ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010


Georgievski müqaviləsi və İrəvan uğrunda mübarizə



Yüklə 4,58 Mb.
səhifə4/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   2   3   4   5   6   7   8   9   ...   31

Georgievski müqaviləsi və İrəvan uğrunda mübarizə


XVIII əsrin 80-ci illərinin əvvəllərində Cənubi Qafqazda vəziyyət daha da mürəkkəbləşdi. Bunun səbəbi rus-gürcü ittifaqının bölgə üçün təhlükəli olan siyasəti idi. II İrakli güclü müttəfiq olmadan Azərbaycanın bir sıra torpaqlarını, xüsusilə İrəvan xanlığı ərazisini öz dövlətinə birləşdirilməsinin qeyri-mümkün olduğunu başa düşürdü. Apardığı siyasətlə bölgə dövlətlərinin-Osmanlı imperiyasının, Azərbaycan xanlıqlarının, Dağıstan siyasi qurumlarının nifrətini qazanmış Kartli-Kaxetiya çarı bu birlikdən qorxaraq Rusiyanın himayəsinə keçməyə çalışırdı. Belə plan hələ XVIII əsrin 50-ci illərin sonları- 60-cı illərin əvvəllərində II İraklinin atası çar Teymurazın hakimiyyəti illərində mövcud olmuşdu. Lakin onun qəfl ölümü bu işi yarımçıq qoymuşdu (84, c.1, səh.241; 194,130-131). Gürcü çarı məqsədini həyata keçirmək üçün Rusiya hökmdarı II Yekaterinaya xüsusi layihə ilə müraciət etmişdi. Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyə cəhd edən Rusiya Kartli-Kaxetiya çarlığının müraciətini məmnuniyyətlə qəbul etdi. Nəticədə 1783-cü il iyulun 24-də Georgievskdə bağlanmış müqaviləyə görə, Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin təbəəliyinə keçdi (84, c.2. səh,11; 180,67-70; 148,9; 61,277-286; 168,436; 192,168-171; 226,118-128). Bunun ardınca S.D.Burnaşovun başçılığı ilə iki rus batalyonu Tiflisə daxil oldu (417, ,22).

Georgievski müqaviləsi bölgədə böyük səs-küyə səbəb oldu və qonşu dövlətləri bərk təşvişə saldı. Bu hadisə Kartli-Kaxetiya çarlığının həmin dövlətlərlə yaxşı olmayan münasibətlərini daha da kəskinləşdirdi. Müqavilədə Azərbaycan xanlarını təşvişə salan müddialardan biri isə II İraklinin adının təmtəraqlı və şişirdilmiş formada göstərilməsi idi. Burada Kartli-Kaxetiya çarının adı belə qeyd olunur: «…, Qazaxın mtavarı (hakim knyazı-E.Q.), Borçalının mtavarı, Şəmşəddilin mtavarı, Qaxın mtavarı, Şamaxının mtavarı, Şirvanın mtavarı, Gəncə və İrəvanın padşahı» (168,437). (Bildiyimiz kimi, Kartli-Kaxetiya çarı Şirvanda və onun mərkəzi Şamaxıda heç bir zaman nüfuz sahibi olmamışdı. Digər tərəfdən, beynəlxalq vəziyyətlə və ara müharibələri ilə əlaqədar olaraq Gəncə və İrəvan xanlıqları müxtəlif dövrlərdə Kartli-Kaxetiya çarlığından nominal asılı olmuşdu. Lakin bu asıllıq yalnız vergi verməklə məhdudlaşırdı-E.Q.). P.Butkov yazır ki, «Rus qoşunları Gürcüstana (Kartli-Kaxetiyaya-E.Q.) daxil olduqdan sonra onun (II İrakli-E.Q.) vəziyyəti pisləşdi; onun təbəəliyində olan elat və ya köçəri tatarlar (azəri türkləri-E,Q.) və başqa müsəlman əhalisi ona itaət etməkdən imtina etdi. O, Azərbaycanda əvvəlki nüfuzunu itirdi və oradan alınan hədiyyələrdən məhrum oldu. Gəncə tamamilə ondan uzaqlaşdı, Xoylu Əhməd xanla qohum olan İrəvan xanı bac verməkdən imtina etdi…» (84, c.2, səh,177-178).

Rusiya dövləti bu müqavilə ilə Azərbaycan xanlarına və Dağıstan hakimlərinə təsir göstərmək üçün Kartli-Kaxetiya kimi əlverişli strateji meydan əldə etdi. Georgievsk müqaviləsi bölgə uğrunda yeni rus–osmanlı rəqabətinin gərginləşməsinə səbəb oldu. N.Dubrovin əsərində Osmanlı dövlətinin Cənubi Qafqazdakı siyasətini belə təsvir edirdi: «Osmanlı hakim dairələri bizim qoşunların Gürcüstana gəlməsini nəinki bəyənmədilər…, hətta nə pul, nə də hədiyyə əsirgəməyərək qonşu hakimləri Gürcüstana qarşı qaldırmağa cəhd etdilər. Osmanlı dövləti Gürcüstanı o dərəcəyə qədər dağıtmaq istəyirdi ki, rus qoşununu ərzaqla təmin edə bilməsin və qonşu hakimləri oraya daimi yürüşlə qorxutmaqla onu (II İraklini-E.Q.) Rusiya dövlətindən himayədarlıq axtiarışından çəkindirsin. Osmanlı dövlətinin səyyah və tacir adı altında olan nümayəndələri bütün Cənubi Qafqaza yayılaraq müsəlman əhalisini inandırmağa çalışırdılar ki, Rusiya İrakliyə bütün İranı işğal etmək sözü vermişdi» (148,83). Müqavilədən dərhal sonra Rusiya öz planlarını həyata keçirmək üçün gerçək addımlar atmağa başladı. II Yekaterina hökumətini qəti addımlar atmağa məcbur edən əsas səbəblərdən biri də Kərim xan Zənd öldükdən sonra Mərkəzi İranda Əlimurad xanın hakimiyyəti ələ keçirməsi idi. Müxalif qüvvələrin müqaviməti ilə üzləşən Əlimurad xan hakimiyyətini möhkəmləndirmək üçün güclü müttəfiqə ehtiyac olduğunu başa düşərək, kömək üçün Rusiya hökumətinə müraciət edərək İranın şahı kimi tanınmısını xahiş etdi. Bunun müqabilində Qaradağ, Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarını Rusiyaya güzəştə getməyə söz verirdi (84, c.2, səh.148; 61,150; 121,69-73). Əlimurad xan eyni zamanda Osmanlı sultanının Azərbaycan xanlıqlarının daxili işlərinə qarışmasının qarşısını almağa çalışırdı. O, sultana yazdığı məktubunda II İraklini və Rusiyanı dəstəklədiyini bildirmişdi (44,46, 53-54; 121,48-49).

Bölgədə öz siyasəti üçün əlverişli vəziyyətin yarandığını görən II Yekaterina qəti addımlar atmağa başladı. 1783-cü il iyulun 30-da rus komandanlığı sayı 17-ə çatan Azərbaycan xanlarına və Dağıstan hakimlərinə Kartli-Kaxetiya çarlığının Rusiyanın himayəsinə keçdiyini bildirən fərmanlar göndərərək, onlardan da belə hərəkət etmələri təklif olunurdu (14,181). Fərmanları yerlərə çatdırmaq üçün sekund-mayor (XVIII əsrdə rus ordusunda kapitan rütbəsinə bərabər zabit rütbəsi-E.Q.), qraf Apraksin və poruçik (çar ordusunda zabit rütbəsi-E.Q.), knyaz Çelokayev Tiflisə göndərildi (130,78-79).

Georgievsk müqaviləsindən sonra İrəvan xanlığı uğrunda hər iki birlik arasında mübarizə gücləndi. Lakin Kartli-Kaxetiya çarlığı ilə baş verən müharibədən sonra ölkəsinin dağılmış təsərrüfatını bərpa etməklə və hakimiyyətinə qarşı qiyamları, narazılıqları yatırmaqla məşğul olan Hüseynəli xan bu ziddiyyətlərdən yararlanmağa çalışırdı. O, bitərəf mövqe tutaraq, hər iki tərəflə məktublaşır və dostluq münasibətləri saxlamağa çalışırdı. Hüseynəli xan İrəvanda hər iki tərəfin nümayəndələrini eyni səviyyədə qəbul edirdi. Bunu türk tədqiqatçıları da etiraf edirlər. Məsələn, M.A.Çakmaq yazır ki, «Osmanlı dövlətilə yaxın münasibətdə olan İrəvan xanı Hüseynəli xan və başqa Azərbaycan xanları Osmanlı dövləti tərəfindən gələn hədiyyələri qəbul etməkdən çəkinirdilər» (48,54). Başqa bir Türkiyə tədqiqatçısı etiraf edirdi ki, «…İrəvan ərazisinə göndərilmiş rus mühəndisləri İrəvan xanı Hüseynəli xan tərəfindən məmnuniyyətlə qəbul edilirdi» (48,54). Digər tərəfdən, Hüseynəli xanın II İrakliyə yazdığı məktublardan bunu görmək mümkündür. Onun məktublarından aydın olur ki, Hüseynəli xan bayramlarda və yaxud adi günlərdə II İrakliyə hərbi geyimlər, müxtəlif növlü parçalar, cins atlar, dəvələr və s. kimi hədiyyələr göndərməkdə davam edirdi. Məktublarda dostluq və sədaqətdən danışılırdı (39,91-92, 93-99). Hətta o, Əhməd xan Xoylu və Kartli-Kaxetiya çarı arasında olan münaqişələrə qarışmaz və Xoy xanına «… bu ölkədə (İrəvan xanlığında-E.Q.) müəyyən işlərin həlli, bir sıra işlərin görülməsi əlahəzrət Valinin icazəsi və razılığı olmadan mümkün deyil. …Sizin aranızda dostluq və sülh münasibətləri hələ də möhkəm əsaslar üzərində dayanmamışdı. Aranızda münaqişələr, ziddiyyətlər və düşmənçilik hələ də davam edir…Valinin məndən inciməsinə və üz döndərməsinə səbəb ola bilər. O, bunu bəhanə edərək döstluq etməkdən çəkinər və bizim xeyrimizə olmayan işlərə əl atar» məzmunda məktub yazmaqla mövqeyini bildirmişdi (39,31).

1783-cü ilin oktyabrın sonları- noyabrın əvvəllərində qraf Apraksin İrəvana gəldi. Qeyd etmək lazımdır ki, hələ 1782- ci il dekabrın sonlarında rus komandanlığının tapşırığı ilə doktor Y.Reyneks İrəvana gəlmişdi. O, 1782-1784-cü illərdə knyaz Q.A.Potyomkinin Tiflis sarayında agenti olmuşdu (170,86). Zahirdə bu missiyanın fəaliyyətinə ticarət donu geydirilsə də, Y.Reyneksin missiyasının əsl məqsədi sırf kəşfiyyat işi idi. O, siyasi məsələlərlə bağlı xanla danışıqlar aparmalı və İrəvanla bağlı müdafiə xətlərini müzakirə etməli idi. Hüseynəli xan bunu bilsə də, doktor Y.Reyneks İrəvanda atəşfəşanlıqla, təntənəli surətdə qarşılanmış və dörd gün xanın qonağı olmuşdu. İrəvan qalasında olan Reyneks onun planını çəkmiş, ticarət anbarlarına baxmış və lazım olan qeydlər aparmışdı. O, hətta Rusiyanın himayəsinə keçməyə hazır olması barədə xandan vədlər almışdı (71, 215-217).

Qraf Apraksin İrəvana gələndə Hüseynəli xan tərəfindən eyni təntənə ilə qarşılandı. O, baş komandan Q.A.Potyomkinin fərmanını, onun qohumu və köməkçisi P.S.Potyomkinin məktubunu qiymətli hədiyyələrlə birlikdə xana təqdim etdi. Məktubda Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə keçdiyi bildirilir və Hüseynəli xandan İrakliyə tabe olmağı, ona itaət etmək təklif edilirdi. Rusiya ilə münasibətləri gərginləşdirmək istəməyən Hüseynəli xan 1783-cü il oktyabrın axırlarında Q.A.Potyomkinə ağıllı və hiyləgər bir məktub göndərmişdi. O, yazırdı: «…səmimilik, kiçik pərvərlik ruhunda yazılmış mehriban mübarək əmriniz …mayor qraf Apraksin vasitəsilə bizə çatdı…Fərmanda əzəmətli, cəlallı hökmdarımız İrakli xanla birləşmək, ona nökərçilik etmək, itaətkar olmaq və sair tələb olunur. ….Azərbaycan xanlarından fərqli olaraq bizim ölkəmizin Gürcüstan ölkəsi ilə həmsərhəd olması bütün işlərdə həmin dövlətlə həmrəng olmağa, onun qüdrətli, səmimi badəsindən sərməst olmağa səbəb olmuşdu» (39,115-116; 71,265-266). Onun II İrakliyə göndərdiyi digər məktubda gileylənərək ona tabe olduğunu bildirmiş, başqalarının (rus komandanlığının-E.Q.) bu işə qarışmasına etiraz etmişdi (39,118-119).

Hüseynəli xan eyni zamanda sultan fərmanlarını da qəbul edirdi. Rusiyanın fəallaşmasından narahat olan Osmanlı sultanı öz nümayəndələrini Azərbaycana göndərərək xanları Rusiya hökumətinə qarşı birgə mübarizə aparmağa çağırırdı (148,24). Kartli-Kaxetiyanın Rusiyanın himayəsinə keçməsi nəinki Osmanlı dövlətini, həm də güclü Azərbaycan xanlarını- Qubalı Fətəli xanı, Qarabağlı İbrahimxəlil xanı, Xoy xanı Əhməd xan Dünbülünü ciddi narahat edirdi. Qubalı Fətəli xan II İraklinin İrəvan xanlığının daxili işlərinə qarışmasına etiraz edərək, II Yekaterina hökumətinə bu haqda şikayət etmişdi. O, 1782-ci ildə II İraklinin Azərbaycan xanlıqlarının və xüsusilə, İrəvan xanlığının daxili işlərinə qarışmasından və vergi almasından bəhs edən məktub yazmaqla öz narazılığını bildirmişdi (58, 178-182).



Rus-gürcü qoşunlarının İrəvan xanlığını işğal edəcəyindən qorxan bu xanlar Osmanlı sarayı ilə sıx əlaqə saxlayırdılar. Kartli-Kaxetiya çarlığının əsas rəqibi olan xoylu Əhməd xan II İraklinin güclənməsinin qarşısını almaq üçün daha da fəallaşdı. Onun siyasətini sultan da dəstəkləyirdi. Osmanlı sultanı fərmanların birində İrəvana qarşı Azərbaycan xanlarını xoylu Əhməd xan Dünbülünün ətrafında sıx birləşməyə çağırırdı. Fərmanda deyilirdi: «Urus və Gürcüstan əsgərləri İran, Osmanlı vilayətlərinin, xüsusilə Azərbaycan şəhər və kəndlərinin, bəlkə də Osmanlı və İranın əldə edilməsi üçün qapı yol olan mübarək İrəvan qalasını tutmaq, istila etmək məqsədilə hərəkət etsələr Azərbaycan xanları yüksək mərtəbəli, ali məqamlı Əhməd xan Dünbülünün başçılığı ilə birgə müqavimət və mübarizəyə girişsinlər» (39,73). Sultan eyni zamanda Anadolu hakimlərinə-Ərzrum, Qars, Çıldır, Bəyazid və Axalsıq paşalarına fərmanlar göndərərək rus-cürcü qoşunlarının İrəvan xanlığına hücum edəcəyi təqdirdə Hüseynəli xana kömək göstərmələrini tapşırmışdı (56,102-103; 192,203; 46,183; 48,53). Digər tərəfdən, sultan Hüseynəli xanı öz tərəfinə çəkmək üçün ona xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulunu bağışlamışdı (39,119-120). Hüseynəli xan da öz növbəsində sultanla və Anadolu paşaları ilə tez-tez məktublaşırdı. Xanın sultana, Anadolu paşalarına yazdığı məktubların məzmunundan bəlli olur ki, həmin illərdə İrəvan xanlığı Osmanlı dövlətilə də sıx əlaqə saxlamışdı.

Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin