HÜQUQ TƏRBİYƏSİ
Hüquq tərbiyəsi şəxsiyyətin hərtərəfli inkişafı, formalaşması şərtlərindən biri hesab edilir. Digər
tərəfdən mövcud qanunçuluğun möhkəmləndirilməsi özü kütlələrin hüquqi bilik və münasibətlərə
yiyələnməsini tələb edir. İnsan yarandığı gündən müəyyən cəmiyyətin üzvü olur. Bu cəmiyyətdə cəmiyyətin
digər üzvləri kimi onun həyatı müxtəlif cəhətlərdən tənzim olunur. Hüquqi qaydalar da insanın həyat və
fəaliyətini dövlət mövqeyi baxımından tənzim edir. Hüquq qaydaları mövcud inzibati dövlət orqanları
tərəfindən müəyyən edilir. Bütün cəmiyyət üzvlərinin tutduğu mövqe və vəzifəsindən asılı olmayaraq həmin
qanunlara riayət etməsi məcburidir. Deməli, dövlətin hər şəxs qarşısına qoyduğu məcburi tələblərdən biri
hüquqi qanunlara riayət etməkdir. Bunun üçün isə hər bir vətəndaş icra etməli olduqları hüquq qaydaları,
şəxsi hüquqi imtiyazları haqqında məlumata malik olmalıdır. Bu isə həm sistemli təlim və tərbiyə
müəssislərində həm də digər mədəniyyət müəssisəlrində hüquq tərbiyəsi vasitəsilə aparılır. Hüquq tərbiyəsi
tərbiyə olunanlarda hüquqi biliklər yaratmaq və bu məlumatlara uyğun zəruri münasibətlər
formalaşdırılması prosesidir.
Hüquq tərbiyəsinin məzmununa:
-
zəruri hüquqi biliklər aşılamaq;
-
yüksək vətəndaşlıq hissi fformalaşdırmaq;
-
mövcud qanunları və sosial birgə yaşayış qaydalarına hörmət hissi tərbiyə etmək;
-
dövlət qanunçuluğunun hər hansı pozuntularına qarşı barışmazlıq;
-
hüquq qaydalarının mühafizəsində fəal iştirak etməyə hazır olmaq və s. daxildir.
Bu yuxarıda qeyd edilən məsələlər hüquq tərbiyəsinin əsas istiqamətini təşkil etməli, tərbiyə ilə məşğul
olan bütün müəssisələrdə hüquq tərbiyəsi həmin istiqamətdə aparılmalıdır. İndi isə hüquq tərbiyəsinə tərif
verək.
Hüquq tərbiyəsi tərbiyəçinin rəhbərliyi və müxtəlif vasitələrin tətbiqi ilə insanlarda cəmiyyətdə
mövcud olan hüquq normaları və qaydalarına müvafiq bilik, bacarıq, vərdişlər və bu qanunlara münasibət
formalaşdırmaqdan ibarət pedaqoji prosesdir.
Bu vaxta qədər hüquq tərbiyəsi, əxlaq, ideya-siyasi və s. tərbiyənin tərkib hissələrində verilirdi. Son
vaxtlar isə cəmiyyətin ümumi inkişafı və pedaqoji təcrübələrin nəticələrini nəzərə alaraq hüquq tərbiyəsinin
ayrıca tərbiyə işi kimi verilməsi zərurəti meydana çıxdı.
İnsanlar daşıdıqları yerinə yetirməli olduqları məcburi hüquq və vəzifələri dərk etməlidirlər. Bu isə
hələ kiçik yaşlarından hüquq tərbiyəsi vasitəsilə həyata keçirilir. Hüquq tərbiyəsi sistemli təlim-tərbiyə
müəssisələrində daha mütəşəkkil və məqsədyönlü aparılır. O, hüquq təlimi və hüquq tərbiyəsi olmaqla iki
yerə ayrılır. Hüquq təlimi həm xüsusi dərslərdə, həm də müxtəlif fənlərin tərkibində hüquqi biliklərə
yiyələndirmədir. Bu biliklər insanların hüquqi münasibət, rəftar və davranışının bazasıdır.
Tədqiqatlar göstərir ki, hüquqi pozğuntularına çox zaman səbəb insanların qanunları bilməməsindən
irəli gəlir. Ona görə də təlim prosesində hüquq normalarına dair sistemli və ardıcıl biliklər mənimsədilir. Bu
biliklər onlarda həmçinin dövlət qanunları qraşısında məsuliyyət və cavabdehlik də formalaşdırır. Hüquq
təlimi vasitəsilə hər bir vətəndaşa yaşadığı cəmiyyətin, daha konkret desək, dövlətin qanunları şüurlu
surətdə dərk etdirilir, onlarda nəinki özlərinin bu qanunlara riayət etməyə, həmçinin onu pozanlara qarşı
mübariz və barışmaz olma inamı yaradılır. Orta ümumtəhsil məktəblərinin birinci sinfindən başlayaraq
uşaqlara həm müvafiq biliklər verilir, həm də ona münasibət formalaşdırılır. Bu xüsusi proqram əsasında
aparılır. Digər təhsil müəssisələrində universitet, kollec, seminariya, orta ixtisas məktəbləri, hərbi məktəblər
və s. də hüquqi biliklər xüsusi hüquq dərslərində aparılır. Bu dərslərdə hər kəsin öz şəxsi hüquq və vəzifələri
istehsalat prosesində icra edilən qanunlar, beynəlxalq hüquq normalarının həyat və fəaliyyət üçün zəruri
formaları haqqında biliklər mənimsədilir. İstehsalat müəssisələri, mədəniyyət və digər müəssisələrdə də
ehtiyac yarandıqda yeni hüquqi məlumatlar verilir.
Hüquq təlimi hüquq tərbiyəsi ilə parallel aparıldıqda daha səmərəli nəticə verir. Müəllim və tərbiyəçi
aşılanan hər bir hüquqi biliyin tərbiyə olunanın şəxsi keyfiyyətinə çevrilməsinə nail olmalıdır. Yəni
aşılanmış hər bir hüquqi bilik insanların həyatında, mövqeyində fəal şəkildə təzahür etməlidir. Hüquqi
düşüncə insanın fəal həyat mövqeyinə çevrilməlidir. Hüquq tərbiyəsi vasitəsilə insanlarda barışmazlıqla
yanaşı mübarizlik, qanunsuzluğa qarşı çıxma, durğunluğa, inamsızlığa, qorxaqlığa, etinasızlığa, mütiliyə
qarşı çıxma kimi hisslər də tərbiyə olunur.
Hüquq tərbiyəsi həmçinin insanların sosial, hüquqi fəallığını yüksəldir. İnsanların müxtəlif sosial vəziyyətdə
hüquqları da müxtəlif olur. İnsan inkişaf edib böyüdükcə onun vəzifələri, həyat hadisələrinə münasibətidə dəyişir.
Məsələn, kiçik yaşlarında insan qayğı içində bəslənir, sonra təlim vəzifələri icra edir, yeniyetmə və gənclik
dövründə həm ailədə həm də ictimayətdə müxtəlif vəzifələr yerinə yetiri, ailə qurur, ata və ya analıq edir, rəsmi
fəaliyyət göstərir və s.
Bu dövrələrin hər birində insanlar müxtəlif qanunlara riayət etməlidirlər ki, bu da tərbiyə prosesində
onlara tədricən aşılanır.
Hüquq tərbiyəsində həm təlim, həm də tərbiyənin bütün prinsipləri fəaliyyət göstərir. Çünki bu
prosesdə həm hüquqi gerçəkliklər dər edtdirilir, həm də ona münasibət formalaşdırılır.
Hüquq tərbiyəsində həmçinin həm təlim, həm də tərbiyə üsullarından istifadə edilir.
Qeyd etdik ki, hüquq tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır.
Bundan başqa hüquq tərbiyəsi sinifdən və məktəbdən kanar tərbiyə, mədəniyyət istehsalat, dövlət,
səhiyyə müəssisələrində, idman kompleksləri və digər kollektivlərdə, birliklərdə aparılır. Sinifdənkanar
tədbirlərdə və digər müəssisələrdə aparılan hüquq tərbiyəsi sistemli təhsil müəssisələrində aparılan hüquq
tərbiyəsi işini davam etdirir və tamamlayır. İnsanlar kollektivdə formalaşır və onların yaradıcılıq
qabiliyyətləri, həyata, insanlara münasibəti formalaşır, möhkəmləndirilir, inkişaf etdirilir. Məktəbdənkanar
tədbirlərdə həm yeniyetmə gənclər, həm də yaşlı adamlar cinayətlərdən çəkindirilir, ictimai təhlükəli
əməllərin qarşısı alınır. Bu zaman tərbiyə olunanlarda həm də hüquqi mədəniyyətin də formalaşdırılması
vacibdir. Məktəbdənkanar tərbiyə müəssisələri mədəniyyət və digər müəssislərində aparılan tərbiyə işləri
digər tərbiyə işi ilə əlaqəli kompleks şəklində aparılmalıdır. Əxlaq tərbiyəsi ilə hüquq tərbiyəsinin qarşılıqlı
əlaqədə aparılmasının daha geniş tərbiyəvi imkanları mövcuddur. Beləki, istər əxlaq, istərsə də hüquq
cəmiyyətin müəyyən etdiyi normalardır. Hər ikisi ictimai şüur formasıdır. Əlaqəli formalaşdırma prosesində
insanlar dərk edirlər ki, hüquq normalarını inzibati dövlət orqanları yaradır və həmin orqanlar da onu
müdafiə edir. Əxlaq isə insanların uzun illər boyu yaratdıqları xeyr, şər, ədalətli-ədalətsiz və s. münasibətlər
sistemidir. Onu insanlar yaratmış, ictimai rəy də qoruyur. Lakin bunlar bir-birilə əlaqədardır, biri digərini
mövcudluğunu təmin edir, biri, gicərini qoruyur.
Məktəbdənkanar və mədəniyyət müəssisələrində hüquq tərbiyəsinin aşağıdakı üsulları və formaları
mövcuddur;
A) Şifahi, sözlü;
B) Təcrübi;
C) Əyani.
Şifahi formaya mühazirə, məruzə, oxucu konfransları, disputlar, görüşlər, tematik gecələr və s. aiddir.
Təcrübi formaya ekskursiyalar, milisin gənc dostları klubları, hüquqa dair kitab sərgiləri, müharibə və
əmək qəhrəmanlarının şəxsi əşyaları və s. daxildir.
Hüquqi tədbirlər prosesində hüquq tərbiyəsi üzrə işin formaları müvəqqəti və daimi olmaqla iki yerə
bölünür. Müvəqqəti fəaliyyət göstərən formalara mühazirələr, söhbətlər, məruzələr, görüşlər, sual-cavab və
tematik gecələr, şifahi jurnallar, disput və olimpiadalar, bədii və sənədli filmlərə baxış, məhkəmə
iclaslarında iştirak və s. daxildir.
Daimi fəaliyyət göstərən formalara isə «Xalq universitetləri», «hüquq fakültələri» və ya lektoriyaları,
«Gənc hüquqşünas», «16 yaşlılar klubu», «Qılınc və qalxan», «Polisin gənc dostları», «Gənc ləpirçilər
guşəsi» daxildir.
Mühazirə və söhəbətlər zamanı dövlət və hüquq haqqında nəzəriyyələr, hüquq normalarının və
qanunlarının demokratik prinsipləri izah olunur. Mühazirə və söhbətlər kütlələri hüquqi cəhətdən
maarifləndirir, hüquqi şüur və mədəniyyəti yüksəldir, hüquq pozğunluqlarının profilaktikasına şərait yaradır.
Tematik və sual-cavab gecələri müəyyən hüquqi bir problemə həsr olunur. Tematik gecələr «Sənin
vətəndaşlıq borcun», «Cəmiyyətdə hüquq və əxlaq», «Qanun və yeniyetmə», «Hüquqi borc», «Hüquqi
barışmazlıq» və s. mövzularına həsr edilə bilər.
Sual-cavab gecələrində iştirakçılar hüquq normaları və qaydaları, ayrı-ayrı cəmiyyətdə hökm sürən
qanunçuluq, vətəndaşların hüquqi azadlıqları, ailə və nikah məsələləri ilə əlaqədar onları maraqlandıran
suallara cavab alırlar.
Görüşlər insanlarda hüquqi mühafizəyə maraq oyadır, onları hüquq işçiləri ilə yaxınlaşdırır, inzibati
işçilərə qarşı olan qorxu xofunu aradan qaldırır; hüquq işçiləri bu görüşlər zamanı hər müəssisənin rejimi,
prinsipləri, intizamları ilə tanış olur, lazımi məsləhətlər verirlər.
Şifahi jurnallar – 4-6 səhifədən ibarət xüsusiburaxılışdır, onun hər nömrəsi bir adla çıxır, hər səhifə
mövzuya uyğun yarımbaşlıqlara bölünür. Şifahi jurnallar tərbiyəçi və təlimatçının rəhbərliyi altında inzibati
orqan işçilərinin müəssisə fəallarının, əmək və müharibə veteranlarının köməyilə hazırlanır və təbliğ edilir.
Məhkəmə iclasına baxış həddi-buluğa çatmış yeniyetmələrlə gənclərlə, əvvəlcədən xalq hakimi ilə
razılaşdırılaraq aparılır, il boyu 2-3 məhkəmə prosesində iştirak edilə bilinər. İclasdan sonra hakim və ya
tərbiyəçi hadisənin baş vermə səbəbi, qanun və cəza haqqında əlavə dəqiqləşdirici məlumatlar verirlər.
Hüquq bilikləri olimpiadaları yeniyetmə və gənclərin hüquqi bilik səviyyələrini aşkara çıxarmaq,
onlarda hüququ qorumağa maraq yaratmaq məqsədi nə xidmət edir. Həmin olimpiadalar müsabiqə şəklində
aparılır. Hüquq tərbiyəsi üzrə daimi iş forması kimi «Polisin gənc dostları» dərnəyini göstərmək olar.
«Polisin gənc dostları» (PGC) dəstələri yeniyetmələrin cinayət xarakterli əməllərinin qarşısını almaqda,
onların qanun keşiyində durmalarında, qanunun pozulması hallarına qarşı çıxmaqda əhəmiyyətli yer tutan
vasitədir. Bu dəstə əsasən yeniyetmə, gənc və nisbətən yaşlı işçilərdən ibarət olur, onların işinə polislər
nəzarət edir.
16 yaşlılar klubu – 16 yaşına, yəni vətəndaşlıq hüququna çatmış yeniyetmələri əhatə edir. Klub əsasən
aşağıdakı bölmələr üzrə fəaliyyət göstərir:
1.
Yeniyetmələri əməyə, ali məktəb həyatına hazırlayan bölmə.
2.
Yeniyetmələri əsgəri xidmətə hazırlayan bölmə.
3.
Yeniyetmələri ailə həyatına hazırlayan bölmə.
Bu klub mədəniyyət müəssisələrində, evlər idarəsində, polis şöbələrində təşkil edilir.
Bu bölmələrdə fəaliyyət göstərən yeniyetmələr öz hüquq və vəzifələrini dərk edir, düzgün peşə seçir,
ailə, vətən, valideyn qarşısında vəzifəsini başa düşür.
Gənc hüquqşünaslar klubu həm orta ümumtəhsil məktəblərində, həm xalq məhkəmələri nəzdində,
mədəniyyət müəssisələrində təşkil edilir. Klubda məşğələləri xalq hakimləri aparırlar. Gənc hüquqşünaslar
klubu hüquqşünaslarla prokurorluq, xalq məhkəməsi, daxili işlər şöbəsinin əməkdaşları və alimlərlə görüşlər
təşkil edir, «Gənc hüquqşünas», «Qılınc və qalxan», «Qanun keşiyində», «Qanun naminə», «Nümunəvi
davranış uğrunda» və s. adla divar qəzeti buraxır, bədii əsərlərin müzakirəsini keçirir, səhnəciklər hazırlayır,
orta məktəbin bütün siniflərində bilavasitə onların hüquq tərbiyəsinə, məktəbdə, küçədə, ictimai yerlərdə,
ailədə nümunəvi davranışa xidmət edən söhbətlər aparırlar.
Yeniyetmə və gənclərin hüquq tərbiyəsində həmçinin teatr, kino, kütləvi informasiya vasitələrinin də
əhəmiyyətli rolu mövcuddur.
Hüquq tərbiyəsinə pedaqoji rəhbərlik. İstər məktəbdə, istərsə də məktəbdənkanar tərbiyə
müəssisələrində hüquq tərbiyəsinə rəhbərlik kompleks şəkildə həyata keçirilir. Məktəb direktoru təlim-
tərbiyə üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkanar tədbirlər üzrə təşkilatçı, sinif rəhbərləri,
ayrı-ayrı müəllimlər, təşkilatçı cəmiyyətdə məsul şəxslər, mədəniyyət müəssisələrində dərnək rəhbərləri,
metodistlər, yeniyetmələrlə iş üzrə polis işçiləri, hüquq tərbiyəsi ilə məşğul olan bütün şəxslər həmin iş üzrə
pedaqoji rəhbər hesab oluna bilərlər. Məsələn, məktəbdə şagird təşkilatı komitəsi inzibati orqan işçiləri ilə
birlikdə hərəkətin gənc inspektoru dəstəsinin fəaliyyətinə rəhbərlik edir.
Tərbiyə işləri üzrə təşkilatçı bütün sinifdənkanar və məktəbdənxaric işlərə rəhbərlik edir.
Məktəbdəki bütün təlim-tərbiyə işləri kimi hüquq tərbiyəsinə də əsasən məktəb direktoru rəhbərlik
edir. Direktor pedaqoji kollektivin bilavasitə rəhbəri, təlim-tərbiyə işinin təşkilatçısıdır.
Direktor məktəbdə təşkil edilmiş bütün dəstə və klubların işinə rəhbərlik edir, onların komandir və
başçılarının hesabatını dinləyir, keçirəcəkləri tədbirlərə razılıq verir.
Məktəbdən kənar tərbiyə müəssisələri, mədəniyyət müəssisələrində aparılan hüquq tərbiyəsi işi
tərbiyəçi və ya dərnək rəhbərindən pedaqoji ustalıq tələb edir. Bu sahədə iş zamanı dərnək rəhbəri, təlimatçı,
müxtəlif hüquqi tədbirlərin təşkili zamanı iştirakçıların marağı, yaş xüsusiyyətləri, intellektual və sosial
səviyyəsini, dünyagörüşü və s. nəzərə almalıdır. O, bu zaman tərbiyə olunanın bütün imkanlarından səmərəli
şəkildə istifadə etməyi bacarmalıdır.
Müstəqil iş üçün sual və tapşırıqlar:
1. Məktəb daxili hüquq tədbirləri.
2. Mədəniyyət və incəsənət müəssisələrində aparılan hüquqi işlər və
tədbirlər.
3. Mədəniyyət və incəsənət işçisinin hüquqi tərbiyəsində rolu.
TƏRBİYƏ PROSESİNİN MAHİYYƏTİ
Cəmiyyətin qarşıya qoyduğu şəxsiyyət modelinə uyğun olaraq böyüməkdə olan nəslin
formalaşdırılmasına mütəşəkkil, məqsədyönlü rəhbərlik tərbiyə prosesi adlanır. Bu tərbiyəyə verilən ümumi
tərifdir. Konkret olaraq isə tərbiyə olunanda həyata düzgün münasibət formalaşdırmaq, çəmiyyətin müəyyən
etdiyi əxlaq normaları və davranış qaydalarına yiyələndirmə işi tərbiyə adlanır.
Bu prosesdə böyüyən nəsl cəmiyyət üçün faydalı, yüksək mənəvi potensiala malik, əməyə meylli və
əmək qabiliyyətli ideyaca mətin, estetik görüşlərə malik və fiziki cəhətdən sağlam insanlar formalaşdırılır.
Ümumiyyətlə, tərbiyə vasitəsilə şəxsiyyət sosiallaşır, həyata, cəmiyyətə maksimum ictimai-fayda
verəcəyi sahəyə hazırlanır, sistemli tərbiyə vasitəsilə formalaşan insan həyatda müstəqil şəkildə özünü təmin
edə bilir. Tərbiyə prosesi ictimai münasibətlər təcrübəsi əsasında böyüyən insanların fəaliyyətinin düzgün
istiqamətləri müəyyənləşdirilir. Beləliklə də tərbiyə olunanlarda əməyə, biliklərə, təlimə, ümumiyyətlə
fəaliyyətə çoxcəhətli münasibət yaranır. Bu isə obyektiv ictimai münasibətlərin şəxsi münasibətlərə
çevrilməsi, insanların ictimai münasibətlərin şüurlu dərk etməsi deməkdir. Obyektiv ictimai münasibətlərin
şüurlu dərk olunması nəticəsində obyektiv tələb, insanın şəxsi tələblərinə, tərbiyə motivlərinə, tərbiyənin
hərəkətverici qüvvələrinə çevrilir. Deməli, tərbiyə insanlarda konkret münasibətlər formalaşdırır. Münasibət
kateqoriyası isə bir sıra ictimai elmlər tərəfindən tədqiq edilir. Məsələn, fəlsəfi kateqoriya kimi münasibət
subyektin obyektlə əlaqəsinin dialektikasını ifadə edir. Etik kateqoriya kimi münasibətlər adamlar arasında
əxlaqi etik əlaqələr halında - xeyir, şər, ədalətlilik mövqeli qiymətlər kimi göstərir. Psixoloji kateqoriya kimi
münasibətlər şəxsiyyətin ən ümumi mövqeyitək izah olunur.
Pedaqoqika isə münasibətlərin bu ümumi mövqeyini müxtəlif fəaliyyət formalarında adamların
qarşılıqlı əlaqələrində təzahürü kimi nəzərdən keçirir.
Şəxsiyət formalaşmasında əhəmiyyətli yeri mənəvi münasibətlər tutur, bu münasibətlər insan həyat və
fəaliyyətinin müxtəlif sahələrinə nüfuz edir, onun şəxsi simasına, adamlarla əlaqəsinə, onun özünü
qiymətləndirməsinə təsir göstərir.
Həmçinin tərbiyə prosesi özünütərbiyənin meydana çıxmasına səbəb olur, özünütərbiyə isə ona görə
şəxsiyyətin formalaşmasına böyük təsir göstərir ki, tərbiyə olunan şəxsin özü tərbiyə funksiyasının daşıyıcısı
olur. O tərbiyə prosesi səmərəli hesab edilir ki, nəticə etibarilə özünətərbiyəyə çevrilsin, tərbiyə məqsədləri
insanların şəxsi məqsədləri kimi həyata keçirsin.
Hər bir proses özündə müəyyən nəticənin əldə edilməsi üçün qanunauyğun və məqsədyönlü
fəaliyyətləri birləşdirir. Tərbiyə prosesinin əsas nəticəsi isə hərtərfli inkişaf etmiş, cəmiyyətin tələbləri ilə
uyğunlaşan insanlar formalaşdırmaqdan ibarətdir. Bu isə ikitərəfli fəal prosesdir. Burada tərbiyəçinin fəallığı
üstünlük təşkil edir. Belə ki, tərbiyə işinin məzmunu mahiyyəti, üsulları, vasitələri, formalarını və s.
tərbiyəçi müəyyən edir, tərbiyə olunanın fəaliyyətini düzgün istiqamətə yönəldir, onların diqqətini
cəmiyyətdə zəruri olan tərbiyə problemlərinə cəlb edir. Şəxsiyyətirn formalaşdırılması prosesi isə bir sıra
xüsusiyyətlərə malikdir.
Əvvəla şəxsiyyət bütövlükdə, bir tamlıq kimi formalaşır. İnsanın müxtəlif xarakterli keyfiyyətlri bir-
birilə qarşılıqlı əlaqədədir, biri digərinin mövcudluğunu təmin edir, biri-digərinin meydana çıxmasına, yeni
keyfiyyətlər formalaşdırılmasına səbəb olur. Bu qarşılıqlı vəhdətdə olan keyfiyyətlər isə fəaliyyət prosesində
insanın xarakter əlamətləri kimi təzahür edir. Tərbiyə olunanın yaşından, inkişaf səviyyəsindən asılı olaraq
onun məzmunu da dəyişir, yeni keyfiyyətlər alır. Bu isə öz əksini müvafiq tərbiyə, təlim, incəsənət və
mədəniyyət, mədəni-fəaliyyət müəssisələrinin tərbiyə proqramlarında tapır. Ona görə də mədəni fəaliyyət
müəssisələrinin tərbiyə proqramları təhsil müəssisələrinin tərbiyə proqramlarından fərqlənir. Belə ki, bu
müəssisələrdə insanlar maraqlarına görə birləşən və əsasən, sistemli təhsil almış şəxslərdir. Bu şəxsləri isə
artıq dövrün aktual tərbiyə problemləri maraqlandırır birləşdirir.
Tərbiyə işi və onun komponentləri arasında əlaqə o dərəcədə möhkəmdir ki, tərbiyə komponentlərinin
birində baş verən dəyişiklik mütləq başqalarına da təsir edir. Belə ki, bu sistemdə hər bir tərbiyə
komponenti şəxsiyyət formalaşdaırılması işinin digərləri ilə əlaqədə olan zəruri həlqəsini, tərəfini,
mərhələsini təşkil edir. Ona görə də baş verən hər dəyişiklik digərlərinə də təsir edir.
Tərbiyəyə hərtərəfli və kompleks yanaşma prinsipi tərbiyələndirmə fəaliyyətində də belə hərtərəfli təsir
edən pedaqoji sistemin, pedaqoji yanaşmanın yaradılmasını tələb edir. Bu tərbiyə sistemi şəxsiyyətin əqli,
fiziki, əxlaqi, estetik, ideya siyasi, hüququ və s. cəhətlərdən formalaşmasının kompleks şəkildə aparılmasını
özündə birləşdirməlidir. Bu sistem həmçinin insanları əhatə edən mühitə, ətrafdakılara ictimai, sosial
münasibət formalaşdarılmalıdır.
Tərbiyə prosesi göründüyü kimi təbiət etibarilə hərtərəflidir. Bu isə tərbiyə təsirlərinin müxtəlif və
çoxcəhətliliyindən irəli gəlir. Belə ki, tərbiyə prosesində tərbiyəçi ilə yanaşı ətrafdakıların mütamadi,
çoxcəhətli təsirləri mövçud olur. Bu təsirlər insanın ömrünün axırına qədər davam edir. İnsana hamı, hər
şey valideyn, tərbiyəçi, təbiət - çanlı və çansız təbiət - istehsalat, istehsal münasibətləri, onu əhatə edən
mikro mühit və s. təsir edir. Bu müxtəlif forma və məzmunlu tərbiyə təsirləri insan anadan olandan ömrünün
sonuna qədər zddiyyətli və uzun müddətdə davam edir. Tərbiyənin təsiri insanlarda müxtəlif şəkildə olur
və təzahür edir. Buna səbəb tərbiyə təsirlərinin müxtəlifliyi ilə bərabər həm də tərbiyə olunanların özləri
müxtəlifliyidir. Tərbiyəçilər müxtəlif fərdi-psixoloji xüsusiyyətlərə, inkişafa malik insanlara tərbiyəvi təsir
göstərirlər. Bu tərbiyəvi təsirləri, tələbləri hər kəs öz fərdi münasibətləri, inkişaf səviyyələri baxımından
qəbul edir. Ona görə də eyni tərbiyəvi təsir eyni yaşlı insanlarda müxtəlif şəkildə təzahür edir.
Təlim və tərbiyə şəxsiyyət formalaşdırılması prosesinin dialektik vəhdət təşkil edən iki qütbüdür.
Həm tərbiyə həm də təlim şəxsiyyətin həyata hazırlanmasına xidmət edir. Lakin, bunlar xüsusi predmetə və
anlayışlara malik ayrı-ayrı pedaqoji proseslərdir. Məsələn, təlim böyüyən nəsldə bilik, bacarıq, vərdiş
formalaşdırmaqla obyektiv aləm hadisələrini dərk etdirir. Tərbiyə prosesində isə əqidə, rəftar, adətlər
yaratmaqla cəmiyyətin müəyyən etdiyi əxlaq normaları, davranış qaydaları mənimsədilir ki, bunun
nəticəsində də insanlar da onu əhatə edən hər şeyə münasibət formalaşır. Təlimin bilik, bacarıq, vərdiş
kimi anlayışları mövcuddur. Tərbtyənin əqidə, rəftar, adət kimi anlayışları vardır. Bu anlayışlar mexanizm
etibarilə uyğun və oxşardırlar. Bilik-təbiət və cəmiyyətin obyektiv inkişaf qanunları haqqında insanların
şüurunda möhkəmləndirilmiş elmi məlumatlardır.
Əqidə-əxlaq qaydaları, normaları sistemi və buna riayət etmənin zəruriliyi haqqında insanların həm
şüurunda həm də fəaliyyətində möhkəmləndirilmiş məlumatlar sistemidir. Bacarıqlar biliklərin tətbiq edilə
bilmnməsidir. Rəftar mənimsənilmiş əxlaq normalarını icra etməkdir. Vərdiş avtomatlaşmış bacarıqdır. Adət
avtomatlaşdırılmış rəftardır.
Bunlar arasında fərq ondan ibarətdir ki, bilik , bacarıq və vərdişlər maddi aləmin dərk edilməsi ilə ,
rəftar, adət və əqidə anlayışları isə həyata münasibətlər formalaşdırmaqla bağlıdır.
Bəzən, vərdiş və adət anlayışını qarışdırırlar. Bunların fərqli cəhəti ondan ibarətdir ki, adətlər həmişə
adamı adət olunmuş fəaliyyətə təhrik edir, həmin iş görülməyəndə adam özünü narahat hiss edir. Vərdişlər
icra edilmədikdə isə heç bir narahatlıq yaranmır.
Öyrənmə qanınlarını təlim nəzəriyyəsi, tərbiyə qanunlarını tərbiyəşünaslıq uzə çıxarır. Tərbiyə ilə
təlimin tədqiqat metodları da müxtəlifdir.
Dostları ilə paylaş: |