ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010


İrəvan xanlığının Şuragöl və Pəmbək uğrunda



Yüklə 4,58 Mb.
səhifə8/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

2.1. İrəvan xanlığının Şuragöl və Pəmbək uğrunda

mübarizəsi

Şah qoşunu İrəvan xanlığını tərk edən kimi Məhəmməd xan yenidən müstəqil siyasət yeritməyə başladı. O, Kəlbəli xanla birləşərək vaxtilə İrəvan xanlığının tərkib hissəsi olan, sonradan siyasi vəziyyətlə əlaqədar Kartli-Kaxetiyadan asılı vəziyyətə düşmüş Şuragöl və Pəmbək sultanlıqlarını geri qaytarmağı qərara aldı. Onu bu işə vadar edən Rusiyanın Kartli-Kaxetiya çarlığını özünə birləşdirmək siyasəti olmuşdu.

Qeyd etmək lazımdır ki, 1798-ci il yanvarın 11-də II İrakli vəfat etdi (144,15; 145,1). Onun ölümündən sonra hakimiyyətə oğlu XII Georgi gəlsə də, ailə daxilində hakimiyyət uğrunda mübarizə başladı (144,15-16). Ailədaxili mübarizədə çətin vəziyyətə düşən XII Georgi çıxış yolunu Kartli-Kaxetiyanı Rusiyaya birləşdirməkdə görürdü. Bu məqsədlə o, knyaz Qarsevan Çavçavadzenin başçılığı ilə Sankt-Peterburqa nümayəndə heyəti göndərdi (418,20). Bu müraciətdən istifadə edən I Pavel 1800-cü il dekabrın 18-də Kartli-Kaxetiyanın birləşdirilməsi haqqında manifest imzaladı (418,21). Bu manifestlə də rus qoşunlarının Cənubi Qafqaza hərbi müdaxiləsi rəsmiləşdi.

Manifestdən sonra rus qoşunları Tiflisə daxil oldu. Lakin rus qoşunlarının ilk dəstəsi hələ manifest imzalanmamışdan əvvəl, 1799-cu il noyabrın 26-da 17-ci leyb-qrenader İrəvan alayı general-mayor Lazarevin başçılığı ilə təntənəli surətdə Tiflisə daxil olmuşdu (393,3; 418,20).

Təbii ki, bu hadisə İrəvan xanının nəzərindən qaça bilməzdi. O, yaxşı bilirdi ki, Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi İrəvan torpaqları üçün də təhlükəlidir. Rus qoşunlarının Tiflisə daxil olması Məhəmməd xanı ona məxsus əraziləri geri qaytarmağa məcbur etdi. O, ilk öncə Şuragölə qoşun yeridir. Yuxarıda qeyd edildiyi kimi, İrəvan xanlığının mahallarından biri olan Şuragöl 1779-cu ildə II İraklinin hücumu zamanı ondan qoparılaraq ayrıca sultanlığa çevrilmişdi. Kartli-Kaxetiya çarı buradan hər il təyin etdiyi adamlar vasitəsilə illik vergi yığırdı. Bu dövrdə Şuragöl sultanlığının əhalisi azəri türklərindən ibarət idi və burada minə qədər ev vardı (84, c.2, səh.448). Lakin İrəvan xanları bununla razılaşmayaraq daima bu ərazinin onlara məxsusluğunu iddia etmişdilər. P.İ.Kovolevski öz «Gündəliyində» yazırdı ki, «vaxtilə İrəvan xanlığının tərkib hissəsi olan Şuragöl mahalı qonşular (Kartli-Kaxetiya çarlığı-E.Q.) arasında olan ziddiyyətlə əlaqədar olaraq əldən ələ keçmişdi. Məhəmməd xan bu mahalı idarə etməyə aydınlıq gətirmək üçün II İrakliyə məktub göndərmiş, həmçinin digər şikayətlərlə burada olan sərhəd rəislərinə, hətta mənə müraciət edərək vasitəçi olmağı xahiş etmişdi» (156,118; 71,531). Lakin bütün bu müraciətlərin faydasızlığını görən Məhəmməd xan məsələni öz qüvvəsilə həll etmək qərarına gəlir. Nəticədə, 1800-cu ilin oktyabrında Məhəmməd xan Kəlbəli xanla birlikdə bir neçə minlik qoşunla Şuragölə hücum etdi. Bu vaxt çar XII Georginin qaynatası Sisiyanov illik vergi yığmaq üçün 400 nəfər gürcü və ermənilərdən ibarət dəstə ilə Şuragölə gəlmişdi. İrəvan qoşunu onlara hücum edərək xeyli itki verdi. Knyaz Sisyanov döyüş meydanından qaçmaqla canını qurtara bildi. Onun qoşunundan ölən və yaralananların sayı 200-ə çatırdı. Lakin Şuragöl qalasına yaxınlaşan irəvanlılar burada dayanmayaraq geri qayıtmışdılar (332,158; 84, c.2, səh.448). Bu yürüş nəticəsində İrəvan xanı Şuragölü özünə tabe edə bildi.

Tezliklə, Məhəmməd xan Pəmbəkdə baş verən hadisələrə müdaxilə etməli oldu. Bu dövrdə Pəmbək əhalisi qiyam qaldıraraq, kömək üçün İrəvan xanına müraciət etmişdilər. Onların narazılığının bir neçə səbəbi vardı. Əvvəla, qeyd etmək lazımdır ki, Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi haqqında çar I Pavelin manifesti 1801-ci il fevralın 16-da Tiflisdə xalq qarşısında oxunmuşdu. Bu manifestə görə, Pəmbək, Qazax, Borçalı və Şəmşəddil sultanlıqları Kartli-Kaxetiyanın tərkibində Rusiyaya birləşdirilməsi bəyan edilirdi. Bu yerli əhalinin narazılığına səbəb olmuşdu (149,372). İkincisi, Kartli-Kaxetiya çarının buraya təyin etdiyi nümayəndələrin soyğunçu vergi siyasəti ilə əlaqədar idi. Belə ki, Pəmbək ayrıca sultanlıq olsa da, Kartli-Kaxetiya çarlığına illik vergi verirdi. Sultanlığın əhalisi əsasən azəri türklərindən ibarət idi və buranı XII Georginin qaynatası knyaz Georgi Sisiyanov idarə edirdi. Knyaz isə burada olmayanda Pəmbəyin idarəsini kürəkəni knyaz Aslan Orbelianiyə həvalə etmişdi. A. Orbeliani isə vəzifəsindən sui istifadə edərək əhalidən əlavə vergi yığmaqla onları talayırdı. Bu da əhalinin narazılığına səbəb olmuşdu (239,219; 340,222; 146,12). Üçüncüsü, Rusiya Kartli-Kaxetiya çarlığının əli ilə Pəmbəki işğal edərək, burada hərbi baza yaratmaq istəyirdi. Pəmbəkdə möhkəmlənməklə rus qoşunu gələcəkdə İrəvan xanlığını işğal etmək üçün əlverişli meydan əldə edirdi. Pəmbəklilər isə rus qoşununun sultanlığın ərazisində mövqe tutmasına etiraz edərək həyacan qaldırmışdılar. Bu həyacanların güclənməsində general mayor Lazarevin də əli vardı. Belə ki, 1801-ci ilin iyununda rus qoşunlarının baş komandanı vəzifəsinə general-leytenant K.F. Knorrinq təyin edildi. Hərbi işlərdə isə onun köməkçisi general mayor Lazarev oldu (84, c.2, səh.455; 76,183). Tezliklə yeni baş komandan Tiflisə gəldi. Çar I Aleksandrın əmrinə əsasən o, Kartli-Kaxetiyanı Rusiyaya birləşdirilməsi üçün hazırlıq görməli idi. Tiflisə gələn yeni baş komandan nüfuzlu şəxslərin və çarlığa tabe olan ayrı-ayrı bölgələrin nümayəndələrinin fikrini öyrənmək üçün yanına dəvət etdi (88,24-25). A.E.Sokolov yazır ki, «Baş komandan (Knorrinq-E.Q.) mərkəzə yaxınlaşanda Pəmbək ağalarından başqa gürcü və ermənilər tərəfindən təntənəli surətdə qarşılandı. Bu vaxt general-mayor Lazarev yerlərə sərəncam göndərərək bütün əhalini onu qarşılamağa dəvət etmişdi» (404,117; 239,119). Pəmbəklilər nəinki onun bu əmrinə itaət etməmiş, eyni zamanda Məhəmməd xanla əlaqə yaradaraq İrəvana köçmək istədiklərini bildirmişdi. Pəmbəklilərin bu etinasız hərəkətindən istifadə edən knyaz A. Orbeliani rus komandanlığı ilə onların arasını qızışdırmağa çalışırdı. O, general-mayor Lazarevə şikayət edərək pəmbəklilərin əmrə tabe olmadıqlarını və İrəvan xanı ilə əlaqə saxlamaları haqqında xəbər vermişdi (239,219; 404,117-118).

Pəmbəkin Kartli-Kaxetiya ərazisi kimi Rusiyaya birləşdirilməsi İrəvan xanının kəskin narazılığına səbəb olmuşdu. O, naxçıvanlı Kəlbəli xan və digər nüfuzlu əyanlarla birlikdə İrəvanda müşavirə keçirdi. Müşavirədə xristianların müsəlmanlar üzərində hakimiyyətinə yol verməmək üçün Pəmbəki rus qoşunundan müdafiə etmək qərara alındı. Hətta II İraklinin oğlanları David və Vaxtanq Məhəmməd xana müraciət edərək sultanlığı Rusiya işğalından qorumağı xahiş etmişdilər (337,617-618; 326,56; 145,219). Belə imkanı özü üçün əlverişli hesab edən Məhəmməd xan Pəmbək ağalarına müraciət edərək onun təbəəliyinə keçməyi tələb etdi. Xanın bu təklifinə pəmbəklilər müsbət cavab verdilər. Nəticədə, 400 nəfərdən ibarət İrəvan qoşunu Pəmbəkə göndərildi. Tezliklə, 14 kəndin 6 min nəfərdən ibarət əhalisi İrəvan xanlığının ərazisinə köçürüldü (336,599; 145,218-219).

Pəmbəklilərin qiyamı Qafqazda yerləşən rus qoşunlarının baş komandanlığını təşvişə salmışdı. Onlar bu hadisədə İrəvan xanını və onun qohumu olan naxçıvanlı Kəlbəli xanı günahlandırırdılar. Baş verən həyacanları yatırmaq üçün K.F. Knorrinq general mayor İ.P.Lazarevi Pəmbəkə göndərdi. 1801-ci il iyunun 30-da 1 atıcı alayı, üç yüngül topla təchiz olunmuş 19-cu yeger alayı, 100 kazak və 1 topu olan 500-ə qədər gürcü dəstəsi İ.P.Lazarevin başçılığı ilə Tiflisdən Pəmbəkə doğru hərəkət edir. Pəmbək çayı sahilində Darbar kəndinə yaxın yerdə düşərgə salan general Məhəmməd xanla danışıqlara başladı (335,598; 336,599).

Məhəmməd xan öz hərəkətinə bəraət qazandırmaq və rus qoşununun Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirir ki, Pəmbək sultanlığı İrəvan xanlığına məxsusdur və bunun üçün Ağa Məhəmməd şahdan fərmanı vardır. Daha sonra elçi xanın ruslara qarşı heç bir qərəzli niyyəti olmadığını, əksinə Rusiya himayəsinə keçmək fikrində olduğunu bildirərək, İ.P.Lazarevdən rus qoşunlarının Pəmbək ərazisinə girməməsini xahiş etdi (339,600; 145,219-220). Lakin Məhəmməd xanın İ.P.Lazarevlə danışıqları heç bir nəticə vermədi. General elçiyə bildirir ki, Gürcüstan əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru hərəkət edir. O, xana xəbər göndərərək İrəvana köçən əhalinin geri qaytarılmasını tələb etdi. Rus qoşunu ilə açıq münaqişəyə girməkdən ehtiyat edən Məhəmməd xan Pəmbək qaçqınlarının geri qayıtmasına icazə verdi. İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq üçün knyaz Solomon Tarxanov xanın yanına göndərildi. S.Tarxanovla söhbətdə xan öz hərəkətinə haqq qazandıraraq, Pəmbəkin ona məxsus olmasını bir daha bildirmişdi. Lakin rus komandanlığı ilə münasibətləri pozmaq istəməyən İrəvan xanı digər kəndlərin əhalisinin də geri qayıtmasına icazə vermişdi. Qaçqınların geri qayıtması ilə kifayətlənən İ.P.Lazarev mayor Çeqişevin başçılığı ilə tiflis atıcı alayını Pəmbək sultanlığının mərkəzi Qarakilsə kəndində yerləşdirərək geri qayıtdı (339,599-601; 92,604; 93,605; 326,75).

Bundan əlavə, Məhəmməd xan rus komandanlığının digər tələbini də yerinə yetirməli olmuşdu. Şuragöllü bir Azəri türkünü gürcü knyazı Solomon Məlikov incitdiyinə görə, xan İrəvanda ticarət edən gürcü tacirlərini həbs edərək onlardan 1200 rubl istəmişdi. Bunu eşidən Q.M.Lazarev xandan tacirlərin azad olunmasını tələb etmişdi. Əlacsız qalan Məhəmməd xan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu (404,122).


2.2. Birinci Rusiya-İran müharibəsi ərəfəsində İrəvan

xanlığının Rusiya, Qacar İranı və Osmanlı paşaları

ilə siyasi münasibətləri
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığı rəsmi surətdə Rusiyaya birləşdirildi. Bu müqaviləyə əsasən, Azərbaycanın Borçalı, Qazax və Şəmşəddil sultanlıqları ilə bərabər, Pəmbək və Şuragöl də Rusiyanın tərkibinə daxil oldu (144,19-27). Bunun ardınca imperator I Aleksandr sentyabrın 12-də digər Azərbaycan torpaqlarını Rusiyaya birləşdirmək yolları haqqında K.F.Knorrinqə xüsusi təlimat göndərdi. On bir bənddən ibarət olan bu təlimatın 10-cu bəndində yazılırdı: «Ətraf hakimlər və xalqlarla əlaqə saxlayaraq Rusiyaya meyl edənlərin sayını artırmaq lazımdır, xüsusilə hələ üzərində Baba xanın (Fətəli şahın-E.Q.) hakimiyyəti təsdiq olunmamış, hazırkı şəraitdə özlərinin təhlükəsizliyi üçün Rusiyaya daha çox meyl göstərən İrəvan, Şəki, Şirvan (Şamaxı-E.Q.), Bakı və başqa xanlıqları cəlb etmək lazımdır» (326,65). Kartli-Kaxetiya çarlığı Rusiyaya birləşdirildikdən sonra general-leytenant K.F.Knorrinq böyük qüvvə ilə Tiflisə gəldi.

Kartli-Kaxetiya çarlığının Rusiyaya rəsmi birləşdirilməsi Qacar İranını bərk təşvişə salmışdı. Xorasan üsyanını yatıran Fətəli şah 1802-ci ilin əvvəllərində onun hakimiyyətini tanımaq istəməyən Azərbaycan xanlarına fərmanlar göndərərək tabe olmalarını tələb etdi. O, ilk əvvəl Azərbaycanın ona müxalif olan xanlarını öz tərəfinə çəkmək və sonra onların qüvvələri ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək niyyətində idi. Tehrana gələn şah ilk növbədə İrəvan xanına hədələyici fərman göndərdi. Fərmanda o, Məhəmməd xandan İrəvanda məskunlaşmış naxçıvanlıların geri qaytarılmasını tələb etdi. Hətta Fətəli şah İrəvana yürüş etmək üçün qoşun da toplamış və mart ayında özü də İrəvana gəlmək niyyətində idi (84, c.2, səh.513-514).

Bu xəbər Məhəmməd xanı qorxuya salmışdı. O, şah qoşununun hücumunu eşidən kimi, İrəvan qalasının müdafiəsini gücləndirməyə başladı. Onun səyi nəticəsində qalanın hərbi qarnizonu artırılmış, ambarlar isə ərzaqla doldurulmuşdu (342,618; 84, c.2, səh.514). Lakin öz qüvvəsinə əmin olmayan Məhəmməd xan hərbi kömək almaq məqsədi ilə rus qoşunlarının baş komandanı general-leytenant Knorrinqə və general mayor Lazarevə müraciət etdi. O, Eyvaz xan Sultanın başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. Nümayəndə heyəti general mayor Lazarevin qəbulunda oldu. Elçi xanın Rusiya təbəəliyinə keçmək arzusunda olduğunu qeyd edərək, şah qoşununa qarşı mübarizə üçün 300 nəfərdən ibarət hərbi qüvvə istəmiş və əvəzində şahzadə Aleksandrı ruslara təhvil verəcəyini bildirmişdi. Xan bu qüvvələri saxlamaq üçün hər il 10.000 rubl (1.000 tümən-E.Q.) məbləğində ərzaq ayıracağını öhdəsinə götürmüşdü. Lakin general mayor Lazarev xanın elçisini əli boş geri qaytararaq, xanın istəyini baş komandana çatdıracağına söz vermişdi (404,144; 342,618; 146,16-17).

Şah qoşunlarının İrəvana və oradan da Kartli-Kaxetiyaya hücum etmək niyyəti rus komandanlığını narahat etməyə bilməzdi. İrəvan xanına boş vədlər verən K.F.Knorrinq ehtiyat tədbirləri görməyə başladı. O, 1802-ci il martın 26-da çara raport göndərərək şah qoşunlarının İrəvana və oradan Kartli-Kaxetiyaya hücum edəcəyi haqqında məlumat vermişdi. Bunun ardınca K.F.Knorrinq 1802-ci il aprelin 18-də Məhəmməd xana məktub yazaraq, onu Rusiyanın təbəəliyinə keçməyi təklif etmişdi (326,86-87). Çar I Aleksandr da öz növbəsində 1802-ci il aprelin 25-də K.F.Knorrinqə beş bənddən ibarət xüsusi təlimat göndərdi. Təltmatın dörd bəndi İrəvana aid idi. Təlimatda çar rus komandanlığına nəyin bahasına olursa olsun şah qoşunlarının İrəvanda möhkəmlənməsinə yol verməmək, Məhəmməd xanı rus təbəəliyinə keçməsinə inandırmaq üçün yollar axtarmaq, İrəvan qalasında rus qoşununu yerləşdirməyi tapşırmışdı (326,88-89). Bunun ardınca rus komandanlığı Kartli-Kaxetiyada olan hərbi qüvvələrini daha da gücləndirməyə başladı. Qafqaz xəttinddə ərzaqla təchiz olunmuş 7 min qoşun səfərbərliyə alındı və İrəvanla sərhədə əlavə qüvvələr yerləşdirildi. Bu xəbəri eşidən Fətəli şah İrəvana və Kartli-Kaxetiyaya nəzərdə tutulmuş yürüşü başqa bir vaxta keçirdi. P.Butkov yazır ki, «Baba xan (Fətəli şah-E.Q.) İrəvana və Kartli-Kaxetiyaya qoşun göndərmək niyyətindən əl çəkdi. Ona görə ki, Baba xanın anası həmişə onu Rusiya ilə müharibədən çəkindirərək, yalnız İranda hakimiyyətini möhkəmləndirməyi məsləhət görmüşdü» (84, c.2, səh.515).

Təhlükənin sovuşduğunu görən Məhəmməd xan rus komandanlığı ilə danışıqları kəsərək, onlardan hərbi kömək almaqdan əl çəkdi (326,88-89; 146,16-17). P. Butkov həmin aylarda Məhəmməd xanın siyasətini belə şərh edirdi: «bununla bərabər, İrəvan xanı təhlükənin sovuşduğunu görərək, nəinki, təbəəliyə daxil olmaq fikirindən yayınır, eyni zamanda Rusiyanın düşməni Naxçıvanlı Kəlbəli xanla, şahzadə Aleksandrla (II İraklinin oğlu-E.Q.) birlikdə zahirdə ruslara dostluq münasibəti göstərir, batində isə imkan düşən kimi Gəncə xanı, Axalsıx paşası və İmeretiya çarı ilə birlikdə rusları Kartli-Kaxetiyadan sıxışdırmaq, əgər buna nail olmadıqda imkan düşdükcə ziyan vurmaq üçün yürüşlərdə iştirak edirdi» (84,c.2, səh.515-516).

Qacar təhlükəsindən qurtaran Məhəmməd xan qaynı Kəlbəli xanla birlikdə Qars paşasına qarşı müharibəyə başlayır. Onlar arasında düşmənçilik Qars hakimi Məhəmməd paşanın günahı üzündən başlamışdı. 1802-ci il mayın 26-da Kəlbəli xanın polkovnik Karyaginə yazdığı məktubdan bəlli olur ki, Qars hakimi Məhəmməd paşa İrəvan və Naxçıvan xanlıqlarına düşmən olan qüvvələrlə birləşərək tez-tez bu xanlıqların sərhəd ərazilərinə qarət məqsədilə hücumlar təşkil edir, onların Qarsdan keçən karvanlarını soyur, tacirlərini döyür və mallarını əllərindən alırdı (245,625-626). Kəlbəli xan mayın 27-də yazdığı digər məktubda isə Qars paşası ilə barışmaq üçün bir neçə təklif irəli sürmüşdü. Bu təklifdə Məhəmməd paşanın düşmənçilik əməlləri qabarıq göstərilmişdi. Bu təkliflər aşağıdakılardır: 1) İrəvan sakinləri olan Qarapapaqlıların geri qaytarılması; 2) ələ keçirilmiş Eçmiədzinə məxsus əşyaların təhvil verilməsi; 3) orada sığınacaq tapmış əhalinin geri qaytarılması; 4) qarət edilmiş tacirlərin mallarının geri qaytarılması; 5) yandırılmış və talan edilmiş 10 kəndin meşəsinin yenidən bərpa edilməsi (246,626). Qeyd etmək lazımdır ki, məktub Kəlbəli xanın adından yazılsa da, burada İrəvanla bağlı hadisələrə toxunulmuşdu.

Məhəmməd paşanı cəzalandırmaq məqsədilə İrəvan qoşunu Kəlbəli xanın başçılığı ilə Qars ərazisinə daxil olaraq onun bir hissəsini tutdu. İrəvanlıların təzyiqinə davam gətirə bilməyən Məhəmməd paşa kömək üçün general leytenant Knorrinqə müraciət etdi. Məhəmməd xanın bu addımı rus komandanlığını narahat etməyə bilməzdi. Rus komandanlığı İrəvan xanını cəzalandırmaq qərarına gəldi və K.F.Knorrinq Məhəmməd paşanın müraciətindən istifadə edərək Osmanlı ərazisinə qoşun yeridir. 1802-ci il aprel ayının əvvəllərində Osmanlı ərazisinə daxil olan rus qoşunu Məhəmməd paşanın dəstələri ilə birlikdə Kəlbəli xanın başçılıq etdiyi İrəvan qoşununu məğlub etdi (326,84). Bu qələbədən sonra Qars hakimi Məhəmməd paşa fürsətdən istifadə edərək rus komandanlığına İrəvan xanlığını işğal etməyi məsləhət görmüşdü. O, dəfələrlə P.İ.Kovalenskiyə və K.F.Knorrinqə məktub yazaraq İrəvanı işğal etmək üçün əlverişli fürsətin olduğunu bildirsə də, bu müraciətlər cavabsız qalmışdı (326,84-94-98-108-111-118-146).

Məğlubiyyətə baxmayaraq, İrəvan xanı geri çəkilmək niyyətində deyildi. Yürüşü davam etdirmək üçün 1802-ci ilin mayında İrəvanda güclü qoşun toplandı. Kəlbəli xanın başçılığı ilə İrəvan qoşunu mayın ortalarında Pəmbək və Qars istiqamətində yenidən yürüşə başlayır. Bu hücumun qarşısını almaq üçün K.F.Knorrinqin əmrinə əsasən Pəmbək ərazisində yerləşən rus qoşunlarının başçısı pokovnik Karyagin öz dəstəsini döyüş hazırlığına gətirdi. Mayın 17-də isə general-leytenant Knorrinq Qars paşasına məktub yazaraq ruslarla birlikdə yürüşüşdə iştirak etməyi təklif edir (326,94,108; 84, c.2, səh,517). Beləliklə, 1802-ci il mayın 28-də rus qoşunu ilə Qars paşasının qüvvələri Arpa çayının sahilində, Qars paşalığına məxsus ərazidə, İrəvan qoşunu ilə üz-üzə gəldi. Bu döyüşdə 12.000 süvaridən, 2.500 piyadadan ibarət İrəvan qoşunu, müttəfiq qoşunlarından- 583 nəfər, 3 topa malik rus, 6.000 süvari, 2.000 piyadadan və 3 topdan ibarət osmanlı qoşunu iştirak etmişdi. Rus qoşununun tərkibində 202 nəfərdən ibarət pəmbəkli də vardı (355,627; 97,628). Üç saata qədər davam edən döyüşdə İrəvan qoşunu güclü müqavimət göstərməsinə baxmayaraq, məğlub olaraq geri çəkildi. Döyüşdə İrəvan qoşunundan 500, osmanlılardan isə 70-ə qədər əsgər ölmüş və yaralanmış, ruslardan isə itki olmamışdı (353,627; 97,628). Məğlub olan Kəlbəli xan geri çəkilərək Arpa çayının yuxarı hissəsində düşərgə saldı. O, İrəvandan kömək almaqla yürüşü davam etdirmək niyyətində idi (354,627).

Qars hakimi Məhəmməd paşa irəvanlıların məğlubiyyətindən istifadə etmək qərarına gəldi. O, mayın 31-də K.F.Knorrinqə yazdığı məktubda İrəvana hücum üçün əlverişli imkanın olduğunu bildirmişdi. Qars paşası rus komandanlığından hərbi kömək istəyərək, İrəvanı tutucağına söz verirdi (326,98). İyunun 23-də yazdığı digər məktubda isə o, bu planı həyata keçirmək üçün baş komandandan artilleriya ilə təchiz olunmuş 2 min nəfərdən ibarət hərbi qüvvəni polkovnik Karyaginin başçılığı ilə İrəvana göndərilməsini xahiş etmişdi (326,108; 84, c.2, səh.527). İyunun 28-də üçüncü dəfə göndərdiyi məktubda isə K.F.Knorrinqdən İrəvanın işğalı üçün 1000 nəfərdən ibarət hərbi qüvvə istəmişdi (247,710). Lakin Məhəmməd paşanın niyyətini bəyənməyən və İrəvana dair öz planı olan rus komandanlığı onun məktublarını cavabsız qoymuşdu.

Tezliklə, Məhəmməd xan rus komandanlığı ilə münasibətləri yenidən bərpa etmək məcburiyyətində qaldı. 1802-ci ilin yayında İrəvan xanı yenidən Qacar təhlükəsi ilə üzləşdi. Fətəli şahın yaxın sərkərdəsi Pirqulu xan iyul ayında Şuşaya və oradan da Naxçıvana gəldi. Naxçıvandan 60 verst aralıda düşərgə salan Pirqulu xanın ilk işlərindən biri şahın adından İrəvan xanına məktub göndərmək olmuşdu. O, məktubda Məhəmməd xandan Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağı, əks halda bəzi məlumata görə 100.000 rubl (10.000 tümən-E.Q.), digər məlumata görə isə 80.000 rubl (8.000 tümən-E.Q.) məbləğində bac verməyi tələb etmişdi (404,144,162; 84, c.2, səh.527). Bundan əlavə, İrəvan xanı öz dəstəsi ilə şah qoşununa birləşərək Şuşaya getməli və burada Qarabağ, Şəki, Şamaxı xanlıqlarının qoşunları ilə birlikdə Kartli-Kaxetiyaya yürüş etməli idi. Yürüşdə gürcü şahzadəsi Aleksandrın da iştirakı nəzərdə tutulmuşdu. (404,144, 163; 144,45).

Fətəli şaha tabe olmaq istəməyən Məhəmməd xan kömək üçün rus komandanlığına müraciət etdi. O, 1802-ci ilin iyununda Məhəmməd Zaman bəyin başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. Heyətin məqsədi Qacar təhlükəsinə qarşı hərbi kömək istəmək və Qarsla olan münasibətlərə aydınlıq gətirmək idi. Baş komandanın qəbulunda olan elçi İrəvanla Qars arsında baş verən düşmənçiliyin səbəblərini izah etmək istəsə də, onun izahı kobudluqla kəsilmiş və heyət əliboş geri qayıtmışdı. Lakin rus komandanlığından hərbi kömək almaq ümidini itirməyən Məhəmməd xan Tiflisə Eyvaz xanın başçılığı ilə yeni nümayəndə heyəti göndərdi (326,110). İrəvan xanının bu cəhd də boşa çıxdı.

Hərbi kömək almaq ümidinin boşa çıxdığını görən Məhəmməd xan Pirqulu xanın tələblərini yerinə yetirmək məcburiyyətində qaldı. O, Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağı və tələb olunan məbləği ödəməyə söz verdi (404,154-162). Lakin rus komandanlığının Qacar təhlükəsinə qarşı müəyyən tədbirlər görməsi nəticəsində Pirqulu xan Azərbaycandan geri çağrıldı.

Təhlükənin sovuşduğunu görən Məhəmməd xan Qars paşalığına qarşı mübarizəni davam etdirdi. O, bu mübarizədə özünə müttəfiq də tapa bilmişdi. İrəvan xanı Axalsıxda qiyam nəticəsində hakimiyyətə gəlmiş Şərif paşadan istifadə etmək qərarına gəlmişdi. Belə ki, 1801-ci ililin ortalarında Axalsıxda baş vermiş qiyam nəticəsində Sabit paşa əmisi oğlu Şərif paşa tərəfindən hakimiyyətdən devrildi. Hakimiyyətini geri qaytarmaq üçün mübarizə aparan Sabit paşa 1802-ci ilin əvvəllərində İmeretiyada öldürüldü (94,700; 96,701; 341,700).

Rəqibini aradan götürən Şərif paşa qonşu paşalıqlara və Kartli-Kaxetiyaya hücumlar təşkil etməyə başlayır. Onun bu hərəkəti Qars paşalığı ilə düşmən olan İrəvan xanının siyasətinə uyğun gəlirdi. O, Şərif paşaya məktub yazaraq onu dəstəklədiyini və lazım gələrsə hərbi qüvvə ilə kömək göstərməyə hazır olduğunu bildirmişdi. Məhəmməd xandan müsbət cavab alan Şərif paşa kömək almaq məqsədilə İrəvana gəlmişdi (356,892; 251,893; 252,902-903). Axalsıqlı Şərif paşanı Məhəmməd xandan başqa naxçıvanlı Kəlbəli xan və Bəyazid paşası da dəstəkləyirdi. Şərif paşa müttəfiqlərin köməyi nəticəsində türklərdən və dağıstanlılardan ibarət 12.000 qoşun toplaya bildi (404,122).

Şərif paşa və müttəfiqləri gürcü şahzadəsi Aleksandr Mirzə ilə də əlaqə saxlayırdı. Müttəfiqlərin gürcü şahzadəsini bu hadisəyə cəlb etməsinin daha ciddi səbəbi vardı. Qars hakimi Məhəmməd paşa 1802-ci il iyunun 28-də rus qoşunlarının baş komandanı K.F.Knorrinqə yazdığı məktubda onların planını belə şərh edirdi: «… axalsıqlı Şərif paşa İrəvan xanı ilə birləşərək dağıstan qoşunu gətirib ki, Gürcüstanı ələ keçirsin, Tiflisi Aleksandr Mirzəyə təhvil versin (326,109). Hətta onlar bu planı həyata keçirmək üçün maliyyə mənbəyi də tapmışdılar. Erməni arxiyepiskopu David Eçmiədzin tax-tacına yiyələnmək üçün kilsənin xəzinəsini onlara vermişdi (326,109). İrəvan xanı ilə birləşən, dağıstanlılardan kömək alan Şərif paşa Kartli-Kaxetiya, Qars və Çıldır ərazilərinə tez-tez yürüşlər təşkil edirdi (94,700; 242,705).

Qiyamın genişlənməsi sultanı bərk narahat edirdi. O, Ərzurum paşasına fərman göndərərək bu üsyanı yatırmağı əmr etdi. Fərmana görə, sultan tərəfindən sərəsgər rütbəsi alan Ərzurum paşası Qars və Çıldır əhalisi ilə birlikdə Şərif paşa qiyamını yatırmaq göstərişi almışdı (407; 334,707-708; 404,177). Öz qüvvələrilə bu qiyamı yatıra bilməyəcəyini hiss edən paşalar kömək üçün rus komandanlığına müraciət etdilər. Ərzurum paşası yaxın adamı Səlim ağanı general leytenant K.F.Knorrinqin yanına göndərərək, İrəvan xanını düşmənçilik hərəkətlərindən çəkindirməyi xahiş etmişdi (326,79-80; 242,705).

Lakin paşalar öz qüvvəsi ilə bu qiyamı yatırmağa nail oldular. 1802-ci il oktyabrın 17-də sabiq Axalsıx hakimi Sabit paşanın yaxın adamı Səlim ağanın və Qars hakimi Məhəmməd paşanın qardaşı Qara bəyin başçılığı ilə 2 minlik qoşun Axalsıx qalasına hücum etdi. Qəflətən yaxalanmış Şərif paşa bu hücuma davam gətirə bilməyərək yaxın adamları ilə birlikdə qaladan qaçdı (98,703-704; 344,704).

İrəvan xanı Axalsıxda baş verən hadisədən Qars paşasını cəzalandırmaq üçün istifadə etmək qərarına gəldi. O, müttəfiqi Şərif paşanı yenidən hakimiyyətə gətirmək adı altında Kəlbəli xanın başçılığı ilə İrəvanda 10.000 nəfərlik qoşun topladı. Bu yürüşü həyata keçirmək üçün Məhəmməd xan və Kəlbəli xan Bəyazid paşası ilə razılığa gəldilər. (404,175-176). Eyni zamanda İrəvan xanı rus komandanlığından arxayın olmaq və dəstək almaq üçün 1802-ci il dekabrın 3-də Hacı bəyin başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. General-mayor Lazarevin qəbulunda olan nümayəndə heyəti bu əməliyyatda Məhəmməd xanın yalnız Şərif paşanı yenidən hakimiyyətə gətirmək niyyətində olduğunu bildirərək, ondan İrəvan qoşunlarının Kartli-Kaxetiya ərazisindən maneəsiz keçməsinə icazə verilməsini istəmişdi. Danışıqlarda elçi Qars paşasının Rusiya dövlətinin də düşməni olduğunu inandırmağa çalışmışdı. Lakin general-mayor Lazarev elçi ilə kəskin danışmışdı. O, elçiyə hədə-qorxu gələrək cavab vermişdi ki, əgər İrəvan qoşunu Kartli-Kaxetiya sərhədinə yaxınlaşsa rus qoşunu ilə üzləşəcəkdir. Bunla belə, general-mayor İrəvan xanını Qars paşası ilə barışmağı məsləhət görmüşdü (346,622-623). Rus komandanlığı ilə münasibətləri gərginləşdirmək istəməyən və bölgədə qüvvələr nisbətinin Rusiyanın xeyrinə dəyişməsi İrəvan xanını öz niyyətindən əl çəkməsinə səbəb olmuşdu.



2.3. İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə
Kartli-Kaxetiya çarlığı Rusiyaya birləşdirildikdən sonra bölgəni narazılıqlar bürümüşdü. Bu qarışıqlığı yatırmaqda aciz qalan baş komandan K.F.Knorrinqin siyasəti çar I Aleksandrın narazılığına səbəb olmuşdu. Buna görə, 1802-ci ilin sentyabrında P.D.Sisianov çarın fərmanına əsasən baş komandan təyin edildi (76,184; 88,26). Onun baş komandan təyin edilməsi ilə Rusiyanın Gənubi Qafqazı işğal etmək planı gerçəkləşdi. Şöhrətpərəst, qəddar, kobud, lakin bacarıqlı sərkərdə olan P.D.Sisianov 1796-cı ildə V.A. Zubovun başçılığı ilə rus qoşunlarının Aərbaycana yürüşündə iştirak etmiş və Bakının komendantı təyin olunmuşdu. O, Azərbaycana yaxşı bələd idi. Lakin Rusiya hökumətinin məhz P.D.Sisianovun komandan təyin edildiyi bir vaxtda planlarını gerçəkləşdirməsinin bir neçə səbəbi vardı. Birinci əsas səbəb, beynəlxalq vəziyyətin Rusiya üçün əlverişli olması idi. XVIII əsrin sonları- XIX əsrin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında Avropa və Asiyada iqtisadi və siyasi hegemonluq üstündə mübarizə gedirdi. Həm fransızlar, həm də ingilislər Orta Şərqdə müstəmləkəçilik planlarını həyata keçirmək üçün Qacar İranından istifadə etmək qərarına gəlmişdilər (163,129-130). Lakin İngiltərə Napoleon Fransasına qarşı mübarizədə Rusiyadan dəstək aldığından, bu ölkənin Cənubi Qafqazdakı fəaliyyətinə müvəqqəti göz yumurdu; ikinci, Cənubi Qafqazda Rusiyanın ən ciddi rəqibi olan Osmanlı dövləti bölgədə hadisələrə fəal müdaxilə etmək iqtidarında deyildi. 1768-1774 və 1787-1791-ci illər Rusiya-Osmanlı müharibələrindən sonra Osmanlı imperiyası tamamilə zəifləmişdi. Bu müharibələr zamanı Qara dəniz sahillərində, Şimali Qafqazda möhkəmlənən Rusiyanın Cənubi Qafqazda işğal planlarını həyata keçirmək üçün ciddi rəqibi qalmamışdı; üçüncü, mühüm səbəblərdən biri Rusiyanın uzun illər casuslar tərəfindən Cənubi Qafqazın iqtisadi, siyasi, hərbi cəhətdən kifayət qədər məlumat toplayaraq vəziyyəti düzgün qiymətləndirməklə ətraflı planlar qurmasında idi; dördüncü, işğal planını həyata keçirən qoşunların təchizat məsələlərinin başa çatdırılması, Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsilə rus qoşunlarının Azərbaycana hücumu üçün əlverişli meydanın əldə etməsi idi; beşinci, Qacar İranının Azərbaycan xanlarını özünə tabe etmək istəyinin gerçəkləşməsində idi. Ağa Məhəmməd şah vəfat etdikdən sonra hakimiyyətə gələn Fətəli şah İranda rəqiblərini məğlub etdikdən sonra Azərbaycan xanlarını özünə tabe etmək üçün əl-qolu açılmışdı. Digər tərəfdən, ikiüzlü siyasət yeridən Fransa və İngiltərə Rusiyanın Qafqazda işğalçılıq planlarının qarşısını almaq üçün Qacar İranından istifadə edirdilər; altıncı, xanlıqlar arasında olan düşmən münasibətlər, bir-birinə olan torpaq iddiaları, ara müharibələri bu xırda dövlətləri zəiflətmişdi. Onların bir-biri ilə yola getməməsi «parçala və hökm sür» siyasəti yeridən Rusiya üçün əlverişli idi.

Tarixi ədəbiyyatda Rusiya-İran müharibələri və bu muharibələrdə Azərbaycan xanlıqlarının vəziyyəti haqqında ətraflı məlumat verildiyindən, yalnız İrəvan xanlığı ilə bağlı hadisələrə toxunacağıq. Qeyd etmək lazımdır ki, Azərbaycanın digər xanlıqlarından fərqli olaraq Rusiyanın İrəvan xanlığının daxili işinə müdaxiləsi daha əvvəl başlamışdı. Rus komandanlığı Eçmiədzində katolikos taxt-tacı uğrunda gedən mübarizəni bəhanə edərək Məhəmməd xana təzyiq göstərirdi. İrəvan xanlığına müdaxilədə rus komandanlığının əlində bəhanə olan bu hadisəni ətraflı təsvir etmək istərdik. Belə ki, 1801-ci ilin martında Eçmiədzin katolikosu Arqutinski Tiflisdə vəfat etdi. Katolikos vəzifəsinin boş qalmasından istifadə edən arxiyepiskop Davıd İrəvan xanına çoxlu hədiyyə verərək onun köməyi ilə 1801-ci il aprelin 28-də bu vəzifəyə seçildi. Onun namizədliyini dəstəkləyən Məhəmməd xan, hətta Davidin təhlükəsizliyi üçün Eyvaz Sultanın rəhbərliyi altında Eçmiədzində bir dəstə qoşun da yerləşdirmişdi (343,622). Lakin erməni zadəganları buna etiraz edərək, İstambulda yerləşən erməni kilsəsinin arxiyepiskopu Danili katolikos seçdilər. Vəzifəsini icra etmək üçün Danil Bəyazidə gəldi. Lakin İrəvan xanı ilə normal qonşuluq münasibətində olan Bəyazid hakimi Mahmud paşa onu həbs edərək Məhəmməd xana təhvil verdi. Xan onu Eçmiədzinə Davıdın yanına göndərdi. Danil isə burada rəqibi tərəfindən dustaq edildi (99,605; 410,15-18; 415,114-115; 144,114).

Ermənilər Rusiyanın diqqətini İrəvan xanlığına cəlb etmək üçün Davıdlə Danil arasında katolikos vəzifəsi uğrunda baş verən mübarizədən məharətlə istifadə etməyə başladılar. Onlar çar I Aleksandrın diqqətini də bu məsələyə yönəldə bilmişdilər. Ermənilərin qızışdırıcı fəaliyyəti haqqında Nasir Nəcmi «Abbas Mirzə» əsərində dolğun bir şərh vermişdi. O, yazır: «Müharibə odunu qızışdırmaq üçün böyük, əsaslı bir səbəb olmuşdu. Bu əyalətdə (Azərbaycanda-E.Q.) yaşayan bəzi ermənilər mənafeyinin rusların mənafeyi ilə uyğun olduğunu düşünərək cürbəcür təşəbbüslərə başlamış, çarları, saray xadimlərini ələ almaq, həvəsləndirmək, hər cür vasitələr təşkil etməklə rus çarlarının nəzər diqqətini bu yerə cəlb etmişlər. Bəzən də müsəlmanlara qarşı kin, düşmənçilik münasibəti bəslədiklərinə görə onlar rusların burada müdaxiləsinə imkan yaratmağa və rusların köməyilə intiqam alaraq müsəlmanları hər sahədən, xüsusən iqtisadi və ticarət sahəsindən kənar etməyə səy etmişlər» (47,22). David-Danil arasında gedən mübarizə belə hadisə idi. Onlar Davıdı yalançı katolikos adlandıraraq kömək üçün Rusiyaya müraciət etdilər. İrəvan xanlığının daxili işlərinə qarışmaq üçün belə imkanın ələ düşməsindən istifadə edən Rusiya bu hadisədən yararlanmağa çalışdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi dairələri Məhəmməd xana təzyiq göstərmək üçün bu məsələni Danilin xeyrinə həll etməyi ondan tələb etməyə başladılar. Baş komandan K.F.Knorrinq Məhəmməd xana məktub yazaraq Danili katolikos vəzifəsinə təyin etmək üçün yardım göstərməsini tələb etmişdi. O, yazırdı ki, əgər xan Danili katolikos kimi tanısa, Rusiya hökumətinə sadiqliyini sübut etmiş olardı. Məhəmməd xan Rusiya ilə münasibətləri kəskinləşdirməmək üçün öz növbəsində baş komandana yazırdı ki, «O, Rusiyaya sadiqdir. Rusların ondan hər iki arxiyepiskopun patriarx (katolikos-E.Q.) vəzifəsinə təyin edilməsi üçün xahiş etmələri onu təəccübləndirir». Xan rus qoşunlarının sabiq baş komandanı Kovalenskinin Davıdın xeyrinə yazdığı bir neçə məktubu fakt kimi göstərmişdi (144,115). Hətta bu məsələ ilə bağlı çar I Aleksandr (1801-1825) 1802-ci il mayın 13-də İrəvan xanına xüsusi fərman göndərmişdi. Həmin fərmanda göstərilirdi ki, Danil erməni xalqının arzusu ilə seçildiyinə görə, Məhəmməd xan onun katolikos vəzifəsinə keçməsinə kömək etməlidir. Fərmanda Danilin katolikos təyin edilməsində sultanın da razı olduğu göstərilmişdi (326,93-94). Bundan əlavə baş komandan general-leytenant K.F.Knorrinqin göstərişi ilə İ.Qençaurov 1802-ci il sentyabrın 21-də İrəvana gəlmişdi. Sentyabrın 28-də Məhəmməd xanın qəbulunda olan elçi onu Danilin namizədliyini dəstəkləməyi inandırmağa çalışsa da, xan Davidin qanunla seçildiyini qeyd edərək, onu dəstəklədiyini bildirmişdi (343,621-622)

P.D.Sisianov rus qoşunlarının baş komandanı təyin edildikdən sonra bu məsələdə İrəvan xanlığına təzyiqi daha da gücləndirdi. Ona verilən təlimata görə, «baş komandan Danilin tərəfdarları ilə patriarx Davıdın tərəfdarları arasında olan rəqabəti bütün vəziyyətlərdə yerindəcə tədqiq etməli» idi (144,120). Vəzifəsinə yenicə başlayan P.D.Sisianov 1803-cü il fevralın 6-da Məhəmməd xana məktub göndərdi. Məktubda yazırdı ki, «Mən bu şəhərə (Tiflisə-E.Q.) Gürcüstanın baş komandanı vəzifəsində gəldiyimi siz alihəzrətə bildirməyi özümə borc hesab edirəm, sizi möhkəm və səmimi dostluğa çağırıram. Əsasən, sizin xeyrinizə olan böyük Rusiyanın təbəəliyinə keçməlisiniz. Bunun üçün birinci sübutunuz, mənim sizə yolladığım, mərhəmətli Rusiya imperiyasının böyük kansleri qraf Voronsovun böyük Rusiya və böyük sultan tərəfindən təsdiq edilən bütün ermənilərin patriarxı (katolikos-E.Q.) Danil haqqında yazdığı fərmanını dəqiq icra etməlisiniz» (248,609). Danil həbsdə olarkən P.D.Sisianov Məhəmməd xana təzyiqi daha da gücləndirdi. O, çara yazdığı məktubda bildirirdi ki, «Mən o saat, öz adımdan İrəvan xanına əlavə bildiriş göndərərək tələb etdim ki, patriarx (katolikos-E.Q.) Danili azad etsin. Əlavə etdim ki, belə bir ədəbsiz hərəkəti şifahi və məktubla deyil, işdə əməl etsin, əks halda inadına görə peşman olacaqdır» (410,18; 144,120). Rus komandanlığı ilə münasibətləri gərginləşdirməmək üçün Məhəmməd xan Danilin azad buraxılması üçün Davıdə xüsusi göstəriş verdi. Lakin Danil yenə də katolikos təyin edilmir və İrəvan xanının nəzarəti altında yaşayır (410,19; 144, 120).

P.D.Sisianov 1803-cü il fevralın 9-da knyaz Tomas Orbelianinin başçılığı altında İrəvana xüsusi nümayəndə heyəti göndərdi. Heyət Məhəmməd xana və Kəlbəli xana Danilin katolikos vəzifəsinə təyin edilməsinə köməklik göstərməsi haqqında qraf Voronsovun və P.D.Sisianovun adından yazılmış məktub gətirmişdi. Bundan əlavə, heyət İrəvan haqqında gizli məlumatlar da toplamalı idi. Bu heyətin tərkibinə daxil olan kapitan Çuykoya verilən təlimata görə, o, xüsusi kəşfiyyat işi görməli idi. Kapitan gizli olaraq İrəvan qalasının möhkəm və zəif yerlərini, Kartli-Kaxetiyadan İrəvana gedən əlverişli yolları öyrənərək kağız üzərinə köçürməli idi (309,609-610). Lakin göndərilən heyətin fəaliyyəti heç bir nəticə vermədi. Martın 7-də geri qayıdan heyət Məhəmməd xandan P.D.Sisianova məktub gətirmişdi. Məktubda xan rus komandanlığının bütün tələblərini rədd edirdi (100,610; 410,19; 144,121).

İrəvan xanının inadkarlığını görən P.D.Sisianov İrəvan xanlığına müdaxilə etmək üçün bu əlverişli imkandan istifadə etmək qərarına gəldi. O, 1803-cü ilin martında çara göndərdiyi məlumatda yazırdı ki, «Məhəmməd xan əlahəzirət imperatorun Danili erməni patriarxı kimi tanınması haqqında ali göstərişini yerinə yetirməkdən imtina edir. Onun cəzasız qalması silahla ələ keçirdiyimiz yerlərdə əlahəzrətin nüfuzunu zəiflədir. Ona görə də, mən, Məhəmməd xanı cəzalandırmaq, Danili erməni patriarxı (katolikosu-E.Q.) təyin etmək üçün İrəvana getməli və orada qarnizon yerləşdirməliyəm. Yerli erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd edirlər» (100,610).

Rus komandanlığının niyyətindən xəbərdar olan Məhəmməd xan gec-tez rus qoşunu ilə üzləşəcəyini dərk edərək özünə müttəfiq aparmağa qərara aldı. O, Osmanlı sarayına müraciət edərək rus qoşununa qarşı mübarizə aparmaq üçün kömək istədi. Lakin Osmanlı dövləti xanın nümayəndələrinə rədd cavabı vermişdi (205,874-875). Sultandan kömək almaq ümidini itirən Məhəmməd xan rus komandanlığı ilə münasibətləri normallaşdırmağa qərara aldı. O, yaxın adamı Hacı Fərzəli bəyi məktubla P.D.Sisiyanovun yanına göndərdi. Lakin baş komandan bu məktuba cavab vermədi. İrəvan xanı ikinci dəfə rus komandanlığına məktub göndərdi. Bu məktubdan sonra 1803-cü il iyunun 4-də P.D.Sisianov Məhəmməd xana çox kəskin və hədələyici bir cavab yazdı. Məktubun məzmunu belədir: «Sizin yüksək məqamlı Hacı Fərzəli bəylə mənə çatdırılan məktubunuza ona görə cavab vermədim ki, o (məktub-E.Q.) mənim cavabıma layiq deyil. Ona görə ki, ədəbsiz kəlmələrlə dolu məktuba rus generalı, baş komandan sözlə cavab verməyə borclu deyil. Hacı Fərzəli bəy İrəvana geri göndərildiyi vaxt sizdən məzmunu bir qədər sülh axtarmağa və mehriban qonşuluğa meyilli ikinci məktub aldım. Ona görə də, siz ali məqama aşağıdakılara cavab verməyi özümə borc hesab edirəm: … patriarx (katolikos-E.Q.) Danili Eçmiədzin taxtında oturdub, Davidi devirmək və Tiflisə mənim yanıma gətirmək. Mənim sizinlə əlaqəmin kəsilməsının səbəbi bu olmuş, bu da İrəvan xanlığının xilasına və yaxud məhvinə səbəb olacaq. Bu məsələlər üçün sizin yanınızda olan iki nümayəndəmizin müvəffəqiyyətsizliklə geri qayıtması Rusiya imperiyasının şöhrətinə ədəbsizlik olduğundan, mən bunu müzakirə etmək üçün İrəvana nümayəndə göndərməyi lazım bilmirəm» (253,611). P.D.Sisianovdan hədələyici məktub alan İrəvan xanı onunla əlaqəni müvəqqəti kəsməli oldu.

Eçmiədzində katolikos taxt-tacı uğrunda gedən mübarizədə Məhəmməd xanın tutduğu mövqe bir daha sübut edir ki, o, hər hansı kənar dövlətin xanlığın daxili işinə qarışmasına dözmək fikirində deyil və xanlığı müstəqil idarə emək istəyir.

İrəvan xanlığı ilə gərgin münasibətə baxmayaraq, Rusiya işğal siyasətinə Azərbaycanın şimal-qərbində yerləşən Car-Balakən istiqamətində başladı. 1803-cü ilin mart-aprel aylarında general Qulyakovun başçılığı ilə rus qoşunları Car-Balakənə hücum edərək buranı işğal etdi. Bunun ardınca uzun sürən mübarizədən sonra 1804-cü ilin yanvarın 3-də Gəncə xanlığı rus qoşununa təslim oldu (144,93-95; 21,18-19).

Bu ərazilər işğal edildikdən sonra P.D.Sisianov İrəvan xanlığına hücum etməyə qərara aldı. O, planını həyata keçirmək üçün çar I Aleksandrdan əlavə kömək istədi. Baş komandan 1803-cü il martın 12-də imperatora yazdığı məlumatda, İrəvan xanlığının işğalını uğurla başa çatdırmaq üçün əlavə 3 alay və 100.000 rubl məbləğində pul lazım olduğunu bildirmişdi. Bu qüvvələrlə o, nəinki İrəvanı, həmçinin Naxçıvan və Şuşanı almağı və Kür-Araz boyu ərazilərin işğalını başa çatdırmağı vəd edirdi (100,610; 144,121). İrəvana yürüş etmək üçün 1804-cü ilin mayında rus qoşunu Tiflisdə cəmləşməyə başladı (326,258).

Rus qoşunlarının bölgədə işğalçılıq yürüşünə başlaması şah hökumətini narahat etməyə başladı. Fətəli şah Qacarın əmri ilə Təbrizdə şahzadə Abbas Mirzənin və Süleyman xanın komandanlığı altında 20-30 minlik qoşun toplandı. Bu qoşunun bir hissəsi Abbas Mirzənin komandanlığı altında İrəvana, digər hissəsi isə Şuşaya hücum etməli idi. Həmin ərazilər tutulduqdan sonra hər iki dəstə Gəncə xanlığı ərazisində cəmləşməli və buradan Tiflis üzərinə yürüşü nəzərdə tutulmuşdu. Şah Şəki və Şamaxı xanlarına hədiyyələr göndərərək onlardan qoşunları ilə bu yürüşdə iştirakını tələb etmişdi. İrəvanlı Məhəmməd xan da belə bir göstəriş almışdı. Şahın göstərişilə İrəvan xanı hətta Təbrizə getməli idi. Əmrin icra olunmayacağı təqdirdə, şah xanı bu əraziləri tərk edərək Məkkəyə ziyarətə getməsini tələb etmişdi. Əks halda Fətəli şah İrəvan və Naxçıvan xanlarını əmanət verdikləri oğlanlarını öldürməsilə hədələmişdi (138,611-612; 144,297-298).

Abbas Mirzə Məhəmməd xanın könüllü təslim olmasına ümid edirdi. O, 1804-cü il aprelin 22-də Təbrizdən Bədir bəyin başçılığı altında 17 nəfər və gürcü şahzadəsi Aleksandr Mirzənin 3 nəfərdən ibarət nümayəndə heyətini İrəvana göndərdi. Elçilər şah hökumətinə tabe olmaq üçün xanı dilə tutmağa başladı. Tərəflər arasında danışıqlardan məlum oldu ki, xan şaha sədaqətini sübut etmək üçün ilk növbədə 100.000 samar buğda toplayaraq, 4.000 qoşunla Gəncəyə hərəkət etməli və orada Abbas Mirzənin və Aleksandr Mirzənin qoşunları ilə birləşməli idi. Bundan əlavə, Məhəmməd xan şaha İrəvanın 12 nüfuzlu əyan ailəsini əmanət verməli idi. Lakin şah hakimiyyətini özü üçün təhlükə hesab edən İrəvan xanı bu tələbləri yerinə yetirməkdən boyun qaçırdı (139,612).

Şaha rədd cavabı verən Məhəmməd xan aqibətinin acınacaqlı olacağını çox gözəl dərk edirdi. O, bu təhlükənin qarşısını almaq üçün Rusiya hökumətindən hərbi kömək almaq fikirinə düşdü. Bu niyyətlə o, P.D.Sisianova xəbər göndərərək ruslara xidmət etmək arzusunda olduğunu bildirmiş, bunun əvəzində şah qoşununun qarşısını almaq üçün hərbi kömək göstərilməsini xahiş etmişdi (76,185; 144,302). İrəvan xanının düşdüyü ağır vəziyyətdən istifadə edən P.D.Sisianov 1804-cü il mayın 10-da Məhəmməd xana yazdığı məktubda bir neçə ağır tələb irəli sürmüşdü: birinci, xan hər şeydən əvvəl, Danili katolikos taxt-tacına bərpa etməli, yalançı katolikos Davıd isə ruslara təhvil verilməlidir; ikinci, İrəvan qalası rus qoşununa təslim edilməlidir; üçüncü, xan Rusiya imperatorunu özünün hökmdarı kimi qəbul etməli və sədaqətli olacağına and içməlidir; dördüncü, xan ildə 80 min rubl həcmində xərac verməli idi, xərac ildə iki müddətə, biri novruz bayramına qədər, digəri isə iyul ayından sonra ödənilməli idi. Əvəzində baş komandan, xanın sədaqətli olacağı halda əvvəlki vəzifəsində qalacağına; təhlükəsizliyi üçün öz vəzifəsinə imperator fərmanı ilə yenidən təsdiq ediləcəyinə; xanın ailəsini (girovları-E.Q.) İrandan geri almaq üçün hərtərəfli cəhd ediləcəyinə söz verirdi (254,613; 256,614). Məhəmməd xan bu tələbləri qəbul edəcəyi halda, P.D.Sisianovun əmr ilə general-mayor Leontev Pəmbəkdə yerləşən rus qoşununun başçısı mayor Montrezoru iki batalyonla, Danili katolikos taxtına oturtmaq haqqında çarın fərmanı ilə İrəvana göndərməli idi. Bu tələblər yerinə yetirildikdən sonra həm Məhəmməd xan, həm də onun qaynı naxçıvanlı Kəlbəli xan Rusiya təbəəliyini qəbul edə bilərdi (256,614; 132,305-306). İki od arasında qalan Məhəmməd xan rus komandanlığının bu tələblərini qəbul etməyərək gözləmək qərarına gəldi.

İrəvana hücum üçün rus qoşunlarının Tiflisdə cəmləşdiyi və Məhəmməd xanla danışıqlar aparıldığı vaxt şahın baş vəziri Mirzə Məhəmməd Şəfi 1804-cü il mayın 23-də Yaqub bəy Gəraylını məktubla P.D.Sisianovun yanına göndərdi. Məktubda şah hökuməti baş komandandan rus qoşununun Tiflisə hansı məqsədlə gəlişini xəbər almış və Kartli-Kaxetiyanın ona məxsus olmasını iddia edirdi. P.D.Sisianova məsləhət görülürdü ki, rus qoşunu oranı tərk etsin, əks təqdirdə onlar silahla oradan qovulacaqdır (255,807-808). Lakin baş komandan elçini söyüşlə qarşılayaraq şahın tələblərinə məhəl qoymadı. Əvəzində, baş vəzirə təhqiramiz məktub yazaraq bildirdi ki, «mən sizi Kür çayı və Göyçə gölündə… süngü və mərmi ilə qarşılamağa hazıram» (401,808-809; 402,809; 326,267; 144,298). P.D.Sisianovun belə təhqiramiz cavabı 1804-cü il iyunun 10-da iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb oldu və beləliklə, Qacar İran dövlət ilə Rusiya arasında uzunmüddətli müharibə başladı (21,21).



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin