ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010


İrəvan xanlığı Hüseynqulu xanın dövründə



Yüklə 4,58 Mb.
səhifə11/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

İrəvan xanlığı Hüseynqulu xanın dövründə


Əhməd xan vəfat etdikdən sonra şah hökuməti Hüseynqulu xanı (1806-1827) İrəvana xan təyin edir. Yeni xan beynəlxalq vəziyyətin mürəkkəb olduğu bir vaxtda hakimiyyətə gəlmişdi. Qafqazda Qacar İran dövləti, Osmanlı dövləti ilə Rusiya arasında müharibə davam edirdi. Qeyd etmək lazımdır ki, birinci İrəvan müharibəsində rus qoşunu məğlubiyyətə düçar olsa da, Azərbaycanın digər ərazilərində təşəbbüsü ələ ala bilmişdi. 1805-ci ilin may və dekabr aylarında Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın təbəəliyinə keçdi (41,71-72; 37,134-137; 76,187; 161,62). P.D.Sisianov Bakı xanlığını işğal etdikdən sonra İrəvana qoşun göndərmək niyyətində idi. Lakin 1806-cı il fevralın 8-də onun Bakı xanı Hyseynqulu xanla danışıqlar zamanı sui-qəsd nəticəsində öldürülməsi bu planın həyata keçməsinə mane oldu (41,72-73; 144,477; 76,187-188; 53,65).

Bir müddət rus qoşunlarına general-mayor Nesvetayev başçılıq etsə də, 1806-cı il iyunun 2-də Qafqazda yerləşən rus qoşunlarına general-feldmarşal qraf Qudoviç yeni baş komandan təyin olundu (41,73). Yeni baş komandanın dövründə rus qoşunlarının Azərbaycana təcavüzü daha da genişləndi. Qraf Qudoviçə verilmiş təlimata görə, rus qoşunları Cənubi Qafqazda mövqeyini möhkəmləndirməklə kifayətlənməməli, Azərbaycan xanlıqlarının hamısını işğal etməli idi. 1806-cı ildə onun komandanlıqı ilə rus qoşunları tərəfindən Dərbənd, Bakı, Salyan, Muğan işğal olundu (163,131; 161,62).

Rusiyanın Cənubi Qafqazdakı müvəffəqiyyətləri Osmanlı Türkiyəsini narahat etməyə bilməzdi. Digər tərəfdən, Napoleon Fransası sultanı Rusiya ilə müharibəyə təhrik edirdi. Beləliklə, 1806-cı ilin dekabrında Osmanlı dövləti Rusiyaya müharibə elan etdi (21,29).

Osmanlı Türkiyəsinin müharibəyə qoşulması şah qoşunlarının Cənubi Qafqaza yeni hücumlara ruhlandırdı. Baş komandan vəzifəsinə başlayan qraf Qudoviç iki cəbhədə müharibə aparmaqdan çəkinərək vəziyyəti yüngülləşdirmək üçün şah hökuməti ilə danışıqlara başladı. Danışıqlar aparmaq üçün tərcüməçi praporşik Baluyev şah sarayına göndərildi. Qraf Qudoviç Qacar dövlətilə sülh şərtlərini Abbas Mirzənin, vəzir Mirzə Şəfinin və şahzadənin vəziri Mirzə Bözyurqun adına yazılmış məktublarda açıqlayırdi. Məktubların məzmunu demək olar ki, eyni idi. Baş komandan hər üç məktubda guya şah qoşunlarının və Dağıstan hakimlərinin Kartli-Kaxetiyanı talan etdiyini, rus tacirlərinin bundan əziyyət çəkərək ziyana düşdüklərini bəhanə gətirərək, şah hökumətinə Rusiya ilə Qacar İran dövlətləri arasında sərhəddin Naxçıvan və İrəvan xanlıqları daxil olmaqla Kür və Araz çaylarından keçməsi şərtilə sülh bağlanmasını təklif edirdi (283,456-457). Lakin şah sarayı Rusiya dövlətinin bu ağır şərtlərini əsassız olduğunu, Cənubi Qafqazın onlara məxsusluğunu iddiya edərək hər iki dövlət arasında sərhəddin məlum olduğunu və Şimali Qafqazda Mozdok ərazisindən keçdiyini bildirmişdi. (284,261; 285,463).

Şərqdə Rusiyaya qarşı özünə müttəfiq axtaran Napoleon Fransası bu danışıqlara mane oldu. Bu dövrdə şahı öz tərəfinə çəkmək üçün Fransa ilə İngiltərə dövlətləri arasında rəqabət gedirdi. Fransız diplomatları müxtəlif vədlərlə Fransa hökuməti ilə Qacar İranı arasında müqavilə bağlamağa nail oldular. Müqavilə 1807-ci il mayın 4-də bağlandı. Napoleon Fransası rus qoşununa qarşı mübarizədə şaha kömək etməyi öhdəsinə götürürdü. Müqavilə bağlandıqdan sonra general Qardanın başçılığı ilə bir dəstə mühəndis Tehrana gəldi (163,131-132). Şah rus qoşununa qarşı mübarizədə İrəvan xanlığının strateji əhəmiyyətini başa düşərək qalanı möhkəmləndirmək üçün bu mühəndislərin bir hissəsini oraya göndərdi (106,254).

Tezliklə, çarın əmrinə əsasən, qraf Qudoviç Türkiyənin şərq sərhədlərinə qoşun yeritdi. Lakin rus qoşunu 1807-ci il may ayının əvvəllərində Axalsıx qalasında biabırçı məğlubiyyətə uğrayaraq Tiflisə qayıdır (326,40,73-74; 38,54-55; 32,181-182). Lakin hərbi əməliyyatlar davam edirdi. Bu dəfə onlar arasında döyüş İrəvan xanlığı ərazisində baş verdi. Belə ki, sultan Ərzurum hakimi Yusif paşanı baş komandan təyin edərək rus qoşunlarına qarşı müharibə aparmaq göstərişini verdi. Yeni baş komandan 2 minlik qoşunla Qarsa gəldi. Öz qüvvəsinə arxayın olmayan osmanlı paşaları kənardan müttəfiq axtarmağa başladı. Qars hakimi Osman paşa Abbas Mirzəyə və İrəvan sərdarı Hüseynqulu xana məktub yazaraq birlikdə rus qoşununa qarşı çıxmağı təklif etdi. Hüseynqulu xan onun təklifinə müsbət cavab verərək, Nağı bəyin başçılığı ilə 200 nəfərlik İrəvan qoşununu Qarsa göndərdi. Abbas Mirzə də bu xəbəri eşidərək oraya tələsdi (362,232). Qraf Qudoviç hazırlıq görərək Gümrüyə doğru hərəkət edir. 1807-ci il iyunun 18-də Gümrüdə Arpa çayı sahilində yerləşən Kiçik Qarakilsə kəndində rus qoşunu ilə osmanlı qoşunu üz-üzə gəldi. Döyüş rus qoşununun qələbəsi ilə başa çatdı. Ruslar osmanlı düşərgəsindən 10 top və 2 mortir (qısalüləli top-E.Q.) daxil olmaqla çoxlu qənimət ələ keçirdi. Bu döyüşdə rus qoşunundan 82 nəfər ölən və yaralanan olmuşdu (326,440-441; 41,74; 38,54-55; 32,182).


İkinci İrəvan döyüşü


Osmanlı qoşununun məğlubiyyəti Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətini daha da genişləndirdi. Rus qoşununun hədəfə aldığı xanlıqlardan biri də İrəvan xanlığı idi. Qacar İranı ilə müvəffəqiyyətsiz danışıqlara baxmayaraq, rus qoşunlarının baş komandanlığı İrəvan xanlığına hücum etmək üçün 1808-ci ilin bütün qışını hərbi hazırlıq görməyə başladı. Lakin yazda nəzərdə tutulmuş yürüş müəyyən səbəblərə görə bir qədər gecikdi. Nəhayət, 1808-ci ilin sentyabrın əvvəllərində rus qoşunu İrəvan sərhəddinə doğru hərəkət edərək Pəmbəkdə düşərgə saldı. Bu xəbər yerli əhalini bərk təşvişə salmışdı. Qorxuya düşən irəvanlılar kəndlərini başlı-başına buraxaraq qalalara, əlçatmaz dağlara və Araz çayının cənubuna çəkildilər (276,40). S.A.Portnyaginin 1808-ci ilin martında İ.V.Qudoviçə göndərdiyi məktubda rus qoşunlarının hücumu ərəfəsində xanlıqda baş verən hadisələri daha ətraflı təsvir etmişdi. O, əhalinin qala və dağlarda gizləndiyini qeyd edərək açıq yazırdı ki, sərhəddə yaşayan əhali İrəvan qalasına, Zəngibasar əhalisi Qaraqala qalasına, Gərnibasar əhəlisi isə isə İmamverdi qalasına sığınmışdı (326,453-454). Öz növbəsində İrəvan hakimi Hüseynqulu xan müəyyən müdafiyə tədbiri görə bilmişdi. O, İrəvanda hakimiyyətə gələn kimi, qalanın müdafiəsini gücləndirərək, Zəngi çayından başlayan qala ətrafında olan xəndəyi daha da dərinləşdirmiş və qalanın qarnizonunu əlavə qoşunla artırmışdı (361,232; 326,456). Fransız mühəndisləri buraya gəldikdən sonra İrəvan qalası Avropa qaydasıilə möhkəmləndirilmişdi. Bunun şahidi olan qraf Qudoviç yazırdı: «İrəvan qalası Avropa hərbi qaydaları üzrə möhkəmləndirilmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi vardı. Təpənin üstünə əvvəllər burada yerli hərbiçilər tərəfindən tətbiq edilməyən kirteçlə işləyən toplar qoyulmuşdu. İrəvanlılar fuqas bombalarından istifadə edirdilər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin bəhrəsidir» (106,254). İrəvan qalasının hərbi cəhətdən möhkəmləndirilməsində fransız mühəndislərindən başqa rus qoşunundan qaçmış podpolkovnik Koçnev də fəal iştirak etmişdi (326,463). Bundan əlavə, Hüseynqulu xan öz əmlakının təhlükəsizliyinin də qayğısına qalmışdı. Xan mülkiyyətinin böyük və qiymətli hissəsini Xoya göndərmiş, az bir hissəsini arvadı ilə birlikdə İrəvanda saxlamışdı (326,462-463). Bu vaxt şah qoşununun bir hissəsi İrəvan yaxınlığında Şorlu kəndində düşərgə salmışdı. Xanın əmri ilə rus qoşununun hərəkətini izləmək üçün 600 nəfərlik İrəvan süvari dəstəsi Abaran düzündə, 15 nəfərdən ibarət süvari dəstə isə Sudakənd kəndində keşik çəkirdi. Əli silah tutan yerli əhali orduya cəlb olunurdu. Hüseynqulu xan kəndlərə adamlar göndərərək silahlı qüvvə toplamağa başlamışdı. Onun 6000 silahlı süvari dəstəsi vardı. Xan maldarlıqla məşğul olan kürdləri də öz tərəfinə çəkməyə cəhd göstərdi. Lakin onların rəisi Hüseyn ağa əvvəl razılıq versə də, sonradan gözləmək mövqeyində qaldı. O, qalib gələn tərəfə qoşulmaq niyyətində idi (326,453-454). Hətta Abbas Mirzə 4000 süvari dəstə ilə Xoydan Naxçıvana gələrək burada duşərgə salmışdı. Hüseynqulu xan şahzadə ilə əlaqə yaradaraq rus qoşununun Pəmbəyə gəlməsi haqqında onu məlumatlandırmışdı (326,453-454).

Qraf Qudoviç Pəmbək və Şuragöldə lazımi qədər qüvvə saxlayaraq sentyabrın 25-də 6 minlik qoşun və 12 top ilə İrəvan qalasına doğru hərəkət etdi (304,412). Başqa bir məlumata görə, rus qoşunu 240 zabit heyətindən və 7506 sıravi əsgərdən ibarət olmuşdu (150,20). Rus komandanlığı şah qoşunun diqqətini İrəvandan yayındırmaq üçün Naxçıvana da hücum planı hazırlamışdı. Bu planı Qarabağda Tərtər çayı sahilində dayanmış general Nebolsin icra etməli idi. Onun sərəncamında 78 zabit və 3062 əsgər vardı. Bu qoşuna Şəki hakimi Cəfərqulu xanın dəstəsi də qoşulmuşdu (276,240).

Sentyabrın 26-da rus qoşunu dağıdılmış Abaran kəndinə gəlib çatdı. Onların hərəkətini izləyən 500 nəfərlik İrəvan dəstəsi əkin sahələrini və bir neçə kəndi yandıraraq döyüşsüz geri çəkildi. Düşmən qüvvələrinin yaxınlaşdığını eşidən Hüseynqulu xan 5000 qoşunla onları sərhəddə qarşılamağı qərara aldı. Sentyabrın 29-da Əştərək (Qarababa-E.Q.) kəndində irəvanlılarla rus qoşununun ön dəstəsi arasında döyüş baş verdi. Döyüşdə Hüseynqulu xan məğlub olaraq qoşunu ilə geri çəkildi. Səhəri günü rus qoşunu Eçmiədzinə döğru hərəkət edərək müqavimətsiz onu ələ keçirdi. Rus qoşununa rəğbət bəsləyən ermənilər onları təntənə ilə qarşıladı (105,243).

Rus qoşuni ilə ilk döyüşdə məğlub olan Hüseynqulu xan İrəvan qalasına çəkilmişdi. Lakin o, burada çox ləngimədi. Rus qoşunu gələnə qədər qardaşı Həsən xanı iki minlik İrəvan qoşunu və şahzadə tərəfindən burada saxlanmış bir dəstə şah qoşunu ilə qalada saxlayaraq, qalan qoşunla Gərni çayını keçərək Vedi dərəsinə çəkildi (105,244).

İki gün Eçmiədzində dincəldikdən sonra qraf Qudoviç yüksək rütbəli zabitləri, artilleriya hissələrini və ağır ərzaq arabalarını bir dəstə qarnizonla burada saxlayaraq, İrəvan qalasına doğru hərəkət etdi. Oktyabrın 3-də rus qoşunu Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı (307,244). İlk növbədə qraf Qudoviç qalanı döyüşsüz təslim etmək üçün komendant Həsən xana və sakinlərə hədə-qorxulu məktublar göndərməyə başladı. O, oktyabrın 4-də qala sakinlərinə bəyannamə göndərdi. Rus qoşunlarının baş komandanı bəyannamədə irəvanlıları müqavimətsiz təslim olmağa çağıraraq, özlərinin və əmlaklarının toxunulmazlığına söz verirdi. Müqavimət göstərəcəkləri halda isə onlara aman verilməyəcəyi ilə hədələyirdi. Qraf Qudoviç lovğalanaraq yazırdı: «İrəvan əhalisi! Siz İrəvan qalasının əvvəlki müvəffəqiyyətsiz mühasirəsindən ibrət götürməyin. Onda vəziyyət başqa idi, indi tamamilə başqadır. Onda qoşuna hərbi sahədə təcrübəsi olmayan gənc generallardan knyaz Sisianov başçılıq edirdi. İndi xoşbəxtəm ki, 30 ildən çox güclü rus qoşununu idarə edən mən, böyük imperatorun məğlubedilməz qoşununa burada komandanlıq edirəm. Bundan əlavə, əvvəlki İrəvan mühasirəsində müqayisəsiz çox az qoşun vardı, indi isə mənim o qədər qoşunum var ki, nəinki qalanı məhv edərəm, həm də bütün İrandan keçərəm» (327,237-238). Belə bir məktub oktyabrın 17-də qalanın komendantı Həsən xana da göndərilmişdi. Məktub həm hədələyici, həm də şirnikləndirici xarakter daşıyırdı. Qraf Qudoviç məktubda qala müdafiəçilərinin çıxılmaz vəziyyətdə olduğunu, rus qoşununun Hüseynqulu xanı məğlub etdiyini, onlara kömək gəlməyəcəyini bildirərək Həsən xandan qalanı təslim etməsini tələb edirdi. O, qalanın könüllü təslim olacaqı təqdirdə qarnizonun maneəsiz Arazın o tayına geri çəkilməsinə icazə verəcəyinə, əhalinin əmlak və mülkiyyətinə toxunulmayacağına söz verirdi və eyni zamanda xanı inandırmağa çalışırdı ki, guya qaçıb gizlənmiş bütün İrəvan əhalisi Rusiya imperiyasının təbəəliyinə keçmək istəyir. Daha sonra o, xanı şirnikləndirmək üçün yazırdı: «…Lakin siz hörmətli komendant, əgər qala qarnizonu ilə birlikdə İrana çəkilmək arzusunda olsanız sizə sərbəstlik veriləcək. Əgər qalmaq istəsəniz mən böyük imperatorun adından sizi hörmətlə bütün hüquq və əmlakı ilə İrəvan qalası və şəhərindən başqa bütün xanlığın hakimi təyin olunacağınıza söz verirəm» (276,240).

Lakin Həsən xanın noyabrın 21-də Qudoviçə göndərdiyi məktubunda onun yazdıqlarının yalan olduğunu bildirərək istehzalı tərzdə bildirirdi: «Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim etsəm, əvəzində İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa onda siz böyük İran hökmdarına qulluq etməyə razı olsanız əvəzində İrəvan, Təbriz və başqa çox şey alarsınız. … Siz yazırsınız ki, işi əhalinin qırılmasına gətirib catdırmayım. Bütün aləmə məlumdur ki, bunun səbəbkarı siz olacaqsınız… Sonra yazırsınız, bütün İrəvan əhalisi və Hüseyn ağa başda olmaqla kürdlər sizin yanınıza gəlib, çox yaxşı və çox əcəb. Onda bütün İrəvan əhalisi sizə təslim olmaqa razıdır. Əhalini idarə etmək üçün ona sahib olmaq lazımdır. Sonra yazırsınız ki, çoxlu qoşununuz var, kim hökmranlıq bacarırsa onun qoşunu çox olmalıdır və başqalarının da belə çox qoşunu var». Daha sonra xan məktubda qalanın güclü qarnizona və üç illik ərzaq ehtiyatına malik olduğunu yazaraq onu təslim etməyəcəyini bildirirdi (326,473).

Hüseynqulu xan geri çəkilərkən qoşunun sayı 2000 nəfərdən ibarət olmuşdu. O, İrəvandan 30 verst aralıda yerləşən Kiçik Vedi qalasında düşərgə salmışdı. Həmin vaxt gürcü şahzadəsi Aleksandr Mirzə də da burada idi (326,463). Xanın məqsədi kənardan qəfl hücumlarla rus qoşununu çaşbaş salmaqla, onların məqsədini qalanın mühasirəsindən yayındırmaq idi. Belə bir planın rus qoşunu üçün çox qorxulu olduğunu dərk edən Qudoviç general mayor Portnyagini bir dəstə qoşunla Hüseynqulu xanı təqib etməyə göndərdi. Lakin Hüseynqulu xan döyüşdən yayınaraq Arazın cənubuna çəkildi. (307,244).

İrəvanlıların təslim olmayacağını anlayan rus komandanlığı qala ətrafı strateji əhəmiyyətli nöqtələri tutmaq üçün qoşunu bir neçə dəstəyə böldü. Qraf Qudoviçin göstərişinə əsasən, oktyabrın 7-si gecə polkovnik Simonoviçin başçılığı ilə qoşunun bir hissəsi qalanın şimal tərəfində yerləşən Topbaşını, Borşovun dəstəsi Zəngi çayını keçərək qalanın cənub-qərbində yerləşən Maxtəpə kurqanını, mayor Buxvostovun dəstəsi isə qalanın cənub şərqində yerləşən, ətrafı bağlarla əhatə olunmuş Müxənnət kurqanını ələ keçirməli idi. Yerli əhalinin müqavimətinə baxmayaraq oktyabrın 9-u günortaya yaxın rus qoşunu əmri yerinə yetirə bildi. Qalanı mühasirəyə alan rus qoşunu onu bombardıman etməyə başladı (105,244-245; 305,296-297).

Araz çayının cənubuna çəkilən Hüseynqulu xan heç də sakit dayanmaq fikirində deyildi. O, dəstəsi ilə rus qoşununun diqqətini qaladan yayındırmaq üçün onlara qəflətən hücumlar təşkil etməkdə davam edirdi. Hətta xanın dəstəsi qalanın 10 vertliyinə qədər gəlib çatmışdı. Onun qoşunu rusların yem tədarük edən dəstələrini tez-tez narahat edirdi. Hüseynqulu xanın qəfl və ehtiyatlı hücumları rus qoşununu təngə gətirmişdi. Qraf Qudoviçin əmrinə əsasən, 15-ci yeger alayından 200 nəfər, dörd narva draqun eskadronu və 200 kazak dəstəsi podpolkovnik Podlutskinin başçılığı ilə Hüseynqulu xanın qoşununu təqib etməyə göndərildi. Onlara general-mayor knyaz Orbeliyaninin başçılığı ilə Kazak, Şəmşəddil və Pəmbəkdən olan azərbaycanlılardan ibərət dəstə də qoşulmuşdu. Oktyabrın 16-da səhər tezdən rus qoşunu qəflətən Gərni çayı sahilində yerləşən Avşar kəndində mövqe tutmuş Hüseynqulu xanın dəstəsinə və onunla birlikdə olan gürcü şahzadəsi Aleksandr Mirzənin başçılıq etdiyi 2000 nəfərlik şah qoşununa hücum etdi. Qəflətən yaxalanmış Hüseynqulu xan qoşunu ilə vaxtında aradan çıxaraq Arazın cənubuna çəkildi. Podpolkovnik Podlutskinin qraf Qudoviçə göndərdiyi məlumatda bildirirdi ki, bu döyüşdə xanın bütün düşərgəsi, özünün mindiyi atı və yüklə dolu 50-dən çox qatırı rus qoşunun əlinə keçmişdi. Döyüşdə xanın qoşunundan 30 nəfər ölmüş, 5 nəfərə yaxın adamı isə əsir düşmüşdü. (365,496). Lakin qraf Qudoviç Həsən xana göndərdiyi məktubda bu döyüşdə xanın qoşunundan çoxlu ölən olduğunu bildirərək, 60 qatır və 600 qiymətli yükdən ibarət qənimət ələ keçirildiyini yazırdı (276,239).

Hüseynqulu xanın məğlub olduqunu eşidən Fətəli şah Qacar Fərəculla xanın başçılığı ilə 5000 nəfərlik qoşunu irəvanlıların köməyinə göndərdi. Vəziyyət rus qoşunu üçün qorxulu xarakter almışdı. Qraf Qudoviç bu təhlükənin qarşısını almaq üçün general mayor Portnyagini əlavə qoşunla Podlutskinin dəstəsinə köməyə göndərdi. Qoşuna ümumi rəhbərlik etməyi Portnyaginə tapşırıldı. Lakin rus qoşunu İrəvan xanını açıq döyüşə cəlb edə bilmədi. Hüseynqulu xan rusların əsəbləri ilə oynayaraq hər dəfə açıq döyüşdən qaçırdı. Heç bir yerdə müqavimətə rast gəlməyən general mayor Portnyagin Arazın sol sahilinə keçərək Şadlı kəndində düşərgə saldı (105,245).

Burada general mayor Portnyaginə xəbər gəlir ki, general mayor Nebolsinin komandanlığı altında olan rus qoşunu artıq Naxçıvan xanlığının ərazisinə hücuma başlamışdı. Bu xəbəri eşidən Abbas Mirzə 12 top, 60 falkonetə malik 3 min piyada və 10 min süvari dəstədən ibarət qoşunla oraya tələsdi. 1808-ci ilin oktyabrın 28-də Naxçıvandan 18 verst aralıda yerləşən Qarababa kəndində polkovniklər Lisaneviçin və Kotlyarevskinin komandanlığı altında olan rus qoşununun ön dəstəsi ilə şahzadənin qoşunu arasında döyüş baş verdi. Bu döyüşdə şah qoşunu məğlubiyyətə uğrayaraq geri çəkildi. Noyabrın 1-də xanın oğlu Şıxəli bəyin köməkliyi ilə rus qoşunu döyüşsüz Naxçıvanı işğal etdi. Beləliklə, qraf Qudoviçin planının birinci hissəsi həyata keçdi (106,253; 150,216; 305,299-300).

Lakin İrəvan qalasının mühasirəsi davam edirdi. Hər tərəfdən mühasirəyə alınmış qala güclü top atəşinə məruz qalmışdı. Top atəşi nəticəsində iki qüllə sıradan çıxmış, qalanın divarlarına zərər toxunmuş və qalada yanğın baş vermişdi. Lakin buna baxmayaraq, irəvanlılar təslim olmaq niyyətində deyildi. Belə olduqda rus komandanlığı qalanı işğal etmək üçün son tədbirə əl atdı. Rus qoşunu Teymur bulaqdan qalaya çəkilmiş suyun qarşısını kəsməklə irəvanlıları susuzluqla təslim olmağa məcbur etmək istədi. Lakin irəvanlılar rusların bu niyyətini vaxtında başa düşərək güclü top atəşi altında itki vermələrinə baxmayaraq, gecə ikən suyu Zəngi çayından götürməyə nail oldular (105,246; 305,300).

İrəvanlıların inadkarlığını görən Qudoviç qala komendantı Həsən xanla yenidən danışıqlara başladı. Qraf məktubunda yenə də, əvvəlki şərtləri irəli sürür və qalanın təslim olunmasını tələb edirdi (280,249). Lakin bu cəhd də heç bir nəticə vermədi.

Birinci İrəvan döyüşündə olduğu kimi, güclü müqavimətə rast gələn və ərzaq çatışmazlığından əziyyət çəkən rus komandanlığı yerli əhalini yalan vədlərlə öz tərəfinə çəkməyə cəhd göstərdi. Qraf Qudoviç ilk əvvəl Vedi dərəsinin Şadlı əhalisinə müraciət etdi. Hüseynqulu xanın sığındığı həmin dərənin sakinləri xan məğlub olduqdan sonra bütün əmlakı ilə birlikdə Araz çayının cənubuna çəkilmişdi. Baş komandan oktyabrın 8 və 10-da yazdığı məktublarında rus qoşunlarının tezliklə İrəvan qalasını işğal edəcəyi ilə öyünərək, Vedi sakinlərinə əmlakları və mal-qarası ilə birlikdə geri qayıdaraq Rusiya dövlətinin himayəsinə keçməsi üçün müraciət etdi. Hətta o, tələsərək rus qoşununun ərzaq ehtiyatını təmin etmək üçün vedililərdən 500 xırda və 100 iribuynuzlu mal-qara tələb etmişdi (328,238; 275,239). Lakin vedililər onun bu məktublarına məhəl qoymadı. Bedililəri öz tərəfinə çəkmək cəhdinin boşa çıxdıqını görən qraf Qudoviç kürdlərin başçıları Hüseyn bəy və Abdulla bəylə danışıqlara başladı. Xanlığın ərazisində yaylaq-qışlaq həyatı keçirən kürdlər rus qoşununun hücumu nəticəsində özlərinin təhlükəsizliyi üçün Arazın cənubuna çəkilmişdi. Kürd başçılarına yazdığı məktublarda qraf Qudoviç rus qoşununun acınacaqlı vəziyyətini gizlədərək qələbələri ilə öyünür və onları Rusiya dövlətinin himayəsinə sığınmağa çağırırdı. Lakin bu cəhd də boşa çıxdı (277,247; 278,247-248; 279,248; 282,252).

Mühasirənin uzanması qala sakinlərinin vəziyyətini də günü-gündən çətinləşdirmişdi. Digər tərəfdən, Hüseynqulu xanın rus qoşunu tərəfindən Arazın cənubuna sıxışdırılması onların xaricdən kömək almaq ümüdünü boşa çıxartmışdı. İrəvan qalasını bu çətin vəziyyətdən çıxarmaq üçün şah hökuməti fransız agenti Lejarı qraf Qudoviçin yanına göndərdi. Lejar hücumu dayandırmaq və rus qoşununu İrəvan xanlığı ərazisindən çıxarmaq üçün qrafla danışıqlara başladı. Lakin rus komandanlığı şah hökumətinin bu təklifini rədd etdi. Beləliklə, fransız agentinin bu missiyası baş tutmadı (106,253).

İrəvan qalasını mühasirəyə alan rus qoşununun vəziyyəti də acınacaqlı idi. Havaların soyuması, ərzaq ehtiyatının tükənməsi və irəvanlıların güclü müqaviməti qraf Qudoviçi son dəfə qalaya irimiqyaslı hücuma keçməyə məcbur etdi. Bu hücum noyabrın 17–si saat 5-ə planlaşdırılmışdı. Baş komandanlıq qoşunu beş dəstəyə bölmüşdü. Dörd dəstə müxtəlif istiqamətlərdən qalaya qəflətən hücum etməli, Qudoviçin özünün rəhbərlik etdiyi beşinci dəstə isə ehtiyatda dayanmalı idi. Bu hücuma 4645 nəfər rus qoşunu cəlb olunmuşdu (106,253-256). Lakin qala müdafiəçiləri rus qoşununun bu planının qarşısını vaxtında ala bildilər. Hücuma keçən rus qoşununu güclü top atəşi ilə qarşılayan irəvanlılar onlara xeyli itki verərək geri çəkilməyə məcbur etdi. Rusların qalaya daxil olmaq üçün düzəltdikləri nərdivanlar da onların işinə yaramadı. Rus qoşununun güclü itki verdiyini görən qraf Qudoviç hücumu dayandırdı. Bu əməliyyat rus qoşunu üçün biabırçılıqla sona çatdı. Təkcə bu hücum zamanı rus qoşunundan 17 zabit və 269 əsgər olmüş, 64 zabit və 829 əsgər isə yaralanmışdı (106,256). P.Butkov isə bu əməliyyat zamanı rus qoşununun 1000 nəfərə yaxın itki verdiyini qeyd etmişdi (84, c.3,səh.390). Hücumun boşa çıxması rusları ruhdan salmışdı. Çıxılmaz vəziyyətdə qalan Qudoviç İrəvandan geri çəkilməyə məcbur oldu. Noyabrın 30-da səhər tezdən rus qoşunu İrəvanın mühasirəsindən əl çəkərək geri qayıtdı. Qraf Qudoviç geri çəkilərkən general mayor Nebolsinə Naxçıvandan Gəncəyə geri çəkilməsi haqqında göstəriş verdi. Dekabrın 1-də Naxçıvanda möhkəmlənən rus qoşunu da Naxçıvanı tərk etdi (305,304-305). Beləliklə, ikinci İrəvan yürüşü də rus qoşunu üçün müvəffəqiyyətsizliklə başa çatdı.


İkinci İrəvan döyüşündən sonra baş verən hadisələr və Gülüstan sülh müqaviləsi

İkinci İrəvan yürüşündə rus qoşunlarının biyabırçı məğlubiyyəti qraf Qudoviçin baş komandan vəzifəsindən istefa verməsinə səbəb oldu. 1809-cu ilin fevralın 14-də çarın fərmanına əsasən, general A.P.Tormosov baş komandan təyin olundu (76,191; 306,1-2). Yeni baş komandan bu vəzifəyə başlayan kimi, vəziyyəti düzgün qiymətləndirərək sələfinin hücum taktikasından imtina etdi. Eyni zamanda iki dövlətlə- həm Osmanlı, həm də Qacar dövlətləri ilə müharibənin rus qoşunu üçün ağır olacağını dərk edərək şah hökumətilə danışıqlara başladı. 1809-cu il iyunun 27-də danışıqlar aparmaq üçün podpolkovnik baron Vrede xüsusi məktubla Təbrizə göndərildi. Məktubda Rusiya tərəfi yenə də, sərhəddin Kür, Araz və Arpaçay çayları boyunca keçməsi şərtilə sülh bağlamağa hazır olduğunu bildirirdi (287,686-687). Lakin Qacar İran dövləti nəinki bu təkliflə razılaşmadı, eyni zamanda Kartli-Kaxetiyanın da ona məxsus olduğunu bir daha bəyan etdi.

Məğlub durumda olmasına baxmayaraq, şah hökuməti müharibəni davam etdirmək əzmində idi. 1809-cu ilin martında İngiltərə-Qacar dövləti arasında bağlanan müqavilənin şərtlərinə görə, ingilislər Rusiyaya qarşı müharibədə şaha maliyyə cəhətdən kömək etməyi öhdəsinə götürmüşdü (163,133). İki ölkə arasında gedən danışıqlara ingilislərin mane olmasına rus komandanlığı da başa düşürdü. General A.P.Tormasovun yazdığına görə, «buna səbəb İngiltərə dövlətinin şah hökumətinə göstərdiyi güclü maliyyə dəstəyi idi. Buna görə də, şah qoşunu bu il də müharibəni davam etdirərək, Gürcüstanın ətrafındada yerləşən bütün qonşuları bizim qoşununmuza qarşı qaldırmaqa cəhd edirdi» (213,693).

Rus qoşunlarının Cənubi Qafqazda müvəffəqiyyəti Qacar İran dövlətini buraya əlavə qüvvələrin göndərməsinə səbəb oldu. 1809-cu ilin iyul ayında şahın əmrinə əsasən, şah qoşunu rus qoşunlarına müxtəlif istiqamətlərdən hücum etmək üçün üç dəstəyə bölünmüşdü. Birinci dəstə Abbas Mirzənin komandanlığı altında Qarabağ istiqamətində hücum etməli idi. İkinci dəstəyə şahın böyük oğlu Məhəmmədəli xan rəhbərlik edirdi. Onun dəstəsi İrəvan xanlıqı ərazisindən keçməklə Pəmbək və Şuragöldə yerləşən rus qarnizonlarına hücum etməli idi. Şahın özünün başçılıq etdiyi üçüncü dəstə isə Göycə gölü ətrafından keçərək Gəncə xanlığı istiqamətindən Şəmşəddil və Qazaxa yürüşə başlamalı idi. Hərbi əməliyyatlarda osmanlı paşaları da öz qoşunu ilə birlikdə çıxış etməli idi. Bu məqsədlə Bəyazid və Ərzurum ətrafında on minə qədər qoşun toplanmışdı. İki tərəfdən rus qoşununa hücum planı ingilis diplomatı Harfort Consa məxsus idi (317,689-690; 306, 4-5).

Bu hərbi kompaniyada İrəvan xanlığının Qacar dövləti üçün özünəməxsus yeri vardı. Xanlığın nəinki hərbi meydan kimi, eyni zamanda şah qoşununu əlavə qüvvələrlə və ərzaqla təmin edilməsində əhəmiyyəti misilsiz idi. Bacarıqlı dövlət xadimi, sərkərdə olan Hüseynqulu xan və qardaşı Həsən xan şah qoşunu ilə birləşərək rusların sərhəd məntəqələrinə qəflətən hücumlar təşkil edərək, onlara böyük itkilər verirdi. 1809-cu il iyunun axırlarında şahın böyük oğlu Məhəmmədəli xanın başçılığı ilə 15.000 Qacar qoşunu İrəvana gəldi. Bu qoşunun məqsədi irəvanlılarla birləşərək Pəmbək və Şuragöldə yerləşən rus sərhəd məntəqələrinə hücum etmək idi. İrəvanda bu qoşun üçün 1000 xalvar, digər xanlıqlardan isə 7000 xalvar ərzaq tədarük edilmişdi. Bundan əlavə, Hüseynqulu xan xanlığın taxıl ehtiyatını qorumaq üçün onun qonşu dövlətlərə satışını qadağan etmişdi. O, əhali arasında yayılan xəstəliyi bəhanə gətirərək rusların nəzarəti altında olan Şuragöl əyalətinə taxıl ixracını dayandırdi (366,779).

1809-cu il iyulun 16-da İsmayıl bəy Damqanlının başçılığı ilə şah qoşununun üç minlik ön dəstəsi Hamamlı və Bəykəndi yaşayış məntəqəsində yerləşən rus qarnizonlarına hücuma keçdi. Lakin bu hücum rus dəstəsi tərəfindən dəf edildi və məğlub olan şah qoşunu geri çəkilməyə məcbur oldu. Məğlubiyyətə baxmayaraq, İrəvan istiqamətində yürüşlər davam etdirilirdi. İyulun 21-də şah qoşunu Nağı bəyin başçılıq etdiyi İrəvan qoşunu ilə birləşərək yenidən Pəmbək və Şuragöl ərazilərinə hücuma keçdi. Lakin bu hücum da baş tutmadı (76,191-192).

Ön dəstənin məğlubiyyətini görən şahzadə İrəvan süvarilərinin də iştirak etdiyi əsas qüvvələrlə iyulun 22 və 23-də üç istiqamətdə Pəmbək və Şuragöldə yerləşən rus məntəqələrinə irimiqyaslı hücum təşkil etdi. Lakin rus komandanlığı müdafiəyə vaxtında hazırlaşa bilmişdi. Şah qoşununa qarşı general mayor Portnyaginin rəhbərliyi altında güclü qoşun çıxarıldı. Görülmüş tədbirlər nəticəsində rus qoşunu hücumun qarşısını ala bildi və hətta əks hücuma keçdi. Lakin general mayor Portnyagin bir neçə dəfə şah qoşununa hücum təşkil etsə də, onlar açıq döyüşə girməkdən çəkindi. Məğlub olmuş şah qoşunu İrəvanda yerləşən Abaran düzündə düşərgə saldı. Ruslar isə İrəvan xanlığına yaxın sərhəddə güclü dəstələr yerləşdirməklə kifayətləndi (213,693; 306,8).

Şahzadə Abbas Mirzənin Gəncə xanlıqına hucumu da baş tutmadı və İrəvana çəkilməyə məcbur oldu (306,10). Beləliklə, 1809-cu il hərbi kompaniyası şah hökuməti üçün uğursuzluğa düçar oldu.

Məğlubiyyətə baxmayaraq, Hüseynqulu xanın dəstələri tez-tez rus qoşununun işğalı altında olan ərazilərə hücumlar təşkil edirdi. Onun göstərişinə əsasən 1810-cu il iyunun əvvəllərində Nağı bəyin başçılığı altında iki minlik İrəvan qoşunu Qazax sultanlığına göndərildi. Bu yürüşdə İrəvan qoşunu çoxlu xırda və iribuynuzlu mal-qara və atlar qənimət ələ keçirməyə nail oldu. Lakin irəvanlılar bu qələbədən faydalana bilmədi. Belə ki, Qazax süvarilərinin köməyi ilə mayor Corayevin başçılığı altında bir dəstə rus qoşunu yolda ikən irəvanlılara hücum edərək qənimətin böyük əksəriyyətini geri qaytarmağa nail oldu. Qəflətən hücuma məruz qalan irəvanlılar bu toqquşmada Nağı bəyin qardaşı Həsən ağa ilə birlikdə 40 nəfərə qədər adam itirmiş, 1 nəfər isə əsir düşmüşdü (320,478; 367,496).

Qazax yürüşündən geri qayıdan Nağı bəy tezliklə, Hüseynqulu xandan Pəmbək və Şuragölə hücum etmək üçün yeni göstəriş aldı. Lakin İrəvanda naməlum səbəbdən ərzaq ambarı və artilleriyanın yerləşdiyi saray yandığına görə bu hücum baş tutmamışdı (367,496).

Lakin şimal istiqamətində yürüşlər davam edirdi. Abaranda toplaşmış üç minlik İrəvan qoşunu Həsən xanın və Nağı bəyin başçılığı ilə Şuragölün Qarakilsə kəndində yerləşən rus qarnizonuna hücum etdi. Bu əməliyyatda çoxlu mal-qara qənimət ələ keçirən irəvanlılar geri dönərək Qara bəyə və Hüseyn ağaya məxsus Maqizberd kəndində düşərgə saldı. Bundan xəbər tutan rus komandanlığı 1 topa malik 200 piyada tiflis alayını, podpolkovnik Boqaçevin başçılığı ilə 100 nəfərlik kazak alayını, Budaq Sultanın və oğlu Hamonun başçılığı altında olan Şuragöl dəstələri ilə birlikdə onlara qarşı göndərdi. Qəflətən yaxalanmış İrəvan qoşunu əldə etdikləri qəniməti ataraq geri çəkildi. Onların şuragöllülərdən ələ keçirdiyi 1000 baş qoyun, 500 davar geri qaytarıldı. Bu mal-qaranın bir hissəsi rus qoşununa paylandı, 250 baş Budaq Sultana, 250 baş isə əhaliyə qaytarıldı (367,496; 368,496-497).

İrəvan xanlığı ərazisindən bir başa hücumun boşa çıxdığını görən Qacar İran dövləti hücumun istiqamətini dəyişərək Osmanlı Türkiyəsi ərazisindən keçməklə Pəmbək və Şuragölə hücum etməyi planlaşdırdı. Bu yürüşdə şah hökuməti iki məqsəd güdürdü: birinci, Qars, Bəyazid və Axalsıq paşalıqlarından hərbi kömək almaq; ikinci, rus qoşununa qarşı üsyan qaldırmış İmeretiya hakimi Solomona kömək etmək (371,725; 306,171).

Rus qoşununa qarşı bütün qüvvələr İrəvan xanlığı ərazisində- Abaran düzündə düşərgə salmışdı. Qoşun iki dəstəyə ayrılmışdı. Səkkiz minlik süvaridən ibarət olan birinci dəstəyə İrəvan xanı Hüseynqulu xan rəhbərlik edirdi. Şahın böyük oğlu Məhəmmədəli xanın rəhbərlik etdiyi ikinci dəstə isə 10.000 nəfərdən ibarət idi. Lakin şah hökumətinin planlarından xəbərdar olan rus komandanlığı bu yürüşü qabaqlamağı qərara aldı. Həmin vaxt Pəmbək və Şuragöldə yerləşən rus qoşunlarının sayı isə 18 topu olan 3889 nəfərə çatırdı (369,724; 306,192). Bütün qoşuna general mayor Portnyagin rəhbərlik edirdi. Baş komandan A.P.Tormasov şah qoşununun irimiqyaslı hücumunun qarşısını almaq üçün general mayor Portnyaginə birbaşa Abarana hücum etməyi əmr etdi. Lakin Portnyagin qüvvələrin qeyri-bərabərliyini nəzərə alaraq buna cəsarət etmədi (306,192-193).

1810-cu il avqustun əvvəllərində İrəvan xanı Hüseynqulu xan 5.000 qoşunla Osmanlı sərhəddinə doğru hərəkət etdi. Bu əməliyyatda gürcü şahzadəsi Aleksandr Mirzə də iştirak edirdi. Maqziberd kəndində iki minlik kürd və Qara bəyin başçılığı ilə iki yüz qarapapaq dəstəsi ona qoşuldu. Birləşmiş qüvvələr avqustun 11-də Qarsdan 20 verst aralı, Zərişad deyilən yerdə düşərgə saldı. Vədləşdikləri kimi, burada Hüseynqulu xanın dəstəsinə Qars, Bəyazid və Axalsıx paşalıqlarının qoşunları qoşulmalı idi. Lakin xan gözlənilən köməyi ala bilmədi. Burada bir neçə gün qaldıqdan sonra avqustun ortalarında onun dəstəsi Axalsıx qalasına doğru hərəkət edərək, onun yaxınlığında düşərgə saldı. Bu xəbəri eşidən general mayor Portnyagin Şuragölü hücumdan qorumaq üçün 4 topa malik 140 draqun dəstəsi, 400 nəfərdən ibarət saratov atıcı alayı, 100 kazak və qazaxlılardan ibarət azarbaycanlı süvari dəstəsi ilə Hamamlıdan hərəkət edərək Pəmbəklə Gümrü arasında mövqe tutdu. Lakin onun dəstəsi burada çox qala bilmədi. Hüseynqulu xanın İmeretiya çarı Solomona kömək üçün qoşun göndərəcəyini eşidən general mayor Portnyagin Pəmbəyi qorumağı polkovnik knyaz Urakova tapşıraraq öz dəstəsilə Arpa çayını keçərək yenidən Hamamlıya qayıdır (371,725; 372,736; 306,194-195).

Bu yerdəyişmədən Qacar komandanlığı istifadə etmək fikirinə düşdü. 1810-cu il avqustun axırlarında Abbas Mirzə 15 topa malik 15 minlik qoşunla Naxçıvandan İrəvana gəldi (372,736). Osmanlı paşalarını ruhlandırmaq və rusların diqqətini Hüseynqulu xanın qoşunundan yayındırmaq üçün şahzadənin əmrinə əsasən, Abaranda dayanmış Məhəmmədəli xanın dəstəsi Pəmbəyə hücum etdi. Lakin knyaz Urakovun dəstəsi bu hücumun qarşısını ala bildi. Məğlub edilmiş şah qoşunu bir neçə taxıl zəmisini məhv edərək, çoxlu mal-qara qənimət ələ keçirərək yenidən Abaran düzünə qayıdır. General mayor Portnyagin öz dəstəsilə rus qoşununa köməyə gələndə, artıq şah qoşunu bu yerləri tərk etmişdi (374,738; 306,202).

Lakin Hüseynqulu xan rus komandanlığını narahat edirdi və onun hər bir hərəkəti daima izlənilirdi. İrəvan xanı osmanlı paşalarından kömək ala bilməsə də, ruslar onun şah qoşunundan əlavə kömək almaqla daha da güclənəyəcəyindən ehtiyat edirdi. Rus komandanlığı bunun qarşısını almaq üçün oraya qoşun göndərməyi qərara aldı. Markiz Pauluççinin rəhbərliyi altında 9 və 15-ci yeger alaylarından ibarət 5 topu olan iki batalion, 200 piyada kazak dəstəsi, 100 kazak və 50 azərbaycanlı süvarisi ilə Axalsıxa göndərildi (373,737; 306,195-196).

Sentyabrın 1-də markiz Pauluççu dəstəsi ilə Dmanisidən hərəkət edərək sentyabrın 3-də Axalsıx qalasından 26 verst aralı Qansu deyilən yerdə düşərgə saldı. O, tezliklə məlumat alır ki, Hüseynqulu xan buranı tərk etmək niyyətindədir. Buna imkan verməmək üçün rus qoşunu sentyabrın 5-i gündüz saat 5-də Qansudan Axalsıxa doğru hərəkət etdi. Sentyabrın 6-sı gecə saat 3-də polkovniklər Lisaneviçin və Peçerskinin başçılığı ilə iki dəstəyə bölünmüş rus qoşunu qəflətən Hüseynqulu xanın qoşununun yerləşdiyi düşərgəyə hücuma keçir. Yuxuda ikən yaxalanmış birləşmiş qoşunlar bu hücumdan özünü itirdi. Hüseynqulu xan və gürcü şahzadəsi Aleksandr Mirzə qaranlıqdan istifadə edərək aradan çıxa bildi. Özünü itirmiş qoşunun bəzisi öldürüldü, bəzisi isə güclə qaçaraq canını qurtardı. Lakin səhər açılanda məlum olur ki, rus qoşununun özünün vəziyyəti daha qorxuludur. Çünki gecə hücumundan qaçan qoşun bir yerə toplaşmağa başlamışdı. Onların niyyəti geri qayıdıb rus qoşununa hücum etmək idi. Digər tərəfdən, Axalsıx qalasından atılan top atəşləri də rus qoşununa təlafat verirdi. Buna görə də, markiz Pauliççi dəstəsi ilə Axalsıx qalasından 10 verst aralıda olan Qurma körpüyə doğru geri çəkilməli oldu. Bu döyüşdə Hüseynqulu xanın dəstəsindən 700 nəfər öldürülmüş, minə qədər at və saysız hesabsız silah, 4 bayraq ruslar tərəfindən qənimət ələ keçirildi. Rus qoşunundan isə 4 nəfər öldürülmüş, 17 nəfər isə yaralanmışdı (373,736-737; 306,197-199).

Osmalı ərazisidən keçməklə Pəmbək və Şuragölə hücum planı boşa çıxdıqdan sora Hüseynqulu xan Abbas Mirzənin qorxusundan İrəvana qayıtmağa ehtiyat etdi. O, dəstəsilə Arpaçayın Araza töküldüyü yerdə yerləşən Hacı Bayramlı kəndində düşərgə saldı. Hüseynqulu xan buradan Koroğlu qalasına getmək niyyətində idi (375,743-744; 41,76).

Bu vaxt Hamamlı döyüşündə məğlub olan şah qoşunu Abbas Mirzənin komandanlığı altında İrəvanda mövqe tutmuşdu. Şahzadə qardaşı Məmmədəli xana qışı burada gözləməyə təklif etsə də, o bununla razılaşmır və qoşunu ilə Arazın cənubuna çəkildi. Abbas Mirzə isə rus qoşununun başsız qalmış İrəvana hücum edəcəyindən ehtiyat edərək bir müddət burada qalmalı oldu. O, burada mövqe tutmasından istifadə edərək müdafiə tədbirlərinə başladı. Şahzadə ingilis mühəndislərinin köməyi ilə İrəvan qalasının müdafiəsini möhkəmlədirdi. Qalanın müdafiəsi üçün 5.000 qoşun saxladı. Hətta onların ərzaq tədarükü ilə də məşğul oldu (376,744). Bundan əlavə, Abbas Mirzə ehtiyat tədbirlərinə əl atdı. O, ingilis mühəndislərinin təhriki ilə İrəvana hücum edərkən qus qoşunlarının sığındıqları Eçmiədzin kilsəsinin ətraf hasarlarının sökülməsini əmr etdi. Hasarın böyük hissəsi şah qoşunu tərəfindən dağıdıldı. Lakin qışın yaxılaşmasi, rus qoşunlarının İrəvana hücum etməyəcəyınə əmin olan şahzadə burada qalmağı məsləhət bilmədi (375,743-744). O, İrəvanı tərk etməmişdən əvvəl, Hacı Bayramlı kəndində dayanmış Hüseynqulu xana geri qayıtmasına icazə verdi. Ona üç dəfə xəbər yollandıqdan sonra xan İrəvana qayıtmışdı (376,744).

Şah qoşunları cənub istiqamətində geri çəkilsə də, İrəvan xanı rus qoşununa qarşı mübarizəni davam etdirdi. Hüseynqulu xan İrəvana qayıtdıqdan sonra da, osmanlı paşaları ilə birlikdə Şuragölə və Pəmbəyə hücum planından əl çəkmədi. O, tezliklə, Ərzurum hakimi Emin paşa ilə əlaqə yarada bildi. Hücum planını müzakirə etmək üçün onlar arasında görüş təyin edildi. Bu görüş 1811-ci il avqustun 30-da Arpaçayın sağ sahilində yerləşən Maqizberd qalasının yaxınlığında olmalı idi. Lakin Emin paşa buraya yaxınlaşarkən sui-qəsd nəticəsində öldürüldüyündən görüş baş tutmadı. Nəticədə Hüseynqulu xan əliboş İrəvana qayıdır (306,289).

Şah qoşunlarının Gəncə, Qarabağ və Şirvana hücumları da heç bir nəticə vermədi. Qacar qoşunları ilk dövrdə ayrı-ayrı cəbhələrdə müvəffəqiyyət qazansa da, sonradan rus qoşunun təzyiqləri nəticəsində geri çəkilməyə məcbur olmuşdu. Məğlubiyyətə məruz qalan şah hökuməti artıq nüfuz dairəsində olan əraziləri əldə saxlamağa cəhd edirdi. Belə ərazilərdən biri İrəvan xanlığı idi. Hüseynqulu xan başda olmaqla İrəvan qoşunlarının və eyni zamanda İrəvan xanlığının ərazisindən istifadə edərək şah qoşunlarının tez-tez rus dəstələrinin yerləşdiyi sərhəd məntəqələrinə hücumu rus komandanlığının əks tədbirlər görməsinə səbəb oldu. 1811-ci ilin payızında rus komandanlığı İrəvana gizli ekspedisiya göndərməyi qərara aldı. Ekspedisiyanın göndərilməsinin bir neçə səbəbi var idi. Birincisi, şah qoşunlarının Qarabağ, Şəki, Şirvana olan hücumlardan yayındırmaq və onların bütün diqqətini İrəvan qalasının müdafiəsinə yönəltmək; ikincisi, İrəvan əhalisini qarətçi və dağıdıcı yürüşlə qorxudmaqla müqavimətini zəiflətmək idi. Rus komandanlığının verdiyi əmrə görə, rus qoşunu İrəvan kəndlərini dağıtmalı, əhalinin bir hissəsini qıraraq əmlakını və mal-qarasını qarət etməli, digər hissəsini isə Kartli-Kaxetiya ərazisinə köçürməli idi. 1811-ci il oktyabrın 27-də baş komandan markiz Pauliççi (1811-ci ilin sentyabrı-1812-ci il fevralı) general mayor Lisaneviçə bu haqda yazırdı: «… Xüsusən bu ekspedisiyanı sizə həvalə edirəm ki, imkan daxilində dağıntı törətməklə əhali arasında dəhşətli qorxu yaratmağa cəhd edəsiniz və bu irəvanlıların yaddaşında uzun müddət qalsın. Ən çox da nə qədər mümkündürsə daha çox ailə əsir götürmək və mənim fikirimcə səyyar ərzaq anbarı yaratmaq üçün lazım olan heç olmasa 4 min mal-qara ələ keçirməyə cəhd edəsiniz. Bundan başqa, irəvanlılardan pul təzminatı almağı yaddan çıxarmayın» (321,120). Bundan əlavə, Lisaneviçə İrəvan xanı ilə gizli sülh danışıqları aparmaq üçün səlahiyyət də verilmişdi. Ona tapşırılmışdı ki, əgər xan Rusiya dövlətinin təbəəliyini qəbul edərsə və İrəvan qalasında rus qoşununu yerləşdirilməsinə razılaşarsa onunla gizli əlaqə yaratsın (321,120; 322,121).

1811-ci il noyabrın əvvəllərində general mayor Lisaneviçin başçılığı altında 4 batalyon və 200 süvaridən ibarət rus qoşunu yürüşə başladı. Yürüş gizli həyata keçirilməsinə baxmayaraq, irəvanlılar bundan vaxtında xəbər tuta bildi. Bu xəbər əhali arasında bərk vahimə yaratdı. Yerli əhalinin bir hissəsi kəndlərini buraxaraq əlçatmaz dağlara sığındı, bir hissəsi isə Arazın cənubuna çəkildi. Rus qoşunu heç bir maneəyə rast gəlmədən 10 gündən sonra Abarana gəlib çatdı. Yerli İrəvan qoşunu Qarasu çayı sahilində rus qoşunu ilə kiçik toqquşmadan sonra qalaya çəkildi. Lakin general mayor Lisaneviç yürüşü davam etdirə bilmədi. Şah qoşununun və eyni zamanda Hüseynqulu xanın dəstəsinin açıq döyüşdən qaçması general mayor Lisaneviçi ehtiyatlı olmağa məcbur etdi. Digər tərəfdən, Hüseynqulu xan vaxt qazanmaq və xanlığı rus qoşunlarının qarətindən qurtarmaq üçün general mayor Lisaneviçin yanına sülh xahişi ilə adam göndərdi. Lakin qışın yaxınlaşması, yolların qarla örtülməsi, digər tərəfdən irəvanlıların güclü müqaviməti rus qoşununun geri qayıtmasına səbəb oldu. Bu yürüşdə İrəvan qoşunundan xeyli adam ölmüş və 17 nəfər əsir götürülmüşdü. Əhalinin 2 minə qədər iri və xırda buynuzlu mal-qarası qarət olunmuşdu. Bundan əlavə, rus qoşunu tərəfindən çoxlu pambıq parça, duz, düyü və digər kəndli məmulatları ələ keçirilmişdi. Rus qoşunundan da ölənlər var idi (214,121-122; 321,120).

Rus qoşununun İrəvan xanlığına hücum etməklə əhali arasında vahimə yaratmaq istəyi heç bir nəticə vermədi. Çox keçmir ki, Hüseynqulu xan Şuragölə iki dəstə göndərdi. 1500 nəfərdən ibarət birinci dəstə 1812-ci il oktyabrın 6-sı səhər saat 8-də Bəykəndinə hücum etdi. Bu dəstənin məqsədi burada yerləşən rus məntəqəsinə hücum etməklə bərabər, tarlalarda işləyən əhalini əsir olmaq və mal-qaranı sürüb aparmaq idi. Lakin bundan vaxtında xəbər tutan Bəykəndində yerləşən tiflis piyada alayının mayoru Filipoviçin başçılığı ilə rus qoşunu bu hücumun qarşısını ala bildi. Güclü atəşlə qarşılanan İrəvan qoşunu 20 nəfər itki verərək geriyə çəkildi (378,676).

500 nəfərdən ibarət ikinci dəstə isə rus qoşunun at sürüsünün və yerli əhalinin mal-qarasının örüş yeri olan Hamamlıq yaxınlığında yerləşən dərəyə hücum etdi. Sonra həmin dəstə Saraylı dağında gizlənərək, günorta Hamamlıdan Qarakilsəyə ərzaq dalınca gedən rus dəstəsinə qəflətən hücum etdi. Lakin top atəşi nəticəsində onlar geriyə çəkildi. Bu hücumda irəvanlılar 5 nəfər itki verdi. İrəvan qoşunun tez-tez hücumlarından ehtiyat edən rus komandanlığı Şuragöl və Pəmbəkdə yerləşən rus qoşununu əlavə 1000 nəfər dəstə göndərməklə möhkəmləndirdi (378,676).

Bir neçə gündən sonra şah qoşunu üç tərəfdən Şuragöl və Pəmbəyə yenidən hücuma keçdi. Lakin bu hücum da general mayor Lisaneviçin komandanlığı altında rus qoşunu tərəfindən dəf edildi (380,678).

İrəvan qoşunu ayrı-ayrı istiqamətlərdə hücumlarnı davam etdirirdi. 1812-ci il oktyabrın 8-də bir dəstə İrəvan qoşunu Dilican dərəsindən keçərək Borçalı ərazisində yerləşən Mərsı kəndinə hücum etdi. Bir çox ailə əsir edildi və xeyli mal-qara ələ keçirildi. Bundan xəbər tutan general mayor Lisaneviç İrəvan qoşununu təqib edərək, yerli qazax və borçalıların köməyi ilə Qəmzəçəməndən keçərək Dilican dərəsində onlara çatdı. Döyüş nəticəsində irəvanlılar məğlub oldu və əldə olunmuş bütün əsir və qənimətlər isə geri qaytarıldı (379,677).

İrəvanlıların tez-tez rus sərhəd məntəqələrinə hücum etməsi rus komandanlığını yenidən əks tədbirlər görməsinə səbəb oldu. 1813-cü ilin martında 6 topa malik xeyli rus qoşunu polkovnik Pestelin başçılığı ilə İrəvan xanlığı ərazisinə hücuma keçdi. Bu hücum zamanı xanlığın ərazisinə xeyli ziyan dəydi. Lakin irəvanlıların güclü müqavimətini görən rus qoşunu geri çəkilməyə məcbur oldu (326,616).

Şah hökumətinin yerli xanlarla birləşərək rus qoşununu Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planı boşa çıxdı. Rusiya 1812-ci il mayın 16-da Buxarestdə Osmanlı Türkiyəsilə sülh müqaviləsi bağladıqdan sonra əsas diqqətini Cənubi Qafqaza yönəltdi (161,137-138). Bölgədə üstünlüyü ələ keçirən rus qoşununun zərbələri altında Qacar qoşunu cənuba doğru sıxışdırıldı. 1812-ci il oktyabrın 19-20 günü baş vermiş Aslandüz döyüşü rus qoşunlarının cənuba doğru yolunu açdı (306,465-467). Məğlubiyyətə baxmayaraq, Qacar İran dövləti itirilmiş torpaqların geri qaytarılmasına ümid edirdi. Vaxt qazanmaq üçün şah hökuməti rus komandanlığı ilə sülh danışıqlarına hazır olduğunu bildirdi. Bu danışıqlarda İrəvan xanı xüsusilə fəal idi. Şahın göstərişi ilə Hüseynqulu xan general Rtişşevə sülh xahişi ilə müraciət etmişdi. Hətta o, bu işə erməni katolikosu Yefremi də qoşmuşdu. 1812-ci ilin noyabrında Hüseynqulu xan rus qoşunlarının baş komandanı Rtişşevə (1812-ci ilin fevralı-1816) yazdığı məktubda əsirlərin dəyişdirilməsi, ticarət karvanlarının maneəsiz gediş-gəlişi şərtilə sülh danışıqlarının başlanmasını təklif etdi. Lakin rus komandanlığı Hüseynqulu xanın şah hökuməti tərəfindən sülh danışıqlarında səlahiyyətli nümayəndə təyin edilməsinə şübhə ilə yanaşırdı. Ona görə də, İrəvan xanı general Rtişşevi inandırmaq üçün ona bir neçə dəfə məktubla müraciət etmişdi. Hüseynqulu xan eyni zamanda şah sarayı ilə də əlaqə yaradırdı. Şahın səfiri Məhəmməd Vəli bəy bu məqsədlə həm İrəvanda, həm də Tiflisdə olmuşdu (289,546; 290,547; 291,548; 292,548; 293,548-549). Lakin danışıqlar heç bir nəticə vermədi.

1813-cü il yanvarın 1-də Lənkəranda baş vermiş döyüş bu xanlığın işğalı ilə nəticələndi (306,487-491; 161,148). Bu hadisədən sonra rus qoşunlarının cənuba doğru irəliləməsindən qorxan ingilis diplomatları şahı sülh danışıqlarına başlamağa məcbur etdi. 1813-cü il yanvarın axırlarında şahın nümayəndəsi Mirzə Şəfi Qacar İran dövlətinin sülh danışıqlarına hazır olduğunu bəyan etdi. Uzun danışıqlardan sonra 1813-cü il sentyabrın 27-də Qarabağ xanlığı ərazisində, Zeyvə çayı sahilində yerləşən Gülüstan kəndində Qacar dövləti ilə Rusiya arasında sülh danışıqları başladı. Danışıqlarda şah hökuməti Mirzə Əbdül Həsən xan Şirazlı başda olmaqla 354 nəfərlə təmsil olunmuşdu. Rusiya hökuməti tərəfindən isə baş komandan Rtişşev bir qrup nümayəndə ilə iştirak edirdi. İki həftədən bir qədər çox davam edən danışıqlardan sonra oktyabrın 12-də Gülüstanda sülh müqaviləsi bağlandı (419,208-214; 108,736; 143,739-747; 306,506-508; 163,135). Bu müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqlarından başqa bütün Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının ərazisinə daxil edilirdi. Lakin İrəvan xanlığı müstəqil olsa da, onun bəzi əraziləri-Pəmbək, Şuragöl və vaxtilə Qarabağ xanlığı tərəfindən işğal edilmiş Göyçə gölünün şimal-şərq sahilləri Rusiyaya ilhaq edildi (306,507).


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin