ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010


Şuragölün Rusiyaya birləşdirilməsi



Yüklə 4,58 Mb.
səhifə10/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

Şuragölün Rusiyaya birləşdirilməsi


İrəvan müharibəsində məğlub olmasına baxmayaraq, rus qoşunlarının baş komandanlığı xanlığı işğal etmək fikrindən əl çəkmədi. Rusiya Pəmbək sultanlığının Qarakilsə, Dərbas, Hamamlı, Xəzərabad kəndlərində hərbi istehkamlar inşa etməyə başladı. P.D.Sisianov İrəvan xanlığında baş verən siyasi hadisələri diqqətlə izləyərək, buraya yenidən müdaxilə etmək üçün əlverişli imkan gözləməyə başladı. İlk əvvəl Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına cox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi (155,114).

İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq Sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq Sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30.000 rubl (3.000 tümən-E.Q.) tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi. İrəvan xanının sərt rəftarı şuragöllülərin narazılıqına səbəb oldu. Bu narazılığın qarşısını almaq üçün Məhəmməd xan Nağı bəyin başçılığı ilə bir dəstə irəvanlını Şuragölə göndərdi. Müqavimət göstərmək iqtidarında olmayan şuragöllülər Pəmbəkdə yerləşən rus qoşunlarının başçısı general Nesvetayevdən kömək istədi. Generala müraciət edən Budaq Sultanın oğlu Qara Məhəmməd ondan Şuragölü himayəyə götürməyi xahiş edərək, rus qoşununu ərzaqla və atlarını yemlə təmin etməyə söz vermişdi. Bunun üçün şuragöllülər tərəfindən 800 samar miqdarında buğda tədarük edilmişdi (102,573).

Belə imkanı əldən buraxmaq istəməyən P.D.Sisianov general Nesvetayevə Şuragölü işğal etmək üçün göstəriş verdi. 1805-ci il martın 27-də general-mayor Nesvetayev 250 nəfərdən ibarət dəstə ilə Şuragölə doğru hərəkət etdi. Nağı bəy dəstəsilə geri çəkilməyə məcbur oldu. Martın 30-da sultanlığın mərkəzi müqavimətsiz rus qoşununa təslim oldu. İrəvanda həbsdə olan Budaq Sultanın əvəzinə hakim seçilən böyük oğlu Hamo bəyin başçılığı ilə şuragöllülər 1805-ci il martın 31-də Rusiya dövlətinin himayəsinə keçmək üçün müqavilə bağladı. Hətta Şuragölün bəy və ağaları, kənd ağsaqqalları Rusiyaya sədaqətli olacaqları barədə and da içdilər. Müqavilə bağlandıqdan sonra mayor Noldenin başçılığı ilə 6-cı saratov muşketyor alayı orada yerləşdirildi (102,572-574). Şuragölün birləşdirilməsi Pəmbəkdən sonra İrəvan xanlıqının torpaqlarının Rusiya tərəfindən işğalının ikinci mərhələsi oldu.

Şuragölün itrilməsilə heç cür barışmaq istəməyən Məhəmməd xan Qasım bəyin və Məhəmmədəli bəyin başçılığı ilə üç minlik qoşunu oraya göndərdi. Böyük Talın kəndində mövqe tutan İrəvan qoşunu oradan Şuragölün mərkəzinə hücum etmək niyyətində idi. Bu xəbəri eşidən general mayor Nesvetayev yüzbaşı Aqiyevin başçılığı ilə bir alay kazak dəstəsini 300 nəfər borçalı azərbaycanlılarının köməyi ilə Böyük Talın kəndinə göndərdi. Döyüş nəticəsində Böyük Talın və onun ətraf kəndləri rus qoşunu tərəfindən ələ keçirilərək yandırıldı. Məğlub olan İrəvan qoşunu isə Eçmiədzin istiqamətində geri çəkilməyə məcbur oldu. Onları təqib edən rus qoşunu xeyli əsir götürdü və daha irəli gedərək İrəvan qalasının 18 verstliyində dayandı. Lakin irəvanlıların böyük bir dəstə toplayaraq əks hücuma keçmək niyyətində olduğunu eşidən general mayor Nesvetayev rus qoşununa geri qayıtmaq əmri verdi (102,573-574). Beləliklə, Şuragöl sultanlığı Rusiyanın hakimiyyəti altında qaldı.

Tezliklə, Budaq Sultan əsirlikdən geri qayıtdı. İlk əvvəl rus komandanlığı onun sədaqətinə şübhə ilə yanaşaraq, hərəkətlərini nəzarətə götürdü. Hətta P.D.Sisianov general mayor Nesvetayevə məktub yazaraq Budaq Sultanın oğlu Xəlil bəyi girov götürməyi tələb etmişdi (311,576). Ona etibar edilmədiyini görən Budaq Sultan P.D.Sisianovun qəbuluna gedərək sədaqətini bildirmişdi. Belə olduqda baş komandan onun Şuragöldə qalmasına icazə vermiş və oğlunu isə ildə 600 rubl məvaciblə Tiflisdə girov saxlamışdı (311,576).

İrəvan xanlığında hakimiyyət dəyişikliyi


Məhəmməd xan rus qoşununa etibar etmədiyi kimi, şah hökumətinə də inanmırdı. O, xanlığın müstəqilliyini saxlamaq üçün hər iki dövlət arasında manevr etmək məcburiyyətində qalaraq, onlar arasında baş verən mübarizədən yararlanmaqa çalışırdı. Lakin şah hökuməti Rusiyaya qarşı mübarizədə İrəvan xanlığının əhəmiyyətini başa düşərək müxtəlif vasitələrlə burada məhkəmlənmək istəyirdi. İrəvan xanının müstəqil və ikibaşlı siyasəti şahı qane etmirdi. Məhz bu səbəbdən şah İrəvanda hakimiyyət dəyişikliyi etmək üçün fürsət axtarırdı. Bunu başa düşən Məhəmməd xan P.D.Sisianovla əlaqə yaratmışdı. O, Tiflisə elçi göndərərək rus komandanlığından İrəvan qalasını tutmağı təklif etmişdi. Məhəmməd xan məktubunda rus qoşununa müqavimət göstərdiyinə görə üzr istəyərək, sədaqət rəmzi olaraq girov verməyə hazır olduğunu bildirmişdi (30,105). Lakin xanın bu planı baş tutmadı.

1805-ci ildə Qarabağ, Gəncə istiqamətində məğlubiyyətə uğrayan şahzadə Abbas Mirzə qoşunları ilə İrəvana geri çəkildi. O, İrəvana daxil olarkən 15.000 qoşuna malik idi. Qoşunda çoxlu ölən və 400-ə yaxın yaralı var idi. Eyni zamanda şahzadə özü ilə xeyli Gəncə qaçqınlarını gətirmişdi. Lakin o, sonradan qaçqınları geri qaytarmışdı (140,626).

İrəvanda mövqe tutan Abbas Mirzə vəziyyətdən istifadə edərək Məhəmməd xanı həbs etdi. Şahzadə Məhəmməd xanı hiylə nəticəsində ələ keçirmişdi. İrəvan xanının aldadılaraq həbs edilməsini Y.Xubov əsərində belə təsvir etmişdi: «Şahzadə (Abbas Mirzə-E.Q.) Yelizavetopoldan (Gəncə xanlığından-E.T.) İrəvana qayıdır, Məhəmməd xan tərəfindən böyük təntənə ilə qarşılanır…. Şahın oğlu İrəvan qalasına baxış keçirən zaman burada hərbi hazırlığı və qalanın möhkəmliyini görərək qorxdu. Lakin o, qorxu hissini gizlədir. Xan hər vasitəilə onu əzizləyən və alqışlayan şahzadənin məkirli niyyətini başa düşmədi. Üç gündən sonra şahzadə buranı tərk edərkən xan və yaxın adamları onu İrəvandan 15 verst aralı, Gərnibasar mahalının Ağbaş kəndində yerləşən düşərgəsinə qədər müşayət etməli oldu. Bu vaxt şahzadə öz qoşununu İrəvana göndərdi. Onlar xanın evini mühasirəyə alaraq otaqlarını möhürləyir və bütün ailə üzvlərini onun (şahzadənin-E.T.) hüzuruna gətirirlər. Xan arvad və cariyələrini burada həbsdə görəndə heyrətləndi. Lakin şahzadə bununla kifayətlənmədi. O, (xanın-E.T.) 60-ə qədər əyanını cərmələyərək, hər birindən 30.000 rubl (3000 tümən-E.T.) tələb etdi. Müqavimət göstərənlər təyin olunmuş məbləğ gələnə qədər işgəncəyə məruz qaldı. Qısa vaxt ərzində 180.000 rubl (18.000 tümən-E.Q.) toplanır. Siyahı üzrə xəzinənin nə qədər olması və harada saxlanması barədə xanın yaxın adamları sorğu-suala tutuldu. Onlar şahzadənin inanılmış adamları ilə xəzinəni axtarmaq və şahzadəyə çatdırmaq üçün İrəvana göndərildi. Beləliklə, xanın əyanları bu yolla qarət olundu. Xan isə öz məiyyəti və bir neçə vali ilə İrana aparıldı. İrəvan qalasının sakinləri şəhərə köçürüldü. Pirqulu xan Qacar 1.200 nəfərlik qoşunla qalada yerləşərək şəhərin hakimi təyin olunur. İllik vergiləri yığmaq yerli əyanlara həvalə edildi. Bütün məbləğ onlar tərəfindən şah xəzinəsinə çatdırılırdı. Şahzadə bununla sakitləşərək bütün sərvət və əsirlərlə Qəzvin şəhərinə yola düşür…» (410,113). Lakin Pirqulu xan Qacarın İrəvanda hakim təyin edilməsi dövrün digər mənbəyi ilə təsdiq olunmur. Şahidlərin verdiyi məlumata görə, 1805-ci ilin iyunun əvvəlində Abbas Mirzə 15.000 qoşun, 400 yaralı və çoxlu meyidlə Gəncədən İrəvana gəlmişdi. O özü ilə Gəncə əhalisini gətirmişdi, lakin Abbas Mirzə sonradan fikirini dəyişərək onları geri qaytarmağa məcbur olmuşdu. İyunun 13-də isə Mehdiqulu xan Qacar 3.000 qoşunla İrəvana daxil olaraq Məhəmməd xanı və ailəsini həbs edərək şahzadəyə təslim etmişdi. Beləliklə, Mehdiqulu xan Qacar (1805- il iyun-1806-cı il avqust) şahın fərmanı ilə İrəvan taxtında əyləşir. Onun yanında şahın etimad göstərdiyi naxçıvanlı kor Kəlbəli xan və gürcü şahzadəsi Aleksandr Mirzə da vardı. (359,625; 209,625; 140,626 ).

Beləliklə, Məhəmməd xanın həbs edilməsilə İrəvanda hakimiyyətdə olan, xalq tərəfindən seçilmiş yerli Qacarlar sülaləsinə son qoyuldu. Məhəmməd xan bu sülalənin ən çox hakimiyyətdə olan nümayəndələrindən biri idi. Mənbələrdə onun şəxsiyyəti haqqında ziddiyyətli xəbərlərə rast gəlmək mümkündür. Məhəmməd xana iradəcə zəif, cəsarətsiz, hiyləgər, ikiüzlü, ədalətli, sadiq, mülayim xüsusiyyətə malik keyfiyyətlər aid edilmişdi. O, çox kiçik yaşlarında- 12 yaşında hakimiyyətə yiyələnmişdi. Hakimiyyətinin ilk illərində nüfuzlu adamlardan asılı olmuş və hətta Kartli-Kaxetiya çarına tabe olaraq vergi vermişdi. Lakin sonradan bu asıllıqdan çıxaraq hakimiyyəti müstəqil idarə etmişdi. O, özünü bacarıqlı dövlət xadimi, hiyləgər siyasətçi kimi göstərə bilmişdi. Onun hakimiyəti dövründə İrəvan xanlıqının ərazisi genişlənmiş, vaxtilə itirilmiş torpaqlar geri qaytarılmışdı. Qonşu Azərbaycan xanları və Osmanlı paşaları ilə aparılan müharibələrdə Məhəmməd xan özünü bacarıqlı sərkərdə kimi göstərmişdi. Yuxarıda qeyd edildiyi kimi, Məhəmməd xan xanlığın müstəqilliyini qorumaq üçün iri dövlətlər arasında manevr etməyə bacaran dövlət xadimi idi. Hadisələrin gedişi göstərir ki, təhlükə baş verdikdə həm Rusiyaya, həm də Osmanlı dövlətinə kömək üçün müraciət edən Məhəmməd xan yalnız xanlığın təhlükəsizliyini qorumaq və xanlıqın müstəqilliyini saxlamağı düşünürdü. Nasir Nəcmi yazır ki, «Bu vaxt Abbas Mirzəyə xəbər verdilər ki, İrəvan valisi Məhəmməd xan xəyanət edərək, Sisianovun həmləsindən bir neçə gün əvvəl rus qoşunlarını həmin şəhəri və başqa Qafqaz şəhərlərini almağa qaldırmışdı» (47,29). Müəllif bu müharibədə Məhəmməd xanın fəaliyyətini şişirtsə də, lakin həqiqətən də o, rus komandanlığına kömək üçün müraciət etmişdi. Məhəmməd xanı buna məcbur edən şah qoşunlarının İrəvana hücumu idi. Hadisələrin gedişi göstərdi ki, xanın bu müraciəti iki böyük dövlət arasında gedən düşmənçilikdən yararlanmaq idi. Rus qoşunlarının başçısı P.D.Sisianov düzgün olaraq öz məktublarında Məhəmməd xanı hiyləgər adlandırmışdı. Hətta Rusiya-İran müharibəsində İrəvan xanı Qacar İranı ilə yaxınlaşsa da, bu hökumətə çox da bel bağlamırdı. Onun müstəqil siyasət yeritmək niyyətində olduğunu başa düşən şah hökuməti İrəvanda hakimiyyət dəyişikliyi edərək, öz nümayəndəlrini buraya hakim təyin etmişdi. Lakin Məhəmməd xanın sonrakı taleyi məlum olmamışdı. Y.Xubov əsərində Məhəmməd xanın və məiyyətinin Qəzvin qalasında ömürlük həbsdə qaldığını yazır (410,113). Digər məlumata görə isə «Baba xan (Fətəli xan-E.Q.) hüzuruna tələb etdiyi İrəvanlı qoca Məhəmməd xanı yenidən azad buraxmış və Mehdiqulu xan onunla İrəvana gəlmişdi» (270,421). Bu sənəddən görünür ki, Məhəmməd xan geri qayıtsa da bir daha hakimiyyətə yiyələnə bilməmişdi. Beləliklə, İrəvan xanlığı Qacar İranından asılı vəziyyətə düşdü.

Birinci İrəvan döyüşündən sonra bu istiqamətdə hərbi əməliyyatlar bir müddət səngidi. Lakin buna baxmayaraq, xanlıqda vəziyyət gərgin olaraq qalırdı. Şah tərəfindən İrəvanda hakim təyin edilən Mehdiqulu xanın apardığı siyasət yerli əhalinin narazılıqına səbəb olmuşdu. Onun qoşunu ərzaqsız olduğundan yerli əhalini qarət etməklə dolanırdı. Xan ərzaqsız olan qoşununun təlabatını ödəmək üçün yerli əhalidən yeni-yeni vergilər tələb edirdi. Müharibə nəticəsində xanlığın kənd təsərrüfatı dağıldığından yerli əhali xanın tələblərini yerinə yetirmək iqtidarında deyildi. Bundan əlavə, xan narazılıq edən əhalinin bir çoxunu, ruslara rəğbət bəsləyən erməniləri və rus qoşunundan qorxaraq İrəvana pənah gətirmiş 400 ailədən ibarət Pəmbək əhalisini İran ərasisinə köçürmək istəyirdi. Mehdiqulu xanın zülmünə dözməyən irəvanlılar ona qarşı üsyan qaldırdı. Naxçıvanlı Kəlbəli xan yerli xalqın bu çıxışına rəğbətlə yanaşırdı. Lakin üsyan yatırıldı. İrəvanlıların tərəfini saxladıqına görə Kəlbəli xan da qaladan qovulur və o, Naxçıvana gedir. Xanın siyasətindən narazı olan Pəmbək əhalisi və Məlik Avramın, yüzbaşı Qabrielin başçılığı ilə 200 erməni ailəsi əmlakı ilə birlikdə Pəmbəyə qaçaraq rus qoşunlarının himayəsinə sığınmışdılar (140,626; 96,628; 141,628-629).

Mehdiqulu xanın İrəvanda apardığı siyasətdən şah da narazı idi. Xüsusilə, rus qoşununa qarşı müvəffəqiyyətsiz mübarizəsi tamamilə onu nüfuzdan salmışdı. 1806-cı il iyulun 23-də Şuragöldə rus qoşununa qarşı döyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğraması şahı qəti tədbir görməyə məcbur etdi. Mehdiqulu xan İrəvanda hakimiyyətdən götürülərək, şahın qohumu Marağalı Əhməd xan Müqəddəmə ilə əvəz olundu. Yeni xan ilk olaraq oğlunu 1000 nəfərlik qoşunla İrəvana göndərdi. Lakin Mehdiqulu xan onu İrəvana buraxmaq istəməmişdi. Bu xəbəri eşidən Əhməd xan Müqəddəmə şahın göstərişi ilə avqust ayının əvvəllərində 500 süvari və 4 topla Təbrizdən İrəvana doğru hərəkət etdi. Əlacsız qalan Mehdiqulu xan şahın əmrinə tabe olmaq məcburiyyətində qaldı. Beləliklə, İrəvanda 1 il 1 ay hakimiyyətdə olmuş Mehdiqulu xan, 1806-cı ilin avqustunda Marağalı Əhməd xanla (1806 avqust-oktyabr) əvəz olundu (13,289; 266,369).

Əhməd xan Marağalı İrəvanda cəmi üç aya yaxın hakimiyyətdə qaldı. Lakin o, qısa hakimiyyəti dövründə sələfinin zülm verdiyi yerli əhalinin rəğbətini qazana bilmişdi. Əhməd xan ilk növbədə əhalinin Mehdiqulu xan tərəfindən qarət olunmuş əmlakını geri qaytardı. Sərhəddə yerləşən kəndlərin əhalisinə qorxmadan geri qayıtmasına icazə verdi. O, əhaliyə elan etdi ki, Şuragöl və Pəmbəkdə yerləşən rus qoşunlarının başçıları ilə mehriban qonşuluq münasibətləri yaratmaq üçün danışıqlar aparacaqdır (326,369-370). Yeni xan İrəvan qalasını möhkəmləndirməklə də məşğul idi. Onun göstərişinə əsasən qalanın ətrafında yerləşən xəndək daha da dərinləşdirildi, şəhər əyanlarının mülklərinin yerləşdiyi, xəndəyin əks tərəfində onun divarlarından da hündür yeni divar hördürdü. Qalada hər biri 5000 rubla (500 tümən-E.Q.) başa gələn daha iki ağır top yerləşdirdi. Ərzaq ehtiyatını çoxaltmaq üçün müxtəlif xanlıqlardan və Qars paşalığından ərzaq aldırdı. Ərzağın hər somarı 16 mis rubla başa gəlsə də, anbarlarda kifayət qədər ərzaq toplanmışdı (326,380). Hətta Əhməd xan Qars paşası ilə dostluq münasibəti yaratmaq üçün hədiyyələrlə onun yanına elçi göndərmişdi (326,376).

Qısa hakimiyyəti dövrüdə gördüyü tədbirlərlə xalqın etimadını qazanan Əhməd xan tezliklə vəfat etdi. Buna səbəb, onun hakimiyyəti dövründə İrəvanda yayılan qızdırma xəstəliyi olmuşdu. Xəstəlik nəticəsində xeyli adam qırılmışdı. Qala qarnizonundan 500 nəfər bu xəstəliyə tutulduğundan İrana göndərilmişdi. Əhməd xan da həmin xəstəliyə düçar oldu. O, 1806-cı il oktyabrın 17-də vəfat edir və cənazəsi Təbrizə aparıldı (270,421; 271,429; 326,380).




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin