Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə1/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
  1   2   3   4   5   6   7   8   9   10
KƏNDİMİZDƏ BİR GÖZƏL VAR...

NOVELLALAR ROMANI

Sevimli qızım Leylaya ithaf edirəm.

P R O L O Q

Adı Leyladır onun. Həyatı bəxtəvərliklə, qəlbi istəklərlə doludur. Dodaqlarındakı gülüşlə, gözlərindəki sevinc əkiz yaranmışdır. Ömründən keçən on səkkiz ildə ata-ana həmişə bu yeganə qızcığazın nazını çəkmiş, üstündə əsmiş, onu ehtiyacın üzünü görməyə, xiffətin nə olduğunu bilməyə qoymamışdır.

Baharda açılan qönçə kimi növrəstə bir xilqətin xoşbəxtliyi üçün bunlar kifayət deyildimi? Bəs bu axşam ürəyini anlaşılmaz, çılğın hisslərlə döyündürən, ona gah asudəlik, gah da narahatlıq verən məstedici sevgi haradan gəldi? Leylanı necə tapdı?!

O, universitetdə oxuduğu gündən Göydəniz adlı bir oğlana vurulmuşdu. Məhəbbətin hökmü qarşısında aciz qalan qız, bu gözəgörünməz, oğrun hissi boğmağa, öldürməyə çalışsa da, bacarmırdı, iqtidarı çatmırdı. Həmişə Göydənizlə qarşılaşmağa, səsini dinləməyə zəruri bir ehtiyac duyurdu.

Neçə vaxt idi ki, Leyla, özlüyündə dönə-dönə götür-qoy eləsə də, bir məsələni anlaya bilmirdi. Anlaya bilmirdi ki, universitetdə yüzlərlə başqa oğlan olduğu halda, o, nə üçün məhz Göydənizi düşünür, onun xəyalı ilə yaşayır, onun adını əzizləyirdi.

Əgər bu məhəbbət deyildisə, bəs nə idi?

İnsafsız oğlan isə hər dəfə Leyla ilə üz-üzə gələndə, ancaq salamlaşmaqla kifayətlənir və bununla da borcunu bitmiş hesab edirdi. Tez-tez təkrarlanan bu ötəri, ani görüşlərdə o, ağlını çaşdırıb, özünü itirsə də, Göydəniz heç nə itirmirdi. Lakin dünən gözlənilməz bir təsadüf qızı yenidən sarsıtdı, köksündəki məhəbbət qığılcımlarını alovlandırdı, şölələndirdi... Leyla çox intizarında olduğu xoş dəqiqələrin vüsalına çatdı; Göydənizlə ilk görüşə getdi.

Onlar səhərdən axşamadək yorulmadan şəhərin küçələrini ayaqdan salıb gəzdilər, danışdılar, dərdləşdilər. Leyla heç nə görmədi. Elə gözlərini Göydənizə zilləyib ona baxdı, ona baxdı...

Bəli, o görüşdən sonra qız birdən-birə sanki qanad açdı, fərəhdən ayaqları yerdən üzüldü, pərvazlandı, göyərçin təki səmalara uçdu...

Qəribə, məsud anlar başlandı Leylanın həyatında. Sən demə, indiyəcən o, ağlıkəsməz bir uşaq imiş, gəncliyin şövqünü, yaşamağın mənasını bütünlüklə duymurmuş.

Həmişə hər şeyi çəkinmədən evdə valideynlərinə danışan Leyla, bu sirrini əsla deyə bilmədi. Ürəyində özünə təzəcə yuva qurmuş məhəbbət, kibrit qutusuna salınmış kəpənək kimi bütün gecəni çırpındı, ona əziyyət qarışıq ləzzət də verdi. Qız gözlərini yumdu − Göydənizi gördü, gözlərini açdı − Göydənizi gördü. Dodaqları hey onun adını pıçıldadı.

Səhər, hələ günəş pəncərəsindən salama gəlməmiş Leyla yerindən qalxıb əl-üzünü yudu, saçalrını daradı, tualet stolunun qarşısına keçdi. Çərçivəsi oymalı bədənnüma aynada iki Leyla bir-birinə baxdı. Ağ geyimdə olan ucaboylu, nazikbədənli, xurmayı saçlı leylalar; qaşları qaranquş qanadı kimi gərilmiş göy, aydın gözlü əkiz bacılar. Leylalar utandı, dodaqlarını dişləyib tez-tez kirpik çaldı... sonra fərəhdənmi, nədənsə əllərini sinəsinin üstünə qoyaraq güldülər...

Qız, bir az da aynaya yaxınlaşıb gözlərinə diqqət yetirəndə, qəfildən diksinən təki oldu. Beynində qəribə fikirlər cövlan elədi. Sanki yuxudan indi ayıldı.

− Ana, oyaqsanmı? − deyə bir uşaq sövq-təbiiliyi ilə səsləndi. Əndəruni otaqdan Günəşin cavabı gəldi:

− Nə var, qızım? Bu gün sənə nə olub, belə tezdən durmusan?

Leyla cəld ara qapını açıb hövlnak içəri atıldı. Əvvəlcə anasını bağrına basaraq, bərk-bərk öpdü, sonra atasının çarpayısına yan alıb, onun boynuna sarıldı. Fikrət qızın bu anlaşılmaz hərəkətlərinə mat-məəttəl qaldı.

− Sizdən bir şey soruşacağam, düzgün cavab verməsəniz, ikinizdən də inciyəcəyəm, − deyə Leyla həyəcanla dil-dil ötməyə başladı. – Anamın gözləri qara, atamın gözləri qara... bəs mənimkilər niyə göydür?!.

Qızın səsi titrədi. O, bu sualı zarafatlamı, yoxsa ciddimi verirdi – bilmək çətin idi.

Otağa sükut ələndi. Günəş, boğazında qurğuşun parçası qalmış kimi əzabla udqundu; qızdan xəlvəti ərinə tərəf dönərək, başının cüzi hərəkəti ilə ona anlaşılması çox çətin bir işarə vurdu. Lakin danışmadı. Fikrət köksünü ötürdü, yerinin içində dikəlib mənalı tərzdə Leylaya baxdı və özünü zorla ələ alaraq gülümsədi.

− Yəqin göy dənizə çox baxmısan, onun üçün gözlərin göydür, − dedi.

Qızı sanki ildırım vurdu. Təlaş içində bir addım dala sıçrayıb, divara söykəndi. Yanaqlarından başlayan istilik sürətlə bütün bədəninə sirayət etdi; saçları sifətinə dağıldı:

“Aman! Atam məni Göydənizlə bir yerdə görmüşdür?!” – deyə keçən axşamkı gəzintini xatırladı və daha burada dayana bilməyib, öz otağına qaçdı; üzüqoylu çarpayıya yıxılaraq ağladı Leyla.

Fikrəti də, Günəşi də fikir götürdü: “Anamın gözləri qara, atamın gözləri qara... bəs mənimkilər niyə göydür?!. Olmaya on səkkiz il gizli qalan müdhiş bir sirri indi Leyla kimdənsə öyrənmişdi?..”

Soltanovların sakit ailəsində narahatlıq başlandı.

BİRİNCİ NOVELLA

İllər qanadlıdır, nədir?

Gənclik necə də tez ötüb, keçdi!

Elə bil lap srağagün idi: Fikrət dəniz sahilində xiyaban boyu Günəşlə yanaşı yeridikcə həyəcan keçirirdi. İlk dəfə qəlbən məhəbbət bəslədiyi bir qıza sirrini açmaq, ona “sevirəm” demək sizə asanmı gəlir? Bu bircə kəlməni dilə gətirmək üçün adamdan ikiqat cəsarət tələb olunur. Gəncliyin bundan da qorxulu imtahanı, bundan da çətin sınaq dəqiqələri varmı?

Hər şeydən xəbərsiz Günəş isə şirin söhbətində idi. Arxada qalan məktəb illərinin xoş xatirələrindən danışırdı.

Fikrət, qızın gözlərinə baxmaqdan ehtiyat edirmiş kimi, başını aşağı dikmişdi. Günəşin asfalt səkidə asta-asta, ahənglə addımlayan ayaqlarını gördü. Dolubiçimli, qəşəng, mərmər ayaqlarını. O, hündürdaban, zərif ağ çəkmə geymişdi. Corabsız idi. Fikrət, ancaq indi fikir verdi: Günəşin nə balaca ayaqları vardı!

Zövqlü qızlar saçlarını necə daramağı, hansı parçanın, hansı rəngin özlərinə yaraşdığını yaxşı bilirlər. Bu gün Günəş də ağ çəkmələrlə ətəkləri qırçınlı qırmızı paltarı nahaqdan geyməmişdi ki. Girdə ağ sifət, qara qaş-göz, qırmızı paltar, ağ çəkmə... İnsafən, elə bunlarsız da o, Fikrət üçün gözəl idi. Təkcə təmiz ürəyi, mülayim xasiyyəti dünyalara dəyərdi!

− Yorulmusunuzsa, əyləşək, − deyə qız, tənha söyüdün çətiri altda qoyulmuş skamyanı görəndə ayaq saxladı.

Fikrət düşüncədən ayrılıb, dayandı.

− Xətriniz necə istəyir...

O, yaylığını çıxarıb qız üçün skamyanın üstünə sərəndə, yerə əzik, göyümtül bir kağız düşdü; Günəş əyildi, onu götürüb Fikrətə uzatdı:

− Kino biletidir, deyəsən.

− Bəli. Özü də istifadə olunmamış biletlərdir.

Fikrət köksünü ötürüb, xəlvəti Günəşi süzdü. Qız qara saçlarını gödək vurdurduğundan boyun-boğazı və balaca qırmızı sırğaları açıla qalmış, bir az da qəşəngləşmişdi.

− Bəs niyə getməmisiniz?

− İstədiyim adamı dəvət etməyə cəsarətim çatmadı.

Günəş əyləşdi, kirpiklərini qaldırıb mat-mat ona baxdı. Fikrət qoltuq cibindən bir dəstə köhnə bilet çıxararaq Günəşin qarşısında tutdu və özünə yad bir səslə dedi:

− Görürsünüzmü?! Bunlar keçən ayın, hətta ondan qabaqkı ayın kino biletləridir. Hamısı da qoşa-qoşa...

Qız məsələnin nə yerdə olduğunu duysa da, əvvəlcə özünü etinasız göstərdi. Sonra gözlərinin ifadəsini gizlətmək üçün əlləri ilə üzünü qapayaraq şadlıqla qəhqəhə çəkdi:

− Başa düşmürəm, axı, sizə kim mane olub?

Günəşin bu şıltaqlığı Fikrəti ürəkləndirdi, dili açıldı... qəlbini boşaltdı...

...Həmin axşam ilk dəfə qızı evlərinə ötürdü və yenə sahilə gəldi. Xeyli vaxt ləpədöyəndə dayanıb Xəzərin şor su qoxulu ilıq nəfəsini hərisliklə ciyərlərinə çəkdi. Ulduzlu göylərə, ulduzlu sulara baxdı. Və bu gecə o, sehrli bir mənzərənin şahidi oldu: dəniz cilvələndi, göz qamaşdıran ayna təki parıldadı, Fikrətə qırmızı geyimli Günəşin əksini göstərdi. Qız gəldi, gülümsədi, sonra isə şaqraq qəhqəhələrlə tez də geri çəkildi...

− Bu nə hikmətdir? Mən yuxu görürəm, nədir? – deyə o, ovsunlanmış kimi donub yerində qaldı. Xəzər bir də cilvələndi, Xəzər bir də aynalandı, ancaq bu dəfə ordan Günəş çıxmadı.

Fikrət tələsik paltarlarını soyunub, hündür bir daşın üstünə qalxdı, qollarını qartal qanadları sayaq açaraq suya atıldı, ləpələr parçalandı, ətrafa zümrüd damcılar sıçradı.

Deyəsən, Fikrətin od tutub yanan ürəyinin atəşi bir az söndü, qəlbi sərinləndi...

Gənclik necə də tez ötüb keçdi!.. Elə bil bunlar srağagün olmuşdu...

İndi isə Fikrət axşamdan doğum evinin həyətində oturub həyəcan keçirir, dünyaya göz açacaq ilk övladının yolunu gözləyirdi.

Günəşlə evlənəndən sonra onlar neçə il uşaq həsrətində qalmışdılar. Cavan qadın həkimə getməkdən, dava-dərman içməkdən bezikmişdi. Lakin müalicələr fayda vermirdi. Fikrətin övlad üçün burnunun ucu göynəsə də, Günəşi qüssələnməyə qoymurdu. Qadının isə gecə-gündüz bu barədə düşünməkdən ürəyi qövr eləmişdi. “Kaş, o vaxt heç Fikrətə rast gəlməyəydim! – deyə xəlvətdə göz yaşı axıdaraq sızıldayırdı. – Bəlkə də başqası ilə həyat qursaydı, indi evində çoxdan bir çıraq yandırmışdı. Bu sonsuzluğa bais mənəm.”

Hətta iş o yerə çatdı ki, bir axşam Günəş əri ilə üz-üzə əyləşib, beynində dörd-beş il gəzdirdiyi fikri dili-dodağı əsə-əsə ona dedi:

− Fikrətcan, xahiş edirəm bu gün ürəyin sərt olsun, mənə əsla rəhmin gəlməsin. Kimsədən də utanmaq, çəkinmək lazım deyil. Bilirsənmi, əzizim, mən öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üzərində qurmaq istəmirəm. İnan ki, səni sevməsəydim, belə təklif eləməzdim: icazə ver, biz dost kimi ayrılaq. Mən özüm sənə gözəl-göyçək, qəlbi təmiz, ağıllı bir qız tapım, evlən, uşağınız olsun. Axı, sən heç nə deməsən də, mən hər şeyi başa düşürəm. Övladsız yaşamaq dəhşətdir. Neçə ildir bu divarlar arasında vicdan əzabı çəkirəm. Yalvarıram sənə, Fikrət, nə qədər gec deyil, məni özündən uzaqlaşdır...

Günəş sözünü qurtarmamış, Fikrət gülə-gülə ayağa qalxıb ona yanaşdı, qadının başını mehribanlıqla sinəsinə söykədi, saçlarını oxşadı, yaylığını çıxarıb, əvvəlcə özünün, sonra da Günəşin gözlərini quruladı.

− Ay qız, sən dəli olmusan, nədir?! – dedi. – Gör ağlına nələr gətirirsən? Guya, mən sənin xətrini uşaqdan az istəyirəm? Bax, bir də belə danışsan, qəlbimə toxunarsan.

Həmin axşam Fikrət Günəşin fikrini dağıtmaq məqsədi ilə onu zorla geyindirib kinoya apardı.

−Gedək! – deyə qapıdan çıxanda zarafatla qadına sataşdı. – O vaxt sənin təqsirin üzündən batan biletlərimin heyfini yerdə qoymayacağam.

Fikrət məktəb direktoru idi. Günəş uşaq bağçasında tərbiyəçi işləyirdi. Lakin bu, heç də onlara övladsızlığı unutdura bilmirdi. Əksinə, kişi şagirdlərdən, qadın körpələrdən ayrılıb evə gəlcək, tənhalığın təsiri ikiqat artırdı.

Nəhayət, həftələr, aylar keçdi, bir gün yenə həkimdən qayıdan Günəş içəri gircək ərinin boynundan asılıb, utana-utana, lakin çox sevincək halda şad xəbər verdi.

Fərəhdən Fikrətin gözləri parladı. Qollarını açıb Günəşi bağrına basdı. Hər ikisinin ürək döyüntüləri bir-birinə qarışdı...

Xadimənin ayaq səsinə Fikrət xəyaldan ayrıldı.

−Ay balam, sən hələ burdasan? – deyə ağxalatlı qarı ördək yerişi ilə gələrək ona yaxınlaşcaq, yuxulu tərzdə söyləndi. – Gedib evində-eşiyində dincəlsənə!

−Gərək bağışlayasan, xala, sənə də zəhmət verirəm. Axşamdan neçə yol əziyyətimi çəkmisən.

Qarı skamyada onunla yanaşı əyləşdi, qayğıkeşliklə xəbər aldı:

−Yaxşı, bu siftəsidir, yoxsa yenə uşağınız var?

Fikrət siqaretini sümürüb cavab verdi:

−İlkimiz bu olacaq. Ancaq... bizim Günəş beş-altı ildə nə əzab çəkib mən bilirəm. Doğrudan, bəzi qadınların işi müsibətdir.

−Eh... Hələ bu harasıdır, − deyə xadimə başını tərpədərək köksünü ötürdü. – Qızcığazın əziyyətli günləri qabaqdadır. Övlad böyüdüb, boya-başa çatdırmaq, tərbiyə vermək, sənə asanmı gəlir? Qərəz, ana səbri böyükdür; yenə çox şükür ki, gec də olsa, bu bir dənəni tapmısınız. Onsuz ailənin nə ləzzəti, ay bala. Uşaqsız arvad – meyvəsiz ağac – ikisi də birdir. – Qarı əlini ağzına tutub əsnəyərək, ayağa qalxdı. – Mən gedim, nigaran qalma, azad olan kimi sənə xəbər gətirəcəyəm, − deyə azacıq uzaqlaşmışdı ki, Fikrət arxadan zarafatla ona eşitdirdi:

−Xala, çalış oğlan olsun!

Sübhün açılmasına az qalmışdı. Dan yeri söküldükcə üfüqlər rəngini dəyişərək tədricən bozarırdı.

Fikrət yuxusunu qovmaq üçün durub gəzinməyə başladı. Ətrafda sakitlik idi. Qarşıdakı ağaclar arasından görünən doğum evinin bir neçə pəncərəsindən işıq gəlirdi. Ara-sıra əsən zəif gilavar yarpaqları xışıldadır və haradansa qucaq-qucaq gətirdiyi güllərin, çiçəklərin ətrini həyətə səpələyirdi.

“Kaş Günəşin oğlu olaydı! – deyə həsrətlə düşünən Fikrət iri bir çinarın gövdəsinə söykənib, qollarını sinəsi üstə çarpazladı. – Anamın da arzu-kamı ürəyində qalmazdı. Uşağa atamın adını qoyardıq. Eh... Bir o günü görsəydim ki, balam təzəcə ayaq açıb, əlindən tutmuşam, mənimlə yanaşı büdrəyə-büdrəyə addımlayır, hərdən də şirin dillə ağlı kəsənlərdən danışır...”

Fikrət bu arzulardan məst olmuş kimi fərəhlə gülümsəyib, gözlərini yumdu... Günəşi evlərində beşik başında təsəvvürünə gətirdi, onun laylasını eşitdi. Otaqda pərdə-pərdə qanad çalan həzin səsdə nə gözəl bir incəlik vardı. Görəsən, öz doğma balasının beşiyini yırğalamayan hansı müğənni qadın belə lətafətlə layla deyə bilərdi?! Bu mahnının qayğı, məhəbbət, nəvaziş dolu hər kəlməsi dildən, dodaqdan deyil, ana ürəyinin dərinliklərindən axıb gəlir, körpənin yuxusuna qarışaraq onu sanki ağ bir örpək üstündə göylərə uçurur, başqa aləmlərə aparır...

Fikrət durduğu yerdə bir neçə dəqiqə mürgüləmişdi; gözlərini açanda xadimənin yenə qarşısında dayanaraq, gülə-gülə ona baxdığını gördü.

−Xala, sənsən?! Nə xəbərlə gəlmisən?!

Qarı tezliklə cavab vermədi; qəsdən intizar yaratmaq üçün xeyli susdu, sonra haçandan-haçana şad bir səslə, ucadan dedi:

−Gözün aydın, oğlun oldu!

Bu nidalar təzə açılan səhərin sakitliyində əks-səda verdi.

Fikrət çaşdı, özünü itirdiyindən nə edəcəyini bilmədi. Sevincdən irəli atılaraq qarını elə möhkəm qucaqladı ki, sümükləri şaqqıldadı, onun qax kimi qırışmış üzündən öpdü...

Doğum evinin hündür darvazası qabağında mavi rəngli bir “Moskviç” dayandı, əlində gül dəstəsi tutmuş Fikrət tez maşından düşüb pillələri tələsik addımlarla iki-iki qalxaraq, yuxarı çıxdı.

Çox keçmədən bənizi saralmış Günəşlə, onun qoluna girmiş xadimə qapıda göründü. Cavan ananın sifətinə, gözlərinə elə xoş bir ifadə həkk olunmuşdu ki... Sonra da ağ krujevalı, ipək bələkdə olan körpəsini ehtiyatla qucağına almış Fikrət gəldi. Həyətə düşcək uşağın üzündəki tül örtüyü qaldırıb işıqda diqqətlə ona baxdı; dodaqlarını körpəyə yaxınlaşdırdı, ancaq qıymadı, diksinəcəyindən qorxub geri çəkdi.

Xadimə Günəşi maşında əyləşdirib xeyir-dua verdi:

−Balan xoşbəxt böyüsün, qızım. O gün olsun toyunu eləyəsiniz, elə bu “Moskviç”də ona gəlin gətirəsiniz...

−Al, qoy bu igid oğlan da yanında otursun, darıxmayasan, − deyə Fikrət uşağı ehmallıca içəri uzadanda Günəş məhəbbətlə ərinə baxdı, xəfifcə gülümsədi. Kirpiklərini bir dəfə endirib-qaldırdı, gözləri ilə onu öpdü. Sonra əlindəki gülləri qırağa qoyub, körpəsini sinəsinə sıxaraq, yerini rahatladı.

Fikrət maşından bəzəkli bir qutu götürüb, üzünü qarıya tutdu:

−Xala, al! Bu, cumbulu oğlumuzun adından sənə hədiyyədir!.. Salamat qal.

−Yaxşı yol ay bala, boya-başa çatsın körpəniz.

Qarı doluxsundu. Fikrət sükanın arxasında əyləşib xadiməyə bir daha razılıq edərək, maşını hərəkətə gətirdi.

−Anan nə əcəb gəlmədi? – deyə doğum evinin yaşıl həyətindən küçəyə burulanda Günəş soruşdu.

−Evdə sənin üçün xörək hazırlayırdı.

−Nə bişirirdi?

−Quymaq.

Fikrət boylanıb qarşısındakı kiçik aynadan dala baxdı:

−Mənim pəncərəm açıqdır, sizə soyuq olarsa, örtüm.

“Sizə!” Onun bu sözü Günəşlə oğluna aid idi.

−Yox, örtmə, qoy uşağa yayın havası dəysin.

Maşın geniş bir prospektə çıxdı, Fikrət çox asta sürürdü. Günəş bayıra tamaşa edir, nə haqdasa fikirləşirdi. Dəniz lap yaxında idi. Sahildə oynaşan köpüklü dalğaların şırıltısı eşidilirdi. Uzaqlarda sular gömgöy görünürdü.

−Fikrət!

−Ay can!


−Ləpədöyəndəki o hündür, qara daş sənə tanış gəlmir?

−Bəli, bilirəm nəyə işarə vurursan. Siz mənimlə olmasaydınız, bu dəqiqə çıxıb, lap paltarlı onun üstündən yenə suya tullanardım.

O, istər-istəməz ilk görüş axşamını xatırladı. İndi isə ata olmuşdu.

−Günəş, oğlumuza ad fikirləşməmisən?

−Onu ananla məsləhətləşmək lazımdır.

Fikrət bir siqaret çıxarıb damağına qoydu, uşaq yadına düşcək, tez ağzından alıb qırağa atdı. “Bundan sonra heç evdə də çəkməməliyəm” – deyə özlüyündə qət etdi.

−Anamın arzusu odur ki, nəvəsini atamın adı ilə − Nadir çağıraq. Bilmirəm buna sən necə baxırsan?

Fikrət əlini pəncərədən çıxarıb sola döndü. Günəş bir anlığa susdu. Nə cavab verəcəyini fikirləşdi. Əslində o, lap birinci gündən oğlu üçün “Gündüz” adını seçmişdi, indi daha bu sözdən sonra onu Fikrətə eşitdirməyin mənası yox idi.

−Anan ixtiyar sahibidir. Madam ki, ürəyi istəyir, Nadir çağırarıq.

−Çox sağ ol. Arvad yaman sevinəcək!

Maşın şəhərin mərkəzində beşmərtəbəli bir binaya yaxınlaşanda yavaşıyıb, həyətə buruldu. Pəncərədən onların gəldiyini görən qarı evdən nə vaxt, necə çıxdığını bilmədi. Arvad şadlıqla irəli cumaraq nəvəsini qucağına aldı və titrək dodaqları ilə gəlininin alnından öpdü.

−Əlində, ovcunda qalsın, ay qızım! – dedi. – Axır ki, bizim də bəxtimiz güldü.

Bəli! Soltanovlar ailəsinə xoşbəxtlik gəlmişdi!..

Onca dəqiqə sonra, evdə nənə uşağın bələyini açanda hamını dəhşət bürüdü! Günəş səsi gəldikcə heyrətlə çığırıb bayılmadımı?! Qıçları əsən qarı özünü ayaq üstə saxlaya bilmədiyindən divana yıxılmadımı?! Fikrət gözlərini yumub, ikiəlli başına vurmadımı?!.

Günəşə doğum evindən oğlunun yerinə qız uşağı vermişdilər?

İKİNCİ NOVELLA

Müharibə qurtarmışdı.

Əkrəm evə kor qayıdırdı. Dörd il cəbhələrdə odun-alovun içərisində vuruşarkən, həmişə − gecə də, gündüz də, doğma Bakını təzədən görmək, bir daha onun geniş küçələrində gəzmək arzusu ilə yaşayan Əkrəm, indi iki gözdən məhrum, çəliyini vağzalın daş pilləkənlərinə döyəcləyə-döyəcləyə qaranlıq, zülmət bir şəhərə enirdi. Evinə hansı yollarla, necə gedəcəyini bilmirdi.

O, səkiyə düşcək bir kənara çəkilib ayaq saxladı, çamadanını yerə qoydu; üzü divara dayandı, tez-tez kirpik çalaraq fikirləşdi: “Görəsən, bir azdan qapının zəngini basanda, qarşıma kim çıxacaq? Yəqin ki, Yeganə! Bəs o məni görəndə nə edəcək? Sevindiyindən boynuma sarılıb uşaq kimi hönkür-hönkür ağlayacaqmı? Yoxsa... bu vəziyyətdə qayıtdığım üçün qonşuların yanında xəcalət çəkəcək? Eh!.. Mən də çox qəribə şeylər düşünürəm. Dörd il əvvəl Yeganə elə bu vağzaldan məni cəbhəyə yola salanda göz yaşları içərisində nələr deməmişdi: “Get, əzizim! Amanın günüdür, özündən muğayat ol! Məndən əsla nigaran qalma, həmişə yolunu gözləyəcəyəm, Əkrəmcan! Səni and verirəm istədiyinə, məktublarının arasını kəsmə, tez-tez yaz, sənə qurban olum, məni yaddan çıxarma!..”

Elə bil Əkrəm indi də bu sözləri Yeganənin dilindən eşitdi; onun titrək, musiqili səsi qulaqlarında cingildədi. Ürəyi kövrəldi. Yaylığını çıxarıb, gözlərini sildi. “Yox, Yeganənin barəsində ayrı cür fikirləşmək ağılsızlıqdır! Həyatda bir dəfə səhvi olmuşsa, onu da dərk etmişdir. Mən evə utanmadan, xəcalət çəkmədən getməliyəm!”

Bu vaxt gənc bir qadın səkiyə çıxanda, qəfildən Əkrəmi görcək dayandı. Heyrət içərisində, çox diqqətlə qarşısındakı şəxsin üzünə baxdı. “Bu odur! Odur!” – deyə dəhşətdən az qala hıçqırmaq dərəcəsinə gəldi, lakin özünü ələ aldı...

Əkrəm yoluna düzəlmək istədi, nə düşündüsə, yenə yubandı.

“Bəs əvvəllər mənə isti əlcək, yun corab, cürbəcür sovqatlar göndərən, uzun-uzadı təsirli məktublar yazan Yeganə, son zamanlar, xüsusən kor olduğumu biləndən sonra birdən-birə niyə susdu? Məgər o, mənə təsəlli vermək üçün bu qayğını daha da artırmalı deyildimi?”

Əkrəm iki yol ayrıcında, tərəddüd içərisində qalmışdı. Bu yollardan biri onu neçə müddətdən bəri həsrətində olduğu gözəl qadını Yeganənin vüsalına, digəri isə naməlum səmtə aparacaqdı.

Yeganə Əkrəmi həqiqətən gözləyirdimi? Onunla qurduğu həyatı, əhd-peyman etdiyi kimi, sədaqətlə başa vurmağı yenə arzulayırdımı? Bunu bilmək çətin, çox çətin idi. Əkrəmə hər şey, ancaq qapını açıb içəri girəndən sonra Yeganənin münasibətindən, deyəcəyi sözlərdən, səsinin ahəngindən aydın olacaqdı. Həm də birinci, ikinci gün yox, tədricən, həftələr, aylar ötdükcə... Əfsus ki, qadının gözlərindəki ifadəni Əkrəm oxuya bilməyəcəkdi! O, həyat işığından məhrum idi. Həmişə də ona həsrət qalacaqdı. Hətta günəşi, ayı, ulduzları belə görməyəcəkdi!..

Bu qaranlıq dünyada Əkrəmin gözlərinə işıq, ürəyinə təsəlli verəcək bircə adam vardısa, o da Yeganə idi!

Bayaqdan qıraqda dinməz-söyləməz durmuş gənc qadın irəli addımladı:

− Bağışlayın... Evinizə gedirsiniz? – deyə həyəcanını boğmağa çalışaraq, mehriban bir qayğıkeşliklə xəbər aldı.

Əkrəm səsgələnə döndü:

− Siz kimsiniz?

− Yoldan ötən...

− Bəli. Evimizə gedirəm. İstəyirəm burdan bir minik tapım. Təzə pirin yanına qalxacağam.

− İcazə versəniz mən sizə kömək edərəm, elə özüm də o tərəfdə yaşayıram.

− Minnətdaram...

Əkrəm əyilib çamadanı götürəndə, qadın qabağa keçdi:

− Siz zəhmət çəkməyin, mən apararam.

− Xeyr, ona razı olmaram! Əllərim ki, şikəst deyil.

− Yaxşı, gedəyin...

Yol boyu heç biri danışmadı.

Əkrəm düşünürdü: “Bu, ilk rastlaşdığım hər kimsə mərhəmətli adamdır. Yoxsa, evi tapmaqda çətinlik çəkəcəkdim”.

Vağzalın qabağındakı meydanda beş-altı fayton dayanmışdı. Qadın onlardan qıraqdakına yaxınlaşdı.

− Əmi, bizi Təzə pir məscidinin yanına apararsan? – deyə atların başından arpa torbasını çıxaran uzunboylu, sallaq, qarabığlı kişidən soruşdu. Faytonçu dönüb ona baxaraq elə ləzzətlə qımışdı ki, sifətini saysız-hesabsız dərin qırışlar bürüdü.

− Apararam, belə canım da çıxar! Bəs mənim sənətim nədi? Bir də ki, ora getmək savab işdi, qızım...

Qadının köməyi ilə əvvəlcə Əkrəm faytona mindi, çamadanını dizləri üstə alıb əyləşdi. “Mən, Yeganənin haqqında nahaqdan elə xəyallara düşürəm, − deyə fikrindən keçirdi. Tanımadığım, yad bir adam mənə belə qayğı göstərəndə, özümünkü əldən-ayaqdan getməyəcəkmi?”

Qadın da qalxıb Əkrəmin yanında oturdu. Faytonçu göy, nimdaş xalatının ətəklərini qaldırıb rəngi soluxmuş qırmızı qurşağının altına keçirdi. “Ya, Əli!” – deyib yaşına uyuşmayan bir sıçrayışla qozlaya tullandı. Cilovları əlində cütlədikdən sonra, qamçını havada yellədərək atların başı üstündə şaqqıldadıb, bir ağız bərkdən muşqurdu:

− Ay dönüm gözünüzə, mənim zirək tərlanlarım, tərpənin!

Asfalt meydançaya dəyən nal səsləri vağzal binasının hündür divarlarında əks-səda verdi. Atlar fınxırıb yerindən götürüldü.

Qadın yana çevrildi, aşağıdan-yuxarı oğrun və məyus baxışlarla Əkrəmi süzdü. Onun ayaqlarındakı qunclu xrom çəkmələr köhnə də olsa, tərtəmiz silinmişdi. Tünd bənövşəyi diaqnal kalifeyi, yaxası sarı dəmir düyməli xıneyi köynəyi hündür boyuna, dolu bədəninə biçildiyindən leytenant çinli gənci xeyli qıvraq göstərirdi. Mürəkkəb çilənmiş kimi nöqtə-nöqtə göyümtül ləkələrlə örtülmüş sifətində donmuş, düşüncəli bir ifadə vardı və adama elə gəlirdi ki, bu həmişə belə qalacaq, heç vaxt dəyişməyəcəkdir. Saçlarının yarıdan çoxu ağarmışdı. Şikəst gözlərini yəqin ki, başqaları görməsin deyə, qara çeşmək taxmasına baxmayaraq, furajkasının günlüyünü də qalın qaşlarının üstünə endirmişdi.

Vağzaldan azacıq aralanmışdılar, faytonçu dala baxmadan xəbər aldı:

− Soruşmaq ayıbına gəlməsin, qardaşoğlu, Təzə pir tərəfdə kimlərdənsən?

Əkrəmin kilidlənmiş dodaqları tərpəndi; kirpik çala-çala bir qədər susduqdan sonra cavab verdi:

− Çətin tanıyasınız... Atamgil yuxarı məhəllədə yaşayıblar. Mən, bənna Mirqasımın oğluyam.

Bu adı eşidən faytonçu geri qanrılmaq istəyirdi ki, qarşıdan gələn tramvayı görüb atları yana çəkdi; küçəni sağa döncək cilovları boşaldıb, gümrah bir səslə dedi:

− Belə, atanın cəddinə qurban olum! Adə, sən gəl Mirqasım kişini özgəsindən yox, məndən xəbər al. Buna bax a... deyir, tanımazsan! Bütün qohum-əqrəbanı sənə yerli-yerində elə nişan verim ki, özün də məəttəl qalasan. Evinizə çox gəlib-getmişəm ki...

O, cibindən çıxardığı dəmir qutudakı hazır eşmələrdən birini götürüb, dili ilə böyrünü isladaraq, damağına qoydu. Qəmbər döşəməli çala-çuxur yolla tənbəl-tənbəl gedən atları haylayıb, eşməsini yandırdı, hərisliklə sinəsinə çəkdiyi tüstünü əvvəlcə ağzından, sonra da burnundan buraxıb soruşdu:

− Demək, əsgərlikdən gəlirsən?

− Bəli, əmi.

− Cəmi gedənlərimiz qayıtsın, inşallah... Yəni frontda lap o tufani-bəlanın içində olubsan!

Əkrəm qımışdı:

− Dörd il!

− Şükür allaha ki, sağ-salamat qurtarıbsan, − deyə faytonçu cəbhənin dəhşətli səhnələrini gözüylə görmüş kimi heyrətlə dilləndi.

Atlar Qəssab bazarının yoxuşunu qalxanda Xəzərdəki gəmilərdən günortanın fiti verildi.

− Qardaşoğlu!

− Eşidirəm, əmi.

− Bax... qabaqda o ikimərtəbəli ağ ev ki, var... sənin yadına gəlməz, onu rəhmətlik atan Mirqasım kişi öz əlləri ilə tikib. Onda mən arabaçılıq edərdim. Bir cüt də yaxşı kürən atım vardı. Desəm ki, ora nə qədər daş, palçıq gedib, hamısını mən daşımışam, inanmazsan. – Faytonçu dərindən, yanıqlı bir ah çəkdi. – Eh!.. Yaman qocaldıq! Elə bil hamısı srağagün idi! Papağını götürüb qoyunca, ömür sona yetdi...

Qadın kədərli gözlərini Əkrəmdən ayırmadan nə haqdasa düşünür və ürəyində özü ilə danışırmış kimi arabir asta-asta başını tərpədərək köks ötürürdü. Deyəsən, xəlvəti ağlayırdı da. Kirpikləri nəmlənmişdi.

Fəridənin yaxşı yadındadır: Onda hələ nişanlanmamışdı. İsti avqust günləri idi. Bir dəstə qızla Pirşağı dənizinə getmişdi. Plyajda adam əlindən tərpənmək olmurdu.

Rəfiqələr çimib, sərinləndikdən sonra sahildə çığır-bağırla voleybol oynayırdılar. Onlara yaxın yerdə şahmat taxtası arxasında üz-üzə iki oğlan oturmuşdu. Ətrafın səs-küyünü sanki heç eşitmirdilər. Hərə özlüyündə dərin fikrə dalmışdı.

Bu vaxt Fəridənin vurduğu top gəlib zərblə şahmat taxtasına dəydi və fiqurları qumun üstünə səpələdi. Oğlanlar, yəqin ki, ciddi vəziyyət almış oyunlarını pozana acıqlanmaq qəsdilə cəld geri qanrılıb təəccüblə yan-yörəyə baxdılar. Fəridə qorxaq addımlarla yavaş-yavaş onlara yaxınlaşaraq günahkarcasına üzr istədi:

− Bağışlayın... Məndən oldu... Bilmədim...

− Əgər sizsinizsə, eybi yoxdur. – Oğlanlardan nisbətən cüssəli görünəni ayağa qalxaraq qərəzsiz, şən səslə cavab verdi. – Siz mənim dostumu əziyyətdən qurtardınız. Yoxsa, mütləq “mat” qalacaqdı, − dedi və suya diyirlənən topu götürüb ehtiramla Fəridəyə uzatdı. – Buyurun.

− Təşəkkür edirəm...

− İndi ki, belə oldu, onda bizi də özünüzlə oyuna buraxın.

Fəridə qısıldı:

− Məmnuniyyətlə.

− Gedək, Sərdar! – deyə oğlan yoldaşının boynundan yapışıb, onu özünə sarı çəkərək dikəltdi. – Voleybol da şahmat deyil ki, bacarmayasan.

Fəridə qara eynəkdə idi. Gün yandırmamaq üçün, burnunun üstünə kağız parçası yapışdırmışdı. Uzun hörüklərini çalma kimi başına dolayıb, düyünləmişdi. İlk dəfə rastlaşdığı bu oğlanın qeyzlənmək əvəzinə belə alicənablıq göstərməsi Fəridənin xoşuna gəldi. Çox güman, başqası olsaydı, möhkəm hirslənərdi, topu götürüb təpiklə qırağa vurardı; hələ üstəlik bir-iki söz də deyərdi.

Qızların dəstəsinə çatıncaya qədər Fəridə danışmadı. Ancaq bircə yol çevrilib həsrət dolu baxışlarını yanındakı cüssəli gəncin üzündə gəzdirdi. Oğlanın sifətindəki mərdanəliyi və bir anlığa ona sarı yönələn gözlərindəki qığılcımı görəndə qızcığazın qəlbi təlatümə gəldi. Həyatın nə qəribə işləri varmış! İndi Fəridə tanımadığı bir adamın haqqında düşünürdü. Həm də elə şeylər ki, desəydi, rəfiqələri qəhqəhə çəkib gülərdilər... Oğlan isə bundan xəbərsiz, qıza baxmadan, voleybol topuna tez-tez güclü zərbələr endirir, arabir də dostuna müraciətlə “Sərdar, qoyma” – çağıraraq oyunu qızışdırırdı. Bir azdan plyajdakı gənclərdən daha üçü onlara qoşuldu. Dairə genişləndi. Hamıdan zəif Fəridə oynayırdı. Bunu özü də hiss edirdi. Fikri dağınıq idi. Nəzərlərini, adını təzəliklə öyrəndiyi gəncdən yayındıra bilmirdi. Üstünə gələn topları bacardıqca başqasına deyil, ancaq ona – Əkrəmə ötürürdü. Hörükləri açılıb, dağılmışdı. Neçə kərə yerə yıxıldığından bədəni səlt quma batmışdı. Özü də yamanca susamışdı. Dili-dodağı qurumuşdu. Lakin o, bunların hayında deyildi. Oyun qurtarıncayadək Əkrəmdən ikicə kəlmə məxsusi söz eşitməyi, ürəyinin yanğısını söndürəcək sərin sudan da çox arzulayırdı. Di gəl, bu təmənnanı oğlan hardan, nədən biləydi, necə duyaydı?! Əkrəm, axırıncı dəfə ona göndərilən topu vurmadı, alıcı quş kimi göydə qamarlayıb, Fəridəyə yanaşdı:

− Görürəm, yorulmusunuz. Daha bəsdir, dincəlin, − dedi və minnətdarlıq əlaməti olaraq əlini sinəsinə qoyub, baş əydi.

Fəridə təəssüfləndi:

− Xeyr, mən hələ yorulmamışam...

Gənclər dağılışdılar. Əkrəm də Sərdarla sahilə döndü, adamlara qarışıb, dənizə atıldı. Və bununla hər şey bitdi.

O gündən Fəridə uzun zaman Əkrəmi düşündü. Sonralar, tədricən, bütün olub-keçənlər dumanlı bir xatirəyə çevrildi onunçün. Lakin oğlanın sifətini, aydın, işıqlı gözlərini unuda bilmədi.

İkinci təsadüf onu Əkrəmlə tamam başqa bir şəraitdə görüşdürdü. Fəridə univermaqda, fikrində deyil, nə isə almaq istəyirdi. Kassanın qabağında növbədə dayanmışdı. Qız, qəflətən başını qaldıranda, tanış bir şəxsin gülümsər gözləri ilə qarşılaşcaq özünü itirdi. Bəli, yanılmamışdı – bu baxışlar Əkrəminki idi. Sözlü adama oxşayırdı.

− Bağışlayın, sizi bir dəqiqə narahat etmək olarmı? – deyə o, utancaq tərzdə, nəzakətlə dilləndi. Fəridə çoxdan bu təklifin intizarında imiş kimi sevindi. Növbədən ayrılıb ona tərəf addımladı; kirpiklərini aşağı endirərək xəfifcə qızardı. “Görünür, bəxtimə bu oğlan düşüb. Qismətimdir. Gec də olsa, yenə rastlaşmışıq. Yəqin indi tanışlıq verəcək, plyajda voleybol oynadığımızı xatırladacaq, sonra da”. Əkrəmin səsi qızın düşüncələrini yarıda kəsdi:

− Gərək bağışlayasınız, sizə əziyyət verirəm...

Fəridə bu sözün müqabilində nə deyəydi? Məgər o, belə “əziyyətdən” imtina edə bilərdimi?

Əkrəm onu qadın paltarları şöbəsinin yanına gətirdi.

− Üzr istəyirəm, − dedi. – Burada, eynən siz boy-buxunda olan bir qız üçün plaş seçmişəm. Mümkünsə, onu geyin. Baxım, görüm əyninizə necə gəlir...

Fəridənin üstünə sanki qaynar su əndərildi.

− Nişanlım dərsdədir. Qorxuram o, çıxınca hamısı satılıb qurtarsın. Sonra beləsini tapmaq çətindir. – Əkrəm satıcıdan aldığı göy rəngli ipək plaşı Fəridəyə göstərdi. – Necədir?

− Yaxşıdır. Hər kim geyəcəksə, sağlığına qismət olsun. Ancaq, xətrinizə dəyməsin, mən maniken deyiləm!

Fəridə pərt halda üz döndərib, ümidsizcəsinə uzaqlaşdı. Oğlan, şübhə yox ki, onu tanımamışdı.

İndi isə qadın Əkrəmi bu vəziyyətdə görəndə, o vaxt elədiklərinin peşmançılığını çəkdi.

− Yaxşı... bəs sən tanımadın mən kiməm? – deyə xeyli sakit getdikdən sonra sərnişinlərinin qaradinməzliyindən darıxan söhbətcil faytonçu xırıltılı səslə sükutu pozdu. – Daşdəmirəm də... – O, çiyninin üstündən qanrılıb sifətini Əkrəmə tutdu. – Bir üzümə diqqətlə bax, gör yadına düşürəm.

Kişinin bu hərəkətindən qadını sanki cərəyan vurdu, dodaqlarını bərk-bərk dişləyib, gözlərini yumaraq küncə qısıldı: “Bu qoca niyə belə xərifləyir!”

Əkrəm istehza ilə gülümsündü. Bircə anda bütün bədənini isti tər basdı; xəcalətdən qüssələndi.

Özü istəmədən leytenantın qəlbinə toxunduğunu duyan faytonçu çıxılmaz vəziyyətdə qaldı. Əkrəmin kor olduğunu o, ancaq indi bilmişdi.

− Başqa sözüm yoxdur: allah düşməni xəcil eləsin!.. – deyə faytonçu sərt bir hərəkətlə dönüb atları qırmancladı.

Daha heç kəs danışmırdı. Hər üçü pərt, məyus və fikirli idi. Haçandan-haçana Əkrəmin ürəyini almaq məqsədi ilə qadın söhbətə başladı:

− Bağışlayın, leytenant...

− Adım Əkrəmdir.

− Çox gözəl. Mənimki də Fəridədir. Deyirəm, sizdən qabaq evinizə mən qaçacağam. Gəldiyinizi xəbər verib, muştuluq alacağam.

Fəridənin şirin dillə, xoş niyyətlə söylədiyi bu sözlər nə qədər səmimi də olsa, Əkrəmi fərəhləndirmədi. Əksinə qadını fikrindən daşındırmaq üçün bəhanə axtardı.

− Bilirsinizmi, evdə təkcə yoldaşım olur. Yəqin indi o da işdədir... – Əkrəm azacıq susub əlavə elədi. – Əlbəttə, muştuluğunuz məndə! Sizin bu yaxşılığınızı unutmayacağam...

Faytonçu indi böyük bir qəbahət etmiş kimi arxaya dönməyə, onların söhbətinə qarışmağa utanırdı.

− Fəridə xanım!

Qadın leytenantın dilindən öz adını eşitcək, diksindi:

− Bəli.

− Siz məni tanıyırdınız, yoxsa... elə rast gəldiyiniz bu gün birinci kərədir?



− Niyə soruşursunuz ki?

− Sadəcə maraqlanıram.

Fəridə onu başa düşürdü. Yad bir qadının göstərdiyi bu qayğıkeşlik yəqin ki, Əkrəmə təəccüblü görünürdü.

− Xeyr, tanımırdım.

Sərnişinlər Təzə pirin qabağında faytondan düşdülər.

− Qoyun sizi qapıya qədər ötürüm, − deyə Fəridə leytenantın qolundan yapışıb səkiyə çıxaranda o dilləndi:

− Xatircəm olun. Bu küçədə hər şey mənə doğmadır. Divarlara əlimi toxunduran kimi bir-bir daşlarını tanıyacağam.

− Onda salamat qalın... Həmişə evinizdə-eşiyinizdə...

− Sizə çox-çox minnətdaram, Fəridə xanım.

Ayaq səslərindən qadının uzaqlaşdığını yəqin edən Əkrəm, dayanıb bir an fikrə getdi. Sonra çamadanını götürdü və sağ əlini divarda gəzdirə-gəzdirə ehtiyatla irəlilədi. Birinci qapını keçdi... ikinci qapını keçdi... Bunlar qonşu həyətləri idi. Üçüncü, geniş darvazaya çatanda uşaqlıq dostu Sərdar yadına düşdü. Əkrəm onun xətrini dünyalar qədər istəyirdi. Həmişə gəzməyə bir yerdə çıxardılar. Saatlarla üz-üzə oturub şahmat oynardılar.

“Eh!.. Gör, o vaxtdan neçə illər ötdü! Heyf, çox heyf, qayğısız, kədərsiz uşaqlıq çağlarından! Nə tez gəldi, nə tez də getdi!..”

Əkrəm cəbhədə olanda Sərdardan dalbadal üç məktub almışdı. İkisi zarafatla dolu idi. Axırıncısı isə çox qısa və ciddi yazılmışdı. İkicə kəlmə ilə əsgərliyə çağırıldığını xəbər verirdi. Ondan sonra daha Sərdardan soraq çıxmadı...

“Bura bizim həyətdir!” – deyə Əkrəm, hündür bir qapının qabağında duranda ürəyi çırpındı və çox qəribə hisslər keçirdi. Sevindi, həyəcanlandı, qüssələndi. Xəyalında Yeganə ilə danışa-danışa tələm-tələsik içəri girmək istəyirdi ki, ayağı nəyəsə ilişdi, üzüqoylu yerə sərildi. Əkrəm möhkəm əzildiyinin və dizlərinin gizildədiyinin fərqinə varmadan cəld qalxdı, üstünü çırpdı. “Kaş görən olmayaydı!” – deyə əlindən düşən çəliyini axtardı, lakin tapmadı. Pilləkənədək yolu çətinliklə gedəcəkdi. Əkrəm nə vaxt çığırdı, özü də bilmədi:

− Yeganə!!!

Elə bu an o, sifətində ilıq bir nəfəsin gəzdiyini duydu və çəliyinin dəstəyi barmaqlarına toxundu.

− Buyurun, − deyə yenə bayaqkı qadının tanış, mehriban səsi eşidildi.

Əkrəm qulaqlarına inanmadı.

− Siz hələ burdasınız?

− İndi daha gedirəm...

...Həyətdə də Yeganədən cavab gəlmədi. Əkrəm pilləkənin sürahisindən yapışıb, asta-asta aynabəndə qalxanda aşağı mərtəbədə, tanımadığı bir arvad kiminsə ünvanına nalayiq sözlər yağdırırdı. Çox güman, sonradan gəlmiş həmxanalardan idi. Leytenantın bu giley-güzara məhəl qoymadığını görəndə o, daha da qızışdı. Elə bil odun üstünə barıt atdılar.

− Belə biabırçılığa kim dözər, ay camaat! Binamus qızının o birilərdən gözü doymadı, indi də korları, şilləri evinə buraxır... Allah ona gözəllik əvəzinə azacıq həya versəydi, biz də bu həyətdə abırdan düşməzdik.

Əkrəm yerində mıxlanıb qaldı! Sanki daş-divar, yer, göy başına fırlandı. Axı, bu sözlər kimin ünvanına deyilirdi?! Yeganəninmi!?

ÜÇÜNCÜ NOVELLA

Teatrda Fransa həyatından bəhs edən bir tərcümə əsərinin ilk tamaşası olacaqdı. Zal adamla dolu idi. Əkrəm dostu Sərdarla dördnəfərlik lojada oturmuşdu. Yerlərdən ikisi hələ tutulmamışdı. Bir azdan, tavandan asılmış nəhəng çilçıraq söndü. Səhnənin qırmızı məxmər pərdəsi üzərinə rəngbərəng işıq zolaqları tuşlandı. Aşağıdan orkestrin musiqisi eşidiləndə Əkrəmgilin lojasının qapısı ehtiyatla açıldı; qəşəng geyimli, uca boylu, qara saçlı, şux qamətli bir qız, pəncələri üstə içəri girib “bağışlayın” – deyə pıçıldayaraq arxada əyləşdi. Ətrafa xoş ətir yayıldı. Qızı görcək, Sərdar yavaşca əyilib dostunun böyrünü dümsüklədi:

−Arada bir dala da bax!..

Əkrəm onun nəyə işarə vurduğunu başa düşsə də, qımıldanmadı. Sərdar ikinci kərə dilləndi:

−Eşitmədin, nə dedim?

Əlacsız qalan Əkrəm azacıq qanrılıb gözünün ucu ilə qıza ötəri nəzər saldı. O, həqiqətən gözəl idi. Əynindəki çəhrayı, zərli paltarı qaranlıq lojaya işıq salırdı. Sərdar bu dəfə ağzını Əkrəmin qulağına söykədi:

−Necədir?

−Gözəldir!

Artıq pərdə açılmışdı, maraqlı bir tamaşa başlanmışdı. Lakin Əkrəmin fikri səhnədə yox, qızın yanında idi. Bir daha geri çevrilib ona baxmaq, danışdırmaq istəsə də, cəsarət etmirdi, ağır söz eşidib, pərt olacagından qorxurdu. Ürəyi elə tez-tez döyünürdü ki...

Beş dəqiqə... on dəqiqə keçdi, Əkrəm sakit otura bilmədi. Qəribədir, birdən sanki ikiəlli çiyinlərindən tutub, onu arxaya döndərdilər.

−Orda sizin üçün narahatdırsa, yerimizi dəyişəyin, − deyə dikəlib qıza təklif etdi.

−Xeyr, zəhmət çəkməyin. – O bu hörmətdən məmnun bir tərzdə gülümsədi. – Siz yaxşı-yaxşı baxın. Mən bu tamaşanı görmüşəm.

Sərdar dizi ilə dostuna toxunub, göz vurdu: “Deyinən, öz üstüvə! Necə yəni “mən bu tamaşanı görmüşəm?” Məgər bu gün premyera deyil?!”

Əkrəm yaylığını çıxardı, alnının tərini qurulayaraq fikirləşdi: “Bizi xam sayır, nədir?.. Eybi yox, fasilədə cavabını verərəm...”

Birinci şəkil qurtaran kimi Sərdar dostunu qabaqlayıb, üzünü qıza tutdu:

−Bağışlayın, siz hansı kənddənsiniz?

Əkrəm məsələni o dəqiqə duydu. Qız isə bu qəfil sualdan heç nə başa düşmədi; qaşlarını qaldırıb, istehza ilə dodaqlarını büzdü.

−Siz məni kiməsə oxşadırsınız, mən, şəhərin özündənəm.

−Elə biz də şəhərliyik! – deyə Sərdar söhbətə ikicə kəlmə ilə yekun vuraraq acıqla döndü. Nə qəbahət etdiyini bilməyən qız, pörtmüş halda təzədən dilləndi:

−Sizin sualınızdan da, verdiyiniz cavabdan da heç nə anlamadım.

O bu sözləri təkcə Sərdara deyil, hər ikisinə müraciətlə söylədi. Oğlanların susduğunu görcək, özünü haqlı sanıb səsini bir az da qaldıraraq dil-dil ötdü:

−Məncə üç-dörd saatı bu lojada intriqasız da keçinmək mümkündür. Yerinizi darısqal eləyirəmsə, gedə bilərəm. “Siz hansı kənddənsiniz?..” Danışıqda məntiq yaxşı şeydir! Teatrdakı öz intriqamız bizə artıqlaması ilə kifayətdir, başqalarının əlavəsinə ehtiyacımız yoxdur!..

Sərdar dostuna baxaraq narazılıqla başını yırğaladı: “Adə, bu nə yaman hikkəli imiş!” Əkrəm odla su arasında – çıxılmaz vəziyyətdə qalmışdı. Heç birindən keçə bilmirdi. Dostunu müdafiəyə qalxsaydı, qızın üzü ondan dönəcəkdi. O isə bunu istəmirdi. Sərdarı da ayağa vermək kişilikdən deyildi. Burada bir balaca liberallıq lazım idi. Ona görə də Əkrəm dala çevrilib aram-aram sözə başladı:

−Bilirsiniz, xanım qız, məncə bizim lojada bir balaca anlaşılmazlıq oldu. Siz deyəndə ki, bu tamaşanı görmüşəm, düzü elə mənə də qəribə gəldi. Axı, öz aramızdır, premyera indidir. Ona görə mənim təmizürəkli..− Əkrəm Sərdarın kürəyinə şappıldatdı – bu dəliqanlı dostum da elə bildi ki, siz bizi teatrdan bixəbər adam hesab edirsiniz... Bir qədər xətrimizə dəydi. Əgər buna ehtiyac varsa, mən üzr istəməyə hazıram... Nahaq yerə əsəbiləşməyin.

Əkrəmin etirafı qızın xoşuna gəldi. Ancaq öz xisləti xilafına getməyərək, yenə kinayə ilə dilləndi:

−Əvvəla, izahatınız üçün təşəkkürlər. Sonra sizə, həm də yanınızdakı “təmizürəkli, dəliqanlı dostunuza” bir daha eşitdirirəm: Bəli, mən bu tamaşaya baxmışam! Aydındır?

−Xeyr! – Sərdar tapança kimi açıldı.

Pərdə işıqlandı, söhbət kəsildi, mübahisə yarımçıq qaldı. Əkrəm bu odu söndürməyə çalışdığı halda, onu bir az da üfləyib alovlandırmışdı.

Lojanın sürahisinə dirsəklənmiş Sərdar fısıldayır və qəsdən Əkrəmə tez-tez söz ataraq, qıza eşitdirirdi:

−Nə yaxşı sakit oturmuşduq... Hamısı sənin dilinin bəlasından oldu. Mən belə bilsəydim bu axşam heç buraya gəlməzdim.

Əkrəm gülməyini güclə boğaraq çənəsinin altından tutub, dostuna yalvarır, susmasını təvəqqe edirdi:

−Sən canın, bəsdir!

İkinci şəkil başlanmışdı. Səhnədə, papiros tüstüsündən dumanlanmış Paris kafelərindən birində əyyaşların qadınlarla əyləndiyi göstərilirdi. Orkestrdən qopan oynaq ahəngli musiqi sədaları bu dəqiqə kiminsə ortaya atılıb, rəqs edəcəyini xəbər verirdi.

Bayaqdan lojada arxada oturmuş o dilavər qız indi, nə üçünsə lap qabağa keçib narahat halda ayaq üstə dayanmışdı. Özü də hər şeyi unudaraq bütün diqqəti ilə səhnəyə baxırdı. Bu vaxt kafeyə kiminsə gəldiyini görən fransalılarda fövqəladə bir şənlik yarandı, çəpik vuruldu.

“− Ey... italiyalı şansanetka!..”

“− Sərxoşların ruhunu oxşayan çevik rəqqasə!..”

“− Bizim “Tarantello” üçün kalvados gətirin!” – deyə yerbəyerdən qarışıq səslər ucaldı.

Sinəsi, qolları, dizləri açıq, sarı paltarda olan, pərişan saçları çiyinlərinə səpələnmiş girdə sifətli, cazibədar gözlü bir qaraçı qızı şaqraq qəhqəhələrlə kafeyə girdi; ərköyün addımlarla stolların arasında gəzişdikdən sonra fransalılardan birinə yaxınlaşıb dayandı və razılıq almadan onun qabağındakı şərab dolu qədəhi götürərək başına çəkdi. Fransalı cənab əsəbi halda yumruğunu stola vurub “Sən kimsən?!” – deyə ucadan soruşanda, qız əllərini əda ilə sağrılarına qoydu, çiyninin üstündən etinasız, qıyqacı baxışlarla onu süzərək cavab verdi:

“− Mən hələ cocuq ikən Romada atadan-anadan yetim qalmış ərköyün bir qaraçı qızıyam. “Tarantello” rəqsi ilə şəhərlər, ölkələr adlayaraq Fransaya gəlmişəm. İndi isə Parisin küçələrində, kafelərində, kabarelərində sərxoş kişiləri əyləndirən kimsəsiz, şıltaq bir şansanetkayam!..”

Qaraçı qızı bu sözləri deyən kimi paltarının ətəklərini qaldırıb, sağ ayağını zərblə döşəməyə vuraraq yerində fırlandı və məşhur “Tarantello” italyan rəqsinə başlayınca, hər tərəfdən üstünə pul, təşəkkür, öpüş yağdırıldı. Eyni zamanda həm səhnədə, həm də tamaşa zalında qopan gurultulu alqışlar teatrın divarlarını titrətdi. Sərdar da, Əkrəm də əl çaldı. Lakin yanlarındakı qız hərəkətsiz dayanmışdı, çox düşüncəli idi.

... Fasilə zamanı Sərdar bir papiros çıxarıb, lojanı tərk etdi. Əkrm də qalxdı, üzünü qıza tutaraq gülümsəyə-gülümsəyə dedi:

−İnadkarlıq yaxşı şeydir, ancaq ... yerində.

Qız uzun qara kirpiklərini qaldırıb qıyqacı Əkrəmi süzdü, sonra ibarəli cümlələrlə cavab verdi:

−Məlumunuz olsun ki, mən bu teatrın aktrisasıyam – bu bir! Srağagün tamaşanın daxili baxışında iştirak etmişəm – bu iki! Üçüncüsü...

Əkrəm onu yarıda kəsib, əllərini yuxarı qaldırdı:

−Üçüncüsü – mən təslim!

−Bəs o, “təmizürəkli, dəliqanlı dostunuz?”

−Onun da rəyini öyrənib, sizə deyərəm.

Qız üşüyürmüş kimi sinəsini qucaqladı və tuflilərinin dabanlarını döşəməyə döyəcləyərək soruşdu:

−“ Tarantello” rəqsi xoşunuza gəldi?

−Çox gözəldir! Düzü, mən lap valeh oldum! – deyə söhbətə mövzu tapdığına sevinən Əkrəm, qızın getməyə hazırlaşdığını görüb tez əlavə etdi: − Yəqin tənəffüsdən sonra yenə bu lojada oturacaqsınız, eləmi?

−Xeyr!


−Nə üçün?

−Bu gün mənim ad günümdür, evdə qonaqlarımız var, tələsirəm.

−Sizi yaxından tanımasam da, təbrik edirəm. Böyük, ağıllı qız olasınız.

−...


O çıxmaq istəyəndə Əkrəm səsi qırıla-qırıla dilləndi:

− Təəssüf ki, çox tez gedirsiniz...

Qız qapının dəstəyindən yapışdı, nə fikirləşdisə, bir an yubanıb gülə-gülə Əkrəmə baxdı:

−Sabah gündüz bu tamaşada mən də oynayacağam. Maraqlansanız, buyurub gələ bilərsiniz.

−Hansı rolda?

−Qaraçı qızında. “Tarantello” rəqsində!

Ertəsi gün Əkrəm dostunu teatra aparmaq üçün onu nə qədər dilə tutdusa, yola gətirə bilmədi.

−Mübahisədə uduzmuşuq. O qızı görsəm, qanım qaralacaq. Gərək yaxınlaşıb təqsirimi boynuma alam. Xasiyyətimə bələdsən – onu da mən bacarmayacağam.

Əkrəm isə əsl həqiqəti gizlətsə də, dünənki cavan aktrisanın “Tarantellonu” necə oynayacağı ilə maraqlandığını bəhanə edərək, hökmən teatra getmək istəyirdi.

Saat on ikiyə hələ xeyli qalmış o, özünü səliqəyə salıb evdən çıxdı. Əslində Əkrəm bir şeydən nagüman idi. Bilirdi ki, bir para şıltaq təbiətli qızlar yeri düşəndə sadəqəlbli oğlanları aldatmaqdan xoşlanırlar. Ancaq nə etməli, yarıkönül də olsa, ayaqları onu çəkib teatra aparırdı.

Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar bir tilsimdir. Hərcayi ehtirasın hökmü ilə o tora düşməyə məhkum edilən günahsız müqəssirlər sonradan iztirabları, işgəncələri görcək, oradan yaxa qurtarmağa can atsalar da, bacarmırlar.

Əkrəm zala girəndə istər-istəməz əvvəlcə dönüb, dünən əyləşdikləri lojaya baxdı. O, tamaşanın proqram vərəqəsindən bu gün “Tarantello”nu oynayacaq aktrisanın adını da oxuyub öyrənmişdi – Yeganə. Lakin doğrudanmı Yeganə o qız idi, yoxsa...

Hər şey bir azdan aydınlaşacaqdı.

Keçib yerini tutduqdan sonra Əkrəm, nə üçünsə, səbəbini özü də bilmədən, gələcək həyatı barədə fikirləşdi. Bu il o, universitetin fizika fakültəsini bitirib, astronomiya elminin ardınca gedəcək, rəsədxanalarda tədqiqat aparacaqdı; göylərin əlçatmaz, qaranlıq dərinliklərində yeni işıqlar – ulduzlar axtarıb tapacaqdı.

Anası Cavahir ona neçə yol demişdi:

“ − Ay bala, bu gün-sabah dərsini bitirib bir qulluqdan yapışacaqsan. Maşallah, hər şeyi başa düşürsən... Daha qədim zəmanə deyil ki, mən durum sənə qız axtarım. Bax, gör, kimi xoşlayırsan, ya gedək qapılarına hərisini alaq, ya da özünüz dilbirləşin, toyunuzu edək... Utanma, əgər qıraqda-bucaqda gözaltın varsa, de, biz də işimizi bilək. Mənim ömrümə çox etibar yoxdur, hay-hayım gedib, vay-vayım qalıb. Heç olmasa, nəvə nübarının dadını görüm...”

Anasının bu sözlərinə Əkrəm haqq qazandırırdı. Bir azdan o, işə başlayanda xəstə arvad həftələrlə, aylarla tək evdə necə qalacaqdı? Axı, onun bircə oğuldan savayı heç kəsi yox idi. Düzdür, Əkrəmin xalası hərdən gəlib Cavahirə baş çəkirdi. Ancaq bu qayğıya da həmişəlik ümid etmək olmazdı.

Bəli, deyəsən, subaylığın daşını atmaq, ailə qurmaq vaxtı yetişmişdi.

Əkrəm kiçik yaşlarından atasız böyüsə də, ehtiyac çəkməmişdi. Qabarlı əllərinin zəhməti ilə, alnının təri ilə halal çörək qazanan Mirqasım kişi onlar üçün iki göz otaqdan ibarət mənzil, səliqəli həyət-baca və az-çox vəsait qoyub getmişdi. Sonralar isə anası Cavahir dərzilik etməklə oğlunu oxutdurub, boya-başa çatdırmışdı. Hələ yeri düşəndə Əkrəmin təqaüdündən, özünün maaşından qənaət edərək bəzi xırda-para “lazımlı şeylər” də alıb dala atmışdı.

Eh!.. Doğrudan da, onun boynunda valideynlərinin nə qədər haqq-sayı vardı! Bu ülvi, müqəddəs borcları heç bir yaxşılıqla ödəmək mümkün deyildi.

Əkrəm fikirdən ayrılanda qarşısındakı səhnədə başqa bir həyatın mənzərəsi canlandı. Burada kübar təbəqəyə məxsus adamlar ömrün mənasını var-dövlətdə axtarır, yaşamağın nəşəsini əyləncələrdə, şərabda və ehtiraslı qadın dodaqlarında görürdü. Budur, şahzadələr sarayını xatırladan geniş otaqda qıçını qıçının üstünə aşırıb, ağ örtüklü yumşaq kresloya yayxanmış şişman gövdəli, sallaq buxaqlı bir avropalı zadəgan, əylənmək üçün yanına gələcək xanımın yolunu gözləyərək ovcundakı qızıl pulları cingildədə-cingildədə deyir:

“ – Dövlət və xoşbəxtlik! Bunlar lap əzəldən əkiz yaranmışdır. Sərmayəsiz insanın həyatı ilə heyvan güzəranı arasında fərq axtarmaq, mənim əqidəmcə, ən böyük axmaqlıqdır. Səadəti dövlət daima yedəyinə alaraq öz arxasınca çəkib gətirmişdir. Cibi boş yaşamaq, ağır əzab yüklərinin altında çabalamaq deməkdir. Mənə bu dünyanın hər cür gözəlliklərini, şirin nemətlərini bəxş edən mənim milyonlarımdır. Onlar olmasaydı, zamanın ayaqları altında xırda bir qarışqa təkin tapdalanıb yer üzündən silinmişdim, getmişdim. Şan-şöhrət, məslək, əqidə, rütbə, məhəbbət... Hər nə varsa, hamısı puldur! Bir azdan gözlərində nəvaziş, dilində mehribanlıq, dodaqlarında şəhvət gətirərək, ətir saça-saça içəri girəcək mademauzelin ürəyində mənə qarşı sevgimi vardır? Xeyr! Bizim aramızda məhəbbət yaradan bax, bunlardır!..”

Avropalı zadəgan ovcunda oynatdığı qızılları gərəksiz bir matah kimi qarşısındakı alçaq mizin üstünə atıb, ayağa durcaq, bəzəkli bir xanım özünü əsdirə-əsdirə içəri daxil olur.

“ – Müsyö, elə bilirəm vədələşdiyimiz vaxtdan tez gəlməyimi heç də başqa cür qiymətləndirməzsiniz. Sizə təslim olan ürəyimin məni narahat edən çırpıntılarını sakitləşdirmək üçün yanınıza tələsməyə məcbur idim...”

İkinci şəklin ortasında:

“ – Ey italiyalı gözəl şansanetka!..

−Sərxoşların ruhunu oxşayan çevik rəqqasə!..

−“Tarantello” üçün kalvados gətirin!..” – deyə yerbəyerdən fransalıların sərxoş səsləri ucalanda, pərişan saçları çiyinlərinə dağılmış, girdə sifətli, cazibədar gözlü, sarıpaltar qaraçı qızı qəhqəhə çəkə-çəkə səhnəyə atıldı.

“Odur!.. Özüdür!..” – Əkrəm dünən lojada onlarla mübahisəyə girişən qızı həmin dəqiqə baxışlarından tanıdı. “Tarantello” qabarıq sinəsini qabağa verərək, stolların arasında gəzindi, sonra kafedəkilərdən birinə yaxınlaşıb dayandı; razılıq almadan qarşısındakı şərab dolu qədəhi götürüb başına çəkdi. Onun bu hərəkətindən qeyzlənən fransalı yumruğunu stola çırpdı və: “Sən kimsən?!” – deyə çımxıranda, Yeganə əllərini əda ilə belinə qoyub çiyninin üstdən etinasız baxışlarla kişini süzərək cingiltili səslə cavab verdi: “ – Mən hələ cocuq ikən Romada atadan-anadan yetim qalmış ərköyün qaraçı qızıyam. “Tarantello” rəqsi ilə şəhərlər, ölkələr adlayaraq Fransaya gəlmişəm. İndi isə Parisin küçələrində, kafelərində, kabarelərində sərxoş kişiləri əyləndirən kimsəsiz, şıltaq bir şansanetkayam!..” – O, ətəklərini qaldırıb sağ ayağını zərblə döşəməyə vurdu və yerində fırlanaraq “Tarantello” italyan rəqsinə başladı...

Cavan aktrisa qaraçı qızının rolunu elə məharətlə ifa edirdi ki, adam bir anlığa səhnədə tamaşaya baxdığını unudurdu. Gah barmaqlarının ucunda yüngül sıçrayışlarla tullanan, gah ilan kimi sağa-sola qıvrılan, gah da çılpaq çiyinlərini tül kimi əsdirən şansanetkanın təkcə bədəni, əlləri, ayaqları deyil, bütün əzaları, hətta gözləri, qaşları, baxışları belə rəqsə qoşulmuşdu.

Bu dəfə “Tarantello”ya zaldan yağdırılan alqışlar daha uzun çəkdi...

Tamaşadan sonra Əkrəm teatrın qabağında gəzinərək ürək döyüntüsü ilə Yeganəni gözlədi. Bayırda sakit, mülayim hava vardı. Buludsuz səma nəhəng bir aynanı xatırladırdı. Dəniz tərəfdən sərin yel əsirdi.

Teatrdan dəstə-dəstə çıxıb evlərinə dağılışan adamlar tamaşadan, aktyorlardan danışır, hərə öz fikrini deyirdi:

“ – Mənim, milyonçu zadəganın oyunu çox xoşuma gəldi”.

“ – Sən öləsən, Ələsgər Ələkbərovdan olmaz. Zalım oğlundan bir dənədir!”

“ – Afərin o cavan aktrisaya, adını da bilmirəm, “Tarantello”da qiyamət qopardı”.

Əkrəmi də düşündürən həmin cavan aktrisa idi. “Görəsən, dünən o məni bugünkü oyununa baxmağa adi bir tamaşaçı kimi dəvət elədi, yoxsa... ürəyində başqa niyyəti vardı? Ancaq, hər halda, sayıb gəlməkdə yaxşı iş gördüm. Bir dəstə gül də alıb gətirsəydim, lap yerinə düşərdi; indi teatrdan çıxanda ona yaxınlaşıb iki kəlmə danışmağa da dilim gödək olmazdı. Nə isə, keçib... Ağıllı qızdırsa, elə şeylərə fikir verməz. Əcəb də adı var: Yeganə”.

Əkrəm asta addımlarla gəlib səkinin başına çatanda yenə geri döndü. Teatr binasının tinindəki dəyirmi saatda beşə az qalırdı.

“Belə baxıram, daha gözləməyin mənası yoxdur, − deyə Əkrəm tərəddüd elədi. – Mən getməliyəm. Bəlkə o, heç tək olmayacaq...”

Teatrın aktyorlara məxsus arxa qapısından danışa-danışa üç nəfər – iki qadın, bir kişi çıxdı. Əkrəm qıraqda gələni o dəqiqə tanıdı: Yeganə idi. Qara saçları çiyinlərinə tökülmüşdü. Uzaqdan girdə, göyçək sifəti apaydın görünürdü; gözləri, dodaqları fərəhlə gülümsəyirdi. Yanındakı yaşlı aktyorun qoluna girmiş qadın qucağında gül dəstəsi tutmuşdu. Tinə yetişəndə dayandılar. Deyəsən, ayrılacaqdılar. Əlini sinəsinə qoyub Yeganənin qarşısında təzim edən aktyor, astadan nə pıçıldadısa, ucadan qəhqəhə çəkdilər. Əkrəm həyəcanlanmışdı. Ona elə gəlirdi ki, özünü çıxılmaz bir vəziyyətdə qoymuşdur. “Axı, burada məndən savayı heç kəs heç kimi gözləmir”, − deyə fikirləşdikcə bədənini isti tər basırdı. İndi daha yayınmaq da mümkün deyildi; Yeganə gülə-gülə bu səkiyə tərəf addımlayırdı. Əkrəm utana-çəkilə qabağa çıxcaq, qız köhnə tanışı ilə görüşürmüş kimi şən bir səslə dilləndi:

− Düzü, mən heç inanmırdım ki, siz bu gün də teatrda olarsınız.

Hər ikisi yavaşıdı, üz-üzə dayandılar.

− Sizi, Yeganə xanım, səmimi-qəlbdən təbrik edirəm. Oyununuz mənim, həqiqətən, çox-çox xoşuma gəldi. – deyə Əkrəm centlmencəsinə ayaqlarını cütləyib, azacıq əyilərək qızın ona sarı uzanan əlini sıxdı. – Ancaq, gərək bağışlayasınız. Bu təbrik bir növ, necə deyərlər, elə-belə, gözlənilməz oldu.

Qız minnətdarlıq etdi:

− Xoşdur. Zəhmət çəkib gəlmisinizsə, kifayətdir.

Çiyin-çiyinə yola düzəldilər. Bir müddət danışmadılar. Haçandan-haçana Yeganə xəbər aldı:

− Bəs nə əcəb o “təmizürəkli, dəliqanlı dostunuz” yoxdur?

− Onun bu gün işi vardı. Həm də... dünən tamaşaya baxmışdı.

− Bəs siz baxmamışdınız?

Əkrəm güldü:

− Hər şeyi soruşmazlar ki?! Mən ayrı, o ayrı...

Qız nazlana-nazlana üzünü yana çevirdi.

Teatrın küçəsindən sağa buruldular. Böyük qastronomun bəzəkli vitrinlərinin qarşısından keçəndə Əkrəm nə gördüsə, Yeganədən üzr istəyib bir anlığa ondan ayrıldı və becid addımlarla geri qayıtdı. Səkinin qırağında qoyduğu kiçik səbətdə ağ, qırmızı, çəhrayı qızılgül satan çalpapaqlı kişiyə yaxınlaşdı.

− Əmican, neçəyədir bunların biri?

− Oğul, səninçün hovayi, − deyə gülsatan kişi zarafat eləməyə adam axtarırmış kimi, qıvraq səslə elə bərkdən dilləndi ki, Yeganə gülməkdən özünü güclə saxladı. – Bohasinə bir köpük pul verməmişəm. Nərdaranda həyətciyəzimdən dərmişəm. Götür, desgirəsiynən peşkeşdür sənə.

Əkrəm güllərin hər rəngindən üç-dördünü ayırıb ona bir qırmızı otuzluq uzatdı.

− Al, çıx haqqını.

− Adə, bayaq didim ki, hovayidür, dayi bu nədür uzadırsan mənə? – Kişi pulu qara sətin pencəyinin döş cibinə basıb, səbətdə qalan gülləri də dəstələyərək Əkrəmin qucağına dürtdü. – Həlal xoşun! Bulari də apar, dayi mən məhtəl olmiyim. – O, qıraqda dayanmış Yeganəyə işarə ilə əlavə etdi. – Bir də, adam hələnçilik ceyran qıza canını da peşkeş elər...

Əkrəmin danışmağa başqa sözü qalmadı:

− Sağ ol.

− Belə, öyün abadan! Cibüvə min bərəkət! – deyə, kişi boş səbətini götürüb əlində yellədə-yellədə axşam gəzintisinə axışan adamların arasında gözdən itdi.

− Buyurun, Yeganə xanım! – Əkrəm qıza yetişcək, gülləri ona uzatdı. – O gün olsun səhnədə ulduz kimi parlayasınız. Ayrı nə deyim...

Yeganə sevincini gizlədə bilmədi:

− Siz mənə lap xəcalət verirsiniz... – O, təzəcə açılmış simuzər qönçələri sinəsinə sıxıb, hərisliklə qoxladı; rayihədən göy, badamı gözləri xumarlanıb süzüldü və dərindən sinədolusu köks ötürdü. – Ah!.. Nə gözəldir!..

Əkrəmin ürəyinə haradansa cəsarət doldu; nə vaxt qızın qulağına pıçıldadı, özü də bilmədi:

− Siz daha gözəlsiniz...

Yeganə özünü eşitməməzliyə vurdu.

− Bəs, heç siz demədiniz, adınız nədir?

− Adım – Əkrəmdir.

− Danışmağınızdan belə görünür, ya şair, ya jurnalistsiniz...

− Xeyr. Adi tələbəyəm. Universitetdə oxuyuram.

Əkrəm yarışlarda dəfələrlə iştirak etmiş, qələbə çalmış yaxşı şahmatçı idi. Qəzetlərdə, jurnallarda dönə-dönə şəkli çıxmışdı. Haqqında məqalələr yazılmışdı. Lakin indi bu barədə söhbət salıb, öyünməyi yersiz bildi.

− Astronom olmaq istəyirəm, − dedi. – Bu mənim çoxdankı arzumdur.

− Oho!.. Demək, göydə ulduzlar kəşf edəcəksiniz? Maraqlıdır... Heç təzə bir şey tapmısınızmı?

− Hələlik bircə ulduz kəşf eləmişəm. Onu da göydə yox, yerdə!

Bəli, o gün Əkrəm Yeganəyə ətirli qızılgül dəstəsi verdi, sonra isə... öz ürəyini bağışladı. Gəncliyin odlu, ehtiraslı, gələcəyin şirin arzuları, ömrün intəhasız diləkləri ilə aşıb-daşan ürəyini!

Tezliklə məhəbbət iki qəlb arasında körpü saldı. Yeganənin adı Əkrəmin dilindən düşmədi; özünü bircə an onsuz təsəvvür etmədi. İndi bütün aləmdə bu qızdan qiymətli, bu qızdan əziz ikinci varlıq yox idi Əkrəm üçün.

Lakin bir dəfə...

Hava təzəcə qaralmışdı. Şəhərin işıqları hələ yanmamışdı. Sevgililər uşaq təkin əl-ələ tutub astadan söhbətləşərək sahildə gəzişirdilər. Xəzan fəsli ağaclardan qopardığı saralmış yarpaqları xiyabanlarda ayaq altına səpələmişdi.

Dəniz vağzalına çatmağa az qalmışdı ki, Yeganə, həsir şlyapalı, tosqun bir kişinin tələsik addımlarla onlara tərəf gəldiyini görüb, özünü itirdi. Əkrəm ovcunda tutduğu əlin tir-tir əsdiyini hiss etdi. Dönüb heyrətlə qıza baxdı. Onun sifəti müdhiş bir görkəm almışdı; qorxudan rəngi ağappaq ağarmışdı.

− Sənə nə oldu, Yeganə?!.

Oğlanın sualı cavabsız qaldı. Həsir şlyapalı kişi bir az da yaxınlaşanda, qız şaşqın halda çırpınıb Əkrəmin əlindən çıxdı və yaydan atılan ox kimi götürüldü... Sonra istiqamətini azdırmaq üçün ağacların arasına atılıb, yoxa çıxdı...

Bu nə mübhəm, nə anlaşılmaz sirr idi?!

Yeganənin qəribəliyi təkcə Əkrəmi deyil, gəmiyə tələsdiyindən saatı soruşmağa y axınlaşan kişini də təəccübləndirmişdi...



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin