Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 3,3 Mb.
səhifə4/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   2   3   4   5   6   7   8   9   ...   22

Açar sözlər: qiymət, tələb, təklif, rəqabət, istehsal, idxal, dəyər.
Qiymət istehsalla istehlak arasında bilavasitə əlaqə yaradan, istehsalın yekununa təsir göstərən, əhalinin həyat səviyyəsini müəyyənləşdirən mürəkkəb iqtisadi mexanizmdir. Qiymətlərin səviyyəsi iqtisadi və sosial inkişafa həm mənfi, həm də müsbət təsir edə bilər. Ona görə də qiymətlər elmi əsaslar üzrə düzgün müəyyənləşdirilməli, onun daxili strukturunun səmərəli qurulması son dərəcə vacib məsələdir və bu problem həmişə diqqət mərkəzində olmalıdır. Xüsusilə yeni iqtisadi mexanizmin formalaşdığı şəraitdə qiymət sisteminin düzgün qurulması son dərəcə böyük iqtisadi və sosial əhəmiyyət kəsb edir.

Qiymət mexanizmi öz növbəsində bazar mexanizminin fəaliyyətini stimullaşdırır, istehsalın artım sürətini nizamlayır ki, bununla da kənd təsərrüfatı məhsullarının, xüsusilə ərzaq məhsullarının artımı və səmərəliliyinin yüksəldilməsinə şərait yaratmaqla əhalinin tələbatı təmin edilir. Qeyd etmək lazımdır ki, qiymət mexanizmi bazarın strukturunun normal fəaliyyətinin ən aktiv amili hesab olunur. Bazar münasibətləri tələb, təklif və qiymət arasında əlverişli nisbətin tarazlığını formalaşdırır ki, bu da öz növbəsində əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyir, məhsulların maya dəyəri aşağı düşür, bazarda qiymətin səviyyəsi əhalinin alıcılıq qabiliyyətini artırır [1].

İqtisadi liberallığın ön plana çıxdığı mövcud şəraitdə qiymət mexanizmi yenidən qurulmalı və son reallıqlar əsasında təkmilləşdirilməlidir. O geniş təkrar istehsalın fazaları arasında əlaqələndirici halqa olmaqla bu sahələrdəki keyfiyyət dəyişikliklərini özündə düzgün əks etdirməlidir. Ümumiyyətlə qiymətlər stimullaşdırıcı xarakterə malik, məhsuldar qüvvələrin inkişafına təkan verən ən əsas iqtisadi amillərdən biri olmalıdır. Lakin aqrar sahənin hazırkı inkişaf mərhələsində qiymətin səmərəli təsiri öz həllini tam tapmır və bəzən buna lazımi fikir verməyərək o subyektiv amillər əsasında müəyyənləşdirilir, əmtəə istehsalının iqtisadi qanunu olan dəyər qanununun tələbi tam nəzərə alınmır və bəzi hallarda onun obyektiv xarakteri inkar edilir. Ümumiyyətlə aqrar sahədə qiymətqoyma mexanizminin formalaşdırılmasında sahənin spesifik xüsusiyyətləri də nəzərə alınmalıdır. Çünki bu sektor iqtisadiyyatın digər sahələrindən fərqlənən bır sıra mürəkkəb xüsusiyyətlərə malikdir.

Kənd təsərrüfatında istehsal prosesinin digər sahələrlə müqayisədə daha uzun dövrü əhatə etməsinin qiymətin səviyyəsinə əhəmiyyətli təsiri vardır. Kənd təsərrüfatında istehsalın intensivlik səviyyəsi ilə əlaqədar olaraq istehsal olunan məhsulun miqdarı qiymət formalaşdıran əsas amillərdən hesab olunur. Aqrar sahədə qiymətə təsir edən digər mühüm amillərdən biri də tələbdir. Kənd təsərrüfatı məhsullarının tələb və təklif münasibətləri sənaye məhsulları ilə müqayisədə çox fərqli xüsusiyyətə malikdir. Belə ki, sənaye məhsullarının qiyməti bazarda məhsulun istehsal xərcləri ilə əlaqədar olaraq əsasən istehsalçının müəyyən qədər nəzarəti altında formalaşsa da, kənd təsərrüfatında qiymətin formalaşması xüsusiyyəti satış kanallarının çoxluğu və vasitəçilərlə əlaqədar olaraq istehsalçının qiymət üzərində diqtə etmə qabiliyyətinin məhdudluğu ilə xarakterizə olunur. Məlum olduğu kimi respublikamızda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar istehsalın miqdarını bazardakı qiymətin səviyyəsinə görə müəyyənləşdirdikləri üçün onlar yüksək mənfəət əldə etmək imkanlarını bilavasitə itirmiş olurlar. Belə ki, istehsalçı bazarda hansı məhsulun qiyməti yüksəkdirsə istehlak bazarının gələcək vəziyyətinə dair heç bir tədqiqat aparmadan kortəbii şəkildə həmin məhsulu istehsal etmək qərarına gəlir və bu cür yanaşma tərzi əksər sahibkarlar tərəfində mənimsənildiyindən növbəti il həmin məhsul bazarda tələbdən artıq miqdarda təklif olunur, bu isə öz növbəsində məhsulun qiymətinin aşağı düşməsinə və sahibkarların daha az mənfəət əldə etməsinə bəzən isə iflasa uğramasına səbəb olur. Baxmayaraq ki, kənd təsərrüfatı məhsullarının bir çoxu zəruri ərzaq məhsullarından olduğuna görə onlara olan tələblə qiymət arasında yüksək asılılıq mövcud deyil. Bunun əsas səbəbi insanların qiymətin artıb azalmasından asılı olmayaraq gündəlik olaraq müəyyən miqdarda çörək, ət, yağ və bu kimi bir sıra məhsulları istehlak etmək zərurətidir. Kənd təsərrüfatı məhsullarına olan tələb müəyyən qədər sabit olsa da təklif olunan məhsulun miqdarı burada xüsusi əhəmiyyət daşıyır. Bütün bunlara baxmayaraq kənd təsərrüfatının bəzi sahələrində istehsalın həcmini kəskin şəkildə dəyişmək düzgün deyil – üzümçülük, tərəvəzçilik, bağçılıq və s. Çünki həmin sahələrin inkişafı qiymətlərin dəyişməsinə kifayət qədər həssasdır. Heyvandarlıq məhsulları istehsalı əksinə olaraq qiymətlərin dəyişməsinə gec reaksiya verir. Ona görə də bütövlükdə kənd təsərrüfatının əksər sahələrinin qiymətlərin yeni səviyyəsinə uyğunlaşması üçün əhəmiyyətli zaman tələb olunur. Bu zaman kəsiyi dövlətin qiymət siyasətinin müəyyənləşdirilməsi prosesini məzmunca və keyfiyyətcə daha dəqiq həyata keçirməsini şərtləndirir. Eyni zamanda digər sahə ilə münasibətlərə əhəmiyyətli təsirini büruzə verir. Belə iqtisadi mühitdə dövlət qiymət siyasəti vasitəsilə aşağıdakı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir :

- qiymətlərin artıb-azalma tempinin tənzimlənməsi prosesində onun funksiyaları və xüsusiyyətlərini nəzərə almaqla bərabər onun digər iqtisadi vasitələrlə əlaqəsinə nəzarət edilməsi;

- sahələr üzrə istehsal olunan hər bir məhsulun istehsal-mübadilə mərhələsi üzrə xüsusiyyətlərinin diqqətdən yayınmaması;

- kənd təsərrüfatı məhsulları ilə sənaye təyinatlı məhsulların qiymətlərinin səviyyəsində, tarazlığın təmin edilməsi;

- infrastrukturun inkişafına diqqət yetirilməsi;

- elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinin təkmilləşdirilməsi və s.

Hazırda aqrar sahədə qiymətlərin təkmilləşdirilməsində əksər hallarda qeyri-ardıcıllığa yol verilməsi, iqtisadiyyatın bu sahəsində maliyyə resurslarının kəskin qıtlığı və s. ciddi problemlərin yaranmasına səbəb olur. Bu problemlərdən biri də sənaye və kənd təsərrüfatı məhsullarının qiymətlərinin artım tempi arasındakı dispraporsiyadır. Aqrar sahədə yaranan problemlərə digər səbəb qiymətqoyma mexanizminin təkmilləşdirilməsi zamanı yeni mürəkkəb iqtisadi mühitdə kənd təsərrüfatının ilkin məhsullarından başqa, həm də emal nəticəsində alınmış məhsullara dövlətin kifayət dərəcədə tənzimlənən qiymətlər tətbiq etməməsi, ümumiyyətlə isə demək olar ki, bu prosesdən imtina etməsi ilə bağlıdır. Qiymətlərin liberallaşdırılmasına başlayarkən qeyd olunan məsələlərin nəzərə alınmasının zəruriliyini dünya ölkələrinin təcrübəsi də təsdiq edir. Həmin təcrübə göstərir ki, praktikada tamamilə sərbəst bazar qiymətləri mövcud deyil, bu baxımdan istehsalçı müəssisələr də tam azad fəaliyyət göstərə bilmir. Yəni dövlət bu və ya digər şəkildə qiymətlərin maksimum və minimum həddini müəyyənləşdirməklə kənd təsərrüfatında əmtəə istehsalçılarının gəlirlərini tənzimləyir və aqrar bazarı yerli məhsullar hesabına fasiləsiz təmin etmək üçün bütövlükdə aqrar-sənaye kompleksində geniş təkrar istehsala şərait yaratmağa çalışır[2].

Son illər dünya bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti bir sıra obyektiv və subyektiv səbəblərin təsiri ilə əlaqədar olaraq kəskin surətdə artmışdır. Qeyd edək ki, dünya əhalisinin sürətli artımı, təbii fəlakətlər, ekoloji balansın pozulması və bu kimi problemlər bütün növ kənd təsərrüfatı məhsullarının xüsusilədə ərzaq məhsullarının qiymətinin intensiv artışına zəmin yaratmışdır.

Şəkil. Kənd təsərrüfatı məhsullarının 1 sentnerinin satış qiymətlərinin dinamikası (manat, qəpik)

Mənbə: www.stat.org.az
Araşdırmalardan məlum olur ki, dünya ərzaq bazarlarında müşahidə olunan qiymətlərin artım tendensiyası respublikamızdan da yan keçməmişdir. Belə ki, 2000-ci illə müqayisədə 2011-ci ildə dənlilər və dənli paxlalıların 1 sentnerinin satış qiyməti 2,9 dəfə, kartofun 3dəfə, meyvə və giləmeyvənin 7 dəfə, mal-qara və quş ətinin 2,5 dəfə, bostan məhsullarının 4,1 dəfə, tərəvəzin isə hər sentnerinin qiyməti 3.4 dəfə artmışdır [3]. Respublikada kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsi və daxili istehlak bazarının qorunması müvafiq dövrdə xeyli mürəkkəbləşmişdir. Qeyd edək ki, aqrar bazarın tənzimlənməsi prosesində bir məsələni, ilk növbədə bazarda tələb və təklifin tarazlaşdırılmasında yaranan çətinlikləri, ölkəyə idxal olunan məhsulların qiymətlərinin səviyyəsini, nəticədə yerli istehsalçıların əmtəələrinin qiymətlərini özlərinin iqtisadi maraqlarına uyğun gəlib-gəlməməsindən asılı olmayaraq bazarın tələbi səviyyəsində müəyyən etməyə məcbur olmasını da nəzərdən qaçırmaq olmaz. Deməli, kənd təsərrüfatının mövcud iqtisadi vəziyyətə düşməsinin əsas səbəblərindən biri də istehsala çəkilən xərclərin qiymətqoyma prosesi zamanı yuxarıda göstərilən səbəblər üzündən heç də həmişə lazımi səviyyədə qiymətləndirilməməsi, həmçinin kənd təsərrüfatı istehsalında istifadə olunan maddi-texniki resursların qiymətləri ilə aqrar bölmə məhsullarının qiymətlərinin artımı arasındakı tarazlığın pozulmasıdır.

Qiymət siyasətində əsas məsələlərdən biri də istehsal və emal müəssisələri arasındakı qarşılıqlı iqtisadi əlaqələrin təşkili səviyyəsi ilə bağlıdır. Bu əlaqələrin səmərəliliyinin təmin olunması məqsədilə son dövrlər kənd təsərrüfatı məhsullarının dövlət tədarük təşkilatları vasitəsilə alınması ləğv edilməklə istehsal və emal müəssisələrinə tam iqtisadi sərbəstlik verilmişdir. Lakin bu tədbir azad qiymətlərlə satışın təşkili təcrübəsinin olmadığı bir şəraitdə həyata keçirildiyindən istehsalçı öz məhsullarının qiymətlərini müəyyən etməkdə ciddi çətinliklərlə qarşılaşmalı olurlar. Bundan başqa əmtəə istehsalçılarının qiymətqoyma prosesində sərbəstlik əldə etməsi bazar infrastrukturunun lazımi səviyyədə formalaşmadığı bir şəraitdə baş verdiyindən, həmçinin istehsalın həcminin azalması və material-texniki resursların qiymətlərinin həddən artıq yüksəlməsi səbəbindən kənd təsərrüfatı məhsulları qiymətlərinin düzgün əsaslandırılmasında problemlər yaranmışdır.



Qeyd edilənlər əsasında respublikanın aqrar sektorunda azad qiymət sisteminin təkmilləşdirilməsi müəssisələrin istehsal imkanlarının genişlənməsinə, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına, təsərrüfat- ların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və kiçik təsərrüfatların qiymət qoymada sərbəstliyinin artması ilə əlaqədar olaraq inhisarçılıq meyillərinin qarşısının alınmasına əlverişli zəmin yarada bilər.
ƏDƏBİYYAT
1. İbrahimov İ.H. Qiymət mexanizminin formalaşdırılması. Bakı, 2002. 2. Salahov S.V. Aqrar sahənin dövlət tənzimlənməsi. Bakı, 2004, s. 504. 3. www.stat.gov.az
Специфические особенности ценового механизма в аграрной отрасли
Гасанов Анар Физули оглы

РЕЗЮМЕ
Учет специфических особенностей отрасли в формировании ценового механизма в аграрной отрасли, является одной из основных задач, так как в отличие от других отраслей аграрный сектор обладает некоторыми особенностями. Это, себя показывает и в формировании ценового механизма. В сельском хозяйстве являющейся важной отраслью экономики. На формирование цены оказывают влияние множество сложных и многогранных факторов. Следовательно, необходим комплексный подход к этому вопросу.

Ключевые слова: цены, спрос, предложения, конкуренция, производство, импорт, ценность.

The specific characteristics of the price mechanism in agricultural sector
Hasanov Anar Fizuli
SUMMARY
Pricing mechanism, taking into account the specific features of the formation of the agrarian sector is considered important issues. Consideration of the specific features of the industry in the formation of the price mechanism in the agricultural sector is one of the main tasks since, unlike other sectors of the agricultural sector has some special features. It shows itself in the formation of the price mechanism. In agriculture is an important sector of the economy. Therefore, a comprehensive approach to this issue.

Key words: price, demand, offer, competition, production, import.
Rəyçi:

Əlibəyov N.V

i.ü.f.d.


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.37-43
UOT 332.1 (479.24)
Aqrar sahənin inkişafının dövlət tərəfindən dəstəklənməsi və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyəti:

nəzəri və praktiki aspektlər
Süleymanov Vurğun Elxan oğlu

Az.DİU, iqtisad üzrə fəlsəfə doktoru
XÜLASƏ
Məqalədə aqrar sektorunda aparılan islahatların xüsusiyyətləri təhlil olunaraq istehsal olunan məhsulların rəqabətə davamlılığını təmin ediləməsində dövlət tərəfindən aparılan siyasət açıqlanır. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan ölkələr arasında Kənd təsərrüfatı üzrə bağlanmış Sazişə uyğun olaraq, kənd təsərrüfatında dəstək ediləsi prioritet sahələr göstərilmişdir. Bu sazişin bağlanmasının uzunmüddətli məqsədi aqrar sektorda dövlət dəstəyinin və bu sektorun rəqabətdən qorunma səviyyəsinin azalması olmuşdur. Məqalədə həmçinin kənd təsərrüfatı məhsularının istehsalında olan regional fərqlər verilmişdir.

Açar sözlər: aqrar sektor, rəqabətqabiliyyəti, dövlət himayədarlığı, investisiya, ixtisaslaşma.
Beynəlxalq əmək bölgüsünün dərinləşməsi, qloballaşma proseslərinin genişlənməsi milli iqtisadiyyatların ixtisaslaşma səviyyələrinin artmasına və mövcud iqtisadi resurslardan daha səmərəli istifadəyə şərait yaradır. Xüsusilə, kiçik ölkələr daha az sayda nisbətən səmərəli istehsal edə bildikləri məhsullar üzrə ixtisaslar və beynəlxalq mübadilədə aktiv iştirak edirlər. Belə şəraitdə, milli iqtisadiyyatın rəqabət qabiliyyəti rəqiblərə nisbətən daha ucuz və keyfiyyətli əmtəələr istehsalı ilə müəyyən olunur. ABŞ prezidenti yanında Rəqabətqabiliyyətlilik Siyasəti Şurasının tərifinə görə, rəqabətqabiliyyətlilik 4 meyara əsaslanır (1):

- birincisi, amerika əmtəə və xidmətləri xarici ölkələrdə istehsal edilənlərlə müqayisə olunan keyfiyyətdə və qiymətdə olmalıdırlar;

- ikincisi, bu əmtəə və xidmətlərin satışı bütün amerikalıların gəlirlərini artırmaq üçün kifayət edən iqtisadi artımı təmin etməlidir;

- üçüncüsü, bu əmtəə və xidmətlərin istehsalı üçün zəruri olan əmək və kapitala investisiyalar milli qənaət hesabına maliyyələşməlidir;

Dördüncüsü, millətin uzunmüddətli dövrdə bərabərqabiliyyətli qalması üçün yuxarıdakı şərtlərə həmişə əməl edilməlidir.

Göründüyü kimi, ölkənin rəqabətqabiliyyətliliyi istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətləri ilə müəyyən olunur. Ölkə səviyyəsində rəqabət qabiliyyətini formalaşdıran əlavə amil isə bu məhsul və xidmətlərin sayının və həcminin davamlı və dayanıqlı iqtisadi artımı təmin etməsi ilə bağlıdır. Bu baxımdan, ölkədə həyat səviyyəsinin artırılması firmaların mövcud resurslardan səmərəli istifadə etmək, xüsusilə səmərəlilik səviyyəsinin yüksəldilməsinə nail olmaq qabiliyyətindən birbaşa asılıdır (2, s.24).

Ölkə səviyyəsində məhsul və xidmətlərinin keyfiyyəti və qiyməti lazımi həcmdə keyfiyyətli və münasib qiymətə xammal, material və dəstləşdirici məmulat, xidmətlərin təminatdan, ixtisaslı kadrlarından, inkişaf etmiş satış şəbəkəsindən və s. asılıdır. Son məhsulun istehsalında iştirak edən tərəflərin yaratdığı istehlak dəyərlərinin cəmini dəyərlər sistemi yaradır ki, bu da ölkənin rəqabətqabiliyyətini formalaşdırır (2, s.61). Bütövlükdə, ölkənin rəqabətqabiliyyətinə firmadaxili, sahədaxili və makroiqtisadi amillər təsir göstərir. İqtisadi dəyərlər firmalarda yaradılır, milli səviyyədə isə onların fəaliyyətini məhdudlaşdıran və ya dəstəkləyən xarici mühit formalaşır (3, s.609). Bu baxımdan, ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi rəqabət qabiliyyətli əmtəə istehsalçılarının formalaşdırılmasıdır və dəyərlər sisteminin hər bir zəncirində kəmiyyət və qiymətin optimal nisbətinin formalaşmasını təmin etməlidir.

Qeyd etmək lazımdır ki, ölkədə ayrı-ayrı məhsulların rəqabət qabiliyyəti sabit deyil, dəyişkən təbiətə malikdir. Belə ki, məhsulun keyfiyyətindən fərqli olaraq, məhsulun rəqabət qabiliyyəti nisbi xarakterə malikdir və ayrı-ayrı bazarların xüsusi şərtləri ilə müəyyən olunur. Bu şərtlərin təmin olunması isə təkcə məhsulun keyfiyyətindən deyil, həm də onun qiymətindən və istismar xərclərindən asılı olur. Xüsusilə, məhsulun ayrı-ayrı xassələrinin müxtəlif bazarlarda əhəmiyyətliliyi fərqli olduğundan, eyni məhsulun rəqabət qabiliyyəti müxtəlif bazarlarda fərqlənir. Həmçinin həm istehlak zövqlərinin dəyişməsi, həm də məhsulun maya dəyərini müəyyən edən iqtisadi resursların qiymət və kəmiyyətlərində və istehsal texnologiyasında baş verən dəyişikliklər ayrı-ayrı ölkələrin konkret məhsullar üzrə rəqabət qabiliyyətlərinin dəyişməsinə səbəb olur. Buna görə də, zaman keçdikcə bəzi ölkələr müəyyən məhsullar üzrə rəqabət üstünlüklərini itirir, bəzi məhsullar üzrə isə rəqabət üstünlükləri qazanırlar. Buna əhəmiyyətli təsir göstərən amillərdən biri dövlətin iqtisadi siyasəti olur. Bir çox hallarda dövlətin iqtisadi siyasəti nəticəsində milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinin nəticəsi kimi, ölkədə bəzi məhsulların istehsalı dayanır. Bəzən də, yaxşı şəkildə hazırlanmamış və lazımi səviyyədə həyata keçirilməyən siyasətin nəticəsində ölkə rəqabət üstünlüklərini itirir. Buna görə də, dövlətin iqtisadi siyasəti milli iqtisadiyyatın uzunmüddətli dövrdə rəqabət qabiliyyətinin formalaşmasının əsas amillərindən olur. Bu həm əmtəə istehsalçılarının dəstəklənməsi, həm də yeni məhsullar üçün dövlət tərəfindən daha ucuz və keyfiyyətli iqtisadi resursların təklifi ilə bağlı olur.

Kənd təsərrüfatı əsasən yerləşdiyi regionun təbii-iqlim şəraitindən asılı olan bir istehsal sahəsidir. Bu sahəyə istehsalın mövsümü xarakterə malik olması, əsas istehsal vasitəsi olan torpağın vəziyyətinin davamlı olaraq dəyişməsi, istehsal tsiklinin nisbətən uzun olması, suvarma, drenaj xərclərinin böyüklüyü və s. bu kimi xüsusiyyətlər xasdır. Belə şəraitdə, kənd təsərrüfatı istehsalının nəticələri əhəmiyyətli dərəcədə təbii amillərdən asılı olur. Quraqlıq, xəstəlik və digər amillər kənd təsərrüfatı istehsalının nəticələrinə nisbətən tez-tez təsir göstərir. Bu halda, istehsalçıların böyük zərərlərlə qarşılaşması bu sahənin nisbətən uzunmüddətli inkişafını məhdudlaşdırır. Həmçinin kənd təsərrüfatı istehsalı ölkədə ərzaq təhlükəsizliyini, ətraf mühiti, kənd yerlərinin inkişafını müəyyən edən əsas amildir. Belə şəraitdə, bazar mexanizmləri öz-özlüyündə ərzaq təhlükəsizliyini, torpaq resurslarının davamlı idarəedilməsini, kənd yerlərinin inkişafına lazımi sosial və iqtisadi töhfələrin verilməsini və ətraf mühitlə bağlı yeni problemlərin həllini təmin etmir. Cəmiyyətin tələblərinə cavab verən aqrar sektorun formalaşdırılması məqsədilə bazarların artan qeyri-stabilliyini qarşılamaq, ictimai nemətlərin təqdim edilməsini təmin etmək və kənd təsərrüfatı istehsalında dəyişiklikləri dəstəkləmək üçün kənd təsərrüfatı istehsalının dövlət tərəfindən dəstəklənməsi zəruridir (4). Həmçinin, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinə təbii amillər əhəmiyyətli dərəcədə təsir göstərdiyindən, ölkənin ayrı-ayrı regionlarında eyni kənd təsərrüfatı məhsulunun fərqli maya dəyərləri formalaşır. Bu şəraitdə, dövlət ayrı-ayrı regionların potensialından tam şəkildə istifadə olunması məqsədilə məhsuldarlığı aşağı olan regionlara dotasiyalar verə bilər. Beləliklə, ölkədə sosial rifahın artırılması məqsədləri kənd təsərrüfatı istehsalının dövlət tərəfindən dəstəklənməsini zəruri edir.

Ayrı-ayrı ölkələrdə aqrar sektorun dövlət tərəfindən dəstəklənməsini şərtləndirən əsas amillərdən biri ölkədə yaranan gəlirlərin strukturu ilə bağlıdır. Belə ki, gəlirlərinin əsas hissəsi aqrar sektor hesabına formalaşan ölkələrdə kənd təsərrüfatı istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi imkanları məhdud olur. Bu halda aqrar sektorda yaranan gəlirlər hesabına aqrar sektorun inkişafını subsidiyalaşdırmaq qeyri-mümkün olur. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə gəlirlərin əsas hissəsi sənaye və xidmət sahələrində yarandığına görə, onlar aqrar sektorun inkişafını dəstəkləmək üçün geniş imkanlara malik olurlar. Məhz bu amilin nəticəsi olaraq dünya bazarında inkişaf etmiş ölkələrdə istehsal edilən kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyəti yüksək olur. Məsələn, 2011-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin həcmi onların cəmi pul mədaxillərinin 19%-nə bərabər olmuşdur. Bu göstərici 1980-ci illərin ortalarında 37% təşkil etmişdir (5,s.15). Nisbətən inkişaf etmiş ölkələrdə dövlət dəstəyinin həcmi yüksək, inkişaf etməkdə olan ölkələrdə isə aşağıdır. Xüsusilə, bu ölkələrdə Ümumdünya Ticarət Təşkilatının qaydalarına əsasən ixtisar öhdəliklərinə daxil olmayan dəstək formalarından olan elmi-tədqiqat fəaliyyətinin, marketinq və infrastrukturun yaxşılaşdırılması istiqamətində stimullaşdırıcı tədbirlər məhdud olmuşdur (6, s.7). Belə hal 1961-2009-cu illərdə inkişaf etmiş ölkələrdə aqrar sektorda istehsalın səmərəliliyinin inkişaf etməkdə olan ölkələrə nisbətən daha yüksək templə artdığı şəraitdə baş vermişdir (5, s.66).

Dövlət dəstəyinin həcminin ən əlverişli təbii şəraitə malik ölkələrlə rəqabətə imkan verən səviyyədə müəyyən edilməsi, beynəlxalq ticarətdə təhriflərin artmasına, xüsusilə inkişaf etmiş ölkələrin kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri gəlirlərin azalmasına səbəb olurdu. Bu səbəbdən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan ölkələr arasında Kənd təsərrüfatı üzrə Saziş bağlanmışdır. Bu sazişin bağlanmasının uzunmüddətli məqsədi aqrar sektorda dövlət dəstəyinin və bu sektorun rəqabətdən qorunma səviyyəsinin azalması olmuşdur. Bu sazişə əsasən inkişaf etmiş ölkələrdə dövlət dəstəyinin həcmi kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin 5%-dən, inkişaf etməkdə olan ölkələr üzrə isə 10%-dən çox ola bilməz. Bununla belə, sazişdə kənd təsərrüfatı məhsullarının dəstəklənməsi üçün ixtisar öhdəliklərə daxil olmayan əlavə dəstəklər nəzərdə tutulmuşdur ki, bunlar da aşağıdakı meyarlara cavab verməlidir:

- bu dəstək dövlət proqramları əsasında dövlət büdcəsindən maliyyələşdirilərək (tələb olunmayan dövlət gəlirləri də daxil olmaqla) təqdim edilməlidir;

- bu dəstək istehsalçıların qiymətlərinin dəstəklənməsinin nəticəsi olmamalıdır.

Qeyd edilənlərlə yanaşı, ÜTT-nin Kənd təsərrüfatı üzrə Sazişi kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinə təsir göstərə bilən əlavə dövlət dəstəyi formalarını da nəzərdə tutur. Bunun nəticəsidir ki, ÜTT-nin üzvü olan Norveçdə dövlət dəstəyinin kənd təsərrüfatı istehsalçılarının pul mədaxilində payı 58%-ə, Koreyada 53%-ə, İsveçrədə 54%-ə bərabər olmuşdur (5, s.237). Bu baxımdan, istənilən ölkə üçün ÜTT tələblərinə uyğun aqrar sektorun inkişafının stimullaşdırılması mexanizminin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Son illərdə ölkədə neft strategiyasının uğurla reallaşdırılması milli iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı üçün əlverişli şərait yaratmışdır. Hazırda ölkədə kənd təsərrüfatı sahəsinin ümumi daxili məhsulda (ÜDM) payı kiçikdir. Belə ki, bu göstərici 2000-ci ildə 15,9%-dən 2011-ci ildə 5,3%-ə qədər azalmışdır. Kənd təsərrüfatı sahəsinin ÜDM-də azalması ölkədə neft və qaz hasilatı sahəsinin üstün artımı hesabına baş vermişdir. Göründüyü kimi, Azərbaycanda gəlirlərin çox kiçik hissəsi aqrar sektorda yaranır. Bu hal aqrar sektorun inkişafının dövlət tərəfində stimullaşdırılması üçün əlverişli şərait yaradır. Neft gəlirlərinin artması şəraitində Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərəfindən stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilməyə başlamışdır. Belə ki, 2011-ci ildə dövlət büdcəsində kənd təsərrüfatı üzrə xərclərin həcmi 2000-ci ilə nisbətən 12,5 dəfə artaraq, ümumi daxili məhsulun 0,8%-nə bərabər olmuşdur. Bu göstərici inkişaf etmiş ölkələrdəki göstəricidən aşağıdır. Həmçinin, 1990-cı ildən sonra aqrar sektorun inkişafına kapital qoyuluşlarının kəskin şəkildə azalması bu sektorun dəyərlər zəncirində ciddi geriləmələrin yaranmasına səbəb olmuşdur. Bu geriləmələr həm kənd təsərrüfatı istehsalçılarının özlərinin rəqabət qabiliyyətinin azalmasına, həm də bu sahəyə göstərilən xidmətlərin keyfiyyətinin azalmasında öz əksini tapmışdır. Belə ki, ölkədə 1990-cı ildə 1000 hektar əkinə düşən traktorların sayı 26,7 ədəddən 2011-ci ildə 13,3 ədədə, 1 hektar əkin sahəsinə düşən taxılyığan kombaynların sayı müvafiq olaraq 7,8 əddən 1,8 ədədə, pambıqyığan kombaynların sayı müvafiq olaraq 13,9 ədəddən 0,9 ədədə, 100 traktora düşən kotanların sayı müvafiq olaraq 38 ədəddən 16 ədədə, kultivatorların sayı müvafiq olaraq 18 ədəddən 4 ədədə, toxumsəpənlərin sayı 22 ədəddən 9 ədədə, ot biçənlərin sayı 8 ədəddən 4 ədədə qədər azalmışdır. Bu göstəricilər kənd təsərrüfatı istehsalının maddi-texniki bazasının zəifləməsi ilə yanaşı, bundan səmərəli istifadə edilməliyini də göstərir. Həmçinin 2011-ci ildə hər hektar əkin sahəsinə gübrələrin verilməsi 1990-cı ilə nisbətən 7,3 dəfə azalmışdır. Son illərdə kənd təsərrüfatı sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görülsə də, bu sahədə istehsalın səmərəlilik göstəriciləri aşağı olaraq qalır. Belə ki, bu sahədə 2010-cu ildə ölkədə məşğul olan əhalinin təqribən 38,2%-i, 2011-ci ildə isə 37,9%-i məşğul olduğu halda, məşğul olanların bir nəfərinə düşən əlavə dəyərin həcmi 2010-cu ildə 1416,9 manata bərabər olmuşdur ki, bu göstərici də ölkə üzrə orta səviyyədən 6,5 dəfə, mədənçıxarma sənayesində müvafiq göstəricidən 331,3 dəfə, emal sənayesindəki müvafiq göstəricidən 6,8 dəfə azdır.

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının rəqabət qabiliyyətinə mənfi təsir göstərən amillərindən biri kəndli təsərrüfatlarının ölçüsünün kiçik olmasıdır. Həm bitkiçilik, həm də heyvandarlıq sahəsində təsərrüfatların kiçik olması bu sahənin uzunmüddətli inkişafına mənfi təsir göstərir. Belə ki, 2011-ci ildə ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsulunun 94,8%, bitkiçilik məhsullarının 96,5%, heyvandarlıq məhsullarının 93,0% fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının payına düşmüşdür. Orta hesabla bu kateqoriyadan olan bir təsərrüfata düşən torpaq sahəsi isə 2-3 hektara bərabər olmuşdur. Belə hal bir çox hallarda eyni ərazidə bir – birlərinin inkişafına mane olan müxtəlif bitkilərin bir ərazidə yetişdirilməsinə və nəticədə istehsalın səmərəliliyinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olur. Həmçinin, kiçik təsərrüfatlarda adam başına əldə edilən gəlirlərin həddən artıq kiçik olması bu sahənin inkişafına marağı azaldır. Belə ki, 2 hektara malik 6 nəfərdən ibarət ev təsərrüfatının taxıl əkinindən illik gəliri təqribən 600 manata bərabər olur. Belə kiçik gəlir kənd təsərrüfatı istehsalçılarını istehsalın səmərəliliyinin yüksəldilməsi istiqamətində böyük səylər göstərməsinə mane olur və bu istiqamətdə onun motivini azaldır. Buna görə də, ölkədə aqrar sektorun inkişafına dövlətin dəstək sistemi kiçik təsərrüfatların xüsusiyyətlərini nəzərə almalı və onların birləşdirilməsinin səmərəli mexanizm və formalarının işlənib həyata keçirilməsini təmin etməlidir. Fikrimizcə, bu istiqamət baxımından kənd təsərrüfatı istehsalçılarının kooperasiyası və kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.

Ölkədə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinə mənfi təsir göstərən əsas amillərdən biri kənd təsərrüfatı istehsalçılarına xidmət göstərən sahələrin zəif inkişafıdır. 1990-cı illərin əvvəllərində kənd təsərrüfatı sahəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsulları anbarları şəbəkəsi dağılmışdır. Nəticədə, ölkədə mövsüm vaxtı kənd təsərrüfatı məhsullarının qiyməti ucuz, mövsümdən sonra isə qiymətlər baha olur. Bu hal əsasən kənd təsərrüfatı istehsalçılarının gəlirlərinə mənfi təsir göstərir. Son illərdə ölkədə anbarların yaradılması istiqamətində tədbirlər həyata keçirilməyə başlamışdır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına ölkədə taxıl və digər bitkiçilik məhsulları üçün anbarlar tikilmişdir. Bununla belə, kənd yerlərində gəlirlərin aşağı olması və ayrı-ayrı təsərrüfatların istehsal həcmlərinin kiçik olması istehsal edilən məhsulların anbarlarda saxlanılması marağını azaldır. Fikrimizcə, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı məhsullarının qiymətlərinin stabilliyinin və kəndli təsərrüfatları üçün normal mənfəətin təmin edilməsi üçün ölkədə tədarük və satış təşkilatı və onun nəzdində müxtəlif anbarlar yaradıla bilər. Bu tədarük və satış anbarları dövlət tərəfindən müəyyən olunmuş qiymətə müxtəlif kənd təsərrüfatı məhsularının alışını həyata keçirə bilər. Həmçinin, kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdıran amillərdən biri onların keyfiyyətlərinin təsdiqi ilə bağlıdır. Ölkədə tədarük və satış qurumlarının nəzdində ixtisaslaşmış anbarların, keyfiyyətə nəzarət bürolarının, ixtisaslaşmış nəqliyyat təsərrüfatının yaradılması kənd təsərrüfatı məhsullarının itkilərini azaltmağa imkan verər. Bununla belə, ölkədə kənd təsərrüfatı istehsalçılarına aqronom, baytarlıq, marketinq və digər xidmətlərinin göstərilməsi üçün təkmil şəbəkənin yaradılması və bu xidmətlərin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yaradılması zəruridir.

Son illərdə ölkədə kənd təsərrüfatı istehsalının stimullaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər yanacaq və motor yağlarına, buğda və çəltik səpininə görə subsidiyaların verilməsini, kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, mineral gübrələr və yüksək məhsuldar damazlıq heyvanların kənd təsərrüfatı məhsullarının istehsalçılarına, satılan I və II reproduksiyalı toxumlara və tinglərin toxumçuluq və tinglik təsərrüfatlarına güzəştli şərtlərlə satılmasını əhatə etmişdir. Həmçinin, Sahibkarlığa Kömək Milli Fondundan kənd təsərrüfatı istehsalçılarına güzəştli kreditlər ayrılmış və kənd təsərrüfatı sahəsi torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilmişdir. Bununla belə, kənd təsərrüfatı sahəsinə verilən vergi güzəştlərinin təkmilləşdirilməsinə ehtiyac vardır. Məsələn, kənd təsərrüfatı məhsulları əlavə dəyər vergisindən azad olduğu halda, onun məhsulunu emal edən yeyinti sənayesi müəssisələri son məhsula görə bütün əlavə dəyər vergisini ödəyirlər. Fikrimizcə, yerli kənd təsərrüfatı məhsullarını istehlak edən yeyinti müəssisələrinin həmin məhsulların dəyərinə görə hesablanmış əlavə dəyər vergisindən azad olmaları yerli kənd təsərrüfatı məhsullarına tələbin artırılması baxımından mühüm tədbir olar.

Qeyd etmək lazımdır ki, «Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» qanun qüvvədədir. Bu qanun kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortasında dövlətin iştirakını nəzərdə tutur. Bu qanunun reallaşması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən kənd təsərrüfatı istehsalçılarının əmlakının sığortalanması üçün hesablanmış sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi sığorta haqqının 50%-i həcmində müəyyənləşdirilmişdir (7). Kənd təsərrüfatı istehsalçılarının sığorta haqlarının subsidiyalaşdırılması üçün hər ilə Dövlət Büdcəsindən vəsaitin nəzərdə tutulmasına baxmayaraq, bu vəsaitdən tam istifadə edilmir. Fikrimizcə, belə halın yaranmasına bir sıra amillər təsir göstərir. Birincisi, ölkədə kənd təsərrüfatı istehsalçılarının əmlakını təbii fəlakətdən və digər hallardan sığortalayan ixtisaslaşmış sığorta təşkilatı yoxdur. İkincisi, aqrar sektorda yaranan təsərrüfatların əhəmiyyətli hissəsi aqrar islahat nəticəsində yaranmışdır ki, bu təsərrüfatlarda istehsalı təşkil və idarə edən mütəxəssislər demək olar ki, yoxdur. Belə halın yaranmasına təsir göstərən amillərdən biri də kəndli-fermer təsərrüfatlarının kiçik olmasıdır. Buna görə də, ilk dövrlərdə aqrar sektorda əmlakın sığortalanmasının maliyyələşdirilməsinin dövlət büdcəsi tərəfindən və Kənd Təsərrüfatı Nazirliyi təşkilatçılığı ilə həyata keçirilməsi məqsədəuyğundur.

Qeyd etmək lazımdır ki, aqrar sektorun inkişafı baxımından son illərdə ölkədə atılmış əhəmiyyətli addım “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Bu təşkilatın yaradılması kiçik təsərrüfatlara xidmətlərin göstərilməsi mexanizminin yaradılmasında mühüm halqa olmuşdur. Bununla belə, fikrimizcə, indiyə qədər “Aqrolizinq” ASC kəndli təsərrüfatları ilə münasibətlərini təkmil mexanizm əsasında qura bilməmişdir. Fikrimizcə, bu təşkilat kənd təsərrüfatı istehsalçıları ilə əkin sahələrinin şumlanması, toxumun verilməsi, əkin işlərinin aparılması, gübrələnmə və biçin işlərinə dair məsələləri əhatə edən xidmətlər paketi təklif etsə məqsədəuyğun olar. Bu zaman, torpaq sahibləri bilik və bacarıqlarının məhdud olduğu sahələrdə qərar vermək məcburiyyətində qalmış və nəticədə bu amil ölkədə kənd təsərrüfatı sahəsində istehsalın səmərəliliyinin nisbətən artımına səbəb olar.

Son illərdə kənd təsərrüfatında əsas kapitala investisiya qoyuluşları artmışdır. Belə ki, bu göstərici 2000-ci ildə 6,5 mln. manatdan 2011-ci ildə 437,3 mln. manata qədər artmışdır. Bununla belə, bu sahənin investisiya imkanları yüksək olaraq qalır. Fikrimizcə, kənd təsərrüfatında investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün dövlət güzəştli kreditlərin həcmini artırmışdır. Fikrimizcə, hazırkı praktikada kredit faizlərinin dövlət tərəfindən subsidiyalaşdırılmasına nisbətən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı istehsalçılarına konkret layihələr üzrə güzəştli şərtlərlə kreditlərin verilməsi məqsədəuyğundur. Hazırda kənd təsərrüfatı istehsalçılarının maliyyə imkanlarını məhdudluğu şəraitində bu amil investisiya fəallığı baxımından əhəmiyyətli rol oynayır. Belə ki, Mərkəzi Bankın məlumatlarına əsasən 2012-ci ilin sonuna ölkə üzrə kredit faizləri 15,4%-ə, Bakı şəhərində 14,7%-ə bərabər olduğu halda, Aran iqtisadi rayonunda 22,1%-ə, Dağlıq Şirvan iqtisadi rayonunda 22,2%-ə, Gəncə-Qazax iqtisadi rayonunda 20,4%-ə, Lənkəran iqtisadi rayonunda 24,5%-ə, Şəki-Zaqatala iqtisadi rayonunda kreditlərin faiz dərəcəsi yüksəkdir. Belə hal əsasən kredit riskləri və kreditorun qiymətləndirilməsi xərcləri ilə əlaqədardır.

Bütövlükdə, ölkədə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin formalaşmasına dövlətin təsiri müxtəlif yollarla baş verir. Belə ki, kənd təsərrüfatı istehsalçılarına dəstək mexanizmi kənd təsərrüfatı məhsulunun yaranmasını təmin edən dəyərlər zəncirinin bütün mərhələlərini əhatə etməklə kompleks xarakterə malikdir. Belə şəraitdə Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük vəzifələr düşür. Belə ki, dövlətin dəstək mexanizminin yaradılması məhz dəyərlər zəncirinin bütün halqalarınən kompleks öyrənilməsini və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsi üçün müdaxilə tələb edən halqaların aşkarlanmasını tələb edir. Fikrimizcə, Kənd Təsərrüfatı Nazirliyi ilk növbədə, sahədə normal mənfəətin səviyyəsini müəyyən etməli, ayrı-ayrı məhsullara və regionlara veriləcək dotasiyaların həcmini hesablamaq üçün orentiar götürəcəyi qiymətləri müəyyənləşdirilməlidir.


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin