Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə10/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

Zakir dikəlib yastığa dirsəkləndi:

−Mənə inanmırdın, qəşəngdir?..

−Neynəyim, ay bala? Tiyatırda çox eybəcər idi... Sən allah tapşır, bir də o əfsiyant cildinə girməsin, camaatı bizə güldürməsin... Elə birdəfəlik ərtistlikdən çıxıb, evdə otursa, lap yaxşıdır.

−Baş üstə! Sən də paxanla danış, bala-bala hərəkətə gəlsin.

O gecə arvad ərini yatmağa qoymadı. Səhərə qədər oğlunun gözaltısını tərifləməkdən yorulmadı.

Zakir, Yeganə ilə valideynlərinin razılığı olmadan da evlənə bilərdi. Ancaq anasının “gəlin üçün” məxsusi sifarişlə çoxdan düzəltdirib saxladığı brilyant qaşlı üzüyü, sırğanı, medalyonu, bilərziyi əldən buraxmaq istəmirdi. İndi ayağı möhkəm yer tutmuşdu. Bir azdan subaylıqla vidalaşsa da, güzəranını rahat, zəhmətsiz keçirməkdə davam edəcəkdi. Yeganənin var-dövləti, ev-eşiyi, həmxanalardan toplayacağı kirayə pulları... üstəlik, öz anasının verəcəyi qaş-daşlı qızıl şeylər hamısı, hamısı onun ixtiyarında olacaqdı. Sonrasına isə... Zakirin başqa planları vardı. Yeganədən ayrılmaq çətin deyildi...

Bakıda havalar qızmışdı. Belə bir vaxtda kurort şəhərlərinin parklarından, restoranlarından, plyajlarından kənarda qalmaq Zakirin fikrincə axmaqlıq idi. Hər ötən gün ömürdən gedirdi.

− Ana, paxana pıçılda, Tiflisə xarici mallar gəlib. Yeganəyə pal-paltar lazımsa, özümü verim ora, − deyə Zakir, atasından pul qoparmaq məqsədi ilə söhbət saldı.

Arvad taxça-boxçada gizlətdiyi naftalinli əskinasları gətirib ona verəndə, “evlərini soyan oğruların” dalınca bəlkə yüzüncü kərə qarğıdı. Sonra üzünü oğluna tutaraq alacağı şeyləri sadaladı, dükan-bazara girəndə ehtiyatlı olmasını tapşırdı.

Yeganə qonşulardan Əkrəmin Fəridə ilə evləndiyini eşidəndə şən bir qəhqəhə çəkib gülmüşdü: “Nə deyirəm ki! Təki xoşbəxt olsunlar!..”. Əslində, ürəyinə dolan paxıllıq onu qəzəbləndirmişdi. Aslanın məktubundan sonra bu, Yeganəyə vurulan ikinci zərbə idi. Birinci kərə rəqibindən intiqam almağa cəhd etsə də, bacarmamışdı. İndi isə o, Əkrəmdən daha çox Səltənətə, Fəridəyə dağ çəkməyə fürsət axtarırdı. Lakin necə? Hansı yolla? Bilmirdi.

Yeganəyə görə, Zakiri – Aslanın, Əkrəmin nifrətlə xatırladığı bir şəxsi ələ gətirmək onlara ən yaxşı cavab olacaqdı. Bir halda ki, bu sevdada özünün də böyük təmənnası vardı. O, teatrda parlamamış sönən bir “ulduz” kimi səhnədən sıxışdırılıb çıxacağına əmin idi. Bunu ona yaxın qayğı göstərən rejissorlar indidən üzünə vururdular. “Sən “Tarantello”dan sonra neçə ildir xərçəng kimi geri gedirsən! Sənətə məhəbbətin gündən-günə azalır...”

Bəli, Yeganə bu sahədə öz taleyini şərəfsiz və acınacaqlı görürdü... Uzağı iki-üç ilədək çopur dəllaldan qalan beş-on qızıl da xırdalanıb, xərclənəcək və onda... ehtiyac qapısını döyəcəkdi... Yeganə isə başqaları kimi yaşamaq istəmirdi. Zakirin atasına arxalanmaq, şan-şöhrətdən əlavə, həm də gələcək qayğılarla biryolluq vidalaşmaq deməkdi... Ancaq onu bilmirdi ki, müflisləşmiş “xozeyin zərgər”in təkcə quru adı qalmışdır.

Kislovodska getməyə hazırlaşan Zakir, biletini alıb, cibinə qoyduqdan sonra Yeganə ilə görüşdü.

− Sabah Tiflisə yola düşürəm, − dedi.

− Xeyir ola?

− Əlbəttə, xeyirdir... Evdən bazarlığa göndərirlər. Anam tapşırdı ki, bir səndən də soruşum, daha nə istəyirsən...

Yeganə minnətdarlıq elədi:

− Mənə sənin sağlığından başqa heç nə lazım deyil. Çalış, tez gəl... Ayın axırına kimi burada ol... Mən də təkəm...

− Uşaqsan?! Uzağı bir həftəyə, on günə Bakıdayam!

Lakin Zakirin məhz indi, Yeganənin doğum evinə yatmağa gedəcəyi bir vaxtda şəhərdən çıxması əbəs deyildi.

− Gərək bağışlayasan... Səni ötürməyə vağzala gələ bilməyəcəyəm...

− Heç mən bu vəziyyətdə razı olarammı?..

Axşam, qatarın tərpənməsinə azacıq qalmış Yeganə hövlnak vağzala girdi, perronda Zakiri tapıb, bir qırağa çəkdi; Fəridənin ünvanına hazırladığı teleqramın surətini ona verdi:

− Tiflisə çatan kimi vurarsan! – dedi və boyalı dodaqları ilə oğlanı öpdü. – Mən o evə bir çaxnaşma salım ki, tamaşasına aləm yığışsın!.. Yaxşı yol.

− Salamat qal.

Parovoz fısıldadı, dartındı... vaqonlar bir-birinə dəyərək, taqqıldadı.

Zakir kupeyə keçdi. Stolüstü lampanı yandırıb, teleqramın sözlərini oxudu:

“Canım-ciyərim, gözlərimin işığı Fəridə!

Yəqin məni çoxdan ölmüş bilirsiniz. Uzun illərin əziyyətindən sonra

əsirlikdən buraxıldım. Səni, Səltənəti, Şahini görməyə Bakıya

tələsirəm.

Əşrəf ”.

Doğum evində eyni gündə iki Soltanova hamiləlikdən azad olmuşdu – biri Günəş, biri Yeganə. Məhəbbətin ilk nübarını görən Günəşin sevincdən köksü qabardı; dünyaya təzəcə göz açan oğlunu istidən-soyuqdan qorumaq, böyütmək, yaşatmaq haqqında düşünürdü. Ana bu balanı tapınca neçə-neçə üzüntülü ilin möhnətinə dözmüş, nə qədər əziyyətə qatlaşmışdı. Nəhayət, sədaqətli ərinin – Fikrətin ürəyindəki nisgilə son qoyulmuşdu. Günəş təsəvvürünə bundan da böyük xoşbəxtlik gətirə bilərdimi?

Övlad doğulmuşdu! Ailəyə oğul gəlmişdi! Sabahın, bəlkə də, gərəkli bir insanı Günəşin bətnində yaranmışdı, onun damarlarından qidalanmışdı. Xeyr! Günəş təsəvvürünə bundan da böyük xoşbəxtlik gətirə bilməzdi!

Yeganə isə... öz gələcəyi, rahatlığı naminə zəruri sandığı xəbis bir niyyətin çirkabında boğulurdu. Hər dəfə körpəni əmizdirəndə ürəyindən qara qanlar axırdı. Qız sifətinin cizgilərindən, burnundan, qaşlarından eynən Əkrəmə oxşayırdı.

Palatada yatan qadınlara ərlərindən təbrik məktubları, hədiyyələr, gül-çiçək dəstələri gəlirdi. Cavan atalardan bəziləri həyətə açılan pəncərələrdən boylanaraq, dayələrə laldili yalvarır, uşağı göstərməsini xahiş edirdi. Təkcə Yeganə bu qəribnəvazlıqdan kənarda qalmışdı. Yolunu gözlədiyi Zakirdən hələ də xəbər yox idi.

Doqquz cansıxıcı, bezikdirici gündən sonra Yeganə, qucağında körpə, doğum evindən çıxdı. Küçədən ötən maşınlardan birini saxlatdırıb, əyləşdi; sürücüyə ünvanını söylədi.

Həyətlərinə girəndə qonşularla rastlaşmadığına sevindi. Lakin düşündüyü qəsdin vəhmindən pilləkəni qalxanda ürəyi əsdi, səksəkəli halda tez-tez dönüb dala baxdı. Mənzili, nədənsə, ona əvvəlkindən darısqal göründü.

Uşağı pəncərələri qalın pərdələrlə örtülmüş əndəruni otağa keçirdi. Burada hər şey qoyub getdiyi kimi, səliqəsiz idi. Yumşaq çarpayıda uzadılmış körpə sanki evə gətirildiyindən sevinərək çırpınır, əl-qolunu bələkdən çıxarmağa can atırdı; zərif dodaqlarında təbəssüm oynayırdı.

Yeganə geri qayıdıb aynabəndin qapısını kilidləyəndə uşağın iniltisinə diksindi. Qəlbini çulğayan təlaş birə-beş artdı. Ona elə gəldi ki, bu səs çox uzaqlarda eşidildi. Ürəyini tutdu. Gözlərini yumub dayandı. Zakirə dediyi sözlər yadına düşdü: “Eh!.. Sən də gör nəyin fikrini çəkirsən. Əl boyda canlının izini itirməyə nə var ki!..”

Yox... bu, Yeganənin düşündüyü qədər də asan deyildi. Qorxu əzazil hakim təki baş qaldırmışdı; törədəcəyi cinayətin ağır cəzasını ona təlqin edirdi.

Körpə hələ də ağlayırdı... Yeganə yataq otağına qayıtdı. Tərəddüd içərisində aramsız addımlarla çarpayının ətrafında gəzindi.

Uşaq az qala bayılacaqdı, çığırtısı divarlarda titrəyirdi.

Yeganə boğulurdu. Özünün çıxardığı ədalətsiz hökmü icra etməyə əli gəlmirdi. Lakin... bu işi indi görməsəydi, sonra bacarmayacaqdı.

Birdən o, nə düşündüsə, qəti qərarını verdi, analıq hissini itirdi, qəlbi daşa döndü. Çarpayı üstündəki iri yastığı götürüb körpənin sifətinə basdı və bir an içərisində onun bağırtısı eşidilməz oldu.

Başını qaldıranda, şifonerin aynasında vəhşətəngiz görkəmindən özünü tanımadı. Cəld otağı tərk etdi. Astanada bir daha geri qanrıldı. Körpə hərəkətsiz idi. Yeganə bu dəfə uzaqdan, qaranlıqda parlayan aynaya baxanda səsi gəldikcə çığırmaq, qaçmaq istədi. Hədəqəsindən çıxmış neçə-neçə göz ona dikilmişdi. Günəşin, Fikrətin, Səltənətin, Fəridənin və hətta, Əkrəmin gözləri... Yeganə əlləri ilə sifətini qapadı, dal-dalı çəkilib dəhlizə çıxdı. Gözlər də böyüyərək onun ardınca baxdı.

Qadın burada da qərar tutmadı, aynabəndə atıldı. Pərdəni aralayaraq həyətə nəzər saldı. Heç kəs yox idi. Siqaret yandırıb, hərisliklə sümürdü. Həyəcandan ayaq üstə dura bilmirdi. Özünü taxta yıxdı. İndi yataq otağına sarı baxmağa da qorxurdu.

Bir azdan qapı döyüləndə... Yeganənin ürəyi sanki yerindən qopdu; dil-dodağı qurudu, nitqi kəsildi. Qapı ikinci kərə, bərkdən, yumruqla döyüldü: “Açın!! Açın!!” deyə çılğın səsli bir qadın əmr etdi. Yeganə təşviş içərisində yerindən sıçrayaraq, özünü yataq otağına saldı. Uşağın üzündən balışı qaldırıb qucağına aldı.

Qapı aramsız olaraq döyülürdü... O tayda, pilləkən başındakı meydançada bir neçə adam vardı. Əsəbi kişi, qadın danışıqları bir-birinə qarışmışdı. “Tez olun!! Açın!! Siz səhvən mənim körpəmi aparmısınız!!.”

Günəşin səsini tanıyan Yeganəni ikiqat dəhşət bürüdü. Bu tükürpədici nida bir də, bir də qulaqlarında, beynində təkrarlandı; “Siz səhvən mənim körpəmi aparmısınız!!”

Uşaq çoxdan keçinmişdi. Onu aparıb böyük otaqda divana qoydu, üzünü örtdü.

Yeganəni görmüşdülər... Bayırdan zərblə vurub, aynabəndin şüşəsini qırdılar. Gözü tökülmüş çərçivədən qapının arxasına qüvvətli, sərt bir əl uzandı.

Açarı çətinliklə sağa, sola burmağa başladı... Yeganə qəfəsə salınmış vəhşi timsalında otaqdan-otağa qaçaraq, dər-divara çırpılırdı.

Lakin bütün səylər izafa idi. Qapını bu dəqiqə açacaqdılar. Aman!.. Başına nə oyunlar gələcəkdi! Sən demə, o özünün deyil, başqasının uşağını öldürmüşdü!

Tək bircə yol qalmışdı: eyvandan küçəyə tullanıb qaçmaq!

Yeganə nə xatırladısa, yenə yataq otağına cumdu. Yerə salınmış xalçanın küncünü üstə qatladı, dırnaqları ilə parket döşəmənin bir taxtasını qaldırdı. Qızıl düyünçəsini çıxararaq, qoynunda gizlətdi və şaşqın halda ara qapını təpikləyib, eyvana tullandı. Bir göz qırpımında məhəccəri aşdı, aşağı sallandı, heç nəyin fərqinə varmadan özünü ikinci mərtəbədən küçəyə buraxdı. Elə bu vaxt Günəş, Fikrət, həkim, dayə və qucağında Yeganənin körpəsini tutmuş mamaça mənzilə təpindi.

(...Yaxşı ki, Əkrəmlə Fəridə Yeganənin saxta teleqramına inanıb yoldan qalmamışdı, bu faciəli səhnədən uzaq olmuşdu!”)

Divanın küncünə atılmış balasının meyidini görən Günəş, qollarını açıb, üzüqoylu döşəməyə sərələndi. Fikrət uşağı qolları üstə qaldıraraq, hönkürdü; isti göz yaşları körpənin soyuq yanaqlarına damdı, onu diksindirmədi. Dayə ikiəlli başını tutdu... Küçədəki səs-küyü eşidən həkim eyvana çıxdı. Yeganəni səkidə, adamların əhatəsində gördü. O, uzanmışdı, ufuldayırdı. Qıçı sındığından qaça bilməmişdi...

...Xəstəxanada nəzarət altında saxlanılan Yeganə müalicə olunduqdan sonra cəzasını çəkməyə göndərildi, əmlakı müsadirə edildi.

Öz işini əvvəlcədən möhkəm tutan Zakir, cinayət törədiləcək günlərdə uzağa qaçmaqda uduzmadı. O, Yeganənin etdiyi risqin bu tərəfini də düşünmüşdü.

Diqqətsizlik üzündən bağışlanılmaz səhvə yol verən dayə isə məsuliyyətdən yaxa qurtara bilmədi.

Yeganənin körpəsi həmişəlik Günəşin, Fikrətin himayəsində qaldı...

Hər şeydən xəbərsiz qızcığaz, indi naz-nemət içində dərdsiz, kədərsiz, bəxtəvərliklə böyüyür...

Tanıyırsınız: adı Leyladır onun!

E P İ L O Q

Möhtərəm oxucum!

Yəqin ki, hekayətimizin əvvəlində Leylanın valideynlərinə üz tutaraq dediyi sözlər yadındadır. “Anamın gözləri qara, atamın gözləri qara... Bəs mənimkilər niyə göydür?..”

Xatırladınmı?

Qızın hardansa ürəyinə daman bu şübhə, Soltanovlar ailəsində bir müddət narahatlıq yaratdı. Söz yox, on səkkiz il örtülü qalan o mübhəm sirri, tez-tez Fəridə ilə evlərinə gələn və indiyədək Leylanın əmi sandığı Əkrəm heç vəchlə dilindən qaçıra bilməzdi.

Yaxşı ki, nigarançılıq uzun sürmədi!

−Sənə nə olmuşdu o gün? Yaman həyəcanlı idin? – deyə bir həftə təlaş keçirdikdən sonra Günəş özünü toplayıb, ehtiyatla qıza yanaşdı.

Leyla peşmanmış kimi utandı!

−Heç, anacan... Elə aynaya baxdım, fikirləşdim; belə neyçün? Mən istərdim sənə oxşayım... Ancaq neyləyim, oxşamıram... – O, qadının könlünü almağa çalışaraq, tez zarafata keçdi. – Bir də... Günəş iki olmaz ki! Düz demirəm?..

−Zahiri bənzəyişin mənası yoxdur, qızım. Sən çalış, sənətində, davranışında, əxlaqında yaxşı adamlara oxşa. – Anası Leylanın gözlərindən öpdü. – Mənim ağıllı balam!..

Şamdan sonra Əkrəm Şahinlə şahmat oynayırdı. Divanda əyləşmiş Fəridə televizor tamaşasına baxırdı. Mavi ekran kosmik fəzaya dönmüşdü... Planetə buraxılan nəhəng avtomat stansiya güllə sürəti ilə ənginliklərə şığıyır, arxasınca odlu şırnaq cızırdı...

Diktor təntənəli, gur səslə deyirdi:

“ – Budur, iyirminci əsr, insan zəkasının barometri!”

Əkrəm mat qalmışdı; düşünürdü – qulağı televizorda, fikri şahmat taxtasında...

Elə bil srağagün idi...

Vağzaldan evə faytonla gəldi. İndi şəhərdə, metroda vaqonlar belədən-belə işləyir... Kosmik fəzaya elçilər, planetlərə vımpellər göndərilir...

Sanki dünən idi.

Şahinə şahmat fiqurlarının adlarını öyrədirdi. İndi özü onunla bacarmırdı...

− Ata, bu dəfə çox fikirləşdin. Deyəsən, çətinə salmışam səni.

− Elədir, oğlum. Oyunu sən aparmalısan!

Qapının zəngi çalındı. Şahin qalxıb eşiyə çıxdı. Gələn qara kostyum geymiş, ortaboylu, cüssəli bir gənc idi. Şabalıd rəngli saçlarını sağdan tağ ayırıb, sola daramışdı. Çatma qaşları vardı. Qonur gözləri düşüncəli və dalğın görünürdü.

Gənc hörmətlə salamlaşdı.

− Bağışlayın, − dedi, − atanız evdədirmi?

− Bəli.

− Olarmı?



− Buyurun.

Gənc içəri keçdi. Ev sahibləri ilə görüşdükdən sonra, özünü təqdim etdi:

− Mənim adım Göydənizdir.

− Çox gözəl. Xoş gəlmisiniz. Əyləşin. Mənimki də...

Əkrəm əmi, mən qiyabi olaraq sizi çoxdan tanıyıram, − deyə gənc gülərək onu qabaqladı. – Haqqınızda mənə danışıblar...

− Kim?


Oğlan yan-yörəsinə baxdı.

− Bəlkə söhbətiniz məxfidir?

− Xeyr, Əkrəm əmi... Məncə burada kənar adam yoxdur...

− Elədir. Biri – oğlum Şahin, o birisi də yoldaşım Fəridədir...

Gənc stulunu irəli sürdü:

− Mənə sizin barənizdə Leyla danışıb. Qardaşınız qızı... Onunla universitetdə paralel kursda oxuyuram. Leyla filfakdadır, mən geoloji fakültədə... Dörd ildir... Necə deyim... Biz bir-birimizi...

− Aydındır, sevirsiniz.

Oğlan udqundu:

− Bəli... Lap ürəkdən əmin ola bilərsiniz ki, siz razılıq versəniz, biz evlənsək, mən həmişə onun xoşbəxtliyi üçün çalışacağam.

Əkrəm çənəsini ovuşdurdu:

− Göydəniz, oğlum, sənin bu cür gəlişin, xətrinə dəyməsin, məni açmır. Belə ciddi bir işə, mütləq valideynlərin qarışmalıdır. Həm də... Leylanın əmisindən yaxın ata-anası var...

Oğlan sıxıldı.

− Siz tamam haqlısınız. Amma sizin yanınıza məni Fikrət müəllim göndərdi. Dedi, bu işdə əmisi məndən qabaqdır. Get, özün onun razılığını al... Bu saat atam da, əmim də, dayılarım da Fikrət müəllimgildədir... Məni gözləyirlər... Sizə əziyyət vermək istəmədilər...

− Bəs, Leyla nə üçün gəlmədi? – deyə Fəridə şən bir tərzdə xəbər aldı. – Daha burada nə utanmaq?

Göydəniz başı ilə bayıra işarə elədi:

−Gəlib. O da sizin küçə qapınızda gəzişir...

Əkrəm astadan səsləndi:

−Fəridə.


−Bəli.

−Dur, geyin. Gedək təzə qohumlarımızla tanış olaq.

Göydəniz minik tapmaq üçün onlardan qabaq küçəyə çıxdı. Leyla intizarda idi. Oğlanı görəndə irəli atıldı:

−Əmim nə dedi?

−Bu dəqiqə o da, Fəridə xala da sizə gedir.

−Onda mən qaçdım! – deyə qız, utandığındanmı, sevindiyindənmi küçəaşağı evlərinə götürüldü...

Taksi maşınlarının hamısı sərnişinli ötürdü. Göydəniz məcburən fayton saxladı.

−Eybi yoxdur, minərik... Bunun da ayrı ləzzəti var, − deyə Əkrəm dal oturacaqda Fəridə ilə yanaşı, Göydənizlə qarşı-qarşıya əyləşdi. – Bəs bizim təzəgəlin hanı?

−O sizdən çəkinib, getdi...

Faytonçu uzunboy, qoca bir kişi idi. Başına çal papaq qoymuşdu. Arxadan baxanda uzun, sallaq bığlarının ucları arıq yanaqlarından qırağa çıxırdı. Atlar yerindən tərpəncək o, muşquraraq, qamçını havada şaqqıldatdı:

−Ay gözünüzə dönüm, mənim zirək tərlanlarım!..

Bu səs, bu muşquruq Əkrəmə çox tanış gəldi. Hafizəsini yoxlamaq istədi:

−Daşdəmir əmi? Yenə sənsən bizi gəzdirən?

Qoca diksinən kimi oldu. Cəld dala qanrılıb, gözlərini qıyaraq sərnişinlərinə zəndlə diqqət yetirdi:

−Paho!.. Adə, xoş gördük! Yenə sizsiniz?! Pah atonnan! Ömrə bax a!.. Yadındadır, davadan qayıdanda da mənim faytonuma minmişdiniz? Onda da bu bacıynandun...

Fəridə güldü. Əkrəm ötən illərə təəssüfləndi:

−Bəli, hamısı yadımdadır...

Bu söhbətdə o qədər də maraq, məna duymayan Göydənizin fikri evə tək gedən Leylanın yanında qalmışdı.

−Əmican, atları dəyişmisən, görürəm. Amma faytonu bilmirəm... Elə o köhnəsidir? – deyə Fəridə soruşdu.

Kişi xəstə kimi zarıdı:

−Qızım, atlar da dəyişib, fayton da təzələnib... Köhnədən qalan təkcə Daşdəmirdir. – Ürəyini boşaltmağa əlinə girəvə keçən qocanın dərdi təzələnmişdi. – Bir ara, qızım, fayton dəbdən düşdü, sıradan çıxdı. Mən də başladım, şoferlik öyrəndim. Neçə il taksidə işlədim. Ancaq həmişə elə bildim ki, ömrüm, günüm də o maşın kimi tələsiyir... Sonralar fayton təzədən dəbə minəndə, yenə öz peşəmə qayıtdım. Dedim, ay Daşdəmir, asta gedən yorulmaz, bu yaxşı-dırrr!

Qoca ona nişan verilən binanın qarşısında atları dayandırdı.

...Fikrətgilin pilləkənini qalxanda Əkrəmlə Fəridə, göyərçin təkin qanadlanıb aşağı enən Leyla ilə qarşılaşdı. Qız bu təsadüfdən tutuldu, qaçıb gizlənməyə yer axtardı.

Evdən elçilərin səsi gəlirdi. Kimsə ucadan deyirdi:

−Biz bir stəkan şirin çay içməyincə buradan tərpənən deyilik...

Bu sözləri eşidən Əkrəm o qədər kövrəldi ki! Özünü saxlaya bilməyib ağladı. Və Leylanın alnından öpdü:

−Səni xoşbəxt olasan, qızım...

Bakı bahar mövsümünü yaşayırdı. Ağaclar çiçəklənmişdi – rəngbərəng, zərif-zərif... Göz baxmaqla doymurdu küçələrin yaşıllığından, təravətindən, gözəlliyindən.

Göydəniz Leyla ilə ZAQS-dan çıxmışdı. Oğlan boz kostyumda idi, qız ağ paltarda. Uşaq kimi əl-ələ tutmuşdular, gedirdilər bir-birlərini süzə-süzə, deyə-gülə, sevinə-sevinə.

Foto atelyesinin qarşısından keçəndə, Göydəniz qəfildən ayaq saxladı:

−Gəl, qoşa şəklimizi çəkdirək, Leyla!

−Məmnuniyyətlə! Qoy, bu unudulmaz gündən bizə xatirə olsun!

Axşam “Səadət sarayı”nın çilçıraqlı salonunda onların şərəfinə toy məclisi qurulacaqdı. Qız evinin, oğlan tərəfin adamları yığışacaqdı, universitetdən tələbə yoldaşları, müəllimlər gələcəkdi... Çalıb-oynayacaqdılar, şənlənəcəkdilər...

Göydəniz dünəndən böyük bir gül dəstəsi sifariş eləmişdi; yolüstü onu alıb Leylagilə aparmalı idi...

Şəhərin gözəgəlimli yerində təzə salınmış, eyzən gül-çiçəkli, xoş rayihəli bağçadan keçəndə, istər-istəməz dayandılar. Vazaya təqlidən düzəldilən iri hovuzun sürahisinə söykəndilər, fəvvarənin şırıltısına qulaq asdılar: üstlərinə suyun toz zərrəcikləri səpələnsə də, dala çəkilmədilər, əksinə xoşhallandılar. Leylanın tellərinə xırda, şəffaf damcılar səpələndi. Göydənizin saçlarına qırov düşdü.

Evə qayıdanda yolüstü gül mağazasına girdilər.

−Mənim sifarişim hazırdır? – deyə oğlan, qara saçları vaxtından tez ağarmış, sifətinə xırda qırışlar düşmüş, kasıb geyimli satıcı qadından xəbər aldı.

−Hazırdır, canına canım qurban. Bu dəqiqə...

Satıcı sol qıçını çəkərək uzaqlaşdı. Gedəndə gözucu Leylanı süzdü. Azacıq sonra iri dəstə bağlanmış ağ-qırmızı güllərlə geri qayıtdı:

−Buyurun.

Oğlan əlini cibinə saldı.

Qadın yenə marağını gizlədə bilmədi:

−Evlənirsiniz, deyəsən? – soruşdu.

−Bəli. Bu axşam toyumuzdur.

Leyla utancaq tərzdə başını aşağı dikdi. Satıcı, gülləri götürüb ona uzatdı:

−Xoşbəxt olasınız... Gör, sevdiyin oğlana necə də yaraşırsan! – dedi. – Sənin ülkər baxışlı gözlərin gözə gəlməsin. Tanrı sizi ömrünüzün axırınadək ayrı salmasın...

Gənclər gülə-gülə mağazadan çıxanda, qadın qəfildən tutuldu. Nə üçünsə, bu dəfə qıza çox zəndlə baxdı. Leylanın gözlərində öz gözlərini gördü sanki...

MÜƏLLİFDƏN

Kəndimizə getmədiyim çoxdan idi. Keçən yazda bir münasibət məni çəkib ora apardı...

Azərbaycan xəritəsində mərci boyda göstərilən ata-ana yurdumun torpağı altında zəngin xəzinə yatdığı kimin ağlına gələrdi?! Geoloqların kəndimizin yaxınlığındakı dağın ətəklərində qiymətli yataq kəşf elədiyi aləmə yayılmışdı. Uşaqlıq xatirələrimlə bağlı o yerlərin bu günkü həyatını görmək və bəlkə də bir əsər yazmaq niyyəti ilə yola düzəldim.

“79−68 AZU” – “göy atım” Abşerona şərid kimi dolanan asfaltda şütüdükcə, ətraf cövlana gəlirdi. Çöllər lalə əlindən od tutub yanırdı. Hava təzə-tər göy otların ətrini qoxuyurdu.

Mənzil başına axşam toranlığında yetişdim.

Səhərisi bütün qəlbimi həyəcana gətirən qəribə bir təsadüfün şahidi oldum kəndimizdə: Leyla ilə Göydənizi gördüm! Mehriban-mehriban danışaraq, çiyin-çiyinə addımlayırdılar... Leylanın qoltuğunda bir yığın şagird dəftəri vardı. Yəqin məktəbə gedirdi. Göydəniz əlində lülə təkin burulmuş iri kağız tutmuşdu. Ehtimal ki, dağlardakı qazıntı yerlərinin çertyoju idi...

Sevgililər yolayrıcına çatanda dayandılar. Məhəbbətlə bir-birlərini süzdülər. Xoşbəxtlik tökülürdü baxışlarından... Sonra gülə-gülə əl tutdular. Leyla sola – məktəbə, Göydəniz sağa – dağlara yollandı. Mən tənha bir ağaca söykənmişdim: qaynar həyata təzəcə atılmış bu bəxtəvər gəncləri nəzərlərimlə müşayiət edirdim. Xəyalən o qızın – Leylanın işıqlı taleyini görürdüm...

Səfərim uğurlu olmuşdu! Mən də öz aləmimdə dəfinə tapmışdım! Fikrimdə fövrən yaranan gələcək əsərimin ilk cümlələrini pıçıldayırdım: “Kəndimizdə bir gözəl var... Adı Leyladır onun...”

6 noyabr 1964 – 6 noyabr 1967-ci illər

S O N



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin