Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə5/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

Yeganə özü də dərk etmədən dediyi bu sözlərə peşman kimi ixtiyarsız halda başını qaldırıb, gözlərini onun sifətinə dikdi; məlul baxışları ilə sanki verdiyi cavabı geri istədi.

Oğlanın qalın dodaqlarında istehza qarışıq xəfif bir təbəssüm gəzdi:

−Burda təəccüblü nə var ki?! Küçənin ortasında adamların qabağını kəsmək oğruların şakəridir.

Nəyə işarə vurulduğunu Yeganə başa düşsə də, özünü sındırmadı:

−Oğru pullu, dövlətli adamın qabağını kəsər. Məndən nə aparacaqsınız?

−Sizdən – ürəkaçan gözəllik... Xoş, gülümsər baxış... iki kəlmə şirin söz...

Qız başını aşağı saldı, yoluna düzəldi. Oğlan da onunla yanaşı addımladı.

−Keçən dəfəki kimi bu gün də məndən onların heç birini gözləməyin.

−Mən çox səbrli oğruyam. Sabahın ümidi ilə yaşayıram...

Yerində deyilən bu sözlər Yeganənin ürəyinə yatdı. Çevrilib bir daha gəncə nəzər yetirəndə, istər-istəməz güldü; sədəf dişləri parladı, yanaqları çökükləndi. İndi nədənsə, o, tanımadığı yad adamın deyil, özünə yaxın, məhrəm bir şəxsin tanış sifətini gördü. Oğlan da qımışdı. Və barmağındakı dördkünc yaqut qaşlı üzüyü ona göstərməyə çalışırmış kimi, sol əli ilə xeyli vaxt çənəsini ovuşdurdu; enli qara qaşlarının altından nüfuzedici baxışlarla Yeganəni süzdü.

−Mən istədiklərimdən birini özünüzdən xəbərsiz sizdən oğurladım...

−Nəyi? – deyə qız, düşünmədən soruşdu.

−Xoş, gülümsər baxışınızı.

Sonrakı söhbətlər daha əyləndirici oldu.

... Yeganə bir də başını qaldıranda təəccüb elədi. O, yolunu texnikuma tərəf deyil, tamam başqa səmtə salmışdı. Həm də dərsə gecikmişdi.

İkinci görüşdə adını Zakir söyləyən gənc, qızdan “oğurlamaq istədiyi” ürəkaçan gözəlliyi də, xoş, gülümsər baxışları da, şirin sözləri də əsir aldı. Yeganə büsbütün təslim oldu. Xəbər tutmadı Zakir nə vaxt onun qəlbinə yol tapdı, məhəbbətini apardı... Özü isə yoxa çıxdı.

Yeganə kor-koranə, ağılsızcasına sevdiyi oğlanı çox axtardı, yerini, ünvanını öyrənə bilmədi. Təəssüf hissi uzun zaman rahatlığını pozdu. Bir ay ötməmiş Zakiri teatrın foyesində gözəl bir qızla qol-qola gəzərək pıçıldaşan gördü. Yanaşmaq istədi, ayaqları getmədi...

Sonralar isə... Əkrəm cəbhədə olduğu müddətdə təsadüf elə gətirdi ki, o, şəhərdə “xozeyin zərgərin oğlu” ləqəbi ilə tanınan Zakirlə yenə tapışdı, köhnə münasibətlər təzələndi, macəralar təkrarlandı...

Bu axşam restoranın vestibülündə arxadan əlləri ilə gözlərini qapayan adamın barmağındakı üzüyə toxunanda, Yeganənin bədənindən soyuq bir gizilti keçmişdi. Bu isə onun üçün gələcək həyatı, bəxtəvərliyi itirmək deməkdir. Ancaq Zakirlə danışa bilmədiyinə də heyfsilənmişdi.

Yeganə ilə Aslanın arasında yaranan məhəbbətin də qəribə bir tarixçəsi vardı.

Yanvar ayı yenicə girmişdi. Havalar gündən-günə soyuyurdu. Bir səhər yerindən qalxan Yeganə, pəncərədən baxanda küçələri, damları, ağacları tənzifə bürünmüş kimi ağappaq qarla örtülü gördü. Nazik yataq paltarında olan qızı üşütmə götürdü. O, pəncərədən aralanıb özünü yenə çarpayıya atdı və isti yorğanı başına çəkib, əlləri ilə sinəsini qucaqlayaraq büzüşdü.

“Bu tufanda teatra necə gedəcəyəm? – fikirləşdi. – Mənim geyinib, hazırlaşmağıma azı bir saat vaxt lazımdır...”.

Yeganənin çətinlik qarşısında aciz qaldığı yadına gəlmirdi. İndi də rayon poliklinikasına zəng çalıb, soyuqladığını bəhanə edərək, üstünə həkim çağırtdırdı.

Günortaya yaxın aynabəndin qapısı döyüləndə, Səltənət dəhlizə çıxdı.

−Xəstə hardadır? – deyə şaxtadan sifəti qızarmış, qaşları, kirpikləri buz bağlamış həkim içəri gircək, kiçik çamadanını yerə qoyub, qarlı ayaqlarını döşəməyə çırpdı.

−Bu tərəfdədir, oğlum. – Səltənət başı ilə Yeganənin otağı səmtə işarə elədi. – Görünür, soyuq lap kələyini kəsib...

−Zərər yoxdur, ana. Bir stəkan çay verərsən, canım qızar. Elə deyilmi?

−Mənim bu gözlərim üstə, ay bala.

Həkim paltosunu, xəz papağını çıxarıb qarşı divardakı maral buynuzundan asdı; cib dəsmalı ilə sifətini quruladıqdan sonra, çəkmə ayağını sıxırmış kimi, axsayan tərzdə Səltənətin ardınca addımladı. Otağın qapısından girəndə, adəti üzrə, hər ehtimala qarşı xəbər aldı:

−Gəlmək olar?

İçəridən məlahətli qadın səsi eşidildi:

−Buyurun, buyurun...

Qara-qırmızı güllü, tiftikli ağ xalat geymiş Yeganə onu gülərüzlə qarşılayanda ürəyindən keçirdi: “Dayan, indi mən bülletenimi alım, özün də tamaşa elə.”

−Xoş gəlmisiniz, əyləşin, doktor. Sizə əziyyət verdiyim üçün, gərək bağışlayasınız.

Həkim keçib oturdu.

−Xəstə kimdir? – deyə bir növ təəccüblə, əvvəl Səltənətə, sonra da gənc qadına baxaraq soruşdu. Yeganə gümrah səslə qaqqıldadı:

−Guya mənəm... doktor... Oxşamıram naxoşa?..

−Xeyr, hələlik heç nə deyə bilmərəm. Xəstəni müayinəsiz, üzdən tanımaq çətindir. – O, kiçik çamadanından telendeskopunu çıxarıb hazırladı. – Nədən şikayətlənirsiniz? Nə olub sizə?

Yeganə gəlib həkimlə üz-üzə, çarpayının qırağında əyləşdi.

−Mənə allaha şükür, hələ heç nə olmayıb. Şikayətim bayırdakı qardan, şaxtadandır, doktlor. Qorxuram evdən çıxam, gəlib yorğan-döşəyə yıxılam.

−Başa düşmədim, − deyə həkim, bu gənc qadının odlu, cazibədar gözlərinə baxmaqdan ehtiyat edirmiş təki, nəzərlərini ondan yayındırdı. Bayaqdan qapı ağzında dinməzcə dayanmış Səltənət, Yeganənin sərsəri danışmağından bezikib, otaqdan çıxdı.

−Bağışlayın, adınız nədir, doktor?

−Adım... Aslandır.

−Çox gözəl! – deyə qadın məxsusi maraqla həkimə nəzər yetirdi. – Burada başa düşülməyəsi nə var ki, ay Aslan yoldaş?.. İşə çıxmamışam, mənə bülleten lazımdır. – O, bir an ara verib sözünə əlavə elədi. – Siz istərsiniz mən naxoşlayım?..

−Xeyr, allah eləməsin...

Qadın yenə şadlıqla qəhqəhə çəkdi.

−Onda bəs, bu fikirləşmək neyçündür?

Çıxılmaz vəziyyətdə qalan həkim üzünü Yeganəyə tutub, ixtiyarsız olaraq güldü:

−Düzü, birinci dəfədir belə xəstəyə rast gəlirəm...

−Hələ cavansınız. Bundan sonra çox qəribə xəstələr görəcəksiniz...

İlk baxışdan Yeganənin diqqətini özünə cəlb edən həkim ortaboylu, qarabuğdayı, girdəsifət şumal bir oğlan idi. Parlaq, şabalıdı saçları pərakəndə halda alnına tökülmüşdü. Kaman kimi gərilmiş ensiz qaşları, düşüncəli gözləri ona ciddi bir görkəm verirdi. Sıx, uzun kirpiklərinə, yəqin ki, çoxları həsəd aparardı. Ətli çənəsinin ortasında balaca bir çökək vardı. Dodaqlarında sanki bu dəqiqə demək istədiyi kəlmələr donub qalmışdı.

Səltənət padnosda bir stəkan çay, dilimlənmiş lumu və qənd gətirib çarpayının baş tərəfindəki dolabçanın üstünə qoydu.

−Axı, mən sizə necə bülleten verim, xanım?.. Orada nə yazım? – deyə Aslan öz-özü ilə danışırmış kimi tərəddüdlə dilləndi.

−A... bəs bu tufanda, çovğunda sizi nəyə görə çağırmışam?.. Yazın ki, Yeganə adlı dəymədüşər bir gəlin soyuqlayıb, vəssalam. Qələm lazımdırsa, verim?..

−Xeyr, varımdır.

Bu açıq-saçıq danışıqdan xoşlanmayan Səltənət başını bulaya-bulaya otağı tərk etdi.

Həkim könülsüz halda əlini qoltuq cibinə aparanda, qadın qoymadı:

−Xahiş edirəm, əvvəlcə çayınızı için, sonra. Hara tələsirsiniz?..

Yeganə lumudan bir dilim onun stəkanına salanda, saçlarının bihuşedici ətri Aslanı vurdu.

−Harda işləyirsiniz?

−Mən?


−Bəli. Burada sizdən başqası yoxdur ki...

−Aktrisayam. Necə bəyəm?

−Heç. Elə bülleten yazmaq üçün soruşuram. Adınız?

−Yeganə. Tanımırsınız məni?

−Xeyr. Yəqin teatrdan, incəsənətdən geri qalmışam.

Həkim çayını içəndə, araya çökən sükutu Yeganə pozdu:

−Görəsən, bu saat bayırda neçə dərəcə şaxta var?

Aslan stəkanı dodaqlarından ayırıb, çeçədi:

−Əlli, altmış...

Həkimin bu zarafatından xoşlanan qadın yenə dilini saxlamadı:

−Doğrusu, bilmirəm siz doktorlar nə üçün bu qədər əzazil , qəddar olursunuz?..

−Niyə axı?

−Həmişə istəyirsiniz adam naxoşlasın, sonra bir parça kağız yazıb verəsiniz. Məncə, bülleten xəstələnmənin qabağını almalıdır.

−Yəqin mən hələ gəncəm, təcrübəsizəm...

−Olar da... otuzu haqlamışam.

−Amma mən sizə iyirmi beşdən, iyirmi altıdan artıq verməzdim...

Həkim stəkanı padnosa qoydu.

−Siz çox səxavətli adama oxşayırsınız...

−Səhv etmirsiniz...

Oğrun baxışlar qarşılaşdı. Aslan bülleteni dolduranda, Yeganə yenə dilini saxlamadı:

−Əcəb qəşəng xəttiniz var... Görünür, qızlara tez-tez məktub yazırsınız, ondandır.

−Xeyr. Bu barədə səhv edirsiniz.

−İnanan daşa dönsün!

...Həkim ayağa qalxıb getməyə hazırlaşanda Yeganə soruşdu:

−Demək, üç gündən sonra özümü yaxşı hiss etməsəm bir də sizi çağırmalıyam?

−Bəli. Yeganə xanım. Qayda belədir.

−Yenə mən zəng çalım, adres qoyum, yoxsa... özünüz gələrsiniz?

Həkim deməyə başqa söz tapmadı:

−Zəhmət çəkməyin, özüm gələrəm...

Sonralar Yeganə ilə görüşməyə başladığı ilk günlər Aslanın bütün varlığı gözəlliyin əsiri olmuşdu. Xəlvət bir guşədə bu qadınla üz-üzə oturub pıçıldaşdığı anları, şəhərin küçələrində, parklarında qol-qola gəzişdiyi dəqiqələri o, həyatının əvəzedilməz çağları sanırdı. Bəzən fürsət tapıb Yeganəni qucaqlayanda, əllərinin toxunduğu yerdən bədəninə gizli bir şəhvət süzülür, məstanəliyini artırırdı. Aslana görə onun sevgisindən başqa hamısı yalan, Yeganədən qeyrisi əfsanə idi!

Yeganə ərdə olduğunu gizlətmişdi. “Müharibədən əvvəl Əkrəm adlı birisi ilə görüşürdüm... əsgər getdi. O, məni dəlicəsinə sevirdi, mən isə, elə-belə...” – demişdi. Hətta “həmin oğlanın onu aldadıb yoldan çıxardığını” da utanmadan uydurmuşdu. Əlbəttə, o zaman Aslan bunlara inanmaya bilməzdi. Bir halda ki, Yeganə onun evlənmək barədəki təklifini də yubadaraq, davanın qurtarmasını gözləməyi xahiş etmişdi. Lakin sonralar qadının münasibətindəki açıqlıq oğlanı ayıltdı. Sevdiyi gözəl əyləncəyə çevrildi. Aslan istəməsə də, rəftarını dəyişməyə məcbur qaldı...

Cəbhələrdən döyüşçülərin tez-tez ölüm xəbərini eşidən Yeganə, Əkrəmin də qayıdacağına ümid bəsləmirdi. O, özünün gələcək həyatını düşündüyündən ürəyinə yatan həkim oğlandan dördəlli yapışmışdı.

Şəhərin mərkəzində, ata-anasından ayrı yaşayan Aslan gündüzlər poliklinikada növbətçi həkim işləyir, axşamlar evində xəstə qəbul edirdi. Sol qıçını çəkdiyindən onu əsgər çağırmamışdılar. Müharibənin ən ağır günlərində belə, ehtiyacla qarşı-qarşıya durmamışdı. Yeganəni bu oğlanın başqa məziyyətlərindən daha çox qabaqdakı şan-şöhrəti maraqlandırırdı. Cavanlığına baxmayaraq, Aslan indidən istedadlı bir həkim kimi tanınırdı. Hələ əlindəki elmi işini bitirib alimlik dərəcəsi aldıqdan sonra... başına bəxtəvərlik yağacaqdı.

O, özgə təmənnada ikən ərindən gələn qəhərli bir xəbər bütün fikirlərini alt-üst eləmişdi. Əkrəm hərbi xəstəxanadan yoldaşına yazdırdığı məktubda deyirdi: “...Yeganə! Məni yandıran odur ki, dörd il dəhşətlər içərisində gecəli-gündüzlü vuruşdum, heç burnum da qanamadı. Ancaq... müharibənin axır çağlarında ömürlük bədbəxt oldum: gözlərimi itirdim! İndi koram! Heç nə, qətiyyən heç nə görmürəm... Bir aya yaxındır günəş işığına həsrətəm... Həkimlərin apardığı cərrahiyyələr də fayda vermir. Hər dəqiqə məktublarını gözləyirəm. Səndən ayrı təsəllim yoxdur. Məni unutma, Yeganə...” Lakin Aslan bunların hamısından bixəbər idi. Qadın nə edəcəyini kəsdirə bilmirdi. Təkcə onu bilirdi ki, iki gözdən kor bir ərin arvadı olmağı ləyaqətinə heç cür sığışdırmayacaq.

Son zamanlar Aslanın şövqdən düşdüyünü, əvvəlki ehtirasının söndüyünü duyan Yeganənin narahatlığı birə-beş artmışdı. Axşam onun restorandakı qaradinməzliyi, soyuqluğu buna bir daha sübut idi.

“Ağılsızlıq elədim! – deyə indi divanda uzanıb fikirləşdikcə özünü məzəmmətləyirdi. – Aslana tez təslim oldum!..”

Bu gecə o, mütləq bir hiylə ilə oğlanı sınaqdan çıxarmağı, ürəyindəkiləri öyrənməyi qarşısına məqsəd qoydu.

Aslan əlində iki fincan qəhvə mətbəxdən otağa qayıdanda, Yeganəni bikef görüb soruşdu:

−Nə var, gözümə birtəhər dəyirsən?

Yeganə cavab əvəzinə köksünü ötürdü. Oğlan keçib divanın qırağında əyləşərək, barmaqları ilə onun saçlarını daradı.

−Neyçün məyussan? Bəlkə xətrinə dəyən bir söz demişəm?..

Yeganə yerində qurcalanıb azacıq dikəldi:

−Sən məni ancaq dildə sevirsən, ürəyində məhəbbət olsaydı, bayaq restoranın vestibülündə o farmazonun mənə yaxınlaşdığını görəndə qısqanardın. Heç vecinə də almadın...

Aslan gülümsündü:

−Mən arxayınam ki, özün düzünü deyəcəksən. Dur, bir fincan qəhvə iç, fikrin dağılsın.

−Lazım deyil. Evimizə getməliyəm, gecdir.

−Hara? Evinizə? – Aslan onun çiyinlərindən yapışıb özünə tərəf çəkdi. – Səni kim buraxır?

Yeganə bezikmiş təki üz-gözünü büzüşdürüb dartındı.

−Toxunma mənə, xahiş edirəm!

Aslan guya təəccübləndi:

−Bəs onda bura niyə gəldin?

−Bilmirəm. Yüngüllüyümdən!

−Canın üçün, sənin bu axşamkı hərəkətlərin mənə çox qəribə görünür.

Yeganə getməyə hazırlaşırmış kimi divandan enib, ayna qabağına keçdi.

−Mən necə vardım, elə də qalmışam! – dedi və üst-başını səliqəyə salmağa başladı. – Qəribəliyi səndə görürəm!

−Məndə?!


−Bəli! Siz Aslan həzrətlərində. Mən çox eşitmişdim ki, bütün kişilər bir bezin qırağıdır, inanmırdım... Axırda özüm şahid oldum.

Aslan cavab verməyə söz tapmadı. Yanındakı dolabçanın siyirtməsini çəkib, “kazbek” qutusundan bir papiros çıxararaq yandırdı. Yeganə nə fikirləşdisə, elə sərtliklə çevrilib üzünü ona tutdu ki, saçları sifətinə səpələndi.

−İstəyinə çatmaq üçün keçən il həmin bu otaqda dilənçi kimi yalvarırdın. Nə tez yadından çıxdı?! “Mən həyatımı sənsiz təsəvvür etmirəm, əzizim... – deyə o, səsini dəyişərək oğlanı yamsıladı. – Yolunda hər şeydən keçməyə hazıram...” Hanı, hanı ilanı yuvasından çıxaran şirin dilin?! Arada ikicə həftə rayona getdin, mənə hərəsi bir palaz boyda beş-altı məktub yazdın. Yalan deyirəm?!. Bəs indi sənə nə olub? Bu gün neyçün ağzına su alıb oturmuşdun?!. Bəlkə daha məni özünə yaraşdırmırsan?! Ona qalsa, restoranda yediyimi, elə xarabamda da oturub zəhrimar eləyə bilərdim!

−Yeganə, axı, mən...

Qadın ona danışmağa macal vermədi. Saçını üzündən dala atıb, əli ilə yuxarıdan-aşağı havanı yardı.

−Səni heç eşitmək də istəmirəm!

Aslan düşüncəli halda papirosundan bir-iki qullab aldıqdan sonra başını qaldırmadan, səbrlə sözə başladı:

−Əvvəla, mən heç vaxt öz istəyimə çatmaq üçün səndən sədəqə ummamışam. Danışanda, yaxşı fikirləş! Elə bilirəm aramızda olub-keçənlərə görə mən daha çox heyfsilənməliyəm.

−Necə?! – Yeganə gözlərini qıyıb, kinlə Aslanı süzdü.

−Qulaq as. Onu düz deyirsən, mən həyatımı, gəncliyimi sənə möhkəm bağlamışdım. Yolunda canımdan keçməyə hazır idim. Bunu özün də hiss etməyə bilməzdin...

−Bəs, niyə dəyişdin?! Həmin Aslan deyilsən?!

−Mən həmin Aslanam, ancaq... sən o Yeganə deyilsən. Gəl bir-birimizi başa düşək. Hər şeyi açıb-tökməyin nə mənası!

Söhbətin ciddi şəkil aldığını görən qadın, yumşalmağa məcbur oldu.

−Nə isə... Bu gün səni heç özünə oxşatmıram, − dedi və keçib qəhvədən bir qurtum içdi...

Onca dəqiqə sonra Yeganə yenə divanda uzanmışdı. Aslan da yanında oturmuşdu. Bir-birlərinə baxıb, danışmırdılar. Qadının yanaqlarında yaş gilələnmişdi. Gözlərindən günahkarlıq oxunurdu. Bu dəqiqə o, bəlkə də ömründə ilk dəfə belə miskin vəziyyətə düşmüşdü, aciz qalmışdı. Aslan mütəəssirbir halda dilləndi:

−Heyf səndən, Yeganə!

Qadın udqundu.

−Açıq danışsana... Mən çoxdan heyf olmuşam!..

−Heç bilirsənmi, o Zakir kimdir?

−Hansı Zakir?

−Restorandan çıxanda gözlərini qapayan adam. “Xozeyin zərgərin oğlu!..”

−Onun kimliyinin mənə nə dəxli?!

−Eh, Yeganə!.. Yeganə! Mən hər şeydən xəbərdaram. Yoxsa, səndən bu qədər soyuyardımmı?

−Axı, kimdən nə eşitmisən?

−Mənə Zakir özü danışıb. Bu yaxınlarda yanıma müalicəyə gəlmişdi. Bax, elə bu divanda oturmuşdu. Səninlə necə tanış olduğundan, ta sonralara qədər hamısını açıb tökdü.

−Yalandır! O dedi, sən də inandın?!

−Şübhələnməyə əsas yox idi. Zakir bizim münasibətimizi bilmirdi. Təsadüf belə gətirmişdi... Axşam restoranda o sənə yaxınlaşanda, xəcalətdən gizləndim. Bizi bir yerdə görsəydilər, mən də onun səviyyəsinə enərdim, alçalardım. Eh!.. Qadınları tanımaq çətindir! Mən sənin haqqında tamam ayrı fikirdə idim... Keçdi!..

Yeganə tutulmuşdu. Qalxıb bir anda təşəxxüslə hər şeyə tüpürmək, qapını çırpıb, evi tərk etmək istədi.

−Keçənə güzəşt deyərlər! Mən sənə lazım deyiləmmi? – Xəbər aldı. – İndi neyləyim? Durum, gedimmi? Utanma, açıq danış, bir də bura gəlim, ya yox?!.

Aslan sözün düzünü deməkdən çəkinmədi:

−Gəlirsən gəl. Ancaq... bir məşuqə kimi. Səndən keçmək olarmı?

Yeganə ikiəlli oğlanın boynundan yapışıb sinəsinə sıxdı.

−Ona da razıyam!

Ağladı.


SƏKKİZİNCİ NOVELLA

Müharibə illəri başsız qalan ailələr dolanmaq naminə evlərinin qiymətli şeylərini dəyər-dəyməzinə satır, çörək, yağ, qənd hayına qalırdılar. O zaman Səltənətin də güzəranı ağırlaşmışdı. Kürəkəni cəbhədə ölmüşdü. Fəridənin südəmər uşağı olduğundan hələlik, qulluğa girə bilmirdi. Bazarda qiymətlər gündən-günə qalxırdı. Fabrikdə toxucu işləyən Səltənətin maaşı ilə həmxanalardan topladığı ev kirayəsi onları görmürdü.

Daşkəndin Şeyxanaətaur bağındakı təsadüfi tanışlıqdan sonra çopur dəllalın qızıllarını ələ keçirən Yeganə isə... bu çətinlikdən, qayğıdan uzaq idi. O, çoxlarının düşdüyü ehtiyac girdabının sahillərində asudə, rahat gəzib, dolanırdı.

Bir yol Səltənətin dəllal çağırtdırıb, mülkünə müştəri axtardığından xəbər tutan Yeganə, alıcı quş təkin tez arvadın başının üstünü kəsdirdi:

− Ay xala, mən ölmüşəm bəyəm sən evini satırsan?! – deyə canıyananlıq elədi. – Qoymaram heç kəsi bu həyətə ayaq bassın!.. Pul üçün məəttəlsən, mənə ağız aç. Qonşuları özümüzə güldürmək nəyə lazımdır?..

Bu sözlərdəki səmimiyyətə inanan Səltənətin gözləri yaşardı:

− Neyləyim, qızım? Kasıblığın üzü qara olsun. Ümidim təkcə bu daş-divaradır. Belə gündə kimdən borc alasan?.. Hərə özünü güclə dolandırır....

− Mən özgə deyiləm, Səltənət xala. Haçan bir şey gərəyinsə, məndən istə.

Yeganə dəllala elə həmlə gəldi ki, kişi çaşıb qapı əvəzinə pəncərəyə cumdu. O, həmin axşam arvada bir bağlı pul gətirdi:

− Al, beş min manatdır. Qaytarmağa da tələsmə. Mənim azdan-çoxdan yenə varımdır, birtəhər keçinərəm.

Səltənət, həmxanaları ilə davadan qabaq necə danışmışdısa, indi də kirayə haqqını eləcə alırdı. Daha başqaları kimi dükan-bazara baxıb, otaqların qiymətini təzədən artırmağı insafına sığışdırmırdı.

Müharibə uzandıqca, vəziyyət ağırlaşırdı. Səltənətin borcunun üstünə bir o qədər də gəlmişdi; artıq, evini satmağa məcbur idi. Bu dəfə Yeganə onu müştəri axtarmağa qoymadı. Arvadla sövdələşib, həyət-bacanı öz adına keçirdi. Səltənət yuxarıdakı otaqlardan birində kirayənişin qaldı.

− Ay xala, vallah, doğru sözümdür. Səndən bir qəpik almayacağam, − deyə Yeganə bu başdan arvadı şirnikləndirdi. – Nə qədər ömrün var, mənimlə yaşayacaqsan.

Döşəməsinin altında qızıl düyünçələri gizlətdiyi dolu ev-eşiyi nəzarətsiz qoymaq başısoyuqluq olardı. Bunun üçün Səltənətdən münasib adam yox idi. Bir ay keçməmiş, Yeganə aşağı mərtəbədəki otaqların kirayə haqqını üçqat artırdı, həmxanalara da ciddi ultimatum verdi:

− Kimə sərf eləmirsə, zəhmət çəkib evi boşaltsın!

Gecələr Səltənət çox zaman qızının yanında qaldığından, Yeganə burada daha geniş qol-qanad açdı. Kirayənişinlər onun hərəkətlərinə göz yummaq istəsələr də, bacarmırdılar. Axır vaxtlar lap cana doymuşdular. Arabir qadının üzünə bozarıb, əməllərini pisləyirdilər.

Bu axşam Səltənət həyətə girəndə, qonşulardan... kor bir zabitin Yeganənin yanına getdiyini eşitcək, məsələni əlüstü başa düşdü. O, Əkrəmin iki gözdən şikəst olduğundan xəbərdar idi... Arvad həyəcandan pilləkəni necə qalxdığını bilmədi. Təngnəfəs özünü aynabəndə saldı. Hələ uzaqdan Əkrəmi açıq qapı ağzında, qara şüşəli çeşməkdə görəndə əti ürpəşdi. İrəli atılaraq onu doğma balası kimi bağrına basıb öpmək, sonra da Yeganəyə gözaydınlığı vermək istədi. Lakin nə düşündüsə, fikrini dəyişdi; cınqırını çıxarmadan sola buruldu, öz otağına keçdi. Pəncərənin böyründə küncə qısılıb için-için ağladı. Yadına kürəkəni Əşrəf düşdü – Fəridənin əri. Getdi, qayıtmadı... Qızı cavan ikən dul qaldı, nəvəsi yetim... Arvad əllərini yuxarı qaldırıb pıçıltı ilə göyə yalvardı, allahdan nə isə dilədi.

Səltənət gəncin halına yansa da, Yeganənin evdə olmadığını bildiyindən onunla təklikdə görüşməyə ehtiyat edirdi. Əkrəm arvadının barəsində soruşsa, çıxılmaz vəziyyətdə qalacaqdı. Yalan danışmağa dili gəlməyəcək, doğrunu da söyləməyəcəkdi. “Onsuz da ürəyi sınıqdır. Bu dəqiqə gəlinin işdəklərindən duyuq düşsə, ürəyinə dağ çəkilər. Mən loxəbər olmaq istəmirəm. Sonra gərək Yeganə ilə ömrüm boyu qanlı bıçaq qalam...” Səltənət ehtiyatla çıxıb getdi...

Əkrəm onun ayaq səslərini aynabəndə girəndə eşitmişdi.

Stol üstündəki konyak şüşələri... boş qədəhlər... papiros, siqaret kötükləri... Yeganənin haqqında çox şeylər deyirdi. Bunlar Əkrəmin barmaqlarına toxunanda onun qəlbini ahar eləmişdi, tüstüsü beynindən çıxmışdı...

Gecə saat ikini vuranda o, soyunmadan döşənəksiz taxta uzandı. Srağa gündən yorğun və yuxusuz olduğuna baxmayaraq, yenə yata bilmədi... Vağzaldan faytonla onu evlərinə gətirən qadını xatırladı. Axı, o kim idi? Əkrəmi küçələrinə ötürəndən sonra da getməmişdi, dayanıb gözləmişdi.

“Yox, o, yad adama oxşamırdı. Səsi mənə tanış gəldi, haradasa eşitmişəm... Eh!.. Dünyada o qədər yaxşı insanlar var ki!.. Əlbəttə, pisləri də az deyil. Həyatın qəribəliyi, ədalətsizliyi çoxdur. Bəzən nəciblər, xeyirxah niyyətlərlə yaşayanlar vaxtından tez ölür, xəbislər, bədxahlar isə elə hey ömür sürürlər.”

Əkrəmin yuxusu ərşə çəkilmişdi. Qalxıb eyvana çıxdı. Hava sərinləmişdi. Uzaqlarda göy guruldayırdı...

Obaşdana yaxın Aslan telefonun cingiltisinə oyandı. Dəstəyi qaldırıb, qulağına tutdu. Onu xəstə üstünə çağırırdılar.

−İyirmi dəqiqəyə ordayam! – deyib, tələsik geyinməyə başladı. Səsə Yeganə də gözlərini açdı. Tənbəl-tənbəl yerində qurcalanaraq, yuxulu tərzdə xəbər aldı:

−Tez qayıdacaqsan?

−Bilmirəm. O baxır naxoşun vəziyyətinə...

Bəlkə...


Yeganə sözünü yarımçıq kəsdi.

−Bəlkə nə? – deyə Aslan arxaya döndü.

−Hər çağırılan yerə getmək vacibdir?

−Bəs necə? Bir halda ki, ümidləri mənədir...

−Gecənin bu vaxtında?

−Bəli. Xəstəlik vaxtla ayaqlaşmır.

−Çox vacibdir “təcili yardım” çağırsınlar.

−Onların rayonunda həkim azlıq edir. Çatdıra bilmirlər.

Yeganə mızıldandı:

−Sənin yerində mən olsaydım, şirin yuxunu özümə haram eləməzdim. Səhəri əlindən almayıblar ki!..

Aslan sakit cavab vermək istədi, bacarmadı. Üzünü Yeganəyə tutub, bozardı:

−Qəribə adamsan! Həkim nə üçündür?

−Onu bil, belə şeylər səni hörmətdən salar.

−Kimin yanında? Sənin, ya xəstələrin?

Yeganə qalxdı, geyinməyə başladı.

−Məni tək qoyub getməyə hayıfın gəlmirsə, o başqa məsələ!.. Səndən hörmətsizlik gördüyüm birinci dəfə deyil ki!

Aslan kiçik çamadanını götürüb, kinayə ilə dedi:

−Çalışaram bu axırıncı dəfə olsun!

Qadın onu yubandırdı:

−Bir dəqiqə gözlə... Mən otaqların qarovulunu çəkməli deyiləm!

Qapıdan çıxanda hərə bir tərəfə yollandı...

Yeganənin tuflilərinin acıqlı tıqqıltısı gecənin sakitliyini diksindirdi.

Toran yavaş-yavaş çəkilirdi. Kimsəsiz küçələr çox qərib idi. Ətrafda insana, səs-küyə bir həsrət duyulurdu. Müharibənin yorğunluğu, üzüntüsü hələ canından çıxmamış şəhəri oyadan olmasaydı, günortaya kimi yatardı.

Havadan rütubət, yağış qoxusu gəlirdi. Yeganə evə tez çatmaq üçün addımlarını yeyinlətdi. O, yol boyu heç nəyə məhəl qoymurdu, ürəyində öz-özü ilə danışırdı: “Demək, Aslan da mənə yaramadı! Gül kimi qoxlayıb, tulladı. Eybi yoxdur! Yüz elə həkimlər mənə qurban olsun! Yeganə hələ təravətdən düşməyib. Ardınca sürünənlər çoxdur...”

Şimşək çaxdı, leysan başladı. Yeganə yüyürə-yüyürə özünü həyətlərinə saldı.

Əkrəm göyün gurultusunu, yağışın səsini, novdan axan suyun şırıltısını dinləyirdi. Dörd il əvvəl Yeganə ilə görüşə çıxanda da belə bir leysana düşmüşdülər, möhkəm islanmışdılar. Sonra qız onu öz otağına dəvət etmişdi. Oturub gecəyə qədər söhbətləşmişdilər...


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin