ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010


İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dövründə



Yüklə 4,58 Mb.
səhifə6/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   2   3   4   5   6   7   8   9   ...   31

1.3. İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dövründə

1779-cu ildə Kərim xan Zənd vəfat etdikdən sonra İran taxt-tacını ələ keçirmək uğrunda Zəndlərlə Ağa Məhəmməd xan arasında mübarizə başlayır. Azərbaycanın Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Zəndlər arasında düşmənçilikdən istifadə edərək qısa dövr ərzində İranda hakimiyyəti ələ keçirdi (169,215).

İranda hakimiyyətini möhkəmləndirən Ağa Məhəmməd xan Qacar Azərbaycan və Kartli-Kaxetiya çarlığına da iddia etməyə başladı. Artıq 1791-ci ildə Qacar xanı Azərbaycanın cənub xanlıqlarının əksəriyyətini özünə tabe edə bilmişdi (187,158; 163,111). Lakin onun Azərbaycanın şimal hissəsində yerləşən xanlıqları özünə tabe etmək cəhdi müqavimətlə rastlaşdı. Ağa Məhəmməd xanın Azərbaycan xanlarını saymaması, Azərbaycana Səfəvi dövlətinin «əzəli və əbədi» ərazisi kimi baxması və Kartli-Kaxetiya çarlığı daxil olmaqla bütün Azərbaycanı bu imperiyanın sərhədləri çərçivəsində birləşdirmək cəhdi xanların güclü müqavimətilə rastlaşdı.

1791-ci ilin əvvəllərində Ağa Məhəmməd xan Qacar güclü qoşunla Azərbaycana doğru hərəkət etdi. O, Təbrizdən 1,5 verst (1verst-1,06 km-E.Q.) aralıda yerləşən Seyidabad adlı yerdə düşərgə salaraq, Azərbaycan xanlarına tabe olmaq üçün fərmanlar göndərməyə başladı (84, c.2, səh.319). Qeyd etmək lazımdır ki, Ağa Məhəmməd xan Qacara münasibətdə Azərbaycan xanlıqları arasında iki cəbhə yaranmışdı. Birinci cəbhəyə Gəncə, Şəki, Quba, Bakı xanlıqları daxil idi ki, onlar hakimiyyətlərini itirməmək üçün şahın fərmanını müsbət qarşılamışdılar. Digər cəbhəyə Qacar hakimiyyətinə düşmən münasibətdə olan xanlıqlar daxil idi. Qarabağ xanı İbrahimxəlil xan həmin cəbhəyə başçılıq edirdi. Onu İrəvan, Lənkəran, Xoy, Urmiya xanları və Kartli-Kaxetiya çarı II İrakli müdafiə edirdi (84, c.2, səh.320). Mirzə Adıgözəl bəy yazırdı ki, «Gürcüstan valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış (Lənkəran-E.Q.) hakimi Mir Mustafa xan İbrahimxəlil xanla and içib müahidə bağladılar ki, Ağa Məhəmməd şaha itaət etməsinlər, mümkün olduğu qədər bir-birinə kömək və yardım etməkdə süstlük göstərməsinlər. Vaxtlı-vaxtında bir-birinin vəziyyətindən xəbər tutsunlar (41,50). Lakin bu təhlükə qarşısında da xanlar birləşə bilmədilər. Uzaqgörən siyasətçi olan Ağa Məhəmməd xan onların arasında narazılığın olmasını çox gözəl anlayırdı. «Ağa Məhəmməd xan gözəl bilirdi ki, Azərbaycan xanları arasında birlik və onların birgə müdafiə olunmaq barədə müqavilələri yoxdur. Ara müharibələri onları bir-birinə qarşı qoymuşdu. Hətta xanlar belə ağır məqamda da qüvvələrini birləşdirməyə vasitə tapa bilmədilər» (187,165).

Ağa Məhəmməd xan döndərdiyi fərmanlarda Azərbaycan xanlarından tabeçilik rəmzi olaraq uşağını, qardaşını və ya arvadlarından birini girov tələb edirdi. Tezliklə, Ağa Məhəmməd xanın gücü qarşısında Azərbaycanın bəzi xanları onun istəyini qəbul etmək məcburiyyətində qaldı. Belə ki, Naxçıvan xanı qardaşını, Xoy xanı arvadını və qardaşını, Təbriz xanı 15 nüfuzlu əyanını, Şahsevən xanı qardaş və oğullarını, Ərdəbil xanı arvadlarından birini və qardaşını girov göndərmişdi. Bundan əlavə, Marağa və Urmiya xanları arvadları ilə, Şəqaqi xanı Sədi xan isə qardaşları ilə birlikdə qoşunla Ağa Məhəmməd xanın görüşünə gəldilər. Ağa Məhəmməd xan Qacar hər bir xanın üzərinə illik xərac təyin edərək girovlarla yenidən paytaxt şəhəri olan Tehrana qayıdır (84, c.2, səh.319-320). O, Azərbaycanın tabe olmayan xanlarını cəzalandırılmasını başqa vaxta keçirir. Çünki, sarayda hərbi rəislər arasında ona qarşı sui-qəsd hazırlandığını eşidən Ağa Məhəmməd xan yürüşü təxirə salır (44,61). Digər tərəfdən Zəndlərlə mübarizə davam edirdi (163,111).

Qacar təhlükəsi sovuşan kimi, Azərbaycan xanları yenidən bir-biri ilə ara müharibələrinə başlayır. Belə ki, 1791-ci ilin dekabrın əvvəllərində Qarabağ xanı İbrahimxəlil xan Naxçıvan xanlığını özünə tabe etmək üçün qohumu Avar xanı Ümmə xanla ittifaqa girərək 11 minlik qoşunla Naxçıvan qalasına yürüş etdi. Bu təhlükə qarşısında aciz qalan Kəlbəli xan kömək üçün Məhəmməd xana müraciət edir. Qeyd etmək lazımdır ki, bundan bir qədər əvvəl bir-birinə düşmən olan İrəvan xanı ilə Naxçıvan xanı arasında sülh bərqərar olmuşdu. Kəlbəli xan Məhəmməd xanın bacısına nişanlanaraq bu sülhü daha da möhkəmləndirmişdi. Digər tərəfdən Məhəmməd xan İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsini öz xanlığı üçün təhlükə hesab edirdi. Buna görə də o, Kəlbəli xanın yardım xahişinə müsbət cavab verərək Naxçıvana qoşun göndərdi. Xoy xanı da bu cür hərəkət edərək Naxçıvana kömək üçün qoşun göndərdi. Eyni zamanda ümumi təhlükəyə qarşı Məhəmməd xanla barışdı. İrəvan, Xoy və Naxçıvan xanlıqlarının birləşmiş qoşunları Naxçıvan qalasını mühasirəyə alan İbrahimxəlil xanın və Ümmə xanın qoşunlarını məğlub edərək onları xanlıqdan geri çəkilməyə məcbur etdilər (130,150-151; 29,63). Bu döyüşdə İbrahimxəlil xan 1000, Ömər xan isə 700 nəfər adam itirmişdi (29,63).

XVIII əsrin 90-cı illərin ortalarına yaxın Azərbaycan xanlıqları üçün mürəkkəb bir vəziyyət yarandı. 1794-cü ildə Ağa Məhəmməd xan Qacar İranda bütün rəqiblərini məğlub etdikdən sonra yenidən Azərbaycan xanlarını hədələməyə başladı. Digər tərəfdən şimaldan Rusiya Azərbaycan xanlarına təzyiqi artırmışdı. Həm şimaldan, həm də cənubdan təzyiqə məruz qalan Azərbaycan xanları öz xilasını Osmanlı dövlətində görürdü.

Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycan xanları Cənubi Qafqazda «incə, ehtiyatlı siyasət» yeridən Rusiya dövlətinə etibar etmirdilər. S.D.Burnaşov yazır ki, «Azərbaycanın bütün müstəqil xanlarının Rusiya barəsindəki ümumi fikirlərinin mahiyyəti eyni idi. Onlar hakimiyyətlərinin Rusiya tərəfindən qəsb olunacağından ehtiyat edirdilər və rusların Avropa idarəçilik qaydalarını onların (xanlıqların-E.Q.) hüdudlarına gətirəcəyindən çox narahat idilər. (Xanların) bu təhlükə qarşısındakı vahiməsi onları türklərlə danışıqlara sövq edirdi» (82,2).

Digər tərəfdən, İrəvan xanı da daxil olmaqla bəzi Azərbaycan xanları gerçək təhlükə olan Ağa Məhəmməd xan Qacara qarşı müttəfiq axtarmaq üçün Osmanlı Türkiyəsinə müraciət etmək məcburiyyətində qalmışdı. «Şuşalı İbrahimxəlil xan və İrəvan xanı 1794-cü ildə Portanın (Osmanlı Türkiyəsi-E.Q.) onları köməksiz qoymayacağına ümid edərək Ağa Məhəmməd xana qarşı çıxdılar. Onlar qədimdən aralarında olan dostluq əlaqələrinə arxalanaraq Ağa Məhəmməd xanın hücumuna qarşı Portadan himayədarlıq üçün İstambula nümayəndələrini göndərdilər. Lakin Porta onların tələblərinə məhəl qoymayaraq cavab verdi ki, onun İran xalqı ilə müqaviləsi vardır» (84, c.2, səh.332).

Osmanlı dövlət ilə Azərbaycan xanlarının siyasi münasibətlərinə dair arxiv sənədlərinin iki cilddə nəşr olunmuş toplusunda Qacar təhlükəsinə qarşı İrəvan xanının Osmanlı dövlətinə böyük ümid bəsləməsi haqqında ətraflı məlumat vardır. Belə ki, Ağa Məhəmməd xan Qacar İrəvan xanı Məhəmməd xana da fərman göndərərək yanına gəlməsini tələb etmişdi. Lakin o, özü getməmiş, qardaşını hədiyyələrlə onun hüzuruna göndərmişdi. Bu təhlükə qarşısında İrəvan qalasını möhkəmləndirməklə müdafiəyə hazırlaşan Məhəmməd xan həm sultana, həm də osmanlı paşalarına məktub göndərərək kömək istəmişdi. 1794-cü il mayın 9-da Məhəmməd xan yaxın adamı Zeynalağa vasitəsilə Osmanlı dövlətinə məktub göndərmişdi (48,89). Məktublarda xanı narahat edən Ağa Məhəmməd xanın qoşunu hücum edəcəyi təqdirdə sadə xalqın taleyi idi. Məhəmməd xan osmanlı paşalarına məktub yazaraq onlardan xanlıqdan köçən əhaliyə sığınacaq vermələrini dönə-dönə xahiş etmişdi. O, Qars hakiminə göndərdiyi məktubda şah qoşununun İrəvanı mühasirəyə alacağı təqdirdə sadə xalqın Qarsa köçəcəyini bildirərək kömək istəmişdi (56,134-135). 1795-ci il mayın 15-də Ərzurum valisi Yusif Ziya paşanın Məmiş ağanın vasitəsilə Osmanlı sultanına göndərdiyi məktubda şahın hücum edəcəyi təqdirdə İrəvan əhalisinin Osmanlı ərazisinə axınının başlayacağı təhlükəsi haqqında xəbər verilmişdi. Məktubda Ağa Məhəmməd xanın İrəvana hücum edəcəyi təqdirdə qala darısqal olduğundan, təxminən 20-30 min irəvanlının əmlak və mal-qara ilə birlikdə Qars, Bəyazid, Ərzurum paşalıqlarına sığınacaqları bildirilmişdi (56,145-146).

Lakin Osmanlı dövləti bəzi Azərbaycan xanları, o cümlədən İrəvan xanı ilə məktublaşmasına baxmayaraq ciddi tədbirlər görə bilmədi. Çünki sultan nə Rusiya, nə də Ağa Məhəmməd xanla münasibətləri gərginləşdirmək istəmirdi. Rusiya ilə müharibədə məğlub olması Osmanlı dövlətini Cənubi Qafqaz siyasətində bir qədər ehtiyatlı olmağa məcbur edirdi. Digər tərəfdən hadisələri düzgün qiymətləndirən İstambul sarayı Ağa Məhəmməd xanı bölgədə Rusiyaya qarşı duracaq real qüvvə hesab edirdi. Buna baxmayaraq, Osmanlı dövləti ona müraciət edən xanlara ümid verməkdən də çəkinməmişdi.

Azərbaycan xanlarını yalnız məktub və fərmanlarla özünə tabe edə bilməyəcəyini başa düşən Ağa Məhəmməd xan Qacar İrəvan, Xoy, Naxçıvan, Gəncə və Ərdəbil xanlarını hakimiyyətini tanımağa məcbur etmək üçün 1794-cü ildə sevimli sərkərdələrindən olan Süleyman xanı 20.000 qoşunla Təbrizə göndərdi (46,236-237). Təbrizə gələn Süleyman xan Məhəmməd xanı yanına dəvət etdi. O, Təbrizə gəlməyəcəyi təqdirdə Məhəmməd xanı İrəvan üzərinə yürüş edəcəyi ilə hədələmişdi. Bu vaxt İrəvan xanı iki od arasında qalmışdı. Digər tərəfdən II İrakli də, Məhəmməd xanı İrəvan üzərinə yürüş edəcəyi ilə hədələyirdi. Qeyd etmək lazımdır ki, Məhəmməd xan son illərdə müstəqil siyasət yeridərək Kartli-Kaxetiya çarına vergi verməkdən imtina etmişdi. 1794-cü ildə şahzadə Davidin başçılığı ilə bir dəstə çar qoşunu İrəvan sərhəddində dayanaraq, Məhəmməd xandan vergiləri ödəməyi tələb etməyə başladı. O, əks təqdirdə xanı İrəvana hücum edəcəyi ilə qorxudurdu. Hətta şahzadə David katolikos Quqasa məktub göndərərək xanı yola gətirməyi tələb etmişdi (170,90).

İki od arasında qalmış Məhəmməd xan İrəvan qalasını möhkəmləndirmək üçün müdafiə tədbirləri görməyə başladı. O, şah qoşunlarının hücumunu xanlıq üçün daha təhlükəli olduğunu hiss edərək II İraklinin könlünü ələ almağı qərara aldı. Məhəmməd xan dərhal məktub və hədiyyələrlə Tiflisə nümayəndə heyəti göndərdi. II İrakli elçiləri qəbul etsə də, güzəştə getməyərək vergiləri tələb etdi. O, elçilərə «…xanın dəfələrlə şərtləri pozduğundan verilən vədlərə inanmadığını söyləyərək, belə demişdi: Siz verəcəklərinizi verin, mən isə sizi düşmənlərinizdən qoruyum» (130,153). Əlacsız qalan və kömək almaq ümüdi ilə Məhəmməd xan verginin bir hissəsini göndərmiş, digər hissəsini göndərməyi söz vermişdi. Əvəzində o, İrəvanın müdafiəsi üçün bir neçə yüz nəfərdən ibarət dəstə göndərməsini xahiş etmişdi. Lakin bu vaxt II İraklinin özünə kömək lazım idi (130,153-154; 170,90).

Həmin vaxtda Ağa Məhəmməd xanın sərkərdəsi Xoy xanı ilə birlikdə Naxçıvana gəldi. O, İrəvana adam göndərərək Məhəmməd xandan şahın tələblrini yerinə yetirməyi, girov, vergi və 500 nəfərdən ibarət qoşun göndərməsini tələb etdi (128, c.II, səh.93). Bu xəbər İrəvan əhalisini bərk təşfişə salmışdı. Əhali əmlak və ailələrini götürərək bir hissəsi Osmanlı sərhəddinə doğru hərəkət edir, digər hissəsi isə qalada və əlçatmaz yerlərə sığındı. Məhəmməd xan yenidən II İraklidən kömək istəyir. O isə nəinki İrəvana kömək göndərmədi, əksinə vergilərin qalan hissəsini də tələb etdi. İrəvan xanı isə bu tələbi rədd edir (130,154).

Vəziyyətin çıxılmaz olduğunu görən Məhəmməd xan şahın tələblərini yerinə yetirmək məcburiyyətində qaldı. O, ilk növbədə kəndlərə adamlar göndərərək vergi yığdırmağa başladı. Hətta Eçmiədzindən də müəyyən miqdarda vəsait tələb etdi. Hər şey toplandıqdan sonra yığılan vergilər İrəvanın bir neçə nüfuzlu nümayəndəsi ilə birlikdə Süleyman xanın yanına, Naxçıvana yola salındı. Lakin Süleyman xan İrəvan xanının tək vergi verməsi ilə qane olmadı. O, xandan digər şərtləri də yerinə yetirməyi tələb etdi. Məhəmməd xan isə onun bu tələbindən imtina etdi (130,154). Vəziyyətin gərgin olduğu bir vaxtda, Ağa Məhəmməd xan yürüşü dayandıraraq boyun əyməyən xanların cəzalandırılmasını gələn ilə saxladı.

Ağa Məhəmməd xan Qacarın Cənubi Qafqaza yürüşü 1795-ci ilin yayında baş tutdu. O, 1795-ci ilin iyun ayında 85 minlik qoşunla üç istiqamətdə- İrəvan, Lənkaran və Qarabağ istiqamətində şimala doğru yürüşə başladı (41,50-51; 187,167). Bu yürüş haqqında tarixi ədəbiyyatda (187,167-176) ətraflı bəhs edildiyindən bu məsələnin üzərində dayanmağı lazım bilmirik. Bizim məqsədimiz Qacar qoşunlarının İrəvan istiqamətində yürüşünü işıqlandırmaqdır.

Ağa Məhəmməd xan qardaşları Əliqulu xan və Cəfərqulu xanın başçılığı ilə 20.000 qoşunu İrəvan istiqamətdə göndərdi. Qacar şahının güclü qoşunla Cənubi Qafqaza yürüşü əhalini bərk qorxuya salmışdı. Əhali ailə və əmlaklarını götürərək təhlükəsiz yerlərə qaçırdılar. «Əhali biləndə ki, Qacar qoşunları İrəvana doğru hərəkət edir, Qarabağdan, Naxçıvandan, İrəvandan və digər yerlərdən həm müsəlmanlar, həm də xristianlar əmlak və mal-qara ilə Gürcüstan (Kartli-Kaxetiya-E.Q.) ərazisinə qaçırlar. Onlar bu ərazidə sakit sığınacaq tapacaqlarına və Ağa Məhəmməd şahın çara (II İrakli-E.Q.) qalib gələ bilməyəcəyinə ümid edirdilər. Lakin qaçqınların aqibəti acınacaqlı oldu. Doğma şəhər və kəndlərindən qaçan xalq ərzaq çatışmazlığı ilə üzləşərək aclığa məruz qaldılar. Onlar üç girvənkə çörəyə bir qoyun, bir lider (10 girvənkə) çörəyə isə bir at verməli idi. Digər tərəfdən yerli gürcülər qaçqınlara hücum edərək onların əmlak və mal-qarasını əllərindən alırdı. Müsibət o dərəcəyə çatmışdı ki, çoxları aclıqdan və soyuqdan ölməmək üçün varlı gürcülərin quluna çevrilmişdi. Bir çoxları isə bu müsibətə dözməyərək çöllərdə olürdü və onları dəfn etmək üçün alət belə tapılmırdı (67,89-90; 145,7; 84, c.2, səh.337).

Lakin buna baxmayaraq, İrəvan xanı Qacar qoşununa müqavimət göstərmək üçün ciddi hazırlıq görmüşdü. O, ilk növbədə İrəvan qalasının uzunmüddətli müdafiəyəsi üçün qalanı yeddi illik ərzaq ehtiyatı ilə təmin etməyə başladı. Xan kəndlərə adamlar göndərərək əhalidən yük arabaları toplayır və onlarla mahallardan taxıl daşıtdırıb anbarlara doldururdu. Bundan əlavə, qalada olan qoşun hissəsindən başqa, ətraf kəndlərdən qalaya 7.000 qoşun toplandı. Bunlardan dörd mini azəri türkü, üç mini isə yerli xristianlardan ibarət idi. Qalada darısqallıq olmasın deyə onlara ancaq özləri ilə həyat yoldaşlarını götürmələrinə icazə verilmişdi. Uşaqları isə qohumlarının və yaxın adamlarının yanında qalmışdı. Lakin xanın bu tədbiri heç bir nəticə vermədi. Çünki ailələrindən və əmlaklarından nigaran qalan, məcburən bu işə cəlb olunan kəndlilərin yarısı qaladan qaçdı. Bu da, Məhəmməd xanın vəziyyətini bir qədər çətinləşdirmişdi. O, kömək üçün Kartli-Kaxetiya çarına müraciət etsə də, II İraklinin özünün vəziyyəti acınacaqlı olduğundan İrəvana kömək edə bilmədi (67,64-65; 145,10-11).

1795-ci il iyulun ortalarında Əliqulu xanın qoşunu İrəvan qalasının yaxınlığında yerləşən Çarbağ deyilən yerdə düşərgə saldı. Sonra İrəvan qalası şah qoşunu tərəfindən mühasirəyə alındı. O.Markova əsərində göstərir ki, İrəvan Ağa Məhəmməd xanın qoşununa müqavimətsiz təslim olmuşdu (192,288). Əslində isə Məhəmməd xan başda olmaqla qala sakinləri 35 gün şah qoşununa güclü müqavimət göstərmişdi. Əliqulu xan İrəvan xanına dəfələrlə tabe olmağı təklif etsə də, xan boyun əyməmişdi. O, qala sakinlərinin güclü müqavimətini görərək, qoşunun bir hissəsini qarət məqsədilə yaxın kəndlərə göndərdi. Kəndlərə hücum edən şah qoşunu əhalinin evini dağıdaraq, bütün məhsullara od vurub yandırdı. Lakin mühasirədə olan irəvanlılar hələ də Kartli-Kaxetiya çarının onlara kömək edəcəyinə ümid edərək güclü müqavimət göstərirdilər. Güclü müqavimətlə rastlaşan Əliqulu xan və Cəfərqulu xan bu haqda şaha məlumat verdilər. İrəvanın mühairəsinin uzandığını görən şah oraya 1300 nəfərdən ibarət əlavə qüvvə göndərdi. Hətta onları topçularla təmin edərək, topçu Ağa Sadıq xanı İrəvana yola saldı. Əlavə olaraq onları top mərmiləri üçün qurğuşunla da təchiz etdi (128, c.II, səh.95; 130,162).

Şuşa qalasının mühasirəsinin uzandığını görən şah Tiflisə hücum etməyə hazırlaşdı (41,52; 37,123; 187,121). O, Əliqulu xana məktub yazaraq İrəvan ətrafında 4000 nəfərlik qoşun saxlamaq, qalanları ilə yanına gəlməsini əmr etdi. Şah məktubda bildirirdi ki, əgər Məhəmməd xan tabe olsa onu sərbəs buraxsın. O, Cəfərqulu xandan Məhəmməd xanın oğlunu və arvadını girov vermək üçün dilə tutmağı tələb edirdi (128, c.II, səh.96-97; 149,34-35).

Güclü hücuma məruz qalan və heç bir yerdən kömək almayan qala müdafiəçilərinin vəziyyəti get-gedə çətinləşirdi. Məhəmməd xan qorxurdu ki, ağa Məhəmməd xan butun qüvvələrini İrəvan üzərinə toplaya bilər, bu halda şəhər əhalisini və şəhərə sığınan şəxsləri şahın qəzəbindən heç kəs qurtara bilməzdi. Qorxunun təsiri altında Məhəmməd xan təslim olmaq məcburiyyətində qaldı. O, Ağa Məhəmməd xan Qacara tabe olduğunu bildirərək, 1795-ci il avqustun sonunda müqaviməti dayandırdı. İrəvan xanı Ağa Məhəmməd xana vergi verməyi, lazım olduqda qoşunla kömək edəcəyini vəd edərək, arvad və oğlanlarından birini ona girov göndərdi (156,118; 145,14).).

İrəvan xanının təslim olmasında Gəncəli Cavad xanın da rolu olmuşdu. O, tərəfləri barışdırmaq üçün Məhəmməd xanın qohumu Yaqub xanı İrəvana göndərmişdi. Yaqub xan danışıqlarda vasitəçi olaraq İrəvan xanını yola gətirmişdi (130,163). Lakin Qacar qoşunu İrəvan qalasına daxil ola bilmədi. Məhəmməd xan bu qoşuna etibar etmədiyindən ancaq girov verməklə kifayətlənmişdi. Hətta o, təhlükəsizliyi üçün 500 nəfər qoşunla qalanı tərk edərək Qacar qoşunundan kənar gəzirdi (145,14). Lakin Əliqulu xan da İrəvanda ləngimədi. O, girovları götürərək avqustun 28-də Gəncədə olan şahın yanına getdi (130,164). Əliqulu xanın başçılığı ilə Qacar qoşunlarının İrəvan xanlığına yürüşündə Eçmiədzin (Üçkilsə-E.Q.) kilsəsi də güclü itkiyə məruz qalmışdı. Katolikos Luka kilsəni qarətdən xilas etmək üçün Əliqulu xana 100.000 rubl (10.000 tümən-E.Q.) ödəməli olmuşdu (84, c.2, səh.337).

Ağa Məhəmməd xan Qacar Şuşa şəhərinin mühasirəsindən əl çəkərək Tiflisə hücum edir (41,52). II İrakli ona qarşı İbrahimxəlil xandan 120 min, İrəvandan 200 min, Gəncədən isə 50 min rubl maliyyə dəstəyi almasına baxmayaraq müdafiəyə zəif hazırlaşmışdı (7,87). 1795-ci il sentyabrın 12-də Ağa Məhəmməd xan qoşunu ilə Tiflisə daxil oldu. Şəhər əhalisinin yarısı qırıldı, qalanı isə əsir alındı (87,12-14; 84, c.2, səh.339-340). Lakin Ağa Məhəmməd xan Tiflisdə çox qala bilmədi. Qoşunu ərzaqla təmin edə bilməməsi, digər tərəfdən rus qoşununun yürüşə hazırlaşdığını eşidən xan səkkiz gündən sonra geri çəkilərək Muğan düzünə gəldi. Burada dincələn Qacar xanı eyni zamanda Azərbaycan xanlarını itaətə gətirmək üçün tədbirlər görməyə başladı (187,172). O, ilk növbədə Məhəmməd xanı yanına dəvət etmək üçün Süleyman xanı İrəvana göndərdi. Məhəmməd xan isə Ağa Məhəmməd xana təslim olduğunu bildirsə də, itaətindən çıxmaq üçün fürsət axtarırdı. Arxiv sənədində göstərilir ki, «İrəvan xanı Azərbaycanın digər hakimləri kimi zəifliyindən, məcburiyyət qarşısında şaha boyun əymişdi, lakin imkan olan kimi ona qarşı üsyan qaldıracaqdı» (7,140). Həqiqətən də, İrəvan xanı Qacar qoşunundan sonra Tiflisə daxil olmuş rus qoşunundan və II İraklidən kömək almaq ümidində idi. Lakin Ağa Məhəmməd xandan ehtiyat etdiyi üçün məqsədini yazılı şəkildə bildirməkdən qorxurdu. Ona görə də, Məhəmməd xan planını həyata keçirmək üçün ermənilərdən istifadə etmək məcburiyyətində qalmışdı. «Lakin bu yardım baş tuta bilməzdi. Çünki ruslar türkləri narahat etməmək üçün İrəvan sərhəddinə girmək istəmirdilər. II İraklinin isə gücü yox idi» (130,169).

Ümidinin boşa çıxdığını görən Məhəmməd xan Muğana, Ağa Məhəmməd xanın yanına getməyə məcbur oldu. O, bahalı hədiyyələrlə Muğan düzünə gəldi. Ağa Məhəmməd xan Qacar Məhəmməd xanı hörmətlə qəbul edərək, İrəvan xanlığına hər il 8 funt qızıl və 80.000 manat (8.000 tümən-E.Q.) miqdarında xərac təyin etdi. (415,165; 84, c.2, səh.336-337; 145,13; 167,270). Bundan sonra o, Məhəmməd xanı öz vəzifəsinə təsdiq etdi. Əlavə olaraq İrəvan xanı geri qayıtdıqdan sonra ona 100 dəvə göndərməli idi (130,169).

Ağa Məhəmməd xan Tiflisi işğal etdikdən sonra İrəvan və Gəncə xanlarının xeyrinə bir neçə göstəriş vermişdi. Onun əmrinə görə, vaxtilə İrəvan xanlığının tərkib hissəsi olan Pəmbək və Gəncə xanlığının tərkib hissəsi olan Borçalı sultanlıqları İrəvana tabe olmalı, Qazax və Şəmşəddil sultanlıqları isə Gəncə xanlığına itaət etməli idi. Məhəmməd xan vəziyyətdən istifadə edərək Pəmbək və Borçalı əhalisinə xəbər göndərərək tabe olmalarını tələb etmişdi (145,34-43).

Tezliklə, Cənubi Qafqazda siyasi vəziyyət yenidən dəyişdi. Xorasanda Qacar hökumətinə qarşı üsyanın başlaması, qoşun arasında vəba xəstəliyinin güclənməsi Ağa Məhəmməd xanı Muğan düzünü tərk edərək Tehrana qayıtmağa məcbur etdi. (56,190,379). Bundan itifadə edən Rusiyanın Cənubi Qafqaza müdaxiləsi başladı.

Ağa Məhəmməd xanın Cənubi Qafqaza hücumu Rusiyanın nüfuzuna böyük zərbə endirdi. Bu məqsədlə rus komandanlığı sarsılmış nüfuzunu bərpa etmək, çoxdan hazırladığı işğalçı planlarını həyata keçirmək üçün əllərinə düşən əlverişli fürsətdən istifadə etmək qərarına gəldi. Tarixi ədəbiyyatda 1796-cı il qraf V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü haqqında kifayət qədər əsərlər yazıldığından bu hadisə üzərində dayanmağı vacib hesab etmirik (187,177-186; 196,88-98, 46,240-249; 191). Lakin bu yürüşdə Rusiya dövlətinin İrəvan xanlığı barədə işğalçılıq planlarını işıqlandırmaq işimizin əsas məqsədidir. 1796-cı il fevralın 19-da imperatriçə II Yekaterina (1762-1796) general-poruçik V.A.Zubova Cənubi Qafqaza yürüş planı haqqında reskript (məktub-E.Q.) göndərdi. Reskriptdə Rusiya yürüşün əsas məqsədini gizlədərək, bunu Nadir şahın ölümündən sonra İranda qarışıqlığın olması ilə əlaqədar Xəzər dənizində rus ticarətini qorumağı ilə əlaqələndirirdi (183,110). Bu reskriptdə V.A.Zubov Azərbaycan xanlarını müxtəlif vədlərlə öz tərəfinə çəkməli idi. Sənəddə İrəvanla bağlı göstəriş də vardı. Yürüşdə Rusya İrəvan xanlığını da ələ keçirməli idi. Lakin rus komandanlığı məqsədinə bir başa deyil, dolayı yolla çatmaq niyyətində idi. Belə ki, II Yekaterina hökuməti Osmanlı dövlətindən ehtiyat edərək İrəvana açıq müdaxilə etməkdən çəkinirdi. Onlar İrəvanda II İraklinin əli ilə möhkəmlənmək istəyirdi. V.A.Zubova göndərilən reskriptdə yazılırdı ki, «Osmanlı Türkiyəsi ilə həmsərhəd olan və Arazın yuxarı hissəsində yerləşən İrəvan xanlığı çar İrakli tərəfindən təmizlənməli və onun qoşunu digər xanlarla birlikdə Ağa Məhəmməd xanın əleyhinə qalxmalıdır» (15,190). Rusiya belə hesab edirdi ki, II İrakli uzun müddət İrəvanı təsirində saxladığına və bu xanlıqdan vergi aldığına görə, onun bu addımına Osmanlı dövləti adi hal kimi baxacaqdır.

Lakin II İrakli rus komandanlığının ümidini doğrultmadı. Çar da öz növbəsində Gəncə və İrəvanı yenidən özündən asılı vəziyyətə salmaq üçün rus qoşununun gücündən istifadə etmək istəyirdi. II İrakli rus komandanlığına məktub yazaraq Gəncəni tutmağa qüvvəsinin olmadığını etiraf edirdi. Qraf V.Zubov isə ona bildirirdi ki, Gəncənin alınması rusların planında nəzərdə tutulmuşdu. Lakin İrəvan xanlığının işğalı II İraklinin üzərinə düşür. Çünki rus qoşunlarının Osmanlı sərhədləri yaxınlığında görünməsi Rusiya dövləti üçün əlverişli deyildir (149,170).

1796-cı ilin aprelin 15-də general-poruçik V.A.Zubovun başçılığı ilə 30 minlik rus qoşunu Dərbənd istiqamətində Azərbaycana yürüşə başladı. (224,136; 187,177). Bu yürüşdə rus qoşunu Dərbənd, Quba, Bakı, Şamaxı və Gəncə şəhərlərini ələ keçirmişdi (87,343-374; 224,127-314; 84,c.2, səh.372-415; 76,175-177; 187,177-188).

Rus qoşunlarının yürüşündən istifadə etmək istəyən bəzi Azərbaycan xanları gizlincə rus komandanlığı ilə məktublaşaraq Ağa Məhəmməd xana qarşı kömək istəmişdi. «Gəncədə mövqe tutan Rimski-Korsakovun məqsədi Azərbaycan xanlarını Ağa Məhəmməd şah Qacara qarşı qaldırmaq və II İraklini qoşun toplayaraq İrəvanı tutması üçün inandırmalı idi» (149,181). İrəvan xanlığı Osmanlı Türkiyəsi ilə sərhəddə yerləşdiyindən bu ərazidə möhkəmlənmək Rusiyaya çox vacib idi.

Məhəmməd xan zahirdə Ağa Məhəmməd xana tabe olduğunu bildirsə də, hakimiyyətini itirəcəyindən qorxaraq V.Zubovdan hərbi kömək almaq ümidində idi və bu məqsədlə rus komandanı ilə gizli məktublaşırdı. O, Ağa Məhəmməd xanın şübhələnməsindən ehtiyat edərək əlacsızlıqdan baş komandanla əlaqəni ermənilər vasitəsilə aparırdı. Bundan əlavə, Məhəmməd xan Tiflisdə yerləşən erməni arxiyepiskopu İosifdən istifadə etməklə II İraklini və general Korsakovu kömək üçün öz tərəfinə çəkmək qərarına gəlmişdi. O, planını gerçəkləşdirmək üçün erməni katolikosu Simonun bacısı oğlu Yeqor Xubovu 25 nəfərin müşayəti ilə Tiflisə göndərmişdi (410,9). Lakin bundan xəbər tutan Ağa Məhəmməd xan İrəvanın əldən çıxacağından narahat olaraq sərkərdələrdən Təvəkkül xanı və Cəfər xanı 400 nəfər qoşunla İrəvana göndərdi. İrəvan şəhərinə gələn Təvəkkül xan Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdıraraq İrəvan xanlığının idarəsini müvəqqəti ələ keçirdi (84, c.2, səh.403-404).

Müvəqqəti hakimiyyətdən kənarlaşdırılan Məhəmməd xan isə əliboş dayanmadı. O, hərbi kömək almaq üçün rus komandanlığına müraciət etdi. İrəvan xanı V.A.Zubova məktub göndərərək, Təvəkkül xanı İrəvandan qovmaq üçün 1000 nəfərlik dəstə istədi. Lakin V.A.Zubov cavabında Məhəmməd xanı tələsməməyə, səbr etməyə çağırmışdı (30,83). Ümidinin boşa çıxdığını görən Məhəmməd xan əlacsız qalaraq kömək üçün II İrakliyə müraciət etməyə məcbur oldu. Lakin bu müraciət də nəticəsiz qaldı (84, c.2, səh.427-428).

1796-cı il noyabrın 6-da II Yekaterinanın vəfatından sonra hakimiyyətə gələn I Pavel rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı (84, c.2,səh.418; 76,177; 187,188). Rus qoşunlarının Cənubi Qafqazı tərk etdiyinini eşidən Ağa Məhəmməd xan ikinci dəfə yürüşə hazırlaşmağa başladı. O, ilk növbədə V.A.Zubovla danışıqlar aparan bəzi xanları cəzalandırmağı qərara aldı. Ərdəbilə gələn Ağa Məhəmməd xan irəvanlı Məhəmməd xanın və naxçıvanlı Kəlbəli xanın onun hüzuruna gəlmələrini əmr etdi (44,66). Bunun ardınca o, qardaşı Əliqulu xanın komandanlığı altında İrəvana qoşun göndərdi. Çünki Məhəmməd xanın hakimiyyətdən devrilməsi İrəvanda yerli xalqın qiyam qaldırmasına səbəb olmuşdu. Güclü qoşunla İrəvana daxil olan Əliqulu xan qiyamı yatıraraq müvəqqəti hakimiyyəti idarə etməyə başladı (410,9).

Ağa Məhəmməd şahın əmri xanlar üçün gözlənilməz oldu. Əvvəlcə hər iki xan Qacar xanının əmrinə tabe olmaq istəmədi. Lakin hər yerdən əli üzülən, əlacsız qalmış hər iki xan onun əmrinə tabe olmağa qərara aldılar. Onlar ailə üzvləri və bahalı hədiyyələrlə Ağa Məhəmməd xanın hüzuruna gəldilər. Lakin qəzəbə tuş gəlmiş xanlar həbs edilərək Tehrana göndərildi (415,164; 410,10-11; 406,49; 29,65). Həbs edilməsinə baxmayaraq, Məhəmməd xan şahın yaxın adamlarının vasitəçiliyi ilə ölüm hökmündən qurtara bilmişdi. Ağa Məhəmməd xan İrəvan xanının Qacarlardan olmasını və sələflərinin şah hakimiyyətinə sədaqətlə qulluq etdiklərini nəzərə alaraq onun cəzasını cərimə ilə əvəz etmişdi (156,118; 71,531-532; 410,10-11; 415,164; 84, c.2, səh.428). Lakin ölüm təhlükəsindən qurtaran Məhəmməd xan xəyanətdə təqsirli bilinərək 500.000 rubl (50.000 tümən-E.Q.) məbləğində cərimə ödəməli oldu. Əlacsız qalan İrəvan xanı bu məbləğin 200.000 rublunu (20.000 tümən-E.Q.) nəqd vermiş, qalan hissəsini isə ödəmək üçün əmlakını satmalı olmuşdu (145,43; 149,207). Bundan əlavə, Məhəmməd xan şaha itaətini bildirmək üçün yaxın adamlarından bir neçəsini girov vermişdi (156,118; 71,531). Lakin cərimə ödənilsə də, Məhəmməd xan bir müddət həbsxanada qalmışdı. Ağa Məhəmməd xanın əmrinə əsasən, ögey qardaşı Əliqulu xan İrəvanda hakimiyyəti idarə edirdi (84, c.2, səh.426). Naxçıvanlı Kəlbəli xanın vəziyyəti daha acınacaqlı olmuşdu. Şahın əmrinə əsasən, onun gözləri çıxarılmışdı (410,10; 406,49; 415,165; 29,65).

1797-ci ilin mayında Ağa Məhəmməd şah Qacar ikinci dəfə Cənubi Qafqaza yürüşə başladı. Lakin bu yürüş müvəffəqiyyətsizliyə düçar oldu. Belə ki, şah Şuşa qalasını işğal etsə də, çox keçmədi ki, yaxın adamları tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Bu hadisə 1797-ci il iyunun 5-də baş vermişdi. Başsız qalan Qacar ordusu Azərbaycanı tərk etməyə məcbur olmuşdu (41,58; 163,114; 187,190-192; 198,100).


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin