Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə6/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

“Dörd il! Nə tez gəlib keçdi! Onda mən başqa arzularla yaşayırdım. İndi isə...” Qapı qəfildən zərblə açıldı. Yeganə hövlnak içəri təpildi. Yarıqaranlıq otaqda, pəncərə qarşısında heykəl kimi hərəkətsiz dayanmış ərinin siluetini görcək, qadını heyrət bürüdü.

−Ək...rə...əm!!! – deyə qollarını açıb, səsi gəldikcə bağırdı və irəli cumaraq onun boynuna sarıldı, üzündən öpə-öpə hönkürdü. – Sən belə niyə qayıtdın?!. Hanı, hanı sənin gözlərin?!

Əkrəm qəhərləndi, canından ürpərti keçdi. Burun pərələri enib-qalxdı. Boğazı kilidlənmiş təki udqunmağa çətinlik çəkdi. Lakin əlini nə vaxt qaldırıb, Yeganənin çiyinlərini oxşadığından xəbər tutmadı. Qadın ərinin çeşməyini çıxartdı, işığı yandırıb, bir addım geri adladı. Onun eyzən xırda, göy ləkələrlə örtülmüş sifətinə, gilələri puç olmuş gözlərinə, çallaşmış saçlarına və ortadan çapılmış sol qaşına diqqətlə baxdı... baxdı... və təzədən hıçqırdı. Ancaq bu dəfə qollarını qabağa uzatmadı; əlləri ilə üzünü qapayıb dizləri üstə döşəməyə çökdü. Ağ barmaqların arasından və pərişan halda bənizinə səpələnmiş qatran saçların arxasından bir cüt fitnəli göz dəhşətlə parlayaraq Əkrəmə zilləndi.

−De, mən səni beləmi yola salmışdım?!.

−Sakit ol. Nahaqdan təəssüflənmək nəyə gərəkdir?..

Çox astadan və titrək bir səslə deyilən bu sözlərdəki istehzanın fərqinə varmayan Yeganə, hələ də nəzərlərini ərinin tanınmaz şəklə düşmüş simasından ayırmadan sızıldayırdı:

−Yatsaydım, yuxuda da görməzdim ki, evə bu vəziyyətdə qayıdacaqsan!..

Əkrəm qadının qolundan yapışaraq, onu ayağa qaldırdı.

−Özünü ələ al. Bunlar hamısı artıq şeylərdir... Təki adamın qəlbi dəyişməsin, − deyə eyham dolu kinayə ilə dilləndi.

Yeganə nəyə işarə vurulduğunu, oxun hansı hədəfə atıldığını bilmədi.

Qadının təşvişi, həyəcanı çox çəkmədi; tez qızdı, tez də soyudu.

−Yaxşı ki, evin açarını həmişəki yerdə qoyub getmişdim. Yoxsa, bayırda qalacaqdın... – deyə bir azdan ərinə zahirən canıyananlıq göstərməyə çalışan Yeganə, onun dinmədiyini görüb, üstəlik xəbər aldı: − Bəs gələndə teleqram niyə vurmadın?

Əkrəm əsəbi halda çənəsini ovuşdura-ovuşdura cavab verdi:

−Yaxşı ki, vurmamışam. Onsuz da evdə yox idin.

Yeganə dodağını dişlədi və nə fikirləşdisə, cəld əyilib çarpayının altından ağır bir çamadanı qaldıraraq qapının ağzında ehmalca yerə qoydu.

−Mən... istirahət evində idim, Əkrəmcan, − deyə səsinə mehribanlıq qataraq hələ də pəncərə önündə durmuş ərinə yaxınlaşdı. – Əlbəttə, gəldiyini bilsəydim, bir-iki gün tez çıxardım.

Əkrəmin ürəyi sanki ağır yükün əziyyətindən azad oldu. Dünəndən beynini didən şübhələrin bir qismi yoxa çıxdı. Dərindən köks ötürüb arxaya çevrildi:

−İstirahət evində idin?

−Aha! Hacıkəndə getmişdim.

−Bu vaxt niyə gəlirsən?..

−Axşamdan çıxanam. Avtobus xarab olmuşdu... Yolda çox ləngidik...

Əkrəmi fikir götürdü: “Onda bəs, həyət qonşularını abırdan salan əxlaqsız qadın kimdir?.. Heç nə başa düşə bilmirəm! Əgər Yeganə istirahət evindən indi qayıdırsa, o butulka, o qədəhlər, o papiros kötükləri haradandır?.. Lənət sənə, kor şeytan! Deyəsən, mən təkcə gözlərimi yox, ağlımı da itirmişəm!..”

Yeganə çamadanı götürüb, tappıltı ilə stolun üstünə qoydu.

−Mənim gücüm çatmır, Əkrəmcan, aç bunu, paltarımı dəyişim. Yəqin acsan, yeməyə bir şey hazırlayım...

Əkrəm danışmadı. Qaşları düyünlənmiş halda əlini qabağa uzatdı; barmaqları ilə kilidlərin düyməsini rahatlıqla yana çəkib, çamadanın qapağını qaldırdı.

−Buyur! – deyə onu acıqla kənara itələdi. – Çamadanı açmaq asandır. Sən mənə o sirri aç, bilim ki, bu evdə hansı pozğun qadın kimlərlə əylənmişdir?!.

Yeganə, Əkrəmin bu nagahani həmləsindən diksinən kimi oldu. Lakin yenə özünü itirmədi. Arxayın addımlarla irəli gəlib ərinin saçlarını sığalladı və astadan güldü:

−Xətrinə dəyməsin, Əkrəmcan. Belə görürəm, sənin əsəblərin yaman pozulub... Əvvəl bir soruş, öyrən... Axı, mən də insanam?! Qaranlıq quyuya daş atmağın mənası nədir?

Bu nəsihətli ibarələr Əkrəmi yumşaltmadı:

−Pozulan əsəbləri müalicə etmək olar. Vay o gündən ki, adamın əxlaqı pozulsun!

Qadın səsinin ahəngini dəyişərək dedi:

−Başa düşmürəm, sən nə danışırsan!

−Mən də başa düşmürəm, stolun üstündəki o qədəhlərdə kim kiminlə konyak içmişdir?!

−Sənə qurban olum, Əkrəmcan, axı, heç nədən xəbərsiz məni niyə təhqir edirsən? Dörd il gecə-gündüz namusla yolunu gözləməyimin əvəzidir bu? Qıraqdan eşidən bizə nə deyər?.. – Yeganə ağlamsındı. – Mən nə biləydim ki, o haramzada qızını evimdə qoyub, gedəndən sonra min cür hoqqa çıxaracaq?!

Əkrəmin sifətində sevincmi, peşmançılıqmı, təəccübmü andıran qəribə ifadələr yarandı.

−Necə?! Burada başqa adam qalmışdı?

−İmkan verirsənmi danışım? – deyə vəziyyətdən asanlıqla çıxış yolu tapan Yeganə sözə başladı. – Düzdür, təqsirimi boynuma alıram. Axmaqlıq məndə oldu. Hacıkəndə gedən günü teatrda, Yerevandan qastrola gəlmiş aktrisalardan biri ilə rastlaşdım. Gileyləndi ki, mehmanxanada yer yoxdur, nə bilim, düşdüyü mənzil qaranlıqdır... Dedim, sabahdan otağım boşdur, köçüb bizdə qalarsan... Ağlıma haradan gələydi ki, şansanetkanın birisi imiş?! Yad kişiləri bura gətirib ayrı qastrol verəcəkmiş?! Keçən həftə şəhərdə idim, evə dəyməyə gəlmişdim. Qonşular məni ayıltdı. İt kimi qovdum onu, rədd olub getdi...

Əkrəm dərindən, lap dərindən sinədolusu rahatlıqla nəfəs aldı.

−Xətrinə dəyməsin, mən səni bu qədər qısqanc bilmirdim! – deyə, hiylələrinin baş tutduğunu görən qadın, ərini məzəmmətlədi. Əkrəm dodaqları titrəyə-titrəyə xəcalətlə dilləndi:

−Məni bağışla, Yeganə... Üzr istəyirəm səndən...

Qadın yaxınlaşıb onunla üz-üzə dayandı.

−Çox xahiş edirəm, bundan sonra bizim evdə bir də belə söz-söhbət olmasın!

−Təqsirkaram, əzizim...

Əkrəm Yeganəni neçə ilin həsrəti ilə, həm də ömrün sadiq bir yoldaşı kimi bərk-bərk qucaqladı, dönə-dönə üzündən, gözündən öpdü...

DOQQUZUNCU NOVELLA

Uzun illərin həsrətindən sonra Soltanovlar ailəsinin qapısından girən gülərüzlü sevinc... birdən-birə qara fəlakətə çevrildi!.

Doğum evindən Günəşə oğlan uşağı yerinə qız verildiyi aşkar olcaq, hamını dəhşət bürüdü. Fikrət, körpəni qapıb nə vaxt həyətə atıldı, bilmədi. Yaxşı ki, maşını qaraja salmamışdı.

−Günəş!.. Yubanma!! – deyə qadınını da ardınca səslədi.

Azacıq əvvəl ər-arvad böyük şadlıqla, fərəhlə keçdiyi küçələrdən təlaş və ürək çırpıntıları içərisində geri qayıtdı.

−Axı, bu nə sirdir?.. Bəlkə balamı başqası aparıb? Onun başına bir iş gəlsə, mənim bağrım partlar, ölərəm...

−Özünü ələ al, Günəş. Ora çatan kimi hər şey aydınlaşacaq, − deyə tez-tez həyəcanlı siqnallar verən Fikrət, maşınları vıyıltı ilə ötərək, kəsə yollarla doğum evinə tələsirdi. Sanki qarşıya çıxan meydançalar, döngələr, binalar, ağaclar – hamısı, hamısı sürətlə onun üstünə yeriyirdi. Açıq pəncərədən vuran yel, qucağında tutduğu özgə uşağının üzündəki örtüyü açdıqca qadının kədəri artırdı.

Fikrət heç vaxt bu itilikdə maşın sürməmişdi. Günəş ömründə belə əzab çəkməmişdi.

Bir azdan ya onlardan üzr istəyəcək, körpələrin səhvən dəyişik salındığını deyəcəkdilər, ya da... Yox!.. Yox!.. Günəş ayrı söz eşitsəydi, sarsılacaqdı: bütün varlığı, həyatı, indisi, gələcəyi məhv olacaqdı. O, kiçicik, dilsiz məxluq ana üçün neçə-neçə dünyadan qiymətli, min-min candan əziz, çox-çox nemətdən şirin idi!

Doğum evinə yaxınlaşdıqca, Günəşin narahatlığı, həyəcanı artırdı.

“Moskviç” dəmir məhəccərli yaşıl həyətin darvazasından girəndə Fikrətin əlləri də, ayaqları da əsirdi. Sükan arxasında özünü zorla saxlamışdı.

İkicə dəqiqə keçməmiş onlar Günəşin yatdığı palataya cumub dayəni, mamaçanı tapdılar, məsələni danışdılar.

−Bu körpə başqasınınkıdır! Tez olun, mənim oğlumu gətirin! – deyə ana şivən qoparmadımı?!

Baş həkim işə qarışdı. Palatada təcili yoxlama aparıldı, dəftərlər vərəqləndi, aləm qarışdı... Hərə öz balasını düşündü.

Lakin... bütün səylər nəticəsiz qaldı. Bu gün Günəşdən savayı ikinci bir Soltanova da evə buraxılmışdı! Mamaçanı fikir götürdü: “Çox güman ki, dayə uşaqları axırıncı dəfə bələyəndə, diqqətsizlik üzündən dəyişik salıb: medalyonlarına yox, təkcə ana familiyalarına baxıb!” – deyə o, baş həkimə pıçıldadı. Sonra Fikrətlə Günəşə eşitdirdi:

−Xatircəm olun. Biz bu dəqiqə ünvanını götürüb o biri Soltanovanı axtarmalıyıq. Mən belə bilirəm, körpənizi səhvən o aparıb!

Köhnə, təcrübəli mamaçanın bu sözündən ata təskinlik tapsa da, ana nigarançılıqdan qurtarmadı:

−Elə isə... bəs o niyə doğma balasının dalınca gəlmir?! Ürəyi buna necə dözür?.. – deyə Günəş göz yaşlarını axıdaraq inildədi. – Bəlkə bu iş qəsdən edilib...

Baş həkim xalatını soyuna-soyuna dedi:

−Siz nə danışırsınız? Yəqin o, hələ də məsələdən xəbərsizdir.

...Kaş heç uşaq doğulmayaydı! Günəşlə Fikrət də o dəhşətli səhnəni görməyəydilər!...

Soltanova deyilən qadın körpəni evlərinə aparcaq, məhv eləmişdi!

ONUNCU NOVELLA

İnsanın gözləri qəlbinin tərcümanıdır.

Dil çox şey danışa bilər – yalan da, həqiqət də. Düşmənə − dost, yaxşıya – pis... Günəşli gündüzə − zülmət gecə... Bu, bir tikə sümüksüz ət parçası dil üçün asandır.

Kim and içər ki, körpəlikdən qəbir evinə qədər doğrunu tərsinə söyləmək məcburiyyəti qarşısında aciz qalmışdır?!

Zatən, acı bir mətah dilin özünü yandırsa da, dildə ona şirindir demək, çətin deyil.

Lakin göz riyakarlıq bacarmır... O elə real bir ekrandır ki, ürəyin dəruni, mübhəm sirlərini olduğu təkin, düzgün əks etdirir, xislətini dəyişmək istəsə də, göz bacarmır, özünün lal, eşidilməz dili ilə anladır, həqiqəti büruzə verir...

Əkrəm bircə kərə Yeganənin gözlərinin içinə diqqətlə baxa bilsəydi, onların ifadəsindən açıq kitab kimi qadının bütün qəlbini oxuyardı. O zaman, çoxdan bəri beynində dolaşan qara şübhə buludları dağılışar,zehninin asimanı təmizlənərdi. Ancaq neyləsin ki, aləm onun üçün ağzıörtülü, nəhayətsiz bir quyunun dibi qədər qaranlıq idi! Əkrəmin gözlərinə işıq gərəkdi, Yeganənin gözlərini görməyə...

Ordudan tərxis olunduğu vaxtdan üç ay ötürdü. Bu müddət ərzində Yeganənin, Səltənət xalanın, qonşuların ayaq səslərinə alışmışdı. Həyətdə gəzəni, pilləkəni qalxanı addımlarının tappıltısından tanıyırdı. Qəribədir, Əkrəmin itən gözlərinin həssaslığı hafizəsində, qulaqlarında, barmaqlarının ucunda və başqa hiss orqanlarında toplanmışdı. İndi o, səhərin açıldığını; axşamın düşdüyünü, havanın xoş, yaxud qaşqabaqlı olduğunu sövq-təbiiliklə bilirdi. Hətta Yeganə telefonla zəng çalanda, diskin fırlanmasından hansı rəqəmləri yığdığını belə təxmin edirdi.

Günün çoxunu evdə tək qalan Əkrəm saatlarla radionun qarşısında oturub verilişlərə, konsertlərə qulaq asırdı. Bəzən də əlini divarlara sürtə-sürtə mətbəxə keçir, özünə yemək hazırlayır, çay dəmləyirdi. Belə vaxtlarda istədiyi boşqabı, stəkan-nəlbəkini, çəngəl-bıçağı asanlıqla tapırdı. Arabir bişirdiyi yeməklərdən Yeganə də tamsınır və ləzizliyini tərifləyirdi.

Həftədə, ayda bir dəfə Əkrəm şəhər içinə havaya çıxanda, qonşunun oğlu məmnuniyyətlə köməyinə yetirdi. Qadın isə bu vəzifəni öhdəsinə götürməyi heysiyyətinə sığışdırmırdı, özü üçün əskiklik sanırdı.

“ – Əmi, davada düşmənə atmağa nə qədər istəsən güllə verirlər?..”, “Sən Hitleri də görmüsən?”, “Tüfəng yaxşı vurur, avtomat?..” Belə suallara maraqlı cavablar alan doqquz-on yaşlı qonşu uşağı, müharibədən gəlmiş döyüşçünün əlindən tutub, onunla yanaşı gəzdiyinə qürrələnirdi.

Bu gün, hələ axşamdan yerlərində uzanmış ər-arvad, hərə bir səmtə çəkilərək susmuşdu. Lakin gözlərini yummamışdılar. İkisi də düşünürdü.

Səhər Yeganə çoxdan bəri səsi-sorağı çıxmayan Aslandan uzun bir məktub almışdı. Zərfi açınca fikirləşmişdi ki, həkim oğlan dönə-dönə üzr istəyib, öz peşmançılığını bildirəcək və onu yenə görüşməyə çağıracaqdır. Sən demə, məsələ ayrı cür imiş! Aslan, bütün olub-keçənlərdə Yeganəni ittiham edirdi, etikanın hüdudlarını aşaraq, nifrin ibarələrlə, hər kəlməsi tənə-təhqirlə yoğrulmuş cümlələrlə bağışlanılmaz hərəkətlərini lənətləyirdi. Qadın gözünü kağız üzərində gəzdirdikcə, bədəni əsmişdi. Məktubu oxuduqdan sonra möhkəm qəzəblənmiş Yeganə, həkimin ünvanına ağır söyüşlər yağdırmışdı.

Gecə lampası zəif şüası ilə yataq otağının bir küncünü işıqlandırırdı. Şəhər şirin yuxuda idi. Küçədən təkəm-seyrək ötən maşınların gurultusundan qeyri səs eşidilmirdi.

Yeganənin qurcalandığını duyan Əkrəm ona tərəf çevriləndə, qadının saçları sifətinə toxundu.

− Hələ yatmamısan?

−Yox.

−Mənim də yuxum gəlmir.



− ...

− Nə fikrə getmisən?

− Heç, − deyə Yeganə dikəldi, əlini uzadaraq böyründəki dolabçanın üstündən qol saatını götürüb işığa tutdu. Əqrəblər on ikini qayçılayırdı.

− Sabah teatrda oynayırsan?

− Gündüz məşqim var, axşam tamaşasında bekaram. Necə?

− Heç... elə-belə.

Otağa çökən lal sükutu yenə Əkrəmin səsi pozdu:

− Bilirsən, Yeganə, bu dəqiqə yadıma nə düşmüşdü?

− ...

− Teatrda ilk dəfə görüşdüyümüz axşam... Mən lojada Sərdarla oturmuşdum, sən gəldin... Çəhrayı paltar geymişdin... Sonra mübahisəmiz başladı. Yamanca atışdıq... Özün də evə tələsirdin, tez getdin. Ad günün idi.



− Yalan deyirdim. Başqa yerə tələsirdim.

− Demək, məni aldatmısan?

Yeganə dinmədi.

− Eh!.. Keçdi o günlər! – Əkrəmin səsi inildədi. – Heyf Sərdardan! Ölməli oğlan deyildi... Srağa gün yenə evlərinə getmişdim. Anası o ki var ağladı. Razıyam, deyir, mənim Sərdarım da sənin kimi gələydi!.. Təki gələydi! Mən öz gözlərimi ona verərdim...

− Boş sözdür.

Əkrəm təəccübləndi:

− Niyə elə danışırsan? Ana ürəyini nə bilmisən!!..

Yeganə istehza ilə ərini süzdü:

− Dildə demək asandır! Ancaq Sərdar sənin təkin qayıtmış olsaydı, indi evdəkilərin hamısını – anasını da, bacılarını da bezdirmişdi, əlindən təngə gəlmişdilər...

Əkrəm eşitdiklərinə məəttəl qaldı. Qadının bu tənəli sözləri ona da aid deyildimi? Görünür, yavaş-yavaş pünhan hisslər aşkara çıxırdı.

− Yeganə, − deyə Əkrəm qalxaraq yastığa dirsəkləndi. – Əgər birisi öz vətəninin, xalqının yolunda cəbhəyə gedib, qeyrətlə vuruşubsa, evinə iki gözdən kor gəlibsə, onun günahı nədir? Səncə elə adam daha heç kimə lazım deyil?

− Adamın ağlı vardısa, əvvəldən sözə qulaq asaydı! Sənə nə qədər yalvardım, dil tökdüm. “Getmə! – dedim. – Mən yol taparam, pul gücünə səni saxlatdıraram...” Tutduğunu buraxmadın... Buyur! Özünü də bədbəxt elədin...

Yeganənin sonda yarımçıq qalan cümləsini Əkrəm tamamladı:

“ – Məni də!”

− Bəli! Düz deyirsən: Məni də! İnsan dünyaya ikinci kərə gəlmir. Nəyin bahasına olursa-olsun həyatını qorumalıdır! Xoşbəxt yaşamalıdır! Çoxları bacardı, getmədi... İndi... sənə də baxıram, onlara da. Hərəsi bir vəzifə sahibidir... Sən kimin üçün vuruşdun?! Heç özün də bilmirsən!

Əkrəm zahirən təmkinini saxlasa da, möhkəm qeyzlənmişdi. Bu dəqiqə sanki həyat yoldaşı ilə deyil, ona yad, biganə bir qadınla üz-üzə durmuşdu.

− Mənim təkin milyonlarla başqaları gözündən, qolundan, qıçından, canından keçməsəydi, siz arxada necə salamat qalardınız?!

Yeganə hirslə yerindən qalxdı. Bir siqaret alışdırıb sümürdü, tüstünü kənara üflədi.

− Mən başqalarının səadəti üçün özünü fəlakətə atanları axmaq adlandırıram!

− Demək, sözündən belə çıxır ki...

Qadın ona danışmağa mafar vermədi.

− Sözümdən elə çıxır ki, sən də onlardan birisən! Bəli!

Yeganə çilçırağı yandırdı. Keçib divana yayılaraq, kişisayağı qıçını qıçının üstünə aşırıb, siqaretini qullabladı. Əkrəmin dili, dodağı əsirdi:

− Onu da bil ki, Yeganə, bu davada min-min oğul qurban getməsəydi, indi sənin kimilər Hitlerin qulu idi!

− Məndən arxayın ol!.. Acından ölməzdim, birtəhər keçinərdim!..

Əkrəm çevrilib çarpayının qırağında oturdu.

− Sən bu əqidə ilə, bilmirəm, teatra, camaata necə xidmət edirsən?!

− Mən özümə xidmət edirəm! Yaşamaq üçün işləyirəm. – O bu arada Əkrəmi yamsıladı: “Hitlerin qulu idi...” Xox! Hitler itoğlu gəlsəydi, mənə neyləyəcəkdi?! Ətimi kəsib şişə çəkəcəkdi?

− Bəs sənin məsləkin?!

Yeganə gecə paltarında yarıyadək açıla qalmış sağrısını şappıldatdı:

− Cibimdə! Bəs səninki?!

− Mənimki, ürəyimdə!

Qadın siqaretini döşəməyə çırpıb ayağı ilə tapdaladı:

− Möhkəm saxla, lazım olar!

Axır vaxtlar tez-tez ər-arvadın sözü çəp gəlirdi. Həmişə də Əkrəm güzəştə getməyə, onu bağışlamağa çalışırdı. Lakin indi, məsələ ayrı cür idi. Qadın utanmadan, çəkinmədən qəbahətlə, həm də çox qəribə şeylər danışırdı.

İçərisində qovrulan qəzəb hissi Əkrəmi susmağa qoymadı:

− Yeganə, sən gəl ədəb-ərkan, nəzakət dairəsindən kənara çıxma! Özünü qadın kimi apar! Əsəblərimlə oynama! Axı, mən insanam! Gözlərim görməsə də qulaqlarım eşidir, qəlbim duyur... Sənin bu münasibətinə, təhqirinə bir gün də dözməzdim...

− Neylərdin?

Əkrəm səsini qaldırdı:

− Hər şeyə tüpürüb, gedərdim!

Ərindən ilk dəfə bu cür kəskin cavab alan Yeganə tutuldu. Lakin xasiyyəti xilafına yenə dilini saxlamadı:

− Sənə nə mane olur?!

− Özün yaxşı bilirsən...

Qadın hamilə idi. Üçüncü aya keçirdi ki, boynuna uşaq düşmüşdü.

− Sən təkcə ona görə mənə bağlanıbsansa, hələ gec deyil, buna da çarə tapılar...

Əkrəm arvadının təklifi qarşısında aciz qaldı:

− Yeganə, − deyə xahişə keçdi. – Gəl, burax bu söhbətləri. Hər şeydən əvvəl mən sənin ərinəm! Biz bir-birimizin sevincinə, dərdinə şərik olmalıyıq. Mən heç vaxt səni ayrı bilməmişəm. Başa düşmürəm, bu gecə qəribə şeylər sayıqlayırsan... Düzü, bu sözlərin sənin dilindən çıxdığına inanmıram.

− Sən sabah bütün günü evdə avaralanacaqsan, mənsə, səhər işə getməliyəm! – deyə Yeganə qalxıb işığı söndürdü, özünü çarpayıya yıxdı, arxasını Əkrəmə çevirərək yorğanı başına çəkdi...

...Gözləri sarıqlı Əkrəm naməlum bir qadın həkimin qarşısında kresloda oturmuşdu. Otaqdakı kəsif dərman qoxusu ona, kor olduqdan sonra yatdığı hərbi xəstəxananı xatırladırdı. Ürəyi intizar içində idi. O, ömründə belə həyəcanlanmamışdı. Bu gün həkim gözlərini açacağını ona vəd etmişdi:

− Bir azdan siz hər şeyi əvvəlki kimi öz rəngində, aydın görəcəksiniz.

− İnanmıram, doktor! Mən o müalicələrin hamısından keçmişəm, ancaq heç bir nəticə verməyib. Professorların səyi, zəhməti hədər gedib...

−Mən təzə preparat tapmışam! Sizi onunla sağaldıram. Əlim yüngüldür. O, gözlərinizə mütləq işıq gətirəcək.

−Başa düşmürəm, axı, siz kimsiniz? O necə dərmandır?

−Ağrısız, əziyyətsiz şəfalı bir məlhəmdir... Mənim kim olduğumu da biləcəksiniz. Biz çoxdan tanışıq..

−Doktor, əgər bu sözləriniz həqiqətə çevrilsə, mən allahın varlığına inanaram! Deyərəm, o – sizsiniz!

−İndicə bəbəklərinizə sürtdüyüm o məlhəmi müharibədə yaralanan döyüşçülərin qanına bulanmış ən zərif güllərin-çiçəklərin ləçəklərindən hazırlamışam.

−Qəribədir... Onları siz özünüzləmi gətirmisiniz?

−Xeyr. Cəbhədən oğlumun atası yığıb zərflərdə göndərib. Mən üstü qan ləkəli quru yarpaqları ovurdum... Göz yaşlarımda isladıb, yoğururdum... Məlhəm olurdu.

−Tələsin, doktor! Səsiniz mənə yaman tanış gəlir. Sarğını açın, sizi görmək istəyirəm...

−Deyin, işığa həsrət qaldığınız neçə müddətdir?

−Bir ilə yaxındır...

−On iki ay!.. O qədər dözmüsünüz, ikicə dəqiqə də gözləyin, məlhəm öz təsirini göstərsin...

Sükut içərisində ağır dəqiqələr əridikcə, ömürdən gedən anlar ümidə çevrilirdi...

−Bəs belə bir vaxtda nə əcəb həyat yoldaşınız gəlməyib?

−O, doğum evindədir. Srağa gün oğlum olub.

−Təbrik edirəm!

Bayırda bahar köks ötürdü. Pəncərə açıldı. Kiçik bağçadakı ağacların ətirli nəfəsi otağa doldu. Əkrəmin alnında sərin, yumşaq bir əl gəzdi – həkimin barmaqları sarğıya toxundu, onu ehmallıca açmağa başladı.

−Doktor! Yalvarıram, dayanın!!!

−Nə olub ki?

−Eşitmirsiniz ürəyim necə çırpınır?!.

Həkim Əkrəmə su içirtdi.

−Sakitləşdimi?

−Yox...

−Özünüzü ələ alın.



−Qorxuram, yenə qaranlıqdan başqa heç nə görməyim!..

Sarğı bir qat... iki qat... üç qat açıldı. Həyəcan bir qat... iki qat... üç qat artdı. Tər, su kimi dabanlarından axırdı Əkrəmin. Bu bəxtin sınağında onun qismətinə ya günəşin gur şəfəqi... intəhasız təmiz mavi səmalar... sevinc... şadlıq çıxacaqdı, ya da zülmət... kədər... qüssə...

−Yavaş-yavaş açın gözlərinizi! – deyə əməliyyatı sona yetirən həkimin şəfqətli, amiranə səsi otağın divarlarında cingildədi.

Kirpiklərini qaldırmağa Əkrəmin cəsarəti çatmadı. Doğrudan da həyatda insanın necə çətin, dəhşətli anları varmış!

O, kreslonun dirsəkliyindən yapışıb, dikəldi. Həkim bu dəfə arxadan dilləndi:

−Baxın... görün məni tanıyacaqsınızmı?

Əkrəmin qəlbi titrədi.

“Baxın... görün!..”

Mənasından işıq süzülən bu iki kəlmə söz qətiyyətlə, inamla dolu idi.

Əkrəm yumruqlarını düyünlədi, qollarını çiyni bərabərində yanlara qaldırdı, sonra... anlaşılmaz bir tərzdə nəsə çığırdı... və lapdan açdı gözlərini! Özünü günəşin əhatəsində, əsrarəngiz , nurlu bir aləmdə gördü! Sevinci milyon göyərçin təkin pərvazlanıb ətrafında qanad çaldı. Qarşısındakı geniş pəncərə önündə füsunkar bir mənzərə açıldı. Yaşıl, atlas yarpaqlı ağaclar... al-qırmızı güllər... ağ evlər... Həyat əvvəllərdə olduğu kimi gözəl idi! Günəş, elə bil aşağı enmişdi. Üfüqlərdə ayna şəffaflığı vardı.

Əkrəm geri döndü, ona dünya işığını yenidən bəxş edən həkimi axtardı. Yanında ülvi görkəmdə, ağxalatlı, vəcahətli gənc bir qadın dayanmışdı. Hərəkətsiz... dinməz. Xəfifcə gülümsəyirdi. Üzündən şəfqət yağırdı, gözlərindən səadət. Əkrəm baxdı... baxdı... Təşəkkürünü tam əvəz edəcək söz tapa bilmədi.

Qadın gülə-gülə xəbər aldı:

−İndi tanıdınızmı məni?

−Tanıdım! Siz mənim sehrli allahımsınız!

Həkim irəli gəldi. Əlindəki tənzif ilə Əkrəmin alnında puçurlanmış təri sildi və astadan dedi:

−Mən Fəridəyəm.

−Fəridə?!

−Bəli! Sizi vağzaldan faytonla evinizə gətirdim. Yadınızdadırmı?

Pəncərəyə kölgə düşdü. Yeganə göründü. Təzə doğulan körpəsi qucağında idi. Bənizi soluxmuşdu. Əkrəmin ayaqları yerdən üzüldü, otaqdan bağçaya atıldı. Uşağı anasından alıb, bağrına basdı, üzündən öpdü.

Evə nə vaxt gəldilər – bilmədi.

Yeganə beşik başında oturmuşdu; körpəni yırğaladıqca həzin mahnı oxuyurdu:

Laylay dedim, yatasan,

Gül-çiçəyə batasan...

Sən onların ətrindən

Öz yuxuna qatasan...

Analıq Yeganəyə necə də yaraşırdı! Əkrəmə bir gündə iki xoşbəxtlik nəsib olmuşdu. Beşikdəki körpə kimi sanki o da dünyaya yenicə göz açmışdı. Hara baxırdısa, ürəyi fərəhlənirdi.

−Yeganə, nə üçün heç sən məni təbrik etmirsən, sevinmirsən?..

Qadın könülsüz halda soruşdu:

−Mən niyə sevinməliyəm?

−Bilmirsən? Həkim gözlərimin işığını özümə qaytarmışdır!.. Mən indi səni də, oğlumuzu da, evimizin əşyalarını da görürəm... Daha kor deyiləm...

−Mənim üçün fərqi yoxdur! Onsuz da səni sevməyəcəyəm!..

Əkrəm qəhərləndi:

−Bəs, bizim bağladığımız əhd-peyman?!

−Hamısı yalandan idi!.. Mən sənə qədər də, səndən sonra da başqalarına eləcə dil vermişəm. Ancaq sözümün üstündə durmamışam. Bunun üçün məni asmayacaqlar, kəsməyəcəklər... Ürəyimin ixtiyarı özümdə deyilmi?..

−Axı, sən mənim oğlumun anasısan, Yeganə...

−Oğulun anası mənəm – onu düz deyirsən. Atası sən deyilsən!..

Yer, Əkrəmin ayaqlarının altından qaçdı. Başı fırlandı.. Ətraf dumanlandı... qaraldı və daha heç nə görmədi. Gözləri yenə tutuldu.

Əkrəm çəliyini götürüb getməyə hazırlaşdı. Qapıya çatanda, bir an kandarda ayaq saxladı. Sonra geri dönərək Yeganəyə eşitdirdi:

−Bilirəm, sənə yaraşmayan təkcə mənəm! Gec-tez bu ayrılığı gözləyirdim. Ancaq... Fikirləşirdim, uşaq üçün darıxacağam. Yaxşı ki, o da mənimki deyil. Daha heyfsilənməli başqa şey yoxdur... Kaş səni sevməyəydim. Salamat qal!..

Əkrəm evi tərk etdi; pilləkənləri enib həyətə, oradan da küçəyə çıxdı... Bir neçə ay qabaq gəldiyi yollarla vağzala tərəf üz tutdu.

Axşam idi. Şəhərin işıqları qaranlıqda ulduzlar kimi sayrışırdı. Əkrəm, dumanlı şəkildə də olsa, onları sezirdi. Arabir yanından ötənlərə toxunur, üzr istəyib, yenə gedirdi. Yeganənin sözləri qulaqlarından çəkilmirdi: “Oğulun anası mənəm – onu düz deyirsən. Atası sən deyilsən!”


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin