, havanı öpdü. – Gecən xeyrə qalsın. Sabah zəngləşərik...

− Mütləq!

Zakir geri qayıtdı; özündən məmnun halda, astadan fıştırıq çala-çala uzaqlaşdı.

Yeganə evə girəndə Əkrəmi paltarını soyunmadan çarpayıda uzanmış gördü. İşığı da söndürməmişdi. Dolabçanın üstündəki külqabı papiros kötükləri ilə dolmuşdu. Qapı aralı qaldığından otaq soyumuşdu.

Qadın deyindi:

− Bu nə cür yatmaqdır, bilmirəm!

− ...

O, çantasını acıqla divana tulladı, paltosunu çıxarıb şkafdan asdı; yaylığını açıb stulun başına atdı.



− Mən, elə bil, bu evin qulluqçusuyam!.. Sil, süpür, səliqə-səhmana sal... İşdən yorğun gələndə də bir dincliyin olmasın?!. Xaraba, buzxanaya dönüb!..

Əkrəm oyaq idi, eşidirdi. Nəfəsindən şərab qoxumasın deyə, Yeganə, çantasında gəzdirdiyi “sen-sen”dən bir-ikisini götürüb dilinin altına qoydu. Sonra aynanın qabağında fırlanaraq özünə baxdı. Yanaqları azacıq pörtmüşdü. Gözləri qızarmışdı. Amma çox təravətli görünürdü. Zakirin sözündə həqiqət vardı. Doğrudan da qəşəngləşmişdi.

Çarpayı cırıldadı. Əkrəm o biri böyrü üstə çevrildi. Qadın geri qanrıldı. İkrahla ərini süzdü:

− Bayaqdan niyə dinmirsən?! Mən daş-divarla danışıram?!

− Dincəyin, nə deyim?!

Yeganə, Əkrəmin səsindəki qəzəbi, kini apaşkar hiss elədi. “Yenə buna nə olub?” – düşündü.

− Bəs, adamdan soruşmazlar ki, teatrda işin ertədən qurtarıb, indi saat ondur... Haradasan? Ölmüşdün?.. Qalmışdın?.. – deyə qadın onu qabaqlamağa çalışdı.

Əkrəm bozardı:

− Sus! Ləyaqətsiz! Bir şeyi ki, bilirəm, niyə soruşum?!

− Nə?!


... Yarımçıq qalan söhbət səhərisi tamamlandı. Həm də qadının başqa bir hiyləsinin üstü açıldı.

Əkrəm sübh erkən durub aynabənddə oturmuşdu. Bülbülün şərqisinə qulaq asırdı. Qabağında, boğma stəkanda çay vardı.

Yeganə isə yatağından gec qalxdı. Heç geyinməmişdən patefonu işə salıb, xoşladığı qaraçı mahnısını oxutdurdu.

Əkrəm zahirən özünü laqeyd göstərdi, əslində çox dalğın idi. Aslanın məktubu, hələ dünənə qədər bütün günahlarına göz yumaraq, məhəbbətini ürəyindən silə bilmədiyi Yeganəni onun nəzərində, varlığına nifrət edilməli iyrənc, rəzil bir xilqətə çevirmişdi.

Qaraçı müğənnisinin səsi otaqları, aynabəndi başına götürmüşdü. Beş il əvvəl də, ilk dəfə Əkrəm bu evə qədəm basanda, həmin mahnını eşitmişdi. Onda da xarabalıqda bayquş ulamasını xatırlamışdı, indi də...

Qadın, hamamxanada əl-üzünü yuyub, ətirləndi. Böyük otağa keçəndə, patefonu dayandırdı; telefonda harasa zəng vurdu. Maraq, Əkrəmi bürüdü. O, disqin arı vızıltısına oxşar qırıq-qırıq səslərlə irəli-geri hərlənməsindən rəqəmləri asanlıqla müəyyən etdi: ...-91-42.

Yeganə kiminləsə üstüörtülü danışırdı:

“ – Alo?.. Sənsən?.. Mənəm. Quzunun kefi? Yaxşıdır... Deyəsən, gözlədiyin gün yaxınlaşıb... Başa düşdün? Ayağın yüngül imiş... Ha!.. Ha!.. Ha!..”.

Qadın qaqqıldaya-qaqqıldaya qapını kip çəkdi. Əkrəm daha heç nə eşitmədi. Və “...91-42” – deyə bayaqkı nömrəni beynində dolandırdı.

Yeganə, paltosunu çiyninə atıb, aynabəndə çıxdı. Onun getməyə hazırlaşdığını bilən Əkrəm dindi:

− Tez qayıdacaqsan?.. Yoxsa, gəlişin yenə gecəyə çəkəcək?..

Qadın astanaya çatanda, ayaq saxladı. Dönüb çiyninin üstündən kinli baxışlarla ərini süzdü:

− Necə?!. Vacib işin vardı mənimlə?!.

− Bəli!


− Maqazinə düşürəm. Çörək almağa. Sənin üçün papiros almağa...

− Mənə heç nə lazım deyil!

− Lazım olar... Belə baxıram, bu gün dünənkindən də çox çəkəcəksən!..

Yeganə, bazar çantasını biləyindən asdı və fısıldaya-fısıldaya həyətə enəndə telefon cingildədi. Əkrəm, bu zəngin ona aid olmadığını bilsə də, gedib dəstəyi qaldırdı. Telefonda: “Alo?..” – deyən şəxs “Bəli!” cavabını eşitcək, səsini kəsdi.

Əkrəm məsələni başa düşmüşdü. Tez “...-91-42”-ni yığdı. Səbrlə gözlədi. Bayaqkı səs, bayaqkı “Alo?..” qulaqlarında təkrarlandı. Səhv etməmişdi: bu, həmin adam idi. Əkrəm təmkinini pozmadan dedi:


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin