Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 3,3 Mb.
səhifə5/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   2   3   4   5   6   7   8   9   ...   22

ƏDƏBİYYAT
1. Competitiveness Policy Council. 1992. Building A Competitive America. First Annual Report to the President and Congtess (March 1). Washington. 2. Портер М. Межднародная конкуренция. Конкурентные преимущества стран. М.: Международные отношения, 1993. 3. Stephane Garelli. Competitiveness of nations: the fundamentals. In “IMD World Competitiveness Yearbook 2005, Lozanna, 2006. 4.Why do we need a common agricultural policy? Discussion Paper by DG Agriculture and Rural Development, European Commission, December 2009. 5. Agricultural Policy Monitoring and Evaluation 2012: OECD Countries. OECD Publishing, 2012. c.15. 6. Agricultural Policies in Non-OECD Countries: Monitoring and Evaluation 2007. OECD Publishing, 2007. c.7. 7. «Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2004-cü il tarixli Qərarı.

Государственная поддержка развития аграрного сектора и конкурентоспособность сельскохозяйственной продукции: теоретические и практические аспекты
Сулейманов В.Э.
РЕЗЮМЕ
В статье раскрывается государственная политика в области обеспечения конкурентоспособности производимой продукции и анализируются особенности реформ в аграрном секторе. Согласно подписанному cоглашению по сельскому хозяйству среди стран – членов Всемирной Торговой Организации (ВТО), для оказания поддержки в сельском хозяйстве были выявлены приоритетные области. Долгосрочной целью подписания этого соглашения стало уменьшение в аграрном секторе государственной поддержки и степени защиты конкурентоспособности этого сектора. В статье указаны также региональные различия производства сельскохозяйственной продукции.

Ключевые слова: аграрный сектор, конкурентоспособность, государственная поддержка, инвестирование, специализация.
The support of the development of the agrarian sector by government and competitive ability of agricultural products: theoretical and practical aspects
Suleymanov V. E.
SUMMARY
The article reads about the analysis of the features of the reforms carried out in the agrarian sector and the policy conducted by the government in the provision of competitive ability of products. According to the Agreement signed among the countries of the World Trade Organization (WTO) on agricultural products, there were defined the priority fields that should be supported in agriculture. The long-time purpose of this agreement was the reduction of the governmental support and the level of protection of this sector from the competition. The article also analyses the regional differences in agricultural production.

Key words: agrarian sector, competitive ability, governmental support, investments, specialization


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.44-50
UOT: 63 (4/5) 35.087.44
İnkişaf etmiş ölkələrdə aqrar sahənin dövlət tənzimlənməsi təcrübəsi
Əliyev Ceyhun Saleh oğlu

Az.ETKTİ və Tİ-nun aspirantı
XÜLASƏ
Məqalədə kənd təsərrüfatı məhsuldar qüvvələrin inkişafı baxımından iqtisadiyyatın geridə qalan və daha sabit sahəsi hesab olunduğu qeyd olunur. Bu baxımdan inkişaf etmiş ölkələrdə aqrar sahə dövlət tərəfindən dəstəklənir və həmin təcrübə məqalədə geniş şəkildə şərh olunmuşdur. İnkişaf etmiş ölkələrdə dövlətin dəstəyi ilə kənd təsərrüfatını müdafiə məqsədilə həyata keçirilən tədbirlər məqsədinə görə qruplaşdırılmış və onun mahiyyəti ayrı-ayrılıqda açıqlanmışdır.

Açar sözlər: inkişaf, ölkələr, aqrar sahə, kənd təsərrüfatı, dövlət dəstəyi, tənzimlənmə, təcrübə, fermer.
Milli iqtisadiyyatın sahələri arasında aqrar sahə, o cümlədən kənd təsərrüfatı məhsuldar qüvvələrin inkişafı baxımından geridə qalan və daha sabit sahə hesab olunur. Bu baxımdan inkişaf etmiş ölkələrdə aqrar sahə dövlət tərəfindən dəstəklənir və inkişaf etdirilir. Belə bir şəraitdə əsas məqsəd aqrar sahədə iqtisadi sabitliyi saxlamaqdan, gəlirin dəyişkənliyini və bazarın konyunkturasını stabilləşdirməkdən, arzu olunmayan miqrasiya prosesinin qarşısını almaqdan, ərzaq təhlükəsizliyini təmin etməkdən, daxili bazarı qorumaqdan və beynəlxalq əmək bölgüsündə milli istehsalçıların rəqabət qabiliyyətliliyini təmin etməkdən ibarət olur. Kənd təsərrüfatı məhsulları istehsalçılarının müdafiəsi üzrə həyata keçirilən tədbirlər müxtəlifdir və bu zaman minimum qiymətlər üzrə artıq məhsullar təminatlı şərtlərlə satın alınır, ərzaq bazarında əmtəə bolluğuna nail olunur, güzəştli kreditləşmə formaları və gömrük tənzimləmələri tətbiq edilir [1, 2, 3].

İnkişaf etmiş ölkələrdə dövlətin dəstəyi müvafiq qanunlarda təsbit olunmuşdur və onlardan kənd təsərrüfatında, xüsusilə ərzaq bazarında yaranmış konkret şəraitə uyğun olaraq istifadə olunur. Bu ölkələrdə kənd təsərrüfatını müdafiə məqsədilə həyata keçirilən tədbirlər məqsədinə görə aşağıdakı şəkildə qruplaşdırılır:

1. İstehsalçıların gəlirini müdafiə tədbirləri;

2. Qiymətə təsir etmək;

3. Xərclərin kompensasiya olunması;

4. Bazarın inkişafına təsir etmək;

5. İstehsal infrastrukturunun inkişafına təsir etmək;

6. Regional proqramların həyata keçirilməsi;

7. Makroiqtisadi siyasət.

İstehsalçıların gəlirini müdafiə tədbirləri reallaşdırılarkən istehsalın yenidən təşkil edilməsi ilə əlaqədar və təbii fəlakət nəticəsində dəyən zərərə görə kompensasiya ödənilməsi nəzərdə tutulur.

Qiymətə təsir etmək tədbiri ərzaq bazarına təsir göstərmək məqsədilə həyata keçirilir. Bu zaman kənd təsərrüfatı məhsullarının qiymətlərinə köməklik göstərilir, lazımi səviyyədə saxlanılması üçün tədbirlər həyata keçirilir və bu məqsədlə kvotalar müəyyən edilir və ərzaq məhsullarının idxalına və ixracına vergi təyin olunur.

Xərclərin kompensasiya olunması tədbirinə istehsal vasitələri (toxum, yem, gübrə və zəhərli maddələr alan məhsul istehsalçılarını subsidiyalaşdırma), həmçinin alınan kredit üzrə faiz ödənişləri və əmlakın sığortalanması ilə əlaqədar maliyyə köməkliyi daxildir.

Bazarın inkişafına təsir etmək kimi tədbirlər sistemi bazar proqramlarının hazırlanmasına və həyata keçirilməsinə, məhsulların saxlanılmasına və daşınmasına çəkilən xərclərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

İstehsal infrastrukturunun inkişafına təsir etmək tədbirinə istehsalın səmərəliliyini artırmaq üçün uzun müddətli tədbirlərin həyata keçirilməsinə büdcə vəsaitinin ayrılmasını, eyni zamanda təsərrüfat əhəmiyyətli binaların tikilməsinə, irriqasiya layihələrinin həyata keçirilməsinə, torpaqların yaxşılaşdırılmasına və fermer təşkilatlarının yaradılmasına köməklik göstərilməsi daxildir.

Regional proqramların həyata keçirilməsi tədbirlərində istehsalın inkişaf etdirilməsi üçün dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Bu cür dövlət köməkliyi üzrə tədbirlər ABŞ-da, Kanadada və Avropa İttifaqına daxil olan ölkələrdə geniş həyata keçirilir.

Makroiqtisadi siyasət tədbirləri sistemi güzəştli vergi siyasətinin həyata keçirilməsini və xarici ticarət fəaliyyətinə köməklik göstərilməsini nəzərdə tutur. Sadalanan sahələr kənd təsərrüfatı ilə bilavasitə əlaqədar deyil, lakin onun səmərəliliyinə ciddi təsir göstərir. ABŞ-da kənd təsərrüfatı istehsalına dövlət köməkliyinin 24%-ni, Kanadada 21%-ni birbaşa verilən subsidiyalar təşkil edir. Maliyyə yardımının qalan hissəsi dolayı köməkliklərdən ibarətdir. Avropa İttifaqı ölkələrində istehsalçıya göstərilən dolayı köməkliyin məbləği daha yüksəkdir. Büdcə vəsaitinin çox hissəsi qiymətlərin tənzimlənməsinə ayrılır. ABŞ-da qiymət-lərin tənzimlənməsinə sərf olunun vəsait kənd təsərrüfatına ayrılan büdcə vəsaitinin 48%-ni, Kanadada-53%-ni və Avropa İttifaqı ölkələrində isə 91%-ni təşkil edir.

İnkişaf etmiş 24 Qərbi Avropa ölkələrinin yaratdığı «İqtisadi inkişaf və əməkdaşlıq təşkilatı»nın hazırladığı metodikaya uyğun olaraq hər il hər məhsul üçün istehsalçıları subsidiyalaşdırma ekvivalenti deyilən göstərici müəyyən olunur. Bu, hər hansı növ məhsul istehsalına dolayı və birbaşa göstərilən maliyyə vəsaitini həmin məhsulun həcminə bölməklə hesablanır. Həmin ölkələrdə bütövlükdə məhsulların istehsalına ayrılan subsidiyaların 30-32%-i buğda, 29-30%-i süd, 21-33%-i mal və buzov əti istehsalına sərf olunur. İnkişaf etmiş Avropa ölkələrində kənd təsərrüfatı istehsalına ayrılan vəsait kənd təsərrüfatından daxil olan ödənişlərdən 9 dəfə, qiymət subsidiyaları da daxil edildikdə isə 18 dəfə çoxdur [4].

ABŞ-da kənd təsərrüfatı çox vaxt vergi ödəyiciləri hesabına fəaliyyət göstərən sahə adlandırılır. Bu ölkədə 1996-cı ildə Konqres tərəfindən kənd təsərrüfatında subsidiyanın 5-7 il ərzində minimuma endirilməsi haqqında qanun qəbul edilmişdir. Konqresdə həm də «Yeyinti məhsulları istehsalının təhlükəsizliyi haqqında» qanun qəbul edilmişdir. Bu qanuna uyğun olaraq növbəti 10 il ərzində fermerlərə verilən subsidiyaları 200 milyard dollar artırmaq nəzərdə tutulmuşdur. Konqresdə aqrar liderlər yüksək çəkiyə malikdir və onların kənd təsərrüfatının inkişafına təsir imkanları yüksəkdir.

ABŞ-da Kənd Təsərrüfatı Nazirliyinin funksiyası çox müxtəlifdir. Nazirlik hər il kənd təsərrüfatı məhsullarını təminatlı qiymətlərlə almaq üçün proqram hazırlayır. Həmin qiymətlərlə təsərrüfatlarda səmərəliliyin minimum səviyyəsi təmin olunur. Məhsuldarlıq artdıqda və təklif təlabatdan çox olduqda bazar qiymətlərinin səviyyəsi azalır və bu zaman dövlət artıq məhsulları alır və yaxud fermerlərin hesabına uzun müddət saxlayır və ya ixrac etmək üçün tədbirlər görür. Qiymətlər qalxdıqda ehtiyat məhsullar bazara çıxarılır və bununla qiymətlər aşağı salınır. Belə qiymət siyasəti Avropa İttifaqı ölkələrində də aparılır. İnkişaf etmiş bütün ölkələrdə dövlət həm də ifrat istehsala qarşı mübarizə aparır və onu mümkün olan bütün azalmalardan sığorta-layır, eyni zamanda əmtəə istehsalçılarının kənddən şəhərə getməsinin qarşısını alır.

ABŞ-da 2002-2011-ci illərdə kənd təsərrüfatının maliyyələşdirilməsi üçün qanun imzalanmışdır. Qanunda fermerlərə və ətraf mühitə qayğı göstərmək, istehsalçıları ucuz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etməyə dair müddəalar nəzərdə tutulmuşdur. «Fermerçilik haqqında» qanun fermerlərə küllü miqdarda vəsait ayrılmasını nəzərdə tutur. Kənd təsərrüfatı üçün nəzərdə tutulan kompleks yardımın tərkibi üç elementdən ibarətdir: birbaşa ödənişlər, kreditləşdirmə norması və mövsümilik əleyhinə məqsədli qiymətlər.

Yeni qanunla ölkədə tətbiq edilən «birbaşa» ödəniş sistemi saxlanılmış, üstəlik siyahıya soya və yağlı bitkilər üzrə həmin köməkliyin göstərilməsi də əlavə edilmişdir. Ödənişi hesablamaq üçün bitki məhsullarının əvvəlki qiymətləri olduğu kimi saxlanılmışdır. Ölkədə hər ton məhsula görə bazis qiyməti buğda üçün 16,5-19,4 dollar, qarğıdalı üçün 10,6-11,79 dollar, arpa üçün 9,7-11,4 dollar, soya üçün 15,4 -20,1 dollar və yağlı bitki məhsullarının bazis qiyməti hər ton üçün 16,2-22 dollar təşkil edir. Qanunla əkin sahələrinin mütəhərrikliyi prinsipi də olduğu kimi saxlanılmışdır, yəni əvvəlki qanunda nəzərdə tutulduğu halda, torpaq sahəsinin mövcud vəziyyəti qiymətləndirilmədən ona maliyyə yardımı tətbiq edilir.

Yeni qanunla qiymətlərin minimum səviyyəsini təmin etmək üçün kredit norması kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əlverişli həddə müəyyən edilir. Dövlət zəruri hallarda istehsal olunan məhsullara kredit verir və qiymətləri stabilləşdirir. 2002-ci il qanunu ilə qiymətlərin səviyyəsi kreditləşdirmə ilə xeyli yüksəldilmişdir. İndi ölkədə hər ton məhsula görə minimum qiymət səviyyəsi buğda üçün 94,6-110,0 dollar, qarğıdalı üçün 74,2-81,7 dollar, arpa üçün 75,6-91,7 dollar və yağlı bitki məhsullarının hər tonu üçün minimum qiymət səviyyəsi 191,4-209,0 dollar təşkil edir.

2002-ci il qanunu ilə məqsədli qiymətlər yenidən bərpa olunmuşdur. Bu, mövsümün əvvəlində kənd təsərrüfatı məhsullarına dövlət tərəfindən ilkin qiymətləri təyin etməkdən ibarətdir. Mövcud bazar qiymətləri kredit norması ilə müəyyən edilən məqsədli qiymətlərdən aşağı olduqda fermerlərə fərq ödənilir. Ölkədə mövsümilik əleyhinə hər ton məhsula görə buğda üçün 126,5-148,1 dollar, qarğıdalı üçün 92,3-109 dollar üçün, arpa üçün 100,8-109,5 dollar və yağlı bitki məhsulları üçün isə 227,9-231 dollar məqsədli qiymət təyin edilmişdir. Bu qiymətlər mövcud bazar qiymətlərindən xeyli yüksəkdir. Maraqlı budur ki, hesablama aparmaq üçün 1996-cı ilə qədər olan məhsuldarlıq göstəricilərindən istifadə olunur. Fermerlər üçün nəzərdə tutulan vəsaitin 35%-i onlara cari payız aylarında, 35%-i fevral ayında və qalan məbləğ isə ilin axırında satış qurtardıqdan sonra verilir. Mövcud ödəniş sisteminə və müəyyən olunan məqsədli qiymətlərə görə Amerika fermerləri praktiki olaraq dünya bazarlarından təcrid olunub. Ölkədə 2011-ci ilə qədər mövsümçülük əleyhinə 35 milyard dollar və birbaşa ödəniş üçün 9,5 milyard dollar vəsait xərclənmişdir.

Qanunla müəyyən olunan proqramı həyata keçirmək üçün 120,3 milyard dollar vəsait ayrılmışdır. Ona 10 il müddətində daha 65 milyard dollar əlavə etmək planlaş-dırılmışdır. Maliyyə yardımının üçdən ikisini 10% təşkil edən iri təsərrüfatlar alır.

Ətraf mühitin mühafizəsi, torpağın və suyun keyfiyyəti baxımından yaxşılaşdırılması da qanunla tənzimlənir. Qanunda heyvanların saxlanılmasına və bitki mühafizə vasitələrinə aid tədqiqatların aparılmasına da vəsait nəzərdə tutulmuşdur. 2002-ci ildə qəbul edilən qanunda qeyd edilən vəzifələrin icraçı kənd təsərrüfatı nazirliyinə həvalə edilmişdir.

Amerikada və Avropa İttifaqı ölkələrində kənd təsərrüfatı məhsullarına dünya səviyyəsindən yüksək qiymət qoyulur. Fərq idxal zamanı əldə olunan rüsum və bütün əmtəəlik məhsullara tətbiq edilən əlavə dəyər vergisi hesabına ödənilir. İdxal həm də kvotalar və tarif dərəcələri ilə məhdudlaşdırılır. ABŞ-da və Avropa İttifaqı ölkələrində şəkər idxalına yüksək rüsum tətbiq edilir. Yaponiya isə öz fermerlərini düyü, ət, şəkər və taxıl məhsullarına konkret limit qoymaqla mühafizə edir [4, 5, 6]. Burada düyü istehsalı onu qonşu Vyetnamdan və Tailanddan satın almaqdan 3-4 dəfə baha başa gəlir. Amma bu ölkə yerli istehsala üstünlük verir və çəkilən xərcin dövlət tərəfindən ödənilməsi təmin olunur. Dövlətin kənd təsərrüfatına köməyi ölkənin idxal və ixrac vəziyyəti ilə əlaqədardır. İdxalı ixracından çox olan ölkələrdə kənd təsərrüfatına daha çox köməklik göstərilir. Yaponiyada kənd təsərrüfatı məhsulları idxal edən ən böyük ölkələrdən biridir. Amerika, Kanada, Avstraliya və Yeni Zelandiya kənd təsərrüfatı məhsulları satan ölkələr kimi tanınır. Bu ölkələrdə hər bir təsərrüfata və əkin sahəsinin hər hektarına görə verilən maliyyə yardımı başqa ölkələrdən xeyli fərqlənir.

İnkişaf etmiş ölkələrdə məhsulun keyfiyyətinə nəzarət etmək, onu reklam etmək və elmi axtarışlar aparmaq üçün də vəsait ayrılır. Bu vəsait ABŞ-da və Avropa İttifaqı ölkələrində kənd təsərrüfatına göstərilən ümumi köməyin 1%-ni, Avstriyada 4%-ni, Finlandiyada isə 5%-ni təşkil edir. Dünyanın hər yerində kənd təsərrüfatı aşağı fondveriminə malikdir və həmişə böyük həcmdə kapital qoyuluşları tələb edir. Dünyada mövcud olan təcrübə göstərir ki, dövlət köməyi olmadan kənd təsərrüfatı səmərəli işləyə bilmir. Avropa İttifaqı ölkələrində istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərində dövlətin göstərdiyi maliyyə köməkliyinin payı 40-50% təşkil edir. ABŞ-da isə fermerlərin əldə etdiyi gəlirin üçdən biri dövlətin hesabına formalaşır. Burada məhsul istehsalçıları 30 adda imtyazdan istifadə edir. Dövlət tənzimlənməsində ən güclü vasitə güzəştli kreditləşdirmə hesab olunur [7, 8]. Bu öz şəxsi imkanları ilə çətin maliyyələşən təsərrüfatlarda optimal istehsal şəraiti yaratmaq üçün həyata keçirilir.

Məsələn Almaniyada orta və uzun müddətli bank kreditlərinin beşdən biri güzəştli şərtlərlə «Kənd təsərrüfatı», «Gənc fermerlər», «Kəndin yeniləşdirilməsi» və «Kənd təsərrüfatına dövlətin maliyyə köməkliyi» proqramları üzrə verilir. Güzəştli kreditləşmənin əsas prinsipi mövcud faiz dərəcəsini büdcə hesabına kompensasiya etməkdən ibarətdir. Onun tətbiq mexanizmi ayrı-ayrı ölkələrdə formalaşmış şəraitdən asılı olaraq dəyişir. Avstriyada güzəştli kredit dərəcəsi və büdcə kompensasiyası bankın faiz dərəcəsindən asılıdır, Fransada isə təsbit olunmuş güzəşt dərəcəsi tətbiq edilir, bank dərəcəsi isə yalnız büdcə kompensasiyasının həcminə təsir göstərir. Almaniyada bu iki göstərici dəyişilir. Fransada əlverişli təbii-iqtisadi şəraitdə yerləşən məhsul istehsalçılarına 7-12 il, qalan rayonlarda mövcud olan məhsul istehsalçılarına isə 5-9 il müddətinə 300-6850 min frank məbləğində illik 3,75-8,75%-li 6 növ kredit verilir. Gənc fermerlər üçün borc dərəcəsi 2,75-4% təşkil edir. Büdcə kompensasiyasının həcmi müqavilə üzrə faiz dərəcəsi ilə güzəştli kredit dərəcəsi arasındakı fərqə görə müəyyən edilir. Müqavilə dərəcəsi isə banklar arasında keçirilən müsabiqənin nəticələrinə görə seçilir. Hazırda Fransada müsabiqədən keçən 4 bank üzrə müqavilə dərəcəsi 8,25; 8,60; 9,00 və 9,20% təşkil edir.

Güzəştli kredit növlərinin çoxluğu, onlardan istifadənin dəqiq müəyyən edilməsi və kredit verən bankları azad seçmək imkanı məhsul istehsalçıları üçün əlverişli və səmərəli xidmət növüdür. Avstriyada ölkə üzrə faiz dərəcəsi orta hesabla 9,250%, büdcə kompensasiyası isə 4,625 - 5,920% və 4,625 - 3,330% təşkil edir. Güzəştli investisiya krediti 10 il, mexanizasiya vasitələri almaq üçün 6 il müddətinə verilir. Güzəştli kredit kənd təsərrüfatının bütün sahələrinə tətbiq edilir. Məsələn, Avstriyada güzəştli kreditin 40%-i təsərrüfatın təşkilati quruluşunun təkmilləşdirilməsinə, 27%-i yaşayış və istehsal binalarının yenidən qurulmasına, 12%-i kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsinə və 5%-i isə məhsulun ticarətinə təsir göstərmək üçün istifadə olunur. Fransada güzəştli kreditin 70%-i təsərrüfatın abadlaşdırılmasına və müasirləşdirilməsinə xərclənir. Kreditin verilmə şərtləri iqtisadi siyasətin cari təlabatına uyğun olaraq dəyişir. Ən əlverişli kredit rejimi gənc fermerlər, yeniliklər tətbiq edən təsərrüfatlar və kooperativ təşkilatlar üçün yaradılmışdır. Güzəştli kredit vermək üçün dövlət tərəfindən konkret reqlament müəyyən edilmişdir və həmin reqlamentə əsasən təsərrüfat ölçüsünə, dərəcəsinə, gəlirlilik səviyyəsinə, təsərrüfat başçısının yaşına, peşə hazırlığına görə müəyyən edilən meyarlara cavab verməlidir.

Fransada güzəştli kredit almaq üçün iddiaçıdan fermer olması, iş vaxtının 50%-ni təsərrüfatda işləməsi və əldə etdiyi gəlirin yarıdan çoxunun təsərrüfatdan qazanması tələb olunur. Gənc fermerlər üçün minimum yaş həddi 21, maksimum yaş həddi isə 35 ildir. İddiaçı sahə üzrə peşə ixtisasına malik olmalı və uçot aparmağı bacarmalıdır.

Ayrı-ayrı kredit növləri üzrə şərtlər bir-birindən fərqlənir. Fransada quşçuluğa və 60 başdan çox inəyi olan təsərrüfatların müasirləşdirilməsinə kredit verilmir. Kooperativlər üçün onların üzvlərinin sayı nəzərə alınır. Kreditləşdirmə zamanı fermerlərin ödəniş qabiliyyətli olması da nəzərə alınır. Bu, bank institutları tərəfindən qiymətləndirilən ən vacib göstəricilərdən biridir. Buna görə də adətən zəmanət tələb olunur. Amerikada uzunmüddətli kredit girov götürməklə verilir və o məbləğinə görə girov götürülən dəyərin 85%-ni təşkil edir. Kredit ödəmək imkanı olmayan təsərrüfatlara isə borc tələb olunan məbləğin ən azı 97%-nə dövlət zəmanəti ilə verilir. İngiltərədə borc tələb olunan məbləğin 50%-i qədər imkana malik olan fermerlərə verilir.

Kredit sistemində torpağı girov götürməklə verilən kredit-ipoteka mühüm yer tutur. İpoteka kapitalın dövriyyəsini sürətləndirir və əlavə gəlir götürülməsinə imkan verir. Danimarkada kənd təsərrüfatının üzərinə düşən öhdəliklərin 75%-ni kredit təşkilatları tərəfindən maliyyələşdirilən və ipoteka ilə təmin olunan uzunmüddətli kredit təşkil edir. Ölkədə ipoteka krediti xüsusi qanunlarla tənzimlənir və ancaq kənd təsərrüfatı istehsalına xidmət edir. İpoteka kredit fondu Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir. Kreditin məbləği adətən əmlakın dəyərinin 66%-dən çox olmur. Amerikada isə kredit məbləği torpaq sahəsinə qoyulan qiymətin 60 %-ni keçmir. İngiltərədə də ipoteka kreditinin məbləği fermerlərin kredit ödəmək imkanlarına görə müəyyən edilir və çox vaxt girov üçün təklif edilən əmlak dəyərinin 50 %-ni təşkil edir. Əmlakın dəyəri bazar qiymətinə görə, yaxud rentanın 20 mislinə görə və ya əmlakın köhnəlməsi nəzərə alınmaqla müəyyən edilir. İpoteka kreditinin ödənilmə müddəti 5 ildən 40 ilə qədərdir. İngiltərədə belə kredit 20-30 il müddətinə verilir və hər il 2 dəfə faiz və sığorta haqqı ödənilir. Ödəniş vaxtında aparılmadıqda borc vaxtından qabaq geri alınır. Borcun vaxtından qabaq ödənilməsinə isə cərimə sanksiyası tətbiq edilir.

Kənd təsərrüfatı krediti Amerikada da geniş tətbiq olunur. Burada uzunmüddətli ipoteka kreditləri federal torpaq bankları tərəfindən verilir. Ortamüddətli kredit bankları da başqa kənd kredit müəssisələrinin öhdəliklərini nəzərə almaqla kənd təsərrüfatı müəssisələrini kreditləşdirir. Ortamüddətli kredit bankları vəsaitin 95%-ni fermerlərə qısamüddətli kredit vermək üzrə ixtisaslaşdırılmış assosasiyalara verir. Kooperativ bankları isə yalnız fermerlərin kooperativ təşkilatlarını kreditləşdirir.

ABŞ-da Kənd Təsərrüfatı Nazirliyinin nəzdində taxıl anbarlarının və fermalar üçün inzibati-yaşayış binalarının tikintisini, təsərrüfatların satın alınmasını, yaxud ferma binalarının tikintisini və kəndin elektirikləşdirilməsini maliyyələşdirən əmtəə-kredit korporasiyası fəaliyyət göstərir. Burada kənd təsərrüfatı müəssisələri üzrə xərclərin 35-70%-i kredit hesabına maliyyələşdirilir. Kreditin xüsusi çəkisi xərclərin kateqoriyasından asılı olaraq dəyişir. Daşınmaz əmlak alınan zaman məbləğin 70%-i qədər, mal-qara alınan zaman-50%-i və dövriyyə vəsaitləri alınan zaman 100%-ə qədər kredit verilir. Amerikada kənd təsərrüfatı intensiv qaydada və iri məbləğdə kreditləşdirilir. Kredit həm əsas kapitalın toplanması üçün, həm də cari istehsal xərclərini bərpa etmək üçün verilir. Dövlət ölkədə qiymətləri sabit saxlamaq üçün kənd təsərrüfatı məhsullarını təminatlı girov qiymətləri ilə fermerlərdən alır. Bazar qiymətləri girov tarifindən yüksək olduqda fermer öz məhsulunu satmaq üçün geri almaq hüququna malikdir. Bu müəyyən olunan vaxta qədər baş vermədikdə girov qoyulan məhsul əmtəə-kredit korporasiyasının mülkiyyətinə keçir. Belə kredit forması qeyri-kredit məzmunlu vəzifələrin də uğurla yerinə yetirilməsinə imkan verir.

İnkişaf etmiş ölkələrdə məhsul istehsalçılarının bank seçmək imkanı çox böyükdür. Fermerlərə kommersiya və kooperativ bankları, sığorta kampaniyaları və başqa ixtisaslaşdırılmış təşkilatlar maliyyə xidməti göstərir. Amerikada kənd təsərrüfatına xidmət göstərən kredit sistemi 800 bank və assosasiyalardan ibarətdir. Kooperativ banklar isə kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır. Fransada kənd təsərrüfatı kreditinin 75%-i, Almaniyada 44%-i və Amerikada 26%-i onların payına düşür. Kooperativ banklarda müxtəlif müddətli bütün növ bank əməliyyatları yerinə yetirilir. Fəaliyyətin bütövlüyü və səmərəliliyi aşağıdan yuxarıya qədər kooperativ mülkiyyət münasibətlərinin və əlaqələr sisteminin birliyi ilə təmin olunur.

Kənd təsərrüfatının kreditləşdirilməsində kommersiya bankları da mühüm rol oynayır. Onların kənd təsərrüfatının kreditləşdirilməsində xüsusi çəkisi Amerikada 32%, Almaniyada 8%-ə qədər və Fransada isə 2%-dən yuxarıdır. Bu banklarda bütün növ maliyyə əməliyyatları yerinə yetirilir. Kommersiya banklarının kredit faizi kooperativ bankların faizlərinə nisbətən yüksəkdir. Onlar əsasən istehsalçıları qısamüddətli kreditlərlə təmin edir. Bəzi ölkələrdə kənd təsərrüfatının kreditləşdirilməsində dövlət təşkilatlarının ixtisaslaşdırılmış bankları da iştirak edir.

Almaniyada kənd təsərrüfatı istehsalı üçün verilən orta və uzunmüddətli kreditlərin 33%-i dövlət kreditlərinin payına düşür. Kənd təsərrüfatı və güzəştli kreditlərin 5%-ni daşınmaz əmlakı girov götürməklə kənd təsərrüfatı bankı, 8%-ni isə ipoteka bankı verir. İngiltərədə kənd təsərrüfatı bütün regionlarda şəbəkəsi olan 4 ən iri banklar tərəfindən kreditləşdirilir. Ölkədə müxtəlif formalı qeyri - bank kreditləri də inkişaf etdirilir. Burada torpaqların yaxşılaşdırılması üzrə fəaliyyət göstərən kompaniya obyektlərin yenidən qurulmasına sərf olunan xərcləri ödəmək üçün fermerlərə 40 il müddətinə təsbit olunmuş dəyişməz faiz dərəcəsi ilə istiqrazlar verir. Südçülük kooperativləri süd saxlayan çənləri almaq üçün fermerlərə istiqrazlar təklif edir, yaxud həmin çənləri alır və onları icarəyə verir. Ətlik korporasiyalar damazlıq qoyun və kökəldilən mal-qara almaq üçün fermerləri bir illik istiqrazlarla təmin edir. Kökəldilən heyvanlar korporasiyalara satılır. Faiz satış qiymətlərinə və bank dərəcəsinə görə hesablanır. Amerikada isə fermerlərə qeyri-bank xidməti əmtəə-kredit korporasiyaları və xüsusi idarələr tərəfindən göstərilir. Çində də kənd təsərrüfatının iqtisadi problemləri dövlət tərəfindən tənzimlənir. Burada kənd təsərrüfatına nəzarət sistemi də dövlətə məxsusdur. Dövlət tənzimlənməsində həm qanunlarla təsbit olunan, həm də dolayı iqtisadi üsullardan istifadə olunur. Bu ölkədə bazarın və əmtəə dövriyyəsinin idarə olunmasına, qiymətlərin tələb və təklifin tənzimlənməsinə, xüsusi fikir verilir, bir sözlə, kənd təsərrüfatına dövlət köməkliyi üzrə konkret proqramların maliyyələşdirilməsi həyata keçirilir. Kənd təsərrüfatında dövlətin rolu iqtisadi, hüquqi və maliyyə tədbirlərindən istifadə etməklə təmin olunur.

Ümumiyyətlə, bazar iqtisadiyyatının inkişaf etdiyi bütün ölkələrdə dövlət tərəfindən kənd təsərrüfatının inkişafına hər cür köməklik göstərilir. Azərbaycanda isə hələlik onun ayrı-ayrı elementlərindən istifadə olunur və onlar da qanunlarla təsbit olunmadığı üçün dövri xarakter daşıyır. Ölkədə həm kənd təsərrüfatını müdafiə tədbirləri üzrə maliyyə vəsaitinin həcmi, həm də həmin müdafiənin özü haqqında fikirlər də çox müxtəlifdir. Kənd təsərrüfatının büdcə vəsaitləri hesabına müdafiə olunması sahədə kredit çatışmazlıqları ilə əlaqələndirilir. Xarici ölkələrin maliyyə-kredit sistemi Azərbaycanın kənd təsərrüfatı üçün münasib və əhəmiyyətli təcrübələrlə zəngindir.



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin