ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010



Yüklə 4,58 Mb.
səhifə2/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   2   3   4   5   6   7   8   9   ...   31

Tarixşünaslıq

İrəvan xanlığının tarixini öyrənmək üçün istifadə olunan tarixi əsərləri bir neçə qrupa bölmək olar. Birinci qrupa Oktyabr çevrilişinə qədərki ayrı-ayrı toplu və jurnallarda nəşr edilmiş əsərlər daxildir. Qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazda geniş işğallara başlaması ilə rus hakim dairələrinin bu diyarı siyasi və iqtisadi baxımdan öyrənilməsinə maraq artmışdı. Bununla əlaqədar olaraq rus qafqazşünaslığı deyilən bir məktəb yarandı. Lakin rus qafqazşünasları heç də qarşılarına Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının tarixini tədqiq etməyi məqsəd qoymamışdılar. Onların əsərləri əsasən rus qoşunlarının hərbi yürüşlərinə həsr edilmiş, Rusiyanın Qafqazda işğallarına haqq qazandırmaqla müstəmləkəçilik siyasətini öz ölkəsinin mənafeyi baxımından şərh etməyə çalışmışdılar. Lakin bu əsərlərdə Qafqaz xalqlarının siyasi, iqtisadi tarixi, ticarəti, dövlət quruluşu, coğrafiyası, etnoqrafiyası, əhalisi, əhalinin sosial, etnik tərkibi və s. haqqında məlumatlar toplanmışdı.

İrəvan xanlığına aid zəngin məlumat işğaldan sonra, 1836-ci ildə nəşr edilmiş «Obozreniye Rossiyskix vladeniy za Qavqazom» adlı topluda öz əksini tapmışdır (201). Bu topluda Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən İrəvan xanlığının təbii-coğrafi şəraiti, iqlimi, çayları, meşələri, dağları, bitki örtüyü, yolları, iqtisadi vəziyyəti, kənd təsərrüfatı, ticarəti, sərhədləri, inzibati-ərazi bölgüsü, əhalisi, əhalinin etnik və dini tərkibi, şəhər və kəndi haqqında statistik, etnoqrafik məlumatlar toplanmışdır.

Tədqiq olunan mövzu ilə bağlı bəzi məlumatlar 1850-ci illərdə Tiflisdə nəşr olunmuş «Kavqazskiy kalendar»larda öz əksini tapmışdır (171; 172). Bu topluda İrəvan şəhərinin tarixi, təbii coğrafi vəziyyəti, ərazisi, şəhərin quruluşu, iqtisadi vəziyyəti, süni suvarma sistemi, əhalisinin sayı, birinci və ikinci İrəvan döyüşləri haqqında məlumatlar var.

İrəvan xanlığına aid bəzi məlumatlar «Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza» jurnalında tapmaq olur. Çox cildli jurnalın I və IV cildlərindən istifadə edilmişdir (395; 396). Jurnalda İrəvan xanlığının siyasi tarixi, iqtisadi vəziyyəti, xanların şəcərəsi, əhalinin sayı, köçürülməsi haqqında xeyli material əldə etmişik.

1887-ci ildə Tiflisdə çap olunmuş «Svod materialov…» toplusunda da İrəvan xanlığına aid xeyli məlumat toplanmışdır (397). Bu topluda İrəvan xanlığının dövlət quruluşu, inzibati-ərazi bölgüsü, əhalisi, əhalinin sosial tərkibi, dini haqqında faktlar vardır.

Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq siyasətini ətraflı təsvir edən müəlliflərdən biri, rus hərb tarixçisi N.F.Dubrovin olmuşdur. O, bir neçə əsərin müəllifidir. Bu əsərlərdən 1803-1806-cı illər Cənubi Qafqazın tarixinə həsr edimiş kitabı mühüm yer tutur (144). Əsər zəngin sənədlər əsasında yazılmışdır. Burada S.P.Sisiyanovun müxtəlif vaxtlarda mərkəzə göndərdiyi raportları, ayrı-ayrı xanlara, o cümlədən İrəvan xanı Məhəmməd xana yazdığı məktubları göstərilmişdir. Müəllif əsərində hadisələri daha irəli apararaq II İraklinin ölümündən sonra onun varisləri arasında Kartli-Kaxetiya taxt-tacı uğrunda gedən mübarizələri, çarlığın Rusiyaya birləşdirilməsi, bununla bərabər Azərbaycana, eyni zamanda İrəvan xanlığına məxsus bəzi ərazilərin bu ölkənin hakimiyyəti altına keçməsi, İrəvan xanlığının Qacar İran dövləti ilə siyasi münasibətləri, İrəvana hücum etmək üçün bəhanə kimi rus komandanlığının Eçmiədzin katolikos taxt-tacı üstündə Danil-Davud mübarizəsinə müdaxilsi, S.P.Sisyanovun başçılığı ilə rus qoşunlarının İrəvan xanlığına yürüşü, ermənilərin xəyanəti, yürüş ərəfəsində və dövründə Məhəmməd xanla S.P.Sisanov arasında gedən danışıqlar ətraflı təsfir edilmişdir.

N.F.Dubrovinin «Gürcüstan 1802-ci ildə» əsəri (146) də mövzunun yazılmasında əhəmiyyəti olmuşdur. Əsərdə XIX əsrin əvvəllərində İrəvanın siyasi vəziyyəti, Qacar təhlükəsi və Pəmbək hadisələri təsvir edilmişdir.

Mövzunun tədqiqində N.F.Dubrovinin zəngin arxiv materialları, müxtəlif sənədlər əsasında yazdığı digər altı cildlik əsərindən də istifadə olunmuşdur (147; 148; 149; 150; 151). Xronoloji baxımdan 1782-1826-cı illəri əhatə edən bu əsərdə Rusiyanın Qafqazda apardığı işğalçılıq siyasətini təsvir etməklə bərabər, İrəvan xanlığının siyasi tarixi, iqtisadiyyatı, təbii-coğrafi vəziyyəti, təbii sərvətləri, əhalinin sayı, etnik və dini tərkibi, məişəti, adət-ənənəsi haqqında zəngin məlumat toplanmışdır. N.F.Dubrovin əsərində İrəvan xanlığının əhalisinin etnik cəhətdən Azəri türklərinin çoxluq təşkil etməsi faktını göstərməsi mövzunun tədqiqində xüsusi əhəmiyyət kəsb edir.

Rusiyanın Azərbaycanda işğalçılıq siyasətini təsvir edən müəlliflərdən biri də V.A.Pottodur. Onun «Kavkazskaya voyna v otdelnıx oçerkax…» adlı beş cilddən ibarət əsəri İrəvan xanlığını öyrənmək baxımından əhəmiyyətlidir (304). Əsərdə 1801-1829-illərdə Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda apardığı işğalçılıq siyasətindən ətraflı bəhs edilsə də, İrəvan xanlığınında baş verən siyasi hadisələr, İrəvan əhalisinin rus işğalçılarına qarşı qəhrəmanlıq mübarizəsi, rus qoşunlarının itkiləri, Gülüstan sülh müqaviləsindən sonra Rusiya ilə Qacar İran dövləti arasında sərhəd məsələsinin təyin edilməsində İrəvan xanlığının rolu və yeri, xanlığın əhalisi, müharibələr dövründə əhalinin müxtəlif ölkələrə emiqrasiya etməsi məsələləri ətraflı təsvir edilmişdir.

Movzunun tədqiqində V.A.Pottonun digər əsərindən də istifadə olunmuşdur (305; 306). Əsərdə İrəvan xanı Məhəmməd xanla S.P.Sisiyanov arasında aparılan danışıqlar, rus və şah qoşunlarının İrəvan xanlığına hücumu, birinci İrəvan döyüşündə Məhəmməd xanın hər iki ölkə arasında manevr etməsi, irəvanlıların qəhrəmanlıq mübarizəsindən, Rusiya-İran müharibələri, əhali haqqında, əhalinin qonşu ölkələrə qaçması və s. məsələlər öz əksini tapmışdır.

İrəvan xanlığına aid bəzi məsələlər zəngin arxiv materialları və mənbələr əsasında 1867-ci ildə Sankt Peterburqda nəşr olunan «Qeorqiy XIII posledniy çar Qruzii i prisoyedineniye yeya k Rossii» əsərində toplanmışdır (145). Qısa bir dövrü- II İraklinin ölümündən Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsinə qədər dövrü əhətə etməsinə baxmayaraq, əsərdə İrəvan xanlığı haqqında zəngin məlumatlar vardır. Burada Ağa Məhəmməd şah Qacarın İrəvana yürüşü, irəvanlı Məhəmməd xanın tutduğu mövqe, İrəvan-Kartli-Kaxetiya, İrəvan-Rusiya münasibətləri, Pəmbək hadisələri təsvir edilmişdir.

Monoqrafiyanın yazılmasında İrəvan xanlığının işğalını başa çatdıran İ.F.Paskeviçin bioqrafiyasına həsr edilmiş əsərlərdən də (64; 78; 416) istifadə edilmişdir. Bu əsərlərdə İ.F.Paskeviçin hərbi fəaliyyəti ilə bərabər, rus qoşunlarının İrəvan xanlığına hücumu, Hüseynqulu xanın və onun qardaşı Həsən xanın başçılığı ilə irəvanlıların qəhrəmanlıtq mübarizəsindən, İrəvanın işğal olunması hadisəsi, müharibənin gedişində azəri türklərinin qonşu ölkələrə köçməsi təsvir edilmişdir.

Rus qafqazşünaslarından V.L.Veliçkonun (86), N.N.Şavrovun (412) əsərlərində ermənilərin Azərbaycanın ayrı-ayrı yerlərinə, o cümlədən İrəvan xanlığı ərazisinə köçürülməsi məsələsindən bəhs edilmişdir. İrəvan xanlığında erməni əhalisinin cüzi olası, işğaldan sonra onların rus hakim dairələri tərəfindən İran və Osmanlı ərazilrindən köçürülməsi, köçürülmə nəticəsində əhalinin etnik tərkibində dəyişikliklərin ətraflı təsvir edilməsi bu əsərləri mövzumuz üçün daha da əhəmiyyətli etmişdir.

İrəvan xanlığının hərbi-siyasi vəziyyəti ilə bağlı bəzi məsələlər «Kavkazskiy vestnik» (170) «Oteçestvennıye zapiski» (224), «Russkaya starina» (393) jurnallarında əksini tapmışdır.

A.L.Qizettinin 1901-ci ildə Tiflisdə nəşr etdirdiyi əsərində (125) 1801-1855-ci illərdə rus qoşunlarının apardığı Qafqaz müharibələrində məruz qaldığı itkilərin siyahısı verilmişdir. Burada həmçinin İrəvan xanlığında baş verən döyüşlərdə itki verən rus qoşunlarının sayı da göstərilmişdir.

Rus qafqazşünaslarından M.Vladıkinin (88), S.A.Yegiazarovun (152), V.L.Veliçkonun (86) əsərlərində İrəvan xanlığının inzibati idarə sistemi, şəhər həyatı, əhalisi, əhalinin etnik tərkibi, sosial-silki tərkibi, məşğuliyyəti və s. haqqında məlumatlara rast gəlmək olar.

S.Esadzenin 1907 və 1908-ci illərdə nəşr etdiyi əsərlərində (417; 418) Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ön plana çəkilsə də, burada Azərbaycan xanlarının, həmçinin İrəvan xanlığının hərbi-siyasi vəziyyətinə, aqrar məsələlərinə də yer verilmişdir.

Slujevinin (398), P.İ.Kovalevskinin (182) əsərlərində də İrəvan xanlığı ilə bağlı məlumatlar vardır.

Tədqiqata cəlb edilmiş tarixi əsərlərin ikinci qrupuna Azərbaycan Xalq Cumhuriyyətində məsül vəzifədə işləyən ziyalıların əsərləri daxildir. Bu əsərlər Azərbaycan tarixinə aid ümümiləşmiş əsərlərdir. Qeyd etmək lazımdır ki, bu əsərlər sovet dövründə nəşr edilməsinə baxmayaraq, sovet ideologiyasından kənar, milli ruhda yazılmışdır. Vətən tarixini öyrənmək baxımından cəsarətlə yazılmış bu əsərlər mövzumuz üçün bir neçə səbəbdən əhəmiyyətlidir. Əvvəla, xanlıqlar dövrü tarixindən bəhs edən müəlliflər İrəvan xanlığını Azərbaycan ərazisi kimi öyrənirlər. İkincisi, bu əsərlərdə əhalinin sayı haqqında konkret rəqəm, əhalinin etnik tərkibində Azəri türklərinin çoxluq təşkil etməsi və ermənilərin buraya köçürülməsi faktı ətraflı təsvir edilmişdi. Üçüncüsü isə İrəvan xanlığında yaşayan ayrı-ayrı Azəri türk tayfalarının adları göstərilmişdi.

Bu qrupa daxil olan əsərlərdən 1921-ci ildə Bakıda nəşr olunmuş M.Vəlilinin (Baharlı) «Azərbaycan (coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat)» əsərini (54) qeyd etmək olar. Əsərdə Azərbaycanın coğrafi vəziyyəti, etnoqrafiyası, iqtisadiyyatı ətraflı işıqlandırılmışdır. Müəllifin əsərdə xanlıqlar dövründə torpaqdan istifadə, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyət, əhalinin sayı, etnik və dini tərkibi haqqında verdiyi məlumatın mövzunun tədqiqində xüsusi əhəmiyyəti vardır. Onun İrəvan xanlığının əhalisinin sayı haqqında göstərdiyi konkret rəqəm bu əsərin qiymətini daha da artırır.

Mövzumuz üçün R.İsmayılovun 1923-cü ildə Bakıda nəşr olunmuş «Azərbaycan tarixi» (34) əsərindən də istifadə olunmuşdur. Müəllif əsərdə qədim dövrlərdən AXC-i yaranana qədər Azərbaycanın coğrafi vəziyyəti, siyasi və iqtisadi tarixindən bəhs edir. R.İsmayılovun Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının siyasi tarixi, əhalisi, vergi və mükəlləfiyyəti haqqında verdiyi məlumat bizim üçün daha əhəmiyyətlidir.

Mövzu ilə bağlı 1924-cü ildə İstanbulda nəşr olunan C.Zeynaloğlunun «Müxtəsər Azərbaycan tarixi» (55) əsərlərini qeyd etmək olar. Burada Azərbaycan xanlıqlarının, eyni zamanda İrəvan xanlığının siyasi tarixi, ticarəti, pul, ölçü və uzunluq vahidləri, əhalisi, vergi və mükəlləfiyyətləri haqqında məlumatlar toplanmışdı.

Azərbaycanın məşhur şərqşünas alimi Ə.Ubaydulinin 1928-ci ildə nəşr olunmuş əsəri (131) də sovet ideologiyasından fərqli bir ruhda yazılmışdı. Əsərdə xanlıqlar dövrünün sosial-iqtisadi vəziyyəti, əhalinin silki tərkibi, torpaq mülkiyyəti formaları məsələlərinə toxunulmuşdur.



Üçüncü qrupa aid edilən əsərlər sovet tarixşünaslığına daxil edilən əsərlərdir. Qeyd etmək lazımdır ki, çar Rusiyası dövründə köçürmələr nəticəsində keçmiş İrəvan xanlığı ərazisində etnik baxımdan çoxluğa nail olan ermənilər, onun varisi Sovet İttifaqı dövründə Moskvanın köməyi ilə müstəqil respublika yaratmağa nail oldular. İrəvan xanlığı ərazisində dövlət yaradan ermənilər onun keçmişini unutdurmaq və bu xanlığı Şərqi Ermənistan ərazisi kimi tədqiq edərək, tarixini saxtalaşdırmağa başladılar. Onlar uzun illər heç bir tarixi mənbəyə əsaslanmadan İrəvan xanlığının ərazisini, yer adlarını, əhalinin etnik və say tərkibini, qəhrəmanlıq mübarizəsini açıq-açığına təhrif etmiş, bütün hadisələri erməni xalqının adına çıxmışlar. Buna «xalqlar dostluğu», «beynəlmiləlçilik» mövqeyindən çıxış edən sovet tarixçilərinin əsərlərində də rast gəlmək mümkündür.

Sovet tarixşünaslığında Azərbaycanın xanlıqlar dövrü tarixinin bir sıra problemləri şərqşünas alim İ.P.Petruşevskinin tədqiqatlarında işıqlandırılmışdır. Onun ayrı-ayrı əsərləri (230; 231; 232; 233; 234) Azərbaycan, o, cümlədən xanlıqlar dövrü tarixinin müxtəlif məsələlərinə-siyasi, iqtisadi, torpaq mülkiyyəti formaları, əhalinin sosial-silki tərkibinə, vergi və mükəlləfiyyət formalarına həsr edilmişdir. Lakin müəllif erməni konsepsiyasından kənara çıxmayaraq bəzi əsərlərdə İrəvan xanlığının tarixini Ermənistan tarixi kimi qələmə almış, bu xanlığın ərazisində baş verən hadisələri erməni xalqının adına çıxmışdır. Əslində müəllifin qeyd etdiyi ərazi Azərbaycanın qədim ərazisi olan İrəvan xanlığının ərazisidən başqa bir şey deyildir. Belə ki, tədqiqatçı İrəvan xanlığını erməni dövləti kimi qələmə verməsinə baxmayaraq, əsərlərin məzmununa baxdıqda görmək olar ki, ermənilərlə bağlı bütün hadisələr Eçmiədzin kilsəsindən kənara çıxmır və qarşıya qoyulan bütün məsələlər bu kilsə və ona məxsus mülkiyyətlə bağlıdır. Lakin buna baxmayaraq, İ.P.Petruşevskinin əsərlərinin İrəvan xanlığının tarixinin öyrənilməsində misilsiz yeri vardır.

Azərbaycanın XVIII əsr tarixinə aid ən mükəmməl əsər yazan müəlliflərdən biri V.N.Leviatovdur. Onun «XVIII əsrdə Azərbaycan tarixindən xülasələr» (187) adlı əsəri mövzunun tədqiqində mühüm yeri tutur. Əsərdə konkret İrəvan xanlığından bəhs edilməmişdir. Lakin müəllifin xanlıqların hakimiyyət quruluşu, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti, əhalinin silki tərkibi, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətləri haqqında verdiyi ümumi məlumatları İrəvan xanlığına da şamil etmək olar.

Rus sovet tarixçisi O.P.Markova əsərində (192) XVIII yüzilliyin 50-90-ci illərdə Cənubi Qafqazda iri dövlətlərin mənafeyinin toqquşduğu bir vaxtda İrəvan xanlığının Kartli-Kaxetiya çarlığı, Rusiya, İran və Osmanlı dövlətləri ilə siyasi münasibətlərinə də müəyyən yer vermişdir. Qeyd etmək lazımdır ki, əsərdə İrəvan xanlığı ilə bağlı hadisələrə müəllifin nisbətən obyektiv münasibəti diqqəti cəlb edir. Lakin O.Markova da İrəvan xanlığının ərazisini Ermənistan torpağı olduğunu qəbul edir. Məsələn, o, İ.Eminin fəaliyyətini erməni ənənəsinə uyğun olaraq Ermənistanın azad edilməsi kimi dəyərləndirir.

Sovet tarixçilərindən A.Ş.Milmanın XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanın siyasi qruluşundan bəhs etdiyi monoqrafiyası (197) da mövzumuzun tədqiqində istifadə olunmuşdur. Əsərdə əsas tədqiqat obyekti kimi işğaldan sonra rus müstəmləkə idarə etmə mexanizminin forma və üsulları, inzibati orqanların və məhkəmələrin fəaliyyəti təsvir olunmuşdu. Lakin əsərin birinci fəsilidə XVIII yüzilliyin ikinci yarısında Azərbaycan xanlıqlarının siyasi quruluşu da öz əksini tapmışdı. Təəssüf ki, Azərbaycan ərazisində yaranan xanlıqların adını çəkən A.Milman erməni ənənəsinə yuğun olaraq İrəvan xanlığını bu siyahıya daxil etmir. Buna baxmayaraq, monoqrafiyada təsvir edilən xanlıqların siyasi quruluşu ilə bağlı məsələləri İrəvan xanlığına da şamil etmək olar.

H.İbrahimbəylinin 1969-cu ildə Moskvada nəşr olunmuş əsərində (161) isə XIX yüzilliyin birinci otuzilliyində Azərbaycan xanlıqlarının Rusiya dövləti tərəfindən işğalı tədqiq edilmişdir. Əsərdə həm birinci, həm də ikinci Rusiya-İran, Rusiya-Osmanlı müharibələri dövründə Azərbaycan ərazisinin işğalı öz əksini tapmışdı. Burada qısa da olsa İrəvan xanlığı ərazisində gedən döyşlərə də toxunulmuşdu. Lakin müəllif bir çox sovet tədqiqatçıları kimi İrəvan xanlığını Azərbaycan xanlıqlarından ayırır və bu xanlığı Ermənistan dövləti kimi təqdim edir.

Mövzunun tədqiqində erməni müəlliflərinin əsərlərindən də istifadə olunmuşdur. İlk dəfə İrəvan xanlığının tarixini tədqiq etməyə cəhd edən erməni müəlliflərindən V.R.Qriqoryanı xüsusi qeyd etmək lazımdır. Onun 1958-ci ildə erməni dilində nəşr etdirdiyi əsəri (130) xüsusi əhəmiyyətə malikdir. Ermənistanın mərkəzi arxivi olan Matenandaranda saxlanılan sənədlər əsasında yazılan bu əsər İrəvan xanlığının 1780-1800-cü illər tarixini əhatə edir. Monoqrafiyada İrəvan xanlığının siyasi, sosial-iqtisadi vəziyyəti, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, təbii sərvətləri, vergi və mükəlləfiyyətləri, əhalinin etnik tərkibi haqqında müəyyən məlumatlar verilmişdir. Lakin o, əsərində İrəvan xanlığının tarixini kifayət qədər saxtalaşdırmışdı. Monoqrafiyada İrəvan xanlığının Şərqi Ermənistan və yaxud Ararat ölkəsi kimi təqdim edilməsi, yer adlarının erməniləşdirilməsi, etnik cəhətdən ermənilərin üstünlük təşkil etməsi və s. məsələlər haqqında verdiyi məlumatlar müəllifin erməni ənənəsinə sadiqliyini göstərir.

Erməni müəlliflərindən olan A.R.İoannesyanın (164; 165) əsərlərində XVIII əsrin 60-80-ci illərində Rusiyanın Cənubi Qafqaz siyasətinə özlərinin cəsusluq fəaliyyəti ilə kömək edən ayrı-ayrı erməni xadimlərinin- İ.Lazarevin, arxiyepiskop İ.Arqutinskinin, İ.Eminin və başqalarının xidmətlərini erməni azadlıq hərəkatı kimi təqdim edərək, onların İrəvan xanlığı ərazisində Erməni dövləti yaratmaq planlarından bəhs etmişdir. Lakin bu əsərlərdə İrəvan xanlığının siyasi, iqtisadi tarixi, əhalisi haqqında məlumata da rast gəlmək olar. A.R.İoannesyanın əsərdə İ.Arqutinskinin məktubuna əsasən, İrəvan xanlığında erməni əhalisinin çox az olması fikrini təsdiq etməsi bizim xeyrimizə olan faktlardandır. Digər tərəfdən müəllifin əsərlərdə təqdim etdiyi arxiv sənədləri mövzumuz üçün çox əhəmiyyətlidir.

V.A.Parsamyanın 1972-ci ildə nəşr olunan monoqrafiyası da diqqəti cəlb edən əsərlərdəndir (227). Burada təsvir edilən hadisələr 1801-1900 illəri əhatə edir. Əsərin birinci və ikinci fəsilləri İrəvan xanlığının tarixinə həsr olunmuşdur. Lakin monoqrafiyanın adından göründüyü kimi müəllif bu xanlığın tarixini erməni xalqının tarixi kimi qələmə verərək, oxucunu buna inandırmaq və həqiqətdən yayındırmaq istəyir. Belə ki, əsərdə İrəvan xanlığının siyasi tarixi, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, şəhər və kənd həyatı, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, əhalinin sayı, etnik, dini və silki tərkibi haqqında məsələləri Ermənistan dövlətində baş verən hadisə kimi göstərir. İrəvan xanlığını erməni dövləti kimi təqdim etməyə çalışsa da, müəllif əsərində bütün yer adlarının Azəri türkçə, hakimiyyətdə olan xanların Azəri türkü, əhalinin əksəriyyəti isə Azəri türklərinin olmasını açıq göstərmişdir. Digər tərəfdən, ermənilərin İrəvan xanlığına və Azərbaycanın digər ərazilərinə köçürülməklə etnik cəhətdən çoxluğa nail olmasını müəllif özü də etiraf etmişdi.

Erməni müəlliflərindən T.X.Akopyan isə monoqrafiyasında (62) İrəvan şəhərinin tarixinə toxunmuşdu. Əsərdə İrəvan şəhərinin daxili quruluşu, ictimai-iqtisadi həyatı və əhali məsələlərinə yer verilmişdi. Lakin İrəvan şəhəri erməni şəhəri kimi tədqiq olunaraq saxtalaşdırılmışdı. Digər tərəfdən əsərdə yeri gəldikcə, İrəvan xanlığının inzibati-ərazi bölgüsünə və dövlət quruluşuna da toxunulmuşdu.

B.M.Arutunyan isə əsərlərində (73) əsasən Eçmiədzin kilsəsinin tarixinə toxunsa da, burada torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər haqqında məlumata rast gəlmək mümkündür.

İrəvan xanlığının tarixinin saxtalaşdırılması 1956-cı ildə nəşr olunmuş «Oçerki istorii SSSR» adlı ümumiləşdirilmiş əsərdə də öz əksini tapmışdır (225). Əsərin bir bölməsi «Ermənistan» kimi təqdim edilir və əslində burada İrəvan xanlığından bəhs edilmişdir (225,736-754). Bu bölmənin müəllifləri olan A.R.İoannesyan və P.T.Arutunyan burada İrəvan xanlığını Şərqi Ermənistan kimi qələmə alaraq, onun siyasi, sosial-iqtisadi vəziyyəti, sənətkarlıq, ticarət, vergi və mükəlləfiyyətləri, mədəniyyəti və s. təsvir etməyə çalışmışlar. Lakin bu bölmədə İrəvan xanlığı erməni dövləti kimi təqdim edilsə də, diqqət etdikdə görmək olar ki, xanlığın tarixindən çox Eçmiədzin kilsəsinin tarixinə toxunulmuş və ayrı-ayrı erməni xadimlərinin casusluq və mədəni fəaliyyətindən bəhs edilmişdir.

İrəvan xanlığının tarixinin təhrif edilməsi 1980-ci ildə İrəvanda nəşr olunmuş «Erməni xalqının tarixi» adlı ümumiləşdirilmiş əsərdən də yan keçməmişdir (167). Bu əsərin üçüncü fəsilində İrəvan xanlığından bəhs edilir. Hadisələr XIX yüzilliyin əvvəllərindən xanlıq işğal olunana qədər bir dövrü əhatə edir. Burada da İrəvan xanlığı Şərqi Ermənistan ərazisi kimi göstərilir, qısa da olsa onun siyasi, sosial-iqtisadi və əhali məsələlərinə toxunulur. Erməni müəlliflərinin digər əsərlərində olduğu kimi burada da xan başda olmaqla idarə orqanlarının və əhalinin əksəriyyətini təşkil edən Azəri türklərinin fəaliyyəti kölgədə qalır və Rusiya dövlətinə cəsusluq edən ayrı-ayrı erməni xadimlərinin fəaliyyəti isə həddən artıq şişirdirilir.

Qeyd etmək lazımdır ki, bütün erməni müəllifləri İrəvan xanlığını Ermənistan dövləti kimi qələmə almasına baxmayaraq, bu xanlığın tarixinin bütövlükdə tədqiq olunmasından qaçırlar. Onların əsərlərinə diqqət etdikdə görmək olar ki, İrəvan xanlığının tarixi XVIII yüzilliyin 80-ci illərindən və əsasən də XIX yüzilliyin əvvəllərindən təsvir edilir. İşğal olunduğu dövrdən bu günə qədər İrəvan xanlığını Ermənistan dövləti hesab edən erməni müəllifləri xanlığın tarixini ətraflı tədqiq etməkdən çəkinmiş və bu məsələdə bitərəfli xətt götürmüşlər. Bu bir daha sübut edir ki, İrəvan xanlığının tarixinin hərtərəfli tədqiqi əsl sahibinin- Azərbaycan tədqiqatçısının işidir.

Mövzumuzla bağlı bəzi məsələlərə gürcü sovet tarixçilərinin əsərlərində və dərsliklərində də rast gəlmək mümkündür. Məsələn, 1946-cı ildə nəşr edilmiş «Gürcüstan tarixi» adlı dərslik kitabında (168) İrəvan xanlığının siyasi vəziyyəti ilə bağlı bəzi məqamlar öz əksini tapmışdı. Lakin əsərin əhəmiyyəti ondan ibarətdir ki, burada İrəvan xanlığı Azərbaycan xanlığı kimi təqdim olunur.

Gürcü sovet tarixçilərindən G.Kikodzenin «II İrakli» əsərində də İrəvan xanlığı ilə bağlı bəzi məsələlərə toxunulmuşdur (179). Əsər Kartli-Kaxetiya çarı II İraklinin həyat və fəaliyyətindən bəhs edilsə də, burada İrəvan xanlığının siyasi tarixinə dair hadisələr də öz əksini tapmışdı. Lakin əsərin müsbət cəhəti müəllifin İrəvan xanlığını Azərbaycan xanlığı kimi qəbul etməsidir.

Q.Q.Payçadze «Georgievski traktatı» əsərində də (226) İrəvan xanlığı ilə bağlı bəzi məqamlara toxunmuşdur. Əsərdə 1783-cü ildə Rusiya ilə Kartli-Kaxetiya arasında bağlanmış müqavilədən bəhs edilir. Lakin burada İrəvan xanlığının Kartli-Kaxetiya çarlığı ilə münasibətlərinə də müəyyən qədər yer verilmişdi. Monoqrafiyada maraqlı məqam müəllifin İrəvan xanlığına ziddiyyətli münasibətidir. Q.Payçadze İrəvanın müstəqil xanlıq kimi XVII yüzilliyin əvvəllərində Ermənstanda yarandığını göstərmişdi. O, yazır ki, İrəvan xanlığı 1604-cü ildə I şah Abbas tərəfindən Şərqi Ermənistan ərazisində yaranmışdı. Digər tərəfdən müəllif İrəvan xanlığını erməni dövləti olmadığını göstərmişdi. Gürcü tarixçisi fikirini belə izah edir: «Beləliklə, İrəvan xanlığı dövlət idarəçiliyi aparatına görə erməni dövləti deyildir» (226,57). Müəllifin gəldiyi bu nəticə mövzumuz üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan soet tarixşünaslığında isə vəziyyət bir qədər fərqlənir. 1920-30-cu illərdə xalqımıza qarşı repressiyanın güclənməsi, inzibati amirlik sisteminin tarixşünaslığa sirayət etməsi tariximizin həqiqi tədqiqinə mane olmuşdu. Tədqiqatçılarımız millətçi damğasından ehtiyat edərək tariximizin bir çox problemlərində, əsasən də ərazi məsələsində susmuşdular. Məhz bu baxımdan İrəvan xanlığının tarixinə biganə yanaşılmış və bir növ Azərbaycanın bu qədim torpaqları ermənilərə «güzəşt» edilmişdi. Lakin buna baxmayaraq, Azərbaycan sovet tarixşünaslığında digər Azərbaycan xanlıqları ilə bağlı əsərlər yazılmışdı.

Azərbaycan xanlıqları ilə bağlı məsələlər 1958 və 1961-ci illərdə nəşr edilmiş Azərbaycan tarixinin birinci və ikinci cildlərində öz əksini tapmışdı (18; 19). Bu ümumiləşmiş əsərlərdə Azərbaycan xanlıqlarının yaranmasının şərtləri, ictimai-iqtisadi və siyasi quruluşu, Rusiya tərəfindən işğalından bəhs edilir. Məhz burada qoyulan məsələləri İrəvan xanlığının tarixinə də şamil etmək olar.

XVIII yüzilliyin Azərbaycan tarixinin görkəmli tədqiqatçıları H.V.Abdullayevin və F.M.Əliyevin əsərlərində (58; 59; 27) biləvasitə İrəvan xanlığının tarixinə toxunulmasa da, burada xanlıqların ümumi sosial-iqtisadi və siyasi quruluşu, inzibati ərazi bölgüsü, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, əhalinin sosial tərkibi, şəhər və kənd həyatı və s. məsələlərə geniş yer verilmişdir. Bu məsələlər mövzumuzun tədqiqində mühüm yeri tutur.

Cənubi Azərbaycan xanlıqlarının görkəmli tədqiqatçısı H.Ə.Dəlilinin əsərlərində (24; 25) isə İrəvan xanlığı tarixinin bəzi məsələləri öz əksini tapmışdır. Müəllif əsərlərində Cənubi Azərbaycan xanlıqarının siyasi, sosial-iqtisadi, idarəçilik va digər məsələlərdən bəhs etməklə yanaşı İrəvan xanlığının Urmiya və Xoy xanlıqları ilə siyasi münasibətlərinə qısa da olsa toxunmuşdur. Lakin müəllif bu xanlığa Azərbaycanda deyil, Ermənistanda yaranan dövlət kimi yanaşır.

Mövzumuzla bağlı əsərlərin dördüncü qrupuna XX yüzilliyin 90-cı illərin əvvəllərində Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazılan əsrlər daxildir. Bildiyimiz kimi, sovet dövründə xalqımıza ögey münasibət olduğuna görə, onun tarixini saxtalaşdırmağa səy göstərilmişdi. Belə ögey münasibət Azərbaycan xanlıqlarının siyasi tarixindən də yan keçməmiş və obyektiv səbəblərdən vətən tarixşünaslığında İrəvan xanlığının tarixinə toxunulmamışdı. Lakin müstəqillik əldə edildikdən sonra xalqımız öz tarixinə sahib çıxmış və tədqiqatçılarımız bu sahədə uğur qazanmışlar. Məhz bu səbəbdən, sovet dövründə zor gücünə Azərbaycan xanlıqlarının tarixindən ayrı öyrənilən İrəvan xanlığının tarixinə dair əsərlər yazılmağa başlandı.

Müstəqillik dövründə İrəvan xanlığının bilavasitə tarixə həsr edilmiş ilk cəhd kimi Azərbaycan xanlıqlar dövrünün görkəmli tədqiqatçılarından biri F.Əliyevin U.Həsənovla birlikdə yazdıqları «İrəvan xanlığı» əsərini (30) hesab etmək olar. Bu əsər sonralar İrəvan xanlığı tarixi haqqında yazılacaq əsərlər üçün bir örnəkdir. Əsərdə İrəvan xanlığının siyasi, ictimai-iqtisadi vəziyyəti, inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər kimi məsələlər öz əksini tapmışdı. Lakin ilk cəhd olduğu üçün arxiv materiallarının azlığından monoqrafiyada çatışmayan məsələlər az deyil. Əsərdə İrəvan xanlığı ilə Kartli-Kaxetiya, Rusiya, İran, Osmanlı döləti ilə siyasi münasibətlərdə bir çox məsələlər diqqtdən kənarda qalmış, hadisələrə qısa toxunulmuş, hakimiyyətdə olan İrəvan xanlarının hamısı haqqında məlumat verilməmişdi.

Bu qrupa daxil olan əsərlərdən biri də «Naxçıvan xanlığı» monoqrafiyasıdır (29). F.Əliyevin və M.Əliyevin birlikdə yazdıqları bu əsərdə Naxçıvan xanlığının tarixinə toxunulsa da, burada İrəvan xanlığının Naxçıvan, Qarabağ, Xoy xanlıqları ilə siyasi münasibətləri, Ağa Məhəmmd şah Qacarın yürüşləri dövründə Naxçıvan və İrəvan xanlıqlarının siyasi durumu kimi məsələlərə toxunulmuşdu.

M.Süleymanovun əsəri isə İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən bəhs edir (51). Əsərdə İrəvan xanlığının siyasi tarixi, onun Rusiya, İran, Kartli-Kaxetiya, Osmanlı dövlətləri ilə münasibətləri, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, əhali haqqında məsələlər öz əksini tapmışdı. Lakin bu əsərin qüsuru ondan ibarətdir ki, müəllif təsvir etdiyi hadisələrin sitatını göstərmir.

N.Mustafayevanın Cənubi Azərbaycan xanlıqlarına həsr olunmuş əsərində mövzunun ayrı-ayrı məsələlərinə toxunulmuşdur (44). Daha çox Cənubi Azərbaycan xanlıqlarının siyasi, sosial-iqtisadi vəziyyətindən bəhs edən müəllif əsərdə Xoy xanlığı ilə İrəvan xanlığının siyasi münasibətlərini, Ağa Məhəmməd şah Qacarın yürüşlərini, birinci və ikinci İrəvan döyüşlərini, xanlığın rus qoşunları tərəfindən işğalını qısa da olsa təsvir etmişdir.

V.Umudlunun əsəri (53) XIX yüzilliyin əvvəllərində Azərbaycan xanlıqlarının rus işğalçılarına qarşı mübarizəsi və işğalın gedişinə həsr edilmişdi. Monoqrafiyada İrəvan xanlığının siyasi vəziyyəti, birinci və ikinci İran-Rusiya müharibələri dövründə İrəvan uğrundu müharibə və bu xanlığın işğalı ətraflı təsvir edilmişdir.

Son dövrlərdə Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi münasibətlərindən bəhs edən xeyli əsərlər meydana gəlmişdi. Bu problemin araşdırılmasında Azərbaycan xanlıqlar dövrü tarixinin görkəmli tədqiqatçısı T.T.Mustafazadənin Türkiyə arxivlərindən əldə etdiyi, elmi ictimayyətə məlum olmayan zəngin sənədlər əsasında yazdığı monoqrafiyası xüsusi əhəmiyyətə malikdir (46). XVIII-XIX yüzüllüyün əvvəllərini əhatə edən monoqrafiyada Osmanlı dövlətinin Azərbaycan xanlıqları, xüsüsən də İrəvan xanlığı ilə bağlı siyasi münasibətlərinə toxunulmuşdu. Əsərdə İrəvan xanlığının siyasi vəziyyəti, Osmanlı, Rusiya və İran dövlətlərinin Cənubi Qafqazda yeritdikləri siyasətində İrəvan xanlığının yeri və rolu haqqında zəngin faktlar toplanmışdır.

T.T.Mustafazadənin dörd cildlik «Ümumi tarix» adlı ümumiləşmiş əsərinin üçüncü cildində (45) Azərbaycan xanlıqlarının siyasi, sosial-iqtisadi vəziyyətinə də toxunmuşdur. Əsərdə İrəvan xanlığının digər xanlıqlarla, İran, Rusiya və Osmanlı dövlətləri ilə siyasi münasibətləri qısaca da olsa öz əksini tapmışdır.

Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələrinə G.Nəcəflinin əsərində də toxunulmuşdur (48). Bu əsər Azərbaycan tarixşünaslığında Osmanlı-Azərbaycan xanlıqları münasibətlərinə dair yeni səpgidə yazılmış əsər hesab edilməlidir. Türk arxiv mənbələri əsasında yazılmış əsərdə İrəvan xanlığının siyasi vəziyyəti, xanlığın Kartli-Kaxetiya, Osmanlı Türkiyəsi, Rusiya, İran ilə münasibətlərinə dair maraqlı faktlar aşkar edilmişdir.

F.Ağamalının əsəri (1) mövzumuz üçün xüsusi əhəmiyyəti var. Əsərdə ayrıca İrəvan xanlığından bəhs edilməsə də, burada ümumi Azərbaycan xanlıqlarının sosial-iqtisadi, xanlıqların dövlət quruluşu, inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, şəhər və kənd həyatı, əhalinin sosial tərkibi haqqında məsələlər işıqlandırılmışdır.

Tədqiq etdiyimiz mövzu ilə bağlı olan əsərlərdən biri də C.M.Mustafayevin «Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq» adlı monoqrafiyasıdır (43). Bu Azərbaycan tarixşünaslığında xanlıqlar dövründə sənətkarlıq problemlərindən bəhs edən ilk əsərdir. Zəngin arxiv materialları və yazılı mənbələr əsasında yazılmış əsərdə Azərbaycan xanlıqlarının, həmçinin İrəvan xanlığının sənət istehsalının əsas mərkəzləri olan şəhərlərin vəziyyəti və sənət istehsalının ayrı-ayrı sahələrinin inkişaf səviyyələri tədqiq edilir.

Son dövrlərdə Azərbaycan tarixşünaslığında tarixi coğrafiya məsələsinə diqqət artmışdır. V.Piriyevin və T.İsmayılın əsərlərində (49;166) ümumi Azərbaycanın tarixi coğrafiyasınadan bəhs edilərkən İrəvan xanlığına da qısaca toxunulmuşdur. Lakin qeyd edilən əsərlər İrəvan xanlığının tarixi coğrafiyasını tam əks etdirmir və bu məsələnin bəzi tərəfləri qaranlıq qalır.

Mövzunun tədqiqində son dövrlərdə nəşr olunmuş yeddi cildlik Azərbaycan tarixinin üçüncü və dördüncü cildlərindən də istifadə olunmuşdu (20; 21). Bu ümumiləşmiş əsərlərdə xanlıqların siyasi, ictimai-iqtisadi vəziyyəti ilə bərabər İrəvan xanlığı haqqında da məlumat verilmişdir.

Beləliklə, tarixşünaslıqda İrəvan xanlığının tarixi ilə bağlı bəzi məsələlər öz əksini tapmasına baxmayaraq, bu xanlığın tarixi tam öyrənilməmiş və bir çox məqamlar qaranlıq qalmışdır. Monoqrafiyada ilk dəfə olaraq İrəvan xanlığının tarixi coğrafiyası və əhalinin say, etnik və sosial tərkibi kompleks şəkildə tədqiq edilmiş, istər şəhər, istərsə də kəndə əhalisinin sayı dəqiqləşdirilmişdi.

I FƏSİL
XVIII yüzilliyin ikinci yarısında İrəvan xanlığının siyasi vəziyyəti
1.1.İrəvan xanlığının yaranması
Nadir şah 1747-ci il iyunun 20-də sui qəsd nəticəsində öldürüldükdən sonra onun yaratdığı imperiya dağılır və imperiyanın tərkibinə daxil olan Azərbaycan ərazisində 20-ə yaxın xırda feodal dövlətləri olan xanlıqlar yarandı (225,760; 233,86; 187,116-159; 58,12-14; 59,86-112; 65,220-221; 24,20-25; 44,128-132). Belə xanlıqlardan biri də mərkəzi İrəvan şəhəri olan İrəvan xanlığı idi. İrəvan müstəqil xanlığa çevrilənə qədər Səfəvi dövlətinin Çuxursəd bəylərbəyliyinin mərkəzi vilayəti olmuş, mürəkkəb və zəngin tarixi yol keçmişdi. İrəvanla bağlı siyasi hadisələrə qısaca nəzər salmaqla bu xanlığın əmələ gəlməsi səbəblərini izləmək mümkündür.

İrəvanın tarixi Səfəvi dövləti ilə sıx bağlı olmuşdu. XVI əsrin əvvəllərində yaranmış mərkəzi Təbriz şəhəri olan Səfəvi dövləti inzibati-ərazi bölgüsünə görə bəylərbəyliklərə bölünmüşdü. XVII əsrdə sayı on üçə çatan bəylərbəylikdən biri də mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyi idi. İrəvanla birlikdə Naxçıvan və Maku əyalətləri də bu bəylərbəyliyin tərkibinə daxil olmuşdu (422,101; 233 ,117; 26,241-242; 391,88). Osmanlı Türkiyəsi ilə həmsərhəd olduğundan Çuxursəd bəylərbəyliyi hər iki imperiya arasında fasilələrlə bir əsrə qədər davam edən müharibələr nəticəsində xeyli dağıntıya və insan itkisinə məruz qalmış, İrəvan şəhəri isə dəfələrlə əldən-ələ keçmişdi (50,53, 68-74; 235,26, 58-59, 79-80, 83-84, 91-92; 132,75-76). Səfəvi şahlarının müharibələr zamanı «yandırılmış torpaq taktikası», Şah I Abbasın (1587-1629) «böyük sürgün» siyasəti də insan qırğınından əlavə, əyalətin təsərrüfat həyatını məhv etmişdi (134,488; 233,277; 390,101-102; 391,69-70). Burada sakitlik yalnız 1639-cu il mayın 17-də Səfəvi və Osmanlı imperiyaları arasında bağlanmış Qəsri-Şirin müqaviləsindən sonra bərqərar olmuşdu (20,263).

Azərbaycanın digər ərazilərində olduğu kimi, Çuxursəd bəylərbəyliyində, xüsusən də, onun tərkib hissəsi olan İrəvan əyalətində də müharibənin təsərrüfata vurduğu acı nəticələri aradan qaldırılmağa başlandı. İrəvan əyaləti Osmanlı Türkiyəsinə yaxın ərazidə yerləşdiyinə görə, Səfəvi şahları bu bölgəyə xüsusi diqqət yetirirdilər. Onlar bu bölgəyə özlərinə yaxın adamları hakim təyin edirdilər. Əvvəllər Çuxursəd bəylərbəyliyinin idarəçiliyi ustaclı tayfasının nümayəndələrinə tapşırılırdısa, şah I Abbasın (1587-1629) dövründən başlayaraq Qacar tayfasından olan hakimlər mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyinin bəylərbəyi seçilməyə başladı. Əmirgünə xan Qacar (1604-1625) onun dövründə bəylərbəyi təyin olunmuşdu (233,126; 390,99; 391,68). Məhz Qacar nümayəndələrinin səyi nəticəsində İrəvan əyaləti dağıntılardan xilas ola bildi, müharibə nəticəsində qaçqın düşmüş insanlar öz doğma yurdlarına qayıtdılar. Tezliklə, İrəvan Səfəvilər dövlətinin ən varlı əyalətlərindən birinə çevrildi. Bunun şahidi olan fransız səyyahı J.Şardən yazırdı ki, İrəvan «ən varlı və çox gəlirli olan əyalətdir. Onun ildə otuz iki min tümən (500 min ekü) gəliri olur. (Hakimlər) varlanmaq məqsədi ilə alçaltma, hədiyyə, qadağan olunmuş yollarla bu gəliri iki yüz min tümənə çatdırırlar…Çuxursəd hakimlərinin şahın yanında böyük hörməti vardı» (52,23).

XVII əsrin axırları-XVIII əsrin əvvəllərində Səfəvilər imperiyasını dərin iqtisadi və siyasi böhran bürüdü (190,3-14; 394,112; 233,82-84; 187,63-64; 163,77-80; 72,35-65; 65,16-18). Şah I Soltan Hüseynin (1694-1722) həyata keçirdiyi islahatlar ölkəni bu bəladan xilas edə bilmədi (135,18-20). İmperiyanın hər tərəfində narazılıqlar və üsyanlar başladı (409,49). 1722-ci ildə imperiyanın mərkəz şəhəri İsfahanın əfqan tayfaları tərəfindən ələ keçirilməsi və şahın həbs edilməsi imperiyanın süqutunu yaxınlaşdırırdı. Bu hadisələr İrəvan əyalətindən də yan keçməmişdi.

XVIII əsrin əvvəllərində Azərbaycanda şah hakimiyyətinə qarşı üsyanlar başladı. Bu üsyanların ən böyüyü Hacı Davudun başçılığı ilə olmuşdu. 1721-ci ildə Hacı Davudun üsyançı dəstələri dövrün ən zəngin ticarət şəhərlərindən biri olan Şamaxı şəhərini ələ keçirmişdi (409,79; 135,94; 65,33-34). Şamaxı kimi iri ticarət şəhərinin işğal edilməsi qonşu əyalət hakimlərini təşvişə salmışdı. İrəvan hakimi baş verən hadisələrə biganə qala bilməzdi. Bu dövrdə İrəvan hakimi Allahqulu xan (1719-1724) idi (153,266; 40,15). O, və Gəncəli Uğurlu xan üsyanın qarşısını almaq üçün silahlı qüvvələrini üsyançılara qarşı birləşdirməyi qərara aldı. Hər iki hakim ilk növbədə şaha xəbər verərək ondan kömək xahiş etdilər. Lakin bu zaman şahın özünə kömək lazım idi. Həsən Cəlalyan yazırdı: «bu şəhər (Şamaxı- E.T) tutulduqdan sonra Gəncə və İrəvan hakimləri şəhərin tutulmasını şaha xəbər verdilər, özləri isə bütün qoşunu ilə Bərdə şəhərinə, Kür çayı sahilinə gəldilər. Orada İrəvan xanı bütün mahal hakimləri ilə, Gəncə xanı isə bütün əyanları ilə 30.000-ə qədər qoşun toplamışdı» (135,28). Digər mənbəyə görə isə, birləşmiş qoşunun tərkibi 40.000 nəfərə çatırdı (409,81; 74,74). Müttəfiq qoşunlar Bərdə yaxınlığında, Kür çayı sahilində dincələrkən üsyançıların gözlənilməz hücumu nəticəsində darmadağın edilmişdi. Həsən Cəlalyanın yazdığına görə, «bütün gecəni eyş-işrətlə keçirən qoşun səhərə yaxın dərin yuxuya getmişdi. Bundan istifadə edən üsyançılar sakitcə Kür çayını keçərək qəfl hücumla onları darmadağın edərək qaçmağa məcbur etmişdi» (135,29). Döyüşü təsvir edən ingilis səyyahı C.Hanvey qeyd edirdi ki, «Fasiləsiz hücumlara məruz qalan ordu, nəhayət, qaçmağa başladı, bir çoxları İrəvana, başqaları isə Gəncəyə qaçdılar, üsyançılar isə düşərgəni ələ keçidilər» (409,81). Bu döyüşdə irəvanlılardan da çoxlu ölən və yaralanan olmuşdu (74,74).

Ölkəni bürümüş böhran qonşu dövlətlərin buraya müdaxiləsini asanlaşdırır. XVIII əsrin 20-ci illərin əvvəllərindən başlayaraq Rusiya və Osmanlı imperiyaları fəallığını artırdı. 1722-1723-cü illərdə I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycanın Xəzərsahili ərazilərinə yürüşü nəticəsində bu yerlər işğal edilmişdi (187,74-84; 65,38-54). Rusiya tərəfindən həmin ərazilərin işğal edilməsi, bu region uğrunda onunla rəqabət aparan Osmanlı Türkiyəsinin 1723-cü ildən Azərbaycana hücum etməsinə şərait yaratdı. Nəhayət, 1724-cü il iyulun 12-də Rusiya və Osmanlı Türkiyəsi arasında bağlanmış «İstambul müqaviləsi»nə görə, Azərbaycan torpaqları hər iki imperiya arasında bölüşdürüldü (5,4; 419,185-189; 84,c.1,58-62; 85,219-225).

İstambul müqaviləsi Osmanlı Türkiyəsinin Azərbaycanda fəaliyyətini daha da genişləndirirdi. Osmanlı qoşununun ilk hücumuna məruz qalan ərazilərdən biri də mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyi idi. Azərbaycanın mərkəzi ərazilərinə gedən yol buradan keçdiyindən İrəvanda möhkəmlənmək osmanlılara çox vacib idi.

1724-cü il iyunun axırlarında Diyarbəkr hakimi Arif Əhməd paşa 30 minlik qoşunla Araz çayını keçərək İrəvan əyalətinə daxil oldu (409,106). Osmanlı qoşunu Arpa çayı sahilində düşərgə saldı. Onların keçirdiyi hərbi əməliyyat «Anonim erməni xronikası»nda, həm də ingilis səyyahı C.Hanveyin səyahətnaməsində ətraflı bəhs edilir. Arpa çayı sahilində mövqe tutmuş sərəsgər Arif Əhməd paşanın əmrinə əsasən Yavuz Həsənin və Qoç Əlinin başçılığı ilə 1800 nəfərlik hərbi hissə kəşfiyyat məqsədilə irəli göndərilir. Hərbi hissə İrəvan yaxınlığında Çuxursəd bəylərbəyi Allahqulu xanın süvari dəstəsi ilə üz-üzə gəldi. Baş vermiş qanlı döyüşdə osmanlılar qələbə çalır, tərəflər arasında çoxlu ölən və yaralanan olur. Məğlub edilmiş Allahqulu xan qalan qoşunla İrəvan qalasına sığınır və bir daha nizami osmanlı qoşunu ilə açıq döyüşə girməyə cəhd etmir (68,8).

İrəvan qoşunu geri çəkildikdən sonra Yavuz Həsənin və Qoç Əlinin başçılıq etdiyi osmanlı qüvvələri irəli hərəkət edərək Gərni yaşayış məntəqəsini mühasirəyə alır. İrəvan xanından heç bir kömək almayan Gərni əhalisi sülh danışığından sonra osmanlılara təslim olur (68,8-10). Gərnidə kiçik qarnizon saxlayan Osmanlı komandanlığı İrəvan şəhərini ələ keçirmək üçün qalan qoşunu qalaya yeridir və xanın sığındığı qalanı mühasirəyə alır.

Allahqulu xan İrəvan qalasının müdafiəsini vaxtında gücləndirə bilmişdi. O, qalanın müdafiəsini gücləndirmək məqsədilə ətraf kəndlərin əhalisini qalaya köçürmüşdü. İrəvan qalasının möhkəmləndiyini görən Arif Əhməd paşa ilk növbədə qalanın könüllü təslim olunması üçün xanın yanına xüsusi nümayəndə heyəti göndərdi. Lakin Allahqulu xan vaxt qazanmaq və şahdan gömək almaq niyyətilə osmanlı elçilərinə «şaha bu haqda xəbər göndərər və ancaq şahın razılığı ilə qalanı təslim edə bilər» cavabını vermişdi (68,11).

İrəvanlıların könüllü təslim olmayacağını görən Arif Əhməd paşa qalaya hücum əmrini verdi. Qala güclü bombardıma edilir. Hər iki tərəf mərdliklə döyüşürdü. C.Hanvey yazırdı: «Osmanlı ordusu xeyli sayda topa malik idi və bunun köməyi ilə onlar tezliklə, qala divarlarında çatlar əmələ gətirdilər. Sərəsgər (Arif Əhməd paşa- E.T) qalaya hücum edərkən onun qoşunu hünər göstərirdi, eyni zamanda bu hücum qala qarnizonu tərəfindən cəsarətlə dəf edilirdi» (409,107). İlk hücum cəhdinin uğursuzluğu İrəvan qalasının osmanlılar tərəfindən uzunmüddətli mühasirədə saxlamasına səbəb olur. Lakin qala sakinlərinin əzimkar müdafiəsinə baxmayaraq, osmanlı qoşunu qalaya hücumlarını dayandırmırdı. Osmanlıların ayrı-ayrı vaxtlarda İrəvan qalasına üç dəfə güclü hücumu qoşun hissələri tərəfindən mülkü əhalinin köməyi ilə mərdliklə dəf edilmişdi. Hər iki tərəfdən çoxlu ölən və yaralanan var idi. İş o yerə çatmışdı ki, cəsədlərin çürüməsindən hər tərəfi müxtəlif xəstəliklər bürümüşdü. Buna görə də, paşa ölənləri dəfn etmək üçün üç günlük barışıq xahiş etmişdi (409,107).

1724-cü il sentyabrın 10-da Osmanlı qoşunu İrəvan qalasına dördüncü hücumunu edir. Lakin bu hücum da müvəffəqiyyət gətirmir. Uğursuz hücumlar Osmanlı qoşununu ağır vəziyyətə salmışdı. Osmanlılar döyüşlərdə iyirimi minə yaxın adam itirmişdilər. Burada dözülməz hava şəraiti də öz işini görmüşdü (409,108). Lakin tezliklə ayın sonlarına yaxın Ərzurum hakimi Sarı Mustafa paşanın başçılığı ilə buraya əlavə qoşun hissələrinin gəlməsi İrəvan xanını bərk qorxuya saldı (409,108; 68,14).

Köməksiz qalmış qala sakinlərinin vəziyyəti heç də yaxşı deyildi. Bir tərəfdən döyüşlərdə ölənlərin sayının artması, digər tərəfdən ərzaq çatışmazlığı müdafiəçilərin sıralarını gündən-günə seyrəldirdi. Kömək üçün şah II Təhmasibə edilən müraciət də boşa çıxmışdı. Vəziyyətin ümüdsüz olduğunu görən Allahqulu xan Osmanlı komandanlığı ilə danışıqlara girmək qərarına gəldi. O, oktyabrın 1-də danışıq aparmaq üçün osmanlı düşərgəsinə nümayəndə heyəti göndərdi. Danışıqlara görə osmanlı baş komandanlığı təslim olacağı təqdirdə yerli əhaliyə aman verirdi. Razılığı əsasən başda xan olmaqla yerli qoşun hissələri bütün əmlakları ilə birlikdə Qarabağ sərhəddinə qədər yola salınacaq, saray əhli və qalanın müdafiəsində iştirak etməyən xalq kütləsi isə İrəvan şəhərinə köçürülməli idı. Paşa onların özlərinə və əmlakına toxunmayacağına söz verirdi. Şəhər, qala artilleriyası, silah- sursatı ilə birlikdə osmanlılara təhvil verilməli idi. Beləliklə, razılığa gəlinmiş bütün maddələr yerinə yetirildi. Qarahisar paşası öz dəstəsi ilə yerli qoşun hissələrini sərhəddə qədər yola saldı və Allahqulu xan şah II Təhmasibin Əhərdə yerləşən qərargahına getdi (409,108-109; 68,15-17).

İrəvan qalasının mühasirəsi iyulun əvvəllərində başlamış və oktyabrın 1-də isə osmanlılara təslim olmaqla 3 ay davam etmişdi. Osmanlı qoşununun bu yürüşü İrəvan əyalətində böyük dağıntılara və insan təlafatına səbəb oldu. Bundan əlavə, Osmanlı işğalı ilə razılaşmayan xeyli əhali Azərbaycanın müxtəlif ərazilərinə köçməyə başladılar.

İrəvan şəhəri işğal edildikdən sonra burada Osmanlı üsuli-idarəsi yaradıldı. İrəvan əyaləti Osmanlı Türkiyəsinin sancaqlarından birinə çevrildi (33,9). Buraya ilk osmanlı hakimi Rəcəb paşa (1724-1728) təyin olundu. İrəvan əyaləti on bir il osmanlıların əlində qalmışdı (153,177; 40,15).

XVIII əsrin 20-ci illərin sonu-30-cu illərin əvvəllərində görkəmli sərkərdə Təhmasibqulu xanın siyasi səhnəyə çıxması Səfəvi dövlətində böyük dönüş yaratmışdı. O, ilk növbədə xalqı öz tərəfinə çəkərək əfqan tayfalarını İranın mərkəzindən qovdu (392,46; 190,44-55). Bundan sonra o, Səfəvi imperiyasını bərpa etmək məqsədilə rus və osmanlı müdaxiləçilərinə qarşı mübarizəyə başladı (60,53; 65,97).

XVIII əsrin 30-cu illərin ortalarında Nadirin osmanlı işğalçılarına qarşı hərbi fəaliyyəti daha da genişləndi. Güclü qoşuna malik olan bacarıqlı sərkərdə işğal olunmuş Azərbaycan torpaqlarını osmanlılardan geri ala-ala şimala doğru hərəkət edir. 1734-cü ilin yayında Şimali Azərbaycana və Dağıstana hücum edən Nadir xanın qoşunu həmin ilin oktyabr ayında Gəncə şəhərini mühasirəyə almağa başlayır (68,52; 414,125). Həmin vaxt Gəncə şəhərində ərzaqla təmin olunmuş beş minə qədər nizami Osmanlı qoşun hissəsi var idi (409,139). Nadir xanın qoşununun güclü hücumuna baxmayaraq, Osmanlı qoşunu onlara ciddi müqavimət göstərirdi. Müqavimətin bir səbəbi də, osmanlıların Qarsdan kömək almaq ümüdi idi. Bu zaman həqiqətən də, Qarsda Abdulla paşanın başçılığı ilə Osmanlı qoşunu Gəncə qarnizonuna köməyə tələsirdi. Bu xəbəri eşidən Nadir xan Gəncədə azsaylı qoşun saxlayaraq osmanlı paşasını qarşılamaq üçün Osmanlı-Səfəvi sərhəddinə doğru hərəkət edir. 1735-ci ilin iyulunda İrəvan şəhəri yaxınlığında, erməni kilsəsi olan Eçmiədzinin (Üçkilsə-E.T) şimal-şərqində osmanlı qoşunu ilə Nadirin qoşunu arasında qanlı döyüş baş verdi (118,72; 409,144). Bu döyüşdə Nadir xanın qoşunu 55.000, Abdulla paşanın qoşunu isə 80.000 nəfərdən ibarət olmuşdu (409,144-145). Tərəflər arasında baş vermiş döyüş nəticəsində Osmanlı qoşunu güclü müqavimətə məruz qalaraq, çoxlu itki verməklə geri çəkilməyə məcbur olmuşdu (187,205; 118,72; 409,145).

Osmanlıları məğlub etdikdən sonra Nadir xan İrəvan qalasını mühasirəyə alır. Erməni anonim xronikasında yazılır: «Həmin vaxt İrəvanı idarə edən osmanlılar Təhmasibqulu xanın gəldiyini eşidəndə şəhərdən qırağa çıxmayaraq qalanın müdafiəsini möhkəmləndirməklə məşğul oldular. Təhmasibqulu xan isə qoşunu irəli apararaq qalanı mühasirəyə alır» (68,52). Tezliklə nizami Osmanlı qoşununun məğlub edilməsi qarnizon rəhbərliyini sülh danışığına təhrik etdi. Qala döyüşsüz təslim olduqdan sonra orada yerləşən Osmanlı qoşun hissələrinə Qars şəhərinə geri çəkilməyə icazə verilir (409,147; 68,52).

Osmanlılarla müharibə İrəvan əyalətinə böyük dağıntı gətirmişdi. Müharibə fəlakətinə məruz qalmış İrəvan əyaləti Nadirin burada həyata keçirdiyi tədbirlərdən sonra daha da acınacaqlı vəziyyətə düşdü. Əvvəla onun əmrinə əsasən bu əyalətdən 300 ailə Xorasana köçürülür (413,14; 409,146). Əhaliyə könüllü olaraq şəhərdə qalması, yaxud şəhərdən çıxıb getməsi müraciəti edilir. Sonra maddi vəziyyətlərindən asılı olaraq həm müsəlman, həm də xristian varlılarından 10, 20, 40 və 50 tümən məbləğində vergi alınır (68,52). Nadirin göstərişinə əsasən bu dəfə də, Eçmiədzin kilsəsinə toxunulmamışdı. Katolikos A.Kretatsiyə xanın özü mehribanlıq göstərmişdi (186,249).

Qoşununun bir hissəsini İrəvan şəhərində saxlayan Nadir xan yenidən Gəncəyə qayıdaraq mühasirəni davam etdirir. Köməksiz qalmış Gəncə qarnizonu təslim edilir (414,127).

Azərbaycan ərazisi osmanlı qoşunundan təmizləndikdən sonra Nadir qoşunu ilə Muğan düzünə çəkilir. 1736-cı ildə Səfəvilər sülaləsinin son nümayəndəsi şah III Abbasın qəfil vəfat etməsindən istifadə edən sərkərdə həmin ilin martında özünü şah elan etdi (409,150-154; 190,118-125; 233,319-320; 187,106-108; 72,63; 65,122-125). Bu mərasimdə ayrı-ayrı bölgələrdən gələn nümayəndələrlə yanaşı, İrəvandan gəlmiş xan, şeyx-ül-islam, katolikos, bəylər, mirzələr, ağalar, kələntərlər, kəndxudalar, məliklər və s. iştirak edirdilər (186,249).

Nadir şah seçildikdən sonra Səfəvi imperiyasının inzibati-ərazi bölgüsünü ləğv edir. Səfəvilərin Azərbaycanda mövcud olan ayrı-ayrı bəylərbəylikləri Azərbaycan bəylərbəyliyi adı altında birləşdirilir. Onun başçısı Nadirin qardaşı İbrahim xan təyin olunur. «Nadir şah Tiflis, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ vilayətlərini Rum əhli və qoşununun əlindən alıb öz ixtiyarına keçirdikdən sonra… Azərbaycan sərdarının (İbrahim xan-E.Q.) səlahiyyətinə verilmişdi. Hər elin və mahalın xanları və məlikləri var idi. Bunlar Azərbaycan sərdarının əmri üzrə padşahın tapşırıqlarını yerinə yetirirdilər» (37,109-110). Nadirin Muğan düzündə şah seçilməsində şəxsən iştirak edən erməni katalikosu Abram Kretatsi yazırdı: «İlk növbədə Nadir şah öz qardaşını (İbrahim xanı-E.Q.) farsca Azərbaycan adlanan Atropatena ölkəsinə rəis, sərdar, yəni sərkərdə təyin edib, Naxçıvanın, İrəvanın və bütün Ararat (İrəvan-E.Q.) əyalətinin, Gürcüstanın idarəsini ona tapşırdı və onu başqa xanlar üzərində bəylərbəyi, hakimi-mütləq təyin etdi» (186,244; 190,127). Şahın gördüyü ilk tədbirlərindən biri də Azərbaycanın müxtəlif bölgələrinə və şəhərlərinə hakimlərin təyin etməsi oldu. Nadir şah Heratdan Muğana gəlmiş Pir Mahmud xanı İrəvan əyalətinin xanı təyin edir. Abram Kretatsi yazırdı: «ilk əvvəl İrəvan xanı və bəylərbəyi təyin olunmuş Pir Mahmud xan Heratdan gəlib çıxdı, lakin (şah) onu hal-hazırda yanında saxlayır. Onun əvəzinə Muğandan (İrəvana) göndərilən naib Məhəmməd Rza bəy bu günə qədər Pir Mahmud xanın əvəzinə İrəvan əyalətini idarə edir» (186,227).

Fəaliyyətinin birinci dövründə ölkəni xarici müdaxiləçilərdən təmizləyən Nadirin, şah seçildikdən sonra apardığı saysız-hesabsız müharibələri və ağır vergi siyasəti xalqın vəziyyətini daha da ağırlaşdırırdı. Taxılın çatışmazlığı və əkin sahələrinin boş qalması nəticəsində ölkəni aclıq bürümüşdü. Ölkədə baş verən acınacaqlı vəziyyəti A.Kretatsi belə təsvir edirdi: «Təkcə Muğanda deyil, hər yerdə, Təbrizdə, Tuzaxda (Tovuz), Gəncədə, Qazaxda, Loridə, Gürcüstanda, Sevan (Göyçə-E.Q.) gölünün sahillərində, Saxnuzorda, Qafanda, Naxçıvanda, İrəvanda çörək tapılmırdı. Bu vilayətlərdə buğdanın satış qiyməti bir şahıya satılırdı və bəzən bu qiymətə də tapmaq olmurdu» (186,253).

Şah isə yeni-yeni vergilər tələb edirdi. Vergiləri verə bilməyən xalq narazılıq edərək silahlı üsyana qalxmışdı. XVIII əsrin 40-cı illərin əvvəllərində bir sıra şəhərlərlə yanaşı İrəvan şəhərinin əhalisi də üsyan edərək dağlara qaçmışdı. Lakin ilk əvvəl İrəvan xanı Pir Mahmud xan bu üsyanları yatırmağa müvəffəq olmuşdusa da (30,24), sonralar Nadir şah hökumətinə qarşı olan üsyanları yatırmaq çox da asan olmamışdı.

1746-1747-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində Əfşarlar dövlətinə qarşı üsyanlar daha da gücləndi. Hətta sadə xalqdan əlavə, nüfuzlu şəxslər də bu üsyanlarda fəal iştirak edirdi. Həmin dövrdə Azərbaycanda olmuş Rusiyanın İrandakı səfiri M.M.Qolitsın yazırdı: «…hazırda İranın bir çox vilayətlərində və yerlərdə təhlükəli vəziyyət yaranmış, böyük çaxnaşma başlanmışdı. Artıq Gəncə, İrəvan, Naxçıvan, və Tiflisdə çoxlu vergilər və cərimələr üzündən demək olar ki, kiçikdən böyüyə kimi bütün əhali, hətta həmin şəhərlərin vəzifəli şəxsləri üsyan edib öz var-dövlətləri, mal-qaraları ilə dağlara çəkiliblər» (30,25). Azərbaycan əyalətləri nəzarətdən çıxmışdı, əhali karvanları soyur və qarətlə məşğul olurdu. Rusiyanın Rəşt şəhərindəki konsulu Kopıtovski 1747-ci il 24 may tarixli M.M.Qlitsına ünvanladığı məlumatında bildirirdi: «İrəvan, Gəncə, Tiflis, Şamaxı şəhərləri üsyan qaldırıb, əvvəlcə Tiflis, Gəncə, Şamaxı, sonra isə İrəvan şahdan ayrılıb. Şamaxılılar dağıstanlılarla, tiflislilər Gəncə əhalisi ilə birlikdə karvanları soyur və qarətlə məşğul olurlar. İrəvanlılar isə qalanı möhkəmləndirməklə məşğuldurlar» (8,45-46).

Nadir şah bu üsyanların qarşısını almaq üçün əmisi oğlu Əmiraslan xanı 20 minlik qoşunla Azərbaycanın şimalına göndərdi. Bərdə yaxınlığında gəncəlilərlə baş verən döyüşdə şah qoşunu məğlub edilir. Araz çayına doğru çəkilən Əmiraslan xan Təbrizə məktub yazaraq əlavə kömək istəyir. Təbrizdən 21 top, 24 zəmburəngə malik qoşun alan Əmiraslan xan növbəti dəfə İrəvana döğru hərəkət edir. Lakin irəvanlılar onun qoşununu məğlubiyyətə uğradır. Uğursuzluğa düçar olmuş Əmiraslan xan İrəvanın 10 verstliyində düşərigə salaraq, vəziyyətlə əlaqədar şaha məlumat göndərərək onun əmrini gözləyir (8,46).

Nadir şahın 1747-ci ilin iyulunda sui-qəsd nəticəsində öldürülməsi (190,312-313; 72,254) ölkəni bürümüş üsyanların yatırılmasına mane oldu. Şahın öldürülməsilə ölkədə qarışıqlıq yaranır, hər tərəfdə taxt-taca iddialar irəli sürülməyə başladı. Bu mübarizədə müvvəqqəti olaraq Nadir şahın qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gətirilir (41,33; 37,114; 76,152; 190,315-316; 65,218; 24,20). Lakin yeni şah müstəqil xanlıqların yaranmasının qarşısını ala bilmədi. Müstəqil olmağa çalışan Azərbaycan xanları taxt-tac iddiaçılarına qarşı mübarizə şəraitində öz kiçik feodal dövlətlərini yaradırdılar.

Tax-taca iddia edilənlərdən biri də yalançı şahzadə Sam Mirzə idi. O, hələ Nadir şahın ölümündən bir qədər əvvəl Ərdəbildə özünü şah elan etmişdi. Şahın ölümündən sonra Astaraya gedərək oranın hakimini və qardaşını Səfəvi sülaləsindən olduğuna inandıraraq onlarla ittifaq bağlamış və hakimi özünə vəzir təyin etmişdi. Astara hakimini öz tərəfinə çəkə bilən yalançı şahzadə Təbrizə gəlmiş və yerli əhalini özünün şah olduğunu inandırmağa çalışmışdı. Bakı hakimi də onun tərəfinə keçir. Sam Mirzə özünə tərafdarlar toplamaqla hakimiyyətini genişləndirməyə çalışırdı. Beləliklə, o, 12-15 minlik qoşun toplamağa nail olur (188,101; 65,218).

Sam Mirzənin ilk hücumuna Rəşt şəhəri məruz qalır. Lakin Sam Mirzə burada möhkəmlənə bilməmişdi. O, Adil şahın göndərdiyi cəza dəstəsinin yaxınlaşdığını eşidərək əvvəlcə Ərdəbilə, sonra isə Təbrizə çəkilir (188,101-102). Təbrizə gələn Sam Mirzə Nadir şahın təyin etdiyi nümayəndələrini qətlə yetirərək burada möhkəmlənir. O, Azərbaycanın ayrı-ayrı bölgələrinə müraciətlər göndərərək hakimiyyətinin tanınmasına çağırırdı. Azərbaycan xanları onun müraciətlərinə biganə qalsa da, sadə xalq onun çağırışlarını müsbət qarşılayırdı. Hətta İrəvan, Gəncə, Şamaxı, Tiflis, Muğan, Astara və Ərdəbil əhalisi 40 minə qədər qoşun toplamış və onun adına pul da kəsilməyə başlamışdı (9,46-47; 65,219).

Digər tərəfdən yalançı şahın Əfşar hakimiyyətinə qarşı baş vermiş üsyanlara kömək göstərmək qərarı əhali arasında onun nüfuzunun artmasına şərait yaratmışdı. Belə ki, həmin dövrdə İrəvanda Pir Mahmud xana və Nadir şahın əmisi oğlu Əmiraslan xana qarşı yerli əhalinin üsyanı davam edirdi. Sam Mirzə İrəvan üsyançılarına kömək etmək məqsədi ilə İrəvan şəhərinə doğru hərəkət edir. Lakin İrəvan yaxınlığında düşərgə salmış Əmiraslan xan üsyanı yatırmaqla yanaşı Sam Mirzəni də məğlubiyyətə uğrada bilir (65,219). Məğlub olunmuş yalançı şah yenidən Təbrizə qayıdır. Əmiraslan xan Sam Mirzəyə məktub yazaraq onun hakimiyyətinin tanımadığını bildirir və Təbrizə doğru hərəkət edir. Mərənd şəhəri yaxınlığında tərəflər arasında baş verən döyüşdə Əmiraslan xan Sam Mirzənin qoşununu darmadağın edir. Tezliklə, Sam Mirzə ələ keçirilərək Təbrizdə edam edilir (188,103).

Sam Mirzəyə qalib gələn Əmiraslan xan Təbrizdə möhkəmlərək müstəqil Azərbaycan dövləti yaratmaq niyyətində idi (65,221). Tezliklə o, Azərbaycan xanlarını özünə tabe etmək üçün fəaliyyətə başlayır. Əmiraslan xan Ərdəbil və Qaradağ xanlıqlarını özünə tabe etsə də, Şəki xanı Hacı Çələbi ilə döyüşdə məğlubiyyətə uğrayır. Dövrün güclü Azərbaycan xanlarından biri olan Şəki xanı ilə döyüşdə məğlub olan Əmiraslan xan İrəvana çəkilir. Bu dövrdə İrəvan əhalisi şah nümayəndəsinə qarşı yenidən üsyan qaldıraraq hakimiyyəti ələ keçirmişdi. İrəvan ərazisində düşərgə salan Əmiraslan xan üsyanı yatırmağı qərara aldı. O, əfşar sərkərdələrindən olan Mir Mehdi xanı qoşunla İrəvana göndərdi. Lakin Əmiraslan xanın siyasətindən narazı olan Mir Mehdi xan irəvanlılarla razılığa gələrək onlarla birləşir və üsyanın rəhbəri olur. Əmiraslan xanın onlara aman verməcəyini bilən yerli əhali ona güclü müqavimət göstərir. Bu müqavimət qarşısında Əmiraslan xan geri çəkilməyə məcbur oldu. Tezliklə Əmiraslan xana qarşı irəvanlıların da daxil olduğu Azərbaycanın müxtəlif bölgələrinin ittifaqı yarandı. İrəvanlılara rəhbərlik edən Mir Mehdi xan, Muğan xanı Həsənəli xan, Əmiraslan xan tərəfindən talana məruz qalmış kürdlər, avşarlar qüvvələrini birləşdirərək 30.000-ə yaxın qoşunla Əmiraslan xana qarşı çıxırlar. Birləşmiş qoşunlar Urmiya şəhərinə hücum edərək xanın burada yerləşən bütün xəzinəsini ələ keçirir və öz aralarında bölüşdürürlər (70,203-204). Bunun ardınca doğma qardaşı Adil şahı taxtdan salaraq hakimiyyətə gələn İbrahim Mirzə Əmraslan xanı məğlub edərək onu öldürür (24,108; 25,40). Beləliklə, irəvanlılar yeni yaranmış xanlığı təhlükədən qoruya bildilər.

Beləliklə, İrəvan üsyançılarını öz tərəfinə çəkərək, üsyana rəhbərliyi ələ ala bilən Mir Mehdi xan Əfşar (1747-1752) hakimiyyəti ələ keçirərək müstəqil İrəvan xanlığının əsasını qoyur (421,93).


1.2. XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti
İrəvan xanlığı yarandığı gündən müstəqil bir dövlət kimi qonşu dövlətlərlə, Azərbaycanın bəzi xanlıqları ilə siyasi münasibətlər qurmuş və varlığının qorumaq üçün həmişə mübarizə aparmışdı. Qeyd etmək lazımdır ki, Azərbaycanın qərb qurtaracağında yaranmış İrəvan xanlığı əlverişli strateji mövqedə yerləşdiyindən Rusiya, Osmanlı və İran kimi dövlətlərin mənafeyinin toqquşduğu bir bölgə idi. Ona görə də, xanlıq tez-tez qonşu dövlətlərin hücumlarına məruz qalırdı. Bəzən də İrəvan xanları güclənmək məqsədi ilə ərazilərini genişləndirməyə çalışırdı.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığının da siyasi tarixi ara müharibələri ilə zəngin olmuşdu. İrəvanı müstəqil xanlığa çevirən Mir Mehdi xan (1747-1752) xanlığın ərazisini genişləndirmək üçün qonşu xanlıqlara yürüşlər təşkil edirdi. O, 1748-ci ilin əvvllərində Urmiya xanlığına hücum edir. Gələcəkdə taxt-tac iddiaçılarından biri olan, lakin həmin dövrdə bir o qədər qüvvəsi olmayan Urmiya xanı Fətəli xan Əfşar irəvanlılarla döyüşdə məğlubiyyətə uğrayır. Nəticədə, Fətəli xan Mir Mehdi xana güzəştə getməyə məcbur olmuşdu (24,111; 25,42).

Lakin yenicə yaranmış İrəvan xanlığı tezliklə, qonşu dövlətlər arasında gedən mübarizə meydanına çevrildi. XVIII əsrin 40-cı illərin axırlarında şah taxt-tacı uğrunda mübarizə qızışdığından Cənubi Qafqazda da mürəkkəb vəziyyət yaranmışdı. Bundan yüksək şəkildə yararlanmağa çalışan Kartli-Kaxetiya çarları II Teymuraz və oğlu II İrakli, digər tərəfdən isə Qarabağ xanı Pənahəli xan arasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə gedirdi. Xüsusilə, İrəvan, Gəncə, Naxçıvan xanlıqları tez-tez Kartli-Kaxetiya çarlığının hücumlarına məruz qalırdı (37,161; 192,129). İrəvanı özünə tabe etmək niyyətində olan çar Teymuraz və oğlu İrakli bunun üçün hər cür vasitələrdən istifadə edirdilər. Xanlığın ərazisində yaşayan ermənilər bu işdə onların ən yaxın köməkçiləri idi. Ermənilər (çox vaxt bunlara qonşu xanlıqlardan olan ermənilər də qoşulurdu-E.Q.) xanlıqda qarışıqlıq salmaqla, yalan vədlərlə hər iki dövlət arasındakı münasibətləri gərginləşdirdi. Belə ki, ermənilər Kartli-Kaxetiya sarayı ilə gizli danışıqlar aparırdı. P.Butkov yazır ki, «İrəvan və Gəncədən olan ermənilər 1749- cu ilin avqustun əvvəllərində çarın yanına gələrək çar Teymuraza tabe olacaqlarını və beş min rubl məbləğində vergi verəcəklərini vəd etdilər» (70,241; 84, c.1, 237-238). Lakin ermənilərin xəyanəti İrəvan xanının nəzərindən qaçmırdı. Buna görə də, Mir Mehdi xan Kartli-Kaxetiya sarayı ilə gizli əlaqə saxlayan erməniləri cəzalandırmaq qərarı vermişdi. Onun bu tədbiri Kartli-Kaxetiya sarayının narazılığına gətirib çıxarmışdı. İrəvanın daxili işlərinə qarışmağa bəhanə axtaran çar Teymuraz ermənilərin müraciətindən istifadə edərək 1749-cu ilin sentyabrında 25 minlik qoşunla İrəvana yürüş etdi. Sentyabrın 29-da çar qoşunu bir kəndi zəbt edə bildi. Müqavimət göstərmək iqtidarında olmayan Mir Mehdi xan ermənilərə divan tutmağı dayandırır və çar Teymurazla sülh bağlayır. Noyabrın 22-də çar qoşunları xanlığı tərk edərək geri qayıdır (70,241).

Kartli-Kaxetiya çarlarının tez-tez qonşu Azərbaycan xanlarının daxili işinə qarışması qüdrətli xanların narazılığına səbəb olurdu. Belə xanlardan biri qonşu Azərbaycan xanlarını özünə tabe etmək istəyən Qarabağ xanı idi. Mirzə Camal Cavanşir yazırdı ki, «Az bir müddətdən sonra Pənah (Pənahəli-E.Q.) xana xəbər çatdı ki, mərhum Nadir şahın oğlu (nəvəsi-E.Q.) Şahrux Mirzə, Adil şah adlandırılan Əliqulu xanı öldürərək (İbrahim Mirzəni-E.Q.), Xorasanda şahlıq taxtında oturmuş və İraq, Azərbaycan və Fars torpaqlarında qarmaqarışıqlıq üz vermişdir. Bu zaman Pənah xan Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil vilayətlərini ələ keçirmək və o yerlərin xanlarını özünə tabe etmək qərarına gəldi» (37,115).

İlk növbədə Pənahəli xan bu işdə ona mane ola biləcək Kartli-Kaxetiya çarlığını zərərsizləşdirmək məqsədi ilə 1749-cu ilin dekabrın əvvəllərində gəncəli Şahverdi xan, şəkili Hacı Çələbi xan, qəbələli Ağamalı xan, muğanlı Səfərəli və şamaxılı Hacı Məhəmmədəli xanla ittifaq bağlayaraq Kartli-Kaxetiyaya hücum etməyi qərara aldı (70,239). Lakin İrəvan xanı tərəfindən xəbərdarlıq edilən İrakli müttəfiqlərin hücumunu dəf etmək üçün vaxtında tədbir görə bildi. Nəticədə Martqubi və Didopisiali kəndlərində baş verən döyüşdə müttəfiq qoşunları məğlubiyyətə düçar oldu (55,75; 84, c.1,236-237).

Bu hadisədə İrəvan xanının Kartli-Kaxetiya çarlığına kömək etməsi səbəbəsiz deyildi. Belə ki, Pənahəli xan Kartli-Kaxetiya ərazisinə hücumdan əvvəl oğlu və qardaşının komandanlığı altında 4.000 nəfərlik qoşunu qarət məqsədilə İrəvan xanlığına göndərmişdi. İrəvan şəhərinə və Eçmiədzin kilsəsinə qədər irəliləyən Qarabağ qoşunu bu yürüşdə çoxlu əsir və mal-qara ələ keçirdi. Bu hücumun qarşısında davam gətirə bilməyən irəvanlılar II İrakliyə elçi göndərərək kömək istədi. Vaxtında köməyə çatan Kaxetiya çarı geri qayıdan Qarabağ qoşununa hücum edərək məğlubiyyətə uğratdı. Nəticədə Pənahəli xanın oğlu və qardaşı olmaqla çoxlu qarabağlı öldürüldü, onlardan az bir qismi geri qayıda bildi (70,239; 84, c.1,387-388). Qarabağlıların qarət məqsədilə İrəvan ərazisinə yürüşü əvvəllər də olmuşdu. Mirzə Camal Cavanşir «Qarabağ tarixi» əsərində maraqlı bir məqama toxunaraq yazır ki, «Nadir şah öldürüldükdən sonra üzə çıxan Pənahəli xan bacarıqlı cavanları başına toplayıb Şirvan, Şəki, Gəncə, İrəvan və Qarabağ vilayətlərini qarət etməyə başladı. Bütün cavanları mal və dövlət sahibi etdi» (37,111).

Bu hadisə İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında olan münasibətləri normallaşdırmışdı. Lakin İrəvan xanlığında yaranmış sakitlik çox uzun sürmədi. Belə ki, İbrahim Mirzə Əmiraslan xanı məğlub etdikdən sonra Təbrizə gəldi və 1748-ci ilin noyabrın 24-də burada özünü şah elan etdi (76,153). Bir müddət burada qalan şah geri çəkilərkən əfşar sərkərdələrindən biri olan Məhəmməd xanı oraya hakim təyin etdi (180,113; 417,13; 179,33; 46,152; 24,109).

Tezliklə İbrahim Mirzə Məşhəd şəhəri yaxınlığında Nadir şahın nəvəsi Şahrux Mirzə ilə apardığı müharibədə öldürüldü (76,153). Şahın ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edən Təbriz hakimi Məhəmməd xan Əfşar müstəqil siyasət yeritməyə başlayır. O, Kartli-Kaxetiya çarlığı da daxil olmaqla qonşu xanlıqları özünə tabe etmək üçün fəaliyyətini genişləndirdi. Əvvəlcə Kartli-Kaxetiya sarayına elçi göndərən Məhəmməd xan çar Teymuraza tabe olmasını tələb edir. Lakin çar Teymuraz onun göndərdiyi elçiləri qəbul etməmişdi. Rədd cavabı alan Təbriz hakimi Kartli-Kaxetiyaya yürüş etmək fikrinə düşdü. Bunun üçün birinci İrəvana hücum etmək lazım gəlirdi. 1750-ci ilin yayında başda Məhəmməd xan olmaqla 30 minlik qoşun ilk əvvəl İrəvan xanlığına daxil olur. İrəvan ərazisinə hücuma keçən çoxsaylı qoşun burada soyğunçuluqla məşğul olmağa başlayır. Belə qarətçi hücumun qarşısında aciz qalmış irəvanlılar yenə kömək üçün Kartli-Kaxetiya sarayına müraciət etməli olur (417,13; 179,33). Belə fürsətdən yararlanmağa can atan çar Teymuraz və oğlu İrakli qoşunla İrəvana gəlir. Tərəflər arasında baş verən döyüşdə məğlub olan Məhəmməd xan Gərnibasar mahalında yerləşən Qvirob (Xorvirab) qalasına sığınır. Bu qalada onun ailəsi və xəzinəsi yerləşirdi. İrakli qoşunu ilə Məhəmməd xanı təqib edərək qalanı ələ keçirir və xanın ailəsi əsir alınır. Bundan əlavə, xanın xəzinəsi müsadirə edilir (415,162; 180,47; 417,13; 179,33). Lakin xanın özü bu hadisədən salamat qurtarmışdı. Məlumata görə, Məhəmməd xan Təbriz əhalisinin üsyanı nəticəsində öldürülmüşdü (24,109). Köməklik müqabilində irəvanlılar Kartli-Kaxetiya çarlığına hər il qırx min rubl xərac (4.000 tümən-E.Q.) verməli və eyni zamanda İrəvan şəhərində çarın nümayəndəsi oturmalı idi (415,162; 417,13).

İrəvan xanlığı bu təhlükədən azad olsa da çox keçmir ki, yeni təhlükə ilə üzləşir. Bu dəfə İrəvanda hakimiyyət dəyişikliyi baş verir. Belə ki, Azərbaycanda və İranda baş vermiş hadisələr zamanı taxt-tac iddiaçılarından olan Urmiyalı Fətəli xan Əfşar hərbi cəhətdən güclənir və tezliklə, qonşu Azərbaycan xanlarını bir mərkəz ətrafında birləşdirmə siyasətinə başlayır. O, tezliklə Təbrizi özünə tabe edir. (37,117, 24,109; 25,41). Bundan sonra Fətəli xan keçmiş rəqibi Mir Mehdi xandan qisas almaq niyyətinə düşmüşdü. Fətəli xan Əfşar niyyətini həyata keçirmək üçün Nadir şahın sabiq sərkərdəsi Azad xanı öz tərəfinə cəlb edir (24,109; 25,41).

Fətəli xan Əfşar ilk növbədə Azərbaycan xanlarına fərmanlar göndərərək tabe olmalarını tələb etdi. Lakin onun fərmanları xanlar tərəfindən rədd edilir. Onun göndərdiyi elçilər İrəvan xanlığından da əliboş qayıtmışdı. Bir tərəfdən bu, digər tərəfdən irəvanlıların yuxarıda bəhs edilən Urmiya səfəri Fətəli xanın buraya qoşun göndərməsinə səbəb oldu. Onun göstərişi ilə Azad xan 1751-ci ilin sonlarında sərkərdəsi Musa xanın başçılığı ilə bir dəstə qoşununu İrəvana göndərdi. İrəvan qalası mühasirəyə alınır (415,163; 417,15; 179,36). İrəvanlılar Mir Mehdi xanın başçılığı ilə qalaya sığınaraq güclü müdafiə olunurdu. Ermənilər isə əllərinə düşən bu imkandan istifadə edərək yenidən Kartli -Kaxetiya çarı Teymuraza müraciət etdilər (84, c.1, səh.238). İrəvanda öz təsirini itirmək istəməyən çar Teymuraz bu müraciətdən istifadə edərək oğlu İraklinin başçılığı ilə oraya beş minlik qoşun göndərdi (180,48). Mənbənin verdiyi məlumata görə, gürcü qoşunlarının tərkibində Qazax və Borçalı mahallarından olan Azərbaycan türklərinin süvari dəstələri də fəaliyyət göstərirdi (42,237). Yerli əhalinin güclü müqaviməti və digər tərəfdən İraklinin komandanlığı altında vaxtında yetişən kömək Musa xanı İrəvan qalasının mühasirəsindən əl çəkməyə məcbur edir.

Musa xanın geri çəkildiyini eşidən Azad xan on səkkiz minlik qoşunla Araz çayını keçərək Qarniçayın kənarında mövqe tutur. Bəzi məlumatlarda Azad xanın 12 topu, 200 zənburu olan 40.000 qoşuna malik olduğu göstərilirdi (415,163; 180,48). Digərlərində isə 30 minlik qoşuna malik olduğu qeyd olunurdu (133,47; 84, c.1,238). Bu xəbəri eşidən İrakli Azad xandan ehtiyat edərək öz qoşunu ilə Qırxbulaq yüksəkliyinə çəkilməli olur (417,16; 180,36).

Çox keçmədi ki, tərəflər arasında döyüş başladi. Baş verən döyüşdə Azad xanın qoşunu məğlubiyyətə uğrayaraq geri çəkilir. II İrakli isə Kartli-Kaxetiyaya qayıdır. Bu xəbəri eşidən Fətəli xan ehtiyat qüvvələrini Azad xanın köməyinə göndərdi. Əlavə kömək alan Azad xan Kartli-Kaxetiyaya hücum edir (24,111). Döyüş nəticəsində II İraklinin qoşunu məğlubiyyətə uğrayır (84, c.1, səh.238). Məğlub olan II İrakli təslim olmaq məcburiyyətində qaldı. İtaət əlaməti olaraq çar Fətəli xana girovlar vermişdi. Girovların tərkibinə II İraklinin bacısı, Zalbəy və Aslan bəy adlı iki görkəmli gürcü knyazı olmaqla 200 nəfər döyüşçü daxil idi (84,c.1,239; 24,111-112; 25,43).

Qalib gələn Azad xan bu hadisədən sonra İrəvanda Mir Mehdi xanı hakimiyyətdən uzaqlaşdıraraq öz nümayəndəsi Xəlil xanı buraya hakim təyin etmişdi. Bunu erməni mənbəyi də təsdiq edirdi. Semyon İrəvanlı «Cambr» əsərində bu hadisəni belə şərh etmişdi: «İbrahim şahın ölümündən sonra İran şahlığı süqut etdi və bir neçə il ölkəni Azad xan idarə edir. O, həmçinin katalikoslar Minas və Aleksandrın xahişi ilə «Müqəddəs taxt-tac»ı onların mülkiyyəti elan etmişdi. Azad xan tərəfindən bizim ölkəmizə (İrəvana-E.T.) təyin olunmuş Xəlil xan da məktubla «Müqəddəs taxt -tac»ın vəqf mülkiyyətinə keçməsini iki dəfə təsdiq etmişdi» (153,207). İrəvana yürüş edən Azad xan bir müddət burada qaldıqdan sonra yuxarıda göstərildiyi kimi, özbək Xəlil xanı burada hakim saxlamışdı. Xəlil xan 1752-1755-ci illər İrəvanda hakimiyyətdə olmuşdu (395,5; 40,15).

İrəvanda hakimiyyətini möhkəmləndirən Xəlil xan müstəqil siyasət yeridərək Azərbaycanın bəzi xanları ilə birlikdə Kartli-Kaxetiya çarlığına qarşı mübarizə aparmışdı. Belə ki, bu dövrdə II İrakli Azərbaycan xanlarının bir-birinə qarşı mübarizəsindən istifadə edərək onları özünə tabe etmək istəyirdi. Xüsusilə o, Şəki xanı Hacı Çələbinin günü-gündən artan şöhrətindən narahat olurdu. Azərbaycanın bəzi xanları da Hacı Çələbinin güclənməsini istəmirdilər. Bunu görən II İrakli Azərbaycanın narazı xanlarını məşvərət üçün Gəncə yaxınlığına dəvət edir. A.Bakıxanov yazır ki, «Bu zaman Kartli-Kaxetiya valisi II İrakli Hacı Çələbiyə qarşı ittifaq bəhanəsilə gəncəli Şahverdi xanı, qarabağlı Pənahəli xanı, qaradağlı Kazım xanı, irəvanlı Hüseynəli xanı, naxçıvanlı Heydərqulu xanı Gəncə yaxınlığında görüşə dəvət edir» (76,156; 41,42; 34,78; 187,123). Buraya toplaşan Azərbaycan xanları xəyanətkarcasına II İrakli tərəfindən həbs olunur. Bu hadisə 1752-ci il martın 21-də baş vermişdi (187,124).

II İraklinin xəyanətindən xəbər tutan Hacı Çələbi onu təqib edərək Qızılqaya adlı yerdə gürcü qoşununu məğlub etmiş və həbs edilən xanlar isə azad olunmuşdu (31,15; 41,43; 76,156; 187,123; 30,57-58 ). Bu hadisədə iştirak etmiş İrəvan hakimi yanlış olaraq Hüseynəli xan göstərilmişdi. Əslində həmin dövrdə İrəvanda hakimiyyət başında Xəlil xan dururdu. «İrəvan xanlığı» əsərinin müəllifləri düzgün olaraq baş vermin hadisədə Xəlil xanın iştirak etdiyi qənaətinə gəlmişlər (30,58).

Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların güclü hücumuna məruz qalmışdı. 1754-1755-ci illərdə Avar xanı Mürsəl xanın başçılığı altında dağıstan qoşunları Kartli-Kaxetiya ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum etdilər (67,10; 225,720; 179,37-38). Dağıstan qoşunu bu yürüşdə xanlığın sərhəd kəndlərini qarət edilərək dağıtmışdı. Xüsusilə, Göyçə, Dərəçiçək, Qırxbulaq və Abaran mahallarına böyük ziyan dəymişdi (415,161).

Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfuzunu xalq arasında aşağı salmışdı. Digər tərəfdən Xəlil xanın himayədarı Azad xanın taxt-tac uğrunda Kərim xan Zəndlə apardığı mübarizəsindən istifadə edən irəvanlılar 1755-ci ildə ona qarşı üsyan qaldırdı. Üsyana xalq arasında böyük nüfuza malik Həsənəli xan Qacar başçılıq edirdi. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar (1755-1759) hakimiyyəti ələ keçirdi (153,207-208). Onun hakimiyyətə gəlişi XIX yüzülliyin əvvəllərinə qədər İrəvanda hakimiyyətdə olan yerli Qacarlar sülaləsinin əsasını qoymuşdu. Həsənəli xan çox az müddətdə hakimiyyətdə olmuşdu. Təəssüf ki, onun hakimiyyəti dövründə İrəvan xanlığında baş verən hadisələr barədə məlumat əldə edə bilmədik. Yalnız bir məlumata görə o, xanlıq taxtını ələ keçirərkən kor olmuşdu. Nadir şah tərəfindən gözləri çıxarılmışdı (153,305). Çox güman ki, Həsənəli xan hansısa bir günahına görə şahın qəzəbinə gəlmişdi.


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin