ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010


İrəvan xanlığı Qulaməli xanın və Məhəmməd xanın dövründə



Yüklə 4,58 Mb.
səhifə5/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   2   3   4   5   6   7   8   9   ...   31

İrəvan xanlığı Qulaməli xanın və Məhəmməd xanın dövründə


Bölgədə Rusiya-Osmanlı rəqabətinin qızışdığı bir zamanda Hüseynəli xan vəfat etdi. «İrəvan xanlığı» əsərinin müəllifləri Hüseynəli xanın üsyan nəticəsində öldürüldüyünü iddia edirlər. Əsərdə göstərilir ki, Hüseynəli xanın ona tabe olmaqdan boyun qaçırdığını görən II İrakli İrəvanda hakimiyyət dəyişikliyi etməklə özünə sadiq şəxsi hakimiyyətə gətirməyi qərara almışdı. Bu məqsədlə, çar xanın qardaşı Məhəmmədhəsən xanla gizli danışıq aparmışdı. Lakin bu plan baş tutmamışdı. Çünki 1783-cü ilin noyabrın əvvəllərində İrəvanda baş vermiş üsyan nəticəsində Hüseynəli xan və qardaşı Məhəmmədhəsən xan öldürüldü (30,69). Lakin heç bir mənbəyə əsaslanmayan müəlliflərin əksinə olaraq istər yerli, istərsə də rus və osmanlı sənədlərində Hüseynəli xanın öz əcəli ilə öldüyü bildirilirdi. Mənbədə göstərilir ki, 1783-cü il noyabrın 9-da Hüseynəli xan qəflətən xəstələnərək vəfat etdi. Onun cənazəsi Bağdada aparılaraq orada dəfn edildi (Ola bilsin ki, xanın öz vəsiyyətinə görə-E.Q.) ( (71,274; 4,342). Bəzi sənəddə xanın oktyabrın 25-də gecə saat 5-də vəfat etdiyi göstərilir (39,113-114; 4,341,). Əgər Hüseynəli xanın oktyabrın axırı-noyabrın əvvəllərində İrəvana gəlmiş qraf Apraksinlə görüşdüyünü nəzərə alsaq, onda onun noyabrın 9-da vəfat etdiyini qəbul edə bilərik.

Xanın qəflətən ölümü İrəvanda böyük çaxnaşma yaratmışdı. Hüseynəli xanın dəfnindən istifadə edən bir dəstə şəxs hakimiyyəti ələ keçirməyə cəhd etdi. Qeyd etmək lazımdır ki, Hüseynəli xanın vəfatından sonra onun iki kiçik oğlu qalmışdı. Osmanlı sənədində göstərilir ki, Hüseynəli xanın 15 yaşlı oğlu Qulaməli atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirmişdi (56,74). Lakin mərhum Hüseynəli xana sadiq olan qüvvələrin təzyiqi nəticəsində hakimiyyəti qeyri-qanuni zəbt etmək istəyən qüvvələr geri çəkilməyə məcbur olmuşdu. Həmin qüvvələrin II İrakliyə ayrı-ayrı vaxtlarda göndərdiyi iki məktubu bunu bir daha sübut edir. Birinci məktubun məzmunu belə idi : «Bu səmimilər cənnət məkan xanın vəfatından sonra birlikdə möhkəm imanla, səmimi niyyətlə, riyasız olaraq həmin xanın övladlarından birinin dünyada yaşadığı təqdirdə ətəyindən əl götürməklə, qəddarlıq, vəfasızlıq etməməyə, onun yerində başqasına itaət etməməyə and içib əhd-peyman etdik. O əlahəzrət də həmin məsələdə, mərhum, cənnətməkan xanın övladları məsələsi barəsində bizlərin sədaqətli olmasına, birləşib ittifaq yaratmasına inanması lazımdır. İnşallah bu acizlər heç vaxt hörmətli, mərhum xanın böyük haqlarını unutmayıb, ona olan əhd-peymana, fədakarlıq, itaətkarlıq yolundan kənara çıxmayıb və bu dəfə olan andımıza axıradək sədaqətli qalacağıq» (39,57-58). İkinci məktub isə 158 nəfərin imzası ilə yazılmışdı. Bu məktubda isə İrəvan ağsaqqalları Qulaməli xanın namizədliyini dəstədiklərini göstərmişdi. Məktubda Hüseynəli xanın xəstəlikdən ölməsindən, İrəvanda baş verən qarışıqlıqdan bəhs edilir və II İrakliyə Qulaməlinin xan seçilməsinə dəstək verməsi xahiş olunurdu. Məktubun sonunda deyilirdi: «…ali həzrət, vəlinemətin daima kölgə salan qüdrətindən xahiş olunur ki, özünüzün cənnət məkan Hüseynəli xana bəslədiyiniz məhəbbət, mehribanlıqla əlaqədar olaraq bu vilayətin arzusuna müvafiq Çuxursəd, İrəvan hökmranlığı fərmanını mərhumun ali şöhrətli böyük oğlunun adına bəxşiş və ehsan edəsiniz. Eyni zamanda Çuxursəd, İrəvan əhalisi adına mərhumun oğluna tabe olması və itaət etməsi haqqında yenidən fərman verilməsi xahiş olunur» (39,113-114; 4,341; 195,110). Əslində II İrakliyə göndərilən bu məktublar formal xarakter daşıyırdı. Çünki hər iki məktubun məzmunundan görünür ki, xan ailəsinə sadiq olan qüvvələr yalnız onun varislərinə itaət edəcəyini qəti bildirmiş və Tiflis sarayına nümayəndə heyəti göndərməmişdən qabaq Qulaməlinin namizədliyini dəstəkləyərək hakimiyyətə gətirmişdilər. Yuxarıda göstərilən müqaviləyə əsasən Hüseynəli xandan sonra onun hakimiyyətə gələn hər hansı varisi II İrakli tərəfindən təsdiq edilməli idi. Lakin xana sadiq olan qüvvələrin II İrakliyə bu məqsədlə müraciət etməsi çox güman ki, Hüseynəli xanın vəfatından sonra İrəvanda qarışıqlıq düşməsindən və bundan istifadə edərək Kartli-Kaxetiya çarının müdaxiləsindən ehtiyat etmələri idi. İrəvan əhalisinin mərhum xanın böyük oğlu Qulaməlini dəstəklədiklərini görən II İrakli onların iradəsi ilə razılaşmağa məcbur olmuşdu. Məhz bu səbəbədən o, kürəkəni Baqrationu fərmanla, qiymətli hədiyyələrlə İrəvana göndərərək Qulaməlini xan kimi tanıdığını bildirmişdi (4,342; 395,5; 415,164; 30,69).

Qulaməli xanın (1783-1784) səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan xanlığını öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövlətilə daha da yaxınlaşdı. Bu dövrdə Cənubi Qafqazda Osmanlı təbliğatı daha da güclənmişdi. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı paşaları II İraklinin İrəvanı ələ keçirəcəyindən narahat olaraq onunla sıx əlaqə saxlayırdılar. Atasının ölümü ilə əlaqədar olaraq başsalığına gəlmiş Axalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən istifadə edərək Qulaməli xanla danışıqlar aparır və İrəvan qalasını sultana verməsi üçün onu dilə tuturdular (3,285).

Digər tərəfdən Osmanlı emissarları müxtəlif hədiyyə və məktublarla sultan tərəfindən Azərbaycana və Dağıstana göndərilirdi. 1783-cü ilin sonlarında-1784-cü ilin əvvəllərində Xəlil Əfəndinin başçılığı ilə bir Osmanlı nümayəndəliyi gizli olaraq Cənubi Qafqaza gəlmişdi. Sultan bu nümayəndə heyəti ilə göndərdiyi məktubda bütün Azərbaycan xanlarını Rusiyaya qarşı birləşməyi məsləhət görərək rus qoşunlarını Azərbaycan və Osmanlı ərazisinə buraxmamağı tövsiyə edir və rusların Qafqaza çəkdiyi yolları dağıtmağa çağırırdı. Bunun üçün o, dövlət xəzinəsindən 57 kisə pul mükafatı verəcəyini vəd etmişdi (195,147-148; 192,203). Xəlil Əfəndi İrəvanda da olmuşdu. Onun Qulaməli xanla danışıqları müsbət nəticə vermişdi. Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı məktubda, osmanlılarla həmrəy olduğunu bildirərək Azərbaycanda baş verən hadisələr barədə ona qiymətli məlumat göndərmişdi. Məktubdan görünür ki, sultan Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu mir-e-miran vəzifəs ilə təltif etmişdi. Eyni zamanda osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli yardım göstərmələri haqqında əmr verilmişdi (39,68-69).

Beləliklə, Osmanlı təbliğatı nəticəsində Qulaməli xanın II İrakliyə münasibəti dəyişdi. Rusiyanın Tiflis sarayındakı nümayəndəsi S.D.Burnaşov P.S.Potyomkinə yazırdı ki, «İrəvan xanlığından gələn məlumata əsasən, Qulaməli xanın çara olan münasibəti birdən-birə dəyişmiş və indi o,türklərə meyl edir» (3,15). Daha sonra o, 1784-cü il 9 fevral tarixli məktubunda həyacanla «Xanlar birləşib bir istiqamətdən, osmanlılar isə digər istiqamətdən İrakli üzərinə hücuma keçmək fikrindədirlər. İrakli müstəqil əks tədbirlər görməlidir. Çünki İrəvan xanı cavan və təcrübəsiz olduğu üçün ondan hər şey gözləmək olar» qeyd edirdi (3,17).



Osmanlıların səyi nəticəsində Qulaməli xan Kartli-Kaxetiya sarayı ilə əlaqəni kəsmişdi. Hətta o, xanlıqda baş verən qarışıqlığı, üsyanları bəhanə gətirərək II İraklinin onu Tiflisə dəvətini rədd etmişdi (39,60-61). Digər tərəfdən Qulaməli xan Kartli-Kaxetiya çarının fərmanlarına da məhəl qoymurdu. Məsələn, 1783-cü ilin noyabrında Cəfərqulu xan İsfahan hakimi Əlimurad xanın və Xoy xanı Əhməd xan Dünbülünün dəstəyi ilə əmisi oğlu Abbasqulu xanı Naxçıvanda taxtdan salaraq hakmiyyətə gəlmişdi (3,220). II İrakli Qulaməli xana fərman göndərərək bu mübarizədə Abbasqulu xana hərbi yardım etməyi tapşırsa da, İrəvan xanı onun fərmanına məhəl qoymamışdı (226,173-175).

Lakin II İrakli İrəvanın tabeçilikdən çıxması ilə heç cür barışmaq istəmirdi. Rusiyanın himayəsinə keçməklə bölgə dövlətlərinin təzyiqlərinə məruz qalan II İrakli açıq-açığına İrəvan xanlığının daxili işlərinə qarışa bilməsə də, müxalif qüvvələrdən istifadə etməklə Qulaməli xana təzyiq göstərirdi. Qulaməli xanın dövründə müxalif qüvvələrin fəallaşması onun apardığı daxili siysətlə bağlı idi. Bunu anlayan xan və tərəfdarları İrəvanı II İraklinin fitnəsindən qorumaq və xanlıqda baş verən hər cür narazılıqların qarşısını almaq üçün xoylu Əhməd xan Dünbülü ilə əlaqə yaradaraq ondan kömək istəmişdilər. Yuxarıda qeyd edildiyi kimi, Qulaməli xanın hakimiyyətinin ilk günlərində Usmi xanın başçılığı ilə bir dəstə şəxs İrəvanda hakimiyyəti zəbt etmək niyyətinə düşmüşdü. Gənc xan xoylu Əhməd xana yazdığı məktubda bu haqda ətraflı bəhs etmiş və ölkəsində baş verən narazılıqları yatırmaq üçün ondan kömək istəmişdi. Məktubun məzmunu belədir: «Sizin hörmətli qulamınız vasitəsilə göndərdiyiniz məktubu aldıq…Dövləti ələ aldığım ilk günlərdən vilayətdə sakin olan bir sıra fəsad adamlar bir dəstə üsyançı mənim cavanlığımdan istifadə edərək hərc-mərglik odunu şölələndirmişlər və bütün gücləri ilə bizim hökmranlığa son qoymağa çalışırdılar. Onlar siz böyük hökmdara xəbər çatana kimi təcili olaraq öz işlərini görmək və məqsədlərinə çatmaq niyyətində idilər. Allahtalanın mərhəməti ilə onlar öz niyyətlərinə nail ola bilmədilər. Darmadağın edilərək geri çəkilməyə məcbur oldular. İrsi nurani xanlıq hökmranlığına qarşı göstərilən səylər nəticə vermədi. Buna baxmayaraq, ölkədə əmin-amanlıq hələ də istənilən qədər bərpa edilməmiş və istiqlaliyyət sütunları lazımınca möhkəmləndirilməmişdir. O, səmimi, mehriban xandan bu səmimini özünün xanlıq övladlarından biri hesab etməsini, ölkəmizin əmin-amanlığının bərpasına kömək göstərməsini xahiş edirik. Qoy xainlərin ayağı altında tapdalanan bu ölkəyə sizin köməyiniz nəticəsində asayiş və sakitlik qaytarılsın. Bu səmimini yaddan çıxarmayacağınıza, kömək və yardım etməyinizə ümid edirik» (39,62-63). Qulaməli xan güclü Xoy xanı ilə daha da yaxınlaşmaq, onun hərbi gücündən istifadə etmək üçün «nikah diplomatiyası»ndan istifadə etməyi qərara almışdı. O, Əhməd xanın qızı ilə evlənməklə hakimiyyətini möhkəmləndirməyə çalışırdı. Yuxarıda göstərildiyi kimi, Hüseynəli xan da bu istəyi həyata keçirməyə çalışmışdı. Lakin qəfl ölüm bu işi yarımçıq qoymuşdu. Qulaməli xanın bu niyyətini anası da dəstəkləyirdi. Xanın anası Əhməd xana yazdığı məktubda açıq şəkildə bildirmişdi ki, Xoy xanı ilə qohum olmaqla oğlunu düşdüyü çətin vəziyyətdən çıxarmağa çalışır. Məktubun məzmunu belədir: «Ali mərtəbəli, məqamlı, cəlallı qardaşım…Sizin dövlətin buradakı nümayəndələrinin gördüyü kimi, mərhum ali mərtəbəli Hüseynəli xanın vəfatından sonra əsasən, ölkənin mühüm işlərinin idarəsi, gözümün işığı oğlumun tərbiyəsi və xandan qalan sair övladların böyüməsilə məşğul olmuşam. Əvvəllər ölkədəki mühüm məsələlərin idarəsi, istiqlaliyyətin qorunması, ölkənin inkişaf etdirilməsi məsələləri ilə qəti olaraq məşğul olmazdım. İşlərin qaydada olması və lazımi qədər irəliləməsindən arxayın idim. Lakin hazırda zəifləyib əlilləşmişəm. Eyni zamanda səmimi bacınız yaxın günlərdə müqəddəs Məkkə evini ziyarət etmək niyyətilə səfərə çıxmaq qəsdindədir. Bizim ailə tərkibində daxili və dövlət işlərilə məşğul olan, bu barədə lazımi fəaliyyət göstərən o alihəzrətin qızlarından birinin olmaması məni düşündürür və narahat edir. Qorxuram bu səmimi bacınız müvəqqəti dünyanı tərk etdikdən sonra, gözümün işığı oğlum ailəmizi idarə etməkdə, İrəvan ölkəsinin hökmranlığı işlərində aciz qalsın. Nəticədə ölkəmiz, dövltimiz öz rövnəqini əldən verər. Buna görə də, səmimi bacınız sizdən səxavət, mərhəmət göstərməyi, gözümün işığı oğlumu bəlkə də nökərçiliyə qəbul etməyi və qızınızla onu evləndirməyi xahiş edir. Bu iş oğlumun başı uca olmasına və güclənməsinə səbəb ola bilər. Eyni zamanda o, alihəzrətin qızı həm oğlanın tərbiyəsi, həm də ölkədəki mühüm məsələlərin idarəsi işləri ilə məşğul olar. Belə olduqda o, ali hökmdar da uzaqdan-uzağa onlara nəzarət edib arxa olacaqsınız. O, alihəzrətin mülazimləri həmişə bizim nəslə mehriban, qayğıkeş olduğundan bu səmiminin təklifinin rədd edilməməsini yəqin edirik. O, alihəzrət öz mehriban, səxavətli niyyəti ilə bizim təklifi qəbul etsə, bunu xəbər verməyi xahiş edirik. Belə olduqda həmin məsələni planlaşdırıb və həyata keçirmək məqsədilə bir neçə etibarlı əyanlardan hüzurunuza gələcəkdir» (39,80-81). İrəvan xanlığını öz təsirinə salmaq istəyində olduğundan Əhməd xan üçün bu qohumluq çox vacib idi. Görünür, bu planın baş tutmamasına səbəb Qulaməli xanın tezliklə öldürülməsi olmuşdu.

Qulaməli xanın öldürülməsi haqqında bir neçə fərziyyə mövcuddur. P.Butkovun məlumatına görə, Qulaməli xan II İraklinin göstərişilə ov zamanı qardaşları tərəfindən öldürülmüşdü (84, c.2, səh.194). Digər məlumata görə isə Qulaməli xan ögey anasının saray fitnəsi zamanı sui-qəsd nəticəsində öldürülmüşdü (415,164). «İrəvan xanlığı» əsərində Qulaməli xanın öldürülməsi belə təsvir edilir: «Qulaməli xanın II İrakliyə xidmət göstərməsi İrəvan zadəganlarını heç də təmin etmədi. Bu isə 1785-ci ildə II İraklinin təşkil etdiyi saray çevrilişi zamanı Qulaməli xanın qətli ilə nəticələndi» (30,70-71). Əsərdə Qulaməli xanın ölüm tarixi səhvən 1785-ci ildə olduğu göstərilmişdi (30,71). Osmanlı mənbələri isə bu hadisə haqqında ziddiyyətli xəbər verir. Bir mənbəyə görə, Qulaməli xan II İraklinin göstərişilə öldürülmüşdü (56,102-103). Başqa osmanlı mənbəyində isə Qulaməli xanın öldürülməsində II İraklinin əli olmadığı, xanın qətlinə onun ağılsız təbiəti, İrəvan əhalisi ilə pis rəftar etməsi səbəbi olduğu bildirilmişdi (56,95-96). Həqiqətən də, Qulaməli xan qısa hakimiyyəti dövründə apardığı siyasətlə xalqın qəzəbinə gəlmişdi. Bir rus arxiv sənədində göstərilir ki, İrəvan əyanlarını qəzəbləndirən Qulaməli xanın təcrübəsizliyindən istifadə edərək, ana qohumlarının və dayısı Şamdin ağanın əsas vəzifələri tutaraq dövlət işlərinə müdaxilə etmələri idi. Onların özbaşnalığı xalqın narazılığına səbəb olmuşdu (3,284-285). Məhəmməd xan 1784-cü il iyunun 9-də II İrakliyə yazdığı məktubda xalqın narazılığının səbəbini belə göstərmişdi: «Qulaməli xan ağılsız və təkəbbürlü hərəkət edərək, rəhmsiz adamların məsləhəti ilə pis işlərə qoşulmaqla xalqın qəzəbinə səbəb olmuşdu. Bu səbəbə görə, yaxşı adamların məsləhət ilə ayın 8-də iki qardaş öldürülmüşdü» (195,184).

Lakin Qulaməli xanın ölümündə II İraklinin əlinin olmaması fikri ilə razılaşmaq olmaz. Yuxarıda göstərildiyi kimi, Osmanlı sarayına və xoylu Əhməd xana arxalanan Qulaməli xan öz siyasətində II İrakli ilə hesablaşmırdı. Buna baxmayaraq, uzun illər İrəvanda baş verən hadisələrə müdaxilə edən və vergi alan Kartli-Kaxetiya çarının burada tərəfdarları az deyildi. Digər tərəfdən, Qulaməli xanın siyasətindən narazı olan qüvvələr Tiflis sarayı ilə əlaqə yaradaraq II İraklini İrəvana dəvət etmək istəyirdilər. Rus arxiv sənədinə görə, xandan narazı olan yerli azəri türklərindən olan ayrumlar İrəvanı tərk edərək Şuragölə getmişdilər. Onların başçısı Qaraman bəy digər ayrum başçıları ilə məsləhətləşərək II İraklinin yanına elçi göndərərək onu inandırmağa çalışırdı ki, «əgər siz əmr etsəniz, İrəvanı ələ keçirə bilərik və hakimiyyəti istədiyiniz şəxsə verərik. Bunyadəli bəy və onun əmisi oğlu Qələndar bəy və qalada yaşayan əhalinin əksəriyyəti bizimlə həmrəydir. Qalanın qapısının və açarının həvalə edildiyi şəxs bizim qohumumuzdur. O deyir ki, əgər biz gecə ora gəlsək, qalanı təhvil verəcəkdir» (195,195-196). Çox güman ki, II İrakli bu imkandan yararlanaraq müxalif qüvvələri sui-qəsdə təhrik etmişdi. Beləliklə, Qulaməli xan həm xarici, həm daxili qüvvələrin birgə səyi ilə 1784-cü il iyunun 8-də şənbə günü qaladan kənarda qoşuna baxış keçirərkən müxalf qüvvələrin hücumuna məruz qalmış və nəticədə kiçik qardaşı Məhəmmədhəsən və ona sadiq beş nəfərlə birlikdə öldürülmüşdü (195, 183-184; 190-203). Xanı və qardaşını şəxsən öldürənlər İrəvan əyanlarından Bünyadəli Soltan və onun əmisi oğlu Qələndar bəy olmuşdu (195,195).

Sui-qəsddən dərhal sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı ögey qardaşı Məhəmmədi xan seçdilər. Məhəmməd xan (1784-1805) İrəvan taxtında oturan ən uzunömürlü xanlardan biri olmuşdu (395,5; 415,164; 84, c.2, səh.177). O, Hüseynəli xanın gürcü qızından olan oğlu idi. Eyni zamanda bu xan İrəvan əhalisinin seçdiyi yerli Qacarlar sülaləsinin sonuncu nümayəndəsi olmuşdu.

İrəvan taxtına sahib olan Məhəmməd xan ilk gündən ona müxalif olan qüvvələrin təzyiqi ilə üzləşdi. İrəvan əhalisi iki dəstəyə bölünərək bir–biri ilə mübarizə aparırdı. Birinci dəstə Məhəmməd xanın tərəfdarları idi. Bu dəstəni xoylu Əhməd xan dəstəkləyirdi. İkinci müxalif qüvvənin başında isə Makulu Əhməd Soltan dururdu. Qeyd etmək lazımdır ki, Əhməd Sultan İrəvan taxt-tacını ələ keçirmək üçün çoxdan fürsət axtarırdı. Xalqın dəstəklədiyi Qulaməli xanın hakimiyyətə gəlməsi onun bu planını pozmuşdu. Lakin xanın öldürülməsi ilə Əhməd Soltan yenidən taxt-taca sahib olmaq niyyətinə düşmüşdü. S.D.Burnaşov 1784-cü il iyulun 25-də yazdığı raportlarının birində qeyd edirdi ki, Əhməd Soltan İrəvanda ən nüfuzlu əyanlardan biri idi və Arazın o tayında onun zəngin malikanələri vardı. O, planını həyyata keçirmək üçün Kartli-Kaxetiya çarı ilə əlaqə saxlayırdı. Əhməd Soltan öz oğlunu məktubla Tiflisə göndərərək itaətini bildirmişdi. Məktubda o, İrəvan xanının çara xəyanət etdiyini, onu eşitmədiyini və girov göndərmədiyini yazırdı. II İrakli isə Mirzə Gürgenə tapşırmışdı ki, Əhməd Soltana bildirsin ki, çar onun İrəvan xanlığının hakimi olmasına kömək edəcəkdir (3,16-17).

O.Markova haqlı olaraq yazır ki, «hadisələrin gərgin olduğu bir vaxtda İrəvanda İraklinin tərəfdarları ilə Osmanlı dəstəyinə ümid edən əleyhdarları arasında əsl mübarizə gedirdi (192,206). Bütün İrəvan əhalisi iki qismə bölünərək bir-biri ilə döyüşürdü. Baş verən döyüşlər nəticəsində hər iki tərəf bir-birinə məxsus olan kəndləri dağıdır və qarət edirdi. Bu ədalətsizliyə dözməyən, talanın qarşısında aciz qalan əhalinin bir hissəsi çıxış yolunu Osmanlı ərazisinə sığınmaqda görürdü. Özbaşına qalmış əkin sahələrinin bir hissəsi susuzluqdan məhv olmuş, digər hissəsini isə qarətçilər talan etmişdi (6,961-962).

İrəvanda baş verən hadisələrdə Kartli-Kaxetiya çarının əli olduğunu bilən və bunun qarşısını almağa çalışan İrəvan ağsaqqalları, nüfuzlu şəxslər ilk gündən Tiflis sarayı ilə əlaqəyə girmişdilər. Qulaməli xanın sui-qəsdindən bir neçə gün sonra İrəvanın nüfuzlu şəxslərindən 98 nəfərinin imzası ilə II İrakliyə məktub göndərilmişdi. 1784-ci il iyunun 9-12 arasında göndərilmiş məktubda Qulaməli xanın öldürülməsinin səbəbi göstərilməklə bərabər qeyd edilirdi ki, «İrəvan əhalisi, həm əyanlar, həm də sadə xalq qardaşının yerinə onu (Məhəmmədi-E.T.) xan seçmişdir. Əlahəzrətdən xahiş edirik ki, mərhəmət göstərərək onun xanlığını təsdiq edən fərman göndərəsiniz. Sonra bütün cəmiyyətə əmr edəsiniz ki, bu haqda xalq bilsin» (195,183). Başqa bir sənəddə deyilir ki, Məhəmməd xanın tərəfdarları II İraklinin dəstəyini almaq üçün tələsik Hacı Həsənəli bəyi və məlik Abramı Tiflisə göndərmişdi. Elçilər Tiflisə gələrək, irəvanlıların adından çara sədaqətli olacaqlarına söz verərək, Məhəmməd xanın hakimiyyətini dəstəkləməyi xahiş etmişdilər. II İrakli isə xanı təbrik etmək üçün Mirzə Gürgeni xüsusi məktub və xələtlə İrəvana göndərdi (195,195-196).

Əslində II İrakli İrəvanda baş verən hadisələrdən istifadə edərək yeni xanı özünə tabe etmək qərarına gəlmişdi. Lakin onun planını Bəyazid hakimi İshaq paşa və xoylu Əhməd xan pozmuşdu. Belə ki, İrəvanda ara qarışan kimi İshaq paşa Xoy xanı ilə əlaqəyə girmiş, Əhməd xanın nümayəndəsi Mirzə Əbdülhəsən və İshaq paşanın xəzinədarı Rizvan ağa xanın adına yazılmış fərman və məktubla İrəvana göndərilmişdi. Onların səyi nəticəsində əhali arasında iğtişaş yatırılmış və ittifaq yaranmışdı. II İrakli tərəfindən göndərilən Mirzə Gürgen 70-80 süvari ilə İrəvana daxil olanda artıq gec idi. Məhz bu səbəbdən çarın adamları Tiflisə geri qayıtmağa məcbu oldu. Yalnız Mirzə Gürgen bir neçə nəfərlə İrəvanda qalmışdı (56,95-96).

İrəvanda baş verən qarşıdurmada Məhəmməd xanın tərəfdarları qələbə çaldılar. Nəticədə, Osmanlı tərəfdarlarının köməyi ilə müxalif qüvvələr məğlub oldu. Planının bu dəfə də boşa çıxdığını görən Makulu Əhməd Soltan cəzalanacağından qorxaraq Xoylu Əhməd xanın yanına qaçır. Lakin Əhməd xan onu həbs etdirdi (11,96).

İrəvanda tez-tez baş verən hakmiyyət dəyişikliyi, xanların kiçik yaşlı və təcrübəsiz olması Osmanlı hökumətini hər dəfə buraya fəal müdaxiləyə sövq edirdi. Anası gürcü qızı olan Məhəmməd xanın II İraklidən asılılığının güclənəcəyindən qorxan Osmanlı sultanı təcili tədbirlər görməyə başladı. Sultan Əbdül Həmid Məhəmməd xana fərman göndərərək onu digər Azərbaycan xanları ilə birləşərək gürcü-rus qüvvələrinə qarşı mübarizəyə çağırırdı. Bu fərmanda sultan gələcək planlarından bəhs edərək yazırdı: «…biz arzu edirik ki, islam qanunlarına zərər dəyməsin, ən çox da sənin xanlığın yalançılardan və canilərdən xilas olsun. Xəbərdar edirik ki, Tiflis çarı Rusiya ilə birləşərək, yalanla Azərbaycan xanları arasında olan birliyi parçalayaraq onları Rusiyaya tərəf əyməklə xaincəsinə məhv etmək istəyir. Allah bizi bundan qorusun. Biz gərək müvəffəqiyyətlə, qanunla birləşməyə cəhd edək. Nəticədə biz Azərbaycan xanlarını ayıltmaq üçün birinci vəzir- Çıldır valisi Salman paşaya və Bəyazid hakimi İshak paşaya onlarla fasiləsiz yazışma aparmağı əmr etmişik. Hamısına xəbər veririk ki, Rusiya və çar İrakliyə söz verəndə xüsusilə ehtiyatlı olsunlar. Çar İrakli Rusiyaya satılıb, sizə göndərilmiş bizim elçinin əmriylə digər xanlar kimi hərəkət edin…Xəbərdar edirik ki, siz islam qanunları üçün çalışasınız və buna dözəsiniz. Belə vəziyyətdə siz ali bütün paşalara bildirməklə bizim hər cür köməyimizi gözləyə bilərsiniz və son dərəcə hücumdan qorunun. Ayıq olun ki, çar İrakli İrəvan hakimiyyətinə, İrəvan xanlığına və sizin dövlətə zərər yetirməsin. Bizim bütün hakimlərə sizə kömək lazım olduqda sərhəddə qoşun toplamağı əmr etmişik. Bizim ali işimizə qoşulmağa cəhd edin. Bizim arzumuz odur ki, İrakli heç yerə ziyan yetirməsin, bizimlə səmimiyyətlə birləşərək düşmənlə qarşılaşan zaman öldürün, qarət və darmadağın edin. Gözləyin ki, nə digər Azərbaycan xanlarına, nə də sizin xanlığa zərər dəyməsin…Arzu edirik ki, islam qanunlarının xeyrinə bütün Azərbaycan xanları Xoylu Əhməd xanın ətrafında birləşsinlər» (6,964).

Digər tərəfdən, sultan sərhəddə yerləşən Axalsıq, Qars, Bəyazid və digər paşalıqlara İrəvanı müdafiə etmək üçün hazır olmaları haqqında fərman göndərmişdi. Sultanın göstərişlərini yerinə yetirən paşalar İrəvan xanı ilə əlaqə saxlayır və onu öz tərəflərinə çəkmək üçün müxtəlif vədlər verirdilər. Axalsıq hakimi Süleyman paşa xüsusilə fəal idi. O, İrəvanı rus-gürcü qüvvələrindən müdafiə etmək üçün Azərbaycan xanlarını birliyə çağırırdı. Onun İrəvan əhalisinə və şəxsən xanın özünə yazdığı məktubları bu baxımdan diqqətəlayiqdir. Süleyman paşa 1784-cü il iyulun 10-da İrəvan əyanlarına yazdığı məktubda xalqı «müqəddəs müharibə»yə təhrik etməklə bildirirdi ki, onlar lazım olduqda paşaların köməyinə ümid edə bilərlər. Məktubda yazılırdı: «Siz mənim hörmətli oğlumla (Məhəmməd xanla-E.Q.) birləşərək Azərbaycanın yeni sipəhsaları, qardaşımız Əhməd xanın sözü ilə hərəkət edin….Mənim qardaşlarım- irəvan xalqı yerli türklərdir: əgər dininizi sədaqətlə müdafiə etdiyinizə görə, İrəvan qalasında hər hansı şəxs sizə qarşı pis niyyətə düşərsə, sizə kömək üçün biz birləşərik. Sultan mənə, Qars, Van və Bəyazid paşalarına İrəvan təhlükədə olduğu vaxt onlara kömək etməyi əmr etmişdir» (195,198-199). Süleyman paşanın şəxsən Məhəmməd xana göndərdiyi digər məktubunda ona və başqa Azərbaycan xanlarına göndərilən pul və hədiyyələrdən bəhs edilirdi. O, yazırdı: «Sizi doğma oğlum hesab edərək həmişə əmin-amanlığınız üçün çalışmışam. Əlahəzrət hökmdarın fərmanı və vəzir Həsənin məktubu əsasında Qapıçı paşa (İbrahim Əfəndi-E.Q.) və Solakzadə Məhəmməd Sal bəyin vasitəsilə sizə və Azərbaycanın digər xanlarına pul və hədiyyələr göndərilmişdir. Onları bu yaxınlarda alacaqsınız. Əgər siz bizim dövlətə sadiqsinizsə və bizimlə dostluq münasibətində olmaq istəyirsinizsə, o zaman ali Porta (Osmanlı dövləti-E.Q.) bundan xəbərdar olmalıdır. Siz nəinki bizim sadiq bəndəmiz olacaqsınız, Sultanın da sizə hörməti artacaq, əgər sözlərimə inansanız, mənim də sizə qarşı məhəbbətim artacaq, iltifatlı oğlum və dostum bu məktubu gətirəni yubanmadan göndərin» (6,686).

Qars paşası da Məhəmməd xana bu məzmunda məktub göndərmişdi. Məktubda deyilirdi: «Bizim şöhrətli hakimimiz sizə və Azərbaycanın digər xanlarına Qapıçı paşa və Solakzadə Məhəmməd Sal bəyin vasitəsilə pul və hədiyyə göndərmişdir. Tezliklə Axalsıq hakimi Süleyman paşa vasitəsilə sizə çatdırılacaqdır. Allahın köməyilə biz həmişə sizinlə dost olacağıq. Sizə nə xidmət lazımdırsa, əmr edin» (6,686).

Osmsanlı dövlətinin İrəvanda fəallaşması II İraklinin və onun havadarı olan Rusiyanın narahatlığına səbəb olmuşdu. İrəvanda baş verən hadisələri diqqətlə izləyən rus komandanlığı sultanın fərmanından və Axalsıq paşasının fəaliyyətindən vaxtında xəbər tuta bilmişdi. İrəvan sarayında II İraklinin tərəfdarları az deyildi. Yeni xanın gürcü olan anası Tiflis sarayı ilə əlaqə saxlayaraq İrəvanda olan hadisələri gizli surətdə oraya çatdırırdı. O, Mirzə Gürgeni gizlincə yanına çağırıraq sultanın fərmanını göstərmiş, Mirzə Gürgen isə fərmanı köçürərək Tiflisə göndərmişdi (6,967-968). Mizə Gürgen məktubunda II İrakliyə İrəvanda Osmanlı təsirinin gündən-günə artdığını xəbər vermişdi. Hətta o, II İrakliyə yalan və şişirdilmiş məlumat göndərməklə onu İrəvana hücuma təhrik edirdi. O, 1784-cü il iyulun 14-də Kartli-Kaxetiya çarına göndərdiyi məktubda həyəcanla yazırdı ki, guya «Sultan qoşunla bura gəlib və Əhməd xanın adamını özü ilə gətirib ki, qalanı tutsun….Əgər dörd gün ərzində Qəmzəçəmənə gəlməsəniz, qala əlimizdən çıxacaq. Əgər bu iş sizə çətindirsə, oğlanlarınızdan birini göndərin, lakin yaxşı olar ki, özünüz gələsiniz, onlar bunu eşidib dağılışarlar» (3,17; 195,201-202). Bunu eşidən II İrakli oğlu Yulionun başçılığı ilə, topla təchiz olunmuş 1500 nəfərlik qoşunu İrəvana göndərmək qərarına gəlmişdı. Lakin nəzərdə tutulan bu yürüş həyata keçmədi (3,16). Çünki Məhəmməd xan anası başda olmaqla II İrakli tərəfdarlarının səyi nəticəsində 1784-cü ilin avqustunda Axalsıx hakimi Süleyman paşaya yazdığı məktubda II İrakliyə xidmət edəcəyini bildirmişdi (192,206). Digər tərəfdən İrəvan xanı sultanın göndərdiyi hədiyyələri qəbul etməmişdi. Belə ki, sultan 1784-cü ilin payızında İbrahim Əfəndinin başçılığı altında 60 nəfərdən ibarət yeni nümayəndə heyətini Cənubi Qafqaza göndərdi (192,206; 30,75-76; 121,115-116; 46,187-188). İbrahim Əfəndi Cənubi Qafqaza gələrkən sultan fərmanı ilə yanaşı Azərbaycan xanlarına və Dağıstan hakimlərinə çoxlu pul və hədiyyə gətirmişdi. Lakin İrəvan xanı bu hədiyyələri qəbul etməmişdi (6,717).

Lakin buna baxmayaraq, İbrahim Əfəndinin Cənubi Qafqazdakı fəaliyyəti müvəffəqiyyətlə nəticələndi. Osmanlı nümayəndəliyinin Azərbaycanda apardığı təbliğatı müəyyən qədər öz bəhrəsini verdi. Nəticədə 1785-ci ildə Axalsıx şəhərində Azərbaycanın bəzi xanlıqlarının və Dağıstan hakimlərinin ittifaq bağlamasına səbəb oldu. Bunun ardınca irəvanlı Məhəmməd xan da Tiflisə göndərdiyi məbləğdən tamamilə imtina etdi (30,76). Lakin bu Məhəmməd xan üçün heç də asan başa gəlməmişdi. Anası başda olmaqla bir qrup şəxsin Məhəmməd xanın azyaşlı olmasından istifadə edərək Tiflis sarayı ilə sıx əlaqə saxlaması sultan tərəfdarlarının xoşuna gəlməmişdi. Nəticədə Axalsıx hakimi Süleyman paşanın təhriki ilə Məhəmməd xana qarşı sui-qəsd hazırlanmışdı. S.D.Burnaşov 1785-ci il martın 17-də P.S.Potyomkinə yazdığı məlumatda göstərirdi ki, görkəmli İrəvan əyanlarından Usmi bəy və onun oğlu osmanlıların təhriki ilə xanı öldürmək qərarına gəlmişdi. Lakin bu sui-qəsdin üstü vaxtında açılmışdı. Usmi bəy qaça bilsə də, Qars sərhəddində həbs edilərək oğlu ilə həbsxanaya salınmışdı (6,730).

Tezliklə, İrəvan xanlığı Xoy xanlığının təsirinə düşdü. Sultan rus-gürcü qüvvələrinin qarşısını almaq üçün Azərbaycan xanlarından Xoylu Əhməd xanın qüvvəsinə daha çox güvənirdi. Qeyd etmək lazımdır ki, XVIII əsrin 80-ci illərin əvvəllərində Əhməd xan Xoylu (1763-1786) Urmiya, Təbriz, Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarını özünə tabe etmək üçün mübarizə aparırdı (24,128-131; 46,48-50). Əhməd xan zirək siyasətilə, xüsusilə sultan tərəfindən Azərbaycan sipəhsaları adlandırıldıqdan sonra böyük hörmətə, şöhrətə və nüfuza malik idi. O, çar İraklinin gizli düşməni idi (82,25). Rus komandanlığı onun nüfuz sahibi olduğunu görərək Əhməd xanı öz tərəfinə çəkmək istəyirdi. Georgievsk müqaviləsindən sonra knyaz Apraksin vasitəsilə ona fərman və hədiyyələr göndərilmişdi. Əhməd xan rus–gürcü qüvvələrindən ehtiyat edərək əvvəl bu fərmana müsbət cavab vermişdi. Hətta 1784-cü ilin iyulunda knyaz Q.Potyomkin buna cavab olaraq xandan xahişnamə göndərməsini xahiş etmişdi. «Lakin Osmanlı dövlətinin bölgədə fəallaşması (İbrahim Əfəndinin başçılığı ilə nümayəndə heyəti-E.Q.), Azərbaycan xanlarını rus-gürcü qüvvələrinə qarşı birləşmək çağrışı bu planı pozdu. Sultan Əhməd xana sərəsgər rütbəsi verib, Azərbaycana rəhbərlik etməyi xahiş etmişdi. Osmanlı dövlətinin köməyinə arxalanan Əhməd xan Rusiya ilə danışıqları kəsir» (147,40).

Həqiqətən, sultan güclü Xoy xanına böyük ümid bəsləyirdi. Sultan fərmanlarında Azərbaycan xanlarından rus-gürcü qüvvələrinin İrəvan qalasına yürüşünün qarşısını almaq üçün Əhməd xan Dünbülünün başçılığı ilə birgə mübarizəyə girişməyi tapşırmışdı (39,72). Sultan Əbdül Həmid İrəvan xanına göndərdiyi məktubda yazırdı ki, «..yaşca böyük olan və ləyaqətli Xoy xanına sipəhsalar rütbəsi verib, bütün xanlara fərman verərək bildirmişik ki, bizim paşa və vəzirlərə İraklinin hərəkətləri barədə xəbər versinlər (30,71).

Xoylu Əhməd xan Məhəmməd xanın hakimiyyətinin ilk günlərindən xanlığın daxili işlərinə müdaxilə etməyə başlamışdı. Əgər o, əvvəllər II İrakli və onun havadarı olan Rusiyadan ehtiyat edərək İrəvanın daxili işlərinə açıq-açığına qarışmaqdan çəkinirdisə, artıq bu işdə özünə arxa tapmışdı. Xoylu Əhməd xan bacarıqlı sərkərdə olmaqla bərəbər, güclü qoşuna malik idi. Digər tərəfdən, o, Axalsıx hakimi Süleyman paşa ilə qohum idi və paşa lazım olduqda hərbi cəhətdən ona kömək edirdi (84, c.2, səh.178). Bundan əlavə, Əhməd xan Qarabağ, Qaradağ və Naxçıvan xanları ilə müttəfiq idi (148,175). O, həm də İran taxtı uğrunda mübarizə aparan Ağa Məhəmməd xan Qacarla dostluq edirdi (192,208). Ən başlıcası isə Xoy xanı Osmanlı dövlətinə arxalanırdı.

Başı qonşu xanlıqları özünə tabe etməyə çalışan Əhməd xan yalnız 1785-ci ildə İrəvanda möhkəmlənmək arzusunu reallaşdıra bildi. O, ilk növbədə «nikah diplomatiyası»ndan istifadə etməyi qərara aldı. Əhməd xanın mərhum Qulaməli xanla qohum olmaq cəhdi baş tutmasa da, Məhəmməd xanla bu niyyətini həyata keçirə bilmişdi. 1785-ci ilin yayında Əhməd xan özünün 30 yaşlı qızını 13 yaşlı Məhəmməd xana ərə verdi (3,243; 84, c.2, səh,177). Bu qohumluğu daha da möhkəmləndirmək üçün Əhməd xan Məhəmməd xanın bacısı ilə evləndi (24,130).

Məhəmməd xanın az yaşlı olmasından istifadə edən Əhməd xan qızı vasitəsilə İrəvanda hakimiyyəti idarə etməyə başladı. Xoy xanı İrəvanda mövqeyini daha da möhkəmləndirmək üçün gizli agentini, hərəmağası Ağahüseyni oraya göndərdi. O, İrəvan sarayında Xoy xanının mənafeyinə uyğun siyasət aparmalı idi. Tezliklə, hərəmağası İrəvan sarayında böyük nüfuz sahibi oldu. Hətta o, Məhəmməd xanın etimadını da qazana bilmişdi (3,233-234). İş o yerə çatır ki, Ağahüseyn xanın vəziri təyin olunur. Onun vəzir təyin olunması ilə İrəvanın əldən çıxacağından ehtiyat edən Kartli-Kaxetiya çarı Ağahüseyni oradan uzaqlaşdırmaq üçün hiyləyə əl atdı. O, müxtəlif bəhanələrlə Ağahüseyni Tiflisə dəvət edir (6,885). Lakin onun bu niyyəti baş tutmadı. Vəzirliyi ələ keçirməklə böyük səlahiyyət qazanan Ağahüseyn Xoy xanının mənafeyinə uyğun siyasət yeritməyə başladı. Nəticədə, İrəvan xanlığı Xoy xanından asılı vəziyyətə düşdü. Rusiyanın Kartli-Kaxetiya sarayındakı nümayəndəsi S.D.Burnaşov 1785-ci il avqustun 9-da mərkəzə göndərdiyi məlumatda yazırdı ki, «İrəvan İraklidən daha çox 30 yaşlı qızını 11 yaşlı (13-E.Q.) İrəvan xanına ərə verən Əhməd xanın hakimiyyəti altındadır. O, (Əhməd xanın qızı-E.Q.) hərəmağası Ağahüseynlə birlikdə İrəvan qalasına sahib olaraq bütün xanlığı idarə edirdi. Onlar Əhməd xanın təhriki ilə II İrakliyə bir daha vergi ödəmir» (3,243). Bu vəziyyət sultanı da qane edirdi.

Lakin yeni vəzirin siyasəti yerli əyanları qane etmədi. Ağahüseynin vəzir təyin edilərək hakimiyyəti ələ alması yerli əyanların narazılığına səbəb olmuşdu. Yeni vəzirin fəaliyyəti ilk əvvəl kürd tayfa başçısı Şəmdin ağanın xoşuna gəlmədi. O, qoşun toplayaraq hakimiyyətə qarşı döyüşə hazırlaşdı. Lakin ağsaqqalların işə qarışması bir müddət qırğının qarşısını ala bilmişdi (130,123-124).

Buna baxmayaraq, İrəvanda vəziyyət gərgin olaraq qalırdı. Tərəflər arasında ölüm və digər ixtişaş halları baş verirdi (6,904). Tezliklə, Ağahüseynə qarşı yeni müxalif qüvvələr əmələ gəldi. Belə ki, vəzir Ağahüseyn səlahiyyətindən istifadə edərək bəzi əyanları vəzifəsindən kənarlaşdırmışdı. Vəzifədən qovulan Eyvaz bəy və Qasım bəy İrəvanı tərk edib, ətraflarına 2000 nəfərlik qoşun toplayaraq vəzirə qarşı qiyam qaldırdı. Onlar Məhəmməd xandan Ağahüseyni öz tərəfdarları ilə hakimiyyətdən uzaqlaşdırılmasını tələb edirdi. Bu tələb yerinə yetirilməyənə qədər qiyamçılar xana məxsus kəndlərə hücum edrək əhalini talan etməyə başladı. Onların tələbinə baxmayaraq, vəzir Ağahüseyn təslim olmaq fikrində deyildi. O, ordu toplayaraq müxalif qüvvələrə qarşı çıxdı. Tərəflər arasında bir neçə gün davam edən döyüş baş verdi (130,124).

İrəvanda qarışıqlıqdan istifadə edən II İrakli hadisələrə müdaxilə etməyi qərara aldı. Arxiv sənədində göstərilir ki, «Yeni xanımın (Əhməd xanın qızı-E.Q.) sevimli hərəmağası Ağahüseynin idarə üsulunun güclənməsi bəzi əyanların narazılığına səbəb olmuşdu. II İrakli ona sadiq olanlarla gizli əlaqə saxlayaraq onu hər hansı vasitə ilə hakimiyyətdən uzaqlaşdırmağı və qalanı Xoy xanının əlinə keçməsinə imkan verməməyi tapşırmışdı» (3,234). Lakin Xoy xanının gücü qarşısında II İrakli geri çəkilməyə məcbur olmuşdu.

Əhməd xanın sağlığında qısa müddətə olsa da, İrəvan xanlığı ondan asılı vəziyyətə düşmüşdu. «Əhməd xanın sağlığında İrəvan xanlığı Xoy xanlığından asılı vəziyyətdə olmuşdur. Tabeçilik rəmzi olaraq İrəvandan Xoya nəzərdə tutulan miqdarda peşkəş və hədiyyələr göndərilirdi» (24,130-131).

Xoy xanının şəxsində İrəvanı özündən asılı vəziyyətə salan sultan tərəfdarları şimaldan ola biləcək hücumun qarşısını almaq üçün İrəvan qalasını hərbi cəhətdən möhkəmləndirməyə çalışırdı. Əhməd xan şəxsən bu haqda İrəvana xüsusi fərman göndərmişdi. Onun göstərişinə əsasən, İrəvan qalasının möhkəmləndirməsi, hasarların bərpası, lazımi bina və qəsrlərin tikdirilməsi, qalanın müdafiəsinə lazım olan zəruri şeylərin əldə edilməsi ilə məşğul olmağa başlanmışdı. Qalada müxtəlif top növləri və digər hərbi təchizatlar quraşdırılmışdı. Ərzaq anbarları 12 illik taxıl və digər azuqə ilə doldurulmuşdu. Qalanın bürcləri, hasarları, keçidlərinin mühafizəsi, darvazaların müdafiəsi inanılmış, məharətli adamlara tapşırılmışdı. Qala qarnizonundan əlavə, xanlığın müxtəlif mahal və kəndlərindən toplanmış 12 min nəfərlik dəstə qala daxilində yerləşdirilmişdi (39,69-70).

Xoylu Əhməd xanın planları daha geniş idi. O, ayrı-ayrı Azərbaycan xanlarını özündən asılı vəziyyətə salmaqla bərabər, rus-gürcü qüvvələrinə qarşı duran gerçək qüvvə idi. Lakin İrəvan xanlığında möhkəmlənməsi Əhməd xanın son müvəffəqiyyəti oldu. Xoy xanı və oğlu 1786-cı ilin fevralında qardaşı Şahbaz xanın oğlanları tərəfindən öldürüldü (192,208; 24,133).

Xoy xanlığında baş verən qarışıqlıqdan istifadə edən müxalif qüvvələr daha da fəallaşdı. Əhməd xan Dünbülü öldürüldükdən sonra vəzir Ağahüseyn İrəvanda hakimiyyəti ələ kesirmək üçün Məhəmməd xanı öldürməyi qərara aldı. O, qarabağlı İbrahimxəlil xanla gizli əlaqəyə girərək onun yardımı ilə İrəvan qalasını tutmaq niyyətində idi. Qarabağ qoşunları Şərur çayı sahilində dayanaraq vəzirin işarəsini gözləyirdi. Bu sui-qəsdə Makulu Əli Soltan da qoşulmuşdu. Lakin vəzirin xana qarşı olan bu sui-qəsdinin üstü açıldı. Nəticədə Ağahüseyn və onun yaxın tərəfdarları ələ keçirilərək öldürüldü (3,19-20). Əslində vəzirin və tərəfdarlarının öldürülməsində II İraklinin əli olmuşdu. O, İrəvanda baş verən hadisələrdən istifadə edərək, tərəfləri barışdırmaq bəhanəsi ilə öz adamlarını İrəvana göndərmişdi. İrəvana gələn II İraklinin adamları qiyamçıların başçıları ilə əlaqə yaradaraq, guya danışıqlar aparmaq məqsədilə onları İrəvan qalasına dəvət edir. Qalada Kartli-Kaxetiya çarının göndərdiyi şəxslərin yardımı ilə vəzir Ağahüseynə qarşı sui-qəsd planı hazırlanır. Nəticədə, Ağahüseyn gecə qoruqçularının əli ilə öldürüldü (130,124). Bu hadisə 1786-cı ilin iyununda baş vermişdi (3,20). Beləliklə, Məhəmməd xan bu təhlükədən xilas olsa da, İrəvan xanlığı yenidən II İrakliyə vergi verməyə məcbur oldu.

Tezliklə, İrəvan xanlığı dağıstanlıların hücumuna məruz qaldı. Yuxarıda qeyd edildiyi kimi, osmanlı emissarları İrəvanı rus-gürcü birliyinin təcavüzündən qorumaq üçün Azərbaycan xanlarını və Dağıstan hakimlərini Kartli-Kaxetiyaya yürüşə sövq etmək istəyirdi. Onların səyi nəticəsində bəzi Dağıstan hakimləri, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları bu təhlükəyə qarşı birləşmişdi. Plana görə, Avar hakimi Ümmə xan və digər Dağıstan hakimləri bir tərəfdən, İbrahimxəlil xan isə bəzi Azərbaycan xanları ilə başqa tərəfdən Kartli-Kaxetiyaya hücum etməli idi. Hətta onlar İrəvan əhalisini öz ərazilərinə köçürmək niyyətində idi (12,19-20). Kartli-Kaxetiyaya yürüşün digər səbəbi İbrahixəlil xanla II İrakli arasında münasibətlərin pozulması idi. II İraklinin ruspərəst siyasəti, Gəncə və Naxçıvan xanlıqları üstündə onlar arasında baş verən münaqişələr düşmənçiliyə çevrilmişdi (64,92-93; 45,194-195). İbrahimxəlil xanın bu xanlıqlarda möhkəmlənmək cəhdi həm rus komandanlığının, həm də II İraklinin planlarına zidd idi. Lakin Qarabağ xanının Ümmə xanla qohumluğu II İraklinin açıq-açığına ona qarşı çıxmasına mane olurdu. Mirzə Camal Cavanşir yazır ki, «Gürcüstan valisinin…qədim ocaq, geniş torpaq və böyük dövlət sahibi olmasına baxmayaraq, o, İbrahimxəlil xanın məsləhətindən kənara çıxmırdı. Çünki Avar və Dağıstan hakimi mərhum Ümmə xan və o yerlərin başqa hakimləri İbrahimxəlil xana yaxın və qohum olduqları üçün ona itaət edirdilər. Gürcüstan valisi ilə mərhum İbrahimxəlil xanın arası pozulduğu zaman Ümmə xan və başqa Dağıstan xanları İbrahimxəlil xanın göstərişi üzrə böyük qoşunla Gürcüstana gedib, çoxlu ziyanlar verirdilər» (37,125).

Beləliklə, 1785-cı ilin sentyabrında sultanın təhriki ilə Avar xanı Ümmə xan 11.000 qoşunla Kartli-Kaxetiyaya hücum etdi (148,139). «…Avar hakimi Ümmə xan böyük qoşunla Gürcüstana gedib, Sığnaq qalasını və Gümüşxananı zəbt etdi, çoxlu adam qırdı, əhalinin yerdə qalan əyal və uşaqlarını əsir edərək, bir çox ətraf kəndləri qarət etdi. Oradan Axıska vilayətinə, Süleyman paşanın yanına gedərək qışı orada qaldı. Rum sultanından çoxlu xələt və ənam aldı» (37,125).

Dağıstanlıların Kartli-Kaxetiyaya hücumu İrəvan xanlığına da öz təsirini göstərmişdi. Bu xəbəri eşidən yerli əhalinin bir hissəsi İrəvan qalasına sığınmış, sərhəd kəndlərinin əhalisi xanlığın içərilərinə köçmüş, digər hissəsi isə əlçatmaz yerlərdə qərar tutmuşdu. Məsələn, bu xəbəri eşidən pəmbəklilərin bir hissəsi İrəvanın içərilərinə, digər hissəsi isə Qars paşalığına köç etməyə başladı. Bu da Axalsıx hakimi ilə İrəvan xanı arasında düşmənçiliyə səbəb oldu. Axalsıq hakimi Süleyman paşa Dağıstan qoşununa arxalanaraq Məhəmməd xana təzyiq göstərməyə başladı. O, İrəvan xanını hədələyərək pəmbəklilərə məxsus əmlakın ona verilməsini tələb etdi. Lakin Məhəmməd xan onun tələbini nəyinki yerinə yetirmədi, eyni zamanda bütün qaçqınları əmlakları ilə birlikdə öz himayəsinə aldı (148,145). Tələbinin yerinə yetirilmədiyini görən Süleyman paşa İrəvan xanından 70.000 rubl (7.000 tümən-E.Q.), Eçmiədzin kilsəsindən isə 40.000 rubl (4.000 tümən-E.Q.) tələb etdi. Əks təqdirdə xanlığı qarət edəcəyi ilə hədələmişdi (30,76). O, vergini almaq üçün Ümmə xanın tərəfinə keçmiş borçalılı Musa xanı İrəvana göndərdi. Lakin Musa xan Talın mahalına çatanda, qəfl xəstələnərək ölmüşdü (130,121).

Müqavimət göstərməyin İrəvan xanlığı üçün ağır nəticə verəcəyini anlayan Məhəmməd xan Ümmə xanla və Süleyman paşa ilə əlaqə yaratmağı qərara aldı. P.S.Potyomkin 1786-cı il yanvarın 5-də yazdığı məlumatda bildirirdi ki, Dağıstan qoşunlarının yürüşünün xanlıq üçün ağır nəticə verəcəyini başa düşən Məhəmməd xan Ümmə xanla və Süleyman paşa ilə əlaqə yaradaraq yaxın adamını məktub və qiymətli hədiyyələrlə Axalsıxa göndərdi. Belə hədiyyələr qoşun başçılarına da göndərilmişdi. Məhəmməd xan məktubda Ümmə xandan ölkəsinə zərər yetirməməsini xahiş etmişdi (130,121).

İrəvan xanının bu tədbirləri müəyyən qədər müvəffəqiyyət qazandı və xanlığı güclü dağıntıdan xilas etdi. Belə ki, qışı Axalsıxda istirahət edən Ümmə xan 1786-cı il aprelin 25-də 7.000 qoşunla Arpa çayını keçərək İrəvan xanlığına daxil oldu (6,869). Onun qoşunundan 500 nəfər ayrılaraq sakinləri mağaralarda gizlənmiş Əştərək (Qəmərli-E.Q.) kəndinə gəlir. Dağıstan qoşunu kənddə qalmış 12 nəfəri ələ keçirərək birini öldürür, digərlərini isə əsir aparırlar. Onlar İrəvan şəhərinə yaxınlaşmadan qarşılarına çıxan kəndləri qarət edir. Xoşbəxtlikdən Ümmə xanın qoşunu İrəvan ərazisində çox ləngimədi. Dağıstan qoşunu Abarandan keçib, Göyçə gölünün sahilini dolanmaqla Gəncə istiqamətində hərəkət edirərək, oradan Şuşaya gəlib çatır (67,31; 165,169-170; 130,127).

Ümmə xanın başçılığı ilə dağıstan qoşunlarının bu yürüşü İrəvan xanlığı üçün böyük faciə ilə nəticələndi. Düzdür, İrəvan xanlığı Kartli-Kaxetiya kimi dağıntılara və insan itkisinə məruz qalmasa da, irəvanlılar kəndlərini və əmlaklarını başlı-başına buraxaraq yurdlarından didərgin düşmüşdülər. Bu da təsərrüfatla məşğul olan əhali üçün əsl faciə idi. Əhalinin qazanc mənbəyi olan torpaq sahələri başlı-başına qalmış və əkilmirdi. Digər tərəfdən dağıstan qoşunu geri qayıdarkən xanlığın şimal-qərb rayonlarını talan edərək bir neçə kəndi dağıtmışdı.

Ümmə xanın qoşunu getdikdən sonra, ölkədə yaranmış çaxnaşmadan və Məhəmməd xanın zəifliyindən istifadə edən bəzi qüvvələr təxribata başladı. Təxribatçı qruplar bir-birinə hücumlar təşkil edir, kəndləri viran qoyaraq talayırdılar. Belə vəziyyət 1787-ci ilin ortalarına qədər davam etmişdi. Xanlıq daxilində qarışıqlıq yalnız bölgədə nüfuz uğrunda mübarizə aparan bir tərəfdən Rusiya-Kartli-Kaxetiya, digər tərəfdən Ümmə xan arasında başlanan danışıqların sülhlə başa çatması ilə səngimişdi (130,128).

Dağıstanlıların genişmiqyaslı hücumundan asanlıqla qurtaran İrəvan yeni təhlükə ilə üzləşdi. 1786-cı ilin oktyabrında İbrahimxəlil xan İrəvana 3.000 qoşun göndərərək yerli əhalini Qarabağa köçürməyə cəhd etmişdi. Hücumdan xəbər tutan sərhəd kəndlərinin əhalisi əlçatmaz yerlərdə gizlənərək, Qarabağ qoşununa qarşı mübarizə aparmışdılar. Bu xəbəri eşidən Məhəmməd xan qoşun toplayaraq onlara qarşı çıxdı. İrəvanlıların müqavimətini görən qarabağlılar geri çəkilməyə məcbur oldu (3,242).

Bu hücumdan qurtulan İrəvan xanlığı tezliklə Naxçıvanda baş verən hadisələrə müdaxilə etməyə başladı. Belə ki, XVIII əsrin 80-ci illərin əvvəllərindən başlayaraq Naxçıvan taxtı uğrunda Abbasqulu xanla Cəfərqulu xan arasında mübarizə gedirdi. Hakimiyyətə qısa fasilələrlə gah Abbasqulu xan, gah da Cəfərqulu xan gəlirdi. Abbasqulu xan hakimiyyəti geri qaytarmaq üçün dəfələrlə həm İbrahimxəlil xana, həm də II İrakliyə, Cəfərqulu xan isə xoylu Əhməd xana müraciət etmişdi. 1787-ci ilin əvvəllərində Cəfərqulu xan yenidən hakimiyyətə gəldikdən sonra Abbasqulu xan İbrahimxəlil xana bir daha müraciət etdi. Bu müraciətdən istifadə edən İbrahimxəlil xan öz ordusunu Naxçıvan üzərinə göndərdi. Qarabağ qoşunu Naxçıvanda görünən kimi Cəfərqulu xan Şərur sahilində yerləşən Hacı qalasında gizləndi (29,56-57). 1787-ci il may ayının əvvəllərində Qarabağ qoşunu Naxçıvanı ələ keçirərək Abbasqulu xanı hakimiyyətə gətirdi (29,59-60).

Qarabağ xanının bu addımı rus komandanlığının və onun əlaltısı olan II İraklinin xoşuna gəlmədi. II İrakli İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsinə yol vermək istəmirdi. Naxçıvanda baş verən hadisələrə həmişə müdaxilə edən və bu xanlığı özündən asılı vəziyyətə salmaq istəyən Kartli-Kaxetiya çarı Cəfərqulu xanı yenidən hakimiyyətə gətirmək üçün knyaz Baqrationun başçılığı ilə 1000 nəfərlik qoşunu İrəvana göndərdi. Bu qoşunun əksəriyyəti Borçalı və Şəmşədildən toplanmış azəri türklərindən təşkil olunmuşdu (130,132). Bu dəstəyə irəvanlılar da qoşuldu. İrəvan xanı ilə Qarabağ xanı arasında düşmən münasibəti yarandığından, Məhəmməd xan İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsini öz hakimiyyəti üçün təhlükə hesab edirdi. Buna görə də o, məmuniyyətlə bu yürüşə qoşuldu. Müəyyən hazırlıqdan sonra knyaz Baqration İrəvan qoşunu ilə birlikdə Naxçıvana doğru hərəkət etdi (130,132).

Lakin Naxçıvan taxtında öz namizədini görmək istəyən hər iki tərəf gecikmişdi. Yürüşdən bir qədər əvvəl Cəfərqulu xanın qardaşı Kəlbəli xan (1787-1820) Abbasqulu xanı hakimiyyətdən devirərək Naxçıvanda taxt-taca sahib olmuşdu (29,60). Hakimiyyətə gələn Kəlbəli xan hər hansı hücumun qarşısını almaq üçün Naxçıvan qalasını daha da möhkəmləndirmişdi.

1787-ci il mayın 19-da Naxçıvana çatan knyaz Baqration həmin gün Naxçıvan qalasını mühasirəyə aldı. Qalaya sığınmış naxçıvanlılar Kəlbəli xanın rəhbərliyi ilə müttəfiq qoşununa güclü müqavimət göstərdi. Mayın 20-də knyaz Baqration II İrakliyə göndərdiyi məktubda yazırdı ki, «Cəfərqulu xan Naxçıvanı asanlıqla alacağını söyləsə də, mən güclü müqavimətə rast gəldim, qalanı 2000 nəfər qoruyur» (29,61). Birləşmiş İrəvan və gürcü qoşunları Naxçıvan qalasını tuta bilmədi.

İbrahimxəlil xan da, Abbasqulu xana yardımçı qoşun göndərdi. Lakin cəmi 200 nəfərdən ibarət olan bu qoşun Sisyan ətrafında II İraklinin qoşununun tərkibində olan Şəmşəddil və Borçalıdan olan dəstələr tərəfindən məğlub edilir, 8 nəfəri isə əsir alınır (130,133; 30,61). II İraklinin qoşunu irəvanlılarla birlikdə Qarabağ qoşununu məğlub etsə də, Naxçıvan qalasını ala bilmədi. Knyaz Baqrationun II İraklidən ələvə kömək istəyi də baş tutmadı. Güclü müqavimətə rast gələn müttəfiq qoşunları ətraf kəndləri qarət edərək sakinlərini, İbrahimxəlil xana məxsus 40 ailəni əsir götürüb, çoxlu mal-qara ələ keçirərək geri döndülər (130,135; 29,61). Bu yürüşdə istər İbrahimxəlil xan, istərsə də II İrakli istəyinə çata bilmədi.

1787-1791-ci illər ikinci rus-türk müharibəsinin başlaması (225,363-387) ilə Cənubi Qafqazda siyasi vəziyyət daha da gərginləşdi. Osmanlı sultanı öz nümayəndələrini bölgəyə göndərərək, rus-gürcü təhlükəsinə qarşı mübarizə aparmaq üçün bir-birinə düşmən olan Azərbaycan xanlarını barışdırmağa səy göstərdi. O, Qarabağ, Xoy, Təbriz və İrəvan xanlarına pul göndərərək bir-biri ilə mehriban olmalarını tapşırdı. Bundan əlavə, Ərzurum, Axalsıx, Bəyazid, Van, Diyarbəkr və Qars paşalarına Kartli-Kaxetiyaya qarşı birlikdə hərəkət etmələri əmr olunmuşdu (6,771).

Müharibənin gedişində rus komandanlığından hərbi yardım alacağını düşünən II İrakli İrəvanı ələ keçirmək fikrinə düşmüşdü. Onun bu niyyətindən xəbər tutan Məhəmməd xan Osmanlı dövləti ilə əlaqəyə girərək, yaxın adamı Zeynalabdin bəyi məktubla İstambula göndərdi. O, məktubda II İraklinin məkrli planlarından söhbət açaraq, sultandan bu təhlükəyə qarşı hərbi kömək göstərməsini xahiş etmişdi (56,122-125). Sultan xanın bu istəyinə 5 dekabr 1787-ci il fərmanı ilə müsbət cavab vermiş və elçi Zeynalabdin və onunla gələn adamlara 290 quruş xərclik verilmişdi (48,83).

Lakin çətin məqamda belə, Azərbaycan xanlıqları nəinki bir-biri ilə, hətta Osmanlı paşalıqları ilə də müharibə aparırdı. Məsələn, 1787-ci ilin yayında İrəvan xanlığı ilə Bəyazid paşlığı arasında hər iki tərəf üçün dağıntılara səbəb olan müharibə başladı. Qeyd etmək lazımdır ki, Osmanlı dövləti Rusiya və Kartli-Kaxetiya kimi dövlətlərin Cənubi Qafqazda möhkəmlənməsinə yol verməmək üçün Azərbaycan xanlarını öz tərəfinə çəkmək və onlardan rus-gürcü qüvvələrinə qarşı istifadə etmək siyasəti yeridirdi. Azərbaycan xanlıqları ilə əlaqənin yaranmasında Osmanlı paşaları əsas rol oynayırdı. Belə xanlıqlardan biri də İrəvan xanlığı idi. İrəvan xanları Osmanlı sərhəd paşaları ilə daimi dostluq münasibəti yaratmağa çalışırdı. Lakin bu münasibətlər həmişə yaxşı olmamışdı. Belə ki, Hüseynəli xanın hakimiyyəti (1759-1783) dövründə Məkkə ziyarətindən qayıdan İrəvan hacıları Ərzurumda həbs edilmiş və əmlakları qarət olunmuşdu. Ərzurum hakimi hacıların hər birindən 200 tümən aldıqdan, onların atını, arabasını, paltarlarını və s. şeylərini müsadirə etdikdən sonra azadlığa buraxmışdı. Bu hadisə İrəvanla Ərzurum arasında olan münasibətləri kəskinləşdirmişdi. Hüseynəli xan sultana məktub göndərərək Ərzurum hakimi Hacı Əli paşaya təsir göstərməsini, hacıların əmlaklarının geri qaytarılmasını xahiş etmişdi (39,121-122). Bundan əlavə, Bəyazid hakimi İshaq paşa tez-tez İrəvan xanlığına müdaxilə edərək sərhəddə yerləşən kəndlərin əhalisini öz paşalığına köçürür və İrəvan xanına düşmən olan müxalif qüvvələrə yardım edərək onları üsyana təhrik edirdı (39,122-124). Lakin Hüseynəli xan bu hərəkətlərin qarşısını vaxtında alırdı. O, da cavab olaraq öz növbəsində Bəyazid paşalığına hücumlar təşkil edirdi (56,90-91).



Bölgədə baş verən siyasi vəziyyətlə əlaqədar olaraq Osmanlı sultanının təhriki ilə İrəvan xanlığı ilə paşalıqların münasibətləri mehriban qonşuluğa çevrilmişdi. Lakin bu münasibətlər müvəqqəti idi. Belə ki, 1787-ci ilin yayında Bəyazid paşalığı ilə İrəvan xanlığı arasında hər iki tərəfin əhalisinə böyük itki verən müharibə başladı (164,183). Müharibənin başlanmasının əsas təqsirkarı Bəyazid hakimi İshaq paşa olmuşdu. O, İrəvanın daxili işlərinə qarışaraq Məhəmməd xana qarşı çıxan qiyamçı qüvvələri dəstəkləyir və lazım olduqda onlara öz ərazisində sığınacaq verirdi (39,128-131). Tezliklə, hərbi əməliyyatların başlamasına bəhanə də tapıldı. «İbrahimxəlil xanla İrəvan xanı arasında ədavəti aradan qaldırıb aralarını düzəltmək üçün Bəyazid sancağı mütəssərrüfi İshaq paşa İrəvanlı Məhəmməd xana məktub yazmışdı. Xanın mütəssərifə cavab məktubunda deyilirdi ki, o, Tiflis xanı ilə dostdur və onunla razılıq olmadan İbrahimxəlil xanla yaxınlaşa bilməz» (46,211) cavabı müharibənin başlanmasına bəhanə oldu. Tərəflər arasında münaqişə iki ilə qədər davam etmişdi. 1787-ci ildə Bəyazid qoşunu bir neçə dəfə İrəvan ərazisinə hücum edərək onun sərhəd kəndlərini qarət etmişdi. Lakin İrəvan xanı ilk əvvəl buna göz yummuş və yalnız 1789-cu ilin yayında qəti tədbirlər görmüşdü. Hərəkətinin cəzasız qaldığını görən İshaq paşa İrəvana qarşı düşmən fəaliyyətini daha da genişləndirdi. O, xana müxalif olan qüvvələri öz paşalığında sığınacaq verəklə bərabər, 1789-cu ilin yayında İrəvana hücum etmək məqsədilə 5-6 minlik qoşun toplamışdı. Həmin xəbəri eşidən Məhəmməd xan sərhəddi möhkəmləndirmək və bu fəlakətin qarşısını almaq üçün oraya 500 nəfərlik dəstə göndərdi. Sərhəddə yerləşən bu dəstə yerli əhalinin köməyilə burada müəyyən qədər nizam-intizam yaratmağa nail oldu. Lakin İshaq paşa güclü qoşunla qəflətən sərhəddi qoruyan bu dəstəyə hücum edərək üç yüz nəfərini öldürdü. Bunun ardınca onun qoşunu İrəvan kəndlərinin əkin sahələrinə od vuraraq, əhalinin əmlakını qarət etdi (39,129-130). Bu xəbər İrəvan qalasına çatdıqda Məhəmməd xan güclü qoşun toplayaraq İshaq paşaya qarşı çıxdı. İrəvan qoşununun hücumuna tap gətirə bilməyən bəyazidlilər Bəyazid qalasına çəkildi. İshaq paşanın özü güclə döyüş meydanından qaça bilmişdi (39,130). Döyüşdə qalib gələn İrəvan qoşunu 1789-cu il avqustun 12-də Bəyazidə hücum etdi. Lakin əsl məqsəddən yayınan İrəvan qoşunu ətraf kəndləri qarət etməyə başladı. Bunu görən İshaq paşa qəflətən öz qoşunu ilə onlara arxadan hücum edir. Tərəflər arasında baş verən qısamüddətli döyüş irəvanlıların tam məğlubiyyəti ilə başa çatdı. Onlardan çoxu geri çəkilərkən Araz çayında boğulur, qalanları isə döyüş meydanından qaçaraq xilas olur. Məğlubiyyətə baxmayaraq, buna cavab vermək üçün Məhəmməd xan yenidən qoşun toplayır. Hətta ona Naxçıvandan kömək də gəldi. Qoşunun tədarükünü başa çatdıran İrəvan xanı qoşunla Araz çayının sağ sahilində mövqe tutmuş Bəyazid qoşununa qarşı hərəkət etdi. İrəvan qoşunu ilə bacara bilməyəcəyini görən bəyazidlilər Bəyazid qalasına sığınaraq müqavimət göstərməyə başlayır. Lakin irəvanlılar qalanı mühasirəyə alsa da onu tuta bilmədi. Bəyazidlilərin müqavimətini görən İrəvan qoşunu bir neçə kəndi talan etdikdən sonra çoxlu qənimətlə geri qayıdır (130,137).

Müharibənin uzanmasının xanlıq üçün pis nəticə verəcəyini başa düşən Məhəmməd xan sultana şikayət məktubu yazaraq ondan İshaq paşanın düşmən hərəkətlərinin qarşısını almağı xahiş etdi. Bu dövrdə Rusiya ilə müharibə edən Osmanlı dövləti Azərbaycan xanlarını özündən incik salmaq istəmirdi. Belə bir mürəkkəb vəziyyətdə İshaq paşanın İrəvana qarşı düşmən hərəkəti burada möhkəmlənmək istəyən Osmanlı sarayının siyasətinə uyğun gəlmirdi. İrəvan xanından məktub alan sultan təcili tədbir görmək qərarına gəldi. Münaqişə edən hər iki tərəfə fərman göndərildi. Fərmanda «keçmişlərin unudulması, narazılıqların aradan qaldırılması barədə əvvəlki hadisələri unudub səmimi qonşuluq münasibətlərinin, dostluq, mehribançılıq göstərilməsi əmr olunmuşdu» (39,132-133). Sultanın fərmanından sonra hər iki tərəf döyüşləri dayandırmışdı. 1789-cu ilin payızında Ərzurum hakimi Abdulla paşanın vasitəçiliyi ilə Məhəmməd xanla İshaq paşa razılığa gələrək barışmış və tərəflər arasında sülh müqaviləsi bağlanmışdı. (39,132-133).

İrəvan xanı Bəyazid paşası ilə sülh müqaviləsi bağladıqdan sonra Xoy xanlığı ilə müharibəyə başlayır. Buna səbəb Məhəmməd xanla Bəyazid paşası arasında döyüşlər gedərkən Xoy xanı Hüseyn xanın İsaq paşaya gizli kömək etməsi olmuşdu. Xoy xanını cəzalandırmağa bəhanə axtaran Məhəmməd xan vaxtilə anasının saxlamaq üçün Xoya göndərdiyi qiymətli əşyalarını geri qaytarmağı tələb etdi. Lakin Hüseyn xan bu tələbə məhəl qoymadı. Belə olduqda Məhəmməd xan Xoya hücum etmək üçün qoşun toplamağa başladı. Naxçıvan hakimi Kəlbəli xan (1787-1820) bu əməliyyatda ona hərbi yardım göstərdi. Hazırlıq başa çatdıqdan sonra 1790-cı il mayın 10-da Məhəmməd xan və müttəfiqi Kəlbəli xan Xoy şəhərinə hücum etdi. Açıq döyüşdə müttəfiqlərin təzyiqinə davam gətirə bilməyən Hüseyn xan Xoy qalasına sığınır. Müttəfiq qoşunları Xoy şəhərini ələ keçirərək qalanı mühasirəyə aldı. Xoyluların ciddi müqaviməti nəticəsində mühasirə uzandı. Mühasirənin uzandığını görən Məhəmməd xan və Kəlbəli xan Hüseyn xanla danışıqlara başlayır. Vəziyyətinin acınacaqlı olduğunu başa düşən Xoy xanı müttəfiqlərin təklifini qəbul etmək məcburiyyətində qaldı. O, qiymətli əşyaların bir hissəsini geri qaytarır, digər hissəsi isə geri qaytarılana qədər qardaşı Cəfərqulu bəyi girov təklif etdi. Bununla razılaşan müttəfiqlər Xoy xanı ilə sülh müqaviləsi bağlayaraq geri qayıdır. Bir neçə həftədən sonra qalan bütün qiymətli əşyalar da təhvil verildi. Bundan sonra Cəfərqulu xan azadlığa buraxıldı. Tərəflər arasında baş verən bu hadisə mayın 10-dan iyulun 7-dək davam etmişdi (130,142-143).

Lakin tərəflər arasında sülh uzun sürmədi. Xoy xanı İrəvana cavab zərbəsi endirməyi qərara aldı. O, ilk növbədə hiylə işlədərək Məhəmməd xanla Kəlbəli xanın arasını vura bildi. Nəticədə Xoy hakimi Kəlbəli xanla barışdı (29,62). Dünənki müttəfiqlər isə düşmənə çevrildi.

Kəlbəli xanın xəyanətinə görən Məhəmməd xan onu cəzalandırmağı qərara aldı. İlk olaraq İrəvan qoşunu yürüşə başlayır. Lakin İrəvan qoşunu sərhədyanı Tiza (?) qalasını mühasirəyə alsa da onu tuta bilmədi. Naxçıvanlıların güclü müqaviməti nəticəsində irəvanlılar böyük itkiyə məruz qaldı. İlk hücumda müvəffəqiyyətsizliyə düçar olan Məhəmməd xan tezliklə, Xoy xanının qardaşı Cəfərqulu bəyin və Kəlbəli xanın başçılığı ilə müttəfiq qoşunlarının İrəvana hücum etməsi xəbərini aldı. Bu xəbəri eşidən İrəvan qoşunu təcili geri çəkilərək İrəvan qalası yaxınlığında «Müxənnət təpə» adlanan yerdə düşərgə saldı. Lakin burada mövqe tutan qoşunun bir hissəsi üzücü yürüşdən sonra dağılıb gedir (130,144).

Xoy və Naxçıvanın birləşmiş qoşunlarının hücumu yerli əhali arasında təşvişə səbəb olmuşdu. Xan müdafiə tədbirləri görməyə başladı. Onun əmri ilə əhalinin bir hissəsi İrəvan qalasına, digər hissəsi isə əlçatmaz yerlərə sığındı (130,144).

Müttəfiq qoşunları xanlığın ərazisinə daxil olaraq Şəruru ələ keçirir və yol üstündə olan kəndləri dağıdaraq üç gündən sonra İrəvan qalasına yaxınlaşdı. Müttəfiq qoşunlarının yaxınlaşdığını görən Məhəmməd xan azsaylı qoşunla açıq döyüşə girməyi qərara aldı. Bu onun bağışlanılmaz səhvi idi. Döyüşə girən İrəvan qoşunu məğlub olaraq qalaya geri çəkildi. Qalaya qədər irəvanlıları təqib edən müttəfiq qoşunu onlardan xeyli adam öldürməyə müəffəq oldu. Onlar qalaya yaxınlaşaraq Yeniköy kəndində düşərgə saldı (130,144).

İrəvan qalasını mühasirəyə alan Xoy və Naxçıvan qoşunu güclü müqavimətə rast gəldi. Buna baxmayaraq, tezliklə müttəfiqlər Hüseyn xandan əlavə hərbi kömək alır. Vəziyyətin çıxılmaz olduğunu görən Məhəmməd xan kömək üçün II İrakliyə və Axalsıx paşasına müraciət etdi. Lakin gözlədiyi köməyi ala bilmədi (130,145).

Mühasirənin uzanması müttəfiqləri də pis vəziyyətdə qoymuşdu. Orduda ərzaq çatışmazlığı hiss olunurdu. Digər tərəfdən qoşun içərisində Kartli-Kaxetiyadan irəvanlılara kömək gəlməsi haqqında şayiə yayılmışdı. Bu səbəblərə görə, 7 gün İrəvan qalası yanında qaldıqdan sonra müttəfiq qoşunları mühasirəni götürərək 1790-cı il avqustun 29-da Eçmiədzin istiqamətində geri çəkilir. Yolları üstündə bir neçə kəndi qarət edərək yandıran qoşun kilsəyə gəlib çataraq, burada çoxlu mal-qara və digər qiymətli şeylər ələ keçirdi. Eçmiədzin ətrafında çox ləngiməyən Xoy və Naxçıvan qoşunları Araz çayı istiqamətində hərəkət edərək yolları üstündə yerləşən kəndləri qarət edə-edə Makudan çeçməklə vətənlərinə qayıtdı (130,145-147).

Xoy və Naxçıvan qoşunlarının bu yürüşü İrəvan xanlığı üçün böyük dağıntılara səbəb oldu. Xeyli kənd dağıdılmış, əhalisi öldürülmüş və yerlərindən didərgin düşmüşdü. Vəziyyətinin ağır olmasına baxmayaraq, Məhəmməd xan ona xəyanət edən Kəlbəli xanı cəzalandırmağı qərara aldı. O, yenidən qoşun toplamağa başladı. Bu xəbəri eşidən II İrakli hər iki xanı barışdırmağa cəhd etsə də, onun bu cəhdi baş tutmadı. Beləliklə, Məhəmməd xan güclü qoşunla Naxçıvana hücum etdi. Hətta İrəvan qoşunu Naxçıvan qalasını mühasirəyə də aldı. Lakin havaların vaxtından əvvəl soyuduğunu görən Məhəmməd xan burada ləngiməyin mənasızlığını görərək geri qayıtmaq əmri verdi (130,148).

Məhəmməd xan ölkədə dağıntıları aradan qaldırdığı vaxt, 1791-ci ilin sonlarında Ağa Məhəmməd xan Qacarın Təbriz yaxınlığına gəlməsi xəbərini aldı. Bu da bəzi xanlar arasında olan düşmən münasibətlərin aradan qalxmasına və Qacar təhlükəsinə qarşı birləşməsinə gətirib çıxardı.


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin