Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
 


 
40
QƏRİBƏ TALE 
 
Qaş qaraldı, uzaqlar yavaş-yavaş görünməz oldu. Axşam düşürdü. Örüşdən   qayıdan   
mal-qaranın mələşməsi kəsildi. Yal gözləyən itlər zəncir gəmirir, dartınıb gah hirslə, gah da 
yazıq-yazıq zingildəşirdi. Yenicə doğmaqda olan ay Kürün sularında yuyunurdu. 
Salahlı obasına qərib bir axşam mehman olmuşdu.  İbrahimin səbri tamam kəsilmişdi. 
Tez-tez torpaq dama girib-çıxır, dinclik tapa bilmirdi. Gözü o tayda qalmışdı. Pənah kişi isə 
görünmürdü. İbrahim bir neçə dəfə gəlib Pənah kişinin xalxalına baxıb məyus qayıtdı. Atasının 
dostu ilxıçı Pənah sözünə düz adam idi. Paşa ağanın ölümündən sonra ilxıçı bu dostluğu ailənin 
böyüyü  İbrahimlə davam etdirirdi. “Nə oldu, Pənah  əmi niyə  gəlmədi, bəlkə...”. Öz-özünə 
verdiyi suallar İbrahimin intizarını daha da artırırdı. 
Şəmmətli meşəsinin bərabərində bir at kişnədi. Üstündəki adam ata acıqlandı. At şappıltı 
ilə suya girdi. Bir göz qırpımında payızın bulanıq sularını yarıb bu taya keçdi. 
İbrahim sahildə atlı ilə üzbəüz gəldi. Qorxaq və zəif bir səslə 
- Pənah əmi, sənsənmi? - dedi. 
İlxıçı duruxdu. Qəfil zərbə dəymiş adam kimi əl-ayaq aça bilmədi: 
- Mənəm, oğul, - dedi, sən deyəsən lap doğrulamısan getməyi, hazırsanmı? Burda gözlə, 
evə dəyib gəlirəm. - Atını cığıra salıb, bir az aralandı. Birdən yarı yolda geri döndərib: 
- Ayə, a İbi,- dedi, evə bir şey demisənmi? 
- Deməmişəm, Pənah  əmi, amma Yusifə  bərk-bərk tapşırmışam ki, işdi gördün çox 
axtarırlar, anam çox ağlayıb sızlayır, onda deyərsən ki, dünən Qazaxda idim, eşitdim  İbrahim 
Tiflisə oxumağa gedib. 
- Onda get Bala bərənin yanında gözlə, birdən buralara hərlənən olar, indi gəlirəm, bir az 
da orda fikirləş, - Pənah kişi atını mahmızladı. 
İbrahim qamışlıqda xeyli gözlədi. O, Pənah kişinin “bir az da gözlə” deməyindən 
şübhələndi. “Yəqin anamdan qorxur, qarğış sahibi olmaq istəmir”. Kür aşıb daşanda gətirib 
sahilə çıxartdığı qarağac kötüyünün üstündə oturub, ağzı qaralan evlər arasından Pənah kişinin 
evini tapdı. 
Gündüzlər ayaqyalın, başıaçıq oynadığı bu hay-küylü sahil gecə yuxusunda uyuyurdu. 
Səssizlik onun qulağını batırır, qorxusunu artırırdı. Sakit çay da elə bil gündüzün haray-
həşirindən yuxuya getmişdi. Daş atmasan onun səsini eşitməzdin. Qamışlıq xışıldadı.  İbrahim 
diksinib əlini yerə uzatdı. Nəsə qamışlığı yara-yara ona tərəf gəlirdi. Qaranlıqda iki göz od kimi 
yanırdı.  İbrahim “a kafir” - deyib, qorxa-qorxa daş atdı Çaqqal sivişib qamışlıqda yox oldu. 
“Yaxşı ki, dovşan deyil,  nənəm deyərdi çaqqal yola uğurludu”. 
İbrahim yenidən Pənah kişinin evini axtarıb tapdı. İlxıçının qara damının qapısı cırıltı ilə 
açıldı. Əvvəl Pənah kişi, sonra da əli xurcunlu arvadı çıxdı. 
- A kişi, uşaqlara tuman-köynək almağı unutma. 
- Rəhmətliyin qızı, mən at satmağa    gedirəm,    yoxsa tuman köynək almağa, - Pənah 
kişi arvada hirsləndi. - Axşama kimi kor Baqrat tuman-köynək satır, ondan alsan belin    
qırılarmı? 
- Onda sən atanın goru, bir az mampası al, - arvad yalvardı, - uşaqlar neçə gündü 
sevincək olublar ki, dədəmiz şəhərdən mampas alacaq. 
Pənah kişi könülsüz 
- Yaxşı, yaxşı, - deyib, xurcunu atın belinə      aşırdı. Atı yedəkləyib xalxaldan çıxartdı. 
İbrahimin yanına qədər ata minmədi. Qamışlığın arxasına çəkib atın sağrısını, boynunu sığalladı, 
oxşadı. 
- Əlimdən möhkəm tut, indi atıl min. 
İbrahim bir göz qırpımında ata sıçradı. 
- Geri otur,  - Pənah kişinin səsində arvadla danışdığı əsəbilik qalmışdı. O, birdən   fikrini  
dəyişib: - Yox, yox, a İbi, qabağa otur, bu üzülmüş xamdı, birdən çayın ortasında hürküb eləyər, 
yıxar səni. Yalmanından bərk tut, çətini çayı keçənə kimidi. 


 
41
İlxıçı “ya allah” deyib ata mindi. Xam at çayın dərin-dayaz yerinə baxmayıb suyu yarır, 
fınxıra-fınxıra o taya tələsirdi. 
Sahilin o tayı başdan-başa meşə idi. Şəmkirdən başlayan qədim Qarayazı meşəsi Kürün 
sahili boyunca yaşıl kəmər kimi Gürcüstan sərhədlərinə doğru uzanırdı. Çayın sağ sahilindəki 
Salahlı, Şıxlı obalarının dolanacağı da bu meşə idi. Əhali otu, odunu buradan aparır, mal-qarasını 
burada otarırdı. Pənah kişi də burada ilxı saxlayırdı. Hər ilin payızında beş-altı dilbozu Tiflisə 
aparıb dolanacaq edirdi. 
O taya çıxan kimi at tanış cığırda yerişini artırdı. Meşə bir az seyrələndə duruxub kişnədi 
və birdən götürüldü. Pənah kişi atın başını çəkdi: 
- Əyə, üzülmüşün boynunu sığalla, gecə vaxtı nə hay-küy salır. 
İbrahim atın yalmanını sığallaya-sığallaya: 
- Pənah əmi, - dedi, -bu nə dəli atdı, bunnan heç oğurluğa-zada getmək olmaz. 
- Təzə tutmuşam, a bala, hələ yaxşı öyrəşməyib. Sən niyə bu gecə vaxtı tərs atın üstündə   
tərs söz danışdın. Allaha şükür nəsil-nəcabətində  oğurluq eləyən də yoxdur. Oğurluq hardan 
ağlına gəldi? 
İbrahim nə ağ dindi, nə də qara. 
- A İbi, sən Mirzənin evini tanıyırsanmı? 
Kişi İbrahimin yaralı yerinə toxundu. Odur ki, kefsiz-kefsiz: 
- Yox, - dedi. 
 Əyə, bə nə təhər gedib çıxacaqsan? Heç şəhərdə olubsanmı? 
- Ötən yay Mirzə kəndə gələndə bir kağız yazıb verdi. Ünvanı da var orda. 
 A bala, səndən qorxuram, gedib o dinsizlərin içində   itib eləyərsən, mən qanda qalaram. Sonra 
anan Tükəzbanın   əlindən qurtara bilmərəm. 
  
-  Qorxma,  Pənah  əmi, məndən sonra evdə anamın  on   balası var.   Hürkütməsə saya 
bilmir. Mən heç yada düşməyəcəyəm. 
- Elə demə, a bala, ana ürəyidir, yoxluğundan əsim-əsim əsəcək. Bir də nə var o şəhərdə, 
bilmirəm; qaçıb gedirsən ora. Gərək qalıb kənddə işləyəydin, evin də böyüyü sən idin, anana   da 
kömək olardın. 
  
- Yox, Pənah əmi, gedib oxuyub   bir sənət   qazanacam,   adam olacam. 
 Burda, kəndimizdə Molla Mustafanın məktəbi səni   adam olmağa qoymur? Oxu molla ol, ya da 
Abbasağa kimi özünnən   şer quraşdır. Elə o da molla kimi bir şeydi. 
- Şairlik mollalıq döyül, Pənah əmi, Abbasağa kişi şairdir. 
 Niyə o boyda Vidadiyə, Vaqifə mollalıq yaraşdı, Abbasağaya yaraşmadı? 
- Pənah əmi, Vidadiynən Vaqif sən deyən   o Mustafa   kimi molla döyül ey. O vaxtlar 
babalarımız onlara savadlarına görə molla deyiblər. 
- Yaxşı, bunlar bir yana qalsın, sən gedib şəhərdə nə olacaqsan, nə oxuyacaqsan? - Pənah 
kişi hirslə soruşdu.  İbrahimin canına qorxu düşdü ki, birdən cavabımdan razı qalmasa bu dəli 
Pənah məni qaytarar ha... Özünü ələ alıb: 
- Mən başqa şey oxuyacam, voyenni olacam. 
- O nə sözdü əyə, olmaya əfsər olacaqsan? İbrahim qorxa-qorxa: 
 - Hə, - dedi. 
- Dilini bilirsənmi? Urusun deyirəm. 
- Mampassatan Baqratdan bir-iki söz öyrənmişəm, qalanını da orda öyrənəcəm. 
- Ay öyrəndin ha, axşama kimi gürcü çobanlarıynan bir yerdəyəm. Qoqodan, bicodan 
artıq kəlmə bilənin dədəsi tünbətün olsun. Dil öyrənmək su içmək döyül, oğul. 
          İbrahim istədi desin ki,  sənin savadın,  fərasətin yoxdu, mən neyləyim. Qorxdu ki, dəli 
Pənah elə buradaca onu dəli atından düşürər, qalar dizinə döyə-döyə.   
Meşə yolu qurtardı. Onlar sonu görünməyən Ceyrançöl düzünə çıxanda ay Avey dağının 
bərabərində idi. Çöl bulud arxasına girib-çıxan aydan gah nurlanır, gah da qaralırdı. Xeyli 
uzaqda otlayan ilxı  qəbirdaşları kimi qaralırdı. Onların mindiyi at ilxını görəndə bir neçə  dəfə 
kişnədi. Atların bir neçəsi başını qaldırıb fınxırdı. Birdən yaxındakı kolun dibindən bir adam 
qalxdı. Vahimələnən İbrahim atın yalmanından yapışdı. Pənah kişi bunu dərhal hiss edib: 


 
42
- Qorxma, - dedi, mənim ilxıçı yoldaşımdı, bunu gördüyünü heç yerdə danışma ha, yazıq 
bir gürcüdü, xozeyinini öldürüb qaçıb. Mənə  pənah gətirib. God kəndində bir dəmirçi dostum 
var, onun qardaşı oğludu. Zalım oğlu qorxu nə olan   şeydi   bilmir. Deynən get qəbiristanda yat, 
yatacaq, eymənmək-zad yoxdur. Bunda urusca qəzet də var, gündə  çıxardıb oxuyur. Məni 
günortadan gözləyir... 
- Qatso, o kimdi, sənnən gələn? 
- Paşa ağanın oğludu, İbidi, bu da şəhərə gedir. - Xeyir ola, bu uşağın Tiflisdə nə işi var? 
- Nə bilim, Nikolaz, - deyir gedib oxuyub, voyennidi, əfsərdi, nədi ondan olacam. 
Nikolaz qayğılı-qayğılı: 
- Qatso, dəlisən-nəsən, - dedi - xalqın uşağını aparıb  itirərsən. 
- Niyə itir, on dörd yaşında cavan da şəhərdə itərmi? 
 
*** 
 
İbrahim həmkəndlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin  Şeytanbazar yanındakı evini 
asanlıqla tapa bildi. Çünki o vaxtlar Tiflisdə çoxlu azərbaycanlı yaşayırdı. Mirzə Hüseyn Əfəndi 
də çox hörmətli və məşhur şəxs idi. 
O, Tiflisdə rus-tatar məktəbində şərq dilləri müəllimi, Zaqafqaziya müftisi vəzifələrində 
işlədiyindən böyük nüfuza malik olmuşdu. Oxumaq istəyən kasıb balalarına kömək əli uzatmağı, 
onların bu işıqlı arzularının həyata keçməsinə şərait yaratmağı Mirzə Hüseyn Əfəndi ən nəcib, ən 
şərəfli vəzifə hesab edirdi. 
Müftinin həyat yoldaşı Səadət xanım İbrahimi görəndə gözlərinə inanmadı. Bu gözəl və 
nəcib qadın heyrətdən, təəccübdən az qala qışqıracaqdı. O, İbrahimi bağrına basıb doğma balası 
kimi öpdü, oxşadı. Kəndi, qohumları soruşdu. Atası Paşa ağanın vaxtsız ölümünə heyfsiləndi. 
İbrahimin oxumaq dalınca gəlməsini eşidəndə ona elə bil dünyanı bağışladılar. 
- Səadət xanım, -  Hüseyn   Əfəndi ağır-ağır soruşdu: - İbrahimin haraya qəbul olunmaq 
istədiyindən xəbərin varmı? 
-Xeyr! 
- Ot kökü üstə bitər. Praporşik Paşa ağanın   oğlu   hərbi qulluqçu olmaq istəyir. 
- Hə! - qadın xeyli duruxdu, - demək mənim kəndimin, Salahlının ilk   savadlı  hərbi 
qulluqçusu olacaqsan, çox yaxşı,  çox gözəl, oğul. - Səadət xanım onu yenidən qucaqladı. 
- Kadet korpusunda yer yoxdur, bir az gec gəlib, bu gün sentyabrın altısıdır. Amma 
Hüseyn əmisi onu məyus qaytarmaz. Mirzə ipək kimi yumşaq   və dümağ   saqqalını   sığallayıb   
ani olaraq susdu: 
- Bəxtindən üçüncü Mecevoy hərbi gimnaziyasında bir yer var. Bu məktəbin 
direktorunun mənimlə dostluğunu bilirsən. O İbrahimi himayəsinə götürər. Mənə belə gəlir ki, 
burda   İbranim üçün çətin olmayacaq. Direktor milliyyətcə   Kazan  tatarıdır. Bizim dilə yaxşı 
bələddir. Ona həm   rus dilini   öyrədər, həm də təhsil verər. 
1866-cı il sentyabrın altısında  İbrahim ağa Paşa ağa oğlu Vəkilov həmin gimnaziyaya 
daxil oldu. 
Gimnaziyanı 1879-cu ildə müvəfəqiyyətlə bitirən İbrahim ağa Vəkilov praporşik rütbəsi 
alır. Qulluq uçun Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya 
qərargahı şöbəsində çalışır. 
Xidmət etdiyi ilk illərdə Dağıstanda topoqrafiya ilə  məşğul olan İbrahim ağa Vəkilov 
1883-cu ildə rus-İran komissiyasının tərkibində  Xəzər dənizindən  Əfqanıstana qədər olan 
sərhədlərin dəqiqləşdirilməsində  iştirak edir. Belə bir ciddi işi vaxtından  əvvəl, iki ilə 
müvəffəqiyyətlə yerinə yetirdiyinə görə  İbrahim ağa Vəkilovun xidməti  İran hökumətinin  ən 
yüksək “Şire-Xorşid” ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsində topoqrafiya işlərinə 
rəhbərlik edən  İbrahim ağa Qafqazın və Krımın muxtəlif rayonlarında topoqrafiya xəritəsinin 
çəkilməsi ilə  məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa dörd il rus 
səfirliyində yaşayaraq xususi tapşırıqları yerinə yetirir. Mayor rütbəsində  Vətənə qayıdaraq 
yenidən Qafqaz hərbi dairəsində xususi işlər icraçısı olur. 


 
43
Şöbə  rəisi podpolkovnik İbrahim ağa Vəkilov 1901-ci ildən Qars vilayətinin rus-türk 
sərhədlərində topoqrafiya işlərinə rəhbərlik edir. 
1912-13-cü illərdə Rusiya və İran hökumətlərinin danışıqlarına əsasən polkovnik İbrahim 
ağa Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində topoqrafiya xəritələrinin 
çəkilişinə başçılıq etmişdir. Birinci dünya müharibəsi illərində döyüşən ordu qərargahında qulluq 
edən polkovnik İbrahim ağa Vəkilov Oktyabr inqilabından sonra Tiflisə qayıtmışdır. Onun 
xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülmüşdür. 
Bir müddət Tiflisdə Xeyriyyə  cəmiyyətinin sədri olan İbrahim ağa Vəkilov sonralar 
Bakıda və Gəncədə fəaliyyət göstərmişdir. 
Xususilə Tiflis ədəbi mühitində yaxından iştirak edən  İbrahim ağa Vəkilov böyük 
dramaturqumuz Cəlil Məmmədquluzadə ilə yaxından dostlaşmışdı. Xalqımızın nicatı üçün hər 
iki dost birgə çalışırdı. Bu fakta Mirzə  Cəlilin həyat yoldaşı  Həmidə xanımın “Mirzə  Cəlil 
haqqında xatirələrim” kitabında da rast gəlmək olur. Həmidə xanım yazır ki, 1907-ci ildə 
Qarabağda çəyirtkə və aclıq gözlənilirdi... Tiflis Xeyriyyə Cəmiyyəti (cəmiyyətin sədri İbrahim 
ağa Vəkilov, katibi Mirzə  Cəlil idi) bizim rayonun məruz qaldığı  çıxılmaz vəziyyətdən xəbər 
tutduqda, zərərdidələrə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərmişdi. 
Bizdə Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq edən daha bir 
etibarlı  sənəd var. O da 1909-cu il martın iyirmi ikisində çap olunan “Molla Nəsrəddin” 
jurnalının on ikinci nömrəsidir. 
Həmin nömrədə İbrahim ağa haqqında iki dostluq şarjı verilmişdir. Birinci şarjda küçədə 
İbrahim ağaya rast gələn ziyalı müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər. 
Hamı onun Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyəti açmaq təşəbbüsünü bəyənir, ətrafına toplaşıb 
şirin-şirin söhbət edirlər. Ona deyirlər ki, sən Xeyriyyə  cəmiyyətini təşkil et, biz sənə maddi 
cəhətdən kömək göstərəcəyik. 
İzof Rotterin məharətlə  çəkdiyi bu şarcın altında belə yazılıb: “İbrahim ağa Vəkilov. 
Müsəlman, Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl”. 
Həmin səhifədə verilmiş ikinci şarjda isə  İbrahim ağa küçənin ortasında tək dayanıb. 
Ondan baş götürüb qaçan musəlmanlara baxıb acı-acı gülümsünərək, - bunlara nə oldu, - deyir. 
Xeyriyyə  cəmiyyətinə yardım etmək istəməyən “bu ziyalı müsəlmanların indi kimisi qaçır, 
kimisi də gizlincə tindən, dalandan qorxa-qorxa İbrahim ayağa baxır.  İbrahim ağanın  əlləri 
təəccüblə açıq qalıb  Şarjın altında: oxuuruq: “Xeyyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra”. 
Rəsmi sənədlərdən məlum olur ki, İbrahim ara Vəkilov görkəmli dövlət və partiya xadimi 
Muxtar Hacıyevlə,  Əliheydər Qarayevlə, Qəzənfər Musabəyovla, Həmid Sultanovla, 
Sultanməcid  Əfəndiyevlə, Tağı  Şahbazi ilə, general Tərlan  Əliyarbəyovla, Heydər Vəzirovla 
birgə işləmişdir. 
Əliheydyr Qarayevin məsləhətilə 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin 
müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa 
Vəkilov olmuşdur. 
Xalq komissarlığının və hərbi dəniz donanmasının əmrində oxuyuruq: 
Hərbi topoqrafiya şöbəsinin rəisi İbrahim ağa  
Vəkilov yoldaş hərbi topoqrafiya kurslarının  
təşkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə 
də yeni Qırmızı topoqrafiyanın 
 yetişdirilməsinə səmimi və vicdanla yanaşmasına  
görə, Qırmızı topoqrafçıların birinci buraxılışının  
təntənəsi günü, ümumi iclasın qərarına əsasən hərbi  
topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir. 
 
Hərbi Dəniz Donanmasını xalq komissarı: 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin