Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   19   20   21   22   23   24   25   26   ...   51
YARALI  SÖHBƏT 
 
Topoqraf general İbrahim ağa Vəkilovun qəribə taleyi ilə bağlı axtarışlar aparıb 
mətbuatda çıxış etdikdən sonra onun doxsan iki yaşlı oğlu Faris baba ilə dostluğumuz başlandı. 
Bir neçə dəfə görüşdükdən sonra qoca mənə etibar edib öz həyat yolundan, əmisi general-mayor 
İbrahim ağa Usubovdan danışdı. Hər dəfə görüşəndə günahsız olaraq həbs edilib əvvəl 
Mordoviyada, sonra Karaqandada on səkkiz il çəkdiyi  əziyyətlərdən, iztirablardan yana-yana, 
bir-birindən dəhşətli əhvalatlar söyləyirdi. 
Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib Vəkilovun ordu komandiri 
kimi böyük xidmətləri olub. Onu da otuz yeddidə  həbs ediblər. Arabir qardaşı haqqında 
soruşurdum. Hər dəfə  də o, söhbətin yönünü dəyişir və bu barədə danışmaq istəmirdi. Yüzü 
haqlayıb, uşaq kimi kövrək olan qocanın qəlbinə  dəyməyə  qıymırdım. Bir dəfə söhbəti Çingiz 
İldırımdan saldım. Bilirdim ki, Çingiz İldırımla Qalib dost olublar. Qoca məcbur olub ötəri bir 
əhvalat danışdı. Mən  əl çəkməyib, - Qalib niyə tutulub, - deyə soruşanda qoca qəmli-qəmli 
üzümə baxıb xeyli dinmədi. Bu an divardakı qədim saatın səsi bizi diksindirdi. Hər ikimiz dönüb 
ona baxdıq.  Əqrəblər düz on birin üstündə dayanmışdı. Bu gün Faris baba ilə söhbətimiz 
həmişəkindən daha çox olmuşdu. Həqiqətən onu bərk yormuşdum. Durub getmək istəyəndə qoca 
əlimdən yapışıb: 
- Bərk yorulmuşam, - dedi. - Qoy qardaşım Qalib haqqında söhbət sonraya qalsın, onun 
faciəsi çox uzundur. Bu, illərlə ürəyimdə gəzdirdiyim yaralı bir söhbətdir. - Yazıq görkəm alan 
qoca üzrxahlıq elədi; - incimə, gələn  şənbə-bazar gözləyəcəm... Təəssüf ki, Faris baba mənə 
görüşmək üçün vəd etdiyi bazar gününə kimi yaşamadı... 
Sonralar Qalib Vəkilovun doğma qızı Leyla xanımla bir neçə  dəfə görüşdüm. Pedaqoji 
elmlər doktoru, professor Leyla xanım Vəkilova M.F.Axundov adına rus dili və  ədəbiyyatı 
institutunda işləyir. 
General  Əliağa  Şıxlinskinin onlarda saxlanan nadir şəkillərinin üzünü çıxartdıranda, 
general babası  İbrahim ağa Vəkilov haqqında veriliş hazırlayanda arabir atası haqqında da 
soruşurdum. O da əmisi kimi suallarıma çox qısa cavab verir və nədənsə bu mövzunun üstündən 
sükutla keçirdi. 
“...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressnya olunanların hətta uşaqları 
da bəzən öz ata-analarının günahkar olmasına inanır və açıq-aşkar onlardan üz çevirirdilər. Bu nə 
ilə əlaqədar idi? Qorxaqlıqla, öz şəxsi həyatını qorumaqla? Bu da vardı, amma əsas səbəb yalnız 
kor-koranə, fanatik inam idi”. 
Professsor Nikolay Truşenkonun bu sətirlərini “Smena” jurnalında (1988, № 9) oxuyanda 
dərhal Leyla xanımı xatırladım. Susmağının səbəbini sanki bu sətirlərdə tapmışdım. Elə ki, atası 
haqqında danışmağa başladı, bir daha gördüm və hiss etdim ki, Leyla xanımdan qorxu hissi 
doğrudan da çox uzaqdır. Zarafat deyildi, doğma atadan danışmaq, yazmaq əlli ildən çox idi 
yasaq edilmişdi. O, heç vaxt “xalq düşməni” atasından üz döndərməmişdi. Nə kor-koranə, 
fanatikcəsinə “ellər atası Stalinə”, nə də cəllad M.C.Bağırova özünün pənahı kimi pərəstiş edə 
bilməmişdi. O illərdə incidilmiş  əlli bir min “gözükölgəli” azərbaycanlı ailəsindən biri kimi 
dərdini ürəyində  çəkmişdi. Və  bəlkə  də Leyla xanımın ağlına gəlməzdi ki, vaxt gələcək 
aşkarlığın, demokratiyanın işığında hər şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar, şübhələr 
ürəklərdən silinib atılaçaq, haqq-nahaq öz yerini tapacaq. 
- Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az görmüşəm, - Leyla xanım 
söhbətinə general babasından başlayır. - İlk dəfə atam Qalib həbs ediləndə mənim cəmisi   altı   
yaşım vardı.  İkinci dəfə isə on üç yaşında idim. Ona görə  də atam haqqında anamın 
söhbətlərindən yadımda qalanlar daha çoxdur. 
  
- Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs ediləndə sizə onun haqqında heç 
nə danışmayıb? 
  
- Yox. Babam heç vaxt oğlunun günahsız həbs olunması haqqında söhbət salmazdı. 
Sonralar mənə  məlum oldu ki, babam atamın tutulmasını ürəyində sağalmaz yara kimi 
gəzdirirmiş. Mənim kimi körpə  qız uşağına xalqının, Vətəninin rifahı üçün çalışan atamın 


 
52
xidmətlərini və onun günahsızlığını başa salmaq iqtidarında deyilmiş. Atam tutulandan sonra 
babamın qəddinin əyilməyini indi də gözüm önünə   gətirəndə kövrəlirəm. Babam  o ağır illərdə 
qanadları qırılmış quş kimi gəzirdi. 
General-topoqraf  İbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü. 
Qleb sənətdə atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi ilə Tiflisdəki kadet 
korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı üçüncü Aleksandr adına Ali hərbi-texniki 
instituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü olaraq həmin institutu tərk 
etdi. Sonralar Moskvadakı Alekseyev hərbi məktəbində təhsilini davam etdirdi. 
Əsrin  əvvəllərində  fəhlə sinfi ayağa qalxıb mütləqiyyətin rədd olunmasını  tələb edirdi. 
Qanlı bazar hadisələrindən hiddətlənən xalq hərəkatı coşmuşdu.  İmperiyanın hər yerində 
çarizmin qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir dövrdə ananın da, atanın da 
əzabı onlara dinclik vermirdi. Peterburqda təhsil alan böyük oğlu Borisi, Moskvada yunker 
məktəbində oxuyan Qlebi də bir sual düşündürürdü. Mən kiməm, hansı millətə məxsusam? Bu 
izahedilməz müdhiş sual qarşısında qalan hər iki qardaş tez-tez ana-ataya müraciət edirdilər. 
Faris Vəkilovun söhbətindən: - Mənim on doqquz yaşım tamam oldu. Dərs məşğələləri 
ilə bərabər Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki şərait bu 
niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli rus-yapon müharibəsi, xalq kütlələri 
arasındakı inqilabi əhvali-ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi. 
1904-cü ildə “Dinazadlığı haqqında manifest” nəşr olundu. Orada hər hansı bir səbəbdən 
öz ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi 
ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ  həll olunsun. Təcrübəli adamlar, o 
cümlədən mənim valideynlərim Peterburqa gəlişimin birinci ilində pravoslav dininin 
müdafiəçilərinin bilavasitə yaxınlığında bu məsələni qaldırmağı  məsləhət görmədilər. Anamın 
Lev Tolstoya məktubunda da bu ehtiyat öz əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa 
qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli olduq. 
Ona görə  də  çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova 1909-cu il 
martın 2-də dahi yazıçı Lev Nikolayeviç Tolstoya məktubla müraciət etməli olub. 
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb. Bunu dörd səhifəlik və 
demək olar ki, təcili yazılan məktubdan da hiss etmək olur. 
Lev Nikolayeviç Tolstoyun məktubu ailədə hökm kimi oxunub, qanun kimi qəbul olundu. 
Ailənin sakitliyi öz yerində, hətta onlar Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin 
məsləhəti ilə adlarını da dəyişdilər. Boris - Faris, Qleb isə Qalib oldu. 
1910-cu ildə yunker Qalib Vəkilov Moskvadakı Alekseyev hərbi-texniki məktəbini bitirib 
xidmətə başladı. Birinci dünya müharibəsi başlananda o, Qərb cəbhəsindəki mühəndis polkunda 
döyüşürdü. Molodeçniy şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 
podpolkovnik Qalib Vəkilov 2-ci dərəcəli müqəddəs Georgi ordeni ilə  təltif olundu. Hərbi-
texniki mütəxəssis kimi Qalib Vəkilovun ən başlıca vəzifəsi düşmənin qəfil hücum edəcəyi bərə 
və keçidlərin möhkəm qurulması, səngərlərdə piyada və tank əleyhinə  mərmilərin dəqiq 
yerləşdirilməsi idi. 
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və fotoşəkillərin hamısı inqilabdan 
əvvələ  məxsusdur. Onların arasında çox da qalın olmayan bir kitab da var. Bu, məşhur 
ədəbiyyatşünasımız Firidun bəy Köçərlinin ilk “Azərbaycan tatarlarının  ədəbiyyatı” kitabıdır. 
Onu müəllif 22 oktyabr 1903-cü ildə belə bir avtoqrafla Leyla xanımın general babasına hədiyyə 
verib. “Hörmətli  İbrahim ağa Vəkilova böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. 
Qori şəhəri”.  
Şəkillərdən ikisi daha maraqlıdır. Onlar məşhur general-leytenantımız Əliağa Şıxlinskiyə 
məxsusdur. İndiyədək heç kəsə məlum olmayan və heç yerdə dərc edilməyən şəkillərdə Əliağa 
Şıxlinski 1915-ci ildə təsvir olunub. Bir qrup zabit və üç nəfər şəfqət bacısı ilə birgə çəkdirdiyi 
şəkildə Əliağa Şıxlinski həyat yoldaşı Nigar xanımla birgə dayanıb. 
- Nigar xanımla yanaşı əyləşən anam Aleksandra İvanovna Vəkilovadır. Anam da atam 
Qaliblə birgə birinci dünya müharibəsi illərində döyüşən orduda xidmət edib. Anamın rütbəsi 
leytenant olub. O, da Nigar xanım kimi hərbi səhra qospitalında  şəfqət bacısı  işləyib. Böyük 


 
53
oktyabr inqilabı başlananda onlar Minsk ətrafındakı  cəbhədə olublar. Atam üç ay ordu 
sıralarında komandir kimi xidmət etdikdən sonra komandanlıq onu qulluğunu davam etdirmək 
üçün Bakıya ezam edir. Azərbaycanda Sovet hakimiyyəti qələbə çaldıqdan sonra atam Bakı 
hərbi-mühəndislər idarəsinin rəisi təyin olunur. Az sonra atam Qızıl Ordunun Ənzəli şəhərindəki 
mühəndis qoşunları hissəsinin rəisi vəzifəsində qulluq edir. 
Anam da bu yürüşdə atamla birgə olmuşdu. Atam bu yürüşdə  ağır xəstələnmişdi. O, 
malta qızdırmasına tutulmuşdu. Xəstəliyinə baxmayaraq, 1922-ci ildə yenidən Azərbaycan Baş 
hərbi-mühəndislər idarəsinin rəisi vəzifəsində  işə başladı. Sonra Zaqafqaziya Qızıl Ordu hərbi 
inqilab şurasının hərbi sənaye komitəsinin direktoru oldu. Bu vəzifədə beş il işlədi. 
- Leyla xanım, - bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. Otuz yeddinci ildən əvvəl 
nə vaxt həbs olunmuşdu? 
  
-  İlk dəfə atam 1931-ci ildə  həbs edilib. O, inşaatçı-mühəndis sifətilə Belomor - Baltik 
kanalının tikintisində  dustaq  kimi  işləmişdi. 1933-cü ildə o, həbsxanadan gəldi. Qocalıb  əldən 
düşmüş, xəstəhal atamın saçı tamam ağarmış  və dinib-danışmaz olmuşdu. O, tək bircə  dəfə 
mənimlə  həbs olunması haqqında söhbət edəndə dedi: “Kim mənim haqqımda sənə  nə deyir-
desin, bilmirəm. Bircə onu yadında saxla ki, mən nə Vətənimin, nə xalqımın qarşısında, nə sənin, 
nə ananın, nə də heç kəsin qarşısında günahkar deyiləm”. 
Belomor - Baltik kanalı tikintisindən qayıdandan sonra atam Bakıda məişət-tikinti 
trestində direktor müavini işlədi. 
Yadımdadır, çox tez-tez xəstələnərdi. Semaşko adına xəstəxanada, dəmiryolu 
xəstəxanasında, sonra da Bayıldakı  xəstəxanada müalicə olunurdu. Onu operasiya elədilər. 
Anamla çox çətinliklə yanına gedib-gələrdik. Bir xeyli sonra atamın səhhəti yaxşılaşdı. 
Ailəmizin güzəranı da pis deyildi. O, işini dəyişmişdi.  İndi Kür üstündəki Bankə  qəsəbəsində 
işləyirdi. Sən demə, ən dəhşətlisi geridə imiş. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu 
dəhşətli qara il yüzlərlə saf adam kimi  atamı da uddu... 
1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki bəraət məktubu aldım. Biri 
1931-ci ilə görə,   biri   də   1937-yə görə. Sonuncuda yazılmışdı ki, polkovnik Qalib Vəkilov 19 
dekabr 1937-ci ildə  həlak olub. Anamla mən isə otuz yeddinci ildən  əlli altıya qədər onu 
həbsxanalarda axtarırdıq. 
Leyla xanım Vəkilovanın stolun üstündəki daha bir tarixi şəkil haqqında: süfrə arxasında 
altı  nəfər  əyləşib. Ovdan qayıdıb günortaüstü nahar edirlər. Məşhur sovet sərkərdəsi Mixail 
Frunze sol əli çənəsində  dərin düşüncələrə dalıb. Onun sağ yanında dayanmış  Əliheydər 
Qarayevlə Qalib Vəkilov da fikirlidirlər. Təkcə diviziya komandiri Məmməd Veysov məşğuldur. 
O, əlindəki çəngəl-bıçaqla qarşısındakı qabda nəyisə doğrayır. Qalan iki nəfərin kimliyi məlum 
deyil. Leyla xanım deyir ki, bu şəkil 1925-ci ilin qışında M.V.Frunze ikinci dəfə Azərbaycana 
gələndə Xaçmaz rayonunun ərazisindəki keçmiş Neruçev (indiki 1 №-li sovxoz) malikanəsində 
çəkilib. 
Altı ay keçməmiş bu sıradan biri - M.Frunze qəfil vəfat etdi. Əliheydər Qarayev, Qalib 
Vəkilov otuz yeddinin qurbanı oldular. Məmməd Veysov isə doqquzillik həbs cəzası çəkib 1957-
ci ildə vəfat etdi. 
- Leyla xanım, atanızın dostlarından kimləri xatırlayırsınız? 
- Hələ uşaq idim, yadıma gəlir ki, M.V.Frunze, Əliağa Şıxlinski, Serqo Orconikidze və ən 
çox Çingiz İldırım qonağımız olardı. Çingiz İldırım mənim üçün “Çi dayı” idi. O, çox şən, səsli-
küylü, çox vaxt mənimlə oynayan, mənə cürbəcür macəralar danışan “Çi dayı” idi. 
Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi. “Çi dayı” uşaqlara xüsusi 
məhəbbət və hörmətlə yanaşardı. Onun danışdığı yarımfantastik hekayətlər də yaxşı yadımdadır. 
O, nəql edərdi ki, bir dəfə qatar gedə-gedə atılıb ona mindim, ordan da hoppanıb uçan təyyarənin 
üstünə qondum. Bunları danışar, özü də mənimlə birgə gah təccüblənər, gah da uğunub gedərdi. 
O danışardı ki, yadıma gəlir, bir dəfə  Lənkəran tərəfdə ov eləyəndə qamışlıqdan qəfil 
çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmişdim. “Çi dayı” hər gəlişində mənə rəngli 
uşaq kitabları  gətirərdi. Bir dəfə  ağacdan yonulmuş qaban heykəli gətirdi. Pəncəsində anama 
avtoqraf yazdırmışdı. Həmin heykəl - qaban budur. İndi də saxlayıram. Atamın yazı stolunun 


 
54
üstündə “Çi dayı”nın Qırmızı Bayraq ordeni alandan sonra çəkilmiş fotoşəkli qoyulmuşdu. Onu 
Çingiz əmi avtoqrafla atama bağışlamışdı. 
Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə  gəlmədi. Hər dəfə  mən atamdan, 
anamdan soruşanda ki, “Çi dayı” niyə bizə  gəlmir, onlar susardılar. Mənim sualım cavabsız 
qalardı. Xeyli sonra mən başa düşdüm ki, o qara illərin qorxunc əli onun da yaxasından yapışıb. 
Çingiz  İldırım cəllad Bağırovdan yaxasını qurtarmaq üçün əvvəl Maqnitoqorsk, 1934-də isə 
Krivoy - Roqa gedir. Amma cəllad Bağırov orda da onu axtarıb tapdırır və güllələtdirir.  
Leyla xanım stolun üstündəki şəkli   götürüb    kədərli səslə; 
   
- “Çi dayı”nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf nəticəsində bizdə qalıb, - 
deyir. - Atam həbs olunanda onun kitabları, bağışlanmış şəxsi silahı, sənədləri hamısı müsadirə 
olundü. “Çi dayı”nın bu şəkli isə sonralar lazımsız bir kitab arasından çıxdı. Atam Çingiz 
İldırımdan sonra həbs olunacağını gözləyirdi. O hətta “Çi dayı” nın həbs olunmasını  eşidəndə 
anama deyib ki, indi növbə mənimdir. 
Görünür, atam bilə-bilə “Çi dayı”nın  şəklini lazımsız kitabın arasına qoyub ki, ələ 
düşməsin. 
Çingiz  İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl insandan demək olar ki, 
yeganə yadigar idi. Bizim  muzeylər bu şəklin surətini çıxartdılar. Adını daşıyan Politexnik 
İnstitutu qarşısındakı büst də bu şəkil əsasında qoyuldu.  
İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o büst qarşısında istər-istəməz baş 
əyir, sanki canlı “Çi dayı”yla salamlaşıram. 
  

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin