Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
 
 
 
SOLMAYAN ŞÖHRƏT 
 
Mən öz keçmişimə təmiz bir vicdanla
müasirlərimin üzünə tam cəsarətlə baxıram. 
 
Əliağa Şıxlinski, 
 
Əliağa general təkəbbüründən əsər-
əlamət yox idi... Şıxlinski hərbi akademiyanı 
bitirməsə də, fitri zəkası, praktik fəhmi 
topçuluq məsələlərində ona böyük nüfuz 
qazandırmışdı, 
 
Aleksandr Stepanovun  
“Zvonaryovlar ailəsi” romanından. 
 
 
“İllər atını dördnala çapır, həyat öz axarında davam edir. İllər, əsrlər bir-birini əvəz etsə 
də, Vətən uğrunda əvəzsiz xidməti olan oğulların adı əbədi yaşayır, unudulmur. O oğulların ki, 
Vətənin dar günündə silaha sarılıb   ana torpaq uğrunda sipər olublar. 
“Bir dəfə (1906-ci ildə - Ş.N.) məni bir Avstriya topçusu ilə tanış etdilər. 
- Bu Şıxlinski, məşhur  Şıxlinskinin qohumu olmasın ki, - deyə o, yanındakılardan 
soruşdu. 
Mən, həmin Şıxlinski olduğumu dedikdə, əlini mənə uzadaraq - Sizin üçbucağınız bizim 
bütün topçularımıza yaxşı məlumdur, - dedi. 
“Manevrlərdən sonra bizim məktəbdə (1912-ci ildə  Ə.Şıxlinski Çarskoye Selodakı 
Artilleriya Zabitləri Məktəbində müavin vəzifəsində idi - Ş.N.) ziyafət verildi. Yemək zamanı 


 
55
fransız polkovniki Varlen mənim yanımda oturmuşdu. Dövlət başçılarının, rus və fransız 
xalqlarının, müttəfiq orduların sağlığına rəsmi tostlar deyildi. Varlen əyilib qulağıma dedi: 
 - 
Əliağa, sizin sağlığınıza! 
Mənim adımı hardan bildiyinə təəccüb etdim, çünki biz birinci dəfə idi ki, görüşürdük. 
Adımı hardan bildiyini soruşduqda dedi: 
- Fransada sizi yaxşı tanıyırlar. Buraya gəlib  topçu  zabitləri məktəbinə baxaraq geri 
dönənlər həmişə sizdən danışırlar”. 
Hərb aləmində görkəmli sərkərdə, müdrik nəzəriyyəçi kimi ad-san qazanmaq hər kəsə 
qismət olmur. Əgər gənclikdən bu sənəti sevib-seçmisənsə, ən başlıcası Vətənə xidmət etdiyini  
dərk etmisənsə, onda hərbi şan-şöhrət özü sənin ayağına gələcək. 
General  Əliağa  Şıxlinski rus ordusunda nümunəvi xidmət edən bir əsgər olaraq 
qalmamışdır. O, topçuluq elminin inkişafında hərbi xadim kimi də böyük nailiyyətlər 
qazanmışdır. Onun 1910-cu ildə Luqa şəhərində  nəşr olunmuş “Səhra toplarının cəbhədə 
işlədilməsi” adlı sanballı  əsəri və  hərbi dərsliklərə salınmış  “Şıxlinski üçbucağı”, “Şıxlinski 
formulu”, kəşf və ixtiraları ona şan-şöhrət gətirmiş, bir Azərbaycan oğlunun adının  ən yüksək 
dairələrdə belə hörmətlə çəkilməsinə səbəb olmuşdur. 
V.Bertels 1912-ci ildə Varşavada çap etdirdiyi “Quru qala qoşunları  və  ağır səhra 
artilleriyası  tərəfindən atəş açılmasında cinahlardan istifadə edilməsi haqqında məlumatlar” 
kitabında onun elmi fəaliyyətinə yüksək qiymət verərək yazmışdır: 
“Artilleriya atəşinin aparılmasında “Şıxlinski üçbucağı” böyük rol oynamışdır. 
“Üçbucağın” ətraflı şərhi və yazılışı ilk dəfə 1912-ci ildə çap olunmuşdur. 
“Şıxlinski üçbucağı” təkcə rus artilleriyasında deyil, Fransa, İsveçrə, Norveç və Avstriya 
artilleriyasında da böyük şöhrət qazanmışdır”. 
Əliağa  Şıxlinski artilleriya tarixində ilk dəfə toplarda gözlə görünməyən hədəfə atəş 
açmaq texnikasını  işləyib hazırlamış  və onların təkmilləşdirilməsi işinə bir sıra yeniliklər 
gətirmişdir. 
Ömrünün qoca yaşlarında belə  Şıxlinski elmi fəaliyyətindən qalmamış, Bakı 
qarnizonunun hərbi elmi cəmiyyətinin sədr müavini işləmişdir. “Gələcək müharibədə toplar”, 
“Topların piyada və süvarilərlə qarşılıqlı əməliyyatı”, “Topların dağlıq yerlərdə atəş xüsusiyyəti 
haqqında”, “Alay topları haqqında” adlı  hərb elmi üçün böyük əhəmiyyəti olan silsilə 
mühazirələr oxumuşdur. 
Əliağa  Şıxlinski 1928-29-cu illərdə Bakıda nəşr olunan “Hərbi bilik” jurnalında silsilə 
hərbi-nəzəri məqalələrlə çıxış etmişdir (“Hərbi bilik” jurnalı, 1928-ci il, № 2,8. 1929-cu il № 1,2 
və s.) 
Hava hədəflərini vurmaq üçün atəş qaydalarının hazırlanması, alay və batalyon toplarının 
yaradılması kimi gərəkli ideyaların müəllifi də general-leytenant Əliağa Şıxlinskidir. 
“Rusca-azərbaycanca qısa hərbi lüğət”in də ilk yaradıcısı general-leytenant Əliağa 
Şıxlinskidir. Onun 1926-cı ildə “Azərbaycan hərbi redaksiyası” tərəfindən nəşr olunmuş lüğəti 
hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın tərcümə olunmasında böyük əhəmiyyət kəsb 
etmişdir. Eyni zamanda hərbi məktəblərdə, yenicə yaranmış ordu sıralarında xidmət edən 
azərbaycanlı əsgərlər lüğətdən qiymətli bir vəsait kimi istifadə etmişlər. Bütün bu əvəzsiz elmi 
xidmətlərinə görə general-leytenant Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 
fevral qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur. 
`O vaxtdan çox illər keçsə də həmin lüğət öz elmi dəyərini itirməmiş, bu günlərdə belə 
qiymətli bir elmi məxəz kimi alimlərin diqqətini cəlb edir. 
“Azərbaycan SSR EA-nın müxbir üzvü Ə.Ə.Orucovun “Əliağa Şıxlinskinin bir əlyazması 
haqqında” terminoloji-leksikoloji etüdü bu gün dilimizdə  işləklik qazanmış bir çox terminlərin 
yaranma tarixini öyrənməkdə bizə kömək edir. Həmin məqalədə təkcə hərbi terminologiyamızın  
deyil, həmçinin bir çox başqa elm sahələrinin inkişafına vətəndaşlıq   qayğısı   göstərmiş general 
Əliağa  Şıxlinskinin maraqlı        mülahizələri ilə tanış oluruq. Məlum olur ki, görkəmli   hərbi   
mütəxəssis hələ 1941-ci ildə bir çox rus terminlərinin dilimiz üçün xarakterik olan elə 
qarşılıqlarını tapa bilmişdir ki, hələ də  öz leksik-terminoloji    əhəmiyyətini    saxlamaqdadır: 


 
56
qaravəlli (anektod), saxlanc  (zapas-ərəb mənşəli “ehtiyat” sözünün  əvəzində), pərənpozan 
(dezorqanizator), çıxdaş  (brak) kimi   sözləri bunlara misal göstərmək olar”
12

 
  
 
1942-ci ildə ömrünün son günlərini yaşayan general gələcək nəsil üçün əvəzsiz bir 
yadigar da qoyub getmişdir. O, görkəmli filosof-alim Heydər Hüseynovun məsləhətilə 
xatirələrini yazmışdır. Qoca general tərəfindən diktə olunan “Xatirələrim” müəllifin ölümündən 
bir il sonra, 1944-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı  tərəfindən rus və 
Azərbaycan dilində çap olunmuşdur.
13
 
Müdriklər haqlı deyiblər ki, tarix gələcək nəsil üçün dərslikdir. 
Saf bir vicdan və böyük təvazökarlıqla yazılmış  Şıxlinski xatirələrində bugünkü gənclik üçün 
öyrənilməli çox şey vardır. Haqlı olaraq tədqiqatçılar bu əsəri ilk sanballı memuarlardan biri 
hesab edirlər. 
General  Əliağa  Şıxlinskinin “Xatirələrim”i çap olunan kimi həm mərkəzi, həm də 
respublika mətbuatında hərbi mütəxəssislər tərəfindən maraqlı rəylər yazılmışdır. 
Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, professor Yevgeni Zaxaroviç Barsukov Ə. 
Şıxlinskinin “Xatirələrim”ini son dərəcə maraqlı və ibrətli əsər sayır. Kitabı böyük Vətənimizin 
geniş oxucu kütləsi üçün tövsiyə edir. “Qızıl Ordunun komanda heyəti onunla tanış olmalı, 
topçular isə onu öyrənməlidirlər” hökmünü verir. 
Əliağa  Şıxlinskinin “Xatirələrim” kitabını mütaliə edənlərdən biri də M.V.Lomonosov 
adına Moskva Dövlət Universitetinin professoru Arkadi Lavroviç Sidorov olmuşdur. Bu qiymətli 
kitabın hərbi  əhəmiyyətindən və tarixçi alimlər üçün gözəl məxəz olmasından bəhs edən 
professor A.Sidorov “İstoriçeskiy jurnal”ın 1945-ci ildəki üçüncü nömrəsində yazmışdır: 
“Köhnə rus ordusunun son dövrünə aid yazılmış bollu xatiratla biz kifayətlənə bilmərik. 
Bu xatirələrin  əksəriyyətini Rusiyadan qaçan, öz xatirat və qeydlərində  gənc orduya qarşı öz 
“döyüş  qəhrəmanlıqlarını” təsvir edən ağqvardiyaçı generallar yazmışlar. Onların xatirələrində 
bilavasitə ordu qayda-qanununa, əsgər və zabitlərin hazırlıq sisteminə aid materiallar adətən çox 
azdır. 
Şıxlinskinin xatirələri, Oktyabr sosialist inqilabından sonra öz əlaqəsini Vətəndən və 
ordudan kəsməyən  şəxslər tərəfindən yazılmış tarixi sənədlərdən biridir. Buna görə  də 
Şıxlinskinin xatirələri, rus ordusunun tarixini öyrənmək üçün xüsusi bir tarixi məxəz kimi 
qiymətlidir. Rus-yapon müharibəsi haqqında fəslin tarixçilər üçün əhəmiyyəti daha böyükdür”. 
1945-ci il aprelin iyirmi altısında isə artilleriya general-leytenantı Parseqov SSRİ Elmlər 
Akademiyasının Azərbaycan filialının direktoruna yazırdı: “Hörmətli direktor, bu gün SSRİ EA 
Tarix  İnstitutunun nəşri olan “İstoriçeskiy jurnal”ın üçüncü 1945-ci il nömrəsinin “Tənqid və 
biblioqrafiya” bölməsində Moskva Dövlət Universitetinin professoru Arkadi Sidorovun “Əliağa 
Şıxlinski. Mənim xatirələrim” resenziyasını oxudum. Giriş sözü Dövlət mükafatı laureatı, hərb 
elmləri doktoru E.Z.Barsukovundur. 
Məlum olduğu kimi, Əliağa Şıxlinski qocaman artilleriya (topçu) generalıdır, onun böyük 
mübariz həyat təcrübəsi var. İlk dəfə mən bu general barədə iyirmi il bundan əvvəl eşitmişəm, o 
vaxt mən hələ Qırmızı Ordu artilleriyasının təkmilləşmə kursunda dinləyici idim. 
Artıq dərəcədə Sizdən təvəqqe edirəm, xahişimi rədd etməyib mənə Əliağa Şıxlinskinin 
“Mənim xatirələrim”  əsərinin bir nüsxəsini göndərəsiniz. Çünki biz artilleristlərə ilk növbədə 
artilleriyamızın şanlı tarixini bilmək üçün bu kitab əvəzsiz vasitədir”. 
 
* * * 
 
                                                 
12
 
N.Quliyev. “Terminologiya” məqaləsi, “Ədəbiyyat və incəsənət” qəzeti. 25 dekabr 1987-ci il. 
13 Hər iki dildə təkrar çapı 1984-cü ildə olmuşdur. 
 


 
57
Port-Artur döyüşlərində qala müdafiəsi zamanı düşmən həmlələrinin dönə-dönə  dəf 
edilməsində top artilleriyasının mahir ustası  Əliağa  Şıxlinskinin döyüş xidmətləri misilsizdir. 
Onun 1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdı. Qəhrəmanlığı altı ordenə 
layiq görülən, rütbəsi kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xatirələrim”də 
fəxrlə yazır: “Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm. 
... Port-Arturda hərbi əməliyyat dayandıqda, yaponlar bildirdilər ki, zabitləri Vətənlərinə 
yalnız bir şərtlə buraxırlar ki, bundan sonra müharibədə iştirak etməyəcəklərinə dair dillərindən 
kağız vermiş olsunlar. Əks təqdirdə zabitlərin hamısı əsgərlər kimi hərbi əsir elan ediləcəkdir. 
İmperator qalanı  qəhrəmancasına müdafiə etdiyimizə görə qarnizona təşəkkür edib, 
zabitlərin qayıtmasına icazə verdiyini teleqrafla bildirdi. Zabitlərin çoxu dillərindən kağız verib 
qayıtdılar, bizim briqadanın zabitləri isə bunu özləri üçün təhqir bildilər. Mən də dilimdən kağız 
verməyə razı olmadım”. 
Yapon tibb komissiyasının verdiyi arayış generalın arxivində saxlanılır. Onun mətni 
belədir: 
“Arayış doqquz nömrəli ehtiyat səhra qospitalından dördüncü Şərqi-Sibir atıcı 
artilleriyasının kapitanı  Şıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb komissiyası 
tərəfindən hərbi xidmətə yararlı olmadığı  (Şıxlinski sol qıçından yaralandığına görə yapon 
həkimi arayışa belə yazmışdı - Ş.N.) müəyyənləşdirilib. O, Rusiyaya buraxılır”. 
Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab etməsinə baxmayaraq, 
dilindən iltizam verməyən  Əliağa  Şıxlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla 
döyüşmək üçün Mancuriya müharibəsində  iştirak etmək arzusunda olduğunu bildirir. Lakin 
topçu general-müfəttiş knyaz Sergey Mixayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” - 
deyir və onun yenidən cəbhəyə qayıtmasına qıymır. 
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri “İgidliyə görə” sözləri yazılmış qılınc, 
dördüncü dərəcəli Anna ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantla birgə Vladimir 
ordeni, üzərində  “İgidliyə görə” sözləri yazılmış  qızıl silah və  məşhur Georgi ordeninin 
dördüncü dərəcəsinə layiq görülmüşdü. 
Azərbaycan Tarixi Muzeyində generalın  şəxsi  əşyaları arasında 1908-ci il martın 5-də 
imperator tərəfindən təsdiq olunmuş “Port-Artur qalasının müdafiəçisi döş nişanı” saxlanılır. 
Onu  Əliağa  Şıxlinskinik ünvanına keçmiş Kvantun vilayətinin və Port-Artur şəhər sovetinin 
sədri A.Verşinin göndərib. 
Port-Artur döyüşlərinin  şahidi, yazıçı Aleksandr Stepanovun “Port-Artur” və 
“Zvonaryovlar ailəsi” romanları sovet ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. İndiyədək on 
doqquz dəfə  nəşr olunan romanın tirajı milyonu keçmişdir.  İngilis, fransız, macar, yapon və 
başqa dillərə tərcümə olunan belə bir məşhur əsərin səhifələrində (271, 350, 353 və s.) kapitan 
Əliağa Şıxlinskinin qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır. 
“... İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. Diviziya rəisinin yanından 
çıxandan sonra İrman cəld xəstəlik haqqında raport və Kondratenkoya müfəssəl məktub yazdı. 
Sonra isə məktubu Əliağa Şıxlinskiyə verdi və dərhal generalın yanına getməsini əmr etdi. İrman 
kapitana xeyir-dua verib dedi: 
- Sizdən çox şey asılıdır, Əliağa. 
- Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə kimi heç kəsin etimadını 
yerə salmayıb,   ömründə satqınlıq eləməyib.  Əgər Fok yeddinci diviziyanı yaponların zərbəsi 
altına salmaq istəyirsə o, buna nail ola bilməyəcək. Onun kələyini kəsmək və general 
Kondratenkoya kömək etmək   üçün   bütün qüvvəmi əsirgəməyəcəyəm. 
Bunu deyib, Şıxlinski sıçrayıb ata mindi və dördnala çaparaq ordan uzaqlaşdı...”. 
SSRİ xalqlarının bir neçə dilinə  tərcümə olunan bu qiymətli roman təəssüf ki, hələ  də 
Azərbaycan mütərcimini gözləyir. Romanda təkcə  Əliağa  Şıxlinskinin yox, həm də general 
Səmədbəy Mehmandarovun komandirlik fəaliyyəti haqqında oxuduqca fəxr etməyə bilmirsən. 
“... Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə  tərəf getdi. Yolda 
Əliağa  Şıxlinski də ona qoşuldu.  İrmanın tapşırığı ilə o, batareyaya baş  çəkməli və indiki 
mövqelərindən getmək üçün onları xəbərdar etməli idi. 


 
58
- Necə, artilleriya da bu sahəni tərk edir?- deyə Zvonaryov təəccübləndi. 
- Fok əmr verib ki,  bütün topları  yığışdırmalı, mühəndislər isə  səngərdəki sipərləri 
söküb, materiallardan mövqeyimizin başqa sahələrində istifadə etməlidir. 
- Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər  şeydən  əvvəl yeni istehkam 
düzəltsin. 
- Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən qabaq hücuma keçsinlər. 
- Bu barədə generalı təcili xəbərdar   etmək   lazımdır, - Zvonaryov qərara gəldi və geri - 
Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əliağa  Şıxlinski təklif etdi ki, ora 
şəxsən özü getsin. 
  
Çox narahat olmayın. Mənim briqada komandirim   polkovnik İrman qərara gəlib ki, sağ 
cinahdakı batareyaları Fokun əmrinin  əksinə olaraq hələlik yerində saxlamaq lazımdır. Mən 
şəxsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə dostlarıq, bir-birimizi yek 
kəlmədən başa düşərik. Fok necə  əmr verirsə versin, mənim zabit olduğum podpolkovnik 
Laperovun batareyası Kondratenkonun diviziyasını köməksiz qoyub getməyəcək, - deyə 
Şıxlinski coşmuş halda dilləndi. - Romanovskinin sağdakı batareyasından iyirmi altıncı polkun 
qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb lazım olan hər şeyi deyərəm. 
Siz isə birbaşa Yençeyevskinin yanına gedin”. 
Əliağa Şıxlinskinin döyüş məharətini gözləri ilə görən ikinci rus yazıçısı Trofim Borisov 
olmuşdur. Uzaq Şərq həyatından maraqlı elmi və  bədii  əsərlər yazan T.Borisov sonu faciə ilə 
bitən rus-yapon müharibəsi haqqında 1959-cu ildə Vladivostokda “Port-arturçular” adlı sanballı 
bir roman nəşr etdirmişdir. Müəllif sıravi  əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus 
ustalıqla ön plana çəkir. Böyük hərarət və məhəbbətlə xalqımızın mərd oğulları Əliağa Şıxlinski 
və  Səmədbəy Mehmandarov haqqında söhbət açır.  İlk gündən  Şıxlinskinin batareyasında 
döyüşən Trofim Borisov onun qəhrəmanlığını, xarakter və xasiyyətini daha dəqiq 
işıqlandırmışdır..  
“Səhər saat onda batareyanın baş zabiti kapitan Əliağa Şıxlinski kazarmaya gəldi. Onun 
iri, uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi, başının 
tükləri qabaqdan azca seyrəlmişdi. Çatma qaşları bir qədər yuxarı dartılmışdı. Qonur gözlərində 
sevinc işığı vardı. Balaca ağ  əllərinin ağ barmaqlarını arxasında tutmuşdu.  Şıxlinski hamı ilə 
görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını oxudu: 
  
- Antonov Valentin Pavloviç. 
  
- Mən, - deyə o, cavab verdi. 
- Sən azsavadlısan. 
Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı.. 
- Sənin də savadın yoxdur. Bu necə olur? Böyük şəhərdən gəlibsən, amma heç bir təhsilin 
yoxdur. Siz niyə oxumayıbsınız? 
Morozovun sifətinə yüngül qızartı çökdü. 
Şıxlinski sıranın önündən keçib, əlində yeni çağırılmışların siyahısı olsa da, gülümsəyə-
gülümsəyə bir-bir onları familiyasını, adını, atasının adını çəkdi. 
- Ancaq biz gözləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı doğruldacaqlar...   
Pribaltika quberniyalarındakı  və  Mərkəzi Rusiyadakı savadsızlıq orada da hökm sürür. Yaxşı 
deyil, artilleriyaçı yaxşı biliyə malik olmalıdır. - Kapitan Şıxlinskinin sifətinə bir ciddilik çökdü.  
Gickahı   tarıma çəkildi, ançaq gözlərində bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla 
söhbət edə-edə onlara göstəriş verirdi: Başını düz tut, sağ çiynini əymə, - deyə kapitan  
Pudovkin”  müraciət etdi. - Sən məhkəmə palatasında çoxmu işləyibsən?   İki il? Bəs ona kimi 
harada işləyibsən? 
- Prikazçik işləmişəm. Ancaq mənim əsas   işim balıqçılıqdır. 
- Sənin xəttin yaxşıdırmı? 
  
- Mirzəliyi istəmirəm, zati-aliləri... 
- Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarımızı yazmağa    mirzə 
də lazımdır... Abramoviç   Moisey İosifoviç! Sən usta-çilingərsən?.. 


 
59
“Yaddaşa bax, yaddaş belə olar. Siyahını bircə dəfə oxuyan kimi hamının ad-familiyasını, 
atasının adını necə də dəqiq yadında saxladı, - deyə Pudovkin fikrə getdi”. 
Port-Arturdakı oktyabr döyüşlərində podpolkovnik Əliağa  Şıxlinskinin qəhrəmanlığını 
əyani əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap olunmuş “Yaponlarla müharibənin 
salnaməsi” almanaxının səksən birinci nömrəsinin min beş yüz yetmiş yeddinci səhifəsində bu 
barədə oxuyuruq: 
“Müqəddəs Georgi ordenli süvari dumasının təqdimatına  əsasən  əlahəzrət imperator 
3/1X-1905-ci il tarixdə böyük mərhəmət göstərərək, Port-Arturun müdafiəsində  şücaəti ilə 
fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç nömrəli istehkamı  və bu istehkamın digər 
qurğularını artilleriya ilə bacarıqlı müdafiə etmiş, dördüncü Şərqi Sibir atıcı artilleriya 
briqadasının podpolkovniki Əliağa  Şıxlinskini dördüncü dərəcəli  şəhid və müzəffər Georgi 
ordeni ilə  təltif etmişdir. Podpolkovnik Əliağa  Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, 
ixtiyarında olan yarımbatareyanın nişançıları  həlak olduğundan çox vaxt topları  şəxsən özü 
tuşlayaraq düşmən artilleriyasını  dəfələrlə susmağa məcbur etmiş  və adı  çəkilən istehkamlara 
yaxınlaşmağa can atan yapon piyadalarını geri oturtmuşdur...”. 
General-leytenant  Əliağa  Şıxlinskinin birinci dünya müharibəsindəki hərbi fəaliyyəti 
Aleksandr Stepanovun iki hissəli “Zvonaryovlar ailəsi” romanında daha geniş işıqlandırılıb. Hələ 
nə rus, nə  də Azərbaycan  ədəbiyyatında həmyerlimizin obrazı bu əsərdəki qədər dolğun və 
hərtərəfli verilməyib. Bu irihəcmli romanda general Əliağa  Şıxlinski mərd bir sərkərdə kimi 
oxucuya təqdim olunur. O, Port-Arturdakı silahdaşları ilə indi də almanlara qarşı vuruşur. 
“... Bu yaxınlarda general Əliağa  Şıxlinski burada olmuşdu. Siz onu Port-Arturdan 
tanımalısınız. İndi o, böyük knyaz Sergey Mixayloviçin sərəncamındadır. 
- Şıxlinski yaxşı yadımdadır. Orada kapitan idi. Ayaqlarından ağır yaralanmışdı, odur ki, 
yaponlar onu Rusiyaya buraxmışdılar. Generallığında rast gəlməmişəm.    Bu müddətdə dəyişib-
dəyişmədiyini deyə bilmərəm. - Boreyko cavab verdi. 
Koçarovski rişxəndlə: 
  
- Sizcə belə çıxır ki, o da başqa   generallar   kimi   ağıl sarıdan geriləyib? - dedi. 
  
- Zati-aliləri, rəyindən daşındırmağa    curət etmərəm. 
-  Əhsən  Şıxlinskiyə,  əzmkar, başbilən adamdır, həm də böyük diplomat, knyaz kimi 
adamla dil tapa bilib. Hə,  Şıxlinski deyirdi ki, Ali komandanın qərargahı  nəzdində 
komandanlığın gücləndirmə vasitəsi olacaq ağır artilleriya yaratmaq istəyirlər. 
Boreyko: 
- Yəni almanların qırx santimetrlik dəmiryol platformalarında gəzdirilən topları kimi? 
Belələrini Novogeorkiyevsk ətrafında uzaqdan-uzağa görmüşdüm. Özü də  ən yaxşı 
istehkamlarımızı necə alt-üst elədiklərinin şahidi olmuşdum, - dedi. 
- Yox, elə deyil! Qərb cəbhəsində bizim müttəfiqciyəzlər olmazınca güclü toplar tətbiq 
etmişlər, on iki düyünlü qaubitsa da, uzaqvuran toplar da. Bizlərdə də nəhəng toplardan ibarət bir 
sıra divizionlar yaradılır... 
... Əliağa Şıxlinskidən bu barədə eşidən kimi, sizin batareyanız yadıma düşdü... 
... Bir neçə gündən sonra batareya şose yolu ilə irəliləyərkən Koçarovski ilə rastlaşdı. 
Generalı iki zabit də müşayiət edirdi. Boreyko əvvəl onları tanıya bilmədi. 
Kapitan “farağat” əmri verib atını Koçarovskiyə sarı sürdü. General yanındakı atlıya işarə 
etdi və Boreyko Əliağa Şıxlinskini tanıdı. 
- Əliağa! - Sevincindən qışqıran Boreyko tez də   özünu   ələ alıb əlavə etdi. - Zati-aliləri! 
  
- Köhnə dostlar üçün mən həmişəki kimi Əliağayam. Xahiş edirəm, elə belə də deyəsiniz. 
Batareya gecələmək üçün düşərgə salanda, hər iki general yenə  də Boreykoya baş 
çəkdilər. Boreyko Novokeorgiyevsk hadisələrini  ətraflı danışdı.  Şıxlinski qulaq kəsilib 
bloknotunda nə isə yazırdı. 
- Bütün danışdıqlarınız olduqca ibrətamizdir. Komandanlığa da beləcə çatdıracağam, - 
deyə Şıxlinski öz mülahizələrinə yekun vurdu...”. 
  
* * * 


 
60
 
General  Əliağa  Şıxlinskidən danışanda Heydər Hüseynovun xidmətlərini unutmaq 
haqsızlıq olardı. “Xatirələrim”in yazılmasında  ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan 
Elmlər Akademiysının akademiki Heydər Hüseynovdur. Qocaman generalı yaxından tanıyan 
Heydər Hüseynov ona köməkçi verib “Xatirələrim”i yazdırmaqla kifayətlənməmişdir. Heydər 
Hüseynov general Şıxlinskinin ölümündən sonra da onun xidmətlərini unutmamış, xatirəsini əziz 
saxlamışdır. O, respublika mərkəzi mətbuatında həm rus, həm də Azərbaycan dilində silsilə 
məqalələr dərc etdirib. 
Heydər Hüseynov “Xəbərlər” məcmuəsinin səkkizinci nömrəsində (1945) fəxrlə yazırdı: 
“Əliağa Şıxlinski dünyada şöhrət qazanmış rus topçuluq elmi sahəsindəki kəşflərlə tanış olmaqla 
yanaşı, dil və ədəbiyyat məsələləri ilə də yaxından məşğul olurdu. O, Azərbaycan dilini təkmil 
bilirdi. İslah, ifadə quruluşu, yeni söz yaradıcılığı ilə ciddi məşğul olmuşdur”. 
Klassik  ədəbiyyatımızı gözəl bilən  Şıxlinski, həm də sovet ədəbiyyatının görkəmli 
nümayəndələri Səməd Vurğunun, Osman Sarıvəllinin  şerlərini rus dilinə  tərcümə etmişdir. 
Səməd Vurğunun “Böyük ədib”, “Sədaqət”, Osman Sarıvəllinin Cəfər Cabbarlının ölümünə həsr 
etdiyi “Yaşar”  şerinin tərcüməsi hələ  də arxivində qalır. “Zabitin yaddaşı” dəftərindəki 
qeydlərdən aydın olur ki, görkəmli dramaturqumuz Cəfər Cabbarlının ölümü onu hədsiz 
dərəcədə kədərləndirib, onun yaradıcılığına generalın xüsusi məhəbbəti olub. 
General Əliağa Şıxlinski təkğə tərcümə sahəsində deyil, bədii yaradıcılıqla da müntəzəm 
məşğul olmuşdur. Bu təvazökar insan onları heç vaxt dərc etdirməmişdir. 
Vətəndən uzaqlarda xidmətdə olan general doğma ana dilini unutmamışdır. Onun ümumi 
dəftər həcmində olan şer və  tərcümələrinin  əlyazması Azərbaycan Tarixi Muzeyindəki  şəxsi 
qovluğunda və Azərbaycan Elmlər Akademiyasının əlyazmaları fondunda saxlanılır. Onun həyat 
və məslək yoldaşı, ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanıma yazdığı “Ey sevdiyim, ey 
dilrüba”, məşhur rus alimi, Port-Artur qalasının qəhrəmanı vitse-admiral Stepan Osipoviç 
Makarovun ölümünə və qalanın yapon samuraylarına təslim olunmasına dair şerləri vardır. 1909-
cu il oktyabrın iyirmi yeddisində  əmisi qızı Nigar xanımla ailə  həyatı quran Əliağa  Şıxlinski 
sonralar yazırdı: “Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola, parlaq bir səadətə yönəltdi. Bir 
yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə 
görünmədi. Fitrətən istedadlı olan, yaxşı  təhsil görmüş, mülayim xasiyyətli Nigar xanım ailə 
səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadətə tam mənası ilə nail oldum. Lakin 1931-ci il 
avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu. Mənim hər şeyim: 
həm səadətim, həm də səhhətim onunla getdi”. 
Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını o ilhamla tərənnüm edirdi: 
 
Ey sevdiyim, ey dilrüba, 
Səbrim, qərarımsan mənim. 
Səd mərhəba, səd mərhəba, 
Nə türfə yarımsan mənim. 
 
Görən səni ey nazənin, 
Deyər: pəh-pəh, səd afərin! 
Dünyada mislin yox yəqin, 
Əcəb dildarımsan mənim! 
 
Gözəl zahirdə surətin
Gözəl batin, təbiətin. 
Gözəl hər işdə qeyrətin, 
Namusum, arımsan mənim. 
 
Mənim baharda bülbülüm, 
Mənim qızılca sünbülüm. 


 
61
Gülşənlərdə zərif gülüm, 
Bağlarda barımsan mənim. 
 
Klassik şairimiz Molla Vəli Vidadinin nəvəsi olan general-leytenant Əliağa Şıxlinski hər 
iki - rus və Azərbaycan dillərində şer yazmaq, tərcümə etmək qabiliyyətinə malik olub. 
Görkəmli dövlət və partiya xadimi, yazıçı, publisist Nəriman Nərimanov gənc Sovet 
Azərbaycanının ordu hissələrini yaratmaq üçün iki məşhur generaldan - Əliağa  Şıxlinski və 
Səmədbəy Mehmandarovdan istifadə etmək məqsədilə V.İ.Leninə 1920-ci il avqustun birində 
göndərdiyi məktubunda yazırdı: 
“Əziz Vladimir İliç! 
Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun butün zabitləri həbsə alınmışdı. Bu 
məktubu Sizə təqdim edən məşhur general - Mehmandarov və Şıxlinski də onların içərisində idi. 
Diqqətli yoxlama nəticəsində  məlum oldu ki, generalların üsyanla əlaqəsi olmamışdır. Lakin 
mövqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik 
ki, onları  qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək, çünki onlar hərbi 
mütəxəssislər olmaq etibarı ilə  əvəzsizdirlər. Onlardan biri Şıxlinski Nikolay ordusunda 
“artilleriyanın allahı” sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər, 
sonra sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya 
göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır. 
 
Kommunist salamı ilə N.Nərimanov. 
 
General, ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki on dörd nömrəli evin 
iyirminci mənzilində yaşayıb. Həyat yoldaşı Nigar xanımın ölümündən sonra tənha yaşayan 
Şıxlinski xeyirxah və yaxşı adamlarla əhatə olunmuşdu. 
Azərbaycan Dövlət Tarix muzeyinin arxivində  Əliağa  Şıxlinskinin yazdığı 
“Vəsiyyətnamə”, üstündə isə belə bir qeyd var: 
mən öləndən sonra açmalı. Məktubda general, doktor Bahadır Qayıbovu, onun həyat yoldaşını 
böyük hörmət   və ehtiramla   xatırlayır. Hər ikisinə Nigar  xanımın   ölümündən   sonra   ona 
göstərdikləri qayğı üçün intəhasız minnətdarlığını bildirir. 
Akademik Heydər Hüseynov    1945-ci   il aprelin    iyirmisində Bahadır bəy Qayıbova 
tibbi-ictimai fəaliyyətinin qırx illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır. “Lakin   
mən burada Sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz 
və Sizin həyat yoldaşınız   məşhur hərbi xadim və alim, köhnə ordunun generalı Azərbaycan 
xalqının sadiq oqlu Əliağa Şıxlinskinin  həyatının   son illərini qayğı və diqqətlə əhatə etmiş və 
bəzəmisiniz.” 
Bahadır bəy Qayıbovun otuz sentyabr 1946-cı il tarixli   məktubu: 
Hörmətli Heydər Nəcəfoğlu! 
Əlbəttə, Sizin unudulmaz Əliağa və Nigar bacı haqqındakı yazınız həmişə çox uğurlu alınır. 
Bəli, onları unutmaq olmaz: onların hər ikisi öz Vətənini və xalqını səmimi qəlbdən sevirdilər. 
Onlar yalnız təhsil aldığı rus dilini deyil, öz doğma ana dilini də əla bilirdilər. 
Heç vaxt unutmaram ki, onların hər ikisinə      şəxsən ana dilində  təhsil verən, həmçinin 
Tiflisdə, Qoridə - Müəllimlər seminariyasında yüzlərlə azərbaycanlı  uşağını oxudan rəhmətlik 
atam səbəbkardır. Rəhmətlik Nigar bacı atamdan daha çox şey əxz   etmişdir: o yetkinliyində,   
nəinki   İran   klassikləri Sədi, Firdovsi, Hafiz, Cami və başqalarını oxumuş, həmçinin bütün 
Azərbaycan şairlərini - Xaqani, Nizami, Füzuli, Vaqif və başqalarını mütaliə etmiş, ərəb dilini 
öyrənmiş   və   ərəb ədəbiyyatı ilə də tanış idi. 
Heyf ki, Siz onunla tanış deyildiniz - o, həqiqətən rus dili bir yana, bizim və fars 
ədəbiyyatının bilicisi idi. 
 
Sizin dostunuz Bahadır bəy Qayıbov”. 
 


 
62
General-leytenant Əliağa Şıxlinskinin adı el qəhrəmanları Babək, Cavanşir, Koroğlu və 
Həzi Aslanovla yanaşı çəkilir. Haqqında çoxlu şer, poema və nəsr əsərləri yazılmışdır. Bunların 
arasında Sabir İbrahimovun “General Əliağa Şıxlinski” monoqrafiyası xüsusilə qiymətlidir. Şair 
Telman Tovuzlunun bu qanadlı misralarını el aşıqları telli saz havasında oxuyur: 
 
Rus topunun “allahı”dı, 
Şıxlinski Əliağa. 
Harda adı çəkilirsə, 
Ürəyimiz dönür dağa. 
 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin