Generallari


AZƏRBAYCANLI, YOXSA POLYAK?



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə27/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   23   24   25   26   27   28   29   30   ...   51
AZƏRBAYCANLI, YOXSA POLYAK? 
 
İstirahət günü olduğundan Litsey-muzeyə baxmağa gələnlər daha çox idi. Hava dumanlı 
və yağışlı olsa da, böyük növbə vardı. Şəhərin qədim və zəngin tikililəri, təkrarsız gözəlliyi” - 
sarı  xəzəlli cökə xiyabanları, uzaqdakı dumanlı meşələr, “Səssiz” gölün cilvələnən ləpələri 
doğrudan da insanı valeh edir. 
Yanımda dayanan eynəkli kişi əlindəki qəzeti büküb gileylənməyə başladı: 
- Başa düşmürəm ki, bu boyda binaya niyə az adam buraxırlar. Ötən il də burda olmuşam, 
onda belə deyildi. 
- Əgər ötən il olmusunuzsa, bu il nəyinizə gərəkdir? - deyə mən söhbətə qoşuldum. 
- Elə deməyin. Gərək tarixə dönə-dönə baş çəkəsən... Bağışlayın, hardansınız? 
- Azərbaycandanam... 
- Mən də Tambovdanam. Gəlin tanış olaq: biologiya elmləri namizədiyəm. 
Mən də özümü təqdim etdim. Buraya nə məqsədlə gəldiyimi dedim. O, tələsik soruşdu: 
  
- Yaxşı, ay dost, bir dayan, Litsey hara, Azərbaycan hara? Məgər burda azərbaycanlılar 
da oxuyub? 
  
Düzü, bu haqda dəqiq heç nə bilmirəm. Amma bir faktı  dəqiq bilirəm ki, xalqımızın 
general oğlu Əliağa   Şıxlinski burda, keçmiş Çarskoye Seloda xidmət edib. Mən onun sorağı ilə 
gəlmişəm. Vaxtdan istifadə edib Litsey-muzeyə də baxmaq istədim. 
Nikolay Xaritonoviç heyrət və təəccüblə: 
- Məgər general Şıxlinski sizin xalqın oğludur?         
 - Bəli, necə məgər? 
    
-  O ki, polyakdır. Mən acı-acı gülümsünürəm. Eyni zamanda fikirləşirəm ki, bunun 
günahı özümüzdədi. Biz xalqımızın  şöhrətli oğlunu yaxşı tanımırıq. Üstəlik bəzi qələm    
sahiblərimiz    yerli-yersiz ona çar generalı damğası vurublar. Elə burda, bu dar macalda, necə 
deyərlər, dəridən-qabıqdan çıxıb müsahibimi    başa salıram ki, o, polyak deyil, azərbaycanlıdır. 
Mən ona Dövlət mükafatı laureatı, general-mayor, hərb elmləri doktoru, professor 
Yevgeni Zaxaroviç Barsukovun sözlərini xatırladıram: 
“Əliağa  Şıxlinski içərisindən çıxmış olduğu Azərbaycan xalqına bütün varlığı ilə sadiq 
olub, onu sonsuz dərəcədə sevib, eyni zamanda bütün Rusiyanın və bütün Sovetlər ölkəsinin də 
qızğın bir vətənpərvəri kimi həmişə vətən yolunda canından keçməyə hazır idi”. 
Nikolay Xaritonoviç: 
- Oxumuşam, - deyir, - onun  haqqında. Mən bioloq  olsam   da, tarixlə maraqlanıram. 
Lovğalıq olmasın, az-az tarixi roman və yaxud elmi-tarixi əsər olar ki, oxumamış olam. 
Aleksandr Stepanovun “Port-Artur”u, “Zvonaryovlar ailəsi” romanları stol-üstü kitablarımdır. 
Orda kapitan Şıxlinski, general Şıxlinski qoçaq adam kimi təsvir olunur, fəxr etməyə  dəyər. 
Təsəvvür edin ki, çar, Port-Arturda    uduzan    rus   generallarını Stesseli, Foku, Smirnovu və 
başqalarını məhkəməyə verdi. Şıxlinskini isə əksinə, (1906-cı ildə - Ş.N.) məşhur Georgi   ordeni 
ilə təltif etdi. 
- Azərbaycanlı general Şıxlinski - qəsdən   “azərbaycanlı” sözünü tez-tez işlədirəm ki, 
həmsöhbətimin yadında yaxşı qalsın, bundan sonra heç vaxt çaşmasın, - öz xatirələrini    yazıb, 
heç şübhəsiz ki, oxumamısınız. 
- Xeyr, oxumamışam. Nəsə rast gəlməyib. 
- Bizim Azərbaycanda nəşr olunub. Hökmən göndərərəm... 
- Yadıma düşdü, - deyə Nikolay Xaritonoviç sevinclə bildirir. Onun familiyasına “Rus 
artilleriyası birinci dünya   müharibəsində” adlı kitabda da rast gəlmişəm. Amma yenə deyirəm, 
mən bu günədək onu polyak bilmişəm.  İndi siz deyirsiniz azərbaycanlıdır. Bunu sübut edən 
əsaslı bir fakt varmı? 
İlişmişdim, özü də möhkəmcə. Yaxşı ki, əl çamadanımda Əliağa Şıxlinskiyə, onun həyat 
yoldaşı Nigar xanıma aid materialları, fotoşəkilləri özümlə götürmüşdüm. 


 
68
- Litsey-muzeydən çıxanda hara gedəcəksiniz? - deyə soruşdum. Leninqrada, orda 
qalıram, “Sovetski” mehmanxanasında. 
- Nə xoş təsadüf, mən də orda qalıram, on üçüncü  mərtəbə, on doqquzuncu otaq. Axşam 
qonağımsınız, ətraflı söhbət edərik... 
 
*  *  * 
 
Leninqradın və onun ətraf  şəhərlərinin havasını bircə gün yağmursuz təsəvvür etmək 
çətindir. Çətiri olmayanlar Litsey-muzeydən çıxan kimi qaçıb özünü avtobusa salırdı. 
Navalçalardan tökülən aramsız yağış  mərkəzi küçənin asfaltını yuya-yuya axıb Səssiz gölə 
qarışırdı. Gün günortadan keçmişdi. Nə hava açılırdı, nə  də yağış  kəsirdi. Buna baxmayaraq, 
dəstə-dəstə, ikibir-üçbir şəhər bağını, Yekaterina sarayının  ərazisini başı  çətirli gəzənlər 
azalmadı. 
Artilleriya zabitləri məktəbini və onun arxivinin yerini soruşdum. Litsey-muzeydəki 
növbətçi qız dedi ki, arxivi deyə bilmərəm, amma məktəbin binası durur. Arxiv üçün şəhər 
muzeyinə müraciət edin. Park küçəsi ilə gedin, muzey yolun üstündədir. 
Muzeydə  bələdçi qız dedi ki, Əliağa  Şıxlinskinin adını birinci dəfədi eşidirəm. 
Direktorumuz məzuniyyətdədir, amma bir yana getməyib, şəhərdədir. O, keçmiş Çarskoye-Selo 
və indiki Puşkin şəhəri haqqında kitab yazır, bilməmiş olmaz. İstəyirsiniz ev telefonunu verim, 
zəng edib soruşun. Məmnuniyyətlə razı oldum. O, - buyurun, - deyə ev telefonu, ad və familiya 
yazılmış balaca bir kağızı mənə verdi. 
Telefona Nina Aleksandrovna Trofimovanın özü gəldi. O, Bakıdan olduğumu biləndə: 
- Allah xatirinə, heç bir izahat, təqdimat lazım deyil, vaxtınız varsa, gözləyin, indi 
gəlirəm. 
Yarım saat keçər-keçməz Nina Aleksandrovna gəlib çıxdı.  
- Bağışlayın, - dedi, - bir az gecikdim, lətifəsi sizdən uzaq, bizim şəhərin yağışı üzlü 
qonaq kimidi, gəldi, getmək bilmir. “Bakı” sözünü eşidəndə sevindim. Bakılılara, ümumiyyətlə, 
azərbaycanlılara böyük hörmətim var. 
Ürəyim fərəh hissiylə döyündü. Uzaqda yağışlı, soyuq bir havada xalqımızın haqqında 
eşitdiyim xoş söz canıma hərarət, gözümə nur gətirmişdi. 
- Buyurun, eşidirəm, mənə dair qulluğunuz? - deyə Nina Aleksandrovna mehriban 
gözlərini mənə dikdi. 
Mən nə məqsədlə gəldiyimi izah elədim. O, gülümsəyə-gülümsəyə dedi: 
 - 
Əliağa Şıxlinski general olub, özü də elə - belə general yox, ordudakı misilsiz xidmətinə 
görə artilleriyanın “allahı” sayılıb. - Mən onun haqqında eşitmişəm də, oxumuşam da. Amma 
çox təəssüf ki, onunla bağlı muzeyimizdə   heç nə yoxdur,   təkcə ondan yox, heç onun işlədiyi 
məktəbdən də bir sənəd, fotoşəkil qalmayıb. Məndə bir kitab var, 1911-ci ildə Sankt Peterburqda 
çap olunub. – “Çarskoye Selo” - müəllifi  də Sergey Nikolayeviç Velçikovskidir. O kitabı 
gətirim baxaq. 
Kitabın bir yerində polkovnik Şıxlinskinin adı  çəkilir. Məktəb haqqında olan faktları 
dəftərçəmə köçürdürəm. Arxiv haqqında isə yenə də heç nə əldə edə bilmirəm.  
Nina Aleksandrovna soruşur: 
 - 
Yaxşı, qonaq, belə yağışda yolun haradır? 
 - 
Məktəbə baxmaq istəyirəm. 
- Gedək göstərim, mənim evim də o istiqamətdədir. 
Biz məktəbin həyətinə çatdıq.  İndi burada “Puşkin  şəhər Ali Radiotexnika məktəbi” 
yerləşir. Bazar günü olduğundan rəhbər işçilərdən heç biri yoxdur. Nina Aleksandrovna xahiş 
edib muzeyi açdırdı. Təəssüf ki, general Əliağa Şıxlinski haqqında heç nə tapa bilmədik. Muzey 
əsasən 1940-cı ildən bu günlərədək olan eksponatlar əsasında qurulub. Biz siyasi işlər üzrə 
komissardan keçmiş  məktəb zabitlərinin yaşadığı binanın yerini göstərməyi xahiş etdik. O, 
ikimərtəbəli bir binanı göstərdi. 


 
69
“Burda məktəbin rəisi, müavinləri,  əlbəttə, ailələri ilə birlikdə yaşayıblar”. “Məktəb 
müavininin evi”. Deməli, Şıxlinski həyat yoldaşı Nigar xanımla burda yaşayıb. 1906-cı ildən ta 
1914-cü ilin yayına kimi isti ocağı, doğma evi bura olub. Burda o, gecədən keçənə kimi qərib-
qərib yanan lampa işığında elmi-hərbi məqalələrini yazıb, onu bütün dünyaya tanıdan məşhur 
“Şıxlinski üçbucağını” tərtib edib. 1912-ci ildə Nigar xanım qışın bir ayını Tiflisdə atası evində 
olanda general Əliağa Şıxlinski qəribsəyərək yazmışdı: 
 
Səni ziyarət eylərəm, 
Sənə ibadət eylərəm. 
Həm çox sədaqət eylərəm
Çün son Nigarımsan mənim. 
 
Mən aşiqin adı Əli, 
Verdin bu dərsi bilməli: 
Eşqindən olmuşam dəli, 
Sən ahu-zarımsan mənim, 
 
Burda, bu evdə general Şıxlinskinin həyat yoldaşı Nigar xanımın bir vaxt bişirdiyi dadlı-
tamlı  Şərq xörəkləri qraf Baransevi, general Sinitsini, Barsukovu, knyaz Sergey Vasilyeviçi 
heyran qoyub... 
1914-cü ildə  məktəbi yoxlamağa gələn qraf Baransev üzünü general Şıxlinskiyə tutub 
deyir: 
- Hamı sizi tərifləyir. Həyat təcrübəmə görə əgər bir adamı tərifləyirlərsə, deməli, burda 
bir fırıldaq var. 
On gün məktəb heyətinin işilə yaxından tanış olan yoxlama qrupu heç bir qüsur tapa 
bilmir. Qraf Baransev Əliağa  Şıxlinskiyə nümunəvi rəhbərliyinə görə  təşəkkür etmək üçün 
general Qaitinovla onun evinə gəlir. 
“Qraf Baransev gəldi. O, son dərəcə mehriban idi. Arvadımla tanış oldu, onun əlini öpdü, 
sonra general Qaitinova müraciət edərək dedi: 
- Mən indi inandım ki, belə bir köməkçisi olan hər cəhətdən xatircəm ola bilər. 
 `Görüşüb ayrılarkən qraf  Nigar xanıma dedi: 
- İzin verin ərinizi qucaqlayım. 
Arvadım ona cavab verdi: 
- Nəinki icazə verirəm, ona qarşı   səmimiyyətinizə görə təşəkkür edirəm. 
Qraf məni qucaqlayıb üç dəfə öpdü”. 
Çarskoye Selo xatirələri general - mayor, hərb elmləri doktoru, professor Yevgeni 
Barsukovun da qəlbində unudulmaz izlər qoymuşdu. “1905-ci ildən 1914-cü ilə kimi mən 
həmişə topçu - general - müfəttiş  tərəfindən taktika dərsləri vermək və qrupların təcrübi 
atışlarına rəhbərlik etmək üçün topçu zabitləri məktəbinə göndərilirdim.  İşi ilə yaxından tanış 
olduğuma görə, təsdiq edə bilərəm ki, Əliağa Şıxlinski məktəbin ali akademik topçuluq təhsili 
görmüş bütün ştatlı rəhbərləri arasında ən görkəmlisi və ən istedadlısı idi... 
Əliağa  Şıxlinski arvadını sonsuz bir məhəbbətlə sevirdi, övladı yox idi. Qumara nifrət 
edirdi, heç bir zaman spirtli içki içməzdi. Pulla kart və başqa bir oyun oynamazdı, çox mehriban 
və qonaqpərvər idi. Yoldaşlarını tez-tez ləzzətli plova qonaq edərdi...”. 
Mən bütün bunları Nina Aleksandrovnaya və siyasi komissara danışdım. Onlar məni 
heyranlıqla dinlədilər. Hiss edirdim ki, bəzi faktlara şübhə ilə yanaşırlar. Bəlkə ona görə də Nina 
Aleksandrovna dözə bilməyib soruşdu: 
-  Məgər general Şıxlinskinin həyat yoldaşı rus  olmayıb? 
- Xeyr, - dedim, - öz əmisi qızını - Nigar xanım Mirzə Hüseyn qızı Qayıbovanı alıb. 
Buyurun, baxın, bu da onun fotoşəkli. Tiflisdəki Nücabə qızlar institutunda oxuyarkən çəkilib, 
1889-cu ildə  çəkdirib, həmin institutu qızıl medalla bitirməsi münasibətilə. Yaxasındakı banta 
fikir verin.    İnstitutu   əla qurtaranların hamısı belə bir bantla təltif olunurdu. 


 
70
Nigar xanım fransız dilini də təmiz bilirmiş. 
1912-ci ilin yayında Çarskoye Seloya gələn fransız generalı Dezavye onun danışığına valeh 
olmuşdur. General Dezavye soruşanda ki, neçə il Parisdə yaşamısınız, o, gülümsünüb cavab 
vermişdir ki, heç vaxt Rusiyadan kənara çıxmamışdır. Ona təşəkkür edən general Dezavye 
demişdir: 
- Məni heyrətə gətirdiniz, madam, öz gözəl, təmiz fransızca danışığınıza görə... 
Bundan başqa Nigar xanım fars dilini də mükəmməl öyrənmişdi.  Ərəb qrammatikasına 
isə yaxşı bələd idi. 
Nigar xanımın yaxın qohumu, mərhum Zülfüqar Qayıbovun altı il əvvəl mənə söylədiyi 
bir əhvalatı da onlara danışdım: Bir dəfə anası ilə doğma Salahlı kəndindən Tiflisə gedən Nigar 
Saloğlu stansiyasında qatar gözləməli olur. Bu vaxt Qarayazı çölündən ekspedisiyadan qayıdan 
iki fransız da qatarın gəlməsini gözləyirmiş (Ötən  əsrin sonlarında imperatorun əmrilə Qazax 
qəzasının Qarayazı düzündə pambıq-təcrübə plantasiyası   salınmışdı - Ş.N.) Fransızlardan   biri 
o  birinə milli geyimdə olan Nigar xanımı göstərib deyir: 
- Ora bax, gör türk qızı necə gözəldir, amma heyf, çox zövqsüz geyinib. 
Fransızların Nigara baxıb nəsə dediklərini hiss edən anası Səadət xanım: 
- Qızım, - deyir, - onlar səndən danışırlar? 
- Ana, dinmə, onlar məni və geyimimi təhqir etdilər. Eybi yoxdur, bu saat cavablarını 
alarlar. 
Qatar gəlir. Minirlər. Bir xeyli gedəndən sonra Nigar xanım çölə baxıb fransızlardan 
təmiz fransız dilində soruşur: 
- Cənab, zəhmət olmasa, deyin görək, saat neçədir, hələ Naftulluqa çoxmu qalır? 
Heyrətdə qalan fransızlar özlərini itirirlər. Dönə-denə Nigar xanımdan və anasından üzr 
istəyirlər. 
Şəkillərdən birini götürüb ona diqqətlə baxan Nina Aleksandrovna soruşur: 
- Bu da Nigar xanımın şəklidir? 
Bəli, o, həm də bizim xalqın   ilk hərbi    şəfqət   bacısı olub. 
Başımız söhbətə elə qarışmışdı ki, kursantların  ətrafımıza nə vaxt yığışdıqlarını hiss 
eləməmişdik. Siyasi komissar irəli durub dedi: 
  
- Görürsünüzmü,   necə maraqla qulaq asırlar, vaxtınız varsa, bir az da danışın. Mən elə 
bilirdim inqilabdan əvvəl sizin qadınlar məktəb üzü görməyiblər, çadrada,   dörd divar arasında 
yaşayıblar. 
Mən Saltıkov-Şedrin adına kütləvi kitabxananın arxivindən  əldə elədiyim “Artilleriya 
zabitləri məktəbinin xəbərləri” jurnalının surətini onlara göstərdim: 60-61-ci səhifədə yazılıb ki, 
Nigar xanım  Şıxlinskaya “Qadın xeyriyyə  cəmiyyəti”nin sədri seçilib. Digər bir səhifədə isə 
daha qırx beş qadının adı, familiyası çap olunub. Bunlar qadın cəmiyyətinin üzvləri - Nigar 
xanımın tabeliyində  işləyənlərdir. Jurnalın yetmiş  səkkizinci səhifəsində Nigar xanım 
Şıxlinskayanın “Dul qadınlar, yetim uşaqlar və  aşağı rütbəli ailələr üçün” adlı müraciəti dərc 
olunub. Məqalədə göstərilir ki, hökumət müharibədə ailə başçısını itirənlərə yardım verib, təqaüd 
kəsməlidir... 
Birinci dünya müharibəsi başlananda artilleriya zabitləri məktəbinin müdavimləri bir 
nəfər kimi döyüşən orduya - Vətəni qorumağa gedirlər. Onların tədris binası, kazarmaları yaralı 
əsgərlər üçün qospitala çevrilir. Zabit arvadları yaralı əsgərlərə yardım göstərmək üçün “Qırmızı 
xaç” cəmiyyətini təşkil edirlər. Nigar xanım Şıxlinskaya həmin cəmiyyətə sədr seçilir. 
İmperatorun “Qırmızı xaç” cəmiyyətinin səlahiyyətli nəzarətçisi polkovnik Velçinski bir 
yoxlama zamanı demişdir ki, Nigar xanım  Şıxlinskayanın başçılıq etdiyi xəstəxana hazırkı 
müharibədə fövqəladə təşkil olunmuş bütün “Qırmızı xaç” çəmiyyətinin xəstəxanaları arasında 
ən yaxşısıdır. Onu da xatırladaq ki, xəstəxananın rəsmi adı “Topçu zabitləri məktəbi qadın 
komitəsinin xəstəxanası” olmasına baxmayaraq, hörmət əlaməti olaraq hamı ona “Şıxlinskayanın 
xəstəxanası” deyirmiş. 
General Əliağa Şıxlinskinin özü bu barədə yazır: 


 
71
“Mənim arvadım həmişə xəstəxanada olurdu. Komitənin sədrliyi vəzifəsini ifa etməkdən 
başqa,  əsgərlər üçün evlərinə” rusca, kazan tatarlarının, kazakların və başqalarının dillərində 
məktub yazırdı. Əsgərlər mənim arvadımı son dərəcə sevir və onu “mamaşa” - deyə çağırırdılar; 
tez-tez bu xəstəxanaya getdiyimdən mənə də “papaşa” deyirdilər”. 
- Yəqin ki, sizə Nigar xanım  Şıxlinskayanın 1914-cü ildə “Müharibəyə  əzizlərini yola 
salan qadınlara” adlı məqaləsi də məlum deyil, - deyə mən yanımdakılara müraciət etdim. 
- Xeyr, əlbəttə, məlum deyil, biz onu hardan oxuya bilərik ki?.. 
- Həmin müraciət - məqalə 1914-cü-ildə “Russkiy invalid” - qəzetinin dörd avqust 
nömrəsində çap olunub. Əlimdəki qəzeti göstərdim, - baxın, bu da onun surəti. Ana ürəyinin 
çırpıntıları ilə yazılmış bu məqalədə böyük vətənpərvərlik hissi var. 
Nigar xanım yazır ki, döyüşçünün qadını ağlayıb sızlamaqdansa, sağlamlığını qorumalı, 
uşaqlarına qayğı göstərməlidir. Qoy Vətən uğrunda döyüşən  ərin qulağına ailəsi, uşaqları 
haqqında xoş sədalar yetişsin. 
- Bəs,  Əliağa Şıxlinskinin, Nigar xanımın inqilaba münasibəti necə olub? - deyə, ucaboy, 
enlikürək bir kursant soruşur. Kursant yoldaşları gülə-gülə,  ərklə ona   söz atırlar   ki, gör 
həmyerlisi ilə neçə maraqlanır... 
- Ruslarda   belə bir məsəl var: “Gözəl doğulma, xoşbəxt doğul”. Bu müdrik  atalar 
sözünü həyatın bütün   kəşməkəşini qoşa addımlayan general Əliağa Şıxlinskiyə və onun həyat 
yoldaşı Nigar   xanıma aid etmək olar.   Onu da etiraf etmək lazımdır ki, Nigar xanım həm gözəl
həm də xoşbəxt doğulub. Bayaq    siz onun şəklini gördünüz, gözəlliyinə heyran qaldınız. Onlar 
həyatın bütün gözəlliyindən zəhmətləri və çalışqanlıqları    bahasına tam istifadə edə biliblər. 
1917-ci ildə general Şıxlinski inqilab edən xalqın tərəfinə keçir. Həmin il noyabrın on 
beşində Qafqaza qayıdır. Bir müddət milli diviziyanın təşkili ilə  məşğul olur. 1920-ci ilin 
baharında XI Ordu Bakıya gələndə müsavatın daxili işlər nazirinin müavini Şəfibəy 
Rüstəmbəyov Əliağa Şıxlinskiyə deyir: 
- Hə, cənab general, qaçmırsınız? 
 - Öz Vətənimdən niyə qaçım ki? 
 - Sizi öldürərlər. 
Təmkinini pozmayan Əliağa Şıxlinski sakitcə belə cavab verir: 
- Gələnlər ağıllı adamlar olsalar, məni öldürməzlər, çünki onların işlərinə yararam, 
axmaqlardan isə heç yerdə canını qurtara bilməzsən. Buna görə  də  Vətənimin mənə ehtiyacı 
olduğu bir zamanda onu qoyub getmərəm. 
General  Əliağa  Şıxlinski ömrünün axırına kimi Sovet Azərbaycanına sədaqətlə qulluq 
edir. 1920-ci il aprelin 30-da müvəqqəti respublika hərbi-dəniz komissarının müavini təyin 
olunur.  İnqilab komitəsinin sədri Nəriman Nərimanov 1920-ci il avqustun birində onu rəsmi 
məktubla Moskvaya - V.İ.Leninin sərəncamına göndərir. 
N.Nərimanov yazır ki, “...mövqeyimiz sakitləşənə  qədər və ümumi işimizə kömək 
məqsədi ilə biz hər halda bu qərara gəldik ki, onları (S.Mehmandarovu və  Ə.Şıxlinski - Ş.N.) 
qərargahda işləmək üçün sizin sərəncamınıza göndərək, çünki onlar hərbi mütəxəssislər olmaq 
etibarı ilə  əvəzsizdirlər. Onlardan biri. Şıxlinski rus ordusunda “artilleriyanın allahı” sayılırdı. 
Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər”. 
Burada o, Ali topçuluq məktəbində müəllim işləyir. 1921-ci ilin fevralında Petroqradda 
olan  Şıxlinski topçuluq Akademiyasında mühazirələr oxuyur. Bir il sonra Nərimanovun xahişi 
ilə Azərbaycana qayıdır. Bakı qarnizonunun hərbi-elmi bilik cəmiyyətində topçuluqdan silsilə 
mühazirələr oxuyur. İlk dəfə “Rusca-azərbaycanca qısa hərbi lüğət”in yaradıcısı olur. 
1923-cü ildə Bakıya gələn görkəmli sərkərdə M.V.Frunze onun elmi və hərbi fəaliyyətini 
yüksək qiymətləndirərək demişdir ki, burada Şıxlinski üçün fəaliyyət sahəsi çox dardır. 
Danışdıqca hiss edirdim ki, kursantları da, Nina Aleksandrovnanı da, siyasi komissarın 
özünü də Nigar xanımın sonrakı taleyi, daha doğrusu inqilabdan sonrakı  fəaliyyəti daha çox 
maraqlandırır. Ona görə  də  Əliağa  Şıxlinski haqqında söhbətimə yekun vurub, Nigar xanım 
haqqında bildiklərimi onlara nəql etdim. 


 
72
Hələ inqilabdan əvvəl Tiflisdə  təşkil olunmuş “Qafqaz qadınlarının xeyriyyə 
cəmiyyətinə” ömürlük üzv seçilən Nigar xanım inqilabdan sonra Azərbaycan qadınlarının 
azadlığı və təhsili ilə xüsusi məşğul olmuşdur. 
1921-ci ildə Nigar xanım “Yeni fikir” qəzetində Azərbaycan  ədəbiyyatına dair sanballı 
bir məqalə ilə  çıxış etmiş, dilin saflığını korlayan çığırdaş  qələm sahiblərini tənqid atəşinə 
tutmuşdu. “Axır vaxtarda çox yazır və söyləyirlər ki, molla dili, kitab dili ilə yazmaq lazım deyil; 
yazı el, camaat diliycə yazılmalıdır ki, “hamı onu qansın”. Belə sözləri oxuyanda, eşidəndə adam 
fikir edir ki, kişi doğru deyir, camaat dili ilə yazılsa hamı başa düşər. Amma bu doğru deyən 
kişinin dediyini yerinə yetirmək çox çətin işdir. Camaat dili ilə demək asandır. Amma camaat 
dili - “Azərbaycan oxumamış dili” hansıdır? Hamının məlumdur ki, Azərbaycan camaatı 
növbənöv şivədə danışır: Şəki, Şirvan, Gəncə... hər biri bir   başqa   şivədə, El dili ilə yazmaq 
istəyən hansı camaatın şivəsi   ilə  yazılmışdır? Məsələn: “bayır” desin, yoxsa “eşik”,   “külək”   
desin, yoxsa “yel”, “necə” desin, yoxsa “hancarı”, “nöşün” desin,   yoxsa “niyə”, “ana” desin, 
yoxsa “cici”, “cici”, “dəgil” desin, yoxsa “dögü”, “deyil”, “döyül” və i.a. Bu camaatın hansının 
şivəsində yazılsa, o birinin xoşuna gəlməyəcəkdir. Demək ki, həmişə    və  hər yerdə camaat 
söylədiyi dildə yazmaq olmaz. Hər millətin və camaatın növbənöv şivəsi vardır, amma ədəbi dili 
birdir. Yazan özü hər nə şivədə danışsa da, yazdığını ədəbi dildə yazır”. Nigar xanım Şıxlinskaya 
zəngin klassik ədəbiyyatımızı, mədəni   irsimizi qoruyub saxlamağı  gənc nəslə tövsiyə edir, 
ədəbiyyatımızı, dilimizi yad   ləhcələrdən təmizləməyin doğru-dürüst yolunu göstərirdi. 
 
*  *  * 
 
Çölə baxdım, qaranlıq düşmüşdü. Dərhal xatirimdən keçdi ki, görəsən, kitab tapıldımı? 
Sifarişlərimin cavabı indi necədi?  Şəhərə çatana kimi kitabxana bağlanacaqmı? Özümə  təsəlli 
üçün bir el məsəlini xatırladım: axşamın xeyrindən səhərin  şəri yaxşıdır. Ona görə  də birbaşa 
mehmanxanaya qayıtmağı qət elədim. 
Ayrılanda Nina Aleksandrovnanı fikirli gördüm. Düzü, əvvəl ürək eləmədim soruşmağa. 
Nəhayət, dözə bilməyib: 
- Niyə belə fikirlisiniz, Nina  Aleksandrovna? - deyə    soruşdum, - nəsə sözlü adama 
oxşayırsınız? Bəlkə    mənim çıxışımda xətrinizə dəyən söz... 
O, gülümsəyə-gülümsəyə başını buladı və soruşdu: 
- Hər adın bir mənası var. Nigar    nə deməkdir?   Mənası nədir? 
- Nigar, - dedim, - sevgili, şəkil kimi gözəl deməkdir. 
- Onda mümkünsə, Nigar xanımın şəklinin    birini    yazıb mənə bağışlayın. Bircə qızım 
var, - dedi, - tale mənə onu  qoca yaşlarımda qismət edib. Bir neçə ay olar ki, ərə vermişəm. 
Nəvəm qız olsa adını Nigar qoyacağam... 
Nədənsə məni qəribə, kövrək bir hiss bürüdü. Özümü cəmləşdirib dedim: 
- Çarskoye Seloda yetmiş il əvvəl kişi qeyrətli bir Nigar yaşayıb. Özünün şəfalı əllərilə 
yaralı  əsgərlərə  şəfa verib. Qoy gözəl Puşkin  şəhəri  heç vaxt   Nigarsız olmasın. Sizin Nigar 
bizim Nigar xanımın adına layiq böyüsün, elinə-obasına gərəkli övlad olsun, - deyib 
xudahafizləşdim. 
 
* * * 
 
Leninqradda ən çox sevindiyim 1984-cü ilin bir oktyabr günü oldu. İntizarında olduğum 
kitab nəhayət, tapıldı. “Səhra toplarının cəbhədə işlədilməsi”, müəllifi polkovnik Şıxlinski, Luqa 
şəhəri, 1910-cu il. 
Artilleriyanın, xüsusən rus-yapon müharibəsində, səhra artilleriyasında döyuşdə istifadə 
olunması qaydaları konkret şəkildə işlənib hazırlanmış və elmi cəhətdən əsaslandırılmışdır. Kitab 
altı fəsildən ibarətdir. 
Bu uğurlu gündə V.Bertelsin 1912-ci ildə Varşavada çap etdirdiyi “Quru qala qoşunları 
və  ağır səhra artilleriyası  tərəfindən atəş açılmasında artilleriya cinahlarından istifadə edilməsi 


 
73
haqqında məlumatlar” kitabını  əldə edib, hər ikisinin surətini çıxartdırdım. V.Bertels kitabının 
ikinci hissəsində polkovnik Şıxlinski “Üçbucağı”nın artilleriyada böyük, əvəzsiz əhəmiyyətindən 
bəhs edir: “Artilleriya atəşinin aparılmasında “Şıxlinski üçbucağı” böyük rol oynamışdır. 
“Üçbucağın” ətraflı şərhi və yazılışı ilk dəfə 1912-ci ildə çap olunmuşdur. 
“Şıxlinski üçbucağı” təkcə rus artilleriyasında deyil” Fransa, İsveçrə, Norveç və Avstriya 
artilleriyasında da böyük şöhrət qazanmışdır”. 
 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin